Müasir İncəsənət Mərkəzində “Vibe of Nature” (“Təbiətin vibrasiyaları”) hesabat sərgisinin açılışı olub. Sərgi Şabranda keçirilmiş və müasir Azərbaycan rəssamlarını bir araya gətirən eyniadlı simpoziumun yekunudur.
AZƏRTAC xəbər verir ki, ekspozisiyaya Şabrandakı simpoziumun iştirakçılarının yaratdığı rəsm əsərləri daxil olub. Sərgidə Anar Hüseynzadə, Zümrad Hüseynzadə, Elşən Karaca, Şəbnəm Karaca, Aydın Əsgərov, Anar Bəylər, Saliha Bəylər, Təranə Vaqifqızı, Vəfa Yüzbaşıyeva, Nigar Familsoy və Vüsalə Ağaraziyevanın əsərləri yer alıb. Rəssamlardan hər biri simpoziumun keçirildiyi “Shabran Wellbeing Resort” otelinin fonduna bir rəsm əsəri təqdim edib.
Açılış zamanı, həmçinin rəssamların Şabrana səfəri barədə çəkilmiş sənədli film də nümayiş olunub. Tədbir kiçik musiqili konsertlə başa çatıb.
Xatırladaq ki, “Vibe of Nature” simpoziumu Azərbaycan Rəssamlar İttifaqı və “Shabran Wellbeing Resort” otelinin dəstəyi və Birləşmiş Rəssamlar Klubunun təşəbbüsü ilə “Çardaq” qrupunun art-platforması ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. Layihənin kuratoru qismində Azərbaycanın tanınmış rəssamı Bəhram Xəlilov çıxış edib.
Mənbə: https://culture.gov.az/