Görkəmli kinorejissor, dramaturq, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub.
Mərasimdə tanınmış mədəniyyət və incəsənət xadimləri, həmçinin mərhumun ailə üzvləri iştirak ediblər.
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev deyib ki, Rüstəm kimi sənətkarlar eldən gedir. Onun ölümü ölkəmiz üçün böyük itki oldu: “Rüstəm öz sənəti, savadı, intellekti, bacarığı ilə nəyinki ölkəmizdə, eləcə də dünyada tanınmış bir adam idi. O, ölkəmizi yüksək səviyyədə təmsil edirdi. Onunla olduğum ölkələrdə böyük sənət adamlarının Rüstəm İbrahimbəyovun sözlərinə, fikirlərinə, çıxışlarına, dünyaya baxışına xüsusi həssaslıqla yanaşdıqlarının şahidi olmuşam. Bu, məni çox qürurlandırıb, Azərbaycanın belə bir oğulu olduğundan böyük iftixar hissi keçirmişəm”.
Rüstəm İbrahimbəyovun qəlblərdə daim yaşayacağını söyləyən Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri deyib ki, onun yazdığı ssenarilər, pyeslər, əsərlər, çəkdiyi filmləri var Rüstəm də xatırlanacaq və yaşayacaq: “Rüstəm böyük bir məktəb yaradıb. Bu məktəb uzun illər Azərbaycan kinosunda xidmət etmək istəyən professionallara bir vəsiqə olacaq. Çünki onun yazdıqlarından hələ kino ilə məşğul olanlar çox istifadə edəcəklər. Rüstəm İbrahimbəyov Azərbaycanı bütün dünyada tanıdıb”.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar mərhum sənətkarın dünya şöhrətindən danışıb: “Rüstəm İbrahimbəyov dünyaşöhrətli azərbaycanlı idi. Biz bununla fəxr edirik”.
Xalq yazıçısı Çingiz Abdullayev Rüstəm İbrahimbəyovun yaradıcılığını əbədi sənət nümunəsi kimi qiymətləndirib: “Rüstəm 6 dəfə dövlət mükafatı alan yeganə sənətkardır. Təkcə bu, bizim üçün ən böyük fəxr olunası məqamdır”.
Qəbirüstü abidənin müəllifi Aydın Zeynalov abidənin müəllifi olmaqdan məmnunluq duyduğunu vurğulayıb: “Bu işi mənə mərhum Rüstəm İbrahimbəyovun ailəsi həvalə edib. Bundan çox məmnunam. Biz abidənin eskizini də bərabər hazırladıq, bərabər işlədik”.
Daha sonra qonaqlar Rüstəm İbrahimbəyov haqqında xatirələrini bölüşüb, həmçinin onun yaradıcılığı barədə fikirlər səsləndirib.
Xatırladaq ki, Rüstəm İbrahimbəyov ötən ilin bu günü Moskvada vəfat edib.
Mənbə: https://edebiyyatqazeti.az/