abdullamuellim

TANRIM,MƏNİ O DÜNYAYA BAĞIŞLA!

Bu dünyanı talan-saldı düyünə,
Allı-güllü yalan saldı düyünə.
Köçən köçdü,qalan qaldı bu günə,
Tanrım,məni o dünyaya bağışla.

Kimə baxsan-ürək dolu,göz dolu,
İş görəndən vəd verən çox-söz dolu,
Sevinənim,gülənim yox göz dolu,
Tanrım,məni o dünyaya bağışla.

Nə insaf var,nə mürvət var dünyada,
Haqqı danan hərəkət var dünyada,
Daşdan çıxan bərəkət var dünyada,
Tanrım,məni o dünyaya bağışla.

Əsəbini çəkmə belə tarıma,
Ölüm haqdır-Haqqı danıb zarıma!..
Bu dünyada bu üz ki var-qarımaz,
Tanrım,məni o dünyaya bağışla.

Ürəkli yox dayaq olsun birliyə,
Yersiz gəlib divan tutur yerliyə.
Dünya dərdmi,dərdmi dönüb sərgiyə?!
Tanrım,məni o dünyaya bağışla.

Yaxşı nə var-yığışır əl-ayağı,
Məzarlaşır mərd böyüdən qucağı.
Dərd üyüdən dəyirmandır ocağım,
Tanrım,məni o dünyaya bağışla.

Bu dünyanın əzabı bol qəbirdən,
Kəfəni al,mayası tərs xəmirdən,
İkiəlli yapışdığım səbirdən,
Tanrım,məni o dünyaya bağışla!

Azərbaycan.Quba.
16.09.2000.
Ps. 21-23.07.2001-ci ildə “Ekspress” qəzetində çap olunmuşdur.

KÜLÜMDƏ KÖZƏRƏN GİLEYƏM,GÜLÜM

Bir cüt göz gəzirəm məni ağlaya,
Yağan göz yağışı qəmi dağlaya.
Ürək arayıram məni bağlaya,
Qəribə eşqimin qərib selinə.

Sevilə bilmədim sevdiyim qədər,
Sevinə bilməyən sevgimmi hədər?!
Sevdim,sevdiyimə sevindi qədər
Daş atıb ömrümün sükut gölünə.

Dil açır sözümə dönən o çağım,
Qürbəti andırır dinən o çağım.
Kimi isitdisə dünən ocağım,
Bu gün ağız büzür nəmli külünə.

Qınama dünyanı-dünya qəbirdə,
Xəncəri korşalan qınam səbirdə.
Gülmə içimdəki göyərən dərdə,
Ağla qəribsəyən tənha gülünə.

Bu sevda ot deyil göyərə bir də,
Od deyil alışa bu qərib dərdə.
Başıma iş açma durduğum yerdə,
Calayıb yalanı qəlib dilinə.

Gözə kül üfürüb sovurma külü,
Külümdə közərən gileyəm,gülüm.
Sözümü izləyən güləyən,gülüm.
Çətin ki o çağlar düşə əlinə!

22.04.2016.
Azərbaycan.Quba.