rahileanam

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

DONUB SÖZLƏRİM

“Könül dəftərim” – silsiləsindən

Yenə də bürüyüb qəlbi sis, duman,
Dikilib yollara nəmli gözlərim.
Həmdəmim, təsəllim lal, dinməz güman,
Dildə buz bağlayıb, donub sözlərim.

Ömür təqvimimdən, asılıb kilid,
Sənsiz keçən günü, yaşamıram mən.
Paslanıb saatın əqrəbi, mili,
Isti yuvamızı sən tərk edəndən.

Bu həsrət küləyi haradan əsdi?
Dönüb xəzan oldu, könül gülzarım.
Qəlbimi dağladı fələyin qəsdi,
Köksümə sığmayir ah, intizarım.

Asılıb divardan nəğməkar sazım,
Inləyən könüldür, qəmli ney çalan.
Çəkilib qəhqəhəm,sönüb avazım,
Hicrandır, qüssədir, dağtək ucalan…

İSTƏMİŞƏM

“Könül dəftərim” – silsiləsindən

Başına döndüyüm Yaradanımdan,
Nə dövlət, nə də ki, var istəmişəm.
Özü düz, sözü düz, qanı- qanımdan,
Vəfalı, qayğıkeş, yar istəmişəm.

Demişəm kaş ola, vüqarlı dağım,
Ömürlük güvəncim, arxa, dayağım.
Könlümün bəzəyi, gülüstan bağım,
Arzuma, kamıma, bar istəmişəm.

Allahım veribdir hər cür neməti,
Hünəri, qeyrəti,xətir, hörməti.
Özümə hər şeydən, öncə isməti,
Bir də abir- həya, ar istəmişəm.

Kağız, qələmimdir sərvətim, varım,
Şərəf, ləyaqətdir qazancım, karım.
Özümlə yaşdaşdır, mərd,dağ vüqarım,
Zirvəmdə hər zaman, qar istəmişəm.

Sevirəm “Muğam”ı, “Yallı”, “Cəngi”ni,
Sevərək hörürəm, söz çələngini.
Qoşduğum nəğmənin, hər ahəngini,
Duymağa kamanla, tar istəmişəm.

Zəngindir yurdumun məhsulu, barı,
Ürəkdən sevirəm, güllü baharı.
Yayatək yetişir, hər bir nübarı,
Payızda heyvayla, nar istəmişəm.

Dövranam, Haqq üçün doğulmuşam mən,
Dosta- dost olmuşam, düşmənə- düşmən.
Haqq sözü hər yerdə, söylərəm- hökmən;
Dostu şad, düşməni, xar istəmişəm.