Mən də yağışa qoşulsam pis olmaz
Yenicə çıxmışdıq elə küçəyə
Bir qəfil yağışa düşdük,nə düşdük…
Elə islandıq ki yağışın altda
Yayın ortasında birdən üşüdük.
Dodağın şeh düşən çiçəyə döndü,
Yapışdı əyninə sarı köynəyin…
Bilmirəm,əllərim nə üçün əsdi
Ürəyim bəs niyə belə göynədi?
İslandı yağışda baxışlarımız,
Nəfəsin üzümə elə toxundu…
Özümdən xəbərim yoxdu,əllərim
Yuxuda bir zərif gülə toxundu.
Qarışdı yağışa saçının ətri,
Onun belə gözəl qoxusu yoxdu.
Eşqin göz yaşında islananların
Yağışda islanmaq qorxusu yoxdu.
Quşlar da sığındı öz yuvasına,
Hamı qaçıb getdi,boş qaldı küçə…
Yağışda islanan gün işığını
Öpüb qurudarıq biz bütün gecə…
* * *
Sən ey payız çiçəyi,
Gör nə düşüb bəxtinə.
Içimdə bir sevgi var,
Necə oxşayır sənə.
Durnalar köçdü getdi,
Yoxsa yoxdu xəbərin?
Ömrü gödək olurmuş
Payızda sevgilərin…
Mən bilmədim bu sevda
Hardan düşdü könlümə.
Indi gizli dərdimi
Deyəmmirəm heç kimə.
Külək əsir,tökülür
Ağacların yarpağı.
Məni həsrət üşüdər,
Səni payız sazağı.
Səhərdi…günəş çıxıb…
Gəl sevinmə bu başdan.
İndi hələ payızdı,
Xəbərin yoxdu qışdan.