Photo Kenan

DURAYDIM YANINDA SƏSSİZ-SƏMİRSİZ

Bəzən də oturub düşünürəm ki,
Salammı söyləyək keçən günlərə?!
Qəlblərdən süzülüb xatirə kimi,
Narahat boylanan köçən günlərə.

Axı ömrümüzün dünən, bu günü,
Gəlib qapımızın önündə durur.
İnan ki, özümdən qabaq qələmim,
Gizlində də “Sevgi sarayı” qurur.

Yeni söz ordumun hər bir əsgəri,
Yolunu gözləyir səndən xəbərsiz.
Qayıdıb gəlsəydin sarayına sən,
Duraydım yanında səssiz-səmirsiz.

GƏL Kİ, SARAYINA SƏNİN HÜSNÜNLƏ

Səhərdən-axşama səninçün, gülüm,
Şeir sarayını qururam yenə.
Sənin xəbərini özgədən alıb,
Hər gecə dünyanı yoruram yenə.

Sel kimi həsrətdən axan göz yaşım,
Arazdan süzülüb Kürə qarışır.
Dastana çevrilən yeni dərdimi,
Özümdən xəbərsiz dağlar danışır.

Bir də ki qurduğum həmin o saray,
İllər həsrətindən xəstə qalıbdı.
Elə bil səsini eşitməyəndən,
Başımın üstünü qılınc alıbdı,

Gəl ki, sarayına sənin hüsnünlə,
Sarayın hər daşı nura boyansın.
Dağılsın gözümdən həsrət, ayrılıq,
Sübh çağı gözümdə sevinc dayansın.

Gəl ki, bu ömrümün şəfəq çırağı,
Səninlə alışsın, səninlə yansın.
Şerimin misrası bir aşiq kimi,
Müdam bu yollarda səni də ansın