SÖYLƏ BƏS NƏDİR
Sorursan nədir eşq, nədir məhəbbət?
Insanda bu istək, bu həvəs nədir?
Özünü dərk etmək, eşq, ülviyyət,
Məhəbbət deyilsə, söylə, bəs nədir?!
Gözlərdən yanağa, yaş şəlaləsi,
Sinəni titrədən,könülün səsi.
Almatək allanan üz ifadəsi,
Məhəbbət deyilsə, söylə, bəs nədir?!
Qəlb evin müqəddəs məbədi sayan,
Hər ritmi, hər hissi, anında duyan.
Aşiqin sübhəcən, yuxusuz qoyan,
Məhəbbət deyilsə, söylə, bəs nədir?!
Eşq saçan, cilvəli, işvəli baxış,
Sevdalı, sehirli, xoş ilmə, naxış.
Sevənin canını yandıran yaxış,
Məhəbbət deyilsə, söylə, bəs nədir?!
Hünərin, zəfərin fövqində duran,
Çaylartək damarda qanı coşduran.
Mehrinə, eşqinə nəğmə qoşduran.
Məhəbbət deyilsə, söylə, bəs nədir?!
Şirinçün külünclə qaya, dağ yaran,
Nigarçün əsarət buxovun qıran.
Həcərçün dağlarda büsat, toy quran,
Məhəbbət deyilsə, söylə, bəs nədir?!
Pak eşqin, sevincin vəsf edən, öyən,
Haqq üçün, eşq üçün, hey qədəm döyən.
Sevdadan təb alıb, Dövranam deyən-
Məhəbbət deyilsə, söylə, bəs nədir?!…
13.12.2015.
ANA DILIM
Yaradanın duasıdır,
Xalqın könül butasıdır.
Lisanların atasıdır,
Doğma dilim, Ana dilim.
Ümman qədər dərindir,
Gəl sən də dinlə, dindir.
Qənddən, baldan şirindir,
Doğma dilim, Ana dilim.
Günəşlədir, ayladır,
Qəlb oxşayan layladır.
Güldürür, həm ağladır,
Doğma dilim, Ana dilim.
Güvəni var özünə,
Hər kəlmə, hər sözünə.
Oxdur düşmən gözünə,
Doğma dilim, Ana dilim.
Hopub iliyə, qana,
Mən övladam, o Ana.
Qələm verib Dövrana,
Doğma dilim, Ana dilim.
14.12.2015.