
Elizabetta Bagli Azərbaycan oxucusu üçün yeni addır. Romada doğulub və Madriddə yaşayır. Şair-yazar, radio müxbiri, tərcüməçi, çox sayda beynəlxalq kültür dərnəklərinin təmsilçisidir. Roma və Latsio bölgələrinin mədəniyyətini tanıtmaq məqsədiylə qurulan LATİUM dərnəyinin rəhbəridir. Bir çox beynəlxalq mükafatlara layiq görülmüş şair və yazardır.
Bu gün Elizabetta Baglinin iki şeirini Dos.Dr. Həyat Şəminin tərcüməsində oxucularımıza təqdim edirik. Davamı olacaq…
MƏN KİMƏM?
Hərdən özümdən soruşuram:
Mən kiməm?
Bir çinar ağacının yarpağı kimiyəm
küləklərin arxasınca qaçan,
budaqlara tutunur qurtulmaq üçün əllərim,
Uçuş sevdası şəklində
acı çəkməkdə içim-çölüm…
Və istəmədən həvəssizcə düşürəm.
Bir yay buludu kimiyəm,
ağappaq, pambıq kimi və parlaq.
Küləyin mənim üçün cızdığı
yollar boyunca qaçıram…
Biçimlər icad edirəm,
işık və kölgə oyunları yaşayaraq,
sonra istəmədən dağım-dağım dağılıram.
Yer üzünün qoxusuyam,
fırtınadan sonrakı kəskin və güclü…
Yeni rənglərə bürünür,
yeni davalara girirəm,
Çıxarıram dadını üfüqlərin çiçək açmasının,
bilinməyən limanlarda yaşayıram,
başqa yaşamları hiss edirəm hər yerimdə,
özümü arayıram…
Mən kiməm?
Bitməmiş bir kitabam,
çoxdan yazılmış olanın başlanğıcıyam.
DİNLƏ!
Şeytanlıqda təlim görmüş insanların
saysız-hesabsız palitrasındakı
tullantı cənnətindən su içməyən,
susuzluqlarını qanlı göz yaşlarıyla doyuran
parçalanmış səslərin,
çiçəklərin ölkəsini dinlə!
Ağrı, çamur, aşağılanmalar arasında
Öz-özlərini mühakimə edənlərin
daşlarını dinlə,
gör necə nifrət edirlər,
gör nələr aşılayırlar
vücudlara, beyinlərə,
bütün kimliyi yox edib,
məhrum edənləri…
Savaş yolları boyunca
kinayəli yerişindən çıxan,
göz qamaşdıran qollarıyla
bu tozu dinlə!
Hirslə yuvaları yıxan,
evləri pərişan edən,
bu köhnə iştahı dinlə!
Onun ölümcül hirsi
bir mədəniyyəti basdırmada,
xəbərin olsun, adam!
Dinlə, ey insan!
Əllərin doğulandan
sülhü yaratmaq üçün,
niyə alovlara sərxoş olursan?
Niyə diktatorluqları və ölümləri
gözləməkdən xoşlanırsan?
Yaşamaq, sevmək üçün
azad olaraq doğulmuşkən…
Niyə?
Dinlə, ey insan!
Bu payızda yaşa
gözlənilən o canlı işık partlamalarını!
Ver bütün dünyaya
ümidi və sağlıqlı diləkləri.
Nə qədər sürəcəkdir,
Bir saat?
Bir gün?
Bir ay, yoxsa bir il?
Xeyr!
Sənin sonsuzluq istedadın var!
Tərcümə: Həyat ŞƏMİnindir (Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Fərdi Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QARABAĞ Bürosunun Rəhbəri )
Bir cavab yazın