Blog

  • Filologiya üzrə fəlsəfə doktoru: Dilimiz yad təsirlərə, əsasən, onlayn platformalar vasitəsilə məruz qalır

    Ana dili ünsiyyət vasitəsi olmaqla yanaşı, özündə tarixi və mədəni kodları ehtiva edən bütöv bir sistemdir. Hər bir dil işarəsi, hər bir dil vahidi xalqın düşüncə tərzinin ifadəsidir. Məlum olduğu kimi, dil və təfəkkür bir-biri ilə sıx əlaqədədir və bir-birinə qarşılıqlı təsir göstərir. Dilimizi qorumaq milli şüurumuzu, kimliyimizi qorumaq deməkdir. Bu isə son dərəcə ciddi məsələdir. Son dövrlərdə texnologiyanın və internetin sürətli inkişafı yeni sözlərin meydana çıxmasını şərtləndirir ki, bu da təbii prosesdir. Lakin qloballaşma şəraitində dilimizə daxil olan yad ünsürlər o qədər sürətlə artır ki, sözlərin qarşılığını ana dilimizdə yaratmaq və onları istifadəyə buraxmaq üçün, demək olar, vaxt tapılmır. Nəticədə həmin sözlər olduğu kimi işlədilir ki, bu da dilin saflığına xələl gətirir.

    Bu fikirləri AZƏRTAC-a açıqlamasında filologiya üzrə fəlsəfə doktoru, baş müəllim Giləxanım Paşayeva səsləndirib.

    Onun sözlərinə görə, gündəlik danışıqda yad sözlərin artması artıq qarşısıalınmaz bir proses halını alıb. Xüsusilə gənclərin nitqində bu cür söz və ifadələrə tez-tez rast gəlinir. Dilin inkişafı ilə onun saflığı arasında tarazlığı qorumaq üçün hərtərəfli və sistemli iş aparılmalıdır. Həm orta məktəblərdə, həm də ali təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi ilə bağlı bu istiqamətdə ciddi tədbirlər görülməlidir.

    “Nəzərə alsaq ki, dəyişikliklər daha çox leksik səviyyədə baş verir, rabitəli və düzgün nitq bacarıqlarını formalaşdıran xüsusi proqramların hazırlanması və tətbiqi zəruridir. Digər mühüm məqam ondan ibarətdir ki, dilimiz yad təsirlərə, əsasən, onlayn platformalar vasitəsilə məruz qalır. Buna görə də bu sahədə fəaliyyət göstərən mütəxəssislər və sosial şəbəkələrdə müstəqil fəaliyyət göstərən istifadəçilər birgə hərəkət etməlidirlər”, – deyə Giləxanım Paşayeva qeyd edib.

    Mənbə: https://azertag.az/

  • Xalq şairi Məmməd Arazın xatirəsinə ithaf olunan ədəbi-bədii tədbir təşkil edilib

    Bakıda Xalq şairi Məmməd Arazın xatirəsinə ithaf olunan ədəbi-bədii tədbir təşkil edilib.

    AZƏRTAC xəbər verir ki, tanınmış elm və mədəniyyət xadimlərinin iştirak etdiyi tədbirdə şairin mənalı ömür yolundan və zəngin yaradıcılığından söhbət açılıb.

    Gecədə akademiklər Nizami Cəfərov və Muxtar İmanov, ədəbiyyatşünas Əsəd Cahangir, Əməkdar incəsənət xadimi Nazim Kazımov, Xalq şairi Sabir Rüstəmxanlı, tədqiqatçı-alim, şair Qardaşxan Əzizxanlı, filoloq və şair Adilə Nəzər Məmməd Araz poeziyasının məna qatları, bədii-estetik dəyəri və milli ədəbiyyatımızdakı mövqeyi haqqında fikirlərini bölüşüblər.

    Tədbirin musiqili hissəsində Xalq artisti Niyaməddin Musayev, Əməkdar artist Nuriyyə Hüseynova, “Muğam” televiziya müsabiqəsinin qalibi Güllü Muradova, aşıq Ramin Qarayev, Çilənay Hüseynova, Mehranə Vəliqızı və Sərxan Bünyadzadə şairin sözlərinə yazılmış əsərləri ifa edərək gecəyə bədii ovqat qatıblar.

    Qiraət ustalarının səsləndirdiyi şeir parçaları isə tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

    Tədbirdə Məmməd Arazın Naxçıvandakı ev-muzeyinə aid videomateriallar nümayiş olunub, muzeyin direktoru Əzizə Süleymanova çıxış edərək şairin xatirəsinin qorunub yaşadılması istiqamətində görülən işlər barədə məlumat verib.

    Tədbirdə ailə adından çıxış edən yazıçı Aqil Abbas xatirə gecəsinin ərsəyə gəlməsinə töhfə verən hər kəsə təşəkkürünü ifadə edib.

    Sonda qonaqlara Məmməd Arazın dörd cilddən ibarət kitabları təqdim olunub. Ədəbi-bədii gecə şairin öz ifasında səslənən “Salamat qal” şeiri ilə başa çatıb.

    Mənbə: https://azertag.az/

  • “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikasında milli-mənəvi dəyərlərin qorunmasını təmin edən müasir mədəniyyət modelinin yaradılması, mədəniyyət sahəsində sistemli və dayanıqlı inkişafın təmin olunması məqsədilə qərara alıram:

    1. “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” (bundan sonra – Konsepsiya) təsdiq edilsin (əlavə olunur).

    2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi:

    2.1. Konsepsiyada nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini həyata keçirsin;

    2.2. Konsepsiyada nəzərdə tutulan tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

    3. Konsepsiyada nəzərdə tutulan tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin.

    4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 14 yanvar 2026-cı il

    Mənbə: https://president.az/

  • Ötən il kinoteatrlarda 30-a yaxın yerli film nümayiş olunub

    Ötən il Azərbaycan kinoteatrlarında tamaşaçılara ümumilikdə 27 yerli film təqdim olunub. Bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə dəyişməz qalıb.

    AZƏRTAC xəbər verir ki, bu rəqəm milli kino istehsalının sabit ritmdə irəlilədiyini göstərir.

    Ümumilikdə, 2025-ci il yerli filmlərin həm say, həm də müddət baxımından dayanıqlı performans nümayiş etdirdiyi il kimi qiymətləndirilə bilər.

    Mənbə: https://azertag.az/

  • Xalq şairi Mirvarid DİLBAZİ.”Azərbaycanım”

    Torpağı-türbət
    Suları-şərbət,
    Günəşi məlhəm
    Ayrılığı- qəm Azərbaycanım!

    Aranı,dağı,
    Tərlan oylağı,
    Könlüm çırağı,
    Qızılgül bağı Azərbaycanım!

    Ana nəfəslim,
    Qaranquş səslim,
    Ellim, obalım,
    Dağlar havalım Azərbaycanım!

    Qızları dilbər,
    Oğulları ər,
    Odum,ocağım,
    Ana qucağım
    Qalsam həyatım,
    Ölsəm torpağım Azərbaycanım!

  • Xalq şairi Osman SARIVƏLLİ.”Bənövşə”

    Dumanlı səhərlər, çənli axşamlar,
    Olduqca məskənim, olduqca yuvam,
    Yamaqlı şalvarım, yamaqlı çuxam,
    Vüqarlı başımı saldı aşağı,
    Çıxdı gözlərimə qəlbimin dağı…
    Ələmdən, kədərdən qaça bilmədim,
    Ciyərim həsrətlə alışdı, yandı,
    Könlümü kimsəyə aça bilmədim,
    Çırıq paltarımdan eşqim utandı.

  • Xalq şairi Hüseyn ARİF.Seçmə şeirlər

    Meşəbəyi

    Kef üstündə kefimizi
    Gəldi, sordu meşəbəyi.
    Buyur!- dedik, atdan enib,
    Bardaş qurdu meşəbəyi.

    Qamçısını atdı sola,
    Çantasını çəkdi dala.
    Şirin-şirin, bala-bala
    Bizlə vurdu meşəbəyi.

    İsti kabab , təzə fətir.
    Doymaq olmur,yenə gətir.
    Bığlarını arada bir
    Eşib burdu meşəbəyi.

    Altmışını verib yelə,
    Düşməyibdir ruhdan hələ.
    Qarşıdakı bir gözələ
    Göz də vurdu meşəbəyi.

    Yatdı biri -keflənərək,
    Birini də yıxdı külək.
    Hüseynlə axıradək
    Möhkəm durdu meşəbəyi

    Qədim Gəncə çinarları

    Bir-birinə dayaq olur,
    Qədim Gəncə çinarları.
    Axşam-səhər oyaq olur
    Qədim Gəncə çinarları

    Yeri öpər, höyü qucaq,
    Meh toxunar, ətir saçar,
    Kölgəsini dosta açar,
    Qədim Gəncə çinarları.

    Vaxt dolanar fəsil-fəsil,
    Dözümdə dağ, çəkimdə fil,
    Hər küləkdən qopan deyil,
    Qədim Gəncə çinarları.

    Pıçıldaşan yarpaqları,
    Nəğmə deyən dodaqları,
    Necə oxşar qulaqları
    Qədim Gəncə çinarları.

    Çay boyu qatar-qatardı,
    Əsrlərdən yadigardı,
    Dünya görmüş babalardı –
    Qədim Gəncə Çinarları.

  • İlhamə Qəsəbova: Qazax aşıqlarının yaradıcılığında XIX əsr xüsusi mərhələ təşkil edir

    Azərbaycan mədəniyyətinin və ədəbiyyatının inkişafında Qazax mahalının da xüsusi yeri var. Daha çox aşıq sənəti ilə tanınan Qazax mahalı saza-sözə bağlılığı ilə fərqlənən sənət mərkəzlərindəndir. Əsasən XIX əsrdən etibarən intensiv inkişaf mərhələsinə qədəm qoyan və XX əsrdə öz zirvəsinə çatan Qazax aşıq ədəbiyyatı haqqında 1930-cu illərin mənbələrində dəyərli məlumatlara rast gəlinir. Bu fakt bölgədə aşıq mühitinin artıq həmin dövrdə yetkin bir mərhələyə çatdığını göstərir.

    Bu fikirlər filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbovanın Qazax aşıq mühiti ilə bağlı yazısında yer alıb. AZƏRTAC həmin yazını təqdim edir.

    Qazax aşıq mühiti Gəncəbasar, Borçalı, Qarabağ və Dərələyəz aşıq mühitləri ilə sıx sənət əlaqələri şəraitində formalaşan, qarşılıqlı təsir nəticəsində zənginləşib. Bu mühitə Gədəbəy və Kəlbəcər bölgələrinin aşıq sənətinin də daxil edilməsi daha məqsədəuyğun görünür. Qazax aşıqlarının yaradıcılıq baxımından inkişafında XIX əsr xüsusi mərhələ təşkil edir. Belə ki, bu dövr yeni ustad sənətkarların meydana çıxması və yeni saz havalarının yaranması ilə xarakterizə olunur. Həmin dövrdə Qazax aşıqları Göyçə, Tovuz, Borçalı və Gədəbəy aşıq mühitlərinin nümayəndələri ilə daha sıx sənət əlaqələri qurublar.

    Professor Məhərrəm Qasımlı tarixi-coğrafi baxımdan sabit bir adın mövcud olmadığını nəzərə alaraq, Goranboy–Daşkəsən, Gəncə–Şəmkir–Tovuz–Gədəbəy–Qazax xəttində yerləşən irimiqyaslı ərazini şərti olaraq “Gəncəbasar aşıq mühiti” adlandırıb. Lakin 2014-cü ildə müdafiə olunan “XX əsr Qazax aşıq mühiti” adlı dissertasiya işi bu mühitin müstəqil elmi tədqiqat obyekti kimi ayrıca öyrənilməsinin zəruriliyini ortaya qoyur. Nəzərə alsaq ki, Qazax mahalının zəngin folklor nümunələri coğrafi baxımdan iki böyük aşıq mühiti — Göyçə və Borçalı mühitlərinin sənət əlaqələri fonunda formalaşıb, onda Qazax aşıqlarının yaradıcılığında və ifa tərzində bu iki mühitin təsirini aydın şəkildə müşahidə etmək mümkündür.

    Qazax aşıqları ifaçılıqda yüksək peşəkarlıq nümayiş etdirməklə yanaşı, el şairləri kimi də poetik yaradıcılıqda fəal olublar. Miskin Əli, Çoban Əfqan, Mirzə Səməd, Hacı Qaracayev, Qulu Məşədiyev, Ağamalı Sadiq Əfəndi, Temraz Novruzlu, Alı Baba, Akif Səməd və başqaları bu baxımdan diqqəti cəlb edir.

    Ustad səviyyəli aşıqların yaratdıqları aşıq havalarının bir qismi klassik Azərbaycan poeziyasının görkəmli nümayəndələrinin adları ilə bağlıdır. Belə ki, M.P.Vaqif tərəfindən “Vaqifi”, M.V. Vidadi tərəfindən isə “Qazax yurd yeri” adlı aşıq havaları meydana gəlib.

    Bununla yanaşı, Qazax aşıq mühitində “Qazax səbzəsi”, “Vaqif gözəlləməsi”, “Səməndəri”, Aşıq Avdının “İncə gülü”, Ədhəm Ərəbovun “Ərəbi”, Aşıq Cəlal Qəhrəmanovun “Cəlaloğlu” kimi aşıq havaları geniş yayılıb. Qeyd etmək lazımdır ki, “Qazax səbzəsi” aşıq havası bu gün də məclislərdə ifa olunur, lakin bəzi hallarda “Gilanar” aşıq havası adı altında təqdim edilir.

    Qazax mahalında aşıqlardan daha çox “Koroğlu”, “Abbas və Gülgəz”, “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Dilqəm”, “Alı xan və Pəri xanım”, “Qaçaq Kərəm” dastanlarının, həmçinin Aşıq Ələsgərin səfərlərindən bəhs edən rəvayətlərin söylənilməsi tələb olunub.

    Azərbaycan aşıq sənətini tanıdan ustad sənətkarlardan biri də “Yanıq Kərəm”, “Qaytarma”, “Baş Sarıtel”, “Ruhani” və digər saz havalarının bənzərsiz ifaçısı, sinədəftər ustad aşıq Ədalət Nəsibov olub.

    Qazax aşıq mühiti qadın aşıqların fəaliyyəti ilə də zənginləşib. Aşıq Pakizə Musaköylü, Aşıq Solmaz Kosayeva, Aşıq Kifayət Dərgahquliyeva, Aşıq Lütfiyyə Musayeva mühitin formalaşmasında mühüm rol oynayıblar.

    Müasir dövrdə də Qazax aşıq mühitinin görkəmli nümayəndələri bu məktəbin zəngin irsini uğurla davam etdirirlər.

    Mənbə: https://azertag.az/

  • Azərbaycan Yazıçılar Birliyində “Dilimiz – kimliyimiz” mövzusunda ədəbi-ictimai müşavirə keçirilib müşavirə keçirilib

    Yanvarın 12-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda Azərbaycan dilinin qorunması və inkişafına həsr olunmuş “Dilimiz – kimliyimiz” mövzusunda ədəbi-ictimai

    Bu barədə AZƏRTAC-a Azərbaycan Yazıçılar Birliyindən məlumat verilib.

    Bildirilib ki, müşavirəni giriş sözü ilə AYB-nin katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli açıb. O, Azərbaycan dilinin qorunması və saflığı ilə bağlı ölkə Prezidentinin çıxışlarını xatırladaraq, bu mövzunun bu gün həm elmi, həm də ictimai müstəvidə xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Elçin Hüseynbəyli qeyd edib ki, XIX əsrin sonlarından etibarən Azərbaycan türk dili Qafqazda aparıcı ünsiyyət və mədəniyyət dili olub, sonrakı dövrlərdə müəyyən tarixi-siyasi səbəblərdən sıxışdırılıb. Lakin Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan yenidən regionda söz sahibi olan dövlətə çevrilib və bu proses Azərbaycan dilinin nüfuzunun artmasına da güclü təkan verib. O inamla bildirib ki, yaxın gələcəkdə Azərbaycan dili regionun aparıcı dillərindən biri kimi mövqeyini daha da möhkəmləndirəcək.

    Tədbirdə çıxış edən digər natiqlər dövlət dil siyasəti, ədəbi dil normaları, terminoloji təhlükəsizlik, elmi və bədii mühitdə dil mədəniyyətinin qorunması məsələləri geniş müzakirə olunub.

    Tədbirdə AYB-nin sədri, Xalq yazıçısı Anar, akademiklər İsa Həbibbəyli, Rafael Hüseynov, Nizami Cəfərov, Teymur Kərimli, Kamal Abdulla, Muxtar İmanov, Xalq yazıçıları Çingiz Abdullayev, Elmira Axundova, Milli Məclisin deputatları Elnarə Akimova, Jalə Əliyeva, Səyyad Aran, professorlar Nadir Məmmədli, Telman Vəlixanlı, Kərim Tahirli, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə katibi, şair və tərcüməçi Səlim Babullaoğlu, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri Əsəd Cahangir çıxış edərək Azərbaycan dilinin qorunmasının yalnız dilçilərin deyil, bütövlükdə cəmiyyətin borcu olduğunu qeyd ediblər.

    Müşavirə elmi-ədəbi müzakirələr və aktual təkliflərlə yadda qalıb.

    Mənbə: https://azertag.az/

  • Kimlər gəldi, kimlər getdi…

    Bu gün Xalq artisti Mirzə Babayevin anım günüdür

    Özünəməxsus üslubu və bənzərsiz ifa tərzi dinləyicini sehrinə salan sənətkarlardan biri də Mirzə Babayevdir. O, mahnı ilə yaşayırdı. Şövqlə ifa etdiyi “Liman”, “Saçlarına gül düzüm”, “Sən uzaq, yaşıl ada”, “Kimlər gəldi, kimlər getdi”, “Kəpənək”, “Zəfəran”, “Çay” və digər mahnılarla hər kəsin qəlbini ovsunlayır, yaddaşlara əbədi həkk olunurdu.

    AZƏRTAC Xalq artisti, “Şöhrət” ordenli, bir çox mükafatların laureatı, Azərbaycan estradasının banilərindən biri Mirzə Babayevin vəfatının 23-cü ildönümündə sənətkarın həyat yolunun və yaradıcılığının bəzi məqamlarına nəzər salır.

    Görkəmli estrada ifaçısının Tofiq Quliyev, Emin Sabitoğlu, Rauf Hacıyev və digər bəstəkarlarla birgə yaratdığı mahnılar musiqi xəzinəmizin parlaq incilərindəndir. Onun repertuarında xarici ölkə xalqlarının mahnıları da yer alırdı. Mirzə Babayevin radionun “Qızıl fond”unda saxlanan xeyli mahnısı var. O, Mirzə Ələkbər Sabirin sözlərinə yazılmış mahnıları xüsusi ustalıqla oxuyub. Eyni zamanda, otuzdan çox filmdə rol alıb: “Kölgələr sürünür”, “Qaraca qız”, “Sən niyə susursan”, “Dəli Kür”, “Dərviş Parisi partladır”, “Qorxma, mən səninləyəm”, “Bəyin oğurlanması” və sair. “O olmasın, bu olsun” filmində Məşədi İbadın mahnılarını Mirzə Babayev ifa edib, “Onu bağışlamaq olarmı?” filmində isə Tərlanın mahnısını səsləndirib.

    Müxtəlif vaxtlarda çəkildiyi filmlər müğənninin xalq arasında şöhrətini daha da artırıb. “Dərviş Məstəli şah”da Dərviş, “Bəyin oğurlanması”nda Mirişin atası, “Dəli Kür”də Dərviş obrazlarını məharətlə yaradıb. “Qorxma, mən səninləyəm”, “Telefonçu qız”, “Romeo mənim qonşumdur” filmlərindəki maraqlı və rəngarəng obrazları kino tariximizə həkk olunub. Onun milli musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri yüksək qiymətləndirilib.

    Mirzə Babayev Azərbaycan estradasının ən uzunömürlü müğənnilərindən biridir. Söz vermişdi ki, 100 yaşında səhnəyə çıxıb oxuyacaq. Müsahibələrinin birində deyirdi: “Atam 105 il, nənəm isə 127 il yaşayıb. Mən də nənəm kimi 130 il yaşayacağam”. Amma ömrünün 90-cı ilində səhhətində gözlənilməz problem yaşandı və 2003-cü il yanvarın 13-də bənzərsiz sənətkarımızı itirdik.

    Mənbə: https://azertag.az/

  •  Banu Muharrem.Yeni şeirlər

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru.

    * * *

    Nədir əllərimə dəyən bu boşluq?
    Nədir qollarımda dərin qaranlıq?
    Siyah gözlərimə necə vurulub
    Kuzə gözündəki alatoranlıq?!

    Neçə dil danışsam çətindən çətin!
    Tərcümə edilmir belə duyğular.
    Nifrəti unudub qorunu sevən
    ürəyin işinə qarışmaq olar?!

    Eşq elə atəş ki, inad edilməz!
    “Cəhənnəm oduna” nə ad verim mən?!
    Ölü sərçələrə cihad edilməz.
    Qucaqla,qoluna qanad verim mən.

    Sən məni gözəl sev,çox sevmə qəti!
    Çox sevmək azalar, gözəllik qalar.
    Əlimin izləri əmanətindir-
    Sevgim nur içində artar,çoxalar.

    Özünü bilməyən bir bəxtəvərsən
    Gözüm,gülüşlərim,izlərim səndə.
    Belə ədalətə nə deyəsən, hə?!
    Verdiyin tək dərddi- gizlədirəm də.

    İçində çarəsiz suallar olan
    bədən bir qaranlıq quyudu,dibdi.
    Mənim yıxıldığım bu boşluq sanki
    dünyanın sonunun əlamətidi?

    Böyüyür əlimdə, ovcumda yoxluq
    Çürüyür könlümə saldığın həsir.
    Sinəmə elə bir qəfəs qurmusan
    Düşün – ölənədək əsirsən! Əsir..

    * * *

    O küçə şahid oldu, bilmədim necə işdi.
    Nəmli yollar tanıdı addımımın səsini.
    Bir telefon zənginə xəyallarım dəyişdi,
    Azdım əzbərlədiyim küçənin sinəsini.

    Bəlkə yuxu görürdüm. Sanki Allah bağırdı:
    -“Sən özünə yazdığın bu dərd sənə ağırdı”.
    Bu qarmaşa içində ona şeir yazırdım:
    -“Maşın yolunu gedir, təkərlərə ağırdı…”

    “Dünya qəhətdi?” -deyə pıçıldadım özümdə.
    Zaman donub yıxıldı gözlərimin önündə.
    Məğrur idi tərsliyim -vədəsində ,sözündə
    ürəyim yalvarırdı: “gəl,gözümə görün də..”

    Gözlərim dolaşırdı o küləkli havada,
    Ovuclarım səsinin mehini ələyirdi.
    Bitirmişdim içimdə qazandığım davanı
    Saçım o gedən yola əlini yelləyirdi.

    Bilmədim hansı dərdin məlhəmidir,dadıdır.
    İstədim dərdə düşüm ,dedim: “dərmanım olar”
    İndi mənim düşdüyüm dərd də onun adıdır,
    Bilməzdim ki,məlhəmim ölüm fərmanım olar..

    Dedi: “filan küçədən keçib çıxıb gedirəm”
    Dedi: “bilet almışam,içib,çıxıb gedirəm”
    Dedi:”hər bir sözünə diqqət elə misranın,
    mənə geri dön deyə, səni arzu edirəm”.

    Qamətimi düzəltdim arzuların eşqinə.
    Bir təbəssüm yayıldı üzümə- “keçicidir” .
    Yollarımız bir imiş, istiqamət əksinə;
    Bilmədi onun yolu ürəyimin içidir.

    Küçə də şahid oldu,mən göylərə baxırdım
    göylər mənə a’xırdı! Mən göylərə gülürdüm.
    Təkərlər ağrıyırdı, əllərim üşüyürdü,
    Göy gözümdən axırdı,yenə biraz ölürdüm.

  • Şairə Banu Muharremin “YarAdam” adlı yeni şeir kitabı çap olunub

    Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü,  Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, şairə Banu Muharremin “YarAdam” adlı yeni şeir kitabı çap olunub.

    “Qanun” nəşriyyatında çap olunan kitaba Xalq şairi Vahid Əziz və şair Ayaz Arabaçı ön söz yazıb.

    Banu Muharrem (Sadıqova Banu Məhərrəm qızı) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Rejissorluq üzrə bakalavr və magistratura təhsili alıb. Müxtəlif illərdə Bakı şəhəri H.Abbasov adına Mədəniyyət Mərkəzində xalq teatr rejissoru və dram dərnəyinin rəhbəri, Lənkəran Dövlət Dram Teatrında Ədəbi-dram hissə müdiri, Lənkəran Dövlət Universitetində müəllim vəzifələrində çalışıb. Hazırda Şuşa Dövlət Dram Teatrında truppa müdiridir.

    Ədəbi yaradıcılığa məktəb illərindən başlayan müəllifin şeirləri “Azərbaycan”, “Ulduz”, “Xəzan”, “Ədəbi ovqat” jurnallarında, “Ədəbiyyat qəzeti”, “525-ci qəzet” qəzetlərində və saytlarda, həmçinin, Türkiyə, İran və Krımda çap olunan mətbu orqanlarda yayınlanıb.

    Kitabda müəllifin oxucular tərəfindən rəğbətlə qarşılanan şeirlərindən əlavə yeni şeirləri də toplanıb.

    Qeyd edək ki, bu, Banu Muharremin oxucularla ikinci görüşüdür. Müəllifin “Şəqaf” adlı ilk kitabı məhdud tirajla çap olunmuşdu.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Arzu Hüseyni doğum günü münasibətilə təbrik edirik! (12 Yanvar)

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının rəhbərliyi, bütün kollektivi Sizi Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısıAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbərini doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxt həyat, pedaqoji fəaliyyətində yeni-yeni uğurlar diləyir!

    Arzu HÜSEYN:

    Kimsə dərk eləməz içimdəkini,
    Qapalı qutuyam, qaranlıq quyu.
    Mən sülhə dəyişdim içimdə kini,
    Zamanla duruldu bulanıq suyum.

    Zamanla kiridi fırtınalarım,
    Sussdum səhra kimi, sussdum çöl kimi.
    Kiçildim, bir üzü torpağa sarı,
    Uzandım göylərə sarı-əl kimi.

    Duayam, mən daha qarğış deyiləm,
    Yox, yağış deyiləm, yağış deyiləm…

    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan isə təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatəsində qalın! Ən əsası isə Qadın səadəti!

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

    Mənbə:

  • Aytən Əliyeva – Şahmat: iki mədəniyyətin səssiz mübarizəsi

    Stefan Sveyqin “Şahmat” əsəri 1941-ci ildə yazılmış psixoloji novelladır. Əsərin hadisələri Nyu-Yorkdan Buenos-Ayresə gedən bir gəmidə baş verir. Burada iki fərqli insan qarşılaşır: dünya şahmat çempionu Mirko Çentoviç və avstriyalı hüquqşünas Doktor B.

      Çentoviç kobud, cahil, ancaq instinktiv olaraq güclü bir şahmatçıdır. Doktor isə faşistlər tərəfindən həbs olunmuş, uzun müddət tək kamerada saxlanılmış ziyalıdır. O, təsadüfən bir şahmat kitabı tapır və zehni sağlamlığını qorumaq üçün bu kitab üzərində düşünməyə başlayır. Lakin təkliyin və davamlı düşünmənin təsiri ilə o, öz daxilində bölünərək özü özünə qarşı oynamağa başlayır və bu, onu ruhi sarsıntıya gətirir. Gəmidə Çentoviçlə qarşılaşdıqda Doktor onunla şahmat oynamalı olur. İlk partiyada onu udur, lakin ikinci oyunda keçmişdə yaşadığı ruhi travma yenidən canlanır və o, dərin sarsıntı keçirir. Əsər Doktorun şahmatı tərk etməsi ilə bitir.

     “Şahmat” insan ruhunun sarsılması, təcrid, azadlıq və düşüncə azadlığı kimi dərin mövzular üzərində qurulub. Stefan Sveyq göstərir ki, insanın bədəni əsir edilə bilər, amma düşüncəsi və ruhu azad qalır. Həbsxanada tək qalan Doktor üçün şahmat həm xilas, həm də məhv vasitəsinə çevrilir. Bu oyun bir tərəfdən onun düşüncəsini qoruyur, digər tərəfdən isə onu öz ağlının içində boğur. Ən əsas mövzu isə “mədəniyyət hövzəsi” məsələsidir. Belə ki, coğrafi mühit sözü gedən insanların həyatında da mühüm rol oynayır. Bu baxımdan Doktor yüksək mədəniyyət hövzəsinin nümayəndəsidir. O, Avstriyanın ziyalı təbəqəsinə mənsub, hüquq təhsilli, kitablarla, tarixlə, sənətlə, düşüncə ilə yaşayan bir insandır. Onun dünyası mənəviyyat, bilik və düşüncə üzərində qurulub. Faşistlər tərəfindən həbs olunduqdan sonra belə o, mədəni yaddaşını, intellektual çevrəsini qoruyur. Həbsxanada təsadüfən tapdığı şahmat kitabını təkcə bir oyun kimi deyil, bir mədəni fəaliyyət, yəni düşüncənin, zəkanın, insan ağlının sığınacağı kimi qəbul edir. Şahmat onun üçün intellektual mühitin davamıdır, o, orada öz mədəni kimliyini qoruyur. Deməli, Doktor Avropa humanizminin, klassik təfəkkürün və mənəvi dəyərlərin daşıyıcısı olan bir mədəniyyət hövzəsinə məxsusdur.

      Əsərdə Çentoviçlə və Doktor iki zidd qütbü təmsil edir: biri mexaniki zəkadır, digəri ruhun və mənəvi dərinliyin daşıyıcısıdır. Çentoviçlə bəsit və cahil olsa da, instinktiv olaraq oyunda güclüdür. Doktor isə mədəni, bilikli, lakin ruhi cəhətdən yaralı bir insandır. Bu qarşıdurma ağıl və ruh, bədən və düşüncə mübarizəsini əks etdirir. 

      Çentoviç isə bunun əksinə olaraq mədəniyyətin kənarında qalmış, bəsit bir sosial-mədəni mühitin yetirməsidir. O, kəndli ailəsindən çıxıb, təsadüf nəticəsində şahmatda istedadını göstərmiş, lakin mədəni və mənəvi cəhətdən kasad qalmış bir insandır. Onun təfəkkürü mexanikidir. O, oyunu hisslərlə və vərdişlə oynayır, amma düşüncə və dərinlik yoxdur. O, kitab oxumur, danışmağı, təhlil etməyi bacarmır, yalnız udmaq istəyir. Yəni Çentoviç mədəniyyət hövzəsindən kənar bir varlıqdır – onun üçün şahmat sənət və düşüncə deyil, sadəcə instinkt və qazanmaq vasitəsidir.

     Beləcə, əsərdə iki mədəniyyət hövzəsi toqquşur. Bir tərəfdə düşüncə, bilik, mənəvi zənginlik, digər tərəfdə isə ibtidai, maddi və instinktiv yaşam tərzi dayanır. Doktor zehni və mənəvi mədəniyyətin, Çentoviç isə təbiət və instinkt səviyyəsində qalmış “antimədəniyyətin” simvoludur. Bu qarşıdurma Stefan Sveyqin əsərin dərin ideyalarından birinə çevrilir: mədəniyyət insanı formalaşdırır, təcrid və cəhalət isə onu məhv edir. Doktor mədəniyyətin işığında insanın nə qədər ucaldığını, Çentoviç isə ondan uzaq düşəndə necə “boş qabığa” çevrildiyini göstərir. Yəni “Şahmat” əsərində mədəniyyət hövzəsi anlayışı yalnız fərdlərin fərqini deyil, həm də insanlığın iki səviyyəsini – mənəvi və maddi aləmin toqquşmasını əks etdirir.

      Əsərdə şahmat lövhəsi həyatın rəmzidir. Qara və ağ fiqurlar yaxşılıqla şərin, azadlıqla əsarətin, ağıl ilə instinktin qarşıdurmasını göstərir. Sveyqin dili sakit, lakin gərgin emosional yüklə doludur. O, insan şüurunun dərinliklərinə enərək təcridin, qorxunun və ağılın incə sərhədlərini təsvir edir.

      Əsərin ideyası budur ki, insanın ruhunu məhv etmək üçün bədənini zəncirləmək kifayət deyil; onu təcrid edib düşüncələrinə qapadanda insan öz ağlı ilə dəli olmağa başlayır. Lakin yazıçı eyni zamanda bildirir ki, düşüncə azadlığı sarsılmazdır. İnsan bəzən ağlının içində məhbus olsa da, onun düşünmək qabiliyyəti azadlığın son qalasıdır. 

      “Şahmat” əsəri təkcə bir oyun haqqında deyil, insanın mənəvi varlığı, zəkasının hüdudları və azadlığın mənası haqqında dərin fəlsəfi bir hekayədir. Bu əsər XX əsr Avropa ədəbiyyatında psixoloji realizmin ən parlaq nümunələrindən biridir.

      Naxçıvan Dövlət Universitetini “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası III kurs tələbəsi 

    Mənbə: https://edebiyyat.az/

  • Nigar Şahverdiyeva (Sosioloq, araşdırmaçı yazar): Dahilik Romantikası – etik boşluqlar və sosial mif

    “Dahi” sözü tarix boyu həm heyranlıq, həm də bəraət aləti olub. Bu anlayış çox vaxt insanın yaratdıqlarını deyil, dağıtdıqlarını görməməzliyə vurmaq üçün işlədilib. Dahilik istedadın zirvəsi kimi təqdim edildikcə, onun arxasında gizlənən eqoizm, emosional məsuliyyətsizlik və etik boşluqlar adiləşdirilib. Sanki “dahi” olan insan üçün adi insan qaydaları keçərli sayılmır. O, sevirsə sərhədsiz, dağıdırsa haqlı, incidir­sə anlaşılmalı olur. Teodor Drayzer “Dahi” romanı məhz bu romantik mifə qarşı yazılmış əsərlərdən biridir. Yazıçı oxucunu heyrətləndirmək üçün ideal bir sənətkar yaratmır, əksinə, dahilik anlayışını insanın zəiflikləri üzərindən sınayır. Romanın mərkəzində duran Yucin Vitr nə klassik qəhrəmandır, nə də açıq-aşkar antiqəhrəman. O, cəmiyyətin “istedadlıdır” deyə bağışladığı, “yaradıcıdır” deyə susduğu, “fərqlidir” deyə məsuliyyətdən azad etdiyi bir fiqurdur. Əsər boyunca oxucu istər-istəməz bir sualla üz-üzə qalır: Yucin doğrudanmı dahidir, yoxsa onun davranışları sadəcə istedad pərdəsi altında gizlədilmiş özmərkəzçilikdir? Drayzer bu suala birbaşa cavab vermir. O, hökm çıxarmağı oxucuya buraxır və məhz bu susqunluq romanı adi bir sənətkar hekayəsindən çıxarıb, dahilik anlayışının tənqidinə çevirir.

    Bu yazıda Yucin Vitr obrazı üzərindən “dahi” anlayışının nə dərəcədə gerçək, nə dərəcədə sosial mif olduğu araşdırılacaq, eyni zamanda bu tipajın günümüz insanı ilə oxşarlıqları üzə çıxarılacaq. Çünki Drayzerin yüz il əvvəl yazdığı suallar bu gün də aktuallığını itirməyib: Biz kimə dahi deyirik və bu adın arxasında nəyi görməzlikdən gəlirik?

    Elə isə gəlin əvvəlcə “dahi” anlayışının nə demək olduğunu anlamağa çalışaq. Yazının ilk cümləsində dediyim kimi “dahi” anlayışı tarix boyunca sabit və dəqiq tərifə malik olmayıb. Bu söz bəzən fövqəladə intellektin, bəzən estetik yeniliyin, bəzən də sadəcə normadan kənar davranışın sinonimi kimi işlədilib. Filosof İmmanuel Kant dahini “təbiətin sənət vasitəsilə danışması” kimi izah edir və hesab edirdi ki, dahi öyrədilə bilməz, o, qayda yaratmaq gücünə malikdir. Bu baxışda dahilik yaradıcılığın mənbəyi, lakin eyni zamanda nəzarətsiz bir qüvvə kimi təqdim olunur. Lakin XIX əsrdən etibarən sosial elmlər bu anlayışa daha tənqidi yanaşmağa başlayır. Sosioloqların fikrincə, dahilik təkcə fərdi istedadın nəticəsi deyil, həm də cəmiyyətin həmin istedadı necə adlandırması və legitimləşdirməsi ilə bağlıdır. Yəni hər yüksək qabiliyyət avtomatik olaraq “dahi” sayılmır. Bu etiketin formalaşmasında sosial mövqe, cinsiyyət, dövrün ideoloji tələbləri mühüm rol oynayır. Bu nöqtədə “romantik dahilik” anlayışı önə çıxır. Romantizm dövründə dahi, qaydalara sığmayan, əxlaqdan və sosial normalardan kənarda dayanan bir fiqur kimi ideallaşdırılıb. Onun emosional daşqınları, nizamsız həyat tərzi və hətta başqalarına verdiyi zərər belə yaradıcılığın qaçılmaz nəticəsi kimi qəbul edilib. Bu yanaşma dahini adi insandan üstün, demək olar ki, toxunulmaz bir mövqeyə yerləşdirib.

    Psixoloji baxımdan isə dahilik tez-tez “hiperfokus”, yəni insanın müəyyən bir sahəyə həddindən artıq yönəlməsi ilə əlaqələndirilir. Müasir psixologiyada bu vəziyyət yaradıcılıq üçün üstünlük sayılsa da, emosional empatiyanın zəifləməsi, münasibətlərdə məsuliyyətsizlik və özünü mərkəzə qoyma kimi risklər də daşıyır. Məhz bu nöqtədə “yaradıcı narsisizm” termini ortaya çıxır. Bu termin ilk dəfə psixoanalitik müzakirələrdə istifadə olunaraq, yaradıcılıq adı altında öz istəklərini mütləqləşdirən şəxsiyyət tipini ifadə edir. Teodor Drayzer də “Dahi” romanında məhz bu romantik və psixoloji anlayışları sarsıdır. O, dahiliyi müqəddəsləşdirmir, onu insanın zəiflikləri ilə üz-üzə qoyur. Drayzer üçün dahi olmaq ilahi bir status deyil, bu, cəmiyyətin müəyyən davranışlara verdiyi sosial imtiyazdır. Əgər bu imtiyaz olmasaydı, eyni davranışlar böyük ehtimalla məsuliyyətsizlik, eqoizm və etik pozuntu kimi qiymətləndirilərdi. Beləliklə, “dahi” anlayışı təkcə fərdi istedadın göstəricisi deyil, həm də sosial razılaşmadır. Cəmiyyət kimin səhvlərini bağışlayacağına, kimin davranışlarını romantikləşdirəcəyinə bu anlayış vasitəsilə qərar verir.

    Digər əsas sual isə Yucin Vitr obrazının təzadlı mahiyyəti ilə bağlıdır: o, dahilik anlayışını təmsil edir, yoxsa onu ifşa edir?

    Yucin Vitr obrazı Drayzerin ən mürəkkəb və qəsdən ziddiyyətli yaratdığı fiqurlardandır. O, nə sadəcə istedadlı bir sənətkardır, nə də yalnız şəxsi zəifliklərinin əsiri olan adi insan. Yucinin əsas problemi onun qabiliyyətinin olması deyil, problem bu qabiliyyətin ona cəmiyyət tərəfindən xüsusi imtiyazlar qazandırmasıdır. Drayzer məhz bu nöqtədə oxucunu diqqətli olmağa çağırır: istedad insanı avtomatik olaraq “dahi” etmir, lakin ona davranış azadlığı verir. Yucinin yaradıcılıq qabiliyyəti danılmazdır. O, estetik formaya, gözəllik duyumuna və sənət dili qurmaq bacarığına malikdir. Lakin Drayzer bu istedadı heç vaxt ideallaşdırmır. Əksinə, Yucinin sənəti onun daxili boşluqlarını dolduran bir vasitə kimi təqdim olunur. Psixologiyada bu hal “kompensator yaradıcılıq” adlandırılır, yəni fərd emosional və etik çatışmazlıqlarını yaradıcı fəaliyyətlə örtməyə çalışır. Yucin üçün sənət yalnız ifadə vasitəsi deyil, həm də özünü haqlı çıxarma mexanizmidir. Onun şəxsi həyatında bu vəziyyət daha açıq şəkildə görünür. Yucin qadınlarla münasibətlərində ardıcıl olaraq məsuliyyətsiz davranır. Sevgi, bağlılıq və sədaqət anlayışlarını estetik hisslərlə əvəz edir. Psixoanalitik yanaşmaya görə bu, empatiya çatışmazlığının göstəricisidir. O, qarşısındakı insanı subyekt kimi deyil, öz daxili dünyasını qidalandıran obyekt kimi görür. Məhz buna görə Yucinin münasibətləri davamlı olmur, lakin o, bu dağıntıları şəxsi günahı kimi deyil, yaradıcılığın “qaçılmaz nəticəsi” kimi qəbul edir. Sosioloji baxımdan isə Yucin Vitr patriarxal cəmiyyətin klassik imtiyazlı fiqurudur. Onun etdiyi səhvlər “yaradıcı təbiət”, “azad ruh” kimi ifadələrlə yumşaldılır. Eyni davranışlar qadın obrazlar tərəfindən edilsəydi, böyük ehtimalla əxlaqsızlıq və məsuliyyətsizlik kimi damğalanardı. Bu, sosioloq Pyer Burdyenin “simvolik hakimiyyət” anlayışı ilə izah oluna bilər. Yucin yalnız fərdi gücə deyil, cəmiyyətin ona verdiyi simvolik üstünlüyə sahibdir.

    Diqqətlə baxsaq görərik ki, Drayzer burada çox incə bir ironiya qurur: Yucin özünü azad hesab edir, halbuki o, cəmiyyətin ona verdiyi rolu oynayır. Onun azadlığı fərdi üsyan deyil, sosial güzəştdir. Bu isə dahilik anlayışının nə qədər selektiv və ədalətsiz olduğunu göstərir. Yucin istedadlıdır, lakin onun “dahi” adlandırılması yaradıcılığından çox, bu yaradıcılığın kim tərəfindən və necə qəbul edilməsi ilə bağlıdır. Beləliklə, Yucin Vitr nə tam mənada dahi, nə də sadəcə zəif xarakterli insandır. O, dahilik mifinin içində formalaşmış, bu mifdən bəhrələnən və eyni zamanda onun əsirinə çevrilmiş bir obrazdır. Drayzer oxucuya Yucini sevdirmək və ya nifrət etdirmək istəmir. O, oxucunu bu tipajın arxasında duran sosial mexanizmləri görməyə məcbur edir.

    Bu halda biz sorğulamalıyıq ki, dahilik əxlaqdan azaddırmı?

    Fəlsəfi baxımdan bu məsələ etik relativizm anlayışı ilə izah oluna bilər. Etik relativizmə görə doğru və yanlış anlayışları şəraitə, şəxsə və nəticəyə görə dəyişə bilər. Dahilik mifi bu relativizmi maksimum həddə çatdırır: eyni davranış adi insan üçün qınanılır, lakin “dahi” üçün başa düşülən sayılır. Yucin Vitr məhz bu ikili ölçünün içində mövcuddur. Onun münasibətlərdə yaratdığı dağıntılar şəxsi məsuliyyət kimi deyil, yaradıcılığın təbii yan məhsulu kimi qiymətləndirilir. Psixoloji səviyyədə isə bu vəziyyət “moral disengagement”, yəni əxlaqi uzaqlaşma termini ilə izah olunur. Sosial psixoloq Albert Banduranın izahına görə, fərd öz davranışlarının mənəvi nəticələrindən uzaqlaşmaq üçün onları müxtəlif ideoloji çərçivələrlə əsaslandırır. Yucin üçün bu çərçivə sənətdir. O, incitdiyi insanları deyil, yalnız öz daxili təlatümlərini görür və bu təlatümləri legitimləşdirmək üçün yaradıcılığa sığınır. Drayzer burada oxucuya açıq mesaj vermir, lakin ardıcıl olaraq bir sualı qabardır: əgər dahilik əxlaqdan azaddırsa, bu azadlığın yükünü kim daşıyır? Roman göstərir ki, bu yük heç vaxt dahi adlandırılan şəxsin üzərinə düşmür. Onu ətrafındakı insanlar, xüsusən də qadınlar daşıyır. Onların emosional itkiləri, pozulan həyatları və səssiz qurbanlıqları dahiliyin görünməyən tərəfinə çevrilir. Sosioloji baxımdan bu vəziyyət “normalizasiya” prosesi ilə bağlıdır. Cəmiyyət müəyyən davranışları təkrarladıqca və onları xüsusi statusla əlaqələndirdikcə, bu davranışlar normaya çevrilir. Yucinin məsuliyyətsizliyi də məhz bu şəkildə normallaşdırılır. O, cəmiyyətin gözündə nə qədər “yaradıcı”dırsa, bir o qədər də “bağışlanandır”.

    Maraqlısı budur ki, bir çox kişi üçün Yucin həqiqətən də əsl dahidir. Amma niyə belə hesab olunur? Gəlin bir az düşünək: Yucin doğrudanmı dahi idi?

    Abraham Maslounun özünügerçəkləşdirmə nəzəriyyəsinə görə, insan yalnız daxili potensialını məsuliyyət və balansla reallaşdırdıqda özünü tam formalaşdırır. Yucin Vitr isə bacardığından çoxunu istəyir, amma bu daxili tarazlığı qura bilmir. O, istedadını sərbəst buraxır, həyatın qaydalarını gözardı edir və yaradıcılığını öz ehtiraslarının tərcüməçisinə çevirir. Bir çox kişi üçün məhz bu sərbəstlik və maneələri aşa bilmək bacarığı onun dahi görünməsinin səbəbidir. O, istedadı vasitəsilə həyatın sərhədlərini zorlayır və azad ruh obrazını təqdim edir.

    Digər tərəfdən isə Burdyen qeyd edir ki, fərdlər yalnız şəxsi gücləri ilə deyil, cəmiyyətin onlara verdiyi statusla da seçilir və tanınır. Yucinin ətrafındakı insanlar onun azadlığını və davranışlarını romantikləşdirir, ona günah kimi baxmır. Bu, kişilər üçün onu yalnız istedadlı deyil, həm də “dahi” edən ikinci təbəqədir: cəmiyyətin və sosial kodların ona verdiyi pərdədə gizlənən güc. Yucinin hər hansı bir etik çatışmazlığı, qadınlarla münasibətlərindəki məsuliyyətsizliyi və sosial qaydalara qarşı çıxışı bir çox kişi üçün ideallaşdırılır, çünki onlar bu obrazda qayda pozma, fərqlilik və azadlıq arzularının bir simvolunu görür. Beləliklə, Yucin Vitrin dahi kimi görünməsi həm onun yaradıcılıq potensialı ilə, həm də cəmiyyətin ona bəxş etdiyi simvolik imtiyazlarla bağlıdır. Drayzer oxucuya bildirir ki, bu imtiyazlar, baxmayaraq ki, onu heyranlıq obyektinə çevirir, əslində başqalarının çəkdiyi zərərin və etik boşluğun üstündə qurulub. Yucinin dahi görünməsi, bir tərəfdən onun istedadını, digər tərəfdən isə cəmiyyətin göz yumma və romantikləşdirmə qabiliyyətini əks etdirir. Nəticədə bir çox kişi Yucini dahi sayır, çünki o, yaradıcılıq və sərbəstlik adı altında bütün sosial və şəxsi sərhədləri aşır. Lakin Drayzer oxucuya xatırladır ki, dahilik yalnız istedad deyil, əsl dahi, gücünü məsuliyyət və etik balansla birləşdirən şəxsdə formalaşır. Yucin isə bu balansı qura bilmir və beləliklə, əslində, dahi yox, dahilik iddiasının sosial konstruksiyası kimi qalır.

    Bəs Yucin Vitr XXI əsrdə olsaydı?

    Yucin Vitr obrazı yalnız XIX–XX əsr keçidinin sənət mühitinə aid deyil. Əksinə, bu tipaj günümüzdə daha tanış və daha görünəndir. XXI əsrdə dahilik artıq təkcə sənət əsəri ilə ölçülmür, sosial görünürlük, izləyici sayı və ictimai təsir də bu anlayışın tərkib hissəsinə çevrilib. Bu dəyişiklik Yucin tipli fiqurlar üçün daha geniş imkanlar yaradıb. Müasir cəmiyyətdə “yaradıcı insan” anlayışı çox vaxt məsuliyyətdən azad edilmiş şəxs obrazı ilə üst-üstə düşür. “Mən beləyəm”, “yaradıcılıq sərhəd tanımır”, “azad ruham” kimi ifadələr Yucinin yüz il əvvəl istifadə etdiyi əsaslandırmaların müasir formalarıdır. Sosial psixologiyada bu vəziyyət “özünü-istisna etmə” davranışı adlandırılır. Fərd özünü ümumi qaydalardan kənar sayır və bu istisnanı istedadı ilə əsaslandırır. Sosial media bu prosesi daha da sürətləndirib. Bu gün bir insanın “dahi” kimi qəbul edilməsi üçün onun yaratdığı dəyərdən çox, yaratdığı təəssürat ön plana çıxır. Yucin Vitrin dövründə cəmiyyət onun sənətinə göz yumurdusa, bu gün algoritmlər və auditoriyalar eyni funksiyanı yerinə yetirir. Bu isə dahiliyin daha da səthiləşməsinə səbəb olur. Qalıcı yaradıcılıq yerini ani təsirə verir.

    Etik baxımdan isə dəyişən çox az şey var. Yucin kimi müasir “dahilər” də münasibətlərdə ardıcıl məsuliyyət daşımır, lakin bu davranışlar “yaradıcılıq təzyiqi”, “emosional intensivlik” kimi anlayışlarla əsaslandırılır. Xüsusilə qadınlarla münasibətlərdə bu dinamika açıq şəkildə görünür. Emosional uzaqlaşma, qeyri-sabit bağlılıq və qəfil yoxa çıxmalar bu gün “ghosting” kimi terminlərlə adlandırılır, lakin mahiyyət dəyişmir. Ad dəyişir, davranış qalır. Sosioloq Ziqmund Baumanın “axıcı müasirlik” anlayışı bu vəziyyəti izah etmək üçün əhəmiyyətlidir. Bauman qeyd edirdi ki, müasir dövrdə münasibətlər, kimliklər və məsuliyyətlər davamlı deyil, keçicidir. Yucin Vitr bu axıcılığın erkən modelidir. O, bağlanmaq istəmir, çünki bağlanmaq onun azadlıq illüziyasını pozur. Bu gün isə bu illüziya daha geniş yayılıb və normaya çevrilib. Yəni Yucin Vitr XXI əsrdə təkcə mümkün deyil, hətta adi hal alıb. O, bu gün sənətçi, intellektual, kontent istehsalçısı və ya “fərqli düşünən” etiketi ilə qarşımıza çıxır. Bu isə göstərir ki, Drayzerin yüz il əvvəl qoyduğu suallar bu gün də həqiqətlidir: biz hələ də istedadı bəhanə edərək məsuliyyətsizliyi normallaşdırırıqmı?

    Nəticədə, Drayzer oxucuya hökm çıxarmır, amma sual qoyur: Dahilik həqiqətən yaradıcılığın zirvəsidirmi, yoxsa bu, yalnız sosial güzəştlərlə qorunan bir mifdir? Yucin Vitrin həyatı göstərir ki, dahilik adı altında bəraət qazanan hər davranış, əslində, başqalarının çəkdiyi zərərin ölçüsünü artırır. Romandan çıxan mesaj aydındır: dahilik yalnız istedad deyil, məsuliyyət və etik balansla tamamlandıqda gerçək olur.

    “Sonra o arxaya söykəndi və adətən etdiyi kimi düşünməməyə çalışdı. O, uğur qazanmalıdır. Dünya elə buna görə yaradılıb. O da elə buna görə yaradılıb.”

    -Teodor Drayzer, Dahi 1915

    Mənbə: https://edebiyyat.az/

  • Xəzinə dolu dünya – FOTOREPORTAJ

    Milli mətbuatımızın banisi, görkəmli maarifçi Həsən bəy Zərdabi deyirdi: “Yaxşı kitab çox qiymətli xəzinədir”. Məşhur rus yazıçısı və filosofu Aleksandr Gertsen isə kitaba belə dəyər verirdi: “Kitab bir nəslin digər nəslə vəsiyyətidir”. Bu fikirlər isə fransız filosofu və riyaziyyatçısı Rene Dekarta məxsusdur: “Yaxşı kitablar oxumaq keçmiş əsrlərin ağıllı adamları ilə söhbət etmək deməkdir”.

    Hər bir xalqın mədəni inkişaf səviyyəsi onun kitaba, biliyə və mənəvi irsə verdiyi dəyər ilə ölçülür. Xalqımızın bu sahədə ən mötəbər ocaqlarından biri olan Azərbaycan Milli Kitabxanası təkcə kitabların saxlanıldığı məkan deyil, eyni zamanda, xalqın tarixi yaddaşını, elmi və mədəni irsini yaşadan müqəddəs mərkəzdir.

    Azərbaycan Milli Kitabxanası 1922-ci ildə yaradılsa da, onun rəsmi açılışı 1923-cü ilin mayında olub. Yaşı 100-ü keçən Milli Kitabxana fəaliyyətə cəmi 5 min 212 nüsxə kitab və 13 işçi ilə başlayıb. Azərbaycanın baş kitabxanası nəinki Qafqazda, yaşadığımız Avropa qitəsində, eləcə də bütün dünyada şöhrət tapan ən böyük milli kitabxanalardan və ən iri kitabsaxlayıcılardan biridir. Hazırda Milli Kitabxananın fondunda 5 milyona yaxın kitab var.

    Kitabxananı milli yaddaşın məbədi hesab edənlər doğrudan da haqlıdırlar. Bu müqəddəs məkan keçmişlə gələcək arasında möhkəm körpü rolunu oynayaraq milli-mənəvi dəyərləri qoruyur və inkişaf etdirir. Burada milyonlarla kitab, qəzet, jurnal, nadir əlyazmalar və elektron resurslar qorunur. Azərbaycan dilində olan nəşrlərlə yanaşı, müxtəlif xarici dillərdə olan əsərlər də oxucuların ixtiyarına verilməsi kitabxananı təkcə milli deyil, beynəlxalq əhəmiyyətli elm və informasiya mərkəzinə çevirir. Dünyanın istənilən nöqtəsindən internet vasitəsilə kitabxananın kataloqu vasitəsilə lazım olan məlumatı əldə etmək olar. Müasir dövrdə Milli Kitabxana texnoloji yeniliklərə də açıqdır. Elektron kataloqlar, rəqəmsal kitabxana xidmətləri və onlayn resurslar oxucuların məlumatlara daha sürətli və rahat şəkildə çıxışını təmin edir.

    Böyük Nizami Gəncəvi “Oxudum, oxudum, sonra da vardım, hər gizli xəzinədən bir dürr çıxardım”,- deyirdi. Milli Kitabxanada elmin bütün sahələrinə aid çoxlu kitablar var. Dürr dolu xəzinəyə üz tutan hər kəs burada istədiyi kitabı tapa bilir. Ona görə də hər gün kitabxanaya üz tutan çoxsaylı oxucular istədikləri mənbə və məxəzləri burada tapa bilir, onun sakit divarları arasında əyləşərək nəhəng bir xəzinədən bilik payı götürürlər. Mövcudluğunun ikinci yüzilliyini xırdalayan xəzinə ona üz tutan oxuculara çox belə pay verəcək…

    Mənbə: https://azertag.az/

  • Beynəlxalq Muğam Mərkəzi beynəlxalq əməkdaşlıq əlaqələrini də uğurla genişləndirməkdədir

    Beynəlxalq Muğam Mərkəzinin nəzdində 2 kollektiv və Mərkəzin solistlərindən ibarət heyət fəaliyyət göstərir. Bunlar Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri, Cahangir Cahangirov adına Xor Kollektivi, eləcə də tanınmış xanəndə və instrumental ifaçılardan ibarət solistlər heyətidir. Hər üç kollektiv dövlət əhəmiyyətli tədbirlərdə fəal iştirak edir, həm respublikamız daxilində, həm də ölkəmizdən kənarda muğam sənətimizi və milli musiqimizi layiqincə təmsil edir.

    Bunu AZƏRTAC-a açıqlamasında Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, tarzən, Özbəkistanın mədəniyyət elçisi Sahib Paşazadə deyib.

    “Genişmiqyaslı və ardıcıl şəkildə keçirilən tədbirlər mərkəzin fəaliyyətinin dinamik inkişaf etdiyini sübut edir. Həmçinin Beynəlxalq Muğam Mərkəzi beynəlxalq əməkdaşlıq əlaqələrini də uğurla genişləndirməkdədir. Son illərdə Özbəkistan ilə bir sıra əməkdaşlıq memorandumları imzalanıb və bu layihələrdən bir neçəsi artıq uğurla reallaşıb”, – deyə direktor diqqətə çatdırıb.

    Mənbə: https://azertag.az/

  • Bu gün Xalq şairi Zəlimxan Yaqubun anım günüdür

    Bu gün Xalq şairi Zəlimxan Yaqubun vəfatından 10 il ötür.

    AZƏRTAC xəbər verir ki, müasir Azərbaycan ədəbiyyatının yeni mərhələsində Zəlimxan Yaqubun çoxcəhətli yaradıcılığı ədəbi hadisədir.

    Zəlimxan Yaqub son əsrdə xalq şeiri, klassik düşüncə tərzi, təsəvvüf fəlsəfəsi ilə müasirliyi birləşdirən poetik yolun yolçusu kimi ədəbiyyat tariximizdə mühüm yer tutur. Onun poetik ruhu təsəvvüf işığında durulaşaraq tamamilə orijinal forma və məzmunda çağdaşlığa yeni rəng qatıb. Yaradıcılığında həm də türkçülük, islami dəyərlər və irfan işığı dərin kök salıb. Şairin lirik qəhrəmanlarının düşüncəsində vətəndaşlıq, xalqçılıq motivləri başlıca yer tutub. Bu cəhətdən onun yaradıcılığı Azərbaycan romantiklərinin yaradıcılığı ilə yaxından səsləşir.

    Zəlimxan Yaqub ilk şeirlərindən başlayaraq ədəbi ənənəyə sadiq qaldığını göstərdi; ancaq bununla yanaşı, öz taleyini yazmağa başladı. Onun yazdıqları xalqın içindən gəlirdi, xalqın ruhu və taleyini əks etdirirdi. Obrazları qeyri-adiliyi ilə fərqlənirdi. Bu obrazlar içərisində “bir qurtum su”, “bir ovuc torpaq”, “bir əlçim bulud”, “bir əsim meh”, “bir çaxım şimşək”, “al-əlvan çöllər”, “bərəkətli tarlalar” və s. təkcə orijinallığı ilə deyil, məzmunu ilə də yeni idi.

    Çağdaş Azərbaycan poeziyasında özünəməxsus yeri, poetik nəfəsi olan Zəlimxan Yaqubun əsərləri xalqımıza məxsus mütləq dəyərlərin, folklor yaradıcılığı qaynaqlarından süzülüb gələn ənənələrin diriliyi ilə səciyyələnir, ədəbiyyatımızda irsilik ideyasını tərənnüm edir.

    Sağlığında heykəlləşən, bənzərsiz şeirləri ilə Azərbaycan ədəbiyyatına adını əbədi həkk edən, əbədiyaşarlıq qazanan Zəlimxan Yaqub hər zaman böyük sevgi və ehtiramla anılacaq.

    Mənbə: https://azertag.az/

  • AYB-dən üzvlərinə sonuncu xəbərdarlıq edilib

    • Azərbaycan Yazıçılar Birliyinə (AYB) bir neçə il üzvlük haqqını ödəməyənlər təşkilatdan xaric ediləcək. Bu barədə məsələ AYB Katibliyinin iclasında müzakirə edilib.
    • AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza AZƏRTAC-a açıqlamasında bildirib ki, gündəlikdəki bir neçə məsələ ilə yanaşı, Birliyin üzvləri arasında illik üzvlük haqqını ödəməyənlərin siyahısı müzakirə olunub: “Qaydalara əsasən, bir neçə il üzvlük haqqını ödəməyən şəxslər xəbərdarlıq edilmədən AYB-dən xaric edilməlidirlər. Lakin buna baxmayaraq, onlara dəfələrlə xəbərdarlıq edilib”.
    • Xəyal Rzanın sözlərinə görə, iclasda qərara alınıb ki, bununla bağlı “Ədəbiyyat qəzeti”ndə sonuncu dəfə xəbərdarlıq dərc edilsin: “Fevralın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyinin sıralarından xaric ediləcəklər”.

    Mənbə: https://azertag.az/

  • Ankara YÜCE məktəblərində yanvar tematik ayı Azərbaycana həsr olunub

    • Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi Ankara özəl YÜCE məktəbləri ilə Azərbaycan mədəniyyəti, tarixi və dilinin təbliği məqsədilə ortaq layihə həyata keçirir.
    • AZƏRTAC xəbər verir ki, bu məqsədlə Ankara özel YÜCE məktəblərində yanvar tematik ayı qardaş Azərbaycana həsr edilib və “Qafqazların incisi – qardaş ölkə Azərbaycan” adlandırılıb.
    • Bununla bağlı Ankara özəl YÜCE məktəblərinin rəsmi səhifəsində paylaşım edilib. Paylaşımda bu ayın qəlblərimizi və qapılarımızı qardaş xalqımız olan Azərbaycana açırıq deyə qeyd edilib, birlikdə bu qədim torpaqların sirri, yerin altından yüksələn əbədi odların hekayəsi, Xəzər dənizinin sahilində inci kimi parlayan paytaxt Bakının əsrarəngiz gözəllikləri, Qafqazların incisi gözəl Azərbaycana həsr ediləcəyi bildirilir.
    • Qeyd edək ki, tematik ay zamanı Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən məktəblərdə bir aylıq milli mədəniyyətimiz və incəsənətimizi özündə əks etdirən “Azərbaycan stendi” təşkil olunacaq. Həmçinin Azərbaycan haqqında dərslər, müsabiqələr, viktorinalar, videotəqdimatlar, sənədli film və bədii film nümayişləri, rəsm və fotosərginin təşkili, məktəbin kitabxanası üçün Azərbaycana dair zəngin kitab kolleksiyasının hədiyyə olunması nəzərdə tutulur. Eyni zamanda, Azərbaycan nağıllarını təbliğ etmək üçün “Masal-Masal Türkiyə: Türk dünyası, Azərbaycan” mobil telefonlar üçün onlayn tətbiq proqramının təqdimatı, Azərbaycan milli rəqslərindən ibarət konsert proqramının təşkili planlaşdırılır.
    • Məktəblilər bu ayda Qafqazın incisi Azərbaycanın zəngin mədəniyyəti, ədəbiyyatı, möhtəşəm abidələri, memarlığı, əsrarəngiz turizm imkanları, habelə müstəqil Azərbaycanın qazandığı böyük nailiyyətlərlə tanış olmaq imkanı əldə edəcəklər.
    • Ramin Abdullayev
    • AZƏRTAC-ın xüsusi müxbiri
    • Ankara

    Mənbə: https://azertag.az/

    Mənbə: https://azertag.az/

  • Bu gün Əməkdar artist Nəcibə Behbudovanın anadan olmasından 112 il ötür

    • Milli kinomuzun və teatr sənətimizin inkişafında bir çox sənətkarların müstəsna xidmətləri olub. Onlar ən ağır zamanlarda və ən ağır şərtlərdə belə bu sənətin inkişafı üçün əllərindən gələn bütün səy və imkanları əsirgəməyiblər. Belə sənət adamlarından biri də tanınmış teatr və kino aktyoru, Əməkdar artist Nəcibə Behbudovadır.
    • AZƏRTAC xəbər verir ki, bu gün Nəcibə Behbudovanın anadan olmasından 112 il ötür.
    • O, tanınmış müğənni Rəşid Behbudovun böyük bacısıdır. Atası Məcid Behbudov el xanəndəsi kimi tanınıb. Anası Firuzə Vəkilova isə müəllimə işləyib. Altı yaşında olanda Tiflisdəki əmək məktəbinə gedib. Nəcibə xanım doqquz yaşında olanda məktəbdə oxumaqla yanaşı, Nəriman Nərimanov adına klubun dram və rəqs dərnəklərinə üzv olub. Dinləyici kimi Bülbülün Konservatoriyadakı sinfinə gedib və vokal ifaçılığının müəyyən peşəkarlıq xüsusiyyətlərinə yiyələnib. Hətta konsertlərdə müğənni kimi çıxış edib.
    • Nəcibə Behbudova “Ulduz” (Tamam), “Araqarışdıranlar” (Sona xala), “Bəyin oğurlanması” (Bibixanım), “Fəryad” filmlərində çəkilib.
    • “Fəryad” filmi aktrisanın iştirak etdiyi sonuncu film olub. Nəcibə xanım Ceyhun Mirzəyevlə yaxın dost olub. Ceyhun Mirzəyev hər zaman yeni kinoya başlayanda aktrisanı mütləq dəvət edirmiş.
    • Aktrisanın qız nəvəsi Ülviyyə Ələkbərova Nəcibə Behbudova haqqında xatirələrində belə yazıb: “Mən Nəcibə Behbudovanın yanında qalan yeganə nəvəsi idim. Təəssüf ki, bacı-qardaşım nənəmi görməyiblər. Əvvəlcə anam, mən və nənəm birlikdə eyni evdə qalırdıq. Anam ikinci dəfə ailə həyatı qurandan sonra evdə yalnız ikimiz yaşamağa başladıq – nənəm və mən. O, mənim anam, atam, hər şeyim idi…”
    • Nəcibə Behbudova teatr sənətindəki xidmətlərinə görə 1974-cü ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.
    • Aktrisa 1999-cu il dekabrın 7-də Bakıda vəfat edib.

    Mənbə: https://azertag.az/

  • Bu gün görkəmli şair Mikayıl Müşfiqin anım günüdür

    • O, doğma Bakını, onun sinəsinə baş qoyub uyuyan mavi Xəzəri, dənizin qayalıqlara, qumlu sahillərə çırpılan dalğalarını çox sevirdi. Bəzən saatlarla onları seyr etməkdən yorulmazdı. Tanrı bəxtini kəm etsə də, ondan çox güclü ilham və istedadı əsirgəməmişdi. Erkən yaşda anası Züleyxanı, 6 yaşında atası Əbdülqadiri itirsə də, heç vaxt özünü itirmədi…
    • Yanvarın 6-sı XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı, nakam şair Mikayıl Müşfiqin xatirəsini anma günüdür. O, həyatdan erkən getsə də, özündən sonra yaradıcılıq eşqi ilə dolu lirik nümunələr qoyub.
    • AZƏRTAC xəbər verir ki, bu gün görkəmli şair Mikayıl Müşfiqin vəfatından 88 il ötür.
    • Mikayıl Müşfiqin ilk mətbu əsəri olan “Bu gün” şeiri 1926-cı ildə “Gənc işçi” qəzetində, “Duyğu yarpaqları” adlı son şeiri isə 1937-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilib. Məhsuldar yaradıcılığı sayəsində 1930-cu ildən başlayaraq onun “Küləklər”, “Günün səsləri”, “Buruqlar arasında”, “Bir may”, “Pambıq”, “Vuruşmalar”, “Şeirlər”, “Şəngül, Şüngül, Məngül”, “Qaya”, “Kəndli və ilan” kitabları nəşr olunub. 1957-ci ildən başlayaraq “Seçilmiş əsərləri”, “Əsərləri”, “Duyğu yarpaqları”, “Əbədiyyət nəğməsi”, “Könlümün dedikləri”, “Həyat sevgisi” və digər adlar altında kitabları çap edilib. Şairin ömür-gün yoldaşı Dilbər Axundzadənin 1968-ci ildə “Müşfiqli günlərim” adlı xatirələr kitabı nəşr olunub, kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə işıq üzü görüb.
    • Mikayıl Müşfiq tərcümə ilə də məşğul olub. A.Puşkinin “Qaraçılar” (Ş.Abbasov ilə birlikdə), M.Lermontovun “Demon” poemalarını (R.Rza ilə birlikdə), S.Marşakın “Huşsuza bax, huşsuza” şeirini, T.Şevçenkonun, Ö.Xəyyamın və başqa şairlərin irsindən nümunələri, eləcə də M.F.Axundzadənin “Şərq poeması”nı Azərbaycan dilinə çevirib.
    • Sovet imperiyasının repressiya dalğasına tuş gələn Mikayıl Müşfiq 1938-ci il yanvarın 6-da amansızlıqla güllələnib. Nakam şair Azərbaycan xalqı üçün əsl sənət xəzinəsini yadigar qoyub, eyni zamanda, böyük bir xəzinənin açarını da özü ilə əbədiyyətə aparıb.
    • Şairin zəngin ədəbi irsinə şeirdən tutmuş poemayadək (“Çoban”, “Mənim dostum”, “Qaya”, “Sındırılan saz”, “Səhər”, “Azadlıq dastanı”) lirik növün əksər janrları daxildir. Dərin emosionallıq, ahəngdarlıq, yığcamlıq Mikayıl Müşfiq poeziyasının əsas bədii keyfiyyətləridir. O, lirik-epik lövhələrin, peyzajların ən mükəmməl nümunələrini yaradıb.
    • Mikayıl Müşfiqin poeziyasında oxucunun ürəyindən xəbər verən yığcam, lakin dərin məzmunlu ifadələr çoxdur: “Həyat həm gülməkdir, həm ağlamaqdır”, “Bədbəxt bu dünyada tək yaşayandır”, “Həyat ondan küsənləri incidər”, “Nə qədər yaraşır insana gülmək!”
    • Rəngarəng mövzuları əhatə edən Mikayıl Müşfiq poeziyası milli və bəşəri keyfiyyətlərə malikdir. Milli musiqi alətlərimizdən olan tarın konservatoriyada tədrisi qadağan ediləndə, şair cəsarətlə məşhur “Oxu, tar!” şeirini yazıb. Bu şeir hər bir azərbaycanlının qəlbini riqqətə gətirməyə, onu mübarizəyə ruhlandırmağa qadirdir. “Bayram axşamı” şeirində Novruz bayramına dair uşaqlıq xatirələrini danışmaqla müəllif sovet rejiminin milli adət-ənənənin yaddaşlardan silinməsinə yönəlmiş siyasətinə qarşı çıxıb.
    • Ədibin poeziyasında Azərbaycanın tərənnümü xüsusi yer tutur. Onun Vətənə sonsuz məhəbbətinin və poetik istedadının qovuşduğu belə əsərlər (“Ölkəm”, “Ey Dan ulduzu!” və s.) poeziyamızda Vətən mövzusunun ən yaxşı bədii ifadələrindəndir.
    • Mikayıl Müşfiqin “Sevgilər”, “Maralım”, “Yenə o bağ olaydı!” şeirləri bəşəri mövzu olan sevginin Azərbaycan poeziyasında yaddaqalan nümunələrindəndir. İnsanın ən ülvi hisslərinin səmimi dillə tərənnüm edildiyi bu əsərlər oxucuya romantik, müqəddəs hissləri duymağı, qorumağı aşılayır və bu gün də tərbiyəvi əhəmiyyətə malikdir.
    • Müşfiq poeziyasının qüdrəti onun milli mövzudan qaynaqlanan şeirlərinə bəşəri məzmun verməsindədir. Sovet rejimində “Azadlıq dünyanın dərin ruhudur, Azadlıq sənətin, şeirin ruhudur!”, – deyən şairin əsərləri millət, Vətən mənafeyini əsas tutanlar üçün əsl həyat məktəbidir.
    • Mikayıl Müşfiq şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir. Onun şeirlərinə mahnılar bəstələnib, ədəbi irsi çoxsaylı elmi-tədqiqat əsərlərinin predmetinə çevrilib. Şairin əbədiyaşar sənət naminə çəkdiyi zəhmət layiqincə qiymətləndirilib. Onun xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulub, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilib, Xızıda xatirə muzeyi yaradılıb.
    • Qeyd edək ki, Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin anadan olmasın 100 və 110 illik yubileyləri Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd olunub. Eyni zamanda, Mikayıl Müşfiqin latın qrafikası ilə üçcildliyi nəşr edilərək oxuculara çatdırılıb.

    Mənbə: https://azertag.az/

  • İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti

    Əziz həmvətənlər.

    2025-ci il arxada qaldı. Bu il də ölkəmiz üçün, xalqımız üçün uğurlu il olmuşdur. Azərbaycan xalqı sülh, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşamışdır. Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas amilidir. Əminəm ki, qarşıdan gələn 2026-cı il də ölkəmiz üçün uğurlu olacaq, ölkə qarşısında duran bütün vəzifələr həmişəki kimi uğurla icra ediləcəkdir.

    Bu il biz şanlı Zəfərimizinbeşinci ildönümünü böyük fəxarət hissi ilə qeyd etmişik. Beş il bundan əvvəl Vətən müharibəsi zamanı əldə etdiyimiz tarixi Zəfərimiz bizimlə əbədi olacaq. Azərbaycan xalqı bu Qələbə ilə əbədi olaraq fəxr edəcəkdir. Biz otuzillik erməni işğalına son qoyduq, ərazi bütövlüyümüzü, suverenliyimizi, milli ləyaqətimizi bərpa etdik. Bu il Zəfərimizin beşinci ildönümünə həsr olunmuş hərbi paradda son illər ərzində ordu quruculuğundagörülmüş işlərin bir hissəsi xalqımıza və bütün dünyaya nümayiş etdirildi. Son 5 il ərzində Azərbaycan Silahlı Qüvvələri öz gücünü böyük dərəcədə artırmışdır. Yeni silahlar və texnika ilə təchiz edilmiş Ordumuz bu gün istənilən vəzifəni icra etməyə qadirdir. Biz son 5 il ərzində həm yerli istehsal olan silah və texnikadan istifadə edərək, eyni zamanda, xaricdən aldığımız silah və texnikanı Ordumuzun potensialına əlavə edərək hərbi gücümüzü böyük dərəcədə gücləndirə bildik. Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti böyük dərəcədə artdı, Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırıldı, yeni yaradılmış Komando Qüvvələrinin say tərkibi minlərlə əsgər və zabitdən ibarətdir. Biz yeni müharibəyə hazırlaşmırıq. Bizim üçün müharibələr arxada qaldı. Ancaq bugünkü dünyada hər bir ölkə ilk növbədə öz təhlükəsizliyi haqqında ciddi düşünməlidir. Bugünkü dünyada beynəlxalq hüquq normaları işləmir, “Kim güclüdür, o da haqlıdır” prinsipi əsas prinsip kimi bir çox ölkələr tərəfindən qəbul edilib. Bütün dünyada genişmiqyaslı silahlanma prosesi gedir. Belə olan halda, biz hər an öz ərazi bütövlüyümüzü, suverenliyimizi, öz seçimimizi layiqincə müdafiə etmək üçün hazır olmalıyıq. Vətən müharibəsi dövründə hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı, fədakarlığı, xalqımızın yumruq kimi birləşməsi bizim Qələbəmizi şərtləndirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır.

    Biz Vətən müharibəsindəki Zəfərimizdən sonra yorulmadan bu Zəfəri beynəlxalq və siyasi müstəvidə möhkəmləndirmək və təsdiqləmək üçün çalışmışıq və buna nail olmuşuq. Bütün dünya bizim Zəfərimizi qəbul edir və bizim haqlı olduğumuzu əyani şəkildə görür. Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün mandat almış Minsk qrupu isə tarixin arxivinə göndərildi. Beləliklə, Qarabağ münaqişəsi artıq beynəlxalq gündəlikdən tamamilə silinmişdir. Zəfər çalmış ölkə kimi biz məğlub edilmiş Ermənistana sülh əlimizi uzatdıq. Bu da bizim uzaqgörən siyasətimizin təzahürüdür. Biz əbədi müharibə aparmaq fikrində deyilik. Bizim başqa ölkələrin torpaqlarında gözümüz yoxdur. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək üçün silahdan istifadə edərək, BMT Nizamnaməsi çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz suveren hüquqlarımızı təmin etmişik. Vətən müharibəsindən cəmi beş il keçəndən sonra Ermənistanla paraflanmış sülh müqaviləsi bir daha xalqımızın böyüklüyünü və bizim siyasətimizin müdrikliyini göstərir. Biz cəmi beş ilə yaxındır ki, de-fakto sülh şəraitində yaşayırıq. Biz döyüş meydanında qan tökərək, şəhidlər verərək şanlı Qələbə qazanmışıq və bu Qələbəni dünyanın ən mötəbər yeri olan Amerikanın Ağ Evində, Amerika Prezidentinin iştirakı ilə möhürlədik. Beləliklə, 30 il ərzində əsas vəzifəmiz olan ərazi bütövlüyümüzün bərpası və bütün dünya tərəfindən bunun qəbul edilməsi məsələsi öz həllini tapmışdır.

    Bu gün isə bütün ölkə üzrə geniş quruculuq işləri aparılır, hər bir bölgədə inkişaf müşahidə olunur. Biz beynəlxalq mövqelərimizi böyük dərəcədə möhkəmləndirə bildik. Bu gün Azərbaycana dünyada böyük hörmətlə yanaşırlar. Təsadüfi deyil ki, dünyanın aparıcı beynəlxalq aktorları Azərbaycanla əməkdaşlıq etmək üçün müxtəlif təkliflər irəli sürürlər. Bizim xarici siyasətimiz çoxşaxəlidir, bu siyasət bir çox istiqamətlər üzrə uğurla aparılır. Biz bu il D-8 beynəlxalq təşkilatına üzv olduq. Onu da bildirməliyəm ki, 8 böyük müsəlman ölkəsini birləşdirən və 30 ilə yaxın fəaliyyət göstərən bu təşkilatın ilk yeni üzvü məhz Azərbaycan olmuşdur. Yəni bu ölkələr tərəfindən bizə göstərilən hörmət və etimad göz qabağındadır. Biz bu il Orta Asiya ölkələrinin Məşvərət Şurasının tamhüquqlu üzvü seçildik. Hesab edirəm ki, bu da tarixi nailiyyətdir. Çünki coğrafi nöqteyi-nəzərdən biz Cənubi Qafqazda yerləşirik. Ancaq Orta Asiya ölkələrinin Məşvərət Şurasına yekdilliklə tamhüquqlu üzv seçilməyimiz bizim həm bu ölkələrlə səmimi münasibətlərimizdən xəbər verir, həm də ki, Azərbaycanın bu gün nə qədər önəmli ölkə olduğunu əyani şəkildə göstərir.

    Bu il ölkəmizdə bir çox mötəbər beynəlxalq tədbir keçirilmişdir. Bunların arasında işğaldan azad edilmiş Xankəndidə ECO-nun Zirvə Görüşünü xüsusilə qeyd etməliyəm. Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü də bizim ailəmiz olan Türk dünyasının birləşməsi istiqamətində bir daha önəmli addım olmuşdur. Bir çox beynəlxalq təşkilatlarla sıx əlaqələrimiz bizim maraqlarımıza uyğundur. Biz hər zaman bərabərhüquqlu tərəfdaşlığın tərəfdarı olmuşuq. Biz heç vaxt imkan verməmişik ki, kimsə bizim işimizə qarışsın, kimsə bizə nəyisə diktə etsin, kimsə bizə yuxarıdan aşağı baxsın. Biz müqavimət göstərmişik, biz ciddi iradəmizi ortaya qoymuşuq, heç kimin qarşısında baş əyməmişik, heç kimə imkan verməmişik və verməyəcəyik ki, bizim işimizə qarışsın. Tədricən hər kəs görür ki, belə cəhdlərin sayı da kəskin azaldı. Çünki bunun heç bir mənası yoxdur. Bizə təzyiq etmək üçün heç kimin əlində heç bir vasitə yoxdur. Bizim güclü siyasi iradəmiz, xalq-iqtidar birliyi, hərbi gücümüz, iqtisadi potensialımız, enerji siyasətimiz, nəqliyyat imkanlarımız və digər amillər bizi o qədər gücləndirib ki, heç kim bizə öz iradəsini diktə edə bilməz.

    İqtisadi inkişafa gəldikdə, biz bu il əldə olunmuş uğurlarla fəxr edə bilərik. Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb – 80 milyard dollardan artıqdır. Bizim xarici borcumuz daha da aşağı düşüb, bu gün ümumdaxili məhsulumuzun cəmi 6,3 faizini təşkil edir. Bir halda ki, bəzi inkişaf etmiş ölkələrdə bu rəqəm 100 faizdir, ondan da çoxdur. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 16 dəfə üstələyir və təsadüfi deyil ki, dünyanın aparıcı reytinq agentlikləri Azərbaycanın kredit reytinqini qaldırıblar – investisiya reytinqini müsbət reytinq səviyyəsinə qaldırıblar.

    Biz “Böyük Qayıdış” Proqramını uğurla icra edirik və işğaldan azad edilmiş ərazilərdə bu gün böyük quruculuq işləri aparılır və artıq 70 minə yaxın insan orada yaşayır, çalışır, təhsil alır. Keçmiş köçkünlər 32 kənd, qəsəbə və şəhərdə yerləşiblər və onlar üçün ən gözəl şərait yaradılmışdır.

    Bu gün, eyni zamanda, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bu münasibətlə dünyada yaşayan bütün azərbaycanlıları ürəkdən təbrik etmək istəyirəm. Onlar bilməlidirlər və bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanıb. 2025-ci ildə olan bəzi hadisələr bir daha göstərdi ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının taleyi bizim üçün qiymətlidir, önəmlidir və bizi – azərbaycanlıları ortaq tarix, dilimiz, köklərimiz, mədəniyyətimiz birləşdirir. Azərbaycanlılar hansı ölkədə yaşamalarından asılı olmayaraq, bilirlər və bilməlidirlər ki, onların Ana Vətəni müstəqil Azərbaycan dövlətidir.

    Əziz həmvətənlər, mən sizi bir daha Dünya Azərbaycanlılarının Həmrəyliyi Günümünasibətiləürəkdən təbrik etmək istəyirəm, Yeni il bayramı münasibətilə təbrik etmək istəyirəm. Dünyada yaşayan bütün azərbaycanlılara, Azərbaycan vətəndaşlarına sülh, əmin-amanlıq, xoşbəxtlik arzulayıram. Bayramınız mübarək olsun!

    Mənbə: https://president.az/

  • Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2026-cı ildə Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin 900 illiyi tamam olur.

    Əcəmi Naxçıvani orta əsrlər Azərbaycan memarlığına yeni istiqamət vermiş və dövrün memarlıq üslubuna zəriflik, dinamiklik gətirmiş böyük sənətkardır. Onun fəaliyyəti Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutan qüdrətli Atabəylər dövlətinin paytaxtı, Yaxın Şərqin mədəniyyət, elm, ticarət və sənət mərkəzlərindən biri Naxçıvan şəhəri ilə bağlı olmuşdur. Əcəmi Naxçıvaninin yaradıcılığı XII əsr Azərbaycan mədəni-ictimai fikrinin yüksəlişinin aydın təzahürlərindəndir. Naxçıvan şəhərindəki ehtişamlı abidələrdən Əcəmi dühasının məhsulu olan Möminə xatun məqbərəsi və Yusif ibn Küseyir türbəsi İslam aləminin şah əsərləri sırasında layiqli yer tutur. Bu monumental tikililər öz incə kompozisiyası və estetik mükəmməlliyi ilə seçilən, misilsiz gözəlliyə malik ölməz sənət inciləridir. Əcəminin parlaq irsi məktəb rolunu oynamış, sonrakı əsrlərdə də Azərbaycan və Yaxın Şərq ölkələrinin memarlığına güclü təsir göstərmişdir.

    Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Əcəmi Naxçıvaninin 850 illik yubileyi 1976-cı ildə Azərbaycanda təntənəli şəkildə keçirilmişdir. Qüdrətli memarın 900 illiyinin UNESCO çərçivəsində qeyd olunan yubileylər siyahısına daxil edilməsi bütövlükdə Azərbaycan xalqının çoxəsrlik mədəniyyətinin zənginliklərinin beynəlxalq miqyasda daha geniş tanıdılmasında mühüm addımdır.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, orta əsrlər Azərbaycan memarlıq sənətinin inkişafında dərin və silinməz iz qoymuş böyük memar Əcəmi Naxçıvaninin 900 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Milli
    Elmlər Akademiyası ilə birlikdə Azərbaycan memarlığının görkəmli siması Əcəmi Naxçıvaninin 900 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 30 dekabr 2025-ci il

    Mənbə: https://president.az/

  • Rafiq ODAY.”Günü həmrək olmalı”.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru

    HƏMRƏYLİK OLMALI

    Bu başıbəlalı dünyamızın hər şeydən çox həmrəyliyə ehtiyacı var…

    Yüz milyonluq bir millətin,
    Günü həmrəylik olmalı.
    Göylərə bülənd harayı,
    Ünü həmrəylik olmalı.

    Dünyanı bürüsün səsin,
    Vur, zərbindən yer titrəsin.
    “Mən varam” deyən hər kəsin
    Yönü həmrəylik olmalı.

    Yox edək ahı, amanı,
    Qəlb olsun sevgi limanı.
    Haqq oğlu haqqın imanı,
    Dini həmrəylik olmalı.

    Qədd əyilməz – vüqar olsa,
    Qəlb üşüməz – bahar olsa.
    Dildə minbir şüar olsa, –
    Mini həmrəylik olmalı.

    Sözə baxmaz ürək hərdən,
    Eşqlə tutar ürəklər dən.
    Sökün, atın ürəklərdən
    kini, həmrəylik olmalı.

    Dünya tabe üçə yəni,
    Haqq əsirdi gücə yəni.
    Deyirsən ki, “Necə yəni?” –
    Yəni, həmrəylik olmalı!

    28.12.2025

  • Azərbaycanlı yazıçı Xanım ANELA

    Xanım Anela 1983-cü ildə anadan olub. 2000-ci ildə Rusiya Federasiyasının Kalininqrad şəhərində 4 saylı orta məktəbi, 2005-ci ildə isə Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (https://edebiyyat-az.com/) Baş redaktorudur.

    2013-cü ildən bədii yaradıcılıqla məşğul olur. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Hazırda “Mücrü” nəşriyyatında tərcüməçi-redaktor vəzifəsində çalışır.

    “Amarna günahkarları”, “Yuxuların oğrusu” və “Ürək notu: Vanil” romanlarının müəllifidir. Yazıçının bunlardan başqa “Anela” hekayələr toplusu, “Fürer”, “Mafiyalar”, “Tabe olmayanlar – həbsxanadan qaçışlar” və “Təyyarə qəzaları” adlı araşdırma kitabları işıq üzü görüb.

    Uşaqlar üçün Azərbaycan dilində “Şirin və Düşüncənin yeni il macəraları”, “Cırtdan geri qayıdır və ya Cırtdan və dostlarının Novruz macəraları”, “Pıçıltı” (“İlin uşaq kitabı – 2024 mükafatının qalibi), “Hərflərin oyunu”; həmçinin rusca “Фа, Фа и Гранатовое Королевство” və “Фа и Фа в поисках Деда мороза”, “Fərəh və əlfəcin Yumuş” nağıl kitabları çap edilib.

    Müəllifin “Kalp notası: Vanilya” romanı Türkiyədə nəşr edilib.

    Bədii yaradıcılıqla yanaşı Mehmet Niyazi “Mövcudluq mübarizəsi”, Qriqori Petrov “Bataqlıqlar ölkəsi”, “Bir Saatda Tarix” Maestro Niyazi, “Bir Saatda Tarix” Merilin Monro, “Bir Saatda Tarix” Abraam Linkoln, Tarık Buğra “Osmancıq”, Mariya Velho de Kosta “Mayra”, Maykl Hart “Yüz dahi şəxsiyyət” kitablarını, habelə dünya uşaq ədəbiyyatından seçilmiş nağılları tərcümə etmişdir.

    Mətbu nəşrlərdə “Ustad”, “Proza”, “Mücrü”, “Ulduz” və “Güfte Edebiyat” dərgilərində əsərləri yayımlanmışdır.

    Xanım Anela bədii yaradıcılıq və tərcümələrlə yanaşı qiraətlə də məşğul olur. Bir neçə audiokitab layihəsində iştirak edən yazıçı vaxtaşırı Azərbaycan və dünya ədəbiyyatından qiraətlər edir.

    Hobbiləri və həm də yaxşı bacardığı məşğuliyyətlər rəssamlıq, musiqi, fotoqrafiya, ssenari yazmaq və güllər yetişdirməkdir.

  • Xanım ANELA”NAĞIL DÜNYASI”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru

    Qırıq-kəsik parçalar, balaca, bəzəkli, heç kəsə lazım olmayan oyuncaqlar, sınıq şüşə qırıntıları, duz, konfet və buna bənzər xırda şeyləri yığıb Masallıdakı bağımızda ağacların altında dayanardım.

    “Buradayam… Məni eşitdiyinizi bilirəm. Sizə kömək eləməyə gəlmişəm,” – deyərdim.

    Onların mənim səsimi eşitdiyinə inanırdım.

    Onlar yerin altında idilər. Sehrli, zərli, işıqlı, çox balaca adamlar. Onların dünyasından tək mən xəbərdar idim. Onlar da məni sevirdilər. Dost idik. Və mən bilirdim ki, bir gün onların da mənə kömək edəcəyi vaxt gələcək. Onları gələcəkdə yazacağım nağıl qəhrəmanlarıma çevirəcəyimi isə bilmirdim.

    Bəs nağıllar?

    Hə, nağıl bilən hər kəsdən nağıl danışmasını xahiş edirdim. Kitablardakıları yox, yaşlı nənələrin bildiyi, hamının bilmədiyi, kitablarda olmayan nağılları. Ən çox da qonşumuz Bəsti nənənin nağıllarını…

    Bu nağılları kiminsə uydurduğu heç ağlıma gəlmirdi. Bütün hadisələrin keçmişdə həqiqətən baş verdiyinə inanmaq istəyirdim. Sonralar isə nağılların haradan gəldiyini düşünməyə başladım. Kimlərdən, hansı zamanlardan…

    Nağıllar haradan gəlmişdi?

    Baxaq… Durham Universiteti ilə Lissabonun Nova Universitetinin alimləri araşdırma aparıblar. Müxtəlif xalqlara məxsus ən çox rast gəlinən 275 süjet seçilib və təxminən iki minə yaxın fərqli nağıl tipi üzərində işlənib. Bu süjetlər bir növ xəritə, daha dəqiq desək, nağılların “şəcərə ağacı” kimi qurulub. Həmin ağacın köklərinə doğru getdikcə sehrli hekayələrin haradan gəldiyini görmək mümkün olub.

    Hər yeni budaqda nağılların sayı azalır. Yəni nə qədər dərinə getsən, hekayələr bir o qədər az, amma bir o qədər tanış olur. Məlum olub ki, bizə müasir görünən bir çox nağıllar əslində qədim yunan-roma və kelt mifologiyasına söykənir. Məsələn, “Cek və lobya ağacı” hekayəsinin izi bizi təxminən beş min il əvvələ aparır.

    Yer üzündə ən qədim nağıl kimi isə “Dəmirçi və şeytan” qəbul edilir. Təxminən altı min il əvvəl yaranmış bu hekayə müxtəlif cəmiyyətlərdə dolaşıb, dəyişib, amma öz mahiyyətini qoruyub saxlayıb. Süjeti sadədir: bir dəmirçi fövqəltəbii güc əldə etmək üçün şər bir varlıqla razılaşır və bunun əvəzində ruhunu verir. Görünür, insanın güc arzusu və bunun bədəli haqqında suallar minilliklər keçsə də, dəyişmir.

    Əvvəllər mənə elə gəlirdi ki, keçmiş nağıllar çox qəddar olub, ya da insanlar psixologiyaya indiki kimi önəm verməyiblər.

    Bu, həqiqətən də elə idimi?

    Xeyr. Tarixə baxanda anladım ki, bu qəddarlıq insanların uşaq psixologiyasından xəbərsiz olmasından irəli gəlmirdi. Sadəcə, o dövrdə uşaqlığa baxış başqa idi. Uşaq həyatın kənarında saxlanılan bir varlıq yox, onun bir hissəsi idi. Ölüm, aclıq, qorxu, itki gizlədilmirdi və nağıllar da bu reallıqdan qaçmırdı.

    Üstəlik, nağıllar uzun müddət yalnız uşaqlar üçün yazılmayıb. Onlar böyüklərlə uşaqların birlikdə dinlədiyi hekayələr idi. Qorxulu səhnələr uşağı sarsıtmaq üçün yox, təhlükəni tanıtmaq, sərhədi göstərmək üçün vardı.

    Bəs hər kəs nağıl yaza bilərmi?

    Nağıl yazmaq sadəcə bacarıq və ya istedad məsələsi deyil. Nağıl yazmaq – nağıla inanmaqdır. Oradakı qəhrəmanların varlığını qəbul etmək, onları görmək, bəzən onlarla yaşamaqdır. Hətta böyüyəndə belə.

    Nağıllar nəyimizə lazımdır və oradakı qəhrəmanlar kimlərdir?

    Nağıllar sadəcə uşaqları yatızdırmaq üçün danışılan hekayələr deyil. Onların sadə görünən süjetlərinin arxasında dərin bir müdriklik gizlənir. Uşaqlıqdan “yaxşı” və ya “pis” kimi qəbul etdiyimiz personajlar əslində düşündüyümüzdən qat-qat mürəkkəb və maraqlıdır.

    Bu obrazlar bizə hazır cavablar vermir. Onlar suallar yaradır, qorxularımızı, seçimlərimizi, zəif və güclü tərəflərimizi simvolik dildə danışır. Uşaq nağıl dinləyərkən bunu şüurlu şəkildə anlamır, amma hekayə onun daxilində işləyir, yerini tapır.

    Bəlkə də nağılların gücü elə bundadır ki, onlar həyatı sadələşdirmir, sadəcə onu başa düşülən edir. Yaxşı ilə pisi qara və ağ kimi göstərir, amma oxucu böyüdükcə həmin rənglərin arasında saysız çalarları özü kəşf edir. Nağıl dəyişmir, dəyişən bizik. İllər sonra eyni hekayəni oxuyanda artıq başqa bir mətn görürük – uşaq vaxtı keçib getdiyimiz, indi isə dayanıb düşündüyümüz bir mətn.

    Nağıl qəhrəmanlarına gəldikdə isə onlar hər zaman uydurduğumuz personajlar olmur. Bəzən real həyatdan götürülmüş insanlar da ola bilər, bəzən isə tamamilə xəyal məhsulu.

    Düşünürəm ki, nağıllar yazan müəllifin əsas qəhrəmanı olmalıdır. Coan Roulinqin Harri Potteri, Roald Dahlın Çarlisi, Frank Baumun Dorotisi, Astrid Lindqrenin Peppisi kimi. Bu təkcə bir obraz deyil – yaddaşda qalan bir sima, müəllifin imzasına çevrilən bir varlıqdır. Oxucu qəhrəmanı gördüyü anda hansı və necə bir dünyaya daxil olduğunu anlayır. Bu artıq təkcə ədəbiyyat deyil, mədəni yaddaşdır.

    Bir çox nağıllarda rast gəlinən canavar, qaranlıq meşə, itmək və ya tək qalmaq kimi elementlər uşağın sözlə ifadə edə bilmədiyi qorxuların simvoludur. Uşaq bu qorxuları nağılın içində görür və onlarla üzləşməyi öyrənir.

    Psixologiyada, məsələn, nağıllar simvolik düşüncə üzərindən izah olunur. Uşaq hisslərini hələ anlayışlarla yox, obrazlarla dərk edir. Qorxu onun üçün “qorxuram” demək deyil – canavardır, qaranlıqdır, tək qalmaqdır. Nağıl bu dili bilir və uşağın daxili aləmi ilə onun öz dilində danışır.

    Karl Yunqun arxetiplər nəzəriyyəsində nağıl qəhrəmanları insan psixikasının ümumi obrazları kimi qəbul olunur: qəhrəman, köməkçi, kölgə (pis obraz), müdrik fiqur. Uşaq bu obrazlarla qarşılaşaraq öz daxili konfliktlərini tanıyır. Məsələn, nağılda qalib gələn qəhrəman uşağa “mən də bacara bilərəm” hissini ötürür.

    Uşaq psixologiyasında nağıl təhlükəsiz sınaq sahəsidir. Uşaq real həyatda yaşamaqdan qorxduğu vəziyyətləri nağılın içində yaşayır, amma risk olmadan. Buna görə də nağıllar terapevtik məqsədlə də istifadə olunur – qorxu, itki, ayrılıq, dəyişiklik kimi mövzular məhz nağıl dili ilə daha asan qəbul edilir.

    Müəllif tərəfdən baxsaq, yazı prosesi də psixoloji bir mexanizmdir. Yazıçı yazarkən öz uşaqlığına, gizli qorxularına, tamamlanmamış hisslərinə toxunur. Nağıl bəzən uşağa yox, müəllifin özünə də şəfa verir. Eyni məndəki kimi…

    Mənim əsas nağıl qəhrəmanım: Fərəh

    Fərəh

    Niyə Fərəh? Bunu çox az adam bilir.

    BBelə deyim, bəzən küçədə, tanışın arasında, yaxud tamamilə yad bir mühitdə balaca bir uşaq görürsən və özünü görmüş kimi olursan. Bu zahiri oxşarlıq deyil, ruh məsələsidir. Onun baxışlarında öz uşaqlığını görürsən. Mən Fərəhi görəndə elə oldum. Onu hər görəndə sanki uşaqlığıma qayıdıram.

    Bəlkə də bu, bir az mistik yanaşmadır. Amma Fərəhin gözlərində balaca məni gördüm və onun həyatına kiçik, sehrli toxunuşlar etmək istədim. Digər real qəhrəmanlarıma qarşı da belə hisslərim var, amma Fərəh sanki mənəm. Onu sevindirəndə özümü sevindirirmiş kimi oluram. Çünki o yaşda mənim sehrə, möcüzəyə, hər şeyin gözəl ola biləcəyinə inandıran bir toxunuşa ehtiyacım vardı. Fərəhin də var… Bunlar sözlə ifadə olunan hisslər deyil…

    Fərəhin ruhundakı mərhəmət və işıq o qədər güclüdür ki, sanki dünyaya yetəcək qədər sevgini daşıyır. Ümid edirəm ki, bunu təkcə mən görmürəm. Harada oluramsa olum, nə qədər ki yazıram, Fərəhi sevindirməyə davam edəcəyəm.

    Fərəh və əlfəcin Yumuş

    Bəs mövzu haradan gəlir, necə yaranır?

    Bəzən bir uşağın sevincindən, bəzən bir problemdən, bəzən isə bir nağılın içində bir neçə mövzudan.

    Uşağın sözə baxmaması ilə başlayan hekayə birdən milli bir simvola bağlanır – meyvə, tərəvəz, adi bir əşya canlanır, danışır, yol göstərir. Uşaq özü-özünə nəticə çıxarır. Məncə, nağılın sehri də elə bundadır.

    Qəhrəmanı tam təsəvvür edib beynində canlandırdıqdan sonra onun gələcək hərəkətlərini qurmaq daha asan olur. Çünki o artıq sənin üçün realdır. Onun nədən qorxduğunu, nəyə sevindiyini, səhv edəcəyi nöqtələri bilirsən. Hekayə özü axmağa başlayır.

    Bəs nağıllar təkcə uşaqlar üçündürmü?

    Elə düşünmürəm. Hələ də nağıllar oxuyur, cizgi filmlərinə baxıram. Bu, reallığın gərginliyindən qaçmağa yox, bəzən onu daha sağlam şəkildə qəbul etməyə kömək edir. Məncə, nağıllar insana hər şeyin hələ bitmədiyini xatırladır.

    Nağıl yazmaq, nağıl sevmək, nağıl qurmaq – daxilindəki uşağı dinləməkdir. Çünki uşaqlıq yaddaşı insanın ən dürüst yaddaşıdır.

    Ola bilsin ki, böyüdükcə sehrə inanmağı dayandırırıq. Amma yaxşı yazılmış nağıl bizə sehrin yox olmadığını xatırladır. Onu görmək üçün bir az dayanmaq, bir az qulaq asmaq kifayətdir.

    Düşünürəm ki, 2026-cı ilə gəlib çatmışıqsa və içimizdəki mərhəmət, insanlığa sevgi hələ də qalıbsa, deməli, hər şeyin yaxşı olacağına ümidimiz var və nağıllardakı o sadə yaxşılığa hələ də inanırıq.

  • Şair-publisist Rafiq ODAY “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif olunub

    Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən,Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, şair-publisist Rafiq Oday “Azərbaycan milli mətbuatının 150 illiyi 91875-2025)Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif olunub.

    Qeyd edək ki, Azərbaycan milli mətbuatının 150 illiyi 91875-2025)Azərbaycan Respublikasının yubiley medalı” Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun 2025-ci il 30 oktyabr tarixli İ-020 nömrəli əmri ilə şair-publisist Rafiq Odaya təqdim olunub.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU“Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif olunub

    Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət içisi, “Göyərçin” jurnalının baş redaktoru, görkəmli şair, ədəbiyyatşünas, publisist, nasir, tərcüməçi, filoiogiya elmləri doktoru, professor Rafiq Yusifoğlu “Azərbaycan milli mətbuatının 150 illiyi 91875-2025)Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif olunub.

    Qeyd edək ki, Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)Azərbaycan Respublikasının yubiley medalı” Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun 2025-ci il 30 oktyabr tarixli İ-020 nömrəli əmri ilə şair-ədəbiyyatşünas Rafiq Yusifoğluna təqdim olunub.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Yazıçı-publisist Şəfəq Nasir “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif olunub

    Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu, filologiya üzrə fəlsəfə doktoru“,  “Həsən bəy Zərdabi” Rəsul Rza beynəlxalq mükafatları laureatı, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü Şəfəq Nasir Azərbaycan milli mətbuatının 150 illiyi 91875-2025)Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif olunub.

    Qeyd edək ki, Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)Azərbaycan Respublikasının yubiley medalı” Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun 2025-ci il 30 oktyabr tarixli İ-020 nömrəli əmri ilə yazıçı-publisist Şəfəq xanım Nasirə təqdim olunub.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Arzu HÜSYEN.Yeni şeirlər (2025) II hissə

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısıAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri

    Kökü məndə meyvə, barı özgədə,
    Yadındamı toxum halın hələ də?
    Axtarmıram günahları özgədə.
    Mənəm bunun günahkarı yenə də.

    Qaranlığın cazibədar, çəkici,
    İçimdəki işıqları keçirdim.
    Dur deyənlər mənim üçün nəçi ki?
    Sənə gələn yasaqları keçirdim.

    Körpülərin sütünü yox baxsana,
    Aldanışlar qılıqlayar yormadan.
    Sabahımda bilirəm ki, yoxsan ha,
    Yenə səni düşünürəm durmadan.

    Düşündükcə ram eləyir qəm məni,
    Yoxluğun da, özün kimi qüsursuz.
    Bilirəm ki ,unutmusan sən məni,
    Niyə belə qürursuzam, qürursuz.

    Kökü məndə budağının, qolunun,
    Dar günündə yaslandığın o dağam.
    Ölənədək gözləyəcəm yolunu,
    Dönəcəksən, dönəcəksən torpağa…


    * * *

    Bu şəhərdə payız tənbəl, sarışın,
    Bu şəhərin küçələri yuxulu.
    Səsin gəlmir, başın kimə qarışıb?
    Gülüşlərim sevinclərim yox olub.

    Qulağını şəkləyibdir qorxular,
    Yuxularım tədirgindi, qırıqdı.
    Otağımın hər küncündə qoxun var,
    Ciyərimə çəkə-çəkə darıxdım.

    Darıxdıqca dalğalandım, kükrədim,
    Darıxdıqca leysan oldum, yel oldum.
    Yenə səni ürəyimdən sökmədim,
    Yenə səni sevə-sevə duruldum.

    Bu şəhərdə payız tənbəl, sarışın,
    Bu şəhərin gözlərində qəhər var.
    Unutma ki, mən cəhənnəm bu qışı,
    Sənsiz ev ev üşüyəcək şəhər var.

    Pəncərədən boylanıram hər səsə,
    Addımınla qulağımda gülsənə.
    Eybi yoxdur bu bayram da gəlməsən,
    Bahar çağı durnalarla gəlsənə.

    Qulağını şəkləyibdir qorxular,
    Yuxularım tədirgindi, qırıqdı.
    Otağımın hər küncündə qoxun var,
    Ciyərimə çəkə-çəkə darıxdım.

    Sənsiz yaman darıxdım…

  • Arzu HÜSYEN.Yeni şeirlər (2025) I hissə

    Screenshot

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısıAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri


    Mənim ürəyimdən yağır bu yağış,
    Mənim ürəyimdə qara buludsan.
    Bəxtimə calanan ən ağır qarğış
    Sən idin — hayana yolunu tutsan.

    Bilməz içimdəki çiskinin, sisin,
    Üşüdən tərəfin tanımaz kədər.
    Daha bir araya gətirməz bizi,
    Bizi bir arada yaşadan illər.

    Bir an saçlarımda qərar tutmamış,
    Özgənin saçında sığal yeridi,
    Mənim ürəyimdən yağır bu yağış,
    Bəlkə də hiss edir əllərin indi…

    Dünənlə bu günün arasındayam,
    Ən şirin yuxuymuş acı aldanış.
    Harda ayrıldıqsa, elə ordayam —
    Mənim ürəyimdən yağır bu yağış…


    Dan üzünü söküb atdım dənizə,
    Səpələndi su üzünə Xəzərin.
    Öz içimdə mən də kiçik dənizəm,
    Sahilimsən, ümmanımsan sən, mənim.

    Dərdlərimi söküb atdım dənizə,
    Dəniz aldı, dəniz çəkdi, apardı.
    Bir də baxdım — kirimişəm, səssizəm,
    Ömür yenə çiçəklənən bahardı.

    Nələr atdım, nələr atdım dənizə,
    Çiyinlərim birdən-birə dikəldi.
    Bapbalaca sevinclərim bir anda
    Üz-gözümdə, gülüşümdə yekəldi.

    Zaman qaçar, hey tələsər, hey axar,
    Tuta bilməz kimsə onun ipindən.
    Biri gələr, əl uzadıb çıxarar
    Ümüdünü dənizlərin dibindən.

    Biri gələr, küləkləri susturar,
    Tufanları dayandırar, məst edər.
    Səni alıb fırtınadan, dalğadan,
    Səni bütün dənizlərə dost edər…

    Dan üzünü söküb atdım dənizə,
    Səpələndi su üzünə Xəzərin.
    Öz içimdə mən də kiçik dənizəm,
    Sahilimsən, ümmanımsan sən, mənim.

  • Türkan Nağıyeva – Şaxta babadan son hədiyyə

     Yeni ili çox sevirəm. Bu bayrama məxsus filmlər, bayram əhvalının şəhəri bürüməsi hər zaman məndə doğma, xoş ovqat oyadır. Hansı mağazaya, hansı restorana girsəm, Yeni ilə aid dekorasiyaları gördüyümdə sevinirəm və özümdən asılı olmadan beynimdə bayram mahnıları çalınır. Yeni il – ümidlər, gözləntilər, keçmiş ilin yorğunluğunu geridə qoymaq üçün fürsətdir; ailəmizlə, dostlarımızla bir araya gəlmək, xoş xatirələr yaratmaq üçün imkandır. Soyuq qış gününün bu istiliyini heç nəyə dəyişmərəm! 

     Yeni il xristian ölkələrində, eləcə də Rusiyada bir başqa ab-havada qeyd edilir, bilirsiniz. Bayram günü hər məhlədə Küknar ağacı bəzədilər, gecə isə onun ətrafında şənliklər təşkil olunar. Böyüklü-kiçikli hamı qar topu oynamağa, şənliyə baxmağa, bir-birilərini təbrik etməyə çıxar. 

     Bu bayram məndə daim nostalji hisslər oyadır – uşaqlıqda yaşadığım bayram sevincləri hər il təzələnir. Hər ailə fərqli adətlərlə, müxtəlif əyləncələrlə bu bayramı daha da gözəlləşdirir.

     Bir çox ailələrdə olduğu kimi, mənim ailəmdə də Yeni ilə məxsus bir ənənə var idi: Hər Yeni il gecəsi bizə Şaxta baba hədiyyə gətirərdi. Mən sizə danışıram 2008-сi ilə qədər olan çağdan. O Zamanlar Rusiyada yaşayırdıq. Hələ lap uşaqlığımızdan “Gözəgörünməz Şaxta baba” qardaşım və mənim üçün bayram günü hədiyyə gətirib, qapının ağzına qoyub qapını döyər və qaçardı. Biz də sevincək gedib hədiyyələrimizi götürərdik. Adəti üzrə, hər il bu sevinci yaşamışıq. 

     Məktəbə gedəndə də sinif yoldaşlarımıza, dostlarımıza Şaxta babanın sevimli nəvələri olmağımızdan danışardıq. Onlar isə bizə inanmırdılar, məsxərəyə qoyurdular. Elə hey deyirdilər ki, Şaxta baba yoxmuş, valideynlərimiz bizi aldadırmış, hədiyyə gətirən onlar imiş. Cəfəngiyyata bax! Necə yəni Şaxta baba yoxdur?! Bəs bayram axşamları qapını döyüb ora hədiyyə qoyan kimdir? Hər il kimə məktub yazırıq biz? Anam telefonda kiminlə danışıb demişdi ki, Nailə təzə maşın, Türkana danışan “kukla” gətirərsən?! Əlbəttə ki, mən uşaqların bu “cahil” düşüncələrinə inanmadım. Amma qardaşım deyəsən inanmışdı:

     —Şaxta baba var! Sizə hədiyyə gətirmirsə, deməli siz özünüzü yaxşı aparmırsınız. Var, amma özünü bizə göstərmir.

     —Kefsən e. Bu yaşda Şaxta babaya inanarlar heç?! Körpəsən elə bil. 10 yaşın var e sənin. Bəs, yaxşı, Şaxta baba varsa, sən onu niyə görmürsən? Səni aldadırlar da, ay körpə, ha ha ha.

     Artıq qardaşım da uşaqların sözünə uymuş, valideynlərimizin bizi bu illər boyunca aldatdığını düşünmüşdü. Məni də inandırmağa çalışırdı. Qardaşım hələ anama da çatdırmışdı uşaqaların ona dediklərini. Guya, Şaxta baba yoxmuş, sizmişsiniz hədiyyəni gətirən. Anam isə istrarla uşaqların dediyi fikirlərin uydurma olduğunu, sabah gecə Şaxta babadan yenə hədiyyə alacağımızı dedi. 

    — Türkan, gəl plan quraq. Sabah gecəyə qədər güdək. Görək, qapını döyən kimdir?  Şaxta baba gəlirsə, bizdən niyə qaçır. Əgər varsa, görəcəyik bu səfər. Yadındadı, keçən il də mən şübhələnmişdim. 

    —Hardan şübhələnmişdin?

    —Multfilmdən. İzma Kronka deyir ki (“İmperatorun Macəraları” cizgi filminin personajları), o hədiyyələri valideynlər düzəldirmiş uşaqlara.

    —Mən elə bildim, zarafat eləyirdi o?! (həm heyrətli, həm kədərli tonla dedim)

    Plan bundan ibarət idi ki, valideynlərimizi bayram gecəsi gözdən qoymayacağıq. Hər addımlarını izləyəcək, ikisindən biri qapıya yaxınlaşan kimi “ahaa, deməli sən imişsən o hədiyyəni qapıya qoyan!” deyib bu oyuna etiraz edəcəkdik. 

     Bayram süfrəsi qurulmuşdu. Bəzən söhbətlərə, bəzən oyunlara, bəzən televizorda verilən Yeni il proqramlarına başımız qarışar, planımızı qısa müddətdə unudardıq. Amma hər vəchlə nəzarəti əldən verməməyə çalışırdıq. Əlbəttə ki, atam da, anam da bizim şübhələrimizdən hale olmuşdular. Onlar da bizim iştihabımızı “zərərsizləşdirmək” üçün öz planlarını qurdular. Evdə iki cəbhə yaradıb bir-birimizə “ gizli savaş” açmışdıq. 

     Çıxıb bir siqaret çəkib gəlirəm. – atam eyvana çıxdı, o anda biz süfrə arxasında əyləşmişdik. Atam içəri gəlib süfrə arxasına keçdi. Anam da əlindəki zibil torbasını bayıra çıxardı, gəldi bizimlə birgə əyləşdi. Qardaşımla süfrədən kimsə yenə qalxacaqmı deyə nəzərimizi çəkmədik. Bir az keçmişdi ki, qapı döyüldü. Səksənərək yerimizdən qalxdıq. Qaçdıq qapıya. Təəccüblə qardaşım mənə, mən ona, sonra dönüb atamla anama baxdıq. O anda şübhələrimizin yerini inam aldı. Biz dünyanın ən möcüzəvi hadisəsinin şahidi kimi heyrət içidə idik.

    —Aaa, Şaxta baba?! Hədiyyə! Hədiyyələrini gətirib qoyub yenəəə!

    —Amma yenə görə bilmədik onu, eh!

    Heyrət və sevinc içində binanın pilləkənlərində, bir az da koridorda gəzindik ki, bəlkə görə bildik özünü də. Hədiyyələrimizi əlimizə alıb valideynlərimizin yanına qaçdıq. Onlar da qəhqəhə çəkdilər bizim təəccüblü ifadəmizdən. Hədiyyələri açdıq, sevdiyimiz şirniyyatları, istədiyimiz oyuncaqları orada görüb yenə sevindik.

    Qardaşımla şübhələrimizdən bir azca pərt olmuşduq, amma anam bu barədə söhbət belə açmadı. İndi biz tətildən sonra “Gözəgörünməz Şaxta baba” haqqında dostlarımıza əhvalatı danışacaq, gətirilən hədiyyələri aparıb onlara göstərəcəkdik. Təqribən 20 dəqiqə sonra yenə qapı döyüldü. Hamımız təəccüblə bir-birimizin üzünə baxdıq ki, bu vaxt kim olar bizə gələn? Bu, atamın dostu Valid əmi idi. 

    —Oo, Valid, xoş gəlmisən. Nə yaxşı elədin, gəldin!

    Xoş gördük, xoş gördük, hamımızın bayramımız mübarək olsun. Dedim, nə var e, tək oturum bayramın günü. Gəldim sizinlə keçirəm. – Valid əmi bizi təbrik edib üzümüzdən öpdü, sonra bizimlə bir masaya əyləşdi. Atamla söhbətə başları qarışdı.

    Yedik-içdik, Yeni ili qarşıladıq, saat 12-dən sonra bayram şənliyinə çıxdıq. Hamı sevinir, bayramlaşır, şənliyi yüksək əhval-ruhiyyədə izləyirdi. Ən çox sevinən isə mən idim. Yeni ilin sehrinə yenidən inanmışdım. 

    Şənlik bitdi və evimizə qayıtdıq. Anam artıq dostlarımız arasında inanclarımız istehza ilə qarşılanmasın deyə səhəri gün bizə Şaxta babanın sirrini açdı. Bu məqamda qardaşımla eyni anda sual qopdu dilimizdən:

    —Bəs qapını döyən kim idi?

     Bu sirri biləndə uşaqlığımın ən böyük və gözəl “yalan”ı məni tərk elədi. Şaxta baba tamam uzaqlara getdi, mənim heç vaxt görməyəcəyim, əlimin yetməyəcəyi yerə… Amma o hələ də var, uzaq xatirələrimdə hələ də yaşayır, uşaqlara hədiyyələr gətirir. Ən gözəl hədiyyə xatirələrdir. Onu gözləyən, ona məktublar yazan körpələr var və bu “yalan”a inanan körpələrin yaddaşında o, həmişə yaşayacaq. Mən isə Yeni ilin sehrinə bizi inandıran və belə gözəl “hədiyyələr” bəxş edən “Gözəgörünməz Şaxta baba”lara təşəkkür edirəm.

    Mənbə: https://edebiyyat.az

  • Gözəl Azaydan yeni şeirlər

    Sən demə, gözlərimin kökü çoxdan quruyub,

    Kirpiklərim nəm imiş…

    Bütün sevgilər kimi,

    Bu sevginin sonu da

    Sevgimizdən kəm imiş…

    Sən ayrılıb gedirsən…

    Məndən sənə xatirə —

    Ayrılığa yollayan bir kəlmə izn olur.

    Yaşanan xoş görüşlər,

    Tutulmayan vədlərin,

    Edilməyən əhdlərin…

    Ayrılanda əllərim

    Dodağımdan qopmayan ehtiraslı öpüşlər…

    Deyirsən, bizim olur?!

    Nə sən mənim olursan,

    Nə mən sənin xatirən…

    Çox ədalətsiz dünyadır:

    Sən ayrılıb gedirsən —

    Sənsizliyə yazılan şeirsə… bizim olur.

    Darıx…

    Məni bircə dəfə xəyal et, nolar,

    Darıx mənim kimi, küs mənim kimi.

    Demə, yorulmusan xəyalından da,

    Yorul mənim kimi, sus mənim kimi.

    Nə olar, mən sənin nəfəsin olum,

    Köksünə dolaram dağ havasıtək.

    Bir az da baharı xatırla mənlə,

    Günəşin üfüqlə yer davası tək.

    Nə olar, bir anlıq baxışın olum,

    Gizlənim gözünün dərinliyində.

    Ağlasan, od tutan canımı mən də

    Soyudum gözünün sərinliyində.

    Nə olar, gecəki xatirən olum

    Yuxunun səhərki solğunluğunda,

    Yorul mənim kimi, darıx mənimtək,

    Öpərəm darıxan yorğunluğundan.

    Uzaqda deyiləm

    Mən hara gedim axı?!

    Ağlın aparıb məni, ayaqlarım yerimir…

    Bu bağları çözməyə nə çarə edim axı?!

    Barmaqlarım dolaşır

    Bəlkə qabar izləri

    Əllərində əllərimin yeridir?!

    Mən bu hala gəlmişəm…

             hayana gedim axı?!

    Sən niyə narahatsan?!

    Axı özün həyatsan

    Bu dünyaya gəlmişəm…

               o yana gedim axı?!

    Darıxırsan, bilirəm…

    Qəlbindəki hər yara

    Dərdlərimdən biridir

    Mən hara gedim axı,

    Bir nəfəsi bölürük

    Qəlbin səndə, yara məndə yer edib,

    Hər nəfəsdə ölürük

    Darıxırsan, bilirəm

    Əlində əlim qalıb

    Bax, uzaqda deyiləm,

    Çiynində telim qalıb…

    Qələmi qırardım

    Alıb dərdlərimi elə gedərdim,

    Canımın ağrısın yozan olmasın.

    Çəkib yazılanın üstündən xətti,

    Qələmi qırardım — yazan olmasın.

    Gedərdim gizlicə, səssiz-səmirsiz,

    Qoyduğum izləri pozan olmasın.

    Qazardım bir böyük quyu özümə,

    Quyumu darısqal qazan olmasın.

    Mənim ağrılarım tonla yazılır,

    Qramın vermərəm — dözən olmasın.

    Mənim kürəyimi yüküm bəzəyir,

    Qəddimi əymərəm — əzən olmasın.

    Yandıraram canımı

    İnan mənə,

    Tükənməyən hissimə.

    Qıyma mənim bu çarəsiz qəlbimə…

    Almısan büsbütünün, əgər dəysən bir simə,

    Mən küsərəm canımdan, can da olsan, incimə…

    Susma, danış mənimlə,

    Səssizliyin həzinmiş.

    Susqun-susqun bax elə,

    O baxış da bəsimmiş.

    Gözlərini qaçırma, gedən mənim əksimmiş,

    Çəkilərəm gözündən qaranlığın küncünə,

    Qaranlıqda alışaram, yanaram,

    Canımı yandıraram, can da olsan, incimə…

    Yer tapmaram, dincələm…

    O ürəyə, o gözə, o baxışa

    Sığışmaram bircə mən,

    Yerləşmərəm cahana, cahan olsan, incimə…

    Gələrsən yuxulara?!

    Nə olsun, darıxıram…

    Yuxu yaman haqlayıb.

    Alıb aparır məni,

    Qoymur bir az ağlayım…

    Nə olsun ki, darıxıram —

    Bircə səs, nəfəs çatmır.

    Nəfəsim kəsilməyə

    Yuxu qoymur… saxlayıb.

    Nə olsun, darıxıram —

    Yuxu qoymur darıxım.

    Gələrsən… yuxulara?

    Gələrsən — sənə baxım?!

    Gələrsənmi — həsrəti ayaqlayıb?!

    Gələrsənsə… tez de ki, yuxunu qucaqlayım…

    Mənbə: https://edebiyyat.az

  • Nicat Hunalp Alp Aruz Taleyi


                                              Alp Aruz Taleyi 

                               Bu qara çadır mənə borc olsun dedi ; Alp Aruz 

                                                                            Dədə Qorqud dastanı

    Gəlmişəm sözümü dinlə ay dədə,

    Min ildir ruhumda gör nələr yatır.

    Oğuzun başına bəla gətirdi ,

    O qara qovurma ,o qara çadır.

    Küsəndə obadan,eldən Alp Aruz,

    Dış Oğuz ,İç Oğuz   oldular düşman.

    Ağac  tək içindən oyuldu Oğuz,

    Axırda Oğuzu tutdu həmin qan.

    Həmin qan Oğuzu yuxuya verdi,

    Həmin qan Oğuzu daşa çevirdi.

    Tanrı qara yazdı bəxtin Oğuzun ,

    Tanrı baharını qışa çevirdi.

    İndi haqqı deyim , mən haqqı Dədə,

    Nə olsun kökümüz Bozqurddan gəlir.

    Bizim başımıza gələn bəlalar,

    Elə sən Dədəmiz Qorquddan gəlir.

    Tanrı yazmayırmı taleyi ,bəxti?

    Tanrı vermir məgər oğulu- qızı?.

    Bəs niyə sındırdı bəy qürurunu,

    Ulu xan babamız o Alp Aruzun.

    Tutdu gözümüzü o qarğış, o ah,

    Babamız etdiyi səhv tutdu bizi.

    Neçə il ulu xalq, bəy xalq , sultan xalq,

    Deyə – deyə babam ovutdun bizi.

    Züryətsiz olmağı günahı deyil,

    Tanrının Aruza yazan yazıydı.

    O vaxtdan bu yurdda bütün sonsuzlar,

    Talecə , qismətcə Alp Aruzuydu.

    Olarda qınandı eldə, obada ,

    Oğulsuz dedilər qızsız dedilər.

    Toya çağırmayın uğursuzluqdu,

    Sən Allah yan elə, sonsuz dedilər.

    İçində göynədi yarası Dədəm,

    Kimsə nə çəkirdi Aruz ,bilmədi.

    Uçmağa vardıda , qəbri itdidə,

    Qara çadırdakı Aruz ölmədi.

    Daşıdı içində sonsuzluq dərdin,

    Min ildir yerində daşlaşıb qalır .

    Baybican, Bəybura, Qılbaş , Alp Aruz,

    O qara qovurma ,o qara çadır.

    Mənbə: https://edebiyyat.az

  • Musiqi irsimizə həsr olunan Respublika Müsabiqələrinin qalibləri bəlli oldu

    Bu il ildönümləri qeyd edilən iki mötəbər hadisənin musiqi mədəniyyətimiz vasitəsilə təbliği məqsədilə Mədəniyyət Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə “Vətən Müharibəsində şanlı Qələbəmizin 5 illiyinə həsr olunmuş Orkestr və xor əsərləri janrında bəstəkarlıq üzrə” və “Dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş musiqi tarixi və musiqi nəzəriyyəsi sahələrində musiqişünaslıq üzrə” Respublika Müsabiqəsi keçirilmişdir.
    Müsabiqədə “Musiqişünaslıq” ixtisası üzrə 10 nəfər iştirak edib və 2 nəfər qalib seçilib. Xalıqzadə Fəttah Xalıq oğlu 1-ci, Fərəcova Humay Sərdar qızı isə 3-cü yeri tutublar. “Bəstəkarlıq” ixtisası üzrə 21 nəfər iştirak edib, 2 nəfər qalib seçilib. Məmmədzadə Vüqar Əbdüləli oğlu 2-ci yeri, Umudov Məmmədağa Məmmədəli oğlu isə 3-cü yeri tutublar. Həmçinin, “Bəstəkarlıq” ixtisası üzrə Abdullayeva İlahə Qismət qızı, Əhmədova Lalə İlqar qızı və Məmmədov Üzeyir Rafiq oğlu həvəsləndirici diplomlar qazanıblar. Bəstəkarlıq müsabiqəsində II yer 5000 manat, III yer 3000 manat, musiqişünaslıq müsabiqəsində isə I yer 3000 manat, III yer 1000 manat məbləğində mükafatla dəyərləndirilmişdir.

    Mənbə: https://culture.gov.az/

  • Mədəniyyət Nazirliyi incəsənət məktəblərinə 36 müəllim işə qəbul edib

    Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən incəsənət məktəblərində pedaqoji kadr ehtiyacının şəffaf və səmərəli şəkildə təmin edilməsi məqsədilə 36 nəfər müəllim işə qəbul olunub.

    Qəbul prosesi çərçivəsində əvvəlki dövrlərdə müəllimlərin işə qəbulu zamanı ehtiyat kadrlar siyahısında yer alan 16 nəfər müəllim mövcud vakant vəzifələrə təyin edilib.

    Eyni zamanda, cari ildə keçirilən attestasiya prosesi zamanı 3 əleyhinə və 2 lehinə səs nisbəti ilə tutduğu vəzifəyə uyğun hesab edilməyən 20 namizəd üçün əlavə tədbirlər görülüb. Belə ki, həmin namizədlər üçün 3 ay müddətində müvafiq təlimlər təşkil olunub, daha sonra isə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən xüsusi imtahan keçirilib. Xüsusi müsabiqənin nəticələrinə əsasən, həmin şəxslər müvafiq ixtisaslar üzrə əvvəlki iş yerlərinə bərpa ediliblər.

    Qeyd edək ki, həyata keçirilən bu tədbirlər incəsənət təhsili müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsinə, peşəkar insan resurslarının daha effektiv idarə olunmasına və təhsil prosesinin davamlı inkişafına xidmət edir.

    Mənbə: https://culture.gov.az/

  • 25 Dekabr “Respublika” qəzetinin baş redaktoru cənab Teymur Əhmədovun doğum günüdür

    Teymur Əkbər oğlu Əhmədov (25 dekabr 1930[2], Şamxor, Şamxor rayonu – 16 mart 2021, Bakı) — tənqidçi, ədəbiyyatşünas, publisist, professor.

    Həyat

    Teymur Əhmədov 25 dekabr 1930-cu ildə Şəmkir şəhərində anadan olmuş, 1936-cı ildə ailəlikcə valideynlərinin vaxtilə deportasiya olunduğu İrəvana köçmüşdür. 1949-cu ildə Qərbi Azərbaycanın Zəngibasar (daha sonra Masis) rayonunda orta məktəbi qızıl medalla bitirmiş, təhsilini Bakı Dövlət Universitetinin filologiya fakültəsində davam etdirmişdir (1949–1954). Eyni zamanda 1954–1958-ci illərdə Ermənistan KP MK-nın orqanı “Sovet Ermənistanı” qəzetində müxtəlif vəzifələrdə çalışmış, Ermənistan KP İrəvan şəhər komitəsi yanında Marksizm-Leninizm Axşam Universitetini (1955–1957), Moskvada isə “Pravda” qəzeti nəzdində olan Ümumittifaq jurnalistika və fotoreportaj üzrə qiyabi lektoriyanın jurnalistika şöbəsini (1959–1961) bitirmişdir[3].1961–1964-cü illərdə AEA-nın Nizami adına Dil və Ədəbiyyat İnstitutunda aspirantura təhsili almış, “Nəriman Nərimanovun dramaturgiyası” mövzusunda namizədlik (1966), “Nəriman Nərimanovun yaradıcılıq yolu” mövzusunda doktorluq işi müdafiə etmişdir. 1984-cü ildə nəşr edilən “Nəriman Nərimanov” kitabı rus, ingilis, fransız və ərəb dillərində kütləvi tirajla nəşr edilib.1965–1968-ci illərdə “Azərbaycan” jurnalı redaksiyasında şöbə müdiri, 1968-ci ildə AEA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş elmi işçi, Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində müdir müavini (1968–1990), 1988-ci ildən aparıcı elmi işçi olmuşdur.1990–1991-ci illərdə “Vətən həsrəti”, 1992–1993-cü illərdə “Hikmət”, “Yeni fikir” qəzetlərinin baş redaktoru işləmişdir. 1996-cı ildən Ədəbiyyat İnstitutunda Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, 1995-ci ildən “Respublika” qəzetinin baş redaktorudur.AEA “Dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları problemi” üzrə Respublika Əlaqələndirmə Şurasının elmi katibi (1968-ci ildən), Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının və Azərbaycan Qaçqınlar Cəmiyyətinin İdarə Heyətinin üzvü kimi geniş elmi axtarışlar aparmış, AMEA Milli Münasibətlər İnstitutunda Elmi nəşriyyat şöbəsinin müdiri və “Elturan” (“Milli məsələlər”) jurnalının məsul redaktoru olmuşdur (1992–2003).Səmərəli əməyi dövlət tərəfindən yüksək dəyərləndirilərək Azərbaycan Ali Soveti Rəyasət heyətinin fəxri fərmanı (1982), akademik Yusif Məmmədəliyev adına mükafat və medalla qiymətləndirilmiş, 1996-cı ildə “İlin layiqli ziyalısı” fəxri adına layiq görülmüş, 2002-ci ildə “Tərəqqi” medalı ilə təltif edilmişdir.Azərbaycan Respublikasında jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 2020-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub[4]Teymur Əkbər oğlu Əhmədov ilk gənclik illərindən bədii yaradıcılıqla da məşğul olmuş, “Ülkər” adlı şeir və hekayələr kitabı 1961-ci ildə İrəvanda işıq üzü görmüşdür. “Dostluq nəğməkarı”, “Nəriman Nərimanovun dramaturgiyası”, “Nəriman Nərimanov”, “Vedibasarın qanlı-qadalı günləri”, “Erməni xəyanəti və ya Andranik Ozanyanın qanlı əməlləri (1918–1920-ci illər)”, “Mirzə İbrahimov” və s. monoqrafiyaları dərin oxucu marağı qazanıb. “Azərbaycan sovet yazıçıları (ədəbi sorğu kitabı)” (1987), “Azərbaycan yazıçıları (Ensiklopedik məlumat kitabı)” (1995) da sizin məhsuldar əməyi sayəsində araya-ərsəyə gəlib.2007-ci ildən başlayaraq Azərbaycan mətbuatında dərin iz qoymuş “Füyuzat” jurnalının 100 il sonra yenidən təsisinə başlayan Teymur Əhmədov “Füyuzat” jurnalının baş redaktorudur.Teymur Əhmədov 16 mart 2021-ci ildə 90 yaşında koronavirusdan vəfat edib.

    Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. Bakı: Nurlar, 2013.Azərbaycanın xalq yazıçısı, ictimai-siyasi xadim,akademik Mirzə İbrahimov (albom-kitab). Bakı: Nurlar, 2014.Mir Cəlal (albom-kitab). 2 cilddə. Bakı: Nurlar, 2014.Seçilmiş əsərləri. Beş cilddə. C. 1. Bakı: Nurlar, 2015.Seçilmiş əsərləri. Beş cilddə. C. 2. Bakı: Nurlar, 2015.Seçilmiş əsərləri. Beş cilddə. C. 3. Bakı: Nurlar, 2015.Seçilmiş əsərləri. Beş cilddə. C. 4. Bakı: Nurlar, 2015; AVE Print, 2023 (ikinci nəşri).Seçilmiş əsərləri. Beş cilddə. C. 5. Bakı: Nurlar, 2015.Akademik Mirzə İbrahimov. Bakı: Nurlar, 2015.Həsən bəy Zərdabi. Bakı: Nurlar, 2015.Nəriman Nərimanov: həyatı, mühiti və ədəbi-bədii yaradıcılığı. Bakı: Nurlar, 2016.Nəriman Nərimanov (albom kitab). Bakı: Nurlar, 2018.Bir şəhid ailənin tarixçəsi. Bakı: Nurlar, 2019.Nəriman Nərimanov (Həyatı, mühiti və ədəbi-bədii yaradıcılığı). Bakı: Nurlar, 2020.Azərbaycanın əzəli və əbədi torpağı İrəvan xanlığı (indiki Ermənistan). 4 cilddə. Bakı: Nurlar, 2020

  • Şairə-publisist Nəcibə İlkin “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif olunub

    Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Nəcibə xanım İlkin “Azərbaycan milli mətbuatının 150 illiyi 91875-2025)Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif olunub.

    Qeyd edək ki, Azərbaycan milli mətbuatının 150 illiyi 91875-2025)Azərbaycan Respublikasının yubiley medalı” Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun 2025-ci il 30 oktyabr tarixli İ-020 nömrəli əmri ilə şairə-publisist Nəcibə xanım İlkinə təqdim olunub.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Filarmoniyada Xalq şairi Fikrət Qocanın 90 illiyinə həsr edilən konsert olub

    Dekabrın 22-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq şairi Fikrət Qocanın 90 illiyinə həsr olunan konsert proqramı keçirilib.
    Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov Fikrət Qocanın yaradıcılığı barədə məlumat verib.
    Mədəniyyət nazirinin müavini qeyd edib ki, şairin yaradıcılığının əsas xətti vətən, vicdan və insan taleyi mövzularıdır. “Prezident İlham Əliyevin “Fikrət Qocanın 90 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı ədəbiyyata göstərilən yüksək diqqət və qayğının bariz nümunələrindən biridir. Fikrət Qocanın əsərlərinin dilinin sadəliyi və məzmununun dərinliyi onu oxuculara sevdirən əsas cəhətlərdəndir”, – deyə F.Cəfərov əlavə edib.
    Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-dramaturq İlqar Fəhmi vurğulayıb ki, şeirlərinə bu qədər çox mahnı bəstələnən ikinci şair demək olar ki, yoxdur. Şairin yaradıcılığının sosial-psixoloji dərinliyə malik, zərif duyğular üzərində qurulan şeirlərlə seçildiyini diqqətə çatdıran İ.Fəhmi deyib: “Fikrət Qocanın şeirlərinə bəstələnən mahnılar bu gün də səslənir, insan ruhunu silkələyir və dinləyiciyə müsbət enerji bəxş edir. Şair həyatında bir çox sınaqlardan keçsə də, yaradıcılığında daim nikbin ruh üstünlük təşkil edib”.
    Daha sonra Xalq şairinin şeirlərinə bəstələnmiş mahnılar ifa edilir.
    Konsert proqramında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, F.Əmirov adına Azərbaycan Dövlət Əməkdar Kollektiv Mahnı və Rəqs Ansamblının Xor qrupu, eləcə də solistlər Almaz Orucova, Nurlan Əzizbəyli, Vəfa Vəzirova, Nurlana Abdullayeva, Fikrət Məmmədov və digər ifaçılar çıxış ediblər.
    Tədbirdə, həmçinin qiraətçilər Əliağa Tapdıqoğlu və Səma Muğanna şairin yaradıcılığından nümunələr səsləndiriblər.

    Mənbə: https://culture.gov.az/

  • Ankarada Musiqi və Gözəl Sənətlər Universiteti ərazisindəki küçəyə dahi Üzeyir Hacıbəylinin adı verilib

    Dahi Azərbaycan bəstəkarı, Türk dünyası musiqisinin zirvəsi Üzeyir Hacıbəylinin doğumunun 140 illik yubileyi Azərbaycanla yanaşı, bütün dünyada geniş qeyd olunmaqdadır.
    Üzeyir Hacıbəylinin 140 illik yubileyi, onun zəngin irsinin təbliği məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, xarici ölkələrdəki Azərbaycan Mədəniyyət Mərkəzləri ilə ortaq layihələr həyata keçirməkdədir.
    Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin Ankara Musiqi və Gözəl Sənətlər Universiteti ilə birgə layihəsi əsasında Universitetin daxili küçəsinə dahi Üzeyir Hacıbəylinin adı verilib.
    Bu gün,23 dekabr Ankara Musiqi və Gözəl Sənətlər Universiteti ərazisində Üzeyir Hacıbəyli küçəsinin açılışı, habelə Universitetdə Azərbaycan Mədəniyyət Mərkəzinin Üzeyir Hacıbəyli yaradıcılığına dair hazırladığı konsert proqramı təqdim olunacaq.

    Mənbə: https://culture.gov.az/

  • Gürcü rejissor Akademik Milli Dram Teatrında “Kral Lir”ə quruluş verəcək

    Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında beynəlxalq əməkdaşlıq çərçivəsində yeni səhnə layihəsinə başlanılır.
    Layihə Şota Rustaveli adına Gürcüstan Milli Teatrı ilə imzalanmış əməkdaşlığa dair memorandum üzrə həyata keçirilir.
    Dekabrın 20-də Akademik Milli Dram Teatrında gürcü rejissoru David Sakvarelidzenin quruluşunda Vilyam Şekspirin “Kral Lir” pyesi əsasında hazırlanacaq tamaşanın yaradıcı heyəti ilə görüş olub.
    Məlumat verilib ki, 2026-cı ildə teatrın aparıcı səhnə ustası, Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi münasibətilə hazırlanacaq tamaşa Kamran Nəzirlinin yeni səhnə redaksiyasında təqdim olunacaq. Benefis tamaşanın premyerası aprel ayına planlaşdırılır.
    Həmin ay Gürcüstan Milli Teatrının “Prometey” tamaşası (Robert Sturuanın quruluşunda) ilə Bakıya qastrol səfəri nəzərdə tutulur.

    Mənbə: https://culture.gov.az/

  • BƏXTİYAR VAHABZADƏNİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ ƏDƏBİ-BƏDİİ GECƏ

    Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində görkəmli şair, ədəbiyyatşünas, dramaturq, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik, həqiqət və ədalət carçısı, dilimizin təəssübkeşi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə “Çox kitablar oxudum, zənn elədim Bəxtiyaram” adlı ədəbi-bədii gecə keçirildi.

    Öncə müqəddəs vətən torpaqları uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Dövlət Himni səsləndirildi.

    Tədbirin fəxri qonaqları – “Şöhrət” ordenli şairə, Prezidentin Fəxri Təqaüdçüsü, tanınmış pedaqoq Ofelya xanım Babayeva, Filologiya elmləri doktoru, professor, tanınmış şair Rafiq Yusifoğlu, Filologiya elmləri doktoru, professor Aslan Bayramov, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnaalisti, tanınmış şair-publisist, Rafiq Oday Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı haqqında geniş və əhatəli çıxış etdilər, ustad şairlə bağlı xatirələrini bölüşdülər.

    Sumqaylt şəhər General Polad Həşimov adına 28 saylı tam orta məktəbin şagirdləri şairin dilimizlə bağlı və vətənpərvərlik ruhlu şeirlərini səsləndirdilər, sözlərinə bəstələnmiş mahnılar ifa etdilər.

    Tədbirin təşkilatçılarından biri, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri, tanınmış şair Gülnarə Cəmaləddinin aparıcılığı ilə təqdim olunan tədbir möhtəşəmliyi ilə yaddaşlara yazıldı.

    Heydər Əliyev Mərkəzinin direktoru, tədbirin təşəbbüskarı Vüsalə xanım Qurbanova dəvəti qəbul edib gələn qonaqlara minnətdarlığını bildirdi. Sonda xatirə şəkli çəkdirildi.

  • “Bakı Yaradıcı Həftəsi – 2025” çərçivəsində elektron musiqi və rəqəmsal incəsənətin sintezindən doğan unikal performans təqdim olunub

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) birgə təşkilatçılığı ilə 5–11 dekabr tarixlərində keçirilən “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftəsi – 2025” özündə İslam dünyasının mədəni müxtəlifliyini, yaradıcılıq potensialını və rəqəmsal incəsənətlə inteqrasiya olunmuş çağdaş təşəbbüsləri bir araya gətirib.
    Festival çərçivəsində təqdim olunan və böyük maraq doğuran tədbirlərdən biri “Torpağın Səsi” (Sound of Land) platformasının hazırladığı audiovizual performans olub. “Zaman dairəsindən çıx, sevgi dairəsinə daxil ol” adlı bu rəqəmsal şou izləyiciləri musiqi, animasiya və vizual sənətin vəhdətində mənəvi bir səyahətə aparıb.

    Performansın vizual əsası Heydər Əliyev Fondunun vitse-prezidenti, rəssam və şair Leyla Əliyevanın rəsmlərinə əsaslanıb. Onun əsərləri sevgini, təbiətlə vəhdəti və daxili işığı simvolizə edirdi. Ruminin fəlsəfəsindən ilhamlanan bu kompozisiyanın vizual konsepsiyası Azərbaycanın Əməkdar rəssamı, “Atəş Hub”un təsisçisi Səbinə Şıxlinskaya tərəfindən hazırlanıb. Musiqi və səs konsepsiyasının müəllifi DJ Orxan Ağayev (DJ Pancho), səs dizaynı üzrə Teymur Qasımov, animasiya və hərəkətli qrafika üzrə isə Nigassandra və Renan Asədov çıxış ediblər.
    “Torpağın Səsi” platforması türk dünyasının etnik musiqi motivlərini elektron janrlarla sintez edərək yeni yaradıcılıq imkanları yaradır. Layihə 2023-cü ildə “Yaradıcı Azərbaycan” təşəbbüsünün dəstəyi ilə yaradılıb və qısa müddətdə beynəlxalq səviyyədə tanınıb. 2025-ci ildə isə platforma “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftəsi – 2025” çərçivəsindəki təqdimatı ilə daha geniş auditoriyaya çıxış edib.
    Festival çərçivəsində reallaşan bu audiovizual performans rəqəmsal incəsənətin və musiqinin vəhdətini nümayiş etdirərək, gənc yaradıcılar üçün yeni ifadə imkanları təqdim edib və “Bakı Yaradıcı Həftəsi – 2025”in yadda qalan anlarından birinə çevrilib.

    Mənbə: https://culture.gov.az/

  • Özbəkistan nümayəndə heyəti Şuşa şəhəri ilə tanış olub

    Azərbaycanda keçirilən Özbəkistan Mədəniyyəti Günləri çərçivəsində qardaş ölkənin nümayəndə heyəti dekabrın 18-də Şuşa şəhərində olub.
    Şuşanın tarixi, Azərbaycanın mədəniyyət və ədəbiyyatına bəxş etdiyi şəxsiyyətlər, Ermənistanın işğalı altında olduğu müddətdə şəhərin tarixi-mədəni irsinə qarşı həyata keçirilən vandalizm barədə qonaqlara ətraflı məlumat verilib.
    Bildirilib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun misli görünməmiş qəhrəmanlığı nəticəsində şəhər 28 illik işğaldan azad edilib. Qısa müddət ərzində şəhərdə sürətli bərpa-quruculuq işləri aparılıb, tarixi və dini abidələr yenidən qurulub, keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma yurda qayıdışı təmin olunur.
    Şuşa şəhərinin 2023-cü ildə Türk dünyasının, 2024-cü ildə isə İslam dünyasının “mədəniyyət paytaxtı” missiyasını uğurla yerinə yetirdiyi də nümayəndə heyətinin diqqətinə çatdırılıb.
    Səfər çərçivəsində şəhərdə Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri, Natəvanın evi, Natəvan bulağı, Şuşa qalası, Yuxarı Gövhər Ağa məscidi və Bülbülün Ev-Muzeyi ilə tanışlıq olub. Şuşanın tarixi-mədəni və dini məkanları, təbii zənginlikləri özbək qonaqlarda unudulmaz təəssürat yaradıb.

    Mənbə: https://culture.gov.az/

  • “Biri ikisində” Elvin Paşanın şeirləri ilə

    “Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Elvin Paşanın şeirləri təqdim edilir.

    HEÇ OLMASA DÜZÜNÜ DE

    Yenə hardansa soyuq gəlir.

    Bir az bu səs-küylü biganəlik titrədir,

    Bir az boynuma sarılan əllər üşüdür.

    Danışırıq atıb gedənlərdən…

    Sonra susuruq

    dünyanın ən qəddar adamlarında…

    Sonra hərəmiz bir küncdən qaldırırıq əllərimizi,

    Bir az Davudun səsindən

    kövrəlirik,

    bir az sonumuzu düşünürük,

    danışırıq axşam-axşam.

    Gələni gözləyirik.

    Yenə susuruq dünyanın ən qəddar adamlarında,

    hərə bir ad çəkir:

    Yezid, Hitler, Səddam…

    Bu dəfə hərəmiz eyni küncdən qaldırırıq əllərimizi.

    Bəlkə, sən də dəyişərsən?

    Düşünürəm ürəyimdə,

    nə bilmək olar, dünyanın işidir,

    biz nə qədər çox susuruq,

    Allah daha çox eşidir.

    İkimizə bir mələk var başımızın üstündə,

    bizi hər duamızda pusur.

    sənin təsəllilərinə,

    “Xoşbəxtəm, mən xoşbəxtəm” yalanına

    Tanrı özü də susur…

    Mənəm də,

    məni boş ver.

    Heç olmasa düzün de,

    hələ də bilmirsənmi

    səndən sonra nələr oldu,

    neçə ildi alnımdakı qırışları pozuram…

    İndən belə,

    bəlkə, ölümünə belə ağlamadım…

    Mən 14 yaşımda məsciddə

    əllərimi göyə qaldırıb

    təslim oldum,

    indi ölümünə də

    ikiəlli hazıram…

    ***

    And olsun köksünü geniş qıldığın kəsə,

    birdən içimi ölüm qorxusu bürüyür;

    ölüm cazibə qüvvəsidi, adamı yerə çəkir…

    Yaşadıqlarım öz oxu ətrafında fırlanır başıma,

    bir səs fısıldanır qulağıma küləkdə:

    Varam, varam – günahkar olma.

    Üzünü gördüyüm bir adam gəlir yaddaşıma,

    özümü unuduram,

    peşmanlıqdan əyilirəm “vav” kimi,

    alnımı torpağa qoyuram.

    “Çətindi” “çətindi” zikri

    edir dilim.

    Özüm öz sözümü kəsirəm,

    qulağım bir səs alır müəzzindən:

    İnnəma məal usri yusrən…

    NİGARAN

    Görəsən, nə bişirir?

    İndi, görən, nə yeyir?

    Kimə baxıb danışır?

    Ürəyində nə deyir?

    Nə bəhanə gətirir

    yeməyi çiy bişəndə?

    Düşündüyü mənəmmi

    qaşıq yerə düşəndə?

    Bəlkə, əlindən düşüb

    stola duz dağılır.

    Mən yoxam, nə ürəyi

    nə stəkan qırılır…

    Gecələri diksinib

    yuxudan oyanırmı?

    “Hər şey yaxşı olacaq” –

    hələ də inanırmı?

    Necə yatır, oyanır?

    Döyürmü gün üzünə?

    Neçə yuxu danışıb

    bu vaxtacan özünə?

    MƏNİ ELƏ SEV Kİ

    Məni elə qoru ki,

    bu gün də, sabah da

    zövq almağa bir bənd şeirin olsun.

    Məni elə sev ki,

    bir fincan çayı da gətirməyə

    bir ömür həvəsin olsun…

    Məni elə sev ki,

    gözlərim gözlərindən

    asılı qalsın,

    unutsun ətrafın cazibəsini.

    Məni elə sev ki,

    dünyanın səsindən, küyündən ayıra bilsin

    pas atmış qulağım

    incə səsini…

    Məni elə sev ki,

    ən çətin işimiz küsülü qalmaq,

    ən asan işimiz barışmaq olsun.

    Məni elə sev ki,

    sükutum səs-küylü dalaşmaq olsun.

    Məni elə sev ki,

    yad ocaqlar soyutsun məni,

    başqa qapılar tanış gəlməsin.

    Məni elə sev ki,

    Məcnun olduğuma inanım hər gün,

    özgə Leylilərə gözüm düşməsin.

    “Ədəbiyyat və incəsənət”

    (18.12.2025)

    Mənbə: https://edebiyyatveincesenet.az/

  • Rəşid Behbudovun 110 illik yubileyinə həsr olunmuş “Səsin rəngi” sərgisi açılıb

    Dekabrın 17-də Azərbaycan Milli İncəsənət Muzeyində əvəzolunmaz səsi və mahnıları ilə Azərbaycan musiqisini dünyaya tanıdan ölməz sənətkar Rəşid Behbudovun 110 illik yubileyinə həsr edilmiş “Səsin rəngi” sərgisinin açılış mərasimi keçirilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Rəşid Behbudov Fondunun təşkilatçılığı və Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə keçirilən sərgidə Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və R.Behbudovun şəxsi kolleksiyasından seçilmiş sənət nümunələri yer alır.
    Sərginin açılışında Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov, Əməkdar rəssam, ali dərəcəli bərpaçı Natiq Səfərov, Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev çıxış ediblər. Çıxışlar zamanı Rəşid Behbudovun özünəməxsus ifası və aktyorluq məharəti ilə milli musiqi və kino sənətimizə verdiyi dəyərli töhfələr, həmçinin Azərbaycan mədəniyyətini dünyada layiqincə tanıtması xüsusi qeyd olunub.
    Tədbirdə Xalq rəssamı Asəf Cəfərovun 1975-ci ildə yaratdığı “Rəşid Behbudovun portreti” əsərinin hekayəsi haqqında qısa video nümayiş olunub. Daha sonra qonaqlar sərgi ilə tanış olublar.
    Sərgidə nümayiş olunan eksponatlar Rəşid Behbudovun zəngin həyatı və parlaq yaradıcılıq yolunun mühüm məqamlarını işıqlandırır. Ekspozisiyada sənətkarın layiq görüldüyü dövlət təltifləri və medalları ilə yanaşı, onun mənəvi dünyasının güzgüsü olan cib Quranı, 1952-ci ildə Moskva teatrı üçün hazırlanan ‘Arşın mal alan’ operettasının ssenarisi və deputatlıq fəaliyyətinə dair qeyd bloknotu ziyarətçilərə təqdim edilir. Sərginin ən təsirli nümunələri sırasında sənətkarın 1989-cu ildə Moskvada xəstəxanada qələmə aldığı son məktubu və ölməz ‘Ey Vətən’ mahnısının əlyazması yer alır. Təqdim olunan bu unikal sənədlər Rəşid Behbudovun sənətinə və Vətəninə olan sonsuz bağlılığının əyani təcəssümüdür.
    Ekspozisiyada Azərbaycan təsviri sənətinin tanınmış nümayəndələri Nəcəfqulu İsmayılov, Ömər Eldarov, Tahir Salahov, İsa İbrahimov, Cümşüd İbrahimov, İsmayıl Məmmədov, Marqarita Əfəndi, Fuad Salayev, Altay Sadıqzadə, Elturan Avalov, Ülviyyə Həmzəyeva və digər rəssam və heykəltaraşların, eləcə də ABŞ, Rusiya, İran sənətkarlarının Rəşid Behbudovun fenomenal şəxsiyyəti və yaradıcılığını tərənnüm edən əsərləri nümayiş etdirilir.
    Sərgidə Xalq rəssamı Asəf Cəfərovun 1975-ci ildə yaratdığı və vaxtilə Şuşa Rəsm Qalereyasının daimi ekspozisiyasında nümayiş etdirilən “Rəşid Behbudovun portreti”nin surəti təqdim olunur. 1992-ci ildə Şuşanın işğalı zamanı əsərin orijinalı digər mədəni irs nümunələri kimi qarət edildiyindən, sənətkarın 110 illik yubileyi münasibətilə portretin fotosu əsasında yeni surətin hazırlanmasına qərar verilib. Bu iş Əməkdar rəssam və ali dərəcəli bərpaçı Natiq Səfərov tərəfindən Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə yüksək peşəkarlıqla həyata keçirilib.
    Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuzun qazandığı böyük Zəfərdən sonra Şuşa Dövlət Rəsm Qalereyası bərpa edilərək yenidən fəaliyyətə başlamışdır. Bununla əlaqədar olaraq “Rəşid Behbudovun portreti” sənətkarın ailə üzvləri və Azərbaycan Beynəlxalq Bankının rəhbərliyi tərəfindən Mədəniyyət Nazirliyinə təqdim olunacaq və Şuşa Dövlət Rəsm Qalereyasında yenidən öz layiqli yerini tutacaq.
    Rəşid Behbudov öz ecazkar səsi və unudulmaz mahnıları ilə hər zaman istedadlı rəssamlarımızı yeni əsərlər yaratmağa ilhamlandıracaq. “Səsin rəngi” sərgisi isə dünyaşöhrətli müğənninin yaradıcılığının əbədiliyini əks etdirən sənət ünvanı kimi daima yadda qalacaq.
    Sərgi 31 dekabr 2025-ci il tarixinədək davam edəcək.

    Mənbə: https://culture.gov.az/

  • Yaradıcı Mərkəz IDDA Awards 2025-də “İlin ekosistem oyunçusu” nominasiyası üzrə I yerə layiq görülüb

    Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzi – Yaradıcı Mərkəz rəqəmsal inkişaf və innovasiya sahəsində ölkənin nüfuzlu mükafatlarından biri olan IDDA Awards müsabiqəsində “İlin ekosistem oyunçusu” nominasiyası üzrə I yerə layiq görülüb.
    İnnovasiya liderlərinin müsabiqəsi hesab olunan “IDDA Awards” İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təsis edilən və innovasiyalar sahəsində həyata keçirilən mükafatandırma mərasimidir.
    Bu mükafat Yaradıcı Mərkəzin mədəni və yaradıcı sənayelər ekosisteminin formalaşdırılması, gənc istedadların dəstəklənməsi, startap mühitinin gücləndirilməsi və yaradıcı sahələrdə innovativ yanaşmaların tətbiqi istiqamətində gördüyü sistemli və davamlı fəaliyyətinə görə təqdim olunub.
    IDDA Awards çərçivəsində əldə olunan bu mükafat Yaradıcı Mərkəzin yalnız layihə icraçısı deyil, eyni zamanda mədəni və yaradıcı sənayelər üzrə ekosistemi formalaşdıran aparıcı oyunçu kimi rolunu bir daha təsdiqləyir.
    Yaradıcı Mərkəz gənc istedadların bilik və bacarıqlarının inkişaf etdirilməsi, startapların formalaşması və böyüməsi, yerli yaradıcı məhsul və xidmətlərin istehsalı və ixrac potensialının artırılması, eləcə də regionlardan olan gənclərin yaradıcı sahələrə cəlb edilməsi istiqamətində fəaliyyət göstərir. Mərkəzin açılışı 2024-cü ilin dekabr ayında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın iştirakı ilə baş tutub.
    Bu günə qədər Yaradıcı Mərkəzdə təşkil olunan 9 binzes inkubasiya proqramı çərçivəsində 52 startap formalaşıb. Bu startaplardan 4-ü (BYQR, Wondvoy, NUS Gallery, Kinobox) KOBİAdan “Startap şəhadənnaməsi, 2 startap isə (Wondvoy, NUS Gallery) qrant əldə edib.
    Yaradıcı Mərkəzin nəzdində fəaliyyət göstərən YaradıcıEdu təhsil platforması çərçivəsində Süni İntellekt, media, dramaturgiya, dizayn, animasiya, prodüserlik, oyun dizaynı və mühəndisliyi, moda, keramika və digər sahələr üzrə təlim və ustad dərsləri təşkil olunur. 700-dən çox gənc bu proqramlardan yararlanaraq sertifikat əldə ediblər və öyrəndiklərini yeni iş yerlərində tətbiq edirlər.
    Paytaxt və regionlarda mədəniyyət və yaradıcı sənayelərə dair maarifləndirici müzakirə platforması – “Yaradıcı müzakirələr” 8 000 dən yaradıcı şəxsi əhatə edib.
    Yaradıcı Mərkəz həmçinin gənclər üçün tam funksional yaradıcı infrastruktur təqdim edir. Səs yazma, Foto və video, Animasiya, rəqs studiyaları, eləcə də kovorkinq zonaları rezidentlərin ixtiyarındadır.
    Yaradıcı Mərkəzin layihələri gənclər üçün real iş və əməkdaşlıq imkanları yaradan yaradıcı platforma rolunu oynayır.

    Mənbə: https://culture.gov.az/

  • Akademik Milli Dram Teatrı Çin teatrları ilə əməkdaşlığa başlayır

    Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin yol xəritəsinə uyğun olaraq beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirir.
    Bu məqsədlə teatrın direktoru, əməkdar mədəniyyət işçisi İlham Əsgərov Çin Xalq Respublikasında səfərdə olub. Səfər çərçivəsində Qansu və Şandun vilayətlərinin Milli Dram Teatrları, eləcə də Çin Milli Dram Teatrı ilə görüşlər keçirilib, əməkdaşlıq perspektivləri müzakirə olunub. Qansu Milli Dram Teatrı ilə əməkdaşlıq haqqında Memorandum imzalanıb.
    Görüşlərdə qarşılıqlı qastrol səfərləri, rejissor və aktyor mübadiləsi, səhnə texniki əməkdaşlığı məsələləri diqqət mərkəzində olub. Eyni zamanda Çin dramaturqlarının əsərlərinin Akademik Milli Dram Teatrının səhnəsində təqdim edilməsi barədə razılıq əldə olunub. Çin dramaturqu Lyu Şuqanın əsəri 2026-cı ilin repertuarına daxil edilib.
    Razılaşmaya əsasən, Azərbaycan teatrının tamaşalarının Pekin, Şanxay və Çandu şəhərlərində nümayişi, həmçinin 2026-cı ilin iyun ayında Bakıda yeni Memorandumun imzalanması planlaşdırılır.

    Mənbə: https://culture.gov.az/

  • Azərbaycan 42-ci İstanbul Beynəlxalq Kitab Sərgisində təmsil olunur

    Dekabrın 13-dən Türkiyənin İstanbul şəhərində 42-ci İstanbul Beynəlxalq Kitab Sərgisi fəaliyyətə başlayıb. TÜYAP Sərgi və Konqres Mərkəzində təşkil olunan və kitab dünyasının nüfuzlu beynəlxalq platformalarından biri hesab edilən sərgi bu il “Ədəbiyyatın hər halı” şüarı ilə keçirilir.
    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi sərgidə naşirlər və yazarlardan ibarət nümayəndə heyəti ilə təmsil olunur. Sərgi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin (Ankara) birgə təşəbbüsü ilə xüsusi Azərbaycan stendi qurulub.
    Azərbaycan stendində ölkəmizin zəngin tarixi və mədəni irsini, eləcə də klassik və müasir Azərbaycan ədəbiyyatını əks etdirən, Azərbaycan və Türkiyə türkcəsində nəşr olunmuş kitablar nümayiş etdirilir. Ekspozisiya ziyarətçilərə Azərbaycan ədəbiyyatının çoxşaxəli inkişaf yolu və müasir ədəbi prosesi ilə yaxından tanış olmaq imkanı yaradır.
    Dekabrın 21-dək davam edəcək sərgi çərçivəsində Azərbaycan və Türkiyənin alim, yazıçı və ədəbiyyatşünaslarının iştirakı ilə panel müzakirələri, kitab təqdimatları və imza günlərinin keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər iki qardaş ölkə arasında ədəbi və mədəni əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edir.

    Mənbə: https://culture.gov.az/

  • 17 Dekabr-Xalq şairi Osman SARIVƏLLİNİN doğum günüdü

  • Gənclər Kitabxanası “Osman Sarıvəlli – 120” adlı biblioqrafik vəsait nəşr etdirib

    Bu il XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Osman Sarıvəllinin anadan olmasının 120 illiyi tamam olur. Bu münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası şairin həyat və yaradıcılığına həsr edilən biblioqrafik vəsait nəşr etdirib. Respublika Gənclər Kitabxanasının nəşr etdiyi “Osman Sarıvəlli – 120” adlı biblioqrafik vəsait şair haqqında tərtib olunan ilk biblioqrafiyadır.

    Şairin 120 illik yubileyi ərəfəsində tərtib olunan biblioqrafik göstəricidə rəsmi sənədlər, akademik Nizami Cəfərovun “Biblioqrafiya haqqında ön söz”, “Osman Sarıvəllinin həyat və yaradıcılığı”, Xalq şairi Zəlimxan Yaqubun “Xatirələr işığında – Osman Sarıvəlli”, ədəbiyyatşünas Vaqif Yusiflinin “Osman Sarıvəlli – 120” adlı məqalələri, “Osman Sarıvəllinin həyat və yaradıcılığının əsas tarixləri”, “Osman Sarıvəlli görkəmli şəxsiyyətlər haqqında”, “Görkəmli şəxsiyyətlər, elm və mədəniyyət xadimləri Osman Sarıvəlli haqqında”, həmçinin müəllifin öz əsərləri, kitabları, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş əsərləri, məqalə və çıxışları, tərcümələri, şairin həyat və yaradıcılığını, ədəbi fəaliyyətini əks etdirən 1928-2025-ci illəri əhatə edən materiallar öz əksini tapıb.

    Vəsait tərtib edilərkən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının, Milli Kitabxananın, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının, BDU-nun, ADPU-nun kitabxanalarının fondlarından, ənənəvi və elektron kataloqlarından, internet resurslarından, Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin sənədlərindən istifadə edilib.

    Kitabın elmi redaktoru və “Ön söz” müəllifi akademik Nizami Cəfərovdur.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”HÜZN ADASI”

    Bilmirəm tale məni
    niyə tez-tez vurur dişinə?
    Düşmüşəm sms yağmuruna;
    nə daldalana bilirəm,
    nə düşünə…
    Qəlbində sevgi
    ocağı yanmırsa,
    başından çıxan
    bu tüstü nədi?
    Mən bir hüzn adasıyam,
    ancaq bilmirəm ki,
    Xoşbəxtlik gəmilərinin
    yanıma üzməkdə
    qəsdi nədi?

    07.12.2014

  • Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”DƏYİŞMƏYİB DÜNYA MƏNİ”

    Mən dünyanı dərk eləyən
    Uşaq qəlbli bir qocayam.
    Təriflərdən çox ucayam,
    Təltiflərdən çox ucayam…

    Nə versən gözü doymayan
    Çox çətin ki, duya məni…
    Dünya malında gözüm yox,
    Dəyişməyib dünya məni…

    Qəlbimdə sevgi kükrəyir,
    Yoxdu həyatda bənzərim!
    Həmişə üstümdə olub,
    Ulu Tanrının nəzəri!

    Ömrüm boyu dost olmuşam
    Çəmənlə, güllə, çiçəklə!
    Allah məni təltif edib
    Duyan, sevən, bir ürəklə!
    O adamlar bədbəxtdi ki,
    Gözündə sevgi sayrışmır…
    Allahın sevdiyi kəsə
    Bəndə təltifi yaraşmır…

  • Əməkdar incəsənət xadimi Mədinə GÜLGÜN.”Firidun”(Poema) 

    “Firidun” poeması Cənubi Azərbaycanda milli azadlıq uğrunda gedən xalq hərəkatından bəhs edir. Əsərdə Azərbaycanın milli qəhrəmanı Firidun İbrahiminin ictimai və inqilabi fəaliyyətindən, xalqla yaxından bağlılığından, milli hökumətin müvəqqəti məğlubiyyətindən sonra onun qəhrəmancasına həlak olmasından bəhs edilir.

    Dünyada azadlıq uğrunda mübarizə edən bütün gənclərə ithaf edirəm…

    Gözaydınlığı

    – Hardasan, ay Qəni, gözlərin aydın,

    Talvarın altından yaxına gəl bir.

    Fatma salamatdır, bir oğlun oldu,

    Oğul bu dünyada gözəl töhfədir.

    – Çox sağ ol, ay bibi, çox razıyam mən,

    Sənin sədaqətin bəllidir bizə.

    Biz ayrı düşməyək bu şəfqətindən,

    Anasan, böyüksən sən evimizə.

    Demə ki, sonsuzam, sıxılma bir də,

    Fatma da qızındır, sevin, gül, danış…

    Bəxtin solub getdi acı illərdə,

    Bilirəm, saçın da vaxtsız ağarmış.

    Sənsən məşəqqətin canlı qurbanı,

    Ərin də, evin də getdi əlindən.

    Bilirəm, başının tükləri sanı

    Nələr çəkməmisən bu torpaqda sən?!

    – Ay oğul, qanını qaraltma, yetər,

    Bu gün şadlıq edib sevinək gərək.

    Deyirəm, dünyada hər şeydən betər

    Odur ki ümidsiz qovrulur ürək!

    Qarı əllərini qaldırdı göyə,

    Yenə dua etdi öz adətilə.

    Qəni öz evinə, öz qapısına

    Baxdı bir atalıq məhəbbətilə…

    Onun ürəyindən nələr keçmədi,

    Oğul atasıyam, – deyə sevindi.

    Köksünə sığmadı şirin arzular,

    Fərəhdən, elə bil, uçacaq indi.

    Bu zaman bir “inqə” sədası qalxdı,

    (İl kata olanlar duyar bu səsi…)

    Yox, bəlkə quşlardı, qondu qapıya?

    Onlardır oxuyur bahar nəğməsi?!

    Qəni bu atadan qalma evinin

    Açdı qapısını indi atatək.

    Danışa bilsəydi, nələr deyərdi

    Onun sinəsində çırpınan ürək?!

    O açdı qapını mehriban, gülər,

    Öpdü saçlarından təzə ananın.

    Söylədi: – Ay Fatma, deyirəm, yəqin

    Düzələr gərdişi bu gəc dövranın.

    Mən sənə bəxşiş də gətirməmişəm,

    Bağçadan dərdiyim güllərdən qeyri.

    – Ay Qəni, bu nə söz, bu nə gileydir?

    Biz ki, çox görmüşük çətin günləri.

    Deyə, asta-asta danışdı Fatma,

    Heç sənə darıxmaq yaraşmır, Qəni?

    Həmişə zülümə, möhnətə qarşı

    Mən meydan oxuyan görmüşəm səni.

    Zindana da düşdün, işsiz də qaldın,

    Getdiyin haqq yoldan geri dönmədin.

    Sən elə yandın ki, başının üstə

    Tufanlar da qopdu, yenə sönmədin…

    Ata ehtiyatla əyildi birdən,

    Beşiyin içində uşağa baxdı.

    Yuxuda ağlayıb, sevinən körpə

    Sanki, atasıyla danışacaqdı…

    Öpmədi körpəni ata, doğrusu,

    Qorxdu bu təmasdan uşaq diksinə.

    Fatmanın alnından, qara saçından

    Ehtiramla öpdü, o dönə-dönə.

    – Eh Fatma, nə qədər ağıllısan sən,

    Fəqət, nə eləmək, atayam mən də.

    İstərdim bəxşişlər, xələtlər alam

    Dünyaya bu körpə balam gələndə…

    Keçdikcə saatlar, keçdikcə günlər

    Ana bir maraqla baxdı körpəyə.

    Qara saçlarına sığal da verdi,

    “Oğlumun ad günü olacaq”, deyə.

    Yeddi gecə

    Bibi xonça bəzəmiş,

    Qalmasın nisgil deyə.

    O, noğuldan, şirnidən

    Düzmüş kiçik süfrəyə.

    Yığdığı quruşlara

    Aldırmış ət, düyü, yağ.

    Zaman çəksə də onun

    Sinəsinə neçə dağ –

    Çalışır şad görünə.

    Gözlərində gizli qəm.

    Deyir: – Qəni, darıxma,

    Mən özüm əhd etmişəm:

    Oğlunun ad günündə

    Dolanam əl-ayaqda.

    Hələ qonum-qonşudan

    Çağırmışam qonaq da…

    ***

    Gəlmişdir tanışlar, qohumlar – hamı,

    Bu da Astaranın öz adətidir.

    Bu “yeddi gecə”də şənlik eləmək

    Elin bir-birinə məhəbbətidir.

    Gəlinlər söz atır qarıya hərdən;

    – Bibili, toyunda xəbər ver bizə.

    – Burda nişanlılar qəhətə çıxmış,

    Gərək bir özümü verəm Təbrizə.

    Deyib, heç qarı da pozmur halını,

    Gülüşür bu sözə ürəkdən hamı.

    Gəlin Fatmanın da köksünə sığmır

    Sevinci, şadlığı bu ad axşamı…

    ***

    Süfrə yığışdı artıq,

    Ortaya xonça gəldi.

    Sanki məclis içində

    Təzə məclis düzəldi.

    Bibiyə döşək salıb

    Yer göstərdi qız-gəlin.

    Bu da bir adətidir

    Bizim obanın-elin.

    Körpə qundaq içində

    Dolandı əldən-ələ.

    – Elə mübahlıq gətir

    Balaca qədəminlə.

    Deyə, bu xoş arzunu

    Hamı təkrar elədi.

    Xeyir-dua verdilər,

    Bizdə qayda belədi.

    Qarı bir ehtiyatla

    Aldı uşağı yenə.

    Baxdı necə şəfqətlə

    Onun məsum üzünə.

    Körpənin qulağına

    O, çoxlu sözlər dedi.

    Ananın övladına

    Bu ilk nəsihətiydi.

    – Əlin əyri olmasın,

    Xəbərçilik bilmə sən.

    Biz görmədik, ay bala,

    Sən xoş günlər görəsən!..

    Qonaqlar dağılışır,

    Gün doğur, dan sökülür.

    Körpənin beşiyinə

    Göydən şəfəq tökülür…

    ***

    Gün günə qovuşduqca

    Firidun da böyüdü.

    İlkin məktəbi oldu

    Ona ana şəfqəti,

    Bir də ata öyüdü.

    Sonra getdi məktəbə,

    Meylini dərsə saldı.

    İllər qanadlı quştək

    Uçub arxada qaldı…

    Firidun sual verir

    Fatma süfrə açdı, tez şam gətirdi,

    Ata da, oğul da iştahla yedi.

    Fəqət, Firidunun baxışlarından

    Ata hiss elədi kədəri, dərdi.

    Sonra Firiduna – yaxın gəl – dedi.

    Yəqin yorulmusan, ağıllı balam?

    Gəl, mənim yanımda bir dincəl, dedi.

    Bu mehribanlıqdan, bu nəvazişdən

    Firidun kövrəldi, bir də tutuldu.

    Min sual oynadı yenə başında,

    Sinəsi ahlarla boşaldı, doldu…

    – Nə olub, ay oğul, bir danışsana,

    Ah çəkmə, kim dəyib xətrinə? – söylə.

    Bəlkə də bir xata çıxıb əlindən,

    Gəl məni hər şeydən sən agah elə.

    Firidun tutuldu, bir bulud kimi,

    Sanki, göy kişnədi, ildırım çaxdı.

    Ürəyində nisgil, üzündə giley,

    Bir anlıq atanın üzünə baxdı.

    Sonra dilə gəldi, elə bil, çaylar,

    Açıldı uşağın qaşı-qabağı.

    O kiçik qəlbində, böyük dərdini

    Danışdı ataya böyüksayağı:

    – Rəhim, yazıq Rəhim, bu səhər müdir

    Onu həmişəlik qovdu məktəbdən.

    “Oxumaq pulunu tamam üç aydır

    Söylədi hələ də verməmisən sən”.

    Dedi: – “Get özünə ayrı peşə tap,

    Zorla ki, oxumaq yaraşmaz, bala”.

    Rəhim çantasını götürüb getdi,

    Bir yol da qanrılıb baxmadı dala.

    O getdi, gözlərim qapıya baxdı,

    Az qaldım dalınca çağıram – Rəhim.

    Deyəm bu boş qalmış yerinə sənin

    Mən bir də nə təhər baxaram, Rəhim?

    Hər səhər heç dərsə başlamadan biz,

    Dua oxuyuruq şahın canına.

    Ata, məsləhət ver, olmaz ki, Rəhim

    Bir məktub göndərib, desin ki, ona –

    Ey bizim ölkənin möhtərəm şahı,

    Qovublar məktəbdən məni boş yerə.

    Atamın, anamın ümidiyəm mən,

    Ey şah, əmr eləyin bizim müdirə.

    Məktəbin haqqını verərəm yəqin,

    İşə girəcəkdir ata səhərdən.

    Deyir, mən işlərəm, sən oxu, oğul,

    Təki, gözübağlı qalmıyasan sən.

    “Adilsən”, “Böyüksən”, gəl əsirgəmə

    Bizim üstümüzdən kölgəni, ey şah…

    Gecə də, gündüz də dua edərik

    Sənə cansağlığı bəxş etsin Allah.

    – Ata, məsləhət ver, yol göstər bizə,

    Sabah mən də bəlkə, düşdüm bu günə.

    Məgər yoxsul olmaq bir qəbahətdir?

    Oğlu həsrət qalır məktəb üzünə.

    Hacının, malikin, tacirin oğlu

    Hər səhər bizimlə bir dua edir.

    “Yoxsulsan, get ayrı peşə tap, bala”

    Söyləyən müdirin məqsədi nədir?!

    Yəqin razı olmaz şah belə işə,

    Məktəb dövlətindir, müdirə nə var?!

    Deyirlər, şah özü əmr etmiş gərək –

    Oxusun ölkədə bütün balalar?..

    Uşağın gözlərində

    Neçə sual, neçə söz.

    Atanın ürəyini

    Kabab edir alov, köz.

    Uşaq baxır ataya,

    Atanın fikri darda.

    Dərddən birləşə bilmir

    Bu doğma baxışlar da.

    Ata indi nə desin,

    Hardan başlasın sözə?

    Ata ürəyi istər

    Bu böyük dərdə dözə!

    Yalan danışsınmı o?

    Yox, yalan nəyə gərək,

    Yalana yol verərmi

    Ləkə görməyən ürək?!

    Nə desin, nə söyləsin.

    Axı, məktəb, dərsi

    Yazmağı sevsin ancaq.

    Bir siqar alışdırır,

    Qullab vurur dərindən.

    Eh, nələr, nələr keçir

    Atanın gözlərindən:

    Yoxsulların fəryadı,

    Kəndlinin nəm daxması.

    Göz yaşıyla ucalan

    Saray, zülmət dünyası.

    Bir də qanlı vuruşlar,

    Xalqın haqq deyən səsi:

    O əlçatmaz, quşqonmaz

    Qəsri Qacar məhbəsi…

    Gecənin bir yarısı

    Yoxa çıxan igidlər,

    Yurduna barmaqlıqdan

    Həsrət baxan igidlər…

    Danışsınmı kasıbın

    Burda günü qaradır?!

    İnsanlar var, dünyada

    Xariqələr yaradır?

    İnsan var ki, ömrünü

    Dərd alır duman kimi.

    İnsan var, həyat sürür

    Qalib bir insan kimi!

    Nə balası beşikdə –

    Çörək deyib ağlayır,

    Nə ana günahkartək

    Dizini qucaqlayır.

    Fikirlərdən ayrılıb

    Ata baxır oğluna.

    Tarix kimi danışır

    Bildiklərini ona.

    Oğlan heyrət içində,

    Ata danışır hələ.

    Deyir, oğul istərəm

    Elin göz yaşın silə.

    Yox, yox, hər daş altında

    Neçə-neçə igid var.

    Onlar alacaq yəqin

    Haqqınızı, balalar!

    Ataya qulaq asır

    Oğul heyrət içində…

    Süfrədəki çay tamam

    Soyuyub, buza dönmüş,

    Atanın həsrət gözü

    Yanan ulduza dönmüş.

    Yuxusu qaçmış tamam,

    Gözü yol çəkir yenə.

    Bir şəfqətlə baxır o,

    Firidunun üzünə.

    Ata, sanki həyatın

    Sirrin açır oğluna,

    – Bəs müəllim bunları

    Niyə deməmiş ona?

    Əkib, biçən kəndlidir,

    Müftə kef çəkən ərbab.

    Bu zülmə yoxsul yazıq

    Nə təhər eləyir tab?

    Burda iki cür insan,

    İki cür həyat varmış.

    Bəs nə üçün müəllim

    Uşaqları aldatmış?

    Elə bil ki, yuxudan

    Ayılır uşaq yazıq.

    Çəkilir gözlərindən

    Pərdə-pərdə qaranlıq…

    Firidun darülfünunda 

    Tehran. Darülfünun. Qaynar bir həyat.

    Gənclik, bir çağlayan su deyilmi bəs?!

    Yaxşı deyiblər ki, tapılmamışdır

    Həyatda gəncliyə bərabər, əvəz.

    İnsan həyatında gənclik bahardır,

    Min bahar gəlsə də, o dönmür geri.

    Mənim də, sənin də, onun da yəqin

    Özünə şirindir gənclik illəri…

    O kimdir, əynində boz kostyumu var?

    Xurmayı saçını yan daramışdır.

    O gülümsər gözlər, o nazik bığlar

    Bilsəniz, nə qədər mənə tanışdır?!

    Boyu da bəstədir, görənlər bilir,

    Əlləri qadının əlindən incə.

    Dostlar, yaxın gəlin, dindirin onu,

    Nədir bu cavanı sıxan düşüncə…

    Onu fikir almış, durardı yəqin,

    Özü salam verib, əhval tutardı.

    Gərək arxasınca mən özüm gedəm,

    Bəlkə ürəyində bir sözü vardı?!.

    Açdı qapısını professorun

    Firidun ədəblə salam söylədi.

    – Əziz professor, hər sözünüzü

    Buyurun, can-başla hazıram – indi.

    Qaldırıb əlini tez professor

    Dedi: – Çək stulu, yaxına gəl bir.

    Anandan barı, heç kağız gəlirmi?

    Necə keçinirlər, atan necədir?

    – Atam da bir yaxın dostundan dünən

    Məktub göndərmişdi, salam var sizə.

    Yazır, vətənini sevən bir adam

    Gərək sürgündə də yaşaya, dözə…

    Atam Nəhavənddə, özüm burada,

    İndi başsız qalmış ailə tamam.

    Eh, necə səbr etsin bu haqsızlığa

    Gözüylə hər zülmü görən bir adam?

    Firidun danışır, qoca alimsə

    Qalxıb var-gəl edir otaqda yenə.

    Gah siqar yandırır, gah da eynəyi

    Çıxarır, təzədən taxır gözünə.

    Ağarmış saçında gəzir əlləri,

    Beynində min fikir oynayır, sönür…

    Qəzəbdən çatılır, qaşı-qabağı,

    Sinəsi atlanır, qəlbi döyünür.

    Əyləşir təzədən öz yerində o,

    Deyir, diqqətli ol hər işində sən.

    Hər daşın altında bir casus yatır,

    Bunu yaxşı, yaxşı gərək biləsən.

    Bəzi üzdəniraq müəllimlər də

    Gündə neçə dona girirlər, bala.

    Adam var, bircə il xaricdə qalıb,

    İndi fars olduğun danır az qala…

    Al, bu Əraninin yazdığı kitab

    Zindan həyatımdan bir yadigardır.

    Burda anaların əhdi, arzusu,

    Cavan gəlinlərin göz yaşı vardır.

    Orda yazılmışdır əsil həqiqət,

    Həyat, mübarizə, döyüş, inqilab.

    Sizə yol göstərməz bu yazılartək

    Bilin ki, hər qalın bəzəkli kitab.

    Fəqət, ehtiyatlı tərpənin bir az,

    “Ehtiyat igidin yaraşığıdır”.

    Qoruyun bu böyük yazıları siz,

    Bunlar kor gözlərin bir işığıdır…

    Yenə eynəyini çıxarır qoca,

    Gəzir ağ saçında qansız əlləri.

    Ömrünü ellərə qurban vermişdir

    O, ağı qaradan seçəndən bəri.

    Gah vətəndə olmuş, gah da qürbətdə,

    Bir yol dönməmişdir ilqarından o.

    Onu gözləsə də mal da, sərvət də,

    Doymamış yurdunun baharından o.

    Vətənə qayıtmış, vətənə bəli –

    Yad ölkə, söyləmiş, qəfəsdir mənə.

    Cavan müəlliməm, arvadım, anam,

    Bir də yoxsul evim, bu bəsdir mənə.

    Elsiz bal da yesəm, zəhər dadacaq,

    Yavan çörək yesəm, vətəndə yeyim.

    Axı bu torpaqdan hərarət almış

    Mənim bu nisgilli, dərdli ürəyim.

    Sonra həbsxana, sürgün, ayrılıq,

    Cavan arvadının ölüm xəbəri.

    Kimsəsiz otaqda yola saldığı

    Qocalıq, subaylıq, tənha illəri…

    Onun gözlərində canlanır bir də,

    Hər şeyi elə bil görür indicə.

    Dolmuş gözlərini eynəyin altdan

    Arıq əllərilə silir xəfifcə.

    Deməyin kişi də heç ağlayarmı?

    Fateh bir insan da ağlayar bəzən.

    Qocanın gözündə parlayan o yaş

    Elin göz yaşıdır, hiss edirəm mən.

    Bir də nakam qalan məhəbbətidir,

    Həzin kaman kimi inləyir belə.

    Gəlin, toxunmayaq, dostlar, amandır

    Qocanın qəlbində o həssas telə…

    O ilk məhəbbətin, ilk təranəsi,

    Bir də ki, bir də ki, son nəğməsidir.

    O kama çatmayan eşqin, diləyin

    Pərdə-pərdə qalxan həzin səsidir…

    Qoyun qulaq assın qoca o səsə.

    Hər kəsin öz eşqi, öz həvəsi var.

    Əlimdən gəlsəydi pozardım sizi,

    Siz, ey məhəbbətə dönük çıxanlar.

    Firidun əl tutur, sakitcə gedir,

    Qocanın gözləri qalır qapıda.

    Bir an fikir, xəyal. Sonra zəng səsi,

    Çıxır bir təmkinlə otaqdan, o da…

    Həyat haqqında düşüncələr

    Gecə yarıdan keçir,

    Hələ yatmayan da var.

    Gəlin, yaxına gəlin,

    Görək, nə edir onlar?

    Otağın rəflərində

    Qəzetlər dəstə-dəstə,

    Kitablar qalaq-qalaq,

    Üzlərə işıq salır

    Zəif yanan bir çıraq.

    Biri kətil üstündə,

    Biri taxtda oturmuş,

    Biri əlində jurnal

    Ayaq üstündə durmuş.

    Sadə parçadan onun

    Əynində pijama var,

    Səliqəli geyməyi

    Çox sevərdi, o, dostlar.

    Saçını yan daramış,

    Gözləri gülür yenə.

    Əlindəki jurnalı

    Oxuyur dönə-dönə…

    Hər kəlmənin üstündə

    Neçə sual, söz olur,

    Müqəddəs fikirlərlə

    Baş dolur, beyin dolur.

    Mən demədim kimdir o,

    Tanışdır çoxdan bizə.

    Qəlbində baş qaldırır

    Arzu təzə, söz təzə…

    Danışırlar ümidlə,

    İnamla, hərarətlə.

    Danışırlar, vətənə

    Sonsuz bir məhəbbətlə.

    Danışırlar sakitcə,

    Danışırlar təkbətək –

    Başqa cavanları da

    Başa salsınlar, gərək…

    – Mən, sən, o sakit dursaq,

    Kim çarə gəzər axı?

    Elin gücü bir olsa,

    Neyləyər bizə yağı?

    Danışdıqca Firidun

    Hiddəti coşur onun.

    Deyir: “Fəryadı birdi

    Burda şəhərin, kəndin.

    Bizdən ümid gözləyir,

    Doğma vətən, doğma el…

    Təkcə təhsil almaqla

    Dərdlər sağalan deyil…

    Gözlərdəki pərdəni

    Cırıb ataq bir yana.

    Azadlıqdan xoş nə var

    Bu dünyada insana?!

    Qoy təhsili qurtarım,

    Burda qalmaram, bir an.

    İntizarla gözləyir

    Yolumu Azərbaycan.

    Təbriz ümman kimidir,

    Dalğa-dalğanı aşır.

    Xalqın haqq-hesab günü

    Anbaan yaxınlaşır,

    Anam da yazıb: “Tez gəl,

    Bağımızı aldılar.

    Dəyirmanı yandırıb

    Yaman günə saldılar”.

    Yazıq anam, yazır ki,

    Gəlsən, pis keçməz bizə.

    Bilmir ki, mən birbaşa

    Getməliyəm Təbrizə.

    “Xavərno” qəzetində

    Gedib işləyəm gərək.

    Ana dildə məqalə –

    Necə səslənər görək?!

    Axı bizim dildə də

    Yaranıb neçə nəğmə.

    Füzuli, Vaqif, Möcüz

    Səs salıbdır aləmə.

    Qanun yazdı Xətai

    Doğma dilində fəqət,

    Şeirə, sənətkara

    Ürəyində məhəbbət.

    Firidun danışdıqca

    Qulaq asır dostları.

    Gündüzə yol axtarır

    Onlar bu gecə yarı…

    Arada neçə söhbət,

    Neçə-neçə söz olur,

    Kiminin fikri yanlış,

    Kiminin ki, düz olur.

    Danışır gənc tələbə,

    Tutulmuşdur bir qədər.

    Deyir: – Tətil etməklə

    Nə udacaq fəhlələr?

    Dünənki nümayişdə

    Neçəsi öldü nahaq.

    Zərər çəkən, əzilən

    Yenə yoxsuldur ancaq.

    Məncə, yaxşı olar ki,

    Ərzə yaza fəhlələr,

    Sahibkar da güzəştə

    Gedər, yəqin bir qədər.

    Nahaq qan axmaz daha,

    Ölməz arada fəhlə.

    Son qoyular bu qanlı,

    Vuruşlara, tətilə.

    Soruşur bir başqası:

    – Firidun, başa sal bir,

    Bəlkə bizim fikrimiz

    Kökündən düz deyildir?

    – Səhvdir, fikriniz, qardaş,

    Əranini oxuyun.

    Ondakı fikirləri

    Təhlil eləyin, duyun.

    Şüurun da silahı

    Mübariz bir kitabdır.

    Fəhlənin azadlığı,

    Haqq səsi, inqilabdır.

    Sahibkar bir gün keçər,

    Bir yol güzəştə gedər.

    Nə üçün mərhəmətlə

    Gün keçirtsin fəhlələr?

    İş onun, dəzgah onun,

    Qabarlı əllər onun,

    Torpaq üstə tökülən

    Puçur-puçur tər onun.

    Niyə o, xahiş etsin

    Ərzə yazsın hər səfər,

    Sahibkarın ürəyi

    Rəhmə gələ bir qədər?

    Kəndlinin də həyatı,

    Ömrü-günü qaradır.

    Əkir, biçir, ərbaba

    Xoş güzəran yaradır.

    Bəs o yazıq nə etsin,

    Odamı dözsün belə?

    Allahın hər əmrinə?!

    Qardaşlar, “Ajeri”də

    Oxuyun yaxşı, yaxşı,

    El gücü, el yumruğu

    Birləşsin zülmə qarşı.

    Dinləyir Firidunu

    Dostlar heyrət içində.

    Dan sökülür, ulduzlar

    Qalır zülmət içində.

    Ayrılıq və görüş

    Hüquq şöbəsini bitirdi bir gün,

    Firidun diplomu əziz saxladı.

    Ürəyində arzu, gözündə gülüş,

    Neçə yol diplomu açıb yoxladı.

    Tehran dəbdəbəli olsa da onu

    Bağlaya bilmədi özünə bir an.

    Yığdı şeylərini, bir məhəbbətlə

    Görüşüb ayrıldı yoldaşlarından.

    Qoca alimin də getdi yanına,

    – Kim bilir, bəlkə də görüşdük – dedi.

    Həyat təcrübəsi öyrədib axı –

    Bizim düşmənimiz, cəbhəmiz birdi.

    – Yəqin görüşərik, qoca alim də

    Əl tutub görüşür, tez Firidunla.

    Silib eynəyini, taxır gözünə,

    Qəhərdən titrəyir səsi az qala.

    Oğula tamarzı atalar kimi

    Öpür Firidunun alnından qoca.

    Eh, necə istərdi, oğul böyüdüb

    Dalınca baxaydı o da doyunca…

    Firidun ahəstə çıxır qapıdan,

    Üzündə, gözündə bir ümid yanır.

    Qalxır öz yerindən ağsaçlı alim

    Qapının önündə xeyli dayanır.

    Kövrəlir yenə də bu ayrılıqdan,

    Bir siqar yandırır məlal içində.

    Unudur özünü, yenə qərq olur

    Gah acı, gah şirin xəyal içində…

    ***

    Firidun Təbrizə gəlir bir səhər,

    İlk dəfə gördüyü bu gözəl şəhər

    Ona doğma gəlir, ona xoş gəlir,

    Vətən havasından ruhu dincəlir.

    Baxır binalara köhnə tanıştək,

    Geniş küçələri bir-bir keçərək,

    O, Ərk döngəsində bir otaq tutur,

    Bir çamadan qoyur, bir kiçik bağlı.

    Qonşu arvadları xeyli maraqlı:

    – Bəs şeylərin hanı?

    – Şeylərim? Budur!

    Firidun bağlını göstərib gülür.

    (Kasıbın dərdini kasıblar bilir).

    Qonşu utanaraq öz sualından

    Deyir ki: “Qəm yemə, ay cavan oğlan,

    Mən səndən kasıbam, düzünə baxsan.

    Sən hələ çox pullar qazanacaqsan.

    Nə ola, ömrünün sonu xoş gələ,

    Sən bir bağlamayla gəlmisən, ancaq –

    Nə var istəyirəm, nə də ki, otaq,

    Deyirəm, kaş, balam əliboş gələ.

    Fəqət gəlib çıxa…

    – Oğlun hardadır?

    Zalım əlindədir, bala, dardadır.

    Eh, nə deyim sənə, nəyi danışım,

    Çox bəlalar çəkmiş bu yazıq başım.

    Yollar yorğunusan, get dincəl indi,

    Dərdi söhbət etmək dərddən çətindi.

    Vaxt gələr, deyərəm. Kim bilir, bir də

    Çarə tapılarmı bu ağır dərdə?

    Bəlkə dövran döndü, zaman dəyişdi,

    Oğlum azad oldu, özü danışdı.

    Firidun tez qalxdı səhər yataqdan,

    Onun qulağına qonşu otaqdan

    Həzin bir səs gəldi, ağlamaq səsi –

    Yazıq bir ananın odlu nəfəsi,

    Elə bil qarsırdı daşı-divarı.

    Sonra da ananın hıçqırıqları

    İsti göz yaşında boğuldu birdən.

    Firidun sakitcə qalxaraq yerdən

    Asta addımlarla çıxdı həyətə.

    Ananı ağladan bu müsibətə

    Şərik olmaq üçün düşündü xeyli.

    Həyatdan, taledən belə gileyli

    Ana Firidunla durub üz-üzə

    Danışdı başından gəlib keçəni:

    – Bir zülm eləmiş ki, ağalar bizə,

    Mən neçə gündüzü, neçə gecəni

    Durub nəql eləsəm, qurtarmaz yenə –

    Biz kənddə olurduq, keçən il bu vaxt

    Bilmirəm, hardansa xanın evinə

    Yığılıb gəlmişdi bir dəstə qonaq.

    Ağanın nökəri gəzdi hər yanı,

    Kimin nəyi vardı, çəkib apardı.

    Bizim kişinin də qızışdı qanı,

    Bir qoyunun üstə haray qopardı.

    “Belə də zülm olar” dilində qaldı,

    Nökərin şallağı qalxdı havaya,

    Haraya dəydisə zol-zol qaraldı.

    Bir nəfər olmadı girsin araya,

    Mən ha yalvardımsa zalım baxmadı.

    Kişi bir dağ kimi qopdu yerindən

    O yıxılan oldu, bir də qalxmadı.

    Divana-dərəyə ərzə verdim mən,

    Oğlum da hakimin yanına getdi,

    Öz əlilə verdi ərizəmizi.

    Bir gör ki, hakim də axır nə etdi?

    Kənddən çıxartdırıb qovdurdu bizi.

    Yığışıb Təbrizə gəldik keçən qış,

    Sonra da oğlumu tutdurdu ağa.

    Dedi ki, bəhrəni yığıb aparmış…

    İndi üç aydır ki, tifil uşağa

    Təbriz zindanında əzab verirlər.

    Mənim də nə gecəm, nə gündüzüm var,

    Dil bilən adamım olsaydı əgər,

    Dərdimi bir yana çatdırardılar.

    Firidun dinmədi, xəyala daldı,

    Ananın halına yandı ürəyi.

    İstədi desin ki, əmr-mahaldı

    Bu dövlətin sənə ola köməyi.

    Ancaq danışmadı, nə desin indi?

    Ananın qəlbini ala bilmədi.

    Lal-dinməz oturub qala bilmədi,

    Keçib otağına dərhal geyindi,

    Firidun birbaşa getdi zindana.

    Rəislə görüşüb xeyli danışdı,

    Məhəl qoymadılar əvvəlcə ona.

    O bir vəkil kimi işə qarışdı,

    Sonra qanun-qayda gəldi araya.

    Eynəyin üstündən baxanda rəis

    Firidun duz səpdi təzə yaraya.

    Dedi: Nə zamandır bəs məhkəməniz?

    – Məhkəmə, məhkəmə… – rəis duruxdu –

    Dəqiq bilməyirəm, düzünü bilsən,

    Məhkəmə haqqında bir xəbər yoxdur.

    Adam göndərərəm arxanızca mən,

    Sizsiz məhkəməni keçirmərik, bil.

    Firidun hiss etdi bu kinayəni,

    – Buyurun, neçə ay, ya da neçə il

    Oturub gözləyək biz məhkəməni?

    – Bu bir az çətindir.

    Kəndin maliki

    Şikayət etmişdir:

    O ölən adam

    Xəstəymiş, bu kənddə hamı bilir ki,

    O öz əcəliylə ölmüşdür tamam.

    Odur ki, məhkəmə olmadan qabaq

    Qazıb çıxarsınlar gərək ölünü.

    Diqqətlə hamımız mərhuma baxaq

    Gərək o məhkəmə başlayan günü,

    Sonra da haqq ilə verilsin qərar…

    Firidun hirs ilə qalxdı yerindən:

    – Demək, hələ sizin nəqşəniz də var?

    Eyb etməz, yenə də gələcəyəm mən.

    Bəlkə məhkəmədə dustaqdan qabaq

    Haman o ölünü dindirəcəksiz?

    İndidən deyirəm, siz o gün ancaq

    Xalqı özünüzə güldürəcəksiz…

    Rəis eynəyinin üstündən baxdı,

    Hakimin dodağı qaçdı bir qədər.

    Düşündü, məktəbdən çıxmış uşaqdı,

    Deyərəm, “dərsini yaxşı” verərlər…

    Keçdi hadisədən bir həftə tamam,

    Firidun gəlmədi, iş bitdi demək.

    Bir səhər şəhərdə bir dəstə adam,

    “Xavərno” satırdı haray çəkərək:

    “Gəlin, təzə bəxər, nadir bir xəbər,

    Hakimlər ölünü dindirəcəklər…”

    Hamı maraqlandı, bu necə işdir?

    Ölü məhkəməyə necə gələcək?

    Gördülər ki, hakim özü demişdir:

    “Qazıb çıxarsınlar mərhumu gərək…”

    Xəbər dükan-dükan, küçəbəküçə

    Şəhəri dolandı, kəndə yollandı.

    Qəzet hökmdara gəlib yetincə

    Elə bil od tutdu, o, alovlandı.

    Qəzəblə zəng etdi rəisə haman:

    – Bir deyiniz görüm, bu necə işdir?

    İşin tərsliyindən elə bu zaman

    Firidun otağa təzə gəlmişdi.

    Rəis Firiduna baxıb yanakı,

    Özünü itirdi həycan içində.

    Nə “hə” deyə bildi, qorxdu, nə də ki,

    “Yox” söyləyə bildi. Duman içində,

    Bir sözlər danışdı mənasız tamam.

    Ostandar yarıda kəsdi sözünü:

    – Bəli, xidmətizə gələrəm axşam,

    Gəlib danışaram sizə düzünü…

    Burda Firidunun qaçdı dodağı,

    Qəzeti uzatdı rəisə sarı.

    Hakimin töküldü qaşı-qabağı,

    Dedi: – Oxumuşam tamam bunları.

    İndi vaxtım yoxdur, sabah gələrsən,

    Bəlkə imkan edib eşitdim səni!

    Firidun söylədi: – Gələcəyəm mən,

    Görək kim aparır bu məhkəməni? –

    Rəis eynəyinin silib tozunu,

    Baxdı Firiduna o, əyri-əyri.

    Zor ilə saxladı rəis özünü,

    Onu təhqir etmiş uşağın biri.

    Rəis dillənmədi, qəlbində fəqət

    Dedi: “Sabah yenə gələrsən, əlbət…”

    Ananın səsinə qalxıb yataqdan

    Firidun kədərli çıxdı otaqdan.

    Yenə ağlayırdı zavallı ana,

    Nahaqdan tutulmuş o tək oğluna.

    Əlac axtarırdı göydən, Tanrıdan,

    Deyirdi, kömək et, böyük Yaradan,

    Səndən istəyirəm oğlumu ancaq.

    O, çöldə dustaqdır, mən evdə dustaq.

    Firidun kədərli çıxdı otaqdan,

    Ananın sözləri onu bayaqdan

    Alıb aparmışdı. O öz-özünə

    Danışa-danışa gedirdi yenə.

    Deyirdi, dünyaya təzə gəlmişəm,

    Məktəb bir aləmdir, həyat bir aləm…

    Mən indi düşündüm, mən bildim indi

    Həyat imtahanı daha çətindi…

    Xəyal bir quş olub gəzir hər yanı,

    Keçib küçələri, baş xiyabanı,

    Gedir komitəyə Firidun dərhal,

    Ürəyində təlaş, üzündə sual.

    Görüşür dostlarla, ona deyirlər, –

    Rəis xəbər alıb səni bu səhər –

    Deyirmiş, xeyirdir, gəlsin həl-həlbət.

     – Xeyir olan işdə olmaz məsləhət.

    Firidun rəisin yanına gəlcək,

    Rəis yer göstərdi ona yanında.

    – Mən də alovluyam, elə sənintək,

    Ancaq elə alış, alovlananda

    Dostu da qarsmasın alovun, barı,

    Deyib dişlərini ağartmış ona.

    – Axşam başa saldım mən hökmdarı,

    Dedim ki, mərhumun yazıq oğluna

    Üç aydır əziyyət verilir nahaq,

    Əmr edin, bu səhər onu buraxaq.

    Sağ olsun, çıxmadı o da bu sözdən,

    Elə oradaca əmrini yazdı.

    Səhər də şad xəbər vermək üçün mən

    Səni axtarırdım…

    Bu da kağızdı,

    Göndərin, zindandan buraxsın dərhal.

    (Kağızı uzatdı ona hörmətlə)

    Bir də xahişim var, – unutma bizi…

    Firidun hakimə baxıb diqqətlə

    Dedi, – unutmaram xidmətinizi!..

    ***

    Şad xəbər bircə anda qanadlı quşa döndü,

    Məhəllədə tanış da, dost da, yaman sevindi.

    Bəxtikəm bir ananın güldü üzünə həyat,

    Yazıq arvad az qaldı çığırsın, ay camaat!

    Eşidin, agah olun, balam qurtardı dardan!

    Bircə iltimasım var indi pərvərdigardan:

    Bu ömrümü calasın Firidunun ömrünə,

    Gözümün işığını o qaytarıbdır mənə.

    Eh, qoysaydı neçə yol dolanardım başına,

    Görüm darda qalmasın ona süd verən ana…

    Ananın daxmasına tanış da, dost da gəldi,

    Ay Qızyetər, bir danış, bu nə təhər əməldi?

    Sirr-xudadır, düzü, heç belə də iş olar?

    – Hə, inanın, dünyada belə də igidlər var.

    Nə pul aldı, nə para, fəqət dadıma çatdı,

    Sanki yatmış bəxtimi öz əlilə oyatdı.

    – Sən allah, ay Qızyetər, bizi də tanıt ona,

    Balamı neçə aydır salıbdılar zindana.

    Varım, yoxum dağılıb, səbrim tükənib daha,

    Dilim qabar olubdur yalvarmaqdan Allaha…

    – Məni də tapşır ona. Bir tək qardaşım vardı,

    Onu təqsirsiz yerə polis gəlib apardı.

    Gərdənbəndim, güşvaram rüşvətə getdi tamam,

    Əl mənim, ətək sənin, ay xala, yalvarıram!

    Çatdır ərzi-halımı o cavan vəkilə sən,

    Qardaş dərdi yamandır, onu başa sal, denən.

    Ana böyük inamla hamıya ürək verdi,

    Dedi, ağır da olsa, gərək bütün bu dərdi

    Axşam gedib yanına özüm danışam bir-bir.

    Fəqət dərdi danışmaq dərd çəkməkdən çətindir.

    Onda olan insafa ürəkdən inanmışam,

    Sizin də ərzi-halı yetirərəm bu axşam.

    Hər kəsin ürəyində bir təsəlli oyandı,

    Ev-ev gəzdi Təbrizi cavan vəkilin adı…

    Tapşırıq

    Firqə komitəsinə

    Firidun getdi yenə.

    Görüşüb, danışdı o,

    Dostlarla dönə-dönə.

    Ona xəbər verdilər,

    Bir tapşırıq var təzə:

    Elə günü sabahdan

    Kəndləri gəzə-gəzə

    Torpaq haqda yazdığın

    Məqaləni başa sal.

    Kəndli yaxşı bilsin ki,

    Nə yuxudur, nə xəyal,

    Bu aydın həqiqətə

    Kəndli bir də inansın.

    Becərdiyi torpağın

    Özü ağası olsun,

    Keşiyində dayansın!..

    ***

    Firidun düşündü. Onu xəyallar

    Aldı qanadına, bir tərlan kimi.

    Nəyisə yadına saldı o, xeyli,

    Baxdı üfüqlərə nigaran kimi.

    Elə bil, bir anda dəyişdi dövran,

    Qurumuş ağaclar dirçəldi, qalxdı.

    İllərlə sükuta qərq olan Ərk də,

    Sanki Firidunla danışacaqdı.

    Doğma kəndlərində neçə il qabaq

    Sevdiyi İntizar yadına düşdü.

    Elə bil, qış vaxtı, şaxtalı gündə

    Bir sevdalı bahar yadına düşdü.

    ***

    – Yazıq qız, nə qədər həsrət çəkibdir…

    Yəqin, deyəcəkdir yenə gedirsən?

    Daha bilməyir ki, lap bu yaxında

    Onunla toyumu edəcəyəm mən.

    Sən ey saf məhəbbət, sənin yolunda

    Əzab çəkəndə də yorulmur ürək.

    (Sən ey saf məhəbbət, ömrüm uzunu

    Səni hər naşıdan qoruyum gərək.)

    Gedir asta-asta Firidun yenə,

    Gedir Şeşgilana, İntizargilə.

    Gedir, ürəyində düşünür, görən,

    Bu yolla nə qədər gedəcək hələ?..

    ***

    – Kimdir, qapı döyən?

    – Açınız, mənəm.

    – Bıy, sənsən, Firidun, di gəl içəri.

    – Yox, yox, işim vardır, yolüstü gəldim.

    Doldu İntizarın yenə gözləri.

    – Bəs işin var idi, niyə gəlirdin?

    Gəlibsən, keç evə, çörək ye, dincəl.

    – İntizar, doğrusu, səfər üstdəyəm,

    Sən keç təqsirimdən bu dəfə də gəl.

    Uzun hörüyünü barmaqlarına

    Dolayıb astadan dindi İntizar:

    – Lap məəttəl qalmışam, düzü, Firidun,

    Adam da bu qədər qürbətdə olar?

    – Nə qürbət, vətənin hər yeri birdir,

    Fəqət, ayrılığın məni incidir.

    – Demirsən mənim də…

    – Hə, de, utanma?

    – Nə deyim, gedirsən, yaxşı yol sənə.

    Qızın saçlarından öpür Firidun,

    Deyir, inanıram sədaqətinə,

    Bu son ayrılığın, son həsrətindir,

    Hər şey dəyişəcək yaxın zamanda.

    Lap el qaydasilə, el adətilə

    Səni evimizə aparram onda.

    İntizar qızardı.

    – Eh, sən də vallah, elə toy deyirsən,

    Toy niyə gərək?!

    – Toysuz da iş keçər? Anam əhd edib

    Ki, oğul toyunu ölməyək, görək.

    – Mənim də xanımım əhd eləyibdir,

    – Demək, düzələcək hər şey yaxında.

    Lap el qaydasilə, el adətilə

    Səni evimizə aparram onda.

    Bilirsən, kəndlilər qalxmış ayağa,

    Şəhərdə fəhlələr lap üzə durmuş,

    İntizar, sevgi də, puç olub gedər,

    Olmasa azadlıq, bir də qurtuluş.

    – Mən nə deyirəm ki, rast gəlsin işin,

    Bəlkə mən də sənə bir kömək edəm?

    – Hələ vaxta vardır, lazım olanda

    Səndən də köməklik istəyəcəyəm…

    Yadların əlində dağılır vətən,

    Onun hamımıza ehtiyacı var.

    Zülmətdən çıxmaqçün əzilən xalqın

    Fəqət bircə yolu, bir əlacı var:

    O da inqilabdır, bir də azadlıq.

    Bunu başa düşsün gərək hər adam.

    Bax, o gün İntizar, arxanca gəlib

    Səni də evmizə aparacağam…

    Əl tutub ayrıldı iki sevgili,

    Vüsalla ayrılıq durdu üz-üzə.

    Susdu hər ikisi, şirin xəyallar –

    Sanki qıfıl vurdu söhbətə-sözə…

    Bir anlıq baxışlar danışdı, dindi,

    Dil danışmayanı gözlər danışdı.

    Oxucum, yəqin ki, sevda çağları

    Mənimtək sənə də yaxşı tanışdı!

    İntizar qapıda durdu bir zaman,

    Baxdı Firidunun ardınca xeyli.

    Biz də arzu edək, gözəl bir gündə

    Kam alsın bu iki cavan sevgili…

    ***

    Səhər dan söküləndə,

    Qızaranda göy üzü,

    Firidun yola düşdü,

    Tərk elədi Təbrizi.

    Gah atla, gah piyada

    O, kəndlərə yollandı.

    Neçə yoxsul kəndlinin

    Evində qonaq qaldı.

    Başa saldı, torpağın

    Becərəndir ağası.

    Söylədi uçulacaq

    Zülm, əsarət dünyası.

    El bir olsa oynadar

    Öz yerindən dağı da.

    Birləşin, qoy məhv olsun

    Kəndxuda da, ağa da…

    Firidunun sözündən

    Cana gəldi kənd tamam,

    Oymaq-oymaq dolanıb,

    O danışdı hər axşam.

    Dünya görmüş bir qoca

    Söykənib ağacına

    Dinlədi Firidunu,

    Ah çəkdi yana-yana:

    Köhnə dərd təzələndi,

    Qocanı qəhər boğdu,

    Dedi: – Kənd əhli bilir,

    Kimim-kimsənəm yoxdu,

    Arvad aclıqdan öldü.

    Qaldıq qızım, bir də mən.

    Balama pay verərdim

    Pay olsaydı ömürdən.

    Eh, birtəhər böyütdüm,

    Dərdlərim də böyüdü.

    Yüz qıza dəyişmərəm

    Doğrusu, bir igidi.

    Onu qəmli görəndə

    Bağrımın başı yandı.

    Qıza gözəl olmaq da

    Kənd yerində yamandı.

    Hə, nə deyim, ay oğul,

    Nə təhər danışım mən?

    O son ümidimi də

    Ərbab aldı əlimdən.

    Sonra da eşitdim ki,

    Qızım yaman xəstədir.

    Bir səhər də dedilər:

    Narıngül can üstədir.

    Öz evimdə yas tutub

    Səhər-axşam ağladım.

    Həsrətini qəlbimdə

    Bir nişanə saxladım.

    Qadanı alım, oğul,

    Tez qurun haqq divanı,

    Ədalətlə ayırın

    Siz yaxşını, yamanı.

    Qoca xəyala dalır,

    Hamı susur bir anlıq.

    Barat dillənir birdən:

    – Eh cavanlıq, cavanlıq,

    Qayıtsaydın, nə dərdim,

    Mən də cavanlar kimi

    Bir silah götürərdim.

    – Qəm eləmə, ay əmi,

    Nə kövrəl, nə də ah çək.

    Sənin də əvəzində

    Bax, bunlar döyüşəcək, –

    Deyə, Firidun yenə

    Aram-aram danışır.

    Gecə keçir, kənd əhli

    Evinə dağılışır.

    – Bu gecə də Barata

    Qonaq olasan gərək.

    Nə olar, bu qocayla

    Kəsəsən bir duz-çörək.

    – Çox sağ olun, ay əmi,

    Sizə tabeyəm mən də.

    Yaxşı olar oyatsan

    Səhər dan söküləndə…

    Firidun qalxdı yerdən

    Sübhün lap erkən çağı.

    Barat kişi dilləndi:

    – Sənin kimi qonağı

    Allah öz imdadında

    Saxlasın, əziz bala!

    Düşməyəsən çətinə,

    Gəlməyəsən zavala.

    – Sağ ol, əmi can, sağ ol,

    Görüşərik biz yenə.

    Sən qəm etmə, darıxma,

    Qulluq elə özünə.

    Arzusunu çəkdiyin

    O dövranı gör, sən də.

    Təzə həyat gələcək

    Möhrə divarlı kəndə.

    Qoca güldü, Firidun

    Bağrına basdı onu,

    Yoxsul kəndistan haqda

    Düşündü yol uzunu.

    Təzə ev və təzə arzular

    Tərbiyət xiyabanı,

    Yaraşıqlı bir həyat.

    Firiduna vermişdir

    Onu Milli Hökumət.

    Həyətdə güllər açıb,

    Gözəl çarhovuz da var.

    Meyvədən başlarını

    Yerə əymiş ağaclar.

    Həyətin baş ucunda

    Çeşmə axır, ahəstə,

    Quşlar məclis düzəldib

    Tər budaqların üstə.

    Şəhər gəlinə bənzər,

    Örpəyi ağ buludlar.

    Sevinc yaşıyla yuyur

    Tellərini göy otlar.

    Əllərində çantası,

    Dillərində şən nəğmə

    Uşaqlar dəstə-dəstə

    Yollanırlar məktəbə…

    Var-gəl edir otaqda

    Odur, Firidun yenə.

    Əlindəki məktubu

    Oxumuş dönə-dönə.

    O, doğma sətirlərdən

    Yenə ayrıla bilmir.

    Onun qulaqlarına

    Elə bil ki, ananın

    Mehriban səsi gəlir:

    “Canım-ciyərim, oğlum!

    Şükürlər olsun ki, sən

    Xatirimə dəyməyib

    Bu bahar evlənirsən.

    Bacılarınla bahəm

    Gələcəyik Təbrizə.

    Yəqin sevdiyin qızı

    Göstərəcəksən bizə.

    Toyunu görsəydim bir

    Dünyada kam alardım.

    Ömrümün son vaxtında,

    Gəlinimlə qalardım.

    Körpə nəvənin üstə

    Nanə kimi əsərdim,

    Sən toy eyləyən günü

    Bir qurban da kəsərdim.

    Ancaq, el adətini

    Heç zaman unutma sən:

    Elçiliyə bacınla

    Özüm gedəm gərək mən.

    Salam, dua, öpürük

    Hamımız səni, oğlum!

    Məktubun cavabını

    Tez yaz, qurbanın olum”.

    ***

    Bir səhər də Fatmayla

    Qızları gəldi qonaq.

    Dostlarla, tanışlarla

    Doldu, boşaldı otaq.

    Ana plov dəmlədi,

    Bacılar döşədi miz,

    Süfrə qadın əlilə

    Oldu qar kimi təmiz.

    Astara matahından

    Bir bağlı da düzəldi, –

    O sovqat haman axşam,

    Gəlin evinə gəldi.

    ***

    Ana bir də düşündü,

    Ev təzədən döşəndi.

    Bacılar necə şəndi.

    Gəlin, biz də sevinək,

    Toy olacaqdır demək.

    Həqiqətmi, xəyaldı,

    Firidun üzük aldı.

    Bu ayna, bu da şaldı.

    Gəlin, biz də sevinək,

    Toy olacaqdır demək.

    Təzə güllər əkildi,

    Qəşəng talvar çəkildi.

    Bəy otağı tikildi,

    Gəlin, biz də sevinək,

    Toy olacaqdır demək.

    Ananın gülür üzü,

    Gülür arzusu, sözü,

    Toya çağırır bizi.

    Gəlin, dostlar, sevinək,

    Toy olacaqdır demək.

    Xalq məhkəməsi

    Səttarxan xiyabanı. Bura Filarmoniya.

    Cərgələr dolmuş, hələ ayaq üstə duran var.

    Gəlmişdir bu salona, heç ömründə gəlməyən,

    Gözüylə neçə zülmə şahid olan qocalar…

    Nə nümayiş olacaq, nə də konsert günüdür,

    Məhkəmə qurulubdur, nəğmə ucalan yerdən.

    Elə bir məhkəmə ki, dilimiz, adətimiz –

    Ürək açan nəğməmiz, zəncirlənməsin bir də!

    Gəlmiş evi dağılan, malı əllərdə gedən,

    Bir doyumluq çörəyə körpəsi möhtac qalan.

    Gəlmişdir, ömrü boyu taxıl əkib, becərən

    İl başı yenə borclu, yenə özü ac qalan.

    Gəlmiş kəndli, şəhərli, gəlməmək olarmı heç?!

    Xalq özü düşməninə hökm verəcək bu gün.

    Sən ey Milli Hökumət, ey doğma partiyamız,

    Hər addımda görünür qüdrətin, böyüklüyün.

    Səhnəyə daxil olur müddəyiümum, müstəntiq,

    İclasçılar, vəkillər, şahidlər əyləşir, bax:

    Hər nigaran ürəkdən bir səs ucalır indi –

    Bu gün heç görünməyən xalq divanı olacaq.

    O ortada əyləşən cavanı kim tanımır!

    Çiynində qara örtük, əyləşib miz başında.

    Neçə məna, neçə söz, neçə nisgil oxunur

    Onun alışıb yanan, qəzəbli baxışında.

    Yenə də hər günkü tək saçını yan daramış,

    Təbəssümü bir anlıq uçub getmişdir ancaq.

    Axı bu gün Firidun, haqqı kül olmuş xalqın,

    Bir də doğma yurdunun adından danışacaq!

    Canlanır gözlərində viran qalmış o kəndlər,

    Qoca Barat kişinin yanıqlı şikayəti.

    Canlanır gözlərində gəlinlərin, qızların,

    Oğulsuz anaların dağdan ağır möhnəti…

    Hakim zəngi basantək, gətirirlər məhbusu,

    Bu caniyə dikilir bütün baxışlar bir an.

    Başını yerə əyir, əynində hərbi forma,

    Vicdanı qan, əli qan, iblis görkəmli insan.

    ***

    Paqonundan bildiniz, sərhəng olmuş bu cənab,

    Zəngənənin zülmünə yer də, göy də ağlayıb.

    Vaxtsız ölən oğluna, vaxtsız ölən qızına

    Sinəsi dağlı vətən hər zaman yas saxlayıb.

    Kəndlinin dərisini soyudub bircə anda,

    Təki öz ağasına sadiq qalsın bu cənab.

    Min belə canilərin haqqını verir indi

    O Səttarxan bayraqlı, bahar səsli inqilab.

    Cani keçən günləri unuda biləydi kaş,

    Qara məchul kölgələr gözündən keçir yenə.

    Ayaqdan asdırdığı neçə kəndli elə bil

    Deyir, cavab ver, axı nə etmişdik biz sənə?

    Alnımızdan axan tər, əlimizin qabarı,

    Bir də könül qubarı artdı yenə, qaldıq ac.

    Qolumuz zəncirləndi, göylərə zülmət endi,

    Kim ucadan dilləndi, başına endi qırmanc.

    Qaradağın naləsi, Urmiyanın fəryadı

    Dönür bir uğultuya caninin qulağında.

    Axı, onun əmrilə talan oldu neçə ev,

    Süngüyə keçirildi körpələr qundağında…

    Başından çarğatını götürdü neçə ana,

    Onun ayaqlarına atdı, rəhmə gəl, – dedi.

    Bizi pənahsız qoyma, odlama daxmamızı,

    Onsuz da, başdan aşır yazıq kəndlinin dərdi.

    Cani keçən günləri unuda biləydi kaş,

    Tonqalda yanan kəndli gözlərində görünür.

    Axır nəfəsə qədər günahım nədir? – deyən

    O kəndlimi, yoxsa ki, kölgəsidir sürünür?

    Elə bil ki, kölgənin neçə-neçə əli var,

    Yapışır boğazından sərhəngi boğsun deyə.

    – Aman, səsi də çatmır, çağıra bəlkə, bəlkə,

    Tanışından, dostundan gəldi ona köməyə.

    Köksünə süngü enmiş körpənin son inqəsi,

    Bir də – can balam, – deyən gəlini salır yada.

    İndi məcburdur, gərək diqqətlə qulaq assın

    Bir vaxt nəşə aldığı o aha, o fəryada.

    İndi ah da, aman da səslənir qırmanc kimi,

    Sərhəngin gözlərində sürünür neçə kölgə.

    Yapışır boğazından, canini boğsun deyə,

    Düşmənlərin əlindən azad olmuş bir ölkə!

    Danışırlar şahidlər, vəkillər də aramla,

    Məhbus sərhəng qəzəbdən gəmirir dodağını.

    Eh, bilsəydi bir gündə məhv edib bu “türkləri”

    Torbada daşıdardı Azəri torpağını.

    Dilini, adətini lağa qoyduğu bir el

    Hökm çıxaracaqdır onun özünə indi.

    Yəqin onu da duydu bu sərhəng cənabları –

    Xalqın məhkəməsindən can qurtarmaq çətindi.

    ***

    Danışırlar şahidlər, danışırlar vəkillər,

    Məhbusa söz verilir, məhbus danışmır, fəqət.

    Donur damarında qan, deyir, bir az su verin,

    Nə danışsın, kim ona eləyəcək mərhəmət?!

    Danışır müddəyiümum, vüqarı dağdan ağır.

    Qanun məcəlləsini varaqlayır əlində.

    O danışır, sərhəngin dodaq büzüb, güldüyü

    İllərlə bağlı qalan Azərbaycan dilində.

    Ürəklərdə tələb, söz çevrilir uğultuya,

    Hamı təsdiq eləyir, cavanı bir ağızdan.

    Dünya görmüş bir qoca söz alıb deyir: – Bala,

    Xalqın hökmü böyükdür o əl boyda kağızdan.

    Firidunun üzünə qonur xəfif təbəssüm,

    Baxır qocaya, sonra yenə başlayır sözə:

    – Cənab sərhəng, eşidin, mənim xalqım, vətənim,

    Bir də ki, qanun yazıb ölüm hökmünü sizə.

    Salonda bir uğultu, salonda bir hərəkət,

    Məhbus-sərhəng qıvrılır yerində ilan kimi.

    Cərgə-cərgə əyləşən salondakı adamlar

    O donmuş gözlərində rəqs edir duman kimi.

    Salon seyrəlir artıq, səhnə boşalır tamam,

    Min illik bir ölüyə bənzəyir məhbus sərhəng.

    Zorla qalxıb ayağa çığırır dəli kimi,

    – Yox, yox, rəhmə gəlin bir, istəmirəm mən ölmək.

    Dünən gurlayan o səs gör necə də zəifdir.

    (Mərd insana yaraşıb mərd yaşamaq, mərd ölmək.)

    İki pasiban qalır, dağılır gedir hamı,

    Mən ölmək istəmirəm, – deyə çığırır sərhəng…

    El bayramı

    Günlər günü adladı,

    Həftələr aya döndü,

    Kəndlər, şəhərlər tamam

    Bayram donu geyindi.

    “21 Azər”ə

    Qız, gəlin nəğmə qoşdu,

    Axı o gün sevindi,

    Həsrət qəlblər qovuşdu.

    Bu bayrama hər kəsin

    Yadigar dəməti var,

    Kəndlinin, şəhərlinin

    Böyük məhəbbəti var.

    Hərə öz sənətindən

    Hazırlayır bir nişan.

    Uzun gecələrini

    Gözəl mahnılar qoşan

    Sənətkar da yatmayır,

    Yazır, gözəl bir nəğmə.

    Bir nəğmə ki, yurdunu

    Tanıtdıra aləmə.

    Hananın qarşısında

    Əyləşibdir bir ana.

    O, hədiyyə toxuyur

    Doğma Azərbaycana.

    Rənglərdən rəng seçir o,

    Calayır sapı-sapa.

    Düşünür bu xalçaya

    Gözəl bir ad da tapa…

    Savalanın qarını,

    Təbrizin baharını,

    Yurdunun vüqarını

    Göstərə biləydi kaş…

    Azadlığın dadını,

    Kəndlinin həyatını,

    Azad olmuş qadını

    Göstərə biləydi kaş.

    Ana rəngdən-rəng seçir,

    Calayır sapı-sapa.

    Düşünür bu xalçaya

    Gözəl bir ad da tapa…

    Kəndli öz torpağının

    Buğdasından, dənindən

    Deyir, Milli dövlətə

    Pay aparam gərək mən.

    Nənə corab toxuyur,

    Naxışlar, gözəl, təzə.

    O da yola salacaq

    Sovqatını Təbrizə.

    – Qadanızı alım mən,

    Deyin ki, Milli dövlət –

    Üşüsə corabları

    Geyinsin ha, həl-həlbət!

    Yununu öz əlimlə

    Darayıb, əyirmişəm.

    Hələ Milli dövlətə

    Neçə nəzir demişəm.

    Qadadan uzaq olsun,

    Zaval gəlməsin ona.

    Bir görsəydim, neçə yol

    Dolanardım başına…

    Qəfil yara və nigarançılıq

    Pozuldu ellərin bayram cəlalı,

    Tehran qoşun çəkdi Təbrizin üstə.

    Evlər talan oldu, neçə igidin

    Ömrü külə döndü soyuq məhbəsdə.

    Neçə məsum körpə beşikdə öldü,

    Onun bələyini boyadı al qan.

    Torpağı əlindən çıxmış kəndlilər

    Yenə də çöllərə düşdü acından…

    Çəkildi dağlara fədailər də,

    Təzədən ağ günə çıxmaq eşqinə.

    Gəldi vicdanını quruşa satan,

    Yaltaq həyat sürən satqınlar yenə…

    Arvad paltarında qaçıb gedənlər.

    Kişi paltarında qayıtdı indi.

    Ənlikli, kirşanlı, ürəksiz xanım

    “Ərim gəlib”, – deyə yaman sevindi.

    Əfsus, soruşmadı, ipək donumu

    Harada itirdin, harada saldın?!

    Hər gün bir şəkilə girməyin üçün

    Ağandan nə qədər sən bəxşiş aldın?..

    Qadın məclis qurdu, gəldi əfsərlər,

    Gəldilər sahibi-ixtiyar kimi.

    Xanım dəyişdikcə tez-tez yerini…

    Əri də gülürdü, yaltaqlar kimi.

    Elə haman axşam qəhqəhə səsi

    Fəryad səslərində itib gedirdi.

    Elə haman axşam qövr eləyirdi

    Vətən torpağının yarası, dərdi!

    Qəti qərar

    Aldım sorağını, gəldim dalınca,

    Məhbəsin önündə qaş qaralınca

    O qansız rəisi gözlədim xeyli,

    Könlümdə səninlə görüşmək meyli…

    Mən hər gün beləcə yol gedib gəldim,

    Nə yorulmaq bildim, nə də dincəldim.

    Fəqət söylədilər, səbr edib bir az,

    İcazə gəlincə görüşmək olmaz.

    Bu zindan yolunu ayaqdan saldım,

    Durub saatlarla qapıda qaldım.

    Bu qarlı, çovğunlu yollarda ancaq –

    Bir gəlin də gördüm, qəmli, utancaq.

    Əlində bağlama, başında örpək,

    Boylanır dörd yana, o, ürkək-ürkək.

    Gah qapıda durur, baxışı darda,

    Gah da yol gedir o, qarlı yollarda.

    Gəmisi batıbdır, sanki dənizdə,

    Dostlar, gəlin onu dindirək, biz də.

    Saçları pərişan, üzündə kədər,

    Kimin həsrətini çəkir bu qədər?

    Uzun kirpiyində yaş donur necə,

    Köksünü ötürür hərdən xəfifcə…

    Zərif barmağında bir üzük də var,

    Dəbdir, üzük taxar nişanlı qızlar…

    Yəqin tanıdınız, kimdir o qız da,

    Yol gedir, yol gəlir qarda, ayazda.

    Əfsus ki, ilk eşqi daşlara dəymiş,

    Bəlkə də söyləyir, bəxtim beləymiş.

    Bəlkə də söyləyir günahsızam mən,

    Alnıma bunları kim yazdı, görən?

    Bəlkə də inanmır bəxtə, taleyə

    “Arzusu kül olan tək mənəm?” deyə, –

    Ürəyi təskinlik tapır, kim bilir,

    Bu qarlı yolları hey gedir, gəlir.

    Bəlkə də, bəlkə də inanır ki, qız –

    Yəqin qalmayacaq başsız, pənahsız.

    Axı, Firidunun min-min dostu var!

    Deyin tək qalarmı, dostu olanlar?!

    Əlində bağlama, görkəmi məhzun,

    Qız yenə yol gedir, hey yorğun-yorğun…

    Kim bilir, kim bilir, məlal içində,

    Fikirlər, qəzəblə çırpınan ürək

    Bəlkə qərarını indi verəcək?!

    Bəli, verəcəkdir qərarını o,

    Pozmaz ilk əhdini, ilqarını o.

    Bildi ki, düşəcək çətinə, dara,

    O, qarlı yollarda gəldi qərara.

    Fəqət, ürəyində nisgil ağladı,

    O getdi, dərdini gizli saxladı.

    Görə bilməsə də sevgilisini,

    Söylədi Firidun, bəlkə də səni –

    Kim bilir, həbsdən kənarda gördüm?

    Qışda görməsəm də, baharda gördüm.

    Başında çal papaq, çiynində tüfəng,

    Həsrətə, möhnətə sinə gərərək,

    Cəbhədən-cəbhəyə adlayan gördüm?!

    Düşmənin bağrını odlayan gördüm.

    Fədai dostların arasında sən

    Gördüm aram-aram nitq eləyirsən,

    Harda olur-olsun, nə fərq, sevgilim,

    Yəqin ürəyimdə qalmaz nisgilim.

    Vətən torpağında görüşərik biz!

    Dildən-dilə gəzər məhəbbətimiz!

    Ömrün son səhifəsi

    Gün hələ rəqs edir şəhərin üstə,

    Qaranlıq, rütubət soyuq məhbəsdə

    Tanıya bildinmi, kimdir o cavan?

    Belə qəzəblidir, belə nigaran.

    Yenə saçlarını daramış yana,

    Bu qara kostyumu yaraşır ona.

    Təzə köynək geymiş, pambıq kimi ağ,

    Elə bil harasa gedəcək qonaq.

    Bığı səliqəylə vurulmuş yenə,

    Hələ müşk ətri də səpmiş üzünə.

    Çiçək də taxmışdır sol döşünə o,

    Bəlkə öz yarının görüşünə o,

    Beləcə geyinib getmiş həmişə?!

    Görkəmində vüqar, qəlbində nəşə,

    Bəlkə, universitetə, tələbələrlə

    Geyinib görüşə getmişdir belə?!

    Bəlkə, bu paltarda çıxarmış qərar,

    Önündə baş əymiş qansız ağalar.

    Novruz bayramında, gözəl baharda,

    El şənlik edəndə doğma diyarda

    Beləcə geyinib getmiş görüşə?!

    Görkəmində vüqar, qəlbində nəşə!

    Düşünür Firidun, düşünür dərin,

    Çəkmir barmaqlıqdan o, nəzərlərin.

    Vətən göylərinə həsrətlə baxır,

    Başında elə bil ildırım çaxır…

    Yenə taladılar Azərbaycanı,

    “Dost” deyə, qırdılar min-min insanı.

    Neçə qəhrəmanı dardan asdılar,

    Neçə ana qaldı sinəsi dağlı.

    Sürgün yollarının yolçusu oldu

    Neçə cavan gəlin, qolları bağlı.

    Düşünür anası nə edir görən,

    Bacısı, qardaşı indi sağmıdır?

    Bu nahaq qanların intiqamını

    Onlar düşmənlərdən alacaqmıdır?

    ***

    O, son qələbəni görürmüş kimi,

    Unudur ən ağır hökmü bir anda.

    Görür azadlığın bayraqlarını

    Necə dalğalanır Azərbaycanda…

    Ona ölüm hökmü vermiş yağılar,

    Yandı ürəyimin başı bu sözdən.

    Necə dilim gəlsin, necə deyim ki,

    Firidun əbədi ayrılır bizdən?!

    Onun son arzusu, onun son əhdi

    Heyrətə gətirmiş düşməni belə:

    Mənim kostyumumu, çəkmələrimi

    Gətirin – söyləmiş, o gülə-gülə…

    “Təəccüb etməyin, demiş, ağalar,

    Mənim adətimdir təmiz geyinmək.

    Bir də, deyirəm ki, dar ayağında

    El məni pərişan görməsin gərək”.

    Elini, yurdunu düşünən igid

    Bizim qəlbimizdə yurd saldı, getdi.

    Bir insan ömrünü başa vurmadı,

    Min insan ömrücə kam aldı, getdi.

    Qalxıb barmaqlıqdan baxır nigaran,

    Bir quş qanad çalır bəxtəvər, azad.

    Ömrünü ağ günə bəxş edən insan

    Sənin həsrətinlə gedir, ey həyat?!

    Sabah sönəcəkdir dan ulduzutək,

    Doğan günəşin də gözü dolacaq.

    Pərişan saçını açıb ahəstə.

    Cavanın üstünə kölgə salacaq…

    Fikirlər çağlayan ümmana bənzər,

    Qurtaran deyildir, bir an içində.

    Çəkilin, qoymayın siz ey fikirlər!

    Firidun qərq ola ümman içində.

    Cilovsuz at kimi nə olmuş belə,

    Gah lal durursunuz, gah çapırsınız?

    Fikirlər, bir məni agah eləyin,

    Dincliyi harada siz tapırsınız?

    Qanadlı quş olun, qalxın göyə siz,

    Bəlkə qəhrəmanım dincələ bir az.

    Onun ürəyini dinləyə Təbriz,

    Öz son laylasını oxuya Araz!

    Baxır barmaqlıqdan Firidun yenə,

    Hörür tellərini günəş də artıq,

    O mavi göylərin gen sinəsinə

    Ahəstə-ahəstə çökür qaranlıq…

    Firidun gözünü çəkmir səmadan,

    Bir quş qanad çalır bəxtəvər, azad.

    Ömrünü ağ günə bəxş edən insan

    Sənin həsrətinlə gedir, ey həyat!

    ***

    Pozur ağır sükutu

    Ayaq səsləri bu an.

    Qarışıq hənirti də

    Eşidilir yaxından.

    Zəncirlər cingildəyir,

    Boş dəhlizə düşür səs.

    Yəqin ki, bir-birini

    Qapıçı edir əvəz.

    Qapıya bir əl dəyir,

    Qıfıllar düşür səsə.

    Zindanbanla bir nəfər

    Daxil olur məhbəsə.

    Ayın zəif işığı

    Divarda rəqs edir, bax,

    Firidun tez düşünür:

    Kim ola bu yad qonaq?

    Geyimi səliqəli,

    Əlində, qələm, kağız,

    Süni bir təbəssüm var

    Dodağında qərarsız.

    Firidun danışmayır,

    Qonaq keçir qabağa,

    İrişib salam verir

    Fikrə getmiş dustağa.

    – Çox şadam bu görüşə,

    Nə təhərdir kefiniz?

    Kiməm, nəçiyəm yəqin

    Heç tanımırsınız siz?

    Burda mütərcim də var,

    O sizi başa salar,

    – Cənab mister, hazıram,

    Danışınız, nə olar.

    O, siz, ingiliscə də

    Bilirsiniz danışmaq?!

    – Hər cəhətdən münbitdir

    Doğulduğum bu torpaq.

    – Yaman diplomatsınız,

    Gözəl savadınız var.

    – Bəzən istedadını

    Pula satır adamlar.

    – Yanlış başa düşdünüz,

    Fikr edirəm, siz məni?

    – Siz gələndə hiss etdim

    Qəlbinizdən keçəni.

    – Yox, yox, siz nahaq yerə

    Ayrı fikrə düşməyin.

    Rica edirəm, mənə –

    Cənabsız mister deyin.

    Sadəcə bir müxbirəm,

    Amerikadan gəlmişəm.

    Məqalə yazmaq olmuş

    Əvvəldən işim, peşəm.

    – Müxbirlik çox yaxşıdır,

    Tanışam mən də, bir az.

    Fəqət, əsil müxbirə

    Yanlış yazmaq yaramaz!

    – Bəli, bəli, elədir,

    Tam şərikəm sizə mən.

    – Cənab, mister, bəs onda

    Əziyyət çəkib nədən –

    Amerikadan birbaşa

    Gəlibsiniz Təbrizə?!

    – Mən qəti söyləyirəm,

    Mister, bunlar nağıldı.

    Duymağı bacarsaydın,

    Qulaq asardın, yəqin,

    Həqiqəti ürəklər

    Danışardı səninçün!

    Deyirlər, xalqınız da

    Sizə inanmır daha?

    – Bizə inanmayıb bəs

    İnanacaqdır, yəqin

    Xana, bəyə allaha?

    – Yazır, sizin nə qədər

    Cilovlanıb ağlınız.

    Dumanların içində

    Keçir gənclik çağınız…

    – Cənab, bu nə deməkdir?

    Nəyə lazım təbliğat?!

    Yaxşı olar söhbəti

    Tamamlayaq bu saat?!

    – Elədir tamamlayaq,

    Sözünüz yoxsa əgər.

    – Kameranın havası

    Sıxdı sizi bir qədər…

    – Deyin, ölüm hökmünə

    Varmı etirazınız?

    – Mister, bu sözlərimi

    Diqqət ilə yazınız!

    Məni qorxutmadı düşmən hədəsi,

    Ürəyim çağladı, coşdu sinədə,

    Əgər olsam da həyatdan gedəsi,

    Anacaqdır məni ellər yenə də.

    ***

    Yenə yurdumda çiçəklər açacaq,

    Güləcək dərdli ürəklərdə dilək.

    Gün doğub yurduma nurlar saçacaq,

    Göy üzündən qara zülmət gedəcək.

    Ruhumu oxşayacaq yaz günəşi,

    Mənə layla çalacaq bir də Araz!

    Qatacaq nəğməsini, nəğmələrə,

    Qoyacaq son, bu ağır dərdə Araz!

    Yada baş əymədi odlar diyarı,

    Şöhrəti gəzdi nəsildən-nəsilə.

    Unudar doğma vətən ağrıları,

    Bil ki, haqq məhkəməsi bitmir hələ…

    Bu sözlərin altında

    Dağ da dözə bilməzdi.

    Qalsın ki, müxbir ola!

    Müxbir dəhşət içində

    Tez çəkildi dal-dala…

    Firidun acı-acı

    Gülümsündü bu hala.

    Cənab müxbir dinmədi,

    Əsdi əli, ayağı,

    Qorxu, heyrət içində

    Tərk elədi dustağı.

    Zəncirlər cingildədi,

    Qıfıllara düşdü səs.

    Sükut çökdü təzədən

    O qaranlıq məhbəsə…

    Ana görüşə gedir…

    Hava ilıq, səhər-səhər yel əsir,

    Novruzgülü bayraq açır yamacda.

    Bu gün nədən dil-dil ötən o quşlar

    Qəmli, qəmli əyləşmişdir ağacda?

    Kəsilmişdir həzin səsi çayların,

    Üstü yığıncaqlı, bulaq ağlayır.

    Düşmən göz yaşını görməsin deyə,

    Kövrəlir, ürəkdən torpaq ağlayır.

    Sənin kədərinə şərikəm mən də,

    Demək, tək qalmışam, ey ana Təbriz!

    Firidun yatıbdır, bəlkə yorğundur,

    Gəl susaq, qoymayaq oyana, Təbriz!

    Daha laylasını çalmır Araz da,

    Kəsmişdir o şirin, həzin nəğməni.

    Qorxur ki, dalğalar, şıltaq ləpələr

    Yuxudan oyada yatan körpəni.

    ***

    Fatmanın başında saçaqlı örpək,

    Əlində bağlama, gəlir Təbrizə.

    (Mən aslan ürəkli ana istərəm

    Bu dərdə tablaya, bu dərdə dözə!)

    ***

    “Tehran qarajı”ndan çıxır nigaran,

    Dalğın baxışları görən nə gəzir?!

    Yollanır Gülüstan bağına tərəf,

    Həsrət ürəyini fikirlər əzir.

    O, bir an Səttarxan xiyabanında

    Durub nəfəsini dərir ahəstə.

    O, məhbəs yoluna dönür, bilmir ki,

    Firidun balası yoxdur məhbəsdə?

    Ananın qəlbində dərd ümman kimi,

    Şəhərin sükutu onu da sıxır.

    Dalğın baxışları nə gəzir görən?!

    Fatma sağ-soluna çevrilib baxır.

    Uşaq da, böyük də keçir önündən,

    Eh, kimdir burada tanıyan onu?!

    Bu bayramqabağı uzun yol gəlib

    Təki görə bilsin əziz oğlunu!..

    Sezir üzlərdəki matəmi ana,

    Qopur ürəyindən kədərli bir ah…

    – Hifz elə hamının balasını sən,

    Mənim də balamı, ey adil Allah.

    Ananın önündən keçir adamlar,

    Sıxır ürəyini bir qorxu, təşviş.

    Düşünür, kim bilir, bəlkə şəhərdə

    Ən böyük, mötəbər bir adam ölmüş?!

    Yoxsa bu nə matəm, bu nə sükutdur?

    Ana dalğın-dalğın yol gedir yenə.

    Danışır qəlbində, dinir qəlbində,

    Arabir ürək də verir özünə.

    Uzaq yol gəlmişəm – deyib rəisə,

    Yalvarıb görüş də alaram, yəqin.

    Canım ölsün, bala, əziz bayramın

    Niyə məhbəslərdə keçir bəs sənin?

    Ananın qarşısında

    Neçə cavan əydi baş,

    Ana təlaşla dindi!

    – Dilim quruyaydı kaş.

    Bəlkə, bəlkə balamın

    Başında bir xata var?

    Siz onun dostusunuz

    Yəqin ki, ay cavanlar.

    Sizin də ananız var,

    Mən də anayam axı.

    Deyirlər, yaman olur

    Anaya oğul dağı.

    Dilim, ağzım qurusun,

    Gör nə çıxır dilimdən.

    Kömək edin, balamı

    Bəlkə görəm bu gün mən!

    Ananın qarşısında

    Analar da əydi baş…

    Fatma ah çəkdi birdən,

    Gözlərindən axdı yaş.

    Duydu ana ürəyi

    Öz təzə yarasını.

    Daha görməyəcəkdir

    Firidun balasını…

    Ürəyinin telləri

    İnlədi kaman kimi.

    Dərdlər başından aşdı,

    Çağlayan ümman kimi…

    Ana hamıdan qabaq

    Qəbristana yol aldı.

    Bir saatın içində

    Ana yüz il qocaldı!

    Təbriz əhli Fatmanın

    Arxasınca yeridi,

    Neçə möhlətkeş qarı,

    Neçə qoca yeridi…

    Məzar bir gül dənizi,

    Məzar çiçək dünyası,

    Yatır güllər içində

    Onun əziz balası.

    Fatma diz çöküb birdən

    Hönkür-hönkür ağladı.

    Çiçəkləri iyləyib

    Məzarı qucaqladı.

    Elə bil Firidunla

    Danışacaqdı indi.

    O, yatmış balasına

    Təzədən layla dedi:

    Yaman olur oğul dağı,

    Bağlı qaldı bəy otağı,

    Bu ömrümün qoca çağı

    Bir dərd tapdım təzə, ellər!

    Ata öldü sürgünlərdə,

    Axşamladım yaman yerdə,

    Üzüm gülməz mənim də,

    Canım qurban sizə, ellər.

    Mən də deyim bu fərağa

    Alışıram baxa-baxa.

    Sinəmdəki çarpaz dağa

    Dağ istərəm dözə, ellər!

    Güllərin yarpağına

    Göz yaşları töküldü.

    Günəş tab gətirməyib,

    Dağ dalına çəkildi.

    Ananın qollarından

    Yapışdı cavan, qoca,

    Bütün bir şəhər getdi,

    İndi onun dalınca.

    O keçdi küçələrdən,

    Şəhər qəzəb dünyası.

    Bu dalğalar içindən

    Qəhrəmanın anası

    Keçir, kədərlə keçir.

    Dünyanı başdan-başa

    Gəzə bilsəydi ana –

    Hörmətlə baş əyərdi

    Bütün yer üzü ona.

    Ana gedir təmkinlə,

    Gedir, yaralı şirtək,

    Dərdin ağırlığını

    Ürəyində çəkərək…

    Qəzəbdən qurumuşdur

    Üzündə göz yaşı da.

    Ana bilir, tufanlı

    Yollar durur qarşıda.

    Boğub hıçqırığını,

    Başını dik tutur o.

    Dərdini-nisgilini

    Bir anlıq unudur o.

    Xalqa tutub üzünü

    And içir ana kimi.

    Deyir: – Evdə oturub

    Qəmdən yanana kimi

    Sizinlə qalıram mən,

    Ürəyim deyir bunu.

    Dar gündə analar da

    Əvəz edər oğlunu!

    Bu torpaq məndən də çox

    Görüb övlad dağını.

    Mənə verin oğlumun

    Siz qanlı yarağını.

    Sabahkı haqq savaşda

    Mən sizdən ayrılmaram

    Dərin olsa da yaram.

    Qoy eşitsin səsimi

    Yer kürəsində hamı.

    Yamandır oğlu ölmüş

    Ananın intiqamı!

    Ana gedir, ardınca

    Min-min insanlar gedir.

    Düşmənlərin əlində

    Yanan bir diyar gedir.

    1959-62

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Xalq şairi Söhrab TAHİR.”Mən həm o tayınam, həm də bu tayın… “

    Öləndə…

    Öləndə kəfənim ikiqat olsun,
    Mən həm o tayınam, həm də bu tayın.
    Qoy bütün dünyaya belə yayılsın
    Öləndən sonra da birlik harayım.

    Öləndə kəfənim ikiqat olsun,
    Ruhum o taydadır, qəbrim bu tayda.
    Dözümlü xalqıma heykəl qoyulsun
    Ortadan qurumuş bir dəli çayda.

    Bir gün xalqım üçün şairləşəndə,
    Şair torpağıma quylanacağam.
    Vətən birləşəndə,
    Xalq birləşəndə
    Mən də öz qəbrimdən boylanacağam.

    Daha

    Dərdi dərd olmuşdur elin də mənə,
    Ağladım, bir naşı güləndə mənə,
    Heç kəs ağlamasın öləndə mənə,
    Mən heç vaxt, heç zaman ölmərəm daha!

    Azad qardaşım var, onunla xoşam,
    Mən gərək sahili sahilə qoşam,
    İki bölünməkdən elə qorxmuşam,
    Çöpü də ikiyə bölmərəm daha!

    Dənizlər, dəryalar mənə dayazdır,
    Ən dərin bir çay var, o da Arazdır.
    Mənə görüş verin, azadlıq azdır,
    Görüşsəm, ayrılmaq bilmərəm daha.

    Ömrümdən qürbətlər, yadlar qovulsun,
    Keçmişim yiyəsiz qaldı, qoy olsun!..
    Ancaq gələcəyim mənimki olsun,
    Mən onu ömrümdən silmərəm daha!

    Mənim səadətim hardasa itdi,
    O asan gəlmişdi, asan da getdi,
    Mənə nə etdisə səadət etdi,
    Bədbaxt səadətə gülmərəm daha!

    Qorxaqlar önümdə çöküb əyilsin,
    Vətənsiz vüqarım göyə dikəlsin;
    deyin azadlığa, ardımca gəlsin,
    Mən onun ardınca gəlmərəm daha.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Ədəbi tariximizdə və taleyimizdə Heydər Əliyev – Elnarə AKİMOVA

    Heydər Əliyev minillik dövlətçilik tariximizə milli məfkurəyə istinad edən ilk və yeni Azərbaycan dövlətinin qurucusu kimi daxil olmuş şəxsiyyətdir. O, əvvəl milli məfkurəni, sonra müstəqil dövləti yaratdı. Hakimiyyətdə olduğu bütün dönəmlərdə ədəbiyyatı nəinki iqtisadiyyatın, eləcə də siyasətin, gücün ayağına vermədi. Bütün fəaliyyəti dövründə ədəbiyyata, onun müxtəlif dövrlərində yaşayıb-yaratmış ədiblərinə qədirşünas mövqedən yanaşan Heydər Əliyevin rəhbər kimi özəlliyi bəlkə də elə buradan başlayır. Ədəbiyyatşünas alim Yaşar Qarayev “Müstəqillik dövrünün milli öndəri” məqaləsində yazır: “Tarix boyu həmişə dövlət və elm (sənət, poeziya…) həmin şüurun və yaddaşın keşiyində qoşa dayanıb. İngiltərə ali Kral Elm Qurumundan tutmuş Rusiyanın qədim imperiya akademiyasına qədər hər yerdə ali elm qurumlarını ən ali dövlət ərləri, ümummilli öndərlər hamiliyə götürüb. Lakin Mustafa Atatürkə qədər hələ heç kəs milli tarixdə və taledə tutduğu yerə, paya, çəkiyə görə elm-dövlət nisbətinə bu qədər aydın mövqe təsnifi, missiya, rol bölgüsü və modeli təqdim etməyib: “Dövlətin təməli-kültürdur”. Türk kültürü isə turkcədən başlayır. Dövlətçilikdə “kültür və dil” konsepsiyası bu tamlıqda və bütövlükdə öz ifadəsini bizim zəmanədə Heydər Əliyevin əməlində və işində tapır”.

    Heydər Əliyevin poeziyaya, şeirə, sənətə olan sevgisi yalnız təzahür olaraq hasilə gəlmir, konsepsiya, təlim səviyyəsində gerçəkləşir. Ümummilli lider xalqı və dövləti qorumağın, uca tutmağın, onun milli kimlik və mənlik qürurunun gizləndiyi, ehtiva olunduğu məqamların nələrdə, hansı dəyərlərdə ehtiva olunduğunu bilirdi. “Ən çox sevdiyin şair kimdir?” sualına Şəhriyar, ən çox sevdiyin şeir hansıdır” sualına isə Səməd Vurğunun “Azərbaycan” şeiri deyə cavab vermişdir. Əslində, onların hər ikisi böyük öndər üçün Azərbaycan demək idi. Onun Şəhriyar sevgisi də, Səməd Vurğunun “Azərbaycan” şeirinə kövrəlib ağlaması da, Hüseyn Cavidin nəşinin vətənə qaytarılma fədakarlığı, onlarla sənətkarımıza qoydurduğu abidələr, keçirtdiyi yubiley tədbirlərinin də əsas xətti millətə yönəlik olan sevginin gücünə söykənirdi: “Heydər Əliyev Azərbaycanın gücüdür. Rəmz və əks deyil. Gücün özüdür. Azərbaycanı azərbaycanlıların ixtiyarına verən və Azərbaycan xalqı “öz taleyinin sahibidir” – deyən ilk böyük dövlət xadimimizdir Heydər Əliyev. Ona qədər Azərbaycan tarixində belə bir siyasi kontekstin olmadığı hər kəsə bəllidir” (Azər Turan).

    1970-ci illərdə Moskva siyasi dairələrində kifayət qədər nüfuz sahibi olan Heydər Əliyev bu nüfuzdan xalqının milli kimliyinin və müəyyənliyinin  dərki üçün yararlandı. Bütün siyasi fəaliyyəti boyu əsas diqqətini xalqın tarixi şəxsiyyətlərinin yaradıcılığının poetik dövriyyəyə gətirilməsinə, yaddaş faktına çevrilməsinə, milli genefondun varlıq göstəriciləri olmaları işinə sərf elədi. N.Gəncəvinin, İ.Nəsiminin, M.P.Vaqifin, M.Ş.Vazehin, N.Nərimanovun heykəllərinin qoyulması, onların irsini dirçəltmək imkanları ağlasığmaz əzmkarlıqdan hasilə gəlirdi və siyasi lider olaraq Heydər Əliyevin bütün fəaliyyətinin prioritet istiqamətini təşkil edirdi. Əbəs deyil ki, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəldiyi 90-ci illərdə ondan bəhs edilən məqamlar məhz liderin hakimiyyət dövrünün birinci mərhələsindəki quruculuq proseslərinə dayaqlanırdı. 

    Sovet epoxası daxilində Heydər Əliyevin üzünü yaddaşa çevirən tarixə – özündə xalqın milli kodunu və möhürünü əbədiləşdirən söz sənətinə tutması ilk növbədə, onda çağdaşlıq faktı aramaq, bu yolla ədəbi prosesə, yeni düşüncəyə təsir etmək niyyətindən irəli gəlirdi. Xalqın milli dəyərlərinin dirçəlişindən başlayırdı Heydər Əliyev və bu istiqamətdə seçdiyi hədəflər, ünvanlar da dəqiq, çəkili və sərrast idi. Böyük sənət abidələri, böyük söz ustadları, böyük söz sərrafları… Heydər Əliyevin Cənub ədəbiyyatı mövzusuna həssaslığının mayası da bu amaldan nəşət tapırdı. Onun təşəbbüsü ilə Yazıçılar İttifaqında Cənubi Azərbaycan ədəbiyyatına yeni münasibət formalaşdı, bu işlərə istiqamət vermək birlikdə Balaş Azəroğluya həvalə edildi.  Eləcə də ilk dəfə olaraq Cənubi Azərbaycan ədəbiyyatı araşdırma mərkəzinin təməlini qoydu Heydər Əliyev. O da maraqlı faktdır ki, Heydər Əliyev haqqında ilk şeiri Səhənddən oxuyuruq. Sair Bulud Qaraçörlü Səhəndin (1927-1979) 1974-cü ildə Heydər Əliyevə ünvanladığı “Elimin dayağı, yurdumun fəxri Heydər müəllimə” adlanan şeiri məktub formasında yazılıb:

    İstərdim Bakıda SƏN də olaydın.

    Hamıdan dinlərkən vəsfini Sənin,

    Heyf ki, görüşmək qismət olmadı.

    Bisütunlar çapdım mən Fərhad təkin,

    Ancaq ki, su gəlib arxa dolmadı.

    Mən istərdim doğma bir qardaş kimi

    Oturub, əyləşib danışam Sənlə

    Bir məsləkdaş kimi, bir yoldaş kimi

    Söz-söhbət açaydım ana Vətəndən.

    Hakimiyyətdə olduğu zaman kəsimlərində Heydər Əliyev Azərbaycanın mənəvi reallığı üçün böyük siyasətçi, dövlət adamı olaraq həm də ədəbiyyatlaşan obrazı ilə göz önünə gəlir. Bu obraz ədəbiyyat üçün konkret nəyi ifadə edir? İlk növbədə, ədəbiyyata, poeziyaya sevgini. Onun çıxışlarında milli ədəbiyyatımızı gərəyincə bütöv duyub anlamaq səriştəsi vardı, prosesə yanaşma strategiyası düzgün idi,  bəhs etdiyi mövzularda problemlərin dərkini səmtləndirə bilirdi. Və ən əsası, Azərbaycan ədəbiyyatı haqqında öz anlayışı, müşahidəsi, elmi qənaətləri olan bir şəxsin prosesə konseptual yanaşmadan hasilə gələn məntiqi ehtiva olunurdu… Heydər Əliyev eyni zamanda ədəbiyyatda, poeziyada milli ahəng yaratmaqla bahəm ümumbəşəri dəyərləri bir müstəviyə gətirmək kimi siyasi prizmadan çıxış edirdi. Çünki bilirdi, hamını bir yerə toplayan bir ünvan var: Ədəbiyyat!

    Bu mənada 1980-cı ilin 27-31 oktyabrında “Ədəbiyyatların dostluğu – xalqların dostluğudur” adı ilə keçirilən yazıçıların Umumittifaq konfransında Heydər Əliyevin bütün dünyanı Bakıya cəm etməsi, onu hamı üçün Vətənə – ədəbi-bədii fikir məbədinə çevirməsi daha bir ali niyyətin göstərisi idi: “Məhz həmin konfransdakı nitqi ilə Heydər Əliyev etnos-millət-bəşəriyyət bağlılığının harmoniyasına yeni istiqamətdə aydınlıq gətirdi. O, sadəcə, nitq söyləmədi, şərq-Azərbaycan mədəniyyətinin mədəni dünya üçün nadir sərvət olduğunu, mənəvi missiya daşıdığını qonaqlara məharətlə aşıladı. M.F.Axundovun “Şərq poeması”ndan, Səməd Vurğunun “Zamanın bayraqdarı” əsərindən parçalar söylədi – həm azərbaycanca, həm də rusca.  Vyaçeslav Sukaçev, Aleksandr Smerdov, Vasili Bıkov, Aqniya Barto, Zoya Kedrina, kubalı və hindistanlı qonaqlar salondakı təntənəli sükutdan, tükənməz alqışlardan heyrətə düşmüşdülər. Yanaşı əyləşdiyim hindistanlı yazıçı Prakaş Bharti çətin danışdığı rus dilində mənə qəribə sual verdi:

    – Vaş rukovoditel poet ili prozaik?

    Qonaq, ölkə rəhbərinin yazıçı olduğuna tam inanmışdı, indi isə onun hansı janrda yazıb-yaratdığını bilmək istəyirdi.

    Heydər Əliyevdən sonra çıxış edən SSRİ Yazıçılar İttifaqının sədri Georgi Markov, daha sonra Rəsul Həmzətov, David Kuqultinov Heydər Əliyevin düşüncə, ümumiləşdirmə və natiqlik mədəniyyətindən fövqəladə məhəbbətlə danışdılar” (İmamverdi Əbilov).

    Bu konfrans Azərbaycanın beynəlxalq aləmə çıxışında, dünyaya tanıdılmasında, onunla başqa dövlətlərin arasında, çoxcəhətli elmi-ədəbi, mədəni əlaqələrin inkişafında böyük önəm daşıyırdı. 

    Heydər Əliyev epoxasında yaşayıb-yaradan şair və yazıçılar birmənalı şəkildə böyük lideri ədəbiyyatın hamisi sayır, Heydər Əliyevin siyasətdən başqa bir də ədəbiyyatlaşan obrazını fakt olaraq etiraf edirdilər:

    “Bu imkanı bizə Heydər Əliyev yaratmışdı və onun dəstəyini, yardımını, başqa nəsildaşlarım kimi mən də daima hiss eləmişəm” – bu sözləri Anar 18 may 1998-ci ildə “Ədəbiyyat qəzeti”ndə çap etdirdiyi “Şəxsiyyətin miqyası” adlı məqaləsində yazır.

    Elçinin 1995-ci ildə qələmə aldığı “Tarixlə üz-üzə dayanmış adam” məqaləsində oxuyuruq: “…altmışıncı illərdə ədəbiyyata gəlmiş ədəbi nəslin bir qələm sahibi kimi formalaşması yetmişinci illərə təsadüf etdi və bütün bu illərdə Azərbaycan ədəbiyyatı və ümumiyyətlə, Azərbaycan mədəniyyəti ilə bilavasitə Heydər Əliyev arasında mənəvi və mən deyərdim ki, məhrəmanə bir körpü yarandı.

    İsmayıl Şıxlının çıxışlarında Heydər Əliyevin ədəbiyyat sevgisinə heyrəti yer alır: “Heydər Əliyev yoldaşın bizə, Azərbaycan yazıçılarına, klassik irsimizə xüsusi qayğı ilə yanaşması, Nizami, Mirzə Şəfi irsinin öyrənilməsinə, Nəsimi, S.Vurğun kimi sənət ustalarımızın geniş yubileylərinin keçirilməsinə xüsusi əhəmiyyət verməsi bizi sevindirməyə bilməz”.

    Heydər Əliyev bu qayğı və diqqətini elə sovet imperiyasının daxilində – ən yüksək postda əyləşərək, ən əzəmətli kürsüləri bölüşərək, ən mötəbər tribunalardan səslənərək gerçəkləşdirirdi. 

    1970-ci illərdə ümumən respublikamızda klassik mədəni irsimizin öyrənilməsi baxımından tamamilə yeni mərhələ başladı. Həmin mərhələ bilavasitə xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. “Kitabi Dədə Qorqud”, böyük Azərbaycan şairi İmadəddin Nəsimi ilə bağlı Heydər Əliyevin gerçəkləşdirdiyi işlər bu abidələrin yeni təfəkkür qatına, milli şüur və yaddaşa bədii-estetik çalar qatmasını izləməyə imkan verir. Həmin vaxta qədər Nəsimi “Divan”ı yalnız bir dəfə, görkəmli ədəbiyyatşünas Salman Mümtaz tərəfindən, 1926-cı ildə ərəb əlifbası ilə çap olunmuşdu.. Heydər Əliyevin sərəncamı əsasında 1973-cü ilin 13 sentyabrında İmadəddin Nəsiminin 600 illik yubileyi keçirildi. Elə həmin il Həmid Araslının tərtibatı ilə Nəsiminin divanı çap olundu. Bütün ölkə Nəsimi əhval-ruhiyyəsində oldu, şairin şəkli həmin dövrdə çap olunan bütün ölkə qəzetlərinin loqosuna çevrildi. Şairin əsərləri ingilis və fransız dillərinə tərcümə edildi, haqqında xarici ölkələrin və beynəlxalq təşkilatların mətbuat orqanlarında bir neçə məqalə çap olundu. YUNESKO-nun “Kuryer” jurnalında Nəsimi haqqında məqalə dərc edildi. Heydər Əliyev Nəsiminin yubileyinin təkcə Bakıda deyil, Moskvada da keçirilməsinə nail oldu. 1980-ci ilın fevral ayında Bakının mərkəzi parklarından birində Nəsiminin abidəsi qoyuldu və heykəlin açılış mərasimində şəxsən özü iştirak etdi. Beləcə, sovet ideologiyasının birbaşa marağında olduğu Nəsimini milli ədəbi-tarixi yaddaşdan çıxdaş etmək niyyətinin qarşısı böyük siyasətçi tərəfindən alındı.

    Böyük Azərbaycan şairi  Nizami Gəncəvinin irsinə də Heydər Əliyev münasibəti konseptual səciyyə daşıyırdı. 1981-ci ilin avqust ayında Nizami Gəncəvinin anadan olmasının 840 illiyi haqqında qərar isə nizamişünaslıqda əsaslı dönüş yaratmışdır. Bu məqamla bağlı X.R.Ulutürkün “Gündəliy”ində əhəmiyyətli bir epizod yer alır: “Xəmsə” yaradıcısının anadan olmasının 840 illiyi bayramı keçiriləndə böyük qazax şairi Oljas Süleymenovun verdiyi sual yadımdadır:

    – Ustad, axı 840 yuvarlaq rəqəm deyil, niyə tələsirsiniz?

    – Tələsməyimiz əbəs deyil. Biz Nizami ilə bəşəriyyəti qovuşdurmağa tələsirik. Nizami elə bir sənətkardır, elə bir dahidir ki, hər il bayramını keçirməyə dəyər”.

    Yaxud 1982-ci ilin 15 yanvarında Şuşada M.P.Vaqif məqbərəsinin açılışı Heydər Əliyev üçün əbədiləşən tarixi yaddaş baxımından əhəmiyyətli idi.

    Heydər Əliyevin üzərinə düşən missiya çətin idi. O, fəaliyyətinə qırılmış xəttin, güdaza verilmiş dəyərlərin, itirilən meyarların bərpası kontekstində başladı.  “Dissident siyasəti”! Heydər Əliyevin 1969-1982-ci illər ərzindəki fəaliyyətini bu iki sözün birləşməsi uğurlu və dəqiq ifadə edir. Azərbaycanın dəyərlərini ona tanıtdırmaq və 1937-ci ildə ziyalılığın sındırılmış vüqarını dirçəltmək, reabilitasiya etmək Heydər Əliyev diplomatiyasının çıxış nöqtəsini təşkil etmişdir. 

    Hakimiyyətinin birinci dönəmində Heydər Əliyevin irəli sürdüyü nəzəri-ideoloji prinsiplərin şairlərin yaradıcılığına bilavasitə təsiri olmuşdur. Şairlər, yaradıcı adamlarla tez-tez görüşən Heydər Əliyevin onlarla ünsiyyət zamanı səsləndirdiyi hər hansı fikirlər şairlər üçün enerji və güc mənbəyinə çevrilmiş, impuls yaradan qüvvə olmuşdur. Məsələn, B.Vahabzadə, X.R.Ulutürk, M.Araz poeziyasının həyəcan, çağırışa köklənən üslubu Heydər Əliyev siyasətinin poeziyaya qazandırdığı cəsarət ruhu üzərində qərar tuturdu. Milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində bu şairlərin böyük rolu olmuşdur. Həmçinin tarixi-mədəni dəyərlərə ehtiram və ana dilinin saflığının qorunması onların fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edirdi.

    Heydər Əliyev yalnız qorumurdu, yalnız himayə etmirdi, yalnız cəsarət aşılamırdı. O, həm də sahib çıxmağı bacarırdı. Gücünün yetdiyi qədər milli-mənəvi dəyərlərin qorunmasına çaba göstərirdi. Bu barədə əlbəttə, kifayət qədər təcrübə və bacarıq sahibi idi, amma onlarla bahəm (və daha əsas!) millətinə və xalqına can yanğısı vardı. Böyük şairimiz Məhəmməd Füzuli ilə bağlı Heydər Əliyevin qatlaşdığı çətinliklər və onun bu istiqamətdə əzmkar fəaliyyəti fikirlərimizə əyani sübutdur…

    Heydər Əliyev siyasətinin dissident ruhu 1982-ci ildə daha bir gözlənilməz hadisə ilə nəhayətsiz miqyas aldı. Böyük Azərbaycan şairi Hüseyn Cavidin nəşinin Sibir çöllərindən vətənə gətirilməsi haqda sərəncam verdi Heydər Əliyev. Bu hadisəni Heydər Əliyevin siyasi fəaliyyətinin şah əsəri saymaq olar. Axı söhbət 1937-ci ilin repressiya dalğasının güdaza verdiyi faciə qəhrəmanından gedirdi. 1982-ci il, sovet dövrü hələ bitməmişdi, heç buna işarələr belə yox idi… Heydər Əliyev bu addımı ilə gerçəyi qorxulardan önə çıxartdı, Cavidin nəşini vətənə qaytarmaqla  elə ilk növbədə, qorxunun üzərindəki örtüyü götürüb atmağa müvəffəq oldu.

    Heydər Əliyev – milli ədəbiyyatımızın şərəfli tarixidir, faktıdır, əhəmiyyətli və gərəkli məxəzidir. Bu məxəz bütün estetik ruh halı ilə fərqli duyumun, fərqli yaşamın şəklidi. 

    ***

    1980-ci illər… Heydər Əliyev hakimiyyətdən uzaqlaşdırıldı. Meydanda isə 1970-1980-ci illərin – Heydər Əliyev zamanının reallaşdırdığı gerçəklər sırası vardı. Ölkə və xalq adına görülən nəhayətsiz əməllərin özülünün qoyulduğu mərhələ vardı. Hamının və hər kəsin vurğulayacağı bu gerçəyin üzərinə tarix yenidən qayıdacaqdı. Çünki 1970-1980-ci illər Azərbaycan ədəbiyyatı Heydər Əliyevin müəyyənləşdirdiyi əxlaqi-milli-mədəni aktın  ilhamçısı və icraçısıdır. Cari prosesin, yazılan əsərlərin, bütöv ədəbi hərəkatın ideya zəmini rolunda çıxış edən aparıcı simadır Heydər Əliyev. 

    Heydər Əliyevin siyasətini istiqlal sözü ilə bir müstəviyə qoyub elə eyni müstəvidə “İstiqlal poeziyası” deyilən bir təsnifatı dövriyyəyə gətirmək mümkündür. Daha sonra isə milli müstəqillik kimi tarixi nailiyyətimizi. Önəmli faktdır ki, 1995-ci ildə Heydər Əliyevin sərəncamı ilə ilk dəfə olaraq “İstiqlal” ordeni təsis olunur və bu ordenə üç şair – Xəlil Rza Ulutürk (ölümündən sonra), Məmməd Araz, Bəxtiyar Vahabzadə layiq görülür. 

    1990-cı illərdə də Heydər Əliyevin siyasətçi kimi gücü əvvəlki inadla millətin yaddaş kultuna sədaqətinin bərpa edilməsi məsələsinə həssas yanaşmasındaydı. Dahi şairimiz Məhəmməd Füzulinin 500, Mirzə Cəlilin 128, ilk möhtəşəm söz abidəmiz olan “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinin elmi ictimaiyyət tərəfindən beynəlxalq səviyyədə keçirilməsi ədəbi irsə layiqli münasibətin izharına ən yaxşı nümunə olmaqla yanaşı, dövlət başçısının hansı məsələlərdə dəstək aradığını, mənəvi ülfət tapdığını bəlli edirdi. 

    Məhəmməd Füzulinin bütün əsərləri (külliyyatı) altı cilddə nəşr edildi. Haqqında sanballı elmi monoqrafiyalar, tədqiqat əsərləri ortaya qoyuldu. Yubileyi həm Azərbaycanda, həm  bütün türk-islam aləmində, həm də Rusiya və Avropada böyük təntənə ilə keçirildi.

    Yaradıcılıq aləminə yeni istedadlı müəlliflərin gəlməsində rol oynayan, sonradan maddi çatışmazlıqlar ucbatından uzun fasilələrlə işıq üzü görən, hətta bağlanmaq təhlükəsi ilə üz-üzə duran ədəbi orqanların: “Azərbaycan”, “Literaturnı Azərbaycan”, “Ulduz”, “Qobustan” jurnallarının və “Ədəbiyyat qəzeti”nin ölkə prezidentinin xüsusi qərarı ilə müntəzəm surətdə ölkənin dövlət büdcəsindən maliyyələşdirilməsi ədəbi prosesin gəlişməsində əsaslı rol oynadı.

    Heydər Əliyevə həsr olunan bütün mətnlərdə eyni obrazla qarşılaşırıq: xilaskar, mətin, dahi insan, millət və xalq fədaisi, bütün varlığı ilə dövlətinə bağlı olan şəxsiyyət  və s. və i.a.  Bu obrazı Heydər Əliyev özü öz ömür bioqrafiyası ilə yaratmışdır. Ona görə hansı rakursdan yanaşılsa, hansı səviyyədə bədii təcəssümün predmetinə çevrilsə belə sonda gözlərimiz önündə böyük əqidə və amal daşıyıcısı olan eyni Obraz canlanır. Tərcümeyi-halını məsləkinin ifadəsinə çevirmiş Heydər Əliyev obrazı…

    Heydər Əliyevə həsr olunan bütün əsərlər, əslində, bir məqama israrlıdır: Heydər Əliyev tarixdə qalıcı şəxsiyyətdir. Öyünə biləcəyimiz TƏKlərdəndir!

    ***

    Biz ümumilli liderin vətən, yurd, xalq adına gördüyü nəhayətsiz əməllərdən bəhs etdik. Amma Heydər Əliyevin ən dəyərli əsərlərindən biri Azərbaycan Prezidenti İlham Əliyevdir. Heydər Əliyevin uğurlu siyasi kursunun bariz örnəyi!

    Bu gün Heydər Əliyev həm də İlham Əliyevin simasında yaşayır, əbədi davam edən tarixə çevrilir. Təsadüfi deyil ki, çağdaş dövrümüzdə İlham Əliyevə həsr olunan əsərlər ilkin olaraq Heydər Əliyev obrazını içindən keçirməli olurlar:

    Ulu öndər özü kimi inandığı bir varisə

    Güvənərək, bir inamla demədimi illər qabaq:

    “Azərbaycan günəş kimi Yer üzünə saçılacaq!”

    Odlar yurdu, nur saçırsan,

                qaranlıqlar gendən keçir,

    Avropanın gələcəyə addımları səndən keçir!

    Arzu Əsədov

    ***

    Heydər Əliyev həm də sözümüzün “yaddaş sirri”dir. O, dövlətin rəmzinə çevrilmiş ilk siyasi lider oldu və kifayət qədər ibrətamizdir ki, belə bir hadisə Azərbaycan tarixində ilk dəfəydi ki, baş verirdi. Belə hadisələri isə tarix sonradan təshih etmir. Çünki yüzillər keçəndən sonra tarix daha çox həqiqətin dilində danışır. Heydər Əliyev Azərbaycanın siyasət dilini dünyaya təlim edən ilk azərbaycanlı oldu. Bu mənada, yüzillər keçəndən sonra da tarix Azərbaycan barədə qurucunun, baninin, ümummilli liderin, yəni Heydər Əliyevin üslubunda danışacaq.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Heydər Əliyevin Cənubi Azərbaycan sevgisi və ağrısı – Elnarə AKİMOVA

    hamıdan dinlərkən vəsfini Sənin…

    B.Q.Səhənd

    Ümummilli lider, böyük dövlət xadimi Heydər Əliyevin tariximizin bütün mərhələsində atdığı addımlar taleyüklü məsələləri ehtiva edir. O, hər zaman, hər dövrdə gördüyü işlərə xalqın milli dəyərlərinin dirçəlişindən başladı və bu istiqamətdə seçdiyi hədəflər, ünvanlar dəqiq, çəkili və sərrast oldu. Böyük sənət abidələri, böyük söz ustadları, böyük ədəbi məxəzlər… Onun sovet epoxasının hakimi-mütləq olduğu bir dönəmdə hədəfləndiyi böyük amallardan biri – Bütöv Azərbaycanı yaratmaq, qurmaq missiyasının da əsasında ilk növbədə, arzusunun bu güclərin birliyi, xalqa qayıdışı ilə reallaşacağına inam hissi dayanırdı. Bütöv, yekparə Azərbaycan anlayışının özünü bərpa etmək, ərazi birliyindən də əvvəl, mədəni və mənəvi vəhdətə nail olmaq! Heydər Əliyevin Cənubi Azərbaycan mövzusuna həssaslığının mayası bu amaldan nəşət tapırdı.

    Heydər Əliyevin SSRİ dövründə təhlükəsizlik orqanlarında çalışan zaman Cənubi Azərbaycanda milli-azadlıq hərəkatının genişlənməsi istiqamətində və orda milli qüvvələrlə birgə işi barədə məlumat o qədər də geniş yayılmamışdır. Buna baxmayaraq, 1944-1945-ci illərdə Cənubi Azərbaycanda baş verən milli azadlıq hərəkatında, siyasi və ictimai təşkilatların yaradılmasında, müstəqillik ideyalarının formalaşmasında bu zaman artıq dövlət təhlükəsizliyi sahəsində çalışan gənc Heydər Əliyevin iştirakı bioqrafları tərəfindən qeyd olunur. Maraqlıdır ki, Heydər Əliyev haqqında ilk şeiri də cənublu şair Bulud Qaraçöplu Səhənd yazmışdır. Marağalı şair Bulud Qaraçorlu Səhəndin (1927-1979) 1974-cü ildə Heydər Əliyevə ünvanladığı “Elimin dayağı, yurdumun fəxri Heydər müəllimə” adlanan şeir məktub formasında yazılıb:

    Hər ağır dəhşətə mən dözə-dözə,

    Məsləkdaş, vətəndaş deyibən gəldim.

    Ürək sandığını açmaqçın Sizə

    Səfər yarağımı geyibən gəldim.

    İstərdim Bakıda SƏN də olaydın.

    Hamıdan dinlərkən vəsfini Sənin,

    Heyf ki, görüşmək qismət olmadı.

    Bisütunlar çapdım mən Fərhad təkin,

    Ancaq ki, su gəlib arxa dolmadı.

    Mən istərdim doğma bir qardaş kimi

    Oturub, əyləşib danışam Sənlə

    Bir məsləkdaş kimi, bir yoldaş kimi

    Söz-söhbət açaydım ana Vətəndən.

    1970-ci illərin ortalarında yazılan bu məktub-şeir Cənublu şairin Heydər Əliyevin şəxsində öz məsləkdaşını görməsi ilə əlaqədar idi. Ən azı məlum idi ki, Heydər Əliyev sovet vətəndaşı olmaqdan çox, bir azərbaycanlı olaraq fəaliyyət göstərirdi. Bu istiqamətdə onun fəaliyyətinin əsasını Cənubda yaşayan azərbaycanlıların milli kimlik şüurunu oyatmaq, Cənubi Azərbaycanın problemlərinə nüfuz etmək, ana dilində dərsliklər nəşr etmək, Azərbaycan dilində qəzetlər çap etmək, milli dildə şeirlər və əsərlər yazan yerli ziyalıları dəstəkləmək və s. məsələlər təşkil edirdi.

    Filologiya üzrə fəlsəfə doktoru Azər Turan “Heydər Əliyev barədə yazılmış ilk mətn – Cənubi Azərbaycanın böyük şairi Bulud Qaraçorlu Səhəndin “Elimin dayağı, yurdumun fəxri” şeiri” məqaləsində yazır: “Nə baş verirdi ki, hələ panfarsist ideyaların tüğyan etdiyi, Rza şahın Azərbaycan türklərini ən adi milli hüquqlardan məhrum etdiyi dövrdə, yaxud Xəlil Rza Ulutürkün təbirincə “qocalmış, əprimiş fars millətini gəncləşdirmək, diriltmək üçün əlac axtaran paniranistlər yeganə çarəni Azərbaycan türklərini farslaşdırmaqda gördükləri” 1970-ci illərdə Səhənd Heydər Əliyevə şeir yazırdı və şeirində Əliyevi təkcə Bakının deyil, Təbrizin də, yəni bütöv Azərbaycanın dayağı adlandırırdı?

    “Elimin dayağı, yurdumun fəxri” şeirinin özəllikləri çoxdur. Ən başlıcası isə budur ki, bu şeir dediyim kimi, ümumiyyətlə, Heydər Əliyevə həsr olunmuş ilk şeirdir. Digər tərəfdən, şeirin müəllifi Cənubi Azərbaycanın böyük şairi Bulud Qaraçorlu Səhənddir. Üçüncüsü, Ümumazərbaycan kontekstində bu şeir Heydər Əliyevlə bağlı ümummilli lider anlayışını irəli sürən ilk ədəbi mətndir: “Bu gün millətimin dayağı Sənsən, / Elimin çörəyi halalın olsun! / Dünyalar durduqca əsən dur, əsən! / Sənə göz dikmişdir bütün Vətənin!”.

    Səhənd Heydər Əliyevin yanına ağrılarından bəhs etmək, danışmaq, dərdləşmək üçün gəlirdi. “Dağlar boyda ağır dərdi özümnən, Təbrizdən Bakıya daşıdım ancaq”, – yazırdı. Heydər Əliyev görünür, o zaman yalnız bu taydakı azərbaycanlıların deyil, o taydakı həmvətənlərimizin də pasibanı, himayəçisi, ümid yeri idi. Və təkcə ümid yerimi? Yeri gələndə mücadilə etməkdən çəkinməyən qorxmaz, fədakar vətən övladı!

    Azər Turanın adı keçən məqaləsində Heydər Əliyevin xidmətləri sırasında cənubdan olan digər şair Məhəmməd Biriya ilə bağlı çox nadir və maraqlı olan fakta da vurğu edilir: “Film kimi bir həyat yaşamış, nazirdən mürdəşirə qədər ömür yolu keçib sonunda Təbrizdə kimsəsizlər evində dünyasını dəyişən cənublu şair Məhəmməd Biriya barədə yazılan tədqiqatlarda onun taleyi ilə bağlı mühüm bir məqam hər dəfə pərdə arxasında qalır. Məhəmməd Biriya ilə bağlı Heydər Əliyevin fəaliyyəti”!

    Çıxışlarının birində Heydər Əliyev həmvətəni olan Biriya haqqında düşüncələrini belə bölüşürdü: “Cənubi Azərbaycanın böyük bir şairi var idi – Məhəmməd Biriya. Cənubi Azərbaycan hərəkatı zamanı nazir olmuşdu. Sonra Azərbaycana gəlmişdi. Təəssüf ki, 1949-50-ci illərdə Rusiyanın Saransk şəhərində düşərgədə cəza çəkirdi, onu həbs etmişdilər. Mən Respublika Dövlət Təhlükəsizliyi Komitəsində işləyərkən 1958-ci ildə şəxsən Saranska getdim, Biriya ilə görüşdüm, onu Bakıya gətirdim. Çox böyük şair idi”.

    Deməli, Heydər Əliyev Dövlət Təhlükəsizliyi Komitəsində işləyərkən Rusiyadan – Saransk həbsxanasından “Arama qəbrimi, axtarma mənim başdaşımı, / Rəsimdə Həzrəti Nuh, ismdə xatəm də mənəm” deyən yazıq Biriyanı vətənə gətirmişdi.

    Cənubi Azərbaycan problemi Heydər Əliyev üçün daim prioritet məsələ olmuşdur. Ulu öndər 12 iyun 1981-ci ildə ölkə yazıçılarının VII qurultayındakı nitqində toxunduğu çoxsaylı məsələlər kontekstində Cənub ədəbiyyatı ilə bağlı məqamları da həssaslıqla ədəbi yaddaşın dövriyyəsinə daxil etməyi unutmurdu: “Respublika Yazıçılar İttifaqının tərkibində Cənubi Azərbaycandan olan ədəbiyyatçılar da məhsuldar işləyirlər. Yaradıcılıq ittifaqının rəhbərliyi onlara daim diqqət yetirməli, onların əsərlərini respublikada və respublikanın hüdudlarından kənarda geniş təbliğ etməlidir. Ümumiyyətlə, Cənubi Azərbaycanla ədəbi əlaqələri möhkəmləndirmək, mədəniyyətin və mənəvi yaradıcılığın bütün sahələrində geniş əlaqələri inkişaf etdirmək, bizdə toplanmış zəngin bədii-estetik təcrübəni qələm yoldaşlarına vermək barədə düşünmək lazımdır”.

    Bu, adi diqqət deyildi. Demək olar ki, cənub məsələsi Heydər Əliyevin varlığında illərlə yol gəlirdi. Məqamı gəldikcə, içində borc kimi daşıdığı niyyətini söz, ideya, əməl səviyyəsində gerçəkləşdirirdi. Bunu sənət adamlarının hər birinin mətnlərində dil açıb danışan yaddaş lövhələri də sübut edir. Məsələn, yazıçı Söhrab Tahirin xatirələrində Ümummilli lider Heydər Əliyevin 1981-ci ildə, Şüvəlanda yazıçıların yaradıcılıq evinin açılışında söylədiyi cəsarətli fikirlər heyrətamiz duyğusallıqla anılır: “O vaxt Heydər Əliyevlə aramızda çox maraqlı bir söhbət oldu. Mən qəribəm deyəndə, mərhum prezidentimiz dedi ki, niyə özünü qərib hiss edirsən? Dedim ki, bəs biz vətəndən aralı düşmüşük, ürəyimiz nisgillə doludur. Cavab verdi ki, onun günahı burada oturan şair və yazıçılardadır. Siz niyə o taydakı şair və yazıçıların əsərlərinin burada, bu taydakı şair və yazıçıların əsərlərinin o tayda çap olunmasına təşəbbüs göstərmirsiniz? Nə vaxt bu məsələ ilə bağlı mənə müraciət etdiniz, kömək etmədim? Əgər bu əsərlər həm o tayda, həm də bu tayda dediyim kimi çap olunarsa, hər iki Azərbaycan arasında mədəni körpü yaranar, əlaqələr daha da genişlənər və heç kəs özünü burada qərib hiss etməz. Şair, sən öz evindəsən. Biz bir ata-ananın övladlarıyıq. Ona görə də sən burada özünü qərib hiss etmə. Bu sözlər zalda gurultulu alqışlarla qarşılandı. Sonra Heydər Əliyev üzünü mənə tutub “Şair, davam elə” – dedi. Mən də bundan ruhlanıb dedim ki, bəs, bildiyiniz kimi Azərbaycan tarixin günahı üzündən iki yerə parçalanıb. Bu zaman Heydər Əliyev yenə sözümü kəsib dedi: “Şair, dayan! Niyə deyirsən ki, Azərbaycan tarixin günahı üzündən iki yerə parçalanıb?” Zala da dərin bir sükut çökmüşdü. Belə bir vəziyyətdə qorxa-qorxa soruşdum: – bəs nə deyim, yoldaş Əliyev? Qayıtdı ki, denən Azərbaycan imperialist qüvvələrin günahı üzündən iki yerə parçalanıb. Bu sözdən sonra zalda bir anlıq çaşqınlıq yarandı. Çünki heç kəs gözləmirdi ki, Heydər Əliyev Azərbaycanı iki yerə bölənləri, yəni İran və Rusiyanı adı ilə deyəcək. Və birdən sanki nə baş verdiyini zaldakılar anladı. Zalda bir alqış qopdu ki, gəl görəsən. Heydər Əliyev düz 15 dəqiqə zaldakıları sakitləşdirə bilmədi. Sevincindən ağlayan kim, bir-birini qucaqlayan kim. Sovet dövründə ilk dəfə idi ki, yüksək tribunadan Cənubi Azərbaycan məsələsi qaldırılırdı. Həmin andaca bu baradə Moskvaya xəbər çatdırdılar və elə oradaca hiss etdim ki, onu telefona çağırdılar. Sonralar eşitdim ki, bu çıxış Heydər Əliyevə müəyyən qədər başağrısı yaradıb”.

    “Başağrısı” əlbəttə ki, olmamış deyildi. Axı, özünün dediyi kimi, sovet dövründə “ən böyük dissident elə özü idi”. Kremlin yüksək kürsüsündə əyləşib milli ideologiyaya xidmət edən bir siyasətçinin təəssübkeşliyi rəhbərlik üçün qəbul ediləsi hal olmasa da, Heydər Əliyev bilərəkdən “üzü küləyə” gedənlərdən idi. Bilirdi ki, qabartdığı hər ideyadan, hər toxunuşdan sonra əməl və hərəkat dirçəlişi gəlir. Elə  1981-ci ildə etdiyi çağırışdan sonra da ədəbi-elmi düşüncə sferasında Azərbaycan ədəbiyyatının bütövlüyü və Cənubda yaşayan yazıçılarla əlaqələrin yaradılması istiqamətində mühüm addımlar atılmağa başlandı. İran İslam Respublikasında yaşayan Məhəmmədhüseyn Şəhriyar kimi qüdrətli sənətkarı bu bəyanatlardan sonra daha dərindən tanımağa, təbliğ etməyə başladılar. Xalq şairləri Süleyman Rüstəmin və Məmməd Rahimin Məhəmmədhüseyn Şəhriyarla şeirləşmələri, xalq şairləri Bəxtiyar Vahabzadə və Nəbi Xəzrinin ustad şairlə telefon danışıqları böyük rezonans yaradan amillər idi. Əslən cənublu olan, lakin taleyin hökmü ilə Azərbaycanın şimalında yaşayıb-yaradan Balaş Azəroğlu, Mədinə Gülgün, Hökumə Billuri, Söhrab Tahir, Əli Tudə və başqa şair və yazarların Cənubi Azərbaycanda əsaslı tanışlıq dövrü həmin illərdə baş verdi. Ədəbiyyatımızda Cənub mövzusunda yeni əsərlər meydana qoyuldu. Onun təşəbbüsü ilə əslən cənublu olan Balaş Azəroğlu Yazıçılar İttifaqının katibi seçildi. Eləcə də ilk dəfə olaraq Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda şöbə açıldı, Cənubi Azərbaycan ədəbiyyatının araşdırma mərkəzinin təməli qoyuldu. “Cənubi Azərbaycan ədəbiyyatı milli sərvətimizdir” məqaləsində Teymur Əhmədov yazır ki, “Mirzə İbrahimovun ürəyində bəslədiyi nisgilli arzusunu rus sovet imperiyasının hakimiyyəti dövründə demokratik ab-havanın hiss olunduğu 70-80-ci illərdə rəsmi qadağaların mövcud olduğu şəraitdə həyata keçirmək olduqca müşkül idi. Lakin ölkə başçısı Heydər Əliyev müdrik alim-yazıçı Mirzə İbrahimovun təşəbbüsünü bəyənib, onun Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərkibində Cənubi Azərbaycan şöbəsini yaratmasına rəsmi göstəriş verdi”.

    Xalq yazıçısı Elmira Axundovanın altıcildlik “Heydər Əliyev: Şəxsiyyət və zaman” adlı kitabının ikinci hissəsində Azərbaycanın keçmiş xarici işlər naziri, ədəbiyyatşünas alim Vilayət Quliyevin də xatirələrinin yer aldığı belə bir epizodla qarşılaşırıq: “…Ali dini rəhbər Heydər Əliyevi mərasim zalının girişində qarşılayıb, ikiəlli görüşdü. Aralarında Azərbaycan dilində söhbət başlandı. Həm İran nümayəndə heyəti, həm də biz sakitcə dayanıb söhbətə qulaq kəsilmişdik.

    Hal-əhval tutandan sonra Heydər Əliyev Xamneyidən soruşdu:

    – Yaxşı, Xamnədə (Təbriz yaxınlığında, Xamneyinin doğulduğu kənd) nə var, nə yox?

    – Sən Xamnəni də bilirsən? – deyə İranın ali dini rəhbəri təəccübləndi.

    – Əlbəttə, tanıyıram. Xamnə çox məşhur yerdir”.

    Heydər Əliyev 21 yaşı tamam olduqdan sonra, 1944-cü ilin mayından Sovet İttifaqı dövlət təhlükəsizlik orqanlarında xidmətə başlamış, 1969-cu ilin iyulunda Respublikanın rəhbəri seçilənə qədər 25 il sovet sisteminin ən mürəkkəb, məsuliyyətli, çətin cəbhəsində alnıaçıq, rəşadətlə yol keçmiş, general-mayor rütbəsinə və Azərbaycan SSR DTK-nın sədri vəzifəsinə qədər yüksəlmışdır. Bu dövrün bütün mərhələlərindəki fəaliyyətində Cənubi Azərbaycanla bağlı milli təəssübkeşlik hissi zərrə qədər gözardı edilməmiş, əksinə əhəmiyyətli məsələlərdən biri olmuşdur. Elmira Axundova yuxarıda adı keçən əsərində “Literaturnaya qazeta”da İqor Belyayev adlı şərqşünasın belə bir fikrini əsas gətirərək yazır: “Yadımdadır, məqalələrinin birində o yazmışdı ki, Heydər Əliyev 19 yaşında Şimali və Cənubi Azərbaycanı birləşdirmək haqqında düşünüb. İndi budur, 20 ildən sonra həmin ideya bu şəkildə təzədən meydana çıxıb…” Və sonradan minnətdarlıqla xatırlayır: “Elə ən maraqlısı, bu günə qədər mənimçün müəmmalı qalanlar da məhz bundan sonra başlayır. Qrupumuzdan heç kim cəzalandırılmadı, heç kimi həbs etmədilər, heç kimi institutdan qovmadılar. Mən bunu ilk növbədə Heydər Əliyevlə bağlayıram, o vaxt o, DTK-da rəhbər vəzifədə idi…”

    Digər bir tədqiqatçı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı yazır ki, “Heydər Əliyevin bilavasitə qayğısı ilə 21 Azər Günü həmişə qeyd edilirdi. Cənubi Azərbaycandan olan siyasi mühacirlərə yaxşı şərait yaradılmışdı. 1981-ci ildə siyasi mühacirlər üçün 142.500 rubl daimi yardım ayrıldı. Mühacirət cəmiyyətinin yerləşdiyi bina təmir etdirildi. Azərbaycan Demokrat Partiyasının birinci katibi Əmirəli Lahrudi 1981-ci il oktyabr ayının 28-də Heydər Əliyevə yazdığı məktubunda mühacirlərə göstərdiyi qayğıya görə təşəkkür etmişdir”.

    Yuxarıda adı keçən cənublu şair Söhrab Tahirin “Yaxşılıq” adlı şeiri var. Həmin şeirdə böyük öndərin şəxsiyyəti, gördüyü işlər sevgi, lütf və minnətdarlıqla anılır. Həm də yalnız bu tayla bağlı deyil, o taydakı yaxşı əməllərin icraçısı və mənəvi ülfət rəmzi olaraq:

    Mən rəhbərdən çox yaxşılıq görmüşəm,

    Verdiyindən hamıya pay vermişəm.

    Yaxşılıqdan qızıl saray hörmüşəm,

    Qal baxtımın sarayında, yaxşılıq,

    O tayımda, bu tayımda yaxşılıq.

    Göründüyü kimi, Heydər Əliyev hələ sovet rejimi dövründə İran İslam Respublikası ilə, Cənubi Azərbaycanla ədəbi-mədəni əlaqələrin yaradılmasının əsasını qoymuş, qarşılıqlı münasibətlərin möhkəm təməlini atmışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra ölkə Prezidenti Heydər Əliyevin yeni tarixi epoxada apardığı məqsədyönlü siyasət nəticəsində bu sağlam əlaqələr daha da genişlənmiş və möhkəmlənmişdir. Bu baxımdan Ümummilli liderin “Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 90 illik yubileyinin keçirilməsi haqqında”kı 29 oktyabr 1997-ci il tarixli sərəncamı xüsusi əhəmiyyətə malikdir. Həmin dövlət sərəncamı əsasında qüdrətli sənətkarın yubileyi ilə bağlı Bakıda, Tehranda və Təbrizdə keçirilən genişmiqyaslı tədbirlərlə ölkələrarası ədəbi-mədəni əlaqələr yeni və daha yüksək səviyyəyə qaldırılmışdır.

    Məhəmmədhüseyn Şəhriyar Heydər Əliyevin ən çox sevdiyi şair idi. Yadıma yazıçı-dramaturq Cəfər Cabbarlı ilə bağlı bir məqam düşür. “Ən sevdiyiniz əsəriniz hansıdır”, – sualına Cabbarlı “Dönüş” deyə cavab verir. “Bu ki, sizin ən zəif əsərinizdir”, – deyirlər. Cabbarlı isə cavabında, “doğrudur, ana hər zaman zəif, şikəst övladını hamıdan çox istəyir”, – kimi kədərli bir nüansa vurğu edir. Amma Şəhriyar təbii ki, zəif deyil, ən qüdrətli şairlərdən biri idi və Heydər Əliyev də bu üzdən, vaxtilə ona ünvanlanan 21 sualın içində yer alan “ən sevdiyiniz şair kimdir” sorğusuna Şəhriyarın adını çəkərək cavab vermişdir. O, Şəhriyarın ədəbi irsini daim yüksək qiymətləndirmiş, onu böyük vətənpərvərlik duyğularının tərənnümçüsü olan filosof şair, “Şərqin çox geniş bir regionunda insan mənəviyyatının zənginləşməsində böyük rol oynayan” mütəfəkkir adlandırmışdır. Bu mənada, sevgisinin qaynağı Şəhriyarın şeirlərindəki şairanəliyin gücünə bağlı amil idi.

    Amma və lakin… “Şəhriyarın ürəyi də səninki tək yaralıdır”… Bu məqam da vardı axı. Bu pillədən artıq vətən, ona həsrət qalan övladların obrazı, daxili yaşantıları başqa cür görünür. Bütün varlığı ilə poeziyaya, sənətə münasibətdə estet olmaqla yanaşı, həm də milli ruh daşıyıcısı olan Heydər Əliyev bu məqamda ağrımaya bilmirdi…

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Xalq şairi Rəsul RZA.Təbriz – gözəl şəhər! (Şeirlər)

    ***

    Təbrizin yolları oyum-oyumdur,

    Yanıq dağdan qalxan duman olaydım!

    Həsrət könüllərdə ümid olmasam,

    Heç olmazsa, zəif güman olaydım!

    1959

    Təbrizim mənim

    Balaş Azəroğluna

    Laylası məhzun,

    Nəğməsi məhzun.

    Həsrəti ömründən uzun,

    Karvandan üzülmüş ağ dəvəsi.

    Gözlərində böyük ümidin uzaq töhfəsi

    Neçə evinin küçə divarı kor.

    Dodaqları quru,

    bulaqları gur.

    Arzularında qançır, qamçı.

    Kədəri axın-axın,

    sevinci damcı-damcı.

    Bəzən günləri qanlı yuxu kimi,

    bəzən həsrətli yuxuları gerçək olmuş,

    Neçə dəfə sevincək olmuş.

    Balaları sərgərdan,

    Gəlinləri nigaran.

    Qurtuluş yolları:

    məhbəs, dar ağacı, gülləbaran.

    Dan yeri qan boyalı.

    Ümidindən, arzusundan dönməyən.

    Ocağında – ürəyində odu sönməyən,

    Səhəri uzun əsrlərin yolunda yubanan,

    Qardaşına həsrət, bacısına həsrət,

    Bayatıları – qədim məhəbbət.

    Qoynu gah aydın havalı,

    gah çənli, dumanlı.

    Qəlbi gümanlı,

    Taleyi böhranlı.

    Özü bababir, nənəbir

    adət-ənənə bir –

    doğma qardaşım.

    Pasportda o yanlı.

    Arzulayanda əlim çatmayan,

    Ağrısı, göynəyi qəlbimdə

    gecə-gündüz yatmayan.

    Dağları dağlarıma bənzər,

    bağları, bağlarıma.

    Ana sözü kimi

    əziz olan adı – dodaqlarıma.

    Köhnəm, təzəm, uzağım, yaxınım,

    Ən gözəl şerim,

    Yanıqlı mahnım.

    Mənsizim!

    Təbrizim!

    1964

    Nigaran suallar

    Son zamanlar

    səni tez-tez

    yuxuda görürəm, Təbrizim!

    Yuxuma qəmli gəlirsən

    hər gecə.

    Suyun, çörəyin varmı?

    Nəğmən necə?

    Yenə “Qaragilə”dir,

    yoxsa daha qəmlidir?

    Göy məscid necədir?

    Ərk qalası necə?

    Yanıq dağ qupqurudur,

    ya nəmlidir?

    Tez-tez yuxuma girirsən,

    Təbrizim!

    Yoxsa incimisən,

    uzun həsrət yorub səni?

    Yoxsa dözüb-dözüb

    indi yaman qəribsəmisən.

    İnanmıram,

    hələ ümidin var böyüyəsi,

    arzun var boy atası.

    Hardan düşdü yadıma

    anamın göynəkli bayatısı!

    “Mən bütöv bir yuvaydım,

    yel vurdu paralandım.

    Mən səndən ayrılmazdım,

    zülümnən aralandım”.

    1975

    Yaralı Təbriz

    Mən görəndə

    bağçaların, bağların

    çiçək idi,

    gül idi.

    Küçələrdə, məclislərdə

    səslənən

    doğma, gözəl dil idi.

    Fədailər

    dəstə-dəstə keçirdi,

    yeni adlı küçələrdən;

    dodaqlarında nəğmə!

    “Ey torpağı ləl, mərcan,

    Azərbaycan!”

    Səttarxan xiyabanı

    bəzəkli, çilçıraqdı,

    Qoçaq, mərd oğulların,

    Firudinlərin sağdı.

    Kəhrəba işıqların

    gecələrin qoynuna

    ulduz-ulduz yağırdı.

    Oyanışlı günlərin

    nə oldu,

    hanı indi?

    Gəldi qara günlərin,

    Nə az bəxtiyar oldun,

    sevindin.

    Söylə, Təbrizim,

    söylə,

    ulduzlu mavi göydən

    sənə kim yanğı saldı!?

    Üstünü buram-buram

    qara dumanlar aldı.

    Naxış-naxış evlərin

    alışdı, közə döndü.

    Bağçaların, bağların

    viranə düzə döndü.

    Yanğınlar gur kükrədi,

    yayıldı, gölə döndü.

    Pərdələr arxasında

    Gizlənmişdir işıqlar.

    Sazını sındırdımı

    tunc gövdəli aşıqlar!

    Təbriz, qəşəng şəhərim!

    Yüz bir şəhər içində

    seçimli, tək şəhərim!

    Sənin yaran azdımı,

    vurdular bir yara da.

    Qəzəbindən titrədi

    Göy məscidin üstündə

    Qızıldan aypara da.

    Sənin dərdin azdımı,

    taleyinə tarixlər

    qara günlər yazdımı?

    Sinəndə varkən hələ

    göynəkli dil yarası,

    Səttarxanlar yarası,

    Firudinlər yarası,

    yanıq, nakam arzular,

    qəm, nisgillər yarası –

    Yaraladılar səni,

    Heyranların vətəni,

    Sahiblərin vətəni!

    Mən deyirdim, vaxt olar,

    baharlı Novruz günü

    gələrəm.

    Həsrətindən qurtarıb

    Qoynunda dincələrəm.

    Yaraların ağırdır,

    Təbrizim!

    Nigaranlıq qəlbimi

    ağrıdır,

    Təbrizim!

    İnanıram, keçəcək

    matəmli günlərin də.

    Açılacaq üfüqlər

    bir aydın səhərində.

    Çəkiləcək üstündən

    O zəhərli buludlar.

    Doğrulacaq arzular,

    umudlar.

    Yüksələcək bayrağı

    yeni Səttarxanların.

    Qaldıracaq səsini,

    Öz gücünə güvənən,

    bu günlərdən dərs alan,

    gələcəyə inamlı –

    qüdrətli cavanların.

    Göyçay, 11-13 oktyabr 1980

    Ərk qalası

    Təbriz – gözəl şəhər!

    Vuruşdular:

    son gülləyə;

    son süngüyə,

    son qundağa qədər.

    Vuruşdular:

    hər şey qırmızı geydi;

    daşdan, torpağa qədər.

    Vuruşdular:

    alt dodaqdan

    üst dodağa qalxa bilməyən

    səsə qədər.

    Vuruşdular:

    onlardan yeddi dəfə – yetmiş qat

    artıq olan,

    süngüləri narın daraq dişi kimi

    sıx olan düşmənlə.

    Yaralılar ufuldamadı,

    Can verənlər inləmədi.

    Susuzlar “yandım”, demədi.

    Öpdü qurumuş dodaqları

    qan hopmuş torpağı.

    Yaralarına basdılar

    qan rəngli bayrağı.

    Nə düşmən onlardan

    bir aman sözü ala bildi,

    nə bu ölümü yağı duydu,

    nə qala bildi.

    Söykənib qala divarına

    öldülər ayaq üstə;

    çiyin-çiyinə.

    Ulduzlar şahid oldu,

    bir sırada dayanmış

    ölülərin qabağından,

    yüz yerə bölünmüş dirilərin

    çəkildiyinə.

    Öldülər ayaqlarının altında

    Vətən torpağı.

    Başlarının üstündə

    Vətən ulduzları.

    Könüldən könülə keçdi

    ümidləri, arzuları.

    Gecə ağır-ağır keçdi

    cənazələrin üstündən;

    keçdi getdi yolu səhərə.

    Günəş şəfəqdən bir örtük çəkdi

    torpağı qoruyub, torpaqda dincələn

    cənazələrə.

    1958

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Diqqət, müsabiqə! Qısa Hekayələr – Böyük Duyğular!

    Ölkəmizdə  “Qısa Hekayə” müsabiqəsinin keçirilməsi barədə məlumat almışıq.

    Təşkilatçıları “Zərif Kölgələr” Yaradıcılıq Klubu, VHP-nin Qadın Qolları, “Güftə” ədəbiyyat dərgisi və Yunus Emre İnstitutu olan müsabiqənin məqsədi qısa hekayə janrına diqqət çəkmək və yaradıcı qələm sahiblərini bu sahədə təşviq etməkdir.

    Qaliblər üçün mükafatlar və seçilmiş hekayələrin yayımlanması nəzərdə tutulur! Ədəbiyyata marağı olan hər kəs müsabiqədə iştirak edə bilər.

     Şərtlər:

    1. Müsabiqəyə təqdim olunacaq hekayələr başlıq daxil olmaqla 100 sözü keçməməlidir.

    2. Müsabiqəyə yalnız Azərbaycan dilində yazılmış implying hekayələr qəbul edilir. (implying – yəni fikri açıq-aşkar deyil, dolayı yolla bildirməkdir; fikrin, əsasən, obrazlı şəkildə verilməsi də istisna edilmir).

    3. Mövzu sərbəstdir.

    4. Hekayələr Word sənədi formatında göndərilməli və sənədin adı yalnız hekayənin adı ilə qeyd olunmalıdır.

    5. Hər müəllif müsabiqəyə yalnız bir hekayə göndərə bilər.

    6. Hekayələr heç yerdə yayımlanmamış olmalıdır.

    Son müraciət tarixi: 5 yanvar 2026-cı il

    Göndəriş: zerifkolgeler@gmail.com

    Xüsusən gənclərimizi müsabiqədə iştirak etməyə səsləyirəm. Gücünüzü sınayın. Hər imtahan mükəmməlləşmə yolunda bir addımdır.

    “Ədəbiyyat və incəsənət”

    (15.12.2025)

    Mənbə: https://edebiyyatveincesenet.az/