Blog

  • “Ozan dünyası” jurnalının bu il üçün ilk sayı işıq üzü görüb

    “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin nəşri olan “Ozan dünyası” jurnalının bu il üçün ilk sayı işıq üzü görüb.

    AZƏRTAC xəbər verir ki, jurnalda folklorumuza, xüsusən də aşıq yaradıcılığı və ustad aşıqların həyat və yaradıcılığının tədqiqinə dair elmi və elmi-publisistik yazılara geniş yer verilib.

    Baş redaktoru Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu olan jurnalda Xalq şairi Zəlimxan Yaqubun XX əsrin görkəmli ustad aşıqlarından olan Xındı Məmməd haqqında yazdığı və indiyədək heç yerdə çap olunmayan yazısı və ona həsr etdiyi şeir yer alıb.

    Jurnalın bu sayında Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının “Usta gözünün saz nuru”, AMEA Folklor İnstitutunun əməkdaşı Şəbnəm Haqverdiyevanın “Sazbəndlik sənəti və sazbəndlər”, pedaqogika üzrə fəlsəfə doktoru Aynur Qafarlının “Ağız ədəbiyyatını yazılı ədəbiyyata qovuşduran aşıq – Molla Cuma”, Əməkdar jurnalist Nizami Məmmədzadənin “Aşıq Əmrah ucalığı”, araşdırmaçı İşıqlı Atalının “Çağdaş Azərbaycan zurna-balaban yaratıcısı”, Musa Nəbioğlunun “Ustadlar ustadı Sadıq Sultanov”, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Mənsurə İsmayılovanın “Ustad sənətkarların həyat hekayəti: dastan-rəvayətlər”, Araz Yaquboğlunun “Hər sözü dillərdə bal olan şair”, Həzi Həsənlinin “Dəlidağın bala Ədaləti” adlı məqalələr də öz əksini tapıb.

    Mənbə: https://azertag.az/

  • “İMZANI DÜNYAYA TANIT”3-CÜ LAYİHƏ

    “Mücrü” nəşriyyatı Avstriyanın “Woodpecker” nəşriyyat evinin Azərbaycandakı rəsmi təmsilçisidir.Əsərini xarici dillərdə tanıtmaq istəyən müəlliflər müraciət edə bilərlər:– Janr və yaş məhdudiyyəti yoxdur– Əsərlər ingilis, alman, fransız, ispan və italyan dillərində qəbul edilirƏsərlər qəbul edilir: info@mucrunesriyyati.azƏsərləri göndərərkən məktub başlığı (vacib): “Woodpecker” publishing houseƏlavə: Məktubu göndərərkən faylın içərisində (mütləq) əlaqə nömrənizi qeyd edin.

  • “İMZANI DÜNYAYA TANIT”2-Cİ LAYİHƏ

    Türkiyənin “Güfte Edebiyat” dərgisinə əsər qəbulu:– Janr və yaş məhdudiyyəti yoxdur– Əsərlər Azərbaycan və türkcə qəbul edilir– Əsərin həcmi 1-4 dərgi səhifəsi ola bilər– Yalnız “Mücrü” nəşriyyatının müəllifləri əsər göndərə bilərƏsərlər qəbul edilir: info@mucrunesriyyati.azƏsərləri göndərərkən məktub başlığı (vacib): Güfte Edebiyat dergisiƏlavə: Məktubu göndərərkən faylın içərisində (mütləq) əlaqə nömrənizi qeyd edin. Əlaqə nömrəsi: 0555028932

  • Azərbaycanlı şair Nemət Tahirin “Kəpənək ümidlər” adlı ilk kitabı işıq üzü görüb

    “Mücrü” Nəşriyyatı tərəfindən yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin məzunu, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Qarabağ Bürosunun Rəhbəri, şair, yazıçı, publisist Nemət Tahirin “Kəpənək ümidlər” adlı ilk kitabı işıq üzü görüb.

    Kitab müəllifin oxucuları ilə ilk görüşdür. Kitabda müxtəlif illərdə qələmə alınan şeir və hekayələr yer alıb. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulan kitabın ictimaiyyət nümayəndələri tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi. 

  • TƏBRİZLİ AŞIQLAR Azərbaycan Aşıqlar Birliyində

    Bu günlərdə Təbrizdən gəlmiş bir qrup aşıq Azərbaycan Aşıqlar Birliyinin qonağı olub. Son illərdə dünyanı ağuşuna almış pandemiya səbəbindən Azərbaycana gələ bilməyən cənublu aşıq qardaşlarımızın bu gəlişi əsl saz-söz bayramına çevrilib. Qonaqları salamlayan Azərbayacan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Cənubi Azərbaycandakı aşıqlarla AAB-nin daim sıx əlaqə saxladığını diqqətə çatdırıb, bu əlaqələrin yenidən əvvəlki qaydada davam edəcəyinə inamını ifadə edib.

    Təbrizli qonaqlar – aşıqlar Əli İbadi, Əmir Məhəmmədi və Şahbaz Süleymani, balaban və nağara ustaları Əkbər Sərbazi və Bəhmən Mühiti səmimi qəbul və aşıq sənətinin bu günü və gələcəyi ilə bağlı dəyərli fikir mübadiləsinə görə minnətdarlıqlarını bildiriblər, o taylı-bu taylı ustad aşıqların sözlərini müxtəlif aşıq havaları üstündə ifa ediblər.

    Görüşdə Azərbaycan Aşıqlar Birliyinin katibi Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu iştirak edib.

    Mənbə: https://azerab.az/

  • “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin orqanı “Ozan dünyası” jurnalının 2024-cü ilin yeni sayı üçün yazılar qəbul olunur

    “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin orqanı “OZAN DÜNYASI” jurnalının növbəti sayı nəşrə hazırlanır.

    Aşıq yaradıcılığı, görkəmli ustad aşıqlarımız və eləcə də, xalq yaradıcılığının digər sahələrinə aid elmi-publisistik məqalələri olanlar mürciət edə bilərlər.

    Müəlliflər öz yazılarını musa58@bk.ru elektron poçtuna göndərə bilərlər.

  • SAZIN ƏDALƏT ƏFSANƏSİ, ƏDALƏT HƏQİQƏTİ

    Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

    Dədə Qorquddan üzübəri çox ustad aşıqlar olub. Bunların hər birinin də sənətdə özünəməxsus xidmətləri var. Bu günümüzədək o sənətkarların adı və yaratdıqları gəlib çıxıb ki, sənətdə öz yolu, öz izi olub, özündən sonra nəsə qoyub. Və bunların da arsından o sənətkarlar dədəlik zirvəsinə ucalıblar ki, təkcə sənətdə şöhrət qazanmaqla kifayətlənməyiblər, əksinə, sənətin şöhrətini də yüksəklərə qaldırıblar. Azərbaycan aşıq sənətinin son mogikanı Ədalət Nəsibov məhz belə sənətkarlardan idi.

    XX əsrin ortalarında sənətə gələn Ədalət Nəsibov Azərbaycan aşıq sənətində özünəməxsus dəst-xətti ilə seçilən, saz ifaçılığına yenilik gətirən və özünün məktəbini yaradan sənətkardır. O, solo saz ifaçılığının təkrarsız və əzəmətli simalarından biri kimi Azərbaycan mədəniyyətini, aşıq sənətini dünyanın bir çox ölkələrində ləyaqətlə təmsil edib, bənzərsiz ifaları ilə sazımızı sevdirib, adını bu sənətin tarixinə qızıl hərflərlə yazdırıb. UNESCO tərəfindən onun ifaları ayrıca lentə alınıb.

    Hələ sağlığında ikən hər sənətkara nəsib olmayan bir zirvəyə ucalan Ədalət Nəsibov təkcə Azərbaycanda deyil, Türkiyədə, İranda, Gürcüstanda, Orta Asiya respublikalarında – bir sözlə sazın ruhu duyulan hər yerdə yaxşı tanınıb, sevilib. Onun sənətə xidmətləri dövlətimiz tərəfindən də layiqincə qiymətləndirlib – “Əməkdar İncəsənət Xadimi” fəxri adına və Prezident təqaüdünə layiq görülüb. Haqqında kitablar yazılıb, filmlər çəkilib.

    İlk sənət dərsini atasından, ilk xeyir-duanı ölməz Səməd Vurğundan alan Ədalət Nəsibov sağlığında ikən milyonların ürəyində özünə abidə ucaldıb və bu səbədən də çox böyük qürur hissi ilə deməyə haqqı çatıb ki:

    Elə kök atmışam Azərbaycanda,

    Bir kökün üstündə min budağam mən.

    Bu gün çox böyük inam və qürur hissi ilə deyə bilərik ki, təkcə Ədalət sazının sehri, möcüzəsi bəs edər ki, Azərbaycan mədəniyyəti öz qüdrətiylə bütün dünyanı fəth etsin. Bu məqamda, Ədalət Nəsibov haqqında hər zaman böyük məhəbbət və ehtiramla danışan Xalq şairi Zəlimxan Yaqubun sözlərini xatırlamamaq olmur: “Ədalət aşıq sənətinə həqiqətdən çox əfsanə kimi, candan çox ruh kimi, bədəndən çox nəfəs kimi gəldi”.

    Ədalət Nəsibov sağlığında ikən bir sənət möcüzəsiydi, əfasənəydi, həqiqətiydi – sənətin həqiqəti, həm də ədalətiydi. Elə buna görədir ki, bu gün yaddaşlarda bir Ədalət Nəsibov əfsanəsi, Ədalət Nəsibov həqiqəti yaşayır. Və nə qədər ki, qədirbilən Azərbaycan xalqı, Azərbaycan dövləti və dövlətçiliyi var, nə qədər ki, sazımız yaşayır, o qədər də, unudulmaz Xalq şairimiz Zəlimxan Yaqubun dediyi kimi, “Aşıq Ədalət sazının yanğısı, Aşıq Ədalət barmaqlarının tufanı yaddaşlarda bir əfsanə kimi yaşayacaq!”

    Aşıq Ədalət əfsanəsinin, Aşıq Ədalət həqiqətinin mahiyyəti ondan ibarətdir ki, onun dilləndirdiyi saz şimşək çaxışı kimi göylərdən yerə enib, yenidən Tanrı taxtına yüksəldi. Z.Yaqubun da çox haqlı olaraq dediyi kimi, “onun sənətə gətirdiyi yanğı təkcə sazdan gələn yanğı deyildi, həm də onun ruhundan, bədənindən, eşqindən, ehtirasından, millətinin taleyindən gələn yanğı idi. Ədalət dünyaya göstərdi ki, pərdələrdə nə qədər od-atəş, barmaqlarda nə qədər sehr-möcüzə, doqquz teldə 99 çayın nərəsini özündə birləşdirən nə qədər səs, haray ola bilər”.

    Ustadın barmağında közə dönən təzənə sənət pərvanələrini, ədalətsevərləri yandırır, tellərdən ətrafa yayılan hikmət haqqa güc verir, nahaqqı qılınc kimi doğrayır, kəsirdi. Xalq şairi Zəlimxan Yaqubun sözləri ilə desək, Ədaləti dinləyən əsrarəngiz təbiəti, insanlarda cəsarəti, neçə-neçə hekayəti, ayrılıqdan şikayəti, elə-obaya, Vətənə olan sonsuz məhəbbəti, bütün zamanlarda ölməz olan bir sənəti dinləyir. “Zili-bəmi bir-birindən təzə-tər” olan Ədaləti dinlədikcə Lələsini itirən Kərəm, Şahsənəminə qovuşan Qərib, Zöhrəsinə döz deyən Tahir canlanıb həmişə gözlərimiz önündə, Ələsgərin, Vurğunun səsi-sorağı gəlib qulaqlarımıza.

    Bənzərsiz ifasıyla milli ruhumuzun keşiyində dayandı, sazın canında, ruhunda yaşayan müqəddəsliyi və ucalığı qoruyub gələcək nəsillərə urvatla çatdırmaq üçün çox işlər gördü, Xalq şairi Osman Sarıvəllinin sözlə ifadə etdiyi həqiqəti sazın ecazkar gücüylə bir daha təsdiq elədi Ədalət:

    Saz oyun deyildir düşündüyün tək,

    Onda” Kərəmi” var, onda “Cəngi” var.

    XX əsrdə sazın Əmrah Gülməmmədov kimi çox böyük ustadından sonra aşıq sənəti dünyasına bir Ədalət Nəsibov gəldi və saz özünün Aşıq Ədalət zirvəsinə ucaldı. Sənətiylə bərabər özü də ucaldı, dədəlik mərtəbəsinə yüksəldi. Ədalət sənətinin sehri dinsizləri dinə gətirdi, daş ürəkləri yumşaldıb muma döndərdi, özü isə Türk dünyasının sevimlisinə çevrildi, Avropanın və dünyanın bir çox ölkələrinin möhtəşəm salonlarını titrədərək sazın gücüylə Azərbaycan mədəniyyətinin, incəsənətinin qüdrətini nümayiş etdirdi.

    Və məhz Ədalət Nəsibovdan sonra sazın solo ifaçılığında bir məktəb yarandı. İndi bu məktəbin yetirmələrinin sayı bir deyil, beş deyil, onlarla, yüzlərlədir. Əməkdar mədəniyyət işçiləri Əli Quliyev, Ədalət Dəlidağlı və Nemət Qasımlı, eləcə də Fəzail Miskinli, Azər Xanlaroğlu, Roman Azaflı, Firidun Tovuzlu, Şirin Şirinov və adını çəkmədiyimiz neçə-neçə istedadlı gənclər bu məktəbin yetirmələri, ustadın sənət yolunun yolçuları və yorulmaz davamçılarıdırlar. Təsadüfi deyil ki, bu gün sənətə gələnlərin böyük əksəriyyəti onu özünə müəllim hesab edir.

    “Yanıq Kərəmi”yə öz möhürünü vurdu Ədalət. Bu havanı elə ifa elədi ki, hara getdisə, “ağrın alım, onu bir də çal, aşıq”, – dedilər. Şairlərimiz şəninə söz qoşdular, saz ifaçıları çox olsa da, hər yerdə “sazı dilləndirməyə Ədalət gəlsin”, – dedilər. Sazı elə dilləndirdi ki, hər telindən min söz, min söhbət boy verdi, onu dinləyənlər haqlı olaraq bu qənaətə gəldi ki, “Kərəm “Kərəmi”ni belə çalsaydı, keşiş inadını yerə qoyardı”.

    Təəssüf ki, onilliklər ərzində “Ziyadxan oğlunun nakam eşqinə” “ağlaya-ağlaya” sinələr dağlayan sənətkarı əlimizdən almaqla bir dağ da fələk çəkdi sinəmizə. Elə bir dağ ki, göynərtisi illərdən illərə, nəsillərdən nəsillərə keçəcək. Zaman dəyişəcək, nəsillər bir-birini əvəzləyəcək, amma nə bu sızıltı, bu göynərti könüllərdən silinəcək, nə də ustad Ədalət Nəsibovu əvəzləyən olacaq. Sənət də yaşacaq, sənətkarlar da. Yeni-yeni istedadlar üzə çıxacaq, yeni səslər, yeni nəfəslər gələcək dünyaya, amma heç biri Ədalət olmayacaq. Ədalətin sazı – sazın Ədaləti ancaq könüllərdə yaşayacaq, ürəklərdə dinəcək. Axı, dahilər əvəzlənmir, nə də biri digərini təkrarlamır. Dünyaya bənzərsiz gələnlərin dünyadan gedişi də bənzərsiz olur, elə Ədalət Nəsibov kimi…

    Musa NƏBİOĞLU

    Azərbaycan Aşıqlar

    Birliyinin katibi,

    Əməkdar Mədəniyyət İşçisi.

    AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun

    maliyyƏ yardımı ilƏ

    Mənbə: https://www.adalet.az/

  • Görkəmli tarzən Bəhram Mansurovun anadan olmasından 113 il ötür

    Muğamı qüsursuz səsləndirmək ifaçıdan fitri istedad, müstəsna məharət, nəzəri hazırlıq, xüsusi yaradıcılıq tələb edir. Bu baxımdan Xalq artisti, məşhur tarzən Bəhram Mansurovun yaradıcılığı olduqca səciyyəvidir.

    AZƏRTAC xəbər verir ki, bu gün görkəmli tarzən, muğamların mahir ifaçısı, Xalq artisti Bəhram Mansurovun doğum günüdür.

    Klassik Azərbaycan muğamlarının qorunub saxlanılmasında və təbliğində böyük xidmətləri olan Mansurovlar sülaləsinin nümayəndəsi Bəhram Mansurov 1911-ci il fevralın 12-də İçərişəhərdə anadan olub.

    Tarzən ailəsində dünyaya gələn Bəhram, Mansurovlar nəslinin musiqi ənənələrinin davamçısı olmaq şansı qazanmışdı. Mansurovların musiqi aurası Bəhramın peşəkar tarzən kimi püxtələşməsində böyük rol oynadı. Mahir tarzən olan atası Məşədi Süleyman oğlunun tara meylini görüb deyərdi: “Sən tarı çalmağı tez öyrənəcəksən. Muğam sənin qanındadır”. O, yanılmadı…

    Bəhram səkkiz yaşından arzularını tarın kövrək tellərində köklədi. 19 yaşı olanda Müslüm Maqomayev onu Xalq Çalğı Alətləri Orkestrinə, daha sonra isə Opera və Balet Teatrına solist-tarzən kimi dəvət etdi. 1929-cu ildən Azərbaycan Dövlət Şərq Orkestrinin, sonralar Azərbaycan Dövlət Filarmoniyasının solisti oldu. Opera və Balet Teatrında Hüseynqulu Sarabski, Yavər Kələntərli, Hüseynağa Hacıbababəyov, Əlövsət Sadıqov, Həqiqət Rzayeva kimi korifeylərlə işlədi. Rübabə Muradova, Sara Qədimova, Əbülfət Əliyev, Gülxar Həsənova, Zeynəb Xanlarova, Mais Salmanov, Bakir Haşımov, Qulu Əsgərov, Arif Babayev, Nəzakət Məmmədova, Baba Mirzəyev və başqa sənətkarları müşayiət etdi.

    Bəhram Mansurov ilk azərbaycanlı musiqiçidir ki, onun ifasında “Çahargah” və “Rast” muğamları nota alınıb, həmçinin “Bayatı-Şiraz”, “Humayun”, “Şur”, “Bayatı-kürd”, “Çahargah” ilk dəfə UNESCO-nun xətti ilə vallara və CD-lərə yazılıb, bütün dünyaya yayılıb.

    Bəhram Mansurov 1978-ci və 1983-cü illərdə Səmərqənddə keçirilən Beynəlxalq Muğam Simpoziumunda Azərbaycanı təmsil edib.

    Görkəmli tarzən 54 il Opera və Balet Teatrında çalışıb, muğam operalarında xanəndələri müşayiət edib. Onun ifasında olan bütün muğamlar, dəraməd, diringə, təsnif və rənglər oğlu Eldar Mansurov tərəfindən nota salınıb.

    1971-ci ildə tanınmış Azərbaycan musiqiçisi, tarzən Bəhram Mansurova həsr olunmuş “Çalır Bəhram Mansurov” sənədli televiziya filmi çəkilib. Xalq artisti 1985-ci il mayın 14-də, ömrünün 75-ci ilində vəfat edib.

    Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2011-ci ildə Xalq artisti, görkəmli tarzən Bəhram Mansurovun anadan olmasının 100 illiyi qeyd edilib. Sənətkarın oğlu, çağdaş dövrümüzün tanınmış bəstəkarlarından olan Eldar Mansurov atasının 100 illiyinə ithaf etdiyi “Mansurovlar” adlı kitabda nəslin 300 illik bir zaman kəsiyində keçdiyi yolu ətraflı şəkildə təcəssüm etdirib.

    Bu gün də unudulmaz sənətkarın yaratdığı ölməz sənət inciləri neçə-neçə gənc tarzənin yetişməsinə təkan verir, yol göstərir. Hər dəfə ona qulaq asanda nədənsə yada ölməz Şəhriyarın bu misraları düşür: “Tardan özgə qalmadı yari-vəfadarım mənim”. Tar sənətimiz, muğamlarımız yaşadıqca, ölməz sənətkarımız Bəhram Mansurov da xatırlanacaq.

    Mənbə: https://azertag.az/

  • Bu gün tanınmış şair İslam Səfərlinin doğum günüdür

    O, cəmi 51 il ömür sürmüş mənalı həyat yoluna böyük bir sənətkar irsini sığışdıraraq yaddaşlarda əbədi qalıb. Şairin poetik nümunələrinə 200-ə yaxın mahnı bəstələnib, pyesləri dəfələrlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında və Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnəyə qoyularaq tamaşaçı rəğbəti qazanıb.

    AZƏRTAC xəbər verir ki, bu gün tanınmış şair İslam Səfərlinin anadan olmasının 101-ci ildönümü tamam olur.

    İslam Səfərli 1923-cü il fevralın 12-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şəkərabad kəndində dünyaya gəlib. Naxçıvandakı 1 nömrəli məktəbi bitirdikdən sonra könüllü olaraq 1941-1945-ci illər müharibəsində iştirak edib. Müharibə mövzusu gənc şairin poemalarında da öz əksini tapıb. İslam Səfərli dramaturq kimi də böyük uğur qazanıb. O, oçerk, novella, libretto və kinossenari, məqalələr müəllifi kimi də tanınıb. Həmçinin tərcüməçilik fəaliyyəti ilə də məşğul olub. A.S.Puşkin, M.M.Svetlov, S.Marşak, M.Kərim, M.Tursunzadə, K.Koladze, Y.Dolmatovski kimi tanınmış sənətkarların əsərlərini müvəffəqiyyətlə tərcümə edib.

    Tanınmış şairin adını əbədiləşdirmək məqsədilə Xəzər dənizində üzən gəmilərin birinə “İslam Səfərli” adı verilib, Bakının mərkəzi küçələrindən biri şairin adını daşıyır, Bakıda yaşadığı binaya (Həsən Seyidbəyli, 30) onun barelyefi-xatirə lövhəsi vurulub. Həmçinin Naxçıvanda oxuduğu 1 nömrəli məktəb onun adını daşıyır.

    Özünəməxsus böyük istedad sahibi olan İslam Səfərli ustadı kimi qəbul etdiyi Səməd Vurğun məktəbi ənənələrinə yaradıcı münasibət bəsləyib.

    18 kitabı işıq üzü görən İslam Səfərlinin şeirlərində ictimai motivlərdən çox təbiiliyi, səmimiyyəti, duyğu və düşüncələri – lirikanı ön mövqeyə çəkməsi diqqəti cəlb edib. Professor Əkbər Ağayev bu barədə yazıb: “Vətən də, onun təbiəti də İslam Səfərlinin tərənnümündə tam bir poeziyadır, incədir, xəfifdir, gözəldir”.

    “De, nə vardır dünyada

    Ana südündən təmiz

    Doğulduğun torpaqdan,

    Olduğun evdən əziz?!” – deyən İslam Səfərli 1974-cü il noyabrın 6-da uzun sürən xəstəlikdən sonra əbədiyyətə qovuşub və Fəxri xiyabanda dəfn olunub.

    Mənbə: https://azertag.az/

  • Bu gün Xalq artisti Möhsün Sənaninin anım günüdür

    Xalq artisti Möhsün Sənanini xalqa sevdirən onun bənzərsiz sənətkarlığı, fitri istedadı, gənc nəslə daim qayğı ilə yanaşması olub. Sənani aktyora çox vacib olan hər cür qabiliyyətə – oxumaq, oynamaq, çalmaq bacarığına malik idi. “Sənani” onun təxəllüsüdür. Onun əsl soyadı Cəfərovdur.

    AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan teatr və kinosunun korifey sənətkarı, Xalq artisti Möhsün Sənaninin vəfatından 43 il ötür.

    Möhsün Sənani Cəfərov 1900-cü ildə Tiflisin “Şeytanbazar” məhəlləsində ruhani ailəsində anadan olub. O, 4-5 yaşında ikən ata-anasını itirib, nənəsinin himayəsində qalıb. 1906-cı ildə nənəsi Möhsünü mədrəsəyə qoyur. Nənəsinin məqsədi Möhsünü mollalığa hazırlamaq və gələcəkdə onu atası kimi mərsiyəxan eləmək idi. Lakin Möhsün nə mədrəsəni oxuyub başa çatdıra bilir, nə də ki, nənəsinin arzusu yerinə yetir. 1908-ci ildə nənəsi vəfat edir, xalası molla Zinyət onu öz himayəsinə götürür. Molla Zinyət respublikanın Xalq artisti Əli Qurbanovun anasıdır.

    Molla Zinyət Möhsünü öz uşaqlarından çox istəyir. O, Sənaninin oxuması ilə şəxsən özü məşğul olur. Ancaq Zinyət xanımın da vəziyyəti yaxşı deyildi. Onun özünün ailə üzvləri də çox idi. Buna baxmayaraq, Zinyət Möhsünü də, onun bacısını da doğma övladı kimi saxlayır. Kiçikyaşlı Möhsün özünün və bacısının xalasına bir yük olduğundan xəcalət çəkir. Odur ki, 1909-cu ildən işləməli olur. O, “Şeytanbazar”da hər cür əzab-əziyyətə və böyük zəhmətə qatlaşır.

    Səhnə həvəsi Sənanidə yeniyetmə yaşlarından baş qaldırıb. O, yerli teatrların və Tiflisə qastrola gələn artistlərin tamaşalarına böyük həvəslə baxırdı. Möhsün həm teatr aktyorlarının oyununa, həm də meydanlarda oxuyan dərvişlərin səsinə fikir verir və onları təqlid edir. Bu minvalla özünün oxumaq qabiliyyətini inkişaf etdirir.

    1911-ci ildə Möhsün birinci dəfə geniş izdiham qarşısına çıxır. Böyük həyəcan keçirsə də, onun çıxışı dinləyicilərə, tamaşaçılara dərin təsir bağışlayır. Möhsün 1912-ci ildə kiçik həvəskarlar dərnəyinə qoşulur və bu dərnəklərdə birpərdəli povestlərdə sınamağa başlayır. Möhsünün ilk rejissoru Tiflis müsəlman artistləri dəstəsinin müqəddir komik aktyoru Mirzəxan Quliyev olub. 1915-ci ildə M.Sənani Tiflis truppasına cəlb edilirlər. Həmin ildə Hüseyn Ərəblinskinin iştirakı ilə hazırlanmış “Kaveyi-Ahəngər” tamaşasında Möhsünə dəmirçi Kavənin oğlunun rolunu tapşırırlar. O, bu rolu çox böyük ustalıqla ifa edir. Vəziyyətinin ağırlığına, maddi ehtiyac içərisində yaşamasına baxmayaraq, bütün peşələrdən əl çəkir, ancaq aktyorluqla məşğul olur. Bu dövrdə Tiflis teatrı truppasında çox məşhur sənətkarlar fəaliyyət göstərirdi. Bunlardan Mirzəli Abbasov, Mirzəxan Quliyev, Əşrəf Yüzbaşıyev, Mirseyfəddin Kirmanşahlı, İbrahim İsfahanlı, Tərlan xanım, Əli Əskərov, Həsən Səbri, Paşa Mahmudov, Kaftaradze, Panfiliya Tanailidi, Əli Qurbanov və b. adını çəkə bilərik. Möhsün Sənani onların arasında ən gənc aktyor idi.

    Gənc olmasına baxmayaraq, az bir zaman içərisində ona Heydər bəy, Süleyman bəy, Vəli (“Arşın mal alan”), Hambal (“Məşədi İbad”), Rzaqulu (“Nadir Şah”), Kasio (“Otello”) kimi məsul rollar tapşırılıb. Həmin rollar Sənaninin aktyorluğunda bir sıçrayış yaradır, ona həqiqi aktyor şöhrəti qazandırır. M.Sənani 1915-ci ildən 1920-ci ilə kimi Tiflis teatr truppasında çalışır. M.Sənani 1921-ci ildən Bakının teatr səhnələrində parlamağa başlayır. O, nəinki teatrda, eləcə də kino sənətində də çox yadda qalan, təkrarolunmaz rollar ifa edib. Bunlardan “Səbuhi”, “O olmasın, bu olsun”, “Sehrli xalat” və s. filmləri qeyd etmək kifayətdir.

    Əlli il ərzində bir gün də olsun səhnədən ayrılmayan Möhsün Sənani qədirbilən xalqımızın sevilən və məşhur sənətkarıdır. Onun zəngin səhnə təcrübəsini, yaradıcılıq xüsusiyyətlərini öyrənmək bizim gənc aktyor və kino sənətkarlarımız üçün maraqlı olduğu qədər də səmərəlidir.

    Mənbə: https://azertag.az/

  • Cəlil Məmmədquluzadənin ev-muzeyi: Misilsiz sənət qaynağı – REPORTAJ

    AZƏRTAC-ın əməkdaşları böyük yazıçı-dramaturq, maarifçi-publisist, naşir Cəlil Məmmədquluzadənin ad günündə ədibin ev-muzeyini ziyarət ediblər

    Bakı, 10 fevral, Təhminə Verdiyeva, AZƏRTAC

    Sizi deyib gəlmişəm…

    Bir könül təlaşıyla çıxılmaz küçələrdən keçərkən ruhumun sevinc dolu duyğusunu simama yansıdıb Azərbaycanın görkəmli şəxsiyyətlərindən olan Cəlil Məmmədquluzadənin ömrünün son illərini (1922-1932) yaşayıb yaratdığı ev-muzeyinə doğru yol aldım. Budur, artıq həyətə daxil olmuşam, əsərlərini həvəslə oxuduğum bu dahi şəxsiyyətin evinə bir azdan ayaq basacağam, Cəlil nəfəsi ilə əhatə olunmuş bir isti yurdun ecazkar gözəlliklərinə canlı şahidlik edəcəyəm.

    Bakıdakı Süleyman Tağızadə küçəsində yerləşən bu ev-muzeyinin ümumi sahəsi 185 kvadratmetrdir və 5 otaqdan ibarətdir. Hər divarında, hər daşında tarix qoxan bir muzeyin içində olmaq, Cəlil Məmmədquluzadə kimi novator bir yazıçının evi ilə tanışlıq və əsrarəngiz gözəllikləri qələmə almaq mənim üçün olduqca qürurvericidir. İllər tez keçir gedir, bu dəyərləri qorumaq, sahib çıxmaq biz gənclərin əlindədir. Görə bildiyimiz müddətcə görmək, baxa bildiyimiz anlarda baxmaq, müvəffəq olduğumuz zamanlarda yaşada bilmək…

    Azərbaycan yazıçısı, dramaturqu, jurnalisti, ictimai xadimi Cəlil Hüseynqulu oğlu Məmmədquluzadə 1869-cu il fevralın 10-da Naxçıvan şəhərində kiçik tacir ailəsində anadan olub. Böyük satirik Cəlil Məmmədquluzadə məşhur “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi və ideya rəhbəri, kiçik hekayə ustası, publisistdir. Pedaqoji fəaliyyətə başlamış görkəmli yazıçı 1887–1897-ci illər arasında İrəvan quberniyasının Uluxanlı, Naxçıvan mahalının Baş Noraşen (indiki Şərur rayonunda Cəlilkənd) və Nehrəm kəndlərində müəllimlik edib. Ədəbiyyatımızın, dramaturgiyamızın, teatrımızın, ümumiyyətlə, ictimai fikrin inkişafına misilsiz töhfələr vermiş ədib xalqı, milləti üçün mənalı, şərəfli ömür yolu keçib.

    Həmsöhbətim, muzeyin elmi işçisi Yeganə Məmmədova ürək yanğısı ilə bildirir ki, Cəlil Məmmədquluzadənin ev-muzeyinin çox qəribə bir taleyi var. Əsasən bütün ev-muzeylərdə tanınmış şəxsiyyətlərin övladları, nəvələri, yaxın qohumları və s. eksponatları təhvil verərək töhfələri ilə tarixin yaşamasına kömək edirlər. Amma bu ev-muzeyinin bütün eksponatları çox çətinliklə illər boyunca əldə olunub və hazırda gördüyünüz kimi göz oxşayır: “Mən mütaliəni çox sevirəm. Hər zaman Cəlil Məmmədquluzadə haqqında araşdırmalar aparmış və yeni bir fikir, yeni bir cümlə axtarışında olmuşam. Məsələn, o illərdə çox maraqlı və yeni bir hadisənin baş verdiyini müəyyən etmişəm. O zamanlarda Türkiyədə görkəmli ədibimiz bir hərbçi ilə qarşılaşır, həmin hərbçi onu dərhal tanıyıbmış. Yaxınlaşıb və soruşub: “Siz “Molla Nəsrəddin” jurnalının redaktorusunuz?”… Bu, o deməkdir ki, “Molla Nəsrəddin” jurnalı Türkiyədə də oxunub və hər kəs bundan xəbərdar olub. Bu, çox xoş bir hadisədir. İldən-ilə ekspozisiyamız zənginləşir və bizlər hazırda daha iki yeni məlumat əldə etmişik. Həmin yenilikləri tezliklə ev-muzeyinə gətirəcəyik. Belə tapıntılar olanda bizə çox xoş olur”.

    Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən – həyatın məqsədi məhz budur

    Muzeyin girişində Mirzə Cəlilin rəngli boya ilə çəkilmiş portreti və 1994-cü il dekabrın 28-də Ulu Öndər Heydər Əliyevin muzeyin ekspozisiyasının açılışında iştirakı zamanı çəkilmiş fotoşəkilini görürük.

    Birinci otaq

    Bu otaq Cəlil Məmmədquluzadənin uşaqlıq, gənclik və tələbəlik illərinə həsr olunub. Burada onun uşaqlıq, gənclik illəri və doğulduğu evin fotoları sərgilənir. Həmçinin ədibin dərs dediyi Uluxanlı, Baş Noraşen, Nehrəm kənd məktəblərinin şəkilləri və ədibin Nehrəmdə yaratdığı ilk qız sinfinin şagirdlərinin siyahısı təqdim olunub. Bu otaqda ədibin yazıçılıq fəaliyyətinin başlanmasından söhbət açılır. İlk yazdığı “Çay dəstgahı”, “Kişmiş oyunu”, “Poçt qutusu” hekayələri barədə məlumatlar yer alıb.

    İkinci otaq

    Bu otaq onun ailəsi tərəfindən qonaq, yemək otağı kimi istifadə olunurdu. Divardan asılan saat, otaqda yerləşdirilən mebel, qab-qacaq C.Məmmədquluzadənin ailəsinə məxsus olan şəxsi əşyalardır. Masaya salınan öz zərifliyi ilə seçilən süfrə Qarabağ sənətkarlarının əl işidir. Otağın sağ tərəfində rəssam Oqtay Sadıqzadənin 1981-ci ildə çəkdiyi C.Məmmədquluzadə və Həmidə xanım portretinin reproduksiyasıdır. Burada, həmçinin Cəlil Məmmədquluzadənin uşaqlarının şəkilləri, doğum və nikah haqqında sənədləri, dostları, “Şərqi-rus” qəzetinin redaktoru Məhəmmədağa Şahtaxtlının, “Molla Nəsrəddin” jurnalının təsisçilərindən biri görkəmli yazıçı və jurnalist Ömər Faiq Nemanzadənin, həyat yoldaşı Həmidə xanımın oğlu Nifhətə yazdığı məktub nümayiş olunur.

    Üçüncü otaq

    Burada ədibə və ailəsinə məxsus olan əşyalar nümayiş olunur. Geyim şkafında Həmidə xanıma məxsus kostyum asılıb. Masanın üstünə qoyulan çanta Həmidə xanımın tibb çantasıdır. Həmidə xanım Qarabağda yaşayarkən ətraf kəndlərə xəstələr üçün bu çantada peyvənd və dərmanlar aparırdı. Divarda ailə şəcərəsi nümayiş olunur. Burada məşhur Qarabağ xalçasının nümayişi otağa xüsusi gözəllik qatır.

    Dördüncü otaq

    Bu otaqda C.Məmmədquluzadənin dram yaradıcılığı, müxtəlif dillərə tərcümə olunmuş və başqa ölkələrdə çap olunmuş əsərləri nümayiş olunur. Burada yazıçının “Ölülər”, “Anamın kitabı” və “Dəli yığıncağı” dram əsərlərinin müxtəlif illərdə tamaşaya qoyulmuş fotoları sərgilənir. Ədibin şah əsəri olan “Ölülər” pyesinin kefli İsgəndər rolunun ilk ifaçısı məşhur Azərbaycan aktyoru Mirzə ağa Əliyevin fotosu da təqdim olunur. Kitab bölməsində xüsusi diqqəti cəlb edən isə Parisdə çap olunan “1920-ci ilə qədər Rusiyada Müsəlmanlar Arasında Mətbuat və Milli Hərəkat” kitabıdır.

    Beşinci otaq

    Burada ədibin şəxsi əşyalarından yazı stolu, kitab şkafları, şəxsi əşyaları, müxtəlif iş sənədlərinin əlyazması və C.Məmmədquluzadə irsinin tədqiqatçıları, o cümlədən “Molla Nəsrəddin”çilərin fotoşəkilləri yerləşdirilib. Həmçinin “Molla Nəsrəddin” jurnalının redaksiya binasının “Qeyrət” mətbəəsinin fotosu da nümayiş olunur. Kitab şkaflarında ötən əsrlərin nadir ensiklopedik lüğətləri, C.Məmmədquluzadənin əsərləri və onun haqqında tədqiqat kitabları yer alıb. Divardan asılmış saatın əqrəbi ədibin vəfat etdiyi vaxtda – 15:00-da dayandırılıb. Burada, həmçinin qələmqabı, tütün kisəsi, ətir qabı və Mirzə Cəlilin şəxsi kəməri sərgilənir.

    Əlbəttə, onun haqqında çox yazmaq, çox danışmaq olar. Ev-muzeyinə daxil olduğum andan etibarən bu divarlar, bu daşlar, evin hər bucağı, yazıçı nəfəsi dəymiş bu ocaq, istilik qoxan bu məkan mənə doğmalıq bəxş etdi. Həm də bir daha əmin oldum ki, mənsub olduğu millətin tərəqqisi naminə ömrü boyu yorulmadan fəaliyyət göstərən, bu yolda bir anda olsun belə usanmamış böyük ədib Mirzə Cəlil xalqının, millətinin qəlbində daim yaşayacaq!

    Mənbə: https://azertag.az/

  • Bu gün yazıçı, dramaturq, ictimai xadim Cəlil Məmmədquluzadənin doğum günüdür

    Bu gün böyük yazıçı-dramaturq, maarifçi-publisist, naşir Cəlil Məmmədquluzadənin anadan olmasının 155-ci ildönümü tamam olur.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə silsilə tədbirlərlə qeyd edilib.

    Cəlil Məmmədquluzadə ədib realist hekayələri, povestləri, dram əsərləri (“Dəli yığıncağı”, “Anamın kitabı”, “Ölülər”) ilə Azərbaycan ədəbiyyatına dəyərli töhfələr verib. 1906-1932-ci illərdə (fasilələrlə) nəşr etdirdiyi “Molla Nəsrəddin” jurnalı ilə Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub.

    Cəlil Hüseynqulu oğlu Məmmədquluzadə 10 fevral 1869-cu ildə Naxçıvan şəhərində anadan olub. İlk təhsilini əvvəlcə mollaxanada, sonra Naxçıvan şəhər məktəbində alıb. 1887-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasını (Qori Seminariyası) bitirib, bir müddət İrəvan quberniyasının kəndlərində müəllimlik (1887-1897) edib. İlk məlum bədii əsəri sayılan “Çay dəstgahı” (1889) alleqorik pyesini, “Danabaş kəndinin əhvalatları” (1894-cü ildə nəşr olunub) povestini də bu dövrdə yazıb.

    1895-ci ilin yayında Moskva və Sankt-Peterburqa gedib, bu şəhərlərin mədəni həyatı ilə tanış olub. 1904-cü ildən Tiflisdə nəşr edilən “Şərqi-Rus” qəzetinin redaksiyasında işləyib. Cəlil Məmmədquluzadənin yazıçı və jurnalist kimi püxtələşməsində bu qəzetin və onun redaktoru M.Şahtaxtlının mühüm rolu olub. 1903-cü ildə yazdığı “Poçt qutusu” hekayəsi 1904-cü ildə “Şərqi-Rus” qəzetində çap olunub. “Kişmiş oyunu”, L.Tolstoydan tərcümə etdiyi “Zəhmət, ölüm və naxoşluq” hekayələri də ilk dəfə bu qəzetdə dərc edilib.

    1905-ci ilin əvvəllərində “Şərqi-Rus” bağlananda Cəlil Məmmədquluzadə jurnalist Ömər Faiq Nemanzadə və maarifpərvər tacir M.Bağırzadə ilə birlikdə bu qəzetin mətbəəsini alıb ona “Qeyrət” adı vermişdir. Həmin ildə Cəlil Məmmədquluzadə Tiflisdə azərbaycanlı uşaqlar üçün məktəb və pansion açıb. 7 aprel 1906-cı ildə Tiflisdə “Molla Nəsrəddin” jurnalının ilk nömrəsi çapdan çıxır. Müəyyən fasilələrlə nəşr olunan jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1920-1921-ci illərdə 8 nömrə ilə Təbrizdə, 1922-1931-ci illərdə isə Bakıda nəşr olunub.

    C.Məmmədquluzadənin zəngin bədii irsi, onun “Molla Nəsrəddin” jurnalı təkcə Azərbaycanda, Cənubi Qafqazda deyil, İran və Türkiyədə də ədəbi-ictimai fikrin inkişafına qüvvətli təsir göstərib.

    Cəlil Məmmədquluzadənin publisistikası, nəsr və dram əsərləri ilə Azərbaycan ədəbiyyatını yalnız məzmunca deyil, formaca da zənginləşdirib. O, xüsusilə kiçik hekayə janrının misilsiz ustasıdır. Onun ən yaxşı hekayələri çox mühüm sosial mətləbləri son dərəcə yığcam bir şəkildə, məharətlə əks etdirmək baxımından dünya ədəbiyyatının kamil nümunələri ilə bir sırada durur.

    XX əsr Azərbaycan dramaturgiyasının inkişafında yeni bir mərhələni təşkil edən “Ölülər” komediyası 1909-cu ildə yazılıb. Əsərdə din, mövhumat və feodal həyat tərzi əleyhinə mübarizə öz əksini tapıb. “Ölülər”də cəhalət, gerilik, ikiüzlülük və yalan ifşa olunur. Avamlıq və nadanlığın nə kimi bəlalar yaratdığı göstərilir. Bu komediyanı yazmaqda böyük dramaturqun məqsədi müsəlman ölkələri xalqlarını uzun əsrlər cəhalətdə saxlayan, mövhumat içində çürüdən, dini, şəriəti soyğunçuluq vasitəsinə çevirən yalançı, fırıldaqçı ruhanilərin həqiqi simasını olduğu kimi xalqa tanıtmaq olmuşdur. Cəlil Məmmədquluzadənin tərcümeyi-halı ilə əlaqədar olan materiallar, arxiv sənədləri və xatirələr göstərir ki, Şeyx Nəsrullah surətinin yaradılmasında müəllifin şahidi olduğu konkret tarixi faktların və həqiqətlərin böyük təsiri olmuşdur. Şeyx Nəsrullah bütün Yaxın və Azərbaycan üçün səciyyəvi olan canlı, tipik və mürəkkəb bir ruhani obrazıdır. Ədib Şeyx Nəsrullahın əksi olaraq yaratdığı Kefli İskəndər obrazı vasitəsilə xalqı oyatmağa çalışmışdır. 1916-cı ildə Bakıda səhnəyə qoyulmuş “Ölülər” komediyası uzun müddət Azərbaycan və Şərq ölkələrinin teatrlarında oynanılmışdır.

    Cəlil Məmmədquluzadə “Yeni yol” qəzetinin redaktoru, Ümumittifaq Mərkəzi Yeni Əlifba Komitəsinin üzvü, Bakı Azad Tənqid-Təbliğ Teatrının təşkilatçılarından olub, “Maarif və mədəniyyət”, “Yeni kənd”, “Şərq qadını” və s. mətbuat orqanlarında fəaliyyət göstərib.

    Ədib yaradıcılığında milli şüur (“Anamın kitabı”, 1919), məktəb tərbiyəsi, ümumiyyətlə xalq maarifi (“Danabaş kəndinin məktəbi”, 1921) problemlərinə geniş yer verib. “Dəli yığıncağı” (1936-cı ildə nəşr olunub) pyesində feodal-patriarxal münasibətləri, din və fanatizmi kəskin tənqid atəşinə tutub.

    Cəlil Məmmədquluzadə 1907-ci ildə ədib Həmidə xanım Əhmədbəy qızı Cavanşirlə ailə həyatı qurub. Bu izdivacdan onların Midhət və Ənvər adlı iki oğulları dünyaya gəlib.

    Böyük ədib 4 yanvar 1932-ci ildə Bakı şəhərində vəfat edib. Məzarı Fəxri xiyabandadır.

    Mənbə: https://azertag.az/

  • Azərbaycanlı şairə-publisist Nəcibə İLKİNin “Ömrün söz yağışı” adlı yeni kitabı işıq üzü görüb

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Nəcibə İLKİNin “Ömrün söz yağışı” adlı yeni kitabı işıq üzü görüb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Azərbaycan Yazıçılar Birliyi İlham Əliyevi təbrik etdi

    Azərbaycan Yazıçılar Birliyi qurumun Katibliyi, Ağsaqqallar Şurası və İdarə Heyəti adından dövlət başçısı İlham Əliyevi növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib. Təbrikdə deyilir:

    “Möhtərəm Prezident!

    Sizi Azərbaycan xalqının müstəqil iradəsinin və seçim haqqının aydın ifadəsi olan 7 fevral prezident seçkilərində parlaq qələbə qazanmağınız münasibətilə səmimi qəlbdən təbrik edirik!

    Bu seçkilərin müqəddəs Vətən torpaqlarının hər qarışının işğaldan azad edildiyi, dövlət suverenliyimizin bütün ərazilərimizdə tam bərpa olunduğu bir şəraitdə keçirilməsi xüsusilə əlamətdardır. 7 fevral prezident seçkilərinin digər tarixi cəhəti isə Sizin həmin gün ailə üzvlərinizlə birgə Qarabağda olmağınız və səsvermə hüququnuzu Xankəndidə – işğaldan azad edilmiş əzəli və əbədi Azərbaycan şəhərində həyata keçirməyinizdir.

    Vətəndaş fəallığına görə dünyanın diqqətini çəkən və seçicilərin mütləq əksəriyyətinin yenidən Sizə səs verməsi ilə nəticələnən bu seçkilər ötən müddət ərzində dövlətimizə böyük müdriklik və qətiyyətlə rəhbərlik etdiyinizi, qədirbilən xalqımızın isə bunu özünəməxsus nəcibliklə, layiqincə qiymətləndirdiyini növbəti dəfə yüksək səviyyədə nümayiş etdirdi.

    Möhtərəm Prezident!

    Müzəffər Ali Baş Komandanlığınız altında Böyük Zəfərlə yekunlaşan Vətən müharibəsindən sonra Sizin qətiyyətlə qeyd etdiyiniz kimi, Azərbaycan özünün yeni inkişaf dövrünə qədəm qoymuşdur. Bu yeni dövrün məhz Sizin yorulmaz rəhbərlik fəaliyyətiniz sayəsində xeyirli-uğurlu olacağına, ölkəmizə, xalqımıza hər bir sahədə mühüm nailiyyətlər qazandıracağına əminik. Eyni zamanda, başlanan bu fərqli tərəqqi mərhələsinin ədəbiyyatımızın və mədəniyyətimizin də inkişafına yeni təkan verəcəyinə inanırıq.

    Ölkə yazıçıları adından Sizi əmin edirik ki, müdrik siyasi-dövlətçilik xəttinizi bundan sonra da əzmlə dəstəkləyəcək, Azərbaycanımızın inkişafı, ədəbiyyat və mədəniyyətimizin yüksəlişi, ana dilimizin qorunması və təbliği naminə bütün istedad və bacarığımızı səfərbər edərək çalışacağıq.

    Sizi prezident seçkilərində parlaq qələbəniz münasibətilə bir daha ürəkdən təbrik edir, rəhbərlik fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzu edirik!”

    Mənbə: https://edebiyyatqazeti.az/

  • “Bilənlərə salam olsun!” – Əkbər Qoşalı yazır

    “Ədəbiyyat və incəsənət” portalı şair, publisist Əkbər Qoşalının 7 fevral – Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə həsr edilmiş yazısını təqdim edir. 

    7 fevralda Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri baş tutdu. Ərazi bütövlüyünü, suverenliyini bərpa etmiş respublikamızda keçirilən ilk seçki bir sıra özəlliklərlə, İLKlərlə yaddaşlara həkk olunacaq.

    Bəli, müstəqillik dönəminin bütün ölkə boyu keçirilmiş ilk seçkisindən danışırıq.

    7 fevral seçkisi dövlət başçımızın Bakıda deyil, Xankəndidə səs verdiyi ilk seçki oldu! – Dövlət başçısının öz ailəsi ilə məhz Xankəndidə səs verməsinin mahiyyətini “bilənlərə salam olsun”!

    7 fevral seçkisi elə bil seçki oldu ki, namizədlərin heç biri uduzmuş sayılmaz. Zəfər seçkisinin uduzanı olmaz ki! Bu bir tarixi hadisəydi, namizəd olaraq da, seçici olaraq da iştirak toy-bayrama getmək kimiydi… Bütün vətəncanlılar şaddı, qürurluydu!

    İllər uzunu nə deyir, nə eşidirdik? –

    “Bircə Qarabağ azad olunsun!”;

    “Xankəndini kim azad etsə, onun qızıldan heykəli qoyulmalıdır!”;

    “Xocalının qisasını alan, Şuşaya bayraq sancan komandana can qurban”! –

    Yəni, şanlı ordunun Müzəffər Ali Baş Komandanı ilə eyni seçkidə yarışmaq, ölkənin uğurlarına birgə sevinib, qarşıda duran vəzifələri ekranda-efirdə birgə müzakirə etmək şansı qazanan heç bir siyasətçi uduzmuş sayılmaz. Bu seçkinin biləvasitə qalibi İlham Əliyev olsa da, qalib olan bütövlükdə xalqımız, dövlətimizdir! – Dünən səsvermə məntəqələrinə gələrək öz vətəndaş hüququnu, məsuliyyətini nümayiş etdirən hər kəs Azərbaycanın böyük gələcəyinə səs verdi. Səslərimiz Qarabağda, Gündoğar Zəngəzurda həyatın canlanmasına, ölkəmizin dörd yanında daha firavan həyatın şəkillənməsinə xidmət edəcək. 

    7 fevraldakı səslərimiz Qazaxın 7, Naxçıvanın 1 kəndinin azadlığı, Zəngəzur dəhlizinin açılması, Böyük qayıdışın daha da sürətlənməsi, Qərbi Azərbaycana qayıdışın geridönməz xarakter alması, bir sözlə, qüdrətli Azərbaycan üçündür! Belə bir inam içində keçirilən seçkilərdə uduzmaq kədər deyil, mübarəklikdir. 

    Siz təsəvvür edin, iraq olsun, Qarabağ hələ də işğal altında qalmış olaydı və dünənki seçkilərdə uduzmuş hansısa namizəd daha yüksək səs almış olaydı… – Bu, kimə, nəyə gərək olar, nəyə yarardı və ondan necə ilhamlanmaq, zövq almaq olardı?

    Bilməm, fikrimi çatdıra bildimmi?

    Bəli, respublikamızın paytaxtında və müxtəlif bölgələrində öz tərəfdarları ilə, seçicilərlə, o cümlədən ilk dəfə səsverən gənclərimizlə keçirilən çoxsaylı görüşlər, insanların istəklərini, qayğılarını biləvasitə özlərindən eşitmək imkanı digər namizədlərin növbəti seçkilərə hazırlıqları üçün mənəvi bazadır, dəyərli bilgilərdir. Məsələn, qalib Azərbaycanın parlamentində təmsil olunmaq qürur qaynağ deyilmi?.. Yaxud bütöv Azərbaycanın hətta bir bələdiyyəsinin üzvü olmaq belə, işğal altındakı şəhər-kəndlərimizi parlamentdə təmsil etməkdən daha üstün deyilmi?

    İlham Əliyevin 7 fevral seçkisindəki möhtəşəm qələbəsi onun haqqı, xalqımızın qədirbilənliyi, vətəncanlılığı və minnətdarlığının təcallasıdır.

    DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

    “Ədəbiyyat və incəsənət”

    (09.02.2024)

    Mənbə: https://edebiyyatveincesenet.az/

  • Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub

    Gülnar Səmanın “Sözümüz sözdür-2” adlı publisistik məqalələrdən ibarət kitabı xaricdə “GlobeEdit” nəşriyyatında çap olunub. Məqalələr toplusu Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının 3 oktyabr 2023-cü il 5 saylı qərarı ilə nəşr edilib.

    Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülnar Səmanın bu kitabında ədəbiyyatşünaslıq sahəsində yazdığı məqalələri yer alıb. İlk məqalələr “Heydər Əliyevin obrazı müstəqillik illərində yazılmış poemalarda”, “İlham Əliyev və Azərbaycan ədəbiyyatı” adlanır.                                                                                                                                                                                                             Məqalələrin bir qismi Vilayət Quliyev, Asif Rüstəmli, Gülhüseyn Hüseynoğlu, Məmməd İsmayıl, Maarif Həsənoğlu, Dəyanət Osmanlı, Elçin İsgəndərzadə, Əkbər Qoşalı kimi müəlliflərin yaradıcılığına həsr olunub. Gənc yazarlardan Aysel Xanlarqızı, Fərid Hüseyn, Səxavət Sahil, Ramil Mərzili, Ulucay Akifin kitabları haqqında məqalələr də kitabda toplanıb. Yusif Nəğməkar, Əsəd Cahangir, Rəşad Məcid, Zəlimxan Yaqub, Sabir Mustafa və digər şairlərin poemaları haqqında yazılara da yer ayrılıb. Eyni zamanda bölgə ədəbiyyatının tədqiqatına həsr edilmiş irihəcmli araşdırmalar da kitabda yayımlanıb.

    Kitabın elmi redaktoru filologiya elmləri doktoru Elçin Mehrəliyevdir. Rəyçiləri filologiya elmləri doktoru, professor Cahangir Məmmədli və filologiya üzrə fəlsəfə doktoru, dosent Gülbəniz Babayevadır. Fotoqrafı isə Nofəl Ümiddir.

    168 səhifəlik bu kitab müəllifin 2019-cü ildə işıq üzü görmüş “Sözümüz sözdür” kitabının davamıdır. ISBN-13: 978-620-6-79661-9 kodunu axtarış sistemlərində yığaraq kitabı sifariş etmək mümkündür.

  • Bu gün Xalq artisti Tofiq Tağızadənin doğum günüdür

    Kino sənətində ilk yaradıcılıq işindən uğur qazanmaq hər rejissora nəsib olmur. Lakin onun ilk ekran əsəri “Görüş”, həm də tamaşaçı auditoriyası ilə uğurlu bir görüş oldu və gənc rejissoru həmin vaxtdan bu sənətə bağladı. Azərbaycan və Özbəkistan pambıqçılarının dostluğundan bəhs edən filmi kino tariximizdə iki ölkənin aktyorlarının ilk müştərək ekran işi kimi olduqca qiymətlidir. Filmin quruluşunu isə gənc azərbaycanlı rejissor Tofiq Tağızadə verib. Onun debütü çox uğurlu alınıb və gənc rejissor bu ilk işindən nəyə qadir olduğunu göstərə bilib. Şübhəsiz, “Görüş”, “Uzaq sahillərdə”, “Yeddi oğul istərəm”, “Mən ki gözəl deyildim” filmlərinə baxmayan insan az tapılar. Bu filmlərin hər birinin öz süjeti vardır. Rejissorun mövzulara özünəməxsus yanaşma tərzi isə milli kinomuza yeni üslub və nəfəs gətirib.

    AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan kino sənətinin inkişafında böyük xidmətləri olan, adı çəkiləndə gözlərimiz qarşısında sevə-sevə seyr etdiyimiz bir çox filmlərdən maraqlı epizodlar canlanan rejissor, Xalq artisti Tofiq Tağızadənin anadan olmasının 105-ci ildönümü tamam olur.

    O, 1919-cu ildə Bakı şəhərində anadan olub. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini bitirdikdən sonra C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında fəaliyyətə başlayan Tofiq Tağızadə milli kino tarixinin yeni səhifələrini yazıb.

    Ömrünün 40 ilə yaxın dövrünü kinoda keçirən Tofiq Tağızadə çəkdiyi filmlərdə özünü professional rejissor kimi təsdiq etməyi bacarıb. Onun ekran əsərləri Azərbaycan kinosunun ən nadir nümunələridir. Bu filmlərin əksəriyyətinin tarixi yarım əsrdən artıq bir dövrü əhatə etsə də, mövzu və ideya baxımından bu gün da aktuallığını qoruyub saxlayır.

    Görkəmli rejissorun “Görüş”dən sonra ərsəyə gətirdiyi “Uzaq sahillərdə”, “Əsl dost”, “Mateo Falkone”, “Mən rəqs edəcəyəm”, “Arşın mal alan”, “Mən ki, gözəl deyildim”, “Yeddi oğul istərəm”, “Qızıl qaz”, “Dədə Qorqud”, “Babamın babasının babası”, “Bağ mövsümü” və digər kinofilmləri onun yaradıcılığında əsas yeri tutur. Bu filmlərdə Azərbaycanın tarixi, mədəniyyəti, məişəti çox böyük sənətkarlıqla öz əksini tapıb. Onun Azərbaycanın kino tarixinə qızıl hərflərlə yazılmış filmləri bu gün də əsl məktəbdir. Bu ekran əsərlərindən çox şey öyrənmək, əxz etmək mümkündür.

    Tofiq Tağızadə hər birimizin yaddaşımızda zamanın problemlərini ekrana gətirən və insanları bu aktual məsələlər ətrafında düşünməyə sövq edən görkəmli rejissor kimi qalıb. Rejissorun daxili dünyası onun filmlərində əksini tapır. Hər bir filmində onun böyük bir insan və şəxsiyyət kimi dəyərləri görünür. O, tamaşaçı ilə açıq mükaliməyə girir, onun daxili “mən”ini özü ilə üzbəüz qoyur.

    Rejissorun İmran Qasımov və Həsən Seyidbəylinin ssenarisi əsasında çəkdiyi məşhur “Uzaq sahillərdə” filmi bütün zamanlarda Azərbaycan tamaşaçılarının sevə-sevə baxdıqları ekran əsəridir. Rejissorun yaratdığı Mixaylo obrazı bu gün də tamaşaçılar tərəfindən sevilir. Bu ekran əsəri 1959-cu ildə Kiyevdə Ümumittifaq Kinofestivalında diploma layiq görülüb, dahi bəstəkar Qara Qarayevə isə filmin musiqisinə görə kinofestivalın ikinci mükafatı verilib.

    Tofiq Tağızadə kinorejissor olmaqla yanaşı, bir çox filmlərdə rol alıb, həmçinin uzun illər respublikamızda kino işinin təşkilində və milli kadrların hazırlanmasında da əvəzsiz xidmət göstərib.

    Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi Tofiq Tağızadə ömrünün son illərində xüsusi studiya da yaradıb. Lakin amansız əcəl onun işlərini yarımçıq qoydu. Tofiq Tağızadə 1998-ci il avqustun 27-də dünyasını dəyişib.

    Qeyd edək ki, Azərbaycanın görkəmli kino rejissoru, Əməkdar incəsənət xadimi, Xalq artisti Tofiq Tağızadənin anadan olmasının 100 illiyi ölkə başçısının müvafiq Sərəncamı ilə silsilə tədbirlərlə qeyd edilib.

    Mənbə: https://azertag.az/

  • Etiraf – böyüklük və cəsarətdir – ANAR

    ANAR

    Görkəmli şair, nasir, publisist, etibarlı dostum Sabir Rüstəmxanlı bu günlərdə mənə telefon etdi. Bilir ki, mən sosial şəbəkələrə girmirəm. Odur ki, Məmməd İsmayılla maraqlı söhbətimiz olub – dedi – sizə gətirsinlər, baxın.

    Xahiş etdim, gətirdilər, baxdım və çox məmnun qaldım. Söhbət əsnasında Məmməd bəzi məsələlərdə düz hərəkət etmədiyini etiraf edir. Mənə də, Məmmədə də səmimi münasibət bəsləməyən aravuranlar tapılacaq ki, bu etirafı zəiflik, təslimçilik kimi qələmə verməyə çalışacaqlar. Amma mənim qəti fikrimcə, bu etiraf ilk növbədə böyüklüyün və əsl cəsarətin örnəyidir.

    Hər bir insan haçansa, hardasa yanıla bilər. İllər keçdikcə, həyat özü bir çox həqiqətləri təsdiq edirsə yanıldığını dərk etmək asan iş deyil, bunu səmimi etiraf etmək isə daha da çətindir. Böyük ürək tələb edən işdir.

    İlk gənclik illərimizdən Məmməd İsmayılla həmişə yaxşı münasibətlərimiz olub. Mən onu nəslimizin ən istedadlı şairlərindən biri kimi qiymətləndirmişəm və qiymətləndirirəm. Haqqında səmimi yazı da yazmışam. O da vaxtilə mənim haqqımda Türkiyə mətbuatında xoş bir yazı yazmışdı. Çoxları ondan üz döndərəndə Yazıçılar Birliyində yubileyini keçirdik. Odur ki, onu İstabuldan məxsusi dəvət etdiyimiz Qurultayda çıxışı mənimçün gözlənilməz oldu. Ən acınacaqlı isə o idi ki, çıxışındakı tənqidi fikirlər (obyektiv tənqiddən kim inciyər?) real faktlara yox, ara söhbətlərinə, dedi-qodulara əsaslanırdı. Kiminsə ya kimlərinsə fitvasını da istisna etmirəm. Nə isə… Keçənə güzəşt deyərlər. Doğrusu, bilmirəm, bu mənim üstün ya zəif cəhətimdir – heç kəsə kin saxlamağı bacarmıram. M.İsmayılın çıxışından sonra konkret yanlış faktları təkzib etsək də, heç vaxt Yazıçılar Birliyinin mətbu orqanlarında Məmmədin əleyinə bir kəlmə söz yazılmadı. Əksinə gen-bol çap olunur, təriflənir.

    Türkiyədə ümumi dostumuz İmdat Əfşardan Məmmədin xəstələndiyini eşidəndə çox təəssüfləndim.

    Sabirlə söhbətini oxuyandan sonra isə zəng edib fikrimi bildirmək istədim. Təəssüf ki bu günlərdə telefonu qapalı qalır. Odur ki, sözlərimi qəzet vasitəsilə çatdırmalı oluram.

    Mənimlə münasibətlərindən başqa Sabirlə söhbətində Məmmədin dövlətimizin siyasətini düzgün qiymətləndirməsi tarixi baxımdan daha da önəmlidir. Təkrar edirəm, hər bir insan nədəsə, haçansa, bəzən də təsir altına düşərək səmimi şəkildə yanıla bilər. Amma həyat hamıya elə amansız dərs verir ki, faktları elə dəqiq qarşıya çıxarır ki, hər kəs öz vicdanı qarşısında cavab verməli olur. “Həqiqət beləymiş, mən düşündüyüm kimi deyilmiş” qənaətinə gəlir.

    İndi hamıya gün kimi aydındır ki, XX əsr Azərbaycan tarixinin ən böyük faktı 1918-ci ildə müstəqil Cümhuriyyətimizin elan edilməsiydisə çağdaş tariximizin ən möhtəşəm hadisəsi 44 günlük savaşda qələbəmiz və 23 saatlıq antiterror əməliyyatıdır. Əgər 44 günlük savaş torpaqlarımızın işğaldan qurtarmasıyla nəticələndisə, 23 saatlıq əməliyyat iki yüz ildən bəri qövr eləyən problemi bir dəfəlik həll etdi. Məmmədi də, məni də, bütün namuslu, yurdsevər həmvətənlərimizi də sevindirən bu zəfərlər Heydər Əliyev – İlham Əliyev siyasi yolunun düzgün istiqamətiylə təmin olundu. Məmnunam ki, indi bu barədə Məmmədlə mövqeyimiz eynidir.

    Bu məktubu bitirərkən Məmməd İsmayıla Tanrıdan şəfa diləyir və yeni yaradıcılıq uğurları arzulayıram.

    1 fevral 2023

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Sinə dağları – Şeirlər. Dəyanət OSMANLI

    1

    Heç nə yadımda yox

    hər şeyin nurani üzü

    soyuğa və qaranlığa bənzər.

    Viranəyə dönüb

    sentyabr şənbəsi

    dost könlü havasız

    qaranlıqdır deyə

    gedənlər öz rəhmini də

    çəkib aparmış…

    isinir tək gecə lampasına

    umudun solğun üzü.

    Payızın göyləri kövrəlir

    xatirəyə dönən sözdən

    nə vaxtsa yollarda

    kölgəsiz qaldığım günün

    ruhu sarmaşır

    həyətimizdə uşaqkən

    budağına ip salıb

    yelləncək oynadığım ağaclara.

    2

    Həmişə olduğu kimi

    bu gün də yuvasız mavilik

    quşların gözlərində mürgüləyir

    gecənin qəlbi nəbzim kimi

    döyünür səssiz və ıssız.

    Hər sabah ertədən

    yenə də dan üzü

    qəfildən pırlayıb uçur

    quşların yuvasından.

    Quşların qanad səsindən

    şeh damlayır puçur-puçur.

    Mən isə elə bilirəm

    quşlar uçub getsə belə

    maviliyin yuxusuz üzünü

    hər gün erkən duyacam

    və səsimlə sığayacam.

    Sükuta bürünmüş payızın

    tənhalıq qoxusunu

    son nəfəs tək

    son gücümü toplayıb udacam.

    Süpürüb atacam eyvanımdan

    küləyin qovduğu yarpaqları

    könlümə sığınıb titrəyən

    anılar kimi…

    3

    Hər kimsəsiz dərd

    soyuqdan donanda

    əzab verməkdən usananda

    qəlbimin qapısından

    sorğusuz keçir.

    Mən yazıq

    sadəlövh və divanəydim

    hər yetənə

    sıcaq

                sevimli

    eşqli bir söz söylədim

    gedənlər özlərini isindirib

    özləriylə apardılar anılarımı

    xaraba qaldı könlüm

    payız meşəsi kimi.

    Bu gün yenə də yaddaşım

    ağacı uyğuya dalan

    son payızın içinə bənzəyir.

    Ulduzum baxır

    ulusumun hər zaman

    qovrulan təzə yarasından

    və nə vaxtsa incitdiyim

    bir ruh uçur yanımdan

    uçunur cavan canım…

    Nə yaxşı hələ

    barmaqlarım və ürəyim var

    nakam tale nəğməsi oxuyan

    mübarək qələmə qoşulub

    avara dolanıram sözlərin arasında.

    Məktəbli çağlarımın

    xatirə kitabçasında

    uduram havanı

    uduram ilac kimi

    içimə dolur göy üzü

    aydınınlq və qaranlıqla birlikdə.

    4

    Neçə il öncə

    yanımdan sevinclə ötən

    qürurlu ömür saatı sükuta dalmış

    sona vardığım uğurun qaranlığında

    və mənim addımlarım

    döyükür dünyanın harası deyə

    dişləri tökülmüş sısqa gülüşlə

    etinasız şəkildə ötür

    son mənzilin yanından

    abırsız bir həyat gölgəsi.

    Bilmirəm nəyi ölmüş

    ağlar qalan göy üzünün

    tükənmir yaşı gözünün

    yağmurlar tamam işlatmış

    su içində qorxusuz yaşayan

    fədakar dünyanı.

    Daha yoxdur

    anamın solğun qədəmi

    izsiz yürüyür

    torpaq üstündə və havada

    yuyulub yuyulub

    görünür görk kimi

    həyatın min üzü birdən…

    Ayın qos-qoca nuruyla

    gecələrin üzü gülür

    ancaq xoş günlərdə belə

    yaşamaq eşqimiz sönür

    ağrı çəkəndə

    haqqımız itəndə… 

    və öz bəxtimizdən küsəndə

    Tanrı da adamın üzünə baxmır.

    İsrarla getdiyimiz yollarda

    bizə yoldaş kölgəmiz

    qos-qoca ölümün surətidir bəlkə.

    Yolumuzun kənarında

    əkib böyütdüyümüz ağaclarda

    otlardan yuva quran

    bala çıxaran quşların yatışında

    əzizini itirmək qorxusu var… 

    haqqın dağılan uyğusunda

    dağılır qiblənin xanımanı.

    Sabah yenə yaşamaq istəyi

    gecə yenə də

    həzin ölüm qoxuyur.

    Tanrını ibadətlə

    aldatmaq istəyən biçarə həyat

    həmişə gördüyüm kimi

    qələbəlikdə və qiyamətdə

    gözləri nəmli və həsrətli… 

    6

    Bu gün bayram ertəsi…

    yağmurlu axır çərşənbə

    sonuncu bayram günü tək

    bu nimdaş sevinci də islatdı

    çarəsiz qayğılar və ağrılar

    beynimdə yerini aldı.

    Yaxşı dərs verdi mənə tale

    dostum və güvəncim olsun

    bozqurd ağızlı dərd.

    Ulusun ürək dolusu qanı

    üzündə qalıb vətənin.

    Günün son nidasıdır şahid dualar

    şahid ağılardı verdiyim nəfəs.

    Qəzəb və rəhm sinəmizdə

    dərin çuxurlar qazmış

    və zirvəsi görünməz dağlar ucaltmış

    hələ yumşalmırsan Tanrım…

    Başımızın üstündən quşlar

    göy üzünü daşıyır

    bilmirəm hara.

    Hər addımda

    pis və xoş anlarımda

    açılır həyatın sirri

    zamanın xəcalətli üzündən

    günahlar torpağa damır

    şəffaf yağmurlar kimi.

    Adəmin viranə vətənindən

    pırlayıb göydəcə ölən quşun

    qəbri buğda zəmisində.

    Soyuqdan ağzımda dilim donanda 

    qaranlıqdan gözlərim qorxanda

    söz yandırıb

    ürəyimə düşən

    dilsiz kədər də tərpənmir yerindən..

    Qar kimi üzüylə

    qanıma qəltan olan

    divanə və nakam arzuların

    xatirəsi çox cavandı.

    Tanrım

    göy qübbəsi ver

    həyatın açıq yarasından

    ruhumun xəyalı uçur…

    8

    Ey izsiz gölgəm

    Alın tərini əllərimə tök

    dəstəmaz alım

    mən Böyük Çölün yorğunuyam

    yovşanlıq dil deyir qədəmlərimdə

    göylərim qocalır çiyinlərimdə

    gözlərimin işığı

    maviliyin ahəngini

    fərq etmədən və toxunmadan

    axır nəfəs-nəfəs

    Qiblənin açıq qapısına.

    Gecələr qarışıq yuxularda

    görünür uzaqdan

    vətən uğrunda övlad itirən

    anaların sinə dağları…

    o dağlar dərdin boyundan

    kiçik görünür

    önü o dağlara  tənha yolçuyam.

    9

    Qeybdən su kimi axan

    divanə səsdir

    hüzn günümdə oxunan ağı

    vəsf edir Tanrının kəramətini 

    mələklər xəbər aparır Qiblə ocağına

    yurdumuza təzə bir qərib gəlir deyə.

    Sinə dağlarının yolu dumandır

    orda aqibətin sehri tufandır

    daşı-torpağı ulu dağların

    söz kimi səpələnmiş

    dolanbac gədiklərə.

    Orda karvanyeriş şairlər itmiş

    sözlərin izində öyküyə dönmüş

    O adı bilinməyən gündən

    mələk qələmlər

    qansız qübbəsinə göylərin

    şəhid söz daşıyır nəfəs almadan

    10

    Türklüyün uğruna

    söylənmiş ulu sözlərin

    yanğılı öyküyə döndüyü

    bir vadinin ulu sularıyam.

    Yaşımdan çox erkən

    axıb-axıb duruldum

    ağacların

                insanların

                            səhraların

    uğrunda həlak oldum

    heç xəbəriniz olmadı.

    Keçmişin diliylə söylənən sözlər

    mənə kim olduğumu anladır.

    O ulu sözlərin

    yarandığı ruhların ürəyində

    çəkişdiyim dava anla və qanladır.

    Tarixin köşəsində

    gözləməkdən

                dinşəməkdən

                            yaşamaqdan

    dağlar kimi yalnızam

    yalquzağam kutsal yol ayrıcında.

    Həyata dönmüş viranəyəm

    bir and həmləsinə çoxdan həsrətəm.

    11

    Sular qiyamətə doğru axdı

    kimsə yox yer üzündə

    sonuncu günü yaşaya

    sonuncu gündən şahid qala.

    Mən səhra qızılquşuyam

    qızmarın cəsədi üstə

    qiblədə qaldı

    qocaman gözlərimin nuru.

    Bilmədim cənnət hardadı

    və havası düşərmi mənə

    elə hey can atdım ona doğru…

    Küləklərin qovduğu buludların

    sələskən suların dalınca uçdum

    uçdum və hey uçundum.

    Gözləri yumulu halda

    bir duanın sırtında

    addadım qiblənin qapısından

    əziz bəndə tək.

    Günahım varmış bəlkə də

    mən Tanrının yanında

    yenə də tənha qaldım…

    12

    Ölərkən söz vədəsində

    biz hara yolladıq bilmədən

    həyatdan küskün ruhumuzu…

    yerində təsəlli üçün

    bir nişanə də qalmadı.

    Talanmış buludlar o vaxtdan

    dolaşır dəli-divanə

    cəsədlərimizin arasında

    könlünü boşaltmağa yer tapmır.

    Bir ağı deyən də yox

    burda ölən yalquzağa…

    heç nədən ölürük deyə

    heç nədən unudulduq.

    Məkansız və adsız uhumuz

    sümüklərimizin sahibi deyil

    xaraba qoyduq cənnəti

    orda yaşamaq yasaq…

  • Fidan Vahiddən bir şeir

    Arzularımı sənin bomboz asılqanına asdım,

    Ruhumu parça-parça yandırıb külümdən təpəcik qurdum.

    Qaranlıq lampanda işığımı yandırdım…

    Ayağının altında qurban kəsdirdim həyatımı,

    Rəngləri əlindəki ağ pozana satdım

    Dəyər-dəyməzə…

    Keçmişi, gələcəyi, bütün zaman qavrayışını 

    Qolundakı mavi saata uduzdum..

    İndi 

    İndi isə

    Mənə qalan son “indi” ilə

    Gözümdən son yaşı silib gedirəm…

    Ölmüş ürəyimi əlindən alıb 

    Səninlə məzara qoyub gedirəm…

    Mənbə: https://edebiyyat.az/

  • Həmyerlimiz Türkiyədə beynəlxalq festivalın ən yüksək mükafatına layiq görülüb

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının ikinci kurs tələbəsi Nuray Əliyeva Türkiyənin Çukurova Universitetində keçirilən “Adana Rapsodi” beynəlxalq piano festivalı və yarışmasının Qran-Pri mükafatına layiq görülüb.

    AZƏRTAC xəbər verir ki, yarışmada ölkəmizlə yanaşı Türkiyə, Türkmənistan, Rusiya, Qırğızıstan, Polşa, Almaniya kimi dünyanın müxtəlif ölkələrindən 300-dən artıq gənc pianoçu iştirak edib.

    N.Əliyeva festivalda Qran-Pri mükafatı ilə yanaşı, öz yaş qrupu üzrə də birinciliyə layiq görülüb.

    Həmyerlimiz bu ali təhsil müəssisəsinin rəhbərliyi tərəfindən 2024-2025-ci illərdə Çukurova Universiteti Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solo konsert verməyə dəvət alıb. Eyni zamanda, o, Şimali Kipr Türk Cümhuriyyətində keçiriləcək 26-cı “Bellapais” Beynəlxalq Musiqi Festivalında çıxışı etməsi üçün Kiprə dəvət edilib.

    Hisslərini AZƏRTAC-la bölüşən Nuray olduqca həyəcanlı və qürurlu olduğunu ifadə edib. O, ölkəmizin adının dünyada səsləndirilməsində iştirak etmək, bu qədər iştirakçı arasında ən yüksək mükafata layiq görülməklə yanaşı bu mükafatı dünyaca məşhur pianoçu Gülsüm Onayın ona təqdim etməsinin qürurunu yaşadığını deyib.

    Nuray müəllimi, professor Kəmalə Neymanovaya təşəkkürünü bildirib.

    Mənbə: https://azertag.az/

  • Heyran xanımın kitabı Təbrizdə çıxıb

    Azərbaycanın məşhur şairəsi Heyran Xanımın seçilmiş əsərləri Təbrizdə nəşr edilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalının Təbriz təmsilçisi Əli Çağla məlumat verir. 

    “Heyran Xanımın Seçilmiş Əsərləri” kitabı, Pərisa Sainin (şəkildə) köçürməsi ilə 286 səhifə həcmində, Həkim Nizami Gəncəvi tərfindən nəşr olunubdur. 

    Kitab artıq Güney Azərbaycanın müxtəlif kitabçılarının satış rəfindədir.

    Mənbə: https://edebiyyatveincesenet.az/

  • “Adı soyadını eşidən şair – Qulu Ağsəs” adlı kitab çıxıb

    Tanınmış şair, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsin yaradıcılığına həsr olunmuş “Adı soyadını eşidən şair – Qulu Ağsəs” adlı kitab işıq üzü görüb. 

    Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Qulu Ağsəs məlumat verib. 

    “Təhsil” nəşriyyatında çıxan kitabın müəllifi Bakı Slavyan Universitetinin dosenti, filoloq Kəmalə Umudovadır. Kitabın məqsədi müasir Azərbaycan poeziyasının görkəmli imzalarından biri Qulu Ağsəsin yaradıcılıq prinsiplərini, estetik görüşlərini, bədii dillə ifadə etdiyi aksioloji dəyərlər sistemini anlamaq, təhlil etmək, onun şeir modelinin böyük ədəbiyyata səciyyəvi bədii strukturun ideya (məzmun) strukturu ilə vəhdətini önə çəkmək və əsərlərini oxucuya yaxınlaşdırmaqdır.

    Kitab geniş oxucu kütləsinə – filoloqlara, jurnalistlərə, ali və orta təhsil müəssisələri müəllimlərinə, tələbələrə, doktorantlara və Azərbaycan ədəbiyyatı, mədəniyyəti ilə maraqlananlara ünvanlanıb.

    Kitabın redaktoru Sevinc Nuruqızı, dizayneri Firuzə İbrahimova, korrektoru Günel Məmmədovadır. Üz qabığında isə rəssam Ədalət Həsənin “Qulu Ağsəsin portreti” əsərindən istifadə edilib.

    “Adı soyadını eşidən şair – Qulu Ağsəs” adlı kitabın rəyçiləri filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli və filologiya elmləri doktoru, professor Leyla İmaməliyevadır.

    Mənbə: https://edebiyyatveincesenet.az/

  • “İsveç nəsr antologiyası” işıq üzü görüb

    Dövlət Tərcümə Mərkəzi yeni nəşrini – zəngin ədəbi ənənəli İsveç ədəbiyyatının seçmə nümunələrinin toplandığı “İsveç nəsr antologiyası” kitabını ərsəyə gətirib.

    “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Tərcümə Mərkəzinin məlumatına görə  antologiyada İsveç nəsrinin Avqust Strindberq, Ernst Alqren, Selma Lagerlöf, Verner Fon Heydenstam, Per Hallström, Yalmar Syöderberq, Albert Enqström, Yalmar Berqman, Dan Anderson, Per Lagerkvist, Vilhelm Muberq, Eyvind Yonson, Harri Martinson, Lüdviq Nordström, Artur Lundkvist, Astrid Lindqren, İnqmar Berqman, Stiq Dagerman, Tumas Tranströmer, Ulf Stark, Marqareta Ekström, Eva Qabrielsson, Niklas Rodström, Stiq Larsson, Oke Edvardson, İnger Edelfeldt, Tove Alsterdal, Sesilya Davidson, Melker İnqe Qaray kimi dünyaşöhrətli yazıçılarının və müasir müəlliflərinin əsərləri

     daxil edilib. 

    Nəfis tərtibatlı kitabın layihə rəhbəri Xalq yazıçısı Afaq Məsud, “Ön söz”ünün müəllifi, yazıçı Etimad Başkeçid, əsərlərin tərcümə müəllifləri – tanınmış yazıçı və bədii tərcümə ustaları – Saday Budaqlı, Nəriman Əbdülrəhmanlı, Etimad Başkeçid, Bəhlul Abbasov, İlqar Əlfi, Mahir Qarayev, Səməd Qaraçöp, Rəbiqə Nazimqızı, Şəfiqə Şəfa, Selcan Məmmədli, redaktoru Mahir Qarayevdir.

    Kitabı yaxın günlərdə “Libraff”, “Kitabevim.az”, “Akademkitab”, “Akademiya”, “Baku Book Center”, “Çıraq”, Prezident Administrasiyasının İşlər İdarəsinin Kitab Evi və digər kitab evi mağazalarından əldə etmək olar.

    Mənbə: https://edebiyyatveincesenet.az/

  • Xalq yazıçısı Anarın 85 illiyinə həsr olunmuş hekayə müsabiqəsinin qalibləri mükafatlandırılıb

    Fevralın 2-də Azərbaycan Yazıçılar Birliyində görkəmli qələm ustası, Xalq yazıçısı Anarın 85 illik yubileyinə həsr edilmiş hekayə müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi olub.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Ədəbiyyat Fondu ilə “Ulduz” jurnalının birgə təşkilatçılığı ilə keçirilən müsabiqə ölkədə gənc nasirlərin nəsr nümunələrinin daha da püxtələşməsinə xidmət edir.

    Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar müsabiqənin təşkilində əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib, gənclərə fəaliyyətlərində uğurlar arzulayıb.

    “Ulduz” jurnalının baş redaktoru, Əməkdar jurnalist, şair, publisist, Qulu Ağsəs müsabiqə üçün müraciətin 2023-cü il iyul ayına kimi davam etdiyini bildirib. Qeyd edib ki, müsabiqəyə sentyabr ayında yekun vurulub. Mövzu seçimi sərbəst olan müsabiqəyə yaşı 35-dək 200-ə yaxın iştirakçı qoşulub. O, qalib olan gənc yazarları təbrik edib.

    Mətbuat Şurasının sədri Rəşad Məcid gəncləri 2 Fevral – Gənclər Günü münasibətilə təbrik edib. Gənclər Gününün təkcə gənclərin deyil, həm də cəmiyyətimizin həyatında vacib gün olduğunu bildirib. O, yazıçı Anarın 85 illik yubileyinə həsr edilmiş hekayə müsabiqəsinin qaliblərinə uğurlar arzulayıb.

    Çıxışlardan sonra 1-ci yerin qalibi Cavid Babayevə, 2-ci yerin sahibi Orxan Cuvarlıya və 3-cü yerə layiq görülmüş Xan Abdullaya mükafatlar təqdim olunub. Həvəsləndirici yerləri tutmuş Bəşir Niftəliyev və Səma Quliyevaya da həvəsləndirici diplom verilib.

    Mənbə: https://azertag.az/

  • 2024-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2024-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Gənclər üçün Prezident mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109‑cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2024‑cü il Gənclər üçün Prezident mükafatları verilsin:

    Abdullayeva Gülnar Rizvan qızı

    Ağamirova Rəvanə Seymur qızı

    Ağazadə Taryel İsa oğlu

    Allahverdiyev Ayxan Elman oğlu

    Baxışova Rzayeva Kimyəxanım Ziyad qızı

    Məhərrəmova Zərifə Hüseyn qızı

    Məmmədov Ulucay Akif oğlu

    Məmmədova Dinara Bəxtiyar qızı

    Məmmədova Fatimə Nizami qızı

    Mirələmli Pərviz Atamalı oğlu.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 1 fevral 2024-cü il

    Mənbə: https://president.az/

  • Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2024-cü ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 ili tamam olur.

    Məhəmməd Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkardır. Hərtərəfli biliyə malik mütəfəkkir kimi onun həyata, insana dərin məhəbbət aşılayan və daim gözəllik duyğusu ilə, ülvi ideallarla yaşamağa çağıran çoxcəhətli bədii-fəlsəfi irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdəndir. Məhəmməd Füzuli anadilli poeziyanın mükəmməl nümunələrini yaratmış, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltmişdir. Onun parlaq dühasının təcəssümü olan və bu gün də sevilə-sevilə oxunan əsərləri yarandığı ilk vaxtlardan geniş coğrafiyada yayılmış və müəllifinə böyük şöhrət qazandırmışdır.

    Məhəmməd Füzuli istedadlı nümayəndələri ilə tanınan bütöv bir ədəbi məktəb formalaşdırmışdır. Öz müasirlərindən başlayaraq, sonrakı dövrlərdə Füzuli ənənələrinin davamçısı olmuş bütün görkəmli sənətkarlar bu nəhəng söz ustasının adını hər zaman ehtiramla yad etmişlər.

    Füzulinin yubileyinin UNESCO tərəfindən qəbul olunmuş qərarla beynəlxalq səviyyədə layiqli şəkildə qeyd edilməsi milli mədəni dəyərlərin qorunmasına həmişə xüsusi diqqət və qayğı göstərmiş Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölməz şairin 500 illiyi müstəqil Azərbaycan Respublikasında keçirilən ilk dünya miqyaslı möhtəşəm mədəniyyət və sənət bayramı olmuşdur.

    Məhəmməd Füzuli Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinin iftixarıdır.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 25 yanvar 2024-cü il

    Mənbə: https://president.az/

  • Şəfa VƏLİYEVA.”Dərd, səbir, boz saçlar …”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru


    Dj Sada üçün

    -Hər şeyi boş ver, Lloyd.-Liya dedi.
    -Həyatın boş olduğunu biləndən sonra qiymətli bildiyim hər şeyi ruhuma yığdım.-Lloyd əminliklə pıçıldadı.
    -Ha? Nəyi?
    -Dərdi. -Bu dəfə Lloydun səsindəki əminlik çox fağırlamışdı.
    -Dərd nədir ki?
    Lloyd susmuşdu. Bundan sonra başladı Liyanın dərd axtarışı. O da həyatı burayacan yıxıla-dura gəlmişdi, o da üzülmüşdü, ağlamışdı, göz yaşlarını hamıdan gizlətmişdi. Amma o, bunları “dərd” adlandırsa da, qiymətli saymırdı. İnsan acıları heç vaxt qiymətli ola bilməzdi. Qiymətli olanlar sevinc idi, sevgi idi, vəfa idi… Bəs Lloydun qiymətli dediyi “dərd” nə idi?
    Bilirdi ki, Lloyddan israrla soruşsa, ən azından, bir-iki ipucu öyrənə bilər. Liya məhz bunu istəmirdi. Ya Lloyd özü ona hər şeyi olduğu kimi danışmalıydı, ya da özü axtarıb tapmalıydı. Axtarışa başlamaqda gecikmədi.
    Bir dəfə Lloydun qırmızı üzlü qeyd dəftərçəsini vərəqlədi. orada gündəlik gəlir-xərc müqayisəsi aparılmış, hesablamalar və onların nəticələri yazılmışdı. Lloydun qiymətli dərdinə dair heç nə yox idi. Növbəti günlərdən birində Lloydun həmişə kompüterdə yazı yazarkən sol əlinin şəhadət barmağına taxdığı yaşıl qaşlı üzüyü əlinə aldı. Zərrəbinlə yoxladı üzüyü-qaşı tutan dörd qarmağın arasına iynə saldı, qaşı yerindən azacıq oynatdı, halqanın içərisini-eşiyini yoxlamaqla kifayətlənmədi, yan tərəflərində də nəsə yazıla bilər ehtimalı ilə zərrə-zərrə gözdən keçirdi. Heç nə yox idi.
    Günlər həftələrin don qırçınına çevrildi, yaşananları süpürə-süpürə ayın sonuna çatdı. Liya axtarmağında idi. Keçən müddət ərzində Lloydun kompüterinə baxmış, paltarlarının ciblərini eşələmiş, əl-üz dəsmallarını açıb, təzədən qatlamışdı. Heç yerdə ipucu belə, yox idi. Hər şey Lloydu tanıdığı gündə necəydisə, eləydi. Heç nə dəyişməmişdi. Onda belə çıxırdı ki, Lloyd qiymətli dərdini ruhuna onu tanımadan əvvəl yığmışdı. Onu tanımadan əvvəl… Liya təqvimində belə bir yarpaq olduğunu indi kəşf elədi, gülümsədi… Əmin idi ki, Lloydun təqvimində çoxdan var bu vərəq: “Liyadan əvvəl”. Axtardığı o vərəqdən əvvəldə olmalıydı…
    Aylar da yüyürdü bir-birinin arxasınca, il oldu. Liya Lloydun uşaqlıq dostları ilə, qonşuları ilə danışmış, onun haqqında çox şey öyrənmişdi. Amma heç biri axtardığı deyildi. Nə olsun ki, Lloyd uşaq vaxtı alma ağacından gicitkən kollarının içərisinə yıxılmışdı?! Nə olsun ki, o, “Məktəbin ən yaxşı şagirdi” olmuşdu?! İlk sevgisi olan məşhur hind aktyorunun şəkillərini otağının divarından asmağı da mənasız idi. Onun sevdiyini düşünən hansısa oğlandan aldığı ilk sevgi məktubundan isə heç danışmağa dəyməzdi. Lloyd sevgini ali sayan qadınlardan idi.
    Liya günbəgün anlayırdı ki, Lloydun qiymətli dərdinin axtarışı onun həyatına ağırlıq qatır. Bu ağırlıqdan xilas olmalı, yenidən hər şeyi əvvəlki halına salmalıydı. Və onda qərar verdi ki, əvvəldə etməli olduğunu etməlidir: Lloyddan israrla qiymətli dərdinin nə olduğunu soruşmalıdır.
    -Dərdin nədir, Lloyd?
    -Bu dəqiqə dərdim odur ki, bir qaşığa 15-i sığa bilən düşbərə bişirə bilmirəm.
    -Onu demirəm.
    -Bir də, yeni aldığım qələm dəstində bənövşəyi yoxdur.
    -Ruhuna yığdığın qiymətli dərdi soruşuram.
    Lloyd qaşlarını yuxarı qaldıraraq Liyaya baxdı, sonra qəhqəhə çəkdi. Liya bilmirdi ki, onun bu gülməyindən inciməlidir, yoxsa rəfiqəsinə qoşulub gülməlidir. Ayağa qalxıb özünə də, Lloyda da çay süzdü. Yerinə oturanda baxışlarındakı tərəddüd hələ yox olmamışdı.
    -Liya, sənin adının mənası “səbirli” deməkdir, bilirsən də?
    -Mənə bu adı sən qoymusan. Demək, bir şey bilirsən ki, qoymusan.
    -Lloyd isə “saçları boz olan” deməkdir.
    -Bunu bilirdim.
    -Səbirli olanların boz saçlılara heç vaxt ehtiyacı olmur. Onlar özləriylə dərdləşə bilirlər. Saçları boz olanlarsa həmişə bir səbir daşı axtarışındadırlar.
    Liya Lloydun ona yaltaqlandığını düşündü, əsəbiləşdi:
    -Bura bax! “Sən mənim səbir daşımsan” deyib qılıqlamağın lazım deyil! Mənə qiymətli dərdini anlat!
    Lloyd yenidən güldü. Gözlərində şən parıltılar peyda oldu, əllərini bir-birinə vurdu, uzun-uzadı güldü. Liya çayını birnəfəsə başına çəkdi. Ürəyi soyumadı, Lloyd üçün süzdüyü çayı da özü içdi. Lloyd gülüb qurtarandan sonra irəli əyildi və dedi:
    -Mənim qiymətli dərdim yoxdur. Özüm olan-qalan dərdlərimi bir yerə cəmləyir, onlara dəyər biçirəm. Çox vaxt da çalışıram ki, dəyərləri həyatdan baha olsun.
    -Bunu niyə edirsən ki? -Liya hələ əsəbi idi.
    -Bu qədər ucuz həyatı yaşaya bilmək üçün…

    Şəfa Vəli (2023-2024)

  • Ceyhunə HÜSEYNOVANI doğum günü münasibətilə təbrik edirik! (31 Yanvar)

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi 

  • Şeirin yurdu – 45 müəllif bir kitab

    Türk dünyasının dəyərli folklorşünası, professor Sədnik Paşa Pirsultanlının “Şeirin özündən yurdu şirindir” sözündən yola çıxaraq “Şeirin yurdu” toplusunu hazırladıq

    45 müəllifin şeiri və bu şeirlərə aid hekayətlərin yer aldığı kitab “Mücrü” nəşriyyatında nəşr edilib.

    Oxucular üçün bu kitab müasir Azərbaycan poeziyasının səhnə işığı kimidir, hər şair ömrünün bir epizoduna işıq salır.

    Kitabın tərtibçisi Şəfa Vəli, redaktoru isə Xanım Aneladır.

    Oxucular kitabı “Mücrü” nəşriyyatından və şəhərin bir çox kitab mağazalarından əldə edə bilərlər.

  • “Məişət zorakılığına YOX deyək!” mövzusunda
    hekayə müsabiqəsi elan olunur!

    Gənc nəsildə tolerantlıq, dözümlülük, qarşılıqlı anlaşılma və hörmət, ailədaxili problemlərin dinc yolla çözülərək həllinin tapılması və s. bu kimi xüsusiyyətlərin aşılanması, o cümlədən bu xüsusiyyətlərin əhali arasında geniş təbliğ və təşviq edilməsi məqsədilə hekayə müsabiqəsi elan edilir.
    Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Yazıçılar Birliyi (AYB) ilə əməkdaşlıq çərçivəsində keçirilən hekayə müsabiqəsində iştirak üçün yaş məhdudiyyəti qoyulmadan yazıçılar dəvət olunur. Seçilmiş hekayələrin AYB-nin orqanı olan “Ulduz” jurnalında nəşri, qaliblərin mükafatlandırılması nəzərdə tutulur.

    Müsabiqə şərtləri:
    Məişət zorakılığı ilə mübarizə mövzusunda (Məişət zəminində qəsdən fiziki təzyiq göstərmə – döymə, sağlamlığa zərər vurma, işgəncə vermə, azadlıq hüququnu məhdudlaşdırma, psixoloji zorakılıq – qəsdən psixi təzyiq göstərmə və ya dözülməz psixi şərait yaratma – hədə-qorxu, təhqir, şəxsiyyəti alçaltma və s. hallara qarşı) hekayələrin yazılması;
    Müəlliflərin ad-soyadının, əlaqə telefonunun qeyd edilməsi;
    Hekayələrin hekayemusabiqesi@mail.ru ünvanına göndərilməsi.

    İnformasiya dəstəyi: “525-ci qəzet”

    Son müddət: 10 fevral 2024-cü il.

  • Qüdrətli söz, aciz söz… – Namiq Hacıheydərli yazır…

    Tanrı sözdən qüdrətli və sözdən uca nəsə yaratmadı. Öyrəndiyimiz hər şeyi sözlə öyrənirik.

    Göydə və yerdə gördüklərimizi ilk dəfə sözlə anlatdılar bizə. Söz kainatdan böyükdü. O üzdən kainat Sözə sığır, ancaq söz kainata sığmaz. Hətta, iyi və dadı, ölçüsü və rəngi olmayan diqqət, duyğu, xəyal… kimi mücərrəd anlayışların belə sözlə ifadə olunan tərifləri var. Demək, maddi və mənəvi olan nə varsa iyinə, rənginə, ölçüsünə, xarakterinə, funksiyasına və digər xüsusiyyətlərinə görə sözə sığdırmaq, ifadə etmək mümkündür.

    Sözün, qarşısında aciz olduğu, ifadə edə bilmədiyi varlıq yoxdur.

    Söz qüdrətlidir. Amma… Amma ictimai şüurun meydana gəldiyi zamandan insan övladını düşündürən və hələ də çeşidli cavabları verilməkdə olan “Dünya nədir”? “İnsan nədir”? “Həyat nədir”? “Ölüm nədir”? “Gerçəkdən o dünya varmı”?… kimi suallarla birgə Ay, Günəş, ulduz, kainat və ümumiyyətlə yaradılış haqqında düşüncələr əski insanların “mütləq bütün bunların bir yaradıcısı var” – məntiqi sonuca varmasına, bir yaradıcının var olması düşüncəsinə gəlməsinə yardımçı oldu.

    O zaman növbəti sual meydana çıxdı: Tanrı kimdir və o necə bir varlıqdır? Bax, sözün aciz olduğu məqam budur. Nədən bu qədər qüdrətli ikən bu məqamda söz aciz oldu? Bir qədər bu barədə. Öndə qeyd etdiyim kimi, hər şeyi, o cümlədən Sözü də Tanrı yaratdı.

    Tanrı Sözü hər şeydən böyük, fəqət özündən kiçik yaratdı. Tanrı yaratdığına necə sığa bilərdi? Söz Tanrıya sığır, fəqət Tanrı bəşərə vermiş olduğu Sözə sığmır. Nədən bəşərə vermiş olduğu söz dedim? Bir anlıq təsəvvür edək ki, qarşımızda qırmızı rəngli əşya var. Ancaq qırmızı rəngini ifadə edəcək söz yoxdur. Həm də dünyada heç bir dildə yoxdur. O zaman biz qırmızı rəngli əşyanın əlamətini necə ifadə edəcəyik? Sözlə! Axı o “söz” yoxdur. O zaman təbii ki, əvvəlcə o rəngə ad veriləcək və bu ad qırmızı rəngin dəqiq ifadəsi üçün bizə yardım edəcək. Deməli, kainatdakı bütün adlar yalnız bizə məlum olan varlıqların adlarıdır.

    Yaradılışda bizə məlum olmayan milyardlarla varlıqlar var və bu üzdən onların adlarını da bilmirik.

    Bizə məlum olmayan milyonlarla qalaktikalar varsa, deməli bizə məlum olmayan saysız-hesabsız konkret və mücərrəd məfhumlar, ölçülər və eyni zamanda rənglər var. Və eyni zamanda bizə məlum olmayan milyonlarla Söz var.

    Konkret desəm, yaşadığımız Günəş sistemi, bizim qalaktika Tanrının yaratdığı sonsuzluğun çox kiçik bir hissəsidirsə, deməli insanlığın danışdığı minlərlə dil və bu dillərin birlikdə əhatə etdiyi yüz milyonlarla söz ehtiyatı əslində mövcud olan Böyük Sözün milyonda, milyardda biridi…

    Bizim bildiyimiz bütün ölçülər və rənglər Yer ölçü və rəngləridi. Sözlər də eləcə… Yerin ölçü və rəngləri ilə yaradılışdakı bütün rənglər və ölçülərin müqayisəsini aparmağa çalışmaq absurd olduğu kimi insana endirilmiş (və ya insan övladının kəşf etdiyi), bəşərə məlum olan sözlərlə kainatdakı nəzərdə tutduğumuz bizə məlum olmayan yaradılışı ifadə etmək mümkünsüzdü. Hər kəsin bildiyi bir şeyi xatırladım.

    Ətrafımızda mövcud olan ancaq bizim görə bilmədiyimiz milyonlarla canlı var. Bizim onları görə bilməməyimiz o varlıqları inkar etməyimizə əsas vermir. Var, ama bizim fiziki gözlərimizə o varlıqları görə bilmək “izni” verilməyib.

    Qayıdaq bir daha söhbətin əvvəlinə; Tanrını niyə sözlə ifadə etmək mümkün deyil? Tanrı sözüstü, zamanüstü, məkanüstü, bir sözlə yaradılışüstü Varlıqdır. Ancaq, qənaətim budur ki, Tanrının sözlə ifadəsi mümkündür. Lakin Yerdəki ölçü və sözlə yox. Tanrını ifadə edəcək Sözü Tanrı bizə vermədi. Yəni Tanrını ifadə edəcək Söz çağdaş 7 milyardlıq bəşərin lüğət fondunda yoxdu. Daha aydın desəm, Tanrını ifadə edəcək Söz var, sadəcə o “Söz” insanın lüğət fondunda yoxdu.

    Əslində var olub bizimlə eyni dünyanı paylaşan, ancaq bizim üçün olmayan, əsla görə bilmədiyimiz varlıqlar kimi. Bizə məlum olmayan rəngin və ölçünün bizim təsəvvürümüzdə adı olmadığı kimi Tanrını ifadə edəcək söz, rəng və ölçü də Tanrı qatındadır. O Söz insana verilmədi… Məncə şairlər min illərdi o Sözü axtarır…

    Namiq Hacıheydərli

    Xüsusi olaraq Sitat.info üçün…

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti

    – Əziz həmvətənlər.

    2023-cü il arxada qalır. 2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir. Ancaq o hadisələrin arasında dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır. 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edilmişdir, düşmən ordusu məhv edilmiş, düşmənin hərbi texnikası məhv edilmiş və ya qənimət kimi götürülmüşdür. Bu tarixi hadisə münasibətilə bir daha bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm.

    2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda bizim Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda biz hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi.

    Üç il ərzində biz bunu sülh yolu ilə həll etmək istəyirdik. Hesab edirdik ki, Ermənistan rəhbərliyi İkinci Qarabağ müharibəsinin nəticələrini düzgün təhlil edərək özü üçün nəticə çıxaracaq. Əfsuslar olsun ki, bu, belə olmadı. Üç il ərzində Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri nəinki yerinə yetirmədi, hətta əksinə, bizə qarşı yeni hərbi təxribatlar hazırladı və onları həyata keçirdi. Qanunsuz olaraq torpağımızda məskunlaşmış 15 minlik Ermənistan ordusu Qarabağdan çıxarılmadı. Əksinə, yeni silahlar, sursatlar, hərbi texnika, minalar Qarabağa gətirildi və bizə qarşı mina terroru davam etdirildi.

    Təbii ki, biz bu vəziyyətlə barışa bilməzdik. Dəfələrlə Ermənistan rəhbərliyinə və onun arxasında dayanmış Qərb ölkələrinə xəbərdarlıq etmişdik ki, bu vəziyyət davam edə bilməz. Ya separatçı rejim özünü buraxmalıdır, Ermənistan ordusu bizim ərazimizdən çıxarılmalıdır, ya da ki, biz güc tətbiq edərək dövlət suverenliyimizi özümüz bərpa edəcəyik. Əfsuslar olsun ki, bizim sözümüzə diqqət yetirilmədi. Sentyabrın 19-da başlamış və cəmi bir gün, ondan da az davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələnmişdir. Separatçı rejim çökmüş, bizim qarşımızda diz çökmüş, ağ bayraq qaldırmış, təslim olmuş, torpaqlarımızdan əbədi olaraq çıxarılmış və tarixin zibilxanasına atılmışdır. Bununla Azərbaycanda separatizmin kökü kəsildi və separatizm – bu bəla bizim torpağımızda bir daha baş qaldıra bilməz.

    Azərbaycan Ordusu bir daha peşəkarlıq, qəhrəmanlıq, əsgər və zabitlərimiz fədakarlıq göstərmişlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Onu bildirməliyəm ki, şəhidlərimizin qanı yerdə qalmadı. Həm Birinci, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər, zabitlərimizin, mülki şəxslərin, Xocalı qurbanlarının qisası döyüş meydanında alınmışdır.

    2023-cü ilin aprel ayında isə biz ərazi bütövlüyümüzü tam bərpa etmişdik. Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsi qurulmuş və o gündən bəri Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilmişdir. Azərbaycan xalqı yaxşı xatırlayır ki, dünyada, xüsusilə Qərb ölkələrində Ermənistanın arxasında dayanan, onlara daim dəstək göstərən ölkələrdə nə qədər hay-küy qaldırılmışdı, bizə qarşı əsassız ittihamlar irəli sürülmüşdü. Heç bir ittiham, heç bir təzyiq bizim iradəmizə təsir edə bilmədi. Mən o vaxt da demişdim ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq, öz sərhədimizi özümüz nəzarətə götürmüşük və heç kimə imkan vermərik ki, bizim torpağımızda at oynatsın. Bu, bizim torpağımızdır, bu torpağın sahibi bizik, nə lazım biliriksə, onu da edəcəyik, beynəlxalq hüquq çərçivəsində, o cümlədən beynəlxalq humanitar hüquq çərçivəsində. O da dərs olmadı işğalçılara, o da dərs olmadı onların arxasında dayanan anti-Azərbaycan qüvvələrə. Ona görə sentyabr ayında keçirilmiş antiterror əməliyyatı labüd idi və biz bunu keçirdik, bununla da fəxr edirik, qürur hissi keçiririk. Hər bir Azərbaycan vətəndaşı, dünyada yaşayan hər bir azərbaycanlı haqlı olaraq qürur hissi keçirir.

    Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasına çevrilmişdir. Biz şəhərlərimizi, kəndlərimizi yenidən qururuq və artıq bu il 5 minə yaxın keçmiş köçkün öz doğma torpaqlarına qayıtmışdır. Bu ilin mart ayında – Novruz bayramı ərəfəsində Talış kəndində bayram sevinci yaşandı, köçkünlər öz doğma evlərinə qayıtmışdılar. Avqust ayında Füzuli şəhəri və Zabux kəndi bayram içində idi. Bu il Laçın şəhərinə Müstəqillik Gününü qeyd edərkən köçkünlər qayıtmışdır – 28 May tarixində Laçında böyük bayram günü idi. Ondan əvvəl, bildiyiniz kimi, Ağalı kəndində köçkünlər məskunlaşmış və beləliklə, beş yaşayış məntəqəsində indi həyat bərpa edilib.

    Onu da bildirməliyəm ki, 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar. Bu müjdəni mən bu gün onlara vermək istəyirəm və bildirmək istəyirəm ki, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar.

    Bundan başqa, bir neçə yaşayış məntəqəsi də keçmiş köçkünləri qəbul etməyə hazır olacaq. Biz – bu torpaqların sahibləri qurub-yaradanıq. Biz qurub-yaradan xalqıq. Ermənilər 30 il ərzində bizim torpaqlarımızı dağıdaraq bütün evləri, tarixi binaları, məscidlərimizi yerlə-yeksan etmiş, bizə qarşı soyqırımı, eyni zamanda, urbisid, ekosid törətmişlər. Bizim çaylarımız zəhərləndi, bizim meşələrimiz qırıldı. Bütün bunları edən Ermənistan dövləti idi. Əfsuslar olsun ki, bu cinayətlərə görə onlar bu günə qədər Qərbdə qınaq obyektinə çevrilmədi.

    Bu gün Qərbdə ikili standartlar hökm sürür. Azərbaycan xalqı bunu yaxşı bilir və eyni zamanda, yaxşı bilir ki, biz bütün təzyiqlərə, bütün hədə-qorxulara, əsassız ittihamlara baxmayaraq bildiyimizi edəcəyik. Necə ki, etmişik, bundan sonra da edəcəyik. Ermənistan rəhbərliyi də bu tarixi dərslərdən nəticə çıxarmalıdır və özünü elə aparmalıdır ki, bizim qəzəbimizə tuş gəlməsin.

    Biz bu il iqtisadi sahədə öz siyasətimizi uğurla aparmışıq. Müstəqil iqtisadiyyat bizə imkan verir ki, heç kimdən asılı olmayaq, heç bir beynəlxalq maliyyə institutundan asılı olmayaq və asılı deyilik.

    Biz Ordumuzu böyük dərəcədə gücləndirmişik, həm peşəkarlıq artdı, yeni silahlı birləşmələr yaradıldı və bu silahlı birləşmələr digər silahlı birləşmələrlə birlikdə antiterror əməliyyatında çox böyük peşəkarlıq göstərmişlər. Yeni silahlar, hərbi texnika alındı, gətirildi, bir çox yeni kontraktlar imzalandı. Onu da bildirməliyəm ki, gələn il hərbi təyinatlı yerli istehsal böyük dərəcədə artacaq. Gələn il həm dövlət, həm özəl sektor tərəfindən hərbi təyinatlı məhsulların istehsalına ən azı bir milyard manat sərmayə qoyulacaq. Beləliklə, biz nəinki özümüzü əsas vasitələrlə təmin edəcəyik, Azərbaycan dünya miqyasında çox ciddi ölkəyə çevriləcək, bizim hərbi təyinatlı məhsulların həcmi və sayı böyük dərəcədə artacaq.

    Bizim beynəlxalq nüfuzumuz gündən-günə artır. Dekabr ayında dünyanın ən böyük beynəlxalq konfransının Azərbaycanda keçirilməsi haqqında bütün dünya ölkələri yekdil qərar qəbul etmişlər – COP29 gələn il Azərbaycanda keçiriləcək. Bu, bizə dünya ictimaiyyəti tərəfindən göstərilən böyük hörmət və rəğbətdir, eyni zamanda, bizim yaşıl enerjiyə keçidimizə olan böyük qiymətdir. Yaşıl enerji keçidi bizim prioritet məsələmizdir və bu il Azərbaycanda bölgənin ən böyük bərpaolunan elektrik enerjisi stansiyası istifadəyə verilmişdir – 230 meqavat gücündə günəş elektrik stansiyası artıq bizim enerji sistemimizə tam inteqrasiya edilmişdir. İmzalanmış kontraktlar və anlaşma memorandumları əsasında yaxın bir neçə il ərzində Azərbaycanda 10 min meqavat bərpaolunan enerji növləri, enerji mənbələri yaradılacaq və bu sahədə də Azərbaycan dünyada liderlər sırasında olacaqdır. Əlbəttə ki, COP29 – iqlim dəyişikliyinə həsr edilmiş bu beynəlxalq konfransın Azərbaycanda keçirilməsi bir daha bu sahədə bizim uğurlarımızı əyani şəkildə göstərir.

    Bu il Azərbaycanda “Heydər Əliyev İli” elan edilmişdir. Ulu Öndərin 100 illiyi ölkə üzrə qeyd edildi. Mən mənim üçün bu əziz günü – atamın doğum gününü Şuşada keçirdim. Şuşanın mərkəzi meydanında Azərbaycan xalqına müraciət edərək öz ürək sözlərimi bildirdim və dedim ki, Ulu Öndərin xatirəsinə ən böyük hörmət əlaməti bizim əməllərimizdir. Mən hesab edirəm ki, oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda, Xankəndidə qaldırdığım Dövlət Bayrağımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətin əlamətidir. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətimizin əlamətidir.

    Bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər. Bu gün dünya azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü tam yeni bir ovqatla qeyd edirlər. Artıq üç ildir ki, dünya azərbaycanlıları bütün Azərbaycan xalqı kimi ruh yüksəkliyi ilə yaşayır, başını dik tutub yaşayır, alnıaçıq, üzüağ yaşayırlar.

    Tarixi Zəfərimiz – İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir. “Dəmir yumruq” bizim Zəfər salnaməmizin rəmzi idi. Bu gün, eyni zamanda, “Dəmir yumruq” birliyimizin rəmzidir və Azərbaycan xalqını, bütün dünya azərbaycanlılarını əmin etmək istəyirəm ki, “Dəmir yumruq” hər zaman yerində olacaq.

    Əziz bacılar və qardaşlar, sizə cansağlığı, uğurlar arzulayıram. Arzu edirəm ki, 2024-cü il də ölkəmiz üçün, xalqımız üçün uğurlu olsun. Bayramınız mübarək olsun!

    Mənbə: https://president.az/

  • Azərbaycanlı gənc xanım Zəhra HƏŞİMOVA beynəlxalq sertifikata layiq görülüb

    Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Sumqayıt Dövlət Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı) fakültəsinin məzunu, Azərbaycan Dillər Universitetinin magistrantı, gənc xanım yazar Zəhra Həşimova “Türkay” aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı-Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürosunun Rəhbəri Zəhra HƏŞİMOVA 4-cü BEYNƏLXALQ SERTİFİKAT) INTERNATIONAL SCIENTIFIC SYMPOSIUM TÜRK DÜNYASI ARAŞTIRMALARI ULUSLARARASI SEMPOZYUMUnda beynəlxalq sertifikata layiq görülüb. 

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2024-cü ilin yanvar ayında görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi tamam olur.

    Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparmışdır.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 30 dekabr 2023-cü il

    Mənbə: https://president.az/

  • Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2024-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 ili tamam olur.

    Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamışdır. Naxçıvan şəhəri Azərbaycan Atabəyləri – Eldəgizlər dövlətinin paytaxtı olmuş, İslam sivilizasiyasının mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi geniş şöhrət tapmışdır. Bünövrəsi Əcəmi Naxçıvani tərəfindən qoyulmuş memarlıq məktəbinin günümüzədək gəlib çatan yadigarları indi də Naxçıvanın görünüşünə xüsusi rəng qatır. Naxçıvan əsrlər boyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr vermişdir.

    Strateji mövqeyi ilə seçilməsi tarixən Naxçıvanı vaxtaşırı gərgin siyasi mübarizələr meydanına çevirsə də, bu diyar qarşılaşdığı bütün sınaqları qətiyyətlə dəf etmişdir.

    Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində Naxçıvanın uzun müddət tam təcrid və ağır blokada şəraitində olduğu vaxtlarda belə, qəhrəman əhalisi bu qədim Azərbaycan torpağını işğal təhlükəsindən qurtarmış, Azərbaycanın müstəqilliyi uğrunda atdığı cəsarətli addımlarla milli dövlətçiliyin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsi naminə fədakarlıq nümayiş etdirmişdir.
    2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Naxçıvanın igid övladları şanlı Zəfər salnaməmizə parlaq səhifələr yazmışlar.

    Naxçıvanın davamlı inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük xidməti vardır. Ulu Öndər hakimiyyətə gəldiyi vaxtlardan etibarən daim Naxçıvanı diqqətdə saxlamış, muxtar respublikanın gələcəyi ilə bağlı ən vacib qərarların təşəbbüskarı olmuşdur.

    Məhz Heydər Əliyevin uzaqgörənliyi sayəsində 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət rəmzi olaraq qəbul edilməsi dövrün mürəkkəb ictimai-siyasi proseslərinə həlledici təsir göstərmiş və Azərbaycanı müstəqilliyə sürətlə yaxınlaşdırmışdır.

    Naxçıvan Muxtar Respublikası bu gün dövlət proqramlarını və infrastruktur layihələrini uğurla gerçəkləşdirir, ölkənin iqtisadi qüdrətinin artırılmasında və intellektual potensialının gücləndirilməsində yaxından iştirak edir. Hazırda Naxçıvan beynəlxalq miqyaslı mötəbər tədbirlərin ardıcıl keçirildiyi məkanlardandır. Azərbaycanın ətraf mühitin mühafizəsinə yönəlmiş fəaliyyəti çərçivəsində muxtar respublika yaşıl enerji zonası elan olunmuşdur. Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat imkanlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikasının yaranmasının Azərbaycanın siyasi tarixində çox mühüm hadisə olduğunu nəzərə alaraq qərara alıram:

    1. Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi geniş qeyd olunsun.

    2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

    3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi ilə razılaşdırmaqla Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı tədbirlər planının hazırlanmasını və həyata keçirilməsini təmin etsin.

    4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 30 dekabr 2023-cü il

    Mənbə: https://president.az/

  • Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.Seçmə şeirlər

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    EŞQİMİN QIŞ HARAYI

    Payız elə gəldi, qış belə getdi,
    Ayrılıq küləyi əsdi bir ucdan.
    Görüşə bilmədik bu necə dərddi?
    Qar da yolumuzu kəsdi bir ucdan.

    Sanki acıq çıxır təbiət bizdən,
    Görüşmək vədəmiz uzanır yaman.
    Həsrət də qar kimi gözlərimizdən-
    Yağıb yolumuzda qoparır tufan.

    Bölündük sevginin fəsillrinə,
    Eşqimiz baharkən, özümüz qışıq.
    Bəlkə ömrümüzün son illərindən,
    Bəxtin yollarına atılmış daşıq?!

    Eh…yenə səbrimin üstünə əsir,
    Sənin gətirdiyin şaxta, qar, boran.
    İnan ki, yolumu eşqimiz kəsir,
    Yoxsa bu yollarda kimidi ki, duran?!

    Həkim ağrın alım elə dərman yaz

    Həkim ağrın alım elə dərman yaz,
    Bütün dərdlərimə çarə eyləsin,
    Ya öldür, ya sağalt biryolluq məni,
    Qoyma həsrət könlüm yara eyləsin.

    Saçımı qəm yuyub, kədər darayıb,
    Ürəyimi şaxta, boran arayıb,
    Gözlərimə çökən həsrət qarıyıb,
    Qoyma tər qönçəmi xara eyləsin.

    Həkim ağrın alım, elə dərman yaz,
    Azalsın kədərim, sevinim bir az,
    Şaxtalı ömrümü vuran qar, ayaz,
    Qorxuram ömrümü para eyləsin.

    Bir dərmanla şirin eylə sözümü,
    Kərəm kimi kül etmişəm özümü,
    Qıyma, hicran hücum çəkib üzümü,
    Dost-tanış yanında qara eyləsin.

    Göydə Allah. yerdə sən ol amanım,
    Çırpılıbdı dağa, daşa gümanım,
    Sııxıb ürəyini zalım zamanın,
    Çəkdirib min kərə dara eyləsin.

    Həkim dinlə məni, düşünmə əbəs,
    Çarə etməz Allah yazana heç kəs,
    Bir ürəkdolusu həsrətini bəs-
    Söyləyin Nəcibə hara eyləsin?!

  • Şəfa VƏLİYEVA.Seçmə şeirlər

    Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru

    Ən son nə vaxt ağlamısan?
    Nə vaxt keçdim ürəyindən?
    Məndən nəyi saxlamısan
    Qətl yeri-ürəyində?

    Ən son nə vaxt gülüşündən
    Adım asılıb, gülüm?
    Dad qalıbmı öpüşündə?
    Xatırlanırmı əllərim?

    Ən son nə vaxt…
    Nə vaxt axı
    Sevməyi xatırlamısan?
    Mənsizliyin azı-çoxu
    Aşıb boyunu…
    Anlasan…

    2017-dən bir qış nağılı…

    Səni sevən qadınam…
    Eşqin naməhrəmiyəm…
    Ömür yüküm adınla
    Möhürlənib ölməyə…

    Sevən qadın…
    Bu iki
    Kəlmə
    Dünya hikkəsi…
    Sənin ürəyindəki
    “Ağır eşq məhkəməsi”…

    Yoxsa elə bilirsən
    Qadınlar sevə bilmir?!
    Ah…
    Kimə güvənirsən?
    Sevmək əlindən gəlmir…

    Mən bütöv qadın idim…
    Sənlə min parça oldum…
    Eşqdən köynək geyindim,
    Bəxtə Tanrıça oldum…

    Hər qadın sevir, ömrüm,
    Hər qadın hikkəlidi…
    Eşqə üsyankar ömrüm
    Tanrıça heykəlidi…

    Sənin sevməməyinin
    Bir adı “ağıl” imiş…
    Tanrıça sevgisinin
    Lənəti nağıl imiş…

  • Banu MUHARREM.”Cənubumun gecələri dözülməz”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini

    Cənubumun gecələri dözülməz..
    Bir ay çıxar pəncərənə-baxarsan.
    Kimsəyə dərd danışmazsan ölüncə,
    Gün doğana ulduz kimi axarsan..

    Cənubumun gecələri dözülməz..
    Ürəyini ağladarsan gülüncə.
    Boğazında nəfəsini sıxarsan
    Allah sənə yeni nəfəs verincə.

    Cənubumun gecələri çəkilməz
    arzuların əllərindən gedincə.
    Tələsərsən, gecikərsən yoluna
    Qollarını vaxt çiynindən söküncə.

    Cənubumun gecələri dözülməz
    Bu dünyanı öz dünyanda sıxarsan.
    Öldürərsən ümidləri yolunda,
    Həyatından günlər, aylar çıxarsan.

    Cənubumun gecələri dözülməz..
    Baxışında gülüşlərin sönüncə.
    Yağış kimi ağlamağa başlarsan
    Bir sevənin yer altına köçüncə.

  • Xəyalə SEVİL.Yeni şeirlər

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsüAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri

    Bir az yaxına gəl, Tanrı,
    İşim yoxdu bəndə ilə.
    Dünyaya sığmayan ruhum
    Qalıb bir bədəndə elə.

    Görmədi… Heç kim görmədi.
    Mən gördüm, bütün görmədim.
    Nə qürbətdə gün görmədim,
    Nə də ki, vətəndə elə.

    Hansından danışım indi,
    Görünür yanlışım indi.
    Dərindən yaşadım, indi
    Hamı necə, mən də elə.

    Qurunun oduna
    Yaş yanır indi,
    Su vurmuşam
    Ürəyimin üzünə,
    Oyanır indi.
    Oyanır canımdakı
    Şübhələr, ehtimallar,
    Bu mənəm, bu boş masa,
    Bu bir yığın suallar…
    Fikrim tamam dağılıb,
    Fikrim küləyə düşüb.
    Ağlıma ən sonuncu,
    Ən təzə qayə düşüb.
    Axıb gedir hisslərim,
    Ürəyimdə qırıq var.
    Qarşıda ayrılıq var…

  • Arzu HÜSEYN.Yeni şeirlər (2023)

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısıAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri

    * * *

    Deməzdim bu sevgidən,
    sən uddun, mən uduzdum.
    Elə həmin qış idin,
    Elə həmin payızdım.
    Bərabər olmadıq ki,
    Sən tənha, mən yalnızdım.
    Adını hər nə qoysaq
    Daş olar, sevgi olmaz.
    Belə ömür, gün olmaz.

    Ehtirasın, şəhvətin
    Qucağında iki lal.
    Bu dəlilik içində
    Mum olmaz ki, ihtilal.
    Ürəyində getmisən,
    Nə mənası desəm qal?
    Bitib tükəndim artıq.
    Məndən sənə yem olmaz.
    Belə ömür gün olmaz.

    Sayrışan ulduzların,
    Sehrinə dalıb qaldım.
    Yaş olub gözlərindən
    Axmadım, dolub qaldım.
    Mən sənin dünənində,
    Eləcə donub qaldım.
    Özgəninsən bilirəm,
    Bizimki mümkün olmaz.
    Belə ömür gün olmaz.

    Həsrət göy qurşağıymış,
    Rəngli, əlvan dərd imiş.
    Getdiyin bütün yollar,
    Ayağıma yurd imiş.
    Şübhə ilan deyilmiş,
    Kiçik, sinsi qurd imiş.
    Qalanı təfərrüat,
    Bu boyda sürgün olmaz.
    Belə ömür gün olmaz…

    * * *

    Necə oldu yollar səni yormadı,
    Gecə oldu, ulduz aya qovuşdu.
    Taleyimə yazdım səni, olmadı,
    Uşaq kimi olmazlara alışdıq.

    Tökdü xəzəl hələ dünən gül açan,
    Hədər oldu neçə-neçə fəsillər.
    Dirənmədik bu sevgidə sonacan,
    Aramızda soyuq yellər əsirlər.

    Bu nə gücdür dalğaları oyadan,
    Dəyişibdir çalarları rənglərin.
    Birdəfəlik çıx ömrümdən ay adam,
    Kəs arasın məktubların zənglərin.

    Necə oldu yollar səni yormadı,
    Boyun əydim intizara, dərdə mən.
    Bu nağılın sonu gözəl olmadı,
    Almaları cin apardı, Birdənəm…

  • Bu gün Xalq yazıçısı Əzizə Cəfərzadənin doğum günüdür

    Bu gün görkəmli ədəbiyyatşünas alim, ictimai xadim, filologiya elmləri doktoru, professor, Xalq yazıçısı Əzizə Cəfərzadənin doğum günüdür.

    AZƏRTAC xəbər verir ki, anadan olmasının 102-ci ildönümü tamam olan Əzizə Cəfərzadə milli təfəkkürümüzün yetişdirdiyi ən önəmli simalardan, XX əsr Azərbaycan ədəbiyyatının ən istedadlı nümayəndələrindən biridir.

    O, 1921-ci il dekabrın 29-da Bakıda anadan olub. 38 nömrəli məktəbdə ibtidai təhsilini aldıqdan sonra Sabir adına Pedaqoji Texnikumda və Bakı Teatr məktəbində oxuyub. Əlaçı oxuduğu üçün Azərbaycanda ilk dəfə təsis edilən M.F.Axundzadə mükafatına birinci o layiq görülüb. 1942-44-cü illərdə Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləyib. 1946-47-ci illərdə ekstern yolu ilə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. 1957-74-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə müdiri işləyib. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin professoru olub. XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin bilicisi kimi tanınan Əzizə Cəfərzadə 1950-ci ildə “XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri” mövzusunda namizədlik, 1970-ci ildə “XIX əsr Azərbaycan poeziyasında xalq şeiri üslubu” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

    1937-ci ildə 16 yaşlı Əzizənin “Əzrayıl” adlı ilk hekayəsi “Ədəbiyyat” qəzetində çap edilsə də, 11 il sonra nəşr olunmuş ilk kitabı Moskvanın xüsusi qərarı ilə satışa çıxmadan yığışdırılaraq yandırılıb. Sovet senzurası gənc yazıçını salon lirikasını tərənnümdə, yəni “Axmatovşina”da ifşa edərək kitabı yığışdırır.

    Müasir Azərbaycan nəsr tarixində tarixi roman janrı Əzizə Cəfərzadənin qələmi ilə yenidən canlanıb. 1963-cü ildə “Natəvan haqqında hekayələr”i yazır. Bu hekayələrdə o, Xurşidbanu Natəvanın həyatını dolğun ifadələrlə qələmə alıb. Müəllifin ilk tarixi romanı XIX əsrdə Şamaxıda yaşayıb yaradan məşhur şair Seyid Əzim Şirvaninin ədəbi həyatından bəhs edib. “Aləmdə səsim var mənim” adlı həmin roman 1973-78-ci illərdə yazılıb. Paralel olaraq yazdığı “Vətənə qayıt” tarixi romanı isə 1977-ci ildə çap edilib. 1980-ci ildə XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayan romantik şair Abbas Səhhətin həyat və yaradıcılığından bəhs edən “Yad et məni” romanını, cəmi bir il sonra Şah İsmayıl Xətai və onun Bakıya yürüşü tarixini özündə əks etdirən “Bakı-1501” tarixi romanını yazıb. “Cəlaliyyə” (1983) romanında isə XII əsr Naxçıvanın qadın hökmdarı Cəlaliyyənin Vətənin müdafiəsi uğrunda apardığı mübarizənin tarixini dəqiqliklə göstərib. İstər tarixi, istərsə də ədəbi prosesləri gözəl bilən və daima axtarışda olan ədəbiyyatşünas alim Azərbaycan ədəbiyyatında öz qələmi ilə silinməz iz qoyub. “Sabir” (1989) romanı XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayıb-yaradan məşhur satirik şair Mirzə Ələkbər Sabirə, “Eldən elə” (1992) XIX əsrdə 37 il dünya səyahətində olan coğrafiyaşünas Zeynalabdin Şirvaniyə həsr edilib. “Bir səsin faciəsi” (1995), “Gülüstan”dan öncə” (1996), “Zərrintac-Tahirə” (1996), “İşığa doğru” (1998), “Bəla” (2001), “Rübabə sultanım” (2001) tarixi romanları Əzizə Cəfərzadənin fasiləsiz axtarışlarının məhsuludur.

    Əzizə Cəfərzadənin 2003-cü ildə qələmə aldığı “Xəzərin göz yaşları” adlı povesti isə 1938-ci ildə Azərbaycanda yaşayan Cənubi azərbaycanlıların Stalin rejimi tərəfindən 3-4 gün ərzində İrana məcburi deportasiyasına həsr olunub. Əzizə Cəfərzadə Şərqin dühası Məhəmməd Füzuli yaradıcılığına gözəl bələd olduğundan, ölümündən bir az əvvəl onun həyatı haqqında “Eşq sultanı” adlı romanını yazıb.

    Yazıçının “Sahibsiz ev” (1966), “Əllərini mənə ver” (1970), “Sənsən ümidim” (1984), “Xəyalım mənim” (2002) əsərləri geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanıb. Uşaqları yaddan çıxarmayan Əzizə Cəfərzadə “Qızımın hekayələri” (1964), “Anamın nağılları” (1982), “Çiçəklərim” (1988), “Pişik dili” (2001) kimi hekayələr və nağıllar yazıb.

    Azərbaycan dilinin saflığını qoruyan və onu təbliğ edən ədəbiyyatşünas alimin elmi əsərləri də bədii ədəbiyyat nümunələri kimi daim oxunur. “Fatma xanım Kəminə” (1971), “Könül çırpıntıları” (1972), “Azərbaycanın aşıq və şair qadınları” (1974, 1991), “Azərbaycanın şair və aşıq qadınları” (II nəşr 2003), “Şirvanın üç şairi” (1971), “Mürcüm Kərim Vardani. Sünbülüstan” (1978), “Abdulla Padarlı. Seçilmiş əsərləri” (1979), “Hər budaqdan bir yarpaq” (1983) kitabları yazıçıya xüsusilə şöhrət gətirib.

    Ana və qadın mövzusuna xüsusi önəm verən yazıçının folklor araşdırmaları, etnoqrafik yazıları da maraq doğurur: “Bayatı düşüncələrim”, “Xızır Nəbi”, “Novruz” və başqa əsərlər bu qəbildəndir. Əzizə Cəfərzadə iştirak etdiyi beynəlxalq konfranslarda, xarici səfərlərində daim Azərbaycan və onun tarixi haqda məlumatlar verməklə yanaşı, həmin ölkələrin kitabxana və fondlarında Vətənimizlə bağlı məlumatları araşdıraraq toplayıb. Bu məqamlar Əzizə xanımın səyahət gündəliklərində öz əksini tapıb.

    Əzizə xanım 1965-1966-cı illərdə pilot olan həyat yoldaşı ilə birlikdə Qanada (Afrika) yaşamalı olub və həmin illərin xatirələri 1968-ci ildə çap olunan “Qızıl sahilə səyahət” xatirə kitabında toplanıb.

    Xalq yazıçısı Əzizə Cəfərzadə 2003-cü il sentyabrın 4-də vəfat edib.

    Mənnbə: https://azertag.az/

  • “TRT” radiosunda “Azərbaycan ruzigarı” əsəcək

    Yanvarın 7-dən etibarən Türkiyənin “TRT TÜRKÜ” radiosunda “Azərbaycan ruzigarı” proqramı yayımlanacaq. Proqramda Azərbaycanın xalq mahnıları və milli muğamlarımız səsləndiriləcək.

    Bu barədə AZƏRTAC-a layihənin müəllifi, azərbaycanlı telejurnalist Səidə Ömər məlumat verib.

    O deyib: “Azərbaycan mədəniyyəti hər zaman Türkiyə ictimaiyyətinin marağındadır. Bu gün UNESCO-nun Dünya İrsi Siyahısında yer alan qədim musiqi alətlərimiz var. Azərbaycan musiqisi, xüsusilə muğamlarımız, xalq mahnılarımız Türkiyədə həddindən artıq çox sevilir və sənətçilərinin ifalarında tez-tez səslənir. Qardaş Türkiyədə ölkəmi təmsil etməkdən qürur hissi keçirirəm. Türkiyənin dünyadakı nüfuzu, coğrafi yerləşməsi, həm də bir çox başqa səbəblərdən “Azərbaycan ruzigarı”nın sədalarının ölkə xaricinə çıxacağına çox inanıram. Proqramımız vasitəsilə Azərbaycanın ustad xanəndələri və musiqiçilərinin ifaları ilə dinləyicilərə xoş ovqat verməyə çalışacağıq. Təbii ki, “Azərbaycan ruzigarı” proqramının digər prinsiplərini də radio dinləyicilərinə uyğun formata salaraq təqdim edəcəyik. Proqram çərçivəsində Azərbaycan ədəbiyyatından şeirlər səsləndiriləcək, valehedici coğrafiyamız və zəngin mədəniyyətimiz haqqında da məlumatlar veriləcək, tarixi günlərimiz yad ediləcəkdir. Odur ki, hər kəsi qarşıdan gələn ilin yanvar ayından etibarən “TRT TÜRKÜ” radiosunu dinləməyə dəvət edirəm. Vətənimin hər bir fərdini qarşıdan gələn Həmrəylik Günü münasibətilə ən səmimi arzularımla təbrik edir, azərbaycanlı olduğum üçün fəxr edirəm”.

    Səidə Ömər Azərbaycan mədəniyyətinin Türkiyə radiosunda təbliğinə göstərdikləri dəstəyə görə “TRT” media qurumuna və TRT İstanbul Radiosunun müdiri Ali Fuad Gülməzə öz təşəkkürünü bildirib.

    Qeyd edək ki, proqram 2024-cü il yanvarın 7-dən etibarən həftənin hər bazar günü Türkiyə vaxtı ilə saat 23.30-da yayımlanacaq.

    Xatırladaq ki, Səidə Ömərin müəllifi olduğu “Azərbaycan ruzigarı” verilişi 2018-2023-cü illər ərzində Türkiyə telekanallarından birində Azərbaycan ədəbiyyatını, mədəniyyətini və coğrafiyasını təbliğ edib. “TRT TÜRKÜ” radiosunda yayımlanacaq proqram “Azərbaycan ruzigarı” layihəsinin yeni formatıdır.

    Mənnbə: https://azertag.az/

  • Bu gün Beynəlxalq Kino Günüdür

    Dekabrın 28-i dünyada Beynəlxalq Kino Günü kimi qeyd olunur. 1895-ci il dekabrın 28-də Lui və Oqyust Lümyer qardaşları Parisin Kapusin bulvarındakı balaca kafedə ilk dəfə özlərinin çəkdikləri qısametrajlı filmlərin pullu nümayişini təşkil ediblər. Filmlərin arasında 46 saniyəlik “Fəhlələrin Lümyer fabrikindən çıxması” ekran əsəri də var idi.

    Lümyer qardaşları hesab edirdilər ki, kino həyat səhnələrinin nümayişindən başqa bir şey deyil və olmayacaq. Ona maraq tezliklə sönəcək. Lakin bəşəriyyət xroniki sinematoqraf xəstəliyinə tutuldu. Kino körpə uşaq kimi, əvvəlcə danışa bilmirdi. Tamaşaçıları aktyorların hərəkətləri, üz-gözünü büzməsi ilə əyləndirirdi.

    Çoxları kinonun yaranması ilə teatrın məhv olacağını deyirdi. Yaxşı ki, həyat bu ehtimalı təkzib etdi. Siyasətçilər kinonun böyük gücə malik olmasını hamıdan əvvəl anlamışdılar. Onlar Lümyer qardaşlarının ixtirasının köməyi ilə kütlələrə təsir etməyin mümkün olduğunu görürdülər.

    AZƏRTAC xəbər verir ki, Azərbaycanda Milli Kino Günü hər il avqustun 2-də qeyd edilir.

    Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma günü sayılır.

    Ötən əsrin əvvəllərində “Pate”, “Pirone”, “Filma” kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olublar. 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında “Neft və milyonlar səltənətində”, 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında “Arşın mal alan” qısametrajlı bədii filmləri çəkilib.

    Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət bir çox mədəni-siyasi islahatlar keçirib. Xarici aləmlə diplomatik, mədəni–iqtisadi əlaqələr dünya kinosunun ilk nümunələrinin Bakıya gətirilməsinə və ictimai baxışlara təkan verib. Bunun nəticəsində Bakıda kinematoqrafiya həvəskarlarının sayı artmağa başlayıb. 1918-ci ildə onlar “Kinematoqrafiya və teatr qulluqçuları şurası”nda birləşiblər.

    Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb. Burada çəkilən ilk film xalq əfsanəsinin motivləri əsasında yaradılmış “Qız qalası” bədii filmi olub.

    1923-1926-cı illərdə kinostudiya Birinci Dövlət Kinofabriki, sonradan AFKİ Kinofabrik ilə birləşdirilərək “Azdövlətkino”, “Azərkino”, “Azərfilm”, “Azdövlətkinosənaye”, “Bakı kinostudiyası”, “Azərbaycanfilm” adlandırılıb. 1960-cı ildən “Azərbaycanfilm” kinostudiyası Cəfər Cabbarlının adını daşıyır.

    “Azərbaycanfilm”də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən “Arşın mal alan”, “Şərikli çörək”, “Ad günü”, “Sevinc buxtası”, “İstintaq”, “Yaramaz” və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta”, “Çölçü”, “Nabat”, “Axınla aşağı” və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb.

    Qeyd edək ki, 2018-ci ildə Azərbaycan kinosunun 120 illiyinin qeyd olunması haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən ölkəmizin hər yerində silsilə tədbirlər keçirilib. Bu il 124-cü ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb.

    Azərbaycan kinosu böyük tarixə malikdir. Bu illər ərzində ölkəmizin, xalqımızın həyatının müxtəlif sahələrinə aid filmlər çəkilib. Təxminən son on ildə dövlət büdcəsindən ayrılmış vəsait hesabına tammetrajlı və qısametrajlı bədii, sənədli, habelə cizgi filmləri çəkilib. Bu gün gənclərimiz dünyanın bir sıra ölkələrində bu sahədə təhsil alırlar. Eyni zamanda, ölkəmiz dünyanın müxtəlif ölkələrində keçirilən film festivallarında iştirak edir.

    Mənbə: https://azertag.az/

  • “İRS” jurnalının ingilis dilində növbəti nömrəsi nəşr olunub

    Azərbaycan həqiqətlərini uzun illərdir dünyada tanıdan “İRS” jurnalının İngilis dilində cari ilin son nömrəsi işıq üzü görüb. Jurnal ənənəvi olaraq baş redaktor Musa Mərcanlının giriş sözü ilə açılır.

    AZƏRTAC xəbər verir ki, jurnalın ilk məqaləsi 100 illik yubileyini etdiyimiz Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Mərkəzə həsr olunub. Məqalədə dünyanın tanınmış arxitektura inciləri sırasına daxil olmuş Heydər Əliyev Mərkəzinin layihələndirilməsi, onun tikintisi və çoxfunksiyalı fəaliyyəti haqqında geniş bilgi verilir, maraqlı illüstrasiyalarla oxucular tanış edilir . Növbəti məqalə Qərbi Azərbaycandan, xüsusən İrəvandan köklü sakinlərin-azərbaycanlıların deportasiyası, erməni dövləti və millətçilərinin 300 mindən çox soydaşımızın başına açdıqları zülmlər, vəhşiliklər haqqında foto-faktlar və sübutlarla xarici oxuculara geniş məlumat təqdim edilir.

    İngiltərədən olan jurnalist İan Peartin məqaləsi Şuşaya həsr olunub. Məqalədə Azərbaycanın mədəniyyət paytaxtının müşahidələrlə bir növ portreti çəkilib və ermənilərin buradakı vəhşiliyi ürək ağrısı ilə qeyd olunub. Şuşada keçirilmiş Media Forumun iştirakçısı olmuş müəllif tədbirin yüksək səviyyədə təşkilindən də söhbət açır. Şuşada yerləşən Mehmandarovların ev-muzeyi haqqında məqalə da “İRS-Heritage” jurnalının bu nömrəsində dərc edilib. Məqalədə bərbad günə salınmış bu abidənin Heydər Əliyev Fondu tərəfindən bərpası və fəaliyyəti haqqında ətraflı məlumat verilib.

    Qarabağda yerləşən Alban abidələri, qədim məbədlər haqqında elmi məqalə da maraqla qarşılanacaqdır. Mənbələrə əsaslanan yazıda saxta adlarla erməniləşdirilmiş bu məbədlərin işğal dövründə yadellilər tərəfindən mənimsənilməsi, abidələrin arxitektura üslubunun, üzərindəki yazıların dəyişdirilməsi qeyd olunmaqla bu cür əməllərin Qafqaz Albaniyasına xarakterik olan tikililərin tarixdən silinməsi üçün davamlı siyasətin bir hissəsi kimi də göstərilmişdir.

    “İRS-Heritage” jurnalının bu nömrəsində orta əsrlər sənətkarlığının incilərindən olan miniatürlər haqqında məqalə, Azərbaycanın möhtəşəm təbiət abidələri – Göygöl, Maralgöl, Kəpəz dağı haqqında fotoreportaj oxucular tərəfindən maraqla qarşılanacaqdır.

    Onu da qeyd edək ki, “İRS”in ingilis nəşri dünyanın 50-dən çox ölkəsində yayımlanır.

    Mənbə: https://azertag.az/

  • Beynəlxalq Muğam Mərkəzinin fəaliyyətə başlamasından 15 il ötür

    Bu gün Beynəlxalq Muğam Mərkəzinin fəaliyyətə başlamasından 15 il ötür.

    AZƏRTAC xəbər verir ki, 2008-ci il dekabrın 27-də Bakıda, Dənizkənarı Milli Parkda qədim musiqi alətimiz olan tarın quruluşunda, eyni zamanda, modern memarlıq üslubunda tikilmiş Beynəlxalq Muğam Mərkəzinin (BMM) açılışı ilə Azərbaycanda muğam ifaçılarının və tədqiqatının təbliğini ehtiva edən ilk rəsmi mərkəz yaradıldı.

    Mərkəzin açılışında iştirak edən Prezident İlham Əliyev demişdir: “Bu bina Azərbaycan xalqına xidmət edəcəkdir. Bu binada gözəl tədbirlər keçiriləcəkdir, gözəl konsertlər, muğam gecələri keçiriləcəkdir. Muğam bizim milli sərvətimizdir, çox böyük dəyərimizdir. Azərbaycan xalqı əsrlər boyu bu sənəti yaşatmışdır və bu gün çox vacibdir ki, bu gözəl sənət, Azərbaycan xalqının milli dəyəri olan muğam nəsildən-nəslə keçir”.

    Ölkə başçısının dediyi kimi, ötən müddət ərzində Beynəlxalq Muğam Mərkəzində bir sıra mühüm layihələr reallaşdırılıb, saysız-hesabsız konsertlər keçirilib, korifey sənətkarlarımızın yubileyləri təşkil olunub. BMM-in böyük maraqla gözlənilən “Muğam axşamları” layihəsi çərçivəsində silsilə konsertlər keçirilir. Bundan əlavə mərkəzin musiqinin müxtəlif janrlarını əhatə edən “Aşıq musiqisi axşamları”, “Vokal musiqi axşamları”, “Muğamat var olan yerdə”, “Unudulmayanlar” və digər layihələrinin konsertləri tamaşaçılar tərəfindən maraqla izlənilir.

    Yeri gəlmişkən xüsusi olaraq vurğulamalıyıq ki, Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı möhtəşəm layihələr sırasında xüsusi əhəmiyyəti olan bu mərkəzin inşası Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva muğam sənətimizi dünyanın ən nüfuzlu konsert salonlarına çıxartdı, bu sənəti təkcə Azərbaycanın deyil, dünyanınkı etdi. Onun fədakar fəaliyyəti, milli dəyərlərimizə sonsuz sevgi və qayğısı Azərbaycan muğamını UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil etdi.

    Azərbaycanın birinci xanımı illər əvvəl “Azərbaycan İrs” jurnalında dərc olunmuş “Qarabağ muğamı” adlı məqaləsində bu mədəniyyət xəzinəsinin sirlərini, mətləblərini belə təsvir etmişdi: “Çoxəsrlik tarixə malik olan Azərbaycan muğamı, mütəxəssislərin rəyinə görə, Şərq intibahı çağında özünün çiçəklənmə dövrünü yaşamışdır. Sonrakı dövrlər bu sənətin mahiyyət və məzmununu əsla dəyişdirə bilməmişdir.

    Bu gün də muğam bir tərəfdən keçmişdən bu günə yaşayan mənəvi sərvət, digər tərəfdən isə son dərəcə çağdaş sənət aləmi kimi bütün varlığı ilə yaşamaqdadır. Burada sənətin ənənə ilə qəti olaraq müəyyən edilmiş normaları və yaradıcılıq prosesindəki improvizasiya imkanları heyrətamiz bir vəhdət, ahəngdarlıq təşkil edir”.

    Azərbaycan xalqının minillərlə formalaşan tükənməz xəzinəsi olan muğamlarımızı yaşadan, təbliğ edən bu gözəl, möhtəşəm bina bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti öz milli sənəti olan muğama çox böyük sevgi ilə yanaşır. Bina həm xarici görünüşü və memarlıq baxımından çox gözəldir, həm də daxili tərtibat da göz oxşayır.

    Azərbaycan muğamlarının təbliği istiqamətində yorulmadan fəaliyyət göstərən Xalq artisti Mənsum İbrahimov da BMM-in yaranması və ötən dövr ərzində görülən işləri yüksək qiymətləndirib: “Heydər Əliyev Fondu yaranan gündən bizim muğamımızın yeni inkişaf dövrü başlayıb. Keçirilən muğam televiziya müsabiqələri, beynəlxalq muğam müsabiqələri nəticəsində bizim onlarla gənc muğam ifaçısı sənətimizə gəlib. Artıq onların fəxri adları var. Heç bir dövrdə bizim sənətimizə bu qədər gənc ifaçı gəlməyib. Bu, çox böyük bir rəqəmdir. Biz hər dəfə müsabiqədən əvvəl bölgələrə gedib seçim turları keçiririk. Bu tədbirlərin ən yaddaqalanları Beynəlxalq Muğam Mərkəzində təşkil edilir. Bu mərkəzdə gözəl tədbirlər, gözəl yubileylər, gözəl konsertlər və müsabiqələr keçiririk. Burada əsl muğam ab-havası var. Biz çalışırıq ki, muğamımızı həm də xarici dövlətlərdə gözəl təbliğ edək, musiqimizi, muğamımızı xarici vətəndaşlara öz çıxışlarımızla, öz ifalarımızla yüksək səviyyədə çatdıraq”.

    Beynəlxalq Muğam Mərkəzinin ötən dövr ərzində əsl musiqi beşiyinə çevrildiyini söyləyən Xalq artisti Teyyub Aslan deyib ki, qədim və zəngin mədəniyyətimizin vizit kartı muğam, eyni zamanda, xalqımızın malik olduğu milli mədəniyyətin koloriti, hər birimizin mənəvi və ruhi qidasıdır: “Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda, Ağdamda Ağcabədidə və Füzulidə inşa olunan Muğam mərkəzləri ölkəmizdə bu sənətin inkişafına mühüm töhfələr verib. Bu mərkəzlərdə çıxış edən gənc ifaçılar bizim milli irsimizi, muğam sənətimizi nəyinki ölkəmizdə yaşadır, həm də dünyada layiqincə təbliğ edirlər. Sevindirici haldır ki, biz tez-tez Beynəlxalq Muğam Mərkəzində korifey sənətkarlarımızın yubileylərini keçirir, gənc ifaçıların konsertlərini dinləyirik. Bizə qürur verən bu işlər muğam irsimizin əbədiyaşarlığını bir daha təsdiqləyir”.

    Bütün deyilənlər təsdiqləyir ki, Beynəlxalq Muğam Mərkəzi istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda bütün azərbaycanlıların həyat hekayətinə çevrilən muğamın təbliğinə, inkişafına öz töhfəsini verməkdədir.

    Mənbə: https://azertag.az/

  • Bu gün tanınmış bəstəkar Oqtay Kazıminin doğum günüdür

    Bu gün Xalq artisti, görkəmli bəstəkar Oqtay Kazıminin doğum günüdür.

    AZƏRTAC xəbər verir ki, anadan olmasının 91-ci ildönümü tamam olan bəstəkar Astara şəhərində anadan olub.

    O, 1950-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunun Xor dirijorluğu şöbəsində orta musiqi təhsilini almağa başlayıb və paralel olaraq bəstəkarlıqla məşğul olub. 1957-ci ildə O.Kazımi Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Xor dirijorluğu fakültəsinə daxil olub, bir il sonra isə Bəstəkarlıq fakültəsinə keçərək Xalq artisti, professor Cövdət Hacıyevin sinfində təhsilini davam etdirib. 1965-ci ildə konservatoriyanı bitirdikdən sonra müstəqil yaradıcılıq yoluna qədəm qoymuş O.Kazımi musiqi sənətinin müxtəlif janrlarında öz qələmini sınayıb. “Qızıl toy”, “Danabaş kəndinin əhvalatları”, “Dəli dünya”, “Meşədə futbol” musiqili komediyalarının, “Dədə Qorqud – nəğmələri” adlı epik operanın, “Qəhrəmanlıq” və “Şəhidlər” simfoniyalarının, “Qarabağ lövhələri”, “Sumqayıt lövhələri” simfonik süitalarının, “Hophopnamə”, “Peyğəmbər”, “Murovdağ nəğmələri” oratoriyalarının, “Nəğməmsən, Azərbaycan” kantatasının, Piano və orkestr üçün poema-konsertin, Xalq çalğı alətləri üçün konsertin, “Millətin oyaq gecəsi” vokal-simfonik poemasının, “Qarabağ rapsodiyasının”, Təntənəli uvertüranın, Xor və simfonik orkestr üçün “Trilogiya”nın, kamera-instrumental əsərlərin, xalq çalğı alətləri orkestri və estrada orkestri üçün pyeslərin müəllifidir.

    Onun yaradıcılığında mahnı janrı xüsusi yer tutub. Onun 200-dən artıq mahnısı – “Həyat, sən nə qəribəsən”, “Qaytar eşqimi”, “Bakının qızları” və “Bayram olsun” və s. mahnıları gözəl, lirik melodiyası ilə dinləyicilərin qəlbinə yol tapıb. Bəstəkarın mahnıları respublikamızın görkəmli müğənniləri Rəşid Behbudov, Şövkət Ələkbərova, Oqtay Ağayev, Yalçın Rzazadə və başqalarının repertuarında möhkəm yer tutub. Onun “Həyat, sən nə qəribəsən” mahnısı 60-70-ci illərdə məşhur olan “Qaya” vokal-instrumental ansamblının ifasında çox populyarlıq qazanıb.

    O, ictimai musiqi xadimi kimi respublikanın musiqi həyatında fəal iştirak edib. Azərbaycan Dövlət Filarmoniyasının musiqi redaktoru, Sumqayıt estrada orkestrinin bədii rəhbəri vəzifəsində çalışıb. O, 1966-cı ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü idi.

    Ömrünü Azərbaycan musiqisinin inkişafına həsr etmiş Xalq artisti Oqtay Kazımi 2010-cu il avqustun 9-da vəfat edib.

    Mənbə: https://azertag.az/

  • Əməkdar mədəniyyət işçisi Musa NƏBİOĞLUnu doğum günü münasibətilə təbik edirik! (26 Dekabr 1958-ci il)

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının Baş redaktoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunu doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi 

  • Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir.

    Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

    Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür.

    İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.

    Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.

    BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə qərara alıram:

    1. Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilsin.

    2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 25 dekabr 2023-cü il 

    Mənbə: https://president.az/

  • E.Ə.Qasımzadənin 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    E.Ə.Qasımzadənin 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan memarlıq sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Elbay Ənvər oğlu Qasımzadə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 25 dekabr 2023-cü il

    Mənbə: https://president.az/

  • 25 Dekabr-Professor, Akademik, “Respublika” gündəlik ictimai-siyasi, sosial-iqtisadi qəzetinin ilk Baş redaktoru cənab Teymur ƏHMƏDOVun doğum günüdü

    Teymur Əkbər oğlu Əhmədov (25 dekabr 1930Şamxor – 16 mart 2021Bakı) — tənqidçi, ədəbiyyatşünas, publisist, professor.

    Həyatı

    Teymur Əhmədov 25 dekabr 1930-cu ildə Şəmkir şəhərində anadan olmuş, 1936-cı ildə ailəlikcə valideynlərinin vaxtilə deportasiya olunduğu İrəvana köçmüşdür. 1949-cu ildə Qərbi Azərbaycanın Zəngibasar (indiki Masis rayonu) rayonunda orta məktəbi qızıl medalla bitirmiş, təhsilini Bakı Dövlət Universitetinin filologiya fakültəsində davam etdirmişdir (1949–1954). Eyni zamanda 1954–1958-ci illərdə Ermənistan KP MK-nın orqanı “Sovet Ermənistanı” qəzetində müxtəlif vəzifələrdə çalışmış, Ermənistan KP İrəvan şəhər komitəsi yanında Marksizm-Leninizm Axşam Universitetini (1955–1957), Moskvada isə “Pravda” qəzeti nəzdində olan Ümumittifaq jurnalistika və fotoreportaj üzrə qiyabi lektoriyanın jurnalistika şöbəsini (1959–1961) bitirmişdir[1].

    1961–1964-cü illərdə AEA-nın Nizami adına Dil və Ədəbiyyat İnstitutunda aspirantura təhsili almış, “Nəriman Nərimanovun dramaturgiyası” mövzusunda namizədlik (1966), “Nəriman Nərimanovun yaradıcılıq yolu” mövzusunda doktorluq işi müdafiə etmişdir. 1984-cü ildə nəşr edilən “Nəriman Nərimanov” kitabı rus, ingilis, fransız və ərəb dillərində kütləvi tirajla nəşr edilib.

    1965–1968-ci illərdə “Azərbaycan” jurnalı redaksiyasında şöbə müdiri, 1968-ci ildə AEA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş elmi işçi, Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində müdir müavini (1968–1990), 1988-ci ildən aparıcı elmi işçi olmuşdur.

    1990–1991-ci illərdə “Vətən həsrəti”, 1992–1993-cü illərdə “Hikmət”, “Yeni fikir” qəzetlərinin baş redaktoru işləmişdir. 1996-cı ildən Ədəbiyyat İnstitutunda Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, 1995-ci ildən “Respublika” qəzetinin baş redaktorudur.

    AEA “Dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları problemi” üzrə Respublika Əlaqələndirmə Şurasının elmi katibi (1968-ci ildən), Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının və Azərbaycan Qaçqınlar Cəmiyyətinin İdarə Heyətinin üzvü kimi geniş elmi axtarışlar aparmış, AMEA Milli Münasibətlər İnstitutunda Elmi nəşriyyat şöbəsinin müdiri və “Elturan” (“Milli məsələlər”) jurnalının məsul redaktoru olmuşdur (1992–2003).

    Səmərəli əməyi dövlət tərəfindən yüksək dəyərləndirilərək Azərbaycan Ali Soveti Rəyasət heyətinin fəxri fərmanı (1982), akademik Yusif Məmmədəliyev adına mükafat və medalla qiymətləndirilmiş, 1996-cı ildə “İlin layiqli ziyalısı” fəxri adına layiq görülmüş, 2002-ci ildə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

    Azərbaycan Respublikasında jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 2020-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub[2]

    Teymur Əkbər oğlu Əhmədov ilk gənclik illərindən bədii yaradıcılıqla da məşğul olmuş, “Ülkər” adlı şeir və hekayələr kitabı 1961-ci ildə İrəvanda işıq üzü görmüşdür. “Dostluq nəğməkarı”, “Nəriman Nərimanovun dramaturgiyası”, “Nəriman Nərimanov”, “Vedibasarın qanlı-qadalı günləri”, “Erməni xəyanəti və ya Andranik Ozanyanın qanlı əməlləri (1918–1920-ci illər)”, “Mirzə İbrahimov” və s. monoqrafiyaları dərin oxucu marağı qazanıb. “Azərbaycan sovet yazıçıları (ədəbi sorğu kitabı)” (1987), “Azərbaycan yazıçıları (Ensiklopedik məlumat kitabı)” (1995) da sizin məhsuldar əməyi sayəsində araya-ərsəyə gəlib.

    2007-ci ildən başlayaraq Azərbaycan mətbuatında dərin iz qoymuş “Füyuzat” jurnalının 100 il sonra yenidən təsisinə başlayan Teymur Əhmədov “Füyuzat” jurnalının baş redaktorudur.

    Teymur Əhmədov 16 mart 2021-ci ildə 90 yaşında koronavirusdan dünyasını dəyişib.

    Kitabları

    • Azərbaycan yazıçıları XX–XXI yüzillikdə (ensiklopedik məlumat kitabı). Bakı: Nurlar, 2011, 1056 səh.

    İstinadlar

    1.  “Tanınmış alim-publisistin həyat və yaradıcılıq yoluna işıq salan toplu”. Azərbaycan qəzeti (az.). azerbaijan-news.az. 09 İyul 2014. 2021-10-28 tarixində arxivləşdirilibİstifadə tarixi: 2014-07-10.
    2.  “T.Ə.Əhmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”2021-10-18 tarixində arxivləşdirilibİstifadə tarixi: 2020-12-30.
  • 24 Dekabr-Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı Zati-aliləri cənab İlham Əliyevin doğum günüdü

    İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.

    1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb.

    1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil alıb. MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub.

    1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb və 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub.

    1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.

    1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib.

    1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib.

    1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir.

    1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.

    2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib.

    2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Bununla əlaqədar deputat səlahiyyətlərinə xitam verilib.

    İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib.

    2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib.

    2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

    2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

    2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

    Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.

    Evlidir. Üç övladı, beş nəvəsi var.

    Təltiflər və fəxri adların siyahısı:

    Ordenlər

    Rumıniyanın “Rumıniya Ulduzu” ordeni (11 oktyabr 2004-cü il)

    Səudiyyə Ərəbistanı Krallığının “Kral Əbdüləziz” ordeni (8 mart 2005-ci il)

    Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının I dərəcəli Aleksandr Nevski ordeni (11 aprel 2005-ci il)

    Azərbaycan Respublikasının “Heydər Əliyev” ordeni (28 aprel 2005-ci il)

    Rus Pravoslav Kilsəsinin I dərəcəli Müqəddəs Serqi Radonejski ordeni (14 sentyabr 2005-ci il)

    Qafqaz Müsəlmanları İdarəsinin “Şeyxülislam” ordeni (22 dekabr 2005-ci il)

    Fransa Respublikasının “Fəxri Legionun Böyük Xaç Komandoru” ordeni (29 yanvar 2007-ci il)

    Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Xaç ordeni (26 fevral 2008-ci il)

    Ukraynanın 1 dərəcəli “Knyaz Yaroslav Mudrı” ordeni (22 may 2008-ci il)

    Küveyt Dövlətinin “Mübarək əl-Kəbir” ordeni (10 fevral 2009-cu il)

    Latviya Respublikasının “Üç Ulduz” ordeninin “Böyük Xaç Kavaleri” dərəcəsi (10 avqust 2009-cu il)

    Rus Pravoslav Kilsəsinin “I dərəcəli Şöhrət və Şərəf” ordeni (24 aprel 2010-cu il)

    Rumıniyanın “Sadiq Xidmət” milli ordeninin Böyük Xaç ranqı (18 aprel 2011-ci il)

    Rumıniyanın “Sadiq Xidmət” milli ordeni (18 aprel 2011-ci il)

    Bolqarıstan Respublikasının “Stara Planina” ordeni (14 noyabr 2011-ci il)

    Tacikistan Respublikasının “İsmoili Somoni” ordeni (12 iyul 2012-ci il)

    Belarusun “Xalqlar dostluğu” ordeni (28 avqust 2012-ci il)

    “Serbiya Respublikasının lentli Ordeni” (22 fevral 2013-cü il) 

    Türkiyə Respublikasının “Dövlət nişanı” ordeni (12 noyabr 2013-cü il)

    Ukraynanın “Azadlıq” ordeni (18 noyabr 2013-cü il)

    Türk Dünyasının Ali Ordeni (12 noyabr 2021-ci il)

    Fəxri elmi adlar

    Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun fəxri doktoru (7 fevral 2004-cü il)

    Lev Qumilyov adına Qazaxıstan Dövlət Avrasiya Universitetinin fəxri professoru və “Qızıl döyüşçü” medalı (1 mart 2004-cü il)

    Türkiyənin Qırıqqala Universitetinin fəxri doktoru (25 mart 2004-cü il)

    Türkiyənin Bilkənd Universitetinin fəxri doktoru və İhsan Doğramacı adına Dünya Sülh Mükafatı (14 aprel 2004-cü il)

    Rumıniyanın Ployeşti Neft-Qaz Universitetinin fəxri doktoru (12 oktyabr 2004-cü il)

    Bolqarıstan Milli və Dünya Təsərrüfatı Universitetinin fəxri professoru (23 sentyabr 2005-ci il)

    Koreya Respublikasının Kyunq He Universitetinin fəxri doktoru (24 aprel 2007-ci il)

    İordaniya Universitetinin fəxri doktoru (29 iyul 2007-ci il)

    Macarıstanın Korvinus Universitetinin fəxri doktoru (18 fevral 2008-ci il)

    Moskva Dövlət Universitetinin fəxri professoru (21 fevral 2008-ci il)

    Taras Şevçenko adına Kiyev Milli Universitetinin fəxri doktoru (22 may 2008-ci il)

    Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin fəxri professoru (28 noyabr 2008-ci il)

    Bakı Dövlət Universitetinin fəxri doktoru (2 noyabr 2009-cu il)

    Belarus Dövlət Universitetinin fəxri professoru (12 noyabr 2009-cu il)

    Tacikistan Milli Universitetinin fəxri doktoru (16 oktyabr 2014-cü il)

    Çinin Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomu (11 dekabr 2015-ci il)

    İdman təşkilatlarının mükafatları

    Dünya Taekvondo Federasiyasının 6-cı Dan Qara kəməri və sertifikatı (10 oktyabr 2003-cü il)

    Beynəlxalq Güləş Federasiyasının (FİLA) xüsusi mükafatı (3 aprel 2004-cü il)

    Beynəlxalq Olimpiya Komitəsinin “Olimpiya” ordeni (19 aprel 2004-cü il)

    Avropa Həvəskar Boks Assosiasiyasının xüsusi mükafatı (1 may 2004-cü il)

    Beynəlxalq Hərbi İdman Şurasının “Böyük Kordon” Şərəf ordeni (27 may 2005-ci il)

    MDB Ölkələri İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının Fərqlənmə nişanı (26 sentyabr 2005-ci il)

    Beynəlxalq Güləş Federasiyasının (FİLA) “İdman əfsanəsi” medalı (17 sentyabr 2007-ci il)

    Belarus Milli Olimpiya Komitəsinin ali mükafatı (26 oktyabr 2007-ci il)

    Azərbaycan Milli Olimpiya Komitəsinin “Olimpiya” ordeni (27 dekabr 2007-ci il)

    Ümumdünya Karate Federasiyasının Fəxri 9-cu Dan dərəcəsinin diplomu (20 mart 2008-ci il)

    Avropa Ədalətli Oyunlar Hərəkatının “Şərəf” nişanı (15 may 2009-cu il)

    Beynəlxalq Paralimpiya Komitəsinin ali paralimpiya mükafatı (26 iyun 2015-ci il)

    Mənbə: https://president.az/

  • Azərbaycanlı yazıçı Nazlı Çələbinin “Cəza otağı” adlı yeni kitabı işıq üzü görüb

    “Mücrü” Nəşriyyatının “Roman” seriyasından tərəfindən Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Azərbaycanın fəxri”, “Qızıl qələm”, “Əsrin ziyalısı” fəxri adlarının sahibi, Azərbaycanlı yazıçı Nazlı Çələbinin “Ciddi zarafat” (Roman) kitabı işıq üzü görüb.

    Kitabın redaktoru “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, gənc xanım yazar Şəfa Vəlidir. Ədəbiyyatsevərlər və ədəbiyyatşünaslar tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

    Xatırladaq ki, bundan öncə Azərbaycanlı yazıçı Nazlı Çələbinin “Təhlükəli cazibə”, “888”, “Ağ xələtli ölüm mələyi”, “İblisin məşuqəsi”, “Xəyanətin dadı”, “Şeytan özü şahiddir”, “Cadugər”, “Şeytanın oyunu” detektiv, mistik, psixoloji dram əsərlərinin, “Cəza otağı”, “Hiyləgər Sofa”, “Mavi qorxu”, “Alfons”, “Bəxt oyunu”, “Çərxi-fələk”, “Sarı xəfiyyə”, “İfritə ovu”, “Doğma günahlar”, “Ciddi zarafat”, “Tale bağları” adlı romanları oxucuların ixtiyarına verilib.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
    və İctimaiyyətlə əlaqələr şöbəsi.