“Yaradıcı Azərbaycan” Azərbaycan Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası çərçivəsində həyata keçirilən, mədəni və yaradıcı sənayelərin (MYS) inkişafına yönəlmiş bir təşəbbüsdür.
Layihənin əsas məqsədi Azərbaycanda MYS-lərin potensialını cəmiyyətə tanıtmaq və onu qlobal bazara çıxarmaqdır. Bura kino, animasiya, oyun texnologiyaları (Gametech), moda, musiqi, mədəniyyət sahəsində çalışan startaplar (Cultech) və digər yaradıcı istiqamətlər daxildir.
MYS-lərin inkişafı ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən bir sıra mühüm fəaliyyətlər həyata keçirilib, qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi baş tutub, “Mədəniyyət və yaradıcı sənayelər” üzrə xüsusi Təqaüd Proqramına start verilib. Həmçinin ötən il Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin (Yaradıcı Mərkəz) açılışı baş tutub.
Bu baxımdan, MYS sahəsində bu günədək görülən işlər, biznes subyektləri üçün yaradılan yeni imkanlar və dəstək mexanizmləri, eyni zamanda, 2025-ci il üzrə yeni hədəflər ilə tanış olmaq üçün MYS nümayəndələri (film və animasiya studiyaları, oyun studiyaları, moda evləri və dizaynerlər, musiqi prodüserləri, nəşriyyatlar və ədəbiyyat sahəsində fəaliyyət göstərən şəxslər, mədəniyyət sahəsində çalışan startaplar və şirkətlər, reklam və media agentlikləri və s.) “Yaradıcı Azərbaycan” – MYS-lərə dair xüsusi təqdimatda iştirak etmək üçün dəvət olunurlar.
Artıq qışın qarlı gecələri arxada qalır, insanlar baharın isti nəfəsini hiss etməyə başlayır. Azərbaycanın hər guşəsində tonqallar qalanır, alov göyə ucalaraq sanki qışın soyuq nəfəsini yandırır. Bu, Od çərşənbəsidir – bəd nəzəri, pisliyi, xəstəlikləri arxada qoyub yeni başlanğıclar üçün ümid tonqalları yandırdığımız gün. Azərbaycan xalqı əsrlərdir ki, Od çərşənbəsini qışın sonuncu soyuqlarını əridən bir gün kimi qeyd edir. Bu çərşənbə təkcə odun alovlanması deyil, həm də ürəklərin istilənməsi, ümidlərin yenidən doğulması deməkdir. Qədim inanclarla müasir duyğuların qovuşduğu bir bayramda ölkəmizdə hər kəs bu gün qalanan tonqalların ətrafında birləşərək müxtəlif ayinləri yerinə yetirəcək.
Milli Elmlər Akademiyası Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru dosent Elçin Qaliboğlu AZƏRTAC-a müsahibəsində Od çərşənbəsinin mahiyyətindən danışıb.
Elçin Qaliboğlu bildirib ki, Od çərşənbəsi Novruz bayramından əvvəl qeyd edilən dörd çərşənbədən ikincisidir. Bu çərşənbə qədim inanclara əsaslanaraq odun müqəddəsliyini, onun insanları təmizləyən və qoruyan gücünü simvolizə edir. Əcdadlarımız odun isidici və həyatverici gücünə inanaraq, bu günü xüsusi mərasimlərlə qeyd ediblər. Azərbaycanın qədim inanclarına görə, Od çərşənbəsi Günəşin oyanışını, torpağın isinməsini və təbiətin canlanmasını simvolizə edir. Əcdadlarımız odun təmizləyici gücünə inanır, tonqal qalamaqla bütün bəlaların yanıb yox olacağını düşünürdülər. Bu çərşənbədə hər kəs öz həyətində ocaq qalayır, odun alovunda niyyət edir, sağlamlıq və ruzi-bərəkət diləyir. İnsanlar inanırlar ki, tonqalın üzərindən tullanan hər kəs uğursuzluqlardan qurtulur, yeni ilə təmiz ruhla qədəm qoyur.
Od çərşənbəsi – qədim inanclardan günümüzə
Folklorşünasın sözlərinə görə, odla bağlı inancların tarixi min illərlə ölçülür və bu inam türk xalqlarının dünya görüşündə mühüm yer tutur. Od Günəşin yer üzündəki rəmzi sayılmış, həyatverici, isidici və qoruyucu gücə malik olduğuna inanılmışdır. Bu düşüncə animizm və tanrıçılıq inancları ilə sıx bağlıdır.
Xalq arasında Od çərşənbəsi ilə bağlı müxtəlif inanclar və adətlər geniş yayılıb. Qədim dövrlərdə insanlar tonqal başında toplaşar, odun ətrafında nəğmələr oxuyar, şeirlər söyləyərdilər. Od müqəddəs sayıldığı üçün ona hörmətlə yanaşılır, onun üzərindən atlanmaqla köhnə ilin çətinliklərindən qurtulmaq mümkün olduğuna inanılırdı.
Bu gün də insanlar Od çərşənbəsində tonqal qalayır və inancına uyğun olaraq üzərindən tullanırlar:
– “Ağırlığım, uğurluğum odda yansın!”
Bu ritualın məqsədi insanın bütün mənfi enerjidən təmizlənməsi və yeni ilə uğurla qədəm qoymasıdır.
Bölgələrdə Od çərşənbəsi – ənənələr yaşayır
Azərbaycanın müxtəlif bölgələrində Od çərşənbəsi özünəməxsus şəkildə qeyd olunur. Tonqalların işığında bir araya gələn insanlar, qədim inancları yaşadaraq, birlik və həmrəylik ruhunu daha da möhkəmləndirirlər.
Bakı və ətraf bölgələrdə küçələrdə, meydanlarda tonqallar yandırılır, insanlar alovun ətrafında toplaşaraq şənlik edirlər. Şəki, Qax və Zaqatalada ailələr həyətlərində böyük tonqallar qalayır, qonşular birlikdə bayram edirlər. Bu bölgədə külək tonqalı alovlandırdıqca insanlar bir-birinə “Bərəkətli olsun” deyə diləklər edirlər. Qarabağ bölgəsində – xüsusilə Ağdam, Füzuli və Şuşada – keçmişdə tonqalın ətrafında yallılar gedilər, sazlı-sözlü məclislər qurulardı. Gəncədə isə Od çərşənbəsində qovurulmuş çərəzlər və şirniyyatlar hazırlanır, qapı pusmaq kimi maraqlı adətlər yaşadılır. Naxçıvanda hər evdə üzərlik yandırılır, tonqalın külü isə səhər tezdən axar suya tökülür.
Cənub bölgəsində Od çərşənbəsi odun və suyun vəhdəti kimi qəbul edilir. Tonqal qalamaqla yanaşı, bulağa gedib suya niyyət etmək də yayılmış bir adətdir.
Od çərşənbəsi süfrəsi – bolluq və bərəkət rəmzi
Hər çərşənbədə olduğu kimi, Od çərşənbəsində də süfrənin bol olması ilin bərəkətli keçəcəyinə işarədir. Xalq inancına görə, süfrədə şam yandırılmalı və bu şam axıra qədər yanmalıdır. Bu, ailənin həmişə işıqlı və bərəkətli olmasını təmin edəcək. Həmçinin bəzi inanclara görə də Od çərşənbəsində səməni suya qoyulmalı və niyyət edilməlidir. Bu, ilin ruzi-bərəkətlə keçəcəyinə işarədir.
Bayram süfrəsində ən çox qırmızı rəngə üstünlük verilir, çünki alovun rəngi olduğu üçün gücü, həyat enerjisini simvolizə edir. Buna görə də süfrədə qırmızı alma, nar, qırmızı şərbətlər və bu rəngdə olan digər meyvələr yerləşdirilir. Ənənəvi olaraq qovrulmuş çərəzlər – fındıq, badam, qoz və noxud da olur. Bu çərəzlər məhsuldarlığın və ruzinin artmasını ifadə edir. Şirniyyatlardan şəkərbura, paxlava və qoğal hazırlanır, çünki bunlar Novruz süfrəsinin ayrılmaz hissəsidir.
Od çərşənbəsi təkcə alovun yox, həm də qəlblərin isinməsi, mehribanlıq və paylaşımın simvoludur. Buna görə də süfrə nə qədər zəngin olarsa, evə bir o qədər bolluq və xoşbəxtlik gətirəcəyinə inanılır.
Od çərşənbəniz mübarək! Həyatınız həmişə işıq, sevgi və bərəkətlə dolsun!
Ovqatının ən xoşbəxt çağında da yurd həsrəti ona qənim kəsilərdi. Göz ifadəsi dəyişərdi. Sevinci çöhrəsində, təbəssümü dodağında donardı. Əlini hərarətlə, həyəcanla döyünən ürəyinin üstünə qoyardı. Nə faydası, təskinlik tapa bilməzdi. Varlığı gizildəyərdi. Elə bil dilinin üstünə od qoyardılar, danışmağa taqəti olmazdı. Qalardı yana-yana, qıvrıla-qıvrıla. Ən gərgin anlarında gücü gələcək ümidinə, inamına çatardı. Amma… onları da özü ilə haqq dünyasına apardı.
AZƏRTAC xəbər verir ki, bu gün Xalq şairi Hökumə Billurinin anadan olmasının 99-ci ildönümü tamam olur.
Hökumə Billuri 1926-cı il martın 3-də Cənubi Azərbaycanın Zəncan şəhərində anadan olub. Zəhmətkeş dəmirçi ailəsində böyüyüb. İlk şeirlərini orta məktəb illərində yazıb. Qələmə aldığı “Fəhlə”, “Göyərçin”, “Sübh açıldı” adlı ilk şeirləri “Azər”, “Vətən yolunda” qəzetlərində və “Azərbaycan” jurnalında dərc olunub.
Seyid Cəfər Pişəvərinin lideri olduğu Azərbaycan Demokrat Partiyasının Zəncan Vilayət Komitəsində rəhbər vəzifələrdə çalışıb.
1946-cı ilin dekabrından Şimali Azərbaycanda mühacirətdə yaşayıb. Həmin vaxtdan fəal bədii və elmi yaradıcılıqla məşğul olub, dövri mətbuatda müntəzəm çıxış edib. 1952-ci ildə ADU-nun (indiki BDU) filologiya fakültəsini bitirib. “İran Azərbaycan realist-demokratik ədəbiyyatı” mövzusunda dissertasiya müdafiə edib. Filologiya elmləri namizədi elmi dərəcəsini alıb. Azərbaycan Elmlər Akademiyası Yaxın və Orta Şərq xalqları İnstitutunda baş elmi işçi vəzifəsində çalışıb.
1955-ci ildə “Şeirlər”, 1963-cü ildə “Azadlıq baharı”, 1970-ci ildə “İthaf”, 1980-ci ildə “Sənin könül otağın” və s. kitabları Moskva və Bakıda rus dilində nəşr olunub.
Hökumə Billuri əsərlərində Azərbaycanın ikiyə bölünməsi faciəsini bir daha yaşayır. Təbrizi gecələr yuxusunda görüb, amma yuxuları heç zaman çin olmayıb. Güney dağlarından bir udum hava, meşələrindən bir tək yarpaq diləyib, vətənin suyundan bir ovuc içmək və Arazın o tayına qədəm basmaq həsrətini çəkib.
Həyat gözlərimdə sönmədən qabaq,
Sizdən bir diləyim olacaq ancaq.
Tufana, küləyə döndərin məni,
Göndərin vətənə, göndərin məni.
Hökumə Billurinin şeirlərinin böyük bir hissəsi milli faciənin doğurduğu yaşantılar olub. Ağrı-acılarından doğulan şeirləri oxucu qəlbini riqqətə gətirir, kədərləndirir və gözlərini yaşardır. Təsadüfi deyil ki, onun əsərlərində Təbriz, Araz, Vətən, ayrılıq ən çox təkrarlanan sözlərdir. Şairənin ən təsirli və yaddaqalan əsərlərindən biri məhz “Təbriz” şeiridir:
Həsrətin yandırar, pörşüdər məni,
Zərif çiçək kimi üşüdər məni,
Səsləsəm Savalan eşidər məni,
Qızınnam oduna, közünə Təbriz!
Çox haqsızlıqların, faciəvi hadisələrin iştirakçısı olmasına baxmayaraq, yaradıcılığında sabaha ölməyən bir ümid, inam hissi aparıcı xətt kimi keçir. “İnanıram o parlaq günə” deyən şairə Vətənin bütövləşəcəyinə və xalqının öz azadlığına qovuşacağına böyük bir inam bəsləyib. Azərbaycan onun şeirlərində bütövdür, tamdır və bölünməzdir. Vahid və azad Azərbaycan ideyası onun həyatının məzmununu və yaşamının qayəsini təşkil edib.
Keşməkeşli həyat yolu keçən şairə 2000-ci il noyabrın 22-də Bakıda vəfat edib.
Ənvər Məmmədxanlı ədəbiyyatımızın tarixinə unudulmaz nasir, dramaturq, klassik hekayə ustadı, uzunömürlü kino–ssenarilər müəllifi, orijinal tərcüməçi kimi daxil olub. Ötən əsrin 30-cu illərində ədəbiyyata gələn yazıçı, istər müasir, istərsə də tarixi mövzularda dəyərli əsərlər yazaraq nəsr və dramaturgiyamızda iz qoyub. Ənvər Məmmədxanlı o istedadlar nəslinə mənsubdur ki, elə ilk əsərlərindən etibarən öz mövzuları, öz üslubu ilə əbədi ictimaiyyətin xüsusi marağına səbəb olub, özünəməxsus yaradıcılıq yolu keçib.
AZƏRTAC xəbər verir ki, bu gün Xalq yazıçısı Ənvər Məmmədxanlının anadan olmasından 112 il ötür.
Tanınmış yazıçı, nasir, kinodramaturq, ssenarist, tərcüməçi Ənvər Məmmədxanlı 1913-cü il fevralın 28-də Göyçay şəhərində doğulub. Burada ibtidai məktəbi bitirdikdən sonra Bakıda Sənaye Texnikumunda təhsil alıb. Bakıda mexaniki zavodda, energetika və elektrikləşdirmə idarəsində texnik, Azərbaycan Neft İnstitutu nəzdində olan elmi-tədqiqat institutunda texnik-elektrik işləyib. Eyni zamanda, Azərbaycan Neft İnstitutunda iki il qiyabi təhsil alıb.
“Azərnəşr”in bədii şöbəsində redaktor və tərcüməçi, Moskvada Ali Kinematoqrafiya İnstitutunda müdavim, “Azərbaycanfilm” kinostudiyasında rəis, İkinci Dünya müharibəsi dövründə cənub-qərb cəbhəsində “Qızıl ordu” cəbhə qəzetinin Azərbaycan redaksiyasının xüsusi müxbiri olub. Sonra redaksiya ilə birlikdə Stalinqrada göndərilib. 1942-ci ilin axırlarında bir qrup Azərbaycan yazıçısı ilə Şimali Qafqaz cəbhəsində, 416-cı diviziyada olub. Bakıda Azərbaycan Radio Verilişləri Komitəsində redaktor kimi çalışıb. Yenidən Zaqafqaziya cəbhəsinə, oradan İrana hərbi xidmətə göndərilib. Təbrizdə nəşr olunan “Vətən yolunda” ordu qəzeti redaksiyasında xüsusi müxbir kimi çalışıb. Ordudan tərxis ediləndən sonra “Azərbaycanfilm” kinostudiyasının ssenari redaksiya heyətinin baş redaktoru olub.
Ədəbi fəaliyyətə 1930-cu illərdən başlayıb. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. Onun II Dünya müharibəsi illərində qələmə aldığı hekayələrdə o dövr publisistikamızda olduğu kimi, zamanın, günün təxirəsalınmaz tələbləri, adamlarımızın müqəddəs vəzifəsi canlı boyalarla öz əksini tapıb. Ədibin üslubunda təmkinli hekayəçiliklə, mübariz, döyüşkən, odlu publisistika vəhdət təşkil edib: “Qərb cəbhəsindən məktub”, “Analar yollara çıxdılar”, “Yeni ilin hökmü”, “Silahlı dağlar”, “Qanlı möhür”, “Buz heykəl”, “Haralısan əsgər qardaş?”, “Ananın ölümü”, “Ulduz” (1947), “Od içində” (1951) pyesləri və “Şirvan gözəli” (1957) lirik komediyası tamaşaya qoyulub. “Şirvan gözəli” Zaqafqaziya teatr baharında birinci dərəcəli diploma layiq görülüb. 1957-ci ildə onun Akademik Dram Teatrında tamaşaya qoyulan “Şərqin səhəri” əsəri SSRİ Dövlət mükafatına layiq görülüb. Amma mükafat alanların siyahısında müəllifin adı olmayıb.
Xalq yazıçısı Avropa və rus klassik yazıçılarından tərcümələr edib. Kuba, Türkiyə, İspaniyada keçmiş sovet nümayəndə heyətinin tərkibində səfərdə olub. İki dəfə “Şərəf nişanı”, “Qırmızı Əmək bayrağı” və digər ordenlər, eləcə də döyüş medalları ilə təltif olunub.
Ənvər Məmmədxanlı 1990-cı il dekabrın 19-da Bakıda vəfat edib. Fəxri xiyabanda dəfn olunub.
Bu gün görkəmli qələm ustası, roman, povest və hekayələr müəllifi, Xalq yazıçısı Əli Vəliyevin doğum günüdür.
AZƏRTAC xəbər verir ki, ədəbi yaradıcılığa gənc yaşlarından başlayan Əli Vəliyev özündən sonra zəngin ədəbi irs qoyub.
Əli Vəliyev 1901-ci il fevralın 27-də Azərbaycanın qədim Zəngəzur qəzasının Ağudi kəndində anadan olub. Kəndin 3 sinifli rus məktəbində, daha sonra Şuşa Firqə məktəbində və Bakı Mərkəzi Firqə məktəbində təhsil alıb. Ali təhsilini Azərbaycan Dövlət Darülfünunda davam etdirib. Əmək fəaliyyətinə “Şərq qapısı” qəzetinin redaktoru vəzifəsində başlayıb. Sonrakı dövrlər “Kommunist” qəzetinin baş redaktoru, Yazıçılar İttifaqının katibi, “Azərbaycan” jurnalının baş redaktoru kimi vəzifələrdə çalışıb. Beş övlad atası olub.
Əli Vəliyev 1920–1930-cu illərdən başlayaraq dövri mətbuatda oçerk və hekayələrlə çıxış edir. Həmin illər işıq üzü görmüş “Allahın səyahəti”, “Nənəmin cəhrəsi”, “Qarlı dağlar”, “Qəhrəman”, “Ordenli çoban”, “Sübut” kimi kitabları tez bir zamanda geniş oxucu auditoriyasının rəğbətini qazanır.
Böyük Vətən müharibəsi illərində cəbhəyə könüllü yollanan yazıçı, iştirakçısı və şahidi olduğu döyüşlər, əsgərlərimizin qəhrəmanlığı haqqında silsilə məqalələr yazır. Həmin dövrlər onun müharibədən bəhs edən “Cəbhə hekayələri”, “Ərköyün”, “Sovqat” adlı kimi kitabları nəşr olunur.
1950–1970-ci illərdə yazıçının “Madarın dastanı”, “Ürək dostları”, 6 cildlik “Seçilmiş əsərləri” “Turaclıya gedən yol”, “Budağın xatirələri” romanları, “Zəngəzur qartalları”, “Bir cüt tərlan” povestləri, “Uşaqlara sovqat”, “Əziz nəvələrimə”, “Anaqız”, “Bir cüt ulduz”, “Yeni həyat” hekayələr kitabı, “Zamanın ulduzları”, “İstedad”, “Samovar tüstülənir”, “Gəncliyimi tapdım”, “Durna qatarı” adlı roman, povest, hekayə və oçerkləri toplanan kitabları işıq üzü görür. 1980-ci illərdə “Qarabağda qalan izlər”, “Narahat adam” romanları, “Qənirsiz gözəl”, “Zamanın ulduzları” adlı povest və hekayələrinin toplandığı kitabları kütləvi tirajlarla nəşr edilir.
1950-ci ildə “Gülşən” povestinin motivləri əsasında görkəmli bəstəkar Soltan Hacıbəylinin bəstələdiyi eyniadlı balet Azərbaycan Opera və Balet Teatrının, 1953-cü ildə isə Ə.Nəvai adına Daşkənd Böyük Teatrının səhnəsində tamaşaya qoyulur.
1958-ci ildə yazıçının “Gülşən” povesti və “Çiçəkli” romanı M.F.Axundov adına Dövlət mükafatına, 1952-ci ildə SSRİ Dövlət mükafatına layiq görülür. Müxtəlif dövrlərdə Lenin, “Qırmızı Əmək Bayrağı”, “Oktyabr İnqilabı”, “Şərəf Nişanı” ordenləri və SSRİ Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilir.
Dilinin zənginliyi, rəvanlığı, xalq danışığından bəhrələnən şirin sadəliyi, şəxsiyyətindən doğan səmimiyyəti ilə Əli Vəliyev dövrünün ən çox oxunan, sevilən yazıçılarından olub. Janrından asılı olmayaraq əsərlərindən duyulan torpaq, çörək ətri, halallıq qoxusu bu gün də öz təzəliyini, təravətini qoruyub saxlayır. İstedadı və yaradıcı zəhməti ilə Azərbaycan ədəbiyyatının inkişafına, dilin zənginləşməsinə misilsiz töhfələr vermiş yazıçı sözün çəkisini, namusunu ləyaqətlə qorumuş, sovet rejiminin ən çətin sınaqlarından alnıaçıq, üzüağ çıxaraq, mənliyini, qürurunu, ədəbiyyata, dosta sədaqətini hər şeydən uca tutmuşdur.
Öz “tərcümeyi-hal”ında yazdığı bu sözləri Əli Vəliyevin ömür yolunun devizi qəbul etmək olar: “Öz namuslu əməyi ilə həyat sürmək, sənəti ilə yaşayıb ömrü başa vurmaq, əsərləri ilə oxucuların qəlbinə yol tapmaq yazıçı üçün ən böyük sərvətdir”.
Əli Vəliyev 1983-cü il fevralın 2-də Bakı şəhərində vəfat edib.
2025-ci ilin avqust ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Mahmud oğlu Vahabzadənin anadan olmasının 100 ili tamam olur.
Bəxtiyar Vahabzadə mübariz şəxsiyyəti və çoxşaxəli fəaliyyəti ilə XX əsrin ikinci yarısından etibarən Azərbaycan bədii-ictimai fikir tarixinə parlaq səhifələr yazmış qüdrətli simalardandır. Onun Vətənə, millətə və doğma ana dilinə sonsuz məhəbbət ifadə edən, dərin poetik-fəlsəfi düşüncələrlə zəngin irsi daim mədəni-mənəvi dəyərlərə ehtiram, milli azadlıq ideallarına bağlılıq və istiqlal məfkurəsinə sədaqət hissi aşılamışdır. Sənətkar ədəbi və elmi yaradıcılığını uzun illər pedaqoji fəaliyyəti ilə uğurla əlaqələndirərək, bir neçə nəslin milli təfəkkürünün formalaşmasında müstəsna rol oynamışdır. Bəxtiyar Vahabzadə ictimai xadim kimi xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə əsl ziyalı mövqeyi nümayiş etdirmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli ədəbi fikir xəzinəsinə qiymətli töhfələr bəxş etmiş söz ustası Bəxtiyar Vahabzadənin 100 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Gözəllik… Bu söz hər birimizin qəlbində xüsusi bir yer tutur. Yaşından asılı olmayaraq, hər kəs gözəl olmaq, gözəl görünmək istəyir. Müasir kosmetologiya bu istəyimizi gerçəkləşdirmək üçün bizə sonsuz imkanlar təqdim edir. Lakin bu imkanlardan düzgün istifadə etmək, ən son trendləri bilmək və özünə uyğun olanı seçmək çox vacibdir.Tanınmış kosmetoloq Dilruba Sətyarlı ilə müasir kosmetologiyanın ən son trendləri, yenilikləri və sirləri haqqında etdiyimiz söhbəti sizlərə təqdim edirik.
Dilruba xanım, müasir kosmetologiya dünyası durmadan inkişaf edir. Bu gün ən çox diqqət çəkən trendlər hansılardır?
-Bəli, müasir kosmetologiya həqiqətən də dinamik bir şəkildə inkişaf edir və hər zaman yeni-yeni trendlər ortaya çıxır. Bu gün pasiyentlərin ən çox maraq göstərdiyi və ən çox tələb etdiyi prosedurlar arasında “baby botox”, “ceyrangöz” və “sıvı üz gərmə” xüsusilə qeyd edilməlidir.
Bu üç trenddən əlavə, müasir kosmetologiyada hialuron turşusu əsaslı dolğular, mezoterapiya, PRP terapiya və digər prosedurlar da geniş istifadə olunur. Bu prosedurlar, dəri problemlərini həll etməyə, dərinin keyfiyyətini yaxşılaşdırmağa və ümumi görünüşü daha cazibədar etməyə kömək edir.
Qeyd etmək vacibdir ki, hər bir prosedur individualdır və pasiyentin ehtiyaclarına və istəklərinə uyğun olaraq seçilməlidir. Buna görə də, kosmetoloqla məsləhətləşmək və düzgün seçim etmək çox vacibdir.
Siz “ baby botox “, “ceyrangöz” və sıvı üz gərmə “ prosedurlarını qeyd etdiniz. Bəs bu prosedurların hansı üstünlükləri və çatışmazlıqları var? Kimlər üçün hansı prosedur daha uyğun gəlir?
-Təbii ki, hər bir prosedurun özünəməxsus üstünlükləri və çatışmazlıqları var. Üstünlüklərinin ən başında cərrahi müdaxilənin olmaması, prosedurun qısa sürməsi və sağalma dövrü tələb etməməsi gəlir. Adlarını qeyd etdiyim prosedurların nəticəsi tədricən görünür və təbii görünüş əldə etmək mümkündür. Çatışmazlıqlarına gəldikdə isə, əldə olunmuş nəticə müvəqqətidir və müntəzəm olaraq təkrarlanmalıdır. Düzgün texnika ilə aparılmadıqda asimmetriya yarana və üz cizgiləri təbii görünüşünü itirə bilər. Kimlər üçün hansı prosedur daha uyğun gəlir sualının cavabı isə tamamilə individualdır. Çünki hər bir pasiyentin dəri tipi, yaşı, qırışların dərinliyi və gözləntiləri fərqlidir. Buna görə də ən doğru qərarı vermək üçün mütləq təcrübəli həkim-kosmetoloqla məsləhətləşmək lazımdır. Həkim pasiyentin üz quruluşunu, dəri vəziyyətini və digər amilləri nəzərə alaraq ən uyğun proseduru tövsiyə edəcəkdir. Gözəllik hər bir qadının haqqıdır. Lakin bu yolda düzgün addımlar atmaq və peşəkar məsləhətlərə qulaq asmaq çox vacibdir.
Son zamanlar pasiyentlər və həkimlər arasında sintetik və silikon dolğuların törətdiyi fəsadlar barədə narahatlıq artmaqdadır. Ümumiyyətlə dolğuların potensial riskləri , fəsadları nələrdir və fəsadlar nə dərəcədə ciddi ola bilər?
-Bəli, bu gün sintetik dolğuların yaratdığı fəsadlar pasiyentləri və həkimləri ciddi şəkildə narahat edir. Bu narahatlığın əsas səbəbi, düzgün seçilməyən və tətbiq edilməyən dolğuların müxtəlif fəsadlara yol aça bilməsidir.Allergik reaksiyalar, fibrozlaşma, iltihablaşma və s. bu fəsadların yalnız bir neçə nümunəsidir.Fibrozlaşma dolğu ətrafında sərt kapsulun yaranması nəticəsində xoşagəlməz görüntü və ağrı müşahidə olunmasıdır. Bu proses zamanı pasiyentdə qızdırma, qızartı və şişkinlik kimi əlamətlər də ortaya çıxa bilər. Fibrozlaşma getdikcə daha da böyüyərək orqanizmə ciddi zərər vura bilər.Sintetik dolğuların tərkibi insan orqanizminə yad olduğu üçün yuxarıda sadalanan fəsadların yaranma riski daha yüksəkdir. Təbii dolğular isə orqanizmə daha yaxın olduğu üçün bu riskləri minimuma endirir. Bütün bunları nəzərə alaraq dolğu seçimi pasiyentin individual xüsusiyyətləri, həmçinin həkimin peşəkarlığı və təcrübəsi əsasında aparılmalıdır. Düzgün seçilmiş və düzgün tətbiq edilmiş dolğular pasiyentin gözəlliyini və sağlamlığını qorumağa kömək edə bilər.
Həkim bəs dediyiniz fəsadlar yaranarsa onların müalicəsi mümkündürmü və nə dərəcədə effektivdir?
-Fəsadların müalicəsi mümkündür, lakin bu müalicənin effektivliyi bir çox amildən asılıdır. Fəsadların növü, şiddəti, pasiyentin ümumi sağlamlıq vəziyyəti, həkimin təcrübəsi və seçilən müalicə metodu kimi amillər müalicənin nəticəsini təsir edə bilər. Müalicə metodları arasında hialuronidaza inyeksiyaları, kortikosteroid inyeksiyaları, cərrahi müdaxilə və lazer müalicəsi kimi üsullar var. Lakin, bəzi fəsadlar tamamilə aradan qaldırıla bilməz və qalıcı izlər və ya deformasiyalar qala bilər.
Xüsusilə qeyd etmək istərdim ki, göz altına vurulan dolğular, nadir durumlarda da olsa, ciddi fəsadlara, hətta görmə itkisinə və ya korluğa səbəb ola bilər. Bu risk, düzgün texnika ilə aparılmadığı və ya keyfiyyətsiz materiallar istifadə edildiyi təqdirdə daha da artır.
Göz altına dolğu vurulması nəticəsində yaranan korluğun aradan qaldırılması, zədələnmənin növündən və şiddətindən asılıdır. Bəzi hallarda, dərman müalicəsi və ya cərrahi müdaxilə ilə görmə qismən bərpa edilə bilər. Lakin, bəzi hallarda isə korluq qalıcı ola bilər.
Bütün bu riskləri nəzərə alaraq, dolğu prosedurları zamanı pasiyentlər xüsusilə diqqətli olmalıdırlar. Düzgün həkim seçimi, istifadə olunan materialın keyfiyyəti, prosedurdan əvvəl həkimlə məsləhətləşmə və prosedurdan sonra qaydalara riayət etmə kimi amillər fəsadların yaranma riskini azaltmaq üçün çox vacibdir.
Dilruba xanım, son olaraq insanlara kosmetoloji prosedurlar haqqında hansı tövsiyələri vermək istərdiniz?
–
Çox sağ olun, bu vacib sualı verdiyiniz üçün. Mən də öz növbəmdə pasiyentlərə və kosmetoloji prosedurlara müraciət etmək istəyən hər kəsə bir neçə mühüm tövsiyə vermək istərdim.
İlk növbədə, sağlamlığınızı hər zaman ön planda tutun. Gözəllik arayışında bəzən insanlar riskli addımlar ata bilir, lakin unutmayın ki, sağlamlıq ən dəyərli sərvətinizdir. Kosmetoloji prosedurlara müraciət etməzdən əvvəl həkiminizlə məsləhətləşin, prosedurun riskləri və faydaları barədə ətraflı məlumat alın.
İkinci olaraq, düzgün həkim seçimi çox vacibdir. Kosmetoloji prosedurlar tibbi bilik və təcrübə tələb edir. Bu sahədə ixtisaslaşmış, təcrübəli və etibarlı bir həkim seçin. Həkimin lisenziyası, sertifikatları və pasiyentləri ilə olan rəyləri ilə tanış olun.
Üçüncü olaraq, öz istəklərinizlə həkimin tövsiyələrini balanslaşdırın. Bəzən pasiyentlər öz istəklərinə görə müəyyən prosedurları tələb edə bilər, lakin həkimin rəyi və tövsiyələri də nəzərə alınmalıdır. Unutmayın ki, hər bir pasiyentin üz quruluşu, dəri tipi və sağlamlıq vəziyyəti fərqlidir. Həkim ən uyğun və təhlükəsiz proseduru seçməkdə sizə kömək edəcəkdir.
Dördüncü olaraq, prosedurdan əvvəl istifadə olunan preparatın özünü və qutusunu görmək hüququnuzdur. Həkimdən preparatın tərkibi, mənşəyi və son istifadə tarixi barədə məlumat alın. Preparatın orijinal və keyfiyyətli olduğuna əmin olun.
Beşinci olaraq, həkimin sterilliyə nə dərəcədə əməl etdiyinə diqqət yetirin. Sterillik infeksiya riskini azaltmaq üçün çox vacibdir. Həkimin əlcək taxdığına, alətlərin təmiz olduğuna və prosedur otağının sanitar vəziyyətinə diqqət yetirin.
Altıncı olaraq, özünüzə qarşı dürüst olun. Bəzən insanlar kosmetoloji prosedurlardan həddindən artıq gözləntilərə sahib ola bilir. Unutmayın ki, hər bir prosedur müəyyən nəticələr verir və bu nəticələr hər kəsdə fərqli ola bilər. Özünüzü sevin və qəbul edin, kosmetoloji prosedurlar sadəcə olaraq gözəlliyinizi daha da təkmilləşdirməyə kömək edə bilər.
Və son olaraq, hər zaman məlumatlı olun. Kosmetoloji prosedurlar barədə ən son yenilikləri, riskləri və faydaları öyrənin. Bu sahədə mütəxəssis olan həkimlərdən və etibarlı mənbələrdən məlumat alın.
Ümid edirəm ki, bu tövsiyələr kosmetoloji prosedurlar haqqında daha məlumatlı qərar verməyinizə və sağlamlığınızı qorumağınıza kömək edəcəkdir. Gözəllik və sağlamlıq hər zaman birlikdə addımlamalıdır.
Çox sağ olun!
İLAHƏ ALLAHVERDİYEVA,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portal Naxçıvan Bölməsinin Rəhbəri.
Günəş, yenidən Xocalının üzərinə şəfəq saçır, lakin bu dəfəki doğuş, 30 il əvvəlki zülmət gecənin əksinə olaraq, ümidin, qələbənin, oyanışın rəmzi kimi parlayır. Şəhərin xarabalıqları arasında Azərbaycan bayrağı, sanki bu oyanışın canlı şahidi kimi, fəxrlə dalğalanır. Bu bayraq, hər bir azərbaycanlının qəlbindəki yaraların sağalmasının, ədalətin təntənəsinin simvolu, eyni zamanda zamanın səssiz lakin mənalı hekayəsini nəql edir. 30 il əvvəl bu torpaqlar qanla suvarıldı. İnsanlığa yad vəhşiliklər törədildi. Günahsız sakinlər, qadınlar, körpələr, qocalar amansızcasına qətlə yetirildi. Diri-diri yandırılanlar, başları kəsilənlər, gözləri çıxarılanlar… Bu sarsıdıcı səhnələr hər bir azərbaycanlının yaddaşına silinməz izlər həkk etdi. Xocalı, bəşəriyyətin qara ləkəsi oldu. Bu dəhşətli hadisələrin ardınca, illər boyu davam edən bir susqunluq hökm sürdü. Lakin bu zülmət gecənin ardınca dan yeri söküldü. Artıq Xocalı üçün yeni bir başlanğıcın özülü qoyulub. Şəhər, sanki illərlə çəkdiyi əzabdan sonra dərindən nəfəs alır. Hər bir daşında, hər bir küçəsində illərin izi, illərin ağrısı var. Amma bu ağrı, artıq ümidin, zəfərin, dirçəlişin ağrısına çevrilib, sanki köhnə yaraların sağalma prosesindəki narahatlıq kimi hiss olunur. Bu, keçmişin kölgəsindən qurtularaq, gələcəyə doğru atılan cəsarətli addımların ağrısıdır. Bu addımlar, illərlə gözlənilən anın gəlişini xəbər verir. Budur məktəb zənginin səsi, illər sonra yenidən Xocalı səmasında əks-səda verir. Uşaqların şən gülüşləri, sanki şəhərin küçələrində yeni bir nəğmə kimi eşidilir. Bu gülüşlər, illərlə boğulan səslərin əvəzidir. Valideynlərinin, nənə-babalarının danışdığı Xocalı rəvayətlərini, indi öz gözləri ilə görürlər. Onlar, Xocalının sabahı, bu sabah isə yenidən yazılmağa başlanan bir dastandır. Yaşlı nənələr, əllərində toxuduqları xalçalarla, həsrət qoxan illərin ardından yenidən öz evlərinin həyətində otururlar. Onların baxışlarında, həm illərin kədəri, həm də qələbənin sevinci var. Onlar, Xocalının ruhu, bu ruh isə azadlığa qovuşan bir simfoniyanın notlarıdır. Bu notlar, illərlə səssiz qalan qəlblərin nəğməsidir. Gənc analar, körpə uşaqlarını qucaqlarında, yenidən öz doğma şəhərlərində gəzirlər. Onların nəzərlərində, həm keçmişin xatirələri, həm də gələcəyə inam var. Onlar, Xocalının ümidi, bu ümid isə cücərməyə başlayan bir toxumdur. Bu toxum, illərlə basdırılan arzuların simvoludur. Azərbaycan əsgərləri, illər sonra yenidən Xocalının küçələrində, qürurla addımlayırlar. Bu igidlərin baxışlarında, həm vətən məhəbbəti, həm də qələbənin fəxri var. Onlar, Xocalının qəhrəmanları, bu qəhrəmanlıq isə öz zirvəsinə çatan bir zirvədir. Bu zirvə, illərlə davam edən mübarizənin nəticəsidir. Xocalının azadlığı, təkcə coğrafi ərazi deyil, həm də mənəvi zəfərdir. Bu, illərlə davam edən mübarizənin, xalqın iradəsinin, Vətən sevgisinin təntənəsidir. Oyanan ümid, bu gün daha da möhkəmlənib, sanki kökləri daha da dərinə işləmiş bir ağac kimi. Xocalı, yenidən dirçəlir. O, öz doğma sakinlərinə qovuşduqca yaraları sağalacaq, yeni bir həyata başlayacaq. Xocalıya sancılan bayraq, bu gün daha da yüksəklərə dalğalanır. Bu bayraq, hər bir azərbaycanlının qəlbindəki inamı, ümidi, qüruru yenidən alovlandırır. Bu gün Xocalının səmasında yalnız zəfər sədaları eşidilir, torpaq isə öz azadlığının nəfəsini alır. Çünki artıq Xocalı azaddır!
İLAHƏ ALLAHVERDİYEVA,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portal Naxçıvan Bölməsinin Rəhbəri.
Ta qədimdən xalqımız baharın ilk xəbərçiləri sayılan çərşənbələrdə öz adət-ənənələrini, inanclarını yaşadıb, təbiətin canlanmasını qeyd edib. Yaradılışla bağlı olan Novruzun – baharın gəlişinin əsasında su, od, hava (yel) və torpaq dayandığına görə, onlar xüsusi günlərə bölünərək, mərasimlərlə qarşılanıb. Bu il Su çərşənbəsi fevralın 25-nə, Od çərşənbəsi martın 4-nə, Yel çərşənbəsi martın 11-nə, İlaxır, yaxud da Torpaq çərşənbəsi isə martın 18-nə təsadüf edir.
İlk çərşənbə olan Su çərşənbəsi fərqli və rəngarəng mərasimlərlə qeyd olunur. Hər rayonda, şəhərin səs-küyündən uzaq, təbiətin qoynunda keçirilən mərasimlərdə xalq suyun təmizləyici gücü ilə bağlı qədim inancını yaşadır.
Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli Su çərşənbəsi ilə bağlı qeydlərini AZƏRTAC-la bölüşüb.
Folklorşünas bildirir ki, Novruz bayramının dörd əsas çərşənbəsindən biri olan Su çərşənbəsi xalq arasında “Əzəl çərşənbə” kimi də tanınır. Qədim inanclara görə, kainatın yaradılışı zamanı ilk su mövcud olub və həyatın mənbəyi sayılıb. Buna görə də Su çərşənbəsi təkcə baharın gəlişinin deyil, həm də yenilənmənin, saflığın və bərəkətin rəmzidir. Bu gün insanlar suyun gücünə inanaraq müxtəlif adət-ənənələr yerinə yetirir, onun vasitəsilə həm mənəvi, həm də fiziki təmizliyə nail olmağa çalışırlar.
Su çərşənbəsi ilə bağlı xalq arasında maraqlı inanclar mövcuddur. Deyirlər ki, bu gün su canlanır, oyanır və saflaşır. İnsanlar səhər tezdən bulaq başına gedir, axar suyun üzərindən atlanaraq ilin bütün ağırlıqlarını arxada qoyduqlarına inanırlar. Evdə su ilə təmizlik işləri aparılır, həyətlər yuyulur, hətta bəzən süfrəyə qoyulan suyun bərəkət gətirdiyinə inanılır.
“Yalançı çərşənbələr” və baharın aldadıcı səsləri
Atəş Əhmədlinin sözlərinə görə, qədim zamanlarda çərşənbələrin sayı dörd deyil, yeddi olub. İnsanlar hava dəyişikliklərinə görə çərşənbələri fərqləndirir, ilin gəlişini müəyyən etməyə çalışırdılar. Lakin zaman keçdikcə dörd əsas çərşənbə – Su, Od, Yel və Torpaq çərşənbələri formalaşdı və bu gün də həmin adətlər davam edir.
Novruzaqədərki çərşənbələrin hər biri öz enerjisi və təsiri ilə fərqlənir. Lakin xalq inanclarına görə, hər çərşənbə doğru deyil – fevral ayında qeyd olunan bəzi çərşənbələr “oğru” və ya “yalançı çərşənbə” adlandırılıb. Bunun səbəbi havanın bir anlıq isinməsi, günəşin görünməsi və baharın gəldiyi hissini yaratması olub. Amma ardınca yenidən qar yağır, şaxta düşür və baharın hələ tam gəlmədiyi anlaşılır. Bu çərşənbələr insanları yanıldan, lakin doğru çərşənbələrə aparan keçid mərhələləridir.
Suya deyilən niyyətlər, axan suların sirri
Azərbaycanın müxtəlif bölgələrində Su çərşənbəsi xüsusi adət-ənənələrlə qeyd edilir. Quba və Qusar kimi dağlıq ərazilərdə insanlar səhər tezdən çay kənarına gedir, oradan götürdükləri suyu evlərinə apararaq həyətlərinə və ağacların dibinə səpir, bunun bərəkət və firavanlıq gətirəcəyinə inanırlar. Lənkəranda isə çay suyu saxsı qablarla evə gətirilir, bu su ilə yuyunmaq ilin bütün bəlalarından qorunmaq anlamına gəlir. Bəzi kəndlərdə isə səhər tezdən evin girişinə su tökmək və qırmızı lent bağlamaq şərtdir – bu, ailəyə xoşbəxtlik gətirir.
Xüsusilə şimal bölgələrində – Şəki, Qax və Zaqatalada su ilə bağlı maraqlı inanclar var. Burada insanlar Novruz öncəsi kəndin ən təmiz bulağının suyundan gətirir, həmin sudan içir və yuyunaraq il boyu sağlam qalacaqlarına inanırlar. Bəzi bölgələrdə, məsələn, Şamaxıda su üzərindən atlanmaq adəti var – bu, insanın pis enerjidən, bəd nəzərdən təmizlənməsi deməkdir.
Kür və Araz çaylarının sahilində yerləşən kəndlərdə çayın axarına niyyət söyləmək ənənəsi var. İnsanlar arzularını suya danışaraq, onun suda axıb getməsini seyr edirlər. Deyirlər ki, niyyət çaya söyləniləndə daha tez qəbul olunur, çünki su daim hərəkətdədir.
Şəkidə əzəl çərşənbədə sübh tezdən bulaq başına gəlib,
“Ağırlığım-uğurluğum suya,
Azarım-bezarım suya”, – deyib, su üstündən atlanırlar. Sonra əl-üzlərini yuyur, bir-birilərinin üstünə su atırlar. Xəstəliyə tutulanları da su üstündən hoppandırırlar. İnsanlar günah işlətməyəcəklərinə, ancaq yaxşılıq edəcəklərinə and içərək, “Su haqqı, pis əməl sahibi olmayacağam”, – deyirlər.
Su çərşənbəsinin mənəvi dəyəri
Su çərşənbəsi miflərlə gerçəkliyin qovuşduğu, insanın təbiətlə bağını dərk etdiyi bir mərhələdir. Əfsanələrdə su sirli gücə malik varlıq kimi təsvir olunsa da, onun həyati əhəmiyyəti reallıqda danılmazdır. Bu çərşənbə bizə yalnız qədim inancları xatırlatmır, eyni zamanda, suyun təmizləyici, dirildici və birləşdirici gücünü dərk etməyə təsir göstərir.
Su çərşənbəsi süfrəsində şirniyyatlar, qoz-fındıq və quru meyvələr xüsusi yer tutur. Bu nemətlər bolluq, bərəkət və gözəl günlərin rəmzi sayılır. İnsanlar inanırlar ki, bu gün süfrəyə qoyulan hər nemət gələcək ilin firavan və xoş keçməsinə töhfə verir. Su çərşənbəsi süfrəsində su dolu qab, təzə göyərtilər və südlü yeməklər də qoyulur. Su saf və təmiz həyatın başlanğıcı, göyərtilər isə təbiətin yenilənməsini simvolizə edir.
Bu gün də insanlar bulaq başında niyyət tutur, axar suya arzularını pıçıldayır və inamla yenilənməyə çalışırlar. Miflər zamanla dəyişə bilər, lakin Su çərşənbəsinin ruhu, – təmizliyə, ruzi-bərəkətə və yeni başlanğıclara inam, – daim yaşayır.
Qeyd edək ki, yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş Şərqdə doğub, Qərbdə batır. Günəş ekliptika üzrə hərəkət edərək, ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq.
Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəslə həsr olunub, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
Kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək, ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edib.
Yalnız ideya-məzmunca deyil, struktur-formaca da son dərəcə orijinal, cəlbedici olan “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” əsərində Anar qəhrəmanlarının hər birinin obrazlarını müxtəlif illərdə və müxtəlif ədəbi üsullarda yaratmış olsa da, kitab o qədər bütöv, bitkin və ardıcıldır ki, tarixi fərqlər əsla duyulmur.
Kitabın başqa bir məziyyəti isə ora Anarın şeirlər toplusunun daxil edilməsidir. Müxtəlif illərdə hərdən yazıçının şeir yaradıcılığından da xəbərdar olurduq, amma bu dəfə bu şeirlər bir kitabda toplanıb.
608 səhifəlik bu kitab Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondu tərəfindən fəaliyyəti bərpa edilmiş “Yazıçı” nəşriyyatının məhsuludur.
Kitaba ön sözü akademik Nizami Cəfərov yazıb. Kitabın nəşriyyat redaktoru Varisdir.
Respublika Gənclər Kitabxanası şəhid və qazilərimizin əziz xatirəsinə həsr edilən “Şanlı Zəfər tarixinin qəhrəmanları” layihəsini davam etdirir.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində 60-dan çox Vətən müharibəsi qəhrəmanı haqqında məlumatlandırıcı videomateriallar hazırlanıb.
Həmçinin kitabxananın rəsmi saytında “Qəhrəmanlar unudulmur” adlı rüblük məlumat bülletenləri təqdim edilib. Məlumat bülletenlərində görkəmli şəxslərin vətənpərvərlik mövzusunda söylədikləri fikirlər, Milli qəhrəmanlar haqqında kitablar, dövri mətbuat nümunələri və elektron keçidlərin siyahıları yer alıb.
Nəriman Əliməmməd oğlu Həsənzadə (18 fevral1931, Poylu, Qazax rayonu) — şair, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1954), filologiya elmləri namizədi (1965), Azərbaycanın əməkdar incəsənət xadimi (1981), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990–1995), Mətbuat və İnformasiya nazirinin birinci müavini (1991–2001), Azərbaycanın xalq şairi (2005), Heydər Əliyev mükafatı laureatı (2017),[1] “İlin şairi” makafatı laureatı (2010), “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenli. 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilmişdir.
Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub. Bir yaşında atasını (1932), iyirmi üç yaşında isə anasını itirib (1954). İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb. 1949-cu ildə H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universitetinin) filologiya fakültəsinə daxil olmuşdur. 1953-cü ildə həmin İnstitutu bitirmişdir. 1954–1956-cı illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı onu Moskvadakı İkiillik ədəbiyyat kursuna göndərir. Buranı bitirdikdən sonra Qorki adına Ədəbiyyat İnstitutuna daxil olur. Beş il burada təhsil alıb, Bakıya qayıdır. 1962–1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin “Azərbaycan Ədəbiyyatı tarixi” kafedrasının aspirantı olmuşdur. 1965-ci ildə “Azərbaycan-Ukrayna ədəbi əlaqələri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. 1962-ci ildə Respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, sonralar “Uşaq və gənclər ədəbiyyatı nəşriyyatı”nda redaktor, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında şöbə müdiri, “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru (1976–1990) vəzifələrində işləmişdir. 1975-ci ildə Belarusiya SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və medal ilə təltif olunmuşdur. SSRİ yazıçıları Ədəbiyyat Fondu Azərbaycan bölməsinin direktoru olmuşdur. 1991–2001-ci illərdə Mətbuat və İnformasiya nazirinin birinci müavini vəzifəsində çalışmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 221 saylı sərəncamı ilə Mətbuat və İnformasiya nazirini əvəz etmişdir. Azərbaycanın və Belarusun Fəxri fərmanları ilə təltif olunub. Hazırda Azərbaycan Milli Aviasiya Akademiyasının “Dil və ictimai fənlər kafedrası”nın müdiri vəzifəsində çalışır, dosentdir. Milli Aviasiya Akademiyası Elmi Şurasının üzvüdür. Azərbaycan yazıçıları XI qurultayında katibliyin qərarı ilə Ədəbiyyat Fondu İdarə Heyətinin sədri təyin edilmişdir (2004). 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilmişdir. Müstəqil Azərbaycan Respublikasının “Şərəf” ordeni (2011)[2] ilə təltif olunmuş və 2002-ci ildə Fərdi prezident təqaüdünə layiq görülmüşdür.[3]
18 fevral 2021-ci ildə ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordeni ilə təltif edilib.[4]
Bir sıra Avropa və Şərq ölkələrində keçirilən elmi-ədəbi konfransların, poeziya simpoziumlarının, rəsmi dövlət səfərlərinin iştirakçısıdır. 1992-ci ildə Türkiyənin Böyük Millət Məclisində və Beynəlxalq konqresində xalq deputatı kimi nümayəndə heyəti adından çıxışlar etmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2005-ci ildə Azərbaycanın xalq şairi adına layiq görülmüşdür. Xalq şairi Nəriman Həsənzadənin xarici mətbuat səhifələrində “Vətənsiz” (Rumıniya, 2009) və “Nuru Paşa” (Türkiyənin 9 jurnalında) poemaları dərc edilmişdir.
“Kayseri poeziya günləri”ndən (Türkiyə, 2009) şair yüksək təəssüratlar və ödüllərlə qayıtmışdır. N. Həsənzadə ilin şairi elan olunmuş, ona “Uğur — 2009” diplomu verilmişdir. 2016-cı ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.[5][6]
Azərbaycanda, eləcə də Yaxın Şərqdə məşhur qəzəlxan şair kimi şöhrət qazanmış Əlağa Vahidin yaradıcılıq bioqrafiyası maraqlı və özünəxas cəhətlərə malikdir. Vahid milli poeziyanın qədim ənənələrini yeni dövrdə yüksək sənətkarlıqla davam etdirib və qəzəl janrının son dərəcə mükəmməl nümunələrini yaradıb. Şairin dərin lirizmi ilə səciyyələnən diqqətəlayiq zəngin bədii irsi çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus bənzərsiz hadisədir.
AZƏRTAC xəbər verir ki, bu gün böyük qəzəlxan Əlağa Vahidin anadan olmasından 130 il ötür.
“Qəzəl de ki, məşhuri-dövran ola” – Füzulinin bu kəlamından bizi beş əsrlik bir zaman ayırır və qəzəl dünyamızda Füzulidən sonra neçə ustad şair bu janrda hünər göstərib. “Böyük Füzulimizin yadigarı mən özüməm”, – deyirdi Vahid. Dahi Füzulini özünün böyük ustadı adlandıran Əlağa Vahid, onun bədii üslubundan, işlətdiyi əruz vəzninin bəhrlərindən, təsvir və ifadə vasitələrindən, qafiyə və rədiflərindən bilavasitə faydalanaraq öz yaradıcılığında bədii sözün məna dolğunluğuna, ifadə səlisliyinə nail olub. Əlağa Vahid qəzəl yaradıcılığında püxtələşdikcə, klassik qəzəl məktəbinin istedadlı davamçısı kimi öz dəst-xəti ilə seçilib, qəzəlləri və satirik şeirləri xalq arasında sürətlə yayılıb, ürəklərə yol tapıb, sevilib və dillər əzbəri olub. Şair qəzəl janrının mövzu dairəsini xeyli genişləndirib, Vətənə, xalqa məhəbbətini sadə, adi xalq dilində əruzun ritmik bəhrlərində qoşa misralarla uğurla şeirə çevirib.
Əlağa Vahid 1895-ci il fevralın 17-də Bakı şəhərində anadan olub. Mollaxanada oxumağa başlayıb, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyub, xarratlıq edib. Gənc yaşlarında Bakıdakı “Məcməüş-şüəra” ədəbi məclisində iştirak edib və lirik şeirlər yazıb. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. “Tamahın nəticəsi” adlı ilk kitabı nəşr olunub.
İkinci Dünya müharibəsi illərində yazdığı əsərlərdə “Döyüş qəzəlləri”, “Qəzəllər” kitablarında Əlağa Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edib.
Əsrlərdən bəri qəzəlin baş mövzusu eşq olub. Amma bu eşq mənaları da birrəngli olmayıb. Vahidin şeirləri Vətən məhəbbətindən, Tanrıdan tutmuş gözələ ülvi hisslərlə doludur:
Mən əsiri eşqiyəm öz xalqımın, öz yurdumun,
Sevməyən öz xalqını, öz yurdunu divanədir.
Vahidin qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilib, xanəndələrin repertuarında mühüm yer tutub. Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə edib.
İlk şeiri 1914-cü ildə çap olunub. Ona qədər “Məcməüş-şüara”da (Şairlər məclisi) Əbdül Xaliqin şeir gecələrinə gedirdi. Bura cavan şairlər yığışıb, bədahətən onlara verilən qafiyəni ustadların qarşısında böyük qəzələ çevirməli idilər. Vahid öz hazırcavablığı ilə elə seçilir ki, Əbdül Xaliq gənc Əlağaya “sən təbinlə Vahidsən” deyib və ona Vahid ləqəbini verir.
Əlağa Vahid 1965-ci il oktyabrın 1-də Bakı şəhərində vəfat edib.
2015-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair Əlağa Vahidin anadan olmasının 120 illiyi dövlətimizin başçısının Sərəncamı ilə ölkəmizdə silsilə tədbirlərlə qeyd olunub.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli Qərarı ilə Əlağa Vahid Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan olunan müəlliflərin siyahısına daxil edilib.
Görkəmli Azərbaycan şairi və dramaturqu, türk ədəbiyyatının böyük nümayəndəsi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə bağlı təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında çoxsaylı tədbirlər keçirilir.
Azərbaycanın Beynəlxalq Türk Mədəniyyəti Təşkilatındakı (TÜRKSOY) nümayəndəsi Elçin Qafarlı AZƏRTAC-a bildirib ki, fevralın 21-də TÜRKSOY-un Ankaradakı baş ofisində “Bəxtiyar Vahabzadənin Anım İli”nin açılışı münasibətilə təntənəli tədbir keçiriləcək.
Tədbirin təşkilati dəstəyi TÜRKSOY ilə yanaşı, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Nazirliyi, ölkəmizin Ankaradakı səfirliyi və Azərbaycan Milli Kitabxanası tərəfindən həyata keçiriləcək.
“Bəxtiyar Vahabzadənin Anım İli”nin keçirilməsi haqqında qərar 2023-cü ilin oktyabrında TÜRKSOY-un Mədəniyyət Nazirləri Daimi Komitəsinin Şuşada keçirilən 40-cı iclasında qəbul edilib”, – deyə E.Qafarlı xatırladıb.
Onun sözlərinə görə, TÜRKSOY-un Baş katibliyində bu əlamətdar hadisə münasibətlə tədbirlərin ən yüksək səviyyədə təşkili üçün müvafiq plan hazırlanır.
Qeyd edək ki, TÜRKSOY türkdilli ölkələrin oxucularını görkəmli Azərbaycan şairinin yaradıcılığı ilə geniş şəkildə tanış etmək məqsədilə müxtəlif illərdə konfranslar təşkil edib, Bəxtiyar Vahabzadənin əsərlərinin xarici dillərə tərcüməsinə şərait yaradıb.
Xalq şairi, Əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor Bəxtiyar Vahabzadə 1925-ci il avqustun 16-da Şəkidə anadan olub. O, respublikamızın hüdudlarından kənarda da ölkəmizi layiqincə təmsil edib, milli mədəniyyətin təbliği və Azərbaycanın ədəbi irsinin populyarlaşdırılması üçün səylərini əsirgəməyib.
Ədəbi və elmi yaradıcılığını pedaqoji fəaliyyəti ilə uğurla birləşdirən B.Vahabzadə Bakı Dövlət Universitetinin professoru kimi uzun illər Azərbaycanda yüksəkixtisaslı kadrların hazırlanmasına öz töhfəsini verib.
Xalq şairi bir sıra orden və medallarla, o cümlədən Azərbaycan Respublikasının ali dövlət mükafatı – “İstiqlal” ordeni ilə təltif edilib.
Şair 2009-cu il fevralın 13-də ömrünün 84-cü ilində dünyasını dəyişib.
Mədəniyyət Nazirliyi musiqi və incəsənət məktəblərində tədris olunan fortepiano, tar və violin ixtisaslarından sonra qanun, qarmon və kamança ixtisaslarının da tədris proqramını yeniləyib.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, bu yenilənmə şagirdlərin tətbiqi və nəzəri biliklərinin daha səmərəli şəkildə artırılmasını təmin etmək məqsədi daşıyır və müasir təhsil standartlarına uyğunlaşdırılıb. Yenilənmiş proqramlarda Azərbaycan bəstəkarlarının əsərlərinə xüsusi yer ayrılıb, onların öyrənilməsinə üstünlük verilib.
Yeni proqram çərçivəsində musiqi ifaçılığı, texnika və yaradıcılıq bacarıqları daha geniş və əhatəli şəkildə tədris ediləcək. Fortepiano, tar, qanun, qarmon, kamança və violin siniflərində tətbiq olunacaq bu metodika gənc istedadların potensialının inkişafına və peşəkar musiqi təhsili ilə təmin edilməsinə yönəlib.
Yaxın gələcəkdə digər ixtisas siniflərinin də tədris proqramlarının yenilənməsi nəzərdə tutulur.
2025-ci ildə Azərbaycanın görkəmli rəssamı, Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim Məhəmmədhüseyn oğlu İrəvaninin anadan olmasının 200 ili tamam olur.
Mirzə Qədim İrəvani Azərbaycan rəngkarlığının təşəkkülündə əhəmiyyətli rol oynamış böyük sənətkarlardandır. O, bir çox sahələri əhatə edən yaradıcılığında klassik Şərq miniatürü və xalq sənətinin zəngin ənənələrini Avropa realist boyakarlığının nailiyyətləri ilə ahəngdar şəkildə birləşdirərək orijinal üslub formalaşdırmış, Azərbaycan təsviri sənəti tarixində yeni mərhələnin başlanğıcını qoymuşdur. Rəssamın zərif koloritli naxışlarla və ornamentli şəbəkələrlə işlənmiş, dərin bədii-estetik təsir gücünə malik tabloları, monumental portret və kompozisiyaları kamil sənət nümunələri kimi bu gün də yüksək dəyərini qoruyub saxlayır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan incəsənətinin inkişafına töhfələr vermiş görkəmli rəssam Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi görkəmli Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin 200 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
2025-ci ilin may ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, Dövlət mükafatı laureatı, tanınmış ictimai xadim Maqsud Məmmədibrahim oğlu İbrahimbəyovun anadan olmasının 90 ili tamam olur.
Maqsud İbrahimbəyov parlaq istedada malik nasir kimi çoxşaxəli fəaliyyəti ilə Azərbaycan bədii fikrinin zənginləşməsində təqdirəlayiq rol oynamış söz ustalarındandır. Ötən əsrin 60-cı illərində yeni ədəbi prosesin formalaşmasında yaxından iştirak edən sənətkar ərsəyə gətirdiyi dəyərli nəsr nümunələrində qəhrəmanlarının xarakterini dərindən açaraq dolğun və rəngarəng obrazlar yaratmışdır. Onun, eyni zamanda dramaturq, kinossenarist və rejissor kimi Azərbaycan kinematoqrafiyasının inkişafında mühüm xidmətləri vardır. Milli koloritin qabarıq təsviri, adət-ənənələrə bağlılıq, xüsusən Bakı mühitinin özünəməxsus mənzərəsinin təsviri Maqsud İbrahimbəyov yaradıcılığını səciyyələndirən başlıca cəhətlərdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan ədəbiyyatının inkişafına töhfələr vermiş Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Azərbaycanın mədəniyyət və ədəbiyyat portalının (edebiyyat-az.com) rəhbərliyi və kollektivi Sizi, ABC ACADEMY-nin həmtəsisçisi, filologiya üzrə peşəkar təlimçi ƏLİYEV AQİL SƏFAİL OĞLUNU doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxt həyat, pedaqoji fəaliyyətinizdə yeni-yeni yaradıcılıq uğurları diləyir! Ən qısa zaman kəsiyində minlərlə insanın həyatını yaxşılığa doğru dəyişməyi bacaran, Müəllim və müdavimlərə, abituriyentlərə təmənnasız olaraq dəstək olan, Ən şərəfli peşənin nümayəndəsi-MÜƏLLİM olduğunuz üçün Sizinlə qürur duyuram, fəxr edirəm. Nə yaxşı ki, varsınız! Uca Allah Sizi qorusun! Allah güc versin!🤲
Ay Aqil müəllim!
Sevimli müəllimim Aqil Əliyev üçün
Yazmadım bir şeir qalsın izimçün, Bulmadım dərman da mən də dizimçün, Görən, dəyişərmi hökmün bizimçün, Yenə də kainat, ay Aqil müəllim?!
Şairin gözünə xəzəl göründü, Aşığın sazında qəzəl göründü, Bu həyat dünyadan gözəl göründü, Yaxşı ki, var həyat, ay Aqil müəllim!
YAĞMUR da, İNCİ də güldü*, çiçəkdi, Sinədə döyünən böyük ürəkdi, De nəyə gərəkdi, nəyə gərəkdi, Bu qədər zarafat, ay Aqil müəllim?!
Dərin hörmət və ehtiramla, Kənan Aydınoğlu, Bakı şəhəri. 13 noyabr 2024-cü il.
Muğamı qüsursuz səsləndirmək ifaçıdan fitri istedad, müstəsna məharət, nəzəri hazırlıq, xüsusi yaradıcılıq tələb edir. Bu baxımdan Xalq artisti, məşhur tarzən Bəhram Mansurovun yaradıcılığı olduqca səciyyəvidir.
AZƏRTAC xəbər verir ki, bu gün görkəmli tarzən, muğamların mahir ifaçısı, Xalq artisti Bəhram Mansurovun doğum günüdür.
Klassik Azərbaycan muğamlarının qorunub saxlanılmasında və təbliğində böyük xidmətləri olan Mansurovlar sülaləsinin nümayəndəsi Bəhram Mansurov 1911-ci il fevralın 12-də Bakıda anadan olub.
Tarzən ailəsində dünyaya gələn Bəhram, Mansurovlar nəslinin musiqi ənənələrinin davamçısı olmaq şansı qazanmışdı. Mansurovların musiqi aurası Bəhramın peşəkar tarzən kimi püxtələşməsində böyük rol oynadı. Mahir tarzən olan atası Məşədi Süleyman oğlunun tara meylini görüb deyərdi: “Sən tarı çalmağı tez öyrənəcəksən. Muğam sənin qanındadır”. O, yanılmadı…
Bəhram səkkiz yaşından arzularını tarın kövrək tellərində köklədi. 19 yaşı olanda Müslüm Maqomayev onu Xalq Çalğı Alətləri Orkestrinə, daha sonra isə Opera və Balet Teatrına solist-tarzən kimi dəvət etdi. 1929-cu ildən Azərbaycan Dövlət Şərq Orkestrinin, sonralar Azərbaycan Dövlət Filarmoniyasının solisti oldu. Opera və Balet Teatrında Hüseynqulu Sarabski, Yavər Kələntərli, Hüseynağa Hacıbababəyov, Əlövsət Sadıqov, Həqiqət Rzayeva kimi korifeylərlə işlədi. Rübabə Muradova, Sara Qədimova, Əbülfət Əliyev, Gülxar Həsənova, Zeynəb Xanlarova, Mais Salmanov, Bakir Haşımov, Qulu Əsgərov, Arif Babayev, Nəzakət Məmmədova, Baba Mirzəyev və başqa sənətkarları müşayiət etdi.
Bəhram Mansurov ilk azərbaycanlı musiqiçidir ki, onun ifasında “Çahargah” və “Rast” muğamları nota alınıb, həmçinin “Bayatı-Şiraz”, “Humayun”, “Şur”, “Bayatı-kürd”, “Çahargah” ilk dəfə UNESCO-nun xətti ilə vallara və CD-lərə yazılıb, bütün dünyaya yayılıb.
Bəhram Mansurov 1978-ci və 1983-cü illərdə Səmərqənddə keçirilən Beynəlxalq Muğam Simpoziumunda Azərbaycanı təmsil edib.
Görkəmli tarzən 54 il Opera və Balet Teatrında çalışıb, muğam operalarında xanəndələri müşayiət edib. Onun ifasında olan bütün muğamlar, dəraməd, diringə, təsnif və rənglər oğlu Eldar Mansurov tərəfindən nota salınıb.
1971-ci ildə tanınmış Azərbaycan musiqiçisi, tarzən Bəhram Mansurova həsr olunmuş “Çalır Bəhram Mansurov” sənədli televiziya filmi çəkilib. Xalq artisti 1985-ci il mayın 14-də, ömrünün 75-ci ilində vəfat edib.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2011-ci ildə Xalq artisti, görkəmli tarzən Bəhram Mansurovun anadan olmasının 100 illiyi qeyd olunub. Sənətkarın oğlu, çağdaş dövrümüzün tanınmış bəstəkarlarından olan Eldar Mansurov atasının 100 illiyinə ithaf etdiyi “Mansurovlar” adlı kitabda nəslin 300 illik bir zaman kəsiyində keçdiyi yolu ətraflı şəkildə təcəssüm etdirib.
Bu gün də unudulmaz sənətkarın yaratdığı ölməz sənət inciləri neçə-neçə gənc tarzənin yetişməsinə təkan verir, yol göstərir. Hər dəfə ona qulaq asanda nədənsə yada ölməz Şəhriyarın bu misraları düşür: “Tardan özgə qalmadı yari-vəfadarım mənim”. Tar sənətimiz, muğamlarımız yaşadıqca, ölməz sənətkarımız Bəhram Mansurov da xatırlanacaq.
O, cəmi 51 il ömür sürmüş mənalı həyat yoluna böyük sənətkar irsini sığışdıraraq yaddaşlarda əbədi qaldı. Şairin poetik nümunələrinə 200-ə yaxın mahnı bəstələnib, pyesləri dəfələrlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında və Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnəyə qoyularaq tamaşaçı rəğbəti qazanıb.
AZƏRTAC xəbər verir ki, bu gün tanınmış şair İslam Səfərlinin anadan olmasının 102-ci ildönümü tamam olur.
İslam Səfərli 1923-cü il fevralın 12-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şəkərabad kəndində dünyaya gəlib. Naxçıvandakı 1 nömrəli məktəbi bitirdikdən sonra könüllü olaraq 1941-1945-ci illər müharibəsində iştirak edib. Müharibə mövzusu gənc şairin poemalarında da öz əksini tapıb. İslam Səfərli dramaturq kimi də böyük uğur qazanıb. O, həm də oçerk, novella, libretto və kinossenari, məqalələr müəllifi kimi tanınıb. Həmçinin tərcüməçilik fəaliyyəti ilə məşğul olub. A.S.Puşkin, M.M.Svetlov, S.Marşak, M.Kərim, M.Tursunzadə, K.Koladze, Y.Dolmatovski kimi tanınmış sənətkarların əsərlərini müvəffəqiyyətlə tərcümə edib.
Tanınmış şairin adını əbədiləşdirmək məqsədilə Xəzər dənizində üzən gəmilərin birinə “İslam Səfərli” adı verilib, Bakının mərkəzi küçələrindən biri şairin adını daşıyır, Bakıda yaşadığı binaya (Həsən Seyidbəyli, 30) onun barelyefi-xatirə lövhəsi vurulub. Həmçinin Naxçıvanda oxuduğu 1 nömrəli məktəb onun adını daşıyır.
Böyük istedad sahibi olan İslam Səfərli ustadı kimi qəbul etdiyi Səməd Vurğun məktəbi ənənələrinə yaradıcı münasibət bəsləyib.
18 kitabı işıq üzü görən İslam Səfərlinin şeirlərində ictimai motivlərdən çox təbiiliyi, səmimiyyəti, duyğu və düşüncələri – lirikanı ön mövqeyə çəkməsi diqqəti cəlb edib. Professor Əkbər Ağayev bu barədə yazıb: “Vətən də, onun təbiəti də İslam Səfərlinin tərənnümündə tam bir poeziyadır, incədir, xəfifdir, gözəldir”.
“De, nə vardır dünyada,
Ana südündən təmiz.
Doğulduğun torpaqdan,
Olduğun evdən əziz?!” – deyən İslam Səfərli 1974-cü il noyabrın 6-da uzunsürən xəstəlikdən sonra əbədiyyətə qovuşub və Fəxri xiyabanda dəfn olunub.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin layihəsi ilə xarici ölkələrdəki Azərbaycan Mədəniyyət mərkəzləri milli mədəniyyətimizin, ədəbiyyatımızın tanınmış simalarının əsərlərini, onların yaradıcılığına dair tədqiqatların təbliğini həyata keçirmək məqsədilə tərcümə və nəşr layihələri reallaşdırırlar.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Sahib İbrahimlinin “Əhməd Cavadın həyat və yaradıcılığının Gəncə dövrü” kitabı türk dilində Ankarada çapdan çıxıb. Nəşri türk dilinə Konya Selcuk Universitetinin dosenti Təranə Həşimova tərcümə edib.
Kitabda istiqlal şairi Əhməd Cavadın həyatı, ədəbi fəaliyyətinin Gəncə dövrü əksini tapıb və tanınmış şairin Türkiyə ilə bağlarından, Qafqaz-Türk İslam Ordusunun Azərbaycan xalqının azadlıq mübarizəsində dəstəyi və önəmli rolundan bəhs edilib.
Nəşrdə qeyd olunur ki, Əhməd Cavad XX əsr Gəncə ədəbi mühitinin yetişdirdiyi mühüm simalardan biridir. O, Azərbaycan ədəbi-bədii fikir tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xəti ilə seçilən və bütün qəlbi ilə doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış söz ustadıdır.
Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, “Əhməd Cavadın həyat və yaradıcılığının Gəncə dövrü” kitabının Türkiyədə təqdimatının keçirilməsi və aparıcı kitabxanalara, elmi-tədqiqat müəssisələrinə hədiyyə edilməsi nəzərdə tutulur.
Bu gün böyük yazıçı-dramaturq, maarifçi-publisist, naşir Cəlil Məmmədquluzadənin anadan olmasının 156-cı ildönümü tamam olur.
AZƏRTAC xəbər verir ki, Cəlil Məmmədquluzadə realist hekayələri, povestləri, dram əsərləri ilə Azərbaycan ədəbiyyatına dəyərli töhfələr verib. “Molla Nəsrəddin” jurnalı ilə Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub.
Cəlil Hüseynqulu oğlu Məmmədquluzadə 1869-cu il fevralın 10-da Naxçıvan şəhərində anadan olub. İlk təhsilini əvvəlcə mollaxanada, sonra Naxçıvan şəhər məktəbində alıb. 1887-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasını (Qori Seminariyası) bitirib, bir müddət İrəvan quberniyasının kəndlərində müəllimlik (1887-1897) edib. İlk məlum bədii əsəri sayılan “Çay dəstgahı” (1889) alleqorik pyesini, “Danabaş kəndinin əhvalatları” (1894-cü ildə nəşr olunub) povestini də bu dövrdə yazıb.
1895-ci ilin yayında Moskva və Sankt-Peterburqa gedib, bu şəhərlərin mədəni həyatı ilə tanış olub. 1904-cü ildən Tiflisdə nəşr edilən “Şərqi-Rus” qəzetinin redaksiyasında işləyib. Cəlil Məmmədquluzadənin yazıçı və jurnalist kimi püxtələşməsində bu qəzetin və onun redaktoru M.Şahtaxtlının mühüm rolu olub. 1903-cü ildə yazdığı “Poçt qutusu” hekayəsi 1904-cü ildə “Şərqi-Rus” qəzetində çap olunub. “Kişmiş oyunu”, L.Tolstoydan tərcümə etdiyi “Zəhmət, ölüm və naxoşluq” hekayələri də ilk dəfə bu qəzetdə dərc edilib.
1905-ci ilin əvvəllərində “Şərqi-Rus” bağlananda C.Məmmədquluzadə jurnalist Ö.F.Nemanzadə və maarifpərvər tacir M.Bağırzadə ilə birlikdə bu qəzetin mətbəəsini alıb ona “Qeyrət” adı vermişdir. Həmin ildə C.Məmmədquluzadə Tiflisdə azərbaycanlı uşaqlar üçün məktəb və pansion açıb. 1906-cı il aprelin 7-də Tiflisdə “Molla Nəsrəddin” jurnalının ilk nömrəsi çapdan çıxıb. Müəyyən fasilələrlə nəşr olunan jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1920-1921-ci illərdə 8 nömrə ilə Təbrizdə, 1922-1931-ci illərdə isə Bakıda nəşr olunub.
C.Məmmədquluzadənin zəngin bədii irsi, onun “Molla Nəsrəddin” jurnalı təkcə Azərbaycanda, Cənubi Qafqazda deyil, İran və Türkiyədə də ədəbi-ictimai fikrin inkişafına qüvvətli təsir göstərib.
XX əsr Azərbaycan dramaturgiyasının inkişafında yeni bir mərhələni təşkil edən “Ölülər” komediyası 1909-cu ildə yazılıb. Bu komediyanı yazmaqda böyük dramaturqun məqsədi müsəlman ölkələri xalqlarını uzun əsrlər cəhalətdə saxlayan, mövhumat içində çürüdən, dini, şəriəti soyğunçuluq vasitəsinə çevirən yalançı, fırıldaqçı ruhanilərin həqiqi simasını olduğu kimi xalqa tanıtmaq olmuşdur. 1916-cı ildə Bakıda səhnəyə qoyulmuş “Ölülər” komediyası uzun müddət Azərbaycan və Şərq ölkələrinin teatrlarında oynanılmışdır.
C.Məmmədquluzadə, həmçinin “Yeni yol” qəzetinin redaktoru, Ümumittifaq Mərkəzi Yeni Əlifba Komitəsinin üzvü, Bakı Azad Tənqid-Təbliğ Teatrının təşkilatçılarından olub, “Maarif və mədəniyyət”, “Yeni kənd”, “Şərq qadını” və s. mətbuat orqanlarında fəaliyyət göstərib.
Ədib yaradıcılığında milli şüur (“Anamın kitabı”, 1919), məktəb tərbiyəsi, ümumiyyətlə xalq maarifi (“Danabaş kəndinin məktəbi”, 1921) problemlərinə geniş yer verib. “Dəli yığıncağı” (1936-cı ildə nəşr olunub) pyesində feodal-patriarxal münasibətləri, din və fanatizmi kəskin tənqid atəşinə tutub.
Böyük ədib 1932-ci il yanvarın 4-də Bakı şəhərində vəfat edib. Məzarı Fəxri xiyabandadır.
Elə səslər var ki, zaman keçsə də unudulmur, əksinə, daha da dəyər qazanır. Şövkət Ələkbərovanın səsi də elə həmin səslərdəndir – könülləri titrədən, hər notunda Azərbaycan musiqisinin ruhunu daşıyan bir xəzinədir.
AZƏRTAC xəbər verir ki, bu gün görkəmli müğənni, Xalq artisti Şövkət Ələkbərovanın vəfatından 32 il ötür.
Bənzərsiz ifaları ilə könülləri fəth edən sənətkarın möhürünü qoyduğu mahnılar tələbələrinin, tanınmış və gənc sənətçilərin ifasında bu gün də səslənir. Onun ifasında dinlədiyimiz hər bir nəğmə harada səslənməsindən asılı olmayaraq, bu böyük sənətkarı xatırladır.
1922-ci il oktyabrın 20-də Bakıda dünyaya gələn unudulmaz sənətkar Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdikdən sonra səhnə yaradıcılığına başlayıb.
1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında solist kimi çalışan sənətkar, sonralar M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Şövkət Ələkbərovanın ifaçılığı üçün yüksək vokal mədəniyyəti, emosionallıq və lirizm, muğam yaradıcılığı üçün isə məharətli improvizasiya bacarığı səciyyəvi idi.
Üzeyir Hacıbəyli, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini çəkərək, onların xeyir-duasına alan Ş.Ələkbərova ifası ilə özünü sübut etməklə yanaşı, sənətə əsl sənətkar kimi xidmət göstərib. Onun “Qarabağ şikəstəsi”ni məlahətli səsi ilə mükəmməl səviyyədə ifa etməsi peşəkar musiqi sənətinə gəlişinin əsasını qoydu.
Dünyanın bir çox şəhərlərində uğurla çıxış edən Şövkət Ələkbərovanın repertuarına “Segah”, “Qatar”, “Şahnaz” kimi muğamlar, Azərbaycan bəstəkarlarının və Orta Şərq xalqlarının mahnıları daxil idi. Şövkət xanım haqqında bir çox bəstəkarlarımız, o cümlədən Tofiq Quliyev, Arif Məlikov, Cahangir Cahangirov, Ramiz Mirişli və başqaları öz xatirələrini bölüşüblər. Bu sənət adamlarının dediklərində bir ümumi xətt var. O da Şövkət xanımı əsl professional kimi xarakterizə etməkdir. Burada ümumi bir fikirlə də rastlaşırıq: “Şövkət Ələkbərova istər xalq lirik mahnılarının, istərsə də bəstəkarlarımızın yaratdıqları lirik mahnıların bənzərsiz ifaçısıdır”.
“Dərələr”, “Ağ çiçəyim”, “Bir könül sındırmışam”, “Gedək üzü küləyə”, “Ağlaya-ağlaya”, “Haradasan”, “Məhəbbət”, “Tez gəl”, “Süsən sünbül”, “Dəli Ceyran”, “Ay qadası”, “Yar gəldi”, “Kürdün gözəli”, “Ceyran” və digər onlarla mahnı böyük sənətkarın ifasında möhürlənib. Şövkət xanımın repertuarında olan mahnılarda söz, musiqi və ifa bir-birini tamamlayaraq vəhdət təşkil edir.
Musiqidə belə bir məqam var ki, xalq tərəfindən sevilən mahnılar zaman keçdikcə xalq mahnıları kimi qəbul olunur. Sözsüz ki, belə mahnıları yaradan sənətkarlar üçün bu, böyük xoşbəxtlikdir. Şövkət xanımın ifa etdiyi mahnılar məhz bu qəbildəndir.
Xalq artisti Ağaxan Abdullayev Azərbaycan muğam ifaçıları arasında öz yeri, öz dəst-xəti olan sənətkarlardandır. O, milli musiqi ifaçılığında özünəməxsus yol açıb. A.Abdullayevin klassik xanəndələrimizin yaradıcılıq ənənələrinə əsaslanan sənət yolu milli musiqimizdə bir yenilik idi. Bu yenilik muğam, xanəndəlik sənətinə münasibətdə, mahnı ifaçılığında özünü qabarıq şəkildə göstərirdi.
AZƏRTAC xəbər verir ki, bu gün görkəmli xanəndə, Xalq artisti Ağaxan Abdullayevin anadan olmasının 75-ci ildönümü tamam olur.
Ağaxan Abdullayev 1950-ci il fevralın 6-da Bakı şəhərinin Əmircan kəndində anadan olub. 1958-1968-ci illərdə 84 nömrəli orta məktəbdə, 1969-1973-cü illərdə isə A.Zeynallı adına orta ixtisas musiqi məktəbində təhsil alıb. 1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunub.
Ömrünün 40 ilini Azərbaycan musiqisinin inkişafı və təbliğinə həsr edən böyük sənətkar Ağaxan Abdullayev Azərbaycanı qarış-qarış gəzib-dolaşıb, dünyanın 20-dən çox ölkəsinə qastrol səfərlərinə çıxıb. Hər yerdə Azərbaycan muğamlarını, xalq və bəstəkar mahnılarını böyük şövqlə, əsl ustalıqla ifa edib. O, nə oxuyubsa, ürəkdən oxuyub. Onun Azərbaycan musiqisinin inkişafı naminə gördüyü işlər hər zaman yüksək qiymətləndirilib və xanəndə fəxri adlar, orden və medallarla mükafatlandırılıb. Ağaxan Abdullayevin böyük məharətlə və ilhamla ifa etdiyi muğam dəsgahlarının audio və videoyazıları Azərbaycan Televiziyasının qızıl fondunda saxlanılır.
Xanəndə pedaqoji və maarifçilik fəaliyyətinə böyük önəm verib. O, 1977-ci ildən ömrünü sonunadək A.Zeynallı adına musiqi məktəbində muğamdan dərs deyib, gənc xanəndələr nəslinin yetişməsində böyük əmək sərf edib, bir çox tanınmış xanəndələrin ustadı kimi tanınır. O, dəfələrlə televiziya muğam müsabiqələrinin münsiflər heyətinin üzvü olub.
Böyük ustad Ağaxan Abdullayev uzun sürən ağır xəstəlikdən sonra 2016-cı il dekabrın 25-də 66 yaşında Bakıda vəfat edib. Vəsiyyətinə əsasən, Türkan qəsəbəsi kənd qəbiristanlığında valideynlərinin yanında torpağa tapşırılıb.
Ağaxan Abdullayevin sənəti əbədiyaşardır. Bu ecazkar səs, bu sənət gələcək nəsillərə, əsrlərə ünvanlanıb.
Bu gün Azərbaycanda xanəndəlik məktəbinin görkəmli nümayəndəsi, milli musiqimizin koloritini, saflığını qorumuş, təəssübünü çəkmiş, bu xüsusiyyətləri gənc sənətçilərə ərməğan etmiş Əlibaba Məmmədovun doğum günüdür.
AZƏRTAC xəbər verir ki, Xalq artisti Əlibaba Məmmədovun xatirəsi xalqımız tərəfindən böyük hörmətlə anılır.
Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən olan Əlibaba Məmmədov 1930-cu il fevralın 5-də Bakının Maştağa kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra 1956-1960-cı illərdə Asəf Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbində məşhur xanəndə Seyid Şuşinskinin sinfində musiqi təhsili alıb, mədəni irsimizin tükənməz xəzinəsi olan muğamın sirlərinə dərindən yiyələnib.
Əmək fəaliyyətinə 1940-cı illərin sonunda Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi başlayan Əlibaba Məmmədov 1968-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində maestro Niyazinin təşəbbüsü ilə “Humayun” xalq çalğı alətləri ansamblını yaradıb və ömrünün sonunadək həmin ansambla rəhbərlik edib. Əlibaba Məmmədov bu ansamblın bədii rəhbəri və ilk solisti olub. “Humayun” onun ifasında mükəmməllik qazanıb. Görkəmli sənətkar Hacı Məmmədov da bununla bağlı fikrini belə ifadə edib: “Seyiddən sonra Əlibaba kimi “Humayun”u oxuyan yoxdur… ” 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak edən Bülbül, Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova, Hacı Məmmədov kimi sənətkarlar arasında Əlibaba Məmmədov da var idi. O zaman onun oxuduğu “Bayatı Kürd” muğamı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. İlk dəfə sovet hökumətinin fəxri fərmanına da həmin il layiq görülüb. 1963-cü ildə Azərbaycanın Əməkdar artisti, ondan 26 il sonra – 1989-cu ildə Xalq artisti fəxri adlarını alıb.
Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı Əlibaba Məmmədov milli musiqi xəzinəsini daha da zənginləşdirən sənətkarlarımızdandır. O, hələ gənc yaşlarından Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühitində yetkin xanəndə olaraq formalaşıb, klassik muğam ənənələrinin qorunub saxlanmasını dolğun yaradıcılığının başlıca qayəsinə çevirib. Ustad xanəndənin xüsusi məharətlə ifa etdiyi “Rast”, “Şur”, “Bayatı-Şiraz”, “Rahab”, “Dəşti” və başqa muğam dəsgahları kamil sənət nümunələri səviyyəsinə yüksəlib və musiqi mədəniyyətimizin qızıl fondunda özünə həmişəlik yer tutub. Geniş repertuarı, məlahətli səsi və bənzərsiz ifa tərzi Əlibaba Məmmədova muğamsevərlərin böyük rəğbətini qazandırıb.
Əlibaba Məmmədov xanəndəlik fəaliyyəti ilə yanaşı, 1963-cü ildən etibarən yarım əsrdən artıq bir dövr ərzində indiki Bakı Musiqi Kollecində, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və Azərbaycan Milli Konservatoriyasında dərs deyib, muğam sənətinin incəliklərini gənc ifaçılara aşılayıb. Ustad xanəndənin yetirmələri müxtəlif beynəlxalq festivalların və müsabiqələrin qalibi adına layiq görülüb.
O, az sayda xanəndələrdəndir ki, musiqi mədəniyyətimizin inkişafına təkcə muğam və təsniflərin mahir ifaçısı kimi deyil, eyni zamanda, M.Füzuli, Ə.Vahid, M.Müşfiq, S.Rüstəm, B.Vahabzadə kimi şairlərin sözlərinə yazdığı və bu gün öz şöhrətini saxlayan mahnıları ilə də xalq sevgisinin zirvəsindədir. Əlibaba müəllim bəstəkarlıq iddiasında olmasa da, bir qədər əvvəldə adlarını çəkdiyimiz şairlərin sözlərinə bir-birindən bənzərsiz, yaddaqalan, sevilən mahnılar bəstələyib. Belə mahnıların təkcə adlarını çəkmək kifayətdir ki, yaddaşına yazılan musiqini şirin-şirin zümzümə edəsən. “İnandır məni”, “Yaşa hələ”, “Mənim Azərbaycanım”, “Müxalif təsnifi”, “Şur təsnifi”, “Vətən yaxşıdır” və digərləri xanəndənin yaradıcılıq fəaliyyətində hər zaman məhəbbətlə xatırlanan, ifası arzulanan mükəmməl musiqi incilərindəndir.
Bir vaxt xalq mahnılarımızın, muğamlarımızın az qala unudulması, diqqətdən kənarda qalması bir sənətkar kimi Əlibaba Məmmədovu da narahat edirdi. Nə xoş ki, milli kimliyimizi, mənsubluğumuzu, xalqın ruhunu yaşadan bu sənət incilərinə yeni həyat verən oldu. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu sənəti unudulmaqdan xilas etdi. Sənətkarlara, xüsusilə də Azərbaycan muğamlarına, xalq mahnılarına göstərdiyi diqqət, ilk növbədə yaşlı sənətkarlarımızın, o cümlədən bu sənətin xiridarı Əlibaba Məmmədovun hədsiz sevincinə səbəb oldu. O zaman Əlibaba Məmmədovun söylədiyi bu fikirləri indi hamımız xatırlayırıq: “Bakıda muğam evinin tikiləcəyi xəbərini eşidəndə qulaqlarıma inanmadım. Ara-sıra toplaşdığımız guşələr, filarmoniyanın yanı, Sahil bağı yadıma düşdü. Şükür, nəhayət, bizim də bir yerdə əyləşib söhbətləşmək, sənət düşüncələrimizi bölüşmək üçün imkanımız və yerimiz olacaq”.
Milli musiqi mədəniyyətinin inkişafı sahəsində nailiyyətlərinə görə Əlibaba Məmmədov 2000-ci ildə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət”, 2010-cu ildə “İstiqlal” və 2020-ci ildə “Şərəf” ordenləri ilə təltif edilib.
Xalq artisti 2022-ci il fevralın 25-də ömrünün 92-ci ilində vəfat edib və Birinci Fəxri xiyabanda dəfn olunub.
Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2025-ci ilin sentyabr ayında dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Əbdülhüseyn oğlu Hacıbəylinin anadan olmasının 140 ili tamam olur.
Üzeyir Hacıbəyli çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş qüdrətli şəxsiyyətlərdəndir. Ömrünü cəmiyyətin mədəni tərəqqisinə həsr edən fədakar ziyalının yüksək mənəvi-estetik dəyərə malik irsi Azərbaycan xalqının XX əsrin ilk onilliklərindən vüsət almış ədəbi-mədəni intibahının aynasıdır. Azərbaycan bəstəkarlıq məktəbinin banisi olan Üzeyir Hacıbəyli novator sənətkar kimi milli musiqi xəzinəsini unikal forma və janrlarla zənginləşdirmişdir. O, Şərqin və Qərbin musiqi nailiyyətlərinin dərin vəhdətində dünya musiqisinin qızıl fondunda fəxri yer tutan nadir sənət inciləri meydana gətirmiş, Azərbaycan mədəniyyətinə beynəlxalq miqyasda geniş şöhrət qazandırmışdır. Üzeyir Hacıbəyli eyni zamanda parlaq bədii dühası sayəsində Azərbaycan dramaturgiyasına dəyərli töhfələr vermiş, alovlu publisistikası ilə mətbuat salnaməsinə yeni səhifələr yazmışdır. Onun azərbaycançılıq məfkurəsi ilə yoğrulmuş dolğun ictimai-siyasi fəaliyyəti əsl vətənpərvərlik nümunəsidir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan mədəniyyətinin inkişafına misilsiz töhfələr vermiş qüdrətli sənətkar Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünün layiqincə keçirilməsini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
P.Bülbüloğlunun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Polad Bülbüloğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.
2025-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Gənclər üçün Prezident mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109‑cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2025-ci il Gənclər üçün Prezident mükafatları verilsin:
Şair, yazıçı Güldərən Vəlinin şeirlər kitabı işıq üzü görüb. “Səsinə gələrəm” adlı kitaba şairin uzun illər qələmə aldığı şeirlər toplanıb. Oxucular şairin Göyçə həsrətli şeirlərini oxuduqca, Göyçə dənizinin sahillərinin, Dərə kəndinin ətrafındakı bulaqların, dağların bədii sözlərlə çəkilmiş rəsminin sehrinə dalacaqlar. Eyni zamanda, şairin Göyçəyə qovuşmaq ümidinin də şahidinə çevriləcəklər:
Göyçənin dağları dağlardan göyçək, Yazda ətir saçır hər gül, hər çiçək. Sərin bulaqlardan doyunca içək, Şehli çəmənində itərik dedim, O Ulu Göyçəmə dönərik dedim.
Güldərən Vəlinin lirikasında zaman-insan münasibətləri, insanın özünüdərki, taleyinə şairlik yazılanların ürək çırpıntıları xüsusi yer tutur:
Köklənmiş bir tardır şair ürəyi, Zili də ağladır, bəmi də onun. Toxunma, toxunma sarı simlərə! Qəmi də ağladır, dəmi də onun.
Şairə ömrünün bundan sonrasında yeni yaradıcılıq uğurları arzulayır, nəsr kitabının da yolunu gözlədiyimizi bildirmək istəyirik.
Yanvarın 18-də “Qanun” nəşriyyatında Xalq şairi Zəlimxan Yaqubun yenicə çapdan çıxmış “Azərbaycan poeziyası. Seçmə şeirlər” kitabının təqdimatı olacaq.
Ədəbiyyat qəzetinin verdiyi xəbərə görə, nəşriyyatın Azərbaycan ədəbiyyatı redaksiyası tərəfindən “Azərbaycan poeziyası. Seçilmiş şeirlər” layihəsi çərçivəsində işıq üzü görən kitab şairin 75 illik yubileyinə həsr olunub.
Kitabın tərtibatçısı və redaktoru Şərif Ağayar, ön söz müəllifi Azər Turandır.
Xatırladaq ki, “Qanun” nəşriyyatı “Azərbaycan poeziyası. Seçmə şeirlər” seriyasından Füzuli, Xətai, Vaqif, Vidadi, Məhəmməd Hadi, Əhməd Cavad, Səməd Vurğun, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Cabir Novruz, Nəbi Xəzri, Məmməd Aslan, Vaqif Səmədoğlu, Nüsrət Kəsəmənli kimi görkəmli Azərbaycan şairlərinin kitablarını nəşr edib.
Növbəti mərhələdə isə Rəsul Rza və Məmməd Arazın kitablarının çapı nəzərdə tutulur.
Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 75 illiyi ərəfəsində yeni kitabı işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, “Məqalələr. Müsahibələr” adlı kitabda şairin bundan əvvəl çap olunmuş kitablarında, xüsusilə də 2012-2013-cü illərdə nəşr olunmuş 13 cildlik külliyyatında yer almayan, ömrünün son illərində ayrı-ayrı görkəmli dövlət və ictimai xadimlər, elm və sənət adamları haqqında yazdığı məqalələri, müxtəlif kitablara yazdığı “Ön söz”lər və müsahibələri yer alıb.
Kitabı nəşrə hazırlayan və redaktoru Zəlimxan Yaqub ədəbi irsinin araşdırıcısı, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.
Bu gün Xalq şairi Zəlimxan Yaqubun vəfatından 9 il ötür.
AZƏRTAC xəbər verir ki, müasir Azərbaycan ədəbiyyatının yeni mərhələsində Zəlimxan Yaqubun çoxcəhətli yaradıcılığı ədəbi hadisədir.
Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirdikdən sonra Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətinə 1966-cı ildə “Qələbə bayrağı” rayon qəzetində “Şota Rustaveli” adlı ilk şeiri ilə başlayıb. Elə o vaxtdan fəal yaradıcılıqla məşğul olub. Ə.Haqverdiyev adına Ağdam Dram Teatrında “Aşıq Ələsgər” adlı mənzum pyesi tamaşaya qoyulub.
1973-cü ildən 1978-ci ilə qədər “Azərkitab” sistemində, “Kitab pasajı” adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətinin Təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər “Yazıçı” nəşriyyatında Poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.
1995-2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olub. 2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib. Müxtəlif dillərə tərcümə edilmiş 40-a qədər şeir kitabının müəllifidir.
Azərbaycan ədəbiyyatı qarşısında böyük xidmətlərinə, geniş ictimai fəaliyyətinə görə 50 yaşında Azərbaycanın “Şöhrət”, Gürcüstanın “Şərəf” ordenləri ilə təltif olunub. 55 yaşında Azərbaycanın ən yüksək fəxri adına – “Xalq şairi” adına layiq görülüb. Anadan olmasının 60 illik yubileyi ərəfəsində isə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Şərəf” ordeni ilə təltif edilib.
Zəlimxan Yaqub uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. O, 2016-cı il yanvarın 9-da dünyasını dəyişib və Bakıda Birinci Fəxri xiyabanda dəfn olunub.
Çağdaş Azərbaycan poeziyasında özünəməxsus yeri, poetik nəfəsi olan Zəlimxan Yaqubun əsərləri xalqımıza məxsus mütləq dəyərlərin, folklor yaradıcılığı qaynaqlarından süzülüb gələn ənənələrin diriliyi ilə səciyyələnir, ədəbiyyatımızda irsilik ideyasını tərənnüm edir.
Sağlığında heykəlləşən, bənzərsiz şeirləri ilə Azərbaycan ədəbiyyatına adını əbədi həkk edən, əbədiyaşarlıq qazanan Zəlimxan Yaqub hər zaman böyük sevgi və ehtiramla anılacaq.
Bu gün Azərbaycan teatrının görkəmli nümayəndələrindən olan, milli kino sənətimizin bənzərsiz simalarından sayılan Leyla Bədirbəylinin anadan olmasından 105 il ötür. Leyla Bədirbəyli fitri istedada malik teatr ustası kimi ifa üslubundakı səmimiyyət, məlahət və təbiilik sayəsində dramaturqlarımızın və dünya ədəbiyyatı klassiklərinin çox sayda qadın qəhrəmanına zəngin boyalarla parlaq səhnə həyatı verib.
AZƏRTAC xəbər verir ki, Xalq artisti, Dövlət mükafatı laureatı Leyla Bədirbəyli yaratdığı təkrarsız obrazlarla öz adını Azərbaycan sənət tarixinə yazdırmağı bacaran sənətkarlardandır.
Görkəmli aktrisanın fəaliyyəti dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib. Prezident İlham Əliyev 2019-cu ilin dekabrın 29-da imzaladığı Sərəncamla ölkəmizdə Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilib.
O, 1920-ci il yanvarın 8-də Bakıda dünyaya göz açıb. Anası Bikə xanım Şəmkirdə Musa xanın qızı, atası Ağalar bəy isə həmin bölgənin kənd bəylərindən olub.
Balaca Leylanın uşaqlıq illəri Bakıda, daha doğrusu, İçərişəhərdə keçib. Leyla Bədirbəylinin sənətə gəlməyində anası Bikə xanımın böyük rolu olub. Belə ki, həmin illərdə Əli Bayramov klubundakı qadınlar dərnəyinə gedən Bikə xanım böyük qızı Leylanı da özü ilə aparırmış. Rəqsə böyük marağı olan gələcəyin məşhur aktrisasının istedadını üzə çıxardığı ilk sahə də məhz rəqs olur. Belə ki, fərqli xarici görünüşə və rəqs bacarığına sahib olan L.Bədirbəyli Azərbaycan Dövlət Filarmoniyasına dəvət edilir.
Filarmoniyada çalışdığı illərdə “Ayna” və “Bakının işıqları” filmlərində rol alan Leyla Bədirbəyli 1941-ci ildə 21 yaşında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət olunur. O, 33 il bu sənət məbədinin səhnəsində bir-birindən fərqli qadın obrazları yaradıb. Azərbaycan teatrının inkişafında Leyla Bədirbəylinin xidmətləri həmişə xatırlanır. O, milli teatrımızın səhnəsində yaratdığı Sara (“Solğun çiçəklər”), Solmaz (“Od gəlini”), Şəlalə (“Yalan”), Dezdemona (“Otello”), Liza (“Canlı meyit”), Nərminə (“Göz həkimi”) və digər bu kimi obrazları ilə mədəniyyət tariximizin qızıl səhifələrini yazıb.
Kinoda bu xanımın parlamağında Üzeyir Hacıbəylinin böyük rolu olur. Belə ki, 1945-ci ildə “Arşın mal alan” filmi çəkilərkən Rza Təhmasib Gülçöhrə rolu üçün gözəl xarici görünüşə malik qız axtarırmış. Məhz Üzeyir Hacıbəylinin tövsiyəsindən sonra Leyla Bədirbəyli bu rola təsdiqlənir.
Əlbəttə, Leyla Bədirbəylinin Azərbaycan kinosunun inkişafındakı fədakarcasına xidməti təkcə Gülçöhrə ilə bağlı deyildir. İstedadlı aktrisa 50-yə yaxın filmdə, o cümlədən “Səbuhi”, “Fətəli xan”, “Dəli Kür”, “Sevil”, “Onun böyük ürəyi”, “Dərviş Parisi partladır” filmlərində unudulmaz, eləcə də yaddaqalan obrazlar yaradıb.
“Azərbaycan gözəli” adını almış aktrisa 1999-cu il noyabrın 23-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
Yanvarın 6-sı XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı, nakam şair Mikayıl Müşfiqin xatirəsini anma günüdür. O, həyatdan erkən getsə də, özündən sonra yaradıcılıq eşqi ilə dolu lirik nümunələr qoyub.
AZƏRTAC xəbər verir ki, bu gün görkəmli şair Mikayıl Müşfiqin vəfatından 87 il ötür.
Mikayıl Əbdülqadir oğlu İsmayılzadə 1908-ci il iyunun 5-də Bakının Dağlı məhəlləsində, ziyalı ailəsində dünyaya göz açıb. Atası müəllimlik edib, “Vüsuqi” təxəllüsü ilə şeirlər yazıb. O, 1902-ci ildə Xızıdan Bakıya köçüb. Çox körpə ikən anası Züleyxanı, altı yaşında isə atasını itirmiş balaca Mikayıl yaxın qohumlarının himayəsində böyüyüb. Onun körpə qəlbi bu itkilərdən yaralansa da, həyatdan küsməyib və hər zəhmətə qatlaşaraq ardıcıl təhsil alıb. 1915-1920-ci illərdə rus-Azərbaycan məktəbində, 1920-1927-ci illərdə əvvəlcə Bakı Darülmüəllimində, sonra isə 12 nömrəli ikinci dərəcəli məktəbdə, 1927-1931-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxuyub. Əmək fəaliyyətinə müəllimliklə başlayıb, Bakı məktəblərində yeddi il dərs deyib.
Mikayıl Müşfiqin ilk mətbu əsəri olan “Bu gün” şeiri 1926-cı ildə “Gənc işçi” qəzetində, “Duyğu yarpaqları” adlı son şeiri isə 1937-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilib. Məhsuldar yaradıcılığı sayəsində 1930-cu ildən başlayaraq onun “Küləklər”, “Günün səsləri”, “Buruqlar arasında”, “Bir may”, “Pambıq”, “Vuruşmalar”, “Şeirlər”, “Şəngül, Şüngül, Məngül”, “Qaya”, “Kəndli və ilan” kitabları nəşr olunub. 1957-ci ildən başlayaraq “Seçilmiş əsərləri”, “Əsərləri”, “Duyğu yarpaqları”, “Əbədiyyət nəğməsi”, “Könlümün dedikləri”, “Həyat sevgisi” və digər adlar altında kitabları çap edilib. Şairin ömür-gün yoldaşı Dilbər Axundzadənin 1968-ci ildə “Müşfiqli günlərim” adlı xatirələr kitabı nəşr olunub, kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə işıq üzü görüb.
Mikayıl Müşfiq tərcümə ilə də məşğul olub. A.Puşkinin “Qaraçılar” (Ş.Abbasov ilə birlikdə), M.Lermontovun “Demon” poemalarını (R.Rza ilə birlikdə), S.Marşakın “Huşsuza bax, huşsuza” şeirini, T.Şevçenkonun, Ö.Xəyyamın və başqa şairlərin irsindən nümunələri, eləcə də M.F.Axundzadənin “Şərq poeması”nı Azərbaycan dilinə çevirib.
Sovet imperiyasının repressiya dalğasına tuş gələn Mikayıl Müşfiq 1938-ci il yanvarın 6-da amansızlıqla güllələnib. Nakam şair Azərbaycan xalqı üçün əsl sənət xəzinəsini yadigar qoyub, eyni zamanda, böyük bir xəzinənin açarını da özü ilə əbədiyyətə aparıb.
Şairin zəngin ədəbi irsinə şeirdən tutmuş poemayadək (“Çoban”, “Mənim dostum”, “Qaya”, “Sındırılan saz”, “Səhər”, “Azadlıq dastanı”) lirik növün əksər janrları daxildir. Dərin emosionallıq, ahəngdarlıq, yığcamlıq Mikayıl Müşfiq poeziyasının əsas bədii keyfiyyətləridir. O, lirik-epik lövhələrin, peyzajların ən mükəmməl nümunələrini yaradıb.
Mikayıl Müşfiq poeziyası şifahi xalq və yazılı klassik ədəbiyyatımızdan bəhrələnib. Folklora dərindən bələd olması və ondan məharətlə istifadə etməsi şairin poeziya dilinin axıcılığını, əsərlərinin maraqla oxunmasını şərtləndirir:
Mən gəncəm, bilirəm, istiqbalım var,
Hələ bədr olmamış bir hilalım var,
Yelkənim açılır, qara yel, əsmə!
Mənim bu dəryada bir sandalım var.
Mikayıl Müşfiqin poeziyasında oxucunun ürəyindən xəbər verən yığcam, lakin dərin məzmunlu ifadələr çoxdur: “Həyat həm gülməkdir, həm ağlamaqdır”, “Bədbəxt bu dünyada tək yaşayandır”, “Həyat ondan küsənləri incidər”, “Nə qədər yaraşır insana gülmək!”
Rəngarəng mövzuları əhatə edən Mikayıl Müşfiq poeziyası milli və bəşəri keyfiyyətlərə malikdir. Milli musiqi alətlərimizdən olan tarın konservatoriyada tədrisi qadağan ediləndə, şair cəsarətlə məşhur “Oxu, tar!” şeirini yazıb. Bu şeir hər bir azərbaycanlının qəlbini riqqətə gətirməyə, onu mübarizəyə ruhlandırmağa qadirdir. “Bayram axşamı” şeirində Novruz bayramına dair uşaqlıq xatirələrini danışmaqla müəllif sovet rejiminin milli adət-ənənənin yaddaşlardan silinməsinə yönəlmiş siyasətinə qarşı çıxıb.
Ədibin poeziyasında Azərbaycanın tərənnümü xüsusi yer tutur. Onun Vətənə sonsuz məhəbbətinin və poetik istedadının qovuşduğu belə əsərlər (“Ölkəm”, “Ey Dan ulduzu!” və s.) poeziyamızda Vətən mövzusunun ən yaxşı bədii ifadələrindəndir.
Mikayıl Müşfiqin “Sevgilər”, “Maralım”, “Yenə o bağ olaydı!” şeirləri bəşəri mövzu olan sevginin Azərbaycan poeziyasında yaddaqalan nümunələrindəndir. İnsanın ən ülvi hisslərinin səmimi dillə tərənnüm edildiyi bu əsərlər oxucuya romantik, müqəddəs hissləri duymağı, qorumağı aşılayır və bu gün də tərbiyəvi əhəmiyyətə malikdir.
Müşfiq poeziyasının qüdrəti onun milli mövzudan qaynaqlanan şeirlərinə bəşəri məzmun verməsindədir. Sovet rejimində “Azadlıq dünyanın dərin ruhudur, Azadlıq sənətin, şeirin ruhudur!”, – deyən şairin əsərləri millət, Vətən mənafeyini əsas tutanlar üçün əsl həyat məktəbidir.
Mikayıl Müşfiq şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir. Onun şeirlərinə mahnılar bəstələnib, ədəbi irsi çoxsaylı elmi-tədqiqat əsərlərinin predmetinə çevrilib. Şairin əbədiyaşar sənət naminə çəkdiyi zəhmət layiqincə qiymətləndirilib. Onun xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulub, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilib, Xızıda xatirə muzeyi yaradılıb.
Qeyd edək ki, Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin anadan olmasın 100 və 110 illik yubileyləri Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd olunub. Eyni zamanda, Mikayıl Müşfiqin latın qrafikası ilə üçcildliyi nəşr edilərək oxuculara çatdırılıb.
2024-cü ili uğurla başa vururuq. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün məsələlər öz həllini tapmışdır. Ölkəmiz inamla inkişaf etmişdir. Ölkəmizin beynəlxalq nüfuzu böyük dərəcədə artmışdır. Ölkə iqtisadiyyatında müsbət inkişaf var, hərbi gücümüz artıb. Ölkəmizdə sabitlik hökm sürür. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşamışdır.
Bu gün dünyada baş verən hadisələr hamımızın gözünün qarşısındadır. Yeni müharibələr, qarşıdurmalar, münaqişələr alovlanır. Dünyanın müxtəlif bölgələrində qanlı toqquşmalar davam edir. Azərbaycan isə sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitlik şəraitində yaşayır. Əminəm ki, bundan sonra sabitlik və əmin-amanlıq əbədi olacaqdır.
2024-cü ildə bir çox önəmli hadisələr baş vermişdir. Onların arasında ən vacib məsələ Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal altına düşmüş dörd kəndinin işğaldan azad edilməsi idi. Bu kəndlər haqqında biz heç vaxt öz mövqeyimizdən bir addım belə geri atmamışdıq. Bu kəndləri biz heç vaxt unutmamışdıq. Sadəcə olaraq, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının öz məntiqi var idi. Hər şeyi, bütün məsələləri biz inamla və ardıcıllıqla həll etdik. Birinci mərhələdə Qarabağın və Şərqi Zəngəzurun böyük hissəsini 2020-ci ildə Vətən müharibəsində işğalçılardan azad etdik. İşğal altında qalan hissə keçən il antiterror əməliyyatı nəticəsində işğalçılardan azad edildi və Azərbaycan öz dövlət suverenliyini bərpa etdi. Biz bu il Qazax rayonunun dörd kəndini geri aldıq, bir güllə atılmadan, siyasi yollarla. Amma o da həqiqətdir ki, əgər son dörd ilin Azərbaycan-Ermənistan münasibətlərində baş vermiş hadisələr baş verməsəydi, əlbəttə, Ermənistan heç vaxt öz xoşu ilə bu kəndləri bizə qaytarmazdı. Onlar məcburiyyət qarşısında bunu etdilər, bizim siyasi, hərbi gücümüzü dərk edərək buna getdilər və mən ümid edirəm ki, bundan sonra da Ermənistan öz siyasətində Cənubi Qafqazda və eyni zamanda, dünyada yaradılmış yeni reallıqları nəzərə alacaq. Cənubi Qafqazda yeni reallıqları biz yaratdıq. Vətən müharibəsi bu reallıqları yaratdı, dövlət suverenliyimizin bərpası bu reallıqları daha da gücləndirdi və biz Cənubi Qafqazda yaratdığımız yeni reallıqları diplomatik, beynəlxalq və siyasi müstəvidə təsdiqlədik. Bütün dünya yeni reallıqları qəbul edib.
Ona görə Ermənistanın genişmiqyaslı silahlanma kampaniyası hesab edirəm ki, bölgə üçün növbəti təhdid mənbəyidir. Əgər bu il bizim üçün ən narahatedici məqamı qeyd etsək, təbii ki, bu, Ermənistanın silahlanmasıdır. Bunun heç bir məntiqi izahatı yoxdur. Ermənistan öz işğalçılıq siyasətində tamamilə iflasla üz-üzə qalmışdır. 2020-ci və ondan sonra 2023-cü illərdəki hərbi məğlubiyyətləri onlara düz yol göstərməli idi. Biz də buna çalışırdıq və bu gün də öz səylərimizi davam etdiririk. Mən dəfələrlə həm rəsmi bəyanatlarımda, həm Ermənistan tərəfi ilə apardığımız danışıqlar əsnasında onlara xəbərdarlıq etmişəm ki, bu təhlükəli yoldan çəkinsinlər. Onları təhrik edən və bu gün yenə də Azərbaycan üzərinə hücum etməyə vadar edən xarici dairələr, xarici ölkələr onların arxasında durmayacaq, sadəcə olaraq, dura bilməyəcək. Bizimlə bu bölgədə hərbi müstəvidə heç bir qüvvə rəqabət apara bilməz. Ona görə bir daha deyirəm, hələ ki, gec deyil, bu təhlükəli yoldan geri qayıtsınlar. Cənubi Qafqaz sülh, əmin-amanlıq, əməkdaşlıq bölgəsi olmalıdır. Ermənistanın genişmiqyaslı və sürətli silahlanması, öldürücü silahların tədarükü bu sülhü, mümkün olan sülhü poza bilər. Bir şeyi də qeyd etməliyəm, Azərbaycan, sadəcə olaraq, bu məsələ ilə bağlı tamaşaçı rolunda olmayacaq. Otuzillik işğal, dağıntılar, Qarabağın, Şərqi Zəngəzurun viran qoyulması, Xocalı soyqırımı, bir milyon insanımızın Ermənistanın ucbatından qaçqın, köçkün vəziyyətində yaşaması bizim xatirimizdən heç vaxt silinməyəcək. Biz bunu heç vaxt unutmayacağıq. Ermənistanın işğalçılıq siyasəti və mahiyyəti daim nəzərə alınmalıdır. Ona görə bir daha özümə borc bilib Ermənistan rəhbərliyinə növbəti xəbərdarlıq edirəm ki, bu təhlükəli yoldan çəkinsinlər. Bir də ki, bizimlə hərbi və istənilən sahədə rəqabət aparmaq onların iqtidarında deyil.
Ermənistanın kütləvi surətdə silahlanmasını nəzərə alaraq, biz gələn ilin hərbi büdcəmizi əhəmiyyətli dərəcədə artırmışıq. Bu, rekord həddə çatıb – 8,4 milyard manat səviyyəsinə qalxıb. Yenə də deyirəm, biz məcbur qalıb bunu bu səviyyəyə qaldırmışıq. Çünki Cənubi Qafqazda Ermənistanın başlatdığı silahlanma yarışında biz geridə qala bilmərik. Ancaq əgər bu silahlanma yarışı olmasaydı, həmin bu pulun ən azı, ən azı yarısı digər sahələrə istiqamətləndiriləcəkdi – Qarabağın, Şərqi Zəngəzurun bərpa edilməsinə, vətəndaşlarımızın sosial problemlərinin həllinə. Sadəcə olaraq, müqayisə üçün deyim. Hərbi xərclərimiz 8,4 milyard manat olacaq. Qarabağa və Şərqi Zəngəzura isə gələn il biz 4 milyard manat ayırırıq. Bunun tam əksi ola bilərdi. Sadəcə olaraq, Ermənistan və onun arxasında duran və onlara pis məsləhətlər verən ölkələr buna imkan vermir.
Bununla belə, Qarabağın və Şərqi Zəngəzurun bərpası uğurla gedir. Artıq 10 minə yaxın keçmiş məcburi köçkün bu torpaqlara qayıdıb, onlar üçün ən gözəl şərait yaradılıb. Bütövlükdə isə azad edilmiş ərazilərdə 30 mindən çox insan yaşayır, çalışır, işləyir – həm yeni açılmış müəssisələrdə, sosial obyektlərdə, inşaat işlərində. Gələn il təbii ki, oraya qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq. Onu da bildirməliyəm ki, 2021-ci ildən bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun bərpasına Azərbaycan 19 milyard manatdan çox vəsait ayırıb və bundan sonra da Böyük Qayıdış proqramının icra edilməsi bizim üçün prioritet məsələ olacaqdır.
Əlbəttə ki, bütün bu işləri görmək üçün iqtisadiyyatımız inkişaf etməlidir. Burada da yaxşı nəticələr var. Bu il ümumi daxili məhsul 4 faizdən çox, qeyri-neft sektorunda ümumi daxili məhsul 6 faizdən çox, qeyri-neft sənaye sahəsində isə artım 7 faizdən çox olub. Biz öz valyuta ehtiyatlarımızı artırmışıq və hazırda 72 milyard dollardan çox valyuta ehtiyatlarımız var. Eyni zamanda, xarici borcumuzu da azaltmışıq və bu gün Azərbaycanın xarici borcu cəmi 5,2 milyard dollardır. Yəni, başqa sözlə desək, bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir. İndi əgər bu rəqəmlərə yaxın olan rəqəm hər hansı bir inkişaf etmiş ölkədə varsa, onu mənə göstərsinlər. Bütün bu işləri görməklə yanaşı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, hərbi gücümüzün artırılması, sosial layihələrin icra edilməsi ilə yanaşı, biz bax, bu önəmli makroiqtisadi rəqəmləri əldə etmişik. Həm borcumuzu azaltmışıq, həm ehtiyatlarımızı artırmışıq və bu, imkan verir ki, biz geniş sosial proqramlar icra edək. Deyə bilərəm ki, 2019-cu ildən bu yana dörd sosial paket layihəsi, proqramı icra edilmişdir. Gələn il beşinci paket icra ediləcək. Bu layihələrə ayrılan və ayrılacaq vəsait 7,5 milyard manat olacaq.
Sosial sahəyə gəldikdə, onu da bildirməliyəm ki, 2025-ci ildən başlayaraq minimum əməkhaqqı 345 manatdan 400 manata, minimum pensiya isə 280 manatdan 320 manata qaldırılacaq. Artım təxminən 14-15 faizdir. Yəni, yenə də bütün bu böyük investisiya, sərmayə qoyuluşu layihələrinin icrasına baxmayaraq, sosial sahə, insanların güzəranı, insanların sosial müdafiəsi daim diqqət mərkəzində olacaqdır.
Bu il Azərbaycanda COP29 iqlim konfransı keçirildi. Deyə bilərəm ki, bu, bizim müstəqillik tariximizdə ən böyük beynəlxalq tədbirdir və hesab edirəm ki, dünya müstəvisində ən böyük və mötəbər beynəlxalq konfransdır. Cəmi on bir ay ərzində biz bu böyük tədbiri uğurla keçirdik. Qeydiyyatdan keçmiş 76 min iştirakçı öz gözləri ilə Azərbaycanın potensialını bir daha gördü. 197 ölkə, 80 dövlət və hökumət başçısı və vitse-prezident iştirak edib. Bu, bir daha göstərir ki, COP29-u Azərbaycana qarşı istifadə etmək istəyən bəzi Qərb ölkələrinin, onların nəzarətində olan dırnaqarası qeyri-hökumət təşkilatlarının və saxta media orqanlarının – onların bütün səyləri əbəs oldu on bir ay ərzində. Bu, hələ də davam edir. COP-dan sonra da artıq iki aya yaxındır davam edir, bizə qarşı şər, böhtan, yalan, iftira, uydurma kampaniyası aparılır – Azərbaycanı qaralamaq, Azərbaycanın imicinə zərbə vurmaq. Onun arxasında duran ölkələrin adlarını mən heç çəkmək də istəmirəm. Azərbaycan xalqı o ölkələri yaxşı tanıyır. Qeyri-hökumət təşkilatları hansı mənbədən vəsait alır, hansı paytaxtdan göstəriş alır, onu da Azərbaycan xalqı yaxşı bilir. Ümid edirəm ki, gələn ilin yanvarın sonlarından başlayaraq artıq Azərbaycana qarşı bu diskriminasiya və ayrı-seçkilik, şər, böhtan siyasətinə son qoyulacaq. Hər halda, ümidlər böyükdür.
Bu il Azərbaycan xalqı bir daha mənə böyük etimad göstərmişdir. Prezident seçkilərində mənə göstərilən dəstək məni daha da ruhlandırır, daha da gücləndirir. Daha da çox məni əmin edir ki, biz düzgün yolla irəliyə gedirik və bundan sonra da mən bu yüksək etimadı doğruldacağam. Hesab edirəm ki, Azərbaycan xalqında bu məsələ ilə bağlı hər hansı bir şübhə yoxdur. Azərbaycan 21 ildir inamla, uğurla, ləyaqətlə inkişaf edir. Bu illər ərzində çətinliklər də olub, sınaq məqamları da olub, müharibələr olub, bizə qarşı əsassız ittihamlar olub. Amma heç biri, heç biri bizi yolumuzdan döndərə bilmədi. Biz ərazi bütövlüyümüzü də bərpa etdik, dünya güclərinin istəklərinə rəğmən, dövlət suverenliyimizi də bərpa etdik, yenə də böyük dövlətlərin iradəsinə zidd olaraq. Ölkəmizi də inamla idarə edirik. Bizim ayağımıza dolaşmaq istəyənlər isə növbəti dəfə iflasa uğrayacaq.
Əziz həmvətənlər, bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bütün dünyada yaşayan azərbaycanlıları bu bayram münasibətilə ürəkdən təbrik edirəm. Əziz xalqıma cansağlığı, firavanlıq, xoşbəxtlik, səadət arzulayıram.
R.S.Tağıyevanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında mədəniyyət sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Röya Seyfəddin qızı Tağıyeva “Şərəf” ordeni ilə təltif edilsin.
Dekabrın 29-u görkəmli ədəbiyyatşünas alim, ictimai xadim, filologiya elmləri doktoru, professor, Xalq yazıçısı Əzizə Cəfərzadənin doğum günüdür.
AZƏRTAC milli təfəkkürümüzün yetişdirdiyi ən önəmli simalardan, XX əsr Azərbaycan ədəbiyyatının ən istedadlı nümayəndələrindən biri olan Əzizə Cəfərzadənin həyat və yaradıcılığının əsas məqamlarına nəzər salır.
O, 1921-ci il dekabrın 29-da Bakıda anadan olub. 38 nömrəli məktəbdə ibtidai təhsilini aldıqdan sonra Sabir adına Pedaqoji Texnikumda və Bakı Teatr Məktəbində oxuyub. Əlaçı oxuduğu üçün Azərbaycanda ilk dəfə təsis edilən M.F.Axundzadə mükafatına birinci o, layiq görülüb. 1942-1944-cü illərdə Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləyib. 1946-1947-ci illərdə ekstern yolu ilə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsini bitirib. 1957-1974-cü illərdə Əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə müdiri işləyib. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin professoru olub. XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin bilicisi kimi tanınan Əzizə Cəfərzadə 1950-ci ildə “XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri” mövzusunda namizədlik, 1970-ci ildə “XIX əsr Azərbaycan poeziyasında xalq şeiri üslubu” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
1937-ci ildə 16 yaşlı Əzizənin “Əzrayıl” adlı ilk hekayəsi “Ədəbiyyat” qəzetində çap edilsə də, 11 il sonra nəşr olunmuş ilk kitabı Moskvanın xüsusi qərarı ilə satışa çıxmadan yığışdırılaraq yandırılıb. Sovet senzurası gənc yazıçını salon lirikasını tərənnümdə, yəni “Axmatovşina”da ifşa edərək kitabı yığışdırır.
Müasir Azərbaycan nəsr tarixində tarixi roman janrı Əzizə Cəfərzadənin qələmi ilə yenidən canlanıb. 1963-cü ildə “Natəvan haqqında hekayələr”i yazır. Bu hekayələrdə o, Xurşidbanu Natəvanın həyatını dolğun ifadələrlə qələmə alıb. Müəllifin ilk tarixi romanı XIX əsrdə Şamaxıda yaşayıb yaradan məşhur şair Seyid Əzim Şirvaninin ədəbi həyatından bəhs edib. “Aləmdə səsim var mənim” adlı həmin roman 1973-1978-ci illərdə yazılıb. Paralel olaraq yazdığı “Vətənə qayıt” tarixi romanı isə 1977-ci ildə çap edilib. 1980-ci ildə Abbas Səhhətin həyat və yaradıcılığından bəhs edən “Yad et məni” romanını, cəmi bir il sonra Şah İsmayıl Xətai və onun Bakıya yürüşü tarixini özündə əks etdirən “Bakı-1501” tarixi romanını yazıb. “Cəlaliyyə” (1983) romanında isə XII əsr Naxçıvanın qadın hökmdarı Cəlaliyyənin Vətənin müdafiəsi uğrunda apardığı mübarizənin tarixini dəqiqliklə göstərib. İstər tarixi, istərsə də ədəbi prosesləri gözəl bilən və daima axtarışda olan ədəbiyyatşünas alim Azərbaycan ədəbiyyatında öz qələmi ilə silinməz iz qoyub. “Sabir” (1989) romanı XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayıb-yaradan məşhur satirik şair Mirzə Ələkbər Sabirə, “Eldən elə” (1992) XIX əsrdə 37 il dünya səyahətində olan coğrafiyaşünas Zeynalabdin Şirvaniyə həsr edilib. “Bir səsin faciəsi” (1995), “Gülüstan”dan öncə” (1996), “Zərrintac-Tahirə” (1996), “İşığa doğru” (1998), “Bəla” (2001), “Rübabə sultanım” (2001) tarixi romanları Əzizə Cəfərzadənin fasiləsiz axtarışlarının məhsuludur.
Əzizə Cəfərzadənin 2003-cü ildə qələmə aldığı “Xəzərin göz yaşları” adlı povesti isə 1938-ci ildə Azərbaycanda yaşayan Cənubi azərbaycanlıların Stalin rejimi tərəfindən 3-4 gün ərzində İrana məcburi deportasiyasına həsr olunub. Əzizə Cəfərzadə Şərqin dühası Məhəmməd Füzuli yaradıcılığına gözəl bələd olduğundan, ölümündən bir az əvvəl onun həyatı haqqında “Eşq sultanı” adlı romanını yazıb.
Yazıçının “Sahibsiz ev” (1966), “Əllərini mənə ver” (1970), “Sənsən ümidim” (1984), “Xəyalım mənim” (2002) əsərləri geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanıb. Uşaqları yaddan çıxarmayan Əzizə Cəfərzadə “Qızımın hekayələri” (1964), “Anamın nağılları” (1982), “Çiçəklərim” (1988), “Pişik dili” (2001) kimi hekayələr və nağıllar yazıb.
Azərbaycan dilinin saflığını qoruyan və onu təbliğ edən ədəbiyyatşünas alimin elmi əsərləri də bədii ədəbiyyat nümunələri kimi daim oxunur. “Fatma xanım Kəminə” (1971), “Könül çırpıntıları” (1972), “Azərbaycanın aşıq və şair qadınları” (1974, 1991), “Azərbaycanın şair və aşıq qadınları” (II nəşr 2003), “Şirvanın üç şairi” (1971), “Mürcüm Kərim Vardani. Sünbülüstan” (1978), “Abdulla Padarlı. Seçilmiş əsərləri” (1979), “Hər budaqdan bir yarpaq” (1983) kitabları yazıçıya xüsusilə şöhrət gətirib.
Ana və qadın mövzusuna xüsusi önəm verən yazıçının folklor araşdırmaları, etnoqrafik yazıları da maraq doğurur: “Bayatı düşüncələrim”, “Xızır Nəbi”, “Novruz” və başqa əsərlər bu qəbildəndir. Əzizə Cəfərzadə iştirak etdiyi beynəlxalq konfranslarda, xarici səfərlərində daim Azərbaycan və onun tarixi haqda məlumatlar verməklə yanaşı, həmin ölkələrin kitabxana və fondlarında Vətənimizlə bağlı məlumatları araşdıraraq toplayıb. Bu məqamlar Əzizə xanımın səyahət gündəliklərində öz əksini tapıb.
Əzizə xanım 1965-1966-cı illərdə pilot olan həyat yoldaşı ilə birlikdə Qanada (Afrika) yaşamalı olub və həmin illərin xatirələri 1968-ci ildə çap olunan “Qızıl sahilə səyahət” xatirə kitabında toplanıb.
Xalq yazıçısı Əzizə Cəfərzadə 2003-cü il sentyabrın 4-də vəfat edib.
Bu gün Beynəlxalq Muğam Mərkəzinin fəaliyyətə başlamasından 16 il ötür.
AZƏRTAC 2008-ci il dekabrın 27-də Bakıda, Dənizkənarı Milli Parkda qədim musiqi alətimiz olan tarın quruluşunda, eyni zamanda, modern memarlıq üslubunda tikilmiş Beynəlxalq Muğam Mərkəzinin (BMM) fəaliyyətinə nəzər salır.
Azərbaycanda muğam ifaçılarının və tədqiqatının təbliğini ehtiva edən ilk rəsmi mərkəzin açılışında iştirak edən Prezident İlham Əliyev demişdir: “Bu bina Azərbaycan xalqına xidmət edəcəkdir. Bu binada gözəl tədbirlər keçiriləcəkdir, gözəl konsertlər, muğam gecələri keçiriləcəkdir. Muğam bizim milli sərvətimizdir, çox böyük dəyərimizdir. Azərbaycan xalqı əsrlər boyu bu sənəti yaşatmışdır və bu gün çox vacibdir ki, bu gözəl sənət, Azərbaycan xalqının milli dəyəri olan muğam nəsildən-nəslə keçir”.
Ölkə başçısının dediyi kimi, ötən müddət ərzində Beynəlxalq Muğam Mərkəzində bir sıra mühüm layihələr reallaşdırılıb, saysız-hesabsız konsertlər keçirilib, korifey sənətkarlarımızın yubileyləri təşkil olunub. BMM-in böyük maraqla gözlənilən “Muğam axşamları” layihəsi çərçivəsində silsilə konsertlər keçirilir. Bundan əlavə mərkəzin musiqinin müxtəlif janrlarını əhatə edən “Aşıq musiqisi axşamları”, “Vokal musiqi axşamları”, “Muğamat var olan yerdə”, “Unudulmayanlar” və digər layihələrinin konsertləri tamaşaçılar tərəfindən maraqla izlənilir.
Yeri gəlmişkən, vurğulamalıyıq ki, Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı möhtəşəm layihələr sırasında xüsusi əhəmiyyəti olan bu mərkəzin inşası Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva muğam sənətimizi dünyanın ən nüfuzlu konsert salonlarına çıxartdı, bu sənəti təkcə Azərbaycanın deyil, dünyanınkı etdi. Onun fədakar fəaliyyəti, milli dəyərlərimizə sonsuz sevgi və qayğısı Azərbaycan muğamını UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil etdi.
Azərbaycanın birinci xanımı illər əvvəl “Azərbaycan-İrs” jurnalında dərc olunmuş “Qarabağ muğamı” adlı məqaləsində bu mədəniyyət xəzinəsinin sirlərini, mətləblərini belə təsvir etmişdi: “Çoxəsrlik tarixə malik olan Azərbaycan muğamı, mütəxəssislərin rəyinə görə, Şərq intibahı çağında özünün çiçəklənmə dövrünü yaşamışdır. Sonrakı dövrlər bu sənətin mahiyyət və məzmununu əsla dəyişdirə bilməmişdir.
Bu gün də muğam bir tərəfdən keçmişdən bu günə yaşayan mənəvi sərvət, digər tərəfdən isə son dərəcə çağdaş sənət aləmi kimi bütün varlığı ilə yaşamaqdadır. Burada sənətin ənənə ilə qəti olaraq müəyyən edilmiş normaları və yaradıcılıq prosesindəki improvizasiya imkanları heyrətamiz bir vəhdət, ahəngdarlıq təşkil edir”.
Azərbaycan xalqının min illərlə formalaşan tükənməz xəzinəsi olan muğamlarımızı yaşadan, təbliğ edən bu gözəl, möhtəşəm bina bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti öz milli sənəti olan muğama çox böyük sevgi ilə yanaşır. Bina həm xarici görünüşü və memarlıq baxımından çox gözəldir, həm də daxili tərtibat da göz oxşayır.
Azərbaycan muğamlarının təbliği istiqamətində yorulmadan fəaliyyət göstərən Xalq artisti Mənsum İbrahimov da BMM-in yaranması və ötən dövr ərzində görülən işləri yüksək qiymətləndirib: “Heydər Əliyev Fondu yaranan gündən bizim muğamımızın yeni inkişaf dövrü başlayıb. Keçirilən muğam televiziya müsabiqələri, beynəlxalq muğam müsabiqələri nəticəsində bizim onlarla gənc muğam ifaçısı sənətimizə gəlib. Artıq onların fəxri adları var. Heç bir dövrdə bizim sənətimizə bu qədər gənc ifaçı gəlməyib. Bu, çox böyük bir rəqəmdir. Biz hər dəfə müsabiqədən əvvəl bölgələrə gedib seçim turları keçiririk. Bu tədbirlərin ən yaddaqalanları Beynəlxalq Muğam Mərkəzində təşkil edilir. Bu mərkəzdə gözəl tədbirlər, gözəl yubileylər, gözəl konsertlər və müsabiqələr keçiririk. Burada əsl muğam ab-havası var. Biz çalışırıq ki, muğamımızı həm də xarici dövlətlərdə gözəl təbliğ edək, musiqimizi, muğamımızı xarici vətəndaşlara öz çıxışlarımızla, öz ifalarımızla yüksək səviyyədə çatdıraq”.
Beynəlxalq Muğam Mərkəzinin ötən dövr ərzində əsl musiqi beşiyinə çevrildiyini söyləyən Xalq artisti Teyyub Aslan deyib ki, qədim və zəngin mədəniyyətimizin vizit kartı muğam, eyni zamanda, xalqımızın malik olduğu milli mədəniyyətin koloriti, hər birimizin mənəvi və ruhi qidasıdır: “Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda, Ağdamda Ağcabədidə və Füzulidə inşa olunan Muğam mərkəzləri ölkəmizdə bu sənətin inkişafına mühüm töhfələr verib. Bu mərkəzlərdə çıxış edən gənc ifaçılar bizim milli irsimizi, muğam sənətimizi nəyinki ölkəmizdə yaşadır, həm də dünyada layiqincə təbliğ edirlər. Sevindirici haldır ki, biz tez-tez Beynəlxalq Muğam Mərkəzində korifey sənətkarlarımızın yubileylərini keçirir, gənc ifaçıların konsertlərini dinləyirik. Bizə qürur verən bu işlər muğam irsimizin əbədiyaşarlığını bir daha təsdiqləyir”.
Bütün deyilənlər təsdiqləyir ki, Beynəlxalq Muğam Mərkəzi istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda bütün azərbaycanlıların həyat hekayətinə çevrilən muğamın təbliğinə, inkişafına öz töhfəsini verməkdədir.
Qarabağ işğaldan azad edilib, qarabağlılar qayıdırlar…
AZƏRTAC xəbər verir ki, növbəti nömrəsi Moskvada işıq üzü görmüş “İRS-Haslediye” beynəlxalq jurnalının baş redaktoru Musa Mərcanlının məqaləsi belə sərlövhə ilə dərc edilib.
Müəllif “Böyük Qayıdış” proqramı çərçivəsində öz doğma yurdlarına qovuşan məcburi köçkünlərdən bəhs edir. “Şən həyəcanla işıqlanan gənc, uşaq, qoca üzlər, bir çoxunda bu hissə kədər də qarışır… İlk növbədə, igid xilaskar əsgərlərə və dövlətimizin başçısına sevinc ifadələri, minnətdarlıq və xoş arzular… Bütün bunlar Azərbaycan televiziyasında artıq keçmiş məcburi köçkün dəstələrinin öz doğma yerlərinə – işğaldan azad edilmiş Qarabağa daimi yaşamaq üçün göndərilməsi ilə bağlı müntəzəm reportajlardandır.
“Bu cür xəbərlər 2024-cü ilin sonuna yaxınlaşdıqca xəbər verilişlərinin mühüm xüsusiyyətinə çevrildi. Bunlar azad edilmiş torpaqların bərpası və dirçəldilməsi üzrə genişmiqyaslı səylərin davamlı irəliləyişindən xəbər verir – bu işlərdə dövlətlə yanaşı, milli özəl sektor da getdikcə daha fəal iştirak edir, bəzi dost xarici ölkələrin layiqli töhfələri də getdikcə daha nəzərəçarpan olur”, – deyə M.Mərcanlı yazır.
Qarabağ işğaldan azad edilib, Azərbaycanla Ermənistan arasında hərbi münaqişə başa çatıb. Amma otuz ildən artıq uzanan münaqişənin nəticələrinin hələ uzun müddət hiss olunacağı şübhəsizdir. Təkcə siyasi müstəvidə deyil, ilk növbədə, qarşıdurma xəttinin hər iki tərəfində çoxları üçün psixoloji travma şəklində qalacaq və bu kütləvi ürək yarası istər-istəməz mədəniyyət sferasında da öz əksini tapacaq.
Bu nömrədə münaqişədən sonrakı dövrdə erməni kinosuna nəzər salınan məqalə yer alıb.
Ən diqqətçəkən filmlər müəlliflərin son müharibəyə və onun nəticələrinə reaksiyasını və nöqteyi-nəzərini əks etdirir – bəziləri üçün bu, siyasiləşdirilir, bəziləri üçün isə daxili, şəxsi filmə çevrilir. Etiraf etməliyik ki, birinci yanaşma üstünlük təşkil edir və bu, obyektiv olaraq iki qonşu ölkə arasında revanşizmin qızışdırılmasında və düşmənçiliyin davam etdirilməsində maraqlı olanların işini asanlaşdırır.
Rusiya imperiyasının Osmanlı Türkiyəsi və Qacar İranı ilə qarşıdurmada Cənubi Qafqaza doğru irəliləməsində mühüm mərhələ olan 1783-cü il Georgiyevsk müqaviləsi haqqında məqalə tarix həvəskarlarının marağına səbəb olacaq. Bu nəşrdən aydın olduğu kimi, Georgiyevsk müqaviləsi Rusiyanın rəqibi olan Osmanlı imperiyasını regiondan sıxışdırıb çıxarmaq üçün Qafqazda xristian ittifaqı yaratmaq üçün atdığı ilk strateji addımlardan biridir.
İlin son buraxılışında müəyyən olunmuş qaydada ənənəvi bölmələrdən materiallar da təqdim olunub.
Teymur Əhmədov 25 dekabr 1930-cu ildə Şəmkir şəhərində anadan olmuş, 1936-cı ildə ailəlikcə valideynlərinin vaxtilə deportasiya olunduğu İrəvana köçmüşdür. 1949-cu ildə Qərbi AzərbaycanınZəngibasar (indiki Masis rayonu) rayonunda orta məktəbi qızıl medalla bitirmiş, təhsilini Bakı Dövlət Universitetinin filologiya fakültəsində davam etdirmişdir (1949–1954). Eyni zamanda 1954–1958-ci illərdə Ermənistan KP MK-nın orqanı “Sovet Ermənistanı” qəzetində müxtəlif vəzifələrdə çalışmış, Ermənistan KP İrəvan şəhər komitəsi yanında Marksizm-Leninizm Axşam Universitetini (1955–1957), Moskvada isə “Pravda” qəzeti nəzdində olan Ümumittifaq jurnalistika və fotoreportaj üzrə qiyabi lektoriyanın jurnalistika şöbəsini (1959–1961) bitirmişdir[1].
1961–1964-cü illərdə AEA-nın Nizami adına Dil və Ədəbiyyat İnstitutunda aspirantura təhsili almış, “Nəriman Nərimanovun dramaturgiyası” mövzusunda namizədlik (1966), “Nəriman Nərimanovun yaradıcılıq yolu” mövzusunda doktorluq işi müdafiə etmişdir. 1984-cü ildə nəşr edilən “Nəriman Nərimanov” kitabı rus, ingilis, fransız və ərəb dillərində kütləvi tirajla nəşr edilib.
1965–1968-ci illərdə “Azərbaycan” jurnalı redaksiyasında şöbə müdiri, 1968-ci ildə AEA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş elmi işçi, Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində müdir müavini (1968–1990), 1988-ci ildən aparıcı elmi işçi olmuşdur.
1990–1991-ci illərdə “Vətən həsrəti”, 1992–1993-cü illərdə “Hikmət”, “Yeni fikir” qəzetlərinin baş redaktoru işləmişdir. 1996-cı ildən Ədəbiyyat İnstitutunda Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, 1995-ci ildən “Respublika” qəzetinin baş redaktorudur.
AEA “Dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları problemi” üzrə Respublika Əlaqələndirmə Şurasının elmi katibi (1968-ci ildən), Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının və Azərbaycan Qaçqınlar Cəmiyyətinin İdarə Heyətinin üzvü kimi geniş elmi axtarışlar aparmış, AMEA Milli Münasibətlər İnstitutunda Elmi nəşriyyat şöbəsinin müdiri və “Elturan” (“Milli məsələlər”) jurnalının məsul redaktoru olmuşdur (1992–2003).
Səmərəli əməyi dövlət tərəfindən yüksək dəyərləndirilərək Azərbaycan Ali Soveti Rəyasət heyətinin fəxri fərmanı (1982), akademik Yusif Məmmədəliyev adına mükafat və medalla qiymətləndirilmiş, 1996-cı ildə “İlin layiqli ziyalısı” fəxri adına layiq görülmüş, 2002-ci ildə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasında jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 2020-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub[2]
Teymur Əkbər oğlu Əhmədov ilk gənclik illərindən bədii yaradıcılıqla da məşğul olmuş, “Ülkər” adlı şeir və hekayələr kitabı 1961-ci ildə İrəvanda işıq üzü görmüşdür. “Dostluq nəğməkarı”, “Nəriman Nərimanovun dramaturgiyası”, “Nəriman Nərimanov”, “Vedibasarın qanlı-qadalı günləri”, “Erməni xəyanəti və ya Andranik Ozanyanın qanlı əməlləri (1918–1920-ci illər)”, “Mirzə İbrahimov” və s. monoqrafiyaları dərin oxucu marağı qazanıb. “Azərbaycan sovet yazıçıları (ədəbi sorğu kitabı)” (1987), “Azərbaycan yazıçıları (Ensiklopedik məlumat kitabı)” (1995) da sizin məhsuldar əməyi sayəsində araya-ərsəyə gəlib.
2007-ci ildən başlayaraq Azərbaycan mətbuatında dərin iz qoymuş “Füyuzat” jurnalının 100 il sonra yenidən təsisinə başlayan Teymur Əhmədov “Füyuzat” jurnalının baş redaktorudur.
Teymur Əhmədov 16 mart 2021-ci ildə 90 yaşında koronavirusdan dünyasını dəyişib.
Kitabları
Azərbaycan yazıçıları XX–XXI yüzillikdə (ensiklopedik məlumat kitabı). Bakı: Nurlar, 2011, 1056 səh.
Dekabrın 24-də Bakıda “İRS” silsiləsi çərçivəsində 2024-cü ildə nəşr edilən kitabların təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.
“İRS” Nəşriyyat Evinin baş redaktoru Musa Mərcanlı bildirib ki, bu gün hamımız mədəni irsimizin, mədəniyyətimizin, incəsənətimizin işığına toplaşmışıq. O, bu il nəşriyyat evi tərəfindən müxtəlif dillərdə çap olunmuş kitablar haqqında məlumat verib. Vurğulayıb ki, nəfis tərtibatı və yüksək bədii-estetik görünüşü ilə diqqəti cəlb edən nəşrlərdə Azərbaycanın tarixi, mədəniyyəti, milli irsi dünyaya müxtəlif dillərdə təqdim olunur.
Artıq 13 ildir kitab nəşri ilə məşğul olduqlarını bildirən M.Mərcanlı bu il işıq üzü görən beş kitab – “Qarabağ yeni sətirdən”, “COP29: Yaşıl ümid rəngidir”, “Şirvanşahların bininci yılı”, “Şuşa” və “Kralın Kitabı” haqqında məlumat verib. Bildirib ki, birinci kitab məhz Qarabağın dirçəlişi ilə bağlıdır. Kitabda doğma, əziz Qarabağda aparılan tikinti, quruculuq, bərpa işləri, insanların qayıdışı barədə məlumatlar öz əksini tapıb.
“Ümumilikdə Qarabağla bağlı 10-a yaxın kitab nəşr etmişik. Qarabağın mədəniyyəti, tarixi, incəsənəti o qədər zəngindir ki, onlar haqqında yazmaq, gələcək nəsillərə çatdırmaq olduqca vacibdir. Bizim bu gün nəşr etdiyimiz kitabların siyahısında miniatür əsərləri də qeyd etmək istəyirəm. Bu da sözügedən istiqamətdəki silsilə kitabların ikincisidir. Bundan əlavə, COP29 zamanı buraxdığımız kitab yeddi dildə nəşr olunub”.
Baş redaktor diqqətə çatdırıb ki, “İrs” jurnalı artıq 25 ildir işıq üzü görür və 20 dildə dünyaya yayımlanır. Jurnal ölkəmizin mədəniyyətini, tarixini, coğrafiyasını Azərbaycanın hüdudlarından kənarda tanıtmaq, orada yaşayan çoxsaylı soydaşlarımızı yenidən öz köklərinə qaytarmaq məqsədilə nəşr olunur. Bu dərgi Azərbaycanın mədəniyyəti, tarixi, etnoqrafiyası, xüsusilə də, ən əsası, Qarabağ məsələsi, erməni təcavüzü ilə bağlı əsl həqiqətləri işıqlandırmağı və xarici ölkələrə yaymağı qarşıya məqsəd qoyub. Jurnalımızın bir özəlliyi də hər kəslə məhz doğma dilində “dil tapması”dır. “İrs”in materialları əsasında kitablar da buraxılır. “İrs” seriyası ilə ildə 2-3 kitab işıq üzü görür. Bu il isə bu seriyadan beş kitab hazırlanıb. Bunlar bir növ ensiklopedik nəşrlərdir. Burada “İrs” jurnallarında çap edilmiş materialların daha geniş işlənmiş, əhatəli tədqiqatı yer alır. Bu ensiklopedik “İrs” kitabları Azərbaycanın xaricdə tanıdılması istiqamətində yeni səhifə açıb.
Eldar Rəsulovun moderatorluğu ilə davam edən tədbirdə “Paşa Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov, mədəniyyət nazirinin müavini Fərid Cəfərov və başqaları çıxış edərək “İRS” Nəşriyyat Evinin mədəniyyətimizin dünyada tanıdılması istiqamətində gördüyü işləri yüksək qiymətləndiriblər.
Bildirilib ki, “Qarabağ yeni sətirdən” kitabında da vurğulandığı kimi, bu gün Qarabağda böyük bərpa-quruculuq işləri həyata keçirilir. Bu gün tariximizin ən şərəfli günlərini yaşayırıq. Artıq 30 illik həsrətdən sonra torpaqlarımız, Qarabağımız, mədəniyyətimizin beşiyi Şuşa azaddır. Bütün dünyaya bəyan edirik ki, bu torpaqların əsl sahibləri bizik. Hazırda burada mədəniyyətimizi, ruhumuzu, milli kimliyimizi qaytarmaq istiqamətində böyük işlər görülür, oralar canlanır. Bu kitablar vasitəsilə dünya Ermənistanın işğal dövründəki qeyri-qanuni əməllərindən, cinayətlərindən xəbərdar olacaq.
Vurğulanıb ki, “İRS” seriyasından nəşr olunan kitablar Azərbaycanın tarixi-mədəni zənginliyini müxtəlif dillərdə oxuculara çatdırır. Natiqlər yeni nəşrlərin ərsəyə gəlməsində əməyi keçən yaradıcı heyətə uğurlar arzulayıblar.
İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.
1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb.
1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil alıb. MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub.
1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb və 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub.
1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.
1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib.
1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib.
1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir.
1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.
2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib.
2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Bununla əlaqədar deputat səlahiyyətlərinə xitam verilib.
İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib.
2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib.
2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.
2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.
2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.
Evlidir. Üç övladı, beş nəvəsi var.
Təltiflər və fəxri adların siyahısı:
Ordenlər
Rumıniyanın “Rumıniya Ulduzu” ordeni (11 oktyabr 2004-cü il)
Səudiyyə Ərəbistanı Krallığının “Kral Əbdüləziz” ordeni (8 mart 2005-ci il)
Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının I dərəcəli Aleksandr Nevski ordeni (11 aprel 2005-ci il)
Azərbaycan Respublikasının “Heydər Əliyev” ordeni (28 aprel 2005-ci il)
Rus Pravoslav Kilsəsinin I dərəcəli Müqəddəs Serqi Radonejski ordeni (14 sentyabr 2005-ci il)
Qafqaz Müsəlmanları İdarəsinin “Şeyxülislam” ordeni (22 dekabr 2005-ci il)
Fransa Respublikasının “Fəxri Legionun Böyük Xaç Komandoru” ordeni (29 yanvar 2007-ci il)
Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Xaç ordeni (26 fevral 2008-ci il)
Ukraynanın 1 dərəcəli “Knyaz Yaroslav Mudrı” ordeni (22 may 2008-ci il)
Küveyt Dövlətinin “Mübarək əl-Kəbir” ordeni (10 fevral 2009-cu il)
Latviya Respublikasının “Üç Ulduz” ordeninin “Böyük Xaç Kavaleri” dərəcəsi (10 avqust 2009-cu il)
Rus Pravoslav Kilsəsinin “I dərəcəli Şöhrət və Şərəf” ordeni (24 aprel 2010-cu il)
Rumıniyanın “Sadiq Xidmət” milli ordeninin Böyük Xaç ranqı (18 aprel 2011-ci il)
Rumıniyanın “Sadiq Xidmət” milli ordeni (18 aprel 2011-ci il)
Bolqarıstan Respublikasının “Stara Planina” ordeni (14 noyabr 2011-ci il)
Tacikistan Respublikasının “İsmoili Somoni” ordeni (12 iyul 2012-ci il)
Belarusun “Xalqlar dostluğu” ordeni (28 avqust 2012-ci il)
“Serbiya Respublikasının lentli Ordeni” (22 fevral 2013-cü il)
Türkiyə Respublikasının “Dövlət nişanı” ordeni (12 noyabr 2013-cü il)
Ukraynanın “Azadlıq” ordeni (18 noyabr 2013-cü il)
Türk Dünyasının Ali Ordeni (12 noyabr 2021-ci il)
Fəxri elmi adlar
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun fəxri doktoru (7 fevral 2004-cü il)
Lev Qumilyov adına Qazaxıstan Dövlət Avrasiya Universitetinin fəxri professoru və “Qızıl döyüşçü” medalı (1 mart 2004-cü il)
Türkiyənin Qırıqqala Universitetinin fəxri doktoru (25 mart 2004-cü il)
Türkiyənin Bilkənd Universitetinin fəxri doktoru və İhsan Doğramacı adına Dünya Sülh Mükafatı (14 aprel 2004-cü il)
Rumıniyanın Ployeşti Neft-Qaz Universitetinin fəxri doktoru (12 oktyabr 2004-cü il)
Bolqarıstan Milli və Dünya Təsərrüfatı Universitetinin fəxri professoru (23 sentyabr 2005-ci il)
Koreya Respublikasının Kyunq He Universitetinin fəxri doktoru (24 aprel 2007-ci il)
İordaniya Universitetinin fəxri doktoru (29 iyul 2007-ci il)
Macarıstanın Korvinus Universitetinin fəxri doktoru (18 fevral 2008-ci il)
Moskva Dövlət Universitetinin fəxri professoru (21 fevral 2008-ci il)
Taras Şevçenko adına Kiyev Milli Universitetinin fəxri doktoru (22 may 2008-ci il)
Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin fəxri professoru (28 noyabr 2008-ci il)
Bakı Dövlət Universitetinin fəxri doktoru (2 noyabr 2009-cu il)
Belarus Dövlət Universitetinin fəxri professoru (12 noyabr 2009-cu il)
Tacikistan Milli Universitetinin fəxri doktoru (16 oktyabr 2014-cü il)
Çinin Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomu (11 dekabr 2015-ci il)
İdman təşkilatlarının mükafatları
Dünya Taekvondo Federasiyasının 6-cı Dan Qara kəməri və sertifikatı (10 oktyabr 2003-cü il)
Beynəlxalq Güləş Federasiyasının (FİLA) xüsusi mükafatı (3 aprel 2004-cü il)
Beynəlxalq Olimpiya Komitəsinin “Olimpiya” ordeni (19 aprel 2004-cü il)
Avropa Həvəskar Boks Assosiasiyasının xüsusi mükafatı (1 may 2004-cü il)
Beynəlxalq Hərbi İdman Şurasının “Böyük Kordon” Şərəf ordeni (27 may 2005-ci il)
MDB Ölkələri İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının Fərqlənmə nişanı (26 sentyabr 2005-ci il)
Beynəlxalq Güləş Federasiyasının (FİLA) “İdman əfsanəsi” medalı (17 sentyabr 2007-ci il)
Belarus Milli Olimpiya Komitəsinin ali mükafatı (26 oktyabr 2007-ci il)
Azərbaycan Milli Olimpiya Komitəsinin “Olimpiya” ordeni (27 dekabr 2007-ci il)
Ümumdünya Karate Federasiyasının Fəxri 9-cu Dan dərəcəsinin diplomu (20 mart 2008-ci il)
Avropa Ədalətli Oyunlar Hərəkatının “Şərəf” nişanı (15 may 2009-cu il)
Beynəlxalq Paralimpiya Komitəsinin ali paralimpiya mükafatı (26 iyun 2015-ci il)
Bakı Peşəkarlar Akademiyasının təsisçisi Gülər Hüseynovanın müəllifi olduğu “METODİKA və PEDAQOGİKA” adlı kitabı “İlin kitabı” seçildi.
Qeyd edək ki, sözügedən kitab Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən Müəllimlərin İşə Qəbulu (MİQ) və Sertifikasiya imtahanları üçün nəzərdə tutulub.
Malayziya Beynəlxalq İslam Universitetində müsəlman ölkələrinin ənənəvi mədəniyyət festivalı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, beynəlxalq tədbir çərçivəsində müxtəlif ölkələrin milli stendləri, kitab sərgisi, İslam xəttatlığı müsabiqəsi, ölkələrin musiqi və mədəniyyətinin təqdimatı təşkil olunub. Azərbaycanın Malayziyadakı səfirliyinin hazırladığı stenddə ölkəmizin tarixi, mədəniyyəti, turizm potensialı, ədəbiyyatı və musiqisi ilə bağlı təbliğat xarakterli materiallar nümayiş etdirilib və ziyarətçilərə paylanılıb.
Tədbir çərçivəsində, həmçinin ölkəmizin tanıtımı ilə bağlı videoçarx nümayiş olunub, Malayziya Beynəlxalq İslam Universitetində təhsil alan tələbələrimiz Hafiz Rəhimov, Şahin Müzəffərov, Aqşin Məmmədov Azərbaycan milli rəqslərini və musiqi nümunələrini ifa ediblər.
Avstriyanın məşhur “Second Records” leybl şirkəti Azərbaycanın caz ustası Rain Sultanovun görkəmli caz truba ifaçısı Kenni Uiler ilə birgə “Jazz Standards Live” qoşa vinil valını buraxıb. Onların kompozisiyaları caz standartları kitabına və “Real Book”a (caz standartları toplusu) da daxil edilib.
AZƏRTAC-ın müxbiri ilə söhbətində Rain Sultanov deyib ki, bu layihənin reallaşdırılması onun həyatında böyük hadisədir.
“Kenni Uiler kimi görkəmli musiqiçi ilə eyni səhnəni bölüşmək, onunla ifa etmək mənim üçün böyük şərəf idi. Kenninin artıq aramızda olmadığı bir vaxtda indi vinil valının buraxılması xüsusilə dəyərlidir. Mən taleyə minnətdaram ki, musiqimiz olduğu valı əlimdə tuta bilərəm”.
Albomda Mr. P.C., “Body & Soul”, “Blue Monk”, “Don’t Worry Baby” caz standartları, eləcə də Kenny Uillerin bəstələri yer alıb. “Jazz Standards Live” layihəsində Azərbaycanın Əməkdar artistləri Şahin Növrəsli (piano) və Ruslan Hüseynov (bas), həmçinin Pol Klarvis (baraban) iştirak ediblər. Bu, Rain Sultanovun Avropa leyblinin buraxdığı beşinci vinil valdır. Klassik vinil valların ənənələri Rain Sultanov tərəfindən 2017-ci ildə Azərbaycan təbiətinin qorunmasına həsr olunmuş “Inspired by Nature” layihəsinin buraxılması ilə ölkəyə qaytarılıb.
Bu gün görkəmli heykəltaraş, Xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ömər Eldarovun 97 yaşı tamam olur. Həyatının 60 ildən çoxunu heykəltaraşlıq sənətinə həsr edən görkəmli sənətkar bir çox bənzərsiz sənət əsərləri yaradıb. Bu sırada Ulu Öndər Heydər Əliyevin, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın qəbirüstü abidələri, Tokay Məmmədovla birgə ucaltdığı Füzulinin heykəli və daha neçə-neçə sənət incisi var. Təsadüfi deyil ki, sənətşünaslar Ömər Eldarovu milli heykəltaraşlığımızın lideri kimi səciyyələndirirlər.
AZƏRTAC adı dünya miqyaslı sənətkarlarla bir sırada çəkilən, “İstiqlal”, “Şərəf” və “Heydər Əliyev” ordenli akademik Ömər Eldarovun həyat və yaradıcılığının bəzi məqamlarına nəzər salır.
Ömər Eldarov 1927-ci ildə dünyaya göz açıb. Azərbaycan Rəssamlıq Məktəbində, sonra isə Rusiyanın Leninqrad (indiki Sankt-Peterburq) şəhərində İ.Repin adına Rəngkarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunun Heykəltaraşlıq fakültəsində təhsil almış Ömər Eldarov gənc yaşlarından yerli və beynəlxalq sərgilərdə fəal iştirak edib.
Bütün mənalı ömrü boyu Ömər Eldarov yaradıcılıqla yanaşı, həm də Azərbaycanın ictimai və mədəni həyatının fəal iştirakçısı olub. Təsadüfi deyildir ki, o, 1958-1968-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının katibliyinə üzv seçilib, 1970-ci ildə isə SSRİ Rəssamlıq Akademiyasının heykəltaraşlıq üzrə Bakıdakı yaradıcılıq emalatxanasının rəhbəri təyin edilib. Eyni zamanda, Bakı Sovetinin deputatı (1969-1973) kimi fəaliyyət göstərib, mədəni-maarif işi üzrə komissiyanın rəhbəri olub. 1995-ci ildə isə müstəqil Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilən Ömər Eldarov parlamentdəki 5 illik fəaliyyəti dövründə xalqın elçisi vəzifəsinin öhdəsindən layiqincə gəlib.
Ümumiyyətlə, 60 ilə yaxın bir dövrü əhatə edən yaradıcılıq fəaliyyəti ərzində onun xeyir-duası ilə bir neçə nəsil istedadlı heykəltaraş bu çətin, eyni zamanda, şərəfli sənətin yollarında irəliləyib və bu gün də irəliləməkdədir.
Düşənbədə ucaldılmış Sədrəddin Ayninin abidəsinin (1978) məhz Ö.Eldarovun tişəsindən çıxması da tacik sənət xiridarlarının azərbaycanlı heykəltaraşın sənətinə böyük inamının ifadəsidir. Görkəmli tişə ustası bu əsərinə xas olan monumental duyumunu sonrakı illərdə Əbu Əli ibn Sinanın (Düşənbə, 1980), məşhur dramaturq Hüseyn Cavidin (Bakı, 1993), rəssam Əzim Əzimzadənin (Bakı, 2001), bəstəkar Müslüm Maqomayevin (Bakı, 1987), İhsan Doğramacının (Ankara, 2001), Ümummilli Liderimiz Heydər Əliyevin (Qars, 2001) və dirijor Niyazinin (Bakı, 2017) abidələrində də nümayiş etdirə bilmişdir.
Bu yerdə deyək ki, Ulu Öndərin obrazı heykəltaraşın yaradıcılığında xüsusi yer tutur. O, Heydər Əliyevin Naxçıvanda, Bakıda və digər şəhərlərdə ucaldılmış neçə-neçə abidəsinin müəllifidir. Ömər Eldarov çox yaxından tanıdığı və uzun illər ərzində dostluq etdiyi görkəmli siyasi xadimin şəxsiyyətinə xas olan yaddaqalan keyfiyyətləri müxtəlif materiallarda böyük sənətkarlıqla əbədiləşdirməyə nail olub. Ulu Öndərin Fəxri xiyabandakı və Ali Məhkəmə binasındakı abidəsi özündə yüksək bədii-estetik məziyyətləri yaşadan sənət nümunələridir. Ö.Eldarovun Ümummilli Liderin vaxtilə yaşadığı binanı bəzəyən xatirə lövhəsi də özünəməxsus forma-biçim və plastika mədəniyyəti ilə seçilir. Elə bu lövhənin qonşuluğundakı məşhur oftalmoloq Zərifə xanım Əliyevanın xatirə lövhəsi də böyük sənətkarlıqla işlənilmiş plastika nümunəsidir. Əlavə edək ki, Ö.Eldarov Zərifə xanımın Fəxri xiyabandakı məşhur məzarüstü abidəsinin də müəllifidir. Bu əsərin mərmər variantı (“Elegiya”) hazırda Azərbaycan Dövlət İncəsənət Muzeyində nümayiş etdirilməkdə, çağdaş milli heykəltaraşlığımızın uğuru kimi qəbul olunmaqdadır.
Ömər Eldarovun əsərlərini seyr etdikcə yaratdığı obrazların auralarını duymamaq mümkün deyil. Əslində isə belə “canlılıq” zəngin yaradıcılıq təxəyyülünün məhsulu olan və tişəsinin nəhayətsiz fantaziyası ilə “ikinci həyat” verdiyi hər bir qəhrəmanının yaşadığı dövrü və mühiti hərtərəfli öyrənmiş ustad sənətkarın öz tükənməz yaradıcılıq enerjisini daşlara köçürməsindən qaynaqlanır.
Akademik Ömər Eldarovun yaradıcılığında obrazların psixoloji aləminin, fərdi keyfiyyətlərinin təcəssümü, kompozisiyanın tamlığı diqqəti xüsusilə cəlb edir. Müəllifin dünyaya romantik münasibətinin və yüksək sənətkarlığının ifadəsi olan Natəvanın heykəlində müsəlman qadınının, eyni zamanda, lirik şairin, müvafiq dövrün və mühitin vəhdəti böyük məharətlə əks etdirilmişdir. Obrazın zahiri görkəmi, geyimi, barmaqlarının vəziyyəti, bir sözlə sənətkarın gözə çarpdırdığı hər bir şey Natəvanın romantik qəlbini və milli keyfiyyətlərini canlandırmaqdadır.
Görkəmli heykəltaraşın yaradıcılığında xalqımızın fəlsəfi fikri, yaradıcı təfəkkürü ən yüksək səviyyədə ifadə edilib. Onun görkəmli sənətkar Tokay Məmmədov ilə birgə yaratdığı Məhəmməd Füzulinin abidəsində dərd çəkən, düşünən insan və poetik ruhun vəhdəti öz monumental ifadəsini tapıb. Sağ əlini çənəsinə söykəmiş, sol əlində kitab tutan Füzulinin surəti tamaşaçını hər dəfə “sehrləyir”.
Heykəltaraşlıqda psixoloji məqamları ifadə etmək çətin olsa da, Ömər Eldarov obrazların ömürlərinin ən mühüm məqamlarını tamaşaçıya böyük müvəffəqiyyətlə təqdim etməyi bacaran nadir sənətkarlardandır.
Heykəltaraşın bütün yaradıcılığı boyu müxtəlif materiallarda yaratdığı portretləri obrazı dərindən duymaq, onların səciyyəvi cəhətlərini qabartmaq istedadı xüsusilə yaddaqalandır. Onun oğlu Müslümə həsr etdiyi portretdə də (1972) düşündürücülüyə bələnmiş gənclik ehtirasının ifadəsi qabarıqdır. Qızı Lalənin (1970), Maestro Niyazinin (1984), Sevinc Rzaquliyevanın (1987), Aysel və Aytənin (1988) portretlərində də zərifliyin və yaradıcılıq ehtirasının bədiiləşmiş təsirli görüntüsü ilə qarşılaşırıq.
Görkəmli tişə ustası bütün materialları özünə doğma saysa da, deməliyik ki, onun ağacdan hazırladığı heykəllər ecazkar və heyrətamizdir. Bu mənada onun rəssam S.Bəhlulzadəyə həsr etdiyi iki portretlə yanaşı, dirijor Niyazi ilə bağlı “Elegiya” əsərini, Mahatma Qandi və Rabindranat Toqorun portretlərini, o cümlədən “Zamanın dörd rəngi” kompozisiyasını xüsusi qeyd etmək lazımdır. Son əsərində ağacın özünəməxsus ifadə məziyyətini ustalıqla duyan heykəltaraş bunu insan ömrünün müxtəlif illərini əyaniləşdirən obrazların fərdi və fərqli keyfiyyətlərini aşkarlamağa yönəldə bildiyindən əsərlər kifayət qədər duyğulandırıcıdır.
Akademik Ömər Eldarovun yaradıcılığında Azərbaycan və dünya heykəltaraşlıq məktəbinin ən mükəmməl elementləri əksini tapır. Onun əsərlərinin ölkəmizin hüdudlarından kənarda uğur qazanması Ömər Eldarov sənətinin milliliklə yanaşı, bəşəriliyini, geniş məkanda və bütün zamanlarda qəbul olunduğunu bir daha təsdiqləyir.
Ömrünün müdriklik çağını yaşayan ustad sənətkar bu gün də tükənməz enerji ilə yeni-yeni əsərlər yaratmaqdadır. Ustad sənətkarımızı anadan olmasının 97-ci ildönümü münasibətilə ürəkdən təbrik edir və ona həyatda ən şirin nemət olan cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Milli Kitabxanada “Görkəmli ədəbiyyatşünas alim Salman Mümtaz (1884-1941)” adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron məlumat bazası “Rəsmi sənədlər”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Salman Mümtazın şəxsi fondundan folklor mətnləri”, “Görkəmli şəxslər Salman Mümtaz haqqında”, “Salman Mümtazın istintaq işi haqqında sənədlər”, “Nəşrlər”, “Haqqında”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Fotoqalereya”, “Videoqalereya” bölmələrindən ibarətdir. Bazada təqdim olunan sənədlər tam mətnləri ilə verilib.
Qeyd edək ki, Azərbaycanın tanınmış görkəmli ədəbiyyatşünas və folklorşünas alimi Salman Məmmədəmin oğlu Əsgərov 20 may 1884-cü ildə Şəkinin Gəncəli məhəlləsində tacir ailəsində dünyaya göz açıb. O, ilk təhsilini Aşqabadda alıb.
Elmə böyük marağı olan Salman Mümtaz 22 yaşınadək rus, ərəb, fars və urdu dillərini mükəmməl öyrənib. 1908-1909-cu illərdə “Molla Nəsrəddin”, “Zənbur”, “Kəlniyyət”, “Tuti”, “Qardaş köməyi” jurnallarında, “Günəş”, “Səda”, “Tərəqqi”, “İqbal”, “Yeni iqbal”, “Açıq söz” və s. qəzetlərdə “Xortdan bəy”, “Sağsağan”, “Sərçə”, “Sərçəqulubəy”, “Moz bəy”, “Aşqabadlı”, “Türkməndost”, “S.Əsgərov”, “S.M.”, “Mümtaz” və s. kimi imzalarla yazıları, satirik şeiri, məqaləsi, məktubu və mənzum felyetonu dərc olunub.
Salman Mümtaz 1920-1925-ci illərdə Azərbaycanı qarış-qarış gəzərək öz şəxsi vəsaiti hesabına 200-ə yaxın kitab, əlyazma və məqalə toplamağa nail olub və “Kommunist” qəzetində “Unudulmuş yarpaqlar” adı altında silsilə məqalələr dərc etdirib.
İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh və başqalarının əsərlərinin ilk dəfə külliyyatlarını məhz Salman Mümtaz nəşr etdirib.
Stalin repressiyasının qurbanı olan S.Mümtaz 1937-ci ilin oktyabr ayında həbs olunub və 10 il müddətinə azadlıqdan məhrum edilib. O, həbsdə olarkən 1941-ci ilin sentyabr ayında Oryol şəhərində güllələnib. Alim tərəfindən toplanmış 270 əlyazma həbs zamanı məhv edilib. Salman Mümtaza 1956-cı il noyabrın 17-də SSRİ Ali Məhkəməsi tərəfindən ölümündən sonra bəraət verilib.
Mədəniyyət tariximizin fədakar tədqiqatçısının xatirəsi yaddaşlarda yaşayır. Belə ki, Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivi onun adını daşıyır.
Bu il XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi, Xalq şairi Hüseyn Arifin anadan olmasının 100-cü ildönümüdür. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Hüseyn Arifin zəngin ədəbi irsini və onun haqqında olan çoxsaylı materialları geniş oxucu kütləsinə çatdırmaq məqsədilə şairin biblioqrafiyasını hazırlayıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, biblioqrafik göstəricidə “Hüseyn Arifin həyat və yaradıcılığı”, “Hüseyn Arifin həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxsiyyətlər Hüseyn Arif haqqında”, “Hüseyn Arif qələm dostları haqqında”, Xalq yazıçısı İsmayıl Şıxlının “Elə bağlı sənətkar”, akademik Nizami Cəfərovun “Hüseyn Arif dünyası”, Əməkdar incəsənət xadimi, AYB Qazax bölməsinin sədri Barat Vüsalın “Qağamın “Aman evi” başlıqlı məqalələri yer alıb. Həmçinin Hüseyn Arifin öz kitabları, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş əsərləri, məqalə və çıxışları, tərcümələri, şairin həyat və yaradıcılığı, ədəbi fəaliyyəti haqqında 1946-2024-cü illərdə dərc olunan materiallar öz əksini tapıb.
Biblioqrafik göstəricidə ədəbiyyat xronoloji qaydada qruplaşdırılıb, xronologiya daxilində isə əlifba ardıcıllığı gözlənilib. Biblioqrafiyadan istifadəni asanlaşdırmaq məqsədilə sonda köməkçi göstəricilər tərtib edilib.
Vəsait hazırlanarkən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının, Milli Kitabxananın, AMEA Mərkəzi Elmi Kitabxanasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının, ali məktəblərin kitabxanalarının fondlarından, ənənəvi və elektron kataloqlarından, internet resurslarından, Azərbaycan Aşıqlar Birliyində saxlanılan materiallardan, Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin sənədlərindən istifadə edilib.
Biblioqrafiya ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.