Avstriyanın məşhur “Second Records” leybl şirkəti Azərbaycanın caz ustası Rain Sultanovun görkəmli caz truba ifaçısı Kenni Uiler ilə birgə “Jazz Standards Live” qoşa vinil valını buraxıb. Onların kompozisiyaları caz standartları kitabına və “Real Book”a (caz standartları toplusu) da daxil edilib.
AZƏRTAC-ın müxbiri ilə söhbətində Rain Sultanov deyib ki, bu layihənin reallaşdırılması onun həyatında böyük hadisədir.
“Kenni Uiler kimi görkəmli musiqiçi ilə eyni səhnəni bölüşmək, onunla ifa etmək mənim üçün böyük şərəf idi. Kenninin artıq aramızda olmadığı bir vaxtda indi vinil valının buraxılması xüsusilə dəyərlidir. Mən taleyə minnətdaram ki, musiqimiz olduğu valı əlimdə tuta bilərəm”.
Albomda Mr. P.C., “Body & Soul”, “Blue Monk”, “Don’t Worry Baby” caz standartları, eləcə də Kenny Uillerin bəstələri yer alıb. “Jazz Standards Live” layihəsində Azərbaycanın Əməkdar artistləri Şahin Növrəsli (piano) və Ruslan Hüseynov (bas), həmçinin Pol Klarvis (baraban) iştirak ediblər. Bu, Rain Sultanovun Avropa leyblinin buraxdığı beşinci vinil valdır. Klassik vinil valların ənənələri Rain Sultanov tərəfindən 2017-ci ildə Azərbaycan təbiətinin qorunmasına həsr olunmuş “Inspired by Nature” layihəsinin buraxılması ilə ölkəyə qaytarılıb.
Mənbə: https://azertag.az/