
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri
Mənim ürəyimdən yağır bu yağış,
Mənim ürəyimdə qara buludsan.
Bəxtimə calanan ən ağır qarğış
Sən idin — hayana yolunu tutsan.
Bilməz içimdəki çiskinin, sisin,
Üşüdən tərəfin tanımaz kədər.
Daha bir araya gətirməz bizi,
Bizi bir arada yaşadan illər.
Bir an saçlarımda qərar tutmamış,
Özgənin saçında sığal yeridi,
Mənim ürəyimdən yağır bu yağış,
Bəlkə də hiss edir əllərin indi…
Dünənlə bu günün arasındayam,
Ən şirin yuxuymuş acı aldanış.
Harda ayrıldıqsa, elə ordayam —
Mənim ürəyimdən yağır bu yağış…
Dan üzünü söküb atdım dənizə,
Səpələndi su üzünə Xəzərin.
Öz içimdə mən də kiçik dənizəm,
Sahilimsən, ümmanımsan sən, mənim.
Dərdlərimi söküb atdım dənizə,
Dəniz aldı, dəniz çəkdi, apardı.
Bir də baxdım — kirimişəm, səssizəm,
Ömür yenə çiçəklənən bahardı.
Nələr atdım, nələr atdım dənizə,
Çiyinlərim birdən-birə dikəldi.
Bapbalaca sevinclərim bir anda
Üz-gözümdə, gülüşümdə yekəldi.
Zaman qaçar, hey tələsər, hey axar,
Tuta bilməz kimsə onun ipindən.
Biri gələr, əl uzadıb çıxarar
Ümüdünü dənizlərin dibindən.
Biri gələr, küləkləri susturar,
Tufanları dayandırar, məst edər.
Səni alıb fırtınadan, dalğadan,
Səni bütün dənizlərə dost edər…
Dan üzünü söküb atdım dənizə,
Səpələndi su üzünə Xəzərin.
Öz içimdə mən də kiçik dənizəm,
Sahilimsən, ümmanımsan sən, mənim.