“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
Nə qalıbdı ki, guya? Bir dünya var Əllərimdən çıxası. Onun da ki, Baş qoymağa çiyni yoxdu, Yapışmağa yaxası. Mən də tərəfimi seçdim- Keçdim öz tərəfimə. Bir şəhidin yasından Gələn göz yaşı qədər Hüzünlüyəm bu gecə. Ağrıları yığmışam Ürəyimin rəfinə. Əlim-qolum sınıq-salxaq, Nə var, nə olub halıma? …Gülmək istəyirəm, həyat, Zarafatından qalma!
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
Mən də səni özümə Yuva bilmədim axı. Məni şəkil kimi sevdin. Sən də hamıdan çox Sevə bilmədin axı. Ağlına gəlməyənin Ürəyinə gəlməyidirsə, eşq Gəldin, Qova bilmədim axı. Səssiz, Sözsüz ayrılıqdı bizimki, Dava bilmədim axı. Çağır məni, gedirəm. İnsan bağışlayanda unudur, Mən sənə nifrət edirəm!
Qapı-qapı gəzən külək, Bircə qapı gəzirsən, Gözün belə toxdumu? Günəşli, isti yay günlərində açdığın o qapılar hanı indi, yoxdumu? Hanı səni sevənlər, Evlərinə qonaq edənlər, Səninlə dincələnlər hanı?.. Qapı-qapı gəzən külək, hanı indi, soyuqlar düşəndə, havalar dəyişəndə dost-tanışın yoxdumu? Səndən bu qış günündə üz çevirən çoxdumu? Gözləmə, külək, gözləmə, Daha səni o qapıdan içəri alan olmaz. Daha səni axtaran, çağıran olmaz… Axı belə havada səni istəyən kimdi, kim? Get, get əzizim, Sənə qalan o boz küçə olacaq, Hirsindən qırdığın, qopardığın quru ağac olacaq… Amma darıxma, darıxma,külək, Bu qış da çox çəkməyəcək, Yenə yay gələcək, Parlaq günəş çıxacaq, Havalar isinəndə, Dostların çoxalacaq…
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələrinin yenidən təşkili və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələri (Sumqayıt Regional Mədəniyyət İdarəsi, Xaçmaz Regional Mədəniyyət İdarəsi, İsmayıllı Regional Mədəniyyət İdarəsi, Şəki Regional Mədəniyyət İdarəsi, Kürdəmir Regional Mədəniyyət İdarəsi, Ağstafa Regional Mədəniyyət İdarəsi, Şəmkir Regional Mədəniyyət İdarəsi, Gəncə Regional Mədəniyyət İdarəsi, Bərdə Regional Mədəniyyət İdarəsi, Ağcabədi Regional Mədəniyyət İdarəsi, Ağdaş Regional Mədəniyyət İdarəsi, Sabirabad Regional Mədəniyyət İdarəsi, Biləsuvar Regional Mədəniyyət İdarəsi, Masallı Regional Mədəniyyət İdarəsi və Lənkəran Regional Mədəniyyət İdarəsi) əsasında, “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.3–1.14-cü bəndləri ilə müəyyən edilmiş Azərbaycan Respublikasının iqtisadi rayonlarının bölgüsünə uyğun olaraq, aşağıdakı regional mədəniyyət idarələri yaradılsın:
1.1. Abşeron–Xızı Regional Mədəniyyət İdarəsi;
1.2. Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi;
1.3. Gəncə–Daşkəsən Regional Mədəniyyət İdarəsi;
1.4. Qarabağ Regional Mədəniyyət İdarəsi;
1.5. Qazax–Tovuz Regional Mədəniyyət İdarəsi;
1.6. Quba–Xaçmaz Regional Mədəniyyət İdarəsi;
1.7. Lənkəran–Astara Regional Mədəniyyət İdarəsi;
1.8. Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi;
1.9. Mil–Muğan Regional Mədəniyyət İdarəsi;
1.10. Şəki–Zaqatala Regional Mədəniyyət İdarəsi;
1.11. Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsi;
1.12. Şirvan–Salyan Regional Mədəniyyət İdarəsi.
2. “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 3, maddə 572; 2021, № 1, maddə 79) 2-ci hissəsi ləğv edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Müqayisəli ədəbiyyatşünaslıq” Beynəlxalq elmi jurnalının növbəti (№2, 2022) sayı çap edilib. Jurnal akademik İsa Həbibbəylinin “Əbədiyaşar Əlişir Nəvai” məqaləsi ilə açılır.
“Müqayisəli ədəbiyyatşünaslıq” Beynəlxalq elmi jurnalının baş redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. Baş redaktorun müavinləri filologiya elmləri doktorları, professorlar Məmməd Əliyev, Gülər Abdullabəyova, Bədirxan Əhmədovdur. Jurnalın məsul katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli, məsul redaktoru isə Maral Poladovadır.
Bu sayın “Türk xalqları ədəbiyyatı”, “Slavyan xalqları ədəbiyyatı”, “Avropa və Amerika ədəbiyyatı”, “Asiya və Afrika xalqları ədəbiyyatı” bölümlərində müxtəlif elmi məqalələr işıq üzü görüb. “Bələdçi” Azərbaycan, ingilis və rus dillərindədir.
Jurnalın redaksiya heyətinə Azərbaycan, Türkiyə, Rusiya, Çin, Özbəkistan, Bolqarıstan, Qırğızıstan, Macarıstan, Çexiya, Başqırdıstan, Tatarıstan, Cənubi Koreya, Qazaxıstan, Türkmənistan, Ukrayna və Polşanın alimləri daxildir.
Qeyd edək ki, “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalı “Index Copernicus”, “Asos indeks”, “İdealonline”, “CiteFactor”, “Academia.edu”, “ResearchGate”, “Internet Archive” beynəlxalq indeksləmə sistemlərinə daxildir. Toplu həmçinin, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlərin siyahısına daxildir.
Xulio Kortasarın “Xana-xana oyunu” romanında hadisələr 1950-ci illərdə cərəyan edir. Qırx yaşlı argentinalı Horasio Oliveyra avarçılıqla məşğuldur, müəyyən bir məşğuliyyəti yoxdur. Dostları ilə (onlar özlərini “İlanlar klubu” adlandırırlar) axşamlarını elmi, fəlsəfi mövzularda mübahisələrlə keçirir. Oliveyra Buenos-Ayresdə yaşayan zəngin qohumlarının göndərdiyi pulun hesabına Parisdə yaşayır. Oliveyra xudbin, eqoist, özünəqapanan, melanxolik, daşürəkli bir insandır. Dostlarının və yaxınlarının əzabları onu qıcıqlandırır, soyuqqanlılığı ucbatından sevdiyi qadını itirir, tənha qalır, səfillərlə tanış olur. Bu tanışlıq onu polis şöbəsinə, sürgün həyatına kimi aparır. Öz vətəninə sürgün olunan Oliveyra sürgündən qayıtdıqdan sonra intihar hissinə qapılır. Romanın finalı açıq qalır. Oliveyranın taleyini müəyyən etməyi müəllif oxucunun ixtiyarına buraxır.
Əsərdə şüur axını var. Kitabın vərəqlərinin bir qisminin sonu yarımçıq tamamlanır. Digər səhifə yeni süjetə keçir. Bu, müəllifin üslubudur. Biz şüur selini kontrol edə bilmərik. Yazıçı şüur selini qələmə alaraq, onu fiksasiya etməyə çalışır. Görünən həyat yox, təsvir olunan həyat. Olduğu kimi yox, tamamilə qeyri-adi həyat. Bu, sürrealizmdən irəli gəlir. Oliveyra həyatı düzgün qavraya bilmir, həyatda gərək iştirak edəsən, müşahidəçi yox, həyatın bilavasitə iştirakçısı olasan. Oliveyra zəngin obrazdır. Bu cür obraz natamam qalır. Bir var, inkişaf etməyib, bir var inkişaf edib, bir də var inkişaf etməkdədir. Oliveyra inkişaf etməkdə olan obrazdır, insandır.
Oliveyranın adı “zeytun” sözündən gəlir. Bəs bunun kökü hara gedib çıxır? İsa Məsih edam olunan gecə Hefsiman (Zeytun) bağında nahardan sonra yatır. İuda artıq onu satıb. İsa Məsihi həbs edirlər və edam olunur. Edam olunmamışdan qabaq, sonuncu şam yeməyində (“Gizli nahar”da) İsa Məsih qəmgin oturur. Pyotr (adının mənası “daş”) ondan soruşur ki, niyə qəmginsən? O, deyir ki, bu gün səhərə qədər 3 dəfə xoruz banlamamış sizin biriniz məni artıq satıb, biriniz də məndən 3 dəfə imtina edəcəksiniz. Pyotr çox təəccüblənir ki, səni kim satar, səndən kim imtina edər? İuda da İsa Məsihlə yanaşı oturub, başı aşağıdır, 30 sikkəyə onu satıb. İsa Məsihdən 3 dəfə imtina edən də Pyotr olur. O, Pyotra deyir ki, sən daşsan (petrologiya-daş haqqında elm). Həmin daş üzərində məbədimi quracam, o məbəddə sən başçı olacaqsan. Sən yerdə nə bağlasan, səmada da o bağlanacaq. İlk Papa 1-ci keşiş Pyotr olur və Romada onun kilsəsi tikilir.
Əsərdə postmodernizmin bir sıra xüsusiyyətləri var:
1. Termin sıxlığı. Məsələn, kleptomaniya. (“oğurluq” xəstəliyi) Ola bilsin, hansısa qəhrəman bu xəstəlikdən əziyyət çəkir.
2. Şəxs adlarının çoxluğu-rəssamlar, yazarlar. Müəllifin müxtəlif adları çəkməkdə məqsədi odur ki, dünya o qədər darlaşıb, o qədər uzaq görünənlər yaxınlaşıb ki, birinə dəysən, o biri əziyyət çəkəcək. Bir tələbə danışır ki, İsa Məsihdən, onun çarmıxa çəkilməsindən, İudanın satqınlığından danışanda qadınlar ağlamağa başlayır. Halbuki, İsa Məsihin iztirabları 2 min il bundan qabaq olub. Qadınların ağlamağının səbəbi o idi ki, 2 min il bundan əvvəl baş verən hadisə bu qadınların da həyatının bir parçası olub. Keçmişlə gələcək bir-birinə zəncirvari bağlıdır. Tələbə də zəncirin əvvəlindən başlayır.
3. Əsərdə bələdçi-cədvəlin verilməsi, labirint. Postmodernizmdə labirint anlayışı var. Labirint “yolu gizlətmək” deməkdir, düz xətlə versən, səni mütləq gəlib tapacaqlar. Labirinti müəllif ona görə verir ki, gizli-gizli, müəmmalı yaxınlaşma yaradır ki, əsərin gizli mənasını duya bilək. “Xana-xana” oyununun özü labirintdir. Tabaşirlə 1-dən 100-ə kimi çəkirsən, daşı atırsan, birini keçdin, ikisini, üçünü….keçdin, ona kimi keçməlisən. Keçdiyin yolu yenidən qayıtmalısan. Mətni elə oxumaq lazımdır, pillələri keçə-keçə. Oliveyra da o “oyun” u oynayır, amma pillələri sona qədər keçə bilmir.
4. Xaos. Çoxumuz bu xaosun içində özümüzü tabaşir tozunun hissəciyi kimi hiss edirik. Həyatın özü elə bir xaosdan ibarətdir.
5. Pastij. Sitatların verilməsi.
6. Oyun. Həyat bir oyundur, sən də həyatınla “xana-xana” oynayırsan, sən həyatda qarşına çıxan maneələri fəth edirsən, addım-addım fəth edirsən. Biz həyatı yaşayırıq, o oyundakı kimi geri qayıdırıq. Hər bir hadisə dairəvi formadadır. Sən ona cəhd edirsən, keçirsən, yenə addımladığın yerə qayıdırsan.
Sonra yenidən ayrı bir məqsəd üçün cəhd edirsən. Sənin həyatında görürsən ki, yenə boşluq var, yenə nəsə çatmır. Sən yeni zirvəni fəth edirsən, yenə də doymursan, daha çox istəyirsən. “Xana-xana” oyunu da elədir. İnsan insan olaraq, əgər nədəsə dayansa, o, artıq durğunluğa gətirib çıxarır. Buna staqnatsiya deyilir. Hansısa zirvəyə çatırsan, çatanda rahatlaşırsan, bundan sonra staqnatsiya başlayır. Staqnatsiyanın olmaması üçün yeni məqsədin olmalıdır. Həyatın monoton keçməməlidir. Əsərin baş qəhrəmanı Oliveyrada isə elə olmur. Oyun elə Oliveyranın həyatı ilə bağlıdır, bu oyun elə Kortasarın sevdiyi oyun idi. O, sevdiyi oyun üzərindən həyatı göstərirdi. Oliveyra keçmişəmi bağlı qalıb, gələcəyəmi? Kortasar oxucuda suallar yaradır, oyunun mahiyyətini insan həyatı üzərindən göstərir, insanın həyat gedişatını “xana-xana” oyunu ilə müqayisə edir. Sən qalib gələndə yolun açılır və irəliləyirsən. Sən onu fəth etməsən, irəliləyə bilməzsən. Seçim sənin ixtiyarına verilib. Həyatda seçim təsadüfidir, əgər biz ənənəvi kitabı əvvəldən axıra qədər oxuyuruqsa, orada məntiq, ideya, obrazlar sistemini axtarırıqsa, müasir həyat bizə belə bir seçim vermir. Burada hər şey təsadüfidir. Sən istəsən, əsərin ortasından başlayarsan, istəsən sonundan. Hətta finalı da müəllif sənin ixtiyarına buraxır. Hansı finalla əsərin bitməyini sənin seçiminə buraxır. Oliveyranın intiharı əsərin sonunda qaranlıq qalır. Oliveyra intihar etdimi? Bunu müəllif oxucunun ixtiyarına buraxır. Sən-oxucunu dəvət edir, səni o situasiyaya qoyur ki, oxucu, sən olsan nə edərdin? Sən olsan, intihar edərdinmi?
Macəra ədəbiyyatına səyahətnamə, ov janrı, dənizçilik daxildir. Macəra ədəbiyyatında təhlükəsizlik orqanlarının işi ilə bağlı işlənən forması isə detektiv adlanır. Detektiv ədəbiyyat və ya kriminal nəsr bilavasitə cinayətə, onun açılmasına, cinayətkarların obrazlarına və motivlərinə diqqət yetirən ədəbi janrdır. Bunu kim etdi? – cinayəti kimin törətdiyinə dair tapmacaya yönəlmiş detektiv hekayənin mürəkkəb süjet versiyasıdır. “Bunu kim etdi?” termini həm də qatilin şəxsiyyətinin tez aydın olmadığı bir işi təsvir etmək üçün qətl müstəntiqləri arasında istifadə olunur. Qətllərin çoxu qurbanın tanıdığı və ya qohum olduğu insanlar tərəfindən törədildiyi üçün “bunu kim edib?” məsələsinin həlli adətən daha çətindir. Detektivin bir janr kimi əsas xüsusiyyəti əsərdə hansısa sirli hadisənin olmasıdır, hansı şəraitdə baş verməsi məlum deyil və aydınlaşdırılmalıdır. Detektivin mühüm xüsusiyyəti ondan ibarətdir ki, hadisənin faktiki halları təhqiqat başa çatana qədər heç olmasa tam şəkildə oxucuya çatdırılmır. Əksinə, oxucu hər mərhələdə öz versiyalarını qurmaq və məlum faktları qiymətləndirmək imkanı əldə edərək, araşdırma prosesi vasitəsilə müəllif tərəfindən idarə olunur. Əsər əvvəlcə hadisənin bütün təfərrüatlarını təsvir edirsə və ya hadisədə qeyri-adi, müəmmalı heç nə yoxdursa, o, artıq sırf detektiv hekayəyə deyil, əlaqəli janrlara (triller, polis romanı və s.) aid edilməlidir.Ətraflı
Detektivin tarixi. “Həqiqət və yalan”-qədim Misir alleqorik nağılı, Sofokl “Çar Edip”, Herodot “Rampsinit və oğru”, Daniel peyğəmbərin kitabından olan “Susanna və Ağsaqqallar”, “Minbir gecə nağılları”na daxil olan “Üç almanın nağılı”. “Üç almanın nağılı”nda ilk dəfə süjet bükülməsi metodundan istifadə olunub. Süjet bükülməsi bədii əsərdə süjetin istiqamətini və ya nəzərdə tutulan nəticəsini kökündən dəyişdirən ədəbi alətdir. Bu, hekayənin sonuna yaxın baş verdikdə, buna gözlənilməz sonluq, və ya süjetin bükülməsi deyilir.
Detektivin növləri.
1. Qapalı detektiv, qapalı otaqda qətl, qeyri-mümkün cinayət, fövqəlinsanın törətdiyi cinayət. Edqar Allan Ponun “Morq küçəsində qətli” əsəri “qapalı otaqda qətl” süjetinə əsaslanan ilk detektiv əsər hesab olunur. Artur Konan Doyl “Rəqs edən adamlar”, “Rəngli lent”, Aqata Kristi “On balaca hindli”, “Sıçan tələsi” , “Şərq ekspressində qətl”, Qaston Leru “Sarı otağın sirri”, hake Talbot “Çuxurun kənarı”, Robert Van Qulik “Çin labirinti cinayətləri”, Umberto Eko “Baudolino” və s. qapalı otaq növünə aiddir.
Con Dikson Karr “Qapalı otaq sirrinin ustası” hesab olunur.
2. Rahat detektiv. Seks və zorakılığa daha az yer verildiyi və ya yumorla təqdim edildiyi, cinayətlərin və araşdırmaların kiçik, sıx bir cəmiyyətdə baş verdiyi bir detektiv janr növüdür. Bu növ əsərlərdə detektivlər daha çox qadınlar olurlar.
3. Tarixi detektiv. Cinayətin tarixi hadisələr kontekstində baş verir. Məsələn, V.Eko “Qızılgülün adı”. Müasir müəllifin tarixi reallıqlara yerləşdirdiyi detektiv hekayəsi “retro-detektiv” adlanır. Məsələn, Dostoyevski “Cinayət və cəza”, Jan Riçep “İdeal cinayət”.
4. Tərs çevrilmiş detektiv. Cinayətkar hekayənin əvvəlindən tanınır, bu cür əsərlərdə detektivin cinayətkarın təqsirini dəqiq necə sübut edəcəyi vurğulanır. “Həqiqət və yalan” qədim Misir alleqorik nağılı, Sofokl “Çar Edip”.
5. Noir – “qara roman” detektiv. Zorakılıq, jarqon ifadələr, cinsəl istismar və s.Noir janrının əsas xüsusiyyətləri arasında təqdimatın sərt realizmi , sinizm , personajların özünü məhv etməyə meyli, jarqonların bolluğu və süjetdə məcburi cinsi xətt var.
6. Polis detektivi. Polisin baş qəhrəmanlarının şəxsi həyatlarının, çox vaxt dramatik şəkildə nümayiş etdirilməsidir. Süjetin mövzusu ailə vəziyyəti, komandadakı münasibətlər və həyat üçün risk, eləcə də peşəkar fəaliyyətlə əlaqəli stressli mühit ola bilər.
7. Hüquqi və ya leqal detektiv. Hüquq-mühafizə və məhkəmə sistemi “baş qəhrəman” rolunu alaraq əsərdə mərkəzi yer tutur.
8. Casus detektivi, adətən hansısa xüsusi xidmətdə çalışan bir casusun nöqteyi-nəzərindən danışılan, hərəkətli hekayədir.
10. Psixoloji detektiv. Psixoloji konfliktə əsaslanan detektiv elementləri olan trillerin alt janrı.
11. İronik detektiv detektiv janrının postmodernizm izlərini daşıyan atipik növlərindən biridir. İronik detektivdə detektiv araşdırma yumoristik nöqteyi-nəzərdən təsvir edilir və bir sirri açmaq məqsədi daşıyır və hekayə adətən birinci və ya ikinci şəxs tərəfindən aparılır. Çox vaxt bu məcrada yazılan əsərlər detektiv romanın klişelərini parodiya edir. İronik detektiv hekayəsinin inkişafının ilkin mərhələlərində “ironik” anlayışı çox vaxt “reallığın cilalanması” rolunu oynayırdı.
12. Fantastik detektiv. Stanislav Lem “İstintaq”, Sergey Lukyanenko “Genom” və s.
13. Siyasi detektiv. Əsas intriqa siyasi hadisələr və müxtəlif siyasi və ya biznes xadimləri və qüvvələr arasında rəqabət ətrafında qurulur. Həm də tez-tez olur ki, baş qəhrəmanın özü siyasətdən uzaqdır, bununla belə, işi araşdırarkən “güclər” tərəfindən istintaqa əngəl törədilir və ya hansısa sui-qəsd üzə çıxır. Siyasi detektivin fərqli xüsusiyyəti (mütləq olmasa da) əsasdan başqa, tamamilə müsbət personajların mümkün olmamasıdır. Bu janra nadir hallarda saf formada rast gəlinir, lakin əsərin tərkib hissəsi ola bilər.
Çağdaş Azərbaycan ədəbiyyatında realist detektiv romanları bir neçə qrupa bölmək olar:
– siyasi detektiv romanı;
– kəşfiyyat (şpion) detektiv romanı;
– sənədli detektiv romanı;
– macəra detektiv romanı;
– cinayətkarların və cinayətkar dairələrin həyatını əks etdirən detektiv romanlar;
– penitensiar müəssisələrdəki həyatı təsvir edən detektiv romanlar.
Azərbaycan ədəbiyyatında detektiv janrının banisi Cəmşid Əmirovdur. Uzun müddət Cəmşid Əmirov təqiblərə məruz qalmış, əsərlərini oxumaq qadağan olunmuşdur. “Sahil əməliyyatı” əsəri əsasında “İstintaq davam edir” filmi, “Qara Volqa” əsəri əsasında eyni adlı film çəkilmişdir.
Aqata Kristinın “Şirazda ev” detektivinə baxış
Parker Pyne Yaxın Şərq turunda Şirazdadır. O, orada tamamilə tək yaşayan və fars olduğunu iddia edən bir ingilis qadın olduğunu öyrənir. Hamı onu dəli hesab edirdi. Parker Pyne maraqlıdır və ona öz xidmətlərini təklif edir. Personajlar. Cənab Parker Pyne, Cənab Şlaqal, Xanım Ester Karr (Ester-gizli,Karr-bataqlıq), Muriel King. Məkanlar. Tehran, İsfahan, Şiraz.
Əsərin qəhrəmanı qatil olaraq ittiham olunduğundan qorxur və xanımının yerinə keçir. Niyə o, üç il ərzində tamamilə fərqli bir insan kimi davranmağı bacardı? Həmçinin bütün qulluqçuların bu məsələdə kor olması da böyük bir məsələdir. Cənab Parker Payne romantikdir. İnsanların xoşbəxt olmasını istəyir və onlara kömək etmək üçün əlindən gələni edir. O, insanların həqiqətən necə olduqlarını və nəyə qadir olduqlarını görür, onların xarakterinə olan bu fikir-genetik biliklər və s. onu öz cavabına aparır.
“Çiçəklərin dili” metaforu tez-tez ədəbiyyatda simvolizmə çevrilir. “Xrizantemlər” əsərində də bu var. Xrizantemlər də danışır. Xrizantemlər hekayə boyu simvol kimi tez-tez istifadə olunur. “Xrizantemlər”in mesajı nədir? Gender bərabərsizliyi. “Xrizantemlər” ağıllı qadınlara yer olmayan bir cəmiyyətə qarşı kəskin tənqiddir. Əsərin ideyası özünüzü, necə olduğunuzu sevməyi öyrənməkdir, özünə, öz cinsiyyətinə hörmət etməyi öyrənməkdir. Bu ideya hekayə boyu göstərilir. Hekayə indiki həyatından məyus olan 35 yaşlı güclü qadın Elisa Allen adlı qürurlu, güclü qadın haqqındadır. O, 1930-cu illərdə fermada yaşayan tipik evdar qadının ümumiləşdirilmiş obrazıdır. Əsər bir çox mövzuya malikdir, lakin süjet repressiya edilmiş seksuallıq və laqeyd qadınlıq mövzularına əsaslanır. Bu hekayə Elisa kimi ağıllı qadınları darıxdırıcı həyata məcbur edən 20-ci əsrin əvvəllərindəki stereotip cəmiyyəti tənqid edir. Elisa çox bacarıqlı və cəlbedicidir, enerji və ambisiya ilə doludur. Bununla belə, onun həyatında hələ də həyəcan yoxdur. Kişilər ondan daha dolğun həyat sürürlər. Elisa cazibədardır,bağçılıq və ev işləri ilə çox maraqlanır. Bitkilərə öz övladları kimi baxır və onlar onun emosional ehtiyaclarını qarşılayır.
Elisa obrazı qadınların çoxunun öz istəklərini ifadə etməsinə icazə verilmədiyini və evlərinin içində darıxdırıcı bir həyat sürməli olduqlarını təsvir edir. Elisanın həyatında cinsi doyumun olmaması da var. Elisa ehtirasla dolu enerjili bir qadındır, lakin özünü ifadə etmək imkanı yoxdur. Onun otuz beş yaşı var, lakin uşaqsız olması onun evliliyinin cinsi cəhətdən aktiv olmadığına işarə ola bilər. Bundan əlavə, onun həyatdan çox narazı olmasının səbəbi də bu ola bilər. Elisa Allen ağıllı və ehtiraslı qadındır. Onun həyatında macəra və məmnunluq yoxdur. Evlə məşğul olmaqdan başqa heç bir işi yoxdur, uşaqları da yoxdur, bu da onun həyatını çox maraqsız edir. Onun əri Henri Allen bağçılıq və mal-qara alveri ilə də məşğuldur. Üçüncü bir xarakterimiz də var. Obrazın adı çəkilməsə də , onun peşəsi sındırılmış qabları düzəltmək, qayçı itiləməkdir.
“Xrizantemlər” Amerika yazıçısı Con Steynbekin “Uzun Vadi” kolleksiyasının bir hissəsi olan qısa hekayəsidir. Əsər ərinin fermasında boğucu bir yaşam məhkum edilən ağıllı, yaradıcı bir qadın haqqındadır. Əsər özündə daha az seksual təsvirləri ehtiva edir. Hekayənin əsas mövzusu Elisanın yaradıcı məyusluğudur. Bəzi tənqidçilər Elizanı feminist bir fiqur kimi nəzərdən keçirərkən, digərləri Elisanın həm ərini həyasızlaşdırdığını, həm də tinkerlə xəyanət etdiyini iddia edərək, hekayənin feminizmə qarşı bir hücum olduğunu müdafiə edirlər. Süjetdə narazılıq, cinsi istək və gender bərabərsizliyi mövzuları araşdırılır. Elisa xarici dünyanın həyəcanından qopan fermada darıxdırıcı bir həyat yaşayır. O, güclü bacarıqlı qadındır, lakin günün çox hissəsini tək keçirir və evi təmiz saxlamaq üçün işləməli olur, bu, cəmiyyətin ona sırıdığı roldur. Onun aldığı yeganə həzz xrizantem yetişdirməkdir. Bir növ, o, maraqsız həyatının içində tələyə düşüb. Elisa narazı bir həyat sürür, istəklərini tam ifadə edə bilmir və emosional ehtiyacları yerinə yetirilmir. Elisanın məyusluğu uşaq sahibi olmamaqdan və ərinin ona bir qadın kimi yanaşmamasından, dəyər verməməsindən qaynaqlanır. Onun məyusluğunun yeganə çıxış yolu gözəl xrizantemlər yetişdirdiyi çiçək bağıdır. Müəllif xrizantemlərdən Elisanın və hər bir qadının daxili şəxsiyyətinin simvolu kimi istifadə edir. Elisa həyatından məyus olur, çünki Henri ilə evliliyində uşaqları və romantikası yoxdur. Bundan əlavə, əri onun qadın keyfiyyətlərini və emosional ehtiyaclarını qiymətləndirə bilmir. Tirkerlə qarşılaşma onun seksuallığını oyandırır və Elisaya daha həyəcanlı,romantik bir evlilik ümidi verir, lakin o, həyatının dəyişməyəcəyini yolda atılan gülləri görəndə anlayır. Belə bir uğursuz həyatla kifayətlənmək məcburiyyətində qalması onu tamamilə məhv edir. Elisa həyat yoldaşı ilə birlikdə şəhərə gedən yolda səssizcə ağlayır, çünki o, qadın rolunun sıxıntıları və həyatının dözülməz şərtləri ilə üzləşir. Onun xoşbəxt olduğu və tək olmadığı yeganə vaxt xrizantemlərə qulluq etməsidir. Onlar ona yoldaşlıq edir və məmnunluq hiss etdirirlər. Tinker gələndə o, öz tənhalığını və basdırılmış istəklərini dərk edir. Elisa o istəklərin yerinə yetirilməməsindən xəbərsizdir, lakin tinkerin gəlişi ilə o oyanmağa başlayır. Tinker Elisanın həyatında çatışmayan macəranın simvoludur. Gecələr ulduzlar haqqında danışanda onun danışıq tərzi çox həssas olur. Onun tinker kişinin qarşısında diz çökməsi cinsi itaət mövqeyidir. Cinsi istəkləri oyandıqdan sonra o, aqressiv olur, əvvəlcə utanır, sonra isə tinker xrizantemləri atdıqda, rədd edildiyini hiss edir və ağlayır.Tinkerlə etdiyi söhbət onun darıxdırıcı həyatına bir qədər həyəcan qatır və gizli cinsi istəklərini oyadır, bir qadın olaraq, tələyə düşür. Tinkerlə danışdıqdan Elisa həyəcanlanmağa başlayır, bu dəyişiklik əlcəklərinin çıxarılmasında əks olunur. Sevimli saçlarını göstərərək papağını da çıxarır. Tinkerdən ayrıldıqda Elisa demək olar ki, ritualistik bir transformasiyaya məruz qalır. O, soyunur, çimir, güzgüdə çılpaq bədəninə baxır, sonra geyinir. O, dəbli alt paltarları, yaraşıqlı paltar geyinir və makiyaj edir. Bu geyimlər onun bağçılıq geyimləri ilə kəskin şəkildə ziddiyyət təşkil edir və yeni enerjili, seksual Elizanı əks etdirir. Tinker xrizantemlərə diqqət yetirdikdə, o, ona diqqət yetirirmiş kimi sevinir. Ona xrizantemləri verəndə o da bir şəkildə özünü ona təklif edir, lakin o, onu rədd edir, xrizantemləri yol qırağına tullayır. Elisa rədd edildiyini anlayır və bu, onu ağlamağa məcbur edir. İnsanlar onun çiçəklərinə dəyər vermədikləri kimi ona da dəyər vermirlər. Hətta Henri də həyat yoldaşına heç vaxt kifayət qədər diqqət və dəyər verməyərək o gülləri bəzək əşyaları kimi görür. Diqqət yetirməli olan bir şey budur ki, tinker onun xrizantem sevgisindən sadəcə öz xeyrinə istifadə edirdi . Tinker Henridən daha həyəcanlıdır, lakin o, yalnız işi üçün ondan faydalanır. Sonra o, gülləri atır və Elisa onun tərəfindən tamamilə rədd edildiyini başa düşür və beləliklə, “qoca qadın” kimi ağlayır. Elisa kimi çiçəkləri də ehtirassız və əhəmiyyətsizdir: hər ikisi sadəcə dekorativ əşyadır.
Xrizantemlər Elisanın uşaqlarını, Elisanın qadınlığını, qadın rolunu və seksuallığını simvollaşdırır. Əvvəlcə övladlarını simvollaşdırırlar, sonra onun qadınlığını və cinsiyyətini təmsil edirlər. O, bağçasına qulluq edir və xrizantemlərə öz uşaqları kimi sevgi və qayğı ilə yanaşır. Elisa çiçəklərini çox qoruyur və ətrafına məftillə hasar çəkir, o, çiçəkləri ilə fəxr edir. Çiçəklərə öz övladları kimi baxan Elisanın portreti qadın obrazıdır, lakin onun kişi obrazı da onun “sərt süpürülmüş və cilalanmış” evində müşahidə olunur. Bu görüntü onun əri ilə münasibətinə təsir edir. Eliza hiss edir ki, Henri onun qadınlığını tanımır və təqdir etmir, bu hiss onun ərinə qarşı antaqonist olmasına səbəb olur, qəlbində ərinə qarşı inciklik var. Tirkerlə qarşılaşma Elisaya ümid verir və onun daha dolğun həyata hazırlaşmasına səbəb olur, Tirker Elisaya sanki qadın olduğunu hiss etdirir, onun dişil enerjisini oyadır. Bundan sonra Elisa yuyunur, yuyunandan sonra ayna qarşısına keçərək çılpaq bədənini zövqlə izləyir, xüsusilə də qadınlarda qadınlığı, intim nöqtəni simvolizə edən sinələri qabartmağa çalışır, bədəninə, qadınlığına heyran qalır. Elisada eril enerji o qədər güclü idi ki, onu yüksəltmək heç ağlının ucundan belə keçmirdi.
Bu hekayədəki əsas münaqişə insan özünə qarşıdır . Elisa həyatından tam razı qalmadığı daxili münaqişə ilə məşğul olur. O, evliliyində hiss edilməsindən, rəftar olunmasından tam razı deyil. Elisa yad kişi ilə qarşılaşdıqdan sonra yenilənmiş enerji və yaşamaq həvəsi hiss edir. O , geyinib özünü gözəl hiss etmək üçün səy göstərir və ərinə romantik bir axşam keçirə bilmələri üçün paltarlar hazırlayır.Elisa əri ilə birlikdə gecəyə hazırlaşır, güzgüdə çılpaq bədənini öyrənir,şəffaf corablar və gözəl paltar geyinir, makiyaj edir, əri ilə axşam bərabər bir gün keçirəcəyini səbirsizliklə gözləyir. O, ümid edirdi ki, Henri onun bir qadın kimi ehtiyaclarını dərk edəcək və ona həsrət qaldığı romantikanı, həyəcanı yaşadacaq. Lakin bu ümid tezliklə puç olur, Elisanın xəyalları suya düşür. Həyat yoldaşının bu dəyişimini görən Henri “Sən dizinin üstündən buzov qıracaq qədər güclü görünürsən” deməklə ona “kompliment” deyir. Elisanın bu cür “təqdir edilməsi” xoşuna gəlmir. Onun görünüşünə dair bu xoşagəlməz “iltifat” Elizanın bir qadın kimi eqosunu tətmin etmir. “Sonuncu ölən ümidlərdir” fikri ilə yola çıxaraq, deyə bilərik ki, Elisanın da sonuncu ümidləri yolda gülləri görəndə ölür. Bitkiləri atmaqla, tinker simvolik olaraq Elizanı və onun qadınlığını,seksuallığını rədd edir. Gül qabı boş olduğu kimi, Elisa da özünü boş hiss edir. O, həmçinin gender rolu ilə məhdudlaşdırılaraq əzildiyini hiss edir, dərk edir ki, həyatı heç vaxt dəyişməyəcək, onun qadınlığı və seksuallığı Henri tərəfindən heç vaxt qiymətləndirilməyəcək, başa düşülməyəcək. Elisa həyəcansız əri ilə kifayətlənməyi öyrənməlidir, qəbullanmalıdır ki, əri romantik deyil, ona dəyər vermir, onun qadın kimi varlığını hiss etmir, Elisanın monoton həyatı heç vaxt dəyişməyəcək. Sonda zəif qadın kimi ağlayır.Göz yaşları burada onun gücsüzlüyünü, yaşam tərzini qəbullanmağını, təslimçiliyini simvolizə edir. “Xrizantemlər” əsərində müəllif Elisanın ümidini itirməsini göstərmək üçün ironiyadan istifadə edir. Hekayənin sonunda Elisa şam yeməyi ilə şərab istəməsi onun həyatda daha geniş imkanlar açdığını göstərir . O, nəhayət ki, məhdud varlığından qurtula biləcəyini və şanslarını sınaya biləcəyini başa düşdü. Elisa öz bədbəxtliyində günahkar olduğunu başa düşür. O, heç dəyişmir, hekayəyə təcrid olunmuş, tənha bir qadın kimi başlayır və eyni şəkildə bitirir. Elisanın əsas dəyişməsi, özünün yerinə yetirilməməsinin fərqində olmayan bir qadından həyatında nəyin əskik olduğunu dərk edən bir qadına çevrilir. Onun mövcud vəziyyəti dərk etməsi, fərqindəlik qazanması həqiqətən bir oyanışdır.
Hekayədə Elizanı nə simvollaşdırır? Hekayə boyu Elisanın xrizantemləri özünü simvolizə edir və xüsusilə də onun gizli, məhdud potensialını ifadə edir. Onun sevimli, güclü çiçəklərlə birbaşa əlaqəsi onun gözəlliyini,həyatı yaratmaq üçün fitri qabiliyyətini nəzərdə tutur. Boş dibçək boşa çıxan qadınlığı simvollaşdırır.
Henri Allen yaxşı ərdirmi? Elisanın əri Henri yaxşı, möhkəm adamdır, lakin arvadını razı sala bilmir. Henri Elisa qədər ağıllı deyil, amma fermanı idarə edən, özünü və arvadını dolandıran, biznes sövdələşmələri edən odur. Elizanın edə biləcəyi yeganə şey işini yerinə yetirərkən onu uzaqdan izləməkdir. Fermanın idarə olunması ilə bağlı hər hansı məlumatı bilavasitə olaraq Henridən alır, o, həyat yoldaşına bərabər tərəfdaş kimi yanaşmaq əvəzinə yalnız qeyri-müəyyən, alçaldıcı tərzdə yanaşır. Cəmiyyətinin standartlarına görə, Henri bir qadının ərdən istəməsi lazım olan hər şeydir, hər bir qadının arzuladığı həyat yoldaşı tipidir: o, onu maddi olaraq hər şeylə təmin edir, ona hörmətlə yanaşır və hətta hərdən onu bayıra da çıxarır.Ancaq Henri çatışmazlıqlarını görmür, yanındakı qadının ruhu, arzuları, istəkləri, mənəvi tələbləri ilə maraqlanmır. Onların aralarında harmoniya yoxdur, bir-birlərindən xəbərsizdirlər, fərqli dünyaların insanlarıdır, bu da Elisanın Henridən narazı olmasına səbəb olur. Henri onu heç bir məmnuniyyətlə təmin edə bilmir və o bu ailə həyatından zövq ala bilmir. Əri onunla ancaq alçaldıcı yumoristik şəkildə danışır. Onu və istəklərini başa düşmür. Elisanın ev qulluqçusu və bağban kimi bacarıqları ilə fəxr edir. Henri kişi ilə danışanda uzaqlaşıb danışır ki, Elisa bu söhbəti eşitməsin, çünki o,qadındır, o belə söhbətlərdə iştirak etməməlidir. Hekayə açıq şəkildə onun əsas mətləbindən bəhs etmir, bizə öz izahatlarımızı vermək qalır. Onların evliliyində ehtiras yoxdur, evlilik funksional xarakter daşıyır. Boşanmanın müxtəlif növləri var, onlardan biri də emosional boşanmadır. Bax Elisa ilə Henri də emosional boşanmaya aid cütlük idilər. Henri, onun üçün uyğun tərəfdaş deyil, eyni yumor hissini paylaşmırlar və hər ikisi çox fərqlidir. Bu da Elisanın özünü təcrid olunmuş hiss etməsinə səbəb olur. Onlar bir-birlərinə həyat yoldaşlarından daha çox bacı-qardaş və ya dost kimi yanaşırlar. Evliliklərinin Elisanın ehtiyaclarına ödəməməsinə baxmayaraq, Elisa seksual insan olaraq qalır, yazıçı bu keyfiyyəti normal və arzuolunan kimi göstərir. Onun emosional və cinsi ehtiyaclarını təmin edəcək heç kim yoxdur. O, tənhadır və hekayədəki kişilər dünyanı araşdırmaq üçün yola düşərkən evin qayğısına qalmaq ona düşür. Bu ailə tipik Azərbaycan ailələrinə misaldır. Təəssüf ki, bu problem bizim ölkədə də hələ də aktuladır. Hələ də qadına yüklənən rollar var, qadın obyekt kimi görünür.
Hekayənin sonunda Elisa niyə ağlayır? O, tinkerin öz ruhunu düşünmədən rədd etməsindən məyus olduğunu hiss edir.O, əri kimi onu bir qadın olaraq, bənzərsiz edən keyfiyyətləri qiymətləndirə bilməyib. Elisa həyatının heç vaxt dəyişməyəcəyini anlayır.
Əsərdə qayçı nəyi simvollaşdırır? Əsərdə qayçı kişi gücü və nəzarət hissini, eril enerjini ifadə edir. Elisa hekayənin çox hissəsində nadir hallarda qayçısız olur. Önlüyündə qayçısına aid xüsusi cibi var.
Elisanın paltarları nəyi simvolizə edir? Hekayə başlayanda Elisa ağır ayaqqabılar, qalın əlcəklər, kişi papağı və iti alətlərlə zəngin önlüklə tamamlanan androgen formalı bağçılıq paltarı geyinir. Müəllif onun bədənini “tıxanmış və ağır” kimi təsvir edir. Elisanın geyimi və forması kişiliyi, onun aseksual varlığını əks etdirir.
Elisa və xrizantem necə oxşardır? Xrizantem həm Elizanı, həm də onun həyatının məhdud dairəsini simvollaşdırır. Elisa kimi xrizantemlər də sevimli, güclü və çiçəklənir. Onların gül yatağı, Elizanın evi kimi, səliqə-sahmanlıdır. Xrizantem hekayə boyunca xatırlanır və Elizanın simvolu kimi görünür. Xrizantem gövdələri uzun, güclü və sərtdir ki, bu da Elisanın kişi keyfiyyətlərinin simvoludur. Bununla belə, çiçəyin özü zərifdir, bu da Elisanın qadına xas olan hissələrini təmsil edir. Xrizantemlərin həm güclü, həm də gözəl olmasının ziddiyyətli xüsusiyyətləri, Elisanın həm kişi, həm də qadın olması üçün qadına xas atipik xüsusiyyətlərin olduğunu təcəssüm etdirir. Eliza yolun ortasında çiçəkləri görəndə Elisa bunu özünü azadlığa buraxmaq və nəticədə yaralanmaq kimi qiymətləndirdi. Bir çox tənqidçilər xrizantemlərin Elisanın məyusluğunun simvolu olduğunu iddia edirlər.
Əsərdə simvollar.
Zəiflik: Elisa ilə qəribə adamın qarşılaşması Elisanın zəifliyini ortaya qoyur. Kişi onu asanlıqla üstələyə bilərdi. O, Elizaya yaxınlaşır, onu manipulyasiya edir və ona yalan deyir.
Gender rolları: Steynbek kişilərin və qadınların cəmiyyətdə xüsusi rollara malik olması fikrini dəstəkləyir.
Seksuallıq: Cinsəlliyini repressiya etsə də, Elisa hələ də seksual insandır. Onun və ərinin inkişaf edən cinsi əlaqəsi yoxdur, bu, Elisanın güclü və məhsuldar bədəninə baxmayaraq, uşaqlarının olmamasında görünür.
Qadınlıq: Qadınlıq cinsiyyətlə əlaqələndirilir. Hekayənin əvvəlində Elizanın eril enerjiyə sahib görünüşü var. Bununla belə, o, tinkerlə söhbət edərkən kiçik bir cinsi oyanışdan sonra, şəhərə getməyə hazırlaşanda daha qadın görünmək üçün əlindən gələni edir.
Qış: Hekayə qısırlığın simvolu olan qışda baş verir.
Döyüşlər: Döyüşlər ”kişi dünyası” ideyasının simvoludur. Döyüşlər qadınların ümumiyyətlə iştirak edə bilməyəcəyi məkan hesab olunur.
Həbslə bağlı simvolizm: Salinas Vadisi Elisanın emosional həyatını simvollaşdırır. Hekayə Salinas vadisinin uzun təsviri ilə açılır. Bu, Elisanın şəxsi mənfəəti üçün onu aldatmağa cəhd edə biləcək insanlardan xəbərsiz olması ilə yanaşı, Xrizantem yetişdirməklə ərini həqiqətən razı sala bilməyəcəyi vəziyyətini xəbər verir. Steynbek vadini üstü dumandan hazırlanmış qapaqlı qazana bənzədir. Vadinin “qapalı qazan” metaforası Elisanın havasız bir dünyanın içində sıxışdırıldığını və onun varlığının qaynama nöqtəsinə çatdığını göstərir. Onu da öyrənirik ki, yaxınlıqda Günəş olsa da, vadiyə heç bir işıq girmir. Günəş işığı çox vaxt xoşbəxtliklə əlaqələndirilir və nəticə ondan ibarətdir ki, onun yaxınlığındakı insanlar xoşbəxt olsalar da, Elisa xoşbəxt deyil. Dekabr ayıdır və vadidə soyuq hava hökm sürür, lakin hələ də sakinlər ümidsiz deyil, hava yəqin ki açılacaq. Havanın və vadinin sakinlərinin ümumi əhval-ruhiyyəsinin bu cür təsviri Elisaya da eyni dərəcədə aiddir. İlk olaraq Kaliforniyadakı bir vadinin lirik təsviri kimi görünən şey Elisanın klostrofobik, bədbəxt, lakin ümidli daxili həyatının zəngin simvolu kimi ortaya çıxır.
İnəklər: Henrini fermadan uzaqlaşdıran hadisə yaradırlar ki, Elisa evdə tək olarkən tinkerlə qarşılaşa bilsin.
Sarı xrizantemlər: Elisanın şəxsiyyət xüsusiyyətlərini və həyata baxışını göstərir.
Salinas Vadisi: onun qorunan həyat tərzini göstərir və oxucunu həyatda ən böyük arzularını həyata keçirməyə aparır.
Hekayənin sonunda Eliza atışmalardan sonra göz yaşlarını gizlətmək üçün paltosunun yaxasını yuxarı çəkir. Steynbek qadın şüurunun mürəkkəbliklərini dəf etmək üçün qeyri-adi bir qabiliyyət nümayiş etdirir. Əsər 3-cü bir şəxs tərəfindən nəql olunsa da, bütünlüklə Elizanın nöqteyi-nəzərindən təqdim olunur. Bu texnika ona onun psixikasını araşdırmağa və dünyanı onun gözü ilə göstərməyə imkan verir. Biz onun yerinə özümüzü qoyuruq və onun məyusluqlarını,hisslərini yaşayırıq, onunla empatiya qururuq. Çünki o, Henrinin kostyumlu kişilərlə nə müzakirə etdiyini bilmir, biz də bilmirik. Çünki o, tinkeri yaraşıqlı kişi kimi görür, biz də görürük. O, qazanlarını düzəldəndə dodaqlarına baxdığı üçün biz də onunla birlikdə onlara baxırıq. Nəticədə hekayənin sonunda onun həsrətini və xarakterini ərindən daha çox başa düşürük.
Bir çox kişilər qadınlara lazım olan yeganə şeyin işləyən ərlərin və kifayət qədər pulun olmasını düşünürdülər. Yazıçı Elisanı heç vaxt qınamır və əvəzində onun istedadının, enerjisinin və ambisiyasının israfını faciə kimi təsvir edir. Bizdən Elizanı sərt mühakimə etməyi xahiş etmək əvəzinə, bizi onun niyə belə davrandığını anlamağa, onunla empatiya qurmağa dəvət edir. Steynbek Henri və tinkerdən patriarxal cəmiyyətlərin, paternalizminin dayaqları kimi istifadə edir: necə ki, onlar qadınların potensialına məhəl qoymurlar, cəmiyyət də qadınlara o cür davranır. Steynbek cinsi doyuma ehtiyac olduğunu müdafiə edir və onun arxasınca düşmək insanların irrasional şəkildə hərəkət etməsinə səbəb ola bilər. Obrazın ödənməmiş istəkləri nəticəsində tinkerin Elisanı cəlb etməsi təhlükəli və idarəolunmazdır.
Oxucu Elisanın ərinin arvadının gözəlliyini görmədiyinə görə günahkar olduğunu öyrənir. Yazıçı Elisanın şəxsiyyətlə mübarizəsini göstərmək üçün 20-ci əsrin kişi və qadın rollarını təsvir edir. Elizanın həyat yoldaşı kimi rolu ona həyat yoldaşı olaraq verilən tapşırıq vasitəsilə üzə çıxır. Eliza bir neçə səviyyədə qarşılaşdığı hər bir insanla, eləcə də bağçaya qulluq etdiyi və həyat sürdüyü təbiətin özü ilə münaqişə yaşayır. Bağın özü hekayənin inkişafı ilə Elisanın fiziki xüsusiyyətlərini dəyişir. Müəllif kim olduğu və həyatdan nə istədiyi ilə bağlı daxili qarışıqlıqlarla dolu bir obrazı ortaya qoyan qısa hekayə boyunca çoxsaylı dialoqlarda bunu ifşa edir.
Xrizantemlər Elisanın həyatının böyük bir hissəsidir və onun özünə necə baxdığını, necə davrandığını simvollaşdırır, yazıçı Elisanın gücünü simvollaşdırmaq üçün xrizantemdən istifadə edir. Xrizantem budaqlarını kəsmək üçün çox güc tələb olunur ki, bu da Elisanın qayçıdan istifadə etməsi ilə vurğulanır. Bir qayda olaraq, çiçəklər gözəl və zərif təsvir olunur, lakin xrizantem möhkəm və sərtdir. Steynbek xüsusi olaraq xrizantemlərdən istifadə etməyi seçdi, çünki onlar Elisanın gücünü simvollaşdırır,o, özünə güvənən, güclənmiş qadındır, lakin onun bütün gücü, xrizantemlərin bağının divarları arasında bağlandığı kimi cəmiyyətin standartları daxilində məhdudlaşır. Onun vəzifəsi xrizantemlərə qulluq etməkdir, onda qadınlıq gücünü nümayiş etdirəcək bir situasiya yaranmamışdı.Tinkerlə sonradan bu situasiya yarandı. Yazıçı Elisanın geyimindən onun eril qüvvəsini, xarici dünyadan təcrid olunmasını simvolizə etmək üçün istifadə edir ki, cəmiyyətin standartları qadınların fürsətlərdən necə məyus olmasına səbəb olur.
Əsərin başlığı ədəbi texnikanın simvolizmini ortaya qoyur. Xrizantem çiçəyi qəhrəmanlarının düşüncələrini, hisslərini və fikirlərini açıqlayır. Steynbekin qəhrəmanı ərinin səhlənkarlığından əziyyət çəkir və buna görə Elisa öz təcrid olunmuş dünyasına üz tutur. Xrizantem çiçəyi kimi gözəldirsə, səhlənkarlıqdan əziyyət çəkir, necə ki gülə qarşı diqqətsiz olsan, onu sulasan, gül solar, qadın da elədir.
Əsərin əsas mövzulardan biri kişilərin hakim olduğu cəmiyyətdə qadının məhdudiyyətləridir. Hasar onun evliliyini, bağ isə həyatını təkrarlayır. Henri heç vaxt Elisanın xrizantemlərinə maraq göstərmirdi, yəni həyat yoldaşı ona maraqlı deyildi. Bağ hasarla əhatə olunub. Müəllif evlilik həyatından narazılığını və məyusluğunu taxta hasardan istifadə edərək göstərir. Çay dərədən çıxan bir yol kimi dayanan hekayədə görünən simvollardan biridir. Bu o mənada simvolikdir ki, Elizanı təcrid olunmasına məhəl qoymadan dar təsərrüfat dünyasından çıxarmağa bənzəyir. Bəziləri bunu onun “qapalı qazanda” ağırlaşdırılmış həyatdan qaçması kimi simvolik hesab edir. Hekayəni oxuyandan sonra görmək olar ki, Elisa heç vaxt bu fürsətdən istifadə etmir, amma başqaları onun hasarlanmış həyatından qoparaq yanına gəlirlər. O, təcrid olunmuş səltənətinə girən zərgərdən xoşlanır. Elisanın kənar adamın əsl xarakterini tanıya bilməməsi çox aydındır ki, onun quruya su damcıları kimi gəlməsi müsbətdir. Hekayədə su məsumluq və təmizlik obrazı kimi simvollaşdırılıb. Müəllif “su kimi aydın” yazanda Elizanın gözü ilə aydın görünür.Tirkerin gözlərinə baxanda nəzərəçarpacaq bir dəyişiklik görə bilərsiniz və o, bunu maraqlı hiss edir. Steynbek qadın və kişi davranışının patriarxal cəmiyyətin diktə etdiyi tipik modellərini nümayiş etdirmişdir. Eliza və digər personajlar bu nizamın zərərli olduğu fikrini göstərir, çünki o, böyük insanların potensialını yalnız bir insanın qadın olması səbəbindən məhv edir.
Mayın 29-da Heydər Əliyev Sarayında bir çox müsabiqələrin mükafatçısı, gənc və istedadlı ifaçı Almaxanım Əhmədlinin ilk böyük solo konserti keçiriləcək.
Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konsertdə A.Əhmədli öz repertuardakı mahnılarla yanaşı, muğamlar, xalq və bəstəkar mahnılarını da səsləndirəcək.
Biletləri şəhərin bütün kassalarından, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan, www.itick
TÜRKSOY təşkilatı və Macarıstanın təşkilatçılığı ilə görkəmli macar şairi Şandor Petefinin doğumunun 200 illiyi münasibəti ilə həyata keçirilən Beynəlxalq Şeir Tərcümə Müsabiqəsinin nəticələri məlum olub. Azərbaycanlı şairlər Ramil Əhməd və Cavid Mövsümü də müsabiqənin qaliblərindən olublar.
Bu barədə Ramil Əhməd məlumat verib. O bildirib ki, müsabiqədə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan olan şairlər, tərcüməçilər iştirak ediblər.
Mükafat martın 15-də Budapeşt şəhərində təqdim ediləcək.
Qeyd edək ki, müsabiqə çərçivəsində tərcümə olunan şeirlər kitab halında nəşr ediləcək.
2024-cü ildə Yunanıstanda Homerin “Odisseya” klassik poeması əsasında filmin çəkilişlərinə start veriləcək.
AZƏRTAC xəbər verir ki, film İtaliya, Yunanıstan, Böyük Britaniya və Fransanın birgə istehsalı olacaq. Baş rolları canlandıracaq Reyf Fayns və Jülyett Binoş Entoni Mingellanın 9 dəfə Oskar mükafatına layiq görülən “İngilis pasiyenti” filmində də birgə çəkiliblər.
Filmin ssenarisi Homerin “Odisseya” poeması əsasında yazılıb. Odissey doğma adaya 20 ildən sonra geri dönür, indi onu yeni sınaqlar gözləyir.
Layihə 2022-ci ilin aprelində anons olunub. Filmin rejissoru Uberto Pazolini, ssenari müəllifləri Con Kolli və Edvard Bonddur.
Yeni formalaşdırılmış Azərbaycan Milli Kulinariya komandası ilk dəfə nüfuzlu Qlobal Aşpazlar Müsabiqəsinə qatılıb və uğurlu nəticə göstərərək üç bürünc medal qazanıb.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, azərbaycanlı aşpazlar Ümumdünya Kulinariya Cəmiyyətləri Birliyinin (“Worldchefs”) təşkil etdiyi dünya miqyaslı yarışmanın Avropa üzrə yarımfinalının ilk günündə bütün kateqoriyalar üzrə fərqlənməyi bacarıblar.
Azərbaycan Milli Kulinariya komandası İtaliyanın Rimini şəhərində keçirilən “Avropa Qran -Prisi 2023: Qlobal Aşpazlar Müsabiqəsi”ndə Dövlət Turizm Agentliyinin dəstəyi ilə iştirak edir. Azərbaycanlı aşpazlar yarışmada dörd kateqoriya üzrə çıxış edirlər. Baş aşpaz Sərxan Məmmədov və köməkçi aşpaz Abdulla Abdullayev “Qlobal usta aşpazlar müsabiqəsi” kateqoriyasında bürünc medal, baş qənnadçı Gülnar Rəsulova və köməkçi Zinyət Axundova “Qlobal şirniyyat hazırlanması üzrə aşpaz” kateqoriyasında, baş aşpaz Nicat Babayev və köməkçi Leyla Vəliyeva isə “Qlobal veqan aşpaz” kateqoriyası üzrə yarışmada bürünc medal əldə ediblər.
Bu qələbələr Azərbaycan komandasının üzvlərinə gələn il Sinqapurda keçiriləcək “Dünya aşpazlarının konqresi 2024” tədbirinin final mərhələsinə vəsiqə qazandırıb.
Rimini Ekspo Mərkəzində keçirilən “Avropa Qran-Prisi 2023: Qlobal Aşpazlar Müsabiqəsi”ndə Xorvatiya, Belçika, Macarıstan, Kipr, Rumıniya, Latviya, Almaniya, Serbiya, Estoniya, Portuqaliya, Sloveniya, İspaniya, Lüksemburq və digər ölkələrdən komandalar iştirak edir. Tədbir məkanında Dövlət Turizm Agentliyi tərəfindən “Qarabağ, Şuşa” mövzusunda milli turizm brendinə əsasən destinasiya məlumat stendi quraşdırılıb.
Azərbaycan Turizm Bürosunun Qastronomiya turizminin idarəedilməsi sektorunun müdiri Səkinə Əsgərova bildirir ki, “Avropa Qran-Prisi 2023” uğrunda yarışan milli komanda üzvlərinin seçimi Worldchefs-in assosiativ üzvü Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası (ACSA) və CASA Kulinariya Sənətləri Məktəbinin məzunlarının köməyi ilə aparılıb. 2023-cü il ərzində Milli Kulinariya komandasının üzvləri daha bir neçə beynəlxalq yarışmada bacarıqlarını nümayiş etdirəcəklər.
Yazıçı Xeyrəddin Qocanın növbəti satirik hekayəsi Gülüş Klubunun bugünkü buraxılışında diqqətinizə çatdırılır.
Prokurorun söhbəti
Rayonların birinə prokuror təyin olunmuşdum. Birinci gün işə çıxmışdım. Təzəcə oturmuşdum ki, qəbul otağından səs eşitdim. Katibəni çağırıb soruşdum, “bəlkə qəbuluma gələnlər var?”. Katibə bildirdi ki, “bəli, hörmətli prokuror, gəliblər”. Dedim, “bir-bir burax, keçsinlər içəri”.
Heç demə, onlara da elə bu lazım imiş: bir-bir içəri girib, “ürək söhbəti” eləmək istəyirlərmiş…
Bir ağsaqqal kişi içəri girib salam-kəlamdan sonra ədəb-ərkanla əyləşdi. Döş cibindən bir zərf çıxarıb qoydu masamın üstünə. Soruşdum:
– Kişi, şikayətin nədir?
Nə cavab versə yaxşıdır?
– Allah eləməsin biz şikayət-zad yazaq, hörmətli prokuror!
– Bəs masamın üstünə qoyduğun şikayət məktubu deyil?
– Əşi, yəni düşünürsən mən bu ağsaqqal vaxtımda şikayətə gəlmişəm? Şirkət başçısıyam, gəldim sizi görüm, gedim. Zərfdə üç min dollar var. Hər ayın başında yenə bir o qədər gətirəcəyəm.
Hirs vurdu təpəmə, dilləndim:
– Ağsaqqal kişisən, zərfi götür, get. Mən sən deyən prokurorlardan deyiləm!
Kişi çıxdı. Qəbuluma gələnlər bir-bir masamın üstünə zərflər qoydular, mən də onları bir-bir qovdum, getdilər.
Birinci günüm belə keçdi.
İkinci gün yenə təzəcə işə başlamışdım, katibə bildirdi ki, “hörmətli prokuror, dünənki ağsaqqal yenə gəlib”. Fikirləşdim yəqin, üzr istəməyə gəlib.
Kişi içəri girər-girməz, köhnə dostlar kimi mənə yaxınlaşdı, bir əli ilə əlimi tutdu, o biri əli ilə döş cibindən bir zərf çıxarıb qoydu masamın üstünə.
Yenə soruşdum “a kişi, bu nədir?” Kişi yazıq-yazıq dilləndi:
– Üstünü düzəltdim, hörmətli prokuror! Altı min dollar elədim.
Elə bil, başımda ildırımlar çaxdı. Kişiyə necə qışqırdımsa, zərfi götürüb, o gedən getdi.
Sonradan mənə bildirdilər ki, bu adamlar hər ayın başında məndən əvvəl işləyən prokurorlara beləcə “baş çəkirlərmiş”… İndi gəl, belə rayonda işlə görüm, necə işləyirsən?!
Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyətinin üzvü, sənətşünas, ssenarist Nadir Bədəlovun “Kino gözlə söz arasında” kitabı işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyi ilə çap edilmiş, “Kinematoqrafçının kitabxanası” seriyasından olan kitab 3 hissədən- “Filmin dramaturgiyası”, “Filmin estetikası”, “Filmlərə baxış” bölümündən ibarətdir.
Kitabda söz və sözün izahı, dramaturgiya nədir və filmdə dramaturgiyanın rolu, mimesis – təqlid gerçəkliyin əksi kimi, realizm, Hegel – dünyanın dramaturji qəlibi kimi, Aristotel təlimi, və s. məqamlar geniş yer alıb.
“Filmin estetikası” hissəsi, adından göründüyü kimi, filmin estetikasında həlledici olan film rejissorluğu haqqındadır. Kitabın orijinal aspektlərindən biri filmdə müəllifin, müasir rejissorlardan Emil Quliyevin “Pərdə” trilogiyası, Azərbaycan kinoklassiklərindən Rüstəm İbrahimbəyovun, Həsən Seyidbəylinin filmləri, dünya klassikasından Roman Polanski və Nuri Bilgə Ceylanın filmləri tamamilə yeni rakursdan analiz edilir.
Kitabı gənc kinodramaturqlar üçün dəyərli edən cəhət, dünyada ən populyar ssenari ustadlarının, Con Trubi, Sid Fild, Kristofer Voqler və Robert Makkinin müəllifi olduğu təlimlərin ensiklopediyasıdır. Müəllif hər bir təlimi ətraflı izah edir.
Yeni çıxan kitabın dərslik vəsaiti kimi də əhəmiyyəti yüksəkdir.
“Kino gözlə söz arasında” kitabının layihə rəhbəri Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov, redaktoru Məqsəd Nur, rəssamı Sevinc Quliyevadır.
Mədəniyyət Nazirliyinin 2022-ci ildən həyata keçirdiyi “Yeni adlar” musiqi layihəsi bu il də davam edir.
AZƏRTAC xəbər verər ki, müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə xidmət edən layihə bu il Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunur. Gənc ifaçıların tanınmış dirijorların rəhbərliyi altında simfonik, kamera və xalq çalğı alətləri orkestrləri ilə konsertlərinin keçirilməsi onların sənət yolunda inkişafına mühüm zəmin yaradır.
Layihənin yeni mövsümdə ilk konserti Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gerçəkləşib.
Konsertdən əvvəl qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor – Əməkdar artist Fuad İbrahimov) müşayiəti ilə respublika və beynəlxalq müsabiqələr laureatları Canel Nəcəfli (violin), Səid Bağırzadə (klarnet) və Zaur Məmmədov (gitara) öz ifaları ilə musiqisevərlərin könlünü oxşadılar.
Canel Nəcəflinin ifasında V.A.Motsartın “Violin və orkestr üçün 3 nömrəli konsert” (sol major, op.216), Səid Bağırzadənin ifasında K.Veberin “Klarnet və orkestr üçün 1 nömrəli konsert” (fa minor, op.73), Zaur Məmmədovun təqdimatında isə X.Rodriqonun klassik gitara və orkestr üçün “Concierto de aranjues” əsərləri alqışlarla qarşılanıb.
25 fevral 2023-cü il saat 15:00-da LIBRAFF kitab evinin Gənclik filialında Zəfər Gününə həsr olunan “Qəhrəmanlıq salnaməsi” yazı müsabiqəsinin toplusu ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, kitabda 44 günlük Vətən müharibəsində tarix yazmış şəhid və qazilərimizin, ön və arxa cəbhədə mücadilə vermiş qəhrəmanlarımızın şücaətlərini əks etdirən yazılar toplanıb.
Ədəbiyyat müəlliflərə bir zaman və məkana xas gender rollarını gücləndirməyə və ya alt-üst etməyə imkan verən güclü bir vasitədir. Keçmişdə bəzi kitablar insanların özlərini qavramasına bir neçə yolla mənfi təsir edirdi:
1.Ciddi gender rollarını və stereotipləri təbliğ etməklə.
2. Müəyyən edilmiş normaya uyğun gəlməyənləri intizam tənbeh etməklə.
3. Müxtəlif cinslərdən olan insanların ədəbiyyat dünyasında yazıçı, oxucu və personaj kimi necə iştirak edə bilməsinə təsir etməklə.
Bu amillərə görə ədəbiyyat gender tənqidinin yaranması üçün fon rolunu oynadı . Bu tədqiqat sahəsi insanların gender rollarını necə qəbul etməsinə əhəmiyyətli təsir göstərmişdir.
Gender tənqidi ədəbi tənqidin davamıdır, mədəniyyətlərin müəyyən bir cinsin xüsusiyyətlərini müəyyən etmək və insana tətbiq etmək üçün simvollardan necə istifadə etdiyinə diqqət yetirir. Burada müraciət etdiyi bəzi şeylər var:
Cinsi dil. Məsələn, ümumilikdə insanlara aid kişi əvəzliklərindən (o, o, onun) istifadə edilməsi daxildir. Bu tendensiya kişi olmağın norma hesab edildiyi, qadının isə “digəri” kimi qeyd edildiyi tarixi patriarxatın nəticəsi idi.
Personaj seçimi . Kişi personajları tez-tez öz kişiliyini və fiziki gücünü bərqərar edərək, aparıcı rol oynayırdılar. Qadın personajlar heç bir azadlıq və müstəqillik seçimi olmadan hakimiyyəti qəbul etməli idilər.
Müəllifin cinsiyyətinin qavranılması . Kişi yazıçıların öz hekayələrini danışmaqda ciddi üstünlüyü var idi. Bunun əksinə olaraq, qadın yazıları əxlaqsızlıq hesab edilir, qərəzli davranılır və sərt tənqid edilirdi. Nəticədə yazıçılar arasında peşəkar şəkildə qəbul olunmaq şansı əldə etmək üçün kişi təxəllüsləri ilə nəşr etməli oldular.
Qərb və rus yazıçı və filosofları qadının cəmiyyətdəki mövqeyi problemini əsasən gender problemi ilə əlaqələndirirdilər, çünki dünyanı qavramaqda kişi prioritetlərinə yönəlmiş mədəniyyət həmişə qadına ikinci dərəcəli rol təyin etmişdir. Qadının iki yolu var idi: ya “bədən” olmaq, ya da “bədənə qarşı” reallaşmağa çalışmaq. Rusiyada demokratik düşüncəli tənqidçilər qadının ailə zülmündən tam azad olunmasının tərəfdarı idilər, qadının ilk növbədə şəxsiyyət olduğunu təkid edirdilər. Mövcud əxlaqı tamamilə inkar edən nihilistlər ifrat mövqe tutaraq, qadınların cəmiyyətdəki statusunu kökündən dəyişməyə çağırıblar. İnqilabi demokratiyanın liderləri, görünür, qadınların vəziyyətini yaxşılaşdırdılar, ailə sərhədlərindən asılı olmayaraq müstəqil mövcudluqdan ibarət olan bərabərliyə aparan yol göstərdilər.
Rus şairi Vera Pavlova valideyn despotizmi, qeyri-bərabər evliliklər, sevgi münaqişələri kimi aktual problemlərə cəlbedici və aşkar həllər təklif edirdi. Yeni estetikanın yaradılması yalnız mövcud düşüncə və forma stereotiplərinin dağıdılması ilə mümkündür. Sevgidə müstəqillik uğrunda mübarizəsi zamanı Vera anladı ki, onu azad qadın etmək üçün nə evlilik, nə də “azad” sevgi kifayətdir. Bu dövrün əksər rus qadınları kimi o, iqtisadi müstəqilliyin cinsi azadlıq və bərabərlikdən daha vacib olduğunu başa düşürdü: “Mən heç kimə boyun əymək istəmirəm, azad olmaq istəyirəm, heç kimə borclu olmaq istəmirəm. ki, heç kim mənə deməyə cəsarət etməsin: sən mənim üçün nəsə etməyə borclusan” .
Müstəqilliyə can atan müasirlər, Vera Pavlovada hərəkət, iradə və cinsi şəxsiyyəti birləşdirən layiqli bir nümunə gördülər. Bu, 1860-cı illərin nihilist proqramının əsasını təşkil edirdi. Nihilistlər bütün dünyanı dəyişmək istəyirdilər mütləq siyasi yollarla deyil və bu baxımdan onlar bu dünyanın yalnız bəzi cəhətləri ilə kifayətlənməyən feministlərdən kəskin şəkildə fərqlənirdilər. Feministlər qadınların mövqeyini təkamül yolu ilə dəyişməyə çalışırdılar (iş əldə etmək, ailədə rolunu artırmaq baxımından); nihilistlər isə ailənin boyunduruğundan dərhal tam qurtulmağı, nikah azadlığını, cinsi bərabərliyi – yəni şəxsi emansipasiyanı müdafiə edirdilər.
Nihilistlər (rus yazıçılarının əsərlərində), feministlərdən fərqli olaraq, öz görünüşlərini və davranışlarını kişilərlə bərabər şəkildə vurğulayaraq, itaətkar davranırdılar, lakin real həyatda hər şey romanlardakı kimi sadə deyildi. Rusiya cəmiyyəti qadının ailədən ayrılmasını qəbul etmirdi. Bu mövqe rus yazıçı və filosoflarının əsərlərində öz əksini tapmışdır: İ.S.Turgenevin “Atalar və oğullar” əsərində nihilist qadın başqalarının gözündə ya gülməli, ya da bədbəxt kimi göstərilir. Turgenev “Atalar və oğullar”da nihilisti karikaturaya çəkib: onun Evdokia Kukşina-sı siqaret çəkir, qətiyyən rahat geyinir. Kimyaya olan səthi ehtirasla birləşən qeyri-təntənəli davranış modaya verilən qiymətdir.
Feminizm qadın hüquqları uğrunda mübarizə aparır : səsvermə hüququ, dövlət vəzifəsi tutmaq hüququ, işləmək hüququ və bərabər maaş, mülkiyyət hüququ , təhsil , əməliyyatlarda iştirak, evlilikdə bərabər hüquqlar, hüquq analıq məzuniyyəti və doğuş , bədən müstəqilliyi və toxunulmazlıq hüququ (qadınları və qızları zorlamadan , cinsi təcavüzdən və məişət zorakılığından qorumaq ) və daha çox şey. Terminin müəllifi Şarl Furyedir. Feminist nəzəriyyə gender bərabərsizliyini anlamaq məqsədi daşıyırvə gender siyasəti, güc münasibətləri və seksuallığa diqqət yetirir. Feminist nəzəriyyədə tədqiq olunan mövzulara ayrı-seçkilik, stereotipləşdirmə , obyektivləşdirmə (xüsusilə cinsi obyektləşdirmə ), zülm və patriarxiya daxildir .
Feminist,ədəbiyyatşünas Elaine Showalter ədəbi tənqidə təsir göstərərək, qinotirizm adlı “qadınların yazıçı kimi” öyrənilməsini təsvir edən bir termini yaratdı, “qadın ədəbiyyatının təhlili üçün qadın çərçivəsi” ni qurdu. Qadın yazıçıların tarixi tədqiqini fərqli bir ədəbi ənənə kimi genişləndirərək, ginoritistlər ədəbi yaradıcılığın kişi modellərini əvəz etmək üçün qadın təcrübəsinin öyrənilməsi əsasında yeni modellər hazırlamağa çalışırdılar. Qinoritizm qadınların şəxsiyyət uğrunda mübarizəsini və cinsiyyətin sosial quruluşunu da araşdırır. Elaine Showalter-ə görə, qinorittika təkcə qadının gender statusu kimi deyil, həm də qadının “daxili şüurunu” öyrənir. Qadın subkulturasının üzə çıxarılması və qadın modelinin nümayişi qinoritizmin niyyətidir. Feminist hərəkat qadın yazılarına yeni maraq yaradan feminist fantastika , feminist qeyri- bədii ədəbiyyat və feminist poeziya yaratdı. Bu, həmçinin qadınların həyatlarının və töhfələrinin elmi maraq sahələri kimi kifayət qədər təqdim edilmədiyinə dair inanclara cavab olaraq qadınların tarixi və akademik töhfələrinin ümumi yenidən qiymətləndirilməsinə təkan verdi. Feminist ədəbiyyat və aktivizm arasında sıx əlaqə də olmuşdur , feminist yazılar adətən müəyyən bir dövrdə feminizmin əsas narahatlıqlarını və ya fikirlərini dilə gətirir. Feminist ədəbi elmin erkən dövrünün çox hissəsi qadınlar tərəfindən yazılmış mətnlərin yenidən kəşfinə və bərpasına verildi. Qərb feminist ədəbiyyatşünaslığında, Deyl Spenderin “ Romanın Anaları” və Ceyn Spenserin “ Qadın romançısının yüksəlişi” kimi tədqiqatlar qadınların həmişə yazdıqlarına dair təkidlə zəmin yaratdı. Virciniya Vulfun “Özünə aid otaq” əsərində Vulf sosial ədalətsizlikləri araşdırmaq üçün metaforalardan istifadə edir və qadınların ifadə azadlığının olmaması ilə bağlı şərhlər verir. Onun balıq metaforası onun ən vacib fikrini izah edir: “Qadının bədii ədəbiyyat yazmaq üçün pulu və öz otağı olmalıdır”.Qadın bir fikir düşünməyə başlayanda gözətçi qadınların otaqda gəzməsinə icazə verilmədiyi bir qayda tətbiq edir. Qaydaya riayət edən qadın fikrini itirir. Burada Vulf qadınların sosial gözləntilərinin təsirini sadəcə ev uşaqları, cahil və iffətli kimi təsvir edir.
Feminist poeziya. İlk feminist şair Sappho olub. Sappho Qədim Yunanıstanın Lesbos (lezbiyanın mənşəyi) adasından idi. O, Qədim Yunanıstanda qadın homoseksuallığı, lezbiyan seksuallığının adətən göz ardı edildiyi və ya silindiyi bir mədəniyyət və zaman haqqında yazırdı. Fenwick-in “Kaliban bacıları” əsərində qadın “cins və irqiləşmiş müqavimət mövqeyi” kimi təsvir edilmişdir.
Feminist elmi fantastika. Le Guin “Qaranlığın sol əli” əsərində Estraven həm kişi, həm də qadın xüsusiyyətlərini nümayiş etdirir. İşıq qaranlığın sol əli, qaranlıq isə işığın sağ əlidir. İkisi bir, ölümlə həyat, aşiqlər kimi, birləşmiş əllər kimi, son və yol kimi.
Coanna Rus “Qadın kişi” romanı. Roman zaman və məkan baxımından bir-birindən fərqli paralel kainatlarda yaşayan dörd qadının həyatından bəhs edir. Qadınlar bir-birlərinin dünyalarını ziyarət edir, və gender rolları, qadın və qadınlığı əhatə edən sosial konvensiyalar haqqında fərqli baxışlardan çaşıb qalırlar. Görüşləri onlara həyatlarını yenidən qiymətləndirməyə və qadın olmağın nə demək olduğunu yenidən müəyyənləşdirməyə təsir edir. Sonda dörd qadının hamısı eyni qadının dörd fərqli versiyası olduğunu və öz dünyalarının patriarxal konvensiyalarından azad ola bildiklərini kəşf edirlər.Romanın adı öz cinsindən kənarda hörmət və görülmək üçün “qadın kişi”yə çevrilən Joanna personajından gəlir. “Qadın kişi” kişi ağlı olan, bədəni və ruhu hələ də qadın olan qadındır. Coannanın metaforik transformasiyası onun qadınların kişilərdən asılılığını rədd edərək bərabərlik axtarmaq qərarına istinad edir və digər üç qəhrəmanın etdiyi səyahətləri əks etdirir. Roman qadınların hər biri öz həyatına, dünyasına və qadın kimliyinə yeni baxış bucağı ilə ayrılaraq dünyalarına qayıtması ilə sona çatır.
Oktavia Butler “Qadın” hekayəsi. Qaradərili qadının həssaslığından araşdırır. Hekayənin emosional nüvəsini təşkil edən iki irqlərarası cütlük vasitəsilə roman həm də güc, cinsiyyət və irq problemlərinin kəsişməsini araşdırır və gələcək bərabərlik perspektivləri haqqında fərziyyələr aparır. Əsər müasir qaradərili qadının quldarlıq cəmiyyətini necə yaşayacağını araşdırmaq üçün yazılmışdır, burada qaradərililərin əksəriyyəti mülk hesab olunurdu, “bütün cəmiyyətin sizə qarşı yığıldığı” bir dünya. Qohum sözünün anlamı var. Əgər Amerika daha yaxşı gələcəyə doğru irəliləmək istəyirsə, qaradərililərin və ağların bu qohumluğu etiraf edilməlidir. Butlerin Dana və Kevinin oxşar maraqlarını və ortaq inanclarını göstərmək üçün qohum sözündən ilk dəfə istifadə etməsindən aydın görünür. Dana və Kevinin münasibətləri qara və ağ irqli Amerikanın barışması üçün yol göstərir: onlar ölkənin irqçi keçmişi ilə birlikdə üz-üzə gəlməlidirlər ki, qohum kimi birgə yaşamağı öyrənə bilsinlər.
Marqaret Atvud “Qulluqçu” nağılı. Futuristik distopiya romanıdır. Əsərin qəhrəmanı, təhkiyəçi Gileadda hakim sinif olan “komandirlər” üçün övlad yetişdirmək məqsədilə zorlanan “kənizlərdən”, qadınlardan biridir. Roman patriarxal cəmiyyətdə tabe edilmiş qadınlar, qadın səlahiyyətlərinin və fərdiliyinin itirilməsi, qadınların reproduktiv hüquqlarının boğulması, qadınların müqavimət göstərərək fərdilik və müstəqillik əldə etməyə çalışdıqları müxtəlif vasitələri araşdırır. Başlıq bir-birinə bağlı hekayələr silsiləsi (məsələn, “Tacirin nağılı” və “Parsonun nağılı”) olan Cefri Çauserin Kenterberi nağılları”nın tərkib hissələrini əks etdirir.
Feminist qeyri-bədii ədəbiyyat. Maya Angelounun “ Mən Bilirəm Niyə Qəfəsli Quş Oxuyur ” əsəri ABŞ-da böyüyən qaradərili qadınların yaşadığı xüsusi irqçilik və cinsiyyətçiliyi təmsil etdiyi üçün son dərəcə təsirli idi. Əsər müəllifin gənclik illərini təsvir edən tarixi avtobioqrafik əsərdir, xarakterin gücünün və ədəbiyyat sevgisinin irqçilik və travmanın öhdəsindən gəlməyə necə kömək edə biləcəyini göstərən yetkinlik hekayəsidir. Əsərin qəhrəmanı Maya aşağılıq kompleksi ilə irqçiliyin qurbanı qərəzlərə cavab verə bilən özünə sahib, ləyaqətli bir gənc qadına çevrildi.
Ədəbiyyatla bağlı qadınların tarixində mühüm şəxsiyyət ilk qadın tarixçi Hrotsvithadır.Latın Qərbində dramlar yazan ilk şəxs və ilk alman qadın şairi hesab olunur. Onun miflərdən istifadə etməsi, İslamın yaratdığı təhlükə qarşısında bakirəliyə, şəhidliyə və xristian dəyərlərinin gücünə diqqət yetirməklə xristianlığın əhəmiyyəti haqqında yazarkən xüsusi perspektivi göstərir. İblis Hrosvitanın bir çox əsərlərində tez-tez iştirak edir və o, onu dövrünün konvensiyalarına uyğun olaraq xarakterizə edir. “Dionysius” və “Müqəddəs Aqnes” əsərlərində o, erkən xristianların şəhidliklərindən bəhs edir. Hrosvitanın pyesləri hagioqrafiya əsərləri idi. Hagioqrafiya müqəddəs ruhaninin bioqrqfiyası, ideallaşdırılmış tərcümeyi-halıdır. Passio müqəddəsin şəhid olması haqqında məlumatdır. Onun pyeslərində xristian qadınların iffəti və əzmkarlığı zəif və emosional olaraq təsvir edilən Roma qadınları ilə ziddiyyət təşkil edir. “Dulcitius” və “Sapientia” bakirə şəhidlik hekayələrindən bəhs edir. “Dulcitius” Hrotsvitanın müasir komediya janrına uyğun gələn yeganə komediyasıdır. Qadınların yaşadığı ümumi bir məsələ və təzyiq forması olan təcavüzdən bəhs edir. Din qadınlara azadlıq və müstəqillik verə bilər, onlara güc verə bilər. Hrotsvitha pyeslərində evlilik, zorlama və obyekt kimi görülmək kimi dövrünün qadınlarına təsir edən məsələlərə diqqət yetirir. Qadınların o zamankı həyatlarını və seçimlərini yaxşı başa düşdüyünü nümayiş etdirir.O, qadınları fəzilətli, cəsarətli, hazırcavab və Allaha yaxın kimi qələmə verərkən, o, yalnız bir kişi haqqında nifrət etmədən danışır və onların qeyri-mütənasib şəkildə sınaqlara məruz qaldığını görür.
Azərbaycanda feminizmin düzgün təbliğatını aparan yeganə şəxs hesab etdiyim qadın şairə Aysel Əlizadədir. Əsərləri: “Qadın peyğəmbər” (roman). Əsərləri: “Qadın”, “Seksin poeziyası” şeirlər, “Qızlar ağlamaz”. O, Oşonun “Qadınların kitabı” və “Kişilərin kitabı” əsərlərini dilimizə tərcümə edib. “Seksin poeziyası” əsərinin bu cür adlanmasının səbəbi var. Stereotipləri, doqmaları, kiflənmiş əngəlləri qırmaq üçün bu ad qoyulub. Mənəvi sərhədləri – o sərhədlər ki, insanın azadlığına çox böyük əngəl yaradır, bunları qırmaq üçün. Bir ölkədə, cəmiyyətdə beynəlxalq bir termin problemli qarşılanırsa, ədəbsiz, ayıb söz hesab edilirsə, orada daha üst pilləyə qalxıb nəyisə həll etmək mümkünsüzdür. Çünki Avropa, Qərb yalnız seksual inqilabdan sonra inkişaf etdi. Seks problemini həll edəndən sonra demokratiya qura bildi. İnsan hüquqlarının təməl prinsipləri quruldu. Bunsuz mümkün deyil. “Seks” ingiliscədən tərcümədə “cins” deməkdir. Fransız filosofu, feminizmin banilərindən hesab olunan Simone de Bevuar “The second sex” adlı bir kitab yazıb. Azərbaycan dilinə tərcümədə kitabın adı “ikinci cins” olur. Müəllif ikinci cins kimi qadını nəzərdə tutur və onun cəmiyyətdəki problemlərindən danışır. Niyə ikinci cins? Çünki söz haqqı yoxdur, seçim haqqı yoxdur, təhsilini, ərini, ana olub-olmamasını seçə bilmir, havayı xadiməlik, baxıcılıq rolunu oynayır. Üstəlik, ömür boyu əri tərəfindən seksual istismara məruz qalır. Bu kitaba minlərlə qadın dəstək verdi. Minlərlə qadın qoşuldu. Çünki müəllif onun yaşamlarından yazmışdı. Bu kitab qadın hərəkatının ən sevimli kitablarından biri oldu, biz isə seksə intim münasibət deyirik. Müəllif “Qızlar ağlamaz” kitabını dünyanı səbəbsiz nifrətlərin bürüdüyü bir dövrdə yazıb. Bu o çağdır ki, qadınlara nifrət üçün “icad edilmiş” səbəblər demək olar tükənmişdi. Feminist ruhda, əqidədə yazılan bu kitab radikal çağırışları ilə seçilir, amma müəllif həm də bütün radikallığına, açıqlığına rəğmən qadınların milli özünüdərk problemlərini gözardı etməyib, feminizm qadınların “əbədi günah dalğaları” altından xilas olmaq istəyindən yaranıb. Həvva ananın başıbəlalı alma hekayətindən bəri insanlar daim qadına faciələrinin baiskarı kimi yanaşıblar.Kitabda bəzi kişilər üçün çətin qəbul olunası fikirlər var. Bunlara baxmayaraq bu kitabı daha çox kişilər oxumalıdır. Çünki Ayselin yazdığı kitab kişiləri təcrid etməyə hesablanmayıb, əksinə bu yazılar ortalıqdakı problemləri birgə həll etmək, acı təcrübələrdən birgə dərs almaq məqsədi daşıyır. “Alfonslar”, “Məşhurlar”, “Zorakı kişilər – qadındöyənlər”, “Bunun başıpapaqlısı yoxdur?” kimi yazılarda bəzi kişilər özləri ilə rastlaşa bilərlər. Əsər doğulan kimi qızların salındığı qəliblərin onların bütün həyatlarına necə təsir etdiyindən bəhs edir. Kitab 30 may Beynəlxalq feminizm gününə həsr olunub.
Gənc ədəbiyyatşünas Sərvanə Dağtumas portalımızla əməkdaşlığa başlayıb. Onun bir neçə yazısını ardıcıl dərc etməyi planlaşdırırıq. İlk olaraq “Yazıçı Araz Əhmədoğlu və Kamal Abdulla yaradıcılığına nəzər” yazısı diqqətinizə çatdırılır.
Xoyda yaşayan həmyerlimiz, yazıçı Araz Əhmədoğlunun yaradıcılığı gənc ədəbiyyatşünas olaraq, diqqətimi çəkdi. Yazıçının yaradıcılığının zirvəsini Kamal Abdullanın “Yarımçıq əlyazma” və “Sehrbazlar dərəsi” romanları haqqında yazdığı “Şahəsərin şahəsəri”(Yarımçıq əlyazma) və “İç-içə sirlər dünyası”(Sehrbazlar dərəsi) əsərləri təşkil edir. Yazdığı kitabları ilə Araz Əhmədoğlu Kamal Abdullanın romanlarına yaşadığı coğrafiyada sanki yeni bir nəfəs verdi. Bir oxucunun yazıçını tanıması, əsərlərini mütailə etməsi dünyagörüşünə, əlbəttə ki, təsir edəcək.
İlk növbədə “İç-içə sirlər dünyası” əsərinə nəzər salaq. Yazıçı əsəri şərh etmiş, süjet xəttini detallı izah etmişdir. “Yarımçıq Əlyazmada sirliliyin təməli ön sözdə qoyulur. Yarımçıq əlyazmanın fiziki görünüşü – kitabın bəzi vərəqləri yanıb mətnin aradabir qırılıb itməsi – özü oxucuya qatı açılmamış sirli bir dünyaya dönür. Oxucuya elə gəlir ki, sanki əlyazmalar institutundakı alim Dədə Qorqud Kitabının yeni əlyazma nüsxəsini tapıb… Sirlilik romanın Qorqud bölümünə keçərək, Bayındır Xan Qorqudu hüzuruna çağırıb Oğuzda bir casus olduğunu deyib Qorquddan bu məsələni çözməsinə yalnız kişi olmasını deməsi ilə ən gərgin duruma gəlir…”
Yazıçı romanın Dədə Qorqud və Şah İsmayıl qollarında romanda iştirak edən bütün obrazları analiz etmişdir. Roman-fantaziya janrında yazılan “Yarımçıq əlyazma”da Əhmədoğlu fantaziya janrına da toxunub: “Fantaziya romanda Qorqudun nur daşından kömək alması, onun işığında dincəlib yuxuya getməsi və
sorğularının cavabını yuxuda alması ilə ən estetik səviyyəsinə qalxır. Bu fantaziya şamanizm həqiqətlərinin dünyası ilə qarışdıqda daha maraqlı səhnələr yaranır. Qazan xan darda qalanda Qorquddan aldığı bir tükünü yandırır və o da bir göz qırpımında onların hüzurunda olur”.
Əsərin quruluşunu müəllif 3 hissəyə bölür:
1. Əlyazmalar institutu;
2. Oğuz xalqının mifik çağlarda yaşadığı olaylar;
3. Şah İsmayılın Çaldıran savaşı.
Araz Əhmədoğlunun digər kitabı “İç-içə sirlər dünyası” adlanır. Müəllifin bu kitabının quruluşu çox zəngindir. Burada da obrazların şərhinə, əsərdəki simvolların izahına geniş yer verilib. “İntiqam karmasının yaratdığı, dəhşətlə dağıtdığı dünyadan günahsız bir ruhu, bir insanı qurtarmaq, çoxluqdan oluşan birliyi yaratmaq üçün Ağ Dərvişin ruhu 2-3 şagirdin arasında paylanıb və balaca oğlan gəlməyincə Ağ Dərvişin ruhu təskinlik tapa bilmir… Sehrbazlar Dərəsində şans deyilən heç nə yoxdur, oradakı hadisələrin hamısı biri o birisindən yaranır, 2-ci hadisə 1-cinin məntiqli nəticəsidir… Öz anasını öldürən Məmmədqulu yalqızlıqdan, qaçaqlıqdan qurtulmaq üçün cəlladlığa üz tutur, bu, onun işlədiyi günahın nəticəsidir, işlədiyi günahsa atasının tapşırdığı intiqamın nəticəsidir. Karmanın gücü obrazların istəyindən, iradəsindən qat-qat güclüdür…”. Və ya “Sehrbazlar Dərəsi üçbucaq formasındadır – bir ruh, bir beyin, bir bədən… Romandakı sehrbazlar əslində sehrbazlar yox, həqiqəti kəşf edib insanlara çatdırmaq istəyən bilginlərdir. Seyid Sarı ona görə Ağ Dərvişi öldürür ki, o, ilahinin sirdaşıdır və ilahi həqiqətləri başqalarına çatdırmaqdan çəkinmir. Seyid Sarı isə həqiqətin başqalarına çatdırılmasının kəskin düşmənidir, yəni həqiqətin düşmənidir…”
Yazıçı bundan başqa, əsərində qaçış və ya yorumlayıcı ədəbiyyat, “Çexovun tüfəngi” prinsipi, şaşdırma və ya sürpriz elementi, Freytaq piramidası, obrazların birbaşa və ya dolayısı təqdimatı, yastı və dəyirmi obraz, dramatik kinayə, ədəbiyyatda şəxsləşdirmə kimi başlıqlara yer verərək, zəngin məlumatlarla oxucunun dünyagörüşünü zənginləşdirir. Yazıçının hər iki kitabı oxucunu maarifləndirir, Kamal Abdulla yaradıcılığının dərk olunmasında oxucuya işıq tutur. Hər iki kitabı kitabxanalardan və ADU-dan əldə etmək mümkündür.
Xalq rəssamı Natiq Əliyevin təqdim etdiyi eskiz-layihə birinci yeri tutub
Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2021-ci il tarixli 3019 nömrəli “Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında” Sərəncamının icrasının təmin edilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən keçirilmiş heykəltəraşlıq müsabiqəsinə yekun vurulub.
Bakı şəhərində Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı müsabiqəyə ölkəmizin heykəltəraşları tərəfindən 13 əsər təqdim olunub.
Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Ekspert Komissiyası tərəfindən işlər dəyərləndirilərək ilk üç yerin qalibləri müəyyən edilib.
1-ci yer – Natiq Əliyev
2-ci yer – Xanlar Əhmədov
3-cü yer – Kamran Əsədov
Qeyd edək ki, Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində ucaldılacaq abidəsinin eskiz-layihələrinin hazırlanması üçün açıq müsabiqə 23 dekabr 2021-ci ildə elan edilmişdi.
Müsabiqənin şərtlərinə əsasən, 1-ci yeri qazanan müəllifin əl işi (abidə) ucaldılacaq, 2-ci və 3-cü yeri tutan müəlliflərə isə müvafiq məbləğdə pul mükafatı veriləcək.
Azərbaycan Aşıqlar Birliyinin həyata keçirdiyi daha bir uğurlu layihə başa çatıb – “Seçmə aşıq şeirləri antologiyası” adlı kitab bu günlərdə nəfis tərtibatla işıq üzü görüb. Saz-söz ictimaiyyətinə və geniş oxucu kütləsinə təqdim olunan topluda, əsasən, aşıqların və saz-söz ifaçılarının repertuarında yer alan populyar aşıq şeirləri yer alıb. Üç bölmədən ibarət olan toplunun birinci bölümündə Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım kimi qədim ustadlardan başlayaraq Abdalgülablı Valeh, Şəmkirli Hüseyn, Aşıq Alı, Aşıq Ələsgər, Molla Cuma, Hüseyn Bozalqanlı, Novrəs İman, Aşıq Şəmşir, Mikayıl Azaflı və digər klassik aşıqların seçmə şeirləri cəm olunmuşdur. İkinci bölümdə “Koroğlu”, “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Şah İsmayıl”, “Novruz və Qəndab”, “Abdulla və Cahan”, “Tahir və Zöhrə” və digər dastanlarda yer alan məşhur şeirlər təqdim olunur.
Antologiyanın üçüncü bölümünü aşıqlar arasında şeirləri geniş yayılmış el şairləri və tanınmış yazılı ədəbiyyat nümayəndələrinin seçmə şeirləri təşkil edir.
Antologiya aşıqlar, saz-söz sənəti ilə yaxından məşğul olan elm adamları, yeni nəsil saz-söz ifaçıları, eləcə də tədris sahəsində çalışan müəllim və tələbələrin istifadəsi üçün nəzərdə tutulmuşdur.
Kitabın elmi məsləhətçisi Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət Mükafatı laureatı, professor Məhərrəm Qasımlı, nəşrə hazırlayanlar Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədli və Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilovadır.
Əməkdar mədəniyyət işçisi, ustad aşıq Əli Urfanın (Quliyev) yeni kitabı işıq üzü görüb. Azərbaycan Aşıqlar Birliyinin nəşr etdirdiyi kitabın məsləhətçisi AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlıdır.
Kitabda ustad aşığın yaradcılıq nümunələri olan divani, təcnis, gəraylı və qoşmaları, deyişmələri ilə yanaşı, ölkəmizin görkəmli elm və sənət adamlarının Aşıq Əli Urfan haqqında müxtəlif vaxtlarda söylədikləri dəyərli fikirlər və ona ithaf olunmuş şeirlər də yer alıb.
Xatırladaq ki, Əli Urfan çağdaş Azərbaycan aşıq sənətinin inkişafında özünəməxsus yeri olan, sənətdə öz dəst-xətti ilə seçilən sənətkardır. Xalq şairi Zəlimxan Yaqubun da vaxtilə dediyi kimi, “onun saz ifaçılığı artıq sənətdə öz möhürünü vurub, öz yerini tutub”. Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı isə deyir ki, Əli Urfan “söz-sənət sərrafı, musiqi və poeziya xiridarıdır”.
Ustad aşığı yeni kitabının işıq üzü görməsi münasibəti ilə təbrik edir, ona sağlam və uzun ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Azərbaycan Aşıqlar Birliyində həyata keçirilən mühüm layihələrdən biri də dastanlarla bağlıdır. Burada dastanların yeni təkmil variantda nəşri və aşıqların ifasında sənətsevərlərə təqdim olunması istiqamətində məqsədyönlü işlər aparılır. Klassik dastanların ustad aşıqların ifasında yenidən təqdim olunması ilə yanaşı, gənc aşıqların repertuarında yer almasına da ciddi önəm verilir, bunun üçün onlara mümkün olan şərait və imkan yaradılır.
Bu istiqamətdə görülən işlər çərçivəsində ustad aşıq Arif Əsgərov “Aşıq Qərib” dastanını, Məmməd Bozalqanlı və Şəmşəd Elmanoğlu isə “Alı xan və Pəri” dastanını hazırlayıblar. Aşıqların ifasına Aşıqlar Birliyində ilkin baxış olub və hər iki dastan yaxın vaxtlarda “Mədəniyyət” kanalında efirə gedən “Saz-söz axşamı” verilişində sənətsevərlərə təqdim olunacaq.
Gənc aşıqlardan İmralı Fikrətoğlu və Nəcəf Kəlbəcərli “Abbas və Gülgəz”, Afil və Amil Bəxtiyar qardaşları isə “Novruz və Qəndab” dastanından bir parçanı təqdim edəcəklər.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Eh…bu gün əsməyən külək, Bəlkə də yağmayan qaram. Gözlərini döyən bulud, Başıma tökülən qoram.
Həsərətimin pəncərəsi, Kəndin toz basmış evidi. Ağlamaqdan doyan gözüm, Gör səni kimlər kiridir.
Sözlərimin yaxasından, Asılıb yuxu bayquşlar. Dənizun balıq gözündə, Bir ümid də belə qışlar.
Qocalığın qırışıları, Ləpələnib sahil döyür. Bu dünyanın əyrisindən, Kimlər keçib, özün öyür.
Bölünürük döngə-dönğə, Dilənirik küçə-küçə. Gündə yüz yol yalvarırıq, Allah günahmızdan keçə.
Bu dünyanın qurd dişini, Sinəmizə batırmışıq. Boş ümidli arzuları Özümüzlə yatırtmışıq.
Dənizə gülən üzümün Qasırğası tutur məni. İki əlimlə sıxdığım, Boş ürək də atır məni…
Bu gün dərdim çiçək açıb, Bu gün şehlənib qucağım. Mənə göz yaşı göndərin, Bəlkə kiriyə ocağım.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
“Ədəbiyyat və incəsənət” portalı gənc imza Şəfa Vəlinin “Biz kimik?” essesini oxucularına təqdim edir.
İlk düşünən kim olub və nə haqqında düşünüb? Əbədi suallardan daha biri… Və bizi – insanları çeşidləyən də məhz belə əbədi suallardır. Cavabını bilmirəm, amma əminəm ki, ilk düşüncənin içində də “mən kiməm?” sualı cilvələnirdi.
Xətrinizə dəyməsin “çeşidlənən insanlar” deməyim. Düşününcə bu da olur. Düşünməyin də əleyhinə deyiləm; gəldiyim qənaətlər düşüncəmin məhsuludur. İnsanlar çeşidləndikcə, düşüncələr də “dövr” adlı dolabın güzgülü dolablarında “səliqəylə” düzülür. Pərakəndə düşüncələri yalnız dövrün qapısının eşiyində görə bilərsiniz. “Biz kimik?” sualı o pərakəndə düşüncələrin xammalıdır…
Mağaradakı ulu babam özü haqqında nə fikirləşirdi, kolxozun tütün sahəsində toxa döyən nənəm əl-üzünü yuduğu çaydakı əksində kimi görürdü, bilmirəm. Amma mən hər yeni gündə yeni bir “mən”lə tanış oluram.
Bir gün meşədəki itburnu çiçəyinin ətrinə valeh olan, sabahısı gül dükanından üstünə ətir səpilmiş gül almaq üçün növbəyə durandır içimdəki “mən”. Mikroavtobusdakı kəndli xalanın üstündən gələn qoxuya ürəyi bulanan, supermarketdə “Təbii qatıq” yazılı plastik qutunu işığa tutub “içindəkilər” bölməsini diqqətlə oxuyan “mən”dən çəkdiyim də az deyil…
Dəri ayaqqabımın ucuyla işıldaböcək öldürən, sosial şəbəkədə “təbiəti qoruyaq” haştağı paylaşan dövrün insanıyam mən. Özümü tanımaqçün, sadəcə, özümlə keçirəcəyim zamana ehtiyacım var, bilirəm. Amma son model telefonuma gələn mesajın səsi ən içəri otaqdan da eşidilir.
Bilsə də, “bilirəm” deməyə ar edən insanları oxuyuruq kitablarda; “çox oxuyaq, çox bilək” şüarıyla “bilmirəm” deməyə ar edirik. Bilmədiyimizdən ağızdolusu, şövqlə danışmağımız bundandır. Düşüncələrimizi də belə cilalayırıq… Amma bu cila almaz cilası deyil, uzağı, su sızdıran bir divarın müvəqqəti cilalanmasıdır. Axar suyun qabağında dağ dayanmaz… Demişkən, Norveçdə dağların altından su sızır, yaxın 15 ildə 80 metrlik sunami yaranacağı ehtimalı var.
Əşşi, bizə nə ey, Norveçdən? Qlobal istiləşmə bizə qalıb?! Son statusumu bəyənməyən dayım qızı özünə təzə don alıb. Görəsən, qiyməti neçəyədir? O günü də qonşumuz qəşəng iki torba dolusu bazarlıqla gəldi evinə. Yəqin, anasının təqaüd kartını alıb əlindən…
İndi özünüz deyin, bu qədər düşüncənin içində, “mən kiməm?” sualına cavab axtarmağa vaxt qalır? Yox! Stefan Zweig “Dünyaya açılan qapı: kitab” əsərində texnologiyanın heç vaxt kitaba qalib gəlmədiyini yazıb. Mən onun bu əsərini “səsli kitab” kimi internetdən dinləmişəm…
“Təzadların uşaqlarıyıq biz…” Təsəllimizə bax…
“İnsanıq biz…” Bəhanəmizə bax…
“Səhv etmək hamının haqqıdır…” – deyirdi bir Hollivud filminin qəhrəmanı… Bəraətimizə bax…
“Oxumaqdan başları xarab olanların” şəkilləndirdiyi dünyada, elə onların yarımçıq ömürlərindən qalan heykəllərinin önündə özçəkim edirik. Öz çəkdiyimizi də nadirən bəyənirik. Özgüvənimiz hamam otağında pop musiqisi oxumaq qədərdir çox vaxt.
“Mən kiməm?” sualını özümüzə verdikdə cavabsız qalmırıq, yox… Amma verdiyimiz cavabların heç birindən əmin deyilik… Hətta, adımızı söylədiyimizdə belə bir anlıq tərəddüdümüzün səbəbi var: biz özümüzü tanımırıq.
Başqasıyla getdiyimiz bahalı restoranda bir həftəlik qazancımızı bir başqasının cibinə ötürürük yarım saatda… Qonşumuzun xoşuna gəlsin deyə onun sevdiyi rəngdə gödəkçə alırıq. Çəkmələrimiz addımlarımızın rahatlığına yox, hər 50 ildən bir eyni şeyi “yeni dəb” kimi sırıyanların bank hesablarına “xidmət edir”. Xidmət demişkən, evimizə, maşınımıza, evdəki əşyalarımıza həsr edirik ömrümüzü; halbuki bütün bunlar insanlara xidmət etməsi üçün yaradılıb.
Bir öynəlik yeməyin pulunu bir həftəyə qazanan adamı yaxşı tanısaq, bir daha addımımızı o bahalı restorana atmarıq… Gördünüz? Tanımırıq özümüzü… Heç tanımırıq…
“Mən kiməm?” sualındakı “mən”i tanısaq, onunla dost olsaq, onun qayğısına qalsaq, sonrakı etapda “biz” anlamını qavraya bilərik. “Biz” uğrunda edilən hər fədakarlıq sonunda sağlam cəmiyyətə, keyfiyyətli həyata aparıb çıxarır…
Həm növlərimizin (ki, təbiətdə biz də canlı növüyük) əlini “biz”dən çoxdan çəkdiyi, “mən”i yanlış anladığı bir dövrdə “biz kimik?” sualına cavab axtarmaq cəsarətdirmi? Cəsarətliləri qorxaqların fəndi yenir həmişə… Aydınlıqdırmı? Pərdələri aynaları qapatmaq üçün icad ediblər zülməti sevənlər… Və də yaman bahadır pərdələr… Bahalı və məcburidir, üstəlik…
Demişkən, iş otağımdakı pərdəni yeniləsəm, barı… Yeni pərdədən əvvəl, pəncərəyə təzə çərçivə saldırım, bəlkə? O taxta qapı son model pəncərə çərçivəsinə uyuşacaqmı?
…Bu da mənə “Didro effekti”…
…İndi özünüz deyin, bu qədər düşündüm, bu qədər anlatmağa cəhd etdim, kim olduğumu anladınızmı?
Bilirəm cavabınızı. Böyük hərflərlə özü də: “YOX!”
Nolar, bizdən də keçər, qoy bir az da bizdən sonrakılar düşünsün: “Biz kimik?”
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Bir qış gecəsiydi… Tutub əlindən Getməyə dəyərdi buz donan gölə… Neynim ki, boz idi şəhər arzun da… Boz idi cibləri dəri gödəkçən, Boz idi qəssabın təpiklədiyi, Fevral soyuğunda üşüyən pişik… …elə utanıram neçə saatdı… Hardan oxumuşdum? Yenə unutdum… Buz donan o göldə ölən boz qumru, Bir tikə piy üçün döyülən pişik, Cibləri yırtılan o boz gödəkçə; Sən demə… “Sevginin ölçülü mətnlərində” Sən idin… Mən idim… İkimizmişik…
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
Məsələn bu deyildi. Başqa cür olmalıydı aramızda olanlar. Bu standart qəlibə sığışmalı deyildik. Ürək boyda ev var ikən Bu cılız fikirlərə yığışmalı deyildik. Sənin məni eşitməyin Kar adama qışqırmaq kimi bir şeydi. Duymursan. Amma nə gözlərindən, Nə ürəyindən yerə qoymursan. İndi necə olacaq, deyim sənə, Darıxıb şəkillərimə baxacaqsan Darıxmamaq üçün, Amma daha çox darıxacaqsan.
Unudacaqsan, gec-tez unudacaqsan. Axx! Səndəki qərarsızlıq, Məndəki ruh düşkünlüyü… Astroloqlar buna Əkiz-balıq cütlüyü deyirlər, Biz susuruq. Qınamağa heç kimi tapmayanda Özümüzdən küsürük. Vaxtdı, sağollaşaq, Mənim xoş xatirəm, Özünə yaxşı bax! Salamat qal! Əlvida! Amma tez-tez sal yada.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
Əllərim bir tənha Qucaqdı sənsiz. Həsrətin yamanca Qoçaqdı sənsiz. Stolumun üstündə Titrəyən şamım üşüyür. Sənsiz açılan səhərim, Düşən axşamım üşüyür. Çiynim bədənimdə intihar yeri, Asılacaq qolum varmış. Elə hər gün ürəyimdən keçirsən, Nə tükənməz yolun varmış. Ömrümü başı aşağı Tutub boşaltmısan indi. Səndən qalan tək xatirə Təkliyimdi, təkliyimdi…
A.İ.Babayevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Arif İmran oğlu Babayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.
Əsrlərin sınağından çıxan mənəvi dəyərləri, adət-ənənələri özündə yaşadan, bayramlarımızın şahı sayılan Novruz yaxınlaşır. Əslində, Novruz təbiətin canlanması, torpağın oyanması, ruhun təzələnməsi bayramıdır. Novruz təzə ili, baharın ilk gününü qarşılamaq, gecə-gündüz bərabərliyi deməkdir. Xalqımız yeni gün olan Novruz ərəfəsində çərşənbələrə daha böyük önəm verir. Deyilənə görə, Tanrı ilk insanı – Adəmi yaradarkən torpağa su qatıb, palçıqdan insan düzəldib, sonra ona isti nəfəs verib, baharda çiçəkləri, otları, ağacları oyadan yellərə əmr edib ki, onu canlandırsın. İnsan da bu dörd ünsürdən yarandığı üçün onları müqəddəsləşdirib, hərəsinə bir gün ayırıb. Beləcə, yazın, Novruzun müjdəçiləri olan su, od, yel, torpaq çərşənbələri yaranıb.
AZƏRTAC xəbər verir ki, fevralın 21-i Novruzun ilk çərşənbəsi – su çərşənbəsidir. Xalq arasında bu çərşənbəyə əzəl çərşənbə də deyirlər.
Su çərşənbəsi ilə bayrama hazırlıqlar başlayır. Deyirlər ki, Tanrı ilk olaraq suyu yaradıb. Buna görə su ilk çərşənbə kimi qeyd edilir. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti bir daha ifadə olunur. Bütün mifik mətnlərdə su həyat verən, dirildən, xoşbəxtlik gətirən müqəddəs bir inam obyekti kimi çıxış edir. Su çərşənbəsi boz ayın dörd müqəddəs çərşənbəsinin ilkidir. Xalq arasında o, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Qorxulu yuxuların suya danışılması ilə insanı izləyən qəzaların dəf olunması inamı türk mifoloji mətnlərinin əsasını təşkil edir.
Su üstündən atlanmaq, arzularını, diləklərini suya danışmaq, sübh tezdən evə bulaq suyu gətirmək və s. bu ayinlərdəndir. İnanclara görə, sübh tezdən bulaqdan götürülən su min bir dərdin dərmanıdır. Su çərşənbəsi ilə bağlı su falları da mövcuddur. Deyirlər, su həyat mənbəyi, aydınlıq rəmzidir. Su çərşənbəsində hamının həyətində tonqal qalanır və bayram ovqatının yaxınlaşdığı nəzərə çatdırılır. Həmin gün insanların bir-birinin üzərinə su atması da uğura işarədir.
Əzəl Çərşənbəniz mübarək! Ömrünüz su qədər uzun və pak olsun!
Qeyd edək ki, fevralın 28-də Od, martın 7-də Yel, martın 14-də isə axırıncı – Torpaq çərşənbəsi qeyd olunacaq. Novruz bayramı axşamı isə martın 20-nə təsadüf edəcək.
Xatırladaq ki, bu il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 33 dəqiqə 23 saniyə olacaq.
Türkiyənin “detayhaberler.com”, “erikagacioyku.com”, “dibace.net”, “guvengazetesi.com”, “ığdırım76.com” kimi aparıcı xəbər və mədəniyyət portalları Azərbaycanın Xalq yazıçısı Afaq Məsudun baş vermiş təbii fəlakətlə bağlı qardaş türk xalqına ünvanladığı “Acın acımızdır, Türkiyə” essesinin yayımına başlayıb.
Acın acımız, canın canımızdır, Türkiyə… Sinənə çəkilən bu dağ, qoynunda açılan qanlı yaralar, minlərlə bacı-qardaşımızı, oğul-qızlarımızı, körpələrimizi udan yarğanlar bütün Azərbaycanın, ümumilikdə böyük türk dünyasının qəlbini yaraladı, ruhunda dərin, dibsiz uçurumlar açdı…
Nə baş verdiyini anlamayan yaralı körpələr… özü dağıntılar altında qala-qala, soydaşlarının, uşaqların, qadın və qocaların qurtulmasına çaba göstərən igid cavanlar, yaşlılar, yeniyetmələr… körpəsinə sarılıb onu öz canı bahasına qorumağa çalışan analar… həyatını dağıntılar altında itirmiş 15 yaşlı qızının uçuqlar arasından imdad diləyi ilə çölə asılan cansız əlini ovuclarında sanki ömrünün sonuna qədər səbirlə saxlayacaq çarəsiz ata… təkanlarının gücü getdikcə səngisə də, binaları titrətməyə davam edən zəlzələnin növbəti dağıntıları altında qalmaqdan çəkinməyən, qaçıb canını qurtarmaq əvəzinə, özünü qaynar nöqtələrin mərkəzinə atan qorxmaz tibb bacıları, fədakar həkimlər, jurnalistlər, operatorlar, xilasedicilər, sürücülər, fəhlələr…
Bütün bu mənzərələr, ümuminsanlıq üçün oyandırıcı, sarsıdıcı hadisələr bir daha sənin yenilməzliyini, qəlbinin nəhəngliyini, gücünü Allaha, insana, həyata olan sonsuz sevgidən alan əbədi qalib ruhunun qüdrətini bütün dünyaya nümayiş etdirdi… şərəfli Türk tarixinin yeni səhifəsini yazdı…
Sarsılma, ruhdan düşmə, ey bu dünyanın sarsılmazlıq və yenilməzlik Abidəsi! Var ol, yaşa, ucal, Çiçəklən! İşığın dünyanı bürüsün!
Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Beynəlxalq Teatr festifallarının mükafatçısı Ramiz Novruz vəfat edib.
AZƏRTAC xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.
Ramiz Novruzov (Ramiz Novruz) 1955-ci il mayın 25-də Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub. 1974-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursda təhsil alaraq oranı 1978-ci ildə bitirib. Təyinatla H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib. Burada Knyaz Zvezdiç (“Maskarad”, M.Lermontov), Məsxərəçi (“Muradın kələkləri”, T.Kazımov), General Şıxlinski (“Bütün Şərq bilsin”, Nəriman Həsənzadə) rollarını ifa edib. O, 1981-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına daxil olub. Elə ilk günlərdən teatrda hazırlanan tamaşalarda ona irihəcmli və mürəkkəb xarakterli rollar tapşırılıb. Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1998-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
R. Novruzun yaradıcılığının bir qolunu da kino fəaliyyəti təşkil edir. O, “Nizami” filmində Dərbənd elçisi, “Sizi dünyalar qədər sevirdim” filmində general Həzi Aslanov və s. rollara çəkilib. H.Cavidin “Topal Teymur” (Divanbəy), L.Tolstoyun “Kreyser sonatası” (Musiqi müəllimi), V.Şekspirin “Antoni və Kleopatra” (Antonio), O.Kamalın “Dodaqdan qəlbə” (Kənan bəy), “Yad qızı” (Nihad) və s. maraqlı rollar oynayıb.
Ramiz Novruz həm də bir neçə pyes yazıb və bunlardan ikisi tamaşaya qoyulub.
Xalq rəssamı, heykəltaraş Ömər Eldarova 1-ci dərəcəli “Əmək” ordeni təqdim edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ömər Eldarov 2022-ci il dekabrın 20-də 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilmişdi.
Xalq rəssamı ilə Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, mədəniyyət nazirinin birinci müavini Adil Kərimli, Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev iştirak edib.
Ömər Eldarovun Azərbaycan mədəniyyətinin inkişafındakı əvəzolunmaz xidmətləri, onun əsərlərinin Azərbaycan mədəniyyətinin zənginləşməsində rolu vurğulanıb. Eyni zamanda Rəssamlıq Akademiyasına rəhbərlik etdiyi illərdə gənc kadrların yetişməsində Xalq rəssamının böyük xidmətləri qeyd olunub.
Azərbaycan Aşıqlar Birliyinin (AAB) həyata keçirdiyi daha bir uğurlu layihə başa çatıb. Layihə çərçivəsində bu günlərdə “Seçmə aşıq şeirləri antologiyası” adlı kitab nəfis tərtibatla işıq üzü görüb.
AAB-dən AZƏRTAC-a bildirilib ki, saz-söz ictimaiyyətinə və geniş oxucu kütləsinə təqdim olunan topluda, əsasən, aşıqların və saz-söz ifaçılarının repertuarında yer alan populyar aşıq şeirləri yer alıb. Üç bölmədən ibarət olan toplunun birinci bölümündə Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım kimi qədim ustadlardan başlayaraq Abdalgülablı Valeh, Şəmkirli Hüseyn, Aşıq Alı, Aşıq Ələsgər, Molla Cuma, Hüseyn Bozalqanlı, Növrəs İman, Aşıq Şəmşir, Mikayıl Azaflı və digər klassik aşıqların seçmə şeirləri cəm olunmuşdur. İkinci bölümdə “Koroğlu”, “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Şah İsmayıl”, “Novruz və Qəndab”, “Abdulla və Cahan”, “Tahir və Zöhrə” və digər dastanlarda yer alan məşhur şeirlər təqdim olunur.
Antologiyanın üçüncü bölümünü aşıqlar arasında şeirləri geniş yayılmış el şairləri və tanınmış yazılı ədəbiyyat nümayəndələrinin seçmə şeirləri təşkil edir.
Antologiya aşıqlar, saz-söz sənəti ilə yaxından məşğul olan elm adamları, yeni nəsil saz-söz ifaçıları, eləcə də tədris sahəsində çalışan müəllim və tələbələrin istifadəsi üçün nəzərdə tutulub.
Kitabın elmi məsləhətçisi Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət mükafatı laureatı, professor Məhərrəm Qasımlı, nəşrə hazırlayanlar Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədli və Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilovadır.
Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Birinci Uşaq İncəsənət Festivalı keçiriləcək.
Festivalın keçirilməsində əsas məqsəd ulu öndər Heydər Əliyevin mədəniyyətə və gənclərə qayğısını rəhbər tutaraq, mədəniyyət sahəsində inkişafın təmin edilməsi, uşaqların vətənpərvərlik ruhunda, mədəniyyətə, incəsənətə, adət-ənənələrimizə bağlı tərbiyə olunmasıdır.
Üç mərhələdən ibarət festivalda 6-17 yaş arası şəxslər peşəkar (sahə üzrə aidiyyəti təhsil müəssisələrində müvafiq təhsil proqramları əsasında təhsil alanlar) və həvəskar (müxtəlif kurslarda, dərnəklərdə və ya fərdi qaydada sahənin mənimsənilməsi ilə məşğul olanlar) olmaqla iki kateqoriya üzrə üç yaş qrupunda (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) iştirak edə bilərlər.
Festivalda qeyd olunan yaşlar üzrə incəsənətin və yaradıcılığın müxtəlif növləri və janrları üzrə fəaliyyət göstərən kollektivlər, dərnəklər, solo ifaçılar, rəqqaslar, bədii qiraətçilər, musiqiçilər, rəssamlar, dekorativ-tətbiqi sənətlə məşğul olan istedadlı şəxslər də iştirak edə bilərlər. İştirakçıların qeydiyyatı fevralın 20-dən martın 30-dək www.uif.az internet saytı vasitəsilə aparılacaq.
Festivalın ilk rayon (şəhər) mərhələsi 2023-cü ilin aprel-iyun aylarında keçiriləcək. Bu mərhələdə qalib olan iştirakçılar festivalın növbəti mərhələsində iştirak hüququ qazanacaq. İyun-avqust aylarında keçiriləcək ikinci mərhələdə fərqlənən iştirakçılar finala vəsiqə əldə edəcək. Festivalın final mərhələsi isə sentyabr ayında Bakı şəhərində təşkil olunacaq. İştirakçılar barədə yekun nəticə münsiflər heyəti tərəfindən verilən qiymətlər əsasında müəyyən ediləcək.
Festival ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan təqdimatlar, rəqəmsal incəsənət nümunələri də daxil olmaqla ümumilikdə 21 nominasiya üzrə keçiriləcək:
Rəqəmsal incəsənət – “Ümummilli lider Heydər Əliyev və Azərbaycan” (videoqraf, fotoqraf, müxtəlif kompüter proqramlarında hazırlanan təqdimatlar, həvəskar bloger);
Piano ifaçılığı;
Klassik simli alətlər ifaçılığı;
Klassik nəfəs alətləri ifaçılığı;
Azərbaycan xalq çalğı alətləri ifaçılığı;
Akademik vokal;
Estrada oxuma;
Xanəndəlik sənəti;
Aşıq sənəti;
Xor;
Caz ifaçılığı;
Solo milli rəqs;
Milli rəqs ansamblı;
Solo müasir rəqs;
Müasir rəqs ansamblı;
Aktyorluq;
Bədii qiraət;
Hekayəçilik (stand-up);
Dekorativ-tətbiqi sənət;
Rəssamlıq;
Heykəltаraşlıq.
Festivalda hər bir iştirakçı yalnız bir fərdi nominasiyada iştirak edə bilər. Lakin kollektiv nominasiya üzrə festivala qatılanların əlavə bir fərdi nominasiyada da iştirak etməsi mümkündür. Festivalın yekununda ən çox nominasiya üzrə iştirak etmiş və fəallıq göstərmiş şəhər və ya rayon növbəti il festivala ev sahibliyi edəcək.
Qeyd edək ki, festivalla bağlı əlavə məlumatları Mədəniyyət Nazirliyi (https://culture.gov.az), Elm və Təhsil Nazirliyi (https://edu.gov.az) və Heydər Əliyev Mərkəzinin (https://heydaraliyevcenter.az) rəsmi internet səhifələrindən, 0502880147 mobil, 147 qısa nömrələrindən, həmçinin festivalın rəsmi internet saytı və sosial şəbəkə hesablarından əldə etmək mümkündür:
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin bu ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, fevralın 17-də Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli Şəki şəhər Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüşüb.
Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin Şəki şəhərində ucaldılmış abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib. Sonra Heydər Əliyev Mərkəzinə baxış keçirilib.
Gəncə şəhərindən, Şəki, Oğuz, Zaqatala, Qax, Balakən, Zərdab, Ağsu, Ağcabədi və Samux rayonlarından ümumilikdə 64 vətəndaş qəbulda iştirak edib. Onların müraciətləri əsasən işlə təmin olunma, fəxri adla təltif, sahə ilə bağlı təklif və mövcud problemlərlə bağlı olub.
Qəbul zamanı hər bir vətəndaşın müraciətlərinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə struktur bölmələrin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Görüşdə şəhid ailələri və qazilərin qaldırdıqları məsələlərə xüsusi həssaslıqla yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.
Xatırladaq ki, mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli tərəfindən bundan əvvəl 26 yanvar 2023-cü il tarixində Sabirabad şəhərində Sabirabad, Saatlı, Hacıqabul rayonları və Şirvan şəhərindən vətəndaşların qəbulu keçirilmişdi.
Xuraman Hacıyeva Kəlbəcərdə kitabı sevən və sevdirən kitabxanaçıların
da anası sayılırdı
…Onun haqqında çoxdan, hələ əlimə ilk qələm alandan yazmaq istəmişəm. Amma, nə bilim, nədənsə, yaza bilməmişəm. Səbəbi-filanı da olmayıb. Bəlkə də haqqında yazdıqlarımdan daha çox mənim üçün əziz olub, mehriban çöhrəsində bir türk xanımının simasını görmüşəm. Xanım-xatınlığı, ziyalılığı, mehribanlığı, yurda, el-obaya bağlılığı, ən əsası isə kitabsevərliyi və sevdirməsiylə qəlbimə yazılıb adı da, fəaliyyəti də.
…Anamı nə qədər çox istəyirəmsə, onu da o dərəcədə özümə doğma, yaxın, simsar bilmişəm. Axı, ana əvəzi həyətində mənə də doğmalıq göstərib, həm “sultanlıq illərim”də, həm də ailə qurduqdan sonra. Həyətində, evinin bir otağında mənə, sonralar ailəmizə sığınacaq verib. Bişirdiyi nə olubsa, ondan bizim payımızı əskik etməyib.
İntizarda çox saxlamayacam sizi. Haqqında söz açmaq istədiyim xanım-xatın anamız, bacımız, xalamız, bibimiz Xuraman Hacıyevadır. O Xuraman ki, çoxlarına kitabı sevdirib. Kitabsevərliliyin xeyirni anladıb. Mehr-məhəbbətini qız balalarına və kitablara salmağı ilə yaddaşlara yazılıb.
Hacı Şirinlər-
Kəlbəcərdə köklü-köməcli nəsil
Kəlbəcərdə köklü-köməcli nəsillərdən olub Hacı Şirinlər. Rəhmətlik Hacı Şirin oğlu Müseyib Kəlbəcərdə sayılıb-seçilən kişilərdən biri kimi xatırlanır. Bu nəsil-tayfadan boy atanlar ziyalılıqları, xeyirxahlıqları, alicənablıqları ilə nəinki Kəlbəcərdə, respublikada məşhur olublar.
Xuraman xalanın qardaşı Cəlal əmi ilə atam Nəriman uzun illər eyni idarədə işləmiş, qardaş qədər dost olmuşdular. Demək olar ki, biz iki qardaş da Cəlal əminin gözləri qarşısında böyümüşdük. Atamızın yerinə idarədə gözətçi də qalardıq dərsdən sonra. Cəlal əmi bizi balalarından seçməzdi… Onun da ailəsini doğmalarımız kimi sevirdik. Cəlal əminin oğlu Mahirlə orta məktəbi bir sinifdə qurtarmışam. Sən demə, sonralar Xuraman xala ilə eyni mədəniyyət müəssisəsində – Kəlbəcər Rayon Mədəniyyət Şöbəsində (mən şöbədə, o isə MKS-də) işləyəcəkmişik.
Xuraman Hacıyeva Bakı Mədənii-Maarif Texnikumunu bitirdikdən sonra Kəlbəcər şəhərindəki (o zamanlar qəsəbə adlanırdı) Mərkəzi Kitabxanada işləməyə başlayıb. İllər onun ömründən aldıqca, o, bu sadə, lakin çətin, şərəfli peşədə püxtələşmişdi.
Onun kitaba sevgisindən bəhrələnənlər…
Xuraman xalanın kitab sevdirdiyi Kəlbəcər gəncliyi artıq ömürlərinin ixtiyar çağlarını yaşayır. Neçə-neçə kəlbəcərli gənc məhz onun kitaba sevgisindən bəhrələnib BDU-nun Kitabxanaçılıq fakültəsini bitirmişdi. Mərhum Zimistan Həsənov (sonralar “Yenilik” qəzetinin baş redaktoru, RPK-nın təlimatçısı), Kifayət Cabbarova, İbrahim Atakişiyev, Şəhla İbrahimqızı, Briliyant Hüseynova, Oqtay Salahlı, Qərənfil Əhmədova, Nəcibə Əhmədova, Gözəl Ələkbərova, Məxmər İsmayılova, Miyasət Həsənova və s. kimi peşəkar kitabxanaçılar ondan az şey öyrənməmişdilər.
Xuraman xala rayon miqyasında həm də bir ailə başçısı kimi də tanınır, sevilirdi. Bir çətən qız külfətini o, İkinci Dünya müharibəsindən qayıdan ömür-gün yoldaşı İsmayıl əmi ilə baş-başa böyüdəcəkdilər, zalım fələk aman vermədi.
Xuraman xalanın qız balaları da özü kimi, xanım-xatınlıqları ilə seçilirdilər. Bu isə, əlbəttə, nəsildən, gendən gəlmə idi: qürurlu, əxlaqlı, tərbiyəli, mənəviyyatlı, abır-həyalı, ismətli…
Bura qədər kəlbəcərli günlərimizə boylanmaq istədim. Xuraman xalagilin həyətində mərhum tələbə dostum və iş yoldaşım Mahir Orucovla subaylığın daşını atmamışdan kirayənişin kimi qalırdıq. Kənardan elə bilirdilər. Amma xatırlamıram, nə qədər orada subay qaldıq Mahirlə, amma, ailə qurduqdan sonra da Xuraman xala bizə sığınacaq verdi. Rayon mərkəzində işlədiyimiz üçün piyada kəndə gedib-gəlmək problemimizi bilən bu ana əvəzi xalamız bizə isti qucaq açmışdı.
İlk xatirə: yaddaşımın boxçasından
Mahir Orucovla Aşıq Şəmşir adına Kəlbəcər Rayon Mədəniyyət Evində işləyirdik. İkimiz də Xuraman xalagilin həyətində qalırdıq (yolumuz kəndə uzaq olduğuna görə). Mahir həddindən çox utancaq idi. Əxlaq, mədəniyyət nümunəsi idi. Zəif yox, zərif xarakteri vardı: tez inciyərdi-küsərdi. Xuraman xalanın bir çətən qız külfəti vardı (hər birinin də öz ailəsi-uşaqları). Amma hamımızın anası sayılan Xuraman xalanı tək buraxmırdılar – hər gün bu həyətdən uşaq səs-küyü əskik olmazdı. Qız nəvələri də az deyildi, maşallah olsun, hər biri də mələk kimi saf, gözəl, nümunəvi tərbiyəsi ilə.
Mahir bu uşaqlardan da utanardı, təsəvvür edin: qızlar, nəvələr nənənin başına toplaşıb həyətdə (ev ikimərtəbəli idi. Taxta pilləkənin aşağısında, giriş qapısının yanında da su krantı) oturanda Mahir yaşadığımız birinci mərtəbədən bayıra çıxmazdı, dünya dağılsa da.
Bir gün (günorta naharına) işdən evə gəlmişdik. Qızlar da, balaları ilə həyətdə idilər. Çay qoymağa suyumuz yox idi. Dedim ki, çaydanı götür, çıx krantdan su doldur gətir, mən də xörək qızdırım. Dedi ki, özün çıx, mən çıxa bilmərəm, həyət doludu arvad-uşaqla, necə çıxım?! Mən dedim, bu etiraz elədi. Axırda əlacsız qalıb boş çaydanı götürüb həyətə su gətirməyə çıxdı. Kaş, çıxmayaydı. Krantın üstünə sanki gözüyumulu getmişdi, çaydanı yarı doldurmamış geri qayıdanda necə tələsdisə, ayaqları dolaşıb üzüstə yıxıldı. Vaaay! Həyətdə qışqırıq qopdu. Qaçdım həyətə ki, yazığın ayağı iliçib balaca bir daşa, nəyəsə, yıxılıb. Üz-gözü qan içindəydi. Qaldırdım, əl-üzünü yuyub apardım evə. Yıxılmağının səbəbini demədi. Sonralar öyrəndim ki, yazıq qızları görüb tələsik evə qayıdıb ki, onun su gətirdiyini görməsinlər. Onda da ayaqları dolaşıb bir-birinə və yıxılıb. O gün onu da gördüm ki, Xuraman xala bir ana kimi özünü necə atdı Mahirin üstünə.
Mahiri qaldırdıq. Yüngülcə dizi sıyrılmışdı. Yazıq Mahir düz bir ay məni dindirib-danışdırmadı. Elə-belə, dilucu danışdırdı. İncimişdi ki, onu su gətirməyə qəsdən göndərməsəm, o da qızların yanında büdrəyib yıxılmaz, biabır olmazdı. Belə saf, səmimi idi dostum, Allah rəhmət eləsin!
Arzu dilimizdə qabar bağladı …
Bu acılı-şirinli xatirəni yada salmaqda məqsədim həm də kəlbəcərli günlərimizi unutmamaq, Xuraman xalanın özünün və qız balalarını necə başına toplayıb bir ana nəvazişi, qayğısı ilə (hətta, ailələlərini, nəvələrini də) yaşamaqdan zövq almasını oxuculara çatdırmaqdır.
…Bu da Kəlbəcərdən perik düşdüyümüz sonrakı illər. Kəlbəcərlilərin daşı atıldı ölkənin 56 rayonunun 700-dən yuxarı kənd-kəsəyinə. Ölən öldü, qalanlar isə yarımcan, xəstəhal Kəlbəcəri görmək arzusu dilində qabar bağladı. Kəlbəcərə gedən yollar sinəmiz kimi dağlandı: bircə bəndə yolçusu olmadı. Ölməz Ənvər Rzanın “Kəlbəcərə gedən yollar” şeirinə qabaq-qənşər mən də bir gəraylı yazıb internetdə (focebookda) paylaşmışdım. Şeirə münasibət bildirənlər arasında Xuraman xalanın nəvəsi də var imiş: Kəmalə Hacıyeva. Mən Kəmaləni Kəlbəcərdə uşaqikən görmüşdüm. Elə elektron dünyanın imkanları bizi virtual olaraq qarşılaşdırdı. Nələri itirdiyimizi onunla bölüşdük. Anası, bacım qədər çox istədiyim Solmaz xanımın səsini eşitdim, üzünü də gördüm. Ailənin Bərdədə məskunlaşdığını öyrəndim.
Və bir gün kəlbəcərlilərin sevimlisi, mənim isə ana-bacım kimi gördüyüm, duyduğum, əllərindən çörək, xörək alıb yediyim, imkansız günlərdə evində, məhləsində gənc ailəmizə sığınacaq verib, balalarından ayırmayan Xuraman xala haqqında indiyə kimi bir sətir fikir, xatirə yazmadığımı özümə bağışlaya bilmədiyimi dedim. Məmnuniyyətlə, məlumat, şəkil-faktlar verdilər qızları Kəmalə ilə Şəlalə.
Kəlbəcər – həsrətin çəkdiyimiz körpəlik beşiyi
İlk həmsöhbətim də elə böyük bacı, Bakı Slavyan Universitetinin Filologiya fakultəsinin məzunu, Kəlbəcər 106 saylı tam orta məktəbdə dil-ədəbiyyat müəlliməsi və Təhsil Nazirliyinin xüsusi təlimçi vəzifəsində işləyən Kəmalə xanım Hacıyevadır:
-Bilirsiniz, Kəlbəcərin əvəzedilməzliyini yalnız biz kəlbəcərlilər, yəni o cənnətdə doğulanlar demir. Orada doğulmayıb, həsrətində yaşayanlar da Kəlbəcər üçün qan-yaş tökür. Axı, Kəlbəcərin tayı-bərabəri (təbiəti də, insanları da) sərvət idi. Bu fikirin müəllifi mən deyiləm. Yaxşı yadımdadır. 1996-cı ilin aprel günlərinin birində Ulu Öndər Heydər Əliyev bir qrup kəlbəcərli ziyalıları qəbul edirdi. Orada Kəlbəcər haqqında çox dəyərli fikirlər səsləndirildi, əvəzedilməzliyi xüsusi vurğulandı. Xatirimdə qalan, sonralar isə müxtəlif kitab və məqalələrdən oxuduğum, yaddaşıma həkk olunan bu oldu ki, Ümummilli Liderimiz Kəlbəcərin insanlarını da təbiəti kimi sərvət hesab edirdi.
Kəmalə müəllimə ailədən, ata-anasından, Xuraman nənəsindən söz açmazdan öncə Kəlbəcərini – həsrətini çəkdiyi körpəlik beşiyində keçirdiyi günləri xatırladı. Yandı-qovruldu. Bəhməndən, Sücaətdən, Qəmkeşdən bənd-bənd şeirlər dedi. Sonra da keçdi Murovdağdan bu üzdə qələmi dərd yazan kəlbəcərli şairlərdən, buraxılan kitablarından danışmağa. Birdən yadına düşdü ki, bəs, nənəsindən, babasından… danışırdı axı. Beləcə, fikrinə körpü saldı. Döndük ailəyə:
-Hə, onu deyirdim axı. Böyük xalam Qələnfilin bir oğlu, beş qızı var, maşallah olsun. Hədiyyə nənəmin ilk nəvə hədiyyəsidi.Ondan sonrakılar isə Yasəmən, Mehparə, Təranə, Vüqar, Mehribandır. Vüqar Neft Akademiyasının bakalavr pilləsini, sonra isə magistraturanı bitirib…”
Telefonun o başında duyulan həyəcan
Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsində 13 ildir mütəxəssis kimi çalışan Şəhla xanım söhbətimizə qoşulur. Əlavə edir ki, Xuraman nənəsinin ikincii övladı anası Solmazdır: “…Anam Kəlbəcərdə Uşaq Xəstəxanasında tibb bacısı işləyirdi. Atam Möhübbət isə 2003-cü ildə Kəlbəcər həsrətinə dözə bilmədi, qəfildən dünyasını dəyişdi. Dörd bacıyıq. Bacım Yaqut ailəlidir, iki oğlu var. Kəlbəcər Rayon Aşıq Şəmşir adına Mədəniyyət Evində işləyir. Bacım Lamiyyə də ailəlidir: bir qızı, bir oğlu var, işləmir. Mən orta məktəbi bitirəndə ölkədə müharibə gedirdi, ali təhsil almaq arzuma çata bilmirdim. Nəhayət, gec də olsa, iqtisadiyyata qəbul oldum. İşimdən və xidmətimdən razıyam. Cənab Prezidentimiz İlham Əliyev demişkən, xalqa xidmət, vəzifəsindən asılı olmayaraq, hər kəsin borcudur…”
Kəmalə müəllimə bacısının fikirlərini davam etdirir: “Xalam Əsmər nənəmin üçüncü övladıdır. O, əczaçılıq texnikumunu bitirib, üç uşağı var idi: (bir qədər duruxur, telefonun o başında həyəcan duyulur. Hiss edirsən ki, kövrəlib, dili topuq vurur, nəhayət, o, göz yaşlarını silib sözünə davam edir) iki oğlu, bir qızı. Oğlu İlqar qəfil hadisə zamanı həyatını itirdi. Allah rəhmət eləsin dünyasını dəyişənlərin hamısına…”
Xuraman xalanın ömür yolunda qalan izlər
-Sahibə xalam gənclik illərindən Bakıda yaşayır, iki qızı, bir oğlu var,- Kəmalə müəllimə, dərindən köks ötürüb sözünə davam edir: – Həyat yoldaşı Miryusifi vaxtsız itirdi, çox cavan rəhmətə getdi. Amma xalam bu çətinliyin öhdəsindən tək və bacarıqla gəldi: üç uşağı ali məktəbdə oxutdurdu, ev-eşik, ailə-uşaq sahibi etdi. Bir şeyi də qeyd edim ki, xalam Sahibə ilə Xuraman nənəmin taleyində o qədər bənzərlik var ki. Nənəm də İsmayıl babamı vaxtsız itirib. Təkbaşına 5 qız böyüdüb, hamısını da oxudub ev-eşik sahibi etmişdi Xuraman nənəm. Mətanət xalam evin beşinci qızı olub. Nənəm ona həm ana olub, həm də ata. Uzun müddətdir ki, Kəlbəcər Rayon Mədəniyyət Evində işləyir. Üç qızı var. Onlar da ailəlidir. Hə, o, həm də nənədir axı, başını qatanları var…”
…Bu da Xuraman Hacıyevanın ömür yolunda qalan izlər. Beş qız balasının talelərinə yazılanların heç də hamısı ürəkaçan olmayıb. Biz də o qəmli notlara toxunmadıq. Mənnən həmsöhbət olan hər iki nəvəsi sevib-seçdikləri peşələri ilə nəinki analarına maddi dəstək olurlar, həm də xalqımıza xidməti özlərinə mənəvi borc sayırlar. Özgə nələri var ki?! Kəlbəcərlilər yerində olsaydı, onlar da bəxt-talelərindən könülaçan fikirlər söyləyər, daha dərd yumağı sarımazdılar ki.
Şəhla xanım Yaradanın yazdığı qismətə tale payı kimi baxır. Tanrısına daha çox sığındığını deyir. İnanır ki, əvvəl-axır Kəlbəcər erməni dığalarından azad, Dilqəmlə Şahbaz əsirlikdən xilas ediləcəklər. Qıldığı namazında etdiyi duaların ilkini Kəlbəcərin Tanrı tərəfindən azad olunmasıdır.
Hicran, ayrılıq və vüsal yaşları…
.. Bu qızların hər ikisi ilə anaları Solmaz xanım qürur hissi keçirdiyini deyir. Elə qız balalarının hamısını da nəzərdə tutur. Xuraman xalanın el-oba arasında seviləsini əziz və xoş xatirə kimi yaddaşına yazıb:
-Anamızın Kəlbəcərdə necə sevildiyini gördükcə, vallah, qardaşsızlıq ağrısını unutmuşduq. Qardaşlı bacılara heç vaxt həsəd aparmadıq. Çünki elə qardaş-bacılar görürüdük ki… Anamızın kitablarla keçən ömrü örnək idi. Atamızı erkən itirmişdik. Ailəmizin bütün kişi qayğıları da anamızın üstündəydi. Ona görə biz daha da məsuliyyətlə oxuyur, gələcəyimizi qurmaq üçün öz imkanlarımızdan istifadə etməli idik. İllər gəlib keçdi. Anasızlıq ağrısını da yaşayası olduq. Bu az imiş kimi, Kəlbəcərimizi də itirdik. 30 ilə yaxındır ki, Kəlbəcər həsrəti ilə sabahları açır, Tanrıya yalvarırıq ki, bizim qalanımızı heç olmasa qəribməzar eləməsin. İnanırıq ki, o gün gec-tez olacaq: ağlaya-ağlaya Murovu bu üzə aşan kəlbəcərlilər vüsal yaşları ilə də o tərəfə yol başlayacaq…”
Ayağı çisginli, başı dumanlı,
Gəzmək istəyirəm o dağı bir də.
Bulaq nəğməsinə qarışa səsim,
Qımışa qönçənin dodağı bir də.
Qaranquş qayıda qura yuvasın,
Duyaq bir doyunca bahar havasın.
Çəkəm o dağların cövrü-cəfasın,
Olmaya ağzımda dad ağı bir də.
Duman ötə, zirvələrə, çən gələ,
Dünya mənə səma kimi gen gələ.
Alça tumurcuğu açıla, gülə,
Bəzənə-düzənə budağı bir də.
Bu şeirlə qızlarla sağollaşıb ayrılırıq. Amma, xəyalımda Murovdağdır hələ də. Xuraman xalanın peşə və qəlb dostu olmuş, doğma bacılar qədər bir-birinə bağlı anam Güllərlə qardaşım İbrahimi Murovdağda axtardığım o müdhiş günlər dumanlı olsa da, canlanır. Daha yaza bilmirəm. Dilimin ucuna o dəhşətli günlərə yazdığım bir şeir gəlir:
…Müqəddəs varlıqlardan biri – zərif, incə məxluq epitetləri ilə obrazlaşdırılmış qadın tarix boyu ulu Yaradanın ən gözəl əsərlərindən sayılıb.
Ana və Vətən!
Bu iki müqəddəs varlıq bir-biri ilə sanki əkiz yaranıb. Peyğəmbərimiz buyurub ki, cənnət anaların ayaqları altındadır! Ana sözünün Vətənlə qoşalaşması hər iki ifadəni bir az da qüvvətləndirib, insanlara sevdirir. Çünki bu zaman Ana Vətən obrazı yaranır.
Ana ailəyə istilik, xeyir-bərəkət gətirir. Ana qardaşa bacı, həyat yoldaşına həyan, simsar, sirdaşdır. Ana yurddaşdır – yurd daşıdır. Pərvazlandırdığı, qanadlandırıb yuvadan uçurduğu balalarının yolunu yurdda, ocaqda daim intizar dolu baxışlarla gözləyəndir. Ana kişinin çiyindaşı, məsləkdaşı, ömür-gün dostu, həyat yoldaşıdır. Ana varlıqlar içərisində hər kəsdən başdadır: baş tacıdır. Ana həm də el-obada ağbirçək – yolgöstərəndir…
Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir
8 Mart tarixi qadın və gözəllik bayramı kimi qeyd olunur. Lakin tarixə diqqətlə nəzər salsaq, görərik ki, bu bayram heç də romantik hadisələr nəticəsində yaranmayıb. Bu bayramın qeyd olunmasının həm də qədim tarixi var.
Ötən əsrin 90-cı illərindən Azərbaycan qadınları daha müqəddəs bir obraza çevrildilər, səhnədə deyil, həyatda. Qarabağın qanlı-qadalı illərində dəhşətli qırğınlar törədilən, Yer üzündən silinən bir yurda, yaddaşlarda daşlaşan Xocalıya dönüb isti qucağında, qundağında körpəsi boğulan, yurdu dağıdılan, fəryadları qulaqlardan getməyən, diri-diri tonqallara qalanan, balalarına əli yetməyən bir ağbirçək obrazını xatırlatdı analar! Demək olmur ki, əsirlikdə, girovluqda neçə-neçə qız-gəlinlərimiz erməni vandallarının, daşnakların amansız təcavüzünə məruz qaldılar. Namusunu erməni quldurlarından qorumaq üçün qayaların başından özlərini Tərtər çayına atan ana-bacılarımızı unutmaq mümkündürmü?!
Bəşəriyyətin yarıdan çoxunu təşkil edən qadınlar, analar – bu zərif məxluqlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir.
Analar eyni olurlar…
8 Mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı Ümummilli Lider Heydər Əliyevin söylədiyi fikirlər bütün zamanlarda aktualdır: “Bu bayram, doğrudan da, bizim bütün bayramlar içərisində ən gözəl bayramdır. Çünki bu, qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar…”
Qadınların özünəməxsusluqları odur ki, onlar xarakter baxımından bir-birinə bənzəməzlər: zəif olduqları qədər də güclülükləri ilə diqqət çəkirlər. Onları birləşdirən yeganə bir ad var – ANA! Qadınlar fərqli, analar isə eyni olurlar. Onlar istəkləri, arzuları, sevinc və kədərləri ilə bir-birilərinə bənzəyirlər. Bütün analar övlad yolunda hər cür cəfaya hazır olurlar – gözlərinin nurunu, saçlarının qarasını, gecələrin bal yuxularını balalarından əsirgəmirlər. Beşik başından ayrılmayan ana balasının nağıllı-noğullu dünyasını qurur, onu əzizləyir…
“Qəriblər ağısı oxuyan durna”nın vida nəğməsi
Bu fikirlər illərlə doğma yurduna həsrət qalan bir ananın son pıçıltılarıdır. 2005-ci ildə, “baharın gülşən çağında” bülbüllər cəh-cəh vurub ötəndə bağda biri də ahu-zar içindəydi, adı Güllər, güllərin ən gözəli-göyçəyi. Sinəsində söz cücərdən, simasından nur, qələmindən və qəlbindən lirik duyğulardan daha çox həsrət, hicran, nisgil, intizar, qəm-möhnət süzülən bir ananı deyirəm. Yuxusuz gecələrinin əsəri olan xalı-xalçalarda barmaqlarının izi, dildə-ağızda şirin sözü qalan Güllər Məmmədqızının ilk kitabının adından da görünürdü ki, qəlbinin göylərini qara bulud alıb. Ona görə də gözlərindən ağ yağış sellənərdi “Qəriblər ağısı oxuyan durna”nın – Güllər ananın! Kəlbəcərsizlyə dözə bilmədi: “Orda açıb, burda solan bir güləm” dedi oxucularına, radio dinləyicilərinə…
17 il Göyçə, Qarabağ… Kəlbəcər həsrətini böyütdü dərdli sinəsində. Misralarından boylandı yurd ağrıları. 28 ildən sonra “dəmir yumruq” düşmən başına enəndə, Qarabağı – Şuşası, Kəlbəcəri… azad ediləndə anamın da ruhu o gün sevindi…
“Qaytar ana borcunu”
Analar balalarına ömür qıyır, quş kimi qol-qanad verib pərvazlandırırlar. Yuvasından qanad açan balalar, təəssüf ki, heç də həmişə bu müqəddəs varlıqların “kirpikləri ilə od götürmələrini” dəyərləndirə bilmirlər.
Bədii əsərlərdə obrazlaşdırılmış belə nümunələr az deyil. S.Rüstəmin “Ana və poçtalyon” şeirinin qəhrəman obrazı olan ananın oğul yolu gözləməkdən gözləri tor gətirmədimi?
Əli Kərimin “Qaytar ana borcunu” şeirində ananın gücü ürəyində onu qınamağa da yetmir. Bircə balasına yalvarır ki, “gümanımı yanıltma…”
Analar müqəddəsdirlər, həm də Vətənə şəhid oğul verdikləri üçün!
…Ana cəmiyyətdə də öz vacibliyini təsdiqləyən, adilikdən ali kürsülərədək ucalan bir vətəndaş, həm də yaradıcıdır: xalq sənətini yaşadan xalçaçıdır, tikməçidir, əyricidir, toxucudur… Ana müəllimdir, həkimdir, təyyarəçidir, mühəndisdir, nəhayət, şairdir, bəstəkardır, rəssamdır, səhnə xadimidir…
Analar müqəddəsdirlər, həm də Vətənə şəhid oğul verdikləri üçün! Analar zülmə tabedir, düşmən tapdağında qalan, tar-mar edilən yurdu dağıldığına görə! Analar dözümlüdürlər, ağır dərd-sərə, ağrı-acılara sinə gərdikləri üçün! Qarabağ dərdi sinələrində qaynayan analar səbirlidirlər, atalardan fərqli olaraq! Sinələrinə çəkilən bala dağını sevib əzizlədiklərinə görə analar əbədilik qazanıblar!
Kim deyil ki, analar?! Sənət dünyasının sevilənləri sırasında, önündə gedənlərdirlər! O, adidir! O, alimdir, o, diplomatdır! O, Koroğluya Nigar, Qaçaq Nəbiyə Həcərdir, bu gün isə şəhidlərimizin, qazi və Milli Qəhrəmanlarımızın anasıdırlar!..
Analar ölməzdirlər, əbədidirlər – şəhidlik zirvəsini qazanan oğulları kimi!
Bu gün Azərbaycan ədəbiyyatı və mətbuatının görkəmli nümayəndəsi, yazıçı, publisist və dramaturq, Yazıçılar və Jurnalistlər ittifaqlarının üzvü Şamil Xurşud oğlu Fərzəliyevin (Şamil Xurşud) doğum günüdür.
AZƏRTAC xəbər verir ki, anadan olmasının 89-cu ildönümü tamam olan Şamil Xurşud ömrünün 30 ildən çoxunu milli mətbuatımızın inkişafına həsr edib.
Şamil Fərzəliyev 1934-cü il fevralın 18-də Ucar rayonunda anadan olub. Rayonda 1 nömrəli orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. Universiteti müvəffəqiyyətlə başa vuraraq “Azərbaycan gəncləri” qəzeti redaksiyasının ədəbi işçisi, sonra isə ədəbiyyat və incəsənət şöbəsinin müdiri vəzifəsində çalışıb. 1967-ci ildə Moskvanın İctimai Elmlər Akademiyasını bitirdikdən sonra Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsinin təlimatçısı olub. O, 1972-ci ildə “Azərbaycan gəncləri” qəzetinin redaktoru vəzifəsinə təyin olunub. 1981-ci ildə “Kirpi” satirik jurnalının baş redaktoru vəzifəsinə irəli çəkilən istedadlı qələm sahibi ömrünün sonunadək bu vəzifədə çalışıb. Ş.Fərzəliyev 1986-cı ilin aprelin 24-də uzun sürən xəstəlikdən sonra 52 yaşında Tbilisidə vəfat edib.
Təcrübəli jurnalist, tanınmış publisist ötən əsrin altmışıncı illərdən başlayaraq oçerk, felyeton, publisistik yazıları ilə respublika mətbuatında çıxış edib, hekayələri, povest və pyesləri işıq üzü görüb. Onun “Sizi unutmaram”, “İnsan yaşayır”, “Azarkeş nənə”, “Xəstələr”, “Özüm və özün”, “Ağaclar kəsilmədi”, “Naxırçı çörəyi” və “Sakitlik olmayacaq” kitabları indi də oxucular tərəfindən sevilə-sevilə oxunur. Müxtəlif illərdə yazdığı dram əsərləri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, Lənkəran Dövlət Dram Teatrında və İrəvan Dövlət Dram Teatrında tamaşaya qoyulub.
Yazıçının “Səndən sonra” kitabı ölümündən sonra “Şərq-Qərb” nəşriyyatında çapdan çıxıb. Yaradıcılığı haqqında Azərbaycanın görkəmli nasir və şairləri, o cümlədən Xalq yazıçısı Əli Vəliyev, Xalq şairi Məmməd Araz, ədəbiyyatşünas-alimlər Qulu Xəlilov, Xalid Əlimirzəyev, şairlər Şahmar Əkbərzadə, Məmməd Aslan, yazıçılar Yusif Kərimov, Nahid Hacızadə, Əmir Mustafayev və onlarla digər tanınmış qələm sahibi dəyərli fikirlər söyləyiblər.
Ş.Fərzəliyev “Qızıl qələm” mükafatı laureatı olub və bir sıra Fəxri fərman və medallara layiq görülüb. Ucarda adını daşıyan küçə var.
Ölkəmizin Belçika Krallığındakı səfirliyi Brüsseldə dünyaşöhrətli foto-jurnalist Reza Deqatinin “Xocalı: Yaralı ruhlar” adlı foto-sərgisini keçirib.
AZƏRTAC xəbər verir ki, sərginin açılışında əvvəlcə Türkiyədə, Suriyada və Xoy şəhərində baş vermiş dağıdıcı zəlzələlər nəticəsində həyatını itirmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Səfir Vaqif Sadıqov çıxış edərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni qaniçənləri tərəfindən 613 mülki şəxsin öldürüldüyünü, o cümlədən 8 ailənin tamamilə yox edildiyini, 1300 nəfərin əsir götürüldüyünü, yüzlərlə azyaşlının valideynsiz qaldığını bildirib, insanlığa qarşı cinayət olan Xocalı soyqırımı haqqında ətraflı məlumat verib.
Reza Deqati çıxışında bir vaxtlar əsas sənəti olan memarlığı atıb foto-jurnalistika ilə məşğul olmasının məhz insanlığa qarşı sevgisindən irəli gəldiyini söyləyib, həqiqətlərin mədəniyyət və sənət vasitəsilə yayılmasının ən qüvvətli vasitə olduğuna inandığını qeyd edib. O, insanların ölümünə, binaların, tarixi abidələrin, həyati infrastrukturun dağılmasına səbəb olan müharibələrin, təbii fəlakətlərin, böhranların sağ qalan insanların yaddaşlarında sağalmayan yaralar açdığını bildirib.
Tədbir çərçivəsində ölməz bəstəkarımız Fikrət Əmirovun nəvəsi, istedadlı pianoçu-bəstəkar Nəzrin Əfəndiyevanın Belçikada yaratdığı “Trio Manestri” üçlüyünün ifasında Xocalı faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş konsert keçirilib. Pianoda Nəzrin Əfəndiyevanın, skripkada Mari-Karmen Suarezin və fleytada Astrid Gallezin ifasında Azərbaycan xalq mahnıları, F.Əmirovun, A.Rozmanın, K.Azedianın, L.Einaudinin, V.Azaraşvilinin bəstələri və N. Əfəndiyevanın “613 xatirəsinə” və xüsusilə bu tədbir üçün ərsəyə gətirdiyi “Azərbaycan miniatürləri” kompozisiyaları səsləndirilib.
Açılış mərasiminə qatılan diplomatik korpusun nümayəndələri, Avropa İttifaqının rəsmiləri, Belçikanın mədəniyyət, mətbuat və akademik dairələrinin nümayəndələri və digərləri sərgiyə böyük maraq göstərərək, hər bir fotoşəkil haqqında məlumat alıblar.
Beynəlxalq Muğam Mərkəzində şair, yazıçı, publisist, tərcüməçi və yaddaqalan mahnıların müəllifi Davud Nəsibin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Yazıçılar Birliyi, “Qazax” Xeyriyyə İctimai Birliyinin və şairin ailəsinin birgə təşkilatçılığı ilə hazırlanıb.
Türkiyədə baş verən zəlzələdə həyatını itirmiş insanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan gecədə Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri, Xalq şairi Nəriman Həsənzadə çıxış edib. Davud Nəsiblə 14 il bir yerdə çalışdığını diqqətə çatdıran xalq şairi unudulmaz xatirələrini bölüşüb. “Davud Nəsibin şeirlərindəki ədəbi hisslər başdan-ayağa poetik rənglə cilalanıb. Şairin yaradıcılığını oxuduqca onun həm də sözün, ruhun, torpağın keşikçisi olduğunu görürük ”, – deyə Nəriman Həsənzadə vurğulayıb.
Xatirə gecəsində aktyorların ifasında Davud Nəsibin “Cavanşir” tarixi romanı nümayiş olunub. Şairin şeirləri və sözlərinə yazılmış musiqilər səslənib.
Qonaqlara Davud Nəsibin “Cavanşir” tarixi romanı və iki cildlik “Ata laylası” kitabı hədiyyə edilib.
Heç bilmirəm harda bitdi, sona yetdi sevgimiz. Nə vaxt,necə hörüldü, ayrılıq çələngimiz. Bəlkə də lap əzəldən görüşməli deyildik… Doğrudanmı bir eşqə, ya həvəsə əyildik?.. Bəlkə də uşaq idik məhəbbətin əlində, O əl ayırdı bizi… Bəlkə də… bəlkə də yanılıram, Biz özümüz böyütdük, Elə bir-birimizi… Bəs ayrılıq nə idi, Ayrılıq nə imiş bəs? Ayrılıq bir acı çay, Ayrılıq zəhər imiş. Hər gün yuxusuz gecə yuxusunu tapanda, Ayrılıq səhər imiş. Oxuduğun kitabda tapdığın bir incə söz, bir ovuc qəhər imiş. Ayrılıq zəhlətökən, Ölümdən betər imiş… Heç bilmirəm harda idi ayrılığın qapısı. Guya bilsəm nə olsun? Onsuzda indən belə nə mən dönən deyiləm, Nə də ki sən o qapını açası…
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
Necə keçir günlərin Dilindəki qürurla, Ürəyindəki yasla? Sevişə bilirsənmi Məndən sonra ehtirasla? Mən bir az alışmışam. Məni fağır bilən Xatirənin üstünə Dinə dilirəm daha. Qışın axşam doqquzunda Həyətdəydim, bilirsən? Qaranlıq qorxumu da Yenə bilirəm daha. Arabir nəbzini yoxlayıram Yaddaşımın- Nə qədər sağ qalmısan? Kiçiltmədim hörmətini, Xətrini, Hələ də dağ qalmısan. Sən ən yaxın keçmişim, Sən ömrümün son ili, Şairin dediyi kimi: “Ayrılıq da sevdaya daxil, Ayrılanlar hələ sevgili”.
* * *
Səni harda başladım? Harda bitirdim səni? Çıxdım ürəyimin qapısınacan, Ötürdüm səni. Yolun yaxın olmasın. Nə doğmamsan, nə yadım, Əllərini üz, dedin, Ümidini kəs, dedin, Kəsdim, Yeddi qapıya payladım. Azın, çoxun qalmasın. Ruh deyilsən, can deyilsən, Həvəssən, bədəndən çıxdın. Elə də sevmədim səni. Ürəyimin zirvəsinə Hərdən çıxdın… Eh! Mənim də gizli-gizli Darıxmağım olmasın.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gənclər üçün Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Muğan Bölməsninin Rəhbəri
Əkbər Qoşalı ilə 25 ildən artıqdır, dostluq edirik. Ötən əsrin 90-cı illərinin ortalarından üzü bəri keçmişimin hansı məqamını xatırlasam, orda Əkbər var. Həm də bu məqamlar keçmişimi gözəlləşdirən, xatırladıqca çöhrəmi açan, bəzən ötən günlərimi özlədən məqamlardı. İnsanı yoldaşqlıqda tanıyarlar. Əkbər bəylə yoldaşlığımız çox olub. El dili ilə desəm, dəfələrlə eyni qabdan çörək yemişik. O, Salyanda mənim ata ocağımda, Qaraçuxurda qaldığım evdə, mənsə, dəfələrlə onun əvvəllər Əhmədli qəsəbəsində yaşamış olduğu evində, sonralar Atyalı qəsəbəsində minbir əzabla tikdirdiyi evində olmuşam. Dəfələrlə bölgələrə – Salyana, Biləsuvara, Cəlilabada, Lənkərana və digər yerlərə səfərlər etmişik. 2009-cu ilin avqust ayında Ukraynanın Krım yarımadasında 7 gün səfərdə olmuşuq. Türk dünyasından gələn yüzlərlə qələm adamının qatıldığı konfransda iştirak etmişik, ayrı-ayrı-yazarlarla görüşüb dərdləşmişik, birlikdə Turan dünyasının böyük oğlu İsmayıl bəy Qaspıralının məzarını ziyarət etmişik, bu səfər çərçivəsində zamanımız olduqca Qara dənizin göz yaşı kimi duru sularında üzmüşük. Dünya Gənc Türk Yazarlar Birliyinin Krımda keçirilən konfransında bu qurumun Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri seçilməyim də bu səfərimi unudulmaz edən məqamlardan biri olmuşdu.
Əkbər Qoşalı mənim ruh qohumumdur. Bizi eyni amal, eyni ideya və hədəflər birləşdirib. Dünya Gənc Türk Yazarlar Birliyinin yarandığı ilk gündən bir yerdə olmuşuq. Amma tarixi ədalət naminə qeyd etməliyəm ki, biz iki nəfər omamışıq. O illərə boylananda Aygün Həsənoğlunu, Rəsmiyyə Sabiri, İlqar İlkini, bir dönəmdə Təranə Turanı, Nərgiz Cabbarlını, Oqtay Hacımusalını, Güllü Yoloğlunu və onların bu yöndə çabalarını, gərginliklərini və yaşadıqları həyacanı xatırlayıram. Bizi bir amal birləşdirirdi – Türk dünyasının birliyi, bütünlüyü və türk soyları arasında ədəbi – mədəni əlaqələrin gücləndirilməsi. Və bir də böyük arzumuz vardı; türk toplumları dünyanın harasında yaşamasından asılı olmayaraq, bir-birini asanlıqla başa düşə biləcək səviyyədə ortaq türkcə formalaşsın, iki türkün anlaşması üçün hansısa yad dilə gərək qalmasın. Tanrının izni ilə bu istəklərimiz və çabalarımız uzun illərdən sonra türk respublikalarının dövlət siyasətinin ana xətti olmaq üzrədir. O illərdə yuxarıda adını çəkdiyim qələmdaşlarımdan ən çox görüşdüyüm Əkbər bəy idi. Bəzən 5 gün ard-arda axşamlar görüşər, dərdləşər, düşüncə və qayğılarımızı bölüşərdik. Bəlkə bu gün kimlərəsə inandırıcı görünməyə bilər, amma əsla özəl qayğılar və sorunlar bizim söhbətimizin mövzusu olmazdı. Mövzu hər zaman bir idi – türk dünyasının bu günü və sabahı. Necə edək ki, türk dünyası üçün daha faydalı olaq? Necə edək ki, türk toplumlarının ədəbiyyatını Azərbaycanda, eləcə də qarşılıqlı olaraq, Azərbaycan ədəbiyyatını digər türk toplumlarında tanıdaq? Ortaq türkcənin yaranması üçün bizim qatqı və faydamız nə ola bilər və bundan ötrü nə etməliyik? – kimi sorulara cavab axtarardıq. Tanrıya şükürlər ki, illər ərzində bu yöndə xeyli işlər görə bilmiş, bizdən sonra gələnlər üçün cığır açmağı bacarmışdıq. O cığırı yola çevirmək vəzifəsi bizdən sonra gələnlərin çiynindədir artıq.
Tanıyanlar bilir ki, nadir hallarda ithaf şeiri yazmışam. 90-cı illərin sonlarında Əkbər Qoşalıya və Aygün Həsənoğluya ithafən hansı coşqu və sevgi ilə yazmışamsa, bu gün də o anları xatırlayanda qanım sevgi ilə coşur. Əkbər bəy ədəbi mühitdə hər bir dərdimi, qayğımı sona qədər bölüşə biləcəyim yeganə şəxs olub. Mənə elə gəlirdi ki, o, məni hər kəsdən daha yaxşı duyur. Elə bu nədənlə o illərdə ona belə yazmışdım:
Bir sözə, bir xalqa, bir haqqa güvən,
Haqq yoldan peşiman olan yox hələ.
Səni mənim qədər ürəkdən sevən,
Məni sənin qədər duyan yox hələ.
Dəyərli oxucum irad tuta bilər ki, yaradıcı adamdan yazırsan, ancaq yaradıcılığından sitat gətirmirsən. Məndən ötrü Əkbər bəyin davranışı, həyata və insanlara baxışı, hadisələrə yanaşması, ətrafında yaşananlara, baş verənlərə yazılı və şifahi münasibəti, hətta düşüncələrini ifadə edərkən mimikası və əl hərəkətləri… hamızı yaradıcılıq örnəyidir. Bir dəfə türk ölkələrinin birindən səfərdən qayıtmışdı. Oradakı durumu soruşdum. Əkbər indiyə qədər unutmadığım maraqlı cavab verdi. Dedi ki, sanki o ölkədə külək bir ayrı cür əsir, Günəş bir ayrı cür doğur, ağaclar fərqli boy atır, sular bir ayrı cür axır. Bax, eyni şeyi Əkbər Qoşalı (yeri gəlmişkən, mən qədim dostuma çox zaman Əkbər yox, Qoşalı deyə müraciət edirəm. Bilmirəm, nədənsə bu söz mənə daha doğma gəlir) haqqında deyə bilərəm. Hamı kimi baxsa da, görsə də hamı kimi düşünmür və münasibət bildirmir. Hər şeyə fərqli yöndən baxmağı və fərqli sonuclara varmağı bacarır. Ancaq o, bunu fərqli görünmək üçün etmir. İstəsə də bunu bacarmaz. Anadolular demişkən, Əkbər bəyin yapısı belədir. Tanrı ona fərqli özəlliklər verib.
Bu günlərdə gənc yazarımız İntiqam Yaşar zəng eləmişdi. Əkbər bəyin 50 illiyi ilə bağlı kitab çapa hazırlandığını dedi. Bu söz məni bir az diksindirdi. Əkbəri “ikidən sonra beş alması” (25 yaşı) münasibəti ilə təbrik etdiyim, elə bilirəm dünən olub. İllər gerçəkdən də su kimi axıb gedir(miş). Onunla tanış olduğumuz zamanlarda 20 yaşı yenicə adlamış gənclər idik. Bu gün artıq dostum ağsaqqal deyə biləcəyimiz yaşa qədəm qoyur. Əziz dostumu qarşıdan gələn 50 illik yubileyi münasibəti ilə təbrik edirəm. Ona can sağlığı, yaradıcılıq uğurları, yeni-yeni yubiley yaşlarını qeyd etməyi və rəhmətlik Oqtay Rza demişkən, 100 yaşı adlayıb keçməsini diləyirəm. Və bir də arzu edirəm ki, uğruna bir ömür fəda etdiyi Türk dünyasının gerçək birliyini, Turanı görsün, dünyanın harasında yaşamasından asılı olmayaraq, türk soyundan gələn hər hansı bir şəxslə yad dildə anlaşmaq zorunda qalmasın. Həm də bunlar tezliklə, sıradakı yubiley yaşına qədər çin olsun!
Tanrı dağlarında, Turan günündə görüşənədək, Qoşalı!
Mədəniyyət Nazirliyi görkəmli Azərbaycan memarları Mikayıl Useynovun və Sadıq Dadaşovun xatirələrinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində ucaldılacaq abidənin eskiz layihələrinin hazırlanması üçün heykəltaraşlar arasında açıq müsabiqə elan edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqə fevralın 17-dən aprelin 17-dək keçiriləcək.
Eskiz layihələr Mədəniyyət Nazirliyinin “Heykəltaraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert komissiyası”nın üzvləri tərəfindən qiymətləndiriləcəkdir. Layihələrin müzakirəsi qapalı şəraitdə keçiriləcək.
Müsabiqənin qalibi barədə məlumatlar əsas mərhələ başa çatdıqdan 15 gün sonra – mayın 15-də Mədəniyyət Nazirliyinin rəsmi saytında (culture.gov.az) yayımlanacaqdır. İkinci və üçüncü yeri tutan müəlliflərə müvafiq olaraq 2000 manat və 1000 manat məbləğində pul mükafatı təqdim ediləcək.
Qeyd edək ki, müsabiqə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 8 oktyabr 2022-ci il tarixli “Mikayıl Useynovun və Sadıq Dadaşovun birgə abidəsinin ucaldılması haqqında” Sərəncamının icrasını təmin etmək məqsədilə həyata keçirilir.
Ərəb ölkələrin ortaq “Saidati” turizm portalında Azərbaycanın paytaxtı Bakı şəhərinin ən yaxşı məkanları barədə məqalə və fotoşəkillər yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, məqalədə qədim tarixi olan İçərişəhərin əcnəbi turistlərin ən sevimli məkanı olduğu qeyd edilib. Oxucuların diqqətinə çatdırılıb ki, buradakı müxtəlif əsrlərə aid nadir tarixi-memarlıq abidələri Azərbaycan xalqının qiymətli xəzinəsi kimi qorunub saxlanılır. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.
Məqalədə Dənizkənarı Bulvar barədə də ətraflı məlumat verilib. Qeyd olunub ki, hələ 1909-cu ildə Xəzər dənizinin ətrafında salınan bulvar paytaxt sakinlərinin və şəhərin qonaqlarının istirahət yeridir. Burada Bayraq meydanı, müxtəlif attraksionlar, restoran və kafelər, ticarət obyektləri yerləşir.
Ərəb oxucuların diqqətinə Bakının digər görməli yerləri – bulvardakı “Şeytan çarxı”, Təzəpir məscidi, Milli Azərbaycan Tarix Muzeyi haqqında da məlumat verilib.
Azərbaycanlı yazıçı İlahə Səfərzadənin “Gerçəyin izində” adlı yeni romanı işıq üzü görüb.
Roman psixoloji səciyyə daşıyır.
Qeyd edək ki, bu, İlahə Səfərzadənin sayca üçüncü romanıdır. Yazıçının daha öncə “Son xəyanət” və “Naməlum məktub” romanları nəşr edilib. Bundan başqa, İlahə Səfərzadə çoxsaylı hekayələrin müəllifidir
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizidoğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Beynəlxalq Yazıçılar Gildiyasının üzvü, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Əli Bəy Hüseynzadə mükafatı laureatı, istedadlı yazıçı Varisin (Varis Yolçuyev) “Sonuncu ölən ümidlərdir” adlı yeni kitabının 7-ci təkrar nəşrini, yeni redaktədə yaxın günlərdə kitab mağazalarında əldə etmək mümkün olacaq.