Özündən küsən adam,
Günahların çoxdumu?
Itirdiyin özünsən,
Qazandığın yoxdumu?

Kim səni aldı səndən?
Harda, necə unutdu?
Kim tutdu ürəyini,
Kim bu qədər ovutdu?

Kim çürütdü ömrünü,
Üzünə baxa-baxa?
Nələr qoydu gözündə,
Gözündən axa-axa?

Bəlkə elə özünsən?
Özünə dərd olmusan.
Sevincini əlindən,
Bəlkə özün salmısan?

Özünə dərd eləmə,
Dərdindən bezən adam,
Yollarından yorulub,
Fikrində gəzən adam.

Qayıt, yoluna qayıt,
Barış o küsdüyünlə.
Əlini ver, dur, görüş,
Əlini üzdüyünlə.