Ölkəmizin Belçika Krallığındakı səfirliyi Brüsseldə dünyaşöhrətli foto-jurnalist Reza Deqatinin “Xocalı: Yaralı ruhlar” adlı foto-sərgisini keçirib.

AZƏRTAC xəbər verir ki, sərginin açılışında əvvəlcə Türkiyədə, Suriyada və Xoy şəhərində baş vermiş dağıdıcı zəlzələlər nəticəsində həyatını itirmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Səfir Vaqif Sadıqov çıxış edərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni qaniçənləri tərəfindən 613 mülki şəxsin öldürüldüyünü, o cümlədən 8 ailənin tamamilə yox edildiyini, 1300 nəfərin əsir götürüldüyünü, yüzlərlə azyaşlının valideynsiz qaldığını bildirib, insanlığa qarşı cinayət olan Xocalı soyqırımı haqqında ətraflı məlumat verib.

Reza Deqati çıxışında bir vaxtlar əsas sənəti olan memarlığı atıb foto-jurnalistika ilə məşğul olmasının məhz insanlığa qarşı sevgisindən irəli gəldiyini söyləyib, həqiqətlərin mədəniyyət və sənət vasitəsilə yayılmasının ən qüvvətli vasitə olduğuna inandığını qeyd edib. O, insanların ölümünə, binaların, tarixi abidələrin, həyati infrastrukturun dağılmasına səbəb olan müharibələrin, təbii fəlakətlərin, böhranların sağ qalan insanların yaddaşlarında sağalmayan yaralar açdığını bildirib.

Tədbir çərçivəsində ölməz bəstəkarımız Fikrət Əmirovun nəvəsi, istedadlı pianoçu-bəstəkar Nəzrin Əfəndiyevanın Belçikada yaratdığı “Trio Manestri” üçlüyünün ifasında Xocalı faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş konsert keçirilib. Pianoda Nəzrin Əfəndiyevanın, skripkada Mari-Karmen Suarezin və fleytada Astrid Gallezin ifasında Azərbaycan xalq mahnıları, F.Əmirovun, A.Rozmanın, K.Azedianın, L.Einaudinin, V.Azaraşvilinin bəstələri və N. Əfəndiyevanın “613 xatirəsinə” və xüsusilə bu tədbir üçün ərsəyə gətirdiyi “Azərbaycan miniatürləri” kompozisiyaları səsləndirilib.

Açılış mərasiminə qatılan diplomatik korpusun nümayəndələri, Avropa İttifaqının rəsmiləri, Belçikanın mədəniyyət, mətbuat və akademik dairələrinin nümayəndələri və digərləri sərgiyə böyük maraq göstərərək, hər bir fotoşəkil haqqında məlumat alıblar.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Mənbə: https://azertag.az