Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Müqayisəli ədəbiyyatşünaslıq” Beynəlxalq elmi jurnalının  növbəti (№2, 2022) sayı çap edilib. Jurnal akademik İsa Həbibbəylinin “Əbədiyaşar Əlişir Nəvai” məqaləsi ilə açılır.

“Müqayisəli ədəbiyyatşünaslıq” Beynəlxalq elmi jurnalının baş redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. Baş redaktorun müavinləri filologiya elmləri doktorları, professorlar Məmməd Əliyev, Gülər Abdullabəyova, Bədirxan Əhmədovdur. Jurnalın məsul katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli, məsul redaktoru isə Maral Poladovadır.

Bu sayın “Türk xalqları ədəbiyyatı”, “Slavyan xalqları ədəbiyyatı”, “Avropa və Amerika ədəbiyyatı”, “Asiya və Afrika xalqları ədəbiyyatı” bölümlərində müxtəlif elmi məqalələr işıq üzü görüb. “Bələdçi” Azərbaycan, ingilis və rus dillərindədir.

Jurnalın redaksiya heyətinə Azərbaycan, Türkiyə, Rusiya, Çin, Özbəkistan, Bolqarıstan, Qırğızıstan, Macarıstan, Çexiya, Başqırdıstan, Tatarıstan, Cənubi Koreya, Qazaxıstan, Türkmənistan, Ukrayna və Polşanın alimləri daxildir.

        Qeyd edək ki, “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalı “Index Copernicus”, “Asos indeks”, “İdealonline”, “CiteFactor”, “Academia.edu”, “ResearchGate”, “Internet Archive” beynəlxalq indeksləmə sistemlərinə daxildir. Toplu həmçinin, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlərin siyahısına daxildir.

Gülnar Səma                                  

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

İctimaiyyətlə əlaqələr şöbəsi