Bu günlərdə İstanbulun Anatoli nəşriyyatında yazıçı Eyvaz Zeynalovun növbəti kitabı, “İntikam” romanı işıq üzü görüb. Həmin roman Bakıda “Qisas” adı ilə çap olunmuşdu. Romanı Türkiyə türkcəsinə Türkiyədə ədəbiyyatımızın dostu, yorulmaz təbliğatçısı, elm adamı Ömər Mehmədzadə tərcümə edib.
“İntikam” kitabının təqdimatı fevralın 26-sı ilə martın 5-i arasında hər il ənənəvi olaraq İstanbulda keçirilən CNR kitab sərgisində, mart ayının 4-də olacaq. Müəllif nəşriyyatın sahibi Şərəf Yılmaz tərəfindən tədbirə dəvət edilib.
Yeri gəlmişkən, keçən il orda Eyvaz Zeynalovun Ferfür nəşriyyatında çap olunmuş “Eski bsikilet” (“Köhnə velosiped”) hekayələr kitabının təqdimatı baş tutmuşdu. Onda tədbirdə yazıçının özü də iştirak etmişdi.
Keçən il yazıçı Eyvaz Zeynalov üşün çox uğurlu olub. Türkiyədən başqa Almaniyada “Alın yazısı” adlı romanı alman dilində nəşr edilib. Beynəlxalq Frankfurt kitab sərgisində nümayiş olunub. Əvvəlki ildə, yəni 2015-ci ildə isə yazıçının daha bir romanı, “Bələdçi” Almaniyada alman dilində çap olunmuşdu.