ETİRAF

Bilirəm səhvimi, günahlarımı,
Demirəm onları bağışla mənə.
Günahsız deyildir həyatda hamı,
Baxma töhmət dolu baxışla mənə.

Bəzən sürüşübdür ayaqlarım da,
Mən əyri yolu da doğru sanmışam.
Yalan da dolaşıb dodaqlarımda,
Özüm də yalana çox inanmışam.

Bəzən gülə-gülə ağlamışam mən,
Aydın görünməmiş əsil sifətim.
Ağlaya-ağlaya gülmüşəm bəzən,
Özümə sirr olub öz təbiətim.

Bunlar əzab verir onsuz da mənə,
İti neştər olub batır gözümə.
Bilirəm səhvimi… təzədən yenə
Sən allah, onları vurma üzümə.

RÜŞVƏT

Nə vəzifəm, nə rütbəm, nə hökmüm, nə fərmanım,
Əzəl gündən kağıza, qələmədir gümanım.
Kim mənə rüşvət verər?
Nəyə görə?
Nə üçün?
Ancaq dostum, qınama, rüşvət yemişəm bu gün.
Rüşvət rəngli kürüdən çəkdim çörəyimə mən,
Rüşvət bud qurtarmadı canını dişlərimdən.
Mən çolpadan əmliyə, baldan qaymağa keçdim,
Yedim rüşvət tikəni üstündən su da içdim.
Lətifə danışdılar gülə-gülə yedim mən,
Rüşvət nazu-neməti bilə-bilə yedim mən.
Ev sahibi bunları özü qazanmış kimi
Qürurla seyr edirdi kəsdiyim hər tikəmi.
İndi sinəm Vezuvi vulkanını andırır,
Hər tikə qızmar dəmir – içərimi yandırır.
Bu gün çörək yemişəm rüşvətxor süfrəsində,
Mən də bir rüşvətxoram həqiqətin səsində.
Rüşvət tikə yemişəm, rüşvətxoram şübhəsiz,
Boğazıma salmağa mənə lələk verin siz!

1975