Author: Delphi7

  • Lesya Ukrainkanın “Meşə nəğməsi” kitabı ilk dəfə Azərbaycan dilində

    Görkəmli Ukrayna şairi, yazıçı, tərcüməçi, romantizm və tənqidi realizm janrının parlaq nümayəndəsi Lesya Ukrainkanın 150 illik yubileyi münasibətilə Ukrayna Kitab İnstitutu tərəfindən keçirilən qrant müsabiqəsinin qalibi elan olunmuş Azərbaycan Dövlət Tərcümə Mərkəzi şairin seçmə şeirlərinin toplandığı “Meşə nəğməsi” kitabını Azərbaycan dilinə tərcümə və nəşr edib.

    Dövlət Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan oxucusu ilk dəfə təqdim olunan poetik toplunu tanınmış şairi Salam Sarvanın tərcüməsində oxuya biləcək.

    Kitabın “Ön söz”ünün müəllifi Püstə Axundova, redaktoru Bəhlul Abbasovdur.

    Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində işıq üzü görüb.

    Mənbə: https://azertag.az/

  • Ədəbiyyat İnstitutunda Abbas Zamanovun yubileyi keçirilib

    AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas-alim, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Abbas Zamanovun anadan olmasının 110 illiyinə həsr edilmiş elmi sessiya keçirilib.

    Sessiyanı AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq bildirib ki,  “biz ustad müəllimlərimizi mütəmadi olaraq xatırlayırıq, yubileylərini keçirib, kitablarını çap edirik. Belə müəllimlərimizdən olan Abbas Zamanovun yubileyinin keçirilməsi ilə bağlı həm Humanitar Elmlər Bölməsinin, həm də institutunuzun Elmi Şurasının qərarı var. Abbas Zamanov böyük tədqiqatçı, mükəmməl ədəbiyyat tarixçisidir. Sabir, Mirzə Cəlil haqqında yazdığı elmi əsərlər bu gün də istinad mənbəyidir. Mənbəşünas alimdir, arxivlərdə işləyib, yazıçıların məzarını axtarıb tapıb. Namizədlik işinin yüksək səviyyədə olmasına görə birbaşa doktorluq dərəcəsi alıb. Onun yazılarında ideologiya yoxdur, sovet dövrünü təbliğ etməyib, vətəndaşlıq mövqeyi də çox güclüdür. Naxçıvan Muxtar Respublikasının Ermənistana verilməsi təklifinə çox sərt reaksiya verib, onun belə sərt cavabından sonra məsələ gündəlikdən çıxarılıb.

    Abbas müəllim Naxçıvan Dövlət Universititetində mənə dərs deyib, onunla birlikdə teatra getmişik. Gənc alimlərə “Uğurlu yol” yazmaqdan zövq alırdı. Özü uşaq evində böyüməsinə baxmayaraq, çox iradəli, mövqeyindən dönməyən, məsuliyyətli və nikbin adam idi. Həmişə hal-əhval tutulanda “Şikayətlənməyə əsas yoxdur” – deyən Abbas müəllim vətəndaş alimliyin brendidir”.

    Akademik Rəfael Hüseynov “Azərbaycan diasporu quruculuğunda Abbas Zamanovun rolu” adlı məruzə edərək qeyd edib ki,  “Mən “Vaxtdan uca” kitabımda üç şəxsiyyətin “necəsən?” sualına cavabını xüsusi qeyd etmişəm. Ərtoğrul Cavid “Dünənkindən pis, sabahkından yaxşı”, Əkrəm Cəfər “Ürəyin istəyən kimi”, Abbas Zamanov “Şikayətlənməyə əsas yoxdur” cavabını verirmiş. Abbas müəllim çətin həyat yolu keçsə də, heç zaman şikayətlənmədi, gördüyü bütün işləri vicdanının hökmü ilə həyata keçirdi. 1968-ci ildən Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə direktor təyin edildi və o illərdən, demək olar ki, diasporsayağı işlər görməyə başladı. Cənubi Azərbaycan yazarları haqqında bilgilər paylaşırdı. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında əlaqələrin qurulmasında iştirak edirdi. Böyük azərbaycançılar dəstəsi formalaşdırmışdı. Onun yaratdığı “Vətən” cəmiyyəti sonralar Diaspor Komitəsinin yaranmasına səbəb oldu”.

    Professor Qəzənfər Paşayev “Abbas Zamanov və beynəlxalq əlaqələr” mövzusunda məruzəsində vurğulayıb ki, “doğrudan da, Abbas müəllim böyük şəxsiyyət olub. Ədəbi əlaqələr sərhəd bilmir, fədakar insanların sayəsində yaranır. Belə fədakarlardan biri də Abbas müəllimdir. O, təmənnasız təbliğatçı idi. Bir çox ədəbi əlaqələrin qurulmasında sistemli şəkildə məşğul olub. Mən xoşbəxtəm ki, onunla yaxşı münasibətim olub”.

    Sonra filologiya elmləri doktorları, professorlar Şirindil Alışanlı “Klassik ədəbi irs Abbas Zamanovun araşdırmalarında” və Tahirə Məmməd “Milli kimlik uğrunda ziyalı mübarizəsi” mövzularında məruzə ediblər.

    Abbas Zamanovun nəvəsi, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülgün Əliyeva “Yaddaşlardan silinməyən alim” adlı məruzə edərək, ailəsi adından elmi sessiyanın təşkilatçılarına və iştirakçılarına təşəkkürünü çatdırıb.

    Gülnar Səma

    Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

    İctimaiyyətlə əlaqələr şöbəsi

  • Ədalət RƏSULOVA.”NOVRUZ GƏNCƏLİ”

    NOVRUZ GƏNCƏLİ

    XX əsrin 80-ci illərində yazıb-yaratmağa başlamış ziyalılardan biri də Novruz Gəncəli olmuşdur.

         Sadıqov Novruz İsmayıl oğlu 1921-ci il sentyabr ayının 12-də Bakının Maştağa kəndində anadan olmuşdur. Səkkiz yaşında olarkən atasını vaxtsız itirən Novruz  böyük qardaşı Qulamhüseynin himayəsində yaşayır. O, 1934-cü ildə H.Z. Tağıyev adına Toxuculuq fabrikinin  nəznində olan 63 saylı orta məktəbdə ibtidai təhsil alır. Toxuculuq fabrikində işləyən qardaşı Qulamhüseyn Sadıqovun təcrübəsi nəzərə alınaraq  Gəncədəki Toxuculuq fabrikinə işləməyə gönədrilir. O, orada baş mühəndis vəzifəsini icra edir. Beləliklə, Sadıqovlar ailəsi 1929-cu ildə Gəncəyə köçür. Novruz Gəncə şəhər 3 saylı beynəlmiləl orta məktəbində təhsilini davam etdirir.  Lakin 1938-ci ildə qardaşı Qulamhüseyn Sadıqov vəfat edir. Ailənin bütün qayğıları Novruzun üzərinə düşür. Bütün  bu çətinliklərə  baxmayaraq, o məktəbi bitirdikdən sonra 1939-cu ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olur. Universitetin ikinci kursunda oxuyarkən o əyani şöbədən qiyabiyə keçirilərək ehtiyaca görə  Lerik rayonuna ezam olunaraq bir neçə orta məktəblərdə müəllimlik etmiş, hətta məktəb direktoru kimi pedaqoji fəaliyyət göstərmişdir.  

             Gənc Novruz  yazmış olduğu ilk şerini şair  Əhməd Cəmilə oxumuş,  bu şairin çox xoşuna gəlmişdir. Şairin ona  ilk sözü bu olmuşdur:- “Mən bundan sonra sənə Gəncəli təxəllüsü verirəm. Mütləq bu imza ilə yazıb-yaratmalısan”! demişdir. O zamandan ömrünün sonuna kimi  Novruz  Sadıqov  “Novruz Gəncəli” kimi fəaliyyət göstərmişdir. Onun “Odlu ürəklər” adlanan  ilk  kitabı “Gəncəli” təxəllüsü ilə 22 yaşında olarkən çap edilmişdir.                                                                                                                 

         Çoxşaxəli yaradıcılıq yolu keçmiş Novruz Gəncəli 1943–1946-cı illərdə Bakıda Dövlət Təhlükəsizliyi orqanlarında məsul vəzifələrdə çalışmışdır. 1946–1949-cu illərdə Azərbaycan Yazıçılar İttifaqının “Natəvan” klubunda da çalışıb. 1950–1960-cı illərdə müxtəlif  vaxtlarda “Ədəbiyyat qəzeti” redaksiyasında tənqid şöbəsinin müdiri, “Azərbaycan gəncləri” qəzeti redaksiyasında ədəbi işçi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsində isə təlimatçı kimi də fəaliyyət göstərib. Novruz Gəncəli həmçinin 1960–1976-cı illərdə “Azərbaycan” jurnalı redaksiyasında baş redaktorun müavini vəzifəsində çalışmışdır.

    Novruz  Gəncəli həm də bir dramaturq olaraq Azərbaycan teatrına maraqlı və orjinal səpgili dövrünün aktual problemlərini özündə əks etdirən pyeslər yazıb. Ədibin komediyalardan ibarət kitabı Moskvada “Sovetski pisatel” nəşriyyatında rus dilində nəşr olunub. Müəllifin pyesləri rus dramaturqları tərəfindən tərcümə edilib.

          Şair öz qələmini tərcümə sahəsində də ustalıqla sınamış, C.Bayronun “Kavur”,  A.Makayenokun  “Tribunal”,  C.Patrikin “Qəribə Missis Sevinc”,  B.Brextin “Kuraj ana və onun uşaqları”  Hötedən,  Bayrondan, Puşkindən, Brextdən, Patrindən, Abayın əsərlərini doğma Azərbaycan dilimizə tərcümə etmişdir.

           Novruz  Gəncəlinin  qələmə aldığı pyeslər  Gəncə Dövlət Dram Teatrı, Azərbaycan  Musiqili  Komediya Teatrı, Gənc Tamaşaçılar Teatrı, Naxçıvan Musiqili Dram Teatrı,  Ağdam  Dövlət  Dram Teatrı  tərəfindən səhnələşdirilib. O, Azərbaycan dramaturgiyasında “Şəlalə” adlı ilk elmi fantastik pyes sayılan əsərin müəllifidir. Novruz  Gəncəli bir dramaturq olaraq  Azərbaycan  teatrına  maraqlı və orijinal səpkili, o dövrün aktual problemlərini özündə əks etdirən pyeslər də yazmışdır.  1950-1951-ci illərdə “Qızıl Dərviş”, 1951-1952-ci illərdə “Düşmənlər içində”, “Şəlalə”, “Yanmış planetin sərvətləri”, “El bizim sirr bizim”, “Niyə dirilmisən” kimi pyesləri tanınmış quruluşçu rejisorlar tərəfindən səhnələşdirilmişdir. 1969-cu ildə Sumqayıt Dövlət  Dram teatrının səhnəsində quruluşçu rejisor Arif Ağayevin qurluşunda A.Makayenokun “Tribunal” və C.Patrikin “Qəribə Missis Sevinc” pyeslərinə  müraciət olunaraq, maraqlı səhnə əsərləri uğurla nümayiş edilmişdir.

           Onun “Məhəbbət körpüsü”, “Ev bizim, sirr bizim”, “Səadət yağış deyil”,  “Unudulmaz günlər”,  “Şerlər”, “Dalğalar”,  “Mənim mahnılarım”, “Könüllər açılanda”,  “Unuda bilmirəm”, “Ədəbi dost” kimi kitabları nəşr olunmuşdur.   

          Novruz Gəncəli şerlərinin mövzusuna və xüsusiyyətlərinə görə seçilən, yadda qalan, sevilən şairlərdən idi. Ömrünün çox hissəsini Azərbaycan ədəbiyyatına sərf edən, yorulmadan yazıb-yaradan şairin “Anamın səsi”, şerinə bəstələnmiş mahnını  bütün dünya tanımışdır. Dövrünə görə XX əsrin 80-ci illəri sülh və əminamanlıq illəri kimi xatırlanırdı. Məhs bu illərdə sözləri  Novruz Gəncəliyə musiqisi Ələkbər Tağıyevə məxsus olan “Anamın səsi” zamanın ən aktual mahnılarından biri hesab edilirdi. Heç təsadüfi deyildir ki, SSRİ xalq artisti Zeynəb Xanlarova,  Respublika  xalq artisti  Rübabə Muradova  və  əməkdar artist  Fatma  Mehrəliyeva  o illərdə  bu mahnını dünya ictimaiətinə bir mesaj olaraq tez-tez oxuyurdular. Novruz Gəncəlinin qələmə aldığı “Ananın səsi” şeri bu gün də öz aktuallığını saxlayır.

    Ana qəlbim odlanır,

    Söz düşəndə davadan.

    Bəs deyilmi ey insanlar,

    Töküldü qan, axdı qan?

    Bəs deyilmi, qara torpaq

    Su içdi göz yaşından.

    Yer üzündə dostun olsun,

    Gərək insan insanın,

    Qəlbimdəki bu arzular,

    Arzusudur zamanın.

    Mən anayam bu səsimdə

    Yerin, göyün, dərdi var.

    Sülhə gəlin, ey insanlar

    Yoxsa dünya məhv olar!

         Milli-mənəvi sərvətimiz sayılan muğamlarımızı, yurdumuzun əvəzolunmaz sərvəti  hesab edərək düşüncələrində  Arazı,  Kürü  Azərbaycanın bir cüt qiymətli incisinə bənzətmiş şair arzu kimi səsləndirdiyi, qələmə aldığı aşağıdakı misralar onun qəlbində yurd salan vətənpərvərliyidən xəbər verirdi:

    Oyanan Babəklər, Qoç Koroğlular,

    Çəkər qılıncını Murovla Qoşqar,

    Şahdağı hayqırar, Kəpəz hayqırar…

    Gözündə qalmasın xoş arzuların,

    Açılsın, Cənuba gedən yolların.

          Novruz Gəncəli 1971-ci ildə qələmə aldığı “Bizim sahildə” əsərinə film çəkilməsi üçün hazırladığı  ssenarisini rejisor Alla Axundovaya bildirir. Lakin bundan  xəbər tutan  kinorejissor  Hüseyn Seyidzadə  bu ssenariyə ikinci müəllif olaraq adının qeyd edilməsini Novruz Gəncəliyə təklif edir. Ancaq N.Gəncəli çox prinsipal adam olduğu üçün  Hüseyn  Seyidzadəyə  yox cavabını verir. Həmin vaxtdan əsər Kinostudianın arxivinə atılır. Bir müddət sonra əsər ondan xəbərsiz adı dəyişilərək  Alla Axundova və Hüseyn Seyidzadənin  iştirakı ilə “Var olun qızlar” adı altında film çəkilərək ekranlarda nümayiş etdirilir. Lakin film çox uğursuz alınır.  Bundan xəbər tutan Novruz Gəncəli 1973-1980-ci ilədək  bu məsələ ilə bağlı məhkəməyə müraciət edərək, müəlliflik hüququnu qorumağa çalışsa da heç bir nəticə əldə edə bilməyib. Ona edilən bu haqsızlıq yaradıcılığına mənfi təsir etmiş şair öz etirazını qələmə aldığı misralarda əks etdirmişdir.

    Mən qovdum vətəndən qara kabusu,

    Candan əziz tutdum arı namusu.

    Sən ey, qəm bilməyən gələcək nəsil!

    Üzümü görməyə eləsən arzu,

    Bax üfüqdən qalxan al səhər mənəm,

    Yurdumun istəyi o zəfər mənəm!

         Ona edilən haqsızlıqla barışmayan  şair  ömrünün  sonuna  kimi təkliyə qapanaraq həyatının son günlərini Bilgəh qəsəbəsindəki öz bağında keçirir. Şair Bilgəhdə olduğu zaman şerini misralara köçürərək sanki ömrünün son günlərini yaşadığını hiss edirmiş kimi, bu şeri qələmə alaraq oxucuları ilə vidalaşmışdır.

    Bəlkə sən deyəsən müqəddəs pəri,

    Tanrı məhv edərmi İblisi, şəri

    Məhv etmək istəmir, ya gücü çatmır

    Allah bəndəsiyəm, aç mənə sirri.

    Şairim dan yeri qızarır diyən,

    Xəstəsən, bu qədər düşünmək olmaz.

    Səni oxşamaq üçün yaranmışam mən

    Sualın könlümə gətirdi ayaz,

    Onun cavabını bu dünyada bir

    Allah özü bilir, ağır, çətindir.

    Nə qədər yüksəlsə insanın elmi,

    Alim ola bilməz tanrımız kimi.

    Yəqin İblisin də yaranmasında,

    Ali bir amalı düşünüb xuda

    Bəlkə də mübariz etməkçin sizi,

    Xaliqim yaratmış, bəzzad İblisi.

    Uzaq ol bu dərin düşüncələrdən,

    Allah amanında getməliyəm mən.

        Ömrünü, həyatını Azərbaycan ədəbiyyatına sərf edən, yorulmadan bənzərsiz sənət əsərləri yaradan Novruz Gəncəlinin Ədəbiyyat sahəsindəki xidmətləri o dövürdə nəzərə alınaraq Ali Sovetin (11.09.1981)-ci ildə fəxri fərmanları və SSRİ-nin müxtəlif medalları ilə təltif olunmuşdur.  Bu gün təssüf hissi ilə qeyd etmək lazımdır ki, sağlığında ona xalq şairi fəxri adı verilməyib. Ancaq Novruz Gəncəlinin yaradıcılığı bu fəxri ada layiq bir sənət nümunəsi olmuşdur.

       O, milyonlarla oxucusunun qəlbində özünə əbədi bir xalq şairi adını qazandıra bilmişdir.

           Şair dramaturq Novruz Gəncəli 1995-ci il oktyabrın 19-da Bakı şəhərində vəfat etmişdir. O, doğulduğu Maştağa qəsəbəsindəki Pirşəhid qəbirstanlığında dəfn olunmuşdur. Oxucuları bu gün də şairi rəhmətlə anırlar.

      Rəsulova Ədalət.

    AMEA Nizami  Gəncəvi  adına  Ədəbiyyat  İnstitutunun əməkdaşı.

  • Görkəmli Azərbaycan şairi Rafiq YUSİFOĞLUnun “Xiffət” adlı ilk romanı işıq üzü görüb

    Azərbaycan Respublikasının əməkdar mədəniyyət içisi, görkəmli şair, ədəbiyyatşünas, publisist, nasir, tərcüməçi, filoiogiya elmləri doktoru, professor Rafiq Yusifoğlu bu dəfə oxucuların görüşünə yeni janrlı bir əsərlə gəlmişdir. Qələmini ədəbiyyatın müxtəlif ədəbi növlərində sınayan və həmişə uğur qazanan Rafiq Yusifoğlunun yeni kitabı “Xiffət” adlanır. Bu əsər şairin ilk romanıdır.

    İlin əvvəlində oxucuların görüşünə qələbəmizin poetik salnaməsi sayılan sanballı “Zəfər dastanı” şeirlər kitabı ilə gələn Rafiq Yusifoğlunun ilk romanının da əsas mövzusu Qarabağ hadisələridir. Müəllif bir ailənin taleyi timsalında müharibənin insan həyatına vurduğu silinməz izlərdən söhbət açır. Əsərin mərkəzində qoyulan əsas hadisə həyatdan qaynaqlansa da, müəllif onu öz sənətkar təxəyyülü ilə daha da zənginləşdirmiş, ümumiləşdirmiş, çətinliklərdən, ağrılardan, əzablardan keçən zəfər yolumuzun dolğun mənzərəsini ustalıqla yarada bilmişdir.

    Müəllifin şairliyi və alimliyi romanın strukturuna, üslubuna əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Belə ki, əsərdə tarixi faktlardan, görkəmli şair və yazıçıların, filosofların, siyasət adamlarının fikir və mülahizələrindən yeri gəldikcə istifadə olunmuşdur. Bu, hadisələrin mahiyyətini daha dərindən anlamağa, onun tarixi köklərini açmağa, bu günün hadisələrinin məhz haradan qaynaqlandığını göstərməyə yardımçı olmuşdur. Müəllifin hadisələri, tarixi faktları poetik dillə mənalandırma ustalığı əsərin məziyyətlərini qat-qat artıran bir vasitəyə çevrilmişdir.

    “Xiffət” romanını oxuyanda Qarabağ hadislərinin başlanğıcından, Xocalı faciəsindən, torpaqlarımızın işğalından tutmuş müqəddəs yurd yerlərimizin

    müzəffər Azərbaycan ordusu tərəfindən azad etməsinə, zəfər günümüzə qədər olan hadisələrin mənzərələri göz önündə canlanır. Qlobal məsələlərin, xalqın keşməkeşli ömür yolunun qəhrəmanların fərdi taleyi ilə vəhdətdə təsviri pomanın əsas məziyyətlərindən biri hesab oluna bilər.

    Müəllif təxəyyülünün məhsulu olan Ümid, Şəlalə, İntiqam kimi obrazların həyatda yaşayan, qəhrəmanlıq göstərən konkret insanlarla, döyüşçülərlə ünsiyyəti, onların hərəkət və davranışlarına verdikləri qiymət haqq işi uğrunda mübarizə fonunda təsvir olunmuşdur.

    Əsər boyu xiffət-nastalgiya əsas fikrin, müəllif qayəsini açılması üçün maraqlı, səciyyəvi bir bədii vasitəyə çevrilir. Qəhrəmanların ağrılı-əzablı ötən günləri xatırlamaları fonunda həm keçmiş hadisələr xatırlanır, həm də bu düşüncələr vasitəsi ilə obrazların hiss və həyəcanları təsvir olunur, onların xarakteri açılır. Keçmiş, indi və gələcəyin vəhdəti haqqında düşüncələr hadisələrin mahiyyətini daha dərindən anlamağa yardımçı olur.

    ADPU nəşriyyatında nəfis şəkildə çap olunan “Xiffət” romanının redaktoru Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, rəssamları isə İlqar Tofiqoğlu və Kübra Əkbərovadır.

    Ümid edirik ki, Rafiq Yusifoğlunun digər əsərləri kimi onun “Xiffət” romanını da oxucular maraqla qarşılayacaqlar.

    Günel Hüseynova,
    Filologiya üzrə fəlsəfə doktoru

    Mənbə: https://manevr.az/

  • Qubadlı Rayon İcra Hakimiyyətinin orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Sentyabr (2021) sayı işıq üzü görüb

    “Gənlər Şəhəri” Sumqayıtda fəaliyyət göstərən Qubadlı Rayon İcra Hakimiyyətinin orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin aprel sayı işıq üzü görüb. Həmişə olduğu kimi, bu dəfə də “Bərgüşad” ictimai-siyasi qəzetinin səhifələrində bir-birindən maraqlı yazılar yer alıb.

    Qubadlı Rayon İcra Hakimiyyətinin basçısı İsaqov Malik Xizir oğlunun Qubadlılara göstərdiyi diqqət və qayğı adıçəkilən mətbu orqanın diqqət mərkəzində saxladığı və daimi olaraq, işıqlandırdığı məsələlərdən biridir.

  • “Sözün Sehri” ədəbi-bədii, ictimai qəzetinin Sentabr (2021) Xüsusi sayı işıq üzü görüb

    “Gənlər Şəhəri” Sumqayıtda fəaliyyət göstərən Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktoru, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, şair Qafqaz Əvəzoğlunun təsisçisi olduğu “Sözün Sehri” ədəbi-bədii, ictimai qəzeti ayda bir dəfə nəşr olunmaqla, ölkə ictimaiyyətinə hədiyyə olunur.

  • Rafiq ODAY.”Hər zalıma boyun əyməz, bilirsən”

    This image has an empty alt attribute; its file name is rafiqoday-300x300.jpg

    Hər qarışı bir cənnətdi bu yurdun,

    Gah dəvətli, gah dəvətsiz buyurdun.

    Hər təknəyə olan deyil bu yurd un,

    Hər zalıma boyun əyməz, bilirsən.

    Biz haqq oğlu, sən hələ də şər afət,

    Bizə neylər sən atdığın şər, afət.

    Mənlik, vüqar, qürur, qeyrət, şərafət,

    Bizə keçib babalardan bil, irsən.

    İmansızın əməli min, dili min,

    Şər at, sonra çıx altından – dili min.

    Bax, çırpınır söz ucunda dilimin,

    Deyərəm ha… düzü-dünya bilir, sən…

    06.10.2021

  • Rafiq ODAY.”Sızıldayıb, gəl çıxarma day ağın” (Təcnis)

    This image has an empty alt attribute; its file name is rafiqoday-300x300.jpg

    TƏCNİS

    Sıxsa belə gün-güzəran, dolanma (q),

    Kəmfürsətlər dövrəsində dolanma,

    Yaz yelinli bulud kimi dol, amma

    Sızıldayıb, gəl çıxarma day ağın.

    Yaraşarmı – minnət götür, ələ bax?!

    İbrət götür – qabar-qabar ələ bax.

    Dost-tanışı saf-çürük et, ələ, bax…

    Gör kim olar dar günündə dayağın.

    Kürəyini söykə yurda, elə, dur,

    Biraz insaf, biraz mürvət elə, dur.

    Elə davran, elə otur, elə dur, –

    Kəsilməsin eldən ümid ayağın.

    05.10.2021

  • Nizami CƏFƏROV.”Ədəbiyyatşünasın dünya meredianları”

    Əsgər Zeynalov-70

    Filologiya elmləri doktoru, professor Əsgər Zeynalov artıq neçə on illərin məhsuldar araşdırmaları ilə təsdiq etmişdir ki, o, həmkarlarının çoxu üçün səciyyəvi sayıla biləcək məhdud bir sahənin tədqiqatçısı deyil. Və onun nəşr edilmiş kitablarının adları da bunu göstərir: “Fransız ədəbiyyatında Şərq” (1996), “İrəvan ziyalıları” (1999), “Şərq Volter yaradıcılığında” (2001), “Azərbaycan bayatıları Qafqaz regionunda” (2001), “Viktor Hüqo” (2001), “Altaydan-Altaya” (2002), “İllərin yol yoldaşı” (2004), “Hara gedir bu qatar?” (2006), “Orda, bir yurd var, uzaqda” (2006), “Fransız dili” (Ali məktəb üçün dərslik, 2010, şərikli), “İrəvan ziyalıları” (Bakı, 2011, ingilis dilində), “İrəvan məktəbləri” (2012), “Viktor Hüqo və Lui Araqon şeirlərinin Azərbaycan dilinə tərcüməsi” (2012), “Hüqo” (Bakı, 2014), “İrəvan xanlığı… gerçəkliyin aydınlığı” (2016) və s. Adlarını çəkdiyimiz bu əsərlər ədəbiyyatşünas alimin yalnız respublikamızda nəşr olunmuş kitablarıdır.

    Ə.Zeynalovun “Fransız ədəbiyyatında Şərq” kitabına verdiyi rəydə dünya şöhrətli fransız şərqşünası, Osmanlı dövrünə qədər və Osmanlı dövrü üzrə Beynəlxalq Komitənin Prezidenti (Fransa-Paris) Jan Lui Bakke Qrammon vaxtilə yazmışdı: “Mən böyük maraqla cənab Əsgər Zeynalovun Bakıda azəri türkcəsində 1996-cı ildə nəşr olunmuş “Fransız ədəbiyyatında Şərq” əsərini oxudum. Lazımi şəraitin olmamasına baxmayaraq, heç vaxt Fransada olmayan fransızdilli bir müəllif belə dəyərli əsəri ərsəyə gətirə bilmişdir. 26 sentyabr, 1997-ci il”.

    Fransanın ən nüfuzlu orqanlarından olan “LEst Republicain” qəzetinin 2007-ci il 11 avqust tarixli nömrəsində ədəbiyyatşünas alim haqqında məqalə dərc olunmuşdur. “Hüqonun azərbaycanlı mütəxəssisi Tətbiqi Dilçilik Mərkəzində” adlanan məqalə, əslində, Ə.Zeynalovdan Fransada götürülmüş müsahibə əsasında hazırlanmışdır. Məqalənin başlığının altında müəllif Daniel Bordür izahat xarakterli bir cümlə vermişdi: “Bakıda XVII, XVIII və XIX əsrlər fransız ədəbiyyatını tədris edən Əsgər Zeynalov bir aylıq Bözansondadır”. Məqalədə deyilir ki, Ə.Zeynalov doktorluq dissertasiyasını Şərq ədəbiyyatının Volter yaradıcılığına təsirindən müdafiə etsə də, onun sevimli yazıçısı dahi Hüqodur”.

    Məqalədə tədqiqatçı alim haqqında deyilir: “Hüqo haqqında kitabın müəllifi onun poeziyasını tərcümə etmiş, “Səfillər”in Azərbaycan versiyasının ön sözünü yazmışdır. 15-ə qədər kitabın, 250 məqalənin (indi 40-a qədər kitabın, 400-dən artıq məqalənin – N.C.) müəllifi olan professor Zeynalov öz ölkəsinin Yazıçılar və Jurnalistlər Birliyinin üzvüdür. Onun fransız ədəbiyyatı ilə bağlı yazıları Moskvada və İranda nəşr olunmuşdur. O, Aleksandr Düma, Balzak, Jorj Sand, Qustav Flober, Gi de Mopassan yaradıcılığından söhbət edir, Ferney kəndində yaşamış Volterlə bağlı yumorlar danışır, ancaq həmişə Hüqonun üzərinə qayıdır, “Mən Bayronun, Hötenin, Şekspirin, yaradıcılığına yaxşı bələdəm, ancaq mənim üçün dünyada yalnız bir Hüqo var” deyir.

    2014-cü il iyulun 24-də yenə də “LEst Republicain” qəzetində Ə.Zeynalov haqqında “Qoca Hüqo, bəşəri Hüqo” adlı yazı dərc olunmuşdur. Professor Çəmən Babaxanova hadisənin şahidi kimi “Azərbaycan alimi Fransa elmi və ədəbi-ictimai fikrində” adlı məqaləsində yazır ki, Əsgər müəllimdən, bəlkə də, 40 dəqiqədən artıq müsahibə götürülsə də, ancaq kiçik bir yazı verilmişdir. Səbəbi isə erməni lobbisinin canfəşanlığı olmuşdur.

    Ədəbiyyatşünas alim haqqında 2013-cü il oktyabrın 6-da Parisdə fəaliyyət göstərən Viktor Hüqonun Dostları Cəmiyyətinin məcmuəsində geniş bir yazı təqdim olunmuşdur. Yazının müəllifi dünya şöhrətli hüqoşünas alim, eyni zamanda həmin cəmiyyətin prezidenti Arno Lasterdir. O, tədqiqatçı alim haqqında yazmışdı: “Azərbaycanın Universitet müəllimi Əsgər Zeynalov bizimlə ünsiyyət yartmışdır. Filologiya elmləri doktoru (doktorluğu Volter yaradıcılığı üzrədir), Azərbaycanın Yazıçılar və Jurnalistlər Birliyinin üzvü bir sıra kitab və məqalələrin müəllifidir. Onların bir çoxu Hüqoya həsr olunmuşdur”.

    2011-ci ildə Ə.Zeynalovun Sankt-Peterburq şəhərinin “Branko” nəşriyyatında “İrəvan ziyalıları” kitabı işıq üzü gördü. Xüsusi vurğulamaq lazım gəlir ki, “İrəvan ziyalıları” kitabının Sankt-Peterburq nəşrinə dünya şöhrətli rus alimi Boris Anatolyeviç Starkovun tutarlı, son dərəcə cəsarətli ön sözü əsərin dəyər və əhəmiyyətini əsaslı surətdə təsdiq edir.           

    B.R.Starkov ön sözdə yazır: “İlk baxışdan müasir rus oxucusu heç də elə düşünməsin ki, kitab Ermənistanın tarixindən bəhs edir. O, İrəvan və tarixinin müəyyən dövrlərində əhalinin əksəriyyətini təşkil etmiş azərbaycanlılara həsr olunmuşdur. Bundan başqa, müəllif praktiki olaraq kitabın hər səhifəsində qeyd edir ki, İrəvan qədim dövrlərdən azərbaycanlıların şəhəridir.

    O öz fikirlərini əsaslandırmaq üçün Ermənistan Sovet Ensiklopediyasının 3-cü cildinin 571-ci səhifəsindən sitat gətirir ki, burada XIV əsrin sonlarından XIX əsrin sonlarına, hətta 1920-ci ilə qədər İrəvanın azərbaycanlıların şəhəri olduğu yazılmışdır”.

    Tədqiqatçının 15 illik zəhmətinin bəhrəsi olan bu kitabla o, İrəvanda yetişmiş 180-200 illik ziyalı nəsilləri üzə çıxardı – İrəvanilər, Qazıyevlər, Muğanlinskilər, Mirbabayevlər, Topçubaşovlar, Erivanskilər və b.

    Təkcə XX əsrdə bu şəhər Azərbaycan elminə, mədəniyyətinə akademiklər Mustafa bəy Topçubaşov, Heydər Hüseynov, Əhməd Rəcəbli, Faiq Bağırzadə, Hüseyn Həsənov, ictimai xadimlər Əziz Əliyev, Həsən Seyidov, Bağır Seyidzadə, bəstəkar Səid Rüstəmov, kinorejissor Hüseyn Seyidzadə, rəssam Kamil Əliyev, şair Əhməd Cəmil, ədəbiyyatşünaslar Cəfər Xəndan, Mirəli Seyidovu bəxş etmişdi.

    2013-cü ildə Ə.Zeynalov “İrəvan ziyalıları” kitabını Moskvada nəşr etdirməyə nail oldu. Ön sözün müəllifi Rusiya Şərqşünaslıq İnstitutunun şöbə müdiri, professor R.İvanov kitabda təqdim olunan məscidlərin, məhəllələrin, bağların adlarını sadalayaraq belə bir ritorik sualla müraciət edir: “Şərhə ehtiyac varmı ki, bura azərbaycanlıların şəhəridir?”.

    Ə.Zeynalov kitabın Moskva nəşrinə geniş ön söz yazdığına görə həmkarına minnətdarlığını bildirdikdə R.İvanov cavab məktubunda ona yazmışdır: “Əziz Əsgər! Siz təşəkkürsüz möhtəşəm kitab yazmısınız. Çox əhəmiyyətli kitabınıza görə sağ olun!”.

    Ədəbiyyatşünas alim bir neçə il sonra “İrəvan ziyalıları” əsərini ABŞ-da ingilis dilində nəşr etdirməklə (2016) nə qədər vətənpərvər olduğunu, dünyaya göz açdığı torpağa nə qədər bağlı olduğunu bir daha təsdiq etdi. B.Starkov və R.İvanovun ön sözlərilə nəşr olunan bu sanballı əsər dünyanın bütün qitələrinə yayılmışdır.

    Erməni lobbisinin dünyada tüğyan elədiyi bir vaxtda “İrəvan ziyalıları” kimi milli təəssübkeşliklə yazılmış bir kitabı xarici ölkələrdə nəşr etdirmək o qədər də asan deyildi. Araşdırıcı bu işi cəsarətlə həyata keçirmişdi.

    Professor Ə.Zeynalovun “Hüqo – fransız ədəbiyyatının milyarderi” monoqrafiyası öncə Fransada fransız dilində (2015), sonra isə Almaniyada ingilis dilində (2016) nəşr olundu. “Hüqo” monoqrafiyası ABŞ-da (2016), “Hüqonun Şərq baxışı” monoqrafiyası Londonda (2016), “Volter və Hüqonun Şərq baxışı” (2016) Kanadada , “Şərq Volter yaradıcılığında” (2017) irihəcmli monoqrafiyası isə Hindistanda, İsveçdə (2018) ingilis dilində işıq üzü görmüşdür. Xatırlatmaq istərdik ki, Azərbaycan ədəbiyyatşünaslığında Volter və Hüqo haqqındakı ilk monoqrafiyalar bu məhsuldar alimin adı ilə bağlıdır.

    Ə.Zeynalov Londonda nəşr etdirdiyi monoqrafiyada fransız qaynaqları əsasında sübut etməyə çalışmışdır ki, Hüqo islam dinini qəbul etmişdir. Tədqiqatçı fransız qaynağından əldə etdiyi bir faktı əsərdə belə təqdim edir: “Şairlərin ən parlağı” Hüqo müsəlman idi… Heç kəs bilmirdi ki, məşhur Hüqo müsəlman idi… Hüqo inam (cihad) yolunu təsdiq edərək bildirmişdir ki, “Allah təkdir, onun heç bir şəriki yoxdur. Məhəmməd onun elçisidir. 1881-ci il sentyabr ayının 6-da onun (şübhəsiz ki, Tanrı nəzərdə tutulur – Ə.Z.) göndərdiyi elçi Şeyx İbrahim dö Telemcen Əlcəzairli Parisdə onun otağında (Hüqonun otağında) olmuş və bunun nəticəsində fransız ədibi Əbu Bəkr Hüqo adını qəbul etmişdir. Şeyx İbrahim Parisə, Hüqonun yanına gələrkən ona bir canamaz (sayyada – Ə.Z.) gətirmişdi. O, bir müsəlman kimi dünyasını dəyişmişdi”.

    Müəllif göstərir ki, Hüqo Məhəmməd peyğəmbər haqqında 156 misradan ibarət “Hicrinin 9 ili” poemasını, eləcə də islam dini ilə bağlı “Məhəmməd” və “Sidr” ağacı əsərlərini yazmışdı.

    Nə qədər qəribə də olsa, 1902-ci ildə şairin anadan olmasının 100 illiyi tamam olarkən yuxarı dairələr bu əsərlərin bir əsr çap olunmaması barəsində əmr vermişdi.

    Tədqiqatçı alimin əsərindən bəlli olur ki, Hüqonun vəfatının ertəsi günü – 1885-ci il may ayının 23-də fransız katolik partiyasının orqanı olan “Xaç” qəzeti yazmışdı: “Otuz ildən bəridir ki, o dəlidir”… Müəllifin fikrincə, otuz il əvvəl, təxminən “Hicrinin doqquz ili” poemasını yazdığı vaxta düşür. Və o da məlum olur ki, Hüqo ömrünün son vaxtlarında bir gündə dəfələrlə “Qurani-Kərim”in “Əl-Fatihə” surəsindən “İhdinas – siratəl-müstəqim – Tanrı, bizə doğru yol göstər” kəlamını deyib ağlayırmış.

    Ə.Zeynalov “Hüqo islam dinini qəbul etmişdirmi?” yazısını Londonda nəşr olunan “Hüqonun Şərq baxışı”, Kanadanın Viktoriya şəhərində çap edilmiş “Volter və Hüqonun Şərq baxışı” və İsveçin Malmö şəhərində işıq üzü görmüş “Volter və Hüqonun Şərq dünyası” (2018) kitablarında oxuculara təqdim etmişdir.

    Və maraqlıdır ki, Bosniya-Hersoqovinalı alim, akademik Enes Kariç 2017-ci il iyulun 1-də nəşr etdirdiyi “Viktor Hüqo Məhəmməd peyğəmbər haqqında” məqaləsində bir neçə dəfə Azərbaycan aliminin Londonda nəşr olunmuş “Hüqonun Şərq baxışı” kitabındakı “Hüqo İslam dinini qəbul etmişdirmi?” yazısına istinad etmişdir.

    Ə.Zeynalovun beynəlxalq konfrans, qurultay və tədbirlərdəki iştirak və çıxışlarını ayrıca qeyd etmək lazım gəlir. Onun Rusiyada, İranda, Türkiyədə və Serbiyada ondan artıq məqaləsi işıq üzü görmüşdür.

    Professor Əsgər Zeynalov bu günlərdə özünün elmi araşdırmalarında keçən mənalı ömrünün yetmiş illiyini qeyd edir. Və göründüyü kimi, bu araşdırmalar dünya meridianlarında Azərbaycan elminə nüfuz, azərbaycançılıq məfkurəsinə hörmət gətirir.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.Yeni şeirlər (2021)

    Tarixin yaddaşı

    “…Sən nə vaxt yalan-cəfəng

    uydurmağı tərgidəcəksən?!”

           A.S.Puşkinin ermənilər haqqında dediklərindən

    Qanlı döyüş səngərində

    “Su!”, “Su!” deyən

    yaralıya,

    su verməyib bir erməni,

    suqabı da

    dolu suymuş.

    Puşkin görüb o səhnəni,

    üsyan edir

    bu dünyaya,

    Hardan bilsin o sərsəri

    hansı yolun

    yolçusuymuş.

    Ünvanına nələr deyir,

    nələr deyir.

    İnsandısa – ermənidən

    bir az insanlıq

    istəyir.

    Bir az mərhəmət

    istəyir,

    bir az ədalət

    istəyir.

    İstəyir ki, güllələsin,

    şərəfsizi.

    Nə çiynində tüfəngi var,

    nə cibində

    bir gülləsi.

    Şair özü açılıbdı, –

    silah kimi,

    tüfəng kimi.

    Əl sinədə, ürək səsdə,

    qəfil qalxan

    külək kimi.

    Lənətləyir ermənini,

    haqdan gələn

    haqq sözüylə.

    Qurğuşunla, barıtla yox,

    şərəfiylə,

    nüfuzuyla.

    “Oğru!” deyir,

    “Qorxaq!” deyir,

    “Dovşan!” deyir,

    “Qaraçı!” deyir,

    “Qul!” deyir…

    Rus şeirinin günəşinə

    qoca tarix

    sağ ol! – deyir.

     Sülhməramlı elçi

    Birinci xanım,

    Birinci vitse-prezident

    Mehriban Əliyevaya

    Çaxdı şimşək kimi, doğdu gün kimi,

    Ali Baş Komandan yardı cəbhəni.

    Onun arxasıydın –

    sən özün kimi,

    zaman alqışladı səngərdə səni.

    Şəhid anasını qucaqlayanda,

    susdun, kəlağayı cəkib başına.

    Yanında kövrəlib o ağlayanda,

    sən təsəlli oldun

    o göz yaşına.

    Sən ayrı olmadın eldən-obadan,

    qəlbin sudan duru – Aydan arıydı.

    Məscidə gedəndə əlində “Quran”,

    dilində Tanrının dualarıydı.

    Sən – şair anası, əsgər anası,

    şahanə gəlini

    ulu öndərin.

    Həyatın mənası, ömrün mənası,

    tale kitabında yazılıb sənin.

    Bir arzu, bir istək yaşatdı bizi,

    sevindi Xalqımız, İqtidarımız.

    Muğamdan doğuldun,

    İlham Pərisi,

    “İstiqlal marşı”nı çaldı tarımız.

    Şərqdə – Şərq ürəkli bir inci oldun,

    Avropada – Sülhməramlı bir elçi.

    Ledilər yanında Birinci oldun,

    rəsmi görüşlərdə,

    yenə Birinci.

    Çəkdiyin qayğılar sona yetmədi,

    gündüzlər fikirli, gecələr oyaq.

    44 Gün gözünə yuxu getmədi,

    Şuşada qalxınca,

    üçrəngli bayraq.

    Gah nigaran gördüm, gah da mülayim,

    adi təbəssümün – bir ehtiramdı.

    (O sizin qızınız, Arif müəllim,

    anasız vaxtımda,

    mənim anamdı!).

    Salam, Xudafərin körpüsü, salam!

    Salam, O Taydakı Azərbaycana!

    Yüz il sonra keçdi üstündən İlham,

    bir də cəbhə dostu –

                            Mehriban Ana!

    Salam, O Taydakı Azərbaycana!

    Bağ qonşuları

    Ev alma, qonşu al.

                Atalar sözü

    Qohumdan əzizdi qonşu, deyiblər,

    Qalsın qulaqlarda bir tana kimi.

    Qonşu yaxındadı,

                            dadına yetər,

    qohumun bir əli çatana kimi.

    Bura bağ yeridi, birdən darıxsam,

    ürəyim istəsə, ya elə bir gün, –

    gərək mən uzun bir nərdivan qoyam,

    hasar qonşumuzu,

                            səsləmək üçün.

    Qonşu var, qonşuya dost-qardaş deyir,

    burda əsl sözü, dilsiz daş deyir.

    Xaricdə görmüşdüm, şirin yuxuydu,

    qonşunun-qonşuya nəydi töhfəsi, –

    bağlar arasında hasar yoxuydu,

    məftil çəkmişdilər,

                            hasarəvəzi.

    Otların içində itmişdi “çəpər”,

    ortaq eləmişdi o, bağları da.

    Qonşu budaqlara,

                            söykənmişdilər,

    qonşu ağacların budaqları da.

    Kimdi hasar çəkən o qaradinməz?

    O səni bəyənməz, məni bəyənməz.

    o da bir hasardı –

                            qürurlu, məğrur.

    hasar, o “hasar”a söykənib durur.

    Burda hasarlanır, vətən torpağı,

    biri o birinə söyləyir əhsən!

    Allahım, çətindi Səndən aşağı,

    bizi bizdən qoru,        

                            qoruya bilsən.

    “İlham cəngisi”

    Arazın o tayından qələm dostum

    Hüseyin Şərqi ustad aşığımız

    Çingiz Mehdinin saz ansamblının

    lent yazısını mənə göndərib

             Müəllif

    Deyin, mən heyranam Aşıq Çingizə,

    ürəyim soyumur təkcə “Sağol!”la.

    Apardı, gətirdi məni Təbrizə,

    o səslə –

                            o simlərarası yolla!

    Qaladan-qalaya yürüşmü gedir,

    İgid qıyyası var, at kişnərtisi.

    İstiqlal yolunda döyüşmü gedir? –

    şəhid sinəsiymiş –

                            sazın sinəsi.

    Sazda Araz axır, sazda Kür daşır,

    qoyma,

                            sel aparır Saramı, Aşıq.

    Yenə gözlərimdə şimşək oynaşır,

    qaytar bu dünyaya, dünyamı, Aşıq.

    Bir sarı siməmi əsirdi dünya? –

    can quşu uçdumu, qəfəsdə qalmır.

    Mən indi bildim ki, bir sirdi dünya, –

    heç kəsin qisası,

                            heç kəsdə qalmır.

    Arazdan bu yana – “İlham cəngisi”,

    sinəmə sıxdığım saz töhfəsiydi.

    44 Gün tarixin ilk salnaməsi,

    qədim dünyamızın,

                            möcüzəsiydi.

    Gəzir səngər-səngər şərəfli adı,

    orda Sərkərdədi, burda Diplomat.

    O da bir eşq ilə sevir həyatı, –

    “Paşinyan, nooldu?!”,

                            bu da zarafat!

    “İlham cəngisi”nə köklə havanı,

    oxuyaq, İlahi bir ehtirasla.

    Yeni Azərbaycan İntibahını, –

    mən burda qələmlə,

                            sən orda sazla.

    Oxuyaq, İlahi bir ehtirasla.

    ***

    44 gün səngərdə birinci Əsgər,

    qızğın müsahibə: dörd dildə,

    dörd gün!

    Oğlum, təbrik düşür sənə də, Bəylər,

    qaldır ağ başını qoy hamı görsün.

    Sənin sədaqətin pakdır, təmizdir,

    Ali Baş Komandan – Sərkərdəmizdir!

    Olaydım

    Sən ki, belə qəm çəkirsən,

    yanında loğman olaydım.

    Sən mənə heyrət edəndə,

    mən sənə heyran olaydım.

    Görəydim bu dünya nədir,

    xəyal nədir, röya nədir?!

    Dünyadakı məna nədir,

    yanında həyan olaydım.

    Dönəydi ömrün təkəri,

    qovuşaydı Kür, Həkəri.

    Sən on beş yaşında pəri,

    mən subay oğlan olaydım.

    Özünə inan

    Hələ bu dünyanın axırı deyil,

    sıxma ürəyini, qoyma darıxsın.

    Dostun, eloğlunun paxılı deyil,

    gərək qarşına da

    yaxşısı çıxsın.

    Ağıllı itirir ağlını bəzən,

    çeynənib pis dilə-ağıza düşür.

    Haqsız eləyirlər haqlını bəzən,

    tərif haqlıya yox,

    haqsıza düşür.

    Bir az səbrli ol, bir az da möhkəm,

    özgəsi dananda, özünə inan.

    Eşit sözlərimi, gör nə deyirəm, –

    günlərin içində

    bir Günə inan.

    Yandıran, söndürən bir əldi yəqin,

    yanan ocağı da, sönən şamı da.

    Dünyada Vaxt adlı bir münəccimin

    hökmü də qətidir,

    sərəncamı da.

     Həyatın özü

    Qadın gözəlliyi güclüdür, inan, –

    İnsandan, poladdan, oddan, Tanrıdan.

          P.Ronsar

    Hər kişi dalınca bir qadın ağlar,

    dənizlər yanında –

    çaylar, bulaqlar,

    az olar bəlkə də o göz yaşından,

    ağlayır, dünyanın yaranışından.

    Ağladan özüdür,

    ağlayan özü,

    dönüb ağlayana göz qoyan özü!

    Sevinci, kədəri göz yaşındadı,

    qadınlar –

    hər yaşda qız yaşındadı.

    Mən qadın görmüşəm, əsl uşaqdı,

    ən böyük istəyi bir oyuncaqdı.

    Mərhəmət gəzdirər dilinin altda,

    bitər qaratikan kolunun altda.

    Baxar,

    boynubükük bənövşə kimi,

    sınar,

    buz baxışdan bir şüşə kimi.

    Həyatın özündə əsl həyatdı,

    hələ yazılmamış bir külliyyatdı.

    Yarpaqdı,

    qönçədi,

    güldü,

    təzə-tər,

    nə açan iydələr, nə yasəmənlər,

    bir qadın ətrinə gördüm ki, dəyməz,

    nə elə ətir var,

    nə elə nəfəs.

    Qadınsız qaldığım illərə hayıf! –

    illər –

    o illər də yol göstərmədi.

    Dedim: şeir yazan əllərə hayıf,

    bu əllər, doyunca sığal görmədi.

    Avtoqraf – 1

    AzTV “Ovqat”a,

    Səyyarə Səyyada,

    hörmətlə

    Bir ölçü cihazı olsaydı əgər,

    deyərdi səndədir ağıl da, hiss də.

    Gözəllik yarışı keçirsəydilər,

    səniydin,

                            birinci gözəlimiz də.

    Sənin ovqatınla çox oynadılar,

    səndən “yuxarıydı”,

                            səndən adilər.

    Qızım, gümrah görüm həyatda səni,

    sən “Ovqat”ı yaşat,

                            “Ovqat” da səni.

     Avtoqraf – 2

    Qələm dostum,

    prof. Paşa Qəlbinura,

    hörmətlə

    Şair, alim Paşadı,

    O, mülayim Paşadı.

    Qəlbinurdu, işıqdı,

    göylərdən tapşırıqdı, –

    yerdə gözləri açmaq.

    Paşam, gözümü aç, bax!

    Qəlbindəki o nurdan,

    O işıqdan, bax, ordan,

    Paşam, qaytar həyatı,

    Dünya,

                            gözəl dünyadı.

     Aslan müəllim

    İsrafil Qurbanova,

    dərin hörmətlə

    Aslan, ay İsrafil, yadıma düşüb,

    neyləyim, vəfası bu imiş yerin.

    Dost üzü varıydı, sadə gülüşü,

    icra başçısıydı,

                            onda Şəmkirin.

    İstəyi, tələbi nəydi əsgərin,

    o gedib yerində araşdırardı.

    Telefon zəngini,

    ulu öndərin,

                poçt orda, səngərlə calaşdırardı.

    Aslan o cəbhənin komandanıydı, –

    gedən döyüşləri tənzim eləyən.

    Bizim hamımızdan o cavanıydı.

    ağsaqqal sözünü,

                            yerində deyən.

    Fikri təmkinliydi, çıxışı aydın,

    mən də əl çalmışam, qəlbimdə istək.

    Şanlı əsgəriydi bu Hərəkatın.

    səngərsiz döyüşdü,

                            son nəfəsədək.

    Qaldı o döngələr, o sualtılar,

    kim deyir, köhnənin təzəsi yoxdu.

    Şahini –

    qonanda nişan alırlar,

    şahin – şığıyanda, qəzası yoxdu.

    Tədbirə getmişdik, alqışlayırdı,

    bir-bir əl tuturdu o, başçı kimi.

    Gələn qonaqları qarşılayırdı, –

    köhnə dostu kimi,

                            tanışı kimi.

    Şair Söhrab Tahir sağıydı hələ,

    dilində o taylı, bu taylı Vətən.

    İmir Məmmədli də Tiflisdən gəlib,

    parçalar deyirdi,

                            Rmaravelidən.

    Qaynar ürəyində bir Allah eşqi,

    özü – hər sözünün məhək daşıydı.

    Aslanın yaşamaq, yaratmaq eşqi

    Şəmkirdə,

                kürsüdən

                            çağırışıydı.

    Nə yaxşı…

    Nə yaxşı, bacınız var, –

    bu ailə,

    nə yaxşı!

    Ay Nailə,

    nə yaxşı!

    Dindirəndə “can” deyir,

    gülə-gülə,

    nə yaxşı.

    Ay Nailə,

    nə yaxşı.

    Allah ona dəyməsin,

    şuxdu hələ,

    nə yaxşı!

    Ay Nailə,

    nə yaxşı!

    Mən də çəkdim köçümü

    bu sahilə,

    nə yaxşı!

    Ay Nailə,

    nə yaxşı!

    Sizi fikirləşirdim,

    gələ-gələ,

    nə yaxşı!

    Ay Nailə,

    nə yaxşı.

    Nə yaxşı, taleyimiz

    güldü belə,

    nə yaxşı!

    Ay Nailə,

    nə yaxşı.

    “Ədəbiyyat qəzeti”nin

    baş redaktoru Azər Turana!

    Arxivimi töküb-töküşdürürdüm, təsadüfən sizə təqdim etdiyim bu əlyazmamı tapdım. “Kimin sualı var” adlı poemamdandı. Əsər birinci dəfə ayrıca kitab halında 1984-cü ildə 7 min tirajla “Gənclik” nəşriyyatında nəşr olunub. İkinci dəfə “SBS” mətbəəsində 7 cildliyimin ikinci cildində 5 yüz tirajla 2010-cu ildə çıxıb.

    Nəşrlərin heç birində yoxdu. O vaxtkı senzura zamanı çıxarılmışdır. Əsər ulu öndərin hakimiyyəti illərində əzmlə yeritdiyi “Qoy ədalət zəfər çalsın!” siyasi-ictimai yaradıcılıq xəttinə həsr olunmuşdu.

    Yeri gəlmişkən deyim ki, bu poema üstə Yazıçılar İttifaqının o vaxtkı rəhbərliyi mənim “yoldaşlıq” məhkəməmi də qurmuşdu. Mərhum ulu öndər işə qarışdı. Mən onda yazmışdım ki, Heydər Əliyev şairi-şairdən, yazıçını-yazıçıdan qoruyur. Həqiqət beləydi.

    Amma bu başqa mövzunun söhbətidi.

    Sizə hörmətlə,

    Nəriman Həsənzadə,

    Xalq şairi

    Bakı, 01 avqust 2021

     “Kimin sualı var?!”

    Poemasından ixtisar edilmiş parça

    Professor,

    kaş hər kəsin bacarığı,

    kaş hər kəsin istedadı,

    şərt olaydı.

    Kaş bizi pərt eləyənin

    bir yol özü pərt olaydı,

    ürəyinə dərd olaydı.

    Kaş qohuma,

    kaş rüşvətə,

    vəzifəyə, “mən ölüm”ə

    heç üzgörən olmayaydı.

    Kaş qiymətsiz nakəslərə

    qiymət verən olmayaydı.

    Kürsülərdən çox deyirik,

    qəzetlərdə çox yazırıq. –

    bəzən əsl kadrların

    qabağında “yox!” yazırıq.

    Olur bəzən:

    jurnalistin işində biz,

    aqronomu işlədirik,

    çoxunu da unuduruq.

    Taxta kimi, saxsı kimi

    canı quru, beyni quru

    bəziləri kadr olur,

    bir az keçir, müdir olur.

    bir az keçir s…lis olur.

    Cəmiyyətin bədənində yara olur.

    üzümüz də qara olur.

    Mən kadrlar şöbəsinin

    boğazından yapışardım,

    gedib Ali Məhkəmədə

    şahid kimi çarpışardım.

    Sən ey mənim Respublikamı,

    millətimi dala çəkən!

    Çıxışında qərarlardan

    misal çəkən,

    misallara mala çəkən,

    səninlədir mübarizəm!

    Bu nifrətim, bu qəzəbim!

    Mən adamlar tanıyıram, –

    vəzifəsi, diplomu var.

    Ancaq Mayakovskini

    Sabir ilə çaş-baş salar.

    Eləsi var, –

    uşaqlıqdan nəşəxordu,

    gözü baxır, amma kordu,

    gəlib keçib yerimizə.

    Vəzifəsi elədir ki,

    biz oxuyaq,

    gərək o da

    fikir desin şeirimizə.

    Eləsi var, işi qurur,

    bir deputat,

    ya raykomun bir katibi

    kömək durur, –

    keçir o da rəhbər olur.

    Fəqət sonra,

    bu Vətənə zərər olur.

    Var başqa cür xoşbaxtı da, –

    bircə dəfə,

    vəzifəyə keçir o da.

    Ordan çıxır, bura gəlir,

    burdan çıxır, ora gedir,

    bacarmasa, başqa yerə!

    Axırı ki,

    layiq olsun ona görə.

    Bir vəzifə təkəri var,

    dələ kimi hey fırlanar.

    Var, ancaq var eləsi də,

    alimi də, fəhləsi də.

    O, ocağa düşsə əgər,

    ocaq daha gur alışar.

    Onun əli olsa əgər,

    bulaqlara Kür qarışar.

    Sısqa sular selə dönər,

    sarı torpaq

    təzə, sarı gülə dönər.

    Onun yeri dənizdirsə,

    ora qoyun, tufan olar.

    Onun yeri səmadırsa,

    süni peykə qoyun onu.

    göndərin Qütb ulduzuna,

    axırı ki, duyun onu.

    O, bugünkü nəslimizdi,

    onu belə danışdıran

    bizim böyük əsrimizdi.

    Susa bilmir,

    dözə bilmir.

    O istəyir, –

    Magellanın gəmisini

    sürsün özü.

    O istəyir, –

    bayraqlarda şüar olsun

    şeiri, sözü.

    O istəyir, –

    Arximedin

    tapsın dayaq nöqtəsini.

    O istəyir, –

    bir insanın nəfəsində,

    min insanın nəfəsini.

    O istəyir, –

    hava yolu, dəniz yolu,

    dəmir yolu dəysin gözə, –

    Moskvadan və Bakıdan

    Ərdəbilə və Təbrizə…

    Müdir oğlan

    indi işə döndü yəqin,

    gözləyir ki, mən ərizə yazmalıyam,

    qoy gözləsin.

    “Nida!” Əlvida!

    Kaliforniya tələbəsi

    Gözəl Məmmədovaya

    Pozncr! Tanıyıram, çox məşhursunuz,

    fəxri təltiflər də – bu ada məxsus.

    Haqqı, hüququ var, amma hər kəsin,

    mənim tariximə daş atırsınız.

    Allah işinizi

                            xeyir eləməsin,

    yatan şəhidləri oyadırsınız.

    Böyük bir ştatdı Kaliforniya,

    bir də erməninin qaynaşan yeri.

    Qarabağ – söhbəti düşüb araya,

    o qız,

                          dediyindən dönməyib geri, –

    orda təhsil alan qarabağlı qız

    qədim tarixi də heç unutmayıb.

    Qalxıb, Qarabağı siz danıbsınız,

    o fəxri adlara nə deyim,

                            hayıf!

    Dünən faşistlərlə girdi döyüşə,

    Fransa uğrunda şəkili bir gənc.

    De Qol özü gəldi burda görüşə,

    bizim yadımızdan

                            çıxarmı o heç?!

    Burda qucaqlaşdı iki qəhrəman,

    “Qardaşdı Fransa və Azərbaycan!” –

    Bəli, belə dedik biz onda yalnız,

    biz onda haqlıydıq,

                            siz onda hardaydınız?!

    Dedim ki, məşhurdu sizin adınız,

    belə dar məqamda nəydi bu mərəz?

    Məşhur bir obrazı yada saldınız,

    “Qraf” rütbəsini,

                            almadınız, bəs?!

    Rusiya, tarixi Valday söhbəti,

    baxışdan-baxışa rəsmi ehtiram.

    Bu dünya eşitdi bir həqiqəti, –

    “Qarabağ – bizimdi”,

                            “Nida!”, vəssalam!

    Getdi əsrlərə o səs, o nida,

    illər ədaləti salacaq yada.

    Filankəs ordaydı, o Konfransda,

    hələ filankəs də,

                            “Nida!”, Əlvida!

    “Yanıq Kərəmi” və

    Aşıq Ədalətin son gülüşü

    El qızımız Soltan xanıma

    minnətdarlıqla

    Ədalət – dillərdə bir bayatıydı,

    qarışıq düşmüşdü tağı-tağ üstə.

    Bu ad yiyəsinin son saatıydı,

    biz ayaq üstəydik,

    o yataq üstə.

    Hanı loğmanların min bir məlhəmi? –

    dərman yox,

    taleyi yazırdı, Tanrım!

    Yatağa düşmüşdü “Yanıq Kərəmi”,

    “Koroğlu cəngisi” susurdu, Tanrım!

    Hanı, qara sazın varmı əvəzi,

    ovsuna düşmüşdük onun səsində.

    Hanı, Ədalətin qıyya çəkməsi,

    saznan oynaması,

    dost məclisində!

    Yubiley günümdə, bizim Qazaxda,

    bir doğmalıq gördüm, daha nə danmaq.

    – “Yanıq Kərəmi!” çal, – dedim o vaxt da,

    – Ədalət,

    biz də bir feyziyab olaq!

    – “Yanıq Kərəmi”di çaldığım, şair,

    hardasan,

    qadasın aldığım, şair…

    Bir sinə dolusu güldü Ədalət,

    bir də o görüşlər kaş ələ düşə.

    Sən özün şahidsən, ana təbiət,

    “Yanıq Kərəmi”yə,

    o sön gülüşə.

    Güldü… və qeyb oldu, getdi qəfildən,

    sən bizi mat qoydun o son anda da.

    “Yanıq Kərəmi”ni çalanda da sən,

    yanıb Kərəm kimi,

    kül olanda da.

    Bakılılar

    Bakı kəndlərinin birinin adı belədir:

    “Zabrat – 1”, “Zabrat – 2”.

    Deyilənə görə, rus generalına

    bakılılar güclü müqavimət göstərmiş,

    o, çara müraciət etmişdir.

            Müəllif

    Peterburqdan Bakıya

    fərman verdi Nikolay:

    “Zabrat!” – dedi Nikolay.

    Yəni “zəbt elə!”

    “ya Tut!”,

    “İnsafı.

    rəhmi unut!”.

    “Çarın

    hirsini

    soyut!”…

    General təkrar etdi

    səngər-səngər Bakıda.

    Yüz min əsgər Bakıda!

    Taleyin döndü üzü,

    parladı rus süngüsü.

    qılınclar çıxdı qından,

    o ilan yatağından

    yeridi od qoşunlar.

    Canlara – qurğuşunlar,

    torpağa – yad ayaqlar,

    yad kölgələr yeridi,

    rus ac, mələr yeridi.

    Qalxmışdı bakılılar, –

    ölümlə üz-üzəydi,

    bu da bir möcüzəydi.

    Cəbhəni yara bilmir,

    əsir apara bilmir,

    rus soldatı Bakıda.

    rüsvay oldu Bakıda.

    “Zabrat!” – ikinci dəfə,

    öldü ayaqlar altda,

    soldat – ikinci dəfə,

    hücum – ikinci dəfə,

    fəryad – ikinci dəfə.

    Harda “İstiqlal!” – dedik,

    “Zabrat!” – dedi orda çar.

    Həlak oldu oğullar.

    Beləcə, tariximiz

    yazıldı odla, qanla.

    Qatil, ayağa qalxdıq

    Xalq adlı qəhrəmanla.

    Nəfəs aldıq yenidən,

    özün şahidsən, Vələn!

    ***

    Evdə bir gözləyənin,

    evdə səni deyənin,

    gözü yolda qalanın,

    evdə bir danlayanın

    yoxdusa,

    yoxdu həyat.

    Dad!..

    Təklik əlindən dad!

    ***

    Heç kəsə möhtac olma,

    tox yanında ac olma.

    Sıxsa da vacib bir iş! –

    nə minnət, nə də xahiş!

    Nə yaxına, nə yada.

    əmin, dayın olsa da,

    halal payın olsa da.

    İnanma heç mənə də,

    sənə “can!” deyənə də,

    süfrəndə yeyənə də.

    – Necə?! Cəmiyət, fılan.

    İnsanam, axı insan!

    – Döz onda, döz… bacarsan.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • VII Bakı Beynəlxalq Kitab Sərgisi: İstedadlı gənc xanım yazar Nargisin “Beklenen Dolunay” adlı yeni kitabının imza günü

    September 21, Fineko/abc.az. From the 6th to the 10th of October 2021, the 7th Baku International Book Fair will be hosted at Baku Expo Center.

    The purpose of this fair is to promote and popularize books and reading habit, while familiarizing visitors with the print media of both Azerbaijani and foreign publishers. The fair’s aim is to support the publishing business and to connect publishers and bookstores for potential co-operation. This Book Fair aims at ensuring an exchange of experience and views on the development of the book business in the digital era.

    Baku International Book Fair 2021 will be dedicated to the 880th anniversary of a great Azerbaijani poet and philosopher Nizami Ganjavi, a prominent figure in world literature

  • Məhərrəm Qasımlı: Vətən müharibəsi Azərbaycan xalqının kimliyini, nəyə qadir olduğunu bir daha dünyaya bəyan etdi

    Ötən il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı növbəti təxribatı Azərbaycanı əks-hücum əməliyyatına başlamağa vadar etdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu təcavüzkar düşmənə qarşı qətiyyətlə mübarizəyə başladı və 44 gün ərzində uğurla irəliləyərək işğal altında olan ərazilərimizi azad etməyə nail oldu. Bölgədə sülhün və sabitliyin əsasını qoydu. Dünya 44 gündə Azərbaycan Ordusunun gücünü və igidlərimizin şücaətini gördü.

    Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı deyib.

    Bildirib ki, ötən il sentyabrın 27-də başlanan əks-hücum əməliyyatlarının ilk günündə düşmənə böyük zərbə vuruldu. Şanlı Azərbaycan Ordusu düşmənin müdafiə xəttini qətiyyətlə yararaq bütün cəbhəboyu uğurla irəlilədi və ermənilərin “məğlubedilməz ordusu”nun əfsanə, mif olduğunu sübut etdi. Vətən nisgili, işğal altında olan torpaqlarımızın ağrısı bitdi və biz qalib xalq kimi tarix yazdıq.

    Bu gün Üzeyir bəyin, Xan Şuşinskinin, Seyidin, Sadıqcanın və görkəmli mədəniyyət xadimlərinin ruhunun şad olduğunu söyləyən professor deyib: “Qarabağ musiqimizin beşiyidir. Azərbaycanın əzəli və əbədi torpağı olan Qarabağın baş tacı, xalqımızın qədim tarixi irs və mədəniyyət mərkəzi, hər bir azərbaycanlının qəlbində müstəsna yeri olan Şuşa şəhəri şanlı Ordumuz tərəfindən azad edildi. Düz 28 il bu xoşbəxt sabahın açılacağını gözlədik. Şuşanın dağlarında bu gün Azərbaycan əsgəri keşik çəkir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən noyabrın 8-də elan edilən bu Zəfər müjdəsi Azərbaycan xalqına, dünya azərbaycanlılarına möhtəşəm sevinc hissi yaşatdı. Şəhidlərimiz bu möhtəşəm Qələbə tarixini öz qanları ilə yazdılar. Şuşa şəhərinin təbii coğrafi relyefi ağır olduğundan qəhrəman hərbçilərimiz böyük mətanətlə sıldırım qayaları aşaraq düşmən üzərində misli görünməmiş hünər göstərdilər. Şuşanı ziyarət edən hər kəs igidlərimizin keçdikləri keçilməz yolları, vətən eşqi ilə əzmkarlıq göstərərək dırmaşdıqları sıldırım qayaları heyrətlə seyr edir. Azərbaycan övladlarının bu çətin sınaqdan alnıaçıq, üzüağ çıxması yalnız onların mətanəti, döyüş əzmi, Vətənə olan məhəbbəti sayəsində mümkün olub”.

    M.Qasımlının sözlərinə görə, Azərbaycan cəmiyyəti, gəncliyi üçün yeni həyat, yeni tarix başlayıb. “Qələbə xəbəri bizi qürurlandırdı, başımızı dik tutdu. Noyabrın 10-u xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazıldı. Bu günləri bizə yaşadan rəşadətli Azərbaycan Ordusuna və Müzəffər Ali Baş Komandanımıza minnətdarlığımı bildirirəm. Bu Vətən müharibəsi Azərbaycan xalqının kimliyini, nəyə qadir olduğunu bir daha dünyaya bəyan etdi… Bir daha xalqımızı bu möhtəşəm Qələbə münasibətilə təbrik edirəm. İnanıram ki, Ermənistan bu savaşdan öz dərsini aldı. Bu Qələbə onlara əbədi dərs olacaq. Qarabağ Azərbaycandır!”, – deyə o vurğulayıb.

    Mənbə: https://azertag.az/

  • “Sənətin Kamandar zirvəsi” kitabı nəşr edilib

    Borçalı aşıq mühitinin yetirməsi, XX əsr Azərbaycan aşıq sənətinin görkəmli simalarından olan Aşıq Kamandar Əfəndiyevə həsr olunmuş növbəti kitab işıq üzü görüb. Tbilisidə işıq üzü görmüş kitab “Sənətin Kamandar zirvəsi” adlanır.

    AZƏRTAC xəbər verir ki, kitabın müəllifi Borçalıda yaşayıb fəaliyyət göstərən folklorşünas alim, professor Mahmud Kamaloğlu, redaktoru Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, rəyçisi professor Şurəddin Məmmədli, məsləhətçisi isə ustad aşığın oğlu Əflatun Kamandardır.

    Kitabda Aşıq Kamandar haqqında, eyni zamanda, gürcü dilində də geniş məlumatlar yer alıb ki, bu da gürcü ictimaiyyətinin sənətkarın həyat və yaradıcılığı ilə yaxından tanış olmasına imkan yaradır.

    Xatırladaq ki, Aşıq Kamandar (Kamandar Həmid oğlu Əfəndiyev) 1932-ci il oktyabrın 21-də Borçalıda anadan olub. XX əsrin ikinci yarısından bənzərsiz ifası və dastan söyləmək bacarığı ilə Azərbaycan aşıq sənətində özünəməxsus yer tutub, təkcə Gürcüstanda və Azərbaycanda deyil, eyni zamanda, Türkiyə, İran və Orta Asiyada da məşhur olub. Təsadüfi deyil ki, bu gün Borçalı ilə yanaşı, Azərbaycanda, xüsusilə də Təbriz və onun ətraf bölgələrində sənətə gələn gənclərin çoxu Aşıq Kamandar yolunu davam etdirir.

    Aşıq Kamandar 1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyünün mükafatçısı olan, 1963 və 1984-cü illərdə Azərbaycan aşıqlarının III və IV qurultaylarında iştirak edib, Əməkdar mədəniyyət işçisi (1984) fəxri adına layiq görülüb.

    Mənbə: https://azertag.az/

  • Xalq yazıçısı Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı rus dilində çap olunub

    This image has an empty alt attribute; its file name is %D0%BF%D1%80.jpg

    Xalq yazıçısı Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı rus dilində çap olunub. Yazıçının sayca dördüncü romanının tərcüməçisi Azər Mustafazadə, redaktoru və ön sözünün müəllifi Etimad Başkeçiddir. O, ön sözdə romanı belə xarakterizə edir:

    “Sirlərin sərgüzəşti”ni oxuyanda adama elə gəlir ki, ümumiləşdirilə bilməyən qəribə bir proses dünyaya hakimdir: klassik ümumiləşdirmə və təhlil metodları burada az işə yarayır. Buna baxmayaraq, müəyyən universal yanaşmalar var ki, onları diqqətə almamaq çətindir. Bunlardan birində deyilir ki, gözəl üslub müəllif əməyinin, çəkilən zəhmətin izlərini özündə saxlamamalıdır. Doğrudan da metaprozanın, demək olar, bütün elementlərini özündə ehtiva edən «Sirlərin sərgüzəşti» romanı elə bir ekzistensial təcrübənin ifadəsidir ki, oxucuda zərrə qədər də şübhə doğurmur. Bundan başqa, oxucu burada yaradıcı oyunun bilavasitə iştirakçısına çevrilir ki, bu da təsvir olunan bütün prosesin dinamikasına xüsusi anlam verir, onun spontan, canlı xarakterini üzə çıxarır. Burada hər bir personaj, oxucunun özü də daxil olmaqla, sonu sirrin xarkteri ilə müəyyənləşən hadisələr burulğanının içinə düşür. Burada bütün universumun əvəzolunmaz faktoru olan sirrdən söhbət gedir”.

    Roman “Azərnəşr”də işıq üzü görüb.

    “Sirlərin sərgüzəşti” müasir nəsr texnikasına xas olan iç-içə süjetlər və fəsillərlə assosiasiya olunan hadisələrin anoxronik ardıcılığı şəklində qurulub. Əsərin qəhrəmanı olan Həsən müəllim (Hacı Mir Həsən Ağa Səyyah) nəql olunan əhvalatların fövqündə dayanaraq sirlərin sərgüzəştinə şahidlik və bələdçilik edir. Bu mənada roman oxucunu öz sirlərinin ağuşuna alır, onu da sirrə vaqif edir. Odunçu Əhmədin, Təpəgözün, Banuçiçəklə Beyrəyin çözülən sirri oxucunu Kamal Abdullanın bundan əvvəl qələmə aldığı mətnlərdəki mətləblərə bir daha üz tutmaq ehtiyacı ilə üz-üzə qoyur. “Sirlərin sərgüzəşti”ndəki arxetipik məqamlar romanı müəllifin digər mətnləri ilə aşkar və gizli lağımlarla bağlayır.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Milli düşüncə tariximizdə Mir Cəlal – Elnarə AKİMOVA

    XX əsrin əvvəlləri Azərbaycan tarixinə sovet istilası dövrü kimi daxil olsa da, ədəbiyyat tariximiz üçün bu mərhələ böyük önəm kəsb etmiş, ədəbiyyatşünaslığımızın inkişafı istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Əsrin 20-ci illərindən başlayaraq Azərbaycan ədəbiyyatının klassik irsinin toplanması, tədqiqi, Azərbaycan ədəbiyyatı tarixi və onun dövrləşdirilməsi ilə bağlı konsepsiyaların işlənməsi, müxtəlif nəzəri müddəaların irəli sürülməsi, çoxsaylı ədəbiyyatşünaslıq əsərlərinin ortaya çıxması, həm də bütün bu işlərin Qərb, Avropa, türk və rus ədəbi-nəzəri fikri ilə müqayisədə reallaşması prosesinə start verilmişdi. Əvvəla, bunun üçün münbit zəmin var idi. Çünki sovet quruculuğu marksizm-leninizm ideologiyasına söykənirdi. Bu ideologiyanın təməl prinsiplərindən biri  klassik irsə əsaslanmaq idi ki, bu da Sovetlər Birliyinə daxil olmuş respublikalarda yaşayan xalqların qarşısına klassik irsin toplanması və tədqiqi kimi bir tələb qoyurdu. Onun yerinə yetirilməsi prosesi rus elmi-nəzəri fikri və onun vasitəçiliyi ilə Avropa, Qərb ədəbi-nəzəri fikrinin qarşılıqlı təmasında baş verirdi. Digər tərəfdən, Azərbaycan ədəbiyyatı ilə bağlı araşdırmaların müəllifi olan türk alimləri Fuad Köprülüzadə və İsmayıl Hikmətin yaradıcılığının mövcud nəticələri, həmçinin Türkiyədə təhsil alaraq geri qayıtmış Əmin Abid, Bəkir Çobanzadə, Yusif Vəzir Çəmənzəminli və başqa alimlərimizin elmi-nəzəri fəaliyyəti ədəbiyyatşünaslığımıza məhz türk elmi-nəzəri fikri vasitəsilə maraqlı müddəaların, konsepsiyaların yol tapmasına və bu istiqamətdə qarşılıqlı təmasa şərait yaradırdı ki, elmi-nəzəri informasiya mübadiləsi öz bəhrəsini verməkdə idi.

    Ötən əsrin əvvəllərindən başlayaraq bir çox tədqiqatçılar – Əmin Abid, Bəkir Çobanzadə, Salman Mümtaz, Əli Nazim, Mir Cəlal Paşayev və b. klassik irsin öyrənilməsi məqsədilə bir neçə istiqamətdə paralel fəaliyyət göstərməli olurdular. Onlar bir tərəfdən klassik irsi toplayır, dərc etdirir, mətnşünaslıqla məşğul olur, digər tərəfdən isə ədəbiyyat tarixinin yazılması, dövrləşdirilməsi, mənşəyinin dəqiqləşdirilməsi, müxtəlif ədəbiyyat konsepsiyalarının hazırlanması, fərqli elmi-nəzəri problemlərin tədqiqi ilə bağlı əhəmiyyətli işlər görürdülər. Yazılı Azərbaycan ədəbiyyatının mənşəyi, ədəbi-tarixi prosesin mərhələ təsnifi və klassik bədii irsə münasibət kimi üç əsas məsələ ətrafında tədqiqatlar aparan ədəbiyyatşünasların əməyinin nəticəsi idi ki, XX əsrin ikinci onilliyindən etibarən Azərbaycan ədəbiyyatı tarixinin və bununla bağlı olaraq ədəbiyyatşünaslığının bir elm kimi inkişaf və tərəqqi prosesi başladı. Ədəbiyyat tariximiz heç bir mərhələdə olmadığı kimi, bu illərdə böyük inkişaf yolu keçdi. Hətta o dövrdə mövcud olan vulqar sosiologizmin, marksizm-leninizm prinsiplərinin, sinfilik nəzəriyyəsinin, proletkultçuluğun bütün ədəbi mətnlərə tətbiqinin ümumən ədəbiyyata vurduğu ziyanlar belə, inkişaf prosesinin dəyərini və əhəmiyyətini azalda bilməz. Bu missiya indi daha aydın, XXI əsrin yeni mərhələyə adlamış humanitar düşüncə sferasının aynasında bütün tərkib və parametrləri ilə görünür.

    ***

    Mir Cəlal Paşayev Azərbaycan klassik irsinin öyrənilməsi və dəyərləndirilməsi, Nizami, Füzuli, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Mirzə Ələkbər Sabir və b. ədəbiyyat nümayəndələrimizin yaradıcılığının tədqiq edilməsi, ədəbiyyat tarixində yerlərinin və rollarının müəyyənləşdirilməsi sahəsində mühüm elmi nəticələrə imza atmış alimlərimizdən biridir. Onun Azərbaycan mətnşünaslığının inkişafında gördüyü işlər, Nizami Gəncəvinin “Yeddi gözəl” poemasını nəsrlə tərcümə etməsi, həmçinin füzulişünaslığın bir elmi sahə kimi yaranmasında və inkişafında oynadığı rol böyükdür və bu sahənin bütün tədqiqatçıları tərəfindən xüsusi dəyərləndirilir. Xüsusilə, “Füzulinin poetik xüsusiyyətləri” (1940) monoqrafiyası füzulişünaslıqda ilk addımlardan biri kimi elmi əhəmiyyət kəsb edir. Bir sıra əhəmiyyətli və fundamental problemlərin qaldırıldığı bu monoqrafiyada Mir Cəlal Füzuli yaradıcılığındakı məhəbbətin xarakteri, sözə, sənətə verilən dəyər, onun fəlsəfəsi, bədii dili, xalq dilindən yararlanması, əsərlərində istifadə etdiyi bədii təsvir və ifadə vasitələrinin orijinallığı, poetikasının özəllikləri, vəzni, qafiyə sistemi, rədifləri, klassik Şərq şeri üçün aktual olmayan daxili qafiyələnmədən istifadə edilməsi və s. xüsusiyyətləri dəqiq müəyyən edir, mübahisəli məqamlara aydınlıq gətirməyə çalışır, bu xüsusda mövcud olan iddiaları təhlil və mübahisə müstəvisinə çəkir. Füzulini “yalnız öz əsrinin deyil, bəşəriyyətin renessans dövrünün böyük oğlu” adlandıran Mir Cəlal şairin yaradıcılığının məziyyətlərini təhlil etməyin bir elmi nəslin işi olduğunu söyləməklə, həm apardığı tədqiqatın ağırlığını, həm də ona nə qədər əhəmiyyət verdiyini göstərmiş olur.

    XX əsrin ədəbiyyatı, onun tarixi, elmi-nəzəri təhlili, poetik xüsusiyyətlərinin dəyərləndirilməsi Mir Cəlalın irsində əhəmiyyətli yer tutur. Onun Firidun Hüseynovla birlikdə yazdığı “XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi elmi əhəmiyyətini çağımızadək qoruyan nəşrlərdən biridir. Həmçinin “Azərbaycanda ədəbi məktəblər (1905-1917)”, “Klassiklər və müasirlər”, “Cəlil Məmmədquluzadənin realizmi” kitablarında da Mir Cəlal istər XX əsrin bir dövr kimi dəyərləndirilməsi, istərsə də o dövrün mədəniyyəti, mətbuat tarixi, musiqi və incəsənəti ilə bağlı çox əhəmiyyətli qənaətlər söyləmiş, bu gün belə öz elmi dəyərini itirməyən nəticələr çıxarmışdır. O da qeyd olunmalıdır ki, bu fikirlər Mir Cəlalın bir ədəbiyyat tarixçisi kimi yerini və qiymətini vermək üçün böyük anlam ifadə edir.

    XX əsrin əvvəlləri, xüsusilə otuzuncu illərə qədər olan mərhələsi Mir Cəlalın yaradıcılığında daha geniş formada təhlil edilib. Məlum olduğu kimi, əsrin əvvəllərində ədəbi proses müxtəlifliyi və ziddiyyətləri ilə fərqlənirdi. Milli dövlət quruculuğu, ədəbiyyatda milli ideologiyanın təbliği məsələləri öz yerini tam tuta bilməmiş dövlət çevrilişi baş verdi və yenicə qurulmuş sovet dövləti yeni inkişaf istiqamətləri axtarmağa başlayaraq bu axtarış prosesi və onun nəticələrinin ilk növbədə mədəniyyətdə və ədəbiyyatda təsvir olunmasını günün tələbinə çevirdi. Sovet hakimiyyətinin qələbəsinə, yəni ölkədə siyasi basqıya qədər Azərbaycan ədəbiyyatı öz qanunauyğun inkişaf prosesini, təbii dəyişiklik dövrünü yaşayırdı. Lakin akademik Nizami Cəfərovun qeyd etdiyi kimi, “sovet ideologiyası Azərbaycan ədəbiyyatının tarixən qazandığı xüsusiyyətlərin normal şəkildə idrakına imkan vermədi – 20-ci illərin sonu 30-cu illərin əvvəllərindən etibarən sovet ədəbiyyatında “proletar mövqeyi” daha aqressiv bir şəkildə gözlənilməyə başlandı…”

    Bu illərdə yeni ədəbiyyat tipinin formalaşması az qala siyasi tələb səviyyəsində qoyulurdu. Ədəbiyyatdan mövzu baxımından “müasir insan”, “sovet vətəndaşının həyatı”, qurulan “yeni cəmiyyət”lə bağlı əsərlər tələb olunurdusa, digər tərəfdən Şərq və Qərb janr formaları çulğalaşması, yaradıcılıq metodlarının formalaşması, daxili mübarizəsi gedir, ədəbiyyata yeni formalar gətirilir, qarşıya yeni nəzəri tələblər qoyulurdu. Elmi-nəzəri irsi araşdırdıqda müəyyən etmək olur ki, XX əsr ədəbiyyatının dəyərləndirilməsi Mir Cəlalın yaradıcılığında bir neçə istiqamətdə reallaşdırılır: Bu istiqamətlər hansılardır?

    – Mir Cəlal XX əsr ədəbiyyatını ədəbi məktəblər və onların formalaşması prosesinin izlənilməsi, həmçinin nümayəndələrinin yaradıcılıqları istiqamətində təhlil edib;

    – Mir Cəlal XX əsr ədəbiyyatını metodoloji istiqamətdə təhlilə cəlb edib, realizm və romantizm yaradıcılıq metodları və onların tipləri əsas təhlil obyekti olub;

    – Mir Cəlal XX əsr ədəbiyyatını onun  ayrı-ayrı nümayəndələrinin yaradıcılığı əsasında araşdırıb;

    – Mir Cəlal XX əsr ədəbiyyatını ədəbi janrların təkamülü əsasında təhlil edib (məsələn, hekayə janrı);

    – Mir Cəlal XX əsr ədəbiyyatını klassik irslə müqayisədə təhlil edib.

    Bütün bu istiqamətlərdə XX əsr ədəbiyyatı haqqında fikir yürütmək, onu təhlil etmək üçün çox ətraflı elmi-nəzəri biliyə, məlumata, erudisiyaya, obyektiv təhlil bacarığına, həmçinin də düşüncə genişliyinə malik olmaq lazım idi. Elmi-nəzəri təhlillərin səviyyəsi, XX əsrin əvvəllərindən başlayaraq tam bir şəkildə – mədəniyyət, siyasət, ictimai həyat, teatr, musiqi və mətbuat həyatı da daxil olmaqla mühiti təsvir etməsi, qənaətlərinin dəqiqliyi və konkretliyi göstərir ki,  Mir Cəlalda bütün bu xüsusiyyətlər var idi.

    XX əsrin əvvəllərində Azərbaycanda baş verən elə bir ictimai, mədəni hadisə yoxdur ki, Mir Cəlal onun ədəbi düşüncə tərzinə, yazıçı fikrinə təsirini, ədəbiyyat və mədəniyyət tariximizdəki rolunu diqqətdən kənar qoymuş olsun. “Nəcəf bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir Hacıbəyli kimi ədiblər səhnənin tələblərini ödəməyi vətəndaş borcu bilir, müstəsna bir ciddi-cəhd ilə yeni-yeni əsərlər yazırdılar. “Hacı Qara”, “Müsibəti-Fəxrəddin”, “Dağılan tifaq”, “Ağa Məhəmməd şah Qacar”, “Pəri cadu”, “Ölülər”, “Arşın mal alan”, “Məşədi İbad” teatrların repertuarından düşməyən əsərlər idi”, – yazan alimin kitablarında verdiyi bu tarixi əhəmiyyətli faktların sadalanması belə yetir ki, XX əsrin ədəbiyyat tariximizdə nə qədər əhəmiyyətli bir dövr kimi meydana çıxdığı müəyyənləşsin.

    Qeyd etməliyik ki, Mir Cəlalın elmi-nəzəri irsində XX əsrin nəsri iki mərhələdə – 30-cu illərə qədər və 30-cu illərdən sonrakı mərhələdə tədqiq edilibdir. Bu iki mərhələdən birincisinin elmi-nəzəri sanbalı, əhatə genişliyi, əldə edilmiş elmi nəticələrin obyektivliyi və elmi dəyəri  daha çoxdur. İlk növbədə o səbəbdən ki, 30-cu illərə qədər yaranan nəsr nümunələri həm siyasi basqıdan, həm “ideoloji məcburiyyət” ağırlığından qismən azad idilər. Bu mərhələyə qədər yaranan nəsr öz qanunauyğun formalaşma prosesini keçirdi. İkinci mərhələdə – 30-cu illərdən sonra isə artıq “xəlqilik”, “partiyalılıq” kimi tələblər ədəbiyyatı da, ədəbi düşüncəni də tam şəkildə öz “hökmü altına” almışdı. Xalq içərisindən çıxan müsbət qəhrəmanlar, “yeni dünya quruculuğu”, “gözəl gələcək” planları, fəhlə və kəndli sinfinin həyat tərzi, mübarizəsi, idealları, düşmən sinif arayışları və s. ədəbiyyatın və yazıçının  qarşına tələb kimi qoyulmuşdu. Mir Cəlal və onun kimi bir sıra tədqiqatçılar üçün bu cür tələblər əsasında yazılan nümunələrin şərh edilməsi “söz demək imkanını” məhdudlaşdırırdı.

    Bu baxımdan, ümumilikdə Azərbaycan nəsri və onun poetik axtarışlarından danışarkən Mir Cəlalın elmi-nəzəri yaradıcılığında 30-cu illərə qədər yaranmış nümunələr, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, N.Nərimanov, A.Şaiq, S.S.Axundov kimi yazıçıların irsi və bu irsin əsasında nəsrin meydana çıxan poetik xüsusiyyətləri daha obyektiv şəkildə təhlilə çəkilir. O, “Mirzə Cəlil qısa, mənalı, psixoloji hekayənin böyük ustasıdır”, – yazanda da, “Mirzə Cəlilin hekayələrində bir bitkinlik, müxtəsərlik, yığcamlıq vardır ki, bütün klassik nəsrimizdə davam və inkişaf etdirilməkdədir. Bu hekayələr bəzən böyük bir roman qədər mənalı, əhatəedici və güclüdür” – qənaətinə gələndə də, Mirzə Cəlilin bədii təsvirdə hadisə, fakt və insanları müqayisə üsulundan istifadə etməyini çox sevdiyini yazaraq “kontraslı lövhələr realizm üçün çox məqbul, münasib üsuldur. Rənglər, səslər, münasibət və görüşlər öz-özündən aşkara çıxır, aydınlaşır. …Bu yaradıcılıq üsulundan ədib bütün janrlarda (dram, nəsr, felyeton) istifadə etmişdir” – qənaətini səsləndirəndə də tək “Molla Nəsrəddin” məktəbinin yaradıcısının deyil, ümumilikdə nəsrimizin poetik axtarışlarını təhlilə çəkir, problemə məhz bir yaradıcılığın sferasından yanaşaraq ümumiləşdirmələr aparırdı.

    Yaxud Mir Cəlal “Böyük ədib” məqaləsində Ə.Haqverdiyevin “Dağılan tifaq”, “Bəxtsiz cavan”, “Pəri cadu” kimi əsərlərini təhlil edərək, onları “istər mövzu, istər məqsəd və məfkurəvi istiqamət etibarilə bir-birinə bağlı, bir-birini tamamlayan, sənətkarın inkişafını təmin edən əsərlər” adlandırır, ədibin əsas üslubunun tənqidi realizm olduğunu vurğulayır və bu əsərlərin təhlili ilə yazıçının yaradıcılığında bədii-fəlsəfi düşüncənin, nəzəri-estetik qənaətin, siyasi-məfkurəvi yanaşmanın hərəkət trayektoriyasının əsas istiqamətlərini müəyyən edirdi.

    Mir Cəlalın ədəbi fakta, ədəbi prosesə yanaşmasında çılğın və emosional siyasi dəyərləndirmə demək olar ki, müşahidə olunmur. Məsələn, o, Sabir haqqında yazırdı: “Bəzən tədqiqatçılar böyük şairin fəhlə həyatından müstəqim şəkildə yazmamasını guya onun “məhdudluğu”, guya “inqilabi demokratlar səviyyəsinə qalxa bilməməsi” kimi izah etmək istəyirlər. Tamamilə əsassız olan, vulqar sosiologiya cəbhəsindən gələn belə iddianın Sabir yaradıcılığına və eləcə də ədəbiyyat tariximizə yanlış və qeyri-elmi bir münasibətin nəticəsi olduğunu söyləməyə ehtiyac yoxdur”.

    Böyük alimin ədəbiyyatımızın bütün klassik şair və yazıçıları haqqında səsləndirdiyi fikirlər ədəbi irsə sevgi və peşəkarlıqla yanaşmağın örnək nümunəsidir.  Bu yanaşmada  dürüst nəzəri-metodoloji prinsip, ədəbi-elmi qiymət, hər zaman nüfuzunu qoruyacaq dəyərlər sistemi ehtiva olunub: “Klassik ədəbiyyatın gücü ənənələrin düzgün inkişaf etdirilməsindədir. Füzuli nəinki öz dövrünə xidmət edir, həm də gələcəyə xidmət edir, Vaqifi yaradırdı. Vaqif nəinki öz dövrünə xidmət edir, həm də gələcəyə xidmət edir, Sabirin meydana gəlməsinə imkan açırdı. Bu ənənələr nə qədər canlanıb inkişaf edərsə, bizim ədəbiyyatımız da o qədər güclü olacaqdır”.

    Professor Şirindil Alışanlı doğru qeyd edir ki, “Mir Cəlal müəllimin hər bir klassik haqqında dediyi elmi aforizmin müasir mənası haqqında tədqiqatlar yazmaq olar və yazılacaq da”. Burdan yola çıxaraq qeyd edək ki, Mir Cəlalın elmi yaradıcılığı özünün fərqli istiqamətləri – klassik irsin tədqiqi, müxtəlif elmi-nəzəri problemlərin araşdırılması, klassiklərin yaradıcılığının dəyərləndirilməsi ilə müasir ədəbiyyatşünaslığın tədqiqat obyektinə çevriləcəyi zamanı gözləyir. Klassik Şərq poeziyasını və poetikasını dərindən bilən, klassik ədəbiyyatın bütün mərhələlərindən xəbərdar olan alimin monoqrafiya və elmi məqalələrində əldə etdiyi elmi qənaətlər bu gün belə öz aktuallığını itirməyib və ədəbiyyatşünaslıq tariximiz üçün əhəmiyyətini qorumaqdadır. Xüsusilə, nəzərə alınsa ki, o üç cildlik Azərbaycan ədəbiyyat tarixinin hazırlanmasında yaxından iştirak edib, kitabdakı bir sıra məqalələrin, “XX əsr Azərbaycan ədəbiyyatı” və “Ədəbiyyatşünaslığın əsasları” kimi dərsliklərin həmmüəllifidir, bu elmi-nəzəri irsin öyrənilməsinin əhəmiyyəti daha önəmli səciyyə daşıyar. Bu səbəbdən də onun klassik irslə bağlı fəaliyyətinin, yaradıcılıq metodu, realizm və romantizm haqqında fikirlərinin, Nizami, Füzuli, C.Məmmədquluzadə, M.F.Axundzadə, Ə.Haqverdiyev və b. klassiklərin yaradıcılığı haqqında elmi-nəzəri qənaətlərinin tədqiqinə ehityac vardır.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Böyük zəfərin tərənnümü – Nizami CƏFƏROV

    Azərbaycan poeziyası özünün müxtəlif nəsillərdən olan nümayəndələrinin yaradıcılığı timsalında istər müstəqil Azərbaycan ərazisinin beşdən birinin keçən əsrin doxsanıncı illərinin əvvəllərində namərdcəsinə qəsb olunub əhalisinin qurbanlar verərək qaçqın-köçkün düşməsini, istər uzun illər ərzində xalqın keçirdiyi ağır iqtisadi, mənəvi-psixoloji sarsıntılarla yanaşı, göstərdiyi ardıcıl siyasi-ideoloji mübarizə əzmini, istərsə də dövlət başçımız İlham Əliyevin Ali Baş Komandanlığı ilə yenidən qurulan ordumuzun kifayət qədər qısa bir müddətdə ölkəmizin ərazi bütövlüyünü uğurla təmin etməsini nəinki ilbəil, bəlkə də, günbəgün, saatbasaat bütün təfsilatı (əgər belə demək mümkünsə, dastan təfərrüatı!) ilə əks etdirmişdir. Bu möhtəşəm dastanın (Zəfər Eposunun!) ərsəyə gəlməsində görkəmli hərbçi-şairimiz Ramiz Duyğunun xidmətləri ona görə müstəsnadır ki, o nə qədər istedadlı qələm sahibi olsa da, ilk növbədə, Azərbaycan əsgərinin əhval-ruhiyyəsini ifadə etməyə çalışmış, ən böhranlı anlarda da qələbəyə inamını itirməmiş, sözünü şair olduğu qədər də hərbçi-əsgər kimi demişdir. Və odur ki, Ramiz Duyğunun bu günlərdə çapdan çıxmış “Qalibiyyət dastanı” kitabı XX əsrin sonu, XXI əsrin əvvəllərində istəmədən cəlb edildiyimiz qanlı münaqişə- müharibələrdə yaşamağa məhkum olunduğumuz çoxspektrli (və heç zaman unudulmayıb tariximizin yaddaşında əbədi qalacaq!) həyəcanlarımızın ən obyektiv, ən səmimi izharlarından biridir.

    Mən “Qalibiyyət dastanı”ndakı şeirlərin, poemaların məzmun-mündərəcəsinə varmazdan əvvəl onlardan bir neçəsinin sadəcə adlarını sadalamaq istəyirəm: Şuşa çağırır… Ürəyimdə Şuşa ağlar… Sənə and içirik, Şuşa qalası… Yaramı tez sarı… Oxuma “Qarabağ şikəstəsi”ni… Vətənin uğrunda ölməyə nə var… Qılıncımı qoymamışam qına mən… Biz o günü görəcəyik… Özünə arxalan, özünə güvən… Başını dik saxla… Qana qan… Bu torpaqda “xaç” bitməz… Qarabağ Azərbaycandır… Qaldır şəhid tabutunu… Oxuyaq “Qarabağ şikəstəsi”ni… “Kitabın içindəkilər”dən aldığım bu adların özləri də bütöv bir şeirin misraları kimi səslənir… Hər şeydən əvvəl ona görə ki, “Qalibiyyət dastanı”na daxil edilmiş əsər- yaşantılar hər nə qədər ilhamlı, vətənpərvər olsa da, yalnız bir qələm əhlinin deyil, bütöv bir xalqın oyanmış ruhunun tərcümanıdır. Və burada gəlişigözəllik, pərakəndəlik, hərdəmxəyallıq ola bilməz.

    Ramiz Duyğun ərazi bütövlüyü uğrunda apardığımız mübarizənin tarixini həm də təcrübəli siyasətçi-publisist kimi təqdim edir ki, kitabın dörd bölməsinin hər birində həmin peşəkarlıq özünü aydın göstərməkdədir.

    Birinci bölmə 80-ci illərin sonu, 90-cı illərin əvvəllərindəki “yuxulu” uğursuzluqlarımızdan, onların doğurduğu faciələrdən və nəhayət, ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə Qarabağ uğrunda mübarizənin yeni mərhələyə keçməsindən bəhs edir. Və ümumən poeziyamıza xas olan bir məqam, tamamilə təbiidir ki, “Qalibiyyət dastanı” üçün də səciyyəvidir: baş qəhrəman Şuşadır!..

    Düşmən təcavüzünə məruz qalmış Şuşanın birinci şeirini Ramiz Duyğun 1992-ci ildə yazmışdır:

    Bu torpaq üstə gəzən! Nədir sənin soyadın?

    Şuşayla tən durmasın, yerə girsin qoy adın.

    Babəkimi oyadın, Qazan xanı oyadın,

                                Koroğlunu oyadın –

    Şuşa məni çağırır, Şuşa səni çağırır.

    Kişi öz torpağında yağıya baş əyərmi?

    Görmürsənmi, korsanmı?

                             Daşın, qayan da mərmi!

    Hayqır, Azərbaycanım!

    Hayqır, Şuşadan sonra yaşamağa dəyərmi?

    Şuşa məni çağırır, Şuşa səni çağırır.

    Şuşa gedib… Dünyada qan, qırğın, tufan olub,

    Ancaq ki, nə məhkəmə, nə də ki, divan olub.

    Şuşa əli yaylıqlı… Xanım Natəvan olub…

    Şuşa səni çağırır, Şuşa məni çağırır.

    Bu da 2020-ci ilin noyabr ayının 8-də yazılmış “Şuşam mənim” şeirindən misralar… O misralar ki, həmin qələbə günündən sonra bu və ya digər şəkildə hər bir Azərbaycan vətəndaşının qəlbindəki duyğuları ifadə edir…

    Başına, daşına biz dörd

    Dolana-dolana gəldik.

    Qanı axan ürəyimiz,

    Əlimizdə xonça kimi,

    Odlana-odlana gəldik.

    Qaya-qayam, daş-daşım mənim,

    Şuşam mənim, Şuşam mənim.

    Uğurlu qəzan mübarək!

    Yağıya cəzan mübarək!

    Gövhər ağa məscidindən

    Ucalan əzan mübarək!

    Ay-ulduzlu paşam mənim!

    Şuşam mənim,

    Şuşam mənim!

    Yetişdi vüsalın dəmi,

    Soyun əynindəki qəmi.

    Göy üzündə üzən gəmi,

    Göylərlə baş-başam mənim!

    Şuşam mənim, Şuşam mənim.

    Qarabağ xanlığının (Azərbaycan İntibahının milli dövlətçilik obrazının!) paytaxtı olan Şuşanın bizim zəmanəmizdə belə bir status qazanması təsadüfi deyil. Heç ola bilməz ki, biz də ermənilər kimi Şuşaya istirahət, əyləncə yeri kimi baxaq. Və o da heç ola bilməzdi ki, ermənilər əlləri Bakıdan, Gəncədən üzüləndən sonra Şuşaya bu qədər yapışsınlar…

    “Qalibiyyət dastanı”nın müəllifi erməni məkri, bu məkrin yüz illər boyu bizim xalqımıza yaşatdığı əzablarla bağlı nə qədər qəzəblə söhbət açsa da, bu qəzəb öz şəxsi mənafeyini güdən “daxili düşmənlər”ə münasibətdə daha amansızdır ki, belə bir münasibətin yaxın tariximizin hansı məsum gerçəkliklərindən qaynaqlandığını xatırlamaq çətin deyil:

    Qolları qandallı gəldin,

    Bu torpaq səni götürməz.

    Dar alnı xaç nallı gəldin,

    Bu torpaq səni götürməz.

    Satdın dağımı, daşımı,

    Göz üstündəki qaşımı –

    Zirvələrdə xan Şuşamı…

    Bu torpaq səni götürməz.

    Qan nuş etdin… qəşş elədin,

    Xalqı diri nəş… elədin.

    Laçınlar yurdu Laçını

    daşnaka peşkəş elədin –

    Bu torpaq səni götürməz.

    “Qalibiyyət dastanı”nın mövzusu nə qədər zəngindirsə, ona həsr olunmuş dastanın müəllifi də bu mövzunun dərki üçün o qədər zəngin material verməyə, vətənpərvər bir şair-hərbçi ürəyinə sığışacaq qədər zəngin hisslərini, duyğularını ifadə etməyə çalışmışdır.

    Bilmirəm nə dərəcədə haqlıyam, ancaq mənə elə gəldi ki, “Qalibiyyət dastanı” Ramiz Duyğunun, Sabir Rüstəmxanlının sözü olmasın, ömür kitabıdır… Bu kitabda düşmən üzərində nəhayət ki, qalib gəlmiş bir hərbçi, bir publisist və bir şairin hissiyyatları elə bir rezonans yaradır ki, nəticədə o, tərəddüd etmədən özü-özünə (və mənsub olduğu xalqa) raport verir:

    “Xoşbəxtəm ki, mən “Qalibiyyət dastanı” adlı şeirlər kitabımı böyük siyasətçi və dövlət xadimi, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin şəxsində qəhrəman Azərbaycan Ordusunun şəxsi heyətinə həsr edirəm”.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Körpə və kürən pişik balası – Xalq yazıçısı Çingiz Abdullayevin hekayəsi

    Gözəl günlər idi. Həmişəki südlü sıyıqla qarnını doyurandan sonra yuxuya getmək necə də ləzzət edirdi. Adətən onu anası özü yedirirdi. O, hər dəfə ağzına qoyulan qaşıq dolusu sıyığı ləzzətlə udub növbəti qaşıq üçün ağzını açanadək anası səbirlə gözləyirdi.

    Sonra onu qucaqlarına alıb yataq otağına aparırdılar. Orada paltarını dəyişirdilər. Adətən təzə pampers də geyindirirdilər. Bu duyğuya da artıq vərdiş eləmişdi: bədənini səhərə yaxın islanacaq hansısa sərin yarıkağız bir suçəkən parçaya bələyirlər… Bəzən hətta həmişəkindən tez isladırdı.

    Belə olanda o da həmişəkindən tez oyanır və zığıldamağa başlayırdı. Yox, o, adətən qışqırıb kimisə oyatmağa can atmırdı, ancaq sakitcə zığıldayır, sanki astaca anasını köməyə çağırırdı. Anası, demək olar ki, dərhal oyanırdı və onun qayğıkeş əlləri oğlunu beşikdən götürüb öz çarpayısında yanına uzadırdı ki, artıq islanmış bələyini – pampersini dəyişsin.

    O, adətən səhərlər saat yeddiyə az qalmış oyanırdı. Yanındakı çarpayıda yatan anasının təkcə ətrini, hətta aralıdan belə hiss etmək necə də böyük xoşbəxtlik idi! Səhərlər anasının onu qucağına alıb paltarını dəyişdirməyə başlaması isə… Bax, bu, ayrıca bir doğmalıq və səadət duyğusu yaradırdı. Bu sevimli qoxu ona doğma idi. Əvvəllər anası onu sinəsinə sıxır, döşünü mehribanlıqla onun ağzına salır, isti əli ilə onun hələ təzəcə dənzərən yumşaq saçını sığallayırdı. O da bu əziz varlıqdan – anasının döşündən pompuş əlləri ilə möhkəm yapışıb acgözlüklə və ləzzətlə əmirdi. O, südün ətrini hələ unutmamışdı. Kimsə anasına demişdi ki, bir yaşından sonra əmizdirmək elə də vacib deyil. Ona görə də sıyığa keçmişdilər. Ancaq əmdiyi südün iyi uzun müddət yadında qalmışdı və anası hər dəfə onu qucağına alanda özündən asılı olmayaraq bu qədər sevdiyi o gözəl məlhəmin çeşməsini yenə də tapmaq üçün anasının döşlərinə tərəf dartınırdı.

    Bəzən gecələr o, başqa bir adamın xorultusunu eşidirdi. Anası həmin adamı ona göstərir və gülümsəyərək deyirdi: “Ata…”. Ata anası ilə yanaşı yatırdı. Hərdən onun da səsi gəlir və bu səs hansısa işlək bir maşının çıxardığı xırıltılı küyə bənzəyirdi. Ata danışanda körpə tanış ahəngi eşidərək sanki donub qalırdı. Bu səs ona hələ anasının bətnində  olan vaxtlardan tanış idi. Anasının səsinə nisbətən daha kobud və daha xırıltılı olan bu ikinci səs o doğulandan sonra da həmişə yanında idi. Ata evə adətən axşamlar gəlirdi. İri əllərini balaca qollarının altına ehtiyatla salıb onu qucağına götürür, başının üstünə qaldırır, hərdən hətta atıb-tuturdu da… Ondan ayrı cür qoxu gəlirdi. Atanın ətri başqa idi.

    Körpə yavaş-yavaş bu qoxuya da alışırdı. Ata onu görəndə tez-tez gülümsəyirdi, hərdən yenə də qucağına alır, atıb-tuturdu. Güclü ata əllərinin onu qucağına alıb başının üstünə – hamıdan və hər şeydən yuxarıya qaldırması körpənin çox xoşuna gəlirdi. Ata tez-tez üzünü ona tutub gülürdü. O, ucaboy və yaraşıqlı idi. Körpə artıq yeriməyə başlayanda onu başqa adamlardan seçməyə başlamışdı. Onu dərhal tanıyır və yanına yüyürüb dizlərini qucaqlayırdı. Körpənin bu ucaboy, güclü adamdan xoşu gəlirdi. “Ana”dan dərhal sonra öyrəndiyi ilk söz olan “ata” sözündən də xoşu gəlirdi. Ümumiyyətlə, onu ovuclarının içində saxlayan bu iki böyük adamı çox istəyirdi. Körpə ağlayanda o dəqiqə özlərini onun üstünə atırdılar. Bələyini isladan kimi təzələyirdilər. Ona balaca qabda su verir, içib qurtaranadək gözlərini ondan çəkmirdilər.

    Əlbəttə, əsas şəxs ana idi. Bəzən səhərlər valideynləri çarpayıda yanaşı uzananda anası onu da qucağına alıb ikisinin arasına uzadırdı. Bu, ayrıca bir ləzzət idi və körpə bundan çox xoşhal olurdu. Onlar bəzən nə barədəsə danışır, deyib-gülür, zarafatlaşırdılar. Və onu da növbə ilə qucaqlayırdılar. O isə heç də tamamilə anlaya bilmədiyi bir duyğu dənizində üzürmüş kimi uzanır, gülümsəyir, özünü olduqca xoşbəxt hiss edirdi. Sanki həm də hiss edirdi ki, ana və ata onun çox etibarlı qoruyucularıdır…

    Ancaq balaca pişik balası hamıdan, hər şeydən çox xoşuna gəlirdi. Pişik balası bu evə onunla, demək olar ki, eyni vaxtda gəlmişdi. Bu balaca kürən körpədən daha sürətlə böyüyürdü. Hələ bu harasıdır! Kürən öz rəqibini diqqətlə izləyirdi. Körpəyə pişik balasından çox diqqət göstərirdilər ki, bu da kürəni əsəbiləşdirirdi. Bəzən o, hətta həmişəkindən bərk miyoldayırdı ki, ona da diqqət yetirsinlər. Amma bütün bunlara baxmayaraq, o, tez-tez körpənin yanında uzanır və özünü sığallaması üçün ona şərait yaradırdı. Kürən ağıllı pişik idi və getdikcə başa düşürdü ki, bu evdə əsas şəxs hələ, demək olar ki, danışa bilməyən, ilk vaxtlar yalnız öz beşiyində uzanıb aydın olmayan səslər çıxaran bu müəmmalı körpə olacaq.

    Ancaq körpə beşikdə çox qalmadı. O, qalxdı və əvvəlcə kürən pişik balası ilə birlikdə sürünməyə başladı. Bir qədər sonra iməklədi, daha sonra isə ehtiyatla, yıxıla-dura yeriməyi də öyrəndi. Bəli, düzdür, körpə hərdən yıxılırdı da, hətta hərdən kürən də onu yüngülcə itələməyə ürək eləyirdi. Amma körpə inadkarlıqla yeriməyə can atırdı və tezliklə yalın ayaqlarını şappıldada-şappıldada, xoşbəxtcəsinə gülə-gülə otaqlarda qaçmağa başladı. Artıq yekəlmiş kürən də körpənin dalınca tənbəl-tənbəl gəzir, onu gözdən qoymur, gah nədənsə qoruyur, gah da ona qoşulub şənlənirdi. Ancaq körpə heç vaxt pişiyin yeməyinə toxunmurdu. Bu isə ən vacib məsələ idi. Ona görə də onların dostluğu getdikcə möhkəmlənirdi. Bəlkə də, dostluğun əsas şərti elə bu idi – başqasının malına kəm baxmamaq!

    Hərdən hansısa başqa qadın da gəlirdi. O, olmazın dərəcədə anaya oxşayırdı. Körpə bunun səbəbini anlaya bilmirdi. O da təxminən eyni cür ətir saçırdı. Ananınkı kimi mehriban, qayğıkeş əlləri vardı. Ancaq o, ana deyildi, başqa qadın idi. Körpə eşidirdi ki, anası bu qadını elə həmin gözəl adla çağıraraq ona “ana” deyir. Başa düşə bilmirdi ki, bir evdə iki “ana” necə ola bilər?! Ancaq onun özünə həmişə deyirdilər ki, bu nənədir. Bəzən o gələndə “Nənə gəldi!” deyə körpəni muştuluqlayırdılar. Körpə də kimisə başqa adamı “ana” deyə çağırmaqdan israrla imtina edərək məmnuniyyətlə “nənə” deməyə cəhd edirdi.

    Bəzən gecələr körpənin təzə çarpayısının yanında kürən üçün balaca boşqabda süd qoyurdular. Yaxşı ki, körpənin heyvanlara qarşı allergiyası yox idi. Onlar ikisi də – körpə də, kürən də qarnı tox, qayğı ilə çimizdirilmiş, tərtəmiz və xoşbəxt halda yuxuya gedirdilər.

    …Partlayış gecə baş verdi. O qədər gözlənilməz və güclü idi ki… Körpə oyandı. Əvvəlcə onu kimin və niyə oyatdığını anlamayaraq bir neçə saniyə susdu. Sonra əlini qabağa uzatdı. Çarpayısının üstünə həmişə çəkilən tor yox idi. buna təəccübləndi: axı anası toru çəkməyi heç vaxt unutmazdı. O, yenə də nəsə qışqırtılar və möhkəm gurultu eşitdi. Üşüməyə başladı. Yorğança üstündən sürüşüb düşmüşdü və maraqlı idi ki, heç kim gəlib onun üstünə örtmürdü. O, bərkdən ağlamağa başladı. Haradasa tanımadığı adamlar qışqırışırdılar. Körpə başını qaldırdı və soyuqdan titrədiyini hiss edərək qərara aldı ki, çarpayıdan sürüşüb düşsün. Həmişəki kimi dalın-dalın sürünməyə başladı ki, yıxılmasın. Əlini adətən ana yatan və ata xoruldayan çarpayıya uzatdı. Ancaq ora bir topa daş tökülmüşdü. Körpə başa düşmürdü ki, ana niyə yoxdur. Ancaq daş topasına ilişəndə öz pişiyi yadına düşdü. Geri dönüb həmişə kürən uzanan tərəfə qaçdı. Kürən körpəni bərkdən miyoldayaraq qarşıladı. Boşqab çevrilmiş, pişik balası böyrü üstə yıxılmışdı. Körpə aşağı əyilib yumşaq, pompuş əli ilə dostuna toxundu. Kürən hərəkətsiz uzanmışdı. Heç tərpənmədi də. Bu, körpənin xətrinə dəydi.

    O, dostunu daha bərk silkələyərək onu oyatmağa çalışdı. Ancaq dostu susurdu.

    Yaxınlıqda bayaqkı kimi adamlar qışqırışırdılar. Körpə heç cür başa düşə bilmirdi ki, onun valideynləri hara yoxa çıxıblar və kürən dostu ona niyə cavab vermir. Elə bu vaxt kimsə körpəni qucağına aldı. Kimsə onu adyala bükdü.

    – Oradakıların hamısı ölüb! – tanımadığı bir səs qışqırdı. – Qonşu otaqda heç kim yoxdur.

    Naməlum adam yəqin ki, həyəcandan körpəni möhkəmcə sinəsinə sıxdı. Körpə ağrıdan bərkdən ağlamağa başladı. O, hələ də başa düşmürdü ki, onun kürən dostu niyə bu qədər bərk yatıb. O, hələ bilmirdi ki, bu gün onun həyatı “qədər” və “sonra” adlanacaq iki hissəyə bölünüb və bu partlayışla eyni vaxtda yoxa çıxan xoşbəxtliyi daş topasının altında qalan anası və atası kimi artıq keçmişdə “qədər”də qalıb. O, bunu bilə bilməzdi. Ancaq o üşüyürdü və çox narahat idi. Ona görə də səsini kəsmir, ucadan qışqıraraq ağlayırdı…

    AzərTACın məlumatı: – Dünən gecə Gəncə şəhəri atəşə tutulub. Dinc əhali arasında xeyli ölən və yaralanan var…

    Mənbə: https://edebiyyatqazeti.az/

  • “Super Mario” haqqında animasiya filmi çəkilir

    Məşhur videooyun personajı “Super Mario” haqqında animasiya filmi çəkilir.

    AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Yaponiyanın elektronika və videooyun şirkəti “Nintendo” tərəfindən yaradılmış oyun personajı barəsindəki film, 2022-ci ilin dekabrında Şimali Amerikada nümayiş olunduqdan sonra ABŞ-da “Universal Pictures” ilə birlikdə dünya bazarlarına çıxarılacaq.

    “Super Mario”nu “Guardians of the Galaxy” filminin baş rol ifaçısı olan məşhur amerikalı aktyor Kris Pratt səsləndirəcək.

    Qeyd edək ki, Mario “Göbələk krallığı”nda yaşayır. Onun düşməni əjdaha Bouzerdir. Bouzer şahzadə Piçi qaçırmaq və krallığı tutmaq istəyir. Lakin Mario ona bu imkanı vermir. Mario Bouzeri məğlub edərək, şahzadə Piçi və krallığı xilas edir. Marionun qardaşı da var. Onun adı Luicidir. Nə Mario, nə də Luicinin soyadı yoxdur.

    Bu personaj əsasında 200 oyun hazırlanıb.

    Mənbə: https://azertag.az/

  • Azərbaycanın “Avroviziya-2022”də iştirakı təsdiqlənib

    Gələn il İtaliyada keçiriləcək “Avroviziya-2022” mahnı müsabiqəsində ölkəmizin iştirakı təsdiqlənib.

    İctimai Televiziya və Radio Yayımları Şirkətindən AZƏRTAC-a verilən məlumata görə, gələn ilin mayında baş tutacaq bu müsabiqədə ölkəmizi kimin təmsil edəcəyi hələlik müəyyən edilməyib.

    Müsabiqənin İtaliyanın hansı şəhərində baş tutacağı da məlum deyil. Hazırda bunun üçün namizəd şəhərlər var, lakin yekun qərar verilməyib.

    Qeyd edək ki, dünyanın ən baxımlı və populyar mahnı müsabiqəsi olan “Avroviziya”nın Azərbaycanda rəsmi yayım hüququ İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.

    “Avroviziya-2022” mahnı müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri tanınmış bəstəkar və prodüser İsa Məlikovdur.

    Mənbə: https://azertag.az/

  • Çingiz Abdullayev: Hərbi ekspertlər hələ də Şuşada gedən döyüşlərdən və bizim igidlərin qəhrəmanlığından danışırlar

    Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatı torpaqlarımızın azad olunması ilə nəticələndi. 44 günlük Vətən müharibəsi 2020-ci il noyabrın 10-da imzalanan atəşkəs bəyanatı ilə başa çatdı. Hərbi ekspertlər hələ də Şuşada gedən döyüşlərdən və bizim igidlərin qəhrəmanlığından danışırlar.

    Bu fikirləri AZƏRTAC-a müsahibəsində Xalq yazıçısı Çingiz Abdullayev deyib.

    “Dəmir yumruq” əməliyyatı tariximizin qızıl hərflərlə yazılmış parlaq səhifəsinə çevrildi. İndi zəfərimiz, qələbəmiz haqqında kitablar yazılır, filmlər çəkilir. Cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət və məğlubedilməz ordu strategiyası oldu.

    Düşmən işğalda olan torpaqlarımızın Azərbaycan Ordusu tərəfindən qısa müddətdə azad edilməsini həzm edə bilmirdi. Təbii ki, onlar vandalizm siyasətini 90-cı illərdə olduğu kimi bu dəfə də nümayiş etdirdi. Belə ki, bütün dünya faşist xislətli ermənilərin Gəncə və Bərdə şəhərlərini tez-tez raket atəşinə tutmasının şahidi oldu. Dinc əhali arasında həlak olanlar vardı. Gəncədə bir ailənin bütün üzvləri məhv edildi. Separatçılar öz güclərini müharibə meydanında deyil, dinc əhali üzərində tətbiq etdi. Öz qorxaqlıqlarını bir daha sübuta yetirdilər.

    Əfsuslan olsun ki, heç bir müharibə itkisiz olmur. Azərbaycan xalqı Vətən müharibəsində 3 minə yaxın şəhid verdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimiz baş ucalığımız, qazilərimiz isə fəxrimizdi”, – deyə Ç.Abdullayev bildirib.

    Torpaqlarımızın iyirmi faizinin otuz ilə yaxın bir müddətdə işğalçıların tapdağı altında qaldığını deyən yazıçı bildirib ki, bu müddət ərzində ermənilər bir sıra tarixi abidələrəmizi dağıtmışdır. Həmçinin, işğal olunmuş rayonlarımızda yerləşən və erməni kilsəsinə heç bir aidiyyəti olmayan tarixi Alban kilsələrini dünyaya erməni abidəsi kimi təqdim ediblər. Kəlbəcər rayonunda yerləşən bir çox qızıl yataqlarını vəhşicəsinə talan ediblər. Bu gün dünya ictimaiyyəti işğaldan azad edilmiş torpaqlarımızda erməni separatçı rejiminin məktəblərimizi, evlərimizi, binalarımızı, xəstəxanalarımızı, hətta məscidlərimizi və qəbiristanlıqlarımızı vəhşicəsinə dağıtdıqlarının şahidi olur.

    Qarabağın sürətlə bərpa edildiyini bildirən Xalq yazıçısı deyib: “Prezident İlham Əliyevin göstərişinə əsasən Qarabağda aparılan abadlıq-quruculuq işləri çox təqdirəlayiqdir. İşğaldan azad edilmiş Füzuli şəhərində hava limanı tikilib və istifadəyə verilir. Şuşa şəhərində genişmiqyaslı yenidənqurma işləri aparılır. Bu yaxınlarda “Qarabağ” hotelinin açılışı oldu. Həmçinin “Xarıbülbül” mehmanxanası da istifadəyə verildi. Gələcəkdə bu hotellər turistləri qəbul edəcək. Şuşada dahi sənətkarlarımız Bülbülün ev-muzeyinin bərpası və daha sonra açılışı oldu. Tarixi abidələr bərpa edilir, binalar tikilir…”

    Şuşadakı “Xarıbülbül” musiqi festivalını xatırlayan dünya şöhrətli yazıçı bildirib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Vaqif Poeziya Günləri və “Xarıbülbül” musiqi festivalı da bərpa olunub. Nəhayət, Cıdır düzündə 2021-ci ilin may ayında Şuşa şəhəri işğaldan azad olunandan sonra ilk dəfə “Xarıbülbül” musiqi festivalı keçirildi: “Müxtəlif illərdə Şuşada lentə alınan azərbaycanlı korifeylərdən Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov və Şövkət Ələkbərovanın ifaları ilə videoların nümayiş olunması məni çox duyğulandırdı… Bütün dünya gördü ki, Şuşanın əsl sahibləri geri qayıdıb. Şuşa Azərbaycanımızın mədəniyyət paytaxtıdır. Şuşa Azərbaycandır! Qarabağ Azərbaycandır!”

    Mənbə: https://azertag.az/

  • Azərbaycanın ilk zəfər filmi çəkilib

    Azərbaycan Televiziyasında Azərbaycanın Vətən müharibəsindəki qələbəsinə həsr olunmuş ikiseriyalı film istehsal olunub.

    “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildirilib ki, “Beşatılan” adlı filmin hər seriyası bir saat həcmindədir və bu, Azərbaycanın ilk zəfər filmidir. Film beş dostun qəhrəmanlığı, torpaqlarımızın işğaldan azad olunması yolunda Şuşaya qədər getmələri, canlarını fəda edərək bayrağımızı Şuşada ucaltmalarından bəhs edir. “Təki Vətən sağ olsun” deyən beş dost Azərbaycanın müxtəlif bölgələrindən – şimal, cənub, şərq, qərb və düşünən beyin, döyünən ürək timsalında olan Bakıdandır. Bu beşlik rəmzi mənada “Beşatılan” adlanır.

    Düşmənin üstünə müasir texnika ilə hücuma keçsək də, sonda erməni qaniçəni keçmişin qisası kimi bu “Beşatılan”dan açılan güllə ilə vurulur. “Beşatılan” həm də beş barmağın “Dəmir yumruğ”a çevrilib düşmənin başını əzməsidir. Film Azərbaycan Ordusunun, eyni zamanda, ideoloji cəbhədə də qazandığı uğurlardan bəhs edir. Çəkilişlər Tərtər, Gədəbəy və Masallı rayonu ərazilərində aparılıb.

    Filmin ssenari müəllifləri Firudin Məhərrəmov, Nurəddin Ədiloğlu, quruluşçu rejissoru Elçin Məmiyev, quruluşçu operatoru isə Elşən Bədəlovdur. Ekran əsərində baş rolları Elçin Məmiyev, Anar Şuşalı, Vaqif Kərimov, Əliqulu Səmədov, Lətifə Əliyeva, Flora Hüseynova, Fidan Axundova və s. ifa ediblər.

    Mənbə: https://azertag.az/

  • Kukla teatrında tamaşalar bərpa olunur

    Ölkə üzrə peyvənd olunan vətəndaşların sayının artması və yoluxma hallarının dinamikasının davamlı şəkildə azalması nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarı Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatr heyətinin böyük sevincinə səbəb olub. Belə ki, müvafiq qurumun oktyabrın 1-dən teatrın ümumi tutumunun 50 faizindən çox olmamaq şərti ilə tamaşaçı qəbul etməsinə verilən icazədən sonra teatr tamaşaları bərpa etməyə hazırlaşır.

    Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, artıq mövcud karantin qaydalarına uyğun olaraq dezinfeksiya işləri ilə yanaşı repertuar planı tərtib olunub.

    Bildirilib ki, bu il 90-cı yubiley mövsümünü yaşayan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı müvafiq qurum tərəfindən icazənin verildiyi ilk gün – oktyabrın 1-də ilk tamaşası ilə teatrsevərlərin qarşısına çıxacaq. Bu, teatrın repertuarındakı ən uzunömürlü və maraqlı səhnə nümunələrindən olan “Cırtdan” tamaşasıdır.

    Məşhur uşaq yazıçısı Mirmehdi Seyidzadənin “Cırtdan” mənzum nağıl-pyesi əsasında hazırlanan (səhnələşdirəni Rəhman Əlizadə) tamaşanın quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Oqtay Zülfüqarovdur.

    Onu da qeyd edək ki, mərhum bəstəkarın bu tamaşaya yazdığı musiqilər də yeni səsləndirmədə təqdim olunur. Uzunmüddətli fasilədən sonra ilk nümayişə çıxacaq bu tamaşa 2 seansda (12:00, 14:00) göstəriləcək.

    Xatırladaq ki, istər tamaşaçılar, istərsə də kuklaçılar üçün önəmli olan bu günü daha yaddaqalan etmək üçün tamaşa sırf Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün canlarından keçən qəhrəmanlarımızın övladları üçün nümayiş olunacaq. Odur ki, Vətən müharibəsi şəhidləri, əlil və qazilərinin övladları təmənnasız olaraq istədikləri seansda iştirak edə bilərlər.

    Ümumilikdə bütün teatr həvəskarları, kukla tamaşalarını səbirsizliklə gözləyən balaca teatrsevərlərimiz isə oktyabrın 2-dən başlayaraq həftənin müvafiq günləri (cümə, şənbə, bazar) əksəriyyəti üç seans (üçüncü seans rus dilində) olmaqla repertuarımızdakı maraqlı və rəngarəng səhnə nümunələrini izləyə bilərlər.

    Məlumat üçün onu da vurğulayaq ki, biletlərin qiymətində heç bir dəyişiklik yoxdur və onların satışı yalnız teatrın kassasından həyata keçirilir.

    Mənbə: https://azertag.az/

  • “Qələbə hünəri” adlı respublika yaradıcılıq sərgisinə əsər qəbulu davam edir

    Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə noyabr ayının 6-da Vətən müharibəsində Qələbəmizin ildönümünə həsr olunmuş “Qələbə hünəri” adlı respublika yaradıcılıq sərgisinə əsər qəbulu davam edir.

    Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, sərgi Azərbaycanın, xüsusən də işğaldan azad olunmuş ərazilərin təbiət gözəlliklərinin tərənnümü, Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığının və qazanılmış möhtəşəm tarixi Zəfərin əsərlərdə nümayişi məqsədilə açılacaq.

    Sərgidə 18 yaşdan yuxarı yerli və xarici rəssamlar, heykəltəraşlar, qrafika və akvarel ustaları əsərləri ilə iştirak edə bilərlər.

    Sərgidə iştirak etmək üçün işlərin fotoları qelebehuneri@gmail.com elektron ünvanına göndərilməlidir.

    Əsər göndərərkən işin keyfiyyətli fotosu çəkilməli (2-5MB), müəllifin ad və soyadı, işin adı, ölçü qeyd olunmalıdır.

    Sərgidə 100 əsər nümayiş ediləcək. Seçimdə professionallıq, mövzu və ideya orijinallığı nəzərə alınacaq.

    İştirakçı sərgiyə ən çox 3 əsərini təqdim edə bilər, lakin seçim əsasında sərgidə yalnız bir əsər nümayiş olunacaq.

    Əsərlərin fotosunun göndərilməsinin son qəbul tarixi oktyabrın 10-dəkdir.

    Sərgilənəcək əsərlər təşkilat komitəsinin formalaşdırdığı və adları qabaqcadan elan olunacaq münsiflər heyəti tərəfindən seçiləcək.

    Sərgidə iştirak edəcək rəssamların siyahısı oktyabrın 15-də Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin rəsmi saytı və sosial media hesablarında paylaşılacaq.

    Seçilmiş əsərlər oktyabrın 30-dək Xətai Sənət Mərkəzinin 3-cü mərtəbəsindəki sərgi zalına təhvil verilməlidir.

    Nümayiş olunan əsərlərin müəllifləri sertifikatla təltif ediləcəklər.

    Sərgi Xətai Sənət Mərkəzində açılacaq.

    Sərginin Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi karantin qaydalarına uyğun keçirilməsi planlaşdırılır.

    Mənbə: https://azertag.az/

  • Rusiya və Pakistan hərbi sahədə əməkdaşlığı inkişaf etdirməyə hazırdır

    Rusiya və Pakistan hərbi sahədə əməkdaşlığa hazırdır.

    AZƏRTAC xəbər verir ki, bunu Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin müdafiə və təhlükəsizlik məsələləri üzrə Rusiya-Pakistan Hərbi Müşavirə Komitəsinin İslamabadda keçirilmiş iclasından sonra bildirib.

    A.Fominin sözlərinə görə, Əfqanıstanda vəziyyət hazırda gündəlikdəki ən mühüm siyasi məsələlərdən biridir. Bu baxımdan, Rusiya və Pakistan dövlətləri, eləcə də onların hərbi təşkilatları arasında əməkdaşlıq regional sabitliyin qorunmasının mühüm amilinə çevrilir.

    Fəridə Abdullayeva

    AZƏRTAC-ın xüsusi müxbiri

    Moskva

    Mənbə: https://azertag.az/

  • Dövlət Tərcümə Mərkəzi “Dəf(i)nə yarpağı” müsabiqəsinin növbəti turunu elan edib

    Azərbaycan Dövlət Tərcümə Mərkəzi ölkədə bədii tərcümə sahəsinin təkmilləşdirilməsi və dəyərləndirilməsi məqsədilə hər beş ildən bir keçirilən “Dəf(i)nə yarpağı” müsabiqəsinin növbəti turuna start verdi.

    Bu barədə AZƏRTAC-a Tərcümə Mərkəzindən bildirilib.

    * Müsabiqəyə 2020–2021-ci il orijinaldan Azərbaycan dilinə tərcümə edilmiş kiçik həcmli nəsr və poeziya nümunələri qəbul edilir:

    nəsr əsərləri – 20.000 işarəyə qədər;

    poeziya nümunələri – 100 misra;

    * hər nominasiya üzrə mükafatın bir müəllifə və bir əsərə təqdim edilməsi nəzərdə tutulur;

    * bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər;

    *müsabiqədə iştirak edən namizədlərə yaş məhdudiyyəti yoxdur;

    * əsərlər oktyabrın 1-dən, dekabrın 20-nə qədər qəbul edilir;

    * müsabiqə qaliblərinin adlarının 2022-ci il martın 5-də keçiriləcək mükafatlandırma mərasimində elan olunacağı nəzərdə tutulur.

    * Müsabiqəyə təqdim edilən əsərlər ilkin mərhələdə müəllifin adı gizli saxlanılmaqla, nömrələnmiş qaydada Ekspert Şurasına təqdim olunur. İkinci mərhələyə – 20-liyə çıxan əsərlər Mükafat Komissiyasının müzakirəsinə verilir;

    * əsərlərin dəyərləndirilməsi 5–10 bal sistemi üzrə həyata keçirilir;

    * Ekspert Şurası və Mükafat Komissiyası üzvlərinin adları mükafatlandırma mərasiminə qədər gizli saxlanılır;

    * qaliblər diplom, döş nişanı və pul mükafatı ilə təltif olunur.

    Müsabiqənin mükafat fondu

    Nəsr üzrə

    I yer – 2000 (iki min) manat

    II yer ¬ – 1000 (min) manat

    III yer – 500 (beş yüz) manat

    Həvəsləndirici mükafat – 300 (üç yüz) manat.

    Poeziya üzrə

    I yer – 2000 (iki min) manat

    II yer ¬ – 1000 (min) manat

    III yer – 500 (beş yüz) manat

    Həvəsləndirici mükafat – 300 (üç yüz) manat.

    * əsərlər, müəllifin digər tərcümə nümunələrinin siyahısı və nəşr mənbəyi bildirməklə, elektron poçtu vasitəsilə, yaxud kağız formatında 5 nüsxədə təqdim edilməlidir;

    * əsərin Azərbaycan dilinə hansı dildən tərcümə edildiyi qeyd olunmalıdır;

    * müsabiqə şərtlərinə əməl olunmadan təqdim edilən əsərlər geri qaytarılır.

    Ünvan: Bakı şəhəri, Ə.Topçubaşov küçəsi 74

    Email: musabiqe@aztc.gov.az

    Telefon: (012) 595 10 69

    Mob: (055) 988 89 30 (votsap)

    Mənbə: https://azertag.az/

  • Akademik Opera və Balet Teatrı oktyabr repertuarını açıqlayıb

    Nazirlər Kabineti yanında Operativ Qərargah oktyabrın 1-dən ümumi tutumu 50 faizdən çox olmamaq şərti ilə mədəniyyət obyektlərinin, eləcə də konfrans zalları, kinoteatr və teatrların fəaliyyətinə icazə verilməsi ilə bağlı müvafiq qərar qəbul edib. Pandemiya səbəbindən yaranan uzun fasilədən sonra teatrlar yeni mövsümə böyük həvəslə hazırlaşır.

    Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı da oktyabr ayında bir-birindən maraqlı səhnə əsərləri ilə tamaşaçıların görüşünə gələcək. Teatrda ilk tamaşa oktyabrın 9-da nümayiş olunacaq.

    AZƏRTAC teatrın oktyabr ayı üçün nəzərdə tutulan repertuarını təqdim edir:

    9 oktyabr – “Şəhrizad”, “Qipçaq rəqsləri”

    10 oktyabr – “Sevil”

    13 oktyabr – “Məhəbbət tanqosu”

    16 oktyabr – “Arşın mal alan”

    17 oktyabr – “Min bir gecə”

    20 oktyabr – Qala-konsert

    23 oktyabr – “Trubadur”

    24 oktyabr – “Dahi hekayəçi”

    27 oktyabr – “Şah İsmayıl”

    30 oktyabr – “Aida”

    31 oktyabr – “Leyli və Məcnun”.

    Mənbə: https://azertag.az/

  • Bu gün Azərbaycanda Anım Günüdür

    Bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.

    Azərbaycan Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.

    Bununla əlaqədar olaraq bu il Anım Günündə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə – məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunacaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunacaq.

    Saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

    Axşam saatlarında xüsusi işıqlandırma ilə bir sıra binalarda, o cümlədən Heydər Əliyev Mərkəzinin binasının və “Alov qüllələri”nin üzərində Azərbaycan bayrağı əks olunacaq. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən anım tədbirləri keçiriləcək.

    Anım Günü ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti strukturları ölkə miqyasında bir sıra tədbirlər təşkil edəcək, eləcə də ölkəmizin xaricində anım mərasimləri keçiriləcək.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • “Səngər” poeziya almanaxına əsər qəbulu başladı

    “Mücrü” Nəşriyyatı 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan ordusunun qələbəsi münasibətilə “Səngər” adlı poeziya almanaxı nəşr etməyi planlaşdırır.

    Layihənin əsas məqsədi çağdaş Azərbaycan ədəbiyyatında qələbə ruhlu şeirlərin yazılmasına və nəşrinə, eyni zamanda qələbəmizin təbliğatına dəstək, Qarabağ zəfərinə yaradıcı müstəvidə münasibəti üzə çıxarmaqdır.

    –     Yalnız Azərbaycan dilində olan şeirlərin qəbul olunacağı layihədə iştirak etmək üçün heç bir yaş məhdudiyyəti yoxdur.

    –     Əsərlər şanlı Azərbaycan Ordusunun zəfərini, müharibənin ağrı-acısını, qələbədən sonrakı qalib ovqatı əks etdirməlidir.

    –     Bir müəllif layihəyə maksimum 3 şeir göndərə bilər.

    –     Müəlliflər şeirlərini sengermucru@gmail.com ünvanına göndərməlidir. Mövzu hissəsində ad və təxəllüsünü, əlaqə nömrəsini, həmçinin şeirin adını qeyd etməli, eyni zamanda müəllif fotosunu əlavə etməlidirlər.

    Şərtlərə uyğun olmayan şeirlər layihəyə qəbul edilməyəcək.

    –     Şeir qəbulu 27 sentyabr tarixində başlayacaq, 1 noyabr 2021-ci ilə (saat 12:00-a) qədər davam edəcək.

    –     Layihənin informasiya dəstəyi “Mücrü ART” (www.mucru.art) portalıdır.

    Mənbə: www.mucru.art

  • Elnarə Akimovanın “Uzun, incə bir yolda…” kitabı çap olunub

    Filologiya elmləri doktoru Elnarə Akimovanın “Uzun, incə bir yolda” kitamabı çap olunub.

    “Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitab milli düşüncənin, türkçülük ruhunun, məfkurə istiqamətinin qorunmasında və təbliğində ardıcıl xidmətləri olan, Əli bəy Hüseynzadə və Hüseyn Cavid irsinin tədqiqatçısı Azər Turanın ömür yoluna və yaradıcılığının vacib məqamlarının elmi dəyərləndirilməsinə həsr olunub.

    Monoqrafiyanın elmi redaktoru akademik Nizami Cəfərovdur.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Yunus Oğuzun “Uçurum” tarixi romanı çapdan çıxdı

    Yazıçı-publisist Yunus Oğuzun “Uçurum” adlı yeni tarixi romanı işıq üzü görüb

     Azərbaycan Dövlət Gömrük Komitəsinin yaranmasının 30 illiyinə ithaf olunan romanın ön söz müəllifi Filologiya elmləri doktoru, akademik Nizami Cəfərovdur. Kitabda Azərbaycanın gömrük tarixi ilə yanaşı, bu sahədə qarşıda duran müasir fəaliyyət prinsipləri əksini tapıb. Ümumilikdə isə roman gömrükçülərin narkomaniyaya qarşı apardıqları mübarizə, əldə olunan nailiyyətlər və bu sahədə beynəlxalq əməkdaşlığa həsr olunub.  

    Mənbə: https://525.az/

  • Bakıda milli kitab sərgisi keçiriləcək – İlk dəfə

    1-10 oktyabrda Əl Oyunları Sarayında Milli Kitab Satış-Sərgisi keçiriləcək.

    Bu barədətədbirin təşkilatçısı, Qanun Nəşrlər Evinin rəhbəri, naşir Şahbaz Xuduoğlu məlumat verib. Onun sözlərinə görə, müstəqil nəşriyyatların iştirak edəcəyi satış-sərginin keçirilməsi üçün artıq müvafiq sənədlər imzalanıb.

    Tədbir çərçivəsində yazarlarla görüşlər, oxu saatları, imza günləri, şeir saatı, müsiqili proqramlar keçiriləcək. Yazıçılıq və kitab nəşri, kitab tərtibatı, tərcümə ilə bağlı qızğın müzakirə panelləri təşkil olunacaq.

    Kitabların 30 faiz endirimlə satılacağı satış-sərgi haqqında məlumat verən Ş.Xuduoğlu bunları söyləyib:

    “Azərbaycanda ilk dəfə kitabçıların, naşirlərin, yazarların özünün təşkil elədiyi müstəqil bir yarmarkadır. Bütün bukinistlər də, fərdi kitab satıcıları da, evində artıq kitabı olan insanlar da gəlib öz kitabını sata bilər. Hətta rəssamlar da gəlib orada rəsm əsərini sata bilər, yaxud musiqiçi öz albomunu orada satmağa gələ bilər. Belə bir açıq satış yarmarkasıdır. Bu cür yarmarkalar adətən Frankfurtda, İstanbulda olur. Onlarda yarmarkaları bizdəki kimi Mədəniyyət Nazirliyi təşkil eləmir. Məsələn, Frankfurt yarmarkasını yarmarka özü təşkil edir, İstanbul yarmarkasını TÜAP təşkil edir. Orada dövlət sadəcə gəlib iştirak edir. Yəni biz də ilk dəfə bunu başlayırıq və inanıram ki, elə ilk dəfədən uğurlu olacaq. Növbəti illərdə biz artıq daha geniş yerləri kirayə götürüb yarmarkalar keçirəcəyik.”

    Şahbaz bəy onu da əlavə edib ki, Milli Kitab Satış-Sərgisi təkcə Bakı üçün nəzərdə tutulmayıb:

    “Biz həmçinin bu formatla bölgələrdə də yarmarkalar keçirəcəyik. Lənkəranda, Gəncədə, Sumqayıtda, digər böyük rayonlarda…”

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Xalq şairi Vahid ƏZİZ.”GÜNƏŞ…”

    Onsuz mümkün olmaz bu həyat,yaşam,

    gəlməz bir araya “əzəllə”-“axır”,

    Günəş Tanrımızın əlində bir şam–

    yandırıb qaranlıq cahana baxır,

    O,göydə kürədir,canımda atəş,

    özü istəyəndə alışıb-sönür,

    Ərşdə gümüş kimi parlayan Günəş

    üfüqə çatanda qızıla dönür,

    Hərdən istəmişəm toxunum,dəyim,

    yaxına gələndə rəngi saralır,

    ürəyim istini gözəl Günəşdən,

    soyuğu soyuyan sevgidən alır,

    Mənim anlamımda Ata ocağı,

    Ana nəfəsi də,Vətən də Günəş,

    hüdudsuz səhrada sünbülsayağı

    bar verən,gül kimi bitən də Günəş…

    14.09.2019.            

  • Xalq şairi Vahid Əziz: Şuşaya aparan Zəfər yolu

    Şuşada görkəmli Azərbaycan şairi və dövlət xadimi Molla Pənah Vaqifin məqbərəsinin açılışı və Vaqif Poeziya Günlərinin keçirilməsi ictimaiyyət arasında böyük maraq doğurmaqla yanaşı, həmçinin mühüm ədəbi hadisəyə çevrildi. AZƏRTAC həmin tədbirlərin iştirakçısı olmuş Xalq şairi Vahid Əzizin Şuşa təəssüratlarından bəhs edən qeydlərini təqdim edir.

    Şuşaya aparan Zəfər yolu xalqımızın şərəf və şöhrət yolu, millətimizin mərdliklə qoruya bildiyi ləyaqət yolu, kimin-kim olduğunu bütün yer üzünə car çəkib bəyan edən qürur yoludur!

    Bundan sonra Qarabağım daha şaqraq güləcək,

    Bütün dünya, nurlu cahan – “Azərbaycan” deyəcək…

    Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan əsgəri millətimizi, xalqımızı, torpağımızı, hələ uzun illər boyu sürə biləcək xəcalətdən, demək nə qədər ağır olsa da, üzüqaralıqdan qurtardı!

    Mən Vətənimizə qarşı namərd düşmən tərəfindən başlanmış təcavüzlə bağlı onlarla şeir yazdım, müxtəlif dövrlərdə çıxan kitablarımda onların bir qismini çap etdirdim. Son şeirlərimdən birində belə yazdım: “Utanıram deyəndə Qarabağdan gəlirəm…”. Ulu Tanrının sevdiyi ləyaqətli millətimin cəsarəti ilə əbədi olaraq bizə ərməğan olan Şuşadan döndükdən sonra hər kəsə qürurla deyirdim: “Qarabağdan, Şuşadan gəlirəm!”

    Azərbaycanlıların yüksək həvəs və şövqlə salmaqda olduğu “Zəfər yolu” avqustun 29-da saat 16:30 radələrində bizi Şuşamızın qapısına çatdırdı. Yol boyu yeni ucaldılmış yüksək gərginlikli elektrik xətlərinin gümüş kimi parıldayan hündür dayaqları onların yenicə quraşdırıldığından xəbər verirdi. Qalın meşənin, sıldırım qayaların arasından keçərək mədəniyyət paytaxtımız Şuşaya Azərbaycan nurunu daşıyan elektrik xətləri uca bir təpənin üstündə ötürücü stansiyaya daxil olur, oradan isə düşməni kor edən gur işığa çevrilirdi.

    Ötən ilin noyabrında qazanılmış möhtəşəm Qələbəmizdən cəmi on ay keçməsinə baxmayaraq, azad olunmuş bu yerlərdə yüz ilə bərabər işlər görülüb. İnanın mənə!

    Şuşada birinci müşahidə etdiyim bu oldu – elə bil buralarda heç müharibə, qanlı döyüşlər olmayıb! Şəhər adamın üzünə gülürdü. Bu mənzərəni görəndə “Kübarlıq və alicənablıq insanda əsasən anadangəlmə, qanda olur” fikrinə bir daha inandım. Şuşa təxminən bir qərinə düşmən əsarətində qalmasına baxmayaraq, öz bəyzadəliyini, kübarlığını qoruyub saxlaya bilmişdi! Düzdü, avqustun sonlarında Şuşada “Xarıbülbül” açıb-solmuş olur, amma bülbüllər qalır. Yerləşdiyimiz “Xarıbülbül” mehmanxanasının yaraşıqlı həyətində səhər-səhər gəzintiyə çıxanda Şuşa bülbüllərinin nəğməsini eşitdim. Bülbüllər hər zaman – Pənahəli xanın, Xan qızı Natəvanın dövründə oxuduqları kimi yenə də Ana dilimizdə nəğmələr deyirdi. Bülbüllər də öz kübarlığını qoruyub saxlaya bilmişdi, çünki onlar zindandan betər olan asudəlikləri dövründə lal olmuşdular, oxumurdular. Çünki qaniçən yağı düşmən Azərbaycan dilində danışan istənilən varlığın dilini kəsirdi.

    Şuşanı ilk dəfə deyildi görürdüm. Hələ gənclik illərimdə burada dəfələrlə olmuşdum. 1982-ci il iyulun 29-da xalqımızın ümummilli lideri Heydər Əliyevin Şuşaya səfəri zamanı mən də iştirakçıların tərkibində idim və tədbirləri işıqlandırmaqda kütləvi informasiya vasitələrinin işçilərinə yardım edirdim.

    Şuşada son dəfə 1989-cu ildə, özü də bir neçə dəfə oldum. O vaxt Azərbaycan SSR Ali Sovetinin qərarı ilə yaradılmış Respublika Təşkilat Komitəsinin üzvü kimi şəhərə müntəzəm olaraq gedirdim. Şuşa o zamanlar artıq qanıqara, bədbin və ümidsiz günlər yaşayırdı. Şəhərin yaxınlığında olan Topxana meşəsində baş verən olaylar, quduzlaşan düşmən qüvvələrinin şəhər ətrafında həvirləşməsi qədim diyarımızın ağır günlər və illər yaşayacağından xəbər verirdi.

    Bu dəfə Şuşanı gülən, sevinən, şadlanan gördüm. Qədim nağıllarımızdan birində deyilir: “Hökmdarın ayağı tez-tez dəyən yerlər gülüstana çevrilər”. Bu baxımdan Prezidentimizin Şuşaya müntəzəm səfərlər etməsi bu qədim şəhəri dirçəltdi, sanki Şuşa bülbüllərinin dilini açdı. Milli Ordumuzun tanış çıxdığımız bir əsgəri dedi ki, bu il xarıbülbüllər də şəkillərdə gördüyündən daha gözəl açmışdı.

    Şuşada cəmi iki hündür tikili var – biri yenidən və əsaslı şəkildə təmir olunmuş “Qarabağ” mehmanxanası, digəri isə möhtəşəm Vaqif məqbərəsidir.

    Möhtərəm Prezidentimiz ötən il noyabrın 8-də Şuşanın azad olunması xəbərini verəndə sevincdən qəhərlənərək dediyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” vədinə əməl elədi. Prezidentimiz verdiyi hər bir sözə əməl edir. Bu keyfiyyət də ölkəmizin rəhbərində irsən yaşayır. Şuşa dirçəldi və dirçəlir. Qısa bir zamanda Şuşa gözəl və böyük şəhər olacaq.

    Məncə, Prezidentimiz və Ali Baş Komandanımızın məhz böyük şairimiz Molla Pənah Vaqifin məqbərəsini bu qədər qısa müddətdə həyata qaytarmasının əsas səbəbi onun sözün gücünə olan inamından və sözə olan ehtiramından irəli gəlir. Şair sözü Müzəffər Ali Baş Komandanımızın, qəhrəman Azərbaycan əsgərlərinin qüdrətini dünya durduqca yaşadacaq…

  • Xalq şairi Vahid ƏZİZ.”QARABAĞ BAYATILARI…”

    Əzizinəm Qarabağdan,

    Dərilər qora bağdan,

    Gedəm Dərələyəzə-

    Yol gedə Qarabağdan,

    Bağımda üzüm ola,

    Deməyə sözüm ola,

    İrəvan bizim ola-

    Gül gedə Qarabağdan!

    Gül dodağı qənd ola,

    Yanağıma bənd ola,

    Üfüq aynabənd ola-

    Tül gedə Qarabağdan,

    Gülüm, özgəyə uyma,

    Sevməkdən məni doyma,

    İlahim, birdə qoyma

    El gedə Qarabağdan…

  • Xalq şairi Vahid ƏZİZ.”SƏBA BAYATILARI…”

    Yanırsa-canda nə var?

    Donursa-qanda nə var?

    Gözün-gözümdə olsun,

    Gülüm,o yanda nə var?

    Səhərin üzü bozdu,

    Köz sönüb,üstü tozdu,

    Münəccim yuxu yozdu;

    demədi-sonda nə var?

    Şimşəksiz yağmaq olmur,

    Canı yamamaq olmur,

    Cəhrəni yorma,gülüm,

    Hər ipdən yumaq olmur,

    Hər ipdən yumaq olmur,

    Hər qərdi duymaq olmur,

    Canım,səndə nə var ki-

    həyatdan doymaq olmur?

  • Xalq şairi Vahid ƏZİZ.”MƏNƏ TƏRƏF…”

    Sən-gülsən,həyat-çəmən-

    Çiçək aç mənə tərəf,

    Elə bil bu dünyada təkcə

    sənsən birdə mən-

    Yaxınlaş mənə tərəf.

    Duymaqdayam qəlbini,

    Duyuban sevdim səni,

    Anlatmaqçün sevgini-

    Dağlar aş mənə tərəf.

    Yadlaşmaram heç vədə,

    Vəfalıyam sözümdə,

    Hamı sino getsə də-

    Uzaqlaş,mənə tərəf.

    Saçımda yel də olsan,

    Dən tutmuş tel də olsan,

    Yağmurlu sel də olsan-

    Çağla,daş mənə tərəf!

    İnan,gülüm,mənə sən;

    Ömrümdə bir dənəsən,

    İstəməzdim dönəsən

    Nailac,mənə tərəf…

  • Mədəniyyət Nazirliyi “İslam irsimizi tanıyaq” layihəsi çərçivəsində təqdim edir: Şamaxı Cümə məscidi

    Mədəniyyət Nazirliyinin “İslam irsimizi tanıyaq” layihəsi çərçivəsində təqdim etdiyi növbəti material Şamaxı Cümə məscidinə həsr edilib.

    Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən bildirilib.

    Məlumatda qeyd edilir ki, Cənubi Qafqazın və Yaxın Şərqin ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidi Xəlifə Xalid ibn Vəliyədin dövründə onun qardaşı Müslüm ibn Vəliyədin Azərbaycana gəlməsinin şərəfinə 743-cü ildə inşa olunub.

    Bəzi mənbələrə görə, Xilafət ordularının məğlub etdiyi Xəzər xaqanı məhz bu məsciddə İslam dinini qəbul edib.

    1859-cu ildə Qafqazın ən böyük quberniyalarından olan Şamaxıda baş verən dağıdıcı zəlzələdə zərər görən məscid bərpa edilib. 1902-ci ildə baş verən növbəti zəlzələ zamanı məscid dağılmayıb.

    1918-ci ildə erməni daşnak dəstələri tərəfindən törədilən mart qırğınları zamanı Şamaxıda da soyqırımı aktı həyata keçirilib. Ən böyük qırğın isə Cümə məscidində baş verib. Şamaxılıların məscidə sığındığını görən ermənilər burada yanğın törədərək təqribən 1700 günahsız insanı xüsusi amansızlıqla qətlə yetiriblər.

    Şamaxı Cümə məscidi Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində əsaslı təmir olunub. Bərpa və yenidənqurma işlərinə 2010-cu ilin martında başlanılıb. 2013-cü il mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məscidin açılış mərasimində iştirak edib.

    Mənbə: https://azertag.az/

  • Milli Xalça Muzeyində “Xalça sənəti – mənaların təkamülü” sərgisi açılacaq

    Sentyabrın 23-də Azərbaycan Milli Xalça Muzeyində “Xalça sənəti – mənaların təkamülü” adlı sərginin açılışı olacaq.

    Muzeydən AZƏRTAC-a bildirilib ki, layihə bu ilin yayında Kazan Kremli Muzey-Qoruğunda (Tatarıstan) nümayiş etdirilmiş və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Bu, Tatarıstan Respublikasının paytaxtında Azərbaycan xalçaçılığına, onun ənənələrinə və müasir təcəssümünə həsr olunmuş ilk genişmiqyaslı ekspozisiya olub.

    Azərbaycan xalçalarının ən dolğun kolleksiyasına malik, dünyanın ilk xalça muzeyi olan Azərbaycan Milli Xalça Muzeyi XIX əsrin sonu – XX əsrin əvvəllərində toxunmuş ecazkar klassik xalça nümunələrini nümayiş etdirəcək. Onların hər biri ornament, rəng tərtibatı və texniki xüsusiyyətlərinə görə müxtəlif regional ənənələri əks etdirən nümunələrdir.

    2010-cu ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi İrsi üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan xalçaçılıq sənəti günümüzdə davamlı olaraq yeni yanaşmalarla zənginləşsə də, qədim ənənələrini itirmədən inkişaf edir. Müasir rəssamlar qədim sənətkarlığı yeni yollarla inkişaf etdirərək əsərlər yaradırlar. Bu sərgidə təqdim olunan ənənəvi Azərbaycan xalçalarını və “CHINGIZ” yaradıcı təxəllüsü ilə işləyən Çingiz Babayevin müəllif əsərlərini birləşdirən məhz bu amildir.

    Müasir rəssam xalqının ənənələrinin və mədəniyyət normalarının daşıyıcısı olaraq, eskizləri və onların əsasında toxunmuş xalçalarda öz ornament dilini və xalçanın yeni dramaturgiyasını yaratmış olur. Azərbaycan xalçaçılıq ənənələrini təhrif etmədən, müasir sənət nümunələri yaradaraq interpretasiya edir. Beləliklə, klassik əsərlər yeni, müəllif xalçaları ilə qarşı-qarşıya qoyulur, bununla da məsafələri və zamanı qət edərək onlarla dialoqa girir.

    Sərgini müşayiət edən sənədli filmdə “CHINGIZ” tamaşaçılarla yaradıcılıq prosesinin sirləri ilə bölüşəcək, ənənəvi xalçanın fəlsəfəsindən və müasir yozumundan bəhs edəcək.

    Sərgi ziyarətçilər üçün sentyabrın 24-dən oktyabrın 17-dək açıq olacaq.

    Mənbə: https://azertag.az/

  • Yazıçı-publisist Elçin Hüseynbəyli haqqında kitab nəşr olunub

    Yazıçı-publisist, tərcüməçi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylinin anadan olmasının 60, ədəbi yaradıcılığının 40 illiyinə həsr olunmuş “Mən və eqom…” kitabı nəşr edilib.

    AZƏRTAC xəbər verir ki, “Yeni Poliqrafist” nəşriyyatı tərəfindən çap olunan kitab yazıçının şəxsiyyət və yaradıcılığı haqqında nəzərdə tutulmuş dörd kitabın birincisidir.

    Kitaba tanınmış qələm adamlarının (yazıçıların, şairlərin, tənqidçilərin, ədəbiyyatşünasların) müxtəlif zamanlarda yazdıqları məqalələr daxildir və E.Hüseynbəylini tanımaq və tanıtmaq baxımından əhəmiyyətlidir, çünki çeşidli ədəbi nəsillərin fikir və düşüncələrini özündə birləşdirir.

    Kitabın redaktorları Əməkdar incəsənət xadimi İntiqam Qasımzadə və Dürdanə İbrahimova-Hüseynbəylidir.

    Mənbə: https://azertag.az/

  • Azərbaycanın “Avroviziya-2022”də iştirakı təsdiqlənib

    Gələn il İtaliyada keçiriləcək “Avroviziya-2022” mahnı müsabiqəsində ölkəmizin iştirakı təsdiqlənib.

    İctimai Televiziya və Radio Yayımları Şirkətindən AZƏRTAC-a verilən məlumata görə, gələn ilin mayında baş tutacaq bu müsabiqədə ölkəmizi kimin təmsil edəcəyi hələlik müəyyən edilməyib.

    Müsabiqənin İtaliyanın hansı şəhərində baş tutacağı da məlum deyil. Hazırda bunun üçün namizəd şəhərlər var, lakin yekun qərar verilməyib.

    Qeyd edək ki, dünyanın ən baxımlı və populyar mahnı müsabiqəsi olan “Avroviziya”nın Azərbaycanda rəsmi yayım hüququ İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.

    “Avroviziya-2022” mahnı müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri tanınmış bəstəkar və prodüser İsa Məlikovdur.

  • “Qələbə hünəri” adlı respublika yaradıcılıq sərgisinə əsər qəbulu davam edir

    Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə noyabr ayının 6-da Vətən müharibəsində qələbəmizin ildönümünə həsr olunmuş “Qələbə hünəri” adlı respublika yaradıcılıq sərgisi təşkil olunacaq.

    Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, sərgi Azərbaycanın, xüsusən də işğaldan azad olunmuş ərazilərin təbiət gözəlliklərinin tərənnümü, Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığının və qazanılmış möhtəşəm tarixi zəfərin əsərlərdə nümayişi məqsədilə açılacaq.

    Sərgidə 18 yaşdan yuxarı yerli və xarici rəssamlar, heykəltaraşlar, qrafika və akvarel ustaları əsərləri ilə iştirak edə bilər.

    Sərgidə iştirak etmək üçün işlərin fotoları qelebehuneri@gmail.com elektron ünvanına göndərilməlidir.

    Əsər göndərərkən işin keyfiyyətli fotosu çəkilməli (2-5MB), müəllifin ad və soyadı, işin adı, ölçü qeyd olunmalıdır.

    Sərgidə 100 əsər nümayiş ediləcək. Seçimdə professionallıq, mövzu və ideya orijinallığı nəzərə alınacaq.

    İştirakçı sərgiyə ən çox 3 əsərini təqdim edə bilər, lakin seçim əsasında sərgidə yalnız bir əsər nümayiş olunacaq.

    Əsərlərin fotosunun göndərilməsinin son qəbul tarixi oktyabrın 10-dəkdir.

    Sərgilənəcək əsərlər təşkilat komitəsinin formalaşdırdığı və adları qabaqcadan elan olunacaq münsiflər heyəti tərəfindən seçiləcək.

    Sərgidə iştirak edəcək rəssamların siyahısı oktyabrın 15-də Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin rəsmi saytı və sosial media hesablarında paylaşılacaq.

    Seçilmiş əsərlər oktyabrın 30-dək Xətai Sənət Mərkəzinin 3-cü mərtəbəsindəki sərgi zalına təhvil verilməlidir.

    Nümayiş olunan əsərlərin müəllifləri sertifikatla təltif ediləcəklər.

    Sərgi Xətai Sənət Mərkəzində açılacaq.

    Sərginin Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi karantin qaydalarına uyğun keçirilməsi planlaşdırılır.

    Mənbə: https://azertag.az/

  • Şairə Vüsalə VƏTƏNXAN.Yeni şeirlər (IV hissə)

    Şəhid Şəhriyar Əsgərovun xatirəsinə

    Bu gün göyərçinin qanadlarında,
    Yüksələn ruhuma baxır vətənim.
    Üç rəngli bayrağın ayparasında,
    Şəhidlik rəmzini taxır vətənim.

    Anam nalə çəkib diz çökən anda,
    Tutun qollarından, qaldırın onu.
    Mənsiz bükülməyə izn verməyin,
    Şəhriyar oğlutək qoruyun onu.

    Vətənə qanımı halal etmişəm,
    Bu haq belə asan verilməz ələ.
    Qalmasın düşməndə bu pak torpağım,
    Yoxsa yaralarım ağrayar hələ.

    Allaha əmanət qoyub sizləri,
    Əbədi cənnətə yol alıram mən.
    Azadlıq uğrunda savaşan varsa,
    “Şəhidlər ruhutək” yaşayar vətən.

    Şəhid İlqar Bürcəliyevin əziz xatirəsinə


    Bu gün doğum günün imiş,
    Ey qəhrəman şəhid, İlqar.
    Gəncliyinə vəda etdi,
    Torpağa döndü arzular.

    Vətən qucaq açdı sənə,
    Sən vətənə qucaq açdın.
    Şəhidliyin zirvəsindən,
    Torpağa nurunu saçdın.

    Gözlərində işıldayan,
    Günəş sönən deyil, oğul.
    Bizi daim yaşadacaq,
    Həyat eşqindi bil, oğul.

    Səmalara ucaltmısan,
    Sən bu vətən bayrağını.
    Qanın ilə tarix yazıb,
    Öpdün vətən torpağını.

    XOCALIM


    Susun, sakit durun!
    Dünyanın dərinliyindən bir səs gəlir, körpə səsi,
    Boğur insanlığı, qopur göylərdəki ah-naləsi.
    Duyun, ölmüş vicdanların qətl etdiyi məzlum kəsi,
    Vermiş həyat bətnindəki doğulmamış son nəfəsi.

    Susun, sakit durun!
    Günəştək qalxsa da erkən, bu erkən yatma dünyası,
    Mənafe uğruna neyçün tükənməz qanlı dəryası?
    Ürəklər ürpədən fəryadı duymaq gec, nə faydası?
    Bəşər dönmüş müqəvvaya? Nədəndir yoxdur ehsası?

    Susun, sakit durun!
    Bədənlər sağ ikən yandı, Xocalım yandığı gündən,
    Nə eybi gördülər əfsus, fəqətdir güldülər gendən,
    Susun! Əlbət bu səssizlik çıxardar sizləri dindən!
    Həqiqət olduğu yerdə susan varsa, odur düşmən.

    Susun, yox, susmayın bir də!
    Dönüb dəryatək axdıqca bilin ki, qan tutar aləm,
    Duyunca körpə fəryadın İlahi dillənər hər dəm,
    Daha susma, daha susma, insan oğlu deyil əbsəm,
    Mən insanlıq mayasından zühur etmiş həmin sidqəm!

    (Qardaşıma həsr etdim)

    Qardaş, əsgərliyin mübarək olsun!
    Bu vətən torpağı sənə əmanət.
    Biz, ana-bacını qorumaq üçün,
    Düşmənlə üz-üzə gələrsən əlbət!

    Qardaş, əsgərliyin mübarək olsun!
    Qolumu göndərim, yenə güc olum,
    Dizimi göndərim taqətin üçün,
    Özümü göndərim, sənə güc olum.

    Qardaş, əsgərliyin mübarək olsun!
    Darıxma, özümtək yaxınam sənə.
    Bu il yuxusuzsan, bilirəm necə,
    Çünki öz gözümtək yaxınam sənə.

    Qardaş, əsgərliyin mübarək olsun!
    Təki sağ-salamat qayıt evinə!
    Sənin bir Allahın, bir də vətənin,
    Bir də ana-bacın sənə pərvanə.

    Qardaş, əsgərliyin mübarək olsun!
    Səninlə fəxr edir yerlə göy inan!
    Bu yolda müqəddəs xidmətin üçün,
    Baş əyir vətəni sevənlər hər an.

    Qardaş, əsgərliyin mübarək olsun!
    Qoru sən özünü, anana xatir.
    Gözü həsrət çəkən bacına xatir,
    Anatək ürəyi yanana xatir!

    Qardaş, əsgərliyin mübarək olsun!
    Allah pənahında saxlasın səni.
    Yolunu gözlərik, sağ-salamat gəl,
    Anan doya-doya qoxlasın səni!

  • Şairə Vüsalə VƏTƏNXAN.Yeni şeirlər (III hissə)

    Şəhid Əkbər Hüseynlinin xatirəsinə

    Ömrünü yarıda qoydu şəhidim,
    Çiçəklər tökəntək şux ləçəyini.
    Solmayan əbədi cənnət gülütək,
    Yaşatdı vətənin gül-çiçəyini.

    Atalar fəxr edər oğul gücünə,
    Mərdliyi, qeyrəti tarix yazıbdır.
    Gənc yaşda başdaşı qoyulan şəhid,
    Ana ürəyində məzar qazıbdır.

    Vətənin səngərdə doğan günəşi,
    Yüksələn bayrağı, şərəfi oldun.
    Sənin yüksəlişin dəldi göyləri,
    Cənnət məqamına qədəmin qoydun.

    Sən idin vətəni qoruyan mələk,
    Vətənə sinəni sipər edərək.
    Xain ayaqlardan azad etdiyin,
    Torpağa sarıldı anan, öpərək.

    Ömrünü yarıda qoyan Əkbərim,
    Yaşatdın gələcək nəsilləri sən.
    Vətənim sağ olsun! -dedin və getdin,
    Qoxladın əbədi o gülləri sən.



    Şəhid Mayor İlkin Rzayevin xatirəsinə

    Vətən, məni bağışla…
    Şəhidlik zirvəsinə daha erkən ucaldım.
    Məni Tanrı apardı, özüm vətəndə qaldım.
    Qanımı qurban verib, düşmənlərdən öc aldım,
    Zəfərlə addımladım, azadlığa yol aldım,
    Məni Murov dağına sancın bayraq yerinə.

    Oğul, məni bağışla…
    Yanında olmasam da tarixdə yaşayacam,
    İgidliyin, mərdliyin adını daşıyacam.
    Murovda aslan kimi, əzmlə vuruşmuşam,
    Vətənin qucaqında şəhadətə çatmışam.
    Bağışla məni Əli, yarım qalan ömrümə…

    Qızım, məni bağışla…
    Fələyin çevirdiyi saat sükuta doldu,
    Səni xoşbəxt etməyim ürəyimdə köz oldu,
    Sən gözümün Nurusan, nurun mənə göz oldu.
    Baxma ki gözlərimdə həyat çiçəyi soldu,
    Kaş kədər toxunmasın o gülən gözlərinə.

    Ana, məni bağışla…
    Ağarmış saçlarına toxuna bilməyəcəm,
    Sənlə keçən ömrümü səndən əsirgəyəcəm.
    Bağışla məni ana, daha mən gəlməyəcəm,
    Ahh, o xumar telinə sarılıb öpməyəcəm,
    Vətənin torpağını öpmüşəm qanım ilə..



    Şəhid Elçin İsmayılov İlqar oğluna

    Fəxr edirəm, vətən oğlu,
    Min igid var, biri sənsən.
    Hər igidin min hünəri,
    Min hünərdən nəri sənsən.

    Nə gözəldir bu torpağın,
    Duz-çörəyi, naz-neməti.
    Həm qüvvəti, güc-qüdrəti,
    Səndə olan şux qeyrəti.

    Mərd əlində qalxar bayraq,
    Yüksəkliyə ucaldıqca.
    İgid əsgər vətəninin
    Düşmənindən öc aldıqca.

    Sən cənnətin beşiyində
    Bir gül idin, qoxladıq biz.
    Ulu torpaq keşiyində,
    Elçin, adın saxladıq biz.

  • Şairə Vüsalə VƏTƏNXAN.Yeni şeirlər (II hissə)

    VƏTƏN UĞRUNDA İKİ GÖZÜNÜ DƏ İTİRMİŞ QAZİ İSMAYIL HÜSEYNZADƏYƏ

    Vətən adlı günəş doğdu bir igidin gözlərində,
    Gözlərinə qəlpə dəyən zaman, günəş utandımı?
    Görən varmı əvvəlkitək o taqəti dizlərində?
    Bu zülmətin ağuşunda çarə tapıb, tutundumu?

    O pak eşqin beşiyində, vətəninin keşiyində,
    Tutunmağa bircə yeri onun qəlbindəki yerdir.
    İnsanlığa örnək verən məhəbbəti var igidin,
    Vətən ilə anasına sığındığı qucaq birdir.

    Gözlərini bu vətənə qurban verən qazilərin,
    Sevincini itirdiyi gözlərinə qurban olum.
    Haq döyüşdə səngərlərdə gecə-gündüz yorulmadan,
    Zərəf ilə addımlayan dizlərinə qurban olum.

    İtirdiyi günəşini, hər işıqlı sabahını,
    Mərd oğullar yerdə qoymaz igidimin bu ahını.
    Qürur duyub, fəxr elədi vətən torpağı sizlərlə,
    Uca Allah, əksik etmə igidlərdən pənahını!
    Uca Allah, əksik etmə igidlərdən pənahını!

    Şəhid Əşrəf Məmmədliyə həsr (şeir)

    Rahat uyu, igid əsgər,
    Vətəninin torpağında.
    Adın daim ucalacaq,
    Büküldüyün bayrağında.

    Rahat uyu, igid əsgər,
    Qanın yerdə qalmadı, bil.
    Sənin şücaətin varkən,
    Bu vətən əzilən deyil!

    Rahat uyu, igid əsgər,
    Şəhidliyin məqamında.
    Alnımızı ağ etdin sən!
    Hər addım, intizamında.

    Rahat uyu, igid əsgər,
    Doğma vətən, bil, azaddır!
    Düşmənlərdən pak etdiyin,
    Hər qarışı bil, abaddır!

    Rahat uyu, igid əsgər,
    Bu xalq səni unutmazdır.
    Öpüb sənin ayağından,
    Təşəkkür etsək də azdır!

    Rahat uyu, igid Əşrəf!…

    Şəhid Baş Leytenant Ramil Bayramovun xatirəsinə

    Mən Şəhidəm!
    Çünki, mənim damarımda vətən axır qan yerinə!
    Qeyrətimdə, namusumda, bədənimdə can yerinə!
    Son nəfəsi vətənimçün vermişəm qurban yerinə!
    Siz yaşadın bu vətəni!

    Mən şəhidəm,
    Vətənimin torpağında, ağacında, suyundayam,
    Yüz illərdir azadlığın yazılmayan sayındayam,
    Artıq varam, ruhum azad! Bu vətənin hayındayam,
    Siz yaşadın bu vətəni!

    Mən Şəhidəm!
    Məhəbbətim, sədaqətim vətənimçün müqəddəsdir!
    Həqiqi eşqi var olan şəhadəti dadan kəsdir.
    Vətən gülü yüz illərdir qan ağladı, daha bəsdir,
    Siz yaşadın bu vətəni!

    Mən şəhidəm!..
    Mən cənnəti vətənimin azadlığında istərəm!
    Bayrağı yüksələn yeri uçub səmada göstərəm.
    Vətən üçün gərək isə ruhum ilə səfərbərəm,
    Siz yaşadın bu vətəni!


  • Şairə Vüsalə VƏTƏNXAN.Yeni şeirlər (I hissə)

    Şəhid Anar Nağıyev Sahib oğlunun xatirəsinə

    Görün necə…
    Bu vətənin sağlığına can verənlər yaşayarmış,
    Yaşadıqca vətən adın zirvələrə daşıyarmış,
    Görün necə, vətən üçün əlləriylə daş oyarmış,
    Şəhidlərim…

    Görün necə…
    Pak torpağa paklığını qanlarıyla bəxş edərlər,
    Yaddaşlara igidliyi, mərdliyini nəqş edərlər,
    Görün necə, azadlığı bizə verib, tez gedərlər,
    Şəhidlərim…

    Görün necə…
    Yaramızı sarmaq üçün gəncliyinə vəda edib,
    Həqiqi eşq ilə canı vətəninə fəda edib,
    Anar kimi şəhadəti könlümüzə nida edib,
    Şəhidlərim…


    Şəhid Zeynallı Rəşad Qiyas oğlunun xatirəsinə

    __________

    Torpağı doyduran şəhid.

    Vətən doydu qanın ilə,
    Torpağı doyduran şəhid.
    Elə cavan şəhid oldun,
    Ürəyi oyduran şəhid.

    Arzulara baxmadın sən,
    Həyat yolu axmadın sən,
    Bəyliyini taxmadın sən,
    Bayrağı qaldıran şəhid!

    Tarixə həkk oldu adın,
    Var idi bircə muradın,
    Muradı yetdi Rəşadın,
    Torpağı doyduran şəhid.

    Gözü yaşlı qaldı anan,
    Bütün ömrü oldu talan.
    Halına olmadı yanan.
    Bağrını yandıran şəhid.


    ANAMA HƏDİYYƏM ŞƏHİDLİYİMDİR!
    Şəhid Cəbrayıl Dövlətzadəyə həsr

    __

    Anacan, ad günün mübarək olsun!
    Başını uca tut, göz yaşı tökmə.
    Fəxr elə, şəhidlik zirvəsindəyəm,
    Ağlama, heç zaman dərd-qəmi çəkmə.

    Haqqını halal et, gələ bilmədim,
    Bu il yanağından öpə bilmədim.
    Öpmüşəm vətənin torpağını mən,
    Vətəni tək qoyub, dönə bilmədim.

    Fəxr elə, anacan, qürur duy hər vaxt,
    Düşmənə bircə an boyun əymədim.
    Halal torpağımda döyüşdüm, ancaq
    Özgə torpağına zərrə dəymədim.

    Anacan, andımız var idi bizim,
    Vətənçün yaşayıb, ölməyi seçdim.
    Uşaqlıq arzumu gerçək etmişəm,
    Mən şəhid olmuşam,
    Əbədi həyatın şərbətin içdim.

    Anacan, ad günün mübarək olsun,
    Qoyma gözlərində kədər-qəm olsun.
    Vətənin bayrağın ucaltmışam mən,
    Şəhidlik məzarım hədiyyəm olsun.

  • Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Soyunub qəm köynəyini”

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru


    Soyunub qəm köynəyini

    Üzü dağlara gedəsən.

    Gəzib dağları doyunca

    Sonra da gözdən itəsən.

    Acını çəkə ev-eşik,

    Yol gözləyə dost-tanışın.

    Çiliklənən xatirələr

    Ola sənin məzar daşın.

    Dolasan bulud gözlərə

    Payız olub, yaz güləsən.

    Baş daşından gülümsəyib

    Yağış kimi töküləsən.

    Anan gələ görüşünə,

    Atan qucaqlaya səni.

    Sevincdən daşın çatlaya

    Dərdlərin ağlaya səni.

    Güləsən torpaq üzünə,

    Güləsən külək yaşına.

    Son gülüşün xatirinə,

    Hamı yığıla başına.

    Səni sevən könüllərin

    Qalasan qız yaddaşında.

    Darıxdığın ölüm üçün

    Ölməyəsən bu yaşında..

    18.09.21.

  • Şair-publisist Əli Rza XƏLƏFLİ.”Mən Şuşaya gedirəm”

    This image has an empty alt attribute; its file name is Eli-rza-xelefli.jpg

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Kredo” qəzetinin Baş redaktoru 

    Mən Şuşaya gedirəm

    Zəfər yolu çağırır, ruhum uçur yollara,

    Aşıram neçə həddi, mən Şuşaya gedirəm.

    Həsrətlərə od vurub, ayrılığı yandırıb,

    Yıxıb divarı, səddi, mən Şuşaya gedirəm…

    İnamımın ocağı küləkləndi, qor aldı,

    Ümidimin köhləni şahə qalxdı, zor aldı…

    Varlığım sahmanına tale payı var aldı,

    Düzəldib bükük qəddi , mən Şuşaya gedirəm…

    Pənah xan, İbrahim xan, ulu Natəvan səsi,

    Ürəyimə, ruhuma içdim bu rəvan səsi,

    Qəlbimə təpər verdi Qarabağın nəfəsi,

    Yol açdı işıq cəddi, mən Şuşaya gedirəm…

    Gordu baba əvəzi , Qurbani Diri də mən,

    Xələf dağa can verib, yeriyən sirri də mən,

    Su yoluna döndərib, gedənin biri də mən,

    Tapdayıb izi, rəddi , mən Şuşaya gedirəm…

    Sevincimi pay bölüm dedim bütün aləmə,

    Gördüm bir səs deyir ki, yalan hay küy eləmə,

    Xələflinin səsinə oyandım ki, sən demə,

    Yuxuda keçib xətti, mən Şuşaya gedirəm…

    19. 09. 2021.

  • “Eşitsək ki, ömür – yarı…” – Şəfa Vəli yazır

    Şəfa VƏLİ
    Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
    Bu il payızı yaman gözlədik… Gəlsə, bir az həzin yağışlar yağsa, ağaclar yetişən meyvələrini az-az, ovuc-ovuc uzatsa aşağı… Xəzəllər topalansa səkilərə, yeridikcə ayaqlayaq, xışıltılı nəğmələri ruhumuzu oxşasa… Hə, çox gözlədik biz payızı… Gəlmədi… Aylardan sentyabr, ağaclarda adda-budda saralmağa meyilli yarpaqlar, havada bozun min birinci ədası, amma payız yox… Bu il payız gəlmədi, açdığı qapıdan başını uzadıb bircə dəfə boylandı, geri çəkilərək yolu qışa verdi. Həmişə payıza qadın deyirdik. “Qışın oğlan çağı”yla başlayırdıq üşüyən cümlələri. Bəs indi? İndi payızın özündən əvvəl qışı göndərməsini qadın nəzakəti adlandıraq, yoxsa kişi hökmü? Bilmirəm ki… 
    Sadəcə, yazıram… “Eşqə ürək gərək” deyirdi bütün bayatılar, gəlib “eşqə gərəkli düşüncələr”in axtarıldığı zamana çıxmışıq. Yox, özümüz gəlməmişik, kainatın nizamına səpilmiş bir ovuc muncuq kimiyik, fırlanıb, axıb boyumuz boyda bir yer tutmuşuq xaotik boşluqda, amma gözümüz bizim olmayan yerlərdə… 
    Şəkinin qədim məhəllələrindən birində gəzişirəm, ayaqlarıma dəyən daşların hekayəsini dinləmək istəyirəm. Hansı çayda hansı balığın sevgi izharını dinləyib bu daşlar, görəsən? Nə vaxt gətirilib bu küçəyə, bu boyu boyda yerdə illərlə boynunu büküb qalmaqdan şikayətçidirmi? Daş dillənmir, mənsə susa bilmirəm… Kainata iddialı insan oğlu neçə nəslin ayaq izlərini yaddaşında daşıyan bu daş qədər şükür bilmir… Bilmir… Bilmirsə, kimdi günahkar? Etdiklərimizi, etmədiklərimizi boynuna yıxdığımız Şeytanmı? Ömrümüzün harasında, könlümüzün hansı duyğusundadı Şeytan? Tanıyırıqmı onu? Tanımağa çalışırıqmı? Yox… Güzgülərə gözəl görünmək üçün baxırıq… 
    Bütün bu düşüncələrdən qaçıb keçirəm kompüterimin arxasına, şair qardaşım Kənan Aydının şeirləriylə baş-başa qalıb özünü qışa təslim edən payızdan da, Şeytan axtarışından da əl çəkmək istəyirəm. Amma “könüldən könülə görünən yollar”daymışam: 
    Şeytanın görəsən, nə günahı var,
    Bəndələr yolunu azana kimi?! 

    Şeytanın məsumluğunu düşünən də ancaq şairdi bu dünyada. Şəkinin başının üstündə dayanıb sentyabrın ən gözəl günlərində ərklə gündüzlər dumanını, gecələr yağışını göndərən dağlar görünür pəncərəmdən. İndicə Kənan Aydının “Dağların əzəməti şairlərə yazıldı…”  misrasını oxumuşam.  Bəxtiyar Vahabzadənin doğulduğu ev küçənin o başındadı. Ayağından  dərə çayı keçən məhlədə doqquz il Bəxtiyar dağla üz-üzə dayanıb. Həmin anlarda o baxışlardan nə oxunurdu, kimsə bilməz, bircə o dağdan savayı.  Yadında nə saxlayıb o doqquz ildən əzəmətli dağ? Soruşsam, söylərmi, görəsən? Hansı sözlə oxşamalıyam bu dağı? Bəlkə Bəxtiyardan bir bənd şeir deməliyəm?  Bilmirəm… Amma o dağı o məhlədən gördüyüm gündən bəri Kənan Aydının bir misrası dilimdə əzbər olub: “Bu torpağın daşında şeir yazmaq gözəldi…” 
    Di gəl, bircə misra da doğulmur hələ ruhumun sancısından. Ululardan üzübəri min bayatıda, min bir şeirdə cəlallanan dağlar bircə şeirimdə boy göstərmir hələ… Günahkar axtarıram şeirsizliyimə, tapıram Kənan qardaşımın şeirlərində: “Şairlərin öz baxtı var!” Bu andakı şeirsizliyimlə-bəxtsizliyimlə dönüb bəxtəvər həyatıma baxıram; şeir kitabımı vərəqləyirəm, esselərimi ard-arda düzürəm, “Ulduz”un iyul sayında çıxan hekayəm üçün dünən axşam eşitdiyim xoş sözləri xatırlayıram. 
    Gözəl xatirələrə də yaşamaq xofu öz kölgəsini sala bilir. Təbəssümümə çilənir bir ovuc qorxu; yaşanmışların hamısı gedən ömürdəndi axı… Hə, yaşadığımıza sevinir, günə gözəl başlayır, amma  axşamlar “bir gün də belə getdi…” – deyib peşman-peşman üzü göyə dayanırıq… Kənan Aydın bu anı da şeirləşdirə bilib: 
    Eşitsək ki, ömür – yarı,
    Başımızdan tüstü çıxar… 

    Təbii, bu cür “faniliyin dərki ilə” sabahkı günə olan ümidə sarıla, o ümidin qoxusuyla yuxuya gedə bilməzdik, təsəlli üçün tutacağımız cümlələr-misralar olmasaydı: 
    Ömür bitməyib ki, yaşamaq olar,
    Həyatın özünün fəlsəfəsi var. 

    Filosofluq eləmək istəmirəm,  qışın ağ kürkünün boz saçaqları sallanan havanın pəncərəmdən görünən üzünə qızılı rübənd çəkirəm-pərdələrimi bağlayıram. Kompüterimin ekranına bir dəstə çiçək şəkli yerləşdirirəm, sonra da o dəstənin yarpaqlarında sarılıq axtarıram. İşə bax, cəmi bir sarı yarpaq varmış… Yenə dönürəm Kənan Aydının şeirlərinə, yaşadığım anın şəklini tapıram misraların arasında: “Çiçəklərin eşqinə şeir oxuyan mənəm…” Saralmış vərəqlərini dırnaqlarımla araladığım kitablar gəlir ağlıma, qoxularının həsrətini çəkirəm. Durub bir kitab götürürəm əlimə, təsadüfə bax, Mahmud İsmayılovun “Azərbaycan tarixi” kitabıymış əl uzatdığım… Keçən həftə öyrənmişəm Mahmud İsmayılovun şəkili olduğunu. Saralmış vərəqlərin qoxusunu çəkirəm burnuma, oxuduğum elektron kitabların qınağını duyuram kompüterin xışıltısının içindən… Özümə bəraət qazandırmaqçün Kənanın misraları köməyimə gəlir: 
    Masamın üstündə bu gün
    Bir dənə kitab qalmayıb… 

    Elektron kitabların xətrinə dəyməmək üçün əlimdəki kitabı kompüterin arxasına qoyuram. Qoxusu gəlsə də, yetər… 
    Kənan Aydın şeirlərinin birində “Gözlərimdə Sumqayıt – bir az yuxulu şəhər…” – deyir. Görəsən, Sumqayıt bu misranı tərif kimi qəbul edir, yoxsa dəcəlliyinə görə danlanmış  uşaq kimi üzünə bir qırışıqlıq çökür? Sonuncu görüşdə küskün dəydi gözümə Sumqayıt. İyulun bürküsündə bürünmüşdü insanların laqeydliyinə, yaxasındakı sonuncu açıq düyməni də  Xəzərin küləyinin eşqinə bağlamırdı… İki aydı ki, Sumqayıta deməyə, onun könlünü almağa bir söz axtarıram. Amma nə? Bir şəhərin könlünü almaq üçün hansı sözü seçməliyəm? “Xoş söz özü bir təsəlli…” – deyir Kənan, mən o  xoş sözü tapmıram… Yenə də bəxtsizliyimin köksünə sıxıram çarəsizliyimi… Şəkidə doğulacaq ilk şeirimi gözləyirəm Kənan Aydının misralarındakı sonuncu təsəllim dilimdə: 
    Hələ ki bitməyib bu şair ömrüm,
    Mən də yazmalıyam yazana kimi…
        
    Şəki, 10 sentyabr 2021 

  • Xalq şairi Vahid ƏZİZ.”OCAQLAR GENNƏN TANINAR…”

    Eynəyim gözə görədi,

    çörəyim üzə görədi,

    ocaqlar gennən tanınar-

    tüstüsü közə görədi,

    Küləyimin gur səsi var,

    ürəyimin körpəsi var,

    hər selin öz körpüsü var-

    çırmanmaq dizə görədi,

    Oynadıb kəpənəkləri

    tökməyin üstünnən zəri,

    gözəl çəmən çiçəkləri-

    savaşlar sizə görədi!

    El aşığı sözü bilər,

    Göydən Baxan düzü bilər,

    atıb-gedən özü bilər;

    məhəbbət bizə görədi,

    Ay ömrümün yağı,balı,

    tapımaz məndən vəfalı,

    yar evinin qalmaqalı

    Vahiz ƏZİZə görədi…

  • Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə Azərbaycanda musiqi təhsilinin inkişafında xidmətlərinə görə Akademiyanın aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin:

    “Əməkdar incəsənət xadimi”

    Babayeva Rasimə Əhməd qızı

    Neymanova Kəmalə İlyas qızı

    “Əməkdar artist”

    Ağayeva Rəna Knyazevna

    Məlikova Nigar Akif qızı

    “Əməkdar müəllim”

    Aşumova Samirə Rauf qızı

    Bədirxanov Tofiq Nurəli oğlu

    Cəfərova Lalə Tahir qızı

    Əhədzadə Məleykə Böyükağa qızı

    Hacıyeva Firəngiz Alim qızı

    Həsənova Cəmilə İsmayıl qızı

    Həsənzadə Xatirə Nəriman qızı

    Mahmudova Gülzar Rafiq qızı

    Mailova Adilə Hüseynovna

    Mansurova Nərgiz Nail qızı

    Məmmədova Arzu Böyükağa qızı

    Məmmədova Arzu Raiz qızı

    Məmmədova Leyla Mütalib qızı

    Məmmədyarova Gülnarə Hadi qızı

    Mirbabayeva Kəmalə Mir Bağır qızı

    Nəsirova Könül Yasif qızı

    Paşayev Əliheydər Paşa oğlu

    Rüstəmova Afaq Adil qızı

    Rzayeva Laləxanım Seyid Nağı qızı

    Sultanova Fəridə Nurəddin qızı

    Tuayeva Mədinə Zaurbəyovna

    Yusifova Lətafət Ağa qızı

    Zamanova Alya Abas qızı.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 17 sentyabr 2021-ci il

    Mənbə: https://president.az

  • Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə Azərbaycanda musiqi təhsilinin inkişafında xidmətlərinə görə Akademiyanın aşağıdakı əməkdaşları təltif edilsinlər:

    3-cü dərəcəli “Əmək” ordeni ilə

    Acalova Gülnarə Almazovna

    Əfəndiyeva İmruz Məmməd Sadıx qızı

    Əzimov Aydın Kərim oğlu

    İmanova Ülviyyə İsmayıl qızı

    Quliyeva Nərminə Əhməd qızı

    Məmmədov Tariyel Aydın oğlu

    Seyidov Tərlan Mir Əşrəf oğlu

    “Tərəqqi” medalı ilə

    Axundova Könül Tofiq qızı

    Axundova Yeganə Əsgər qızı

    Ələsgərov Arzu Süleyman oğlu

    Əsədova Səbinə Çingizovna

    Fərəcov Tahir Heydər oğlu

    Həsənov Hidayyət Həsən oğlu

    Hüseynova Könül Qabil qızı

    İsmayılzadə Nuridə Cəfər qızı

    Quliyev Tərlan Aslan oğlu

    Məmmədova Sevda Binyatulla qızı

    Məmmədova Sevda Əhməd qızı

    Musayeva Elmira Danil qızı

    Rəhimova Aytac Elxan qızı

    Rimazi Nəzakət Hüseyn qızı

    Süleymanova Tomrid Kazım qızı.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 17 sentyabr 2021-ci il

    Mənbə: https://president.az

  • Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

    1. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə Azərbaycanda musiqi təhsilinin inkişafında xidmətlərinə görə Akademiyanın aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilsin:

    Abbaszadə Nəzmiyyə Müzəffər qızı

    Sinamdzqvarişvili Siala Vaxtanqovna

    Yaqubova Tahirə Əhəd qızı.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 17 sentyabr 2021-ci il

    Mənbə: https://president.az

  • Şair-ədəbiyyatşünas Təranə Turan RƏHİMLi “Altın qələm” mükafatı ilə təltif olunub

    Azərbaycan və Yazıçılar Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Dünya Gənc Türk Yazar Birliyi (DGTYB) Məsləhət Şurasının üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair, tənqidçi, ədəbiyyatşünas Təranə Turan RƏHİMLi Qırğızıstan Respublikası Şair və Yazıçıları Fondunun “Altın qələm” mükafatı ilə təltif olunub.

    Xatırladaq ki, 2017-ci ildə istedadlı şairə Təranə Turan RƏHİMLi “Azərbaycan nəsri və təndiq” monoqrafiyasının konseptual elmi yeniliklərinə, çağdaş ədəbi-nəzəri düşüncəni və milli intelektual təfəkkürü zənginləşdirdiyinə görəAzərbaycan Yazıçılar Birliyi tərəfindən Fəxri fərmanla təltif olunub.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının növbəti nömrəsi çap olunub

    Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Müqayisəli ədəbiyyatşünaslıq” beynəlxalq elmi jurnalının növbəti nömrəsi nəşr olunub.

    İnstitutdan AZƏRTAC-a bildirilib ki, toplu Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən rəsmi qeydiyyata alınıb.

    “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının baş redaktoru AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat institutunun baş direktoru akademik İsa Həbibbəylidir. Baş redaktorun müavinləri filologiya elmləri doktorları, professorlar Məmməd Əliyev, Gülər Abdullabəyova və Bədirxan Əhmədovdur. Jurnalın məsul katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli, məsul redaktoru isə Maral Poladovadır.

    Jurnal akademik İsa Həbibbəylinin “Azərbaycan-Çin ədəbi və elmi əlaqələri” məqaləsi ilə açılır. “Türk xalqları ədəbiyyatı”, “Slavyan xalqları ədəbiyyatı”, “Avropa və Amerika ədəbiyyatı”, “Asiya və Afrika xalqları ədəbiyyatı”, “Müqayisəli ədəbiyyatşünaslığın nəzəri məsələləri” və “Resenziyalar” bölümlərində müxtəlif elmi məqalələr işıq üzü görüb.

    Bu nömrədə Azərbaycan və rus dillərində məqalələr yer alıb.

    Jurnalın redaksiya heyətinə Azərbaycan, Türkiyə, Rusiya, Çin, Özbəkistan, Bolqarıstan, Qırğızıstan, Macarıstan, Çexiya, Başqırdıstan, Tatarıstan, Cənubi Koreya, Qazaxıstan, Türkmənistan, Ukrayna və Polşanın alimləri daxildir.

  • Orxan İsayevin tərcümə kitabı nəşr olunub

    AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dissertantı, Azərbaycan şifahi xalq ədəbiyyatı və ədəbi abidələr şöbəsinin kiçik elmi işçisi Orxan İsayevin tərcüməsində Mirzə Şərif Mirzəyevin “Qafqazda türk mətbuatı tarixinə dair materiallar” kitabı çap olunub. Tərcümə kitabı Ədəbiyyat İnstitutun Elmi Şurasının 17 iyun 2021-ci il tarixli 4 saylı qərarı ilə nəşr edilib.

     Kitabın ön sözünün müəllifi və elmi redaktoru Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməddir. Kitabın rəyçiləri filologiya üzrə fəlsəfə doktorları Elmira Qasımova və Gülbəniz Babayevadır. “AFPoliqrAF” nəşriyyatında çap olunan kitab 200 səhifədən ibarətdir.

    Mirzə Şərif Mirzəyevin “Qafqazda türk mətbuatı tarixinə dair materiallar” kitabı rəsmi və arxiv sənədlərindən istifadə etməklə Qafqazdakı çar məmurlarının Azərbaycan türklərinə qarşı yürütdüyü işğalçılıq siyasətini tamamilə ifşa edir. Qafqaz Senzura Komitəsində yerli və şərq dilləri senzoru kimi çalışmış ilk və son azərbaycanlı Mirzə Şərif Mirzəyev Azərbaycan mətbuatı qarşısında yaradılan süni əngəlləri tarixi faktlar əsasında göstərir. “Qafqazda türk mətbuatı tarixinə dair materiallar” əsəri Azərbaycan mətbuatının yaranmasının 50 illiyi münasibətilə rus dilində yazılıb və ilk dəfə məhz bu kitabda Azərbaycan dilində oxuculara təqdim olunur.

    Rus dilində yazılan əsər ilk dəfə 2009-cu ildə Elmira Qasımova və Rəna Mayılova tərəfindən kitab halında çap edilmiş və Orxan İsayevin tərcüməsi həmin nəşrin əsasında gerçəkləşib.

    Gülnar Səma

    Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

    İctimaiyyətlə əlaqələr şöbəsi