Şəfa VƏLİ
Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Bu il payızı yaman gözlədik… Gəlsə, bir az həzin yağışlar yağsa, ağaclar yetişən meyvələrini az-az, ovuc-ovuc uzatsa aşağı… Xəzəllər topalansa səkilərə, yeridikcə ayaqlayaq, xışıltılı nəğmələri ruhumuzu oxşasa… Hə, çox gözlədik biz payızı… Gəlmədi… Aylardan sentyabr, ağaclarda adda-budda saralmağa meyilli yarpaqlar, havada bozun min birinci ədası, amma payız yox… Bu il payız gəlmədi, açdığı qapıdan başını uzadıb bircə dəfə boylandı, geri çəkilərək yolu qışa verdi. Həmişə payıza qadın deyirdik. “Qışın oğlan çağı”yla başlayırdıq üşüyən cümlələri. Bəs indi? İndi payızın özündən əvvəl qışı göndərməsini qadın nəzakəti adlandıraq, yoxsa kişi hökmü? Bilmirəm ki… 
Sadəcə, yazıram… “Eşqə ürək gərək” deyirdi bütün bayatılar, gəlib “eşqə gərəkli düşüncələr”in axtarıldığı zamana çıxmışıq. Yox, özümüz gəlməmişik, kainatın nizamına səpilmiş bir ovuc muncuq kimiyik, fırlanıb, axıb boyumuz boyda bir yer tutmuşuq xaotik boşluqda, amma gözümüz bizim olmayan yerlərdə… 
Şəkinin qədim məhəllələrindən birində gəzişirəm, ayaqlarıma dəyən daşların hekayəsini dinləmək istəyirəm. Hansı çayda hansı balığın sevgi izharını dinləyib bu daşlar, görəsən? Nə vaxt gətirilib bu küçəyə, bu boyu boyda yerdə illərlə boynunu büküb qalmaqdan şikayətçidirmi? Daş dillənmir, mənsə susa bilmirəm… Kainata iddialı insan oğlu neçə nəslin ayaq izlərini yaddaşında daşıyan bu daş qədər şükür bilmir… Bilmir… Bilmirsə, kimdi günahkar? Etdiklərimizi, etmədiklərimizi boynuna yıxdığımız Şeytanmı? Ömrümüzün harasında, könlümüzün hansı duyğusundadı Şeytan? Tanıyırıqmı onu? Tanımağa çalışırıqmı? Yox… Güzgülərə gözəl görünmək üçün baxırıq… 
Bütün bu düşüncələrdən qaçıb keçirəm kompüterimin arxasına, şair qardaşım Kənan Aydının şeirləriylə baş-başa qalıb özünü qışa təslim edən payızdan da, Şeytan axtarışından da əl çəkmək istəyirəm. Amma “könüldən könülə görünən yollar”daymışam: 
Şeytanın görəsən, nə günahı var,
Bəndələr yolunu azana kimi?! 

Şeytanın məsumluğunu düşünən də ancaq şairdi bu dünyada. Şəkinin başının üstündə dayanıb sentyabrın ən gözəl günlərində ərklə gündüzlər dumanını, gecələr yağışını göndərən dağlar görünür pəncərəmdən. İndicə Kənan Aydının “Dağların əzəməti şairlərə yazıldı…”  misrasını oxumuşam.  Bəxtiyar Vahabzadənin doğulduğu ev küçənin o başındadı. Ayağından  dərə çayı keçən məhlədə doqquz il Bəxtiyar dağla üz-üzə dayanıb. Həmin anlarda o baxışlardan nə oxunurdu, kimsə bilməz, bircə o dağdan savayı.  Yadında nə saxlayıb o doqquz ildən əzəmətli dağ? Soruşsam, söylərmi, görəsən? Hansı sözlə oxşamalıyam bu dağı? Bəlkə Bəxtiyardan bir bənd şeir deməliyəm?  Bilmirəm… Amma o dağı o məhlədən gördüyüm gündən bəri Kənan Aydının bir misrası dilimdə əzbər olub: “Bu torpağın daşında şeir yazmaq gözəldi…” 
Di gəl, bircə misra da doğulmur hələ ruhumun sancısından. Ululardan üzübəri min bayatıda, min bir şeirdə cəlallanan dağlar bircə şeirimdə boy göstərmir hələ… Günahkar axtarıram şeirsizliyimə, tapıram Kənan qardaşımın şeirlərində: “Şairlərin öz baxtı var!” Bu andakı şeirsizliyimlə-bəxtsizliyimlə dönüb bəxtəvər həyatıma baxıram; şeir kitabımı vərəqləyirəm, esselərimi ard-arda düzürəm, “Ulduz”un iyul sayında çıxan hekayəm üçün dünən axşam eşitdiyim xoş sözləri xatırlayıram. 
Gözəl xatirələrə də yaşamaq xofu öz kölgəsini sala bilir. Təbəssümümə çilənir bir ovuc qorxu; yaşanmışların hamısı gedən ömürdəndi axı… Hə, yaşadığımıza sevinir, günə gözəl başlayır, amma  axşamlar “bir gün də belə getdi…” – deyib peşman-peşman üzü göyə dayanırıq… Kənan Aydın bu anı da şeirləşdirə bilib: 
Eşitsək ki, ömür – yarı,
Başımızdan tüstü çıxar… 

Təbii, bu cür “faniliyin dərki ilə” sabahkı günə olan ümidə sarıla, o ümidin qoxusuyla yuxuya gedə bilməzdik, təsəlli üçün tutacağımız cümlələr-misralar olmasaydı: 
Ömür bitməyib ki, yaşamaq olar,
Həyatın özünün fəlsəfəsi var. 

Filosofluq eləmək istəmirəm,  qışın ağ kürkünün boz saçaqları sallanan havanın pəncərəmdən görünən üzünə qızılı rübənd çəkirəm-pərdələrimi bağlayıram. Kompüterimin ekranına bir dəstə çiçək şəkli yerləşdirirəm, sonra da o dəstənin yarpaqlarında sarılıq axtarıram. İşə bax, cəmi bir sarı yarpaq varmış… Yenə dönürəm Kənan Aydının şeirlərinə, yaşadığım anın şəklini tapıram misraların arasında: “Çiçəklərin eşqinə şeir oxuyan mənəm…” Saralmış vərəqlərini dırnaqlarımla araladığım kitablar gəlir ağlıma, qoxularının həsrətini çəkirəm. Durub bir kitab götürürəm əlimə, təsadüfə bax, Mahmud İsmayılovun “Azərbaycan tarixi” kitabıymış əl uzatdığım… Keçən həftə öyrənmişəm Mahmud İsmayılovun şəkili olduğunu. Saralmış vərəqlərin qoxusunu çəkirəm burnuma, oxuduğum elektron kitabların qınağını duyuram kompüterin xışıltısının içindən… Özümə bəraət qazandırmaqçün Kənanın misraları köməyimə gəlir: 
Masamın üstündə bu gün
Bir dənə kitab qalmayıb… 

Elektron kitabların xətrinə dəyməmək üçün əlimdəki kitabı kompüterin arxasına qoyuram. Qoxusu gəlsə də, yetər… 
Kənan Aydın şeirlərinin birində “Gözlərimdə Sumqayıt – bir az yuxulu şəhər…” – deyir. Görəsən, Sumqayıt bu misranı tərif kimi qəbul edir, yoxsa dəcəlliyinə görə danlanmış  uşaq kimi üzünə bir qırışıqlıq çökür? Sonuncu görüşdə küskün dəydi gözümə Sumqayıt. İyulun bürküsündə bürünmüşdü insanların laqeydliyinə, yaxasındakı sonuncu açıq düyməni də  Xəzərin küləyinin eşqinə bağlamırdı… İki aydı ki, Sumqayıta deməyə, onun könlünü almağa bir söz axtarıram. Amma nə? Bir şəhərin könlünü almaq üçün hansı sözü seçməliyəm? “Xoş söz özü bir təsəlli…” – deyir Kənan, mən o  xoş sözü tapmıram… Yenə də bəxtsizliyimin köksünə sıxıram çarəsizliyimi… Şəkidə doğulacaq ilk şeirimi gözləyirəm Kənan Aydının misralarındakı sonuncu təsəllim dilimdə: 
Hələ ki bitməyib bu şair ömrüm,
Mən də yazmalıyam yazana kimi…
    
Şəki, 10 sentyabr 2021