Ötən il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı növbəti təxribatı Azərbaycanı əks-hücum əməliyyatına başlamağa vadar etdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu təcavüzkar düşmənə qarşı qətiyyətlə mübarizəyə başladı və 44 gün ərzində uğurla irəliləyərək işğal altında olan ərazilərimizi azad etməyə nail oldu. Bölgədə sülhün və sabitliyin əsasını qoydu. Dünya 44 gündə Azərbaycan Ordusunun gücünü və igidlərimizin şücaətini gördü.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı deyib.

Bildirib ki, ötən il sentyabrın 27-də başlanan əks-hücum əməliyyatlarının ilk günündə düşmənə böyük zərbə vuruldu. Şanlı Azərbaycan Ordusu düşmənin müdafiə xəttini qətiyyətlə yararaq bütün cəbhəboyu uğurla irəlilədi və ermənilərin “məğlubedilməz ordusu”nun əfsanə, mif olduğunu sübut etdi. Vətən nisgili, işğal altında olan torpaqlarımızın ağrısı bitdi və biz qalib xalq kimi tarix yazdıq.

Bu gün Üzeyir bəyin, Xan Şuşinskinin, Seyidin, Sadıqcanın və görkəmli mədəniyyət xadimlərinin ruhunun şad olduğunu söyləyən professor deyib: “Qarabağ musiqimizin beşiyidir. Azərbaycanın əzəli və əbədi torpağı olan Qarabağın baş tacı, xalqımızın qədim tarixi irs və mədəniyyət mərkəzi, hər bir azərbaycanlının qəlbində müstəsna yeri olan Şuşa şəhəri şanlı Ordumuz tərəfindən azad edildi. Düz 28 il bu xoşbəxt sabahın açılacağını gözlədik. Şuşanın dağlarında bu gün Azərbaycan əsgəri keşik çəkir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən noyabrın 8-də elan edilən bu Zəfər müjdəsi Azərbaycan xalqına, dünya azərbaycanlılarına möhtəşəm sevinc hissi yaşatdı. Şəhidlərimiz bu möhtəşəm Qələbə tarixini öz qanları ilə yazdılar. Şuşa şəhərinin təbii coğrafi relyefi ağır olduğundan qəhrəman hərbçilərimiz böyük mətanətlə sıldırım qayaları aşaraq düşmən üzərində misli görünməmiş hünər göstərdilər. Şuşanı ziyarət edən hər kəs igidlərimizin keçdikləri keçilməz yolları, vətən eşqi ilə əzmkarlıq göstərərək dırmaşdıqları sıldırım qayaları heyrətlə seyr edir. Azərbaycan övladlarının bu çətin sınaqdan alnıaçıq, üzüağ çıxması yalnız onların mətanəti, döyüş əzmi, Vətənə olan məhəbbəti sayəsində mümkün olub”.

M.Qasımlının sözlərinə görə, Azərbaycan cəmiyyəti, gəncliyi üçün yeni həyat, yeni tarix başlayıb. “Qələbə xəbəri bizi qürurlandırdı, başımızı dik tutdu. Noyabrın 10-u xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazıldı. Bu günləri bizə yaşadan rəşadətli Azərbaycan Ordusuna və Müzəffər Ali Baş Komandanımıza minnətdarlığımı bildirirəm. Bu Vətən müharibəsi Azərbaycan xalqının kimliyini, nəyə qadir olduğunu bir daha dünyaya bəyan etdi… Bir daha xalqımızı bu möhtəşəm Qələbə münasibətilə təbrik edirəm. İnanıram ki, Ermənistan bu savaşdan öz dərsini aldı. Bu Qələbə onlara əbədi dərs olacaq. Qarabağ Azərbaycandır!”, – deyə o vurğulayıb.

Mənbə: https://azertag.az/