Son zamanlar bir sıra uğurlu layihələrə imza atan, aşıq sənətinə və ustad aşıqlara dair dəyərli kitablar nəşr etdirməklə yanaşı, həm də klassik və çağdaş ustad aşıqların ifalarından ibarət video və audiodisklər hazırlayan Azərbaycan Aşıqlar Birliyinin (AAB) növbəti audiodiskində qadın aşıqlar arasında bənzərsiz və özünəməxsus ifa tərzi ilə seçilən Əməkdar mədəniyyət işçisi, “Çeşmə” folklor qrupunun rəhbəri Gülarə Azaflının ifaları yer alıb. Bu barədə AZƏRTAC-a məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, “Azaflı qızıyam” adlanan diskdə Gülarə Azaflının ifasında 40-a yaxın aşıq havası yer alıb. O, həmçinin qeyd edib ki, AAB tərəfindən ustad aşıqların yaradıcılığına diqqət bundan sonra da davam etdiriləcək.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Dünya şöhrətli rəssam Tahir Salahovla Xalq yazıçısı Anarın bu söhbəti 2018-ci ilin dekabr ayında qələmə alınıb. O zamanlar ki, görkəmli rəssam dərin səmimiyyətlə deyirdi: “Son işlərimdən biri Xalq yazıçısı Anarın portretidir. Anar bütöv bir dünyadır. Onu sonsuz dəfə çəkmək olar. Seans zamanı öz dünyasına çəkilir, fikirlərinə qərq olur, səninlə birgə duyur”.
Aradan illər keçib… Həyatın yeni bir seansı başlayıb. Anar müəllim yenə də həmin iç dünyasına çəkilib. Hədsiz dərəcədə dalğındı. Ağır dost itkisindən həyatı ağrıyır. Təsəllisi haqq dünyasına qovuşan böyük dostundan qalan bu unudulmaz söhbətlər, birgə yaşanan anların unudulmazlığıdı…
Tahir Salahovla söhbət
Rəssamlar danışmağı, adətən, çox da xoşlamırlar. Duyğularını və düşüncələrini, sevgilərini, ağrılarını, sevinc və təlaşlarını boyalar, fırça vasitəsilə ifadə edirlər.
Jurnalist, musiqişünas, publisist Raya Abbasova azdanışan Tahir Salahovu, – bizim qeydsiz, şərtsiz böyük sənətkarımızı – “danışdıra” bilib.
Sənətşünaslıqda Tahir Salahov “sərt üslub”un yaradıcılarından və ən görkəmli nümayəndələrindən biri kimi qəbul edilir. “Sərt üslub” – çoxcəhətli həyat gerçəkliyini bütün qəlizliyiylə, çətinlikləriylə ifadə etməkdir. Çətinliklərə mərd-mərdanə sinə gərmək və qalib gəlməkdir. “Sərt üslub” dünyaya çəhrayı eynəklə yox, ayıq və açıq gözlə baxmaq, onu bəzək-düzəksiz görmək və göstərmək cəhdidir. “Sərt üslub” qurucu, yaradıcı insanların – fəhlələrin və bəstəkarların, neftçilərin və yazıçıların bədii obrazlarını plakat nikbinliyiylə deyil, real cizgilərlə yaratmaqdır. Raya Abbasovayla söhbətdə Tahirin ürəkdən gələn etiraflarını oxuduqca bir daha əmin olurdum ki, bu “sərt üslub” hardasa rəssamın uşaqlıq və yeniyetməlik çağında qarşısına çıxmış sərt həyat sınaqlarıyla bağlıdır.
Tahirin atasını – görkəmli partiya işçisi, əqidəli kommunist Teymur Salahovu şərləmiş, 1937-ci ildə həbs etmiş və güllələmişlər. Tahir Salahovun başqa bir müsahibəsində dediyi sözlər məni çox həyəcanlandırır:
“O sentyabr axşamında hava çox xoş idi. Təqribən axşam 10-da qapımızı döydülər. İki nəfər içəri girdi. Anam həyəcanla: – Nə olub? – deyə soruşdu. Atam: – Məndən şübhələnmə – dedi – narahat olma, tezliklə qayıdacam.
Onu apardılar. Mən pəncərədən baxırdım. Atam onu aparan iki adamla tini burulub gözdən itdi. Bu səhnə ömürlük yaddaşıma həkk olundu. Bundan sonra atamı daha heç vaxt görmədim”.
O zaman Tahirin doqquz yaşı varmış və donub qalmış kinokadr kimi bu səhnəni bütün həyatı boyu unutmayıb. On illərin içindən keçirib hafizəsində saxlayıb.
R.Abbasovayla söhbətində Tahir məhkumun ailəsinin hansı əzab-əziyyətlərə, məşəqqətlərə düçar olduğundan danışır. Anasının – Sona xanımın beş uşağı necə qəhrəmancasına böyüdüb yetişdirməsindən bəhs edir. Ən yaxın qohumların, qonşuların daha onların qapılarını açmamalarından söz açır. Amma Tahir müdrik mərhəmətlə onları qınamır. Zəmanənın insanları ağır imtahana çəkdiyini nəzərə alır.
Ən gənc yaşlarından afişalar çəkərək, asfalt üzərində rəsmlər yaradaraq Tahir ailələrinin az çox dolanışığını təmin edirmiş. Rəsmə marağı ona lap kiçik yaşlarından atası təlqin edib. Moskvanın və Leninqradın ali rəssamlıq məktəblərinə daxil olmaq istəyilə bütün imtahanları uğurla verib və instituta… qəbul edilməyib. Axı tərcümeyi-halında siyasi məhkum olunmuş insanın oğlu olduğunu qeyd edirdi. Və bütün bioqrafik məlumatlarda bu məlumatın altını qırmızı xətlə cızırmışlar, Tahir Salahovun əksər əsərlərində sənətinin özəl işarəsi kimi qırmızı xəttin, ya qırmızı detalın olması burdan doğulmayıbmı?
R.Abbasova rəssamı elə məsələlərdən danışmağa vadar edir ki, o, təbii təvazökarlığı və nəcabətinə görə özü heç vaxt bu məsələləri car çəkməzdi. Amma bu faktlar da böyük rəssamın tərcümeyi-halında izsiz qalmamalıdır. Özü əqidəli və bu sözün ən dəqiq, ən yüksək mənasında realist Tahir Salahov heç bir dəbdə olan “izm”lərə meyil göstərmədi, amma bununla belə, başqa istiqamətlərdə, ayrı üslublarda işləyən rəssamların da – əgər onlar həqiqətən istedadlıydılarsa – dəyərini bilir. Bu baxımdan o, “Abşeron məktəbi” adlanan və o dövrdə rəsmi siyasi və sənət dairlərində saya salınmayan bir qrup rəssamı – Mir Cavadı, Rasim Babayevi, Tofiq Cavadovu, Əşrəf Muradı, Qorxmaz Əfəndiyevi “hədsiz dərəcədə istedadlı” sayaraq onlara hər növ yardım göstərib. Azərbaycan Rəssamlar İttifaqının sədri və SSRİ katibi olaraq Tahirin onların hər birinin taleyində xeyirxah rolu var.
Əşrəf Murad xəstələnəndə maddi vəziyyəti ağır olan rəssamla müqavilə bağlayaraq ona o vaxt üçün çox böyük məbləğ – 15 min manat verir. Mir Cavadın Türkiyə xəstəxanasında müalicəsinə yardım edir. Səttar Bəhlulzadə də xəstələnəndə təcili şəkildə onun işlərini alıb müalicə üçün gərək olan məbləğlə təmin edir.
Toğrul Nərimanbəyovun anası İrmanın bəraət qazanıb Bakıya dönməsi, mənzillə təmin olunması da Tahirin xidmətidir.
Tahir Salahov rus rəssamı Pavel Nikonovun “Geoloqlar” tablosunu xilas edib. Məhz bu əsərinə görə N.S.Xruşşovun nadan hücumlarına məruz qalan rəssam tablosunu məhv etmək qərarına gəlir. Tahir onu bu fikrindən daşındırır, əsəri götürüb Bakıya gətirir. Xruşşov və onun sənət siyasəti süquta uğrayandan sonra Nikonovu Azərbaycana dəvət edir və xilas olunmuş işini ona təqdim edir. Rəssamın taleyin (daha doğrusu, Tahirin) bu gözlənilməz töhfəsindən necə xoşbəxt olduğunu təsəvvür etmək olar.
Həqiqi istedadın bir cəhəti də başqalarının istedadlarına sevinməkdir. Paxıllar o adamlardır ki, həsəd çəkdiklərindən nə qədər aşağı olduqlarını özləri də dərk edirlər. Dərk edirlər, amma xislətləriylə bacara bilmirlər.
Tahir Salahovun “peredvijniklər” adlanan XIX əsr rus rəssamlarına münasibəti də maraqlıdır. Bu rəssamlara bədii cəhətdən deyil, mövzuları baxımından qiymət verir. O işlərini qeyd edir ki, onlarda sosial mövzular qabarıq ifadə olunub – Perovun “Üçlük”, Yaroşenkonun “Hər yerdə həyat”, Repinin “Təbliğatçının həbsi” və “Gözləmirdik” əsərlərinə münasibəti T.Salahovun özünün də sənətdə vətəndaşlıq mövqeyinin nə qədər önəmli saydığını göstərir.
İctimai xadim kimi Tahirin xidmətləri sırasında Moskvada sovet ideologiyasına daban-dabana zidd olan Robert Rauşenberq, Ruffino Tamaya (onun obrazları Mir Cavadın obrazlarına yaxındır), Frensis Bekon (əlbəttə, orta əsr filosofu yox, müasir ingilis rəssamı) kimi məşhur Qərb sənətkarlarının Moskvada sərgilərinin təşkil edilməsidir. Tahirin məqsədi bütün dünyanın bələd olduğu çağdaş sənət örnəkləriylə ölkəni də tanış etmək idi. Onu da deyək ki, bütün bu rəssamların sənəti Tahir Salahovun estetik prinsiplərindən çox uzaqdır. Elə bunda da rəssamın tolerantlığı, başqa üslublara yalnız dözümlülüyü deyil, həm də anlaşıqlı, dəyərverici münasibəti görünür.
T.Salahov özündən qabaqki nəslin nümayəndələri – Azərbaycan rəssamlarına da xüsusi ehtiramla yanaşır. Sələflərə inkarçı, yekəxana, lovğa, bəzən təhqiredici yanaşma yalnız nankorluğun yox, eyni zamanda tərbiyəsizliyin örnəyidir. Yalnız rəssamlar deyil, başqa sənət sahibləri də keçmişə nəcib münasibət bəsləməyi Tahirdən öyrənməlidirlər. T.Salahov özündən əvvəlki sənətkarlar – Qəzənfər Xalıqov, Lətif Kərimov, Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Tağı Tağıyev haqqında böyük hörmətlə danışır.
Mən də Tahirlə uzaq gənclik illərimdə elə bibim Həbibə Məmmədxanlının həyat yoldaşı Tağı Tağıyevin evində tanış oldum. Qonşu idilər. Tez-tez dostu və sinif arkadaşı Toğrul Nərimanbəyov Tahirgilə qonaq gələrdi. Bəzən onlar və Toğrulun əmisi, kinooperator Arif Nərimanbəyov Tağıgilə keçərdilər.
Elə təxminən bu vaxtlarda Tahirin və Toğrulun yaradıcılığı atamın də diqqətini çəkmişdi. Özü poeziyada novator olan Rəsul Rza hansı fəhmləsə tək ədəbiyyatda yox, musiqidə, rəssamlıqda da yeniliyi, qeyri-adiliyi duyur, bəyənir və dəstəkləyirdi. Moskva Konservatoriyasını bitirib Bakıya qayıdanda çox da xoş münasibətlə rastlaşmayan Qara Qarayevi ilk dəstəkləyənlərdən biri də atam idi. Qarayevin bir söhbətini xatırlayıram. Şostakoviçə qarşı növbəti yöndəmsiz tənqid kampaniyası başlayanda onun tələbələri Qarayev və Cövdət Hacıyev təlaşlanırlar, öz aqibətlərini bilmək üçün “Quran” səhifələrinə üz tuturlar. Müqəddəs kitabı açıb rastlarına çıxan ilk cümləni oxuyurlar: Sizi dəmir dəyənəklərlə döyəcəklər – Qarayev bunu gülə-gülə danışırdı. Çox illər sonra mən bu əhvalatı Cövdət Hacıyevdən xəbər alanda Cövdət müəllim səhvimi düzəltdi: Yox, orda belə yazılmışdı: – Sizi dəmir qırmaclarla döyəcəklər.
O vaxt Kinematoqrafiya naziri olan Rəsul Rza Qara Qarayevə maddi dəstək məqsədilə xüsusi olaraq məhz onunçün yeni vəzifə yaradır: – Kinoteatrların musiqi rəhbəri. Axı o illərdə kinoteatrların öz orkestrləri vardı və seansqabağı çalardılar.
Rəsul Rza cahil, küt tənqiddən gənc istedadlı şairləri də qoruyurdu – Əli Kərimi, Məmməd Arazı, Fikrət Qocanı, Vaqif Səmədoğlunu… İndi onlar klassik sayılır və o hücumlar da, o hücumlardan müdafiə də unudulub gedib, sanki heç belə şeylər olmayıb.
Qəribə şakərimiz var. Sənətə bənzərsiz yaradıcılıqla gələn gənc istedadlar ilk addımlarında top-tüfənglə qarşılanırlar, özlərini təsdiq edəndən, hamı tərəfindən qəbul və təqdir olunandan sonra onları vaxtilə tənqid edənlər də bu xora qoşulurlar, haçansa nəinki onlara, hətta onların müdafiəçilərinə də hücumlarını yaddan çıxarırlar.
Eynən bu təbir Tahirlə Toğrula da aiddir. İlk addımlarında onlar da şiddətli və əsassız tənqidlərə məruz qaldılar, Bir gün Toğrulun tamamilə bədbinləşib ölkədən çıxıb getmək istəməsini də xatırlayıram. Amma gənc rəssamlara qahmar duranlar da oldu və onlardan biri də atam idi. Rəsul Rza elə ilk işlərindən Tahirə də, Toğrula da diqqət yetirdi, onları özüylə Azərbaycan rayonlarına aparırdı, barələrində müsbət rəy yazırdı. Toğrul haqqında “Pravda” qəzetində, Tahir haqqında Moskvanın “Tvorçestvo” jurnalında. T.Salahovun əsərlərini – “Səhər eşalonu”, “Rezervuarlar”, “Fəhlənin portreti”ni yüksək qimətləndirdiyinə görə Moskvanın mötəbər sənətşünası Andrey Lebedev Rasul Rzaya ciddi iradlar bildirmişdi.
Gənc rəssamlara iradları yalnız mühafizəkar sənətşünaslar deyil, bəzi partiya xadimləri də tuturdular. Belə hadisələrdən birini Tahir xatırlayır:
“Yadımdadır mənim “Yeni dəniz” (1970) şəklimin təqdimatında MK-nın məsul işçilərindən biri məndən soruşdu: – Tahir, niyə sənin fəhlələrin belə ciddidirlər, niyə heç gülümsəmirlər? Heydər Əliyev söhbətə qarışdı: Onlar niyə gülməlidirlər ki… İşləyiblər, əmək sərf ediblər – bu çox ağır zəhmətdir”. Bir qədər sonra “Yeni dəniz” tabloma görə mən ilk dövlət mükafatımı aldım”.
Heydər Əliyev sonralar da Tahir Salahovu həmişə dəstəkləyirdi, onun böyük istedadını, həyatın müxtəlif sınaqlarında dəyanətini və sədaqətini yüksək qiymətləndirirdi.
Tahir Salahov tez bir zamanda sənətiylə özünü təsdiq edə bildi. Moskvada və Bakıda Rəssamlar İttifaqına rəhbərlik etdi, əvvəl Azərbaycan Ali Sovetinin, sonra da SSRİ-nin deputatı seçildi, ən müxtəlif mükafatlara və ən yüksək adlara layiq görüldü. Rəssamın ilk yaradıcılıq dövründə – gəncliyinin ən kövrək, həssas illərində aldığı yaralar da sağaldı, bəlkə də unuduldu.
Sovet sisteminin sənətkarlara münasibətində qəribə bir paradoks vardı, onları gah qaldırır, gah da gözdən salırdı. Tahir Salahovun portretlərini çəkdiyi sənət adamları da bütün bunları yaşamışdılar – Dmitri Şostakoviç də, Mstislav Rastropoviç də, Andrey Voznesenski də. Eyni aqibəti Rəsul Rza da yaşamışdı. Bir vaxt yüksək vəzifələr tutan, fəxri adlarla təltif olunan şair qısa müddət ərzində qurduğu və on il rəhbərlik etdiyi ensiklopediyadan Moskvanın təhriki ilə uzaqlaşdırıldı, deputat “seçilmədi”, SSRİ Yazıçılar İttifaqı İdarə Həyətinə düşmədi. Halbuki uzun illər boyu həm deputat, həm də İdarə Heyətinin üzvü olmuşdu. Sonralar Heydər Əliyevin təşəbbüsüylə o, yenidən deputat seçildi, Sosialist Əməyi Qəhrəmanı adı aldı. Ömrünün məhz o bəlalı dövründə Tahir atamın portretini çəkdi. Bu, kişi hərəkəti idi. Qorxmazlığın ifadəsi idi.
Rəsul Rzanın vəfatından çox illər sonra Tahirlə məhrəm söhbətimiz zamanı dedi ki, atasını çox erkən yaşında itirdiyindən xüsusilə ilk gənclik illərində Rəsul Rzanın ona atalıq qayğısını heç vaxt unutmur.
Rəsul Rza Tahirə məqalə həsr edib və orada portret üzərində işi xatırlayır:
“Bir də görürdün ki, Tahir müəyyən bir şəkildə, müəyyən bir tərzdə səni otuzdurur və başlayır işləməyə. Baxıb görürsən ki, doğrudan, çəkdiyi şəkil istər oxşarlığı, istər üzünun ifadə məzmunu etibarilə çox yaxşıdır. Səhərə vədələşib vaxt qoyurduq ki, davam etsin. Səhər gələndə görürdüm ki, Tahir bütün kompozisiyanı dəyişib təzədən başlayır. Belə bir, iki, üç dörd dəfə…Bir də görürsən ki, yalnız əlləri çəkməklə bir neçə seans məşğul oldu”.
Raya xanım mənə T.Salahovla söhbətlər kitabına Ön söz yazmağı təklif edəndə qarşıma problem çıxdı. Məsələ ondadır ki, 2003-cü ildə Tahirin 75 illiyində onun haqqında “Sədaqət” adlı böyük esse yazmışdım və bu yazı “Bakinski raboçiy” qəzetində dərc olunub, mənim “Azərbaycan ədəbiyyatı, sənəti, mədəniyyəti” üçcildliyimə daxil edilib. Sevdiyim rəssam haqqında yenidən necə yazasan ki, dediklərini təkrar etməyəsən. İndiki yazımda buna çalışdım, rəssam haqqında demədiklərimi söyləməyə cəhd etdim. Köhnə yazımdan yalnız bircə sitat gətirmək istəyirəm:
“Bir dəfə özüm də bilmədən Salahovun işləməsinin şahidi oldum. Tahir uzun illər boyu görüşəndə deyirdi ki, şəklimi çəkmək istəyir. Onun çox gərgin həyat ritmini bildiyim üçün özüm bunu heç vaxt rəssama xatırlatmırdım. İki il bundan qabaq ən yaxın və əski dostumu, istedadlı bəstəkar Emin Sabitoğlunu itirdim. Tahir də onunla dost idi. Vəfatının ikinci günü Emingildəydik. Televizoru qurmuşduq. Bəstəkar haqqında nekroloq səslənməyə başladı. Altı yaşından tanıdığım və bütün şüurlu həyatımı çiyin-çiyinə yaşadığım bir dost haqqında bu vida sözlərini eşidərkən nə hala düşdüyümü təsəvvür etmək olar. Bu hisslərin sifətimdə necə əks olunduğunu isə az sonra Tahirin demə, bu vaxt çəkdiyi qrafik portretimdən bildim. Yəqin ki, bu mənim ən kədərli şəklimdir. Amma mənə çox əzizdir. Həm Eminin xatirəsiylə bağlı olduğuna görə, həm də Tahirin qələmindən çıxdığına görə”.
O gündən çox illər keçdi və bir səhər Tahir zəng elədi, məni İçərişəhərdəki muzey-emalatxanasına dəvət etdi. Məlum oldu ki, portretimi çəkmək niyyətindədi.
Dörd-beş seansa mənim iki qrafik və bir irihəcmli yağlı boya ilə portretlərimi çəkdi. O vaxt qəlyan çəkirdim və şəkil çəkdiyi zaman da əlimdə qəlyan tutmuşdum. Bir gün nədirsə unutdum, qəlyansız gəldim. Tahir bir az tutuldu. Dedim ki, əlimi eynən elə tutaram – elə bil əlimdə qəlyan var. Bir az düşünüb köməkçisini göndərdi eynən belə bir qəlyan aldırdı və yalnız mən qəlyanı əlimə alandan sonra işləməyə başladı. Mən sənətkarın ən xırda detallara belə necə “vasvasılıqla” yanaşdığının şahidi oldum. Portretimdə mənə təsir edən bir detal da o oldu ki, arxa planda atamın məşhur şəklini yerləşdirmişdi. Tahir Salahovla bu yaradıcılıq görüşləri, iş seansları, məhrəm söhbətlər ömrümün unudulmaz xatirələrindəndir. Tahir özü də bu barədə deyib:
“Son işlərimdən biri Xalq yazıçısı Anarın portretidir. Əvvəllər atasının – gözəl şair Rəsul Rzanın portretini çəkmişdim. Anar – bütöv bir dünyadır. Onu sonsuz dəfə çəkmək olar. Seans zamanı öz dünyasına çəkilir, fikirlərinə qərq olur, səninlə birgə duyur”.
Tahirə çox minnətdaram bu səmimi sözlərinə görə də, birini mənə bağışladığı gözəl portretlərimə görə də.
Tahir Salahovun 90 yaşı tamam oldu. Hörmətli Prezidentimiz İlham Əliyev onu Birinci dərəcəli Əmək ordeniylə təltif etdi.
Böyük sənətkarımıza nə arzu etmək olar, uzun ömür, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları…
Bir də mənim bir arzumun həyata keçirməsini. Bu arzularımı Tahirə demişəm. T.Salahov Dədə Qorqudun, klassik və çağdaş şairlərimizin parlaq portretlərini çəkib. İstərdim ki, gənc Füzulinin də portretini çəksin. Məhz gənc Füzulinin, çünki adətən bu şairi çox qoca yaşında təsvir edirlər. Sevgi haqqında ən incə və ən ehtiraslı şeirlər müəllifini saçı-saqqalı ağarmış ixtiyar obrazında görmək adama qəribə gəlir. Tahir Salahovun fırçasıyla canlandırılmış gənc Füzuli onun şeirlərindən aldığımız zövqə uyğun bir obraz olardı. Bir də Tahirə təklif etdim ki, milli faciəmiz Xocalı soyqırımını əks etdirən bir tablo barədə düşünsün. Tahir Salahov belə bir şəkil çəksə İnsanlığın Yaddaş muzeyində bu şəkil Pablo Pikassonun məşhur “Hernika”sıyla yanaşı yer tutardı.
R.Abbasovayla söhbətlərində Tahir Salahov ən məhrəm fikirlərini söyləyir. Sanki özü özüylə təkbətək danışır.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
İslatdı dərdimi göz yaşlarımda, Qucağında ölüm gətirən gecə. Hönkürtü səsində açılan səhər, Kəsdi kələyimi dan yerinəcən.
Donmuş nəfəsimdə şehə bələndi, Ruhumun can adlı sızıltıları. Sən demə dərd elə üzə güləndi, Açıldı ömrümün ölüm qatları.
Susdu kabus kimi, susdu o gecə, Ölüm küləyinin əsdi yelləri. Asdı ürəyimdən kəfənliyimi, Açıldı qəbrimin qərib dilləri.
Bir ölüm gətirdi mənə o gecə, Bir ölüm oxudu ömür payıma. Mən can diləmədim, heyf bu ömür- Can verə bilmədi vətən hayına.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun Rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Ruhuna vurulub göylərə uçdum, Sevmək nə zamandan günahdı söylə. Mən eşqin qırxıncı qapısın açdım, Qəlbibin qapısı bağlıdı hələ.
Ürəyim çat verib sənin əlindən, Yerləri, göyləri saymayan mələk, Bir xoş söz eşitmədim sənin dilindən, İnsafsız görmədim vallah sənin tək.
Günümü bükmüsən bir göy əksiyə, Yenə nişan alıb dərd ürəyimi. Əllərim çatmayır o yüksəkliyə, Çırpmısan daşlara sən istəyimi.
Ruhum bənövşətək boynunu əyib, Çəkilmir gözümdən həsrət buludu. Elə fələklər də xətrimə dəyib, Yoxsa sevgi budu, məhəbbət budu.
Üzünün işığı kor edib məni, Sənin eşqin ilə döyünür ürək, Bütün varlığımla sevirəm səni, Axı gözəl olur tikanlı çiçək.
Yırğalana yırğalana tuneldə sürətlə irəli şütüyən qatar stansiyalarda arabir dayanıb nəfəsini dərir, düşənlər düşür, minənlər minir, təzədən havanı yara-yara qıjıltı ilə yoluna davam edirdi…
Baxışlarım bir qədər aralıdakı Əlidə, qulağım isə mənimlə yanaşı əyləşmiş iki cavan hərbiçidə, gizirdəydi.
İndiki prizivniklərlə işləmək dəhşətdi. Biri o birinə şikayətlənirdi.
Sırada təpik döyməsin deyə valideynləri pulla hərəsinə bir sürücülük vəsiqəsi alıb ki, şofirdi. Amma nə rolu düz saxlaya, nə də skorusu əməlli dəyişə bilirlər.
Necə deyərlər, adı bunlarındı, dadı bizim, hara gedirik, uyuq kimi yanımızda oturdur, maşını özümüz sürürük…
Ağzıgöyçəklər də orda burda deyir ki, orduda əsgərləri qazdıyırlar. O biri istehza ilə qımışdı. Qazı qazdıyallar, hələ o yana da keçəllər.
O günü təzə komandir əmr elədi ki, maşınları verin prizivniklərə, birinci dedi. Səki baxış keçirirdi. Denən, maşınlardan çastın həyətində salamat cağ mağ, güllük filan qaldımı?..
Guya biz remontnuda kefdəyik? Goplayırlar ki, qrajdannıda maşın ustası işləmişik.
Di gəl hırnan zırı qanmırlar. Dünən maşının altında yamadayam. Salaqanın birindən on yeddi açarı istədim. Neynəsə yaxşıdı? Açarların hamısın gətirdi ki, komandir, on altısın tapdım, birin tapmadım.
Gizirlər bir birinə qoşulub gülüşdülər…
Əli qalxıb yerini vaqona təzə daxil olan əlizənbilli qadına təklif etdi. Qadın qapıya işarə ilə nəsə dedi (yəqin tez düşəcəyini qandırırdı), amma o, əl çəkmədi. Qadın minnətdarlıqla gülümsəyərək əyləşdi. Əlinin xoşbəxtliyi üçün bu bəsdi.
Üz gözündən sevinc, bəxtiyarlıq yağırdı. Elə bil adi bir centelmenlik yox, nəsə böyük bir xeyirxahlıq, qəhrəmanlıq eləmişdi!..
Qadın növbəti dayancaqda düşdü.
Əli ətrafına göz gəzdirib ayaq üstə başqa bir qoca, qadın, şikəst qalıb qalmadığını yoxladı. Yerinin cavanlar tərəfindən tutulacağından qorxub özü əyləşdi.
Əslində məsələ yer məsələsi deyildi. Yerə qalsa, halal haqqıydı. Əvvəl özü yaşda bir kişiyə, sonra da əlizənbilli qadına güzəştə getmişdi.
Cavanlar hər iki halda özlərini görməməzliyə vurmuş, ayağa durmamışdılar…
Başının ortası dazlaşmasaydı Əliyə 40 45 dən artıq yaş vermək olmazdı.
Tısbağa tək qınına çəkilərək qaş qabağını sallayıb bikef oturanda yüz ilin qocasına oxşayırdı. Yaşlı qadın kişi, ya da qə¬şəng bir xanım görəndə birdəncə canlanır, tez yerini ona təklif edirdi.
Təklifi keçməyəndə uşaq kimi mısmırığını sallayır, tanımaza bilməzə inciyir, küsürdü. Az maz tanıyan, bələd olan xətrinə dəymir, bir dayanacaq da olsa əyləşir, sanki ona dünyanı bağışlayırdı…
Hər gün evdən işə, işdən evə metro ilə gedib gəlirəm.
Bu başda minir, o başda düşür, o başda minir, bu başda düşürəm.
Əvvəldən axıra, təbii, axırdan da əvvələcən keçdiyim stansiyaların sayı on üçdü.
On dördüncü stansiyanı tikib məni qismətimə düşmüş bu nəhs rəqəmdən qurtarmağa tələsmədiklərinə görə metrotikənlərdən qətiyyən narazı deyiləm. Hər şeydən qabaq, ona görə ki, ayaq üstə qalmaq dərdi çəkmirəm.
Başlanğıcda vaqonlarda boş yer tapmaq həmişə mümkündü. Başdan başa getməyin bir üstünlüyü də var. Hərdən vaqonda mürgüləsən də doğma stansiyanı ötüb keçə bilməzsən.
Sərnişinlər, ya da metro işçiləri silkələyib oyadacaqlar ki, cənab, mənzil başına çatmısan, qalx, vaqonu boşaltmaq lazımdı…
Yaxşı, yoxsa pis xasiyyətdi, bilmirəm, bekarçılıqdan dayanacaqlarda minib düşənləri müşahidə etməyi, söhbətlərinə, pıçıltılarına qulaq asmağı xoşlayıram.
Bunun hesabına nəinki ölkəmizdə, bütün dünyada baş verənlərdən səhər səhər hamıdan qabaq xəbər tuturam…
Metroda mənimlə eyni vaxtda gedib gələn sərnişinlərin çoxunu üzdən tanıyıram.
Bəziləriynən münasibət də yaratmışam. İmkan olmayanda adamların ara bərəsindən göz qaşla salamlaşır, imkan olanda əl verir, müxtəsər hal əhvallaşırıq…
Əliynən hardan hara? Əşi, o, mənim yaxın qonşumdu.
Həm də keçən ilə qədər bizim idarədə mühasib işləyirdi.
Sakit, başıaşağı, işini bilən adamdı. Nədən, necəsə birdən-birə yazığın başı pozuldu. Dəlixanaya düşdü. Neçə ay müalicə olunub çıxandan sonra daha öz işinə qaytarmadılar.
Qaldı bekar. İki üç ay bundan əvvəl səhər səhər işə yollananda təsadüfən binanın qabağında rastlaşdıq. Görən kimi məni tanıyıb yaxınlaşdı. Danışa danışa metroya üz tutduq. Soruşdum:
Qonşu, hara gedirsən?
İşə, dedi.
Harda işləyirsən?
Metroda.
Dolanışıq çıxır?.. Hansı işə düzəldiyi ilə maraqlanmadım. Yəqin ona görə ki, indiki zamanda əsas məsələ dolanışıqdı.
Allah bərəkət versin, dedi.
Yola verə bilirsən, çətin deyil ki?..
Çətindi, gileyləndi. Axşam olanda it kimi yoruluram.
Bilirsən, qonşu, bizim vaxtımızda cavanlar belə deyildi. Hamısı ağlı başında, böyüyün kiçiyin yerini bilən, qanacaqlı-mərifətliydi. İndikilər yaman sitallaşıblar.
Heç kimə yer vermirlər. Gör nə qədər əlsiz ayaqsız qocalarımız, cavan Qarabağ əlilimiz var. Baxıram, ürəyim ağrıyır.
Hamısına yer düzəltmək, rahatlamaq lazımdı. Mən də tək… hə… Təəssüflə başını bulayaraq dərindən köksünü ötürdü.
Əli, bir dəqiqə gözlə, deyib adətim üzrə qəzet almaq üçün metronon ağzındakı köşkə çatanda ayaq saxladım.
Əli məni gözləmədi.
Hələlik, qonşu, gecikirəm, mən getdim, deyib tələsik uzaqlaşdı.
Axşam arvadıma qonşumuz Əlinin metroda işə düzəldiyini deyəndə güldü.
İş güc nəəzir? Arvadı deyir, necəsə beyninə verib ki, bunu metroda işə götürüblər. Nə qə¬dər eləyirik evdə bənd almır. Səhər çay çörəyini ala yarımçıq yeyib çıxır, bir də axşam qayıdır.
Bəs günorta yeməyini harda yeyir?
Orda burda nə gəldi tıxır. Arvadı deyir, metro işçiləri də artıq onu yaxşı tanı¬yır.
Keçiddən öz adamları kimi pulsuz buraxırlar. Sərnişinlərdən yazığı gələn, halına acıyan yeri bəhanə eləyib hərdən xırda pul zad da verir…
O gündən özümdən asılı olmayaraq metroya girəndə hər yerdə gözüm Əlini axtarır…
Gizirlər düşəndən sakitlikdi. Fikrim Əlidə qalmasaydı mürgü məni çoxdan yaxalamışdı. O, artıq bayaqdan bəri yerini dalbadal dörd nəfərə güzəştə getmişdi.
Qatar mənzil başına yaxınlaşdıqca vaqonda sərnişinlər seyrəlirdi.
Əli rahatlanmaqdansa ti¬kan üstdə oturan adam kimi narahatdı. Bashabas üçün darıxır, gözü kimisə axtarırdı. Əlini başa düşürdüm. Qalxıb ona yaxınlaşdım. İtiyini tapmış kimi o saat üzü işıqlandı. Yerini mənə verdi…
Nəhayət, sonuncu dayanacağa çatdıq. Vaqondan çıxanda cibinə pünhanca qəpik quruş salmaq istədim. Məndən cəld tərpəndi, əlimi geri itələdi. Əyilib qulağıma pıçıldadı:
Qonşulardan pul götürmürəm… Razı halda gülümsədi.
Perronda:
Vəziyyət necədi? soruşdum.
Dünənəcən yaxşıydı, dedi, bu gün işim yenə sarvat oldu.
Niyə?..
Özümə bir köməkçi tapmışdım. İki nəfər daha çox adama xidmət edirdik. Bu gün köməkçim işə çıxmayıb.
Bəlkə xəstələnib?
Yox, oğlu icazə vermir.
Nəyə görə? Fikirləşmədən soruşdum.
Bizi başa düşmür. Hamı kimi… Mağmın mağmın üzümə baxıb dayandı.
Hə, aydındı. Elə bil birdən ayıldım.
Bəs niyə dayandın? Evə getmirsən?
Yox hələ.
Gecdi axı. Bir azdan hava qaralacaq.
Neyniyim, məcburam, çiyinlərini qısdı, planı doldura bilməmişəm.
Nə plan? Plan nədi, ay Əli? güldüm.
Bu gün müştərilərim az olub. Otuz doqquz nəfərə yer vermişəm, cibindən çıxartdığı ka¬ğızı açıb göstərdi. Səliqə ilə xətlənmiş, başdan il, ay, günlər yazılmışdı.
Xətlərin arası ağzıaşağı üstəgəllə (+) doluydu. Axırıncı günün altında otuz doqquz üstəgəl (+) işarəsi saydım. Ondan qa¬baqkı günlərdə əlli, bəzən daha artıq üstəgəl vardı.
Demə, Əli arabir iki daşın arasında cibindən çıxardaraq gizlicə qaraladığı kağız bu imiş. Gərək əlliyə çatdıram…
Sabah olmaz?.. Onu fikrindən daşındırmağa cəhd etdim.
Yox, deyib əks tərəfdə dayanmış qatara tərəf boylandı.
Qatarın tərpənməsinə lap az qalırdı. Əli mənə görə narahatdı. Canını məndən tez qurtarmaq istəyirdi. Bu zaman qatara minik üçün axırıncı xəbərdarlıq eşidildi.
Məni bağışla, qonşu, getməliyəm, Əli birdən çönüb qatara tərəf götürüldü.
İşin avand olsun, qardaş, deyib arxasınca baxdım ki, görüm çatacaqmı.
Sərnişinlərdən biri son anda ayağını bağlanmaqda olan qapının arasına qoymasaydı, yəqin ki, minə bilməyəcəkdi…
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
(Hüseyn Arif sayağı)
“Gəl çıxaq seyrinə uca dağların”, Görməsin nə çiskin, nə duman bizi. Ətrinə bürünək gözəl bağların, Görməsin nə payız, nə xəzan bizi.
Öpək çiçıklərin ipək telindən, Söz alaq torpağın şirin dilindən, Tutaq tər güllərin şehli əlindən, Görməsin nə qanqal, nə tikan bizi.
Qəhqəhlər, gülüşlər yayılsın düzə, Meşələr, çəmənlər boylansızn bizə, Yaşdan söhbət düşüb çıxanda üzə, Görməsin nə dövran, nə zaman bizi.
Arzular qoynunda dil açdıq yenə, Çıxmışıq gəncliyin bahar seyrinə, Hicran əzabına gəl gərək sinə, Görməsin nə təbib, nə loğman bizi.
Yaşayaq sevgilim, yaşayaq belə, Həsrətin dumanı çökməsin telə, Nəcibəyəm, ötəm yaxşılar ilə, Görməsin nə kədər, nə yaman bizi.
Özümüzü atdan salıb yadı ata mindirәndә, Dostumuza әyri baxıb düşmәn kimi dindirәndә, Öz müqәddәs odumuzu öz әlimiz söndürәndә, Göyә qalxıb gözümüzә dolan küllәr yıxdı bizi!
Xәyanәtin min üzü var, bir söz demәk olmur ona, Neçә-neçә şәhid ömrü bir gecәdә çatdı sona. Otuz yeddi hәr il girdi başqa cildә, başqa dona, Bir-birindәn ağır gәlәn qanlı illәr yıxdı bizi!
Şah babamız Xәtainin zәhmәtini zay eylәdik, Xırdalandıq, özümüzü tәpәlәrә tay eylәdik. Heykәl kimi oğulları güllәlәrә pay eylәdik, Bu gün vurub-yıxdığımız boş heykәllәr yıxdı bizi!
Sənə dar gəlməyəcək məqbəri kimlər qazsın, Göməlim gəl səni tarixə desəm, sığmassın! Məhmət Akif
Burda әn çox işlәnәn söz – cәlladlara “nifrәt” sözü, Burda әn çox işlәnәn söz – ölüm sözü, hәsrәt sözü. Ziyarәtә gәlәnlәrin dilindәki “rәhmәt” sözü – Yağış olub yağasıdır, Şәhidlәrim yatan yerdә!
Dilimizdә diş göynәdәn yüz bayatı, yüz ağı var, Canımızda qanlı qışın şaxtası var, sazağı var. Dәrdli olan darıxmasın, yaxını var, uzağı var, Gün tәzәdәn doğasıdır Şәhidlәrim yatan yerdә!
Xain bәlli, tarix şahid, mәtlәb aydın, fikir qәti, Zaman özü hakim olar, bağışlamaz xәyanәti. Yüz pәrdәlә, yüz malala, örtmәk olmaz cinayәti, Haqq nahaqqın ağasıdır Şәhidlәrim yatan yerdә!
Düşmәn hәr gün öz әyninә paltar kimi geyir şәri, Yalan min qat çoxalsa da, haqqın gücü әyir şәri. Alçaqların fәndi keçmәz, düz әyrini, xeyir-şәri, Nur zülmәti boğasıdır, Şәhidlәrim yatan yerdә!
Solan insan taleyidir mәzar üstә sönәn şam da, Daşa dәydi, çiliklәndi xoş arzu da, şirin kam da. Dәrdim böyük, qәlbim geniş, mәn dünyaya sığmasam da, Dünya mәnә sığasıdır Şәhidlәrim yatan yerdә!
Qana batdı yaşıl çәmәn, zәrif çiçәk güllәlәndi, Neçә arzu, neçә ümid, neçә ürәk güllәlәndi, Əqidәlәr yaralandı, inam, mәslәk güllәlәndi, Torpaq üstә can verәnlәr yatır torpaqlar altında!
Vәtәn, bir dә başın üstә qara bayraq taxılmasın, Dәdәm Qorqud dayaq olsun, qara dağın yıxılmasın. Şәhidlәri verәn xalqım, qoy ürәyin sıxılmasın, Şәhidi olmayan torpaq qalar tapdaqlar altında!
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
İpək kimi zərifdi, Külək əssə titrəyər. Toxunsalar xal düşər, Dəniz kimi kükrəyər- Sevənlərin ürəyi.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Gözlərimin sevinci Boyun-buxunun qədər… Gözündəki sevinci Yozdu yuxun nə qədər?
O yuxuyamı gəlmişdim Öldürüb həsrət divini? Sən yuxuyamı vermişdin Yalanlarla sevdiyini?
Anamın 2018-ci ildə telefonda mənə dediyi şeirdi…Qəribə tarixçəsi var, yazmıram…Elə şeiri paylaşıram… Bir də anamın bir gənclik şəklini…Sevirəm bu şəkli) mənə anama heç oxşamadığımı, onun məndən gözəl olduğunu xatırladır)
Ay məndən şairlik uman qardaşım, Yarımçıq misralar könül ovutmaz… İlhamlı könlümü duyan qardaşım, “Qəriblik” bəd sözdü, rədif tapılmaz…
Məndən nağıl istə, nənəm danışıb, Yaddaşımda qalıb Simurq quşları… Məndən şeir umma… O misraları Yazır yanağıma gözümün yaşı…
“Ola” – deyib arzulama şairə “Möhtəşəm” misralar, ağladan bəndlər… Qorxuram deməyə-mən də şairəm! Şairi var edir sonsuz kədərlər…
Bu gün qara geymişәm, qara günümdür mәnim, Dünyanı silkәlәyәn ahım, ünümdür mәnim, Şәhidlәr xiyabanı qiblәm, yönümdür mәnim, Öz dәrdimi çәkmәsәm, özgәlәr dәrdә qalmaz!
Tale mәni köklәdi bir qәmli zaman üstә, Yatan yatır mәzarda, qalan qalıb can üstә. Ağladaram dünyanı saz üstә, kaman üstә, Bu gün әlim dәymәmiş sim qalmaz, pәrdә qalmaz!
Çox uzaq gedә bilmәz bu qurğular, hoqqalar, Dönәr Misri qılınca, yüz yalanı şaqqalar. Lap dünya dağılsa da, öz yerini haqq alar, Heç vaxt xeyrin qisası böhtanda, şәrdә qalmaz!
Sınar dağların beli, bu qәdәr ah götürmәz, Adı insan olan kәs belә günah götürmәz. Yerdә bәndә götürsә, göydә Allah götürmәz, Qәm yemә, dәli könlüm, nahaq qan yerdә qalmaz!
ÖMRÜN YOLLARI
Allah! Ömrün yolları nә daşlı-kәsәklidi, Addımbaşı yolumda qar gördüm, şaxta gördüm. Sinәlәrin altına diqqәt ilә baxanda, Çoxlarının qәlbini daş gördüm, taxta gördüm.
İnsan sınır, alçalır, sәrt ehtiyac olanda, Şah kimi fәrman verir başında tac olanda. Dünyanın zillәtini lüt, yoxsul, ac olanda – Dünyanın lәzzәtini mәzәsi toxda gördüm.
Od özümün olsa da, özgәlәr isindilәr, Hәyalılar susdular, hәyasızlar dindilәr. Yalançılar doğrunu heyvan kimi mindilәr, Haqqın belindә palan, başında noxta gördüm.
Hәr adamın ürәyi el yolunda şam deyil, Bütöv gördüklәrim dә bütöv deyil, tam deyil. Dünyaya gәlәnlәrin hamısı adam deyil, İnsanın azını saf, çoxunu saxta gördüm!
DAYANIR
Şәhid qәbri, hüzurunda lal-kar kimi dayanmışam, Nifrәtimdәn, qәzәbimdәn damarımda qan dayanır. Elә bil ki, daş asılıb burda vaxtın ayağından, Dan sökülmür, Günәş doğmur, zaman durur, an dayanır.
Haqq bilir ki, sizdәn ayrı heç ürәkdәn şad olmadım, Minbir dәrdә tuş olsam da, bir sevincә tәn olmadım. Xәcalәtәm, niyә sizin cәrgәnizdә mәn olmadım, Mәnim kimi hәr gün burda çoxları peşman dayanır.
Tarix sizi zaman-zaman hörmәt ilә anar, qardaş, Bu dağların qarşısında polad olsa sınar, qardaş. Dәmir olsa külә dönәr, qaya olsa yanar, qardaş, Dәmir dözmür, polad dözmür, ürәk dözmür, can dayanır.
Sәkkiz yaşlı şәhid balam! De, günahın nәydi sәnin, Qızıl güllә oxa döndü, ürәyinә dәydi sәnin. Atan, anan innәn belә bir yanıqlı neydi sәnin, Daş da olsa dayanmazdı, tәk buna insan dayanır.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
…1 sentyabr 1923-cü ildə gündüz saat 12:00-da Yaponiyada 8,3 bal gücündə zəlzələ baş verir. Bu dəhşətli təbii fəlakət tarixə Böyük Kanto zəlzələsi adıyla keçir. Çünki, zəlzələdən ən çox zərər çəkən ərazi Kanto vilayəti idi. Tokio və Yokohamanı yerlə-yeksan edən zəlzələdə, təxminən, 174 min adam ölür, 542 min nəfər itkin düşür…
Təbii fəlakətin şahidi olan bir uşaq-sonradan şöhrəti dünyaya yayılan kinorejissor Akira Kurosava öz xatirələrində həmin dövrü belə xatırlayır: “Böyük Kanto zəlzələsi məni dəhşətə düşürmüşdü, həm də önəmli şeylər öyrətmişdi. Bu zəlzələ sayəsində təbiətin inanılmaz güclərini görməklə qalmamış, eyni zamanda, insanların inanılmaz şeylər edə biləcəklərinə şahid olmuşdum”. Ardnca da: “İnsanlar panikaya düşəndə məntiqlərini itirib əməlli-başlı axmaqlaşırlar…”-deyə yazan Kurosavanın dediklərini XXI əsrin 20-ci ilində siz də müşahidə etdinizmi? Qorxmayın, etiraf edə bilərsiniz…
Koronavirusun dalğaları üfüqdə görünən kimi Yer sakinləri hamısı eyni cür panikaya düşdü; böyük ölkələrdə marketlərə hücumlar oldu, alış-veriş mərkəzlərində rəflər boşaldıldı. Bir qutu makaron üçün dalaşanları da gördük, iki qutu gigiyenik vasitə üçün intihara cəhd edəni də…
Sonra, sözün əsl mənasında, maskarad başladı. Koronavirusun insanlığın məğlubiyyəti münasibətilə təşkil etdiyi bu maskaradda başına plastik su qabı keçirənlər də vardı, əleyhqaz taxanlar da… Hələ yanvarda qonşusuna keçən ilin dəbini geyindiyi üçün lağ eləyənin zibil torbalarına bürələnməyi isə koronavirusun sosiallığa çaldığı qələbənin rəmzi idi…
Nənəmin bir sözü vardı: “Dünyanın düz vaxtı…” İndiyə qədər bu söz mənə adi deyim kimi gəlirdi. Amma, indi, dünyanın nahamar vaxtında dilimin əzbəri olub. Görüşməyə, bir fincan çay içib dərdləşməyə söz verdiklərimə də elə beləcə deyirəm: “Dünya düzələndə gələcəyəm…” Nə edəsən ki, dünyanı dağıtmaq insanın əlində olsa da, düzəltməkdə acizmiş…
Bir də “koronalı günlərdə” darıxmaq var. O günü bir hekayə yazdım: “Epidemiyada darıxan qoca…” Cəmi 18 dəqiqəyə, birnəfəsə yazılan bu hekayənin son nöqtəsini qoyduqdan sonra, azı, yarım saat ağlamışam. Niyəmi? Çünki, o “əlahəzrət darıxmağa kəniz olan məndim”…
İndi koronavirusu bütün təbii fəlakətlərlə eyniləşdirənlər də tapılır. “Filan ildə zəlzələ bu qədər can aldı”, “həmən vaxtı sunamidən nələr oldu” və sair və ilaxır… Hələ xərçəngin, diabetin, cinayətlərin aldığı canlarla koronaviruslu günləri müqayisə edənlər də var. Mən onların sözünü kəsməyə heç vaxt çalışmıram. Çünki, A.Kamyu “Taun” əsərindəki qoca gözətçinin diliylə o cavabı çoxdan aksioma çevirib: “Zəlzələ bir dəfə olur və qurtarıb gedir. Ölüləri-diriləri sayırlar, sonra söz-söhbət kəsilir. Amma, bu xəstəlik çox səfeh şeydir. Xəstəliyə yoluxmayanlar da xəstəliyi ürəklərində gəzdirir…”
Xəstəliyi ürəyində gəzdirməyin ikinci adıdır darıxmaq… Əvvəllər aşiqi Qaf dağının o üzünə aşan məşuq ayrılıq yanğısıyla bayatı söylər, göz yaşları görünməsin deyə üzünə rübənd çəkər, əllərini solğun rəngdə xınalayardı… “Koronalı günlər”də bütün bu eşq simvolları da öz məzmununu dəyişdi. İndi ayrılıqlara səbəb Qaf dağı yox, divarlardı. Ayrı-ayrı otaqlarda karantinə salınanlar dastanlardakı o dağlar aşan ayrılıqları elə gözəl utandırırlar ki… Rübəndmi? Bir ətrafa baxın, eşiyə çıxa bilmirsiniz, pəncərəni açın və küçəyə boylanın. Tibbi maskalar da “koronalı günlər”in rübənd dəbidir. Əzablı ayrılıq və hüznlü darıxmaq yaşayanların xınası da əskik deyil-antiseptik vasitələr bütün qapıların ağzında hazırdı. İçəri girdinmi, xınalanmamış kimdi sənə əl uzadıb “xoş gəldin” deyən?!
Koronavirus insanlığın “mən” mərkəzli yaşamına təbiətin harayı kimi də dəyərləndirilir. Biz dünyəvi arzularımıza tac taxıb ruhumuzun başına qoyduq, o da bumeranq effekti göstərib geri döndü, “taclı virus” kimi həyatımızın təhdidinə çevrildi…
Ruhunu yazıya təslim edənlər də bu günləri nahamar yaşayırlar. Onlar da “dünyanın düz vaxtı”ndan mənən qopublar. Yeganə üstünlükləri yazdıqları hər cümləylə bu bağı yenidən qurmağa cəhd etmələridir. Düzdür, yazıçı Varis Yolçuyev bu günləri “yaradıcılığımızı dincə qoyduğumuz günlər” adlandırdı, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs “İndi bizim təklikdən təkliyə qapıldığımız günlərdir” dedi, amma “ 525-ci qəzet”in baş redaktoru Rəşad Məcid ümidini üzmür: “Koronavirus bitsin, böyük dəyişikliklər olacaq”. Bu cümlədəki “bitsin” kəlməsini “bitdi” deyə oxumağı arzuladım. Bir də gördüm arzumun yolunu bir sarı yarpaq kəsib. Apreldə sarı yarpaq? Təəccübümün qulağını Rəşad Məcidin müsahibəsinə söykəyəndə eşitdiklərim sarı yarpağın sirrini çözdü: “…psixoloji durumuna görə unutqan olan insan bunları da unudacaq”.
Unudacağıqmı? Əlibala Hacızadənin o məhşur əsərindəki şeir kimi:
Unudulmaq yaman dərddi,
Gülüm, başına gəlməsin…
Unudulmaqdan bu qədər qorxan insanın unutmağı könlünə peşə seçməsi də həyatın savab-günah təzadının paralelliyidir…
Atatürk Mərkəzinin şöbə müdiri, şair Əkbər Qoşalı “koronalı günlər”də kitabxanasına baş çəkdi, unudulmuş kitabları sevindirdi, yaddaşının xatirə küncünün tozunu aldı. “Şairin ilk kitabı” seriyasından tutmuş, bir çox dəyərli kitabların şəkillərini çəkib paylaşdı. Onun bu paylaşımları çoxlarını (çoxumuzu) xatirələrin Zümrüd quşunun qanadlarına yük elədi, illərin o tayındakı xatirə bulaqlarına “susuz aparıb susuz gətirdi…”
“Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan isə ümidini könlünü verdiyi ədəbiyyata bağladı. “Koronavirus:bəşəriyyətin qorxu çağı” adlı essesində yazdı: “Sənət, ədəbiyyat dünyanın ən qaranlıq çağlarında belə, günəşi qoruyub saxlamağa yardım etdi…”
Şahanə Müşfiqin karantində xoşbəxtliyə yeni anlamlar axtardığı, Gülnar Səmanın arxasını kitab rəfinə söykəyib şeir oxuduğu, Sərdar Aminin dünya şöhrətli filmlərə yeni rakursdan baxdığı bir vaxtda anam Güldərən Vəli də darıxdı, özünə facebook səhifəsi açdı və ilk paylaşımı “O Ulu Göyçəmə dönərik dedim” şeiri oldu. Görünür, anam da koronavirusdan xoflanıb, “boyat dərdi”nin üstünə bir ovuc göz yaşı çiləyib ki, yumşalsın…
Son günlərdə internetdə ən çox axtarılan və oxunan kitablar siyahısına Silviya Brownun “Kəhanətlər” kitabı da daxil oldu. İddia olunur ki, hələ 15 il əvvəl bu kitabda koronavirus haqqında yazılıb. Həmin kitabda müəllifin qəşəng bir sözü var: “Bilgi gücdür”… Bəs insanın bilgisi, elmi niyə məhz bu günlərdə onun gücünə çevrilib koronavirusa qələbə çalmağına vəsilə olmur? Bu suala güvənərək koronavirusun bəşəriyyəti təhdid etdiyi günlərdə günahı elmdə görənlər də az deyil. Öyrənmək arzu yox, instinktdirsə, insanoğlu günahkardırmı? Yaxud, əksinə, o, öz öyrənmək arzusundan əl çəkməlidirmi? Nəyin xətrinə? Əvvəllər bu sualların qarşısında cəsarətiylə dayanan insanoğlu indi həmin cəsarətinə söykənib bildiyi sözlərdən nida cümləsi qura bilirmi? Bu suallarla baş-başa qalanda yazdıqlarımızın özəyinə-özümüzün hekayəsinə çevrilirik. Hər gün eşitdiyimiz ölüm xəbərləri düşüncəmizdə düyünə çevrilir və biz bu düyünü açmaqçün güzgülərə deyil, ovuclarımızın içindəki göz yaşına üz tuturuq. Orda qırışmış alnımıza baxa-baxa inildəyirik: “Hekayəmiz bitirmi?”
Bu məqamda Silviya Brownun xoşuma gələn bir sözünü də xatırlayıram: “Zamana çox bağlıyıq”. Nə olar, təki olsun, təki ruhumuzu dünyaya bağlayan bütün bağların qopduğu məqamda, heç olmasa, zamana bağlı qalaq. Kim bilir, bəlkə elə zaman öz “sabah” adlı paraqrafında bizə söyləyəcək: “…davam edir… İnsanlığın yeni hekayəsi növbəti səhifədə…”
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Mən könül duyğusu, könül açarı, Həsrətdən nəm çəkib eşqimin varı, Bağlama üzümə üzünü barı, Qaçma bu eşqimdən, a zalım oğlu.
Tellərim nə vaxtı bir ələ həsrət, Qönçə məhəbbətim bir dilə həsrət, Solub sevda bağım, bir gülə həsrət, Qaçma bu eşqimdən, a zalım oğlu.
Ümidlər pərəndi, arzular daşqın, Ömür vəfasızdı, zamansa çaşqın, Gəl məni özündən eyləmə qaçqın, Qaçma bu eşqimdən, a zalım oğlu.
Mən eşqin dəlisi, mən eşqin acı, Çəkmişəm bu yolda çox ehtiyacı, Ya öldür, ya da ki, eylə əlacı, Qaçma bu eşqimdən, a zalım oğlu.
Məni məndən alıb zamanım, vaxtım, Eşqin biləyində əyilib taxtım, Sən gəlin taleyim, ya da qız baxtım, Qaçma bu eşqimdən, a zalım oğlu.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
İlləri qovub gəlmişik, Əlimizdə dərd çomağı… Daşları yuva bilmişik, Daşlar da ürək qınağı…
Ürək də daşa dönərmi? Bozararmı görən üzü? İnsan daşdan eşq əmərmi? Daş ağararmı dan üzü?
Suallar… Daşlı suallar, Daşlayar, yaralar məni… Bu ahıl, yaşlı suallar, Didərlər, oyarlar məni…
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
keçən günün son kadrıdı islanmış balıncım… ovcumdakı göz yaşının rəngi bir az narıncı…
igid adsız olmazdı… duyğularım qorxan oldu… eşq canımdan can almazdı… aldı.. adı canan oldu…
gün üzündə ay haləsi eşqdi, sevdam… burax, qoy ruhumdan bir mələk öpsün… bəlkə darıxmaq keçdi… keçdi… sevdam… Şəfa Vəli (2018)
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Seçib ömürdən payızı Qapını döyməyə gəldim… Uzaq illərdəki qızı Ömrünə sərməyə gəldim…
Yaddaşında seçildikcə Qara qızın xatirəsi Əkildi də, biçildi də Taleyin ağ gün zəmisi…
Dözmədik sarı nazına… Payızı küsdürdük…getdi… Bir gün deyərsən qızına- “Bir qız məni yaman sevdi”…
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru cənab Rafiq Odayın 8 may 2021-ci il tarixli müqaviq qərarı ilə “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, gənc xanım yazar Şəfa Vəli Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru təyin olunub.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
8 may 2021-ci ildə Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Kənan Aydınoğlu öz şəxsi istəyi ilə saytın redaksiyasından ayrılıb.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Bəlkə sevgi deyil, bu bir xəyaldı, Xəyallar qoyununda bəsləyir məni. Qəlbini dindirmə, bilirəm, laldı, O da baxışıyla səsləyir məni.
Yenə öz-özümlə qalım baş-başa, Yenə həmdərd bilim kədəri, qəmi. Get öz taleyini özünçün yaşa, Mənə ümid vermə sədəqə kimi.
Sevgi ucalığı
Çəkilib dar ağacına Saralıb, solub ümidim. Bircə telefon zəngindən Asılı qalıb ümidim.
Qətlinə fərman verilib Neçə arzu, diləyimin. Məni asmaqçün hörülüb Şah damarı ürəyimin.
Ucaldar məni bu sevda, Ömrüm qalarsa yarıda. Cismim sizdən aşağıda, Ruhum sizdən yuxarıda.
2011
Getmək mümkün olsa…
Gözlərimdən gülüş, qəlbimdən sevinc ayrılan kimi ayrılıb getsəm uzaqlara, yaralı ürəyimin qaysağını qoparan kimi qoparıb baxışlarımı gözlərindən gedərdim mümkün olsaydı getmək… Gedərdim yeni sevgilər olan yerə gedərdim məsələn dənizlə göy üzünün öpüşdüyü üfüq xəttinə tərəf amma ordan da ayrılıq qoxusu gəlir orda da sevgi var saflıq var ölüm var… Mümkün olsaydı getmək ayrılığı tərk edərdim…
1991-ci ildə Saatlı rayonunun Əhmədbəyli kəndində anadan olub. 2013-cü ildə Azərbaycan Müəllimlər İnstitutunun filologiya fakültəsini bitirib. Uşaqlıq illərindən bədii yaradıcılıqla məşğul olub, şeirləri müxtəlif mətbuat orqanlarında çap edilib.
Üç kitab müəllifidir. AYB-nin üzvüdür. Prezident təqaüdçüsüdür.
Hazırda Saatlıda Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir.
Ləpir
Axşam qoyub gəldiyim ayaq izlərimi Səhər qarşılayıram, Demək yaşayıram.
Bir ayaq ləpirim Axşam yağan yaz yağışından Bir ovuc su saxlamış içində…
Bir alagöz sərçə su içir Ayaq ləpirimdən.
Başını yuxarı qaldırdıqca Sərçənin duasını eşidirəm: “Allah, sabahımız üçün də Bir ayaq saxla.”
Elə sevinirəm ki, əyilib baxıram ayaqlarıma…
Allahşükür, Dünən saat 21:19-da gönderdi Qayıdıram
Allahşükür, Dünən saat 21:21-da gönderdi Bayıl türməsi
Bu asfaltın altında Bayıl türməsi olub bir vaxt. Bizdə ürəyə bax, gör hardan keçirik?
Ayağımı yerə bərk vururam Burda, bax burda, Müşfiqin dodağının qanı var.
Burda, bax burda, Müşfiqin bir şeiri var, divara yazılan, Hecası cızılan. Gərək o divar parçasını götürüb saxlayaydıq.
Burda, bax burda, Torpağın altında Sızıltılı bir ah var. Burda, bax burda, Bir günah var…
Yanımdakı qoca bir qadın deyir mənə Türməni çoxdan köçürüblər. Deyirəm: qanı da?
Allahşükür, Dünən saat 21:22-da gönderdi Çiçəklər, əllər
Məncə, çiçəklərin Ən gözəl xatirəsi sənin əllərindi. Həm çiçəyə bənzəyir, Həm də boş qalıb indi Çiçəklərin yuvası kimi.
Əllər daha çox ağlayır, məncə. Çünki əllərini bəzəyən güllər Bir azdan zibil qabını Eyni ahənglə sevindirəcək.
Indi çiçəkmi vəfasızdı, yoxsa əllər? Məncə, çiçəklər. Əvvəl torpağı sevindirdi, Sonra qonşunun uşağını. Sonra bülbülü, Sonra sənin əllərini, Indi də zibil qabını.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı
Niyə mənə sevdalandın Ay ömrümün al çələngi? Mən yandım… Oda qalandın… Budurmu eşqin ahəngi?
Bir narıncı əl dəsmalı Küləyə qoşulub qaçdı… O dəliqanlı külək Bizim Pəncərədə oyaq qaldı..
Var oluşun – işıq selim… Unutmuşam ağ şamları… Bir mənəm, bir də şeirim… Bir də Gəncə axşamları…
Azərbaycan Yazıçılar Birliyi və Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, Dünya Gənc Türk Yazar Birliyi (DGTYB) Məsləhət Şurasının üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair, tənqidçi, ədəbiyyatşünas
Ne kadar şair var Allah
Ne kadar şair var Allah Herkes mi şair doğulur? Boynunda sözün kendiri Ne kadar şiir boğulur.
Hepsi şahtır söz tahtında Sözün bu ucuz vaktinde Kimi yıkılır bahtından Kimi de sözden yıkılır.
Kula döndük kul dünyada Çıkmaya yok yol dünyada Bu şairden bol dünyada Allah yüreğim sıkılır.
Tapammırsan? Tapmacadı! Adın gizli hər hecada. Qurban olsun bu gecə də Yuxum sənin yoxluğuna.
Sonra düşündüm ki, Qoy hamı getsin, Getdilər… Getsinlər, Əcəb iş oldu. Sonra düşündüm ki, Unudum mən də, Sonra unutmaq da Pis vərdiş oldu. Unutdum hər şeyi, Hamını bir-bir, Unutdum doğmanı, Unutdum yadı. Yadımdan çıxmağa Hazırdı hamı, Heç kim yaddaşımda Bir iz qoymadı. Nə oldu? Arzuya çatmışammı bəs? Ömrün hansı çağıdı? Uzun bir boşluğa Zilləmişəm gözümü, Saçım əllərimin oyuncağıdı.
Soyuyuram hər şeydən, Tamam ruhdan düşürəm. Göyün mavi üzündə Qalan ruhum qəribdi. Bir quşun dimdiyində Yerə düşən dən kimi Yetişibdi əllərim, Tanrı mənim əllərimi dəribdi.
Bekara qayğılar başımı qatır, İş-güc, ev-eşik, bir də – Nə yaxşı var – uşaqlar. Ömrüm boyu darıxdığım Kimdir, nədir – bilmədim, Yanağımın divarından asılıdı uzaqlar.
Sınıq güzgü Axşam qaraldır yolları, Göy üzündəki gün düşür. Keçirsən bir sınıq güzgü önünə, Şəkil çəkdirirsən. Görürsən ki, şəklin də üzgün düşür. Sonra əllərini salıb yanına Dolaşırsan gecələyən küçəni. Neçəyədək sayım sonra qayıtsın?
Ürəyindən gülmək keçir, Üçəmi? Qəfil dayanırsan! Düşür yadına – O sınıq güzgün düşür… Mən heç səni unutmuram, İlahi, Sənin yadına kim düşür?!
Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri
QAZİLƏRİ SALAMLAYIRAM
Döşünə qəlpəni qızılgül kimi, Taxan Qaziləri salamlayıram. Düşmən üzərinə çoşğun sel kimi, Axan Qaziləri salamlayıram.
Üz-üzə dayanıb mənfur yağıyla, Keçib imtahandan can sınağıyla, Girdiyi meydandan tək ayağıyla Çıxan Qaziləri salamlayıram.
Gedib babaların şanlı iziylə, Savaşa atılıb bıçaq-nizəylə.. Gözünü itirib, könül gözüylə, Baxan Qaziləri salamlayıram.
Payız gətirsə də ömürünün yazı, “Cəngi”də dil açdı qəlbinin sazı, Qoymadı zəfərə bizi tamarzı, O xan Qaziləri salamlayıram.
Adilə Nəzər 06.12.2020
*Eşq olsun, Salam olsun Azərbaycan igidlərinə! Onların sayəsində
QarabağAzərbaycandır
Açılsa yenidən tutqun havalar, Başımız üstündən bulud dağılsa.. Mənim taleyimə yazıl, nə olar, Bu fani dünyaya bir də doğulsan..
Çox olar yəqin ki, üzünə gülən, Az olar mənim tək qəlbini bilən. Ağzımın bu acı vaxtında gələn, Xoş rəftar, ləziz dad, şirin noğulsan.
Axı nə sən doğma, nə də mən yadam.. Sən qısqanc, mən isə azad qadınam. Məni öldürməyə nə var ki, adam, Məni yaşatmağa çalış, oğulsan.
03.05.2021
Özümü düşünəndə yadıma sən düşürsən, Göyərçin qanadıtək qopur içimdən bir ah. Mən tənhayam, sən Təksən, bəlkə sən də üşürsən, Elə isə halımı özün bilirsən, Allah.
Yaralayır dərinə süzülən göz yaşları, – Heyif, qoymaq olmayır ürəklərə sarğılar.. Dağıdıb buludları, kəssəm də yağışları, Qalır gicgahlarımda zoqquldayan ağrılar.
Nə olar, hisslərimə hörmət elə, bəd demə, Çəkdiyimi duy yetər, başqa heç nə arama. Sənə sual verməyə qorxuram, nə həddimə, Amma niyə fələyin duz basır hey yarama.
Mən Özümün oduna pərvanətək yanıram, Alovumdan cücərir arzuların hər dəni. Sənin Bir olduğuna ürəkdən inanıram, Aç, sənə qurban olum, aç, aradan pərdəni.
Bilirəm, hər varlığı sevgilə bəzəmirsən, Uzağa getməliyəm bu fikir, bu ağılnan. Mən sənə bənzəsəm də, sən mənə bənzəmirsən, Gücündən pay ver mənə, ey özündən doğulan.
Arzularım, diləklərim sənə yüzdü, mənə min, Yanaqların nəm görməsin sənin kimi sənəmin. Yolçu sən ol, yol mən olum, keç üstündən sinəmin, Uzaqlığın məndən ötrü hicran deyil, bəs nədir?!
Gözəlliyin gözlərimin qarasıdır, ağıdır, Ürəyimdə məcnunluğun zilə qalxan çağıdır. Dalğalar var, sahilləri döyür, didir, dağıdır Varlığımda baş qaldıran tufan deyil, bəs nədir?!
Baxışınla baxışımı oxşa incə, sev incə, Göz dəyməsin gözlərində güllər açan sevincə. Belə vurğun baxmağını günah sayma bu gəncə, Günəbaxan al Günəşə heyran deyil, bəs nədir?!
Əvəzimdə hər kim olsa, yaşamaqdan bezərdi, Gözləməkdən duyğulanm köz-köz olub közərdi. Daş olsaydı ömrü boyu həsrətinə dozərdi, Əriməzmi bu Zəlimxan, insan deyil, bəs nədir?!
Dillər ayırır bizi, dinlər ayırır bizi, Şeytanlar nifaq salır, cinlər ayırır bizi. Sevgilər yox, qəzəblər, kinlər ayırır bizi, Həyatımın, ömrümün, dinimin adı sevgi. Mənim bircə dinim var, dinimin adı sevgi.
Ruh Adəmə verildi, Adəmi ruh yaratdı, Bəşəri xilas üçün gəmini Nuh yaratdı. Savaşı, qan-qırğını, qara günü yaratdı, Harayımın, səsimin, ünümün adı sevgi. Mənim bircə dinim var, dinimin adı sevgi.
Xızır, Davud, Süleyman, Musa, İsa, Məhəmməd, Hər biri təpə-dırnaq işıq, sevgi, məhəbbət. “Vəhdəti-vücud” – dedi, vücudda tapdı vəhdət, Namazımın, qibləmin yönumun adı sevgi. Mənim bircə dinim var, dinimin adı sevgi.
Sevgi Günəş kimidir, düzə, tərsə bölünməz, Təriqətə, məzhəbə, sinfə, dərsə bölünməz. İngilisə, almana, rusa, farsa bölünməz, Türkümün, ərəbimin, çinlimin adı sevgi. Mənim bircə dinim var, dinimin adı sevgi.
Kökümün, budağımın, dizimin, dirəyimin, Ruhumun, nəfəsimin, canımın, ürəyimin, Təndirimin, təknəmin, duzumun, çörəyimin, Sünbülümün, tarlamın, dənimin adı sevgi. Mənim bircə dinim var, dinimin adı sevgi.
Doğulmağım da sevgi, ölməyim də sevgidi. Kəfənimin, qibləmin, sonumun adı sevgi, Ruhumun, nəfəsimin, canımın adı sevgi.
O qarlı zirvədə görünən qala, “Koroğlu qalası” adlanır, oğul. Qərinələr ötüşüb düşsə də, yola, Eli düşünəni el anır, oğul. Koroğlu getsə də, vüqarı getmir, Koroğlu dağ olur, dağ olan itmir!
*Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.
Kərəm meydanıdır gördüyün meydan, Burda zalımların qırdı belini. Gücsüzə güc verdi, xəstəyə dərman, Uzatdı ellərə kömək əlini. Dediyi bir söz də qalıb yadigar: -İgidi qılınc yox, qeyrət yaşadar.
*Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.
Düzlər… Geniş düzlər gülür baharda, Baxdıqca nə ucu, nə bucağı var. Yarıac, yarıtox yaşasalar da, Yüzdən çox ömr edib burda babalar. Bu torpaq, bu günəş, bu su, bu hava, Min gözə işıqdır, min dərdə dava.
*Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.
Doğma kənd… anamın qonağıyam mən, Fikrimdə dünyanın söhbəti, sözü. Doymuram ocağın hənirtisindən, Ev ata evidir, göz palıd. gözü.
Ürək dilə gəlib danışa bilməz, Bu yurdu, yuvanı yada salmasa. Qartal üfüqlərdə yol aça bilməz, Dincini torpaqda enib almasa.
*Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Məclisinin sədri
Mən bir səhər hamıdan çıxıb gedə bilərəm, Bir söz də söyləmərəm,qınamaram heç kimi. Nə varsa yaddaşımdan qazıyaram,silərəm, Səbrim yoxdu,dayanıb sınamaram heç kimi.
Canım,vallah,yalandı şairlik də,filan da, Bax,hər gecə özümü ürəyimdən asıram. Bir əzabın odunda közərdirəm sözləri, Mən şeir ha yazmıram,sinəmə dağ basıram.
Bilirəm,acizlikdi kimdənsə sevgi ummaq, Təbəssümlə,baxışla yalvarmaqdı kiməsə. Elə yanıb əllərim,uzatmağa qorxuram, Bir vaxt yaman düşmüşdüm bir dəlisov həvəsə…
Qəm yemə,keçdi getdi…indi susuz səhrayam, Bir əlçim bulud tapım gözlərimi sıxmağa. Güclə sürüyüb gedir hərə öz şələsini, Axtarsan bir adam yox,kövrəlib darıxmağa.
Zamanın qatarında kim yatmış,kim oyaqdı?! Kim var bircə gecəılik düşüb qonaq qalmağa?! Qoymadılar qayıdam bir gün uşaqlığıma, Qoymadıar məni də dönüb adam olmağa.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı
Nə gözəldi ayrılıq… Ünvanı mən olunca, Nə gözəldi söyüşlər… Dörd yanı yarıq-yarıq Dünyanın… Su dolunca Başlayar yanğın kimi Həvva günahı eşqlər….
Şəhidlər ölmür, əbədi yaşamaq üçün ürəklərə köçürlər!..
Yanvar – 2021
Bugünlük sonuncu çəkilişləri idi. Çox yorulmuşdu. Əslində, onun yorğunluğu gördüyü işin ağırlığından deyil, içinə yüklədiyi ağrılardan doğurdu. Şəhid analarının gözlərinə baxaraq sual vermək, Şəhid atalarının qürurunda boğmaq istədiyi hıçqırtılarını eşitmək, Şəhid balasının “Atam qəhrəmandır” deyərək, dörd yanda atasını axtarmasını seyr etmək onu çox ağrıdırdı. Elə ağrıdırdı ki, bu ağrıların altında əzilən bədəni ruhuna təslim olur, yorulurdu…
…Təxminən əlli yaşlarında olmasına baxmayaraq, qaməti əyilmiş, gözlərinin, dodaqlarının ətrafına qırışlar düşmüş bəstəboy qadın jurnalistləri mehribanlıqla qarşıladı. Bu qırışlar cadar torpağın üstünə yenicə yağmış leysandan sonra açılan şırnaqlara bənzəyirdi. Başını qara yaylıqla bağlasa da, ağarmış saçları yaylığın altından görünürdü. Qadın üzündəki ağrını gizlətməyə çalışırdı.
Onlar köhnə qapı-pəncərə çərçivələri ilə hasara alınmış həyəti keçərək, kiçik eyvanda ayaqqabılarını çıxardılar və darısqal, lakin səliqəli otağa keçdilər. Otaqdan üç tərəfə qapı vardı. Qapılar o biri otaqlara açılırdı. Otağın bir tərəfini divan və iki kreslo, o biri tərəfini isə ətrafına stullar düzülmüş böyük masa tuturdu. Masanın üzərində müxtəlif cür konfetlər və mürəbbələr vardı.
Əsmər keçib divanda oturdu. Operator isə əlindəkiləri yerə qoyub, çəkiliş üçün hazırlıqlara başladı.
Qadın Əsmərlə üzbəüz əyləşmişdi. O özünü sakit göstərməyə çalışsa da, titrək barmaqları ilə yaylığının saçaqlarını durmadan didişdirir, həyəcanını büruzə verirdi. Otağa gənc, sarışın bir xanım və onun arxasınca iki uşaq daxil oldu. Xanım:
– Xoş gəlibsiniz! – deyərək, qapının küncündə ayaq üstə dayandı. Qarayanız, iri qara gözlü, qıvrım saçları üzünə dağılmış qız uşağı yeddi-səkkiz yaşlarında, sarışın, qəhvəyi gözlü oğlan isə üç-dörd yaşlarında olardı. Əsmər öz-özünə düşündü: “Bacı-qardaşdılar yəqin. Ancaq bir-birlərinə heç bənzəmirlər. Görünür, qız atasına bənzəyir, oğlansa anasına”.
Uşaqlar yaşlı qadının yanına keçib dizlərinə qısıldılar. Qadın onların başına tumar çəkərək, üzünü gənc xanıma tutdu:
– Qonaqlara çay gətir, ay bala, yoldan gəliblər…
– Narahat olmayın xala, – Əsmər dilləndi.
Gənc xanım otaqdan çıxdı.
– Qızım, nə narahatçılıq, əziz qonağımızsınız. – Qadın bayaqdan bəri gizlətməyə çalışdığı göz yaşlarını ehmalca silərək dedi. Otağa sükut çökdü. Bu ağır sükutu dünyanın şirinindən əvvəl acısını dadan, atasızlığın ilk günlərini yaşayan uşaqlar da pozmaq istəmirdi.
– Siz Şəhidimizin anasısınız, eləmi? – Əsmər verdiyi sualın ağırlığında əzilərək soruşdu.
– Hə, qadan alım, hə! Mən qaragünlü, mən ölmüş onun anasıyam.
Sonra qadın əlində çay sinisi içəri girən gənc xanımı göstərdi:
– Bu isə yoldaşıdı, qarayaylıq gəlinim… – deyərək, dərindən ah çəkdi, – uşaqlar da onundu…
Yenə də göz yaşlarını gizlin-gizlin silməyə çalışdı. Oğlan uşağı nənəsinin ayaqlarına söykənib gələn qonaqları matdım-matdım izləyirdi. Onun rahatlığından nənəsinin göz yaşlarına öyrəşdiyi hiss olunurdu. Qızsa bir yerdə durmur, gah nənəsinə suallar verir, gah da kameraya, mikrofona toxunur, dəcəllik edirdi.
– Əsmər, nənə qadanı alsın, bir yerdə dur, qonaqlarımız küsər bizdən.
Dəcəl qız maraq və təbəssüm dolu nəzərlərlə Əsmərə baxaraq gülümsündü. Onun yanaqlarında bir cüt qəmzə – çökək əmələ gəldi. Əsmər öz-özünə düşündü: “İlahi, nə qəşəng qızdı. Hələ bir bunun yanaqlarındakı qəmzəsinə bax. Tanrım, necə qıyırsan uşaqların atasız böyüməsinə?”. Dərindən ah çəkdi və astadan:
– Müharibəni lənətə gəlsin! – dedi. Onun pıçıltısını kimsə eşitmədi. Sonra balaca Əsmərə dönərək: – Yox, küsmərik. Heç sənin kimi qəşəng qızdan küsmək olar? – dedi və gülümsündü. – Mən də Əsmərəm, adaşıq. Gəl, gəl bura. – Əlini qıza tərəf uzatdı. Qız ürkək addımlarla qonağa yaxınlaşdı. Əsmər onun saçlarını oxşayaraq yanağındakı qəmzədən öpdü. Balaca Əsmər gözlərini qıyıb:
– Adaş nədi? – soruşdu.
– Yəni ikimizin də adımız Əsmərdi. Adları eyni olan adamlara adaş deyirlər. Bilirsənmi, Əsmər nə deməkdi?
– Hə, bilirəm, – balaca qızın yanaqlarında yenidən çökək əmələ gəldi.
– Əsmər qara kişmiş deməkdi. Atam mənə “qara kişmişim” deyir. Sənin də atan sənə “qara kişmişim” deyir?
Əsmər gülümsünərək qızın yanaqlarından bir də öpdü və sakit səslə dedi:
– Hə, mənim də atam mənə “qara kişmişim” deyir.
“Mənə də “qara kişmişim”deyən varıydı. Bir zaman mən də kiminçünsə qara kişmişiydim”, – düşündü. Bu illər ərzində heç vaxt unutmadığı, lakin adını çəkməkdən qorxduğu Orxanı xatırladı. Ona elə gəlirdi ki, “Orxan” desə, dili yanar. Yanan dili bütün bədənini qarsar və içindəki sirri faş olar. Bu adın sahibi onun Tanrısıydı, səcdəgahıydı. O, Tanrını görmüşdü, səsini eşitmiş, hənirini duymuşdu. Tanrı ona sevgi olaraq rast gəlmiş, sevgi şəklində görünmüşdü. Sonra onlar ayrı düşdü. Tanrı onun ürəyində, ruhunda yaşadı… İlk övladını bağrına basanda Tanrını yenidən qarşısında gördü, ətrini duydu, səsini eşitdi… Sonra ikinci övladında göründü Tanrı… Və beləcə, Tanrı ona daha çox yaxınlaşdı, o, Tanrıya daha çox sarıldı. O, tanrılarını – balalarını bağrına basdıqca Orxanı unudurdumu? Orxanın yoxluğunu bu varlıqlar doldururdumu? Bu suala heç vaxt cavab tapa bilmirdi…
***
Oktyabr – 2008
Əsmərlə Ruhiyyə bu binaya sentyabr ayından köçmüşdülər. Onlar yaşlı ər-arvadın kirayəçiləri idilər. Ev sahibləri sakit, mehriban adamlar idi. Qarayanız, arıq, elə də gözəgəlimli olmayan Əsmərdən fərqli olaraq, Ruhiyyənin görünüşü gözoxşayırdı. Onun ipək kimi sarı saçları, iri şabalıdı gözləri, nazik olsa da, çöhrəsinə yaraşan dodaqları, dolu, lakin mütənasib bədən quruluşu vardı. Onu görənlər xarici görünüşündən doymadığı kimi, dinləyənlər də şirin ləhcəsindən qopa bilmirdi. Ruhiyyə çox şən qız idi. Harda olur-olsun, diqqət mərkəzində olmağı bacarırdı. Qızlar universitetə bir gedir, bir də qayıdırdılar.
…Qonşuluqdakı qaraşın, arıq, üzündən təbəssüm heç vaxt əskik olmayan, güləndə yanaqlarında çökək əmələ gələn oğlan tez-tez onların yoluna çıxırdı. Sanki o, yanaqlarındakı qəmzəni hamıya göstərmək üçün hey gülümsünürdü. Oğlan kölgəyə dönərək hər gün qızları universitetə ötürür, günortalar isə evə qaytarırdı. Onlar eyni binanın ayrı-ayrı bloklarında yaşayırdılar. Qaldıqları mərtəbə də eyni idi – səkkizinci mərtəbə.
Soyuq və dumanlı bir payız günü idi. Həmin gün Əsmər dərsdən tez çıxmışdı. O, universitetin həyətindən çıxaraq maşın yolunu keçdi və tələsik halda parka tərəf addımladı. Evlərinə ən kəsə yol buradan keçirdi. Sıralanan çinar ağaclarının arasındakı parkı keçəndən sonra böyük idman meydançasına girəcək və oradan da binalarına tərəf gedəcəkdi.
Qara, arıq oğlan həmişə olduğu kimi, parkın qarşısındakı böyük gövdəli çinar ağacına söykənərək gözləyirdi. O, Əsmərin tək gəldiyini görüb duruxdu və üzündə ani bir sevinc yarandı, yanaqları çökdü. Əsmər ona fikir vermədən yanından ötmək istəyəndə dedi:
– Salam!
– Salam! – Əsmər addımını yavaşıtdı.
– Məə-n… – oğlan kəkələməyə başladı, – mən…
– Ruhiyyə dərsdədi bir saata çıxacaq. – Əsmər qısa cavab verərək, parka tərəf addımladı.
– Ruhiyyə? Hansı Ruhiyyə?
– Necə hansı? – Əsmər ciddi görkəm aldı, ona tərəf çevrildi və: – Gözlədiyin qızı deyirəm də, hər gün yolunda durduğun… – dedi.
– Məə-ən? Mən onun yolunda durmuram, axı…
Onun cavabı Əsməri özündən çıxardı. Öz-özünə dedi: “Bu adam ya axmaqdı, ya da məni axmaq yerinə qoyub”. Sonra ucadan:
– Bəs kimin yolunda durursan? Mənim? – hirslə dedi.
Əsmər sözü birbaşa deməyi və kəskin cavabları sevirdi. Qrupda hamı ona “acıdil”, qohumlar arasında isə “zəhər tuluğu” deyirdi. Amma bu acıdil, işvə-nazı sevməyən qızın iç dünyası tamam fərqli idi. Əsl Əsməri görmək üçün onun yazdığı şeirləri, esseləri oxumaq lazım gəlirdi. O şeirlər sevgi, həyat dolu, çılğın bir qızın ürəyinin səsiydi.
Yerində dayanaraq, kiçik gilələri qapqara olan gözlərini oğlana zillədi. Bu qara, “arıq-uruq” deyə lağa qoyduqları oğlanın üzündəki təbəssüm, baxışlarındakı işıq, sanki gözlərini qamaşdırdı. O işığa boylandı. Oğlanın içini aydınca gördü: necə də həyat dolu, saf, təmiz görünürdü… Sonra ağaclar, skamyalar, çiçəklər, quşlar, adamlar, bütün Gəncə işığa büründü. Əsmər yerindəcə donub qalmışdı.
– Hə, sizin yolunuzda dururdum! – Oğlanın titrək səsində bir qətiyyət vardı.
– Məənim? – Əsmərin də səsi titrəməyə başladı, – Niyə? Mənim niyə?
– Bilmirəm! – Orxan başını aşağı saldı.
Əsmər özünü itirmişdi. Həyəcandan tir-tir əsirdi. Oğlana cavab vermədən geri döndü və dayanacağa tərəf qaçdı. Oğlan onun arxasınca:
– Adım Orxandır! – desə də, Əsmər onu eşitmirdi. Dayanacaqdakı ilk avtobusa əyləşərək, əlləriylə üzünü örtdü. Ona elə gəlirdi ki, yanaqları indicə od tutub alışacaq və hamı onun içində baş verənləri görəcək.
Orxan isə çaşqın halda Əsmərin arxasınca boylanırdı…
***
Sentyabr – 2008
Orxan Kənd Təsərrüfatı Akademiyasının sonuncu kursunda oxuyurdu. Evin bir oğlu idi. Ata-anası onu nə qədər əzizləyərək ərköyün böyütsələr də, arıq, çəlimsiz olaraq qalmışdı. Arzusu hərbçi olmaq idi. Lakin atasının təkidi ilə sənədlərini akademiyaya vermişdi. Bilirdi ki, akademiyanı bitirən məzunlara hərbi rütbə verilir. Buna görə də səbr edərək təhsilinin bitməsini gözləyir, hərbi həyata can atırdı.
Atası Qarabağ döyüşlərində iştirak etmiş, müharibənin ağrı-acısını yaşamışdı. O, bircə balasını hərbidən uzaqlaşdırmağa nə qədər səy göstərsə də, oğlu bununla razılaşmır, “Mənim torpağım erməninin ayaqları altındadı, qardaş-bacılarım dığaların əlində əsirdi. Mən azərbaycanlı olduğumla fəxr etdiyim halda, bunu dilimə gətirəmmirəm. Niyə? Nədən? Yox, mən mütləq hərbçi olacam. Qarabağ işğaldan azad olmayınca, mənə rahatlıq yoxdur!” – deyirdi.
…Həmin gün Orxan dərsdən yorğun gəlmişdi. Eyvandan şəhərin izdihamını izləyirdi. Sol tərəfdən gələn səsə boylandı. Qonşu eyvanda iki qız mübahisə edirdi. Biri sarışın saçlı, dolu bədənli, o birisi isə qara saçlı, arıq. İçəri keçmək istəsə də, hansısa bir qüvvə onu yerindən tərpənməyə qoymurdu. Qızlar isə ona fikir vermir, mübahisələrinə davam edirdilər. Sonra birdən-birə mübahisələri kəsdi və gülüşməyə başladılar. Elə gülüşə-gülüşə də içəri keçdilər. Sonralar Orxan qızların tələbə olduqlarını, burada kirayədə yaşadıqlarını öyrəndi. Öz aləmində qızlara ad da qoymuşdu. “Qara kişmiş” və “Sarı qız”. Əvvəllər sadəcə onları görməyə öyrəşsə də, sonra bu hissin bütün içini sardığını hiss etmişdi. “Qara kişmiş” onun ürəyini elə bir şirinliklə doldururdu ki, bu sehrdən qopa bilməyəcəyini dərk edirdi. O, “Qara kişmişi” görmədiyi gün özünə gəlmirdi. Hər gün qızların arxasınca universitetə gedir, onlar qayıdanda dönürdü. Hər gün də dərsə gecikir, sonuncu dərsdən isə qaçırdı. Nümunəvi tələbələrinin dəyişdiyinə müəllimləri də təəccüb edirdi. Qızlar da onun müşayiətinə öyrəşmişdilər. Orxanı görən kimi pıçıldaşır, şaqqanaq çəkərək gülüşürdülər…
***
Fevral – 2009
Həmin o dumanlı payız günündən sonra Əsmərin də qonşu oğlana marağı oyanmışdı. Tez-tez balkona çıxır, qonşu tərəfə boylanırdı. Ruhiyyə də bunu sezir, gülərək deyirdi:
– Axır ki, sənin də aşiq olduğunu gördük. Aaz, saa demerdimmi, gün gələjəh sən də sevdalanajaxsan.
Əsmər ona susaraq cavab verirdi.
Son zamanlar Orxan qızlara yaxınlaşmaqdan çəkinmirdi. Demək olar ki, dostlaşmışdılar. Bir neçə dəfə Ruhiyyə Əsmərlə Orxanı tək qoymaq istəmiş, amma qız rəfiqəsinin qolundan yapışaraq buraxmamışdı.
Ruhiyyə rayonda idi. Əsmər dərsə tək gedib-gəlirdi. Orxan bir neçə dəfə ona yaxınlaşmaq istəsə də, qız qaçıb avtobusa minmiş, ondan uzaqlaşmışdı. Bu gün isə qaçmadı, hətta Orxanın yanına çatanda addımını yavaşıtdı və asta səslə salam verdi.
Əsmər Ruhiyyənin yanında çox sərbəst olurdu. Deyib-gülür, zarafatlar edirdi. İndi isə susqun, ürkək idi. Sanki bütün cəsarətini Ruhiyyənin şaqraq gülüşlərindən alırdı bu qız…
– Əsmər, səninlə danışmalıyam. – Orxan dedi.
– Buyur!
– Mən sənin barəndə anama demişəm. O çox sevindi. Atama da dedi.
Əsmərin yanaqları qızardı.
Orxan davam etdi:
– Sizə gəlmək istəyirlər. Atam deyir ki, nişanlan və ixtisasına uyğun işə düzəl. Mən isə hərbiyə getmək, hərbçi olmaq istəyirəm. Sən hərbçiylə ailə qurarsan?
Əsmər başını qaldırdı, yanaqları qıpqırmızı olmuşdu. Orxanın gözlərinə baxdı və həyəcanlı səslə:
– Mən də hərbçi olmağı arzu edirdim. Ailəmiz buna razı olmadı. Çox sevirəm hərbi geyimi…
Orxan sevincək dedi:
– Demək, hə! Həəə, sən hərbçiylə ailə qurarsan!
Əsmərin əlindən tutaraq onunla yanaşı addımladı. Onlar çinar ağacları ilə əhatələnmiş parkı geridə qoyub, əslində, arakəsmə, lakin keçilməkdən böyüyərək yolağa dönmüş cığırdan keçib meydançaya daxil oldular. Meydança boyunca salınmış oturacaqlardan birində yanaşı əyləşdilər. Ətrafda kimsə yox idi. Arabir meydançanın içini kəsə yol edən yerli adamlar görünürdü. Orxan Əsmərin əlini hələ də buraxmamışdı. Hər ikisinin ürək döyüntüsü eşidilirdi.
– Akademiyanı bitirən kimi hərbiyə yollanacam. – Orxan sükutu pozdu. – İstəmirəm oğlum da mənim kimi torpaq həsrətiylə böyüsün. Bilirsənmi, Əsmər, bizim ordumuz çox güclüdür. Biz müharibəni uduzmamışıq. Sadəcə, dayandırmışıq. Zaman belə tələb edir. Hər şeyin öz vaxtı var. Atam deyir ki, erməni ordusunda vuruşanlar ermənilər deyildi, çoxusu ruslarıydı. Rus onlara dəstək olmasa, erməni kimdi ki, bizə güc gəlsin.
O, hərbidən, döyüşdən çox hərarətlə danışırdı. Onun səs tonundan, hərəkətlərindən, iti baxışlarından hiss olunurdu ki, qorxmaz, qəhrəman bir zabit olacaq.
***
Sentyabr – 2009
…Orxan dediyi kimi də elədi, akademiyanı bitirdi və hərbiyə yola düşdü. İlk günlər valideynləri etiraz etsələr də, sonda oğullarının hərbçi olmaq istəyi ilə razılaşmaq məcburiyyətində qalmışdılar. O, vaxtaşırı məzuniyyətə gəlir, Əsmərlə görüşürdü. Əsmər dördüncü kursda oxuyurdu. Onlar evlənmək üçün Əsmərin universiteti bitirməsini gözləyirdilər.
…Yenə də idman meydançasında – həmişəki oturacaqlarında yanaşı oturmuşdular. Orxan qolunu Əsmərin belinə dolayaraq:
– Ay qara kişmişim, – dedi, – toyumuzdan sonra kənddə yaşamaq sənə çətin olmayacaq ki? – Xidmət etdiyi sərhəd bölgəsindəki kəndi nəzərdə tuturdu. – Bax, dağ yeridi oralar, həyat tərzi burdakı kimi deyil.
– Olsun dəə, sən yanımda ol, lap Murovun başında da yaşayaram. – Əsmər Orxanın furaşkasını çıxarıb qapqara saçlarını qarışdırdı. – Sənə çox yaraşır ee, hərbi forma. Elə qəşəy görünürsən ki?
– Mən formasız da yaraşıqlıyam, – Orxan gülümsündü. Yanaqlarındakı çökək bir az da dərinləşdi.
– Ayy, necə də özündən razısan! – Əsmər dodaqlarını büzdü.
– Əlbəttə, razıyam. Gör mən kimin sevdiyi oğlanam. Sənin ee, sənin. – O, güclü qolları ilə Əsməri özünə tərəf sıxdı və yanağından öpdü.
– Yavaş! Yavaş! Adamlar var, görərlər. – Əsmər ürkək baxışlarla meydançaya boylandı.
– Görsünlər dəə, sevdiyim qızı bağrıma basıram. Anam deyir ki, bayramda elçi getmək düşərli olur. Ona görə də marta saxlayır nişanı. Deyir ki, martda nişanlananların ilk övladı oğlan olur, – Orxan ucadan qəhqəhə çəkdi. Əsmər başını aşağı saldı və utancaq şəkildə:
Baharın gəlişiylə təbiət oyanmış, hər tərəfdə canlanma, həyat eşqi baş qaldırmışdı. Orxan martın səkkizinə qədər gələcəyinə söz vermişdi. Bayramda nişanları olacaqdı.
Son zamanlar Ruslan adında bir oğlan Əsmərin kölgəsinə dönmüşdü. Oğlan bir neçə dəfə ona yaxınlaşmış, rədd cavabı almışdı. Əsmərin valideynləri də elçilərə “Qızımız kimi istəsə, ona verəcəyik. Ali təhsilli qızdı. Ailə həyatını da özü istəyəndə quracaq” – demişdilər. Əsmər bütün bunları Orxana yazmaq istəsə də, fikrindən daşınmış, “hərbidədir, fikrini qatmayım, gələr, hər şeyi deyərəm”, – deyə düşünmüşdü.
O gün… Əsmərlə Ruhiyyə universitetdən çıxıb evə tərəf gedirdilər. Onların yanında ağ rəngli maşın dayandı. Ruslan və daha iki oğlan Əsməri bircə anın içərisində qamarlayaraq maşına tərəf apardılar. Əsmərin qışqırığı ətrafa yayıldı. Əvvəl heç nə anlamayan Ruhiyyə özünə gələndən sonra “Qoymayın, qızı qaçırdılar!” – deyə haray çəksə də, maşın gözdən itmişdi…
Bir neçə gündən sonra valideynləri Ruslanla Əsməri Türkiyəyə yola saldılar. Əsmərin ailəsi ilə barışıq olmuş, diplom işi isə növbəti ilə saxladılmışdı. Toy Türkiyədə olacaqdı. Türkiyədə önəmli iş adamı kimi tanınan Ruslan Əsmərin ana-atasının, qardaşlarının sevgisini qazanmışdı. Hamı bu izdivaca sevinir, hamı xoşbəxt idi. Təkcə Əsmərdən başqa…
***
Yanvar – 2011
Əsmər bütün dostları ilə əlaqəni kəsmişdi. Yalnız hərdən Ruhiyyəyə zəng edirdi. Bir dəfə özünü toparlayaraq soruşmuşdu:
– Ondan nə xəbər?
Ruhiyyə isə:
– Hərbidədi, – demişdi, – zvaniyası yüksəlib. Deyirlər, siz Türkiyəyə gedəndən iki gün sonra gəlib. Eşidən kimi Ruslangilə gedib, “Hanı o?” – deyə oraları dağıdırmış. Dostları onu güc-bəlayla oradan aparıblar. Səndən sonra cəmi bir dəfə gördüm. Əsmər, bir görsəydin necə dəyişmişdi. Əvvəlki Orxandan əsər-əlamət qalmamışdı. Salamlaşdıq və bircə kəlmə dedi: “Əsməri görsən, de ki, biz görüşəcəyik…”.
Əsmər isə:
– Ay Ruhiyyə, axı sən bilirsən, hər şeyi… – deyərək hönkür-hönkür ağlamışdı…
Qayınatası Əsmərin diplomunu almışdı. Ruslan isə, “Diplomdu dəə, almısan. Onsuz da sənə gərək deyil. Sənin işləməyə ehtiyacın yoxdur”, – demişdi. Həmin gündən işləmək söhbətinə son qoyulmuşdu. Sonra ard-arda iki qızı olmuş, evdə uşaqlara baxmışdı. Hərdən Azərbaycandakı müxtəlif qəzet və jurnallara köşələr yazırdı. İmzası tanınır, hətta sevilirdi. Əri avtomobil qəzasında həlak olandan sonra Azərbaycana gəlmiş, atası evinə yerləşmişdi. İşə də düzəlmişdi. Atası ona:
– Qızım, Allah ömür versin sənin balalarını da böyüdüm. Elə bilirəm qızım bir yox, üçdür. Amma bütün günü evdə oturmalı deyilsən. Ali təhsilli qızsan, istedadın, bacarığın var. Uşaqlara nənələri baxacaq. Sənsə istədiyin yerdə işə düzəl, – demişdi.
Əsmər iki ilə yaxın idi ki, televiziyada hərbi proqramlar departamentində müxbir kimi çalışır, qəhrəman hərbçilər barədə reportajlar hazırlayırdı. İşini çox sevirdi. Hərbçilərlə bir arada olmaq onun içində bükülü qalmış arzularının ətrini gətirirdi, sanki. Özünə belə etiraf etməkdən çəkinsə də, içində daim bir ümid közərirdi: “Nə vaxtsa Orxanla qarşılaşacağam…”.
Azərbaycan hərbi və siyasi tarixinə şanlı hərflərlə yazılmış 44 günlük müharibədən sonra, Birinci və İkinci Qarabağ döyüşlərində, Azərbaycan Vətən müharibəsində qəhrəmanlıqlar göstərmiş, qazi olmuş, müqəddəs şəhid adını qazanmış oğullarımızdan söz açan bir layihəyə Əsmər rəhbərlik edirdi.
***
Yanvar – 2021
Şəhid anasının səsi Əsməri xəyaldan ayırdı.
– Rəhmətlik kişi Əsmərə ayrı ad qoymaq istəyirdi. Sonralar biləndə ki, Orxan… – dərindən ah çəkdi, – Orxan qızının adını Əsmər qoymaq istəyir…
“Orxan” adını eşidəndə otaq Əsmərin başına fırlandı, sanki. O, illərdir içində gizlətdiyi adı dilinə gətirdi:
– Orxan?!
Ona elə gəldi ki, dili od tutub alışdı. Alov Əsmərin bütün bədənini sardı. Artıq hər yer alışıb-yanırdı. Əsmər isə bədənini qarsan alovun içərisində “Orxan! Orxan! Orxan…” – deyə, təkrarlayırdı. O, hər dəfə Orxan dedikcə alov daha da güclənir, nəfəsi tutulur, ayaqları sustalırdı.
…Orxan anasının yan otaqdan gətirdiyi qırmızı lentli şəkildən Əsmərə baxırdı. Yanaqlarında bir cüt çökək əmələ gəlmişdi. O, yenə də gülümsünür, gözlərindən ətrafa işıq yayılırdı. O işıq əvvəl otağı, sonra isə bütün dünyanı bürüdü. Əsmər Orxanın səsini eşidirdi: “Ay qara kişmiş, bax, biz yenə də görüşdük…”.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Çox nakəslər gördüm haqqın yolunda, Haray çəkən dilə döndüm, nə fayda. Taleyimin yoxuşunda, yalında, Damla-damla gölə döndüm, nə fayda.
Qaranlıq zülmətdən elə nur sağdım, Sahil tək köksümə dalğalar sıxdım, Bir eşqin odunu sinəmə yaxdım, Yanıb-yanıb külə döndüm, nə fayda.
Halına çox yandım ağlayan kəsin, Həqiqət yolunda hayqırıb səsim, Mərdəm, mərd insana bəs eylər pəsim, Namərd üçün zilə döndüm, nə fayda.
Bir dünya dərdimi çəkmişəm xəlvət, Heç bir dərd əymədi qəddimi əlbət, Vətən tən bölündü, əyildim fəqət, İnildəyən telə döndüm, nə fayda.
Nəcibəyəm, bir gündə dörd fəsillə, Ürəyimi zaman oydu nə dillə, Qalxıb zirvələri mən pillə-pillə, Günə, aya, ilə döndüm, nə fayda.
Ana,sənsiz ovunmuram bircə an, Qəm fələyi can evimdən aldı can, Xatirəndən yoxdu özgə bir güman, Məzarının başında… Qıymıram ki, baxam o buz baxışa, Kədərimə həmdəm olan bu daşa, Hicranınla qaldım yenə baş başa, Məzarının başında…
Soyuqlaşdın,dünya kimi havan dəyişib, belə getsə-durna kimi uçub gedəcəm, eşitmişəm,gülüm,yenə yuvan dəyişib! mən səninlə hankısına köçüb gedəcəm?
Bir-bir sənə bağlandığım tellər qırılır, baxanı yox!-bəslədiyin güllər qırılır, çooox uzandı bu ayrılıq,illər qırılır, bu sevginin hər şeyindən keçib gedəcəm.
Qapın-qıfıl sırğalıdır,pəncərə bağlı, pozmzq olmur,ahd-peyman min cürə bağlı, getsin hər şey Cəhənnəmə,mən-cərə bağlı, düyünləri inadımla açıb gedəcəm!
Bundan sonra söz olacaq qüssələrinki, dəyişmişik;nə sən o san,nə mən həminki, sən özgəyə qismət oldun,mən özgəninki, tutub-zorla aparsan da qaçıb-gedəcəm.
Deməmişdik:” bu ülfəti edək yarımçıq”, boy vermədi-eşqin gülü gödək,yarımçıq, şərəfimə qaldırdığın qədəh yarımçıq!! bəs demişdin:”Sağlığına içib gedəcəm…”
Mənə yüz il ömür arzulamayın, Payız yarpağıtək qovmasın külək, Gözlərim görsə də, ayağım, əlim, Əsalıq olanda dayansın ürək.
Mənə “Yüz il yaşa!” deməsin dostlar, Gülüşüm, yerişim, səsim itməsin. Məndən cavan olan, gümrah olanlar, Çiynimdə dünyadan köçüb getməsin.
Mənə yüz il ömür arzulamayın; Bu qədər yaşayan hansı çiçəkdir? Sən yaşda qalmırsa tay-tuşun, tayın; Qurdla qiyamətə qalmaq deməkdir.
Mənə elə ömür arzulayın ki, Ölüncə ümmantək çağlaya bilim. Qapı-pəncərəni öz evimdəki Özüm aça bilim, bağlaya bilim.
Sağlıqlar deyəndə hərdən şənimə – Nə özüm kövrəlim, nə sizə gülüm. Tanrıdan bir ömür diləyin mənə, Hər vaxt sevə bilim, sevilə bilim.
Taleyim sevgiylə baxsın üzümə; Görsün yad payına şərik deyiləm. Gərək olmayanda özüm-özümə, Deməli, heç kəsə gərək deyiləm!
Mənə yüz il ömür arzulamayın, Ləyaqət, təmiz ad atıb getməsin. Dünyaya qalacaq malı dünyanın, Karvanım lənətə batıb getməsin! Mənə yüz il ömür arzulamayın…