Filologiya üzrə fəlsəfə doktoru,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri

GÖRDÜM

Mən ta əzəldən var idim,
Getdim, gəldim məni gördüm.
Dini, dili dəyişdirdim,
Dünyada çox qəni gördüm…

Zərdüştdən düşən işığı,
Məhəmməd tək haq aşığı,
Araya çökən boşluğu,
Boşluqdakı çəni gördüm.

Gəldim gəlinməz yolunan,
Əsdim dərədə yelinən,
Həyat ağacı bilinən,
Sünbüldəki dəni gördüm.

Ruhda partlayan mərmilər,
Canda min ümidə dəyər,
Gül, gülə bilirsən əgər,
Sən güləndə şəni gördüm.

Ağırdı yüküm, çox ağır,
Sömürülür vicdan fağır,
Özün də bilirsən axı
Nə var-nə yox, yəni.. gördüm.

Aşkar elmdir həqiqət,
Yuxuda etdik yolu qət,
Oyandıq, qopdu qiyamət,
Aramızda təni gördüm.

Göz yaşıdı zəmzəm suyu,
Sükut ariflərin küyü..
Atdın üstümdən örtüyü,
İlahi, mən səni gördüm.

Olmaq mənə düşər, oldurmaq sənə

Ya Hu, yenə xəyalına dalmışam,
Dalmaq mənə düşər, daldırmaq sənə.
Ol! demisən, mən yazıq da olmuşam,
Olmaq mənə düşər, oldurmaq sənə.

Gəl, yarımçıq işlərimi eylə tam,
Bir eşq göndər, sına, olum xətircam,
Ürəyimin atəşindən belə kam,
Almaq mənə düşər, aldırmaq sənə.

Əlim-qolum çarpaz budaqlar kimi,
Xatirələr çat-çat dodaqlar kimi,
Tez sovuşub keçən o çağlar kimi,
Solmaq mənə düşər, soldurmaq sənə.

Hara baxsam xəyanətin izləri,
Anlatmaqda aciz qalır sözlərim,
Dikilibdir ümidinə gözlərim,
Dolmaq mənə düşər, doldurmaq sənə.

Sən Rəhmansan, mən günahkar bir bəndə,
Düyünlədim günahımı bir bəndə,
Saatlarla dizi üstə səcdəndə,
Qalmaq mənə düşər, qaldırmaq sənə.

Şeytanlar var daim sağı-solunda,
Düz yol gedənlərin qandal qolunda.
Adiləyəm, bir gün Haqqın yolunda
Ölmək mənə düşər, öldürmək sənə.

NƏYİ GÖZLƏYİRƏM

Bu, zaman adlanan uzun boşluqda,
Nəyi gözləyirəm, nəyi, bilmirəm.
Bir dad alammıram yüz cür xoşluqdan,
Nəyi gözləyirəm, nəyi, bilmirəm.

Eşqin dili laldır, dodağı solğun,
Qanadı qırıqdır, körpəsi olqun,
Göy üzütək təmiz, buludtək dolğun,
Nəyi gözləyirəm, nəyi, bilmirəm.

Geriyə boylandım, nə var puç, hədər,
Uzaq bir üfüqdə bir ovuc kədər,
Kiçilib olmuşam bir nöqtə qədər,
Nəyi gözləyirəm, nəyi, bilmirəm.

Bir beşik yellənir ömür köçümdən,
Yüz qəm gizlənibdi bircə “heç”imdə..
Bir layla söyləmək keçdi içimdən,
Nəyi gözləyirəm, nəyi, bilmirəm.

Yuvalar boşaldı, quşlar perikdi,
Mən tək kim gözünü yollara dikdi..
Bu yaşda gözləmək lap dəlilikdi,
Nəyi gözləyirəm, nəyi, bilmirəm.

27.03.2021