Yağmur ƏSMƏRSOY.Yeni şeirlər

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri  

* * * 

Allah da bu boyda götürməz ahı,
Bəndəsi şükr edər naşükür olmaz.
Bu nurda boy atdıq səcddəyə durduq
Haqq desən insanlar bir yol yorulmaz.

Quranı kitablar kitabı bildik,
Peyğəmbər Allahın son elçisiydi.
İslama gəl deyə hayqırdı dön gəl
O sudan içdikcə birdə dirildik.

Gecələr oyanıb namaza dursan,
Açılar qapılar üzünə min yol.
Əl açsan, dua et, Allahdan istə,
Nə olsan əyilsən, yenə özün ol.

* * * 

Qorxmuram şəhərin küçələrindən,
Yanımdan iki bir maşınlar keçir.
Bəlkə bir sağ olsuz məni tərk edib
Getdiyin yolların yolçusam mən.

Ağaclar binalar, yad bildiklərim,
Ovutmur könlümü gedəndən yenə.
Bir eşqliq yol keçib üzüldüyüm də
Yüyürdüm bir eşqdə dönürəm sənə

7 aprel-Azərbaycan Respublikasının Xalq yazıçısı Çingiz Abdullayevin doğum günüdü

Çingiz Akif oğlu Abdullayev (d. 7 aprel 1959) — Azərbaycan detektiv yazıçısı, nasir, publisist, Azərbaycan Respublikasının xalq yazıçısı (2005), 1989-cu ildən Azərbaycan SSR Yazıçılar İttifaqının, 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin katibi(müavini), hüquq elmləri doktoru (1991); “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri (31 mart 2015-ci ildən).[1]

Həyatı

Çingiz Abdullayev 1959-cu il aprelin 7-dəBakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.[2] Atası Abdullayev Akif Abdulla oğlu Böyük Vətən müharibəsinin iştirakçısı olmuş, Naxçıvan Muxtar Respublikasında prokuror, Bakı şəhərində prokuror müavini, Azərbaycan Vəkillər Rəyasət Heyətinin sədri vəzifələrində çalışmışdır. Ç.Abdullayev Bakıda 189 saylı şəhər məktəbini bitirmişdir (1976). Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirmişdir (19761981)

Fəaliyyəti

Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlamışdır (1981). AfrikaAsiya və Avropa ölkələrində ezamiyyətdə olmuşdur (19841986). Sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışmışdır. 1989-cu ilin fevralından Azərbaycan Yazıçılar İttifaqının katibi olmuşdur. Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır (1988). Polşanın Krakov Universitetinin fəxri professorudur (1989). H.Z.Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri (1990-cı ildən) və Azərbaycan Yazıçılar Birliyinin katibi (1991-ci ildən) seçilmişdir. Azərbaycan Demokratik Ziyalılar İttifaqı nəzdində olan milli akademiyanın doktorudur (1990). Beynəlxalq cinayət problemi barədə doktorluq dissertasiyası müdafiə etmişdir (1991). Azərbaycan PEN klubunun vitse-prezidentidir (1990).
Ədəbi fəaliyyətə tələbəlik dövründən başlamışdır. 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir. Rus dilində yazıb-yaradır. İngilis və italyan dillərində sərbəst danışır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. AlmaniyadaİrlandiyadaFransadaRusiyada kütləvi tirajla buraxılmış, 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılmışdır. 194 adda kitabın müəllifidir[3]. Bütün bu kitablar onu siyasi detektiv janrında yazan ən məhsuldar müasir yazıçılardan biri kimi tanıtdırmışdır. Xidmətlərinə görə “Qırmızı Əmək Bayrağı” ordeni və medallarla təltif olunmuşdur. Keçmiş SSRİ Yazıçılar İttifaqının nümayəndələri tərkibində ÇexoslovakiyaYuqoslaviya (1978), Bolqarıstan (1986), Danimarka (1989), Polşada (1989) səfərdə olmuşdur.
Çingiz Abdullayev 2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib.[4]
2014-cü ilin noyabr ayından İnterpolun fəxri səfiridir.
30 mart2015-ci ildən “Neftçi” Futbol Klubunun Müşahidə Şurasının sədridir[5]

Ad və mükafatlar

Filmoqrafiya

Əsər müəllifi kimi

  1. Dronqo (serial, 2002)(bədii serial)(Rusiya)
  2. Məhkumlar (film, 2007)(tammetrajlı bədii film)

Ssenari müəllifi kimi

  1. Dronqo (serial, 2002)(bədii serial)(Rusiya)
  2. Məhkumlar (film, 2007)(tammetrajlı bədii film)
  3. Tərsinə çevrilən dünya (film, 2011)(tammetrajlı bədii film)
  4. Xeyirlə şərin rəqsi (film, 2016)(tammetrajlı bədii film)

Məsləhətçi kimi

  1. 40-cı qapı (film, 2008)(tammetrajlı bədii film)

Prodüser kimi

  1. Adın sirri və tale. Qurban Səid (film, 2010)

Əsərləri

Əsas məqalə: Çingiz Abdullayevin biblioqrafiyası

İstinadlar

  1.  Çingiz Abdullayev: Məni istəməsələr, “Neftçi”də qalmayacam. apasport.az, 31.03.2015  (azərb.)
  2.  Kuluar.az – Çingiz Abdullayev “… Yazmağa başlayanda deyirdilər Çingiz getsin qoyunlarını otarsın…”
  3.  Çingiz Abdullayev: “MTN-in təklifindən imtina etdim”
  4.  Çingiz Abdullayevə “Şöhrət” ordeni verildi
  5.  Çingiz Abdullayev İnterpolun fəxri səfiri oldu. sabahinfo.az, 10.11.2014.  (azərb.)

Xalq yazıçısı Mirzə İBRAHİMOV.”Azad” (Hekayə)

Azad mənim uşaqlıq və gənclik yoldaşım idi… Bir həyətdə doğulmuş, bir həyətdə böyüyüb məktəbə getmişik… Gəncliyimizin də böyük bir qismini bir yerdə keçirmişik. Biz bir evin uşağı kimi tərbiyə almış və bir-birimizə doğma qardaşdan artıq ünsiyyət bağlamışdıq… İkimiz də bir-birimizin xasiyyətini çox gözəl bilirdik. Onun sakit və lal-dinməzliyi mənim nəzərimdə təbii bir şey idi…

Yoldaşlar arasında çox vaxt Azadı öz adı ilə çağırmazdılar. Dinməzliyinə görə ona sükuti deyirdilər…

O, dünyaya gəldiyi zamandan xoş bir gün görməmişdi… Aclıq, ehtiyac, soyuq otaq, torpaq döşəməyə salınmış köhnə həsir… Gözünü açdığı gündən gördüyü bu idi. Azad doğulmamışdan bir ay əvvəl atası ölmüşdü. Anası səlimə xala evdə tək qalmışdı. Kişinin ölümündən sonra arvad qapılara düşüb iş axtarmağa məcbur olmuşdu. Birinin ev-eşiyini təmizlər, birinin paltarını yuyar, birinə yun çırpardı. Bu qayda ilə bir qarnı ac, bir qarnı tox o, Azadı böyütmüşdü… Dünyada yeganə ümidi və həyatının məqsədi o idi.

Yaxşı yadımdadır… Bizim beş-altı yaşımız olanda hər axşam səlimə xala yatmamışdan qabaq bizə nağıl danışardı… Onun nağıllarına qulaq asa-asa bizi yuxu aparardı…

Bir dəfə adi payız axşamlarından birində o bizim başımızı dizi üstə alaraq yenə həzin-həzin oxuyur, söylənir, mahnılar deyirdi. Yarpağı tökülmüş ağaclardan, qərib və yuvasız quşlardan, arxlara dolmuş xəzəllərdən danışır, tez-tez Azadın adını çəkir, gah da əyilib üzündən öpürdü. Mən yuxuya getdikcə onun uzaqlardan gələn səsini eşidirdim. Qulağıma kəsik-kəsik sözlər gəlirdi: “Tək balam, yuvamın quşu balam… yurdumun daşı balam…”. Azad isə sakit-sakit yuxulayırdı.

İki il o mənimlə bir yerdə məktəbə getdi. Orada da Azad heç kəsə qoşulmaz, tənəffüslərdə bütün uşaqlar bir-biri ilə oynadığı halda, o, bir küncdə durub baxardı. Müəllim ona bir sual verərsə, qıpqırmızı olardı. Lap yaxşı bildiyi bir şeyi belə söyləyə bilməzdi. Doqquz yaşı olanda anası onu oxuda bilməyib, məktəbdən aldı. Qonşuların köməyi və yalvar-yaxarla Təbrizin Liləvan məhəlləsində kiçik bir dərzi dükanında şagirdliyə düzəltdi.

İllər gəlib keçdi, mən orta məktəbi qurtardım, o, dərzi dükanında qaldı. Onun dərzi şagirdi olması, təbiidir ki, bizim əlaqəmizi kəsmədi. Əksinə, böyüdükcə bizim dostluğumuz daha da artdı. Həyat bizi daha da yaxınlaşdırdı. Həyatın hadisələri məni qəzəbləndirdiyi halda o, bu hadisələrə qarşı sakit, laqeyd görünərdi. Heç bir ehtiyac, heç bir dərd onun adi halını pozmazdı.

Acıqlı olduğu günlərdən biri yadıma düşür. Kirayə pulunu gecikdirdiyimiz üçün ərbab[1] bizi evdən qovmaqla təhdid etmişdi[2]. Pul yox idi. Qazanmağa da iş tapılmırdı. Küçələri boş-boş gəzib yorulduqdan sonra Azadın yanına getdim.

– Azad, – dedim, – dərd ürəyimi dağıdır. Ağlamaq istəyirəm. Gözlərimdən yaş gəlmir. Bu nə güzəran, bu nə dirrikdir? Azad! İşləməyə yer yox, danişgahda[3] oxumağa imkan yox, oğruluqmu edim, qardaş? Əlim sağ, qolum sağ, özümdə dağ gücü hiss edirəm, mən nələr edə bilmərəm? Əlimdən nə gəlməz? Nəyə gücüm çatmaz? Vallah, “Od dəryasını yar keç!” desələr, keçərəm. Bəs indi də işləməyəndə, mən nə zaman işləyəcəyəm?!

O nə isə tikirdi. Mən sözə başlayarkən əl saxlayıb, ani olaraq üzümə baxdı, yenə iynəsini götürərək öz işinə məşğul oldu… Söz bura çatan kimi, o, iynəsini yerə qoyub sakit nəzərlərini mənə çevirdi…

– Azad, – dedim, – bizim hərəmizin iyirmi dörd yaşımız var… Kim bilir, bəlkə də ömrümüzün yarısını, bəlkə də çoxunu yaşamışıq… Bu iyirmi dörd ildə biz nə görmüşük? Bir tikə çörək, qışda bir manqal kömür dərdindən başqa, hansı bir fikir, hansı bir əməl qəlbimizi döyündürmüşdür? Məgər həyat budur?.. Yaşaayışın qayəsi budurmu?.. Sən elə bilmə ki, məni danışdıran pulsuzluq və ya aclıqdır… Yox! Azad! Fikrimdə başqa şeylər dolanır. Bizim bu iyrənc mühitə baxıram, ürəyim bulanır. Sahibi-mənsəblərimizi[4] götür… Bir heyvanın həyatı onların həyatından daha faydalıdır. Heç olmazsa heyvanın bir şeyə xeyri olur. Onlar isə yeyir, yatır, işsizlikdən şişir, toxluqdan harınlıq etməyə başlayır, xalqa min cür əziyyət verirlər… Mən ki belə həyatı istəməzdim… Bir iş görmək istəyirəm, Azad!.. Elə bir iş ki, bizdən sonra gələnlər də ondan bir xeyir görsünlər. Kəndə gedəcəyəm. Bir ərbaba nökər olub bağbanlıq edəcəyəm… Heç olmasa ağac əkərəm, bağ salaram, öləndən beş il sonra insanlar bir xeyir görərlər. Adımı rəhmətlə çəkərlər!

Mən bu qədər danışdım. Azad heç dodaqlarını da tərpətmədi. Gözlərini bir nöqtəyə dikib durdu… Mənə elə gəldi ki, o, ömründə bir dəfə də belə məsələlər haqqında düşünməmişdir. Durub dükandan çıxmaq istədim… O, yerindən tərpənmədi, mən onun üzünə baxıb acıqla dedim.

– Yazıq, min yazıq bizə baxıb övladlarım var deyən vətənə! Yazıq bu gül kimi Azərbaycan torpağına ki, üstündə sən və mən gəzirik. O, bizdən nə xeyir gördü? Bizim həyatımız bir qara quruşa dəyməz!.. Çünki, bizcə, həyat yeməkdən, yatmaqdan, yenə yeməkdən və yatmaqdan ibarətdir. Biz, ölüm qapımızı döyən günə kimi də belə yaşayacağıq. Biz ölmək üçün yaşayırıq… Yaşamaq üçün ölən insanlardan xəbərsizik! Buna görə də cənazəmiz qəbrə çatmamış bizi unudacaqlar… səni də, məni də. Yox, bəlkə səni bir yad edən tapıldı… Deyəcəklər ki, dərzi Azad yaxşı yamaq salardı… Allah rəhmət eləsin!

Özümü dükandan küçəyə atarkən onu səsini eşitdim.

– Fərda, Fərda!..

Cavab verməyib çıxıb getdim. Bir müddət sonra bu hərəkətimin peşmançılığını çəkməyə başladım. Mən bu yazığı niyə incitdim?.. Onun təqsiri nədir? Bir könlü ki, tikə bilməyəcəksən, niyə yıxırsan? – deyə düşündüm. Gün batıb qaş qaralana qədər küçələri dolaşdım. Evə qayıdan zaman düşünürdüm ki, yəqin, indi şeylərimizi həyətə atmışlar. Anam astanada oturub məni gözləyirdi.

– Nə var, ana, hələ ərbabın adamı gəlməyib ki?..

– Gəlmişdi, oğul.

– Nə dedi?

– Nə deyəcək, pulunu alıb getdi.

– Pulu haradan tapdın, ana?

– Necə haradan tapdım, oğul! Azad gətirdi, dedi ki, sən vermisən.

Mən barmağımı dişlədim. anamın qolundan tutb içəri apardım. Sonra Azadla görüşdükdə təşəkkür etdim. Keçən günkü kobud rəftarım üçün üzr istədim. O, heç bir söz demədi, gözlərini bir nöqtəyə dikib durdu.

Bir ay sonra mən anamı da kəndə getməyə razı saldım. Səlimə xala və Azadla halallaşıb Təbrizdən ayrıldıq.

* * *

Tam beş il mən Azadı görmədim. Nə o kəndə gəldi, nə də mən Təbrizə getdim. Buna baxmayaraq Təbrizə səfər edənlər vasitəsilə ondan xəbər tutur və özümdən də ona xəbər çatdırırdım. Bu beş ildə çox sular axmış, çox əhvalatlar baş vermişdi. İkinci dünya müharibəsi başlanmış, Azərbaycanın istər şəhər və istərsə kəndlərində camaat hərəkətə gəlmişdi. İclaslardan, mitinqlərdən başqa, evlərdə, həyətlərdə də azadlıqdan, yaxşı yaşayışdan, elmdən, ana dilindən danışırdılar. Mən günlərimin nə cür gəlib keçdiyini bilmirdim. Biz Azərbaycan üfüqlərində işıqli bir günəş doğduğunu hiss edirdik. Hadisələr də çox sur`ətlə inkişaf edirdi… bir neçə ay sonra biz kənddə mitinq keçirib, Azərbaycan xalq konqresinə nümayəndələr seçdik. Nümayəndələr içində mən də var idim.

Noyabr ayının 18-də biz Təbrizə gəldik. Mən Təbrizi nə qədər dəyişmiş gördüm. Küçələrdə qeyri-adi bir canlanma və hərəkət var idi. Ürəyim Azadı görmək həvəsi ilə döyünürdü… Elə birinci gün köhnə həyətimizə getdim. Səlimə xalanı gördüm. Alnımdan öpdü, anamı xəbər aldı, ağladı. Azadı soruşdum.

– Təbrizdə yoxdur, – dedi, – Zəncana gedib, demokrat düzəltməyə göndəriblər… Axı indi o da demokratdır. Mən də demokrat olmuşam, oğul. Allaha təvəkkül. Deyirlər ki, gərək Azərbaycana azadlıq alaq, hamıya iş verək, hamının çörəyi olsun. Uşaqlar öz dilimizdə oxusun. Xoşuma gəldi. Getdim yazıldım. İndi də komitəmizdə iclas olacaq. Gəl otur, sənə bir stəkan çay verim, sonra gedərəm.

Mən sevinc, heyrət və təəccübümü gizlədə bilməyərək:

– Sağ ol, Səlimə xala, – dedim,–Get, iclasa gecikmə. Təəssüf ki, Azadı görə bilmədim. Məndən ona salam deyərsən.

– Deyərəm oğlum deyərəm. Sən də gecəni heç yerdə qalma. Evimizə gəl. Gözləyəcəyəm, gəl ha… – deyib getdi.

Zəncandan pis xəbərlər gəlirdi. Bir yandan yerli, bir yandan da Tehran mürtəceləri[5] və rəsmi dövlət idarələri orada cürbəcür fəsadlar törədirdilər. Demokratları öldürür, ayaqlarını nallayır, alınlarına odlu dəmir basırdılar. Belə bir zamanda Mərkəzi Komitə bir neçə yoldaşımızı Zəncana göndərməyi qərara aldı. Göndərilənlərin içində mən də var idim. Mən Təbrizdən çıxmamış Səlimə xalaya baş çəkməyi özümə borc bildim. O, Azada salam göndərdi. Bir cüt corab, bir də yun şərf büküb verdi. Soyuqdur, ona yetir, – dedi. Mən də onu anama, anamı da ona tapşırdım. Hər ikisinə ürək-dirək verib yola düşdüm.

Sabahısı günü biz Zəncana çatdıq. Şəhər demokratların əlində idi. Mürtəcelər cənub tərəfdəki kəndlərdə qırğın yaradır, Zəncana hücum etməyə hazırlaşırdılar. Onların bu fikirlərini pozmaq üçün Zəncanın demokrat təşkilatı fədailərdən[6] bir neçə dəstə cənuba göndərmişdi. Azadın bu dəstələrdən birinə başçılıq etdiyini mən Zəncanda öyrəndim… Elə bu zaman xəbər gəldi ki, mürtəcelər ilə fədailərin ilk dəstəsi… “X” kəndinin yaxınlığında qarşılaşmışdır… azca atışmadan sonra onlar kəndə çəkilmiş və ətrafı möhkəmlətmişlər. Fədailər dəstəsi kəndi dörd tərəfdən mühasirəyə almışdır… Bu dəstənin başçısı Azad idi.

Həmin gecə biz Zəncandan çıxdıq və atışmanın şiddətli zamanında gəlib Azadın dəstəsinə çatdıq… Azad dörd tərəfdən kəndə hücuma keçmişdi. Bərk atışma gedirdi və fədailərin bir qismi artıq kəndin içinə girmişdi. Qaş qaralana yaxın şərq tərəfdən Azad özü qabaqda olmaqla, fədailər kəndə doluşdular. Biz həmin vuruşmada Azadın yaralandığı xəbərini aldıq… Mən tez özümü ona çatdırmağa çalışdım… Bu mənim beş illik ayrılıqdan sonra onunla ilk və son görüşüm oldu. Onu kənd evlərindən birində bir fərşin[7] üstə uzatmışdılar. Başının altında yastıq var idi. Çuxasını üstünə salmış, beşaçılan tüfəngini yanına qoymuşdular. Onun ətrafında halqa vurmuş fədailərdən kimisi oturmuş, kimisi əmrə hazır durmuşdu. Mən içəri girən kimi onun üzünə baxdım… Ağarmış halda gözlərini yummuş və səssizcə uzanmışdı… Mən yavaş addımlarla onun başı üstünə gədim, diz çöküb əlini əlimə aldım, alnından öpdüm:

– Azad, sənə nə olub?

O, heyrət və təlaşla gözlərini açdı… Üzümə baxdı. Bütün siması qəribə bir təbəssümlə işıqlandı. Mühribanlıqla başını dizimin üstə qoyub:

– Bu saat səni düşünürdüm, – dedi. – Nə yaxşı gəldin. Yoxsa bu dünyadan ürəyi nisgilli gedəcəkdim…

– Nə danışırsan, Azad, qardaşım?–dedim.–Biz hələ təzəcə yaşamağa başlayırıq… Dünyadan getmək nədir, bu nə sözdür sən ağzına alırsan? Sənə nə olub, harandan yaralanmısan?

O, əli ilə sağ çiyninin altını göstərdi… Güllə qabaqdan dəyib, daldan çıxmışdı. Ciyərini də zədələmişdi. Mən ona təskinlik vermək istərkən o, sözümü kəsdi:

– Bunlara ehtiyac yoxdur, – dedi. – Mən ölürəm… Artıq ayaqlarımın soyuduğunu hiss edirəm. Sözümü kəsmə, mənə yaxşı qulaq as, mən danışmaq istəyirəm. Yadındadırmı, Fərda, beş il əvvəl Təbrizdə, dərzi dükanında sən məndən “Nə üçün yaşayırıq, həyatın mə`nası nədir?”–deyə soruşmuşdun. Onda mən sənə cavab verməmiş, susmuşdum. Sən isə mənim bu cür şeyləri qanmadığımı güman edərək, acıqlanıb getmişdin. Yadındadırmı?.. Lakin o zaman mən də sənin kimi düşünürdüm. Mən düşünürdüm ki, həyatımızın mə`nası vətənimizin səadəti üçün çalışmaqdadır… Amma o zaman mən danışa bilməmişdim… Çünki danışmaqda bir mə`na yox idi. İndi isə sənə deyirəm, qardaşım Fərda, sizə deyirəm, qardaşlarım (o azca boylanıb fədailəri gözdən keçirdi), bəli, sizə deyirəm: bizim hamımızın səadəti, bax, bu alçaq daxmaların azadlığında, bu doğma yurdun, bu ana torpağın istiqlaliyyətindədir… Yerə qoymayın o tüfəngləri ki, onları bu doğma torpaq sizə tapşırmışdır…

O, azca udqundu. Yenidən ahəstə-ahəstə davam etdi.

– Anam, yurdum, doğma Azərbaycan, məni bağışla… Sənə az fayda verdim, az yaşadım, tez öldüm! – deyib qalxdı və fərşin ucunu qaldıraraq torpağı öpdü.

– Öpünüz, səcdəyə qapanıb hamınız bu torpağı öpünüz! Bizim əzəli və əbədi beşiyimiz…

Mən onu qucaqlayıb yerində uzandırdım…

– Sakit ol, Azad, özünü üzmə, qardaşım! – dedim.

Özüm də bilmədən gözümdən süzülən yaş damcıları onun alnına düşdü. O, kirpiklərini qaldırıb gözümə baxdı və yenə də gülümsədi:

– Budur, həyatın mə`nası, – dedi. – Dövrəmdə silah yoldaşlarım, başımın üstündə məslək qardaşım, yanımda vətənin azadlığı üçün qaldırılmış silah… Bu, şərəfli bir ölümdür… Əziz qardaşlarım, mənim qəbrimi uca bir yerdə qazarsınız… Elə yerdə qazarsınız ki, oradan Azərbaycanın geniş çölləri, duru çayları, güllü çəmənləri və bağları görünsün. Elə yerdə qazarsınız ki, qəbrimin üstünə gələn adamların nəzərlərində geniş üfüqlər açılsın. Həm də o yeri böyük bir yol kənarında seçərsiniz! Qoy gələcəyin azad nəsillərinin ayaq səsi, qəbirdə də olsa, qulaqlarıma çatsın!

Alnına xəfif bir tər gələndə o, gözlərini bir daha mənə tərəf çevirdi.

– Anamı öp, öldüyümü ona söyləmə, yazıqdır… – dedi və əbədi olaraq gözlərini yumdu.

Xalq yazıçısı Mehdi HÜSEYN.”Odlu qılınc”(Hekayə)

Günəş doğdu. Hava işıqlandıqca Girdman qalası aydın görünməyə başlayırdı. Uzaqlarda gümüş kəmər kimi parıldayan Kür çayı uzanıb gedirdi. Göz işlədikcə uzanan düzlər yaşıllıq içində üzürdü. Burada qədim babalarımızın əli ilə yaranmış gözəl bir Azərbaycan şəhəri yerləşmişdi.
Girdman qalasının qoca keşikçisi arabir dayanıb ətrafı dinləyirdi. Birdən o, bağırtı və qılınc səslərinə diksinib, diqqətini topladı. Elə bil ki, iki böyük dəstə bir-biri ilə ölüm-dirim vuruşuna girmişdi. Qoca, şəhərə düşmən qoşunu doluşduğunu zənn edib hökmdara xəbər aparmaq istədi. Bu anda vuruşanlar həyətdə göründülər.
Qoca keşikçi qəhqəhə çəkib güldü. Qoşun hesab etdiyi adamlar yalnız iki nəfərdi. Onlardan biri dalı-dalı çəkilir, o biri isə qabağındakının üstünə ildırım kimi şığıyırdı.
Onlar qocanın burada olmasından xəbərsizdilər, onun qəhqəhəsini də eşitmirdilər. Yenicə doğan günəşin qızıl şüaları polad qılınclarda əks edərək parıldayırdı.
Vuruşan gənclərin üzü güldü.
İrəliyə doğru şığıyan dəliqanlı Girdman hökmdarı Varazın oğlu Cavanşir idi.
Cavanşir qabağındakı oğlana möhkəm bir zərbə endirərək onun qalxanını yarıya böldü:
– At yerə qılıncını, Urmuz! Bununla sən üç dəfədir məğlub olursan…
Qoca keşikçini yalnız indi görüb utanan Urmuz Cavanşirin qələbəsinə dözməyib etiraz etdi:
– Yox, bu olmadı! Ayağım daşa toxundu. Sən hələ yalnız iki zərbə endirmisən… mən özüm sənin xətrinə dəymirəm…
Cavanşirin dodaqlarındakı gülüş izləri silinib yox oldu:
– Bu, bəhanədir, dostum, – dedi, – istəyirsən, bir də vuruşaq, bu meydan, bu da mən…
Onlar yenə vuruşmağa hazırlaşanda qoca keşikçi Cavanşirə yanaşıb dedi:
– Mən davanızı ayırd elərəm.
Qılınclar yenə parıldadı. Urmuzun zərbəsi gözlənilmədən oldu. Cavanşir iki addım geri çəkildi. Pərt halda gözlərini döydü:
– Bax, buna sözüm yoxdu, – dedi, – vuruş zamanı danışmaq mənə baha başa oturdu.
Qoca keşikçinin işə qarışmasına ehtiyac qalmadı. Cavanşir əlindəki qalxanı kənara atıb Urmuzun üstünə cumdu:
– Al, bu da üç!.. – deyə sevinclə bağıraraq Urmuza möhkəm bir zərbə vurdu. – İndi razısanmı?
Urmuz bu zərbədən güclə özünü doğrultdu. Qılıncının ucunu yerə dayadı, çiyninin ağrısından qollarını dörd-beş dəfə havada fırlatdı.
– Çox gözəl, – dedi, – mən sənin məharətini ürəkdən təsdiq edirəm. Böyük hökmdarımız Varaz, doğrudan da, xoşbəxtdir. Onun sevimli oğlu Cavanşir indi Girdmanın igid sərkərdəsi olmağa, doğrudan da, layiqdir… Gəl, gəl, üzündən öpüm!
Birdən haradasa şeypur çalındı. Çox keçməmiş Girdman cəngavərləri böyük meydana toplaşdılar.
Vətənin göylərini qara buludlar örtəndə həmişə belə olardı. Şeypur səsləri hamını çağırardı. Girdmanın igid sərkərdəsi dik bir yerdə görünərdi.

Onun bir sözü ilə insan dənizi bir səmtə doğru axırdı.
İndi də gözlər sərkərdəyə zilləndi. Qoca Varaz öz yaxın adamları ilə gəldi. Arvadı Cavahir xatun da yanında idi.
İnsan dənizi sükut içində gözləyirdi. Varaz sözə başladı. Onun səsində qəribə bir titrəyiş vardı. Cəbhələr yarmış bu qocaman sərkərdənin səsini eşidəndə hamı fəlakətin böyük olduğunu anladı.
Varaz dedi:
– Əziz övladlarım! Bu qocanın sözlərinə diqqətlə qulaq asın! Müqəddəs Girdman ölkəsi bizdən kömək istəyir. Odur, yenə üstümüzə düşmən gəlir. O, çox insafsız düşməndir, çapıb-talayır, vurub-yıxır, insaf deyəndə – qılınc çəkir, namus deyəndə – od yağdırır. Bilin ki, üstümüzə ölüm gəlir.
Mən də sizə son borcumu verməyə gəldim. Otuz ildə həmişə ölüm bizdən uzaq olubdur. Girdman adı gələndə hamı hörmətlə baş əyibdir. Amma indi mən qocalmışam. Bu gün səhər ox süzdürüb qılınc çalmaq istədim, əllərim titrədi. Sərkərdəniz kim olacaq? Göstərin.
Bu anda Urmuzun qılıncı parladı. O, Varazın qarşısında əyildi, qılıncını oynatdı və dedi:
– Böyük hökmdarımız! Mən artıq yetkin bir cəngavərəm. Sərkərdəlik qılıncını mənə verin!
Varaz onun cəsarətindən razı qaldısa da, fikrinə şərik olmayıb dedi:
– İgid oğlum, sən hələ cavansan. Sərkərdəlik qılıncını adama hökmdar yox, döyüş meydanı verər!
Urmuz daha dinmədi, hökmdarın sözləri onu inandırdı. Sonra Cavanşir meydana çıxdı.
– Mənim də sözüm var, ata, – dedi, – döyüş meydanında düşmən sərkərdəsinin qılıncını əlindən alacağıma söz verirəm!
Varaz oğlunun da cəsarətini bəyəndi, amma daha bir çətin sınaqdan keçirmək istədi: – Bəlkə, birdən o, səni məğlub etdi?
Cavanşir səsini ucaltdı, böyük bir qürurla cavab verdi:
– Kür çayı dayanar, Varaz oğlu Cavanşir basılmaz!
O, Cavanşirə diqqətlə baxdı, sonra dönüb Cavahir xatunun fikrini bilmək istədi:
– Oğlun sərkərdə olmaq istəyir, sən nə fikirdəsən?
Cavanşirin anası dinmədi. Varaz yenə oğluna baxdı. Urmuza dediyini təkrar etdi:
– Hələ cavansan, oğlum!
Cavanşir, hamı eşitsin deyə səsini daha da ucaltdı:
– On dörd yaşlı bir hökmdar tanıyıram ki, qanlı vuruşma meydanında düşmən sərkərdəsinin başını bədənindən ayırdı.
Varaz onun sözünü kəsmək üçün dedi:
– Qoşun başçısı ölsə də, möhkəm qoşun dağılmaz.
Cavanşir bir qədər susdu, lakin atasının bu fikrini də cavabsız qoymayıb dedi:
– Mən düşmən qoşununu dağıtdıqdan sonra onun sərkərdəsi ilə qabaqlaşacağam.
Varaz istəkli oğlunun çox ağıllı bir gənc olduğunu yaxşı bilirdi. Lakin onun bu cavablarını eşitdikdən sonra Cavanşirə məhəbbəti daha da artdı.
– Elə isə tədbirini söylə, oğlum, – dedi.
– Vuruşmanın sonuna gözlərsən, ata ,– deyə Cavanşir cavab verdi. Sonra Varaz üzünü xalqa tutdu, insanların rəyini bilmək istədi.
– Razıyıq, razıyıq! – dedilər.
– Elə isə uğurlar olsun, bala!.. Unutma ki, Girdman torpağının sərhədi Kür çayının o tayından başlanır.
– Bunu bilirəm, ata… Qoy mehriban anam mənə xeyir-dua versin!
Bütün xalqın gözü Cavahir xatuna zilləndi. Onun hər bir kəlməsini yaxşı eşitmək üçün hamı diqqətlə qulaq asırdı.
Cavahir xatun dedi:
– İndi də mənim sözlərimi dinlə, oğlum. Bir zaman, sən hələ uşaq ikən, davada düşmənin polad qılıncı məni sinəmdən yaraladı. Mən ağlamadım, oğlum! “Cavanşirim sağ olsun!”, – dedim. Evə qayıtdım. Sənin sinəni al qanıma boyadım. Mən davasız-dərmansız sağaldım. Sən də böyüyüb igid oldun. İndi vuruş meydanına gedirsən. Atanı da, məni də sən əvəz edirsən. Çalış ki, düşmən səni arxadan vurmasın. Sinədən aldığın yaradan sənə ölüm yoxdur. Ananın qızıl qanına xəncər batmaz.
Ananın sözlərini eşidən Girdman cəngavərləri qılıncları havada oynadıb, ucadan çığırdılar:
– Var olsun anamız!
Sonra Cavanşirin səsi eşidildi:
– İgid dostlar! Anamın sözləri qollarıma qüvvət, gözlərimə işıq verdi. Atam bizi imtahana çəkir. Mənim də şərtim var. Hər saatda yeddi çapar müharibə meydanından atama xəbər gətirsin. Bax bu meydanda iki cərgə cavan düzülsün. Bu
cərgənin birində yeddi oğlan – əllərində qılınc-xəncər, o birisində isə yeddi qız – əllərində gül-çiçək dayansın. Məğlub olub qayıtsam, qoy o yeddi cəngavərin hərəsi mənə sağalmaz bir yara vursun. Əgər qalibiyyətlə geri dönsəm, yeddi qız üstümə gül-çiçək səpsin.
Varaz bu şərtə razı oldu:
– Oğlum, – dedi, – düşmən atları Kürün müqəddəs sularından bir damla da içərsə, unutma ki, o qılınc yaralarını sənə yeddi igid yox, bütün Girdman ölkəsi vuracaq, qalib gəlsən, üstünə o gülləri, çiçəkləri bütün Girdman səpəcək!
Cavanşir qoca atasının bu sözlərindən daha da ruhlandı:
– Uğurumuz xoş olarsa, yenə burada görüşərik, ata, – dedi.
Onun köhlən atını gətirdilər. Cavanşir ata-anasının əlindən öpüb, cəld ata sıçradı. Köhlən at şahə qalxdı.
Hərəkət şeypurları gurladı. Dağlar, dərələr titrədi. Cavan sərkərdənin qoşunu hərəkətə gələndə ata gözlərindən sevinc yaşlarını silərək dedi:
– Göylər sənə yar olsun, oğlum!
… Günlər keçdi. Cavanşirdən xəbər gəlmədi. Qoca Varazın səbri tükəndi.
– Kim bilir, bəlkə də, bütün qoşun əsir düşmüşdür?
Ana ürəyi buna dözmədi. Cavahir xatun dedi:
– Səbr et, Varaz! Qocaldıqca, deyəsən, hökmdar olduğunu unudursan!..
Bu anda sarayın yaxınlığında yel qanadlı bir atlı göründü. Cavahir xatun onu hamıdan əvvəl gördü və dedi:
– Cavanşirin elçisidir!

Hamı dərin bir həyəcan və intizarla atlı gələn tərəfə baxdı. Elçi gəlib atdan düşdü, hökmdarla Cavahir xatunun qarşısında baş əyib dedi:
– Mərd sərkərdəmizin ilk elçisiyəm. Düşmən Kür çayının bəri tayında idi. İlk həmlədə düşməndən iki yüz, bizdən isə üç yüzə qədər igidin qanı Kür çayının sularını qırmızı rəngə boyadı. Vuruş get-gedə qızışır. Düşmən bizdən on qat çoxdur.
Varazın qaşları çatıldı. Dodaqlarında incə bir titrəyiş göründü.
– Get, oğlum, – dedi, – bu acı xəbəri eşidən anaların ürəyi qana dönməsin.
Bu xəbərdən kədərlənmiş Cavahir xatun hökmdarın ətrafına toplanmış oğlanlara, qızlara üzünü tutub dedi:
– Cavanşir birinci şərtə əməl edib elçi göndərdi. Girdman igidləri, siz də onun ikinci şərtinə əməl edin!
Böyük ananın hökmünə əməl olundu: gənclər iki cərgə düzüldülər. Bir yanda qılınclar parıldadı, bir yanda isə güllər, çiçəklər ətir saçdı.
Çox keçməmiş Cavanşirin ikinci elçisi özünü yetirdi:
– Böyük hökmdar! – dedi. – Bir Girdman cəngavəri düşmən sərkərdəsinin qarşısına çıxdı, atının qantarğasından tutub saxlamaq istədi. Quduz düşmənin qılıncı cəngavərin qolunu kəsib atdı. Cavanşir nərə çəkdi: “Eyy, qorx ki, sən başını itirməyəsən!” Qanlı vuruşma getdikcə şiddətlənir. Düşmən bizdən on dəfə çoxdur.
Qan Varazın başına vurdu, gözləri qaraldı, titrəyən əlini qılınca atdı və dedi:
– Of, Cavanşir, Cavanşir!.. Mən otuz ildə belə acı xəbər eşitməmişdim.
Bu anda üçüncü elçi atdan düşüb səndələyə- səndələyə gəldi. Özünü güclə dikəldib, qılıncına söykəndi və dedi:
– Böyük hökmdar! Cavanşir düşmən sərkərdəsi ilə qabaqlaşdı. Düşmən qara dırnaqlı atını Cavanşirin üstünə səyirtdi, əyri qılıncını düz onun başına endirdi. Cavanşirin atı kənara sıçradı və birdən hərlənib, özünü düşmən sərkərdəsinin üstünə atdı. Bir də nə görsək yaxşıdır? Bədəndən ayrılmış bir baş havada fırlanır…
Qoca Varazın qəlbində oğul məhəbbəti coşdu və səbirsizliklə xəbər aldı:
– Kimin başı idi?
Elçi nəfəsini dərdi və gülümsünərək dedi:
– Böyük sərkərdəmiz Cavanşirin odlu qılıncı vəhşi düşmənin başını qara dırnaqlı atının ayaqları altına atdı. İndi bizimkilər düşmən əsgərlərini qırıb tökürlər.
Cavahir xatun böyük imtahandan çıxmış oğlunun yaralı elçisinə baxaraq əmr etdi:
– Qızlar, bu şadxəbər elçinin yaralarını bağlayın!
Yenə şeypur səsləri guruldadı. İndi Cavanşir özü Girdman igidləri ilə bərabər qayıdırdı.
Varazın alov kimi yanan gözlərində oğlunun qələbəsindən doğan bir parıltı vardı. Cavanşir hələ at belində ikən qoca hökmdar soruşdu:
– Söylə, oğlum, söylə, mənim körpə aslanım, düşmən atları Kür çayının suyundan içə bildimi?
Hamı od kimi parıldayan qılıncla hökmdarı salamladı. Cavanşir dedi:
– Ata, qara dırnaqlı düşmən atları ana vətənin müqəddəs Kür sularından bir damcı da içə bilmədi. Lakin düşmənlər özləri bu sudan doyunca içdilər.
Sonra Varazın səsi ucaldı:
– Bu ölkə heç vaxt məğlub olmayacaq, övladlarım!

Xalq şairi Vahid ƏZİZ.”DEMƏYİBLƏR-“QAXIL,OTUR EVİNDƏ”?”


(fədakar həkimlərimizə dəstək)

Küçələrdə nə işin var,a bəndə?
bütün günü o tindəsən,bu tində!
deməyiblər: “Qaxıl otur evində”?!
körmürsən ki,dünya qalıb nə hala?
“Çıx”-deyəndə,onda çıxaq,a bala.

Keçən gündən Metro-filan bağlanıb,
uçan-qaçan hər nə varsa saxlanıb,
düşünürdüm-qalınlar da söz qanıb;
hörümçəklər torlar çəkir vağzala,
“Çıx”-deyəndə,onda çıxaq,a bala.

Bir fikir ver “Virus” gözü qızğına!
adam bilmir hansı küncə sığına,
“Sulu qəlyan” alan yoxdur ağzına-
zərər verər,tüstüsünü ha sula!
“Çıx”-deyəndə,onda çıxaq,a bala.

Gör dünyada nə cür canlar üzülür?
millət “maska” növbəsinə düzülür,
işə bax ki,futbollar da kəsilir;
dükanlar da bağlanmaqda az qala,
“Çıx” deyəndə,onda çıxaq,a bala.

Dərdə çarə nə mənlikdir,nə sənli,
uzağa qaç adam görsən “zökəmlİ”,
“İnternetnən” Xalq artisti müğənni
konsert verir xalqa müftə-müsəlla,
“Çıx”-deyəndə,onda çıxaq,a bala.

Gec olacaq “Virus” tutsa canımız,
evdə qalsaq,inan,batmaz qanımız,
əlbir olub evdə qalsaq hamımız,
el-obaya güc eləməz bu bəla,
“Çıx”-deyəndə,birgə çıxaq,a bala…

Xalq şairi Vahid ƏZİZ.”Durnalar”

Qışın bitməsini orda gözləyib,
baharda qapımı döyür durnalar,
yanımda özünə-“buralı” deyib,
Qürbətdə-“oralı” deyir durnalar.

Son bahar onlara bahanə kimi,
uçarlar yol gedən bir namə kimi,
sevgidən danışan nəğmələr kimi–
bayatı durnalar,şeyir durnalar.

Bu ağır köçəköç nə zaman bitər?
şimşəklər yandırar,küləklər didər,
niyyətli yerlərə çatanə qədər
səmada içini yeyir durnalar.

Bildir bir dəstə də köç eləyirdi,
yerin cazibəsi güc eləyirdi,
biri–bir şeirimi höccələyirdi,
mənə də verdilər dəyər,durnalar!

İqlimlər müxtəlif,dünya yumrudur,
bəlkə yaşam üçün maraqlı budur?
hər yerdə hər şeyi havadan tutur-
hər dəfə bir yeri öyür durnalar.

Şimşəyə yalvardım–“Qanad ütməyin”,
küləklər,yağmurda çox üşütməyin,
nə olur,bu payız qalın,getməyin,
buralar çox pisdir məyər,durnalar?..

Xalq şairi Vahid ƏZİZ.”Dünyanı dəyişir siçan yarasa

Davadan söz düşmür daha haçandan!
Ruslar da Suriyadan əlini çəkdi,
bu,”Siçan ilində”, boz uçan siçan
deyəsən dünyanı düzəldəcəkdi!?

Deyəsən başlayıb ağıllanmağa
Putin də bir azca,Tramp da bir qədər,
dünyada özünü Şah bilən “ağa”,
bəlkə niyyətindən əl çəkə bilər?

Silah ambarları möhkəm qıfılda,
olmaya bu “Virus” hökmün elədi?
məncə, dözüb-dözüb,bezib axırda,
Qurbanı olduğum görkün elədi!

Məncə,nahaq qanlar hayıfın çıxıb,
qəlblərə mərhəmət gülləri əkdi,
“qoçular” ağlını başına yığıb,
bəlkə bəd işlərə qələm də çəkdi?

Salıb lövbəli dərin sularda,
susur “Qırıcılar daşıyan gəmi”,
ABŞ Çindən gələn böyük yardıma
baxır dar ayaqda xilaskar kimi!

Baxmayın bu dəhşət bu cür yayıldı,
sonralar çiçəklər bitirəcəkdi,
“yamalna-yaxşılıq” ekiztayıdı,
dünyanın nizamı dəyişəcəkdi!

Bunun müjdəçisi “Koranavirus”,
əlində görünməz tərəzi tutur,
sazişə gəlməkdə Amerikanla–Rus,
bəlkə gözü bağlı “Femida” budur?

Xalq şairi Vahid ƏZİZ.”Qasırğa”


Xoşbəxtlik gələndə yeltək duyulmur,
bədbəxtlik gələndə tufantək gəlir…
Xalq Şairi Nəbi XƏZRİ

Dərdlər var ki,gələndə bilməzsən necə gəldi?
qasırğa gəmiləri lövbər salmağa qoymur!
axı-dərd insanları dahaha yaxın edərdi,
bu,elə bir bəla ki,yaxın olmağa qoymur.

İlahim,Sənə qurban,bu,neçənci bəlanmış!?
bütün ellər,qitələr alovlara qılanmış,
doğmam qapıdan dönür–əlcəkli,”maskalanmış”,
nəyə görə?!–övladdan onsuz da doymaq olmur!

Məktəblər şagirdlərə öyüdün verə bilmir,
yaşlılar,dükan nədir?-Aptekə girə bilmir,
analar körpəsinə öz südün verə bilmir–
qorxanda anaların südündə qaymaq olmur!

Bundan sonra bəlkə də daş ürəklər yuxalar?
Haq bayrağı ucalar,zülmkarlarlar yıxılar!
layiq olan döşlərə mükafatlar taxılar–
gileylər o qədər ki…çoxunu yaymaq olmur!

Xəstəsinin yanına həkim girib–pərt çıxar,
“Korana” adlı cəllad sərhəd pozar,sədd yıxar,
Mart çıxdısa,İnşallah,dalınca bu dərd çıxar!
yoluxanlar sayı çox,dünyada,saymaq olmur!

İncimiş dostun deyil–könlün alasan, gedə,
Şeytan deyil–yalannan heyran olasan,gedə,
düşmən deyil–başına mərmi salasan,gedə!
elə bir müşgül ki,bu,yoluna qotmaq olmur.

Nə cür vurum?-əlləri,ayağı yalınmışam,
doğma ev-eşiyimdə “zindana” salınmışam,
çanı qorumaq üçün “çəpərə” alınmışam,
məsləhətlər verən çoooox,hər sözə uymaq olmur,
gələndə elə gəlir…bəlanı duymaq olmur!
31.mart,2020.

Xalq şairi Vahid ƏZİZ.”Yeni adam”

Gözünü birazca açıb səhərlər,
nəvələr başını yastığa atır,
adam işsizlikdən çərləyə bilər,
yaxşı ki,qayğılar başımı qatır,

Qadağa artırdı xeyli çəkimi–
bir vaxt bir dəriydim,bir də qabırğa,
adam “Yeni adam” olana kimi,
özü adamlıqdan az qalır çıxa,,

Biri-ac,birinin geniş imkanı,
dar gündə bir kimsə köməyə gəlməz,
dəyişə bilmirsə Tanrı insanı,
onu qadağalar dəyişə bilməz!

İnsanı ucaldan vəzifə,”paqon”,
fərq etməz–kimlərlə qarışmış qanın!
bahalı miniklər,evlər,telefon…
al,bu da səninçün “Yeni adamın”!

Dəyişir cildimiz,əyin-başımız,
insan görkəmini min hala salır,
beləcə–qocalır,artır yaşımız,
içi başımızın dəyişməz qalır!

Yetər,Vahid ƏZİZ,qatarın gedib,
azmı qürurunun odunda yandım?
insan olduğuma bir az sevinib,
meymun əcdadıma baxıb utandım…

Xalq şairi Vahid ƏZİZ.”İl başında bəla gəldi ellərə”

İl başında bəla gəldi ellərə,
can qurtara bilmır hələ “Virusdan”,
elə bil ki,təyyarəylə hər yerə,
səpıbdilər bilə-bılə “Virusdan”,

Zəli kimi daraşıbdı cahana,
təhlükədir hər həyata,hər cana,
qonum-qonşu,dost-tanışlar bir yana,
imkan olmur nəvə gələ “Virusdan”.

Bu,bir qəsddir;–nə var bunu bilməyə?
rəvac verək şənlənməyə gülməyə,
evdə otur-meylin yoxsa ölməyə!
kim görmüşdü adam ölə “Virusdan”?

Nə vaxt tamam çıxıb gedər,kim bilər?
dövrümüzdən nə yazacaq nəsillər?
ümid versin ekranlardan həkimlər-
danışsınlar gülə-gülə “Virusdan”.

Allah vursun bunu icad edəni,
qana saldı yazıq vaxtı-vədəni,
qorxu,təlaş zəiflədər bədəni,
söhbət salın elə-belə “Virusdan”…

Rahilə xanım DÖVRAN.Seçmə şeirlər

Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gündəlik Analitik İnformasiya Agentliyinin Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı

SEVGİ VARSA
/”Düşüncələrim” – silsiləsindən/

Yar – yarından alammasa sorağı,
Zülmət çökər, sönər qəlbin çırağı.
Onda olmaz sevgi, könül marağı,
Sevgi varsa , könül ülfət bağlayır.

Yar tapanda yarısını tam olur,
Dəli könül daha ürkmür, ram olur.
Sevən ürək eşq didərir, kam alır,
Sevgi varsa, ürək eşqdən çağlayır.

Dünya fani, hey boşalır, hey dolur.
Tər güllər də tez açılır, tez solur.
Hər sevdada boran olur, qar olur,
Sevgi varsa, gözlər niyə aglayır?

“Leyli – Məcnun” xalqın sevgi dastanı,
“Fərhad- Şirin”-timsalında eşq hanı?
“Əsli- Kərəm”- ahı yaxar çahanı,
Sevgi varsa, sevənləri dağlayır.

Əgər fələk çərxi dönsə tərsinə,
Hazır olaq həyat, sevgi dərsinə.
Dövran, sən də dur önündə, gər sinə,
Sevgi varsa, ilham dastan bağlayır…

İLAXIR ÇƏRŞƏNBƏ

/”Ömürdən – gündən” silsiləsindən/

Çərşənbə qucanda doğma elləri,
Səmtini dəyişər səmum yelləri.
Titrər könüldəki duyğu telləri,
Ilaxır çərşənbə, son çərşənbədə.

Açar Novruzgülü, cəsur Qardələn,
Bənövşə naz satar, baxar köndələn
Butadır, qönçədir, gözə xoş gələn,
Ilaxır çərşənbə, son çərşənbədə.

Bəzənər incəbel, yaşıl səməni,
Haylayar ardınca çölü, çəməni.
Nərgizlər pardaqlar, qönçə düyməni,
Ilaxır çərşənbə, son çərşənbədə.

Novruzu, Baharı pişvaza dura,
Şor qoğal, paxlava, həm şəkərbura.
Gözəllər kökəyə naxış, gül vura,
Ilzxır çərşənbə, son çərşənbədə.

Çıxar qız- gəlinlər qulaq falına,
Niyyəti tutanın, nə xoş halına.
Fərəh, nəşə qonar kef, əhvalına,
Ilaxır çərşənbə, son çərşənbədə.

Başlanar “Kos- kosa”, duzlu, məzəli,
Kosanın dayanmaz, dinc durmaz dili.
Oynadar Keçini, həm də Keçəli,
Ilaxır çərşənbə, son çərşənbədə.

Dövran heyran- heyran, yandırar şamı,
Çağlayar ilhamı, coşar ilhamı.
Bal dadar hər kəlmə, misranın tamı,
Ilaxır çərşənbə,son çərşənbədə.


Şəfa VƏLİYEVA.”Bir az vaxtım var….” povetsindən hissələr

This image has an empty alt attribute; its file name is sefabacim-300x298-1.jpg

“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı


(povest)

I hissə…

Özüm…

– İnsanlar içində yalqızam. Geriyə dönə biləcəyim qədər irəli getməmişəm çünki… Elə bir yerdəyəm ki, daha mənə “həyatı belə yaşamazlar” – deyən yoxdur. Artıq çox adam bilir ki, həyat deyil bu. Əslində “həyat nədir?” sualına o qədər verəcəyimiz cavab var ki… İstənilən rəngdə don yaraşır bu “həyat” adlı gözələ. Onun əyninə biçilən hər donun düyməsi sədəfdən olmur… Naxışı yalandan oyulur, bəzəyi xəyanətdən vurulur bəzən… Və söylədiyimiz bu hallar bəzən faiz dəyərinə görə artır… Həyat özü yüz faiz hesablanırsa, onun göstəricisi 50-ni keçir…
Danışdıqca özümə elə qapılmışdım ki, mənə elə gəlirdi dünyada təkəm. Amma həyat deyib izah etməyə çalışdığım anlamda tək deyilmişəm. Elə bu balaca otaqda da… Dayımın qızı yenə astaca pıçıldayırdı nəsə… Bacılarım ona qoşulub gülümsəyirdilər. Düzdü, dayımın qızının səsini eşidə bilməzdim. Lakin nə dediyini əzbərdən bilirdim… Hər dəfə eşitdiyim sözlər idi:
– Fəlsəfə…Bu qız fəlsəfədi eee…
Mənə elə gəldi ki, doğrudan da, fəlsəfəyəm…

Fəlsəfə varlığın (yəni təbiət və cəmiyyətin), insan təfəkkürünün və idrak prosesinin tabe olduğu ən ümumi qanunauyğunluqlar haqqında elmdir. Fəlsəfə ictimai şüur formalarından biridir, nəticə etibarı ilə cəmiyyətin iqtisadi münasibətləri ilə müəyyən edilir.

Bu elmi tərifdə mənə aid nə var, görəsən? Özümə və yaşadıqlarıma baxanda fəlsəfə ilə mənim cəmi bir ortaq cəhətimiz vardı: “Nəticə etibarilə cəmiyyətin iqtisadi münasibətləri ilə müəyyən edilir”. Bəli, maraqlıdır… Maraqlı olduğu qədər də gülməli haldı… Nəticə etibarı ilə mən də iqtisadi münasibətlərdən asılı idim… Dünyaya gəlişim belə müəyyən edilməsə də, (Allah hər bir bəndəsini sevərək yaradır) bu günüm sırf iqtisadi münasibətlərdən asılı idi. Nə isə… Doğrudan, fəlsəfə idim, deyəsən… Düşündüklərimə bax bir… Allah, məni özün qoru!
Hər gün Allahıma dua edərkən yalnız bir şeyi istəyirəm ondan: “Məni məndən qoru, Allahım!” Bu da qəribə duadır, deyilmi? İnsanlar içində qorxduğun tək özün olasan… Və səni Yaradandan səni özündən qorumağını istəyəsən… Ehhh…. Allah səbir versin!!!! Dünya yaranandan bəri insanlar həmişə bircə şeyi istəyirlər dünyadan, insanlardan, Allahdan: “Xoşbəxtlik!”
Əlisa Nicat deyir ki, xoşbəxtlik iki cür olur: heç nəyi dərk etməmək və hər şeyi dərk etmək. Heç nəyi dərk etməyənlər, məncə, dərk edənlərdən daha xoşbəxtdirlər. Məsələn, ağ gəlinliyi geyib ər evinə yol başlayan bir qız özünü xoşbəxt sayır. Çünki ağ gəlinlik geyib… Çünki sevdiyinə qovuşur… Amma dərk edəndə ki, sevdiyi kişi hələ onu “sevməzdən” əvvəl həyatındakı olan qadınla yenə əlaqə saxlayır, “uzaq rayona işə gedəndə” onun evində gecələyir, onun dərketmə qabiliyyətinin olmamasını kənardakı mən belə arzulayardım… Bu da xoşbəxtliyin bir cür izahı… Bəli, xoşbəxtlik…
Bu fikirlərdən məni diksindirib ayıldan yenə dayım qızının səsi idi. Bu dəfə o pıçıldamırdı. Ucadan nəsə danışırdı. Eşitdiyim cümlələrdən, həqiqətən, diksindim:
– Filarmoniyanın rəqs müəlliminin qızı vardı ey, axşam əri onu bıçaqlayıb… Boğazını neçə yerdən kəsib, özü də 3 yaşlı uşağın gözlərinin qabağında…
Qız gəldi gözlərimin önünə. Uzun, qara saçları vardı o qızın. Özü də rəqs edirdi. Həyat yoldaşını özü sevmişdi. Ailəsinin etirazına rəğmən evlənmişdi. Bir gözəl-göyçək oğlu da vardı. Uşaq… Yenə fəlsəfə tərəfim işə düşdü, deyəsən…
…Ana olmaq hər bir qadının arzusudur. Təəssüf ki, nikahların ümumi sayında sonsuz nikahların nisbi miqdarının artması ilbəil müşahidə olunur. Bu problemin bir neçə tərkib hissəsi var. Bu gün artıq mübahisəsiz qəbul edilmişdir ki, sonsuzluğun kişilərlə və qadınlarla əlaqədar səbəblərinin nisbəti, təxminən, eynidir və buna görə də ər və arvadın hər ikisi müayinə olunmalıdır.
Müasir mətbuat bunu bağırır… Müasir statistika boşanmaların sayının ilbəil yox, günbəgün artdığını deyir. Müasir tibb elmi sonsuzluğu boşanmanın ümdə səbəblərindən biri kimi qəbul edir. Bəs uşaq olan ailədə ər niyə arvadının başını kəsməlidir ki? Niyə? Deməli, uşaq olmamaq, sonsuzluq ən böyük boşanma bəhanəsidir… Bəli, bəhanə…
…Keçdim o biri otağa. Balaca bir dəftərçə vardı pəncərənin qabağında… İndi oturub bacılarıma və dayım qızına bu dəftərçədən danışsam, məni “fəlsəfənin atası” edəcəkdilər. Dəftərçəni əlimə aldım. Hər vərəqinə ağladığım bu dəftərçəni yazanı nə görmədiyimi, nə də tanımadığımı sanırdım. Amma oxuyunca, sanki ən yaxınımı görürdüm, duyurdum… Öz ürəyimin yerində iki ürək hesab edirdim… O ürək ki, içimdə özümdən çox dünya üçün, fəlsəfə üçün döyünürdü… Bu, mən idim! Bu dəftərçəni özümə yazığım gəlmədiyi anlarda yazmışdım, deyəsən. Bəs niyə özüm-özümün tanışı olmağa bu ömürdə vaxt tapmamışdım?! İlahi! Dəlimi oluram mən? Məni özün qoru, özün yaşat, Allahım!
Yenə üzümü tutdum Allahıma… Yenə üzümü söykədim pəncərənin soyuq çərçivəsinə. Dəftərçəni açdım. Burdakı həyat hekayəsini əzbərləmişdim. Uşaqsız evi tanıyırdım. Övlad həsrətiylə yanan gənc qadını özüm kimi bilirdim…Və qərara gəlmişdim ki, dəftərçəni kitab halına salım. Nəşr etdirim… Ehhh… Arzular… Yenə iqtisadi münasibətlər… Yenə… Zəhləm gedir iqtisadiyyatdan… Niyə pul lazımdı mənə? Niyə mən lazım olan pulu zamanında və məkanında tapmıram? Axı niyə? Bu sualı kimə ünvanlayım, bilmirəm də…
Dəftərçə belə başlayırdı: “Bir az vaxtım var…” Elə mənim də bir az vaxtım var idi. Başladım oxumağa… Oxuduqca onu yazanı, cümlələrin arasında, vergüllə nöqtələrin ayrılığında, nida işarələrinin həyəcanında yenə axtarırdım… Özüm özümün axtarışına çıxmışdım…

Sevgi…

***

Gənc qadın körpəsini qucağına elə sıxmışdı ki, elə bil bu an bütün əcinnələr və divlər Qaf dağından aşıb nağıllar diyarından gələcək, balaca qızını əlindən alıb aparacaq, mağarada saçlarından asacaqlar. Yevlax şəhərinin tozlu küçələrini arxada qoyduqca gənc ana sevinirdi. Öz evinə çatmayınca ürəyi rahat olmayacaqdı. Balasını qorumalıydı. Öz həyatı asan deyildi. Doğulmamışdan anası onu bacısına verəcəyini vəd etmişdi. Vədinə xilaf da çıxmadı. “Sonsuz” sayılan bacısına verdi qızını… Və gənc ana zamanında bir evin yeganə uşağı kimi böyüdüldü. Biləndə ki, qucağına sığınıb yatdığı doğma anası yox, xalasıdır, onun kiçik ürəyi sanki qəfəsdəki quşa döndü. Niyə belə olmalı idi ki? Bir müddət özünə gələ bilmədi. Anasından küsdü… Daha doğrusu, “analarından”… Yeniyetməlik çağında “özünün axtarışına” da çıxdı. Tapa bildiyi isə yenə taleyinə üsyan etməmək idi. Etmədi də… İki bacı birləşib onu üçüncü bacının oğluna ərə verdilər. İdeal ailə sayılacaqdı hesabda… Onun yaşamı yenə hesablanırdı… Yenə… Hesabdakı ailə xoşbəxt olmalı idi… Hesabla…

Özüm…

Hesaba bax ey… Kim ödəyəcək, görəsən, axırda bu hesabı? Kimə lazımdı axı bu hesabı ödəmək elə? Ailə də hesablanarmış… Ailə də plana salınırmış… Yaxşı yadıma düşdü, qanun layihəsi də var… Plana baxın da… Mən anlamıram ki, niyə insanın hissləri, həyəcanları, müqəddəs bildiyi nəsnələr bir kənara qoyulur, ancaq iqtisadi münasibətlər nəzərə alınır ailə məsələsində? Niyə oğlanlar düşünür ki, qızların atası varlıdısa, onunla evlənmək olar? Maraqlı bir məsələ də var.
Bir şair deyir ki, oğlanların evlənmək fəlsəfəsi fərqlidir. Onun təbirincə, oğlanlar 25 yaşa çatanda anlayır ki, evlənmək lazımdır. Bu zaman ya varlı bir qızla evlənir, ya da, əksinə, sevgi axtarır. Sevir, evlənir, sevgi isə uşaq bezlərinin qiymətində əriyir… Başqa bir yöndən isə oğlanlar düşünür ki, kasıbdırsa, onun sevməyə də haqqı çatmır. Odur ki, qarşısına məqsəd qoyur: 30 yaşadək işləyib pul qazansın, sonra evlənsin. Bəzən bu arzular reallaşır, oğlanlar 30 yaşında ev, pul, avtomobil təşkil edir özünə və 15-16 yaşlı ceyran bulağındakı bir qızla evlənir. Yaxud da, əksinə… 30 yaşında da hələ kasıb olduğunu anlayır, özündən yaşca böyük, bir-iki dəfə ərdə olmuş “xalaşkayla” evlənib “şad-xürrəm yaşamaq”dan başqa çarəsi qalmır.
Bəli, bəli, bu əhvalatı öz təbirincə bir şair söyləyib mənə. O şair ki, onu Allah sevərək yaradıb, sevərək dəyərləndirib və şair edib. İlham pərisini ona tanıdıb. Məhz o, “cəhənnəm odunda yanacaq şairlər” kəlməsindən qorxmayan insan bu cür düşünür. Onu düşüncəsinə görə qınamağa dəyməz. Çünki qınayanın başına gələr. Qınamıram da. Amma gəlin etiraf edək ki, bu düşüncə də düzgün deyil. Bu da planlı həyatdır və mən bununla da razılaşmıram…. Niyəsini isə yenə tam özüm belə anlaya bilmirəm. Əslində məntiqlə düşünəndə nəyi pisdir ki, bu planlaşdırılmış ailənin? Zəmanəti də var üstündə. Məsələn: 10 il, ən azı 25 il və s. Ancaq mən düşünürəm ki, ailələr qurulan zaman insanlar bir-birinə ürəyini verəydi… Üstündə də zəmanət kartı. Yazılaydı: “Zəmanəti: bir ömür…”
Amma yazılmır. Bəlkə də, belə olsa, insanın robotdan fərqi olmazdı. İnsan elə bu cür yaxşıdı, plansız həyat… Planlaşdırılmamış uğur və uğursuzluqlar, onda həyat daha maraqlı keçir.

“Ovu” uğursuz olan ölümə,
Pərt olmuş əcələ
gülə bilmədim yenə də…

İlahi, sözə bax… Bəs mən? Mən niyə gülə bilmədim pərt olmuş əcələ? Bu şairi bilmirəm, amma mən gülə bilərdim, əgər əcəl tək məni aparmağa gəlsəydi… Amma bu əcəl başına daş düşmüş, (el qarğışı ilə qarğadım onu) balamı da aparmağa gəlmişdi. Apardı balamı özüylə… Məni isə aparmağa gücü çatmadı başı batmış əcəlin. Onun bu pərtliyinə gülə bilərdim əslində, balamı da aparmasaydı… Gülmədim… Balamın yoxluğuna gülə bilmədim… Ehhh…

***

Hesablı evlilikdən karlı çıxmayan hər kəs idi… Övladlarını xoşbəxt görmək istəyən üç bacı da, gənc ana da, dünyaya öz kiçik gözləriylə boylanan qızcığaz da… Üç bacı öz övladlarına görə düşmən olmağı da bacarmadılar, dost olmağı da… Üçüncü bacının oğlu az keçmədən elan etdi ki, iki bacının sevimli qızını sevmir… Sevgi deyə bir şey yoxmuş bu evlilikdə… Hər şey saat dəqiqliyi ilə hesablanan bu evlilikdə təkcə sevgi hesaba salınmamışdı. Elə ona görə də sevgi qisasını yaman pis aldı. Sevginin haqsızlıq etdiyi cəmi bir nəfər vardı. O da balaca qızcığaz idi… Anasının tək sevinci olan bu qızın bundan sonrakı həyatında atasına yer olmayacaqdı. Bunu anası seçmişdi, müəyyən etmişdi, qəti qərara gəlmişdi. Və bacardığı qədər ana bunu etdi də…
…Ana öz körpəsinə “ata” kəlməsini öyrətdi. Özü də sevgiylə… Onu ataya olan sevgidən təcrid etmədi. Lakin, ata sözünün yanında daha bir kəlməni də əzbərlətdi qızına: “Ata ölüb…” Evdə – uca və ağ divarların arasında Ayşəbəyim ərköyün böyüyürdü. Evin tək uşağı olduğundan anası da, nənəsi də onun nazıyla oynayırdılar. O bir növ “anauşağı” kimi böyüyürdü. Düşünməzdi ki, nə vaxtsa paltarını da tək geyinə bilər.
İki qadın vardı Ayşəbəyim üçün həyatda. Biri illərlə beşiyə hüznlə baxan, övladsızlıq yükündən bükülən nənə, digəri isə ömrü gül açmamış solan, tək təsəllisi yeganə qızı olan gənc ana… Onlar elə düşünürdü ki, hərtərəfli təminat, nazını çəkmək Ayşəbəyimə atasızlığı daddırmayacaq… Lakin qızcığaz üçün atanın yeri həmişə görünürdü. Pəncərədən küçədən keçən uşaqların atasının əlindən tutmasına baxardı. Öz balaca əllərini birləşdirib bunu məşq edərdi sanki… Onun öz balaca dünyası atasızlığı yaşayırdı… Bunu anası və nənəsi hiss etməsə də… Atasızlıq onun üçün dərd olmuşdu. Kiçik ürəyinin böyük dərdi…
Ana da işləyirdi, nənə də… Kiçik qızın o qədər paltarı vardı ki, bilmirdi hansını seçsin… Hamısını oyuncaq kimi oynadırdı…

Özüm…

Əslində mən uşaqlıq yaşamamışam… Yaşım uşaq yaşı olub, amma ürəyim uşaq ürəyi olmayıb… Belədirsə, bunun nəyi uşaqlıqdır ki?! Yadımda o qədər şey qalıb ki, uşaqlıq dövründən… “Kaş qalmayaydı” kimi düşündüyüm anlar da olur.
Evdə olan yolagetməzlikdən bezmişdim. Bu sözü babamdan eşitmişdim. Hər dəfə evimizdə anamla atam arasında düşən mübahisənin sonu dava olardı. Babalarım qarışırdı işə… İkisi də eyni sözü deməklə kifayətlənirdilər: “Yola getmirlər, eh, bunlar…” Bu sözün mənasını bilmirdim. Elə bilirdim ki, bu söz yalnız dava-dalaş deməkdi… Yadımda qalan zamanlardan dava vaxtı qaçıb içəri gizlənməyim asılıb… Əldamının tavanındakı tirlərdən asılan quru əvəlik torbası kimi yellənməkdən də qorxur uşaqlığımın bu kiçik parçası… Qaçıb gizlənirdim qonaq otağındakı yükün altında. O qədər balaca idim ki, çarpayının altında otururdum, başım çarpayıya dəymirdi. Orada oturub düşünürdüm ki, mən böyüyəndə həmişə “yola gedəcəyəm”. “Yolagetməzlik” nədirsə, onu evimizdən qovacağam. Məni oradan tapıb çıxaran olmurdu. Heç axtaran da. Saatlarla orada otursam da, nə acmırdım, nə də yuxum gəlmirdi. Sadəcə, üşüyürdüm. Bərk üşüyürdüm. Elə ki ara sakitləşirdi, evdə səssizliyi duyurdum, tez çıxırdım ordan. Anamın yanına qaçardım. Anam üzümə baxıb doluxsunmuş gözlərilə oxşayardı məni. Onun baxışlarının həmin ifadəsi bu gün də gözlərimin önündədir… O ifadəni uşaq yaddaşıma elə yazmışam ki…
Oyuncaqlarım da az idi… Gəlinciyim heç vaxt olmayıb. Cəmi bir dəfə kimsə mənə böyük, özüm boyda bir gəlincik almışdı, anamın başı qarışan kimi sındırdım, saçını yoldum, aparıb pəncərədən eşiyə atdım. Bununla da gəlincik dövrü bitdi. Bundan sonra heç vaxt heç kim mənə gəlincik almadı… Mən də gəlinciklə oynamadım…
Deyirlər, qız uşaqlarına ona görə gəlincik alırlar ki, o analıq duyğusuna alışsın. Körpəni qayğıyla əhatə etməyə öyrəşsin. Deyirlər, guya qız uşaqları analığa hazır olurlar gəlinciklə böyüyəndə… Qucaqlarında gəlincik yatanda ana duyğuları oyanır onlarda… Mənimsə heç vaxt gəlinciyim olmadı. Olmadı… Olmadı!!!
Bunun özündə də məntiq varmış… Mən “ana” ola bilmədim… Bilmədim… Bilmədim!!! Əslində, bu, mənim bacarıqlarım xaricində idi. Bu da alın yazısı idi…
“Dinimizdə “alın yazısı”, “qismət” kimi anlayışlar mövcuddur. Və çox təəssüf ki, bu anlayışların düzgün qavranılmaması nəticə etibarilə bir çox insanların özlərinə bəraət qazandırmalarına səbəb olur”.
Bəs mən? Mən ana olmadım deyə alın yazısını özümə bəraət qazandırmaq üçünmü uydurmuşam? Yox… Çünki ana olmaq əlimdə deyildi… Balamı alan əcəllə savaşmaq da əlimdə deyildi… Bacarmırdım, yox, bacara da bilməzdim…
Cəmi iki oyuncağım vardı: bir sarı dələ və bir sarı zürafə… Hər ikisini qarşı-qarşıya qoyub saatlarla onlara baxırdım. Fikrimdə onları danışdırardım. Onların söhbəti mənə o qədər maraqlı gəlirdi ki… Evimizə gələnlər anama deyirdilər:
– Bu necə sakit uşaqdır. Elə oturub oyuncaqlara baxır, vəssalam. Bizimkilər evi dağıdır ey bütün.
Anam isə mənim bu səssizliyimdən narahat olurdu. Ana idi axı… Balasının səssiz duraraq öz balaca qəlbində nəyi gizlətdiyini ondan yaxşı kimsə bilə bilməzdi… Həm də uşaqlıqdan elə hey ağrıyırdım. Ağrıyan yerimi dəqiq deməyə dilimin gücü çatmadığı vaxtlarda belə ağrıyırdım. Və anamın gözlərindəki təlaş dolu peşmançılığı görəndə anlayırdım ki, mən anamın ağrıyan yeriyəm… Anam mənimlə ağlayır, ağrıyır, göynəyirdi… Mənim oyuncaqlarım danışırdılar ki, bu balaca, qaraca, çirkin qız böyüyəndə daha ağrımayacaq… Özünə sarı rəngli don alacaq, anasına isə qara rəngli corablar… Daha anası corabını yamayıb geyinməyəcək… Onların bu söhbəti mənə elə xoş gəlirdi ki…
İndinin özündə də anama azı həftədə bir cüt corab alıram… Anamın donu azdır, amma corabı çoxdur… “Niyə alırsan?” – deyə danlayır məni hərdən… Ancaq bilmir ki, bunu mən o səssiz “danışan” oyuncaqlarıma söz vermişəm… Bunu onlar danışıblar o vaxtlar…

***

Hər nə qədər Ayşəbəyim paltarlarını, evdəki bahalı qab-qacağı oyuncaq etsə də, tək oynamaq onu sıxırdı. Tək oynamaq mənasız idi…
Hərçənd, o, öz uşaq ağlıyla sıxılmağın, mənasızlığın nə olduğunu bilmirdi, lakin tək oynamaq istəmirdi. Uşaq ağlıyla bircə şey düşünürdü: tək olmaq da, tək oynamaq da pisdir… Çox pis…
Nənə və ana ona başqa uşaqlarla oynamağı qadağan etmişdilər. Qorxurdular ki, uşaqlarla küçədə oynayanda qaçıb tərləyər, soyuqlayar. Evdə olanda qapını içəridən bağlayırdılar ki, birdən başları qarışanda qaçıb eşiyə gedər, xəstələnər…
Ayşəbəyim fiziki cəhətdən zəif uşaq idi… Bəlkə də, qorunmasının səbəbi onun zəifliyiydi. Kiçik qızcığaz pəncərədən çölə boylanınca uşaqların oyunlarında, şən səslərində belə bir nisgil duyurdu…
Həsrətin nə olduğunu hələ onda anlamışdı… Küçəyə hərdən çıxanda uşaqlar barmaqla onu göstərib deyirdilər:
– Baxın, onu anası oynamağa qoymur…
Biri əgər onu oynamağa çağırsa, o birisi tez ucadan səslənirdi:
– Çağırma… Onsuz da anası icazə verməyəcək…
Bu sözlər onu ağrıdırdı… Axı niyə o başqaları kimi olmamalıydı? Niyə fərqli idi? Düzdü, onun da öz şıltaqlığı, nadincliyi, uşaq nazı vardı… Amma yalnız anasına və nənəsinə naz edərdi. Onların sözündən çıxıb uşaqlara qarışmazdı…
Zaman keçdikcə Ayşəbəyimin də arzuları irəliləyirdi… Hər şeylə maraqlanırdı, hər şey haqqında bilməyə can atırdı… Arzusu, özü də ən böyük arzusu alim olmaq idi.
Balaca qızcığazı evdə tək buraxmağın çətinliyini anayla nənə öz ağrılı ürəklərində daşıyırdılar. Üç yaşlı qızın əlindən tutub bağçaya apardılar. Gülərüzlü, mehribanlığı barmaqlarının toxunuşuna köklənən tərbiyəçi-müəllim Ayşəbəyimin əlindən tutub stolda əyləşdirdi. Saçlarını tumarladı… Hər tumarında bir qayğısızlıq görünsə də, əslində onun ürəyindəki gizli tərəddüdlər barmaqlarında titrəyirdi… Bu titrəyiş körpə qızcığazın tellərini də titrədirdi… Anasının işə getmək saatı çatdı. Qadın başını aşağı salıb hüznlü bir şəkildə otaqdan çıxmaq üçün qapıya yönəldi. Bu an qızcığazın təlaşdan böyüyən gözləri anasının arxasınca boylandı. Və cəldliklə ayağa sıçrayıb kiçicik boyuna uymayan hikkəylə qapıya doğru cumdu. Tərbiyəçi-müəllim hər nə qədər onu qılıqlamağa çalışsa da, anası işə getdiyini desə də, Ayşəbəyim nazik barmaqlarını anasının donundan qoparmadı…
O gündən sonra ana və nənə növbə ilə qızcığazı özləriylə bərabər işə aparırdılar. Ana pambıqtəmizləmə zavodunda işləyirdi. Nənə isə camaatın xeyir-şərində “əl-əl axtarılan” aşpaz idi.
El məclislərində sakitcə bir küncdə oturan qızın marağını heç nə çəkmirdi. Sadəcə, insanların səs-küyünə alışmışdı. Zavodda isə saatlarla qaranquşun yuvasına baxırdı. Uşaq ağlıyla onun yuvasının içini təxəyyülündə canlandırırdı. Ayşəbəyim üçün qaranquşun yuvasında kiçik taxta stullar, bəzəkli çarpayı, qaranquş balalarının cürbəcür oyuncaqları var idi…
Beləcə, illəri yola salırdılar… Artıq Ayşəbəyimin 5 yaşı vardı. Bu gün onu özüylə aparmaq ananın növbəsi idi. İşə çatınca işçilərdən biri zavod direktorunun təcili iclas keçirəcəyini dedi. Anası qızı iclas keçiriləcək zala bitişik otağa aparıb, orada sakitcə oturmasını tapşırdı. Ayşəbəyim buradan direktorun zəhmli səsini eşitsə də, onun çığır-bağırını anlamırdı. Bu səs onu yarıqaranlıq otaqda vahimələndirirdi. Qorxa-qorxa ayağa qalxıb asta-asta yeriməyə başladı. Bura baş mühəndisin təcrübə otağı olduğundan dəzgahlarla dolu idi. Uşaq marağı qorxuya üstün gəlirdi… Və gəldi də! Ayşəbəyim dəzgahların birinə yaxınlaşdı. Üstü bəzəkli, rəngbərəng düymələrlə dolu idi. Bu düymələri yaxşı görmək üçün balaca dabanlarını qaldırdı. Bir az beləcə baxdı, baxdı… Yoruldu. Ayaqlarını yerə ürəklə basıb nəfəsini dərdi. Ancaq baxışları hələ də düymələrdə ilişib qalmışdı. Yenə dəzgaha yaxınlaşıb dabanlarını qaldırdı. Şəhadət barmağından başqa bütün barmaqlarını qatladı. Ehmalca qırmızı düyməni basdı…
Dəzgahın dəmir cingiltisinə bənzəyən səsi bütün zavodu bürümüşdü. Direktor qapını açanda Ayşəbəyim əllərini arxasında gizlədib qorxmuş halda divara qısılmışdı. Anası cəld uşağı qucağına alıb təlaşla dillənmişdi:
– Bağışlayın, məcbur qalıb gətirmişdim özümlə… Bir daha olmaz…
Həmin gün Ayşəbəyimin anası ilə işə getdiyi son gün oldu. Artıq nənə də onu el məclislərinə, xüsusilə, yas çadırlarına aparmaqdan utanırdı. Buna görə də məcbur qalıb uşağı 5 yaşında birinci sinfə apardılar…
Ana ilə nənə həyatın bütün rənglərini qıza yaxşı tərəfdən, parlaqlığı ilə göstərməyə çalışırdılar. Ancaq onlar bilmirdilər ki, Ayşəbəyim bu rənglərin solğunluğunu duyur. Onu Yaradan belə yaradıb… Atasızlığı yaşayan qəlbinə, fiziki cəhətdən zəif bədəninə rəğmən onda elə bir qəribə duyğu var ki, Tanrı onu hər bəndəsinə vermir. Bu duyğunun adını hələ Ayşəbəyim özü də bilmirdi…
Ana müəlliməyə ilk gündən tapşırmışdı ki, onu uşaqlarla həyətdə oynamağa qoymasın. Çünki yıxılar, üzündə cızıq izi qalar. Bir qədər sadəlövh kimi görünsə də, bu istək səbəbsiz deyildi. Ayşəbəyimin ağ, süd kimi tər-təmiz bənizi anasının aydınlığı idi… Bu aydınlıq ana üçün həyatın bulanıq tufanlarını yuyub aparan dumduru sular idi…
Ayşəbəyim heç vaxt uşaqlarla oynamırdı. Daim böyüklərin müdrik kəlamlarını eşidir, onlara riayət etməyə çalışırdı. Hamı onun ağıllı uşaq olduğunu deyirdi. Qonşular, qohumlar öz uşaqlarına onu misal çəkirdilər. Ona isə elə gəlirdi ki, nəsə düzgün deyil. Axı yaşlıların, böyüklərin, müəllimlərin məsləhətinə olduğu kimi əməl edən təkcə o idi.
Hətta bir dəfə direktor müavini məktəb kollektivi qarşısında məsələ qaldırmışdı: “VII sinifdə oxumasına baxmayaraq, biz Ayşəbəyimi xüsusi səliqəsinə, nizam-intizamına, davranışına, hətta savadına, VIII sinfin proqramını bildiyinə görə bir sinif yuxarı keçirmək istəyirik”. Amma anası razı olmamışdı. Onsuz da Ayşəbəyim məktəbə 5 yaşında getmişdi. Bir sinif də qabaqlamaq onun cılız bədəninə, dümağ sifətinə yaraşmazdı… Anası belə düşünmüşdü…
Özlüyündə isə ana qızıyla fəxr edirdi. Ayşəbəyimi o qədər tərifləyirdilər ki, bütün uşaqlar dərsdə onunla oturmaq istəyir, tənəffüslərdə başqa sinfin uşaqları onunla danışmağa can atır, küçədə qadınlar qucaqlayıb öpürdülər. Bütün bunlar ananın, nənənin, müəllimlərin fərəhinə səbəb olsa da, Ayşəbəyim üçün yenə nəsə tam deyildi…
Rayonun işıq-qaz sistemində problemlər yaranmışdı. Sovet dönəmindən qalan işıq xətləri, qaz boruları köhnəlmişdi, təmirə ehtiyac vardı. Təbii ki, təmir başa çatana kimi müəyyən çətinliklər olmalıydı. Oldu da…
Ana səhər tezdən oyanır, odun yarır, sobanı qalayıb çayı qaynadır, qızını ev isinəndən sonra yuxudan oyadırdı. Ev tapşırıqlarını isə Ayşəbəyim ya axşamdan neft lampasının işığına, ya da hamıdan bir saat əvvəl gedib məktəbdə hazırlayırdı.
Dərd gələndə birdən gəlir… Pambıqtəmizləmə zavodu da fəaliyyətini dayandırdı. Ana artıq işsiz idi. Bütün yük nənənin çiyinlərinə öz ağırlığını salmışdı. Əlbəttə, ana buna dözə bilməzdi. Odur ki, bazardan xırda məişət ləvazimatları gətirib yaxın qonşular arasında satmağa başladı. Beləcə, Ayşəbəyimin gündəlik dəftər-kitab xərcini üstələməyə çalışdı. Zamanla bunu bacardığına evdə hamı-nənə də, Ayşəbəyim də sevinirdi.
Qızın sevinməyi də qəribə idi. Hamı kimi sevinə bilmirdi elə bil. Ürəyində həmişə sevincin kölgəsində bir nisgil olurdu. Bu nisgil onu gizlincə otağa çəkilib saatlarla ağlamağa məcbur edirdi. Əvvəllər belə düşünsə də, böyüdükcə Ayşəbəyim gizli ağlamaqlardan ürəyinin boşaldığını, nisgilinin şam kimi öləzidiyini anladı. Və özlüyündə yaxşı oxumaq, ali təhsil almaq, anasına öz savadı ilə dayaq durmaq qərarına gəldi.

Özüm…

Məktəbi bitirəndə sinifdə on səkkiz uşaq idik. Ən kasıbı mən idim. Ən yaxşı oxuyanı da. Məni də Ayşəbəyim kimi hamı öz uşağına misal çəkirdi. Adımı eşidib üzümü görməyənlər də vardı. Bu valideynlər vaxtaşırı atamın yanına düşüb bizə gələr, mənə baxardılar. Ən çox yadımda qalan təəccüblü baxışlar olurdu. Sanki bu baxışların hamısı eyni dildə danışırdılar: “Bir bunun iynə boyuna, bir də dam-dolusu toyuna bax!”. Çox balaca idim. Nəinki balaca, həm də qaraca idim. Sinif yoldaşlarım son zəngdən sonra üzü payıza toya hazırlaşırdılar. Mənsə ali məktəbə. Bütün günü oxuyurdum.
Dövlət imtahanına bir ay vardı deyə, son zəng ərəfəsində özümə beş-altı gün istirahət zamanı ayırmışdım. Pilləkənimizin üstündə yarımçıq eyvan vardı. Taxta çərçivələr bir-birinin yanında elə dayanmışdılar ki, elə bil “Günəş krallığı”nı fəth etməyə gedəcək Roma əsgərləri cəngavər əmri gözləyirdilər. Bu taxta çərçivələrdən başımı azca irəli uzadanda evimizlə üzbəüz olan kitabxananın qapısını aydınca görə bilirdim. Bir gün yenə kitabxananın qapısına baxırdım. Dodaqlarımın arasından şeir süzülürmüş, sən demə…

Aradan altı il ötübdür, gülüm,
Hələ üstüm-başım idimə düşmür.
Yadımdan heç zaman çıxmadığınçün,
Yadıma düşdüyün yadıma düşmür.

Misraları təkrar-təkrar pıçıldamağa başladığım anda sinif yoldaşım Minnətin yolayrıcında durub gözünü mənə zillədiyini gördüm. Sinifdə partalarımızın arasında bir addımlıq məsafə vardı. Üz-üzə dayandığımız zamanlar az olmamışdı. İndi isə Minnətin baxışları mənə ayrı cür görünürdü. Başımı geri çəkib aşağı çökdüm. Ayağa qalxdığımda kitaba cumdum. Özümə verdiyim istirahət günlərini tamamlamaq mümkün olmadı.
Dövlət imtahanlarının cavabı çıxınca məlum oldu ki, imtahan verən cəmi altı şagirddən yalnız ikisi: mən və daim mənimlə rəqabətdəymiş kimi özünü hər addımda gözə təpən İnqilab tələbə olacağıq. Mən sevinirdim… Hələ də o sevinci bəzəyib-düzəyib anlatmaq üçün sözlər tapa bilmirəm…
Tələbə olmuşdum. Dördillik tələbə həyatında cəmi iki cins şalvarım, bir qara, balaca çantam, uşaq mağazasından ucuz qiymətə aldığım üstü “cırt-cırtla” bağlanan bir ayaqqabım qarderobumu tamamlayırdı.
Bütün bunlara qarşılıq, olduqca gözəl müəllimlərim vardı… Şair İnqilab İsaq, musiqişünas Şirin Rzayev, professor Qabil Seyidov, professor Kəmalə Seyidzadə… Bu dörd müəllimin qarşısında tələbə kimi oturduğum üçün qürur duyurdum. Və bu qürur hissi mənim duyğularımda öz ömrünün ikinci onilliyinə qədəm qoyub. Böyük oğlan olsun!

***

Zaman öz işini görür, Ayşəbəyim böyüyürdü. Yeniyetmə çağlarında hamı onu qaradinməz, qaşqabaqlı, lakin olduqca gözəl bir qız kimi tanıyırdı. Bəziləri bu qaradinməzliyi gözəllikdən doğan təkəbbür kimi qiymətləndirir, kimisi isə bunu onun “ağıllı”, “yerəbaxan” qız kimi olmasıyla əlaqələndirirdi.
Ulu Tanrının Ayşəbəyimə bəxş etdiyi ən gözəl ərməğan onun içində, ürəyində idi. Öz sirrini tül rübəndin altında gizlədən gözəl kimi cilvələnirdi, nazlanırdı onun duyğuları həyat qarşısında. Daxilindəki tufanları sərin mehlə örpəkləyib olmuşlara və olacaqlara üsyan edirdi bu qızın kiçik ürəyi… Ürəyindən pərvazlanan duyğuları qələmdən süzülürdü, misra-misra vərəqlərə axırdı.
Məktəbdə yaşıdı olan qızlardan çox fərqliydi Ayşəbəyim. Qızlar bulağından su içən gözəllərin hamısının aşiqi vardı, aşkar, ya gizli. Təkcə onun yox idi. Baxmayaraq ki, bu qızın gözəlliyi Yevlax rayonunun sərhədlərini çoxdan aşmışdı, yenə də adını tutan, “Ayşəbəyim” – deyən gözə görünüb, qulağa dəymirdi. Bütün qızların arxasınca, xəlvətə düşəndə yanınca məktəbə bir oğlan gedirdi. Ayşəbəyimin isə yanınca həmişə anası gedirdi. Məktəbin darvazası yanında da daim onu gözləyən anası idi.
Ancaq qıza elə gəlirdi ki, anası “evin kişisi” kimi yaranıb və bu, belə də olmalıdır. Onu qorumalı, evə su, odun daşımalı, həyət-bacanı səliqəyə salmalı, barının sökülən, uçulan yerini təmir etməli, bazarlığa getməli, eyni zamanda, bu bazarlıq üçün pulu qazanmalıdır. Bütün bunların qarşılığında Ayşəbəyim bəzən beyninə dolan fikirlərdən qorxurdu. Bir cümlə isə nə qədər unutmağa çalışsa da tez-tez dilinin ucunda bitirdi: “Tanrı da səhv edə bilir”.

II hissə

Nifrət

***

Ayşəbəyim artıq onuncu sinifdə oxuyurdu. Böyümüşdü. Hər şeyi biləcək qədər böyüdüyündən tale bağlı qapıları onun üçün açmaqda israrlıydı. Gül ləkləri ilə əhatələnmiş bağçaya stol qoyub dərslərini hazırlayırdı. Elə də hündür olmayan barıdan küçədən keçən adamların başı görünürdü. Ayşəbəyim hərdən başını yazıdan qaldıranda bu adamların gah birisiylə salamlaşar, gah da tələsik keçənləri baxışlarıyla ötürərdi. Bir də başını qaldıranda saçlarına təzəcə dən düşmüş bir kişinin diqqətlə ona baxdığını gördü. Qız qorxdu. İçinə dolan bu qorxunun yanıyla gələn şübhələr daha betər idi. Çünki kişinin baxışları maraq dolu olduğu qədər də qıza tanış gəlirdi. Hətta o qədər tanış gəlirdi ki, elə bil hər gün görürdü bu bəbəkləri… Bir neçə dəqiqə bir-birinə kilidlənmiş baxışların sonu tez gəldi. Kişi başını aşağı salıb getdi.
Bu hadisə bir ayda dalbaadal, ən azı altı dəfə təkrarlanınca Ayşəbəyim nənəsinə içindəki qorxulardan danışdı. Şübhələrini isə bir sirr kimi qorumağa çalışdı. Ömrünün çoxunu yola salıb arxasınca su atmaq fikrinə düşməyən nənə üçün bu, ürəyindəki yükü artırardı. Daha qız bilmirdi ki, nənə o kişinin gəlməsini eşidəndə onsuz da ömründən ağır yük karvanını hər açılan sabahından keçirərək yuxusu ərşə qaçdığı gecələrə aparır. Və bu karvanın sarvanı elə o, özü olur.
Növbəti dəfə Ayşəbəyim nənəsinin mətbəxdə olmasından ürəklənərək cəsarətlə ayağa qalxıb kişidən soruşdu:
– Axı siz kimsiniz? Niyə mənə elə baxırsınız?
– Tanımazsan… Mən səni görəndə balaca idin, indi böyüyüb gözəl bir qız olmusan.
– Elə tanımaq istəyirəm. Kimsiniz? – Anandan soruş, o deyəcək.
– Anam evdə yoxdur! – Ayşəbəyim artıq hirslənirdi. Səsinin daha da codlaşdığını hiss edirdi.
– Mən sizdən eşitmək istəyirəm. Qohumsunuz?
Kişinin dodaqlarının kənarına kinayə dolu təbəssüm yığılmışdı. Həmişə maraq dolu olan bəbəklərindən qəribə bir hiss asılmışdı. Bilmək olmurdu ki, nəyəsə hirslənib, yaxud nəyəsə heyfsilənir. Ya da hər iki hiss orda necə doğmalaşa bilib? Nəhayət, kinayə ilə bükülən dodaqların arasından ikicə kəlmə ilan qayadan sürüşən kimi sıyrılıb çıxdı:
– Sənin atanam.

***

Yox, Ayşəbəyim bu kişiyə inanmadı. Onun atası çoxdan ölmüşdü axı. Anasıyla nənəsi ona yalan danışmazlar. Düşündü ki, yəqin, o kişi sərxoşun biridir, nə danışdığını özü də bilmir. Ağlı başında adam nə durub kimsənin uşağına barıdan baxmaz, nə də yalandan “sənin atanam” – deyib uydurmaz. Kişi gedəndən sonra zamanın bir ölçüsündə özünü günahlandırmağı da bacardı. Necə icazə vermişdi ki, yad bir adam atasının xatirəsinə toxunsun?! Bircə şəkli olmasa da, atası onunçün vardı. Onun xəyalında idi… Onun bütün “atalı arzularının” qəhrəmanı idi. Uşaqlıqdan bəzən atasının-xəyali qəhrəmanının şəklini çəkirdi. O qədər hər dəfə daha yaxşı çəkim deyə cəhd etmişdi ki, axırda rəsm müəllimi çəkdiyi şəkillərdən bir neçəsini Bakıya-şagirdlərin sərgisinə aparmışdı. Ayşəbəyimin rəsm çəkməkdə qabiliyyətli olmağıyla hər yerdə fəxrlə danışardı. Amma o, ağlına da gətirməzdi ki, bu qabiliyyət qızda atasının rəsmini daha yaxşı çəkmək cəhdi ilə yaranmışdı. Üstəlik, “ata” kəlməsinin dilinə gəlməsiylə ürəyində özünü qatil sandığı, anasının uşaqlıqda danışdığı daha bir əhvalat da vardı. Eşitdiyi gündən bu yana bir dəfə də olsun anasından danışmasını istəmədiyi, özünü qatil hiss etdiyi əhvalat… Anası danışmışdı ki:
– Sən onda çox balaca idin. Bütün gecəni kukla deyib ağladın. Atan da səhər açılan kimi qaça-qaça sənə kukla almağa gedirdi. O qədər tələsirdi ki, üstünə gələn maşını görmədi. Maşın da onu vurub öldürdü.
Bu əhvalata inanmışdı. Həmin gün kukla deyib ağladığı üçün özünü olduqca günahkar hiss edirdi. İllərlə içindəki bu özünü bağışlaya bilməmək hissiylə yaşamışdı. Bu necə olur, bilməyi kimsəyə arzulamırdı… İndi isə hansısa danışığını bilməyən bir kişi onun atasıyla bağlı xatirələrini alçaldırdı.
Axşam anası evə gələndə xahiş etdi ki, bir dəfə atasının məzarını ziyarətə getsinlər.
– Çox uzaqdadı. Məktəbi bitir, instituta qəbul ol, aparacağam. Hər şeyi öz gözünlə görəcəksən, – dedi anası. Danışdıqca bir dəfə də olsun başını qaldırıb qızına baxmırdı. Anası bir də onun gözlərinin içinə bir həftə sonra baxdı…
Həmin gün Ayşəbəyim məktəbdə keçirilən tədbirə görə hazırlığa gecikmişdi. Müəllim yanına aparacağı kitablar evdə olduğundan məktəbdən evədək yüyürmüşdü. Təngnəfəs darvazanı açmaq istəyəndə içəridən gələn qarma-qarışıq səslər onu dayandırdı. Anası bir kişi ilə mübahisə edirdi. Dayanıb dinləməyə başladı.
– Hər şey boş yerədi! – Bunu anası deyirdi.
– Bir səhvlikdi elədim də. Bağışla, – Kişinin səsi də tanış gəlirdi.
– Qayıt ailənə. Qızımla öz həyatımızı qurmuşuq.
– Mən sizsiz darıxıram… Yenidən…
– Gecdir, get, bir də qapıya gəlmə! – Anası kişinin sözünü kəsdi.
– Ayşəbəyim heç bilmir ki, onun atası sağdı, – Kişinin səsinə bir az hikkə də qarışdı.
– Bəs sən nə fikirləşirdin? Elə bilir atası ölüb.
– Niyə ki? Mən onun atası deyiləmmi? Məni niyə gizlətmisən uşaqdan? – Əsəbi qışqırtı qızın tüklərini ürpəndirdi.
– Onun həyatını məhv edə bilmərəm. Ali məktəbə hazırlaşır. Get, imkan ver yaşayaq.
Dünyaya niyə gətirdiklərini dərk etməyən övlad isə darvazanın arxasında valideynlərinin bu söhbətini eşitdikcə onun üçün həyat məhv olmağa başlayırdı. Elə bil hər şey rəngini dəyişib bozarır, ağaclar əyiş-üyüş olub bir-birinin üstünə yıxılır, quşlar civildəmir, boz-boz ulayırdılar. Ayşəbəyim darvazadan uzaqlaşdı. Yeridikcə yol gözləri önündə gah axır, gah çökəlir, gah da hər bir torpaq dənəsi bir qara qayaya çevrilib getməsinə imkan vermirdi. Geri döndü. Məzarına qoymaq üçün uşaqlıqdan bəri hər yaz çəməndən gül yığdığı atasının üzünü görmək marağı hər şeyə üstün gəlmişdi. Uşaq ağlıyla özünü ölümünə səbəbkar saydığı atası bu dəmir darvazanın o üzündə idi. Darvazanı əli titrəyərək itələsə də, dimdik dayandı. Əvvəlcə düz anasının gözlərinin içinə, sonra da atasına baxdı. Hər gün barının o üzündən ona baxan, “sənin atanam” deyən kişi idi. Dodaqlarının kənarındakı kinayəli təbəssüm bütün üzünü bürümüşdü. Dodaqlarından saxta bir mülayimlik asılıb yıxılacağını gözləyirdi. Ayşəbəyimin ürəyində qəribə sızıltı baş qaldırdı. Qız bu sızıltıyla dorğudan–doğruya qatil olmağı arzulayırdı. Bu kinayəli təbəssümü yarıda qoyacaq bir qatil olmaq arzusu bütün əzalarını gərmişdi. Bu hissin adı nifrət idi. Ayşəbəyim atasına nifrət edirdi…

***

O gün heç nə yeməmişdi Ayşəbəyim. O gecə səhərədək anası ilə nənəsi pəncərənin o üzündə, o isə bu üzündə öz yorğanına bürünərək ağlamışdı. Səhər bitib-tükənmək bilməyən suallarla açılmışdı. Bu suallar anasına ünvanlansa da, cavabları nənəsi vermişdi. Ayşəbəyim bilmişdi ki, atası anasının xalası oğlu imiş. Hələ hamiləykən anası atasının xəyanətini eşidib qızını doqquz ay tamam olmamış dünyayla salamlaşmağa məhkum etmişdi. Hər an ölümlə üz-üzə yaşayan körpə illərdir məhz bu səbəbdən çöl-bayırdan, isti-soyuqdan qorunmuşdu. Övladını itirmək qorxusu anaya doğum sancılarıyla birgə göndərilmişdi. Və bütün bunların günahkarı ata idi…
Ayşəbəyimin dünyaya gəlişi də atanı evinə, ocağına bağlamamışdı. Yenə hər gün evdə dava-dalaş, yenə içki şüşələri, yenə xəyanətlər… Bir gün, hətta uşağı qucağına alıb nənəylə ananın qarşısına da çıxmışdı:
– Bu uşağın atasız böyüməyini istəmirsinizsə, mənə maşın alın!
Bu, ailə adlı sarayın açıq qalan tək pəncərəsi idi. O gün o pəncərə də bağlanmışdı. Bir daha günəş işıqlarına açılmayacağına qərar verilmiş pəncərənin o üzündən görünən keçmişdə nələr olmuşdusa, hamısının günahkarı ata idi. Hardasa bir məzarının olduğunu bildiyi atası daha doğma, daha əziz idi Ayşəbəyimə. Yaşadığına əmin olduğu ata isə onun üçün əsl günahkar idi… O, ata deyildi. Ayşəbəyim ona ata deyə bilməzdi. Onu xəyalına yaxın da buraxmazdı… Lakin həyat öz gerçəkliyini güzgü işığı kimi insanın gözlərinə salıb qamaşdırmaqdan həmişə zövq alıb.
Ayşəbəyim gözünə düşən güzgü işığında bütün kişiləri eyni ölçüdə görürdü; elə bilirdi ki, bu dünyada nə qədər oğlan, nə qədər kişi varsa, hamısı onun atası kimidi… Hamısı da yalnızca günahkar olmağı bacarırlar. Onun içində dünyanın bütün kişilərindən qisas almaq kimi bir hayta vardı. Lakin bütün bunlarla yanaşı məktəbi bitirib ali təhsil almaq arzusu da ürəyindən bəbəklərinə yol tapa bilmişdi. Ayşəbəyim kitablara insanlardan daha çox etibar edirdi. Bütün oğlanları acılayır, kiminsə ondan xoşlandığını eşidəndə mütləq onunla dalaşardı. Bunu bütün kişilərdən aldığı intiqam sayaraq rahatlana bilirdi. Üstəlik, eşitmişdi ki, atası ikinci arvadından da boşanıb, hardasa tək-tənha yaşayır. Bu, onu sakitləşdirən daha bir təsəlli idi. Və bu təsəlli onun əla qiymətlərlə məktəbdən məzun olduğu zamanda qulağına çatmışdı. Heç kəs təbrik etdiyi, xoş sözlər dediyi qızın içindəki tükürpədən dəhşətli təəssüfdən xəbərdar deyildi. Qarşıda ali təhsil vardı.

Özüm…

Bir dəfə qanlı knyaginya Batori haqqında kiçik bir yazı oxumuşdum. Onu qaniçən, kişilərin məhvinə çalışan bir cəllad kimi tarixə salan həqiqətin nə olduğunu bilmək marağı oyanmışdı məndə. Sonra bilmirəm nələr oldu, hansı maraq Batorini kölgədə qoydusa, bir də qanlı knyaginya haqda yeni film çəkildiyini eşidəndə yadıma düşdü. Rejissoru qadın olan iki saatlıq filmə nəfəs çəkmədən baxdım. Əvvəllər oxuduqlarımın üstündən iri bir projektor işığı keçdi kimi təsirləndim. Macar rejissor bu filmdə Batorinin kişilərə olan nifrətinin günahkarını bir-iki epizodda gözəl açıqlayır: knyaginyanın əri…
Demək istədiyim odur ki, kişilərin qadın nifrətinin də, qadınların kişi nifrətinin də altında mütləq və mütləq öz həmcinslərini gözdən salan biri vardır. Biz bunu görmürük. Görməyə heç can atmırıq da. “Cinayət psixologiyası” adlı məfhum dünyamızda psixoloqların ən qiymətli tapıntılarından biridir. Hərçənd ki, bu nəzəriyyə ədəbiyyatda Dostoyevski ilə başlayır, lakin Dostoyevski kimi bir yazıçının əsərin yazılma prosesində psixoloq kimi öz obrazı üzərində seanslar aparmasını unutmaq lazım deyil. Amma ədəbiyyatda da, kriminalistikada da səbəblər çox az hallarda axtarılır. Bunun günahkarı, təbii ki, nə yazıçı, nə də kriminal-psixoloq deyil. Əsl günahkar içində mən olmaqla əsərlərin ünvanlandığı və cinayətlərin baş verdiyi andan marağını cinayətkara qarşı itiləmiş cəmiyyətdir. Cəmiyyətdə heç kim öz işindən və həyatının düzənindən ayrılaraq cinayətin səbəbi haqda düşünmür. Onlar nəticəni-cinayəti sevir. Bəli, sevir! Bu sevgi növbəti cinayətin cücərmə səbəbidir. Qadın-kişi nifrətinin də nəticəsi eyni ilə belə maraqlı gəlir insanlara. Çünki qarşı-qarşıya qoyulsa, kişilər mələk, qadınlar məlakə olduqlarını sübut etmək üçün dəridən-qabıqdan çıxırlar. Təbii qanunauyğunluqla düz edirlər. Axı bütün qadınlar Silviya Plaz, bütün kişilər də Aqata Kristinin obrazı Amyas Krale deyil…

***

Ali məktəb imtahanı yaxınlaşdıqca Ayşəbəyimin cılız bədəni sürətlə cılızlaşmağındaydı. Qıza elə gəlirdi ki, ürəyinin içində boyundan böyük bir hava şarı var və bəzən nəfəs aldıqca o şar şişir, şişir, partlamaq dərəcəsinə gəlir. Bütün günü kitab əlindəydi – yeyəndə də, saçını darayanda da, donunu dəyişəndə də. Ali məktəbə qəbul ola bilməyəcəyindən yaman qorxurdu. Gah imtahan vaxtının gec gəlməsi üçün dualar edir, gah da hər keçən günün bir il kimi uzun olduğunu düşünür, səbirsizlənirdi. Nəhayət, imtahan günü gəldi. Anası onu imtahana bir cümlə və bir dünya təbəssümlə yola saldı:
– Qorxma, qızım, bildiyini yaz, keçməsən, gələn il keçərsən.
Bu bir cümlə və bir dünya təbəssüm Ayşəbəyimə güc, addımlarına inam verdi. Onu ən çox ürəkləndirən anasının bu imtahanı, Karlson demiş, “adi həyati hadisə” sayması idi. Qızın qulağının dibindəcə imtahan verməyə gələn uşağını hədələyən, danlayan o qədər valideyn vardı ki…
– Bax, bir ətək pul tökmüşəm sənin hazırlığına. Hünərin var, keçmiyəsən!
– Vaxtında “oxu” deməkdən dilimdə söz cücərdi! Adam deyilsən ha. İndi üzümə yazmamış qayıdasan, gününü görəcəksən!
– Əgər yazammasan, evə qayıtma! – və s. və s.
Bütün bunların fövqündə anasının təbəssümü onun üçün Tanrının ən böyük mərhəməti idi.

***

Avqustun altısı Ayşəbəyimin ad günü idi. İmtahan nəticələri məhz bu gün açıqlanmışdı. Ayşəbəyim cavabı bilməyə qəsdən özünü gecikdirirdi. “İmtahandan kəsilmək” adlı hədiyyə almaq onun ürəyinin götürə biləcəyi yük deyildi. Ona görə də anasından bu gün imtahan nəticələrini bilmək istəmədiyini dedi. Ana əvvəlcə qaşlarını çatdı, sonra dodaqlarını bir-birinə kip sıxıb başını yellədi, heç nə demədən qapıdan çıxdı. Ayşəbəyim nə çatılan qaşların, nə bükülən dodaqların, nə də sükunətli addımların nə “söylədiyini” anlamamışdı. Başını qatmaq üçün stolun üstündəki ad günü tortuna tərəf əyilib üstündəkiləri oxumuşdu: “Happy birthday” və kiçik smaylik. Gözləri yaşarmışdı gülməkdən. Axı, bu tort bişirən qonşuya nə düşmüşdü ki, ingilis dili bilicisi çıxmışdı?! Eləcə “ad günün mübarək” yaza bilməzdimi?! Gülə-gülə qapıya çatınca anasının əlində kiçik kağız qarşısında dayandığını gördü. Sakit və ciddi duruş ananın əlindəki kağıza böyük əhəmiyyət verdiyini anladırdı. Ayşəbəyim kağızı ehmalca götürüb açanda da üzündəki gülüşü qoruyub saxlamağa cəhd edirdi. Bu gün, məhz bu gün ağlamaq istəmirdi…
İmtahanın nəticələrinə əsasən Ayşəbəyim artıq tələbə idi. Gülüşünə qarışan göz yaşlarını ağlamaq adlandırmaq istəməsə də, nənəsi öz təbrikində gecikməmişdi:
– Ay səni görüm həmişə sevincdən ağlayasan elə!

Özüm…

Ağlamaq… Əvvəllər ağlamağı çox sevərdim. Çox ağlayardım. Göz yaşlarımın dəyərini anlamırmışam… Sadəcə, gizlin-aşkar ağlamaq mənimçün can rahatlığıydı. Canımın ağrıyan yerini sığallayıb ağladığım zamanlarda uşaq düşüncəmlə böyük-böyük qəhrəmanlıqlar edirdim. Böyüdükcə, ağlamağım mənimlə birgə böyümədi, təəssüf ki… Get-gedə kiçildi, adiləşdi, gözdən düşdü. Ta ki, iyirmi iki yaşımın tamamına kimi. Qoşalaşmış ikiləri öz təqvimin qızıl çərçivəsinə saldığım il göz yaşlarımı ilk dəfə özümə axıtmadım… Mübariz İbrahimov şəhid olanda ağladım… Ağlayaraq yazdım ki,

Bu dünyada candan əziz nə var ki?!
Bir ürəkdi, göz yaşıdı, Vətəndi.
Bu dünyada səndən əziz nə var ki?!
Bir ürəkdi, göz yaşıdı, Vətəndi.

Bu ürəklə sevə bilmişəm səni,
Bu vətənin ər igidi, qeyrəti…
Axan göz yaşımın hər giləsini
Töküm məzarına, yoxdur qiyməti…

Bu dünyada eşqdən uca nə var ki?
Sevdiyimsən, tapındığım ərənim…
Bu dünyada eşqdən qoca nə var ki?
Sevgisini torpağına sərənim…

Bu dünyada candan əziz olanım
Bir ürəkdi, göz yaşıdı, Vətəndi.
Bu dünyada səndən əziz olanım
Bir ürəkdi, göz yaşıdı, Vətəndi.

İndi daha göz yaşlarım hər şeydən ötrü axmır. Mənimlə birgə böyüməyən ağlamağımın məni ötüb keçməsinə baxmaqdan başqa əlimdən nəsə gəlmir…

***

Tələbəlik gözəl keçirdi. Düzdür, hər günü nağıl deyildi, hər ay bir şahzadə at çaparaq eyvanın altından keçmirdi, cəngavərlər divləri öldürmürdü, yenə də tələbəlik öz romantik dumanlığını qoruyub saxlamışdı. Ayşəbəyim xoşbəxt idi. Bütün sıxıntıların, kədərlərin tələbəliyin arxasında qaldığını düşünürdü. Ancaq yanılırdı! Onun xoşbəxt günləri uçuq-sökük binanın sonuncu mərtəbəsindən gələn işıq kimiydi… Həyatın xoşbəxtliyə ayırdığı reklam fasiləsi bitirdi…
Bir gün qəfildən nənə xəstələnib yatağa düşdü. Həkimlərin gözlərini yerə dikib, başını bulayaraq çıxdığı otaqda qız nənəsini seyr etməkdən yorulmurdu. Ağ saçları güllü yastığa döşənmiş nənənin sağalacağı ümidini küsdürməmək üçün üçüncü kurs tələbəsi olan Ayşəbəyim institutdan bir həftəlik icazəni güclə almışdı. Qıza elə gəlirdi ki, nənəsi onu yanında görəndə sürətlə sağalacaq, ayağa qalxacaq. Lakin, yaşlı nənə günbəgün Ayşəbəyimin gözləri önündə əriyirdi. Çarəsiz anlarda əlindən heç nə gəlməmək kimi bir duyğunun varoluşunu da o kiçik zaman kəsiyində anlamışdı. Nənəsinə baxaraq… Nənəsinin damarları çıxmış əlini üzünə sürtərək… Göz yaşlarından diksinər deyə, gözünü ovuşdurmaqdan yorulmayaraq…
Evdən çıxan tabutun arxasınca baxmaq isə… Yox, Ayşəbəyim o gün yaşadıqlarını bir daha dilinə gətirməmək üçün özünə bərk-bərk söz verdi.
Tamam tək qalmağı da bu aralar öyrəndi. Anası xırda alverçilik etdiyindən evdə az olurdu. Ayşəbəyim nənəsizliyini bir də tək boşqablıq süfrələrdə, təkadamlıq mürgülərdə, evdən yalnız televizorun səsi gəldiyində yaşamağa çalışdı. Zamanla yalnızlığa öyrəşə bilmirdi deyə, qorxuları da müxtəlif şəkillərə düşə bilirdi. Gah televizorun arxasından başqa səs gəlir, gah pəncərəyə kölgə düşür, gah yuxusunda dəhşət filminin ssenarisi yazılırdı. Lakin qızın yalnızlığa könül verməsindən savayı çarəsi qalmamışdı. Və bir gün bütün gücünü toplayaraq yalnızlığın qoynuna girdi. Həyat onların başı üzərində dayanmışdı və kəbin duasını tənha hıçqırıqların melodiyası altında zümzümə edirdi.
Həmin gün anası Ayşəbəyimə qırmızı don almışdı. Qız donu geyinib güzgünün önündə fırlanınca öz yaraşığından məst olmuş halda demişdi:
– Gərək nənəmə də göstərim, deyirdi qırmızı rəng mənə çox yaraşır.
Ana qəfil hönkürmüşdü. Ayşəbəyim üçün dünyanın ən güclü qadını olan anası birdən-birə acizliyini göz yaşlarıyla etiraf etmişdi. Qız boynunu bükmüşdü… Ürəyini də bükmüşdü… Həmin qırmızı don əynində yalnızlıqla nigaha girmişdi.

Özüm…

Yalnızlıq…
Tənhalıq…
Yaxud, heç kimsənin olmaması…
Əslində, böyük bir yalan! Milyonlardan biri kimi “OL” kəlməsindən qorxub başımızı dizlərimizə dirəyib, gözlərimizi bərk-bərk yumub, yumruqlarımızı qulaqlarımıza tutub özümüzü zamanın və təbiətin ixtiyarına buraxırıq. Anamızın bətnindən çıxanda isə elə sevinirik ki… İlk olan bu sevincdən bütün həyatımız boyu əsla və əsla bir daha dadmırıq. Çünki bir buğda dənəsi ilə Həvva nənəmizin qazandığı doğum sancısı cəzasını anamıza yaşadıb günahsızlığımızla öyünürük.
Bu aralar, doğrudan da, təzadlı fikirlər əlində əsir-yesir olduğumu bilirəm. Yoxsa mənim nə həddiməydi ki, Həvvadan danışam? Anamı günahlandıram, tövbə, tövbə! Yenə üzümü göyə tuturam:
– Allahım, sən bildiyin məsləhətdir! Bircə ağlımı alma.
Ağlım varmış kimi, sonuncu xahişi elə ürəklə edirəm ki… Kim deyirsə, şairlər, yazıçılar ağıllı adamlardır, yanılırlar. Onlar qədər ağılsız, məntiqsiz, hamının bədbəxt olduğu yerdə xoşbəxt, ən sevincli gündə qaş-qabağı yerlə gedən, min gülüş içində zarıyan ikinci bir insan zümrəsi tapılmaz. Mən də daxil…
Yalnızlıq, tənhalıq, kimsəsizlik kimi kəlmələri də şairlər və yazıçılar uydurub. Guya tək bir yerdə oturmağı, tək ağlamağı daha duyğusal sözlə ifadə ediblər. Bilmirəm kim necə yaşayır bu hissləri, mən etiraf edirəm ki, belə hisslərin mövcudluğuna şübhə ilə yanaşıram. Çünki tək ağlayanda da kimisə, nəyisə düşünüb ağlayıram. Tək yemək yeyəndə də həmişə çörək iyləyib anamın, qardaşımın, bacılarımın adlarını sıra ilə sadalayıram, görəsən, ac olanı yoxdur ki? Bu təkliyin özündəki qeyri-humanizmi görürsünüzmü? Təkcə öz doğmalarımın ac olmadığının qeydinə qalmaq istəyirəm fikrən. Bu da dünyaya meydan oxuyan yazıçı humanizmi…


III fəsil

Yenə sevgi

***

Sevgi bu dəfə başqa ləçək bağlamışdı. Bu dəfə başqa qoxudaydı, başqa rəngdəydi… Amma bu dəfə o, hesabdan kənarda qalmamışdı. Əksinə, indi dünyada nə var-nə yox, hamısından haqq-hesab istəyirdi. Bu sevgi üçün ölüm də bir udum nəfəs qədər adi idi. Əlbəttə, belə də olmalıdır! Axı sevgi – bütün dünyanın əzbər bildiyi, lakin oxuyub-oxumamaqda hər kəsin özü qərar verdiyi yeganə nəğmədir…
Ayşəbəyim bu nəğmənin varlığından kənddə xəbər tutmuşdu. Xalası onu evinə qonaq çağırmışdı. Uzaq qohumların toyu ərəfəsində bu qonaqlıq lap yerinə düşmüşdü. Qız ilk dəfə kənd toyu görəcəkdi. Üstünə qırmızı lentlər bağlanmış çadır, içəridə yerə basdırılmış ağac dirəklər, əlində bəzəkli çubuq tutmuş tamada, qız toyunda o ki var ağlayıb, bir gün sonra oğlan toyunda gəlinin başından şirni tökən qohumlar… Ayşəbəyim yaxşı bir nağılçı olub bütün bunları nağıl etmək istəyərdi. Bu, sehrli aləmə düşən bir şahzadənin başına gəlmiş ən gözəl macəra idi. Təbii ki, xalasının təzəcə əsgərlikdən gələn baldızı oğlu da bu nağılda yavaş-yavaş öz yerini tuturdu; qızdan oğrunca asılan bərraq baxışlar, üz-üzə gəlincə titrəyən səs, qızaran yanaqlar, sözlərdən qabaq nəyisə anlatmağa çalışan əllər təkcə ağ atın yoxluğuna heyfsilənirdi. Sanki Allah Ayşəbəyimə xoşbəxtlik üçün xeyir-duasını verirdi.
O gündən Ayşəbəyimin ürəyində bir sızıltı vardı. Amma bu sızıltı əzab sızıltısı deyildi. Bu, ona tanış olmayan bir incə ağrı idi. Qıza elə gəlirdi ki, bu ağrı kənddə gördüyü oğlanın baxışından, gülüşündən qoparaq onun damarlarına hopub. Günün hansı saatında gözləri önünə o oğlanın baxışları gəlsə, qızın əlləri titrəyər, gözləri buludlanar, dizləri yeriməkçün olan son taqətini toplayırdı. Hərdən ona elə gəlirdi ki, belə anlarda ürəyinin döyüntüsünü bütün dünya eşidə bilir…
Zaman sevgi həyəcanlarıyla ayaqlaşmır. Ona görə də iki il sevən bir gənc qızın ömründən başını aşağı salıb dinməz-söyləməz keçməyə cəsarət edə bildi. Ayşəbəyim isə o oğlanı axtarmaq, heç olmasa, adını öyrənmək cəsarətini özündə tapmadı. Sadəcə, hər axşam, yatağına uzanarkən süd rəngdə boyanmış tavana baxaraq o oğlanı xəyal etdi; gah evləndilər, gah küsdülər, gah hərəsi bir kompüter alıb böyük yazıçı oldular, gah da sakitcə ayrıldılar… Ayşəbəyimə elə gəlirdi ki, bu xəyallar onun həyatdan da gizlətdiyi ən böyük sirridir. Bu sirr ilə yaşamaq ona çox xoş idi. Ürəyindəki sızıltı onu xoşbəxt edirdi. Həyat fərqli olmağı bacara bilmişdi.
Ayşəbəyim ali təhsili bitirib diplom aldığı gün anası da ona mobil telefon hədiyyə etdi. Qız iki sevinci birgə yaşayırdı. Həm diplomunu, həm də mobil telefonunu göstərməyə, sevincini bölməyə adam axtarırmış kimi bütün qohumları gözləri önündən keçirmişdi. Nədənsə bu sevincli anlarında kənddə-xalasıgildə olmaq istəmişdi. Günortadan sonra Yevlaxdan çıxan günün sonuncu avtobus reysinə çatmaq üçün ana ilə qız əllərinə keçən paltarı geyinib evdən çıxmışdılar. Avtobusda başlarını qaldırıb heç kimə baxmasalar da, kənd dayanacağında onlardan öncə düşən oğlan Ayşəbəyimin gözündən yayınmamışdı. Bu, o idi! Baxışlarıyla, gülüşüylə qıza bir ömürlük incə ağrı hədiyyə edən oğlan!
Oğlan da onları tanımışdı, avtobusun yanındaca salamlaşdılar:
– Salam, xala.
– Salam, qadan alım! – Anası özləriylə götürdükləri yükü aparmaq üçün adam tapdığına sevinmişdi.
– Gəlin kömək edim. Mən də dayımgilə gedirəm. Təsadüfə bax.
– Yaxşı, qadan alım, bir yerdə gedək. Olaq iki qonaq.
– Üç qonaq! – Oğlan bunu deyib başıyla Ayşəbəyimə işarə etdi. Hər üçü güldülər.
Yol boyu oğlanın qıza ünvanlandığı bütün suallara ana həvəslə cavab verirdi. Onun təzəcə diplom aldığını, üstəlik mobil telefonu yaxşı işlədə bilməməyini, xalasıgillə sevincini bölməyə tələsdiyini, hətta gətirdikləri yükün içində dadlı şirniyyatlar olduğunu da ana oğlana danışmaqdan çəkinmədi. Nəhayət, oğlan nəfəsini dərməyə dayandığında özünü təqdim elədi:
– Adım Qalibdi. Dayım da, dayıdostum da həmişə sizdən danışırlar. Onların qızları oxumadı deyə, Ayşəbəyim xalasının fəxr yeridir.
Qız bütün yolu özünü üçüncü şəxs kimi görməkdən də utanırdı. Oğlanın dilindən öz adını eşidəndə isə… Ona elə gəldi ki, bu gündən sonra bir daha güzgüyə baxmağa da cəsarəti çatmayacaq. Qalibin onun adını çəkməsi qızda elə duyğular oyatmışdı ki, sanki indicə yanaqlarından bir çəngə od çıxacaq, hamını, hər şeyi –bu kəndi, Qalibi, anasını, yolun kənarında otlayan inəkləri yandıracaq. Bütün bunlar bir yana qalsın, oğlan bu odun niyə çırtaçırtla yandığını biləcək. Ondan sonra iki il boyunca süd rəngli tavana “yazılmış” xəyalların hamısını oxuyacaq. Və… Və nəticədə Ayşəbəyim ölsə, bundan daha yaxşı olacaq!
Xalasıgilə çatan kimi anası çantadan diplomu çıxarıb sevincək özünü bacısının üstünə atdı. Ayşəbəyim isə xalası qızının bükülmüş dirsəyinə dırnaqlarını batıraraq özünü içəri otağa təpdi. Axşam olub, onun şərəfinə düzənlənən qonaqlıq bitənə kimi eşiyə çıxmadı. Pəncərənin o üzündən şəninə deyilən tərifləri də, diplomununun necə əzizlənməsini də eşitdikcə xəyalında Qalibin gülüşünü, sirli baxışlarını canlandırdı. Hətta xalası qızının arada ona baxıb hiyləgərcəsinə gülümsəməsini və eyhamla danışmasını da anlamamazlıqdan gəldi. Xalası qızı demişdi:
– Qalib bizə gələndə ən çoxu yarım saatdan sonra babamgilə qaçırdı. Bu gün nədənsə hələ getmək fikrinə düşməyib.
Nəhayət, axşam, göylərin öz sevgisini yerə izhar etmək üçün yerə göndərdiyi günəş şüaları qərbdəki Bozdağ silsiləsinin təpəsində yumurtalı təndir çörəyi kimi qızaranda Ayşəbəyim asta addımlarla eyvana çıxdı. Stol başından durmaq istəməyən ailə üzvləri və qonaqlar hamısı maraqla eyvanın o başında dayanmış qıza baxırdılar. Ayşəbəyim özünü cadugərin tilsimiylə nağıllardan qopub insanlar arasına düşən sehrli şahzadə kimi hiss edirdi. Ona görə də utanmış yanaqlarını qəribə, anlaşılmaz baxışlardan qoparıb yenə otağa təpildi. O, bu gün burda ən doğma qonaq olacağı ümidindən əl çəkmişdi. Açıq-aydın görünürdü ki, ailə üzvlərini ondan çox Qalib maraqlandırır. Bu marağın səbəbini yalnız axşam -Qalib babasıgilə gedəndən sonra bildi. Xalası qızı hiyləgər təbəssümünü gizlətmədən sevincdən işıldayan bəbəklərini onun gözlərinə zilləmişdi. Demişdi ki:
– Bilirsən, Qalibin səndən xoşu gəlib. Mən də yalandan dedim ki, Ayşəbəyimin də səndən xoşu gəlir…
İstədi xalası qızına acığı tutsun, alınmadı… İstədi ona yalan dediyini sübut etsin, mümkünsüzdü… İstədi bu kənddən də, burdakılardan da küsüb birdəfəlik çıxıb getsin, cürəti çatmadı… Başını aşağı salıb ürəyindəki sevgisinə sığındı. Beynində dolanan bütün qarma-qarışıq fikirləri kiçicik bir cümləyə qurban verdi: “Nə olacaqsa-olsun, qismətdir”. Bu qismətin onu nələrə aparacağından xəbərsizcə başını yastığa əmanət etdi, yuxudan öncə duasını da əsirgəmədi:
– Allahım, nə xeyirlidirsə, mənə onu ver…
O gecə yuxusu da Ayşəbəyimin ürəyinin içindən çıxmışdı. Qız yuxuda görürdü ki, Qaliblə üz-üzə nar ağacının altında dayanıblar. Bir-birlərinə baxmağa utanırlar, amma baxışlar gün işığı kimi arada parıldamaqdan çəkinmir. Onlar iki qərib qürbətdə tapışan kimi sevincliydilər. Həyatın bundan sonrası onlara güvən dolu görünürdü. Qalibin əlləri nar ağacının çatraq budaqları arasından bir ulduz qoparıb qızın saçlarına taxdı və ikisi də gülüşlərinin cingiltisini bir-birinə hədiyyə edə bildilər…

Özüm…

Bizim izahını bilmədiyimiz yuxular ömrümüz boyu axtardığımız həqiqətdən xəbər gətirən carçılardır. Sadəcə, nə biz anlamırıq, nə də anladanlara qulaq asmırıq. Kor-koranə həqiqəti axtarırıq. Dünyanın altını-üstünü bilirmişik kimi hiss etdiyimiz zamanlar da olur, adımızın belə yanlış qoyulduğunu düşündüyümüz anlar da. Üçüncü bir ruh halında isə bu ikisinin hansının yaşamımızda və varlığımızda üstünlük təşkil etdiyini götür-qoy edirik. Nəticə həmişə eyni olur; D=0. Bu sıfırı biz yaradırıq. Bəli, biz! Sən! Mən! Çünki bizə əta edilən 1-i görmürük, görməyə çalışmırıq da. Əgər insan ömründə ona verilən 1-in fərqinə varsa, daha uzaq-uzaq, anlaşılmaz xəyallarda deyil, ovcunun içində, pəncərəsinin o üzündə, oxuduğu kitabın növbəti səhifəsində həqiqətə doğru daha bir addım yerini görəcək. İnamla ayağını həqiqətə doğru gedən pilləkanın növbəti pilləsinə qoyacaq. Və sonunda anlayacaqdır Yaradandan böyük həqiqət olmadığını. Onun öz həqiqətindən yaratdıqlarına necə səxavətlə pay ayırdığını da dərk edəcəkdir. Sonunda həqiqətlə həmişə çiyin-çiyinə yaşadığını biləcəkdir. Axı yaradıcılıq insanı insandan üstün edən ilahi seçimdir.
Yuxular həqiqətdən bəhs edən kitabı oxumağı bacarmaq üçün bizə göndərilən ilk hərflərdir. Bəs biz bu hərfləri bir-bir öyrənib, həqiqətin əlifbasını əzbərləyə bilirikmi? Əlbəttə ki, yox! Yoxsa, dünya yarandığı gündən üzübəri hər gün özümüzə bu sualı niyə ünvanlayardıq ki?! “OLUM YA ÖLÜM?”

***

Toy gecikmədi. Ayşəbəyim üçün toya hazırlaşdığı günlər əsl itmiş krallıq ehtişamıydı. Sevdasının arxasına düşüb ayaq qoyduğu cığırın o biri başında gözləyən xoşbəxtliyi təsəvvüründə canlandıra bilirdi. Saçlarında ağ lentlər olan kiçik qızcığaz, göy rəngli idman papağını başına tərsinə qoymuş oğlan və balıq tutmaq üçün tilovunu nizamlayan Qalib xoşbəxtlik nağılının qəhrəmanları idi. Ayşəbəyim sevinirdi…
Anası da sevinirdi. Bu hissin ölçüsüzlüyünü qadın bütün həyatı boyu yalnız bu gün anlamışdı. Onun üçün ötən günlərin özüylə apardığı gülüşlər, titrək həyəcanlar, kürəyini söykəyib köksünü ötürə bildiyi güvən bu gün birdən-birə geri qayıtmışdı. Tanrı bu qadının gözlərindəki sevinci görüb özü də sevinmişdi, bəlkə də.
Uşaqlığından bu yana görmədiyi, tanımadığı bütün qohumlar Ayşəbəyimlə Qalibin toyuna yığışmışdılar. Ağ gəlinliyi geyindiyi gün qız bir daha anlamışdı ki, yaxşı adamlar adamın dar gününə gələr. Şən gündə kimi istəsən, qapında, yan-yörəndə görə bilərmişsən. Ona görə də bibilərinin, əmilərinin, atasının əmiuşaqlarının yaxşı adam olduğuna özünü inandırmağa cəhd də eləmədi. Axı Ayşəbəyim doğmalıq ölçüsündə yalnız iki ad tanıyaraq böyümüşdü: ana və nənə. Çox istərdi ki, bu gün nənəsi də burda olaydı. Onun öz sevdalısıyla muradına yetdiyi günləri görə biləydi… Onunla birgə sevincini necə gizlədəciyini düşünəydi… Axı toyda gəlin çox gülməz.
Anası yeganə övladından ayrılıb tək yaşamaq istəmədiyindən valideynlərinin razılığı ilə toydan sonra Qalib onlarla birgə yaşayacaqdı. Bu da Ayşəbəyim üçün sevincə daha bir səbəb idi. Çünki toy həyəcanları başlayan gündən ürəyində anasını tək qoyacağı nigarançılığı da vardı. Bu nigarançılığın qucağında əlini atıb cehiz adına aldığı hər qabın, hər dəsmalın yanında iki gilə göz yaşı yığırdı karton qutulara. Amma anasından ayrılmamaq qərarı verilincə yığdığı bütün cehizləri qutulardan çıxarmış, öz evlərini bəzəməyə bir qucaq fərəhlə girişmişdi.
Toy gözəl keçmişdi… Yevlax rayonunun hər inzibati idarəsindən, məktəblərdən, böyük mağazalardan, hətta televiziya şirkətindən də toya qonaqlar gəlmişdi. Hər biri çıxışında Ayşəbəyim kimi ağıllı, ismətli və gözəl bir qızın qohumu olduğu üçün qürur duyduğunu demişdi. Onda qız yenə nəyisə anlamağa çalışmışdı. Nəhayət, özü üçün bir də bunu kəşf etmişdi ki, sən demə, anasının onun balaca əllərindən tutub özüylə işə apardığı zamanlarda, nənəsinin onun oxuması üçün təqaüdünü qəpiyinəcən yığıb saxladığı günlərdə Yevlax şəhərinin ən mötəbər, sayılıb-seçilən adamları Ayşəbəyimin qohumu olduğunu unudublarmış. Ancaq onu bilmədi ki, bu qohumluğu məhz toy günündə bu qədər adam birdən-birə necə xatırlaya biliblər…
Bütün olub-bitənlərin başı üstündə bir ovuc narıncı işıq seli bulud kimi topalanıb elədən-elə, belədən-belə elə sayrışırdı; Ayşəbəyim xoşbəxt idi!

***

Xoşbəxtliyin yarımçıqlığını anlamaq insan üçün çox asan olur həmişə. O qədər asan olur ki, barmaqlarını üst-üstə büküb gözlərini o büküyə zilləmək bəs edir. Özünü hər nə qədər xoşbəxt saysan da, bədbəxtliyin burnunun ucundaca bardaş qurub oturduğunu görə bilirsən. Onun niyə gəldiyindən çox, necə gəldiyi düşünmək üçün səbəb ola bilir. Və gələn bədbəxtliyin düz ovcundaca anlatdığın-anlatmadığın hüznlər mövcuddur.
Ayşəbəyim də bu vəziyyətdəydi. Toydan keçən yeddi ay ərzində hər həftə qulağına bu sözlər çatırdı:
– Gəlinin bir şeyi varmı?
– Qızın bir şeyi varmı?
– Yeni bir şey varmı?
– Bir şey-mir şeydən xəbər varmı?
Bu “bir şey ” kəlməsini eşidən kimi onun kədərlərə örtük olmuş baxışları ayaqlarının ucuna dikilər, ordan üzüyuxarı sürünə-sürünə dırmaşar, göbəyinə çatmamış dayanar, susar, susa-susa bağırar, hayqırar, gah naləyə, gah şikayətə, gah da duaya dönərdi. Sonuncu dördcə kəlmə olardı:
– Allahım, mənə bala ver.
Artıq bu “bir şey” kəlməsi Qalibin iş yerini, uzaq qohumların telefon zənglərini də zəbt etmişdi. Qalibin onun baxışlarının ağladığı yerə aradabir çarəsizliklə yönələn gözlərindəki dumanı görmək Ayşəbəyim üçün daha ağır idi. Sevginin böyüklüyünə, əvəzolunmazlığına hər nə qədər inansa da, yaşadığı cəmiyyətin yazılmayan qanunlarından xəbərsiz də deyildi. Bu qanunlara özlərindən daha çox inanan, güvənən, özlərinə xeyir edəndə aliləşdirib əməl edən, xeyir etməyəndə yaxasını qırağa çəkən insanlardan “bir şey”siz xoşbəxtliyi rəva görmələrini ummaq düzgün deyildi. Bu, Ayşəbəyimin məhkum olunduğu cəmiyyətdə heç də ədalət sayılmırdı.

Özüm…

“Bir az vaxtım var…” Belə başlamışdı dəftərçə, amma bitməmişdi. Cümlə-cümlə, söz-söz axtardığım müəllifi tapmışdım, lakin olmuşların indiki zamanını soruşmağa cəsarətim çatmırdı. Bunu yazan çoxbilmişin biriydi axı, bilirdim. Tanıyırdım… Günahkarların ən günahkarı, məsumluğun şeytani rəmzi idi bunu yazan. Dünyaya gəlişində belə özünü suçlu sayanın bəhanəsi ölümü sevmək olsa da, ölüm hələ onun vüsalına can atmırdı. Bəlkə də, bu çoxbilmişin ölümdən kirayələdiyi ömür müddəti vardı? Kim bilir… Bəlkə, o, bu kirayəni elə bu andaca Ayşəbəyimə kömək etməklə ödəməyə söz vermişdi? Bunu düşündüm… Və telefonu əlimə alıb Ayşəbəyimin nömrəsini yığdım.

***

Ayşəbəyim Gəncəyə gələndə üzü bahara gedən bir zaman kəsiyinin yarıgünəşli günüydü. Nahardan öncəydi. Vədələşdiyimiz kimi Mərkəzi Univermaq Mağazasının qarşısında görüşdük. Onun üzündəki üzgünlüyün kölgəsindən qorxa-qorxa boylanan ümid də mənə tanış idi. Mən o köhnə tanışı illərin o üzündə tərk edib ardıma baxmadan üzü gələcəyə qan-tər içində elə qaçmışdım ki, bir daha onunla rastlaşmağım haqqında düşünməmişdim də. Lakin indi, “uşaq” deyilən möcüzəni gözləyib-gözləməməyə qərar verə bilməyən Ayşəbəyimin özüylə gətirdiyi həmin qorxaq ümid qarşımdaydı. Əvvəllər üzülürdüm bu qorxaqlığa, indi isə hirslənirdim. Az qalırdım tutam o ümidin yaxasından, çəkəm kədərin arxasından bəri, deyəm ki… Deyəm ki…
Yalnız indi anlayıram, mənim o ümidlə danışmağa, ona nəsə deməyə üzüm də qalmayıb. Başımı aşağı salıb Ayşəbəyimin əlindən tuturam. Şəhərarası avtobusun həzin-həzin bizə yaxınlaşdığına baxıram. Məni üstələməyə çalışan kövrəkliyimi dişlərimin arasında əzirmişəm kimi çənə sümüyümü əlimlə sıxıram. Və həkimə deyəcəyim sözləri beynimdə səliqə-səhmana salıram.

Özüm…

Həkimimi çox istəyirdim. Ona inanırdım.
Biz institutda oxuyanda fəlsəfə dərsində bütün terminlərin adları yalnız və yalnız qərb alimlərinin adları ilə bağlı olurdu. Bir gün dözməyib qrup yoldaşım Sevdaya dedim:
– Necə olur ki, fəlsəfə bir elm kimi şərqdə yaranır, bu gün qərbdən qaynaqlanaraq öyrədilir?
Həkimə inam fəlsəfəsi sırf şərq təfəkkürünün yaratdığıdır. Bunun içinə qərb nə qədər ədva qatır-qatsın, mən onu bir şərqli kimi doğma mətbəxdə dodaqlarımı yalaya-yalaya qaşıqlayıram.
Mən o gecə-balamın məni “mələk” etmədiyi, ölüm başım üstündə dayanıb ətriylə məni bihuş etməyə israrlı olduğunu bütün əzalarımla mənə bildirdiyi gecə inanmışdım ki, həkimim məni sabaha sağ çıxaracaq. Əməliyyat stolundan palataya gedənəcən həkimə qırıq-qırıq sözlərlə, sadəcə, ona inandığımı və Tanrının məni hələ öldürmək istəmədiyini demişdim. Səhər açılanda onun palatanın qapısına söykənib mənə baxaraq ağladığını gördüm. Baxışlarımız toqquşunca əllərini göyə qaldırmışdı: “Şükür, İlahi!” Sonradan bildim ki, mənim kimi qanına zəhərlənmə keçmiş bir insanın sağ qalması da möcüzə imiş. Tanrıdan və məndən başqa kimsə bilmədi ki, o gecə mən Tanrıya və həkimə olan inamımdan yapışıb ölümə qalib gəlmişdim.

***
Bir qadının mələk ola biləcəyinin aksiomudur ana olmaq… Mən bu mələkliyi sevirdim… Şükranlıqla sevirdim… Sevirdim!
Və düşünürdüm ki, Ayşəbəyimin düşündüyü kimi “hərdən səhv edən” Tanrı insanları sevərək yaradanda heç vaxt səhv etmir. Məhz buna görə biz insanlar sevginin səhv olmadığını Tanrıdan öyrənməliyik. Əslində Tanrıdan öyrənəcəyimiz bütün həyatımızdır. Bəlkə də, elə biz bu öyrənmək missiyası üçün doğulmuşuq?! Bəlkə, bu səbəbdəndir, nəyisə bildiyimizi sananda tez-tələsik Tanrının özünün axtarışına çıxmağımız. Onun yaratdıqlarının bir ovucunu görməyə bəsirət gözü istəmək əvəzinə, onu yaratdıqlarının hər birində görə bilmək əvəzinə, biz dərk etmədiyimiz həqiqətin axtarışına çıxırıq. Bu isə insanlığın diləgəlməz faciəsidir.
Məncə, Tanrıdan sevgini öyrənmək də çətin deyil. Onun bizə göndərdiyi möcüzələr bəs edir ki, sevək… Sevə bilək… Bütün ruhumuzla və bütün ömrümüz boyu sevməyi bacaraq. Mən möcüzə deyəndə suyun günəşin yanına qalxıb rəqs etməsini, yaxud da ayın adam dilində danışıb rok oxumasını nəzərdə tutmuram. Mən möcüzəni gördüyüm kimi təsvir edərək fikrimi anlatsam, daha yaxşı olar.
Bir dəfə səhər tezdən işə gedirdim. Hava alaqaranlıq olduğundan anam məni ötürürdü. İşə çatmağıma bir neçə küçə qalanda təsadüfən dilimdən çıxan sözlərə sonra özüm peşman oldum:
– Heç olmasa, bircə manat pulum olsaydı, bir neçə gün axşamlar avtobus pulu verərdim. Axşam çox yoruluram, piyada gələmmirəm.
Dediklərim anamın üzündəki qırışları alnına toplamışdı. Gözlərini uçurumun dibinə itələmişdi. Dizlərindən ömürdən böyük yük asmışdı. Əllərini mənim paltomun qolundan çəkib çənəsinə dayamışdı… İçimdəki peşmanlıq anamın bu kədərinin bir damcısına da dəyməzdi. Özüm-özümü danlamağa cəsarətim çatmırdı. Başımı aşağı sallayıb addımlarımı yeyinlətmişdim. Anam mənə çatmaq üçün var-gücünü toplamışdı, bəlkə də. İş yerimə çataçatda ikimiz də dayandıq. Məni dayandıran yolun kənarında bükülü halda duran bir manat pul idi. Başımı qaldırıb anamın üzünə baxınca onun da eyni səbəbdən ayaq saxladığını anladım. Bir manat əsl möcüzə idi… Möcüzə bu idi!

Şairə Adilə NƏZƏR.”Göydə dolan ağ buludu”

***
Göydə dolan ağ buludu
Qəlbimə yağdırammıram.
Fikirlər baş alıb gedir,
Şeirə sığdırammıram.

Gah işığın salır fələk,
Gah da itini hürdürür.
Kimi gəzir yavan çörək,
Kimi yağlı keyf sürür.

Qələm susub, varaq düşüb,
Düzməyə söz də gəzmirəm.
İlham pərim qaçaq düşüb, –
Bu gecə şeir yazmıram.

Saqif QARATORPAQ.”Mən işığı öz dibinə”

Mən işığı öz dibinə
Düşməyən çırağam,adam.
Gedib ünvana çatmayan
bir gizli sorağam,adam.

Nəyim varsa,yaxşı,yaman…
elə sən görənəm-həmən.
Üstünə göz yaşı daman
Saralmış varağam,adam.

Yuxu deyiləm,yozulam;
çətin ömrünə yazılam.
Bərəsi,bəndi pozulan
Xəzan vurmuş bağam,adam.

Bir eşqə ocaqdı sinəm,
günəşi batmayan günəm.
Öz içində gümüldənən
kimsəsiz bulağam,adam.

Bilməzsən nədir etdiyin,
yol deyil hələ getdiyin.
Hər gün yanından ötdüyün
bir tənha qovağam,adam.

Saqif QARATORPAQ.”Gecəni bir yuxuluq saxlamışam yolundan…”

Gecəni bir yuxuluq
Saxlamışam yolundan…

Bir pəncərə sevinc

Bir vaxt çox sevinərdim
Dərsdən aldığım beşə.
Çox heyif ki,o beşlər
Indi yaramır işə…

Demə qəribə imiş
Həyatın imtahanı.
Tanrı tərsinə asıb
Başım üstdən zamanı.

Üşüyür son baharda
Yanına qaçdığım gül.
Bir xırmanlıq zəmidən
Nişanə-bircə sünbül.

Sevinc bir pəncərəlik,
Kədər bir ev boydadır.
Tərəzi çoxdan sınıb,
Hamı götür-qoydadır.

Çıxara çıxıb çoxu,
Baha bilib ayranı.
Köhnə maskanın üstdən
Taxıb təzə maskanı.

Tutub sərxoş şəhərin
Yana düşən qolundan.
Gecəni bir yuxuluq
Saxlamışam yolundan.

Nə vaxtdı,yol gəzirəm
Bu yoxluqdan çıxmağa.
Dilə tutub kölgəmi
Gedirik darıxmağa.

Ay Bəniz ƏLİYAR.”Düşdü”

Qəribsəyib darıxmağım,
Bu gün lap yerinə düşdü.
Beynim bir fikirdən qaçdı,
Eh….
…… başqa birinə düşdü.

Hər gün bir cür ümid verdi,
Yandım, Allah, bu nə idi?
Dərdimin açar-kilidi,
Dərindən dərinə düşdü.

Yenə vayqanlıdır adım,
Sevindirdik dostu, yadı.
Görüşümüz alınmadı,
Axşamın şərinə düşdü.

Ey diri-qafil, qalx, oyan!
Varmıdır sevdadan doyan?
Mənim sevgimə uymayan,
Gör kimin toruna düşdü.

Ay Bəniz ƏLİYAR.”Oğurluq”


#şeiroxuyaq

Yenə gəldim oğurluğa,
Ömürdən gün oğurladım.
Yenə darıxdım səninçün,
Oğruluğu doğruladım.

Gün adi gün deyildi ki,
Bir ömürə tən günüydü.
İki eşq dolu ürəyin
Həsrəti bitən günüydü.

Ömürdən gün oğurladım,
Günaha batdım, nə gözəl.
Pozdum alnımın yazısın,
Arzuma çatdım, nə gözəl.

Məni gözəl hisslərinə
Əsir etdiyinçün sağ ol!
Mənə hər dəfə bir başqa
Təsir etdiyinçün sağ ol!

Xatirə FƏRƏCLİ.”Bahar gəlir”

Təbiət
qonaq gözləyən
ev sahibi kimi tədarükdə,
var – gəldədir
ağacların qarasını
çırpıb tökən külək də,
qar yükünü atmış göy üzü
bəyaz tül,
buludlar
ağlayıb ürəyini boşaldan adam kimi
yüpyüngül,
oturub
elçi daşı üstündə günəş
açılıb eyni,
gözləri yanır bulaqların
eşqə düşən gənc kimi,
qucağı dolu dərələr
qayaların təbəssümünə
əzilib-büzülməkdə,
ağaclar düyün – düyün,
qoca ağacların
quruyan budaqları
yaşlanan gözəlin
üzündəki qırış kimi sezilməkdə,
qış uzunu
lüt budaqları
dayanacaq yeri seçən
sərçələr
sevincək.
… demək,
bahar gəlir,
bahar gəlir demək…

Şair-publisist Hikmət MƏLİKZADƏ.”Torpaq ölüm yeşiyidi”

This image has an empty alt attribute; its file name is 10291071_455253494660228_1338165152726257845_n-300x300.jpg
Azərbaycan Yazıçılar Birliyinin üzvüAzərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü,

***

Torpaq ölüm yeşiyidi, –
Qəmin evi-eşiyidi…
Ürək sevgi beşiyidi,
Eh, ayrılıq dəmi çoxdu.

Tora düşdü kim, anında, –
Bada verdi imanın da.
O sevdanın limanında
Lövbər salmış gəmi çoxdu.

Oda salıb səni yar ki…
Görüşəcək üzü var ki?
Bulud, sən də yağ, qurtar ki,
Biçiləsi zəmi çoxdu.

Şeytan baxır, yeri cızda,
Nə qalıb ki, aramızda?
Qəfil eşqə düşən qız da
Hələ bilmir, qəmi çoxdu…

Şair-publisist Hikmət MƏLİKZADƏ.”Məni lal elədi o dəli gözlər”

This image has an empty alt attribute; its file name is 10291071_455253494660228_1338165152726257845_n-300x300.jpg
Azərbaycan Yazıçılar Birliyinin üzvüAzərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü,

***

Məni lal elədi o dəli gözlər,
Eşqin odu qədər külü də varmış.
Halım düzəlmir ki, səcdəyə durum,
…Ruhumun səadət gülü də varmış…

İslanıb içimin sevda yolları,
Beşik qorxusu yox canımda, şükür.
Ağ pərdə kimisən bu gün, əzizim,
Narahat deyilsən yanımda, şükür.

Haçan cücərəcək qorxaq hislərim?
İstə, bulud olum, limanın artsın.
Könül xoşluğu var bu gecə məndə,
Məst ol, bu əzabdan imanın artsın.

Əsir düşməyimə az qalıb bəlkə,
Tanrı ərk eləsə, tövbəm çatacaq.
Muradım, sadəcə, sevməkdi, neynim,
Haçansa mənim də növbəm çatacaq.

2011-ci il

Əziz MUSA.”Karona”

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Bu karona çaşdırıbdı tay bizi,
Qarşısında boynun büküb yer üzü,
Daha bezdik eşitməkdən bu sözü;
Gecə-gündüz hamı deyir,evdə qal,
Maska ilə gəzib, dolalan, nəfəs al.

Gücü çatmır tay duanın, dərmanın,
Vallah hamı çox istəyir öz canın,
Sözü keçmir nə sultanın, nə xanın,
Gecə-gündüz hamı deyir, evdə qal,
Doyunca ye, çəkərbura, püstə, bal.

Bu virusun yoxdu dərman , davası,
Zəhərlənib yerin göyün havası,
Səngiməyir olum, ölüm davası,
Gecə-gündüz hamı deyir, evdə qal,
Yorulmuşuq, qalmayıbdı bizdə hal.

Hər kəs indi bizə verir məsləhət,
Qorxudadı bütün ölkə, məmləkət,
Gündə neçə qərar verir hökumət,
Gecə-gündüz hamı deyir, evdə qal,
Bütün bunlar boş sözlərdi, boş xəyal,

Toylar yasaq, ölənin yox urvatı,
Yaşa görüm bu əzablı həyatı,
Pozulubdu sevənlərin ovqatı,
Gecə-gündüz hamı deyir, evdə qal,
Hicran gülür, ümid sönüb, yox vüsal.,

Əziz MUSA.”Hardasan?!”

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Sən mənim tanrıdan ən şirin payım,
Sənə can deyirəm, söylə hardasan?
Sən mənim günəşim, sən mənim ayım,
Mən səni öyürəm, söylə hardasan?

Ay gözəl, hüsnündən ilham alıram,
Sənin xəyalınla fikrə dalıram,
Səni görməyəndə çaşıb qalıram,
Gözümü döyürəm, söylə hardasan?

Neyləyim gözəlsən, nazlısan sən də,
Dayana bilmirəm uzaqda gendə,
Mən səni kədərli, qəmli görəndə,
Boynumu əyirəm, söylə hardasan?

Səninlə açılıb yazım, baharım,
Olmusan əzəldən dövlətim, varım,
Sənsiz aşıb, daşır səbri-qərarım,
Səbrimi yeyirəm , söylə hardasan?

Vallah çox gözəlsən, gövhərim, ləlim,
Qönçə çiçəyimsən , ətirli gülüm,
Ayrılıq aranı alanda, gülüm,
Bəxtimi söyürəm, söylə hardasan?

İsmayıl İMANZADƏ.”Pozulur”

Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri

Başda hökm eləyir qarın,
Hüdudu görünmür varın.
Şər dinəndə yaxşıların –
Cərgəsi – səfi pozulur.

Zülmət minbər, dərd azançı,
Yalğquzağa dönür sancı.
Kiminin artır qazancı –
Kiminin nəfi pozulur.

Göylər solğun çöhrə kimi,
Ömür  yağsız cəhrə kimi…
Yer çalxanır nəhrə kimi –
Dünyanın kefi pozulur.

25.03.2020 

İsmayıl İMANZADƏ.”Gedirsən”

Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri

De, nəyə gərəkmiş axı, bu sitəm
İsitməz ürəyi nə kədər, nə qəm.
Niyə üzün döndü, deyə bilmirəm-
Sel kimi kükrəyib-daşıb gedirsən.

Dönük bir sevginin beləysə ilki,
Zülmətdə qərq olar sonu da, bil ki…
Ürəyim üzünə bağlı deyil ki-
Sən niyə gözümdən düşüb gedirsən?..

İsmayıl İMANZADƏ.”Bəsimdir”

Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri

Get yaxşı yol, bir də sevsən hər kimi,
Qoy, sevincin şəfəq saçsın zər kimi.
Təkcə mənim ilk sevgimi sirr kimi-
Ömrün boyu saxlasan da bəsimdir.

Həsrətindən dodaqlarım çatlayıb,
Sızlayıram dizlərimi qatlayıb.
Xəyalında səddi keçib, adlayıb-
Hərdən məni yoxlasan da bəsimdir.

Sənsiz demə bir yanıqlı dilmişəm,
Tənhalıq da göz yaşıymış-bilmişəm.
Eşitsən ki, həsrətindən ölmüşəm-
Bircə ağız ağlasan da bəsimdir…

İsmayıl İMANZADƏ.”Qız”

Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri

Gözlərimdən damla-damla töküldü,
Kölgə kimi harayasa çəkildi.
Rəngi solmuş xatirədi, şəkildi-
Həsrətimdə göyərən qız, bitən qız.

Ocaq idim, isinmədi közümə,
Ha səslədim, bənd olmadı sözümə.
Xəyalımda gülümsəyib üzümə-
Gözlərimin qabağından ötən qız…

Mən bir yorğun yolçu idim, sən çapar
Çıxıb getdin… saşlarıma yağdı qar.
Ürəyimdə közün qalıb gəl apar-
Ay illərin zülmətində itən qız.

İsmayıl İMANZADƏ.”Şəlalə”

Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri

Dərələrə sığışmayır harayı,
Tunc sinəli sərt qayalar “sarayı”.
Gah günəşi sehrləyir, gah ayı-
Bu gözəli saçlarından kim asıb?

Dağ döşündə düşüb qalan aynadır,
Sal daşları elə bil ki, qaynadır.
Ovcundakı damlaları oynadır-
Bu gözəli saçlarından kim asıb?

O, dağlarda bir gözəllik allahı,
Qəlb sızladan nə dərdi var, nə ahı.
Bilən varmı axı, nədir günahı-
Bu gözəli saçlarından kim asıb?

Şırıltısı havalanan xoş səsi,
Möcüzədir bu ilahi töhfəsi.
Qorxudanmı avazıyıb çöhrəsi-
Bu gözəli saçlarından kim asıb?

Nə nərgizə, nə laləyə dönübdü,
Kim deyir ki, piyaləyə dönübdü?
Sızlayanda şəlaləyə dönübdü-
Bu gözəli saçlarından kim asıb?..

İsmayıl İMANZADƏ.”Söz”

Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri

Cavabsızdı “nə üçün”lər, “nədi”lər,
Haqqımızı çeynədilər, yedilər.
Üz qaraldar əzəl-axır dedilər-
Bic doğulan yalan kəlmə, yalan söz.

İsidəcək canımızı təzədən,
Kəsdirəcək yanımızı təzədən,
Duruldacaq qanımızı təzədən-
Bulud kimi kövrələn söz, dolan söz.

Nizamidən, Füzulidən söz açdı,
Xətainin qılıncında iz açdı.
Məmməd Araz hikmətində göz açdı-
Zaman-zaman qiymətini alan söz.

Zərifliyi bir bənövşə həyası,
Selə dönsə sal daşları oyası.
Sönən deyil közərtisi, ziyası-
Yaşayacaq bizdən sonra qalan söz.

İsmayıl İMANZADƏ.”Nar çiçəyisən”

Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri

(Şairə Gülnarə Acalovaya)

Ömrümüz elə hey cəngdə-savaşda,
Bir kəlmə xoş sözlə isinər daş da.
Görəndə, sandım ki, şaxtalı qışda,
Yazdan soraq verən qar çiçəyisən.

Nə dərd azalandı, nə ömrün yükü,
Bu fani dünyada   xoşbəxt ol təki…
Bilmirəm, bəlkə də bir ürəkdəki
Sevgiyə sığınan “yar çiçəyi”sən?

“Rənginə” bələdsən qaranın-ağın,
Qəlbində dil açır aranın- dağın.                          
Doğma övladların yaşıl yarpağın,
Heç vədə solmayan bar çiçəyisən…

Tanrıdır ən gizli sirri açdıran,
Zərif duyğulardır qəlbi coşduran.
Ulu Borçalıda göz qamaşdıran
Bir lalə yanaqlı Nar Çiçəyisən.

26.03.2020 

İsmayıl İMANZADƏ.”Nə var ki!

Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri

Keçir dərd içində hər vaxtım-vədəm,
Düşməni qorxutmur qarğışım, hədəm.
Kəsiblər qarşımı, qoymurlar gedəm-
Haqqın ətəyindən tutub ölməyə.

Ta burdan o yana bağlıdır yolum,
Bir acı sözlə də dəyişir halım.
Məni qınamayın, yoxdu macalım-
Şeirlə başımı qatıb ölməyə.

Vaxtsız əcəl yola qəfildən çıxır,
Adam var çörəyi qəbirdən çıxır.
Rur da bədəndən ta birdən çıxır-
Qoymur ha, adamı yatıb ölməyə.

Yamanlıq artdıqca sızıldayır can,
Şeytandan mərhəmət diləyir hər yan.
Asılan yoxdursa dar agacından-
Nə var ki, yüyürüb-yortub ölməyə?..

Dəyişib dünyanın əzəli-ilki,
Heç nə yuya bilmir qəlbdəki çirki…
İllər  elə gəlib, elə keçir ki-
Vaxt qalmır arzuya çatıb ölməyə.

İsmayıl İMANZADƏ.”Necə deyim”

Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri

Mənmi suçlu, sənmi haqlı,
Bu sual bir az maraqlı.
Hardaydın sevgi soraqlı
Evimiz tikilən vaxtı?

Nəyin əskik idi, nəyin
Sızladımı heş ürəyin?
Qeyb oldun gülün-çiçəyin
Seçilib əkilən vaxtı.

Rəngi solanda üzümün,
Qay yağdı üstə izimin.
Gəlib çıxmadın gözümün
Yollara dikilən vaxtı.


Dilimdən düşmədi adın,
Nəyə gərəkmiş inadın?
Sütunum-tağım olmadın
Belimin bükülən vaxtı.

Sən idin arzum-diləyim,
Dilimdən düşmür gileyim.
Bilmirəm sənə nə deyim
Dişimin tökülən vaxtı.

İtən səsim-ünüm idi,
Dərd “uzunum-enim” idi.
Mənim ölən günüm idi,
Sən qeybə çəkilən vaxtı…

Əziz MUSA.”Gedək bu şəhərdən”

em
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

GEDƏK BU ŞƏHƏRDƏN

Gəl gedək dağların isti qoynuna,
O yerdə bir sən ol, bir də mən olum,
Getməyək o yerdən başqa bir yana,
Orda sən mehriban, mən də, şən olum.

Çeşmələr bir şirin nəömə oxusan,
Bülbüllər həvəslə versin səs-səsə,
Tər güllər, çiçəklər ətir qoxusan,
Qoşulaq quşların şən nəğməsinə

Günəş heyran-heyran qoy baxsın bizə,
Gecələr boylanaq ay işığına,
Çəkək buludları biz üstümüzə,
Baxaq təbiətin yaraşığına

Qorxumuz olmasın dərddən,bəladan,
Təmiz hava udaq, təmiz su içək,
Biz uzaq dolanaq ölümdən, oddan,
Ən xoş arzuları özümüz seçək.

Sevgiylə yaşayaq öz ömrümüzü,
Yerlər də, göylər də qoy olsun bizim.
Bezdirdi bu şəhər, bu tünlük bizi,
Gedək bu şəhərdən gedək, əzizim,

Əziz MUSA.”Qarabağım”

em
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Yol gözləyir Şuşa, Laçın, Kəlbəcər,
Duman gəl get, bu dağlardan, amandı,
Fikrim doğma Cəbrayılda hey gəzər,
Qürbət eldə ömür sürmək yamandı.

Var-yoxumuz göz görəti daşdanır,
Təzə sevda, təzə oyun başdanır,
Yurd alışır, torpaq yanır, daş yanır,
Qubadlıda, Zəngilanda talandı.

Qönçə soldu tər gülləri Ağdamın,
Niyə soldu bülbülləri Ağdamın,
Danışmağa dili gəlmir adamın,
Necə zalım, necə qəddar zamandı.

Eşidilmir Füzulinin harayı,
Alovlandı neçə mülkü, sarayı,
Yasa batıb xan Arazın bu tayı,
Geri dönmək qardaş hələ, gümandı,

Qarabağım göz dağıdı millətə,
Yaman yerdə vətən döndü qürbətə,
Əziz Musa döz bu dərdə, möhnətə,
Belə qalsa, Haqq özü də yalandı,

14 mart-Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayevin doğum günüdü

Anar (tam adı: Anar Rəsul oğlu Rzayev) — azərbaycanlıyazıçışairtərcüməçissenaristAzərbaycan Yazıçılar Birliyinin sədri. Xalq yazıçısı

Ailəsi

Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla bağlıdır. Bayat boyundan, Şahsevən tayfasından olan Məmməd xan XIX əsrin ortalarında rus əsgərləriylə toqquşmadan sonra zindana atılır və orda zəhərlənərək öldürülür. Məmmədxanın nəticəsi, Rəsulun atası İbrahim MəmmədxanlıGöyçayda mirzəlik edər və ticarətlə məşğul olarmış. 1915-ci ildə Bakıda vəfat etmiş və Çəmbərəkənddə dəfn edilmişdir.
1913-cü il iyunun 29-da Gəncədə anadan olmuş Nigar xanım Rəfibəyli məşhur Rəfibəylilər nəslindəndir. Ata tərəfdən babası Ələkbər bəy Rəfibəyli – el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siyası partiya olan “Difai” partiyasının yaradıcılarındandır.
Ələkbər bəyin yeganə oğlu, Nigar xanımın atası Xudadat bəy ilk ali təhsilli cərrahlardandır. Xarkov Tibb Universitetini bitirdikdən sonra 17 il Gəncə xəstəxanasının baş həkimi və həkimlər cəmiyyətinin sədri kimi çalışmışdır.
1918-ci ildə Gəncədə müstəqil Azərbaycan Cümhuriyyəti qurulan zaman Xudadat bəy Rəfibəyli Fətəli xan Xoyskinin hökumətində ilk səhiyyə naziri olmuş, bir il sonra isə Gəncə general-qubernatoru vəzifəsinə təyin edilmişdir. 1920-ci il aprel bolşevik çevrilişindən sonra həbs edilmiş, Gəncə üsyanının təşkilində ittihamlandırılaraq güllələnmişdir.

Həyatı

Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupunun Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı. 1 mart 2019-cu il[1].

Anar 1945-ci ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olmuş və 1955-ci ildə həmin məktəbi gümüş medalla bitirmişdir. Birinci sinifdən onuncu sinifə qədər Zemfira Səfərovayla bir yerdə oxumuşlar.
1955-ci ildə Anar Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə, Zemfira konservatoriyaya daxil olsa da, yolları ayrılmamış, nişanlanmış, evlənmişlər. Toyları 1962-ci il yanvarın 27-də olmuşdur.
Anar və Zemfira xanımın iki övladları var. Böyük oğulları Tural ərəbşünas və diplomatdır, Azərbaycanın Misir Ərəb Respublikasındakı səfiridir, qızları Günel isə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib.

Fəaliyyəti[redaktə | əsas redaktə]

Anar 1991-ci ilin martında Yazıçıların IX Qurultayında yekdilliklə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir. 1997-ci il oktyabrın 30-da Yazıçıların X Qurultayında yekdilliklə yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir.

Anar və Ziya Bünyadov

1991-ci ildə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının ilk iclasını Anar aparmışdır. Anar 1995-ci və 2000-ci illərdə Azərbaycan Republikası Milli Məclisinin deputatı seçilmişdir. O, Milli Məclisin mədəniyyət komissiyasının sədri olmuşdur. Bu komissiyanın mədəniyyət, tarix və memarlıq abidələrinin qorunması, kinematoqrafiya haqqında və s. tərtib etdiyi qanunları parlament tərəfindən qəbul edilmişdır.
1995-ci ildə Azərbaycan Respublikası Konstitusiya Komissiyasının üzvü olmuşdur.
Anar 2014-cü ildə Türkiyənin Əskişəhər şəhərində keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin qərarı ilə Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin ilk başqanı seçilib[2].

Mükafatları

Əsərləri

  • Ağ liman
  • Ömür yolu. Yaradıcılığı
  • Beşmərtəbəli evin altıncı mərtəbəsi
  • Əlaqə
  • Vahimə
  • Yaxşı padşahın nağılı
  • Otel otağı
  • Mütləq görüşərik
  • Qırmızı “Limuzin”
  • Gürcü familyası
  • Dantenin yubileyi
  • Şəhərin yay günləri
  • Təhminə və Zaur
  • Mən, sən, o və telefon
  • Macal
  • Sizsiz
  • Ağ qoç, Qara qoç

Tərcümələri

Filmoqrafiya


Filmin adıİlSsenari müəllifiƏsər müəllifiQuruluşçu rejissorAktyorİştirakçıHaqqındaFilmin növü
Dəniz1965Qısametrajlı sənədli film
Torpaq. Dəniz. Od. Səma1967Tammetrajlı bədii film
Qobustan1967Qısametrajlı sənədli film
Hər axşam on birdə1968Tammetrajlı bədii filmi
Bu, Səttar Bəhlulzadədir1969Qısametrajlı sənədli televiziya filmi
Gün keçdi1971Tammetrajlı bədii film
Nəsimi1971Qısametrajlı sənədli film
Gecə işıqları1972İki hissəli bədii film
Yığıncaq1972
Xatirələr sahili1972Tammetrajlı bədii film
Var olun, qızlar…1972Tammetrajlı bədii film
Dədə Qorqud1975Tammetrajlı bədii film
Daşlar danışanda1976Qısametrajlı sənədli film
İşgüzar adamlar (film, 1977)1977“Mozalan” süjeti
Dantenin yubileyi1978Tammetrajlı bədii film
Ötən ilin son gecəsi1978Tammetrajlı televiziya tamaşası
Üzeyir ömrü1981Tammetrajlı bədii film
Ötən ilin son gecəsi1983Tammetrajlı bədii film
Qəm pəncərəsi1986Tammetrajlı bədii film

Ssenari müəllifi və quruluşçu rejissor olduğu bədii filmlər

  1. Sözsüz mahnı (film, 1972) (ssenari müəllifi) (quruluşçu rejissor)
  2. Evləri köndələn yar (film, 1982) (ssenari müəllifi)
  3. İmtahan (film, 1987) (ssenari müəllifi);
  4. Əlaqə (film, 1989) (ssenari müəllifi);
  5. Təhminə (film, 1993) (ssenari müəllifi);
  6. Otel otağı (film, 1998) (ssenari müəllifi);
  7. Nigarançılıq (film, 1998) (ssenari müəllifi)
  8. Cavid ömrü (film, 2007) (ssenari müəllifi)
  9. Sübhün səfiri (film, 2012) (ssenari müəllifi)

Əsərləri əsasında çəkilmiş bədii filmlər

  1. Hər axşam saat 11-də (film, 1969) SSRİ, Mosfilm (Anarın “Mən, sən, o və telefon” əsəri əsasında)
  2. Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) (Anarın eyniadlı romanı əsasında);
  3. Sizə məktub var (film, 1998) (Anarın “Mən, sən, o və telefon” əsəri əsasında)
  4. Aktyorun əsgisi (film, 2004) TRT. Türkiyə. (Anarın “Dantenin yubileyi” povesti əsasında) (ssenari müəllifi Atilla Engin, quruluşçu rejissor Feyzi Tuna, operator Koksan Kolkal, bəstəkar İlyas Mirzəyev. Rollarda Fərhan ŞensoySuna KesginRasim Öztəkin və b.);
  5. Tilsim (film, 2005) (Anarın “Vahimə” hekayəsi əsasında).
  6. “Ve telefon”. Türkiyə. (Anarın “Mən, sən, o və telefon” əsəri əsasında); rejissor Nuran Evren.
  7. Mən, sən, o və telefon (film, 2014) (Anarın eyniadlı əsəri əsasında)

Ssenariləri əsasında çəkilmiş sənədli filmlər

  1. Aşıqlar (film, 1983) (ssenari müəllifi);
  2. Daş saatın səsi (film, 1985) (ssenari müəllifi);
  3. Dədə Qorqud dühası (film, 1999) (ssenari müəllifi);
  4. Dağ dağa rast gəlməz. (Mozalan süjeti) (ssenari müəllifi).

Ssenariləri əsasında çəkilmiş televiziya filmləri

  1. Qədim Gəncə, Yeni Gəncə (1981) (ssenari müəllifi) (rejissor Arif Qazıyev);
  2. Bu, Mircavaddır (film, 1987) (ssenari müəllifi);
  3. Dirsə xan oğlu Buğac boyu (film, 2000)
  4. Salur Qazanın evi talandığı boy (film, 2001)

Ssenariləri əsasında çəkilmiş cizgi filmlər

  1. Basatın igidliyi (film, 1988) (ssenari müəllifi).

İdeyası əsasında çəkilmiş filmlər

  1. Evləri göydələn yar (film, 2010) (ideya və süjet)

Haqqında çəkilmiş sənədli filmlər

  1. Anarla üz-üzə (film, 1988) (Mərkəzi Televiziyanın sifarişi ilə Anar haqqında çəkilmiş iki hissəli sənədli film. Azərbaycantelefilm. Ssenari müəllifi Zeynal Məmmədov, rejissor Ramiz Mirzəyev (Həsənoğlu), operator Adil, bəstəkar Cavanşir Quliyev. Bəstəkarın ifasında səslənən mahnının sözləri Rəsul Rzanındır).
  2. Anarın anları (film, 2008) tammetrajlı sənədli telefilm, rejissor Ramiz Həsənoğlu

Maraqlı faktlar

  • Azərbaycanda Anar adını daşıyan ilk şəxs yazıçı Anardır. Sonralar valideynlər bu adı öz övladlarına çox vermişlər. Hazırda Anar Azərbaycanda ən çox yayılmış kişi adlarından biridir. Adın açıqlanmasında da bir-birindən fərqli 2 versiya mövcuddur. 1-ci versiyaya görə “Anar” “anmaq” (“xatırlamaq”, “yada salmaq”) feilindən düzəldilmişdir. 2-ci versiyaya görə Anası Nigar Atası Rəsul sözlərinin baş hərflərindən ad yaradılmışdır.
  • Kinoşünas Ayaz Salayevin iddiasına görə rejissor Nora Efronun çəkdiyi və baş rolda məşhur Hollivud kinoulduzu Tom Henksin oynadığı “Sizə məktub var” (You’ve Got Mail) filminin ssenarisi Anarın “Mən, sən, o və telefon” əsəri əsasında qurulub. Kinoşünasın bu fikrə gəlməsinə adıçəkilən hekayənin Amerikada çap olunması da əsas verib.[6]

Mənbə

  • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası. Aydın Kazımzadə. Bizim “Azərbaycanfilm”. 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
  • Anara kino fenomeni demək olarmı? TƏHLİL

İstinadlar

  1.  İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər. president.az, 01.03.2019  (azərb.)
  2.  Anar başqan seçildi
  3.  Respublika kino sənəti işçilərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 23 dekabr 1976-cı il tarixli Fərmanı — anl.az saytı
  4.  Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1980-ci il Azərbaycan SSR Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1980-ci il tarixli Qərarı — anl.az saytı
  5.  Bəstəkarlar İttifaqı Anarı “Üzeyir Hacıbəyli” medalı ilə təltif edib
  6.  “525-ci qəzet“, 7 oktyabr1999

Xəyalə SEVİL.”Ölümün nübar vaxtıdı”

“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

Bu uzun gecənin qaranlığında
Canıma vəlvələ düşüb.
Bir kəndir özünü asıb tavandan,
Məndən əvvələ düşüb.
Gecədən bir az keçir,
Saat səhərə yaxın.
Nə intihar vaxtıdı…
Ruhum üzü göylərədi,
Ölümün nübar vaxtıdı.
Yoxdu burdan o tərəfi,
Nə günəş, nə də ki, ay olasıdı.
Bir cüt qərənfilə dönüb əllərim
Sinəmin üstünə qoyulasıdı.

Xəyalə SEVİL.”Ürəyim qapımda döyünür indi”

“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

İllər külək kimi yüyürüb keçir,
Nə ömür gecikir, nə gün gecikir.
Tale yolumuzu kəsəndən bəri,
O yol səni çəkir, bu məni çəkir.

Bir qadın boylanır pəncərənizdən,
Bir uşaq ağlayır evində sənin.
Hər gün qadınından gizlənir, elə
Şəklim xəcalətdi cibində sənin.

Ölür, gözümdəki ümid də ölür,
Sən gələn deyilsən, ha bəzən, düzən.
Ürəyim qapımda döyünür indi,
Çıxıb görürəm ki, sən gəlməmisən.

Daha xəyallardı görüş yerimiz…
Qoy yandırım ağ şamı,
Saçlarımı dağıtsın əllərinin oxşamı.
Nə mən səni unudum, nə sən məni, yaxşımı?

Şəhla RAMAZNZAQIZI.Yeni şeirlər

Gedirsən

Gedirsən əlvida söyləmədən get,

Üzülmə, son dəfə gül, sağollaşaq.

Mehriban-mehriban hal-əhval tutaq,

Gələcəksən kimi gəl , sağollaşaq.


Kim bilir bəlkə də elə düz dedim,

Cığırda önünü kollar kəsəcək.

Qırdığın ümidin toz cilikləri,

Yalın ürəyini möhkəm əzəcək?


Gedirsən gəlməyə bir baxış saxla,

O baxış əritsin buz həsrətləri.

Getmə ən yaxşısı, sarıl,qucaqla,

Çəməngöz, çətindir həyat şərtləri.

Mən olmasam

Sən özünü mənsiz xoşbəxt bilmə heç.

Mən olmasam bahar gəlməz ömrünə.

Soyuq düşər,şaxta olar,qar yağar,

Yay günəşi bir də gülməz ömrünə.

Taleyini dayanacaq zənn edib,

Bahar gedər, payız enər , solarsan.

Əllərin boş, ümidlərin yarımçıq,

Unudulmuş ada kimi qalarsan.

Şəkillərim nəfəs verib isitməz,

Otağında buz bağlayıb donanda.

Göz yaşın da söndürməyə yetişməz,

Sinən başı alov-alov yananda.

Xəyalımla yatar durar ürəyin,

Hər gördüyün gözəli mən bilərsən.

Elə bilmə belə həyat xoş keçər,

Tənhalıqda yanıb-yanıb ölərsən.

Elə bilmə asan gələr bu həyat.

Darıxmaqdan ev -eşiyə sığmarsan.

And içmə ki nömrəmi də silərsən,

Bircə dəfə zəng etmərsən, yığmarsan.

Bahar bilmə bu həyatı təkcə sən,

Hələ bunun payızı var, qışı var.

İndi nə var gənc çağıdı ömrünün,

Qarşımızda qocalığın yaşı var.

Yaxşı daha tək qalanda ağlama,

Göz yaşının yox ürəyə faydası.

Çəməngözlüm, ayrılığı uzaq qov! Məhəbbətdir ömrün qızıl qaydası.

Şəhla RAMAZNZAQIZI.Yeni şeirlər

Həyat necə amansızdır, İlahi?!
Doğru-düzgün vaxt yetişmir heç nəyə.
Hamı soyuq güzgü kimi dayanıb,
Ölən olsa yetən yoxdu köməyə.

Hərə bir cür kölə olub, qul olub.
Kimi bilir, kimi hələ bixəbər.
Sanki öldü ruhu bütün dünyanın,
Xeyirin gözünü çıxaranda şər.

Elə çoxdur ata-ana görməyən,
İllər keçər sol tərəfi isinməz.
Var onları görüb salam verməyən.
Dilini ağzında diş kəsər, dinməz.

Yanlışını, əyrisini görən az.
Halal qalıb, haram gəzir ürəklər.
Ruzi sanki ərşə qalxıb, çəkilib.
Əvvəlkitək kəsilmir duz çörəklər.

Qadın

Toz qonmaz çiçəkdən zərif göz,

qaşıİncə, təravətli, tər olar qadın.

Ömrünün zərgəri olsa yoldaşı,

Dünyada ən gözəl zər olar qadın.


Bir damcı eşq axıt ürəyinə, sus,

Gözüylə od alar zərrə qorxusuz,

Övladçün sübhəcən qalar yuxusuz.

Sevgidə cənnətlik yer olar qadın


Mələk olduğunu qəfil unutsa,

Özünü gumanla, zənnlə ovutsa,

Şeytanla dostlaşıb, əl-ələ tutsa, Telindən topuğa şər olar qadın.

Şair-publisist Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

This image has an empty alt attribute; its file name is 10291071_455253494660228_1338165152726257845_n-300x300.jpg
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü,

***

Kasıbın işi
xəcalət tərinə bulaşa-bulaşa
yoxluq adlı odun üstünə
sac qoymaqdı…
Günah da,
bir qadına şəhvətlə baxmaq deyil,
evdə uşaqları ac qoymaqdı…

***

Yenə duyğu qatarımın təkəri sınıb,
Yenə sevda qayıqlarım limana gəlmir.
Duam ilə günahımın yeri səhv düşüb,
Mən susuram, qaraçuxam imana gəlmir.

Kölgəm yenə aralıda acığa düşüb,
Tez-tez Tanrı görsün deyə kürəyin açır.
…Kimsə qəfil ad yazdığım qovağı kəsir,
Sonra gedib qonşu qıza ürəyin açır.

Zaman sevgi küləyitək üşüdür göyü,
Dağın ağrı-acısını təpələr duyar.
Dəniz məndən gileylidir gör neçə vaxtdır,
Mən sahilə getmirəm ki, ləpələr duyar.

Adam qəmdən islandısa, həyat qurutmaz,
Şeytan qəmdən maya tutub, tələmi sıxıb.
Beş yaşımdan bilirəm ki, əzrayıl kimdir,
Ölüm onda ömür adlı şələmi sıxıb…

Ürək süfrə olacaqsa, eh, tulla getsin,
Sənə görə saf eşqimi zədələmirəm.
Mən adama adam kimi qapı açıram,
Mən adamı adam kimi hədələmirəm…

Yenə duyğu qatarımın təkəri sınıb,
Yenə sevda qayıqlarım limana gəlmir.
Duam ilə günahımın yeri səhv düşüb,
Mən susuram, qaraçuxam imana gəlmir.

***

…Tək, ruhumdu yaşıdı…
Bəlkə dürdü, qayədi;
Bəlkə namaz daşıdı,
Bəlkə də bir ayədi,
Sənə yazdığım şeir?!

Üstündədi qızlığı…
Əzrayılın ahıdı…
Adəmin yalqızlığı,
Həvvanın günahıdı
Sənə yazdığım şeir.

Demə, Hikmət naşısa…
Bəlkə torpaqdı, gildi…
Bir əlcə başdaşısa,
Bir əlcə boz şəkildi
Sənə yazdığım şeir.

Şair-publisist Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

This image has an empty alt attribute; its file name is 10291071_455253494660228_1338165152726257845_n-300x300.jpg
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü,

***

Kimsə bilməz bu həyat neçə dəfə çat verir…
İmanı olmayana Tanrı çürük zat verir.

Ölüm də bir şahmatdı, ağı-qarası zülüm,
Şahı güddüyün yerdə şeytan qəfil mat verir.

Yuxu da əcəl kimi tez haqlayır adamı,
Elə bil ki, hər dəfə kimsə ona at verir.

Çətin, qanadı çıxa qorxaq dualarımın,
Əlimi qaldırdıqca, hissim, duyğum qat verir.

Hikmət, əzab əzabdı, dərd eləmə boşuna,
Kölgən kefdə-damaqda, ruhun hesabat verir.

***

Mən, hər əl açdıqca, qəm verdi tanrı,
Məni adam bilib əl açmadılar.
Kölgəmi yanımda edam etdilər,
Eh, mənim qapımı, gəl, açmadılar.

Kimsə gözlərimə əl sürtüb getdi,
Dedilər, göydəki vaxta bax indi.
Tabut tapmadılar bu boyda kənddə,
Sən indi məndəki baxta bax, indi.

Oynaya bilmədim ömür havama,
Axı, nə qalıb ki, dadası, ondan?!
Sevda nəğmələri seyrək buluddu,
Sən yağış gözləmə, qadası, ondan.

Çəpər tullanmaqdan bezdim, doğrusu,
Mənim eşq payımı kəm verdi Tanrı.
Məni adam bilib əl açmadılar,
Mən, hər əl açdıqca, qəm verdi Tanrı.

Əziz MUSA.”Mənim ol!”

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Gözümün üstündə saxlaram səni,
Yaşaya bilmərəm səndən aralı,
Dərd,qüssə içində gəl qoyma məni,
Elimin, obamın nazlı maralı.

Yoluna, izinə döşənərəm mən,
Səni qoruyaram ürəyim kimi,
Səni gecə-gündüz düşünərəm mən,
Canım , gözüm kimi, bəbəyim kimi.

Necə and içim ki, inanasan sən,
Həmişə sadiqəm məhəbbətimə,
Nə vaxt istəyirsən yoxla, sına sən,
İnan saf eşqimə, sıdaqətimə.

Səndən özgəsinə baxmaram gülüm,
Sən də bir dənəsən, nurlu Günəş tək.
Adını çəkməsə quruyar dilim,
Eşqinlə vurmasa susar bu ürək.

Adınla bağlıdı həyatım, canım,
Sənsən ilk baharım, ay ömrüm, günüm.
Sənsiz ötüşməsin qoy bircə anım,
Mənim ol, mənim ol, başına dönüm.

Əziz MUSA.”Yuxuda yazdığım şeir”

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

CƏBRAYILDADIR

Ömrümün , günümün könül oxşayan,
Ən şirin nəğməsi, Cəbrayıldadır.
Hər daşı, qayası nağıl danışan,
Ərzin möcüzəsi, Cəbrayıldadır.

Zaman susub qalıb Xudafərində,
Lalələr boy atır al qan yerində,
Orda öz yeri var xeyir, şərində,
Vətən şikəstəsi Cəbrayıldadır.

Ellərə tanışdı şöhrəti, adı,
Atından salıbdı düşməni, yadı,
Qeyrət timsalıdı hər bir övladı,
Koroğlu nərəsi, Cəbrayıldadır.

Divlər sarayında bir heyrət yatır,
Ziyaratın başı göylərə çatır,
İgidlər zirvədə tonqallar çatır,
Nuhun əfsanəsi Cəbrayıldadır.

Saz, söz dastanıdır Qurbanı, Pəri,
Cəmilin şöhrəti gəzir hər yeri,
Qəhraman Ramilin ölməz hünəri,
Mehdinin nəfəsi Cəbrayıldadır,

Xan Çinar olubdu yurdun şöhrəti,
Öyüddü ağsaqqal sözü, söhbəti,
El- oba tac bilir burda qeyrəti,
Quşların xoş səsi Cəbrayıldadır.

Geniş Gəyən düzü tarıxdən soraq,
Arazın üstündə alışan çıraq,
Müqəddəs bir pirdi, müqəddəs ocaq,
Həyat fəlsəfəsi Cəbrayıldadır.

Xalq şairi Zəlimxan YAQUB.”Mən hardan bilərdim şairlik nədir?”

Keçilməz dərələr keçilməsəydi,
Aşılmaz zirvələr aşılmasaydı,
Yeldən qanad alıb, seldən güc alıb,
Ruhum küləklərə qoşulmasaydı
Mən hardan bilərdim şairlik nədir?

Torpaqdan, toxumdan, dəndən gəlməsəm,
Qurandan, kitabdan, dindən gəlməsəm,
Dərdi çoxalanda yerdəkilərin
Göylərə saldığı gündən gəlməsəm,
Mən hardan bilərdim şairlik nədir?

Minadan gəlməsəm, Turdan gəlməsəm,
Allahın verdiyi nurdan gəlməsəm,
Sinəmi saz edib, əlimi mizrab,
Qopuzdan, Qorquddan, qordan gəlməsəm,
Mən hardan bilərdim şairlik nədir?

Gedir qismətinə, bəxtinə sarı,
Yorulmur qarışqa, dincəlmir arı.
Qəlbimi riqqətə gətirməsəydi
Ana təbiətin yaratdıqları,
Mən hardan bilərdim şairlik nədir?

Fələklər sirdaşı, mələklər yarı,
Hər misra şairin sərvəti, varı.
Qulaq eşitməsə, könül duymasa
Göylərdən süzülən pıçıltıları,
Mən hardan bilərdim şairlik nədir?!


Xalq şairi Zəlimxan YAQUB.”Mən sözün anası”

Tanrının sözünə dirsəklənmişəm,
Söz – yaşıl yamacım, söz – talam mənim.
Yeddidən yetmişə rəngi gözümdə,
Söz – gülüm, gülşənim, söz – lalam mənim.

Dilimdə ilk kəlmə dinəndən bəri,
Söz oldu ömrümün sərvəti, zəri.
Mənəm sərkərdəsi, mənəm əsgəri,
Söz – daşım, divarım, söz – qalam mənim.

Yoğurdum, başımda ağıl elədim,
Dastana çevirdim, nağıl elədim.
Böyütdüm, bəslədim, oğul elədim,
Mən sözün anası, söz – balam mənim.

28 yanvar 2005

Xalq şairi Zəlimxan YAQUB.”Şair qələmiylə işin olmasın!”


Bir nadanın atdığı daşa cavab

Mənə o qələmi nə sənin dədən,
Nə vəzir, nə vəkil, nə də şah verib.
Ona söz atmasın hər gəlib gedən,
Onu Zəlimxana bir Allah verib.

Yaz deyib sevinci, yaz deyib qəmi,
Fitnəyə verməyib, fəndə verməyib.
Allahdan almışam mən o qələmi,
Mənə o qələmi bəndə verməyib.

Qələm sındırmağa yaranmamışam,
Hünərin çatırsa, gəl, sındır onu.
Əgər bacarırsan, tək bircə axşam
Yazmaq həvəsindən daşındır onu.

Qələmin dünyası ocaqdı, pirdi,
Qələm sındıranlar şümürdü, bala.
Bu nifrət nə zaman qəlbinə girdi,
İçini nə zaman gəmirdi, bala?


Baxdım bostanıma atılan daşa,
Əl sənin əlindi, daş sənin deyil.
Gülməli səhnədi, qəmli tamaşa,
Ağıl özgənindi, baş sənin deyil.

Sən daş at, mən sənə pambıq atacam,
Yaralı canımı daş ağrıtsa da.
Boş dedi-qodular gəldi-gedərdi,
Könüllər sındırıb, baş ağrıtsa da.

Səni kim bu yola çəkib, aparıb,
At getsin, fırlansın, daş ona dəysin.
Sonradan başıma qaxınc etdiyin
Əvvəlki sevgin də başına dəysin.

Haqqın qəzəbinə gələrsən, bala,
Bu qələm “Saz” yazıb, “Ələsgər” yazıb.
İmrələr sözüylə çatıb vüsala,
Hər ulu kişiyə bir əsər yazıb.

Hər sevgi, hər barış bir yeni dastan,
Nifrət qəzəblərə, nifrət kinlərə.
Bu qələm dərs alıb Dərviş Yunusdan,
Bu qələm yas tutub “Didərginlər”ə.

Ey qələm sındırmaq istəyən naşı,
Allahın danışan dilidir qələm.
Şairin əlində od parçasıdı,
Cahilin əlində ölüdür qələm.

Fərhad külüngüdü Şirin yolunda,
Hasardı, qaladı şərin yolunda.
Can verib ocağın, pirin yolunda,
Ulu ustadların yoludur qələm.

Göydə bir mələkdi, yerdə pəridi,
Yanan üfüqlərin parlaq zəridi.
Coşanda Koroğlu dəliləridi,
Sevəndə Məcnuntək dəlidir qələm.

Dərvişdi, ozandı, eldi, aşıqdı,
Yaradan əllərə bir yaraşıqdı.
Harda qaranlıq var, orda işıqdı,
İnsanın xilaskar əlidir qələm.


Xalq şairi Zəlimxan YAQUB.”Bəhmən Vətənoğluna məktublar” silsiləsindən

“BƏHMƏN VƏTƏNOĞLUNA MƏKTUBLAR”
SİLSİLƏSİNDƏN

I
DAĞLAR

Səndən ayrılanda bir ah çəkmişəm,
Kərəmtək yandırıb ah məni, dağlar!
Daramır saçımı sənsiz küləklər,
Sənsiz heç oxşamır meh məni, dağlar!

Şirin görüşlərin ömrü kəm olar,
Gözüm yaşla dolar, könlüm qəm olar.
Cənnətim çevrilib cəhənnəm olar,
Olmasam dağların mehmanı, dağlar!

Hər dərddən xəbərdar, hər işdən halı,
Şairdi daşıyan min qilü-qalı.
Zəlimxan düşsə də səndən aralı,
Saxla gözün üstə Bəhməni, dağlar!

II
GÖNDƏRİM

Bəhmən, hədələrdən qorunmaq üçün
Yarağın yoxdursa, yaraq göndərim.
Dərdini deməyə dərdli bir qələm,
Şerini yazmağa varaq göndərim.

Qoşun bil, özünü təkləmə, qardaş,
Ürəyi bu qədər yükləmə, qardaş.
Qəlbi qəm üstünə kökləmə, qardaş,
Lazımsa, eşqimi dayaq göndərim.

Cam olum, içməyə camın yoxdusa,
Tam olum, dadmağa tamın yoxdusa,
Gecə yandırmağa şamın yoxdusa,
İki gözlərimi çıraq göndərim!


Ellərə doğmadır şairin səsi,
Mən necə sevməyim el sevən kəsi?
Geniş aç qapını, ay ev yiyəsi,
Şair Zəlimxanı qonaq göndərim!


Xalq şairi Zəlimxan YAQUB.”Kimdi”


Məfhur türk aşığı Səbri Şimşak
oğlunun lent yazılarını dinlərkən


Şimşəkoğlu, səsindəki oda qurban,
Yandırırsan, yanan kimdi, sönən kimdi?
Kimlər sənə vədə verdi, yalan çıxdı,
İlqar verib, ilqarından dönən kimdi?

Bu səsdimi, haraydımı, nalədimi,
Yanmış Kərəm, qara batmış Lələdimi,
Daşıdığın dağdan ağır şələdimi,
Qəm altında boyun büküb sinən kimdi?

Bəlkə Qırat yəhərsizdi, nalı yoxdu,

Bəlkə daha qızbirçəkli nah yoxdu.
Bəlkə daha Koroğlunun halı yoxdu,
Qocalanda dəli köhlən minən kimdi?

İncitdimi xotkar səni, paşa səni,
Çekdilərmi bərkə səni, boşa səni.
Qərib olmaq döndərdimi daşa səni,
Yenilməyən qeyrətini yenən kimdi?

Dilindəki layladımı, ağıdımı,
Sinəndəki min həsrətin dağıdımı,
Ayrılıqlar yenə bizə yağıdımı,
Düşmənimiz dünən kimdi, bu gün kimdi?

Şimşəkoğlu, gəl, bir yazaq yazımızı,
Şimşəkoğlu, gəl, bir çəkək nazımızı,
Zəlimxanla qoşa çalaq sazımızı,
Dünya görsün qalxan kimdi, enən kimdi?
1989

12 mart-Xalq şairi Süleyman Rüstəmin doğum günüdü

Süleyman Rüstəm (tam adı: Süleyman Əliabbas oğlu Rüstəmzadə12 mart 1906NovxanıBakı qəzası – 10 iyun 1989Bakı) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ictimai xadim, 1934-cü ildən AYB-nin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943), Azərbaycan SSR xalq şairi (1960), II dərəcəli Stalin mükafatı (1950), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970), Sosialist Əməyi Qəhrəmanı (1976). 1940-cı ildən Sov.İKP üzvü.

Süleyman Rüstəm Azərbaycan SSR dövlət himninin sözlərinin müəlliflərindən biridir. O, 1971–1989-cu illərdə Azərbaycan SSR Ali Sovetinin sədri olmuşdur.

Həyatı

Süleyman Rüstəm 1906-cı il martın 12-də Bakının Novxanı[1] kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş, 1929-cu ildə oradan Moskva Dövlət Universitetinin ədəbiyyat və incəsənət fakültəsinə köçürülmüşdür. Zaqafqaziya Mərkəzi İcraiyyə komitəsinə üzv seçilmişdir (1935). Azərbaycan SSRİ birinci çağırış Ali Sovetinə deputat seçilmişdir (1938), bundan sonra ömrünün sonuna qədər bütün çağırışlarda deputat olmuşdur.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru (19371938), “Ədəbiyyat qəzeti”nin baş redaktoru olmuşdur. Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinə, “Azərbaycan”“Kirpi” jurnallarının və ” Советский писатель” (sovetskiy pisatel)” redaksiya heyətlərinə üzv seçilmişdir.

Xidmətlərinə görə üç dəfə Lenin ordeni, iki “Qırmızı Əmək Bayrağı” ordeni, Sovet Sülhü Müdafiə Komitəsinin Fəxri fərmanı və bir sıra medallarla təltif olunmuşdur. 1971–1989-cu illərdə Azərbaycan SSRİ Ali Sovetinin sədri olmuşdur.

1989-cu il iyunun 10-da Bakıda vəfat etmişdir.

Yaradıcılığı

Yaradıcılığında siyasi lirika və sevgi şeirləri mühüm yer tutur. Heca və əruz vəznlərində yazmışdır. Ən sevilən əsərlərindən biri Təbrizim əsəridir.

Əsərləri

Filmoqrafiya

  1. Qanlı zəmi (film, 1985)

İstinadlar

  1.  http://www.anl.az/el/r/rs_h.pdf

Mənbə

  • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası. Aydın Kazımzadə. Bizim “Azərbaycanfilm”. 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.

Vikimənbədə Süleyman Rüstəm ilə əlaqəli məlumatlar var.

12 mart-Xalq şairi Cabir Novruzun doğum günüdü

This image has an empty alt attribute; its file name is xscn-300x300.jpg

Cabir Novruz — Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın xalq şairi, Azərbaycan SSR əməkdar incəsənət xadimi (30.07.1979)[2]

Həyatı

Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda təhsil almış və 1952-ci ildə Azərbaycan Dövlət Universiteti-nin jurnalistika fakültəsinə daxil olmuşdur. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilmiş və 1957-ci ildə oranı bitirmişdir.[3]

1958-ci ildə “Bakı” axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz 1967-1970-ci illərdə “Azərbaycan” ədəbi-bədii jurnalının, 1991-1993-cü illərdə isə “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. O, 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqıİdarə Heyətinin katibi olmuşdur.

Yaradıcılığı

Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində Milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şerləri ilə oxucuların dərin məhəbbətini qazanmışdır. Onun qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir. Şairin yüksək mənəviyyata səsləyən yaradıcılığı və vətəndaş ruhunun hakim olduğu olduğu poeziyası öz dilinin bədii gözəlliyi və rəvanlığı ilə səciyyələnir. Onun sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanmışdır.

Cabir Novruz yaradıcılığı vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasına mühüm xidmətlər göstərmişdir. Vəğənin taleyi üçün narahatlıq hissinin xas olduğu Cabir Novruz poeziyasının başlıca mövzuları azərbaycançalıq ideyaları ilə sıx bağlı olmuşdur. Şairin poetik təfəkkürü onun lirikasının tarixiliyini qüvvətləndirmiş və bu poeziyanı daha həyati etmişdir.

Şairin əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmuşdur. Onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olmaq imkanı qazanmışdır.

Cabir Novruzun ictimai fəaliyyəti də zəngin olmuşdur. O, həyatının bütün mərhələlərində Azərbaycanda gedən ictimai-siyasi proseslərin həmişə fəal iştirakçısı olmuş, xalqımızın həyatında baş verən təleyüklü hadisələrə düzgün qiymət verməsində əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmişdir.

Şairin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, “Əməkdar incəsənət xadimi”, xalq şairi fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülmüşdür. Cabir Novruz 1995-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilmişdir.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdçüsü, xalq şairi Cabir Mirzəbəy oğlu Novruzov (Cabir Novruz) 2002-ci il dekabrın 12-də ömrünün 70-ci ilində vəfat etmişdir.

Şeirlərinə yazılmış mahnılar
Video

Şövkət Ələkbərova – Məhəbbət – musiqi: Oqtay Kazımi
Yalçın Rzazadə – Bakının qızları – musiqi: Oqtay Kazımi
Yalçın Rzazadə – Mənim duyğularım – musiqi: Oqtay Kazımi
Zeynəb Xanlarova – Cavanlığım – musiqi: Oqtay Kazımi
Zeynəb Xanlarova – Bulaq suyu, dağ havası – musiqi: Oqtay Kazımi
Yalçın Rzazadə – Dünya düzələn deyil – musiqi: İqbal Ağayev
Yalçın Rzazadə – Böyüməyə tələsmə – musiqi: İqbal Ağayev
Manana Caparidze – Bu nə cür məhəbbətdir – musiqi: Eldar Mansurov
Aygün Kazımova – Səsim səsinə öyrəşib – musiqi: Eldar Mansurov
Mübariz Tağıyev – Ömür keçir – musiqi: Eldar Mansurov
Ruhəngiz Abdullayeva – Məhəbbət ölməyəcək – musiqi: Eldar Mansurov

Audio

Ağadadaş Ağayev – Gəlin gələndə – musiqi: Oqtay Kazımi
Mübariz Tağıyev – Sən oldun – musiqi: Eldar Mansurov
Brilliant Dadaşova – Gecikmiş məhəbbət – musiqi: Eldar Mansurov
İlqar Muradov – Sən oldun – musiqi: Eldar Mansurov
Heydər Anatollu – Tənhalıq – musiqi: Eldar Mansurov
Abbas Əhməd – Təki sənin səsin gəlsin – musiqi: Eldar Mansurov
Səbinə Cabbarzadə – Məhəbbət – musiqi: Eldar Mansurov

Kənan AYDINOĞLU.”Məni”

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

Yıxılsam, büdrəsəm bu yer üzündə,
tutacaq qolumdan Yaradan məni.
Mənim ünvanımı tapmaq istəsən,
sən soruş Fikrətdən, Qaradan məni.

Dəyişsə, könlümdə kədər-qəm indi,
dağlarda yurd salsa, bir aləm indi,
Göz yaşın tökdüsə, bir qələm indi,
həyat götürməsin aradan məni.

Dağların, aranın qonağı olsam,
gül üzlü qızların yanağı olsam.
Mən bu ilk baharın növrağı olsam,
de, hardan taparsan, haradan məni?!

Kənan AYDINOĞLU.”Salam söyəyir”

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

Qələm yoldaşım, şair dostum 
Azər Mustafayeva.

Qazax mahalında durmadan axan,
Bulaqlar şairə-salam söyləyir.
Yaşıl düzlərində ceyranı qaçan,
Yaylaqlar şairə-salam söyləyir.

Çətinlik görmədən gəlib keçəndən,
Ovçular maralı dağda görəndən,
Sənin bu Qazağa yolun düşəndən,
Oylaqlar şairə-salam söyləyir.

Şairlər yurduna dastanlar qoşan,
Neçə dağ, təpəni mərd kimi aşan,
Şair ürəyitək durmadan coşan,
Misralar şairə-salam söyləyir.

Kənan AYDINOĞLU.”Sədəfli saz”

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

Şairlər ilhamın səndən alıbdı,
Aşıqlar yurdunun sədəfli sazı.
Sən verdin şeiri bizim sənətə,
Aşıqlar yurdunun sədəfli sazı.

Aşığın sözünü dilə gətirdin,
Sən o xoş əhvalı elə gətirdin,
Sən neçə nadanı yola gətirdin,
Aşıqlar yurdunun sədəfli sazı.

Ələsgər şerini salmısan yada,
Boynunu əymədin özgəyə, yada,
Oğullar yetirdin bizim dünyada,
Aşıqlar yurdunun sədəfli sazı.

Hər şair sözünü yazdı varağa,
Mövzudan çıxmadı inan qırağa,
Səni bənzədirlər sönməz ocağa,
Aşıqlar yurdunun sədəfli sazı

Şair İbrahim Səfərlinin şeiri Təbriz şəhərində yayınlanan “Ədəbi Körpü” dərgisində çap olunub

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbayan Jurnalistlər Birliyinin üzvü, şair İbrahim Səfərlinin “Ağlama” adlı şeiri İran İslam Respublikasının Təbriz şəhərində fəaliyyət göstərən “Ədəbi Körpü” aylıq ədəbiyyat dərgisinin 17-ci sayında Azərbaycan və fars dillərində dərc olunub. Şeiri Azərbaycan türkcəsindən fars dilində “Ədəbi Körpü” dərgisinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının İran İslam Respublikası üzrə yeganə təmsilçisi, tanınmış şair-publisist Səxavət İzzəti (ƏNDƏLİB) uyğunlaşdırıb.

“İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.


Qeyd edək ki, bundan öncə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği” qardaş Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən “Kardelen” aylıq şeir dərgisinin 102-ci sayında çap olunub dərc olunaraq, ictimaiyyət nümayəndəlırinin nəzərinə çatdırılmışdı.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

Şair İbrahim SƏFƏRLİ.”Ağlama”

İbrahim Hidayət Səfərli

Yaman günün ömrü azdır, ay ana,
Belə qalmaz, ötüb-keçər, ağlama.
Kəlbəcər elinə zülm eyləyən
Əcəl şərbətini içər, ağlama.

Altun sarayların şamın söndürən,
Neçə zülmkarı səssiz sındıran,
Fironu taxtından vaxtsız endirən
Yaxşını yamandan seçər, ağlama.

Bir elin varına göz dikənləri,
Nahaqdan torpağa qan tökənləri,
Saxta var-dövlətlə ev tikənləri
Zaman dəryazıyla biçər, ağlama.

İbrahim, Fələyin budur gərdişi,
Düşməsin heç kimin tərsinə işi.
«Günü günortadan qaytaran kişi»,
Bir qapı bizə də açar, ağlama.
آغالما

ابراهیم صفرلی

یامان گونون عؤمرو آزدیر، آی آنا،
بئله قالماز، اؤتوب-کئچر، آغالما.
کلبجر ائلینه ظولوم ائیلهین
اجل شربتینی ایچر، آغالما.

آلتون سارایالرین شمعین سؤندورن،
نئچه ظلمکاری سسیز سیندیران،
فیرعونو تاختیندان واختسیز ائندیرن
یاخشینی یاماندان سئچر، آغالما.

بیر ائلین وارینا گؤز دیکنلری،
ناحاقدان تورپاغا قان تؤکنلری،
ساختا وار-دؤولتله ائو تیکنلری
زامان دریازییال بیچر، آغالما.

ابراهیم، فلهیین بودور گردیشی،
دوشمهسین هئچ کیمین ترسینه ایشی.
»گونو گونورتادان قایتاران کیشی«،
بیر قاپی بیزه ده آچار، آغالما.

Azərbaycanın el şairəsi Güllər MƏMMƏDQIZInın şeiri Təbriz şəhərində yayınlanan “Ədəbi Körpü” dərgisində çap olunub

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən layihəsi çərçivəsində çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın el şairəsi Güllər MƏMMƏDQIZInın “Sən gedəndən bəri” adlı şeiri İran İslam Respublikasının Təbriz şəhərində fəaliyyət göstərən “Ədəbi Körpü” aylıq ədəbiyyat dərgisinin 17-ci sayında Azərbaycan və fars dillərində dərc olunub. Şeiri Azərbaycan türkcəsindən fars dilində “Ədəbi Körpü” dərgisinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının İran İslam Respublikası üzrə yeganə təmsilçisi, tanınmış şair-publisist Səxavət İzzəti (ƏNDƏLİB) uyğunlaşdırıb.

“İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.


Qeyd edək ki, bundan öncə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği” qardaş Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən “Kardelen” aylıq şeir dərgisinin 102-ci sayında çap olunub dərc olunaraq, ictimaiyyət nümayəndəlırinin nəzərinə çatdırılmışdı.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

USTAD Məhəmməd NƏRİMANOĞLU.”Gəldim”


Kənan balamı Beyləqanın ilanmələyən
düzlərində əsgəri xidmət keçmək üçün “N” saylı hərbi hissəyə təhvil verib qayıdanda elə bildim ki,
həyatda o da, mən də yalqız qaldıq.

Böyütdüyüm, yetirdiyim Kənanı
Vətənə xidmətə verdim də gəldim.
Muğan çöllərinin ceyran, cüyürün,
Nə sərin havasın gördüm də, gəldim.

Dolandıq düzləri biz qarış-qarış,
Oğulsan talehlə gəl burda barış.
Torpaq cadar-cadar, üz qırış-qırış,
Artdı bu yerlərdə dərdim də, gəldim.

Soyuq baxışlardan üzüldü canım,
Dondu damarımda qaynayan qanım.
Qəm-kədər bürüdü yenə dörd yanım,
Dərdlərdən bir qala qurdum da gəldim.

Bənövşə tək boynubükük də gördüm,
Qəriblikdə qəlbi sökük də gördüm,
Doğmalardan üzüdönük də gördüm,
Mən qəm karvanını sürdüm də gəldim.

Bahar buludu tək dolmuşdu balam,
Boylana-boylana qalmışdı balam.
İstidən indidən solmuşdu balam,
Sinəmə göz yaşım sərdim də gəldim.

20 iyul 2013-cü il, Bakı şəh.

USTAD Məhəmməd NƏRİMANOĞLU.”Kəlbəcərə gedən yollar”

Ölməz alim-şairimiz Ənvər Rzaya

Gör neçə ildi bağlıdır,
Kəlbəcərə gedən yollar?!
Sinəmiz kimi dağlıdır
Kəlbəcərə gedən yollar.

Haçalanmır neçə kəndə,
Yolçusu yox bircə bəndə.
Bir yaxşı bax, gör nə gündə,
Kəlbəcərə gedən yollar.

Düşməni azdıra bilmir,
Qəbrini qazdıra bilmir,
Yazısın yozdura bilmir
Kəlbəcərə gedən yollar.

Ot basıbdı, yoxdu izim,
Qırılıb taqətim, dizim,
Qurban olum sizə özüm,
Kəlbəcərə gedən yollar.

Sizdən keçib atam, anam,
Sizdən keçib, bacım, sonam,
Sizdən ötrü xəstə canam,
Kəlbəcərə gedən yollar.


16 sentyabr 2012-ci il.

USTAD Məhəmməd NƏRİMANOĞLU.”SənəmSən”


Cəmilə Çiçəyin “Əyyub və Sənəm” dastanına

Bir baxışdan həsrətini duymuşam,
Sən ürəyi paralısan, sənəmsən.
Vüsalına əliçatmaz Məcnunam,
Leylimisal yaralısan, sənəm, sən!

Gül qönçəsi, ətrin edib məst məni,
Üzməmişdi belə əda, qəsd məni.
Lal eyləyib, kar eyləyib – süst məni,
İndi bildim haralısan, Sənəm, sən.

İstisuda, Dəlidağda maraldın,
Gül açmamış qönçə-ləçək saraldın.
Yanıb-sönüb od almamış qaraldın,
Əyyub görən o işvəli Sənəmsən?!

Tər çiçəyin ləçəyisən, əsirsən,
Məhəbbətin girdabında yesirsən.
Eşqin bəlasında hələ əsirsən,
Məhəmmədə deməsən də, Sənəm, sən!

USTAD Məhəmməd NƏRİMANOĞLU.”Göz dəyib deyirlər gülünə, gözəl!”

Yamanca susubdu, danışmır, dinmir,
Vurub qadağanı dilinə gözəl!
Bağban olub qorumadıq yəqin ki,
Göz dəyib deyirlər gülünə, gözəl!

Bahar donlu tər çiçəkdən gözəlsən,
Gözəllərdən, sən göyçəkdən gözəlsən.
Ay qara tel, sən ləçəkdən gözəlsən,
Qurban didərgin obana, elinə, gözəl.

Sən hürkək baxışlı körpə maralsan,
Dözərəmmi çiçək-ləçək saralsan?!
Hicranınla dərd dağında qalarsan,
Dən düşər saçına, telinə, gözəl!

İbrahim İLYASLI.” BİLDİM”

Dünyanın iki türlü rengi varmış,-
Bildim siyah ne, ak nedir, bildim.
Yavrumun dilinden bir şeyler duydum,
Göğsüme vurulan dağ nedir, bildim.

“Yok” tan yola çıktım, yol beni gitti,
Kıt beni kıstırdı, bol beni gitti.
Ben sağı giderken sol beni gitti,
Sonunda sol nedir, sağ nedir bildim.

Doldu piyaleler, boşaldı camlar,
Sarhoş dimağımı değişti tamlar…
Karanlık gönlümde yandıkca mumlar
Yürekten eriyen yağ nedir bildim.

Aşarak dünyanın Hun hisarından
Koptu şah milletim şahdamarından…
Kırıldı memleketim sınırlarından,-
Çitleri bozulmuş bağ nedir bildim.

Ibrahim İlyaslı, bu mudur kanmak?-
İşin oldu her zaman tutuşmak, yanmak.
Hakkı buluncaymış feleği danmak-
Bildim haksızlık ne, hak nedir bildim.