Azərbaycan Yazıçılar Birliyinin üzvü

(Şəhid Cəbrayıl Dövlətzadəyə həsr)

Anacan, ad günün mübarək olsun!
Başını uca tut, göz yaşı tökmə.
Fəxr elə, şəhidlik zirvəsindəyəm,
Ağlama, heç zaman dərd-qəmi çəkmə.

Haqqını halal et, gələ bilmədim,
Bu il yanağından öpə bilmədim.
Öpmüşəm vətənin torpağını mən,
Vətəni tək qoyub, dönə bilmədim.

Fəxr elə, anacan, qürur duy hər vaxt,
Düşmənə bircə an boyun əymədim.
Halal torpağımda döyüşdüm, ancaq
Özgə torpağına zərrə dəymədim.

Anacan, andımız var idi bizim,
Vətənçün yaşayıb, ölməyi seçdim.
Uşaqlıq arzumu gerçək etmişəm,
Mən şəhid olmuşam,
Əbədi həyatın şərbətin içdim.

Anacan, ad günün mübarək olsun,
Qoyma gözlərində kədər-qəm olsun.
Vətənin bayrağın ucaltmışam mən,
Şəhidlik məzarım hədiyyəm olsun.