Category: Azərbaycan ədəbiyyatı

  • Xalq yazıçısı, akademik Kamal Abdullanın Moskvada “Kitabi-Dədə Qorqud poetikasına giriş” adlı elmi monoqrafiyası çap olunub

    Xalq yazıçısı, akademik Kamal Abdullanın Moskvada “Kitabi-Dədə Qorqud poetikasına giriş” adlı elmi monoqrafiyası çap olunub. Kitabın ön söz müəllifi Moskva Dövlət Linqvistik Universitetinin Milli və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, Rusiyanın görkəmli ədəbiyyatşünası, tərcüməçisi, professor Aleksandr Petroviç Bondarevdir.

    Professor Bondarev “Hermenevtikanın ortancıl mərhələsi” adlı ön sözündə akademik Kamal Abdullanın bu kitabını “Gizli Dədə-Qorqud”dan bəri davam edən araşdırmalarında yeni mərhələ hesab edir.

    Əsərdə qədim mətnlərin poetik qatı ilə bağlı orijinal və yeni yanaşma təqdim edilir. Müəllif qeyd edir ki, “Kitabi-Dədə Qorqud” kimi anaxronik, müxtəlif qədimlik dövrlərinin əlamətlərinə malik olan mətnlər üçün bu yanaşma bədiilik qatının immanent təhlil açarı ola bilər. Qədim yazılı abidələrin müxtəlif poetik qatlarının bir-birindən ayrı təhlili sonrakı birgə təhlilin platformasına çevrilir.

    Kitab müqəddimə, iki hissə (hər biri ayrıca fəsillərlə), ümumi nəticə, son söz və əlavələrdən ibarətdir. Müqəddimədə kitabın adı haqqında müəllifin qeydləri, anaxronik mətn, mif dövrü mətninin xüsusiyyətləri, ibtida bədiipoetikliyin yaranma səbəbləri və sairə haqda elmi təhlil yer alıb.

    “Mifoloji dan söküləndə bədii-poetik enerji axtarışları” adlanan birinci hissədə autentik mif, qədim mətnin yaranma mühiti və şəraiti, autentik mifdə potensial bədii-poetik enerjinin təzahürü, Mağara mədəniyyəti və Mağara ruhu, Dədə Qorqud mətnlərində sözün müstəqim və məcazi qatları haqda elmi yanaşma ortaya qoyulub.

    “Xüsusi qurmalar ibtidai bədii-poetiklik vasitələri kimi” adlanan ikinci hissədə “Sahmanlayıcı ünsürlər”, “Sadəlövh suallar”, “Təkrarlar ibtidai bədii-poetik quruluşun əsas vasitəsi kimi”, “Bədii-poetik yasaqlar. “Materialın müqaviməti”” adlı fəsillərdə “Kitabi-Dədə Qorqud” mətninin poetik məziyyətləri, mətndaxili kosmik nizam, Xaosdan Kosmosa keçidin “bədii-poetik” qatda reallaşması, poetikliyin söz, cümlə və cümlə birliyi səviyyələri araşdırılır.

    Kitabın “Əlavələr” bölümündə monoqrafiyanın istiqamətinə uyğun olaraq oxucunun təsəvvürlərinin dərinləşdirilməsi məqsədilə müəllif tərəfindən “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” kitabından “Azərbaycan dilində cümlənin monopredikativ quruluşunun təşəkkülü” hissəsi və “Mifdən Yazıya, yaxud “Gizli Dədə Qorqud” kitabından “Mif və Yazı” hissəsi yerləşdirilib.

    Qeyd edək ki, monoqrafiya Moskvanın nüfuzlu “Xudojestvennaya literatura” nəşriyyatında çap edilib.

    Mənbə: http://www.edebiyyatqazeti.az

  • Günel EYVAZLI.”Bağışla…”

    Anacan…
    Mən çoxdan mum qanadlarımı
    İkar kimi günəş önündə əritmişəm.
    Lal yaranmış xəstəliklər kimi
    Pandora sandığından
    Ürəyinin başına sancılmışam, bağışla…
    Bilmirəm, nədəndirsə
    Dördbucaq içində beşinci küncü axtarmışam, daima.
    Yol iki olub. Heç birini seçməmişəm.
    O yerdə ki, için-için ağlamalıydım
    gülmüşəm
    Bağışla…
    Mən hər şeyin möcüzə olduğuna inanırdım,
    axmaq kimi
    İnanırdım ki, taleyi yazan insanın özüdür.
    İnanırdım ki, Prometey əzabı çəksəm belə
    Azadlıq üçün kimsə tapılacaq.
    Belə deyilmiş, bağışla.
    Demə, külüngü Fərhad kimi yerə çırpıb
    “Heyif zəhmətimdən” acısını yaşamaq var həyatda.
    Demə, son anda, ölümü düşündüyün anda
    Külüngünün nar ağacı kimi çiçəkləməsi var.
    Demə, yaşamalı həyat var, həyatda…
    Bağışla.
    İndi bir Şəbdiz lazımdır ki,
    Oturasan Şirin kimi üzərinə
    çapasan-çapasan dünyanın qurtaracağına.
    İndi bir güc lazımdır ki, bir həvəs
    Çırpasan qəzəblə qılıncını qaya parçasına
    Dirilik suyu içib Xızır olasan
    Əbədiyaşar olasan.
    Bağışla.
    Mənim Tanrım İbrahimin Tanrısı qədər
    mərhəmətli olmadı, ana.
    Mənim Tanrım bitirmədi əbədi alovu
    Soyuq etmədi atəşini
    Bağışla…
    Yəqin ki, günlərin birində
    Bir heykəl ucalacaq
    Hə… hə, belə olacaq.
    Bir qadın heykəli ucalacaq. Məğrur baxışlı
    Ətəyinə gül düzən adamlara baxacaq
    daş soyuqluğuyla
    Sıxacaq övladını sinəsinə
    Ömürlük abidə olacaq yaddaşlarda
    bağışla…
    Anacan…
    Mən çoxdan mum qanadlarımı
    İkar kimi günəş önündə əritmişəm.
    Lal yaranmış xəstəliklər kimi
    Pandora sandığından
    Ürəyinin başına sancılmışam, bağışla…

    Mənbə: http://www.edebiyyatqazeti.az

  • İbrahim İLYASLI.”Şahinəyə”

    Yazın əvvəllərində Şahinə Könül mənə telefon açıb dedi ki, İncədə gül-gülü çağırır, bülbül-bülbülü. Haralardasınız, kəndə niyə gəlmirsiniz?

    İncədə bir gülüm vardı –
    Aydan arı, sudan təmiz.
    Onu da yellər apardı,
    Qaldım çiçəksiz, çəmənsiz.

    İndi ha boylanım-baxım,
    Ötüb ömrün gül vədəsi…
    Bağrımın qan vaxtı çatıb,
    Saçlarımın kül vədəsi.

    Bir mən qallam, bir də qalar
    Mənə bu zülmü çəkdirən…
    Nə o həmin çiçək olar,
    Nə mən həmin çiçəkdərən.

  • Xalq şairi Zəlimxan YAQUB.”Unudulmaz el bəzəyi, el oğlu”

    Unudulmaz el bəzəyi, el oğlu,
    Hər gün onu saz dinlədi, saz andı.
    Yaratdığı gəraylıda, qoşmada,
    Yüz il, min il şair ömrü uzandı.

    Var oynayan, dümbək çalan, var aşıq,
    Ustad aşıq hər məclisə yaraşıq.
    Saz əhlinə, söz əhlinə yar aşıq,
    Müqəddəsdi, ağsaqqaldı, ozandı.

    Ömür verib divarına, daşına,
    Yaş artırıb sözümüzün yaşına.
    Nanəcibin, müxənnətin başına
    Sözü var ki, bircə qaynar qazandı.

    El zərgərdi, zəri seçdi, bəyəndi,
    Eldən gəlsə, şöhrət göyə dəyəndi.
    Dedilər ki sinəsindən deyəndi,
    Demədilər, hecalayıb yazandı.

    Nə Kərəmtək yaş axıdıb ağlayan,
    Nə Məcnuntək ürəkləri dağlayan,
    Yeri gəlsə çaylar kimi çağlayan,
    Yeri gəlsə nərə dönüb qızandı.

    Qonaq oldu hər yurda, hər oymağa,
    Tərif dedi Güləndama, Qaymağa.
    Sənətində balı qatdı qaymağa,
    Haqq aşığı əbədiyyət qazandı!!!

  • Xalq şairi Zəlimxan YAQUB.”Döyüşən Türk, oyanan Türk, qalxan Türk!”

    Ayaz nədir, şaxta nədir, bürkü nə,
    Nə qorxudar haqq yolunda Türkü, nə?
    Birə düşsün düşmənlərin kürkünə,
    Dəniz kimi dalğalan, Türk, çalxan, Türk,
    Döyüşən Türk, oyanan Türk, qalxan Türk!

    Silkələdin göyün yeddi qatını,
    Qucaqladın doğu ilə batını.
    Dur yəhərlə ərənlərin atını,
    Dəniz kimi dalğalan, Türk, çalxan, Türk,
    Döyüşən Türk, oyanan Türk, qalxan Türk!

    Sabaha bax, əsr səni gözləyir,
    Qala səni, qəsr səni gözləyir.
    Məhkum səni, əsir səni gözləyir,
    Dəniz kimi dalğalan, Türk, çalxan, Türk,
    Döyüşən Türk, oyanan Türk, qalxan Türk!

    Qılınmasa başımızın çarası,
    Silinərmi üzümüzün qarası?!
    Altay ilə Anadolu arası
    Dəniz kimi dalğalan, Türk, çalxan, Türk,
    Döyüşən Türk, oyanan Türk, qalxan Türk!

    Döyüşdədir ağlın, huşun yolları,
    Döyüşdədir uçan quşun yolları.
    Döyüşdədir qurtuluşun yolları,
    Dəniz kimi dalğalan, Türk, çalxan, Türk,
    Döyüşən Türk, oyanan Türk, qalxan Türk!

    Əritmisən əriyəntək qar suda
    Romanı da, Bizansı da, Farsı da.
    Qala kimi təzədən qur Qarsı da,
    Dəniz kimi dalğalan, Türk, çalxan, Türk,
    Döyüşən Türk, oyanan Türk, qalxan Türk!

    “Gilqamış”dan, “Alpamış”dan, “Manas”dan
    Geri qalmaz dastan olsun bu dastan.
    Qurtar bizi bu həsrətdən, bu yasdan,
    Dəniz kimi dalğalan, Türk, çalxan, Türk,
    Döyüşən Türk, oyanan Türk, qalxan Türk!

    Hardan hara getdiyini bilən yol,
    Üfüqlərə qovuşanda gülən yol,
    Atilladan Atatürkə gələn yol,
    Qalxan olsun başın üstə, qalxan, Türk!
    Çanaqqala, Malazgirdin davamı,
    Türk deyil ki, öz qanından qorxan Türk!
    Təmiz süddən mayalansın, doğulsun,
    Mete kimi, Oğuz kimi bir xan, Türk!
    Yaddaşımda sıralansın, anılsın,
    Ərtoğrul bəy, Osman Qazi, Orxan, Türk!
    Yenə tanrı dağlarını qucaqla,
    Dəniz kimi dalğalan, Türk, çalxan, Türk,
    Döyüşən Türk, oyanan Türk, qalxan Türk!

  • Xalq şairi Zəlimxan YAQUB.”Mən sənin qəlbinə necə yol tapım?!”

    Gəl mənim ömrümün şirin dünyası
    Məhəbbət adlanan pirin dünyası
    Fərhad əfsanəsi, Şirin dünyası
    Qalamı uçurum, qaya mı çapım?!
    Mən sənin qəlbinə necə yol tapım?!

    Ömrüm sənə sarı düşən güzardı
    Əvvəli beşikdi, sonu məzardı
    Ay Allah bu azar nə xoş azardı
    Ürək ağrılarım, könül əzabım
    Mən sənin qəlbinə necə yol tapım?!

    Ürəkdən ürəyə dil körpüsü var
    Görüşdən görüşə gül körpüsü var
    Gizli sevdaların qıl körpüsü var
    Çatar mı keçməyə dözümüm, tabım?!
    Mən sənin qəlbinə necə yol tapım?!

    Keşikçi ayıqdı, gözətçi mətin
    İzləmək qorxulu boylanmaq çətin
    Hasarı hündürdü bu imarətin
    Tilsimli pəncərəm, qıfıllı qapım
    Mən sənin qəlbinə necə yol tapım?!

    Gecələr şam kimi əritdin məni
    Gündüzlər yol üstə qurutdun məni
    Gözlədə-gözlədə çürütdün məni
    Örtülü dəftərim, bağlı kitabım
    Mən sənin qəlbinə necə yol tapım?!

    Tufan mı qaldırım, mehə mi dönüm?!
    Yağış mı yağdırım, şehə mi dönüm?!
    Qula mı çevrilim, şaha mı dönüm?!
    Çəmənim, çiçəyim, gülüm, gülabım
    Mən sənin qəlbinə necə yol tapım?!

    Tanrı sovqatımsan, din işığımsan
    Səhər şəfəqimsən, dan işığımsan
    Ən şirin ləhcəmsən, danışığımsan
    Bütün suallara sənsən cavabım
    Mən sənin qəlbinə necə yol tapım?!
    Mənim ilk sevincim, son iztirabım
    Mən sənin qəlbinə necə yol tapım?!

  • Xalq şairi Zəlimxan YAQUB.”Bu qız niyə havalanıb görəsən?”

    Görünməmiş bir sənətmi yaradıb
    Bu qız niyə havalanıb görəsən?
    Cəhənnəmdə bir cənnətmi yaradıb
    Bu qız niyə havalanıb görəsən?

    Oda düşmüş odu almır eyninə
    Odmu düşüb ürəyinə, beyninə?
    Yer üzünü alıb gedir çiyninə,
    Bu qız niyə havalanıb görəsən?

    Göynən gedir yerə dəymir ayağı
    Asimanda uçur mələk sayağı.
    Elə bil ki, budu ərşin dayağı,
    Bu qız niyə havalanıb görəsən?

    Dodaq qaçır, göz gülür, üz oxuyur,
    Seyrə çıxıb, bir susur yüz oxuyur.
    Zalım qızı gecə-gündüz oxuyur
    Bu qız niyə havalanıb görəsən?

    Gül koludu, budağını əymirəm,
    “Dəymə” deyir, toxunmuram, dəymirəm.
    Havalıdı, havasından doymuram
    Bu qız niyə havalanıb görəsən?

    Harda qurub dəyəsini bilmədim,
    Sahibini, yiyəsini bilmədim.
    Neylədimsə niyəsini bilmədim
    Bu qız niyə havalanıb görəsən?

    Nə amana fikir verir, nə aha
    Mən qul oldum, o çevrilib bir şaha.
    Bəlkə təzə qohum olub Allaha,
    Bu qız niyə havalanıb görəsən?

    Məni gördü gah gündə, gah kölgədə,
    Ucbatından rüsvay oldum ölkədə.
    Günahkarı Zəlimxandı bəlkə də,
    Bu qız niyə havalanıb görəsən?

  • Xalq şairi Zəlimxan YAQUB.”Yoldayam”

    Dan yerindən əsən mehə bələndim,
    Mehdən gəlib mehə gedən yoldayam.
    Duru gəlib duru qalmaq eşqinə
    Şehdən gəlib şehə gedən yoldayam.

    Libası qəm, paltarı qəm, donu qəm,
    Günlərimiz beşi sevinc, onu qəm.
    Bu dünyanın əvvəli qəm, sonu qəm,
    Ahdan gəlib aha gedən yoldayam.

    Yağış mənim, boran mənim, qar mənim,
    Uçurum mənim, keçid mənim, dar mənim,
    Ucuz yolda nə ölümüm var mənim? –
    Baha gəlib baha gedən yoldayam.

    Lələ mənəm, Kərəm mənəm, kül mənəm,
    Kül içindən baş qaldıran gül mənəm,
    Sevgi adlı şah evində qul mənəm,
    Şahdan gəlib şaha gedən yoldayam…

  • Rumıniyanın AGERPRES milli xəbər agentliyi İmadəddin Nəsimi barədə məqalə yayıb

    Rumıniyanın AGERPRES milli xəbər agentliyi Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Nəcəfovun böyük Azərbaycan şairi İmadəddin Nəsimi barədə “Orta əsrlər Şərqinin tarixi-mədəni kontekstində İmadəddin Nəsiminin mənəvi irsi” sərlövhəli məqaləsini yayıb.

    Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin dahi şairin 650 illik yubileyinin keçirilməsi haqqında Sərəncamından və dövlət başçısı tərəfindən bu ilin “Nəsimi ili” elan edilməsindən söhbət açılıb, Nəsiminin həyatı, fəaliyyəti, əsərləri barədə geniş məlumat verilib. Həmçinin onun mənəvi və fəlsəfi ideyalarının bəşəriyyəti ümumi dəyərlər ətrafında birləşməyə, ədalətsizliyə qarşı mübarizəyə səslədiyi xüsusi vurğulanıb.

    Yazıda bildirilib ki, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 600 illik yubileyi ilk dəfə hələ sovetlər birliyi dövründə 1973-cü ildə Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin təşəbbüsü ilə keçirilib. Bu yubiley tədbirləri nəinki Bakıda və bütün Azərbaycanda, hətta Moskvada və Parisdə, UNESCO-nun qərargahında da təşkil olunub. Ümummilli Liderin təşəbbüsü nəticəsində Nəsimi ilə bağlı ciddi tədqiqatlar aparılıb, qüdrətli şairin yaradıcılığının hərtərəfli öyrənilməsi Azərbaycan dili və ədəbiyyatı tarixinin tədqiqində yeni mərhələ açıb.

    Qeyd edilib ki, 2018-ci ildə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə ilk dəfə Beynəlxalq Nəsimi Festivalı təşkil olunub, dünyanın 10-dan çox ölkəsindən gələn Nəsimişünas alimlərin iştirakı ilə elmi konfranslar, simpoziumlar, kitab təqdimatları və sərgiləri keçirilib. Məqalədə vurğulanıb ki, həmin ilin noyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev Nəsiminin 650 illik yubileyinin keçirilməsi barədə Sərəncam imzalayıb və 2019-cu il yanvarın 15-də dövlət başçısının digər müvafiq Sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib.

    Mənbə: http://www.edebiyyatqazeti.az

  • Milli Kitabxanada “Vaqif Səmədoğlu – 80” adlı kitab sərgisi açılıb

    İyunun 4-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Xalq şairi Vaqif Səmədoğlunun anadan olmasının 80 illiyi münasibətilə “Vaqif Səmədoğlu – 80” adlı kitab sərgisi açılıb.

    Kitabxanadan bildirilib ki, sərgidə şairin Azərbaycan və xarici dillərdə nəşr olunmuş əsərləri, tərcümələri, tərtib etdiyi və redaktoru olduğu, haqqında yazılmış kitablar və dövri mətbuat materialları nümayiş olunur.

    Sərgi bir həftə davam edəcək.

    Mənbə: http://www.edebiyyatqazeti.az

  • Varis Yolçuyev Rusiyada təltif olundu

    Moskva şəhərində – Hökumət evinin Böyük Konfrans zalında Rusiya Yazıçılar Birliyi Rəyasət Heyətinin qərarı ilə bir qrup ictimai və ədəbi xadim nüfuzlu “Puşkin mükafatı” və “Puşkin medalı” ilə təltif ediliblər.

    Onların sırasında Azərbaycan yazıçısı Varis Yolçuyev də var.

    Mükafatlandırma böyük rus şairi Aleksandr Puşkinin anadan olmasının 220-ci ildönümü münasibətilə düzənlənən təntənəli mərasimdə baş tutub. Ötən il əhəmiyyətli dərəcədə uğur qazanan, bu münasibətlə premial “Rus prozası antologiyası. 2018” və “Rus poeziyası antologiyası. 2018” nəşrlərində dərc olunan yazarlar laureat adını qazanıblar. Təntənəli mərasimdə antologiyanın nəşrləri də təqdim olunub.

    Rusiyanın ən tanınmış ədəbi simalarından olan “Literaturnaya qazeta”nın baş redaktoru Maksim Zamşev 2019-cu il “Puşkin mükafatı” ilə mükafatlandırılıb.

    “Puşkin medalı” ilə laureatlar 2 dərəcə üzrə təltif olunublar: 1-ci (qızıl-gümüş tərkibli) və 2-ci (neyzilber tərkibli) dərəcəli. Varis Yolçuyev 1-ci dərəcəli “Puşkin medalı” ilə mükafatlandırılıb.

    Mükafatları laureatlara Rusiya Yazıçılar Birliyinin sədri Dmitriy Kravçuk təqdim edib.

    Mərasimdə Rusiyanın yüksək ranqlı dövlət məmurları, nüfuzlu mədəniyyət xadimləri və media nümayəndələri iştirak ediblər.

    Mərasim Puşkinin yaradıcılığına həsr olunmuş ədəbi-bədii kompozisiya və konsert proloqamı ilə yekunlaşıb.

    Mənbə: http://www.edebiyyatqazeti.az

  • Gənc xanım yazar İlahə İmanovanın şeiri Təbriz şəhərində yayınlanan “Ədəbi Körpü” dərgisində çap olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Baş redaktorunun I müavini, istedadlı gənc xanım yazar İlahə İmanovanın doğum günü-yubileyi münasibətilə “Qısqanıram” adlı şeiri İran İslam Respublikasının Təbriz şəhərində fəaliyyət göstərən “Ədəbi Körpü” aylıq ədəbi dərgisinin 8-ci sayında Azərbaycan və fars dillərində dərc olunub. Şeiri Azərbaycan türkcəsindən fars dilində “Ədəbi Körpü” dərgisinin təsisçisi və baş redaktoru, tanınmış şair-publisist Səxavət İzzəti (ƏNDƏLİB) uyğunlaşdırıb.

    “Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği” layihəsinin layihəsinin rəhbəri, müəllifi, koordinatoru Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilcisi Kamran Murquzov, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvaz, Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Kənan Aydınoğludur.

    Qeyd edək ki, bundan öncə istedadlı gənc xanım yazar İlahə İmanovanın bədii yaradıcılıq nümunələri, poeziya örnəkləri Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən “Kardelen” (Bilecik şəhəri), “Hece Taşları” (Kaharamanmaraş şəhəri) dərgilərində dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Nüsrət KƏSƏMƏNLİ.”Dostum”

    Gəl, məni dost kimi dindir, danışdır.
    Dost bilsin qıraqdan camaat bizi.
    Mən deyim: dostumdur, sən de: tanışdır,
    Hamıdan gizlədək sevdiyimizi.

    Danışaq, gülüşək, gəzək yan-yana
    Onda adımıza söz də deyilməz.
    Gizli görüşümüz çıxsa meydana,
    Deyək ki, dost dostla görüşə bilməz?

    Yalandan bir oğlan şəkili gətir,
    Heç kim bilməsin ki, sevgiliyik biz.
    İstəsən arada qoluma da gir,
    Burda pis nə var ki, dost deyilik biz?

    Zəng elə danışaq dərsdən-filandan,
    Anana denən ki, bir yoldaşımdı.
    Qoy hamı «dost» bilsin bizi hər zaman,
    Denən ki, heç mənim sevən yaşımdı…

    Bu yolla gizlədək gəl sevgimizi,
    Camaat «dost» bilsin, anansa yoldaş…
    «Dost»luğa bükərək həsrətimizi,
    Bir azcıq sevinək gəl yavaş-yavaş.

    «Dost»luqla böyüsün məhəbbətimiz,
    Qoy daha olmasın həsrət, göz yaşı…
    Gəl, əvvəl həyatda yoldaş olaq biz,
    Sonrasa olarıq həyat yoldaşı…

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Ayrılıq”

    Mən səni həyatda daşa dəyişdim,
    Torpağa dəyişdim, məzara döndün.
    Mən öz baharımı qışa deyişdim,
    Çinara dönmüşdün, hasara döndün.

    Bir ana bənd imiş bu əbədiyyət,
    Duydum buza dönən nəfəsimi də,
    Anamı əlimdən alan təbiət
    Gözü götürmədi, aldı səni də.

    Mən bir xəcalətdən çıxa bilmədim,
    Bu gizli dərdimi açıq desəm də.
    Sənə – sənə layiq baxa bilmədim,
    Səni – sənə layiq dəfn eləsəm də.

    Yerə söykədilər mərmər üzünü,
    Qışqırdım dayanın,əl saxladılar
    Mən özüm örtərdim evdə üzünü,
    Burda, qəbristanda torpaqladılar.

    Sən getdin, dəyişdi həyatın özü,
    Getdi dadı-tamı, hər şeyi getdi.
    Evi bəzərdin ki,gözəl görünsün,
    Evimin ən gözəl bəzəyi getdi.

    Gedib dost-qohumun qəbri üstünə,
    Gül-çiçək qoyurduq ikilikdə biz.
    Mən sənsiz ölərəm! Demişdim sənə,
    Hamısı yalanmış, yaşadım sənsiz…

    Sənə sədaqətdi bütün həyatım
    Deyərdim, baxardın gülümsəyərək.
    Səni qəbristanda qoyub qayıtdım,
    Sədaqət şüarım bu imiş demək.

    Bu gün qəbristanda gecikib səhər,
    Üstünə nur səpir qızıl dan yeri.
    Torpaq ot bitirər, ağaç bitirər,
    Burda daş bitirir qəbristan yeri.

    Bir gözəllik itib duman içində,
    Dünya imtahanmış, işləri ovsun.
    İlahi, bu qədər insan içində,
    Bir insan tapılmır söz demək olsun…

    Fikirli qalxıram üzüyuxarı,
    Nə qədər yaxınsan, nə qədər uzaq.
    Təzə ot göyərib örtür cığırı,
    İtirmək istəyir qəbrini torpaq…

    Mənsiz darıxardın evdə hər dəfə,
    Dözümsüz olmuşdu gecə-gündüzün.
    Gedəndə deyirdin: “tez qayıt evə”,
    Bəs niyə qayıdıb gəlmirsən özün?!

    Gözüm yolda qalıb, qulağım səsdə,
    Gedibsən, qalmışam mən qonaq kimi.
    Sən yerin altında, mən yerin üstə,
    Biz ayrı düşmüşük kök-budaq kimi…

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • Mikayıl MÜŞFİQ.”Öyrəniş”

    Həyat nədir? Sual verdim özümə,
    Mənasını çiçəklərdən öyrəndim.
    Yaşadıqca çarpışmayı, sevməyi
    Qəlbimdəki diləklərdən öyrəndim.

    Bir yay aldım çıxmaq üçün şikara,
    Tuş gəldim bir ahu gözlü nigarə.
    Nişan alıb ox atmağı, nə çarə,
    Daş ürəkli mələklərdən öyrəndim.

    Sular kimi köpüklənib daşmağı,
    Ellər kimi uca dağlar aşmağı,
    Min bir əməl arxasınca qoşmağı
    Dürlü-dürlü ürəklərdən öyrəndim.

    Xəbər olsun hər tazəyə, hər gəncə:
    İnsan çocuq, həyat ona əyləncə…
    Mən gurultu qoparmağı ilk öncə
    Alov gözlü şimşəklərdən öyrəndim.

    Həyat nədir? Ölüm nədir? Boş sual!
    Sevda nədir? Hicran nədir? Bir xəyal!
    Mən bunların əsasını, iştə, al:
    Həp çəkdiyim əməklərdən öyrəndim.

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • Xalq şairi Rəsul RZA.”Pəncərəmi açmışam”

    Pəncərəmi açmışam,
    Günəş gəzir otaqda.
    Küsmüş bir qonaq kimi
    xəbərsiz getdi şaxta.
    Bir qonaq ki,
    söhbəti çox uzundu;
    qəm gətirirdi səsi.
    Bir qonaq ki,
    iliklərə sızırdı
    acı, soyuq nəfəsi.
    Pəncərəmi açmışam.
    Çöldən evə yaz gəlir.
    Yaz yox,
    yazın qoxusu.
    Hələ yerin canından
    çıxmamışdır soyuqların qorxusu.
    Pəncərəmdən gələn yaz
    yazılmamış bir nəğmənin
    ilk xalları kimidir,
    Bir körpənin xəyalları kimidir.
    Həqiqətdir, əfsanəyə bənzəyir,
    Bir xəyaldır, həqiqəti bəzəyir.
    Hələ zərif çiçək kimi
    özü küləkdə əsən
    ilıq, yeni nəfəsdir.
    Olsun,-olsun, nə zərər.
    Qışı yola salana,
    baharı duymaq üçün
    İnanın, bu da bəsdir.
    Havadan birəm-birəm
    enir qar.
    İnsanlar!
    Ay insanlar!
    Könlümüzdədir bahar…

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • Xalq şairi Vaqif SƏMƏDOĞLU.”Sevgilim, mən öləndə…”

    Sevgilim, mən öləndə,
    Bir küncdə xısın-xısın
    Ağlayacaqsanmı sən?
    Kimin xarabasında
    Bir damla yaşa dönüb
    Düşəcəyəm gözündən?

    Ağla, qurbanım, ağla,
    Ağla, һeyranım, ağla,
    Evdə qonaqlar olsa,
    Çıxıb eşikdə ağla.
    Gözlə, gecə düşəndə
    Yorğan-döşəkdə ağla.
    Qulaq asma aləmin
    Sözünə bircə kərə.
    De, Vaqif ölməliydi,
    Gəl öldü naһaq yerə…

    Sevgilim, mən öləndə,
    Soraq sənə gələndə,
    Düşmən gözü güləndə,
    Ağla, olanım, ağla,
    Ağla, qalanım, ağla,
    Ağla, mən ölüm, ağla…

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • Xalq şairi Səməd VURĞUN.”Ey könül! Min namə yaz bir gülüzarın eşqinə”

    Ey könül! Min namə yaz bir gülüzarın eşqinə,
    Can evindən seyrə çıx bir xoş güzarın eşqinə.

    Hansı rəssamın əlilə canlanır dünya evi?
    Hər çəmən min qönçə açmış novbaharım eşqinə!

    Gəl, gəl, ey sevdalı bülbül, gəl gəzək gülşənləri,
    Sən gülün eşqilə dillən, mən də yarın eşqinə.

    Məcnun öz şurilə çox da aləmə səs salmasın,
    Hansı namərd can əsirgər bir nigarın eşqinə?

    Gün keçir, dövran keçir… Öz hökmünü vermiş zaman,
    Ney tutulsun, badə gəlsin ruzigarın eşqinə!

    İnsan oğlu can verər pərvanətək atəşlərə
    Düz sözün, düz ilqarın, düz etibarın eşqinə!

    Vurğunun öz aləmi, öz qəlbi, öz ilhamı var
    Mehri-ülfətdən yaranmış bir diyarın eşqinə!

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • Xalq şairi Məmməd RAHİM.”Qara gözlərin”

    Saldı qara gözlərin neçə aşiqi bəndə,
    Qız, xaliqin öləydi səni xəlq eləyəndə.
    Kamına çatmayaydı,
    Səni yaradırdısa məni yaratmayaydı.
    Nə ad verim hüsnünə, dağlardakı qarmısan?
    Ömrə əsən sərin meh,
    Sehrli rüzgarmısan?
    Sənə mələkmi deyim, görməmişəm mələyi.
    Sənmi dolandırırsan söylə çərxi-fələyi?
    Bu necə yaraşıqdır,
    Bu nə sayaq bədəndir?
    Qız, vücudun nədəndir?
    Nəyə oxşadılıbdır, yarananda bu qamət?
    Hardandır bu təravət?
    Sən bahar fəslisənmi?
    Leylimi, Əslisənmi?
    Yoxsa, adın Şirindir?
    Şirinliyin ətirli şəkərdən də şirindir.
    Süsənbər, ağ yasəmən səndən təzə-tərmidir?
    Vücudun ənbərmidir?
    Sənə axar su deyim, suyu dayandırarsan.
    Atəşmi adlandırım, alovu yandırarsan.
    Saldı qara gözlərin neçə aşiqi bəndə
    Qız, xaliqin öləydi səni xəlq eləyəndə!…

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • Tofiq BAYRAM.”Ay gecikən məhəbbətim!”

    İllər boyu səni gəzdim,
    Ay gecikən məhəbbətim!
    Sən yubandın, mən tələsdim,
    Getdi gənclik təravətim,
    Ay gecikən məhəbbətim!

    Mən bir yanda sənə möhtac,
    Sən bir yanda gəzdin əlac.
    İki qəlbdə bir ehtiyac,
    Övladıyıq bir həsrətin,
    Ay gecikən məhəbbətim!

    Saç ağartdım bu yollarda,
    Harda idin, söylə harda?!
    Bir yarpağam son baharda,
    Saralıram yetim-yetim,
    Ay gecikən məhəbbətim!

    Sən əzabsan, ğöz yaşısan,
    Bəxtimin son naxışısan,
    Bəlkə tale qarğışısan,
    Bəlkə də ilk səadətim,
    Ay gecikən məhəbbətim!

    Gəl ki, sənsiz ürək bir daş.
    Poz qanunu, sədləri aş.
    Sevə-sevə öləydim kaş,
    Sən olaydın vəsiyyətim,
    Ay gecikən məhəbbətim!

    Bir könül var, əmanətdir,
    Acısı da şirin dərddir.
    Bir qadına xəyanətdir,
    Bir gözələ sədaqətim,
    Ay gecikən məhəbbətim!

    Cəzan varsa, verən gəlsin,
    Könlü hicran görən gəlsin.
    Məcnun gəsin, Kərəm gəlsin,
    Desin, nədir qəbahətim,
    Ay gecikən məhəbbətim!

    Bir xəstəyəm, əlacım sən,
    Bir koram, əl ağacım sən,
    Dilənçiyəm, əl açım, sən –
    Sən ol mənim son qismətim,
    Ay gecikən məhəbbətim!

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • Ustad Aşıq ƏLƏSGƏR.Seçmə şeirlər

    EYLƏMİŞƏM

    Ala gözlüm, səndən ayrı düşəli,
    Hicranın qəmiylə kef eyləmişəm,
    Ah-vayınan günüm keçib dünyada,
    Dərd alıb, qəm satıb, nəf eyləmişəm.

    Səndən ayrı şad olmuram, gülmürəm,
    Canımdan bezmişəm, ölə bilmirəm,
    Nə müddətdi qulluğuna gəlmirəm;
    Bağışla təqsirim, səf eyləmişəm.

    Həsrət qoyma gözü gözə, amandı!
    Yandı bağrım, döndü közə, amandı!
    Keçən sözü çəkmə üzə, amandı!
    Hədyan danışmışam, laf eyləmişəm,

    İnsafdımı, gülə həmdəm xar ola?
    Tülək-tərlan ovlağında sar ola?
    Ələsgər istəyir bir bazar ola,
    Seçmişəm gövhəri, saf eyləmişəm.

    TELLƏRİN

    Gözəl, sənin nə vədəndi,
    Kəsilib qısa tellərin?
    Kəlağayı əlvan, qıyqacı
    Üstündən basa tellərin.

    Yanaqların güldü, solmaz,
    Oxlasan, yaram sağalmaz.
    Qaşın cəllad, gözün almaz,
    Bağrımı kəsə tellərin.

    Bağban ağlar bar ucundan,
    Alma, heyva, nar ucundan.
    Ələsgər tək yar ucundan
    Batıbdı yasa tellərin…

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • Ustad Məhəmmədhüseyn ŞƏHRİYAR.”Azərbaycan”

    Könlüm quşu qanad çalmaz, sənsiz bir an, Azərbaycan!
    Xoş günlərin getməz müdam xəyalımdan, Azərbaycan!

    Səndən uzaq düşsəm də mən eşqin ilə yaşayıram,
    Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan!

    Bütün dünya bilir sənin qüdrətinlə, dövlətinlə
    Abad olub, azad olub, mülkü-İran, Azərbaycan!

    Bisütuni-İnqilabda Şirin-Vətən üçin Fərhad
    Külüng vurmuş öz başına zaman-zaman Azərbaycan!

    Vətən eşqi məktəbində can verməyi öyrənmişik…
    Ustadımız demiş heçdir vətənsiz can, Azərbaycan!

    Qurtarmaqçün zalımların əlindən Rəy şümşadını
    Öz şümşadın başdan-başa olub al qan, Azərbaycan!

    Yarəb, nədir bir bu qədər ürəkləri qan etməyin?
    Qolu bağlı qalacaqdır nə vaxtacan Azərbaycan?

    İgidlərin İran üçün şəhid olmuş, əvəzində
    Dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan!

    Evladların nə vaxtadək tərki-vətən olacaqdır
    Əl-ələ ver, üsyan eylə, oyan, oyan, Azərbaycan!

    Yetər – fəraq odlarından kül ələndi başımıza…
    Dur ayağa, ya azad ol, ya tamam yan, Azərbaycan!

    Şəhriyarın ürəyi də səninki tək yaralıdır,
    Azadlıqdır sənə məlhəm, mənə dərman, Azərbaycan!

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • Xalq şairi Cabir NOVRUZ.”Sevin Azərbaycanı!”

    Azərbaycanı sevin, sevin Azərbaycanı,
    Bu gün odlu sevgiyə onun ehtiyacı var…
    Sevin odum, ocağım, evim Azərbaycanı,
    İndiki dərdlərinə eşqimiz əlac olar…

    Yaraları göynəyir, yaraları sızlayır,
    Ey millətin qeyrətli oğulları, qızları,
    Sevgimiz xilas edər bu gün Azərbaycanı,
    Azərbaycanı sevin, sevin Azərbaycanı…
    Adını uca tutun hər arzudan, diləkdən,
    Doymayın, usanmayın ona ana deməkdən…

    O, bizim hamımızın həyacanı, harayı,
    Bir də axı kim yanar ona bizdin savayı?..
    O bizim ruhumuzda, o bizim qanımızda,
    Yalnız biz keçməliyik uğrunda canımızdan.

    Can istəsə can verin, sevin Azərbaycanı,
    Qan istəsə qan verin, sevin Azərbaycanı…
    Azərbaycanı sevin, sevin Azərbaycanı,
    Kürül-kürül odlanan evim Azərbaycanı…

    Dünyada vallah, belə talesiz millət olmaz,
    Nə qədər saxlayanlar girov Azərbaycanı?..
    Bu qədər bölgü olmaz, bu qədər sərhəd olmaz,
    Bəs nə vaxt görəcəyik bütöv Azərbaycanı?!

    Ona övlad payını bizlər verə bilmədik,
    Heç iki obasını birləşdirə bilmədik.
    Astara qovuşmadı doğma Astarasına,
    Culfalıların bir məlhəm tapmadıq yarasına
    Öz doğma yurd-yuvamdır yadın Azərbaycanı
    Biz bacara bilmədik, ey gələcək nəsillər,
    Ey gələcək nəsillər, barı təzə əsrdə,
    Bir-birinə calayın, qatın, Azərbaycanı,
    Köküm, soyum, soyadım, adım Azərbaycanı…

    Haçandır öz-özündən aralı bir ölkədir,
    Şəhidli bir ölkədir, yaralı bir ölkədir…
    Az imiş, o təzədən bölünür, parçalanır,
    Təbriz dərdi üstünə Şuşa dərdi qalanır.
    Neçə yerə ayrılar, ya allahi, bir bədən?
    Xırda bir məkan qalıb o boyda bir ölkədən…

    Tamam bitər, tükənər belə getsə amandır,
    Axı o bir zamanlar o nəhəng Azərbaycandı;
    Zaman-zaman talayıb, biçib Azərbaycanı,
    Bizə miras qoydular kiçik Azərbaycanı.

    Ay bizdən ola-ola bizə yağı olanlar,
    Vətənə sevgidə də az marağı olanlar;
    Xalqına xidmətdə də tamah gəzən dənilər;
    Özümüzdən olanlar, özümüzə qənimlər;
    Siz də qeyrətə gəlin, imana-dinə gəlin,
    Vətən bağışlar sizi, vətən eşqinə gəlin,

    O sizə çörək verib, nəzri-niyaz eyləyib,
    Yalnız onun sevgisi sizi xilas eyləyər.
    Sevməyirsizsə barı boğazına çökməyin.
    Bu ulu məhəbbətə çağırıram hər kəsi,
    Divin canı şüşədə, onun bizdədir canı…
    Məndən çox sevirsiniz bu torpağı bəlkə siz,
    Amma təkrar deyirəm; sevin Azərbaycanı,
    Sevin Azərbaycanı!…

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • Ənvər ƏLİBƏYLİ.”Bakı, əziz şəhər…”

    Bakı, əziz şəhər, mehriban diyar,
    Sinəndə boy atıb oldum bəxtiyar,
    Səndə ilk eşqimin yadigarı var.
    Sən mənim söhbətim,
    Şərəfim, şöhrətim,
    Tükənməz dövlətim, əzizimsən,
    Gözəl Bakı!
    Ürəyim səninlə edir iftixar,
    Xəzərin qoynunda saldın buruqlar.
    Qəlbimdə qəlbinin hərarəti var.
    Baxdıqca doymuram gözəlliyindən,
    Şirin nəğmə qədər sevimlisən sən,
    Hər yerdə, hər yanda deyəcəyəm mən.
    Sən mənim söhbətim,
    Şərəfim, şöhrətim,
    Tükənməz dövlətim, əzizimsən,
    Gözəl Bakı!

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • Zeynal XƏLİL.”Bu gecə”

    Fikrimdə aylı, ulduzlu, asiman var, bu gecə…
    Qəlbimdə körpə quzutək bir ümman var, bu gecə…

    Təkcə sən yoxsan, əzizim, bilir aləm bu gecə,
    Neyçin olmadın de, ey yar, mənə həmdəm bu gecə?

    Araza “axma” – desəm mən, inan, axmaz bu gecə
    Şimşəyə “çaxma” – desəm mən, inan, çaxmaz bu gecə…

    Təkcə sən yoxsan, əzizim, bilir aləm bu gecə,
    Neyçin olmadın de, ey yar, mənə həmdəm bu gecə?

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • Hüseyn Cavid.”Mənim Tanrım”

    Hər qulun cahanda bir pənahı var,
    Hər əhli-halın bir qibləgahı var,
    Hər kəsin bir eşqi, bir allahı var,
    Mənim tanrım gözəllikdir, sevgidir.

    Gözəl sevimlidir, cəllad olsa da;
    Sevgi xoşdur, sonu fəryad olsa da,
    Uğrunda mənliyim bərbad olsa da,
    Son dildarı gözəllikdir, sevgidir.

    Gözəlsiz bir gülşən zindana bənzər,
    Sevgisiz bir başda əqrəblər gəzər,
    Nə görsəm, hanki bəzmə etsəm güzər,
    Həp duyduğum gözəllikdir, sevgidir.

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • Hafiz BAXIŞ.”Mənim dünyam”

    Qərinələr ulu yaşın,
    Mənim dünyam, mənim dünyam.
    Kimlər olmuş gör sirdaşın,
    Mənim dünyam, mənim dünyam.

    Nizaminin öz aləmi,
    Füzulinin söz aləmi,
    Nəsiminin yüz aləmi –
    Mənim dünyam, mənim dünyam.

    Bir əlində mey dolu cam,
    Gəldi-getdi qoca Xəyyam.
    Mən də sənə bir qonağam,
    Mənim dünyam, mənim dünyam.

    Qardaş olsa, qoca bəşər,
    Nə qan, nə də qırğın düşər.
    Ömrüm, günüm gözəlləşər,
    Mənim dünyam, mənim dünyam.

    Qoy ucalsın haqqın səsi,
    Qanadlansın sülh nəğməsi.
    Çiçəklənsin yer kürəsi,
    Mənim dünyam, mənim dünyam.

    Desin, gülsün körpə balam,
    Gözlərində qalmasın kam.
    Səndən ötrü narahatam,
    Mənim dünyam, mənim dünyam…

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • İslam SƏFƏRLİ.”Bakı, sabahın xeyir!”

    Qayıdıb xoş güzərdən,
    Günəş qalxır Xəzərdən.
    Sevgilim keçən yerdən,
    Bütün şəhər yeriyir
    Bakı, sabahın xeyir!

    Hörükləri qaradır,
    Qaşları ayparadır.
    O bir aləm yardır,
    Hamı örəkdən deyir:
    Bakı, sabahın xeyir!

    Xumarlanır ləpələr,
    Gülür mehriban şəhər.
    Sevgilim səhər-səhər
    Zər şəfəqdən don geyir,
    Bakı, sabahın xeyir!

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • Ələkbər ZİYATAY.”Nə deyim, məni sənsiz görəndə?”

    Özün getdin, intizarın qaldı, yar!
    Məhəbbətin yoxsa gözə gəldi, yar?!
    Tanışların bəlkə bizə gəldi, yar,
    De, nə deyim, məni sənsiz görəndə?
    Deyimmi, yar əhdini,
    andını pozdu getdi?
    Əllərini əlimdən,
    hirs ilə üzdü getdi?
    Özün yaxşı bilirsən,
    Sən ki, yaxşı bilirsən:
    Hirs gələr – göz qızarar!
    Hirs gedər – üz qızarar!

    Evimizdən bir çıxardıq hər səhər,
    Yadlar baxıb deyərdi: “Cüt bəxtəvər!”.
    Eşqimizə o vaxt həsəd çəkənlər,
    De, nə deyim məni sənsiz görəndə?!
    Deyimmi, bir kəlməyə,
    Bir eşqi verdi qurban.
    Deyimmi öz əhdini,
    Tapdadı hirslə canan?
    Sən ki, yaxşı bilirsən,
    Özün yaxşı bilirsən:
    Hirs gələr – göz qızarar!
    Hirs gedər – üz qızarar!

    Bəs deyirdin ömürlükdür bu ilqar?!
    Bəs deyirdin qırılmaz bu etibar?!
    Bu sözlərə şahid olan qohumlar,
    De, nə deyim, məni sənsiz görəndə?
    Deyimmi, yar əhdini
    Andını pozdu getdi?
    Əllərini əlimdən,
    Biryolluq üzdü getdi?
    Sən ki, yaxşı bilirsən,
    Quzum, yaxşı bilirsən:
    Hirs gələr – göz qızarar,
    Hirs gedər – üz qızarar.
    Əhd edib, dönük çıxan,
    Həyatda tez qızarar!

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Zirvə”

    Zirvəyə qalxıram dolama yolla,
    bu yol əziyyətdi, tamaşa deyil.
    Qalxıram tədbirlə, hisslə, ağılla,
    zirvənin mənzili birbaşa deyil.

    Kəsir qabağımı gah sis, gah duman,
    gözümdə yorğunluq, saçlarımda dən.
    Qalxıram, daş qopur ayağım altdan,
    dağ mənə söykənir, mən dağa hərdən.

    İllər pillələrmiş bizdən ötəri,
    Yollara gah bürkü, gah şaxta düşür.
    Şöhrətin sevinci, yaşın kədəri,
    tərs kimi, ikisi bir vaxta düşür.

    Keçir icazəsiz ömrün səddini,
    keçirir bizi də alovdan, oddan.
    Sağlamlıq, gözəllik ləyaqətini
    alır əlimizdən yaş soruşmadan.

    Ah, zirvə hardadı, görəsən harda?
    nədi mən getdiyim bu cığır, bu iz?
    Mən də bir zirvəyəm aşağılarda,
    nə mən zirvəsizəm, nə zirvə mənsiz.

    Gedirəm… illərə sorağım düşür,
    insan öz-özündən ayrılır, demək.
    Yuxarı baxıram – papağım düşür,
    aşağı baxıram – gözümdən eynək…

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • Xalq şairi Süleyman RÜSTƏM.”Könlüm yenə min şövq ilə, canan, səni istər”

    Könlüm yenə min şövq ilə, canan, səni istər,
    And olsun əziz canına ki, can səni istər.

    Çəkməz ətəyindən əlini, çəksə də hicran,
    Eylər canını canına qurban, səni istər.

    İlham alıram incə səsindən, nəfəsindən,
    Tək mən deyiləm, şanlı bu dövran səni istər.

    Sən qəlbi təmiz, alnı açıq, şux gözəlimsən,
    Ellər də olub hüsnünə heyran, səni istər.

    İşdir, mənə üz versə fəraqından kədər, qəm,
    Könlüm yenə də dərdinə dərman səni istər.

    Gün keçsə, zaman keçsə, vəfasız belə olsan,
    Əvvəlki məhəbbətlə Süleyman səni istər.

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • Əli KƏRİM.”Qaytar Ana borcunu…”

    Bir gözəl, bir sevimli oğul böyütdü ana.
    O bəd, uğursuz günü – ərinin öldüyünü
    Bildirmədi heç ona.
    Kədəri dalğa-dalğa doldusa da ürəyə
    Lakin nə saç yolaraq verdi əsən küləyə,
    Nə şivən etdi ana.
    Ürəyində ağlayıb, gülmək öyrətdi ona,
    Dözərək davanın da dərdinə, bəlasına,
    Öz boğazından kəsib yedirdi balasına…
    Bir oğul böyütdü ki, gur, çatmaqaş, gensinə.
    Bir oğul böyütdü ki, oğul deyirəm sənə:
    Atlını atdan salıb küləklərlə ötüşür.
    Baxışından qızların ürəyinə od düşür.
    Bir oğul böyütdü ki, oğul məktəb bitirdi,
    Oğul instituta qızıl medalla girdi.
    Ana fikirləşdi ki: “Gör neçə aya getdi?!”
    Ana yuxularında tez-tez Bakıya getdi,
    Ana məktub yazdı ki: “Yanıltma gümanımı,
    Pul nədir, pul deyirsən, göndərərəm canımı”.
    Nə zaman ki oğlunun getdiyi dörd il oldu,
    Məktubları kəsildi, gəlmədi tətil oldu,
    Ananı fikir aldı, ananın əsdi dizi
    Ana müqəssir etdi, tramvayı, dənizi.
    O yenə dözdü, durdu… O yolmadı saçını,
    Səsləri qonşuları Əsmər, Çiçək bacını.
    Yenə də azalmadı ürəkdən bala dərdi
    Onlar oğul vermədi, onlar təsəlli verdi.
    Məktub məktub dalınca axdı, Bakıya xdı,
    Ana da məktubların dalınca baxdı, baxdı…
    Məktublarsa Bakını dolandı, gəzdi, gəldi,
    Məktublar əzik-üzük, məktublar bezdi gəldi,
    Ana yenə də baxdı gah dolama yollara,
    Gah da oğul boyuna həsrət qalan qollara.
    Ana oğul böyütdü gur, çatmaqaş, gensinə,
    Ana oğul böyütdü, özgəyə qismət oldu.
    Ana fikirləşdi ki, mən neyləmişəm sənə?
    Bu nə oğulluq oldu, bu nə məhəbbət oldu?
    Oğul böyütdümü o büzmədodaq bir qıza?
    Oğul böyütdümü o. min işvəyə, min naza?
    Ana bilsəydi əgər böyütməzdi oğlunu,
    Yox, bunu yandım dedim, yenə atmazdı onu.
    Bir gözəl, bir sevimli oğul böyütdü ana,
    Ürəyində ağlayıb gülmək öyrətdi ona.
    Oğul! Nədir etdiyin bəs bu haq-say üçün?
    Qaytar onun ömrünə neçə gecə, neçə gün!
    Qaytar onun saçının qaralığını geri.
    Qaytar o dilindəki şirin-şirin sözləri!
    O sözü, o söhbəti gülüşü anan verib,
    Ana dodaqlarından bala dodaqlarına.
    İndi ondan gen gəzən oğul, ayaqlarına
    Yerişi anan verib.
    Qaytarsan o sözləri, sözsüz bir lal olarsan,
    Qaytarsan o yerişi, yerindəcə qalarsan.
    Qaytarsan o gülüşü hırıldamazsan daha
    Qaytar, qaytar onları. qaytar qoyma sabaha!
    Sən ki dərd verdin, oğul, sənə gülüş verənə.
    Oğul demərəm sənə!
    Deyirəm ki, o boyu, buxunu qaytar geri!
    Deyirəm ki, varını, yoxunu qaytar geri!
    Qaytar onun borcunu,
    Gülüşünü, adını, sözünü qaytar geri!
    Qaytar ana borcunu,
    O borc sənin özünsən, özünü qaytar geri!

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • Xalq şairi Fikrət QOCA.”Ana”

    Əziz anam, şirin sözlü anam,
    Qəlbin kövrək, eşqin solmaz bahar.
    Gülər üzlü, qara qözlü, anam.
    Hara getsəm gözün mənə baxar.
    Ana, qəlbim bu laylarla gəzər
    Doğma səsin ömrü, günü bəzər
    Laylay dedin ana, laylay dedin mənə,
    Həyat verdin mənə, əziz ana.
    Laylan hələ yaşar, laylan ellər aşar,
    Günəş kimi yana yana, ana.

    Ana, səsin aydın səhər ola,
    Ana, qəlbin keşik çəkər bizə.
    Yolum üstə uzaq səfər ola,
    İşıq dolar nurdan düşən gözə.
    Mənim görək gözüm sənsən, ana,
    Ömrüm günüm özüm sənsən, ana
    Laylay dedin ana, laylay dedin mənə,
    Həyat verdin mənə, əziz ana.
    Laylan hələ yaşar, laylan ellər aşar,
    Günəş kimi yana yana, ana…

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • Xalq şairi Ramiz RÖVŞƏN.”Bir səhər yuxudan durub”

    Bir səhər yuxudan durub
    Özünü uşaq görəsən.
    Görəsən hamı evdədi,
    Ölənləri sağ görəsən.

    …Qorxasan qaçıb gedələr, –
    Tez qapını bağlayasan.
    Geri dönüb içəridə
    bir təzə qonaq görəsən.

    Görəsən ki, qapqaradı
    o qonaq başdan ayağa.
    Ondan başqa hamısının
    üst-başını ağ görəsən.

    Pəncərədən içəriyə
    dola, dola gün işığı.
    İçəridə boş-boşuna
    yanan bir çıraq görəsən.

    Söndürəsən o çırağı –
    hamı birdən yoxa çıxa….
    Otaqda bir qara qələm,
    bir də ağ vərəq görəsən…

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • Xalq şairi Mirvarid DİLBAZİ.Seçilmiş şeirlər

    Xatirələr olan yerdə

    Daşların da dili vardır,
    Xatirələr olan yerdə.
    İnsanların sevincləri,
    Həsrətləri qalan yerdə.

    Məni bulaqlar dindirər,
    Hey ağladar sevindirər.
    Sular odumu söndürər,
    Anam layla çalan yerdə.

    Hər duyğunun öz adı var,
    Fikrin qəmlisi, şadı var.
    Könlüm qaldı qoca çinar,
    Kölgəsini salan yerdə.

    Bənövşələr üşüyəndə

    Bir qanadlı ürəyim var,
    Yuvasında tutmur qərar.
    Dünənlərə nazlı bahar,
    Yaşıl xalı döşüyəndə.

    Neçə dağdan keçir yolum,
    Çiçək olur sağım, solum.
    İstəyirəm günəş olum,
    Bənövşələr üşüyəndə.

    Göyçə dərdi

    Qəsbkara qalan Göyçəm,
    El-obası talan Göyçəm.
    Ağ güllərin qara bitsin,
    El yurduna dönməyincə.

    Qoy axmasın bulaqların,
    Gül açmasın yaylaqların,
    Tikan bitirsin dağların
    Yad bayrağın enməyincə.

    Yurd saldıq qaldı namərdə,
    Ağlar burda göy də,yer də,
    Yanmayacaq el çırağı
    Qurduğunuz ağ evlərdə
    Yad çırağı sönməyincə.

    Təklənmiş millətim

    Qoçaqların şan-şöhrətin,
    Qorxaqların baş töhmətin
    Olan təklənmiş millətim!
    Qoçağa qorxaq deyilməz,
    Heç zərbədən dağ əyilməz.
    Qalx, ey adı oğul olan,
    Torpağı düşmənə qalan,
    Meşələrdə dönən balan
    Qisasa çağırır səni,
    Qalx, qurtar doğma vətəni,
    Kömək gəlir yad ellərdən,
    O günü ağlayıram mən,
    “İanəyə” qaldıq nədən?
    Qəhrəmanım, gir döyüşə

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • Xalq şairi Nəbi XƏZRİ.”Külək”


    Yenə payız gəldi qonaqlar kimi…
    Soldu məhəbbətim yarpaqlar kimi…
    Ürək pıçıldayır dodaqlar kimi…
    Külək, niyə belə əsirsən, külək?
    Niyə ümidimi kəsirsən, külək?

    Sevgilim görüşə çağırmış məni,
    Mən necə unudum olub-keçəni?
    O deyir astaca: “Sevmirəm səni…”
    Sən niyə sözünü kəsirsən, külək?
    Külək, niyə belə əsirsən, külək?

    O, ürək ağrıtdı, ürək incitdi,
    Bir eşqin sevimli nəğməsi bitdi.
    Sanki məhəbbətim xəyaldı, getdi…
    Külək niyə belə əsirsən, külək?
    Sən də mi sevgini gəzirsən, külək?…

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • Baba VƏZİROĞLU.”Təkcə səndən nigaranam…”

    Ömrüm boyu gözümdə kam,
    Bu həsrəti daşıyıram.
    Mən birtəhər yaşayıram,
    Təkcə səndən nigaranam…

    Yandı qəlbim, soldu keçdi,
    Bir də sevmək daha gecdi,
    Mənə olan oldu, keçdi,
    Təkcə səndən nigaranam…

    Mən sahilsiz bir gecəyəm,
    Heç bilmirəm kiməm, nəyəm,
    Nə vecinə, mən necəyəm,
    Təkcə səndən nigaranam…

    Gəlib hərdən düşər yada,
    O günlər bir nağılsa da,
    Bütün dünya dağılsa da,
    Təkcə səndən nigaranam…

    Ömür ötür aram-aram,
    Heç bilmirsən yoxam, varam,
    Mənsə səni soruşaram,
    Təkcə səndən nigaranam,
    Təkcə səndən nigaranam!..

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT HİMNİ

    Söz: Əhməd Cavad
    Musiqi: Üzeyir Hacıbəyov

    Azərbaycan! Azərbaycan!
    Ey qəhrəman övladın şanlı Vətəni!
    Səndən ötrü can verməyə cümlə hazırız!
    Səndən ötrü qan tökməyə cümlə qadiriz!
    Üçrəngli bayrağınla məsud yaşa!
    Üçrəngli bayrağınla məsud yaşa!

    Minlərlə can qurban oldu,
    Sinən hərbə meydan oldu!
    Hüququndan keçən əsgər,
    Hərə bir qəhrəman oldu!

    Sən olasan gülüstan,
    Sənə hər an can qurban!
    Sənə min bir məhəbbət
    Sinəmdə tutmuş məkan!

    Namusunu hifz etməyə,
    Bayrağını yüksəltməyə
    Namusunu hifz etməyə,
    Cümlə gənclər müştaqdır!
    Şanlı Vətən! Şanlı Vətən!
    Azərbaycan! Azərbaycan!
    Azərbaycan! Azərbaycan!

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • Xalq şairi Məmməd ARAZ.”Azərbaycan-Dünyam mənim”

    Azərbaycan – qayalarda
    bitən bir çiçək,
    Azərbaycan – çiçəklərin içində qaya.
    Mənim könlüm bu torpağı
    vəsf eləyərək,
    Azərbaycan dünyasından
    baxar dünyaya.

    Azərbaycan – mayası nur, qayəsi nur ki,
    Hər daşından alov dilli ox ola bilər.
    “Azərbaycan!” – deyiləndə ayağa dur ki,
    Füzulinin ürəyinə toxuna bilər…

    Oğulları Kür gəzdirər biləklərində,
    Oğulların göz atəşi
    Gözəl əridir.
    Azərbaycan səhərinin bəbəklərində
    Qütb ulduzu,
    dan ulduzu gözəlləridir.
    İllər olub – kürrələrdə dəmir olmuşuq,
    Sərhədlərdə dayanmışıq küləkdən ayıq.
    Od gölündə,
    buz çölündə gəmi olmuşuq,
    Biz Bakının ilk səadət carçılarıyıq.
    Min illərlə zülmətlərə yollar açıqdı,
    Dalğalandı Sabirlərin
    ümman dünyası,
    Azərbaycan qatarı da yollara çıxdı
    Dağılanda Qoca Şərqin duman dünyası.

    Azərbaycan – mayası nur, qayəsi nur ki…
    Hər daşından alov dilli ox ola bilər.
    “Azərbaycan!” – deyiləndə ayağa dur ki,
    Ana yurdun ürəyinə toxuna bilər…

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Azərbaycan”

    Azərbaycan, adın oddur, özün – işıq, sözün- işıq.
    Biz də sənin bu müqəddəs torpağından boy atmışıq,
    Sənsən bizim bu dünyada məsləkimiz, amalımız,
    Yolumuza işıq saçsın ulduzumuz, hilalımız.

    Nəfəsimiz – ulu Qorqud dədəmizin öz nəfəsi,
    Mahnımızda yaşar bizim babaların addım səsi.
    Bu torpaqda, bu diyarda dünən vardıq, bu gün varıq,
    Biz keçmişə güvəndikcə gələcəyə addımlarıq.

    Vətən bizsiz də keçinər, keçinmərik biz Vətənsiz.
    Bu məramla boy atmışıq Çənlibellər üstündə biz.
    Şəhidlərin qanı ilə yoğrulubdur torpağımız,
    Qəlbimizdə dalğalanır öz üç rəngli bayrağımız.

    Qardaşlıqdır şüarımız, biz həmişə əl tutanıq,
    Düşmən bizə əl uzatsa, düşmənliyi unudanıq.
    Könlümüzdə bir vahiddir güneyimiz, quzeyimiz,
    Vətən – bizim namusumuz, biz Vətənik, Vətən də biz.

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • Şəfa VƏLİYEVA.”hər bazarertəsi tənha ağaclar”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    hər bazarertəsi tənha ağaclar
    sevinir duyanda gülüşlərini…
    o boz göyərçinlər, ala qarğalar
    sevdirir Tanrının əl işlərini…

    səninlə açılan hər səhər yaşıl,
    yerişin yaraşır bütün yollara…
    nə olsun xəyalın sərhədlər aşır?!
    mənimçün uzaqdı ikicə dalan…

    hərdən ürəyimə sığmır iş vaxtın-
    sonsuzluq simvolu o səkkiz saat…
    sənə xatir yaşayıram həyatı…
    açıram zəngini, zamanı uzat…

  • Şəfa VƏLİYEVA.”Bütün zəlzələlər, qar uçqunları”

    sxv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    bütün zəlzələlər, qar uçqunları,
    bir insan ruhunun sancısındandı…
    şeirlər hisslərin uçurumları,
    romanlar ən ucuz intiharlardı…

    səhər “sevda!”-deyə yansa könlümüz,
    axşam can ağrısı qor edir bizi…
    uğrunda şeirlər öldürdüyümüz,
    bir ağ gün eşqinə öldürür bizi…

    Nə gözəl aldadır bizi bu dünya;
    ayaq tutan hər nə varsa yeridir…
    Təbiət Tanrının oyuncağıysa,
    ruhumuz ən gözəl oyun yeridir…

  • Sumqayıt Dövlət Texniki Kollecində “Nəsimi ili” ilə əlaqədar şeir müsabiqəsi keçirilib

    Ötən həftə Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecində “Nəsimi ili” ilə əlaqədar şeir müsabiqəsi keçirilib.
    Kollecin “Ana dili və ədəbiyyat” fənn birləşməsinin təşkilatçılığı ilə keçirilən müsabiqədə tələbələr Azərbaycan şairlərinin şeirlərini səsləndirərək qiraət məharətini nümayiş etdiriblər.

    Münsiflər heyətində təmsil olunan professor, Azərbaycan Respublikası mədəniyyət işçisi, “Göyərçin” jurnalının baş redaktoru Rafiq Yusifoğlu, filologiya üzrə fəlsəfə doktoru Rövşən Məmmədov, yazıçı, Kollecin “Kitabxana müdiri” Günel Eyvazlı, “Ana dili və ədəbiyyat” fənn birləşməsinin sədri Hamlet Məmmədov, filologiya üzrə fəlsəfə doktoru Aynur Qarayeva şəffaf səsvermə nəticəsində ən gözəl qiraət bacarığı, poeziya ruhu olan tələbəni fərqləndirə biliblər.
    Müsabiqənin qalibləri Fəxri Diplom, həvəsləndirici hədiyyələr və pul mükafatı ilə təltif olunublar.

    Mənbə: http://www.edebiyyatqazeti.az

  • Azərbaycan Respublikasının Xalq yazıçısı Afaq MƏSUD

    Vəliyeva Afaq Məsud qızı — Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə heyətinin sədri[1], yazıçı, dramaturq, əməkdar incəsənət xadimi (2003), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981), 1991-ci ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, “Xəzər” dünya ədəbiyyatı jurnalının baş redaktoru, Əməkdar incəsənət xadimi, Rusiyanın Elm və İncəsənət Pyotr Akademiyasının (PANİ) həqiqi üzvü. Azərbaycan Respublikasının Xalq yazıçısı (24.05.2019).[2]

    Həyatı
    Afaq Məsud 1957-ci ilin 3 iyununda Bakıda anadan olub. 1979-cu ildə BDU-nun jurnalistika fakültəsini bitirib. 1979-1986-cı illərdə “Azərbaycanfilm” kinostudiyasında redaktor, redaksiya heyətinin üzvü, 1986-1988-cu illərdə “Azərbaycantelefilm”də direktor vəzifələrində çalışıb. 1989-2014-cü illərdə Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, “Xəzər” dünya ədəbiyyatı jurnalının baş redaktoru işləyib.
    Əsasən romanlar və hekayələr müəllifi kimi tanınır. Əsərləri rus, ingilis, fransız, alman, özbək dillərinə tərcümə və nəşr edilib.
    Q.Q.Markesin “Patriarxın payızı”, T.Vulfun “Dünyanın hörümçək toru” romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin “Mövcudluq haqqında həqiqət”, Ə.Qəzalinin “Səadət iksiri”, “Oğluma məktub”, “İlahi bilik”, İbn Ərəbinin “Məkkə açıqlamaları” Cəlaləddin Ruminin və digər sufi mütəfəkkirlərinin əsərlərini Azərbaycan dilinə tərcümə edib.
    “Can üstə”, “O məni sevir”, “Yol üstə”, “Qatarın altına atılan qadın”, “Kərbala”, “Mənsur Həllac” pyeslərinin müəllifidir.
    Əsərləri əsasında “Sərçələr”, “Qonaqlıq”, “Gecə”, “Cəza”, “Dovşanın ölümü” televiziya filmləri çəkilib.
    2000-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan “Avropa şərqşünaslığında qadın yazarlar”).
    “Humay” Milli Akademiyası mükafatı laureatıdır. Afaq Məsud 16 may 2014-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru təyin edilmişdir.[3]
    23 dekabr 2015-ci ildə türkdilli ölkələr arasında ədəbi əlaqələrin möhkəmlənməsi istiqamətində göstərdiyi uğurlu fəaliyyətinə, teatr sənətinin inkişafında xidmətlərinə görə TÜRKSOY-un “Haldun Taner” mükafatına layiq görülmüşdür.[4]
    2015-ci ildə Türkiyə Mədəniyyət Nazirliyi, TÜRKSOY və Avrasiya Yazarlar Birliyinin təsis etdiyi “Beynəlxalq Səhnə Əsərləri müsabiqəsi”nin qalibidir.
    1 iyun 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkədə tərcümə işinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
    Azərbaycanın xalq yazıçısı Əli Vəliyevin nəvəsidir.
    Yazıçı Məsud Əlioğlunun qızıdır.

    Türkdilli ölkələr arasında ədəbi əlaqələrin möhkəmlənməsi istiqamətində göstərdiyi uğurlu fəaliyyətinə, teatr sənətinin inkişafında xidmətlərinə görə dəfələrlə TÜRKSOY-un medalı ilə təltif edilib.
    2015-ci ildə Türkiyə Mədəniyyət Nazirliyi, TÜRKSOY və Avrasiya Yazarlar Birliyinin təsis etdiyi “Beynəlxalq Səhnə Əsərləri müsabiqəsi”nin qalibidir.
    2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda tərcümə işinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
    Kitabları[redaktə | əsas redaktə]
    “Üçüncü mərtəbədə”, Bakı, Gənclik, 1971
    “Şənbə gecəsi”, Bakı, Yazıçı, 1984
    “Субботний вечер”, Москва, 1984 (“Şənbə gecəsi”, Moskva, 1984)
    “Keçid” (povest və hekayələr), Bakı, Yazıçı, 1988
    “Tək”, Bakı, Gənclik, 1992
    “İzdiham”, Bakı, Azərbaycan Tərcümə Mərkəzi
    “Azadlıq” (roman, esse, hekayə), Bakı, Azərbaycan Tərcümə Mərkəzi, 1997
    “Roman, esse, hekayə”, Bakı, Azərbaycan Tərcümə Mərkəzi, 1999
    “Yazı”, Bakı, Qanun, 2004
    “II İohan” (hekayə-roman), Bakı, Mütərcim, 2009
    “Suiti”, Tehran, 2011, Pinar
    “Seçilmiş əsərləri” 1-ci cild, Bakı, Elm və təhsil, 2012
    “Seçilmiş əsərləri” 2-ci cild, Bakı, Elm və təhsil, 2012
    “Роман-рассказ”, Баку, Евразиа Пресс, 2012
    “Kalabalık” (“İzdiham”), Ankara, Bengü, 2015
    “Üzü işığa”, Tehran, Nohbəgan, 2015
    “İzdiham”, Tehran, Şurafərin, 2016
    “İzdiham”, Tehran, Fərsar, 2016
    “Избранное”, Москва, Художественная литература, 2017 (“Seçilmiş əsərləri”, Moskva: Xudojestvennaya literatura, 2017)
    “Azadlıq”, Kiyev, Druqe dixaniya, 2017
    “Azadlık” İstanbul, Zengin Yayıncılık,2018
    “Şənbə gecəsi və digər hekayələr”, Qahirə 2018
    “Azadlıq” Merani,2019
    Xarici keçidlər[redaktə | əsas redaktə]
    [1]
    İstinadlar[redaktə | əsas redaktə]
    Broom icon.svg Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir.
    ↑ http://www.president.az/articles/11752
    ↑ “Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 may 2019-cu il tarixli Sərəncamı” (azərb.). president.az (25 may 2019). 25 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may 2019.
    ↑ İlham Əliyev tanınmış yazıçıya vəzifə verdi
    ↑ Teatr xadimlərinə “Haldun Taner” mükafatı verildi

  • Azərbaycan Respublikasının Xalq yazıçısı Kamal ABDULLA

    Kamal Abdulla (tam adı: Abdullayev Kamal Mehdi oğlu) — dilşünas, ədəbiyyatşünas, yazar, ictimai xadim; filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi; Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Bakı Slavyan Universitetinin rektoru (2000-2014); Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar və İctimai elmlər bölməsinin akademik – katibi (2010-2014); Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri (2014-2017); Azərbaycan Dillər Universitetinin rektoru (1 iyun 2017-ci ildən); Azərbaycan Yaradıcılıq Fondunun sədri, Azərbaycan Milli Elmlər Akademiyasının “Türkologiya” jurnalının baş redaktoru; Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Beynəlxalq Himayəçilik Şurasının sədri, Birinci dərəcəli dövlət müşaviridir. Azərbaycan Respublikasının Xalq yazıçısı (24.05.2019).[1]

    Həyatı və fəaliyyəti

    4 dekabr 1950-ci ildə Bakıda ziyalı ailəsində doğulub. Atası müəllim, anası həkim olub. 1968-ci ildə Bakıda 190 saylı orta məktəbi bitirib.
    1968-1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.

    1973-1976-cı illərdə SSRİ Elmlər Akademiyası Dilçilik İnstitutunun “Türk dilləri” şöbəsinin əyani aspirantı olub.
    1977-ci ilin yanvar ayında Moskvada “Sintaktik paralelizm” (“Kitabi-Dədə Qorqud” dastanlarının dili üzrə) adlı namizədlik dissertasiyası müdafiə etmişdir.
    1984-cü ildə Bakıda “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” adlı doktorluq dissertasiyası müdafiə etmişdir.
    1978 – 1983-cü illərdə Azərbaycan EA-nın Dilçilik İnstitutunda “Türk dillərinin müqayisəli tədqiqi” şöbəsində kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri.
    1983-cü ildən başlayaraq televiziyada “Azərbaycan dili”, “Qoşma”, “Dəfinə”, “Sözün sirri” kimi aylıq və həftəlik ədəbi-bədii, elmi-publisistik verilişlərin müəllifi və aparıcısı.

    1984-cü ildə Xarici Dillər İnstitutunun “Ümumi və Azərbaycan dilçiliyi” kafedrasının müdiri.
    1988-1990-ci illərdə Azərbaycan Mədəniyyət Fondunun (Hazırda Azərbaycan Yaradıcılıq Fondu) sədrinin birinci müavini, 1990-ci ildə Fondun İdarə Heyətinin sədri.
    1990-cı ildə M.F.Axundov adina Rus dili və ədəbiyyatı İnstitutunun “Ümumi və rus dilçiliyi” kafedrasının müdiri.
    1993-cü ildən 2000-ci ilədək yenidən Xarici Dillər İnstitutunun “Ümumi və Azərbaycan dilçiliyi” kafedrasının müdiri.
    1994-1995-ci illərdə Bursa (Türkiyə Respublikası) Uludağ Universitetinin “Türk dili və ədəbiyyatı” bölümünün professoru.
    2000-ci ilin may ayında ölkə Prezidenti Heydər Əliyevin sərəncamı ilə M.F.Axundov adına Rus dili və ədəbiyyatı İnstitutunun rektoru təyin edilib.

    Yaradıcılığı
    Elmi yaradıcılığı

    Türk xalqlarının qədim epik ədəbiyyatları sahəsində araşdırmalar müəllifi.
    Müxtəlif ölkələrin universitetlərində ( Rusiya – Linqvistik Universitet, Pedoqoji Universitet, Dilçilik İnstitutu; Türkiyə – Uludağ Universiteti, Ege Universiteti, Bahçeşehir Universiteti; Gürcüstan – Tiflis Dövlət Universiteti; Polşa – Varşava Universiteti; Fransa – İnalko Universiteti, Strasburq Universiteti; Almaniya – Mayns Universiteti, Humboltd Universiteti; ABŞ – Kolumbiya Universitetinin Harriman İnstitutu və başqalarında) “Ümumi dilçilik”, “Mətn sintaksisi”, “Kitabi-Dədə Qorqud” dastanlarının kulturoloji aspektləri”nə həsr olunmuş mühazirələr və xüsusi kurslar aparmışdır.
    Bir çox beynəlxalq simpozium, konfrans və kollokviumların təşkilatçısı və iştirakçısı.
    2009-cu ilin noyabr ayında Strasburq (Fransa), Varşava (Polşa), Mayns (Almaniya) universitetlərində “Mifdən Yazıya və yaxud Gizli Dədə Qorqud” kitabının təqdimat mərasimləri keçirilmiş və prof. Kamal Abdulla bu universitetlərdə “Kitabi Dəd ə Qorqud”un poetikası” mövzusunda mühazirələr oxumuşdur.
    Dilçiliyə dair “Проблемы синтаксиса простого предложения в азербайджанском языке” (Баку, Элм, 1983), “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” (Bakı, Maarif, 1999 – 2016-ci illər), “Azərbaycan dilində mürəkkəb sintaktik bütövlər” (müəllif qrupu ilə birgə), “Azərbaycanda rus dili” (İ.Həmidovla birgə), “Dilçiliyə səyahət və yaxud dilçi olmayanlar üçün dilçilik”, “Azərbaycanca danışaq” (Paris 2008, Buxarest 2010, Budapeşt 2011) kimi kitabları var.
    Ədəbiyyatşünaslıq və ədəbi tənqidə dair “Müəllif – əsər – oxucu” (Bakı, Yazıçı, 1985), “Əvvəl – axır yazılanlar” (Bakı, Yazıçı1990), “Yolun əvvəli və axırı” (Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1993), “300 azərbaycanlı” (Bakı, Mütərcim, 2007) kitablarında dünya ədəbiyyatının problematik aspektlərindən bəhs edilir, qədim və müasir ədəbi prosesin görünməyən tərəfləri işıqlandırılır.
    “Лекции в Бакинском славянском университете” (Баку, Мутарджим, 2003) (“Bakı Slavyan Universitetində mühazirələr”) adlı kitabı (akad. A.Mirzəcanzadə ilə birlikdə) ədəbiyyat və poetika məsələlərinə həsr edilib.
    Qorqudşünaslığa dair “Gizli Dədə Qorqud” (1991), “Sirriçində dastan və yaxud Gizli Dədə Qorqud – 2” (Bakı, Elm, 1999), “Mifdən Yazıya və yaxud Gizli Dədə Qorqud”, “Kitabi-dədə Qorqud” dastanının poetikasına giriş” (Bakı, 2017) adlı monoqrafiyalar yazıb nəşr etdirmişdir.

    Akad. Kamal Abdulla 2015-ci ildə (prof. E.Ə. Nəcəfov ilə həmmüəlliflikdə) “Multikulturalizm” fənni üzrə “Multikulturalizmə giriş” (Bakalavr səviyyəsi üçün) və “Azərbaycan multikulturalizmi” (Magistr səviyyəsi üçün) tədris proqramları hazırlamışdır. O, “Azərbaycan multikulturalizmi” adlı ali məktəblər üçün dərsliyin elmi redaktoru (prof. E.Ə.Nəcəfovla birlikdə) və əsas müəlliflərindən biridir.
    Elmi və publisistik məqalələri Azərbaycanda və ondan kənarda çap olunur.
    200-dən çox məqalə, 20-dən çox elmi kitab, dərs vəsaiti və monoqrafiya müəllifidir.
    Onlarla magistr, aspirant və doktoranta elmi rəhbərlik etmişdir.

    Bədii yaradıcılığı
    Kamal Abdulla “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox…” romanlarının, şeirlər və hekayələr toplularının müəllifidir.
    Dram əsərlərindən ibarət Azərbaycan, rus, türk dillərində bir neçə kitabı nəşr olunmuşdur. “Unutmağa kimsə yox” (Bakı, Azərnəşr, 1995), “Ruh” (Bakı, Azərnəşr, 1997), “Все мои печали” (Bakı, Mütərcim, 2009) adlı pyesler toplusu var.
    “Gümüş dövrün sirləri” tərcümələr toplusunun (rus poyeziyasının “gümüş dövr şairlərinin şeirlərinin tərcüməsi) müəllifidir (Bakı, Mütərcim, 2001). “Kədərli seçmələr” (Bakı, Mütərcim, 2002) adlı kitabında esseləri, şeirləri, hekayələri, tərcümələri, pyesləri toplanıb.
    “Hekayələr” (Bakı, Mütərcim, 2009), “Labirint” (Bakı, Qanun, 2012), “Sirri-zəmanə” (Bakı, Mütərcim, 2014), “Edam vaxtını dəyişmək olmaz” (Bakı, 2017) adlı hekayələr toplusu çap olunmuşdur.“Yarımçıq əlyazma” romanı Bakıda ilk dəfə 2004-cü ildə çap edilib. Roman Azərbaycanda 2013-cü ildə təkrar nəşr edilib.
    “Sehrbazlar dərəsi” romanı Bakıda ilk dəfə 2006-ci ildə çap edilib.
    “Unutmağa kimsə yox…” romanı 2011-ci ildə Bakıda çap edilmişdir.
    Müəllifin öz məktəb həyatından bəhs edən “Tarixsiz gündəlik” povesti 2005-ci ildə Bakıda çap edilmişdir. 2007-ci ildə bu povest «Открывая друг друга» adlı topluda “Дневник с заметками на полях” adı ilə rus dilində çap edilmişdir. “Tarixsiz gündəlik” povesti 2007-ci ildə Heydər Əliyev Fondunun və Fondun rəhbəri Azərbaycanın Birinci xanımı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə «Əsərlər toplusu» adlı kitabda dərc edilib. 2007-ci ildə povest “Един към друг” adlı topluda “Дневник с бележки в полетата” adı ilə bolqar dilində çap edilmişdir.
    “Yarımçıq əlyazma” romanının 2006-cı ildə Parisdə İnalko Universitetində, 2007-ci ildə Moskvada “Иностранная литература” jurnalının redaksiyasında, 2012-ci ildə Braziliyada (Paraiba Universitetində), 2013-cü ildə Avstriyada (Karl və Frants adına Qrats Universitetinin Alman dili və Ədəbiyyatı İnstitutunun təşkilatçılığı ilə), 2013-cü ilin noyabrında Londonda (Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə “Waterstones” kitab evində), 2014-cü ilin fevralında isə Berlində (Humboldt Universitetində) təqdimat mərasimləri keçirilmişdir.
    Əsərləri xarici dillərdə[redaktə | əsas redaktə]
    Pyesləri, hekayələri, romanları, esseləri və şeirləri Azərbaycanda və aşağıda qeyd edilən xarici ölkələrdə çap olunmuşdur:
    1. ABŞ-da – ingilis dilində
    2. Avstriyada – alman dilində
    3. Fransada – fransız dilində
    4. İtaliyada – italyan dilində
    5. Braziliyada – portuqal dilində
    6. Serbiyada – serb dilində
    7. Monteneqroda – monteneqro dilində
    8. Polşada – polyak dilində
    9. Rusyada – rus dilində
    10. Türkiyədə – türk dilində
    11. Qazaxıstanda – qazax dilində
    12. Qırğızıstanda – qırğız dilində
    13. Gürcüstanda – gürcü dilində
    14. Litvada – litva dilində
    15. İranda – fars dilində
    16. Yaponiyada – yapon dilində
    17. Rumıniyada – rumın dilində
    18. Macarıstanda – macar dilində
    19. Misirdə – ərəb dilində
    20. Bolqarıstanda – bolqar dilində

    “Yarımçıq əlyazma” Fransada “Le Manuscrıt inachevé” adı ilə (Paris, L’Harmattan, 2005), Türkiyədə “Eksik El Yazması” adı ilə (İstanbul, Ötüken, 2006), Rusiyada “Неполная рукопись” (Moskva, Xroniker, 2006), Braziliyada “O Manuscrito İnacabado” adı ilə (João Pessoa, İdeia, 2009), Polşada “Zagadkowy Rękopis” adı ilə (Torun, 2009), Misirdə “رلمخطوط المبتو” adı ilə (Qahirə, 2012), Amerikada (“The Incomplete Manuscript” adı ilə 2013), Qazaxstanda “Толык емес колжазба” adı ilə (Astana, 2013), Avstriyada «Das unvollständige manuscript» adı ilə (Viana, 2013), Qırğızıstanda «Толук емес колжазма» adı ilə (Bişkek, 2014), İtaliyada “İl Manoscritto İncompleto” adı ilə (Roma, 2014), Monteneqroda “Nepotpuni rukopis” adı ilə (Podgorica, 2015), Yaponiyada (Suseyşa nəşriyyatı, 2017) çap edilib.
    Bakıda 2006-cı ildə işıq üzü görmüş sufi dərvişlərin həyatından bəhs edən “Sehrbazlar dərəsi” romanı “Büyücüler deresi” adı ilə İstanbulda, “Долина Кудесников” adı ilə Sankt-Peterburqda (“Zlatoust”, 2010), “Stebukladarių slėnis” adı ilə Litvada (Vilnüs “Edukologiya” 2013), həmçinin 2013-cü ildə Yaponiyanın “Miçitani” nəşriyyatında çap edilmişdir.
    Moskvada «Господин дороги» adlı şeirlər və pyeslər toplusu nəşr edilmişdir (Москва, Риф Рой, 2004).
    2014-cü ildə Moskvada son illərdə qələmə aldığı hekayələri toplanmış «Платон, кажется, заболел…» toplusu 2016-ci ildə “Qızıl Delviq” mükafatına layiq görülmüşdür.
    Pyesləri Azərbaycan, Gürcüstan, Estoniya teatrlarında səhnəyə qoyulmuşdur.
    “Gəlin azərbaycanca danışaq” kitabı 2008-ci ildə Parisdə fransız dilində (Parlons Azerbaidjanais. L’Harmattan, 2008, Mişel Malerblə həmmüəlliflikdə), Rumıniyada rumın dilində (Sa Vorbim Azerbaidjana. İdeea Europeana, Buxarest 2010) Macarıstanda macar dilində (Budapeşt, 2011, prof. Mariya Keneşi ilə həmmüəlliflikdə) nəşr edilib.
    Təkrar nəşrlər:
    “Yarımçıq əlyazma” – “Le Manuscrıt inachevé” adı ilə Fransada (Paris, L’Harmattan, təkrar nəşr: 2013), “Eksik El Yazması” adı ilə Türkiyədə (İstanbul, Ötüken, təkrar nəşr: 2014), “İl manoscritto incompleto” adı ilə İtaliyada (Roma, İoleggoperche, təkrar nəşr 2015). “Неполная рукопись” adı ilə Rusiyada “Романы” kitabında (Москва, Художественная литература, 2013) və «Под сенью Карагача» kitabında (Москва, Художественная литература, 2016) təkrar nəşrlər həyata keçirilib.
    Haqqında yazılanlar[redaktə | əsas redaktə]
    Azərbaycanda Kamal Abdulla haqqında “Kədərin sirri” (müəllifi Elçin Səlcuq), “Kamal Abdulla: seçimin morfologiyası” (müəllifi Asif Hacılı), “Kamal Abdulla: Yazıdan mifə” (müəllifi Rüstəm Kamal), Türkiyədə “Kamal Abdullanın əsərləri Türkiyə türkcəsində” (müəllifi Mehman Musaoğlu), Rumıniyada « Камал Абдулла: Философия полноты» (müəllifi Lyudmila Bejenaru) adlı kitablar çap olunub.
    Elmi və bədii yaradıcılığı ilə bağlı Rusiya, Türkiyə, Fransa, İtaliya, Braziliya, Polşa, Litva, ABŞ, Qazaxstan, Qırğızıstan, Yaponiya və başqa ölkələrdə məqalələr çap edilib.

    Almaniyanın Mayns Universiteti və Folkenştayn Cəmiyyəti ilə birgə 2009-cu ildən həyata keçirilən “Kitabi Dədə Qorqud” və “Nibelunqlar haqqında nəğmə” adlı Beynəlxalq layihənin ideya müəllifi və təşkilatçılarından biri;
    Türk Dil Qurumunun həqiqi fəxri üzvü;
    Ukrayna Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvü (akademiki);
    Rus PEN-klubunun (Moskva) üzvü;
    MŞPU-nun (Moskva Şəhər Pedaqoji Universitetinin) fəxri doktoru;
    Poltava İqtisadiyyat və Ticarət Universitetinin fəxri professoru;
    Sofiya Universitetinin ali mükafatı – “Mavi Lent Fəxri Nişanı” (“Honorary Blue Ribbon Insignia”) laureatı;
    Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, akademiki;
    Rusiyanın Ural Federal Universitetinin fəxri doktoru;
    Gürcüstanın Təhsil Elmləri Akademiyasının həqiqi üzvü.
    Mükafatlar və Təltiflər[redaktə | əsas redaktə]
    3 dekabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasında təhsil sahəsində səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni;
    2007-ci ildə Rusiya Federasiyasının Puşkin medalı;
    2007-ci ildə Azərbaycanda Humay mükafatı;
    2007-ci ildə 525-ci qəzetin “İlin romanı” adlı mükafatı;
    2007-ci ildə Monitorinq qrupunun “İlin ədəbiyyat adamı”;
    2009-cu ildə Azərbaycanla Çexiya arasında münasibətlərin inkişafında mühüm roluna görə “Karl Kramej” medalı;
    2009-cu ildə Polşa Respublikası prezidenti Lex Kaçinski tərəfindən təqdim edilən “Böyük Xaç” kavaler ordeni;
    2009-cu ildə Polşanın müsbət simasının formalaşmasındakı mühüm xidmətlərinə görə Polşa Respublikasının Xarici İşlər Nazirliyinin Xüsusi Diplomu;
    2010-cu ildə Dədə Qorqud Milli Fondunun “Dədə Qorqud Milli Mükafatı” “Azərbaycan dünyası” beynəlxalq jurnalının “Vətən övladı” qızıl medalı;
    2010-cu ildə III Nəsimi Milli Ədəbiyyat Müsabiqəsində “Yarımçıq əlyazma” romanına görə “Son 10 ilin ədəbi əsəri” mükafatı;
    21 may 2015-ci ildə İranın Təbriz şəhərində Qafqaz Universitetləri Birliyinin (KUNİB) 5-ci konqresində “Elmi fəaliyyətə görə” mükafat;
    21 sentyabr 2015-ci ildə “Yarımçıq əlyazma” romanı İtaliyanın ən böyük fondlarından biri Rikardo Tanaturri Fondunun təsis etdiyi “Scanno” mükafatının (“Skanoprize”) ədəbiyyat üzrə xüsusi prizi;
    2016-cı ildə Rusiyanın məşhur “Художественная литература” nəşriyyatı tərəfindən çap edilən “Platon, deyəsən, xəstələnib…” (“Платон, кажется, заболел…”) hekayələr kitabına Rusiyada ədəbiyyat üzrə təqdim olunan “Qızıl Delviq” mükafat;
    2017-ci ildə Şərqi Avropada ilin ən bacarıqlı şəxslərini seçən Regional Agentlik və onun nəşr etdiyi “Euromanager” jurnalı tərəfindən “Müasir dünyanın dini, irqi və etnik ayrı-seçkilik kimi problemlərindən əziyyət çəkən Avropa regionunda multikulturalizm ənənələrinin inkişaf etdirilməsi sahəsində xidmətlərinə görə” mükafat.
    İstinadlar[redaktə | əsas redaktə]
    ↑ “Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 may 2019-cu il tarixli Sərəncamı” (azərb.). president.az (25 may 2019). 25 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may 2019.

  • Azərbaycan Respublikasının Xalq şairi Musa YAQUB

    Yaqubov Musa Səfiməmməd oğlu (Musa Yaqub; 10 may 1937, Buynuz, İsmayıllı rayonu) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1970), Milli Məclisin deputatı (1995-2000), Azərbaycan Respublikasının Xalq şairi (2019)

    Həyatı
    Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olmuşdur. Göyçay pedaqoji məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbində müəllim (1957-1958), Buynuz kənd ibtidai məktəbində müəllim və müdir (1958-1967) işləmişdir. ADU-nun filologiya fakültəsində qiyabi təhsil almışdır (1967-1973). Həmin illərdə Buynuz kənd 8 illik məktəbinin müdiri olmuşdur. Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, “Azərbaycan” jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışmışdır (1974-1978). İsmayıllı rayonunda çıxan “Zəhmətkeş” qəzetinin redaktoru olmuşdur (1978-?).

    Ədəbi fəaliyyətə 1957-ci ildə “Azərbaycan” qəzetində çap olunan “İki qəlb, iki dünya” poeması ilə başlamışdır. Moldovada Sovet ədəbiyyatı, Ukrayna və Özbəkistanda Azərbaycan ədəbiyyatı günlərində və digər ümumittifaq tədbirlərində iştirak etmişdir. Azərbaycan KP İsmayıllı rayon komitəsinin büro üzvü, rayon xalq deputatları Soveti ticarət və məişət xidməti daimi komissiyasınm sədri olmuşdur (1979-?). İsmayıllı rayon Xalq Deputatları Sovetinin deputatı seçilmişdir. M.F.Axundov adına mükafata layiq görülmüşdür. Musa Yaqub Parkinson xəstəliyindən əziyyət çəkir.

    Musa Yaqub 24 may 2019-cu ildə “Azərbaycan Respublikasının xalq şairi” fəxri adına layiq görülmüşdür.[1]

    Əsərləri

    Yarpaqlar oxuyur (şerlər). Bakı: Azərnəşr, 1966, 30 səh.
    Bu məhəbbət yaşadır məni (şerlər). Bakı: Gənclik, 1966, 58 səh.
    Bu məhəbbət yaşadır məni (şerlər). Bakı: Gənclik, 1970, 72 səh.
    Mənim kainatım (şerlər). Bakı: Gənclik, 1973, 88 səh.
    Üzü bəri baxan dağlar (şerlər və poema). Bakı: Azərnəşr, 1977, 96 səh.
    Yaxşı ki, sən varsan (şerlər və poemalar). Bakı: Yazıçı, 1979, 132 səh.
    Bir sim üstə (şerlər və poema). Bakı: Yazıçı, 1983, 255 səh.
    İki qəlbin işığı (şerlər və poemalar). Bakı: Gənclik, 1985, 124 səh.
    Mənim sevgi taleyim. Bakı: Yazıçı, 1988, 132 səh.
    Ürəyimdə yerin qaldı (şerlər, poemalar). Bakı: Gənclik, 1992, 130 səh.
    Nanə yarpağı (şerlər, poemalar). Bakı: Sabah, 1996, 388 səh.
    Payızdan yaza yol varmı (şerlər). Bakı: Azərnəşr, 1999,
    Ruhumla söhbət (şerlər). Bakı: Müstəqil nəşriyyat, 2000, 235 səh.
    Bu dünyanın qara daşı ğöyərməz(şerlər) Baki: Azərnəşr, 2007
    Dövrün dəyirmanı, 2012

    İstinadlar

    “Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 may 2019-cu il tarixli Sərəncamı” (azərb.). president.az (25 may 2019). 25 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may 2019.

  • Azərbaycan Respublikasının Xalq şairi Ramiz RÖVŞƏN

    Rövşən Ramiz Məmmədəli oğlu (15 dekabr 1946, Əmircan, Bakı, Azərbaycan SSR, SSRİ) — şair, yazıçı, esseist, kinossenarist,[1] tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981). Azərbaycan Respublikasının Xalq şairi (2019).

    Həyatı
    Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub[2]. Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964-1969), Moskva Ali Ssenari Kurslarını bitirib (1976-1978). Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında, “Mozalan” satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974-1975), ssenari redaksiya heyətinin üzvü (1979-1987), kinostudiyanın baş redaktoru (1987-1992) işləyib. 1992-ci ildən Azərbaycan Tərcümə Mərkəzinin baş redaktorudur. Bir neçə şeir kitabının müəllifidir.

    Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-da, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub. Ramiz Rövşən Müsavat Partiyasının 1997-ci ildə qəbul olunmuş himninin sözlərinin müəllifidir. O, 24 may 2019-cu ildə “Azərbaycan Respublikasının Xalq şairi” fəxri adına layiq görülmüşdür.[3]

    Ramiz Rövşən Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvüdür.

    Yazıçı Yaşar Əliyevin qardaşıdır.
    Tərcüməçi Rövşən Ramizoğlunun atasıdır[4].
    Kitabları
    Cild Kitabın adı İçindəkilər Şəhər Nəşriyyat İl Səhifə ISBN
    Bir yağışlı nəğmə Şeirlər Bakı Gənclik 1970 62
    Göy üzü daş saxlamaz Şeirlər və poema Bakı Yazıçı 1987 158
    Kəpənək qanadları Nəğmələr Bakı Səda 1999 120
    Gedək biz olmayan yerə Şeirlər və poema Bakı Çıraq 2006 184
    Nəfəs – kitablar kitabı Şeir, nəsr, esse Bakı Qanun 2006 760
    Göy üzü daş saxlamaz Şeirlər Təbriz Yaşmaq 2007 ISBN 965-6743-87-0
    Nefes – kitablar kitabı Şiir-nesr-esse Ankara Bengü 2008 226 ISBN 978-605-5988-11-1
    Yağışlı nəğmə Şeirlər Tehran Əndişeye No 2009 312 ISBN 978-964-6149-56-4
    Sevgi məktubu kimi Şeirlər Bakı Mütərcim 2009 52
    Yağış yuyur, gün qurudur Şeirlər Tehran Pinar 2011 240 ISBN 965-6743-87-0
    Göyərçinim, gəl görüm Şeirli, şəkilli əlifba Bakı 3 alma 2018 68 ISBN 978-9952-311-53-2
    Gizlənmişəm, tap məni Uşaq şeirləri Bakı 3 alma 2018 32 ISBN 978-9952-310-97-9
    Tərcümələri
    Sergey Yesenin. Qara adam (poema). “Xəzər”, 2004, N3, s.18-22.
    Vladimir Mayakovski. Şalvarlı bulud (poemadan parça); Anam və almanların öldürdüyü bir gecə; Qulaq asın; Sergey Yeseninə (şeirlər). “Xəzər”, 2005, N1, s.18-26.
    Aleksandr Blok. Şeirlər. “Xəzər”, 2005, N2, s.24-26.
    Marina Svetayeva. Sənin adın; Yatır yollar yorğunu (Blok haqqında şeirlərdən). “Xəzər”, 2005, N2, s.27-30.
    Filmoqrafiya
    Filmin adı İl Ssenari müəllifi Redaktor Şeir müəllifi Mahnı mətnlərinin müəllifi Sinxron mətnlərin müəllifi Mətn düzümü Filmin növü
    Qız Qalası (1924).JPG
    Qız qalası əfsanəsi 1923 Hə
    (2011-ci ildə filmin bərpasından sonra dialoqların mətninin müəllifi) Tammetrajlı bədii film
    Şəkil yoxdur-film.svg
    Şəbih 1971 Hə “Mozalan” satirik kinojurnalı № 2, 1-ci süjet
    Bulud Niyə Ağlayır? (1973).jpg
    Bulud niyə ağlayır? 1973 Hə Qısametrajlı cizgi filmi
    Pıspısa Xanım və Siçan Bəy (1974).jpg
    Pıspısa xanım və Siçan bəy 1974 Hə Qısametrajlı cizgi filmi
    Təkcə adanı özünlə apara bilməzsən… (film, 1980).jpg
    Təkcə adanı özünlə apara bilməzsən… 1980 Hə Tammetrajlı bədii film
    Yol Əhvalatı (1980)(afişa).JPG
    Yol əhvalatı 1980 Hə Tammetrajlı bədii film
    Babamızın babasının babası (film, 1981)(kollaj).jpg
    Babamızın babasının babası 1981 Hə Tammetrajlı bədii film
    Şəkil yoxdur-film.svg
    Söyüdlünün su dərdi 1982 Hə Qısametrajlı sənədli süjet-Mozalan № 75, 2-ci süjet
    Nizami (1982).JPG
    Nizami 1982 Hə Tammetrajlı bədii film
    Əzablı Yollar (1982).JPG
    Əzablı yollar 1982 Hə Tammetrajlı bədii film
    Evlənmək İstəyirəm (1983).JPG
    Evlənmək istəyirəm 1983 Hə Hə Tammetrajlı bədii film
    Tənha Narın Nağılı (1984).JPG
    Tənha narın nağılı 1984 Hə Tammetrajlı bədii film
    Cin Mikrorayonda (1985).JPG
    Cin mikrorayonda 1985 Hə Tammetrajlı bədii film
    Humayın Yuxusu (1985).jpg
    Humayın yuxusu 1985 Hə Qısametrajlı cizgi filmi
    Şəhərli biçinçilər (film, 1986).jpg
    Şəhərli biçinçilər 1986 Hə Tammetrajlı bədii film
    İşarəni Dənizdən Gözləyin (1986).JPG
    İşarəni dənizdən gözləyin 1986 Hə Hə Tammetrajlı bədii film
    Şəkil yoxdur-film.svg
    Fədailər 1986 Hə Qısametrajlı bədii süjet-Mozalan № 106, 4-cü süjet
    Şəkil yoxdur-film.svg
    Özbaşınalıq 1986 Hə Qısametrajlı sənədli süjet-Mozalan № 103, 1-ci süjet
    Şəkil yoxdur-film.svg
    Haram tikə 1986 Hə Qısametrajlı sənədli film-Mozalan № 110
    Bəyin Oğurlanması (1985)(kollaj).jpg
    Bəyin oğurlanması 1986 Hə Tammetrajlı bədii film
    Xüsusi Vəziyyət (1986).jpg
    Xüsusi vəziyyət 1986 Hə Tammetrajlı bədii film
    Süd Dişinin Ağrısı (1987).JPG
    Süd dişinin ağrısı 1987 Hə Tammetrajlı bədii film
    Kishi Sozu (1987).JPG
    Kişi sözü 1987 Hə Tammetrajlı bədii film
    Şəkil yoxdur-film.svg
    Lovğa fil balası 1987 Hə Qısametrajlı cizgi filmi
    Araqarışdıran (film, 1987).jpg
    Araqarışdıran 1987 Hə Tammetrajlı bədii film
    Şəkil yoxdur-film.svg
    Varlığa nə darlıq 1987 Hə Qısametrajlı sənədli süjet-Mozalan № 118, 1-ci süjet
    Şəhidlərdən Şəhidlərə (1990).jpg
    Şəhidlərdən şəhidlərə 1990 Hə Qısametrajlı sənədli film
    Qətl Günü (1990).JPG
    Qətl günü 1990 Hə Tammetrajlı bədii film
    Təxribat (1990).JPG
    Təxribat 1990 Hə Tammetrajlı bədii film
    Girişmə, Öldürər (1990).jpg
    Girişmə, öldürər 1990 Hə Tammetrajlı bədii film
    Gecə Qatarında Qətl (1990).JPG
    Gecə qatarında qətl 1990 Hə Tammetrajlı bədii film
    Şəkil yoxdur-film.svg
    Almas İldırım 1991 Hə Qısametrajlı sənədli film
    Şəkil yoxdur-film.svg
    Bəhanə 1991 Hə Qısametrajlı sənədli süjet-Mozalan № 161, 1-ci süjet
    Bəxt Üzüyü (1991).JPG
    Bəxt üzüyü 1991 Hə Tammetrajlı bədii film
    Prima (1992).JPG
    Prima 1992 Hə Qısametrajlı sənədli film
    Şəkil yoxdur-film.svg
    Şəbi-hicran 1993 Hə Qısametrajlı sənədli film
    Ac Herifler (1993).JPG
    Ac həriflər 1993 Hə Tammetrajlı bədii televiziya film-tamaşası
    Şəkil yoxdur-film.svg
    Kamança 1993 Hə Tammetrajlı Bədii televiziya filmi
    Ağ atlı oğlan (film, 1995)(kollaj).jpg
    Ağ atlı oğlan 1995 Hə Hə Tammetrajlı bədii film
    Özgə Vaxt (1996).JPG
    Özgə vaxt 1996 Hə Tammetrajlı bədii film
    Şəkil yoxdur-film.svg
    Füzuli-500 1997 Hə Qısametrajlı sənədli film
    Sarı Gəlin (1998).JPG
    Sarı gəlin 1998 Hə Tammetrajlı bədii film
    Şəkil yoxdur-film.svg
    Xoşbəxt adam 1999 Hə Sənədli televiziya filmi
    Etimad Telefonu (2001).jpg
    Etimad telefonu 2001 Hə Tammetrajlı bədii film
    Şəkil yoxdur-film.svg
    Ömür ağacı 2002 Hə Sənədli televiziya filmi
    Hacı Qara (2002).JPG
    Hacı Qara 2002 Hə Tammetrajlı bədii film
    Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (2003).jpg
    Kitabi Dədə Qorqud. Basat və Təpəgöz 2003 Hə Qısametrajlı cizgi filmi
    Məkanın Melodiyası (2004).jpg
    Məkanın melodiyası 2004 Hə Tammetrajlı bədii film
    Küçələrə Su Səpmişəm (2004).JPG
    Küçələrə su səpmişəm 2004 Hə Hə Tammetrajlı bədii film
    Arxada qalmış gələcək (film, 2004).jpg
    Arxada qalmış gələcək 2005 Hə Tammetrajlı bədii film
    Əlvida, Cənub Şəhəri (2006).JPG
    Əlvida, cənub şəhəri 2006 Hə Hə Tammetrajlı bədii film
    Cavid ömrü (film, 2007).jpg
    Cavid ömrü 2007 Hə Tammetrajlı bədii film
    Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (2003).jpg
    Kitabi Dədə Qorqud. Basat və Təpəgöz 2003 Hə Qısametrajlı cizgi filmi
    Məhkumlar (2007).jpg
    Məhkumlar 2007 Hə Tammetrajlı bədii film
    Biz Qayıdacağıq (2007).JPG
    Biz qayıdacağıq 2007 Hə Tammetrajlı bədii film
    Qala (2008).jpg
    Qala 2008 Hə Hə Tammetrajlı bədii film
    Buta (2011).jpg
    Buta 2011 Hə Tammetrajlı bədii film
    İlahi məxluq (film, 2011).JPG
    İlahi məxluq 2011 Hə Tammetrajlı bədii film
    Tərsinə çevrilən dünya (film, 2011).jpg
    Tərsinə çevrilən dünya 2011 Hə Tammetrajlı bədii film
    Səhərə inan… (film, 2011).jpg
    Səhərə inan… 2011 Hə Hə Tammetrajlı bədii televiziya filmi
    Maestro (film, 2011).jpg
    Maestro 2011 Hə Hə sənədli televiziya filmi
    Çölçü (film, 2012).jpg
    Çölçü 2012 Hə Tammetrajlı bədii film
    Yarımçıq xatirələr (film, 2015).jpg
    Yarımçıq xatirələr 2015 Hə Tammetrajlı bədii film
    Haqqında olan televiziya verilişləri
    Üç çinar yarpağı (film, 1985) (ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissor Ramiz Həsənoğlu) (veriliş üç şair – Vaqif Səmədoğlu, Ramiz Rövşən və Vaqif Cəbrayılzadəyə həsr olunub)
    Burax gedim, ay işığı (film, 1987) (rejissor Ramiz Həsənoğlu)
    Ağrı (film, 1993) (rejissor Ramiz Həsənoğlu)
    Mətnlərinin müəllifi olduğu mahnılar
    “Bağışla”. Flora Kərimova (youtube. com)
    “Pıspısa xanım və Siçan bəy”. Flora Kərimova (youtube. com)
    “Ayrılıq”. Azərin (youtube. com)
    “Yalquzaq”. Şəmistan Əlizamanlı (youtube. com)
    “Bu ağac öləcək…”. Mehriban Zəki (youtube. com)
    “Bilirəm gələn deyilsən”. Şəfa. (youtube. com)
    “Bilirəm gələn deyilsən”. Lamiyə (youtube. com)
    “Səni sevdim sevilmədən”. Lamiyə (youtube. com)
    Filmlərdə səslənən şeirləri
    “Yağış yuyur, gün qurudur” (Əlvida, cənub şəhəri Mehriban Zəki) (youtube. com)
    İstinadlar
    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası. Aydın Kazımzadə. Bizim “Azərbaycanfilm”. 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 272-274.
    Ramiz Rövşənin doğum günüdür
    “Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 may 2019-cu il tarixli Sərəncamı” (azərb.). president.az (25 may 2019). 25 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may 2019.
    RAMİZ RÖVŞƏNİN OĞLU “VARİS”də. musavat.com (azərb.)
    Mənbə
    Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
    Xarici keçidlər
    Commons-logo.svg
    Vikianbarda Ramiz Rövşən ilə əlaqəli mediafayllar var.

    Vikisitatda Ramiz Rövşən ilə əlaqədar sitatlar var.
    Ramiz Rövşən: “Susuram, Sözüm böyüyür” Rəsul Mirhəşimli
    Ramiz Rövşən. “Azərbaycansayağı hannibalizm” (esse)
    “Tanış səltənətin sultanı” Fəxri Uğurlu
    Ramiz Rövşən. Şeirlər, Hekayələr
    Ramiz Rövşən şeirləri və haqqında
    Milli Metr: Ramiz Rövşən
    Geriyə baxanda – Ramiz Rövşən (24.09.2017)

  • Azərbaycan Respublikasının Xalq şairi Vahid ƏZİZ

    Vahid Əziz (tam adı:Cəfərov Vahid Əziz oğlu) — şair, tərcüməçi, Azərbaycan Respublikasının Xalq şairi (2019), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1978), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1974).

    Həyatı
    Vahid Əziz 1945-ci il noyabrın 23-də Ermənistanın Dərələyəz mahalının Əzizbəyov rayonunun Əzizbəyov kəndində qulluqçu ailəsində anadan olmuşdur[1]. Azərbaycanın Tərtər rayonuna köçdüklərindən orta məktəbi orada bitirmişdir (1963). Əmək fəaliyyətinə Əli Bayramlı şəhərində Şirvanneft trestində başlamışdır (1963-1964).

    Azərbaycan Politexnik İnstitutunu bitirmişdir (1971). “Xəbər Mətbuat Agentliyi”ndə müxbir (1971-1976), Bakı şəhər Partiya Komitəsində təbliğat və təşviqat şöbəsində təlimatçı (1976-1982), Azərbaycan KP Mərkəzi Komitəsində təlimatçı, mətbuat bölməsinin müdiri (1982-1989), Azərbaycan Dövlət Mətbuat Komitəsində sədr müavini (1989-1991) vəzifələrində çalışmışdır.

    Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin katibi olmuşdur (1991-1997). Bakı şəhər İcra hakimiyyətinin Reklam və Şəhər tərtibatı Departamentində “Reklamların Azərbaycan dilində yazılışına nəzarət bölməsi”nin müdiri olmuşdur. Dağlıq Qarabağ üzrə respublika təşkilat komitəsinin üzvüdür (1989-cu ildən). İnqilabdan əvvəl görkəmli rus ədiblərinin erməni – Azərbaycan münasibətlərinə dair yazdıqları əsərlərin yenidən nəşrini bilavasitə təşkil etmişdir.

    “Oğuz eli” ədəbi-publisistik qəzetin işıq üzü görməsinə ciddi köməyi olmuşdur. Bakıda keçirilən Beynəlxalq-biznes konqresinin təşkilat komitəsi qərargahının rəisi olmuşdur (1991). “Ergün” firmasını, eyni adlı nəşriyyatı təsis etmişdir. Burada bazar iqtisadiyyatı ilə sıx bağlı olan sorğu, lüğət kitablarını, müasir Avropa və Amerika iqtisadçılarının əsərlərini kütləvi tirajla nəşr etdirmişdir.

    Bədii yaradıcılığa 1967-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində çıxan ilk şeirindən sonra başlamışdır. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış edir. Son illər 200-dən çox publisistik məqaləsi və müsahibəsi dərc olunmuşdur. Yeni şeirlərlə vaxtaşırı çıxış etmişdir. Sözlərinə bəstələnmiş mahnıların diski buraxılmışdır. “Dözmək olmur” (1997) şeirlər kitabı rəğbətlə qarşılanmışdır. Bədii tərcümə ilə də məşğul olur. 40-dan çox mahnısına musiqi bəstələnmişdir. Azərbaycanın rəsmi nümayəndə heyətinin tərkibində dəfələrlə xarici ölkələrdə olmuşdur.

    24 may 2019-cu ildə “Azərbaycan Respublikasının xalq şairi” fəxri adına layiq görülmüşdür.[2]

    Əsərləri

    Mən küləyi görürəm. Bakı: Gənclik, 1969, 40 səh.
    Aylı pəncərə. Bakı: Gənclik, 1974, 63 səh.
    İllərin baharı. Bakı: Yazıçı, 1980, 136 səh.
    Əllərimin kölgəsi. Bakı: Gənclik, 1985, 232 səh
    Тень моих рук. M.: Советский писатель, 1988, 120 стр.
    “Dözmək olmur” (1997)
    Tərcümələri
    Ruscadan
    Aqustino Netto. Azadlıq nəğmələri. Bakı: Yazıçı, 1981, 84 səh.
    İstinadlar
    Elmin Nurizadə, “Səmimiyyət və müdriklik aralığında”, “Bütöv Azərbaycan”, №34(122), 5-11 oktyabr 2011. səh.12
    “Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 may 2019-cu il tarixli Sərəncamı” (azərb.). president.az (25 may 2019). 25 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may 2019.

  • Xəyalə SEVİL.Yeni şeirlər

    “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

    Anamın əlləri

    Anamın əlləri qocalır yaman,
    Əllərinə cavan qırışlar düşür.
    Aybaay, günbəgün ,saatbasaat
    Cavanlığı barmağından sürüşür.

    Anamın əlləri qocalır yaman,
    Üstünə illərin ağrısı çökür.
    Qocaman bir evin qayğı yükünü
    İndi də qocalmış əlləri çəkir.

    Bu qocalmış əllər cavan əllərin
    Beşik yürgələyən xatirəsidi.
    Anamın əlinə düşən qırışlar
    Onun taleyinin xəritəsidi.

    Anamın əlləri qocalır yaman,
    Ömrümü bu qoca əllərə yazın.
    Deyirlər torpağın altı soyuqdur,
    Qəbrimi anamın əllində qazın.

    Asaram özümü göyün üzündən …

    Buludların ac it kimi
    Elə hürür ki, üstümə, ilahi,
    Məni yağışın tutacaq.
    Qapından qayıdır dualarım da,
    Məni qarğışın tutacaq.
    Ömrüm il – il tökülür,
    Daşlayıblar ömrümü.
    Bir ulduzsuz gecəyəm,
    Bir kimsəsiz küçəyəm.
    Bu dəlisov yağışlar
    Xoşlayıblar ömrümü.
    Eh! Daha əlimi açmaram sənə,
    Eh! Daha əllərim qoynumda qalar.
    Asaram özümü goyün üzündən,
    İlahi, ölümüm boynunda qalar.

    Çağı küçələr

    Axşam çağı küçələr
    Tərk edilmək üçündü.
    Üşüyən oturacaqlar
    Əyninə xəzan geyir.
    Göy üzündə yarım ay
    Yarim gecə lampası.
    Küləklər yelləncəkdə…
    Aya, ulduza dəyir.
    Ayrılığın bir ucu
    Bu sarı qıza dəyir.
    Sən də getdin, əzizim,
    Eh! Elə onlar kimi.
    Elə küçə kimiyəm,
    Yıxılan yollar kimi.
    Əllərim çətir olmur,
    Yanağımı su aparır.
    Indi sənin xəyalını
    O aparır, bu aparır…

  • Azərbaycan Yazıçılar Birliyində “Nəsimi ili” münasibətilə çap olunmuş ədəbi almanaxın təqdimatı keçirilib –FOTOLAR

    https://a.radikal.ru/a26/1905/c4/13a27dae4ec7.jpg

    https://c.radikal.ru/c35/1905/b9/a34876bd5ea9.jpg

    https://a.radikal.ru/a09/1905/5d/8b16fb9c2b1c.jpg

    https://d.radikal.ru/d22/1905/b3/026f943546b0.jpg

    https://a.radikal.ru/a31/1905/06/f29cd3f0153a.jpg

    https://c.radikal.ru/c21/1905/7d/533a7dd04550.jpg

    Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Nəsimi ili” münasibətilə çap olunmuş ədəbi almanaxın təqdimatı keçirilib. Tədbirə gələn yazarlar və poeziya sevərlər öz ürək sözlərini söyləyiblər. Sonda tədbir iştirakçılarına kitablar hədiyyə olunub. Şair Publisist Ramilə Atəş, Ziyafət Tovuzlu, Samir Həsrət, Gülmayə Qasımova və bir çox şairlərə yaradıcılıq uğurlarına görə “NƏSİMİ ” POEZİYA DİPLOMU təqdim edilib.

    “Elm və təhsil” nəşriyyatında nəşr olunan poetik toplunun baş məsləhətçisi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qoca, redaktoru və tərtibçilər: AYB-nin üzvü, Beynəlxalq Rəsul Rza ədəbi mükafatı laureatı, Prezident mükafatçısı, şair Balayar Sadiq və AYB-nin üzvü, Beynəlxalq Rəsul Rza ədəbi mükafatı laureatı, şair Tahirə Məğrurdur.
    Bu poeziya almanaxında müxtəlif ədəbi nəsillərin və çoxçeşidli ədəbi-bədii düşüncəyə malik qələm sahiblərinin şeirləri toplanıb.

    Mənbə: http://www.pressaz.az

  • Debüt: Seyidzəhra MİRMÖVSÜMOVA.Yeni şeirlər

    53 Saylı Tam Orta Məktəbin 6 ç sinif şagirdi

    Vətən mənim and yerim
    Vətən mənim and yerim
    Vətən mənim doğma evim.
    Vətənə qarşı çıxanlar
    İnan düşmənimdir mənim.
    Vətən birlik deməkdir!
    Hər bir vətəndaşına
    Arxa-dayaq deməkdir!

    Romanlar yazaq

    Bilirəm danışmağı bilirsən
    Bilirəm oxumaq istəyirsən.
    Ancaq oxumaq üçün gərək
    Bütün hərfləri sən öyrənəsən.
    A-dan Z-yə qədər əzbər biləsən.
    Hərfləri birləşdirib sözlər öyrənək
    Sözləri birləşdirib cümlələr quraq
    Cümlələri birləşdirib mətnlər yazaq.
    Mətnlərdən bəhrələnib romanlar yazaq.
    Vətənimin tarixindən, öz keçmişindən
    Gözəl təbiətindən əsərlər yazaq.
    Azərbaycanın adını daim ucaldaq!

    Novruz diləkləri

    Arzumdur bu Novruzda
    Hər tərəf yaşıllaşsın.
    Arzumdur bu Novruzda
    Küsülülər barışsın.
    Gələn Novruza qədər
    Qarabağım qayıtsın.
    Arzumdur bu Novruzda
    Gerçəkləşsin diləklər.
    Sevinsin hər bir uşaq
    Qoy döyünsün ürəklər.

    Qoy dünyada sülh olsun

    Gəlir iyunun biri
    Çox sevinir uşaqlar.
    Hazırlaşır həvəslə
    Qeyd edirlər bayramı.

    Onların sevincinə
    Böyüklər də sevinir.
    Uşaqların üzündə
    Bir bayram ovqatı var.

    Qoy dünyada sülh olsun
    Uşaqlar xoşbəxt olsun.
    Varlı, kasıb fərq etməz
    Hər kəs bərabər olsun.

    Canım atam

    Canım atam, qanım atam
    Mənim qəhrəman atam.
    Bizlərə qayğı göstərdin
    Bizi sevdin qorudun.

    Bizi bağrına basdın
    Daim yanımızda oldun.
    Arxa-dayağımız oldun
    Mənim qəhrəman atam.

    Sən çox düşüncelisin
    Bizi hər an sevirsən.
    Biz səni çox sevirik
    Səninlə fəxr edirik.

    Mənbə: http://www.pressaz.az

  • Könül SƏSSİZ.”Azanı dinlə”

    Gəldi uzaqdan Azanın səsi,
    Ətrafa yayıldı həzin bir sükut.
    Qəlblərə doldu gözəl bir hüzur
    Göylərə ucaldı Azanın səsi.

    Yeganə səsdir ki, Azanın səsi
    Onun eşidəndə yolçu dayana r.
    Düşünən beyinlər dayanar, durar
    Danışan dodaqlar susub dayanar.

    Bu mübarək ayda qəlbləri qırma
    Azanın səsini dayan , bir dinlə.
    Yaxşı ilə yamanı ayır dünyada
    Kasıba arxa dur, onu incitmə

    Yetimə yuxarıdan aşağı baxma
    Kimsəsizdir deyib, haqqına girmə.
    Cənnətin qapısın bağlayıb getmə
    Azanın səsini eşit sən dinlə.

    Gəldi uzaqdan Azanın səsi
    Hüzuruna çağırır Yaradan bizi.
    İftar süfrəsində doyurar sizi
    Allahın ruzisin qulundan kəsmə.

    Bu mübarək ayda qəlbini dinlə
    Şeytandan uzaq ol, Azanı dinlə.
    Dinlə Yaradanın sirli səsini
    Cənnətin qoxusun geri çevirmə.

    Mənbə: http://www.pressaz.az

  • Aynur Yasəmən QARABAĞLI.”Əsgər oyuncaq”

    Çox gözəl, gündən günə abadlaşan bir ölkənin paytaxtında yaşayıram. Gözəllikləri turistlərin gözlərini oxşayır. Göydələn binaları, bahalı, lüks maşınları ilə yolları daim tıxaclı olan , mağazaları, marketləri bazarları dolu bir ölkənin vətəndaşıyam.
    Xarici ölkələrdən dostlarımız, tanışlarımız var. Onlar da gələndə götürürük, qalxırıq dağüstü parka, filan. Bəh-bəh ilə şəhərin göz oxşayan gözəlliyi ilə, içərimizdə bir lovğalıq hissi, bir-birindən gözəl görünən yerləri təqdim edirik.
    Ancaq bəzən bu gözəlliyin kimin və ya kimlərin qanı bahasına əldə olunduğunu unuduruq.
    Özbəkistan respublikasından ölkəmizə təşrif buyuran qonaqlarimızla şəhəri gəzirik. Gah sağda, gah da solda ucalan yaraşıqlı və əzəmətli binalar haqqında qonaqlarımıza məlumat verərək yolumuza davam edirik.
    Birdən gözüm illər öncə bir hadisəyə şahid olduğum kafeyə sataşdı. Adını tam oxuya bilmədim. Deyəsən adını dəyişib, başqa nəsə avropasayağı bir adla istifadəyə vermişdilər.
    Maşındakı söhbəti unudub, bir anlığa ötən ildəki hadisəni bir kino lenti kimi gözlərimin önündə canlandırmağa başladım.
    Bir az yorğunluqdan, bir az da şəhərdəki istinin təsirindən rəfiqəmlə birlikdə, Bakıda bir zamanlar yeni-yeni dəbə düşmüş ” Çudo peçko”deyilən şəbəkəli kafelərdən birinə özümüzü birtəhər çatdırıb, əyləşdik. Çay yoxsa kofe deyə ikimizdə birdən biri-birimizə baxdıq. Çay dedim. Rəfiqəm də, çay istədiyini söylədi. Mənə elə gəldi ki, bizim ikimizin də fikirimiz eyni yerdə idi. Onun iri qara gözləri böyümüşdü. Xasiyətinə illərdi bələd olduğum bu, gözəl gözlü azəri qızının, ürəyini kitab kimi oxudum o andaca. O da, mənim düşündüklərimi düşünürdü və hiss etdiklərimi hiss edirdi. Bir anlığa eyni mənzərə ağuşuna aldı ikimizi də.
    Bir salfetka alın gözəl xalalar, üzünüzü əlinizi silərsiniz. Gözəl qoxusu var. Baxın, üstünə də, “əsmər” yazılıb. Mənim də adım Əsmərdi. Nolar alın, nolar xala sən al deyə mənə yaxınlaşıb tam qarşımda dayandı.
    Bayaqdan gözlərimi gözlərinin gözəlliyi qədər, məsumluğu və köhnə olsa belə üst-başının təmizliyi ilə heyran edən bu qızciğazın zərif səsi məni elə bil yuxudan ayıltdı. Ayıldığım zaman artıq əlim onun çiynində idi. Məsumluq çökmüş gözlərinin dərinliyində öz gözlərimə çökmüş kədəri seyr edirdim. Mənə çox tanış gəlirdi bu kədər. Gözlərim dolduğu üçün baxışlarımı onun gözlərindən yayındırıb rəfiqəmə tərəf baxdım. Sulugöz mələyimin yanaqlarında yumrulanan göz yaşı, yanağında süzülərək kafenin işığı altında almaz kimi parlayaraq sinəsində bənd aldı. Bir daha bu xanımı milyonlar arasından necə və niyə seçdiyimə bir daha əmin oldum.
    Masanın ətrafındakı boş stulu çəkib Əsmərin ikimizin ortamızda əyləşməsinə kömək etdim. O sürüşüb stuldan düşməyə çalışaraq, – xala mənə burda əyləşməyə icazə vermirlər. Salfet almırsınızsa mən gedim, deyərək dartındı. Nə qədər məcbur etməyə çalışsaq da Əsmər bizimlə bir tikə pirojna və ya tort yeməyi qəbul etmədi. Hərəmiz bir paçka ” əsmər” salfeti götürüb on AZN pul uzatdıq. -Xırda varsa, xırda verin, onu xırdalamağa pulum yoxdu dedi.
    – Xırda lazım deyil gözəl qızım. Xərcləyərsən, xoşuna gələn bir şey alarsan. Hamısı səndə qalsın dedim. Rəfiqəmin onsuzda dili söz tutmurdu. Pulu güc bəla ilə Əsmərə verdik. Bizim sual dolu baxışlarımızı sanki hiss etmişdi. Bəlkə də, bilirdi mən ona nə suallar verəcəyəm, bəlkə də bilirdi ondan onun həyatı haqqında nələri soruşacağam. Ancaq mən də Əsmərin bu bapbalaca dünyasında,azacıq illərində böyük bir əsər, kitablara sığmayacaq bir ömür yatdığını bilirdim. Bu suallardan yaxasını qurtarmaq istədi Əsmər.
    İti addımlarla bizdən uzaqlaşıb yenədə əvvəlki yerində, kafenin qapısının sol tərəfində dayanıb gözlərilə yeni gələn varmı deyə kontrol etdi. Yeni qonaq olmadığını anlayıb sakitcə gözlərini çölün təndir kimi qaynar istisi altında o yana, bu yana şütüyən insanlara və maşınlara zillədi.
    Boğazımız tikilmişdi. Kafenin içərisindəki kondisionerin sərinliyindənsə Əsmərin bu körpə vaxtında çörəkpulu qazancı arxasınca çıxıb, saatlarla ayaq üstə qalması bizi üşüdürdü.
    Birdən bir canlanma hiss etdim Əsmərdə. Təzə müştəri gəlirdi. Gözünün dərinliyi kədər dolu qızcığazın yanağına xəfif bir təbəssüm qondu. Yanağindakı qəmzəsi yavaş-yavaş dərinlənməyə başladı. Bu təbəssümə səbəb olan mənzərə mənə də maraqlı gəldi. Əsmərin təbəssüm qaynağına tərəf yönəldim. Maşından orta yaşlı bir kişi, bir uşağı düşürdü. Qız çox ustalıqla üst-başını səliqəyə saldı. Kişiyə də, nəsə etirazını bildirdi. Kişi bir əli ilə qızın əlindən tutub, o biri əli ilə qarnını sığallaya-sığallaya kafeyə yaxınlaşdı. Qız elə Əsmər yaşda olardı. Qapını açıb içəri daxil oldular. Çölün istisindən bezdikləri ikisinin də üz-gözündən hiss olunurdu. Kişi əlinin içərisi ilə alnının tərini silib qarnına çəkdi. Əsmər dərhal bir salfet götürüb onlara yaxınlaşdı.
    – Alın salfetlə silin əmi. Üstünüzdə tərin qoxusu qalar dedi. Kişi Əsmərə tərs-tərs baxıb, -əşşi bir imkan ver, ağıl öyrətməyəcəksən bizə deyərək, qızının dartışdırdığı tərəfə yönəldi. Əsmər isə heç üzünü turşutmadan öz yerinə qayıtdı. Xadimə xanım o anda Əsmərin dayandığı yeri sildiyi üçün bir az ortada gözləməli oldu. Ofisiant oğlan əlində çay ilə Əsmərin lap yaxınından keçdi. Ürəyim az qaldı ağzımdan çıxıb yerə düşsün. Oğlan o qədər ehtiyatsız keçdi ki, çayın Əsməri yandıra biləcəyini düşündüm. Ay qız bir ayağıma dolaşma, kənara çəkil, zibilə düşmüşük də, deyə-deyə bir masaya yaxınlaşdı. Xadimə xanım tez Əsmərin qolundan astaca tutub, gəl qızım burdan tərpənmə, səni bu istidə çöldə saxlayarlar dedi. Saçının dağılmış hissəsini balaca saç sancağı ilə səliqəyə salan qadına, ana bax o xalalar verdi. Amma iki salfet aldılar. Dedilər ürəyin nə istəyir alarsan deyərək bizim verdiyimiz iki onluğu anasına göstərdi. Olarmı mən bu axşam metronun çıxışında satdıqları əsgər oyuncağı alım? Onda anladım ki, xadimə işləyən xanım Əsmərin anası imiş.
    – Hə mənim gözəl balam, bir saat da döz, Şövkət nənə gəlsin, növbə dəyişsin, evə gedəndə alarıq dedi.
    Qəflətən cingiltili bir səsdən kafedə əyləşənlərin demək olar ki, səksən faizi diksindi. Bu cingiltili səs bayaq gələn “bahalı qızcığaz”ın səsi idi.Kimisi maraqla, kimisi etiraz dolu baxışlarla səs gələn tərəfə boylandı. Qeyri-ixtiyarı məndə səs gələn tərəfə boylandım. Uşaq şüşənin arxasındakı pirojnaların, tortların hər birindən istəyirdi. Kişi isə, “mələyim gəl hələlik bunları alaq, sabah da gəlib təzə-təzə o birisilərdən alarıq” dedi. Uşaq yenə etirazını bildirdi. Ayaqlarını yerə döyməyə başladı. İnsanlar artıq bu ərkəsöyün qızın səsindən narahat olduqlarını gizlədə bilmirdilər. Kişinin nəhayət zala göz gəzdirdiyini gördüm. Düşündüm yəqin ki, uşağın verdiyi narahatlıq üçün üzr istəyəcək. Kişi isə gövdəsini bir təhər tərpədib irəliyə bir iki addım ataraq: nolub, uşaq görməmisiniz, çayınızı için də, deyə saitləri uzada-uzada donquldandı. Başı vitrindəki şirniyyata qarışan “bahalı qız”ın əlindəki dondurma da əriməyindəydi. Vitrinin arxasında dayanan xanım xadiməni, yeni Əsmərin anasını səslədi. Simuzər gəl yeri sil, yerdə dondurma damcıları var. Uşaq o anda ayıldı ki, dondurma əriyib, əlini
    də çirkləndirib. Qız bunu görüb daha da bərkdən ağlayıb, qışqırmağa başladı. Bunu görən Əsmər bir salfet bağlamasını aça-
    aça onlara yaxınlaşdı. Gözəl, zərif və mehriban Əsmər qayğı ilə “bahalı qız”a açdığı salfetin bir ədədini uzadaraq, buyurun bununla əlinizi silin dedi. Kişi Əsmərə baxıb, nə sırtıq uşaqsan, girəvədən istifadə edib salfetkanı satmağa çalışırsan elə. Rədd ol, imkan ver nəfəs alaq. Əşşi bezdik da bu yetim, yesirin əlindən. Maraqlıdı bu qırılmışın dədəsi harda sülənir ki, yetimləri əllərində salfetka, saqqız küçələrdə alverlə məşğul olurlar ee axı deyərək, yenədə “ı” saitini uzatdı.
    Əsmərin gözəl gözləri bir anda böyüyüb sanki, alnına doğru qalxdı. Arxa tərəfə boylanıb, anasının bu sözləri eşidib, eşitmədiyini dəqiqləşdirdi. Əsmərin gözlərindəki məsumluğa, kövrəkliyə indi bir az da nifrət əlavə olmuşdu.Yanağındakı şirin qəmzəsi sanki üzünü tərk edib, yerini qəmə, kədərə vermişdi.
    Bir addım da kişiyə tərəf yaxınlaşaraq, mənim atam aprel döyüşlərində üç ay bundan əvvəl şəhid olub. Ancaq məni tək qoyub getdiyi üçün mən ondan küsmüşəm deyərək balaca əlini alnına çəkdi.
    O an sanki dünya başıma uçmuşdu. Gözlərim heç nə görmür, qulaqlarım heç nə eşitmir, vücudumun hərəkət edə biləcəyini belə unutmuşdum. Elə bil məni stula kleyləmişdilər. Yerimdən qalxıb ona yaxınlaşmaq istəsəm də, tərpənə bilmədim. Nəfəsim kəsilirdi, sadəcə gözlərimdən bu saat göz yaşı yerinə, qan fışqıracaqdı kimi hiss edirdim. Yanağımda hiss etdiyim sərt şillənin təsirindən yuxudan ayılan kimi oldum. Rəfiqəm yanımda ayaq üstə dayanıb, mənim yaxşı olub, olmadığımı soruşurdu. Ətrafa göz gəzdirdim. Bayaqdan insanların səsi şəngəl ilə boşqabın səsinə qarısaraq sükutu pozurdusa, indi bu sükutu bir çəngəl səsi pozsaydı qulaq tutulardı. İnsanların bəzilərinin yanağındakı göz yaşı, üzlərindəki ifadə, dodaqlarının arxasında çölə atılmağa hazırlaşan təhqiredici sözlər danışırdı indi.
    Əlim-ayağım əsə-əsə qalxıb Əsmərə yaxınlaşdım. Gücüm çatsaydı ordakı bütün stol, stulları o kişinin yekə və boş başına çırpardım. Ancaq onun da o cür ürəksizə təsir etməyəcəyini düşundüm. Əyilib Əsməri qucağıma götürdüm. Yüngül bədəninin içində, körpə ürəyi sərçə ürəyi kimi çırpınırdı. Bayaq stolumuzda əyləşməyi qəbul etməyib, bizdən uzaqlaşan Əsmər boynuma sarıldı. Astaca qulağıma pıçıldadı. Xala mən salfeti onlara pul ilə satmayacaqdım. Onsuzda o qız atasının pulunun hamısını o pirojnalara verəcəkdi. Ancaq mən olsaydım atamdan bir pirojnadan artıq istəməzdim dedi.
    Qollarımın gücü çatdıqca Əsməri sinəmə sıxdım. Çönüb kişiyə baxdım və “şəhid qanı bahasına bu torpaqda gəzmək sənə haram olsun” deyib, uzaqlaşdım.
    Ruhum da, cismim də od tutub yanırdı. Qucağımda qız istidən bişər dedim özüm-özümə. Əsməri dayandığı qapının yanına apardım. Qucağımdan yerə düşürdüm. Rəfiqəmə sən burda gözlə, iki dəqiqəyə qayıdıram deyib, çantamı alaraq kafeni tərk etdim. Ancaq kafedə səs-küy yenədə öz yerindəydi. Bu dəfə fərqli ab-hava hökm sürürdü. Hər kəs kişini lənətləyirdi.
    Metronun girişinə qədər sanki ildırım surətiylə gəlmişdim. Almalı olduğum şeyin satılacağından qorxurdum.
    Girişdə bir-neçə oyuncaq satan cavan uşaqlar vardı. İlk olaraq birinə yaxınlaşıb istədiyim oyuncağı soruşdum. Bəli var deyə cavab verdi. Satılmadığı üçün sevinmişdim. Aldığım oyuncaqları hədiyyə kimi paketlədib dərhal kafeyə tərəf üz tutdum. İyul ayının ortaları idi və günorta saatının istisi mənə indi o qədər də təsir etmirdi. Çünki mənim ürəyimin yanğısı lava kimi axıb dünyanı yandıra bilərdi.
    Kafeyə çatanda Əsməri dayandığı yerdə görmədim. Gecikdim deyə peşmanlıq çəkdiyim anda Əsmərin gözəl səsini eşitdiyim tərəfə yönəldim.
    Hə ana bax o xalanın ətirinin iyidi, mənim də üstümdə qalıb deyə-deyə anasıyla söhbətləşirdi. Uşaq kimi sevindim Əsmərin burda olduğuna. O balaca mələyə yaxınlaşaraq dizlərimi onun qarşısında yerə qoydum. Hədiyyə paketlərini ona uzatdım. Hədiyyə paketlərinin içərisində nəyin olduğunu onun balaca ürəyi sanki hiss eləmişdi. Dərhal toppuş və şirin əlləri ilə hədiyyəni açmağa başladı. Gözlərinin dərinliyindəki kədərin yanındakı balaca işıltı yavaş-yavaş böyüyərək bütün göz bəbəklərini bürüdü.
    Ana bax mən istədiyim əsgər kuklası deyərək atılıb düşməyə başladı. İkinci paketi açmağa başladı. Bu bir az böyük olduğu üçün anası ona kömək elədi. Köməkləşib ikinci hədiyyəni də açdılar. Bu hədiyyəni görəndə qadının gözləri doldu. Xanım siz Əsmərin atasının tankçı olduğunu hardan bilirsiniz dedi.
    Bilmirdim, sadəcə aldım deyərək ayağa qalxdım. Əsmərin alnından öpdüm. Elə bil ayaqlarımın altından tonlarla daş asmışdilar. Birtəhər ayaqlarımı sürüyə-sürüyə əvvəl əyləşdiyimiz stola yaxınlaşdım. Bəzi insanların mənə dua etdiyini eşidirdim. Ancaq, sadəcə bir cumləni daha aydın eşitdim. Bu, Əsmərin “ana bu tankın pultu da var. Görəsən atam da idarə etdiyi tankı pult ilə idarə edirmiş” dediyi cümlə oldu.
    Mənim sulugöz rəfiqəmin gözləri ağlamaqdan qızarıb şişmişdi. Əlini uzadıb əlimdən tutaraq ” dərdi olanın dərdini, dərdli biri anlayar bacı” deyərək hönkürdü. Artıq onu belə sakitləşdirməyə taqətim qalmadığını hiss elədim.
    Qalx bir taksi ilə məni evə apar əzizim, yeriməyə halım yoxdu dedim. Yerimizdən qalxdıq. Rəfiqəm yıxılmağimdan qorxdu yəqin ki. Tez qolumdan yapışdı. Qapıya tərəf getdikcə Əsmərin hərəkətlərinə fikir verdim. Əsmər dağ boyda şəhid atasının təsəllisini bir rezin oyuncaqda tapmışdı.
    Qapıdan çıxanda qeyri-ixtiyarı dilimdən bu sözlər çıxdı. “Keşkə sən də, mənim kimi şəhid qızı olmasaydın Əsmər. Keşkə sən atalı qızlar kimi ürəkli böyüsəydin” deyərək kafeni tərk etdim.

    Mənbə: http://www.pressaz.az

  • Şairə-publisist Nəcibə İLKİN.Seçmə şeirlər

    ni

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü,
    “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
    “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    GÜNÜNÜZ AYDIN DOSTLAR

    sizlərə xoş ovqatla
    (Hüseyn Arif sayağı)

    “Gəl çıxaq seyrinə uca dağların”,
    Görməsin nə çiskin, nə duman bizi.
    Ətrinə bürünək gözəl bağların,
    Görməsin nə payız, nə xəzan bizi.

    Öpək çiçıklərin ipək telindən,
    Söz alaq torpağın şirin dilindən,
    Tutaq tər güllərin şehli əlindən,
    Görməsin nə qanqal, nə tikan bizi.

    Qəhqəhlər, gülüşlər yayılsın düzə,
    Meşələr, çəmənlər boylansızn bizə,
    Yaşdan söhbət düşüb çıxanda üzə,
    Görməsin nə dövran, nə zaman bizi.

    Arzular qoynunda dil açdıq yenə,
    Çıxmışıq gəncliyin bahar seyrinə,
    Hicran əzabına gəl gərək sinə,
    Görməsin nə təbib, nə loğman bizi.

    Yaşayaq sevgilim, yaşayaq belə,
    Həsrətin dumanı çökməsin telə,
    Nəcibəyəm, ötəm yaxşılar ilə,
    Görməsin nə kədər, nə yaman bizi.

    SEVƏNLƏRİN ÜRƏYİ

    İpək kimi zərifdi,
    Külək əssə titrəyər.
    Toxunsalar xal düşər,
    Dəniz kimi kükrəyər-
    Sevənlərin ürəyi.

    Ümmandı, yetməz sona,
    Tükənməz arzular tək.
    Həmdəmdi xəyal ona,
    Təmizdi saf sular tək-
    Sevənlərin ürəyi.

    Nə kələk, hiylə bilər,
    Nə də xəyanətlidi.
    Hicrana ölüm dilər,
    Əhdə sədaqətlidi-
    Sevənlərin ürəyi.

    Əzəl gündən insanı
    Pak məhəbbət yaşadır.
    Ehtiyatlı olun ki,
    Sına bilər, şüşədir-
    Sevənlərin ürəyi.

    Duyğularla danışar,
    Dili yox, lala bənzər.
    İçin-için alışar,
    Nəğməli vala bənzər,
    Sevənlərin ürəyi.

    Sevinc nəhsə dönəndə,
    Şimşəklərə od paylar.
    Günəş səmtə dönəndə,
    Ulduzları haraylar-
    Sevənlərin ürəyi.

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    BACIM ROZANIN XATİRƏSİNƏ

    Son dəfə boylandın, baxdın üzümə,
    Dilin söz tutmadı, göz yaşın axdı,
    Bir cavab vermədİn mənim sözümə,
    Elə bil başımda şimşəklər çaxdı.

    Məni həsrət qoydun şirin səsinə,
    Susdu bir dəfəlik can deyən dilin.
    Baxa -baxa qaldım ay bacı sənə,
    Əlimin içində soyudu əlin.

    Dəyməz tay üzümə odlu nəfəsin,
    Boynumu bir daha qucaqlamazsan,
    Gəlməz qulağıma mehriban səsin,
    Məni qəmli görüb sən ağlamazsan.

    Haraya baxıram görürəm səni,
    Bir anda çıxmırsın sən xəyalımdan,
    Qoydun bu dünyada göz yaşlı məni,
    Niyə tez apardı səni Yaradan?

    Aldı qanadına mələklər səni,
    Üzünə açıldı cənnət qapısı,
    Bu gediş ağlatdı, sızlatdı məni,
    Köçdü bacıların vallah yaxşısı.

    MÜƏLLİM

    Sevimli müəllim, müqəddəs insan,
    Hər yerdə əzizdi, ucadır adın,
    Sənsən bir şam kimi alışıb yanan,
    Qayğılar içində keçir həyatın.

    Bizlərə həsr etdin nurlu ömrünü,
    Vətən sevgisindən dərs keçdin bizə.
    Sevdirdin nur saçan o ayı, günü,
    Səadət gətirdin sən ömrümüzə.

    Dahilər, şairlər səndən dərs alıb,
    Hər uğur adınla bağlıdır sənin,
    Səndən öyrənənlər qalxıb, ucalıb,
    Gücü, qüvvətisən doğma vətənin.

    Sən bizə göstərdin nurlu səhəri,
    Tutub əlimizdən yol açdın bizə.
    Gül açır qəlbinin barı, bəhəri,
    Həyatda hər zaman borcluyuq sizə.

    Şanlı- zöhrətlisən əziz müəllim,
    Sənin varlığınla öyünürük biz,
    Hər zaman qarşında baş əyir elim,
    Səninlə fəxr edir doğma ölkəmiz.

  • Azərbaycan şairi və yazıçısı Əli Rza XƏLƏFLİ

    Əli Rza Xələfli (Əzizli Əlirza Zal oğlu) — Azərbaycan şairi və yazıçısı, “Kredo” qəzetinin baş redaktoru.

    Həyatı

    Əli Rza Xələfli 1953-ci ildə Cəbrayıl rayonunun Xələfli kəndində doğulmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakultəsini fərqlənmə diplomu ilə bitirmiş, doğulduğu rayonun Şahvəlli, Tatar və Aşağı Xələfli kəndlərində müəllim işləmişdir. Həmin illərdəki pedaqoji fəaiyyətinə görə “Qabaqcıl maarif xadimi” fəxri adına layiq görülmüşdür.

    1980-ci illərin əvvəlindən mətbuatda çalişir. 1980-1993-cü illərdə rayon qəzetində müxtəlif vəzifələrdə çalışdı. “Xudafərin”, “Qoşa qanad”, “Qarabağ” və “Həyat” qəzetlərində xüsusi müxbir, şöbə müxbir, şöbə müdiri və redaktor əvəzi vəzifələrin işləmişdir.

    Ə.Xələflinin ədəbi-publisistik yazıları və şeirləri dövrü mətbuatda müntazam çap olunur.

    2002-ci ildə “Qızıl qələm” medalı mükafatına, 2003-cü ildə “Məmməd Araz”ali ədəbi mükafatına, 2004-cü ildə Azərbaycan Yazıçılar Birliyi Bədii Ədəbiyyatı Təbliq Bürosunun “Qılınc və qələm” yaddaş mükafatı, 2008-ci ildə Beynəlxalq Rəsul Rza mükafatına, 2010-cu ildə Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat mükafatına layiq görülmüşdür.

    2002-ci ildə Əli Rza müəllim Azərbaycan Yazıçıları və 1984-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 1980-cı ildən Qabaqcıl maarif xadimi, 2010-cu ildə isə Prezident təqaüdçüsüdür.

    1999-ci ildən Kredo qəzetinin baş redaktorudur.

    Ailəlidir. İki oğlu, bir qızı var.

    Əsərləri

    “Karvan körpüdən keçir” (1997),
    “Baş daşımın yazıları” (1998),
    “Yurdun övladları” (Elçin Kamal birlikdə, 2000) ədəbi-bədii publisistik,
    “Sözə doğru” (2003) ədəbi-tənqidi,
    “Ocağımın işığı” (2001),
    “Həsrət körpüsü” (2006), müəllifi,
    “Dünyanın söz üzü” (2007),
    “Adı Şadiman olanın…” (2009),ədəbi-tənqid
    “Axtala əfsanəsi” (2010),ədəbi-tənqid
    “Qırmızı həqiqətlər”(2011),ədəbi-tənqid
    “Od” (2012)
    “Həyatın Dastanı: ədəbi-fəlsəfi düşüncələr. Hamlet İsaxanlı nın “Ziyarət” poemasının motivləri əsasında”, “Xəzər Universitəsi Nəşriyyatı” (2012)
    Redaktoru və tərtibçi müəllifi olduğu kitablar
    “Mənəviyyatın ekologiyası” (2005)
    “Fənayənin sualları” (2006)
    “Yana-yana qaşadim” (2006),
    “Koroğlu hoydu dəlilərim, hoydu” (şair İslam Sadıqla birlikdə, (2006)
    “Yağış damlasıyam” (2007)
    “Zal ağacı” (2007)

    Xarici keçidlər

    Dünyaya, insana, tanrıya sevginin qaynağı – Əli Rza Xələfli poeziyası
    Azərbaycan Yazıçılar Birliyi. Əli Rza Xələfli – 60
    Çağdaş ədəbiyyat cəfakeşi – Əli Rza Xələfli
    “Qarabağ dünən, bu gün və sabah” 5-ci elmi-əməli konfransının MATERİALLARI (2006-cı il). Mərziyyə Nəcəfova – Vətən ruhuna hakim kəsilən şerlər

  • İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə“Cahana sığmazam” adlı ədəbi almanax işıq üzü görüb

    https://b.radikal.ru/b01/1905/fb/50c167647919.png

    Bu yaxınlarda böyük Azərbaycan şairi, filosof, alim İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə“Cahana sığmazam” adlı ədəbi almanax işıq üzü görüb.

    “Elm və təhsil” nəşriyyatında nəşr olunan poetik toplunun baş məsləhətçisi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qoca, redaktoru və tərtibçilər: AYB-nin üzvü, Beynəlxalq Rəsul Rza ədəbi mükafatı laureatı, Prezident mükafatçısı, şair Balayar Sadiq və AYB-nin üzvü, Beynəlxalq Rəsul Rza ədəbi mükafatı laureatı, şair Tahirə Məğrurdur.

    Bu poeziya almanaxında müxtəlif ədəbi nəsillərin və çoxçeşidli ədəbi-bədii düşüncəyə malik qələm sahiblərinin şeirləri toplanıb. İnanırıq ki, poeziyaseverlər və ədəbi ictimaiyyət poetik toplunu “Nəsimi ili”nə ədəbi töhfə kimi qarşılayacaq.

    20 may 2019-cu ildə saat 13:00-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Nəsimi ili” münasibətilə çap olunmuş ədəbi almanaxın təqdimatı keçiriləcək. Ədəbi ictimaiyyət və poeziyasevərlər dəvətlidir.

    Mənbə: http://pressaz.az

  • Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.Seçmə şeirlər

    SƏNİN BİRCƏ SÖZÜN

    Sevgi əridərmiş dumanı, çəni,
    Güllərin xətrinə yağış yağarmış…
    Bir sözün özümə qaytardı məni,
    Bir sözün içinə dünya sığarmış…

    Əgər sevmirsənsə, yanıma gəlmə,
    Qəlbimi yenidən salma həvəsə.
    Məni xoşbəxt edib o bircə kəlmə,
    Durmuşam sözünlə nəfəs-nəfəsə.

    Dilsiz qayalar da dinə bilərmiş,
    Həsrət şöləsi var közün içində.
    Söz görüş yerinə dönə bilərmiş,
    Yaşamaq olarmış sözün içində…

    Ayrılıq dönərmiş bir yalquzağa,
    Heyf, qanadlanıb uça bilmədim.
    Illərlə qaçsam da səndən uzağa,
    Mən öz taleyimdən qaça bilmədim…

    Aldım göz altına dostu, düşməni,
    Mən piyada oldum, sənsə, yar, atlı.
    Önünə bənd vurub sevgi çeşməmin
    Özüm də bilmədən dərya yaratdım…

    Baxırsan uzağa, gözlərin dolub,
    Sel gəldi, şəhəri, kəndi dağıtdı.
    Sənin bircə kəlmən qumbara olub,
    Mənim ucaltdığım bəndi dağıtdı…

    01.03.2014

    CƏNNƏT ADASI

    Gəmi ilə Marmarisdən
    Cənnət adasına üzdük.
    Dörd yanı ləzzətlə,
    heyranlıqla süzdük.
    Ancaq heç bu ada
    o qədər də seçilmirdi
    digər adalardan.
    Doğrusu, baş açmıram
    adalara ad qoyan
    adamlardan…
    Burda könül yaxır,
    göz oxşayır hər yan. –
    Adalara,
    dənizin gözəlliyinə
    baxırıq heyran-heyran…
    Əslində gözəllikdi,
    həyat eşqidi
    qəlbimizi sevgi ilə dindirən.
    Əslində insanların qəlbindəki
    məhəbbətdi
    hər yeri, hər yanı
    cənnətə döndərən…
    O yerdə ki, insan var,
    sevgi var,
    ora bəşər övladının
    topdağıtmaz odasıdı…
    Əslində Yer özü
    Kainat dənizində bir
    cənnət adasıdı…

    24.08.2013
    Marmaris

    MƏNİM DÜŞÜNCƏM

    İçimdə arzular
    köz kimi işarır
    həsrətli baxışların
    yadıma düşüncə.
    Qaranlıq qəlbimi
    ay kimi nurlandırır
    fikrim, düşüncəm…
    Gözlərim önündən
    səninlə birgə qalxdığım dağlar,
    səninlə birlikdə köksündən
    su içdiyim dərələr keçir.
    Gözlərim önündən
    nə qədər könül oxşayan
    mənzərələr keçir.
    Həmişə məəttəl qalsam da
    dünyanın işinə,
    Zəngin bir insana
    çevrilmişəm
    düşünə-düşünə…
    Fikirlərimə borcluyam
    istidə töyşümürəmsə,
    soyuqda üşümürəmsə.
    Sahibinə çevrilmişəm onun
    nəyi düşünmüşəmsə,
    kimi düşünmüşəmsə…
    Mənim ürəyim
    bəzən gümanlar,
    bəzən şübhələr,
    dumanlar içindədi.
    Ancaq nə yaxşı ki,
    mənim düşüncəm
    Dünyanı gözəlləşdirmək
    gücündədi…

    01.01.2013

    BİRCƏ GÜNAHIM VAR

    Mən mələk deyiləm, adi bəşərəm,
    Günaha batırır həyat adamı.
    Nəfsin qulu olsam, adiləşərəm,
    Qoruya bilmərəm təmiz adımı.

    Sınaram,
    ancaq ki, çətin əyiləm,
    Bişmişəm zamanın qilü-qalında.
    Başkəsən deyiləm, quldur deyiləm,
    Zərrəcə gözüm yox dünya malında.

    Adın var qəlbimin hər yarasında,
    Bir eşq ağacıyam, barım sevgidi.
    Az-çox hörmətim var el arasında,
    Qazancım sevgidi, varım sevgidi.

    Özümü görürəm sənin gözündə,
    Salmısan qəlbimi oda, bilirsən.
    Bircə günahım var bu yer üzündə, –
    Səni sevməyimdi o da, bilirsən…

    Ocaq çatanlar var mənim ahımdan,
    Gölməni tay tutma dəniz sevgimə.
    Tanrı özü keçsin qoy günahımdan,
    Xeyir-dua versin təmiz sevgimə…

    20.07.2012
    Ramazanın ilk günü