Bu, sənə son məktubum,
Qanımın son damlası.
Oxu, gözlərin səpsin
Oduma son damla su.
Sən bir ömür xatirəm,
Sən alnımda yazımdın.
Sən çölümdəki boran,
Sən içimdə yazımdın.
O yaz qönçə barına
Həsrətkən qışa köçdü.
O yaz gözlərimdəcə
Bir qara daşa köçdü.
Verdiyin dərd yerində
Dağ olacaq göy otlar.
Ağrının sinəsində
Soğulacaq göy otlar.
Dərdimi bas bağrına,
Layla de, yuxusu var.
İlahi bir sevginin
İlahi qorxusu var.
Bu qorxu böyüdükcə
Kiçildi ömür şamım.
Son kəz söylə, söylə ki, –
“Ay sinəsi şan-şanım”.
Söylə ki, “Sənim, səni
Qorumaq çətin oldu”.
Söylə ki, “bu sevgidən
Yarımaq çətin oldu”.
Söylə ki, “Sənim, səni
Qurban etdim qorxuma”.
Söylə ki, “ruhunla da
Gəl yollarıma baxma!”
Bu, sənə son məktubum,
Qanımın son damlası.
Oxu, gözlərin səpsin
Oduma son damla su.