QAYITMAZ

Dərd məndən elə bezib ki,
Bir də üstümə qayıtmaz.
Durum bir boylanım baxım,
Birdən üstümə qayıtmaz.

Şahım gözlər qiyaməti,
Ahım gözlər qiyaməti,
Ruhum göylər əmanəti,
Yerdə üstümə qayıtmaz.

Hanı ötən o kef-damaq,
Niyə mən səni sevdim, ah…
Can çıxdımı – örtün dümağ,
Pərdə üstümə – qayıtmaz.

NEYLƏYİB AXI

Yuvası pərən leyləyik,
Nə məcnun, nə də Leyliyik.
Yenə qışdan gileyliyik, –
Qış bizə neyləyib axı?

Oyandıq daş yuxusundan,
Çıxdıq qara-qorxusundan,
Sən allah düş yaxasından,
Yaş bizə neyləyib axı?

Dünya sirdi, sirdaş deyil,
Bizlə bağrı-badas deyil,
Ağaran saçdı, baş deyil, –
Baş bizə neyləyib axı?

Nə yük var kotana düşür,
Bəlkə kəl utana – düşür.
Lənət daş atana düşür, –
Daş bizə neyləyib axı?

Çoxu yad bəhsinə yanar,
Uyar öz nəfsinə, yanar,
Quru əvəzinə yanan,
Yaş bizə neyləyib axı.

Tərəfindən yazılmışdır

Zəhra Həşimova

Zəhra Həşimova 1999-cu ildə Sumqayıt şəhərində anadan olub. 2018-2022-ci illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı müəllimi) fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin magistratura səviyyəsində təhsilin davam etdirir. 2023-cü ildən "Türkay" aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı-Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürosunun Rəhbəridir.