“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı
Bu şəhərin əyninə dar gəlir darıxmağım;
Həsrət pəhriz tanımır…
Ürəyimi çox üzür sənsiz günə baxmağım,
Bir də ağrılar üzür gözümün giləsində,
Sonra gəlib demə ki: “Dərdim dəniz tanımır…”
Getdin ha…
O günün günortası yadında?
Bir ovuc qəm yığmışdın çiynindəki çantaya…
Sonra mesaj yazmışdın:
“Nəsə yadımdan çıxıb?”…
Utanmışdım yazmağa, indi deyim, indi bil,
Bir ovuc dən unutdun saçlarımın ucunda…
(iyul, 2020)
Ən gözəl sevgi şeiri
Uzaqlara yazılar…
Sevgilərin şairi
Dərddən ölməz, üzülər…
Yamyaşıl sevgilərin
İntihar nağılları
“Qara sevda” adlanar…
Sapsarı həsrətlərin
Qoynunda yol görünər,
“Ağ atlar” qanadlanar…
Nə muraddı, nə addı,
“Göy alma”dı butalar…
Güldürmədi, ağlatdı-
Arzumun eyvanında
Qalan “Qızıl alma”lar…
İndi hansı nağılı
Danışım ki, mən sənə
Bu gecə rahat yatasan?
Bəlkə bir laylay deyim,
Əzib suya qatım səni
Ağrılarıma batasan?
Üzü döndü şah oğlunun
Gəlib açmadı saçımı
Ağrıların ətəyindən…
O div də unutdu məni…
Alıb qoymadı canımı
“Əcəl” adlı şüşəsinə…
Sən də unutdun…
Sən də…
Unutdun ki, yazdığın
Hər mesajın sonunda üç nöqtəyəm…
Və təkəm…
Bu təkliyin əlində
Sənə şeir yazıram…
Yazıram ki:
Ən gözəl sevgi şeiri
Uzaqlara yazılar…
Sevgilərin şairi
Dərddən ölməz, üzülər…
2020