“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı
Ölməyən ümidlərə may ağısı
Sənə mesaj yazıram,
Yazıb-yazıb silirəm…
Seçdiyim hər hərflə
Yeni cığır açıram,
O cığıra daş düzüb
Tez qaçıb gizlənirəm…
…ağlım yoxdu, bilirəm…
Gün siləndə buludun
Üzündəki tozları
Əllərimi xatırla…
Qarı nənə “söz qoşub”
“Deyikli” ümidindən
Küsdürəndə qızları
Şeirimi xatırla…
Və bir gün…
Bir ləçəkdə
Rast gələrsən qurumuş
Kəpənək qanadına…
Adım düşər yadına…
…Sevirdim səni, ümid,
Ümidin inadına…
Telefonum naxış-naxış
Körpə şəkilləiylə…
Dualarımda qarğış:
“Ümidin ölsün, ümid…
Ölsün öz əllərində…”
Heç səni belə sevən,
Belə söyən oldumu?
Adınla gün başlayan,
“Balam”…-deyən oldumu?
…ölümsüzsən, bilirəm….
Heç sonda da ölmürsən…
…sənə mesaj yazıram…
Yazıb-yazıb silirəm…
Bağışlama, ümidim…
Zaval ver ümidimə…
…ağlım yoxdu, bilirəm…
(2020)
Bu gecə bonzay çiçəyi,
Dan üzü solub gedəcək…
…qocalıram…
Əlimdədi cavanlığım-
-şəkillərin ən göyçəyi…
Bir az baxıb ağlayaram,
Xatırlayıb gülərəm də
O şəkil çəkilən günü…
…bir də…
Bir də başım üçün
MRT çəkilən günü…
…bu gecə yaman gecədi…
Bu gecə məni üzəcək…
Ağrımı ağrıkəsici,
Ümidimi ay kəsəcək…
Dar gələcək ürəyimə
Geyindiyim təsəllilər:
Bu gecə bonzay çiçəyi,
Dan üzü solub gedəcək…
2020