YƏQİN

Haray yox, bir titrək havaram sənsiz,
Çatmaram arzuma – ha varam – sənsiz.
Fərqi nə, ya yoxam ya varam sənsiz,
Silinməz bu qəlbin yarası yəqin.

Səhv etsəm, el-aləm yamanlar məni,
Tərk etməz qəlbimə damanlar məni.
Alar ağuşuna dumanlar məni,
Bilmərəm dünyanın harası yəqin.

Əyilməz – bu yurdun nər manı varsa,
Tanrının haqq adlı fərmanı varsa.
Bir dərdin minbir də dərmanı varsa,
Tapılar bunun da çarası yəqin.

Boş qalmış ələyin yiyəsi mənəm,
Oxlanmış kürəyin yiyəsi mənəm.
Bu sınıq ürəyin yiyəsi mənəm,
Parası gümandı, parası yəqin.

Doğmadan yan qaçıb yada varalı,
Yurdumun hasarı yaman daralır.
Bir ömür yaşaram – ağlı, qaralı,
Ağı müəmmadı, qarası – yəqin!

ARXA DAN GƏLİR

Dərdi dərd edəndə dərdə çevrilir,
Ürəkdə boy atır, sərdə çevrilir,
Dərd var, öndə dürür – mərdə çevrilir,
Dərd var namərd kimi arxadan gəlir.

Haçandı bu çax-çax baş aparmayır,
Zirvənin gözünü yaş aparmayır,
Sel gəlib gərədən daş aparmayır,
Daşlar kövrək vurur, çarxa qan gəlir.

Qanqallar calanır yolumun üstə,
Tonqallar qalanır yolumun üstə,
Ümidim can verir qolumun üstə,
Mən candan oluram, xalxa can gəlir.

Tufandı, şimşəkdi, qasırğalı el,
Firon qulağında bir sırğalı el,
Buğdanın ətrinə yadığardı el,
Bəs bu nə tamdı ki, arpadan gəlir.

Vaxtdı, qara ruhu odandan ayır,
Bəxtdə uduzanı, udandan ayır.
Buyur bu şəfəqi o dandan ayır,
Suya şəfəq düşür, arxa dan gəlir.