QANLI YANVAR GECƏSİ
(poema)

O gecə , qanlı gecə,
Güllələndi bir səhər.
Bakı qana büründü,
Azadlıq doğdu səhər.

Bakının üstə gəldi,
O gecə qan içənlər.
Durdu şərlə üz-üzə,
Vətənə and içənlər.

Güllələr yağış kimi,
Yağırdı hər tətəfə.
Düşmənlərin əlinə,
Keçmişdi bir girəvə.

Soxulmuşdu şəhərə,
Ağır tanklar, maşınlar.
Şəhərə axışırdı,
Dörd tərəfdən qoşunlar.

Haqq deyən adamlara,
Yox idi rəhm eyləyən.
Qanına bələnirdi,
Azadlıq, Vətən deyən.

Qoşun hücum edirdi,
Dənizdən, həm qurudandan.
Od-alov tökülürdü,
Qış gecəsi havadan.

O gecə hava soyuq,
Göylər əl çatmaz idi.
Yollara qəm yağırdı,
Insaf, mürvət az idi.

O gecə bu millətin,
Şər gəlmişdi üstünə.
Əli yalın kütlənin,
Qəm durmuşdu qəstinə.

Bakının küçələri,
Dönmüşdü qan selinə.
Cəlladlar öldürürdü,
Kim keçirdi əlinə.

O gecə sinələrdən,
Qızıl qan fışqırırdı.
Körpələr top səsindən,
Oyanıb qışqırırdı.

Göylərdə uçuşurdu,
Ölüm saçan qəlpələr.
Barıt iyi verirdi,
Qorxunc səsli güllələr.

Vətən deyən oğullar,
Durmuşdu şərə qarşı.
O gecə qurumurdu,
Anaların göz yaşı.

Kafirlər baxmırdılar,
Nə qocaya, nə gəncə.
Görünməmişdi hələ,
Belə zülüm, işgəncə.

Göylər çaşıb qalmışdı,
Ucalan ah-nalədən.
Ya azadlıq, ya ölüm,
Söyləyirdi hər yetən.

Qorxu bilməz igidlər,
Vermişdilər əl-ələ.
O qanlı müsibəti,
Gətirmək olmur dilə.

Ölümdən qorxmurdular,
Vətən deyən oğullar.
O gecədən keçirdi,
Haqqa uzanan yollar.

Daha bu haqsızlığa ,
Dözəmmirdi igidlər.
Onları bezdirirdi,
Yalan sözlər, boş vədlər.

Hamı bir nəfər kimi,
Atılmışdı meydana.
O gecə qatillər də,
Susamışdı al qana.

O gecə haqla nahaq,
Dayanmışdı üz-üzə.
O gecə qeyrət dərsi,
Keçirdi zaman bizə.

Silirdi qorxuları,
Ürəklərdən şəhidlər.
Ürəklərə köçürdü,
Qurban gedən şəhidlər.

Moskva anlamırdı,
Görmürdü bu axını.
Caynağından buraxmaq,
Istəmirdi Bakını.

Qorbaçov düşünürdü,
Erməniləri ancaq.
Bilmirdi yansa sönməz,
Türkün qəlbində ocaq.

Qarabağda erməni,
Bildiyini edirdi.
Moskvanın əliylə,
Torpaq əldən gedirdi.

Topxanada ağaclar,
Doğranıb, kəsilirdi.
Əskərandan, Laçından,
Bəd xəbərlər gəlirdi.

Zəngəzurdan, Göyçədən,
Adamlar qovulurdu.
Xalq qalxmışdı ayağa,
Hər gün meydan dolurdu.

Çadırlar qurulurdu,
Azadlıq meydanında.
Orda gecələyirdi,
Çoxlu adamlar onda.

Etiraz edirdilər,
Haqsızlığa adamlar.
Dəstə-dəstə gedirdi,
Qarabağa adamlar.

Tonqallar alışırdı,
Azadlıq meydanında.
Qan coşub, qaynayırdı,
O gün ürəkdə, canda.

Millət öz qəzəbini
Beləcə bildirirdi.
Saqqallılar mərkəzin,
Qərarını bilirdi.

Iki başlı oyunlar,
Çaşdırmışdı milləti.
Sual altında idi,
Şuşanın aqibəti.

Azadlıq meydanında,
Xalqın istəyi coşdu.
Millətin qəzəbindən,
Moskva özü çaşdı.

Qarabağ dedi hamı,
Azadlıq dedi millət.
Şərə üsyan eylədi,
Xalq meydanda nəhayət.

Əsarətə yox dedi,
Xalqımız gur səsiylə.
Belə birlik, həmrəylik,
Görünməmişdi hələ.

Millət ayağa qalxdı,
Qarabağ deyiləndə.
Moskva aciz qaldı,
Bu birliyin önündə.

Qərar verdi Qorbaçov:
-Söndürün yanar odu.
Bu istəyi beşikdə,
Qoy boğsun qızıl ordu.

Dünya susdu, dinmədi,
Bu qanlı olaylara.
Millətin sinəsinə,
Vurulanda yüz yara.

Dostlar haya gəlmədi,
Ucalanda səsimiz.
Əli yalın döyüşə,
Atıldıq bax, onda biz.

O gecə məhəbbətə,
Sevgiyə güllə dəydi.
Güllələnən körpənin,
Axı günahı nəydi?

Beşiklər al qan oldu,
Soldu qönçə çiçəklər.
O soyuq qış gecəsi,
Əsdi qara küləklər.

Ilhamın sevən qəlbi,
Qanına qəltan oldu.
Səxavətin istəyi,
Qəlbində qönçə qaldı.

Larisanın köksünə,
Sancıldı odlu güllə.
Fərizənin harayı,
Bizi göynədir hələ.

Qanlı Yanvar gecəsi,
Millət döndü özünə.
Qalxıb sözünü dedi,
Moskvanın üzünə.

O gecə qurd uladı,
Azadlıq dedi hamı.
Birliyə şahid oldu,
O günlərin adamı.

O gecə qan-qadaya,
Şəhidlər gərdi sinə.
Bütün dünya mat qaldı,
Bu xalqın hünərinə.

Qızıl qana boyandı,
Bakının hər küçəsi.
Kəsilmədi, susmadı,
Mirzə Xəzərin səsi.

Xəzərə qan çiləndi,
Dalğalar şahə qalxdı.
Boğuldu göz yaşından,
Kür, Araz qanlı axdı.

Türkmənçay dilə gıldi,
Gülüstan dindi o gün.
Təbriz ah-nalə çəkib,
Ağladı için-için.

Şəhid oldu o gecə,
Yüz otuz yeddi insan.
Yeddi yüz insan isə,
Yaralandı o zaman.

Öldü çox uşaq, qadın,
Dağıdıldı bir şəhər.
Qan rənginə boyandı,
O günaçılan səhər.

Şəhidlərin adını,
Vətən yazdı qəlbinə.
Şəhidlər bir tac oldu,
Bu yurda, bu Vətənə.

Şəhidlərə baş əydi,
O gün bütün xalqımız.
Vətən dedik, yurd dedik,
Bir ağızdan hamımız.

Qorxu, hürkü bilmədi,
Od-alovdan keçənlər.
Ölməzlik qazandılar,
El yolunda köçənlər.

Yağdı çiçək yağışı,
Səhər-səhər o günü.
Qərənfilə büründü,
Bütün şəhər o günü.

Döndü qərənfil o gün,
Azadlıq simvoluna.
Nur çilədi günəş tək,
Igidlərin yoluna.

Qərənfillər ağladı,
O səhər yollar boyu.
O səhər yasa döndü,
Neçə igidin toyu.

Anaların ahından,
Dağ da, daş da ağladı.
Baxıb axan qanlara,
Qar da, qış da ağladı.

Məmməd Aslan ağladı,
Məmməd Araz ağladı.
Bəxtiyarın harayı,
Ürəkləri dağladı.

Şəhidlər xiyabanı,
Döndü Bəzz qalasına.
Analar ağı dedi,
Öz şəhid balasına.

Qalama bax, qalama,
Sinəmə od qalama.
Ay Allah, necə qıydın,
Mənim bircə balama.

Əziziyəm bu dağı,
Dolan gəl bağça, bağı.
Namərd əlin qurusun,
Getməz sinəmin dağı.

Ana fəryad qoparır,
Atasız oğul qalıb.
Bu dərd ürəyə sığmır,
Yarımçıq nağıl qalıb.

Vətən başın sağ olsun,
El-oba batıb yasa.
Bu dərdi çəkə bilməz,
Dağ da, daş da ağlasa.

Yumruq kimi birləşir,
Bütün millət, bütün xalq.
Narahatdır Moskva,
Işlər olub baş-ayaq.

Laxlayır Qorbaçovn,
Səltənəti, taxt-tacı.
Baxıb sevinir yağı,
Əsən küləklər acı.

Azadlığa gedən yol,
Ürəkdən, qandan keçir.
Şəhidlər yatan yerdə,
Millət indi and içir.

Bu gün qeyrət yolumuz,
Zirvələrə ucalır.
Vətən deyən oğullar,
Bu torpaqdan güc alır.

Gül-çiçəyə bürünür,
Qara mərmərlər hər gün.
Şəhidlər xiyabanı,
Əzizdir hamı üçün.

Qanla suvarılsa da,
Müqəddəs torpağımız.
Hər zaman ucalacaq,
Üç rəngli bayrağımız.

Bu millət azadlığı,
Əldən verməz heç zaman.
Hər qızımız bir igid,
Hər oğlumuz qəhrəman.

Vətənin hər qarışı,
Candan əzizdir bizə.
Tanrı gözəllik verib,
Bu torpağa, bu düzə.

Bu yurdun altı qızıl,
Bu yerin üstü cənnət.
Niyə yada baş əysin,
Bu millət, bu məmləkət.

Şəhid olmaq şərəfdi,
Qılınc çalmaq hünərdi.
Biz Vətəni sevməsək,
Günəş çoxdan sönərdi.

Şəhid el balasıdı,
Şəhidlər ölməz heç vaxt.
Şəhid qurban gedir ki,
Daim yaşasın həyat.

Qanlı Yanvar gecəsi,
Unudulmaz heç zaman.
Bizim azadlığımız,
Keçib ölümdən, qandan.

Şəhidlər xiyabanı,
Bir tarix kitabıdı.
Günəş doğan bu zirvə,
Azadlığa qapıdı.

Şəhidlər xiyabanı,
Nur saçan bir mayaqdı.
Vətənin qürur yeri,
Haqqa, sülhə dayaqdı.

Şəhidlər uca zirvə,
Düşmənə göz dağıdı.
Şəhidlər xiyabanı,
Bir qərənfil bağıdı.

Vətən hələ dardadı,
Hələ də tökülür qan.
Ey igidlər birləşin,
Böyüməsin xiyaban.

Burda səfərbər olaq,
Burdan çıxaq səfərə.
Atılaq döyüşlərə,
Imza ataq zəfərə.

Qarabağ alınmasa,
Gülməz şəhid ruhları.
Gəlin azad eyləyək,
O doğma torpaqları.

Qarabağ yol gözləyir,
Yolu tutub duman, çən.
Indi gecikmək olmaz,
Bizi çağırır Vətən.

Gəlin səfərbər olaq,
Gəlin verək əl-ələ.
Gəlin bir gün ağlayaq,
Bu torpağa, bu elə.

O gecə alovlanan,
Məşəl sönməz heç zaman.
Həmişə yaşayacaq,
Müstəqil Azərbaycan.