DƏYMƏDÜŞƏR…
Elə istəyirəm qayıdam hərdən,
gah qəhər.gah qürur didir bağrımı,
sənsiz dolu vurmuş çinar kimiyəm,
hirsim qopub-düşən yarpaqlarımdı.
Söz var:”Ağlayanda ürək boşalar”,
səninçün hönkürmək,ağlamaq asan,
sənin heç olmasa-təskinliyin var,
yaxşı ki,sən mənə oxşamamısan.
Tərsliyim başıma bir bəla olub,
təpədən-dırnağa günaham,şərəm,
eh… bu qürur da bir bəhanə olub,
mən ki,körpəlikdən dəymədüşərəm…
“SƏNİNLƏ” kitabından
HƏKİMƏ MƏKTUB
Həzin bir nəğmədir ürəyimdəki,
elə hey çağlayar,elə hey daşar,
yarsan-ürəyimdə asta gəz,həkim,
birdən bıçağına arzum dolaşar.
Ovcuna çilənsə,qorxma,qan deyil-
billur bir sevdadır axar sinəmdən,
mənim ki,ürəyim damardan deyil,
asılmış bir qızın hörüklərindən!
Çətin ki,qəlbimi görərsən,həkim,
bürünmüş guman ki,dumana,çənə,
guman ki,yaram da köhnəldiyindən
köhnə bir tanıştək yad gələr sənə.
Bəlkə ağlayarsan,həkim,yenə də,
doğrayıb-qırarsan barmaqlarını,
həkimlər-hər dəfə insan oləndə,
itirər əlinə etibarını…
Sumqayıt,1066.”MƏN KÜLƏYİ GÖRÜRƏM”
kitabımdan.Bakı,”GƏNCLİK”,1999.