
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri.
* * *
Əsas ayrılıqdı, sən onu qoru,
Hayana dönsək də ona çıxmışıq.
Gör bir əvvəlimiz harda başladı,
Gör bir necə gəlib sona çıxmışıq?
Bir az uzun çəkdi bu hal, neyləyək?
Mənə cəzamısan, mükafatmısan?
Ağlımın, fikrimin oyaq vaxtında
Mənim ürəyimə necə yatmısan?
Anladım, hər şeyi anladım tamam,
Nə yoxsa yoxdu heç, nə var səndə var.
Şükür, ayrılığın dadını gördüm,
Hələ sevgi nədi, bilməyən də var.
Buz kəsilib səndən sonra xatirən,
Nə bir gülür, nə ağlayır, biləsən.
Ürəyimin ümidinə qalmışam,
O da səni sayaqlayır, biləsən.
Biləsən ki, nə getməyə yerim var,
Nə qalmağa rahatlığım var mənim.
Üstümə gün kimi düşür, biləsən,
Qaraldır qanımı axşamlar mənim.
“Gəl-gəl”-deyə yellənirdi əllərim, –
Əlim əsə-əsə xatırlayıram.
Baxma yaddaşımın nadincliyinə,
Səni birnəfəsə xatırlayıram.
* * *
Buz kəsilib səndən sonra xatirən,
Yerimdəcə qurumuşam don kimi.
Bilirəm e, bu axırdı, bu sondu,
Sən yenə də oxuyarsan “Dön” kimi.