
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının CƏNUB Bürosunun Rəhbəri
İsti, çox isti yay günündə bir nəfərin ölüm xəbərini eşitmək həmişə adama qəribə gəlir. Sanki insanlar bu dünyanı soyuq günlərin birində tərk etməliymiş, sanki küləkdə, sazaqda birinə vida demək daha uyğunmuş. Bunun niyə belə olduğunun bəlkə bir izahı var, bəlkə də yoxdur. Bu, insanın adət etdiyi altşüurun göstəricilərindən biri də ola bilər.
Amma adam özünü təzadlı hiss edir; bilmir istidən ölən duyğularının halına qalsın, yoxsa istinin hərlətdiyi başının və sıxdığı ürəyinin gününə çarə tapsın. Bir yandan da “Yazıçı öldü” başlıqlı yazıları oxumalı olursan. Böyük, hədsiz təəssüf hissi ilə mətnləri oxuyanda baxırsan ki, cavan imiş, sonra yazırlar: təzadlı, qəribə, narahat adam imiş…
Belə məqamlarda adamı qarışıq fikirlər bürüyür. Narahat adamlar yaxşı adamlardır; çünki laqeyd deyillər, bivec deyillər, biganə deyillər. Bəlkə, əksər narahat adamlar kimi, yazıçı Rüfət Əhmədzadə də bizim görə bilmədiyimiz nəsnələrin dərdini çəkirdi? Hamıdan xəbərsiz, gizlində, otağında, pəncərə qarşısında əyləşib hansısa başqasının etdiyi kobud təhkiyə səhvlərini düşünürmüş və fikirlərini bölüşməyə adamı yoxmuş?
Bəlkə də, qafiyə xatirinə mənası uyğun gəlməyən şeirlərin müəlliflərinin xiffətini çəkməkdən yorulub getdi bu dünyadan?
Həmişə demişəm, yenə deyirəm: hər kəsin ölümü özünə oxşayır. Qaynar havalarda istiqanlı adamların bizi tərk etdiyi kimi…
Könül Nuriyeva
***
Ey rəssam, bir rəsm çək,
Bir postmodernizm çək!
Dalı-qabağı bilinməyən poeziyadan,
Yurdu-yuvası naməlum şairdən…
Kirli saçları dağınıq,
Fikirli gözləri bulanıq,
Bir az da qan yığılsın bəbəklərinə…
Bütün bezgin insanları da topla
intihar etmək üçün
şairin almacıq sümüklərinə.
Qoşanağara çubuğu kimi
Arıq, uzun barmaqları siqareti
Qovuşdursun çoxdandır öpülməyən
Çatlaq dodaqlar ilə….
Üzdən sakit, fikirli görünsə də,
Burun pərlərindən şir qəzəbi,
Gözlərindən bir aşiqin dəliliyi sezilsin.
Sevgi ehtiras deyil,
Amma çılğın ehtiras duymadan da sevgi olmaz …
Bu əsərdə bitkinlik də, yetkinlik də, itkinlik də,
Həm sevgi, həm ehtirasla bəzənsin…
Mərdlik adına nə qədər cizgilər bilirsənsə,
Hamısını topla bir simaya, birdən əzilsin…
Alnına döyüş yazma, qazılmış söyüşləri
Müqavimət arzusuna calaq et.
Elə öz ürəyinin hansı künc-bucağında nə qədər
Acıq varsa, hamısını bir mərhəmət üzərində qalaq et.
Bilirsənmi, mənim gənc rəssam dostum,
Söyüşsöyən Bukovskinin
“Sovetski”də təsbehlə sındırılması kimidir
Hər şeyi olduğutək, azadlıq eşqiylə dilə gətirmək.
Elə “Sovetski”nin də amansız dağıdılması kimidir,
Hər şeyə fərqli baxıb, ətalətdən ədalət gözləyərək,
əsarətə ümidlə tab gətirmək.
Bitirdinmi əsərini, ey rəssam?
Bu da gedər tarixin zibilliyinə, əmin ol!
Möhtəşəm əsərlərin zövqünü fağır bəndələr,
Xeyrini isə zənginlər götürər.
Mənə ən ucuz rəsmini yarat ki,
Heç kim oğurluq eşqinə düşməsin:
Dahilərin adlarını saqqız kimi çeynəyən
Məmur şairlərin gözündən uzaqda qalar…
Ən azından, bu cür təhqir olunmaqdan qurtular
Sənət, həqiqət və səmimi hisslər.
Və bir də:
Böyük şairlərə nəzirə yazan sözbazların karikaturasın çək.
İstəsən, məndən başla…
Çək, rəssam, çək!
Utanma ey, götür, çək…
Təmiz əfqan malıdır!
Rüfət Əhmədzadə (Mikayıl Müşfiq remake)
***
“Mən səni sevirəm, ya da sevmirəm”
( Rüfət Əhmədzadə )
Mən səni sevirəm,
Ya da sevmirəm…
Sadəcə, hislərin fırtınasıdır.
Yaxınsan, üç addım…
Uzaqsan… Sonsuz!
Eləcə acizlik ixtirasıdır.
Mən səni yazıram,
Ya da yazmıram…
Sadəcə bir dəli sayıqlaması.
Gülürsən, bircə an…
Susursan… Sonsuz!
Sonsuz sevdamızın açıqlaması.
Nələrdən keçmişdin,
Nədə dayandın?
Kimləri ötmüşdün,
Kimdən utandın?
Suallar içində boğulan mənəm…
Sən hansı sualdan bezib-usandın?
Mən sənsiz heç kiməm,
Ya da hər kiməm…
Bu yetkin vaxtında itkin bir adam.
Özünü axtarıb səndə taparkən…
Bəs səni itirsəm?
Bitkin bir adam!
Bir edam səhnəsi quraq səninlə…
Hakim də özün ol, cəllad da özün!
Bir vida səhnəsi quraq səninlə…
Ölüm də özün ol, Sirat da özün!
Gəzim tellərində, sənə varım mən,
Elə səndə qalım, sənə qalım mən.
Cənnətim, yoxsa ki, Cəhənnəmimsən?
Əgər dünyam isən, hələ qalım mən!
Rüfət Əhmədzadə