
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru
Ömür bir az
ağlamaqdı,
Bir az da
nəyə ağladığına ağlamaqdı.
Ömür həm də
əyninə
usta əliylə biçilmiş
qara paltarda
Naşı əliylə vurulmuş
ağ yamaqdı.
Bu ömürdü, atam-qardaşım,
Bəzən qara yuyub,
ağ sərməkdi,
Bəzən də qara sərib,
ağ yumaqdı…
Üzündəki ağ duvaxdı,
Baxdım, baxdım – ağlım axdı.
Bu nə təhər ağlamaxdı, –
Bu xoşbəxt, məsud günündə?!
Ömür bir az
gülməkdi,
Bir az da
nəyə güldüyünə gülməkdi, –
Nooldu, yavrum,
kimsə küllüyünə
gülmü əkdi?!
Bu ömürdü,
atam-qardaşım,
Bəzən ağlaya-ağlaya
ölməkdi,
Bəzən ölə-ölə gülməkdi…
Ümid yad əldə ilməkdi,
Yox olar bir anda – çəkdi.
Yavrum, bu necə gülməkdi,
Gülüşün də ud günündə.
Bu ömürdü, atam-qardaşım,
Kiminin hesabı
qara libası boyda,
Kiminin hesabı
qara libasda
ağ yamaq boyda…
…Sənin də deyəsən
işin-gücün
qurtarıb axı,
Mən nə hayda,
sən nə hayda?!
Ağ bəlli, qara bəllidi, –
Çək məni dara, bəllidi.
Bu nə cür qaravəllidi,
Dərviş Oday, ad günündə?!