
Opera sənətinə həsr olunmuş festivallar klassik musiqinin inkişafı üçün çox önəmlidir. Opera sənəti qeyri-adi mədəniyyətdir, birmənalı olaraq, böyük bir tarixdir.
Bu sözləri televiziya aparıcısı Saleh Bağırov Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının açılışı zamanı AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib.
“İncəsənət böyük gücə malikdir. Söhbətin klassik musiqidən getdiyini nəzərə alsaq, onun təsiri iki-üç dəfə daha böyükdür.
Fidan Hacıyeva opera sənətinin inkişafına böyük töhfə verib. Əminəm ki, bu festival böyük uğur qazanacaq. Biz yeni adlarla tanış olacağıq, klassik musiqiyə bir daha vurulacağıq.
Əgər gənc nəsil bu musiqinin təsiri altında böyüsə, onların zövqü də incə olacaq, dünyagörüşləri və həyata baxışları da fərqli olacaq. Buna görə də hesab edirəm ki, klassik musiqini inkişaf etdirmək çox vacibdir”, – deyə müsahibimiz vurğulayıb.
Xatırladaq ki, Xalq artisti, maestro Yalçın Adıgözəlovun rəhbərliyi, Xalq artisti Fidan Hacıyevanın iştirakı və Niyazi adına Dövlət Simfonik Orkestrinin müşayiəti ilə keçirilən Opera Festivalı sentyabrın 7-dən başlayıb və dekabrın 7-dək davam edəcək. Festival ölkənin müxtəlif regionlarını əhatə edir. Tədbir çərçivəsində təqdim olunacaq konsert proqramları Azərbaycanın hüdudlarından kənarda da nümayiş etdiriləcək.
Müəllif – Anara Axundova
Fotoqraf – Səfiyar Məcnun
Mənbə: https://azertag.az