Bu gün İslam coğrafiyasının əksər ölkələri inkişafdan qalan ölkələr sırasındadır.
Bu gün İslam coğrafiyasının əksər ölkələri inkişafdan qalan ölkələr sırasındadır. Çoxları bunun dindən qaynaqlandığını düşünür. Onların fikrincə, Avropa ölkələrinin inkişafı məhz dindən uzaqlaşdıqları vaxt başlamışdır. Bu yanlış düşüncəyə görə, müsəlmanlar da Qərbi təqlid edərsə inkişaf edə bilər. Əlbəttə ki, bu tamamilə səhv yanaşmadır. Din heç vaxt inkişafın, elmin önünü kəsməmiş, əksinə buna təşviq etmişdir. Qurani Kərimdə çox sayda elmə yol göstərən və təşviq edən ayələr vardır.
1400 il əvvəl dünya cəhalət içində boğularkən Quran ayələrində göylərin və yerin yaradılışından, kainatın genişlənməsindən, planetlərin öz öxu ətrafında hərəkət etməsinə qədər ətraflı elmi məlumatlar verilirdi:
“Məgər kafirlər göylərlə yer bir olduğu zaman Bizim onları bir-birindən araladığımızı, hər bir canlını sudan yaratdığımızı görmürlərmi? Yenədəmi inanmırlar? (Ənbiya surəsi,30)
“Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk.”(Zəriyat surəsi, 47)
Nə günəş aya çatar, nə də gecə gündüzü keçə bilər. Onların hər biri (öz ) orbiti (ilə) üzüb gedir. (Yasin surəsi, 40)
Rəbbimiz Quranda müxtəlif sahələrə aid elmi məlumatlar verməklə yanaşı, insanların bu məlumatlar üzərində düşünməsini və tədqiq etməsini də buyurmuşdur. Tarix boyu bir çox müsəlman alim Qurandan ilhamlanaraq astronomiya, fizika, kimya, tibb və başqa sahələr üzrə bəşəriyyətə çox əhəmiyyətli töhfələr vermişdir. Bu gün əksər elm sahəsi müsəlman alimlərin qoyduğu bünövrə üzərində inkişaf etmişdir. Belə ki, orta əsrlərdə müsəlman alimlər atomun parçalanacağı təqdirdə ortaya böyük bir şəhəri məhv edəcək qədər enerji çıxacağını müzakirə edirdilər.
Bəs bu qədər yüksək inkişaf dövrü keçdikləri halda müsəlmanların geriləmələrinin səbəbi nə oldu? Quran İlahi qanunlar, yaradılış məqsədi, qiyamət günü, cənnət və cəhənnəmlə bağlı məlumatlarla yanaşı elmi məlumatları da ehtiva edir. Yəni din ən əvvəldən elmlə iç-içə olmuşdur. Lakin son bir neçə əsrdə dinin sadəcə fiqhi hissələri əsas götürülmüş, elmlə din arasında böyük uçurum yaradılmışdır. İslam dünyası yeniliklərə qapanmış, nəticədə inkişafdan geri qalmışdır. Hətta yenilikləri “şeytan əməli” adlandıracaq qədər cəhalət İslam dünyasının böyük bir hissəsini ağuşuna almışdır. Mirzə Ələkbər Sabirin bir şerində yazdığı kimi: “Quş kimi göydə uçar yerdəkilər, bizi gömmüş yerə minbərdəkilər”. Halbuki Allah Quranda göylərin və yerin yaradılışı, bitkilər və heyvanlar üzərində düşünməyi, araşdırmağı və nəticə çıxarmağı əmr edir. Bütün bunlardan İslam coğrafiyasındakı geriləmənin və keyfiyətsizliyin səbəbinin din olmadığını, dinlə elmi bir-birindən ayırıb İslam dünyasını cəhalətdə boğmaq istəyən zehniyyət olduğunu görürük. Materialist idealogiyanın“dinsiz elm” istəyi müsəlmanlar arasında “elmsiz din”kimi təzahür etdi. Bu, həm də İslam coğrafiyasının geriləməsinin başlanğıcı oldu. İslam dünyası inkişaf etmək əvəzinə Qurandan kənar uydurma hökmlər üzərində sonu gəlməyən mübahisə bataqlığında geriyə gedərkən, materialist idealogiyanın hakim olduğu Qərb dünyası texnologiyanın inkişafında inqilab etdi. Bu isə insanların düşüncələrində yalnış olaraq belə bir təsəvvür yaratdı ki, din inkişafın qarşısını alan, materializm isə inkişafa təkan verən fikir sistemidir və inkişaf etmək üçün Qərbin sahib olduğu dəyərləri qəbul etmək lazımdır. Bütün bu səhv fikirlərin düzəldilməsi üçün İslam özünə, yəni Qurana dönməlidir. Müsəlmanların hər bir yeniliyin, elm və inkişafın önünüdə getməsi Allahın müsəlmanlara Quranda tövsiyəsidir.
Ramiq Vəliyev