Hər gün ətrafımızdan yüzlərlə,bəlkə də minlərlə insan keçir.Hərə bir cür simada,hərə bir cür aurada…
Adamların başı dik gəzənlərinin də,başı aşağı gəzənlərinin də öz dünyası var… Kimin bu dünyada fikri,zikri yoxdur ki?!
Mən qeyri-ixtiyarı yaxından müşahidə etdiyim adamlarla ünsiyyət qururam.Bilmirəm bu təbiətən baş verir ya,təsadüfən..
O hər gün işlədiyim məkanın yanından keçirdi.Heç vaxt başını yuxarı qaldırmaz,həmişə fikirli gedərdi.Üzünün cizgilərindən sanki,bir əzab nişanəsi oxunar,məna çaları aşılayardı.Taleyin qismətindən bir gün qarşı-qarşıya gəldik.

  • Alışqanın var?
    -Buyur.
    -Təşəkkür edirəm.
    Bilərəkdən:
    -Narahat olma,düzələcək dedim.
    Üzümə təbəssümlə baxıb elə bil ki,ürəyimin dərinliyindən boylanan mənanı sezdi.
  • Çox çətindir qardaş.
    Beləcə ilk dəfə tanış olan,amma doğma adamlar kimi söhbətə başladıq.Mövzumuz özü-özünə məcraya düşürdü.Beləcə,dünyanın gəliş-gedişini anlayan iki şair tanış olur.Hər kəs öz baxış bucağından cərəyan edən keşməkeşlərə “don” geydirməklə düzən verməyə çalışır,gördüyümüz “ağrıları” azaltmağa çalışırdıq… Həyatdır,iki söz adamın bir birinə ən gözəl hədiyyəsi nə ola bilər?!
    Qəlbinin,ruhunun səsi-müəllifi olduğu kitabı…
    İndi o kitabı vərəqləyirəm…Fikirli adam çözüm verməklə belə acısını gizlədə bilmir:
    Haqsızlıq baş alıb gedir,dayanmır
    Bu millət qəflətdən vallah oyanmır.
    Qan içən qanına niyə boyanmır?!
    Deyəsən dəyişib valı dünyanın…
    Hiss edə bilirəm bu fikirli adamın dərdini… Özünü danlayır,günahkarı cəzalandırmaq istəyir.Bir yol bulmağa çalışır…
    Bəzən vətən deyəndə dili yanır,bəzən də,səsinə dünya oyanır fikirli adamın…
    Özünü ifadə etdikcə iç dünyasına yollar görünür.Təsəvvür edin,bir şairin ürəyinə gedən yolun kənarı necə olar?!
    Sevgi qoxulu
    Dərd yuxulu…
    Nəbilim…
    Bətnindən dünyaya gəldiyi anasından ilham alan,fəsillərdə böyüyən,şeirini rəsm kimi çəkən,bəsimdir deməklə özünü gözütox edən bir fikir adamı poeziya dənizində üzməklə özünə yol açır…
    Qüruru ilə illəri adlayan,haraya baxsa sevda kəşf edən adamın iztirabı da ülvidir.
    Darıxır,sətirlənir,hecalanır bu yol üstə:
    Mənim ürəyimdə durna yolu var,
    Sanmayın o yolu siləsiyəm mən.
    Yağsa da ömrümə soyuq şaxta,qar
    Durnalar gələndə gələsiyəm mən…
    deyən fikirli həmkarım Aristotelin məntiqindən yan keçmir. ” Qarayla ağ arasında” zehni müqayisə aparır.
    Öz duyğularını sevgidə qoruyan şairin yaşamı da poetik olur:
    Sən mənim qəlbimdə əbədi gözsən,
    İlhamsan,duyğusan,eşqsən,həyatsan.
    -deyə özünə yaşam ümidi verir,sevgi məbədi qurur.
    Qurduğu,bəzədiyi qəsrin içində darıxdığı anlar də olur.Hansı sevgi rahat yaşanır ki?!
    Ruhumun içində gecikdi nəfəs
    Bağrımı sökdülər,tufana döndü.
    Məni çox inlətdi o yanıqlı səs
    Mən sənli,bir sənsiz zamana döndüm…
    İnsanın yaşam dövrü qəribəliklər içindədir.Ən möhtəşəm anları isə onu yaşayanın ürəyində şeiləşir Hərdən lap günahkar kimi…
    Cənab hakim səndən bir xahişim var
    Günahkar qəlbimə bir höküm çıxar.
    Sevgiylə döyünüb,vurmayan qəlbin
    Məni yaşatmağa hansı haqqı var.
    Bu sevgi təkcə o sevgi deyil ha.Sevgi bəşəri duyğudur… Məncə fikirli adamın şairliyi ondan yan keçmir…
    Sədasını dağlara,buludlara,yağışa eşitdirən adam haraylayır,gözlə görünən bütün məfhumları…
    “Elə bir nəğmə de,elə nəğmə ki…”
    Bu nəğmənin sözlərində hansı duyğular qanadlanmır ki…
    Hə.. Deyim ki,bir şair oxucuya çevriləndə daha səmimi ola bilir…
    Ey Fikirli Adam!
    Mən sənin dünyandan mənə açılan pəncərədən baxdım sözdən qurduğun saraya.Nurundan,nəqşindən sətirlərə səpməyə,onları da işıqlandırmağa çalışdım.Tanrı özü səni işıqlı etsin.
    Sən öz ailənin ilkisən.Şeiriyyatın isə İlkin adlısısan.
    İlkin Əhmədoğlu- oxucularına şeir müjdən az olmasın.Sənin ədəbi ruhuna dualar edən
    Elvin Firudinoğlu
    Şair,publisist.