em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

ƏRİK AĞACI

Bu dərd çiçəklədi, barını gördüm,
Baxdım, gözüm doldu, çoxaldı dərdim,
Sinəmi palaz tək altına sərdim,
Barını görmədin ərik ağacı.

Qönçə çiçəklərin düşdü şaxtaya,
Qoruya bilmədi səni dağ, qaya,
Çiçəyinin barı çıxmadı yaya,
Barını görmədin ərik ağacı.

Küləklər o körpə saçını yoldu,
Ağrılar, acılar gözünə doldu,
Q qönçə çiçəklər qönçə də soldu,
Barını görmədin ərik ağacı,

Bu dərd çəkiləsi dərd deyil bacı,
Bilirəm çətindi bu ağrı, acı,
Sən ey bar ağacı, sevgi ağacı,
Barını görmədin ərik ağacı.

Üzünə gülmədi bu yaz, bu bahar,
Qəfildən üstünü aldı şaxta, qar,
Yanında nazlanır gilas, gilanar,
Barını görmədin ərik ağacı.

Baharda dumana, çənə büründün,
Qəlbin açılmadı, qəmə büründün,
Balasın itirən anaya döndün,
Barını görmədin ərik ağacı.

Ağla gözüm, ağla hələ

Canım qalıb bax, o dağda,
Bülbül ötməz tay o bağda,
Ruhum gəzir Qarabağda,
Dərdim belə, qəmim belə,
Ağla gözüm, ağla hələ.

Ah- nalə dərdin boyatı,
Dilimdə bitib bayatı,
Cidardan açın bu atı,
Tarlam belə, zəmim belə,
Ağla gözüm, ağla hələ.

Görünmür bu yolun sonu,
Bir dərd gedir, gəlir onu,
Açılmır suların donu,
Dəryam belə, gəmim belə,
Ağla gözüm, ağla hələ.

Gözlərimdən qaçıb yuxum,
Daşa dəyib sevda oxum,
Orda qalıb varım, yoxum,
Çoxum belə, kəmim belə,
Ağla gözüm, ağla hələ.

Çal qardaşım, çal “Cəngi” ni,
Qına qoyma xəncətini,
Uçur düşmən səngərini,
Qurum belə, nəmim belə,
Ağla gözüm, ağla hələ.