Yalnız Sevgilimi düşünürəm … Evdə, işdə, yemək yeyərkən, televizor seyr edərkən, kitab oxuyarkən, yazı yazarkən ağlımda hər zaman Sevgilim olur.
Həyatıma məna qatan sevgini tapmışam mən, ONSUZ HƏYAT MƏNASIZDIR. Zaman sürətlə axıb gedir, bir çox hadisələr baş verir, ancaq Sevgi olmadan yaşamaq çox çətindir.
Əsil sevgini hiss etmədən yaşayanda insanın robotdan fərqi olmur, həy şey adiləşir … Gözəlliyin mənası olmur, Sevginin əvəzinə bütün mənfi duyğular – qısqanclıq, həsəd, qəddarlıq, eqoistlik, həsəd üzə çıxır. İnsanların şüuru tamamilə qapanır, xoşbəxt olmur, yalnız qalır, hətta ağıllarını belə itirirlər. Bəs siz də mənim kimi aşiq olmaq istəyirsinizmi?
Mənim Sevgilim, Yarım bütün gözəlliklərin tək sahibi, tək yaradıcısı, ağılın, gücün, qüvvətin, elmin, sevginin tək sahibi olan uca Rəbbim Allahdır.
Ətrafınızda gördüyününüz gözəlliklərə yenidən nəzər salın, məsələn, gözəl bir qadını, yaxud da yaraşıqlı bir kişini götürək. Heç birinin yaratmaq gücü yoxdur, çünki özləri də yaradılıblar. O gözəlliklərin bir Yaradanı var, o sənətin bir Sənətkarı var. Bəs siz kimi sevərsiniz, rəsm əsərinimi, yoxsa o rəsm əsərindəki gözəllikləri yarada bilənimi? Heç o əsər sənətkar olmadan ərsəyə gələ bilərmi? Əlbəttə, gələ bilməz, ona görə də siz də gözəlliyin əsil sahibini sevəndə aşiq ola bilərsiniz. Sevginiz də əsla bitməz, o sevgidə qısqanclıq və ya keçici həvəslər də olmaz.
Allah sevgisi olmadan birini sevməyin heç bir mənası yoxdur. Bəs siz Allahın təcəllisi kimi həyatınızda kimsəni sevdinizmi, belə hislər yaşadınızmı? Əgər yaşamamısınızsa, mənim demək istədiklərim sizə qeyri-adi gələ bilər. Çünki Allahı sevmədən Allah sevgi nəsib etməz. Bir adamın pulunu sevə, fiziki görünüşünə heyran qala bilərsiniz, amma pulu qurtaranda, yaxud da gözəlliyi gedəndə “sevginiz” də bir anda bitəcək. Açıq danışsaq, hal-hazırda “sevgi” deyə izah edilənlər mənfəətə əsaslanan hislərdir, mənfəət bitəndə artıq sevgidən də əsər-əlamət qalmır. Bunu da heç kim inkar etmir. “Mən qarşımdakı insanın əxlaqını sevirəm”, “çox yaxşı, mədəni, əxlaqlı insandır”, – deyə düşünə bilərsiniz. Ola bilər, əxlaqını sevirsiniz, bəs o əxlaq nəyə və kimə görə gözəl əxlaqdır? 7 milyard insanın 7 milyard fərqli əxlaq anlayışı var, öz mənfəətlərinə görə bu əxlaq anlayışları da dəyişə bilər. Məsələn, “sevirəm” dediyin insan bir anda sizin düşməniniz ola bilər. Allaha sədaqəti olmayan insanın heç kimə vəfası olmaz. Allah qorxusu olmayan insan yeri gələndə dəyişib gözəl əxlaq əvəzinə çirkin əxlaq göstərib zorakılığa əl ata bilər. Ancaq Allah sevgisini qazanmaq üçün göstərilən əxlaq daimi olar, insanlara və hadisələrə görə dəyişməz. Allah bizdən Qurana görə gözəl əxlaq göstərməyimizi istəyir, Allahı sevən insan da Sevgilisinə görə davranar. Allah “qısqanclıqdan, həsəddən, qəddarlıqdan, zorakılıqdan, kindən uzaq durun”, – deyir, sevən insan da sevə-sevə Allahın istədiyi gözəl əxlaqı göstərməyə çalışar.
Sevən insan hər yerdə – insanlarda, çiçəklərdə, sevimli bir heyvanda Sevgilisini görər. Əgər insan sevgini bilməsə, o çiçək onun üçün sadəcə bir ot və ya bitki kimi görünəcək. Biz yaradılanı Yaradandan ötrü sevirik. Əgər siz də belə sevginin nə olduğunu bilsəniz, sevginiz durmadan artar. Gözəl insan görəndə ona Allahın təcəllisi kimi baxarsınız, Allah sevginiz artar, tərtəmiz bir çiçəyi qoxlayanda ondan xüsusi zövq alarsınız, bu da Allah sevginizi coşdurar, beləliklə də, sevginiz günbəgün artaraq davam edər, həyatınıza məna gələr. Gündəlik qarşılaşdığınız mənfi və ya müsbət kimi görünən hər hadisə sizə xoş gələr, əsəbiləşəcəyiniz, narahat olacağınız heç bir vəziyyət qalmaz. Çünki Sevgilidən gələn hər şeyə razı olarsınız, bilərsiniz ki, ağılın və gücün tək sahibi olan Allah yaratdığı bütün hadisələri xeyir və hikmətlə yaradır.
Allaha aşiq olsanız, qaranlıq otaqdan işıqlığa çıxmış kimi qəlbiniz rahatlayar, şüurunuz açılar, hadisələrə daha müsbət yöndə yanaşarsınız. Bir də əsil xoşbəxtliyin nə olduğunu görəcəksiniz. Allah sizə də mənim yaşadığım kimi SEVGİ nəsib etsin.
Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar. (Bəqərə surəsi, 257)
Xəyalə SƏFƏROVA