rahileanam

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

“Vətənimdir” – silsiləsindən

Bəd illər az qalır, qərinə olsun,
Qübarı könüldən, silə bilmirəm.
Çatlamış boş sənək, çətin ki, dolsun,
Laçınsız, Şüşasız, gülə bilmirəm.

Neçə ki, Kəlbəcər, qolu bağlıdır,
Neçə ki, Ağdamım, sinədağlıdır.
Neçə ki, “Stepan”,-“Qarabağlıdır”,
Necə yaşayıram, hələ bilmirəm.

Cəbrayıl yaralı, həm də qəfəsdə,
Füzuli can verir, qulağı səsdə.
Qubadlı, Zəngilan, kürəyi üstə,
Məzarım qazılıb, ölə bilmirəm.

İrəvan, Zəngəzur, Göyçəm hardadır?
Mehri, Qafan,Vedim, gör nə haldadır.
Gorusum, Ağkilsəm, qeylü-qaldadır,
Həsrətin zirehin, dələ bilmirəm.

Aprel döyüşləri, mesaj -düşmənə,
Göz dağı verəcəm, işğal edənə,
Bir kimsə dünyada, qızammaz mənə,
Yurdda eldən- elə, gələ bilmirəm.

Yüksəldək Murovdan “Cəngi”nin səsin,
Silək Ulu Yurdun, qara ləkəsin.
Dövran vəsf eləsin, Odlar Ölkəsin,
Nəyi gözləyirik, bilə- bilmirəm?!…