***
Yaxşı məclisdə, könül, söhbət məhəbbətdən düşər,
Dostluğa, qardaşlığa sonsuz sədaqətdən düşər.

Darda meydandan qaçan, ağ gündə cövlan eyləyən,
Hər kim olsa, el içində, məncə hörmətdən düşər.

Kim ki, aləmdə “təkəm mən, məndən olmaz” söyləsə,
Şübhəsiz gözdən düşər, bir sözlə şöhrətdən düşər.

Olsa da məddahı minlərlə, nə qəm tezdən də tez,
Xalqına bağlanmayan sənət təravətdən düşər.

Gör nə xoşbəxtsən, Süleyman, ta yüz ildən sonra da,
Məclisində söz bu al bayraqlı millətdən düşər.

***
Sevgilim, qoyma dilimdə nə şikayət qalsın,
Nə də könlümdə-gözümdə acı həsrət qalsın.

Gəl, vəfasız, demə “bəsdir” səni candan sevənə,
Qoymaram bir daha üstümdə bu töhmət qalsın.

Bir gözəlsən ki, gözəllər sənə dikmiş gözünü,
Deyirəm, ölkədə haqqında bu söhbət qalsın.

Son verək gəl bu şikayətlərə, səndən, məndən,
Dərdə dözmək, cavan aşiqlərə adət qalsın.

Varsa şübhən sözümə, onda buyur, al, gözəlim,
Ürəyim qəbrə qədər, səndə əmanət qalsın.

Gəl, Süleyman o qızılgül dodağından öpsün,
Torpaq altında da ağzında bu ləzzət qalsın.

***
Gələndə məclisə mey əldə lalə şəklində,
Nigarım ay tək olur, mənsə hələ şəklində.

Ürək qanımla yazıb sönməyən məhəbbətimi,
Nigarə söyləyirəm odlu nalə şəklində.

Vəfalı könlünə bir yol tapan zaman şe’rim,
Gözündə nəm görürəm, inci, jalə şəklində.

Mən aşiqəm, beləyəm mən, hər aşiqanə sözüm,
Coşub, axır ürəyimdən, şəlalə şəklində.

Sevin, sevin ki, Süleyman, əlində sevgilinin,
O qan olan ürəyindir, piyalə şəklində.

***
Könlüm yenə min şövq ilə, canan, səni istər,
And olsun əziz canına ki, can səni istər.

Çəkməz ətəyindən əlini, çəksə də hicran,
Eylər canını canına qurban, səni istər.

İlham alıram incə səsindən, nəfəsindən,
Tək mən deyiləm, şanlı bu dövran səni istər.

Sən qəlbi təmiz, alnı açıq, şux gözəlimsən,
Ellər də olub hüsnünə heyran, səni istər.

İşdir, mənə üz versə fəraqından kədər, qəm,
Könlüm yenə də dərdinə dərman səni istər.

Gün keçsə, zaman keçsə, vəfasız belə olsan,
Əvvəlki məhəbbətlə Süleyman səni istər.

***
Aşiq olanın bağrı dönər qanə, deyirlər,
Atəşdə yanan aşiqə, pərvanə deyirlər.

Dost-aşnanı öyrən, baxıb ətrafına, könlüm,
Hər addımını, eybini, cananə deyirlər.

Aç qəlbini cananına, göstər ki, inansın,
Bilsin, nə deyirlər ona, əfsanə deyirlər.

Ey nazlı nigar, sən mənim eşqim, həvəsimsən,
Eşq atəşidir, can verən insanə, deyirlər.

Mən fəxr edirəm, çünki əleyhimdə nə varsa,
Sən tək gözələ, gözləri ceyranə deyirlər.

Məndən sənə, ey gül, nə deyirlərsə, inanma,
Səndən də gəlib gündə Süleymanə deyirlər.

***

Sənə üz versə kədər, məclisə cananı çağır,
Dodağı qönçəni, ol gözləri ceyranı çağır.

Eşqdir, hicrdir, aləmdə vüsaldır mə’na,
Varsa şübhən, bunun isbatına dünyanı çağır.

Söndürə bilməyəcəksən yenə eşqin odunu,
İstəyirsən köməyə çayları, dəryanı çağır.

Sağalar məncə vüsal ilə bu hicran yarası,
Çəkmə zəhmət, nə təbibi, nə də loğmanı çağır.

Səni qəmlər dənizi boğmağa eylərsə hücum,
Özgə bir kimsəni yox, təkcə Süleymanı çağır.

***
Sevgilim, könlüm sənin heyranın olsun, olmasın?
Can cedyib, candan keçən cananın olsun, olmasın?

Bəlkə bilmirsən özün, çoxdan mənim qəlbimdəsən,
Canına bağlı bu canda canın olsun, olmasın?

Bir gün hicran yollarında könlünə üz versə qəm,
Odlu, ilk busəm sənin dərmanın olsun, olmasın?

Şux çiçəklər, güllər öpsün gül dodağından gərək,
Aşiqin bağçandakı bağbanın olsun, olmasın?

Mən Süleyman Rüstəməm, dillən görüm, yandım ki mən,
Gündə min yol can sənin qurbanın olsun, olmasın?

***
Əbədidir bu gözəl, ülvi məhəbbət məndə,
Məncə, səndəndir, əzizim, bu təbiət məndə.

Səni son mənzilədər gözləyəcəkdir bu könül,
Eşqinə olmayacaq zərrə xəyanət məndə.

Ölkə, xalq gəzdirəcək sözlərini qəlbində,
Günbəgün artacaq hər nəğmənə hörmət məndə.

Görürəm, hiss edirəm ölməyəcəksən, bilirəm,
Dözərəm hicrinə, varkən bu həqiqət məndə.

Get, zəfərlərlə qayıt, ölmə, Süleymanım get,
Get, fəqət, qoy ürəyin qalsın əmanət məndə.

***
Məni yandırdı Füzuli kimi hicran dərdi,
Uzun illər demədim xalqa bu pünhan dərdi.

Aşiqəm, eşqimi gizlətməyə haqqım yoxdur,
Həmdəmimdir gecələr sevgili canan dərdi.

Vurdu, soldurdu xəzan sevgilimin gülşənini,
Daşıyır gör necə qəlbində bir ümman dərdi.

Eşqimin hər iki sahildə dərin kökləri var.
Yox, deyil dərdimə tay eşqdə Sənan dərdi.

Hardasan, harda, xəyalımdakı təbrizli gözəl,
Tək sənin dərdin olub indi Süleyman dərdi?!