(Hikməti sözündə axtar- kitab)
Dərdimin üstündə təzə dərd bitir,
Kədər ürəyimi oxlayıb didir.
Ümidim azalır, inamım itir,
Tanıya-tanıya mən adamları.
Həzz aldım çoxunun şirin sözündən,
Qəlbini duymadan öpdüm üzündən.
İnciyib küsürəm özüm-özümdən,
Tanıya-tanıya mən adamları.
Doğru bildiyimi yalan görürəm,
Arzu-istəyimi talan görürəm.
Şirin dil altında ilan görürəm,
Tanıya-tanıya mən adamları.
Könlümü göynədən öz ahım oldu,
Aldanmaq həyatda günahım oldu.
Qohum yada döndü, yad qohum oldu,
Tanıya-tanıya mən adamları.
Səsləyənin harayına yetirəm,
Mən səsləsəm, yoxdu bir əl yetirən.
Qorxuram hamını sonda itirəm,
Tanıya-tanıya mən adamları.
19.12.2003