Özünü məndən ağıllı bilən insan, yeri var!
Dəf atıb, tar götürüb, kamança tutsan yeri var.
Bu dünya yaranandan zülm edib insan insana,
Üz çevir cahillərdən, aqilə uysan yeri var.
Bahalı hədiyyələr istəmirəm borclu qalım,
Bir vəhşi çiçək dərib könlümü alsan yeri var.
Deyirsən gah budur bu, gah odur bu, hansıdır bəs?
Aparıb baş-beynimi hap-gopa bassan yeri var.
Bildiyin burun eşmək, hərzə demək, bir də yemək,
Bir də ki, basaratın bağlıdır, oysan yeri var.
Oxudun “tarixi-Nadir” bəlkə kamallı olasan,
“Hır ilə zır” arası xırdalayırsan yeri var?
Nankorun, naşükürün gözümdə yox it dəyəri,
Vəfalı bir köpəyin gözümdə insan yeri var.
Su gələn arxa gələr bir də, Əsməra, yəqin,
Bir quru səhrasan ki, üzündə leysan yeri var.
2012