Pir yolunda pir olmusan,
Anam, getmə pirə, dəyməz!
Dilək-dilək qovrulmağın,
İçindəki sirrə dəyməz!
Bircə gülü solsa əgər,
Sanma bağban qan-yaş tökər.
Bağına bax, bəhər-bəhər
Al-yaşılda tərə dəyməz!
Balan oldum, balın oldum,
Bal yolunda yalın oldum,
Sonda bu kor yolu buldum,
Bunca dərdə, sərə dəyməz!
Bahar ömrüm keçdi daha,
Ağ gün mənlə öcdü daha,
Ümid etmə, gecdi daha,
Göy qurşağı yerə dəyməz!