Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qaradağ Bürosunun Rəhbəri
Bakı şəhərində doğulmuş, Əslən Qazaxın Birinci Şıxlı kəndindən olan, ADNSU-nun məzunu, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsində qəhrəmanlıqla şəhid olmuş Davud Taryel oğlu Qurbanovun ölməz xatirəsinə ithaf edirəm.
Böyük elə böyükdür, heç zaman kiçiləmməz, Mərdə namərd körpüsü yoxluqdur, keçiləmməz Yetişməsə sünbüllər zəmilər biçiləmməz, Hər şeyin öz vədəsi, hər şeyin zamanı var, Millətin Davud kimi ölməz qəhrəmanı var.
Davud lap uşaqlıqdan vurğun idi bayrağa, Qəlbində məhəbbəti tükənməzdi torpağa, Necə xoşbəxt olardı gedən zaman Qazaxa, Bu yurd necə gözəldi, meşəsi, ormanı var, Millətin Davud kimi ölməz qəhrəmanı var.
Bakıda doğulmuşdu, burda təhsil almışdı, Uşaqlıqdan mehrini kitablara salmışdı Neçə- neçə təşəkkür, tərifnamə almışdı Hələ də saxlanılan üç fəxri fərmanı var, Millətin Davud kimi ölməz qəhrəmanı var.
Orta məktəbi Davud əlalarla bitirdi, ADNSU-ya uğurla, yüsək bal ilə girdi. Ali məktəb də ona bol-bol sevinc gətirdi Bu təhsil ocağının şöhrəti var, şanı var, Millətin Davud kimi ölməz qəhrəmanı var.
Nə qədər arzular var, necə muraz var qəlbdə, Yalnız beşlə oxudu Davud ali məktəbdə, Çoxuna nümunəydi həm dərsdə, həm ədəbdə, Hamı görürdü onu necə də ərkanı var, Millətin Davud kimi ölməz qəhrəmanı var.
Oxudu həvəs ilə, mükəmməl təhsil aldı Uğurla o, magistr pilləsinə ucaldı, Dedi, – Diplom almışam, hərbi xidmətim qaldl, Hər oğul bir əsgərdi, hər kimdə türk qanı var, Millətin Davud kimi ölməz qəhrəmanı var.
Əsgər oldu, Vətənə qürurla xidmət etdi, Ən çətin tapşırığa “Oldu!” deyərərək getdi, Günlər ötdü, ay keçdi, gözlənilən vaxt yetdi, Başladı müharibə, indi hərb meydanı var, Millətin Davud kimi ölməz qəhrəmanı var.
Gizlədə bilməyirdi yağıya nifrətini, Düşmənlərə göstərdi əzmini, qeyrətini, İçərək Madagizdə şəhidlik şərbətini, Fəxr eylədi son anda, can Azərbaycanı var, Millətin Davud kimi ölməz qəhrəmanı var.
Soysuzlar uydurmuşdu neçə yalan nağıllar, Elə peşiman oldu, elə öldü yağılar, Heç zaman unudulmaz candan keçən oğullar, Onların qəlbimizdə əbədi ünvanı var, Millətin Davud kimi ölməz qəhrəmanı var.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Ovuc-ovuc kədərimi Damcı-damcı böldüm.. güldüm… On saatlıq iş günümü “Səslərin”ə böldüm… güldüm…
Ürəyimdə qram-qram Yaşadım “mesaj” sevgini… Həsrətsiz sevmək də haram… Ödəmişəm bu “vergi”ni…
Baxışım yoluna kəniz… Gəlsən xəbər et, olurmu? Mən min lyölük bir dəniz, Sən də ol Kapitan Nemo…
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
xatirələr şəlalədi bu axşam… Axır… Axır gözümdən… Elə məsum yadam sənə… Günahla bəzənəm gərək…
Güzgüdəki son naxışam… Sən-günahkar doğmam; “İtin mavi gözləri”ndən Bir giləlik öpəm gərək…
Tutam yaxasından “Naməlum O”nun Atam bütün qaranlıq mağaralara… Min ildən sonra Dünyanın üç yerində Rəsmimi cıza dırnaqlarıyla Mağara divarlarına…
Yolun düşə o keçmişə… Yollarımız üçbucağın iti bucağında kəsişə… Görəm ki, yazmısan baxışlarına: -Bu mənəm, sevdası sarı… Görək ki, yazılıb o mağara divarlarına: -Gəldiniz? Ay sizi cənnətin ilk günahları…
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
Ürək də dayana bilmir yerində, Sinə bilmir, yaxa bilmir. Ruhumun o qədər Düşkünlüyü var, Durub candan çıxa bilmir. Saralan, sozalan xatirələrin, Həsrətin rəngidi payıza çıxan. İçim öz içimdir, çölüm özgənin, Bəs kimin bəxtidi bu qıza çıxan? Bu keçən günlərin, Keçən ayların Adı ömürdümü, nə sanaq belə? Mən bunu təqvimdən silmirəm axı. Hər şey asanlaşır- Yaşamaq belə, Mən niyə yaşaya bilmirəm axı?! Həyat taa başından bu günə kimi Nə mənasız yuxuymuş. Hələ də canımda can qalıbdısa, Məndə də az yoxuymuş.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
Axı nəyə lazımıydı O köhnə ayrılığı Təzələmək yenidən? Axı ayağından Şikəst sevgini Tək başına Gücüm yoxdu yeridəm. Qayıtsan, görəcəksən, Görəcəksən ki, Təptəzə qəm çəkirəm. Üstünü dağıdıb getdin, Atlını mən çəkirəm. Qayıtsan, görəcəksən, Görəcəksən ki, Bu depressiv hallarımın Səbəbi sən, Ürəyimin həyəcanı, Təbi sən. Sən olmadın hamı kimi. Yaddaşımda dadın qaldı Dodağının tamı kimi. Gah üz döndün, Gah əl etdin. İndi məni qınayırsan, Məni ki sən əfəl etdin.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri
Dodaqlarında donub qalmışdı Adımın ilk hərfi, Sonra yavaş-yavaş pıçıldadın məni. Gözlərinin içində çağlayan Dəniz idim, Elə indi daşacaqdım yanaqların boyu, Səssiz idim, daşmadım. Dodaqlarında donub qalmışdı Adımın son hərfi, Sonra yavaş-yavaş sussdun məni. Gedişimi izləyirdin gecənin bir küncündə, Elə indi dönəcəkdim geri,elə indi, bu saat Öpəcəkdim səni, Dönmədim.
Hansı yerin küləyinə üşüdün, hansı yerin soyuğu var canında? Xəyallarım çox da sənə sarılıb, Nə yazıq ki, mən deyiləm yanında.
Düşünürəm hansı işə yarayır Əllərini isitmirsə nəfəsim. Sən gələndən, sən hopandan ömrümə Nə sükutum sənsiz olur, nə səsim.
Sən demişəm, sən deyəcəm hər nəfəs Bir gün əgər qalmasam da yadında. Bircə bunu unutmazsan ömürlük, Mən özümü tapmış idim adında.
Bəlkə də bir bəhanədir, yalandır, Gözlərində nəfəs dərib dayanmaq. Ölüm kimi kabus olur, biləsən, Gedişinə zərrə qədər inanmaq.
Hansı yerin küləyinə üşüdün hansı yerin soyuğu var canında. Xəyallarım çox da sənə sarılıb, Nə yazıq ki, mən deyiləm yanında.
Mən çıxıb getməyə bir küçə tapsam
Mən çıxıb getməyə bir küçə tapsam, Mən çıxıb getməyə bir kimsəsizlik, Mən çıxıb getməyə bir ada tapsam Bir boş ada! Nə ağacı olsun, nə daşı olsun!
Mən çıxıb getməyə bircə yol tapsam, Mən çıxıb getməyə bir azca da güc. Mən çıxıb getməyə ən uzaqları! Kimsənin olmayan uzaqlar! Nə bir iz buraxım, nə geri baxım.
Mən çıxıb getməyə qərarlı olsam, Mən çıxıb getməyə yır-yığış etsəm. Mən çıxıb getməyə həyətə çıxsam. Əllərim qoynumda qəfil titrəsə! Hər şeyi o köhnə evdə unutsam! Hər şeyə yenidən başlamaq olar!
* * *
Mən gülə bilmirəm, bilmirəm. Buludları qərarsız səmanın altında. Bəli, mən bir az da bədbin adamam. Amma, amma adam kimi adamam. Günah məndə deyil. Misalçün, dünən sevgilimin şəklinə baxırdım, içim sızladı. Sevgilimi görmədim. Küçənin tinində süpürgəçi qadın gördüm. Söykəndiyi süpürgədən kiçik. Yeganə dayağına söykənmişdi…
Saçlarına söykənib səni sevmək olar ölüncə,
Toxunma o saçlara, toxunma ölüm gəlincə. Mən həyata gələn adamların ən sonuncu dərd çəkəni, Dərdi dəbdən salanıyam, sevən də çoxdu, sevməyən də məni. İndi uzaqlar ən yaxın mənzildi unudulmağa, İndi yaxınlar ən qorxulu uzaqlıqdı mənimçün. Qınama, çox şey oldu. Qınama heç nə olmadı.
* * *
Bütün təsəllilər ən pis söyüş kimi səsləndikdə, Anlayırsan ki, nəfəsin divarı əridə bilməz. Əllərin uzaqbaşı səfeh yumruğu olar… Gözlərin yumulub-açıldıqca qatı duman bürüyər bütün uzaqları. Ağ kağızlar yazılar-bükülər, yazılar-bükülər. Sətir-sətir için əriyib gedər. Əriyər tökülər. Ürəyin sol tərəfini bəyənməz… Hədər…hədər…hədər…
* * *
Bozumtul hava, qağayılar və saçların… Günəş gizləndi… Günəşi istəmirik… Sadəcə qağayılar qanad çalsın, Sevgi ritmləri ilə. Saçlarını sərin meh üz-gözümə dağıtsın, Sahil boyu bütün addımlar ayrılıqlara meydan oxusun, Bütün gəlib keçənlər barmaq-barmağa, nəfəs-nəfəsə. Gözlərim dənizlə gözlərin arasında lövbər salsın, Ağ əllərin ağ qağayılara saçlarıma qonmaq cəsarəti versin, Başın köksümə sıxıldıqca fit verən gəmini bu oyunun hakimi bilək. Getmə, dayan! Dəniz vağzalı, dəmir yolu vağzalından daha hüznlüdür…
* * *
Gecələr dözülməz olur, Sənsizliyin qalın kölgəsində. Ümidlərin ayaq ucunda keşik çəkirəm, adam. Gecələr bir az da dərin olur, Gecələr bir az da sükut qışqırır sənsizliyin üstünə, Saçlarına dəniz mehi toxunsaydı, Əllərimi köməyə çağırardınmı? Susuram ən böyük həqiqətin qarşısında, Susuram səndən uzaqlığın bir küncündə, Tənha adalar kimiyəm bu soyuq günlərdə, Gözlərim bir ağ yelkənli gəmi gözləməsə də, Ağ əllərini tutmaq üçün özümdən uzaqlaşıram.
* * *
O qadını saçlarından yaşamaq istəyirəm bu payız sükutunda. O qadını əllərim divanə kimi oxşasın istəyirəm. Mən həqiqətə təslim olmamışam, Mən həqiqətə belə üsyankaram. Vaxtımın çoxunu dalğalara uduzsam da, Yenə də ayağım dənizdən kəsilmir. Yenə də tələsirəm kimsəsizliyimə, Ömrünü uduzmuş adamların vaxtı az olur, Bağışla, sağollaşmalıyıq… dənizi tək qoya bilmərəm.
* * *
Ömrümüzü ayaqaltı edənlər, ömrümüzü başdaşı kimi əzizləyəcəklər. Bircə öldüyümüz günü gözləyin. Hərəkətsiz gəmilər dənizə yükdür, dost. Bu dünyada hamı gözlərini Tanrının əllərinə dikib. Görünməz əlləri daha güclü bilirlər. Yorğun kölgələrimiz səkilərdə can verir. Yorğun gözlərimiz də şəkillərdə süst düşüb. Bircə bulud da yoxdur çəkilək altda susaq… Bu ömrün qabağında susmamağa səbəb yox…
* * *
“Gözlərin ayağının altını seçmir” deyənlərə anlada bilmədim, Anlada bilmədim ayaqlarıma dolaşan kabusa baxa bilmədiyimi. Hər yerdə qınandım, Hər yerdə özgə oldum. Ürəyimin ən yüksək yerlərindəki buzlar da əridi, ürəyimə od düşəndə. Bütün dayanacaqlarda ağrılar qalaqlanmış. Bütün avtobuslardakı sərnişinlərin bir gözü arxada. Övladını yetimlər evində qoyub gedən atalar kimi. Hamı yalan danışır. Hamı tezliklə dönəcəm deyir… Amma bütün biletlər birtərəflidir…
Vaxtilə BDU-nun Şərqşünaslıq fakültəsini bitirən Gövhər artıq iyirmi il idi çalışırdı. Belə ki, institutun müdiri Bilal Qüdrətzadə onun işindən çox razı idi. Çünki vaxtında işinə gələn, heç vaxt işdən yayınmayan, öz işini hamıdan yaxşı bacaran, eyni zamanda səliqə-sahmanı ilə ordakıları heyrətləndirən Gövhər həm direktor Bilal Qüdrətzadənin, həm də ümumiyyətlə bütün heyətin daim üzünü ağ etmişdi. İnstituta vaxtaşırı müxtəlif ərəb ölkələrindən təşrif gətirən ərəb alimlərlə, yazıçı-şairlərlə ərəbcə sərbəst danışan, çox zaman da müdiri Bilal Qüdrətzadə ilə onların arasında dilmanclıq eləyən Gövhər xanım qonaqların da daim ehtiramını qazanmış, onun haqqında olduqca xoş sözlər deməyinə həm öz ədəb-ərkanı, mədəniyyətilə nail olmuşdu. Bu səbəbdən də dəfələrlə mükafatlar almış, medallarla təltif olunmuşdu. Gövhərin bu qədər işgüzarlığının, zəhmətkeşliyinin səbəbi həm də onda idi ki, o, öz işini çox sevirdi, işinə çox bağlı idi. Əgər onu işindən ayırsaydılar, bəlkə də, bağrı çatlayardı.
Gövhər xanımın həyat yoldaşı Sərdar ali dərəcəli sürücü idi. Əvvəllər marşrut avtobusu sürən Sərdar artıq on il idi ki, ölkədə çox tanınmış biznesmenlərdən biri Şamil bəyin sürücüsüydü və öz patronundan çox razıydı. Şamil bəy səxavətli, gülərüz, mehriban bir adam idi. Kimsənin ürəyini qırmaz, hamını özündən razı salmağa çalışardı. Şamil bəy Sərdarın həyat yoldaşı Gövhərə də hüsn-rəğbət bəsləyir, Sərdar evdə olarkən onunla telefon əlaqəsi saxlayarkən hökmən Gövhər xanımın da kefini soruşur, bir sıxıntısı varsa mütləq deyin, qardaşınız imkan daxilində sizə kömək eləsin, – deyirdi.
İndi isə Sərdar patronundan ürəyəyatan bir söz eşitmişdi. Bir həftədən sonra Şamil bəy Bakının ən füsunkar restoranlarından birində yeganə qızına toy eləyəcəkdi. İllərlə toya getməyi arzulayan Gövhər ərindən bu əlamətdar xəbəri eşidən kimi, toya hökmən dəvət alacaqlarına əmin olub, artıq özünü ən əziz qonaq kimi Şamil bəyin qızının toyunda hesab etdiyi üçün əlinə mikrofona bənzəyən boş duzqabı götürüb güzgü qarşısında dayanaraq dil-dil ötürdü:
– Möhtərəm qonaqlar! Toy əcdadlarımızdan bizə miras qalan misilsiz bir adətdir. Toy hər valideynin, hər ananın, hər atanın ən böyük arzusudur. Çünki toy gələcəyə ümidlə baxmaq üçün bənzərsiz bir vasitədir. Toy şirin-şəkər nəvələrin dünyaya gələcəklərindən xəbər verən olduqca xoş bir müjdədir. Toy iki gəncin xoşbəxtlik bulağının qaynamağa başladığı gündür. İnsan sürdüyü həyatda enişlərlə, yoxuşlarla yaşayır. İnsan həyatı sevinclərdən və kədərlərdən ibarətdir… Dediyim kimi, toyda bir-birinə hüsn-rəğbət bəsləyən şəxslər hamı bir araya gəlir və bir-birinə: – O gün olsun sizin subaylarınız üçün olsun, oğlundan görəsən, qızından görəsən, – deyir. Bəylə-gəlinə isə: – Qoşa qarıyasız, oğullu-qızlı olasız, Allah öz inayətini, mərhəmətini, rəhmətini üzərinizdən əskik eləməsin. İndi mən də deyirəm, toyunuz mübarək olsun, səadət bütün ömrünüzcə sizə yar olsun. Bəxtəvərlik heç vaxt qapınızdan çəkilməsin. Bütün arzularınız çin olsun inşallah! Bura gələn qonaqların ürəklərində nə arzu varsa, Allah müstəcəb eləsin inşallah! Xoşbəxt olun dostlar! Allah mübarək eləsin! İndi isə bütün qonaqları rəqsə dəvət edirəm.
Sərdar ona baxıb gülümsəyirdi. Gövhər çıxışını bitirən kimi gülümsəyərək üzünü ərinə tutdu:
– Sən nə deyəcəksən, Sərdar?
Sərdar yüngülcə başını buladı:
– Sənə çıxış üçün söz verəcəklərinə əminsənmi?
Gövhər dodağını qəribə şəkildə büzüb hər iki əlinin baş barmağını yuxarı qaldırdı:
– Əlbəttə! Şamil bəy çox həssas, geniş qəlbli, mədəni adamdır. Mənə elə gəlir ki, o, düz on il ən azı yarım milyon qiyməti olan avtomobilinin sükanını hərləmiş öz dəyərli sürücüsünün xanımına övladının toyunda hökmən söz verər. Sənin mənimlə işin olmasın. De görək nəyin var, nə deyəcəksən, növcavanları necə təbrik eləyəcəksən?!
Sərdar duzqabını Gövhərdən alıb güzgünün qarşısına keçdi və bədənnüma güzgüdə iri qamətini o tərəf, bu tərəfə tərpətdi:
– Qoy bir pozamı alım. Aha, demək belə! Çox möhtərəm qonaqlar! Mən səbəbkarlarımızı təbrik etməzdən qabaq istəyirəm misilsiz bir insan olan Şamil bəy haqqında bir neçə söz deyim. Mən on ildi, düz on ildi bu nəcib şəxsiyyətin sürücüsüyəm və onun sürücüsü olmağı özümə şərəf, səadət hesab eləyirəm. Yəqin ki, burdakı qonaqların əksəriyyəti bilir, bu kişinin ağzından ləl-cəvahirat tökülür. Bilirsiz insanlar hamısı bərabərdir, lakin o insan ki, vəzifəsinə, puluna güvənib sadə adamlara aşağı baxır, məhz Uca Allah o cür adamları bəyənmir. Şamil bəy kübar cəmiyyətdə çox nüfuzlu, hörmətli biridir. Lakin onun öz işçilərilə münasibəti heyrətamizdir. O, həm də bizə, öz işçilərinə etibar eləyir, başa düşürsüz?! Bəzən yüz min pul verir ki, Sərdar bu pulu filankəsə çatdır.
Bur yerdə Gövhər narazı halda başını buladı:
– Nə danışırsan, ay kişi?! Heç dəxli var?! Bir tərəfdən Şamil bəyin yüksək-mənəvi keyfiyyətlərindən danışırsan, bir tərəfdən də məsələyə aid olmayan sözlər deyib baş-ayaq vurursan. O yüz mini demə, onun məsələyə heç bir aidiyyatı yoxdur.
Sərdar yüngülcə başını tərpətdi:
– Yaxşı, yüz mini aradan sildik. Hə, deməli belə. Mən Şamil müəllimin övladına, gözəl gəlinimizə və bəyimizə yalnız səadət, səadət, səadət arzulayıram. İndi isə bəylə gəlini rəqsə dəvət edirəm! Adə zurnaçı, üflə o zurnanı! Bir dənə “hopstop”!
Gövhər bu dəfə bir qədər qeyzli şəkildə başını buladı:
– Nə hopstop, hansı hopstop?! İndi hopstop vaxtıdır ay kişi?!
Sərdar sol əlini yana açdı:
– Bəs nə vaxtıdır?
Gövhər yenə güzgüyə yaxınlaşıb qırx beş yaşına baxmayaraq gənc qızlardan daha cazibədar görünən çöhrəsinə diqqət etdi:
– Hopstopun əl-qolunu bağlayıb sandığa salmaq lazımdır. İndi camaat toylarda Koreya, Yapon, Amerika rəqsləri oynayır.
Sərdar narazı halda dilləndi:
– Qoy bizi oturmuşuq ay Gövhər, bəs bizim öz milli rəqslərimiz, “Tərəkəmə”, “Heyvagülü”, “Qazağı”, “Xançobanı”, onlar nə oldu?
Onlar folklorşünasların kitablarında qaldılar. İndiki gənclər o rəqslərə gerilik kimi baxır.
Sərdar ikrahla gülümsündü:
– Nə gənclikdi bu belə ki, öz keçmişinə xor baxır?! Eşitməmisən ki, keçmişinə xor baxanı, gələcək nəsillər topa tutar! Sözün açığı gənclərimizin bu qədər dəyişdiyini bilməzdim.
Gövhər yalnız indi nəzərlərini bədənnüma güzgüdən ayırdı:
– Hardan biləsən? İllərdir bizə verilən dəvətnamələri cırıb atmısan. Məni də illərlə toylara həsrət qoymusan, heç fikirləşməmisən ki, axı bu da insandı, bunun da bu dünyadan zövq almağa haqqı var.
Gövhərin, Sərdarın iliyinə işləyən sözlərindən sonra otaqda bir xeyli sükunət hökm sürdü. Nəhayət, Sərdar sükutu pozdu:
– İndi ki, belədi, mən vaz keçirəm rəqs eləməkdən.
Gövhər sağ əlini yellədi:
– Elə şey yoxdu, camaat nə deyər?! Toya gedən adam hökmən rəqs eləməlidi. Yoxsa toya gələn qonaqlar elə bilər ki, paxıllıqdan əl-qol atmırsan.
O yaxına gəlib Sərdarın kobud, iri sağ əlindən tutdu:
– Yaxşı, ürəyinə salma! Bir sözdü dedim. Axı biz toya hazırlaşırıq. Rəqs eləmək bir yana. Gərək mən toya layiq paltar tapım, səninçün də qəşəng bir kostyum alım.
Gövhər bu dəfə sol əliylə Sərdarın sağ əlindən yapışdı:
– Bilirsən, ancaq gəlin gələndə, yəni iyirmi beş il bundan qabaq böyük bacım Sənubər basıb məni maşına, zorla aparıb gözəllik salonuna. O vaxtdan heç vaxt orda olmamışam. Gərək toy günü bir ora baş çəkim. Etiraz eləməzsən ki?!
Sərdar zorla üzünə gülüş ifadəsi verdi:
– Yox, əlbəttə!
Bununla da onların bu günlük toy haqqında söhbətləri bitdi.
Toy gününə üç gün qalmış axşam işdən gələndə Sərdarın qanı çox qara idi. Gövhər bunun səbəbini soruşanda o, qəzəblə sağ əlini yellədi:
– Elə bil indiyə qalmışdı.
Gövhər sualının cavabını almaq üçün səbrini bir az da basdı. Nəhayət, Sərdar onun sualını cavablandırdı:
– Şamil bəy mənə bir əmanət vermişdi ki, bir nəfərə çatdırım. Maşını sürətlə qovdum və yol polisi saxlayıb sürücülük vəsiqəmi aldı, maşını isə cərimə meydançasına apardı.
Gövhər narahat halda soruşdu:
– Şamil bəy bunu bildi?
Sərdar siqaretə dərin qullab vurdu:
– Bildi. Zəng də vurdu, lakin Şamil bəy sadəcə biznesmendi. Rütbəsi, vəzifəsi yoxdu. Odur ki, güzəşt eləmədilər.
– Bəs əmanəti necə, çatdıra bildin:
Sərdar yenə havaya tüstü buraxdı:
– Çatdırdım. Taksi çağırıb apardım. Lənət şeytana! Mən də istəyirdim toy günü orda sürücü kimi bir işə yarayım. Nə isə…
Gövhər ona ürək-dirək verdi:
– Eybi yox, ürəyini sıxma!
Gövhər bunu deyib iri dolabı açıb ordan gözoxşayan bir kostyum götürdü:
– Narahat olmağına dəyməz. Bax, əla kostyumdu, geyinsən sən də bəyə oxşayacaqsan. Qara kostyum, mahud parçadan. Özü də 60, 4-cü rost. Əsil sənin ölçün.
Sərdar kostyumu geyib güzgü qarşısında dayanandan sonra əsəbləri xeyli sakitləşdi. Kostyum onun təndürüst qamətinə o qədər yaraşırdı ki, gözlərini güzgüdən çəkə bilmirdi. Odur ki, gözlərini güzgüdən ayırmadan soruşdu:
– Bəs sən, toy üçün paltar aldınmı?
Gövhər dolabdan zərxaradan hazırlanmış paltar çıxarıb geyindi və geyinən kimi o qədər gözəlləşdi ki, Sərdarın o qədər də böyük olmayan gözləri xeyli böyüdü:
– Aman Allahım! Aman ya Rəbbim! Sən dünya gözəli imişsən. Mən yüz faiz, yüz faiz əminəm ki, o toyda səndən daha gözəl qadın olmayacaq.
Gövhər ərinin sözlərindən xoşlana-xoşlana servantın üstündən balaca bir vaz götürüb içindəki zinət əşyalarını barmaqlarına, qulaqlarına, qollarına, boynuna taxmağa başladı.
Sərdarın gözləri indi bir az da böyümüşdü, o xanımı üçün bu qədər ziynət əşyası almamışdı və onun buna gücü də yetməzdi.
Gövhər onun çox maraq etdiyini görüb səkkiz barmağını bəzəyən brilliant, yaqut, zümrüd, firuzə qaşlı qızıl üzüklərə baxdı:
– Bir qismini bacım Sənubərdən, bir qismini rəfiqələrimdən birouz götürmüşəm. Gözlərin kəllənə çıxmasın.
Sərdar yumruğunu büküb sağ əlini yuxarı qaldırdı:
– Sən par-par parıldayacaqsan Gövhər. Mən əbləh indi anlamışam ki, nəinki Bakıda, yer üzündə sənin kimi gözəl yoxdu.
Gövhər bir az nazlandı:
– İyirmi beş ildi evliyik, indi bilmisən mənim qədrimi?!
Sərdar başını buladı:
-Yox, yox əzizim. Mən həmişə sənə yüksək dəyər vermişəm. Bilirsən, bizim nəsillikcə xasiyyətimiz belədi. Öz xanımına belə xoş söz desən, sanki erkəkliyi artıq əldən vermiş olursan. Biz heç vaxt öz fikirlərimizi açıq-aşkar ifadə eləyə bilmirik. Öz halal xanımına bir şirinlik eləsən, sanki özün öz gözündə qiymətdən düşmüş olursan. İndi görürəm ki, bu heç də yaxşı xüsusiyyət deyil.
Sərdar sözünü bitirəndən sonra hər ikisi təzə geyimlərini soyunub ev paltarları geyindilər ki, təzə əlbisələr çirkə-zada batmasın. Bundan əlavə Gövhər ziynət əşyalarını da çıxarıb vaza yığıb əvvəlki yerinə qoydu və üzünü ərinə tutdu:
– Düşünürdüm toya beş yüz manat salarıq. Amma indi fikirləşirəm ki, Şamil bəy çox zəngin adamdır, yəqin ki, elə isə biz niyə xəcalət çəkməliyik. Biz də toya min manat salarıq, hə Sərdar?
Sərdar başını tərpətdi:
– Hə, əlbəttə! Biz kimdən əskiyik ki…
Bundan sonra Sərdar yenə bir siqaret alışdırıb çəkməyə başladı. Gövhər isə işdən yorğun gəlmiş əri üçün isti yemək və çay tədarükündə oldu.
Bir sözlə iyirmi beş il müddətində toy görməmiş ər-arvad toy gününə qədər xəyallarla yaşadılar.
Ertəsi gün Gövhər xanım işə gələndə onun dünən məhşur bir biznesmen Şamil bəyin övladının toyunda iştirak edəcəyini bilən Bilal Qüdrətzadə onun kağız kimi ağarmış çöhrəsini görəndə qorxuya düşdü, odur ki, salamlaşmadan soruşdu:
– Sizə nə olub Gövhər xanım, bəniziniz ağappaqdı. Yoxsa toyda bir hadisə baş verib?
Gövhər başını buladı:
– Toyda heç bir hadisə baş verməyib.
Bilal Qüdrətzadə bir addım da ona yaxınlaşdı:
– Bəs onda nə olub Gövhər xanım? Mən sizi heç vaxt bu vəziyyətdə görməmişəm. Bəlkə, rəhmətə gedən var?
Gövhər köksünü ötürdü:
– Yox, rəhmətə gedən də yoxdu.
Bilal Qüdrətzadə indi yerindən tərpənmədən soruşdu:
– Axı bəs onda nə olub? Səbrim tükəndi vallah! Bilirəm dünən Sərdarla toya getmişdiz. Kaş həmişə toy olsun!
Bilal Qüdrətzadə yenə nəsə demək istədi, lakin Gövhər onun sözünü kəsdi:
– Toya getməmişdik Bilal müəllim!
Bilal Qüdrətzadənin səsi bu dəfə həmişəkindən zəif çıxdı:
– Niyə?
Gövhərin səsi indi ney avazına bənzədi:
– Çünki bizi toya dəvət eləmədilər.
Bilal Qüdrətzadə olduqca məyus halda kətilin üstündə oturdu və bir neçə saniyə keçəndən sonra bir kəlmə söz dedi:
– Niqab… Əfsuslar olsun ki, bəşər övladının yarısından çox məhz bu cür niqab taxır, məhz Şamil bəyin taxdığı “niqab”dan.
Ertəsi gün, bazar günü olduğu üçün iş olmadığından Gövhərlə Sərdar dənizkənarı parka gəzməyə getmişdilər. Əslində gəzməyə getmişdilər deyəndə, srağagün axşamdan bəri düşdükləri ağır vəziyyətdən çıxmaq üçün mavi Xəzərin sahilindəki parkda gəzməyə üstünlük vermişdilər. Çünki zatən onlara mələk kimi görünən Şamil bəy onları övladının toyuna dəvət etməyib aşağılamaqla onlara, bəlkə də, övladsızlıq acısından da ağır zərbə vurmuşdu. Onlar Sahil bağındakı əsrarəngiz yaşıllıqlara, dayanmadan Bakı əhalisinə həzin laylay çalan mavi Xəzərə, Xəzərin əzəmətli körpülərinə tamaşa etməklə həddindən artıq gərilib tarıma çəkilmiş əsəblərinə su çiləmək istəyirdilər. Əsas o idi ki, mavi Xəzər olduğu kimi görünürdü, o bir sıra nankor insanlar kimi niqab taxmamışdı. Hardansa lap uzaqdan isə həzin bir mahnı sədalanırdı:
Salam, xəstəliyim… Mən səninlə nə eyləyim? Boşa qoyuram, dolmur, Doluya qoyuram, almır. Və məni kimsə anlamır… Mən xəstəyəm; Xərçəng, talassemiya, Epilepsiya vəs. Dünyada nə qədər xəstəlik var? Hamısından bir azam. Hamısından bir-bir yazam? Yox, ömrüm yetməz. Xəstəliklərdən ölənlər kimi. Qorxum ölmək deyil, Qorxum möhtaclıq, Anlayışa aclıq… Söyləyirəm açıq-saçıq; Mənə dəyməyin. Yorğunam, Qırıq-qırıq, bəlkə parça-parça… Ancaq sizi güldürəcək, Sevəcək qədər gücüm var. Sizin üçün gülürəm, Sevdiyiniz gülüşlərim, Xoşbəxt gördüyünüz gözlərim Sizin üçündür, əzizlərim! Bu şeir bütün xəstəliklərin, Bütün xəstələrin dilidir. Xəstə olmayan anlamaz, bəllidir. Canınız sağ olsun, Başınız sağ olsun. Xəstələri qırmayın, Xəstələri yormayın. Xəstəliyi dərs ona, Siz də tərs olmayın. Qınamayın… Necə xəstə olub, niyə olub… Həyatda hər şey olur… İnsan bəzən yorulur… Seçir xəstə olmağı, Bəzən qəsdlə, Bəzən fəxrlə xəstə olur. Dili uzun olsun, Məni siz xəstə etdiniz desin deyə; Günah keçisi tapılsın deyə… Amma bəzən körpələr, Uşaqlar, yeniyetmələr, Gənclər xəstələnir… Xəstəliklər müəllimdir. Müəllimlər bilir… Kimə yoluxmaq lazım. Kimə dərs vermək lazım. Yorğunam, müəllim, Bəlkə daha dərsə gəlməyim?!
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qaradağ Bürosunun Rəhbəri (EL- OBA SÖHBƏTLƏRİNDƏN) Bir kənddə iki qardaş yaşayırd. Böyük qardaşın adı Qüdrət, kiçiyinki Sakit idi. Valideynləri vəfat edəndən sonra böyük qardaş ata-analarından qalan var-dövlətə sahib oldu. Kiçik qardaşa isə heç nə vermədi. Sakit evin bütün ağır işlərini görür —ot biçir, odun doğrayır, mal-qara otarırdı. Əvəzində isə qardaşı ona bir qarın çörək verirdi. Qüdrət çox paxıl idi. Üz-gözündən zəhər tökülürdü. Qardaşı bütün günü işləməsinə baxmayaraq Qüdrət ondan narazı idi. Sakit isə xeyirxah idi, kənddə çoxları onun xətrini istəyirdi. Xeyirdə-şərdə iştirak edər, öz köməyini qohum-qonşudan əsirgəməzdi. Bir gün kənddə toy idi. Sakiti də dəvət etmişdilər. Toy sahibi Sakitin yaxın dostu idi. Getmək lazım idi. Sakitin isə yaxşı pal-paltarı olmadığına görə qanı qaralmışdı. Çox götür-qoydan sonra böyük qardaşından utana-utana toya geyinmək üçün şalvar-köynək istədi. Qüdrət qaşlarını çatdı. Ağır-ağır, saysız-hesabsız paltarlarının içərisindən çoxdan geymədiyi bir şalvar və bir köynək seçərək qardaşına verdi. Sakit mağara girəndə dostları, tay-tuşları onu sevinclə qarşıladılar. Axı, Sakit deyib-gülməyi xoşlayır, gözəl rəqs etməyi, tay-tuşları ilə şirin-şirin zarafat etməyi bacarırdı. Getdikcə məclis qızışırdı. Qara zurnanın səsi ərşə bülənd oldu. Mağarda iynə atsaydın yerə düşməzdi. Bütün kənd toya tamaşaya gəlmişdi. Qüdrət də burada idi. Cavanlar bir-bir rəqs edir, öz məharətlərini göstərirdilər. Növbə Sakitə çatdı. Onun oynaq və şən rəqsi hamının xoşuna gəldi. Yerbəyerdən “Əhsən.” “Halal olsun” nidaları ucaldı. Xoş sözlər Sakiti daha da həvəsləndirirdi. O, elə şövqlə, çılğınlıqla rəqs edirdi ki… Qardaşının səsi Sakiti ildırım kimi vurdu: –Ə, bəs deyil, şalvar cırıldı ki… Hamı dönüb Qüdrətə baxdı. Sakit isə sanki yerə mıxlanmışdı. Handan hana özünə gəlib, pərt halda məclisi tərk elədi. Sakit o gündən xəta törətmiş adam kimi dostlarından uzaq gəzirdi. Hətta o, toylara da getmirdi. Günlərin birində yaxın dostlarından biri Sakiti toyuna dəvət etdi. Mütləq getmək lazım idi. Amma yenə də geyinməyə babat paltarı olmayan Sakit üzünə üz qaralığı çəkib qardaşına üz tutdu. Qüdrət: –Sənə toyda geyinməyə şalvar və köynək verirəm. Amma bir şərtlə, toyda oynamamalısan. Yaxşı? – Yaxşı. – Sakit cavab verdi. …Dostları nə qədər cəhd etsələr də Sakit rəqs etmək istəmirdi. Hamı mat qalmışdı. Toyların yaraşığı olan bu cavan nə üçün meydana çıxmır? Məclis həqiqətən də qızışmırdı. Hamı Sakitin oynamağını istəyirdi. Sakit isə qardaşının zəhmli sifətini gözlərinin önünə gətirərək onun tapşırığına əməl edirdi. Bəyin atası Sakiti rəqsə dəvət edəndə sakit nə edəcəyini bilmədi.Toy sahibinə – ağsaqqala hörmətsizlik etsinmi? Yoxsa? Birdən Qüdrətin gur səsi eşidildi: – Ayə. Oyna da… Şalvar cırılar, cəhənnəmə cırılsın. Vallah, xatirinə dəymərəm. …Qara zurnanın səsi mağarı başına götürmüşdü… 2001-ci il.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Sarı eşqə Tanrı ağlar, Bəndə ağlamaz… Ağlamaz… Qoca palıd çal başına Sarı bağlar… Qara bağlamaz… Bağlamaz…
Əyilib səcdə edərəm Getdiyin hər dan üzünə… Məcnuna qibtə edərəm, Leylinin həya rübəndi Yaraşmaz nakam üzümə…
Yandım… Aman, sarı palıd, Qoynunda koğuşun varmı? Bu eşq səmalarla yaşıd… Eşqdən ölsəm, Ah, Tanrım, ah, Bir də doğuluşum varmı?
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
* * *
Gözümə düşən xəyalın Gözümdən axmağa gəlir. Səhər çağı açılan dan Gecəni yığmağa gəlir.
Və mən hələ də oyağam- Hələ də oyaq… yuxulu… Mənə sevdiyini söylə, Söylə, qoy rahat yıxılım.
Açılmır yenə başımdan Qara buludun havası. İçimə, çölümə sığmır, Yoxdu bu ruhun yuvası.
Bəlkə gəlib düzəldəsən Təkliyimi, BİZ olum. Bu halımı sevmirəm heç, Gəl, əvvəlki qız olum.
* * *
Özümdən danışıram Hər gecə göy üzünə. Ürəyim üzü göyə Açılan sərgi olur. Daha əvvəlki kimi Ağrıtmır ki, qayğılar. Bir az hüzünləndirir, O da ötərgi olur. Səsdən başqa nədir ki, Qəfəsdən azad çıxan? Mənəmmi ümidlərə Ögey çıxan, yad çıxan? Uşaqlığım, gəncliyim Yaddaşımın yadına Ah, necə fağır gəlir. İlahi, çəkiyə qoy Yaşımı, yaşantımı Gör hansı ağır gəlir?
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri
* * *
Hədərdi bilirəm gecikmiş güman, Xərclədim ömrümü bir heçə getdi. Məndə axtardığın o ucuz yalan, Sənin yalanınla heç-heçə getdi.
Tutub-yapışmısan yaxamdan qəti, Söylə ürəyindən keçəni görək! Oynayıb tullamaq köhnə adətin, İndi hər necəyəm nəyinə gərək?
İllərlə ahıma bürünən Allah, Gətirib qarşıma nə haqla səni? Kabusun olmasa etdiyin günah, Bəlkə də tapmazdım çıraqla səni.
Səni danlamıram, sormuram niyə, Bəlkə də artıqdır bunu deməyim. Bir gündə baş verdi iki faciyə, Sənin xəyanətin, mənim ölməyim…
* * *
Qorxma bulud gözündə çaxan o şimşək mənəm, Qışın oğlan çağında payız yaşayır ömrüm. Bu gecə qəm içində tək Allahdı, tək mənəm, Mən cəhənnəm, bu şəhər sənsiz üşüyür, Ömrüm.
Nə söylədin yollara çağıranda uzaqlar ? Tanıdımı görəsən torpaq səni, daş səni? Hara apardı səni qanadında uçaqlar? Hara daşıdı görən dimdiyində quş səni?…
Taleyin qisməti rast saldı bizi. Yolumuz hardasa qırılacaqsa, İtirəcəyiksə bir birimizi, Xatirəm yadında qalmayacaqsa, Bu əllər mənimki olmayacaqsa, Bu tellər mənimki olmayacaqsa, Sən allah,özünə oyrətmə məni, Hicran qoxusuyla göynətmə məni. Əlimi əlinə öyrətmə belə, Gözümü gözünə öyrətmə belə, Üzümü üzünə öyrətmə belə. Mən bir az baharlı budaq kimiyəm Bir azda sadəlövh uşaq kimiyəm, Bala anasına qovuşan kimi, Leylək yuvasına qovuşan kimi, Arı gül-çiçəyə uyuşan kimi, Eh,mən də adama tez yovuşanam, Sevgi atəşində tez alışanam. Amma ki,sönməyim çox çətin olur, Sevgidən dönməyim çox çətin olur, Öyrətmə özünə öyrətmə məni! Bəlkə gözləmirdik bu xoş görüşü, Yaman qəribədir dünyanın işi, Heç vaxt yollarında dayanmadığın, Heç həndəvərində dolanmadığın, Gəlib birdən sənə nə şirin olur! Ömrünün içində ömür doğulur! Bir şirinim acı olacaq isə, Bir qismət çiçəyim solacaq isə, Öyrətmə özünə öyrətmə məni Könlümdə yerin var,qopmaz yerindən, Bir əkiz ləçəyi,haça budaği, Ayırmaq olmursa biri birindən Məni də ayırmaq çətindir axı. Öyrətmə özünə öyrətmə məni, Yox buna taqətim,yox buna tabım, Əlimi əlindən üzmək əzabım, Sonra bu əzaba dözmək əzabım… Yoxsa da könlümün sınıqlari var, Hicranın köz basmış yanıqlari var, Mənim dərdlərimin ayaqları var, Harda olsa gəlib tapacaq məni, Yaxıb yandıracaq bu ocaq məni. Gəl məni özünə öyrətmə belə, Əlimi əlinə öyrətmə belə, Gözümü gözünə öyrətmə belə…….
Narkotik ittihamıyla Vüsal adlı ucaboy, yaraşıqlı cavan bir kişini həbs eləmişdilər. Yaşdaş olardıq. İş gəlib çıxmışdı stolumun üstünə, – prokuror kimi qərar verməliydim. Axşama yaxın katibə bir ərizəylə girdi otağıma. Baxdım ki, Vüsaldı, görüş istəyir.
– Cənab prokuror, mənə nə qədər iş görünür?
– Başın daşdan-daşa dəyib, bilməmiş olmazsan.
– Mən axı narkotik alverçisi deyiləm. Gizləmirəm, istifadəçi olmuşam. Vallah, onu da tərgidirdim.
– Burda istifadəçi və satan kimi sənədləşdiriblər.
– Nəyə deyirsiniz, and içim, narkotik satan deyiləm. Şərləyiblər məni.
– Ocağı alışmamış söndürməliydin.
– Gücüm çatmadı.
– Hər halda narkotik çəkmisən!
– Onda gərək, Amerikada gündə on min adamı tutub basalar dama.
– Niyə?
– Orda narkotikdən istifadə eləmək qadağan deyil.
– Ora Amerikadı, orda qanun var…
– Məni bağışlaya bilməzsiniz, cənab prokuror?!
– Bilərik.
– Həəə…
– Qanunu pozsaq.
– Pozun da, cənab prokuror.
– 10 minin olsaydı, nə vardı ki…
– 10 minim olsaydı, burda nə gəzirdim?!
– İşinə bax.
– Bir təklifim var, amma… – dayandı.
– Təklifini de.
– Mənə “qeyrətsiz” deməzsiniz?
– Təklifini de.
– Barter əməliyyatı apara bilərik?!
– Burda əmtəəlik nə var ki?!
– Dirigözlü adam verə bilərəm sizə.
– Quldarlıq dövrü çoxdan keçib?!
– Cənab prokuror, vallah, heç nə dəyişməyib, elə alver alverdi.
Diqqətlə gözlərinin içinə baxdım.
– Bacımı gətirə bilərəm.
Belə təkliflər məndən ötrü göydəndüşmə olmadığı üçün sakitcə dedim:
– Sən yaşda adamın bacısı cavan olmaz.
– Kiçik bacımdı, ərə də getməyib, 22 yaşı var. Mənim bu hərəkətimi qəbahət saymayın. Tarixdə belə hadisələr çox olub. Hətta şahlar belə başı salamat qalsın deyə, həyat yoldaşını üsyan başçısına bağışlayıb.
İş gününün sonuna yaxın katibə mesaj yolladı mənə: “Bir qız gəlib”.
“Buyursun”.
Gözəl bir qız girdi içəri. Kimliyini bilsəm də, söhbətə bəhanə üçün soruşdum:
– Kimsən, adın nədi?!
Başını aşağı saldı.
– Vüsalın bacısı deyilsən ki?!
Üzümə baxıb, gözünü yerə dikdi.
Qız xoşuma gəlsə də, Nəsirəddin Tusinin “Axırı ziyan gətirən xeyirdən qaç” fikrini yadıma salıb, qorxdum:
– Get, bala, bu iş sənlik deyil.
Qız başını dik qaldırıb, heyrətlə üzümə durdu:
– Gedə bilmərəm!
Mat qaldım:
– Niyə?!
– Qardaşım başımı kəsər!
Gülümsədim:
– Qardaşını gedər-gəlməzə göndərərəm!
– Allah eləməsin!
Zəngi basdım:
– Qızı yola sal.
Deyərdim ki, qız candərdi çıxdı çölə.
Səhəri günü təzəcə işə başlamışdım ki, mesaj gəldi katibədən: “Cənab prokuror, bir xanım görmək istəyir sizi.”.
Cavanlarsayağı “Ok” yazdım.
Qapı açıldı. Əsl Şərq xanımlarına məxsus bir gəlin girdi içəri, – ucaboy, dolubədənli, kök demək olmazdı, çatmaqaş, yumrusifət. Yanaqları da… Elə bil gülöyşə narını dənələyib yeyəndən sonra şirəli əlini çəkmişdi sifətinə.
Bunu da qıza verdiyim mənasız sualla qarşıladım:
– Kimsən, adın nədi?!
– Vüsalın həyat yoldaşıyam, adım da Mələkdi.
Gözəlliyi qarşısında özümü saxlaya bilmədim, salavat çevirdim:
– Fətəbərəkallah əhsənül Xaliqin!
Gəlin qaşlarını çatdı:
– Nə dediniz?!
– Peyğəmbər əleyhissəlamın sözüdü – Səni yaradana şükr! Doğrudan da, mələksən!
Elə səhəri günü bu Şərq gözəliylə bağ evimdə görüşdüm. Hətta həyat yoldaşının azadlıq istəyini bir ay da gözündə qoydum. Mələkdən doya bilməsəm də, verdiyim sözə əməl eləməliydim. Həbsxanadan çıxan günü Vüsal prokurorluğa da gəlmişdi ki, təşəkkürünü bildirsin mənə, qəbul eləməmişdim.
***
Az qala hər həftə Mələklə görüşürdük. Hiss eləyirdim ki, məndən razı qalır. Bacardığım qədər səxavətlə yola salırdım. Amma pis bir cəhəti vardı – çıxarırdım ki, pul verəm, əlimdən qapırdı.
5-6 aydan sonra gördüm həyat yoldaşım mənə çəp baxır. Bir gün də səsini atdı başına:
– Özgəsinin haramıyla günlərini necə xoş keçirirsənsə, evdə öz halalına hünərini göstərə də bilmirsən!
– Bu nə sözdü, ay qız?!
– Həqiqət!
– Bəlkə “böhtan” demək istəyirsən?!
– Yadında saxla ki, yerin də qulağı var!
– Dilini də göstər yerin.
– Dili mənim qarnımdadı, darıxma, tezliklə şoka düşərsən, inşallah!
Barmağımı dişlədim.
– Küpəgirən səni yoldan çıxarıb!
– Küpəgirən kimdi?!
– Süpürgəçini deyirəm, Nailəni, pinti köpəkqızıydı, qovmuşam bağdan, o da mənə böhtan atıb.
Həyat yoldaşım mənalı-mənalı üzümə baxıb, şaqqıldayıb güldü.
– Bu nə gülüşdü, ay qız?!
– Niyə tələsiyirsən, səsini eşitdin, dadını da görərsən?!
***
Bir gün də işdən qayıdanda, baxdım ki, Lələ köçüb, yurdu qalıb – nə arvad, nə uşaq.
– Sədaqət!
Qulluqçu yerdən çıxmış kimi qarşımda dayandı.
– Hanı Sevinc, hanı Murad?!
– Səhər siz eşiyə çıxan kimi, Sevinc əlində çemodan, uşagı da alıb yanına, getdi.
– Bilmədin, hara getdilər?
– Ha soruşdum, demədi.
Fikir məni götürdü.
Qonaq otağına girəndə ilk gözümə dəyən seyf oldu. Kodu yığıb, qapısını açdım.
– Oh!.. – diz üstə çökdüm. – 50 min dollar və zinət əşyaları yoxa çıxmışdı. Üstəlik də, 10 ildən sonra qırx qurbanla tapdığımız yeganə oğlumuz.
Bir həftə özümdə-sözümdə olmadım. Bir gün Türkiyədən mesaj gəldi telefonuma: “Sən də adını kişi qoymusan. Hünərin-zadın da yox idi, ay yazıq. Hardan olaydı ki, onun-bunun arvadıyla yatıb-dururdun. İndi baxıram, mən ərdə olmamışam ki! Ərin nə olduğunu indi görürəm! Uzun sözün qısası, Mələyə salam deyərsən!
Başımı elə itirmişdim ki, Mələyin kim olduğu da yadımdan çıxmışdı:
– Mələk kimdi?
– Vüsalın keçmiş həyat yoldaşı!
– Vüsalın?!.
– Bəli, Vüsalın!
– Vüsalı hardan tanıyırsan?!
– Niyə də tanımayım?! O, indi mənim həyat yoldaşımdı…
Şuşanın öz ayaqlarına nə olub ki, sənin ayaqlarını alıb?
Şuşanın ayaqlarını düşmənlərimiz kəsmişdi, yeriyə bilmirdi. Mən də ayaqlarımı ona verdim.
Bəs Salman əminin qolları hanı?
O da qollarını verdi Şuşaya, oğlum.
Ata, Elmaz əmi də gözlərini verib Şuşaya, eləmi?
Hə, ağıllı balam.
İndi Şuşa həm görür, həm yeriyir, həm də qolları var?
Hə, igid oğlum, indi Şuşanın həm ayaqları, həm güclü qolları, həm də görən gözləri var.
Ata, mən də böyüyəndə əsgər olacağam, Şuşanı elə qoruyacağam ki, düşmənin gücü çatmayacaq.
Qorumalısan, oğlum, təkcə Şuşanı deyil, bütün Azərbaycanı qorumalısan! Atanın, əmilərinin ayağını, qolunu, gözünü verdiyi, Şəhidlərimizin ürəyini verdiyi torpaqlarımızı elə qorumalısan ki, düşmən bizi bir də ayaqsız, qolsuz, gözsüz qoymasın…
…Azər oğlunun kiçik toyuna hazırlaşırdı. Toyxananın bir tərəfi döyüş yoldaşları, o biri tərəfi isə qonşular-qohumlar üçün nəzərdə tutulmuşdu. Bu toy təkcə bir evə yox, bir elə səs salacaqdı. Bu toyu ailə otuz ildən çox idi ki, gözləyirdi…
…Azər evin tək oğlu idi. Atası Niyaz Birinci Qarabağ döyüşlərində şəhid olmuş, anası Aləmzər oğlunu birotaqlı daxmada tək böyütmüşdü. Əri şəhid olandan sonra Aləmzərə çox yerdən elçi düşmüş, heç birinə razılıq verməmiş, – “Oğlu atalıq yanında böyüsə, Niyazın goru çatlayar” – demişdi.
Aləmzər oğlunu həkim görmək istəsə də, Azər orta məktəbi bitirən kimi sənədlərini hərbi akademiyaya verdi. Akademiyanı başa vurandan sonra leytenant rütbəsi ilə doğulduğu kəndin yaxınlığındakı hərbi hissədə işə başladı.
…Aləmzərin ən böyük arzusu oğluna dillərə dastan olacaq toy məclisi qurmaq idi. Bu toy onun həyatının ilk mərəkəsi olacaqdı.
Niyazla Aləmzərə toy qismət olmamışdı. Qızının “Yetim Niyaz”a qoşulub qaçdığını eşidən ata ondan imtina etmişdi. Min bir əziyyətlə ev olan ailə, oğulları Azərin kiçik toyunu, həm də öz toyları kimi keçirəcəklərini arzu etsələr də, müharibə onların istəyini gözlərində qoymuşdu. Şəhid balası Azərin el-obaya yayılacaq kiçik toyunun səsi cəmi beş-on qonşunun qulağına çata bilmişdi…
Bala, şükür, oxudun qurtardın, daha əlin çörəyə çatır. Mənim gözümü yollardan yığ, gəlin görmək, nəvə qucaqlamaq istəyirəm, – Aləmzər qara yaylığının altından boylanan ağ saçlarını gizlətməyə çalışdı.
Dilbərin qızınamı, Ceyhunəyə?… – Ananın xəzan vurmuş yanaqlarında güllər açdı sanki… – Ceyhunə çox yaxşı qızdı. Müəllim olandan bu yana qapılarına on yerdən elçi düşüb, hamısına “yox” deyib. Hiss edirəm ki, onun da sənə könlü var, Dilbər də neçə dəfə anşırdıb…
Aləmzərin sevinci göyə, əl-ayağı yerə sığışmırdı, oğlu Azər evlənirdi. Toy ananın arzuladığından fərqli olaraq sakit keçdi. Oğlu belə istəyirdi.
Ana, atam və atam kimi minlərlə oğul bu torpaq uğrunda canını fəda etdi. Ordunun yeni-yeni formalaşdığı, silah-sursatımızın olmadığı bir dönəmdə o oğullar düşmən üzərinə əliyalın getdilər. Elə oğulların ruhu hələ də azad deyil, ana. Azərbaycanın coğrafiyasına edilən təcavüz, həm də onun dilinə, dininə, mədəniyyətinə ağır zərbədir. Qərbi Azərbaycandan didərgin düşənlər, qarabağlı qaçqınlar, Kəlbəcər köçkünləri öz torpaqlarından uzaqlaşdıqca mədəniyyətindən, folklorundan, adət-ənənəsindən ayrılır. Bu insanlar zaman-zaman özlərindən uzaqlaşır və biz bütövlüyümüzü itiririk. Bakıda böyüyən birisi Göyçə boğazı üstündə sazı, yaxud da Qarabağ muğamı üstündə sözü dilləndirə biləcəkmi? 20 Yanvar olayını sinirdik. Çünki, bu, azadlığımız uğrunda mücadiləmiz idi. Qurbanlar verərək müstəqilliyimizə qovuşduq. Bəs Xocalı faciəsi nə demək idi? Bütün dünyanı lərzəyə gətirən, taleyinə isə hamının göz yumduğu Xocalı?.. Ondan sonra ard-arda itirilən torpaqlar… Belə bir zamanda mən necə toy edim, ana? – demişdi oğul.
Bala, rəhmətlik Niyazın da arzusu övladına çal-çağırlı toy etmək idi…
Bu, atamın ən böyük arzusu olsaydı, bizi qoyub döyüşə getməzdi, ana. Atam torpağını, vətənini səndən-məndən çox sevirdi. Mən onun yarımçıq qalmış arzusunu həyata keçirməliyəm. İşğalda olan torpaqları azad edəndən, ölkədəki əmin-amanlığa nail olandan sonra sənin ürəyin istəyən mağarı qurduracağam.
Bıy, ay bala, yenidən toy edəcəksən?
Niyə ki, ana, oğul toyu edərəm, inşallah!
İnşallah, bala, Allah o günü yetirsin. Ancaq gözləməyə mənim ömrüm çatacaqmı? – ana kövrəlmiş halda soruşmuşdu.
Az qalıb, ana. İndi ordumuz əvvəlki ordu deyil. İndi dünyanın ən güclü ordusu, ən müasir silah-sursatı bizdədir. Hər şey yaxşı olacaq.
Müharibə olacaq, bala? – ana qorxaraq soruşmuşdu. – Müharibə olmasın! Müharibə dəhşətdir. Ay bala, dünyanın o başında bir uşaq evsiz qalırsa, bu başındakı minlərlə ana ev-eşiyində üşüyür, bir uşaq ac-susuzsa, minlərlə ananın yediyi-içdiyi boğazında qalır. Oğul, müharibələrə imza atılanda ilk olaraq anaların qətlinə fərman verilir. Müharibədə döyüşən də, yaralanan da, Şəhid olanlar da analardır. Müharibə olmasın! Olmasın, bala! Düşmənimin də balası ölməsin…
Ana, erməninin anası sənin kimi demir, öldürməyi öyrədir oğluna…
O ana deyil, bala. Heç bir ana kiminsə balasına ölüm arzulamaz.
Müharibə olmasa, sülh də olmaz, ay ana! Onlar susmur. Tez-tez atırlar. Gör atəşkəsdən sonra nə qədər itkimiz olub. Əlbəttə, bu, belə davam edə bilməz. Onlar torpağımızı xoşluqla qaytarmazlar, ana. Qaytarsalar belə, Şəhidlərin tökülən qanı necə olacaq, onları da qaytaracaqlarmı? Torpağım işğalda ola-ola necə şadlanım, olanlara susaqmı, ana?
Eh, ay bala… – ana dərindən nəfəs almış, – Sən elə bir kişinin qanındansan ki… Allah arzularına çatdırsın, atanın qanı yerdə qalmasın… – deyərək, susmuşdu…
İyul hadisələri bütün ölkəni silkələdi…
Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərinin düşmən tərəfindən atəşə tutulması nəticəsində Azərbaycan Ordusunun yüksəkrütbəli hərbçi və əsgərlərinin şəhid olması xəbəri xalqı ayağa qaldırdı. Xalq milli birlik və həmrəylik nümayiş etdirərək, – “Ya Qarabağ, ya ölüm!” – şüarları ilə Azərbaycan dövlətinin, ordusunun yanında olduğunu bəyan etdi.
27.09.2020. Azərbaycan Respublikasının Prezidenti xalqa müraciət etdi: “Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən, ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nətcəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür…”.
28.09.2020. Azər Hüseynov Azərbaycan ordusunun sıralarında döyüşürdü. Toplar atılır, göydən mərmilər yağırdı… düşmən tərəf dayanmadan itkilər verir, çox sayda canlı və cansız qüvvəsi ordumuz tərəfindən zərərsizləşdirilirdi.
Leytenant Azər Hüseynovun başçılıq etdiyi taqım alınmaz qala adlandırılan Füzuli yolunu ələ keçirmişdi.
Ön cəbhədəkilər rəşadətlə irəliləyir, arxa cəbhədəkilər isə ordusuna dayaq olurdu. Təqaüdçülər təqaüdünü, iş adamları əmək haqlarını, ölkə kənarında yaşayan vətən oğulları qazanclarını ordunun hesabına keçirirdi. Ana-bacılar corablar toxuyur, yeməklər hazırlayır, sovqat tutaraq əsgərinə göndərirdi. Müharibəyə yaşı çatanlar da, çatmayanlar da hərbi komissarlıqların qarşısında sıraya dayanır, döyüşə getmək üçün israr edirdilər.
…Çaşqınlıq içərisində olan xalq müharibənin başlanmasına hələ də inanmaq istəmirdi. Cəbhədən gələn xoş xəbərlər hamının ürəyincə idi. Nəhayət, otuz ildən sonra Azərbaycan qələbə sevincini yaşayırdı. İnsanlar üçrəngli bayraqların fonunda küçələrə axışır, tanıdı-tanımadı, bir-birini təbrik edir, bağrına basırdı. Ellikcə sevinir, ellikcə gülürdü xalq. Birinci Qarabağ döyüşlərində Şəhid olanların, itkin düşənlərin ruhu illərdir, qara bağlayan ana-bacılara, boynubükük atalara qoşulub süzürdü sanki. Kimi Şəhid məzarına, kimi itkin fotosuna, kimi atasız böyüyən balalara muştuluq verirdi. Ancaq kimsə müharibənin başlanmasının fərqində deyildi. Bu həqiqət arxa cəbhəyə ilk Şəhid tabutu gələndə üzə çıxdı…
Ermənistanla 44 gün davam edən müharibə ərzində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhəri işğaldan azad edildi.
Dünya heyrət içərisində idi. Otuz ildən çoxdur silahlanmış, havadarlarına sığınaraq ordusunu gücləndirmiş Ermənistanın xəyalları cəmi 44 günə puç olmuşdu. Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edildi.
2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edildi.
15.12.2022-ci il. Şuşa döyüşlərində ağır yaralanaraq hər iki ayağını itirmiş Azər Hüseynov xəstəxanadan evə buraxıldı.
16 aprel 2022-ci il. Aləmzər nəvəsi Aqilin kiçik toyuna hazırlaşırdı. Ananın bəmbəyaz saçları xınalanmışdı. Qadın ərinin şəhadətindən sonra əynindən çıxarmadığı qara paltarı soyunmuş, al rəngli əlbisə geyinmişdi. Ana sevinirdi. Əri Niyazın və Niyaz kimi minlərlə şəhidin qanı yerdə qalmamışdı. Onların arzusunu övladları həyata keçirmiş – Qarabağ azadlığına qovuşmuşdu.
…Ana əlil arabasındakı oğluna və oğlunun qənşərində dil-boğaza qoymayan nəvəsinə qürurla baxdı:
Ata, mənim toyuma Salman əmi də gələcək?
Əlbəttə, oğlum.
O necə oynayacaq, axı, qolları yoxdur?
Onun yerinə Şuşa oynayacaq, bütün şuşalılar, azərbaycanlılar oynayacaq.
Bəs Elmaz əmi sünnət paltarımı necə görəcək?
Onun da yerinə Şuşa görəcək, şuşalılar, bütün Azərbaycan görəcək.
Ata, o qədər qonaq evimizə sığışacaqmı?
Sığışacaq, oğlum. Bax, bizə dövlətimiz necə gözəl ev verib. Bu evə hamımız sığışarıq. Sevgi və birlik, ən əsası da, həmrəylik harda varsa, o yer dünyanın ucsuz-bucaqsız Cənnətidir. Sənin böyük toyunda isə qonaqlarımız daha çox olacaq – Təbriz Göyçəyə – Göyçə Təbrizə qarışacaq…
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qaradağ Bürosunun Rəhbəri
Yaralı vəziyyətdə, “Şəhid olsam, dövlətin verəcəyi 11minlə kənd yolunu asfaltlaşdırarsınız” deyən, şəhid gizir Quliyev Nəcməddin Nadir oğlunun əziz xatirəsinə
Düşməni azara salan Cürətinə qurban olum, Tükənməz Vətən sevginə, Qeyrətinə qurban olum!
Yoxluğunda qələmim iti bir bıçaq, Heç əllərimdə onu istəmir. O da can atmaz, əllər ondan qaçaq… Saniyəölçən matəm havasında sürünür, Dəqiqələr “möhtəşəm yası” davam etdirir. Aritimiya saatı çoxdan unutdurub… Saat sevgidən məhrum olmuş bir qoca, Bu qoca çılğınlıqla ölümü arzular, Arzu Əzrailin gəlişində bayram… Ölüm qurtulmaqmı, de bu bəladan? Ruhun sevdiyin ölüm alarmı? Suallarım qulağında ildırım misalı. Bağışla, çox yordum sükutunu… Elə bil divarla danışıram axı, Yenə də divara söykənmək olar. Sənə söykənən yerdə çabalar… Asıram özümü dərd kəndirindən, Canın sağ olsun, canın sağ olsun!
Qara qış yuxusuna, ağ boya taxta çıxdı
Oxuyuram gözündən, Qəlbinin ağrıların. Gözlərimdə canlanır, Oxuduğum mənzərə.. Nə çoxdur qara boya, Çoxmu sevirsən onu?! Boyanıb qara rəngdə, Qəlbinin divarları. Qara libas geyinib, Titrəyən damarları. Qəlbinin lap küncündə, Paslı sandıq gizlənib. Üstündə qara kilid. Özünün öz qəlbindən, Gizlətdiyin sirmi var?! Axı qəlbindir, dostum, Gizlətsən də anlayar. Bir izn ver, sən Allah, Açım mən o sandığı. Niyə xəsis olmusan?! Paylaşsana mənimlə. Dilin başqa söz deyir,
Qəlbin boynuna almır. Söylə, görüm bir zaman, Ağ boyanı sevdinmi?! Nələri gizləyirsən? Gözləri kədər İnsan. Qüssə sənə sarılı, Onumu izləyirsən?! Gəl izn ver gözlərinə, Məni alsın qəlbinə. Qara boya tələsik Ağ boyaya bürünsün. Ala-qaranlıqda heç, Düşündünmü nə olur? Gecəylə səhər gizli Vallah, qol-boyun olur. Gözün səndən xəbərsiz Qapını mənə açdı. Budur keçdim qəlbinə, Sandıq özü açıldı. Kilid yaman qorxaqdı, İndi bildim sandıqda Sevgi özü dustaqdı. Məni görən bu dustaq Ətrafa nur saçırdı. Qara əşyalarını, Yığışdırıb qaçırdı. Budur qəlbin divarı, Qırmızıya boyandı. Qara qış yuxusuna Ağ boya “taxta çıxdı.”
Xəyal adlı dünyada var olmaqdır yaşamaq
Unutmaq üçün çabalamaq, unutduğunu düşünüb unutmamaqdır unutmaq. Gözünə həkk olmuş simanı silməyə cəhd, gözünə cəza vermək- acı suda acımadan
boğmaqdır xatırlamaq.
Xoşbəxt obraza dönüb həqiqət misrasında matəm çadrasına bürünməkdir, yas tutmaq. Dilində qəzəblə ” Kimdir o? ” söyləyib qəlbində əzizləməkdir, dəlicəsinə bağlanmaq. Zamanını, ömrünü acizcəsinə fəda etməkdir, Ağlını azdırıb onun varlığına sarılmaqdır, fədakar olmaq. Bəxtinin ayaqlarına düşüb, Onu qaytarmaq üçün əsl fəryaddır, məzlumtək yalvarmaq. Nədir? Nədir axı quru nəfəs almaq? Ruhunu ondan ayrı vücud adlı məngənədə sıxmaqdır yaşamaq. Ondan uzaq xəyal dünyasında -” zülm səltənətində” yaşamaqdır var olmaq!
Buxar dövrüm
Mənim kədərimin dili tutulub, Söyləyə bilməyir yaşananları. Səninsə,sevginin dili uzundur Durmadan bildirir öz hisslərini. Mənim qulaqlarım həvəsdən düşüb Bağlayıb qapısın dəmir zəncirlə, Sənin qulaqların çox həvəslidir Gözləyir səsimi uşaq həvəsiylə. Dilimi çəkicə gəl döndərmə sən, O kövrək qəlbini mən sındırmayım. Qəzəbli çəkici necə saxlayım? Axı necə edim, səni qırmayım… Səmanın bəzəyi-Günəş görürsən, Nur kimi görünən bir zülmətəm mən. Ömrünə buz tutmuş Günəşmi lazım? Bəzən də gizlənər min kədər, min qəm, Saxta partılının saçaqlarında. Susubdur ilhamım, yazmaz qələmim, Gəl məndən bahara tərif istəmə. Görürsən ömrümdə boranlı qışdır, Yaz məni qəlbinə qara nöqtətək, Axı söyləmişdim, düşmə izimə, İndiki gəlmisən, son dəfə dinlə Yalanlar dəryası, qəm otağında, Keçib əyləşmişəm süfrə başında. Bir dayan, süfrəmə yaxınlaşma sən, Yox, qəddar deyiləm, istəmirəm mən. Acıdan, kədərdən qidalanasan, Gecəni əyninə geyən qadını Gözlərin əbədi sevə bilərmi? De onlar doymazmı bu qaranlığa? Buz parıltısına aşiq olanlar Dözə bilməzlər ki, soyuqluğuna, Buz vərdişkarıdır soyuq şaxtanın Alovlu nəfəsdə buxara dönər. Əlini atsan da, tuta bilməzsən Buxarın qanadı səmanı sevər, Sevgi dəryasıydı məskənim mənim. Eşqdən yananlara sərinlik idim, O soyuq şaxtaya aşiq olarkən Billməzdim sevdası buza döndərər. Elə tilsimdir ki, pozulmaz sehri Deyirlər qorxusu ” üçə” bağlıdır, Dəryada günlərim indi xatirə Ömrümün ən uzun dövrü buz imiş. Günəş nəfəsilə gecikən insan, Ömrümün sonudur, çox gec qalmısan. Buz dövrüm əriyir, can verir artıq, Bilirəm dəryada yerim yox mənim Səmalar gözləyir buxar dövrümü!
Beyin: Soruşmamaq üçün özümü güclə saxlayıram, amma yenə də alınmır. Onu bilirəm ki, səni yeyib bitirən hər nədirsə, məni yoracaq. Danış görüm nə olub?
Ürək: Özünün xatirinə halımı soruşursansa, heç soruşmamağın daha yaxşıdır. Səni yormağımla bağlı olan məqama gəlsək, mənim yaralarımın birinin üstünə beşini qoyub yenidən əzabıma əzab qatan sənsən.
Beyin: Bəsdi də, səni artıq anlaya bilmirəm. Niyə həmişə özünü haqlı çıxarmaq üçün əlindən gələni edirsən?
Ürək: Mənə deyənə bax, sən sanki heç etmirsən? Həm sən məni qara düşüncələrinlə doldurmasan, özüm öz yaralarımı sağalda bilərəm.
Beyin: Ay yazıq, sənin başqasının fikirlərinə ehtiyacın varsa və öz qərarlarını özün qəbul edə bilmirsənsə, bu olanlarda mənim günahım nədir?!
Ürək: Ay Allah, sən mənim düşdüyüm vəziyyəti görürsən?!
Beyin: Allah sənə nə edə bilər ki? Sən onun sənə bəxş etdiyi heç nəyi lazımlı yerdə və düzgün istifadə edə bilmirsən. Ən sonda da adını qoyursan ki, sənsən günahkar. Saf tapmısan də!
Ürək: Nə? Sənsən saf olan?! Sən mənim ilə hər gün min dildə danışırsan. Keçən dəfə sənə kiçik bir mövzu dedim, böyüdüb dağ boyda elədin. O qədər əzab çəkmişəm ki, yazıq sahibimə gecə yatmağa belə icazə verməmişəm.
Beyin: Mənəm min dildə danışan?! Əgər eləyəmsə, onda məni niyə dinləyirsən? Ayrıca mən heç vaxt sənin dərdlərin üçün pis fikirlər irəli sürməmişəm. Hər problemdə ağıla gəlməli olan başlıca məsələləri səninlə bölüşmüşəm. Sən isə oturub hamısını düşünüb dəli olmusan.
Ürək: Başlıca məsələləri söyləyirmiş, yox bir. Bir dəfə də son ağlına gələni söylə, qorxma ölməzsən. Arada bir qayğıma qal, çünki mənə bir şey olsa, sənin də sonunu gətirəcəyəm.
Beyin: Deyirlər ki, dərd sahibləri uzun yaşayır. Düşünüb özünü yormağa çalışma, elə əlavə bir səbəbi yoxdur. Dərd düçar olduğu qulunu bütün varlığı ilə sevib, onun od-ocağına hakim kəsilən və onu əbədi tək qoymayan yeganə məfhumdur.
Ürək: Bunu kim deyir?
Beyin: Mən!
Ürək: Səfeh, boşboğaz!
Beyin: Özünsən!
Ürək: Əsla…
Beyin: Bundan sonra sənin işinə qarışan namərddir. Özün öz halına çarə tap. Belə də ki, mənim kimsəyə ehtiyacım yoxdur.
Ürək: Mənim də sənə ehtiyacım yoxdur. Xoş getdin!
Beyin: Sən də xoş getdin!
Axşam saat: 23.59
Beyin: Mənə bax, hələ də mənə əsəbisən?
Ürək: Deyəsən, milçək səsi eşidirəm. Yox, məncə, milçəyə haqsızlıq edirəm, çünki bu səs tonu onu ifadə edir ki, onun şüuru həmin həşəratın belə şüurundan kölgədə qalır. Səni daşıyanın məhz bu səfehliyinin səbəbindən halım hal deyil.
Beyin: Ey! Mənim fikrimcə bu qədər uzatmağın heç bir mənası yoxdur. Axı belə nə qədər davam edə bilər ki?
Ürək: Aydın oldu, sən mənə rahat yatmağa imkan verməyəcəksən. Nə istəyirsən, onu de!
Beyin: Mən səndən yaxşılığından başqa nə istəyə bilərəm ki? Öz içimdə hiss etdim ki, sənin mənim köməyimə ehtiyacın var. Sən yaxşı bilirsən ki, mən laqeyd bir dost deyiləm. Taleyimiz o qədər qəribədir ki, girdiyimiz qapıdan birlikdə çıxacağıq.
Ürək: Hər nə qədər mənasındakı dərinlik itsə də, dost dəyərli bir kəlimədir. Az əvvəl ölüm məsələsinə toxundun. İnsanları bir uçurum, yaxud bir qəza düşmənləri ilə birgə də həmin qapıdan çıxara bilər. Bizə də belə olacaq, ona görə ki, düşüncə və hisslərini bir -birinə düşmən edən insan öz-özünə düşməndir.
Beyin: Əlbəttə, bəzən elə bir an olur ki, dözə bilmədiyin, səni yandıran bütün hisslərini bir nəfərdə söndürmək istəyirsən və elə o an ağlına yeganə insan gəlir. Ona inanırsan, güvənirsən düşünürsən ki, dilindəki bir damla su ilə səni fərahladar, lakin bəzən hər şey istədiyin kimi olmur. Sənin ruhunu heç düşünmədən külə çevirən, ən sevdiklərin olur.
Ürək: Əvəzsiz olan, sənə özünü xoşbəxt hiss etdirən hər şey bir gün getməyə məcburdur. Peşman olmaq üçün, bəlkələrlə yaşamaq üçün, lap elə özünü sənə tanıtmaq üçün bunlar sadəcə bir imtahandır.
Beyin: Bəlkə də, bu söylədiklərin bizə nəyi isə öyrətməyə çalışır. Artıq bizim üçün son parlayan günəşdir, keçən həftə bizim üçün son dəfə yağmur yağdı, ən son keçən il göyqurşağını gördük və bu sözləri sənə son dəfə deyirəm… Məni son dəfə diqqətlə dinləməyini xahiş edirəm: İkimiz də həmişə eyni səmtə baxdıq. “Fəqət hansımızın gözündə canlanan mənzərə daha parlaq oldu?” -bax bu, böyük müəmmadır. Baxdığımız o səmtdə nə baş verdi? Özünə bir dəfə də olsun heç bu sualı vermisən? Düşünürəm ki, cavab məndə çoxdan hazırdır. Biz eyni səmtə baxıb fərqli mənzərələri görərkən eyni sualları içimizdə boğacaq qədər ağır ruhlu olduq. Ola bilər ki, sən mən deyildin və mən də heç vaxt sən olmağı bacara bilmədim, amma içimizdə olan bütün suallar bizi hər zaman eyni mövqedə qarşı-qarşıya gətirdi. Və bu, sadəcə bizə şamil olmayacaq. Əgər sən belə zənn etmisənsə, çox yanılırsan.
Ürək: Bəs bütün bu olanlarda özümü günahkar hesab etməliyəm? Axı bir nəfər günahkar olmalıdır. Mənə ən son nə vaxt birlikdə qərar verdiyimizi söyləyə bilərsən?
Beyin: Bütün bu suallara cavab axtarmaq üçün səncə də artıq gec deyilmi? Ömrünün bu çağında, zahirin qırışmışkən, ruhunu dərin bir qorxu əsir almışkən və ən önəmlisi, sənə gedən bütün yolların bağlanmasına çox az bir vaxt qalmışkən gecikmiş cavablarını dinləməyi özümə rəva bilmirəm.
Ürək: Özüm də uduzduğumun, artıq mənim üçün hər şeyin gec olduğunun, yolun tamamilə sonunda olduğumun fərqindəyəm. Onu çox incitdilər, elə bu səbəbdən də o da məni yaralamağı seçdi. Az sonra ona içimdə olan bütün suallarla, məni vahiməyə salan qorxularımla, susduğum bütün haqsızlıqların yara izləri ilə vida edəcəyəm. Yanlış seçimləri məhz indi onu bir ip kimi özündən asır. Bu ölüm bir intihardan daha ağır olacaq, bunu hiss edirəm. Elə məhz bu an sənin düşüncələrində gəzinən ilk sual nədir?
Beyin: Bu sualı eşitmək istədiyinə əminsən?
Ürək: Düşünürəm ki, artıq əmin olub, ya da olmamağımın heç bir əhəmiyyəti yoxdur. Buna hazıram.
Beyin: Deyir ki, həyatda yaşadığımız bütün pis və ya yaxşı hadisələr Tanrının seçimləri olduğu təqdirdə, bir qulun alın yazısına yazılan intiharı yaşaması axı necə günah ola bilər? Hər şeyi yerlə yeksan etməyə qadir olan UCA YARADAN’IN məhz bir qulunun ayaqları altındakı kiçik bir kətili saxlamağamı, yoxsa onun boğazını öz əlinə alan mənfur ipi qoparmağamı gücü yetmir? Əgər bu bir həyat oyunu deyilsə, niyə yaşamağa məcburuq? Çox maraqlıdır, bütün bunlara verəcək hansısa bir cavabın varmı?
Ürək: Mən cavab vermək üçün deyil, içimdə yaşadıb böyütmək və daha da çox özümü məhv etmək üçün yaranmışam… Deyəsən, artıq yavaş-yavaş təslim oluram. Əgər sənin gücün çatırsa, özünə mənim onu heç vaxt bağışlamayacağım düşüncələrini ək.
Beyin: Belə başa düşürəm ki, bu dəfə də sən intihar etmək fikrindəsən. Bəlkə, səninlə paylaşdığım bütün sirlər üçün məni də yox etməyi düşünürsən? Elədi, ay qısqanc?
Ürək: Sən necə qaçmaq lazımdır çox yaxşı bilirsən. Mənim üçün isə narahat olmağın əsassızdır, kədər ortağım.
Beyin: Bəsdi görək, ay səfeh.
Ürək: …………..
Beyin: Nə tez getdin? Bir də… bir də ki…. onun üçün məndəki son düşüncəsi sənin adına həkk olunan böyük bir peşmanlıqdır. O, sənə yaşatdığı hər şey üçün çox……..
Ürək: …………!
***
Yeni günə salam olsun, bitən gün isə özü ilə bərabər bir çox əzabı, sevinci, kədərin yanıqlı toxumlarını külə çevirdi. Artıq əqrəblər daha həzin hərəkət edir, saniyələr əzabın hökmü altında sürünür, dəqiqələr axına qarşı üzən gəmi tək gücünün təkəbbürü əlində oyuncağa çevrilir, saatlar isə öz hökmünü çoxdan verirdi. Kimlərsə yeni günün doğan günəşi ilə birlikdə dünyaya gözlərini açarkən, bəzilərini də dünənin batan günəşi özü ilə birlikdə çoxdan tarix etmişdi. Günəşin batışını dərin bir sükutla ötürən asiman günü böyük səs-küylə qarşılayırdı. Hər kəs bir-birinin rüzgarı ilə fərqli diyarlara səpələnirdi və daha sonra alışdıqları məskəni unudub yenidən qədəm qoyduqları həyata alışmaq məcburiyyətində qalırdılar. Dünəndən qalan cavabsız suallar heç kimin maraq dairəsinə daxil belə deyildi. Səmanı ağuşuna alan qara buludlar gündüzü gecəyə çevirəcək qədər güclü idilər. Yolun mərkəzindən uzun bir karvan keçirdi. Onlar çiyinlərində çoxdandır axtardıqları vicdanlarını son mənzilinə çatdırmağa çalışırdılar. Bəziləri qara geyimdə, bəzilərinin gözündə qara eynək, bəzilərinin əlində yalandan bir əsa və yalnız bir neçəsinin gözlərində kədəri bariz görə bilirdim. Bu kasıb insan karvanı hər birinin vicdanından bir parça daşıyan tabutu göməcək boş torpağı tapa bilmirdi. Əlləri havaya açılmış, gözləri ilə bizi bir ölçüb min biçən şəxs isə üzünə çisələyən yağmur dənəciklərini silmək üçün əllərini üzündə büsbütün rəqs etdirirdi. Əlləri üzünü örtsə belə, ruhundakı etinasızlığı örtməyə onlar da çarəsiz idi. Və… ən sonda hər kəs nizama düzülmüş əsgərlər kimi eyni anda əks istiqamətə yönəlirdilər. Çıxışın qapısı onları qarşılamaq üçün hər iki qolunu büsbütün açaraq iki ayaqlı heyvan sürüsünü gözləyirdi.
Səssiz və yaramaz baxışlardan uzaq bir həyat səni ağuşuna çoxdan almışdı. Artıq səni onlara xatırladan bir tək yeni qazılmış isti torpağına sancılan taxta parçası idi. Üzərində günəşin doğuşu və batışının dumanlı tarixləri həkk olunmuşdu və ən sevmədiyim səkkiz rəqəmini də elə bu taxta yatağa uzatmışdılar. Baxışlarım elə hey birotaqlı, rütubətli evimin açıq pəncərəsi ilə arasına uzun bir yol inşa edirdi. Bir zamanlar daşdan möhrü qoyulan bu səssiz insan sürüsünə o həmin pəncərədən baxırdım. İndi isə ağır payız küləyinin təsiri ilə rəqs edən pəncərəmin qiyafəsi onun tam arxasına iz salan stulun çiyinlərinə gücsüz əlləri ilə toxunaraq, -“Səssiz ol”- deyirdi.
Elə bir kimliyə bürün ki, sənin səssizliyin bitən əzablarının imzası olsun!
“Ədəbiyyat və incəsənət” portalının Debüt rubrikasında bu gün sizlərə tələbə şeirləri təqdim ediləcək.
Aytəkin Ağazadə 2003-cü ildə Lənkəran rayonunda anadan olub. Lənkəran Dövlət Universitetinim “Filologiya və ibtidai təhsil” fakültəsinin “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasının 4-cü kursunda təhsilini davam etdirir. Lap uşaq yaşlarından şeirləri, şifahi və yazılı ədəbiyyat nümunələrini çox sevib, ədəbiyyata böyük maraq göstərib. Məktəb və Universitet tədbirlərinin fəal iştirakçısı olub, müxtəlif şairlərdən şeirlər səsləndirib. 2013-cü ildən şeirlərini “Aytəkin Əziz” imzası ilə yazır. Yaradıcılığında ictimai-fəlsəfi motivli şeirlər üstünlük təşkil etsə də, məhəbbət lirikası, eləcə də qəhrəmanlıq lirikasına aid yazdığı nümunələr də az deyildir.
Hazırda şeir yazmaqla bərabər bədii qiraətlə də məşğul olur.
Şairlərdən başqa heç kəs şairlərin dilin bilmir…
Əzəldən haqq yolundayam,
yola sonra gəlməmişəm,
Amma bu “haqq” deyilənin
özün yolda görməmişəm.
Gəzib onu diyar-diyar
mən də tapa bilməmişəm,
Haqqı elə basdırıblar
kimsə onun yerin bilmir…
İnsanların arasında
təklik elə yaman olur,
Nə olursa elə sənin
tək qaldığın zaman olur…
Gündüz gülən adamların
gecə beyni duman olur,
Rahat-rahat danışanlar
birin bilir, birin bilmir…
Mən deyərəm anlamazlar,
ən yaxşısı susum gedim,
Susanların səslərinə
bir-bir qulaq asım gedim.
Qoy yanmasın, ürəyimə
bir dənə daş basım gedim,
Şairlərdən başqa heç kəs
şairlərin dilin bilmir…
Yarası var…
Dəyişə bilməsən barış taleyinin rəngi ilə,
Bəxtin bozu olmayır ki, bir ağı var, qarası var.
Hər mərmisi acı olan həsrət adlı süngü ilə,
Parça-parça olan qəlbin de salamat harası var?
Kədər ömür qonağıdı, hər gecəni dəyər gedər,
Can dediyin can evinin dirəyini əyər, gedər.
Yarım qalanın nəfəsi ciyərinə məyər gedər?
Axı sevən bir ürəyin hələ yarda parası var…
Bütün sevgi bağlarına qış gələndə, don dəyəndə,
Günəş şəfəqdən bərq vurar vaxtsız qapın döyüləndə…
Yazılarıma maraq göstərən çoxsaylı oxucularla bərabər bir-iki nəfər qulp qoyan da olur. Şübhəsiz, “Təhminənin son sirri” hekayəsinə ağız büzənlər kimi bu yazıma da irad tutanlar tapılacaq. “Təzə bir şey yaza bilmir, odur ki, köhnə yazılarını istismar edir” deyəcəklər.
Desinlər.
Mən qəhrəmanlarıma canlı insanlar tək yanaşıram. Onlar sevirlər, sevilirlər, sevinirlər, kədərlənirlər, əzab çəkirlər və zamanında, bəzən də zamanından çox əvvəl, vaxtsız vəfat edirlər.
Qəribə görünsə də, mən bir müəllif kimi bəzən özümü personajlarım qarşısında günahkar hiss edirəm. Bu hissi izah da edə bilmirəm.
Bəlkə Təhminənin etibarına şübhəylə yanaşmaqda yanılmışam. Bəlkə Kəbirlinskiyə qarşı çox insafsız olmuşam.
Bəlkə bu hekayə də elə günah hissini yumaq üçün yazılıb. Hər halda bu iki hekayəylə – “Təhminənin son sirri” və “Kəbirlinskinin son etirafı”yla mən bu personajlarımın taleyinə son nöqtə qoyuram.
Hekayəylə tanış olacaq oxuculardan bir xahişim var. “Dantenin yubileyi” povestimi oxumayıblarsa, əvvəlcə onu oxusunlar. Çünki orada cərəyan edən hadisələri bilmədən, ordakı xarakterlərlə tanış olmadan bu hekayənin mətləbi və məqsədi açılmayacaq.
Kəbirlinskinin son etirafı
Hekayə
Xəstəxananın iri qapılarından içəri girən kimi Həcər bura xas olan iyi duydu. Nə qoxusu idi bu? Dərman, formalin, irinli yaraların, ya yarılmış meyitlərin qoxusu? Yaxud xəstələrin özünün yodlu sarıqlarından gələn özəl bir qoxu?
Pilləkanların başında kiçik meydança və dəhliz adamla dolu idi. Bu insan qalabalığında əlil arabasında əyləşmiş, başı sarıqlı, yaxud qolu gipsli xəstələr də, onlara dəyməyə gələnlər kimi bikef və ümidsiz görünürdülər. Ailə üzvlərini, qohumlarını yoluxmağa gələnlər üzlərinə saxta mehribanlıq, nikbinlik masqası taxsalar da xəstələrin özləri kimi yorğun və bezikmişdilər. Hər kəs bu icbari görüş vaxtının tez bitməsini, yenidən min qayğıyla dolu olsa da, adət etdikləri həyata, televizor proqramlarıyla, telefon söhbətləriylə keçən ömürlərinə qayıtmağa can atırdı. Xəstələr rəngi qaçmış bozumtul pijamalarda idi. Üzlərinə ağrı və əzab izləri çökmş xəstələrlə də, onların yorğun, müalicə qayğılarından bezmiş müsafirləriylə də yaşıl xalatlı, hamar, rahat sifətli tibb bacıları təzad təşkil edirdi. İti, qıvraq addımlarla oradan buraya şütüyən gənc həmşirələrin sağlamlığı sanki xəstələrin taqətsizliyinə acıq verirdi. Həcər adamların arasından birtəhər keçərək Baş həkimin otağına yanaşdı. Katibəsi harasa çıxmışdı və Həcər fürsəti fövtə verməyib Baş həkimin otağına daxil oldu. Baş həkim orta yaşlı, tosqun və daz bir kişi idi. Daz başında bircə tükü qalmışdı, Həcərin haçansa eşitdiyi lətifə yadına düşdü. Bir kişinin başında yalnız iki tük qalıbmış, birini sağa, birini sola darayırmış. Bir gün tüklərin biri də düşəndə: – eybi yox, pırpız başla gəzərəm, – deyə özünə təsəlli verirmiş.
Hafizəsində qəflətən bu lətifənin canlanmasına özü də mat qaldı. Heç lətifə yeridi, sən Allah?
Baş həkimin masasının üstünə sərilmiş kiçik süfrədə çörək parçaları, kotletlər və bir baş soğan vardı.
Həcər:
– Olar? – deyə soruşdu.
– Day gəlmisən də, nə “olarbazlıqdı?”
– Mən Kəbirlinskinin arvadıyam.
– Kimin?
– Kəbirlinskinin – dedi və əlavə etdi, – məşhur teatr artist Feyzulla Kəbirlinskinin.
– Buyur, sözün nədi?
– Ərimin halını soruşmağa gəlmişəm. Yaxşılığa doğru bir irəliləyiş var?
– Çalışırıq. Hansı palatadadı?
– Yeddinci palatada. Yəni sağalmasına bir ümid var?
– Əlimizdən gələni edirik, bacı – telefon zəng çaldı. Baş həkim dəstəyi qaldırdı.
– Salam, salam, – dedi – nə oldu? – qulaq asdı – Əla. Mən deyirdim də…
Başının işarəsiylə Həcərə bildirdi ki, gedə bilər.
Həcər əlindəki zəmbili göstərib:
– Alma şirəsi gətirmişəm – dedi – olar da?
Baş həkim cavab vermədən başıyla razılıq işarəsi verdi, sonra telefona: – Yox əşşi? – deyə şaqqanaq çəkib güldü.
Əslində, Həcər ərinin halını soruşmağa gəlməmişdi Baş həkimin yanına. Vəziyyətini onsuz da bilirdi. Xahiş etmək istəyirdi ki mümnkünsə ayrı palataya keçirsinlər. Son iki gündə o palatadan iki nəfər ölü çıxmışdı.
“Bədbəxt kişi, – deyə düşündü – vaxtında zvaniyadan – zaddan bir şey versəydilər, indi daha yaxşı palatada qalardı. Ya elə daha yaxşı xəstəxanada yatardı.
Həcər palataya girdi. Buranın havası daha da boğuq, kəsif idi. Palata cürbəcür səslərlə doluydu: aramsız öysürən kim, kəsik-kəsik xoruldayan kim, zarıyan, arabir mamasını çağıran kim?
Feyzulla sistem altında gözüyumulu uzanmışdı. Həcər bilirdi ki, gözləri açıq olanda da hər şeyi duman içində görür, sifətləri güclə sezir.
Həcər:
– Xoş gördük, Feyzulla, – dedi – Necəsən? – Maşallah, qıvraq görünürsən. Həkim də dedi ki, tezliklə duracaqsan.
Feyzulla gözlərini açıb zəif səslə:
– Hardan? – dedi – Day mənim hay-hayım gedib, vay-vayım qalıb.
– Elə danışma, sağalacaqsan da, yenə teatr çıxaracaqsan da.
– Düz-əməlli vaxtında teatra lazım olmadım. İndi lazım olacam? Kor ərəbin mahnısını oxumağa?
– Niyə elə deyirsən? Teatrdan zəng etmişdilər. Halını soruşurdular. Dedilər nə lazımdı, çəkinməyin, deyin. Dedim sağ olun. Heç nəyə ehtiyacımız yoxdu.
Feyzulla:
– Kim zəng eləmişdi? – deyə soruşdu.
– Kim? Nə bilim, tanımadım.
– Kişidi, arvaddı?
– Hm. hə… yox, kişi idi. Dedi bir ehtiyacınız varsa…
Feyzulla:
– Sağ olsunlar – dedi
Sükut çökdü, xəstənin zarıltısı eşidilirdi:
– Öldüm, ay məmə…
Anaxanım:
– Bilirsən Anaxanımgildə nə həngamə qopub?
Feyzulla dinmədi.
Həcər davam etdi:
– Sultan arvadına ad günündə çox bahalı bilərzik alıb…
– Sultan kimdi?
– Buy… Anaxanımın oğludu da, diş həkimi. Anaxanım bir mərəkə qoparıb, gəl görəsən. Deyir biz bacının cehizini yığa bilmirik, sən yad qızına belə bahalı hədiyyə alırsan. Sitarə də…
– Kim?
– Sitarə də, Sultanın arvadı… demə bu söhbəti öz qulağıyla eşidib, yığışıb gedib dədəsigilə.
Fərrux da ki…
– Fərrux kimdi?
– Oyunun olsun, Feyzulla, gəl məni də tanıma, Anaxanımın əridir də, qapıbir qonşumuz. Onunla o qədər nərd atmısan ki…
Feyzulla:
– Qonşuların dərdini çəkəsi halım yoxdu, Həcər – dedi. – Buranı görürsən də, Həcər, sən də çox – yubanma, get…
– Sənə alma şirəsi gətirmişəm. Həkim də icazə verdi. Dedi xeyri olacaq.
– Sağ olun, sən də, həkim də.
– Tamam yadımdan çıxmışdı. Bir şad xəbər də var axı…. Eldar institutu əla diplomla qurtardı. Sabah gəlir Moskvadan.
– Sağ olsun. Di get, Həcər. Yuxum gəlir, yatacam.
– Eldar da gələcək sənə dəyməyə.
– Eldarı mənim adımdan təbrik elə.
Feyzulla gözlərini yumdu. Həcər vidalaşmadan asta addımlarla (guya kimisə narahat etməməkçün) otaqdan çıxdı.
Az sonra Kəbirlinski doğrudan da yuxuya getdi, yuxu gördü. Gördü ki, Eldar ona dəyməyə gəlib, amma sifəti tamam dəyişib. Saqqal saxlayıb. Eldarı belə aydın gördüyünə təəccüblənirdi, axı son vaxtlar hər şeyi duman içində azacıq sezərək görürdü. Təbii, yuxuda dərk etmirdi ki, yuxudadır. Yuxuda hər şeyi, hər kəsi əvvəlki kimi aydın görürdü.
Düşündü ki, Eldara bunu mütləq deməlidir. İndi də deməsə haçan deyəcək? – Eldar, bilirsənmi mən sənin atan deyiləm. Sənin atan məşhur alim İsgəndər Muradəliyevdir. Anan yazıqla avtomobil qəzasında həlak oldular. Sən körpəydin, salamat qalmışdın. Səni Həcər xalanla biz böyütdük.
Eldar gözünü qırpmadan:
– Təzə xəbər! – dedi. – Mən bunu çoxdan bilirdim.
– Bilirdin?
– Əlbəttə, amma mənim atam sənsən, anam də Həcər.
Feyzullanın boğazı tutuldu. Udqundu.
– Mən?
– Əlbəttə… ata
Feyzulla qəhərdən kəsilə-kəsilə:
– Sağ ol… – dedi
Bir müddət hər ikisi susdu.
Sonra Eldar qəfilcə:
– Mən həmişə səninlə qürur duymuşam – dedi.
Feyzulla hələ də yuxudaydı. Amma gözlərindən iki damla yaş yanaqlarına süzüldü. Sifətində xoş bir təbəssüm əmələ gəldi.
Qonşu yataqdakı kişi hələ də zarıyırdı:
– Hardasan, ay məmə, öldüm axı…uuuuu…
Gecə saat iki radələrində Feyzulla Kəbirlinski keçindi. Üzündə elə həmin xoş təbəssüm qalmışdı.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Eşikdə yağış səsi, İçəridə isti çörək Və sevda fəlsəfəsi… Yenə sevməyim tutub: Zehnimdə bir yelləncək, Üstündəki xəyalın, Həsrət elə sevincək Boylandı ha… Nazlandım…
İçəridə isti çörək, Eşikdə yağış səsi… Həftənin ömrü gödək, Təqvim ömür şirəsi…
Üçdüymə köynəyi var “fələk” dediyimizin, Düymələr də tez qopur… And içərəm, günahkar Mən deyiləm… Adındı… … Yenə sevməyim tutub…
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Yüyürmüsən ömrü bu baş-o başa, Arzuların gediş haqqı almayıb… Gülə-gülə döndün ürəyi daşa, Gözündə yaşların haqqı qalmayıb…
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
Oxuduğum kitab kimi Gözlərimdə rəfdəsən. Söylədiyim hər cümlədə, Hər sözdə, hər hərfdəsən.
Eşq aldı məni cənginə, Çatdım könlümün dənginə. Gözümün su səhənginə Dolmusan ee, kefdəsən.
Tanı, əllərimi tanı, Tanı, əlimin vətəni. Sən də sevəcəksən məni, Çoxdandı hədəfdəsən.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
Yaxşı tez alışıram Ayrılıq ağrısına- Bu gün-sabaha qədərdi. Mən özümü bir saat da Dərd çəkməyə qoymuram, Bəs nədir bu həsrət dərdi? Ürəyimin boşluğunda Kim var, kimi unuduram? Ah, mən daha heç kimi Sevə bilmirəm axı. Sinəmdə bir xatirətək Ürəyimi quruduram. Ruhum gedib, “gəl, gəl” deyir Bir addm da gəlmirəm. İndi mənə kim lazımdı, İndi kimə lazımam, Heç özüm də bilmirəm. Yenə quraq, Yenə susuz səhrayam. Uzaq durma, Üst-başımı yu, bulud. Hamı kimi, eh, sənin də Səs-küyünə güvənmirəm- Yağan deyil bu bulud.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri
Danışmaq da xoş deyil inamdan, etibardan, Nəbilirsən kim səni hansı tində vuracaq. Ağac vəfa gördümü, əlvan rəngli bahardan? Öz külündən tükənir, soyuyanda od, ocaq.
Güvənmək də xoş deyil, güvənirik hər dəfə, İnsan əl üzə bilmir nədənsə dünənindən. Mən hər zaman silah yox, Mən hər zaman hədəfəm. Mənəm edam edilən, asılan güvənindən.
Əli bıçaq tutmayan, dili acı söz tutdu, Nələr, nələr eşitdim həqiqətə uymayan. Məhkəmələr quruldu, yenə haqsızlıq uddu, Uduzdu bu dəfə də, haqq yolunda can qoyan.
Sığışmaz yerə, göyə, kəhkəşanlı saraya, Hesabında milyonlar, guya iman güdənlər. Bir zamanlar Şah idi, hökmürandı dünyaya, İndi qara tabutda, əli yalın gedənlər…
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri
Sən mənim ömrümə əsən rüzigar, Sən mənim bəxtimə yağan yağışsan. Bəlkə də yaşanan sonuncu bahar, Bəlkə də əbədi bitməyən qışsan.
Hələ gözlərində ilk sevda dəmi, Hələ əllərində ilıq hərarət. Neynəyim dəli tək sevirəm səni, Sevirəm bir şirin sözünə həsrət.
Ürək söz anlamır yoxsa nə gəzim, Getdiyin yollarda, durduğun yerdə. Sən qalib çıxmısan qorxma, əzizim, Mən yenə eşqinə məğlub sərkərdə.
Ürəkdən dodağa bircə pıçıltı, Dodaqdan ürəyə öpüş kimisən. De görüm yuxumu hara uçurdun? De görüm yuxuna saldın kimi sən?
Mən sərt dalğalarla çarpışan qayıq, Ümidi kəsilmiş qağayıyam mən. Biz ki, ayrı-ayrı yaşamalıyıq, Bəs niyə evimi sən sayıram mən? Darayır otları bahar küləyi, Heyvalar sonuncu çiçəyin tökür. Mən şeir yazıram səndən, Mələyim, Şəhərin üstünə buludlar çökür, Heyvalar sonuncu çiçəyin tökür……
Ədəbiyyatımızın həm ölkə daxilində, həm beynəlxalq miqyasda təbliğinə yönələn, gənc yazarların yaradıcılığına dəstək məqsədi güdən Beynəlxalq Silkway ədəbiyyat festivalının (Silkway International Literary Festival) Azərbaycan turunun müsabiqə mərhələsi budur, başa çatdı.
Silkway International Writers Union təsisatının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin, “Şahdağ Quba Truskavets” Sanatoriyasının təşkilati dəstəyi, “Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçirilən və devizi “Sonda ədəbiyyat qalib gələcək” olan festivalda hazırda ekspertlərin 30 finalçını müəyyənləşdirmək mərhələsidir.
Əsas favoritlərin adlarını da məlumdur: Fərid Hüseyn, Mehdi Dostəlizadə, Eminquey, Ulucay Akif, El Roman, İntiqam Yaşar, Ramil Əhməd, Cavid Zeynallı, Nargis İsmayılova, Tural Cəfərli, Bahəddin Salman, Ayxan Ayvaz, Orxan Həsəni, Aypara Ayxan, Ələsgər Əhməd, Emin Piri, Ümid Nəccari, Murad Muradov, Rəvan Cavid, Nigar Arif, Ruslan Dost Əli, Faiq Hüseynbəyli, Cavid Qasımov və digərləri…
“Ədəbiyyat və incəsənət” portalı əsas favoritlərlə oxucularını tanış etməkdədir.
Nigar Arif ( Ağalarova İlqar qızı)
1993-cü il 20 yanvarda Mingəçevir şəhərində anadan olub.
2003-2009-cu illərdə Mingəçevir şəhər Üzeyr Hacıbəyov adına 3 saylı “Uşaq Musiqi Məktəbi”ndə piano üzrə təhsil alıb.
2010-2014- cü illərdə ADzərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakultəsində “ingilis dili müəllimliyi” üzrə təhsil alıb.
2016–2018-ci illərdə fəaliyyət göstərən Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət Nazirliyinin birgə layihəsi olan III “GəncƏdiblər Məktəbi”nin məzunudur.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
2017-ci ildən Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.
2020- ci ildən Mərakeşdə “Beynəlxalq İnsanlıq və Yaradıcılıq Forum”unun üzvüdür. Dünyada sülhün təminatında yaradıcılıq xidmətlərinə görə bu forum tərəfindən 2022-ci ildə “Dünyanın ən yaxşı medalı”na layiq görülüb.
2021-ci ildən Özbəkistanda “Orta Asiya Yazarlar Birliyi”nin üzvüdür. Həmçinin bu birlik tərəfindən ‘Yangi Ovoz” ordeni ilə təltif olunub.
2022-ci ildən Çində “CHINA POETRY CIRCLE” beynəlxalq jurnalının redaksiya heyətinin üzvüdür. Çin festivalında “Mükəmməl Gənc Yazar “ adına layiq görülüb.
2022-ci ildən Qırğızıstanda “Beynəlxalq Yazarlar Birliyi”nin üzvüdür.
2019-cu ildə Bakıda ədəbiyyat üzrə IV LİFT Festivallar Festivalının, 2020- ci ildə Kolumbiyada keçirilən məşhur “Medelyin Dünya Şeir Festivalı”nın iştirakçısı, eləcə də Hindistan, Çin, İtaliya üzrə bir çox dünya şeir festivalları və layihələrinin iştirakçısı olub, mükafat və sertifikatlarla təltif edilib. Şeirlərindən bəziləri türk, rus, ingilis, ispan, ərəb, fars, çin, hind, portuqal, italyan, urdu kimi dillərinə tərcümə edilərək dünyanın bir çox ölkələrində dərc olunub, “ Barış” şeirinə İtalyada mahnı bəstələnib.
23 may 2023-cü ildən etibarən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Cənubi Azərbaycan Bürosunun Rəhbəridir.
Həqiqətən də xanım yazarların şeirləri daha səmimi, daha kövrək, daha duyğusal olur. Yalnız onlar deyə bilərlər ki, div boyda arzuların cırtdan ayaqları var…
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Ayağım altında bir yarpaq qaldı, Ürəyim gülümsədi… Düşdü yenə əlimdən göy yelənli dəsmalım, “Ah”ım göyə tələsdi…
Bir sərçə qanadıyla havanı sığalladı, Təsəllimə döndü… Dərdim nadinc, sevdam yaman cığaldı, Bəxt yazan bir vüsal yazıb, Bilmirəm hansı yöndü…
“Bu da keçər…” bilirəm, üzüyüm paslansa da, Yetim qaldı barmaqlarım… …yenə nömrəni yığdım… Telefonun çalsa da, Açma… … Çoxdu umacaqlarım…
Verdiyin narahatlıq, Yaşatdığın nə varsa “qısa”, “müvəqqəti” deyil… Yuxuma gəlməyin varsa, Gəl… … Bir fələyə, bir sənə, bir özümə söyürəm… Və bunlar telefon söhbəti deyil… Şəfa Vəli (2023)
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Eşikdə yağış səsi, İçəridə isti çörək Və sevda fəlsəfəsi… Yenə sevməyim tutub: Zehnimdə bir yelləncək, Üstündəki xəyalın, Həsrət elə sevincək Boylandı ha… Nazlandım…
İçəridə isti çörək, Eşikdə yağış səsi… Həftənin ömrü gödək, Təqvim ömür şirəsi…
Üçdüymə köynəyi var “fələk” dediyimizin, Düymələr də tez qopur… And içərəm, günahkar Mən deyiləm… Adındı… … Yenə sevməyim tutub…
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
* * *
Boşaltdım ürəyini, Ürəyin gencə olsun. Çıxıram bu oyundan, Qoy ürəyincə olsun.
Gözlərimdən düşməyə Yol başlayıb təzəcə. Azaltmışam mən səni, Boyun yerdən dizəcən.
Bir pay ayrılıqdı bu, Həm mənimdi, həm sənin. Ürəyimə yatmışdın, Oyadıram mən səni.
Bir az yaxına gəl, Tanrı
Bir az yaxına gəl, Tanrı, İşim yoxdu bəndə ilə. Dünyaya sığmayan ruhum Qalıb bir bədəndə elə.
Görmədi… Heç kim görmədi. Mən gördüm, bütün görmədim. Nə qürbətdə gün görmədim, Nə də ki, vətəndə elə.
Hansından danışım indi? Görünür yanlışım indi. Dərindən yaşadım, indi Hamı necə, mən də elə.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
Dinclik tapmayanda Etdiyim nadinclikdi səhvlərim- Məni bağışlamaq olar! Saatı geriyə çəkib Yenidən başlamaq olar. İndi xatırlamazsan- Köhnənin söhbətidi, Məni sevirdin onda. Məhəbbətim buludlarda Ürəyim qırmızı donda. Geriyə bilirsən nə qalıb? Tez-tez qanayan yaram. Söhbət səndən düşmüşkən Deyim ki, darıxıram.
Hansı ölüm yaxşıdı Ölümlərin içində? Bir dinclik tapmayıb Yorulub ölmək? Yoxsa Onun gözlərinə, baxışlarına Vurulub ölmək?
Ürəyimin içindədi, Əlimin çölündə yoxdu, İlahi, məni başa sal, İlahi, bilim dəə, yoxdu.
Ayağımdan çəkildi yol, Yıxıldım ürəyin üstə. Mən onun məhəbbətinə Tutuldum, heç nəyin üstə.