Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısıAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri

Danışmaq da xoş deyil inamdan, etibardan,
Nəbilirsən kim səni hansı tində vuracaq.
Ağac vəfa gördümü, əlvan rəngli bahardan?
Öz külündən tükənir, soyuyanda od, ocaq.

Güvənmək də xoş deyil, güvənirik hər dəfə,
İnsan əl üzə bilmir nədənsə dünənindən.
Mən hər zaman silah yox,
Mən hər zaman hədəfəm.
Mənəm edam edilən, asılan güvənindən.

Əli bıçaq tutmayan, dili acı söz tutdu,
Nələr, nələr eşitdim həqiqətə uymayan.
Məhkəmələr quruldu, yenə haqsızlıq uddu,
Uduzdu bu dəfə də, haqq yolunda can qoyan.

Sığışmaz yerə, göyə, kəhkəşanlı saraya,
Hesabında milyonlar, guya iman güdənlər.
Bir zamanlar Şah idi, hökmürandı dünyaya,
İndi qara tabutda, əli yalın gedənlər…