Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısıAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri

Sən mənim ömrümə əsən rüzigar,
Sən mənim bəxtimə yağan yağışsan.
Bəlkə də yaşanan sonuncu bahar,
Bəlkə də əbədi bitməyən qışsan.

Hələ gözlərində ilk sevda dəmi,
Hələ əllərində ilıq hərarət.
Neynəyim dəli tək sevirəm səni,
Sevirəm bir şirin sözünə həsrət.

Ürək söz anlamır yoxsa nə gəzim,
Getdiyin yollarda, durduğun yerdə.
Sən qalib çıxmısan qorxma, əzizim,
Mən yenə eşqinə məğlub sərkərdə.

Ürəkdən dodağa bircə pıçıltı,
Dodaqdan ürəyə öpüş kimisən.
De görüm yuxumu hara uçurdun?
De görüm yuxuna saldın kimi sən?

Mən sərt dalğalarla çarpışan qayıq,
Ümidi kəsilmiş qağayıyam mən.
Biz ki, ayrı-ayrı yaşamalıyıq,
Bəs niyə evimi sən sayıram mən?
Darayır otları bahar küləyi,
Heyvalar sonuncu çiçəyin tökür.
Mən şeir yazıram səndən, Mələyim,
Şəhərin üstünə buludlar çökür,
Heyvalar sonuncu çiçəyin tökür……